“Təlaq” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (aylıq adətlərindən təmizlənib həyat yoldaşları ilə yaxınlıq etmədikləri vaxt) boşayın, gözləmə müddətinin hesabını qoruyun və Rəbbiniz olan Allahdan qorxun. Açıq-aşkar çirkin iş görmədikləri təqdirdə, onları evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (qanunlarıdır). Allahın qoyduğu hədləri (qanunları) pozan şəxs özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
  2. Gözləmə vaxtları bitdikdə onları layiqli şəkildə saxlayın və yaxud layiqli şəkildə onlardan ayrılın. Aranızdan iki ədalətli kişi şahid çağırın və Allah üçün şahidlik edin. Bu, Allaha və axirət gününə iman gətirənlərə verilən nəsihətdir. Allahdan qorxana Allah xilas yolu göstərir
  3. və ona güman etmədiyi yerdən ruzi bəxş edir. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
  4. Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi) barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
  5. Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onu bağışlayar və onun mükafatını artırar.

———————————————————————————

“Təlaq” surəsinin ümumi məzmunu: Bu surənin əsas hissəsini təlaq, onun hökmləri, xüsusiyyətləri və nəticələri mövzusu təşkil edir. Daha sonra yaradılış, məad, Allah rəsulunun (s) peyğəmbərliyi, müjdə və qorxu mövzularından bəhs edilir.[1]

  1. Təlaqın (boşanmanın) səbəbləri və təsirləri: Digər sosial hadisələr kimi boşanmanın da müxtəlif səbəbləri vardır. Həmin səbəbləri dəqiqliklə araşdırmadan boşanmanın qarşısını almaq çox çətin məsələdir. Boşanmanın ən mühüm amilləri bunlardır: a) Qadın və ya kişinin hüdudsuz gözləntiləri; b) Dəbdəbə, israf, bədxərclik ruhunun ailələrə hakim kəsilməsi; c) Qohumlar, yaxınlar və tanışların qadın və kişinin şəxsi həyatına yersiz müdaxilələri; d) Qadın və kişi arasında mədəniyyət uyğunluğunun olmaması; e) Qadın və kişinin bir-birinin istəklərinə, xüsusilə sevgi və cinsi münasibətlərlə bağlı istəklərinə etina etməməsi. Hədislərdə bu məsələlərə xüsusi əhəmiyyət verilmişdir. Boşanma hadisəsi ailələr, qadın və kişilər, xüsusilə övladlar üçün bir çox problemlər yaradır. Onları üç qrupda ümumiləşdirmək olar: 1. Boşandıqdan sonra kişi və qadının üzləşdiyi psixoloji, sentimental problemlər. Çünki bu fərdlər yanlarında olan ən yaxın adamlarından ayrıldıqdan sonra psixoloji cəhətdən xəsarət alırlar, çox vaxt ömürlərinin sonuna qədər ailə qurmurlar, yenidən ailə qurduqda isə adətən, evlilikləri uğurlu alınmır. 2. Bu fərdlərin qarşılaşdıqları sosial problemlər isə daha çoxdur. Çünki onların uğurlu ailə həyatı üçün şansları elə də çox olmayacaq. Övladları olduğu təqdirdə bu şans daha da az olacaq. Nəticədə, istəklərinin təmin edilmədiyi bir ailə həyatına razı olacaqlar. Buna görə də ömürlərinin sonuna qədər əziyyət çəkəcəklər. 3. Övladların problemləri hər kəsdən çox olacaq. Çünki onlar ana və ata sevgisindən, qayğısından məhrum olacaq, ömürlərinin sonuna qədər psixoloji patalogiyadan əziyyət çəkəcəklər. Bu, isə təkcə ailə deyil, bütün cəmiyyət üçün bir itkidir. Bəzən həmin övladlar elə həddə çatırlar ki, öz intiqamlarını cəmiyyətdən almağa qalxırlar. İslamın boşanmaya ciddi yanaşmasının səbəbi də məhz həmin zərərli və xoşagəlməz nəticələrlə bağlıdır. Buna görə də Allah-taala Quranda açıq şəkildə buyurur ki, əgər ərlə arvad arasında problem yaranarsa, hər iki tərəfin yaxınları onların münasibətlərini düzəltməyə çalışsınlar, digər tərəfdən “ailə sülh məhkəməsi” yaratmaqla ərlə arvadın ailə problemlərinin məhkəmə zallarına aparılmasının və boşanmanın qarşısını alsınlar. Ərlə arvadın xoşbəxtliyinə, ailə münasibətlərinin sütunlarının möhkəmlənməsinə yardım göstərən vasitələr İslam tərəfindən bəyənilən, bu əsasları silkələyən vasitələr isə mənfur sayılmışdır. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Evlənin, boşanmayın. Çünki təlaq Allahın ərşinin silkələnməsinə səbəb olur.”[2]

2-3. Təqva və problemlərdən xilas: Bu ayə Quranın ən ümidverici ayələrindəndir. Onu oxumaq insanın qəlbinə ruh və səfa bəxş edir, ümidsizlik pərdələrini yırtır, həyat bəxş edən ümid şölələri ilə qəlbi işıqlandırır, bütün təqvalı insanlara xilas və proplemlərin həll olunması vədi verir. Allah rəsulu (s) belə buyurmuşdur; “Mən bir ayə bilirəm ki, əgər bütün insanlar ondan yapışsalar, hamısına kifayət edər.” Bunu deyib “Allahdan qorxana Allah xilas yolu göstərir…” ayəsini oxumuş, dəfələrlə onu təkrar etmişdir. Peyğəmbər (s) bu ayənin izahında belə buyurmuşdur: Allah təqvalı insanları dünyanın şübhəli işlərindən, ölümün çətin anlarından, Qiyamət gününün çətinliklərindən xilas edir. Başqa bir hədisində isə belə buyurmuşdur: “Kim Allahdan tez-tez bağışlanma diləsə, Allah onu hər bir qüssədən azad, hər bir çətinlikdən xilas edər.” Əlbəttə, bu ayədə Allah demək istəmir ki, insan səy və fəaliyyətdən əl çəkməlidir. Əksinə, təqva səy və fəaliyyətlə əldə olunur. Əgər qapılar bu məqama nail olmuş insanın üzünə bağlanarsa, Allah onların açılmasına zəmanət verir.[3]

 

  1. Onlara (boşanmış qadınlara) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onların xərclərini ödəyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. (Övladlarınızla bağlı qərar qəbul etmək üçün) xoşluqla müzakirə aparın. Razılığa gəlməsəniz, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
  2. Var-dövlət sahibi öz geniş imkanlarına uyğun şəkildə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah hər kəsə yalnız Özünün həmin şəxsə bəxş etdiyi imkan daxilində vəzifə verir. Allah çətinliklərdən sonra tezliklə asanlıq verir.
  3. Neçə-neçə şəhər və kəndlərin əhalisi öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları mislisiz əzablara düçar etdik.
  4. Onlar əməllərinin pis nəticəsini daddılar və aqibətləri ziyana uğramaq oldu.
  5. Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Elə isə, ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə xatırlamaya səbəb olan vasitə nazil etmiş
  6. və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Hər kəs Allaha iman gətirib saleh əməllər etsə, onu içində əbədi qalacağı, ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi təyin etmişdir.
  7. Yeddi (qat) göyü və yerdən də onların bənzərini (bir o qədər də yeri) yaradan Allahdır. Allahın fərmanı onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və elminin hər şeyi əhatə etdiyini biləsiniz.

———————————————————————————

  1. Ayrıldıqdan sonra qadınların hüquqları: Ayədə ayrıldıqdan sonra qadınların təmin olunması vacib olan bəzi hüquqlarından bəhs edilir. Ayədə öncə boşanmış qadına mənzil hüququnun tanınması ön plana çəkilmişdir: Onlara (boşanmış qadınlara) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Təbii ki, mənzillə təmin etmək kişinin vəzifəsi olduğu üçün digər təminatları da (yemək və geyimi) o ödəməlidir. Daha sonra Allah-taala ayədə buyurur ki, kin-küdurət, düşmənçiliklər və nifrət sizi haqq-ədalətdən uzaq salmasın, kin-küdurətiniz onları mənzil və digər qeyd-şərtsiz təminatlardan məhrum etməyinizə, bununla da özlərini təzyiq altında hiss edib hər şeyi tərk edərək qaçmalarına səbəb olmasın. (Qayıdış talağının fəlsəfəsi, Bəqərə-231) Ayənin davamında buyurulur ki, əgər boşanmış qadınlar hamilə olsalar, hamiləlikdən azad olana qədər onların xərcləri ödənilməlidir. Nə qədər ki hamiləlikdən azad olmayıblar, gözləmə müddətindədirlər, xərcləri və mənzil təminatları ərlərinə vacibdir. Bir hüquq da “uşaq əmizdirən qadın”larla bağlıdır. Əgər qadınlar boşandıqdan sonra övladlarını əmizdirmək istəsələr, ər onların haqqını südün miqdarı və vaxtına uyğun şəkildə ödəməlidir. Çünki çox vaxt körpələr və uşaqlar ayrıldıqdan sonra kişi ilə qadının ixtilaf bəhanəsinə çevrilir. Övladların taleyi ilə bağlı qarşılıqlı müzakirə aparmalarını, onların haqqında ən uyğun qərarı qəbul etmələrini, ərlə arvadın ixtilafının uşaqların həyatına zərbə vurmamasını, fiziki və zahiri baxımdan ziyan görməmələri üçün çalışmalarını, eyni zamanda psixoloji problemlə qarşılaşmamaları üçün onlardan lazım olan sevgilərini əsirgəməmələrini tələb edir. Ata ilə ana Allahı unutmamalı, köməksiz uşaqların mənafe və maraqlarını öz maraq və qərəzlərinə qurban verməməlidirlər. Əgər boşandıqdan sonra keçmiş ər və arvad uşaqların təminatı və əmizdirilməsi ilə bağlı razılığa gəlməsələr, uşağın əmizdirilməsi başqa bir qadına tapşırılmalıdır.[4]
  2. Kainatın yaranışının məqsədi (Allahı) tanımaqdır: “Bəqərə” surəsinin 29-cu ayəsində “yeddi (qat) göy” haqqında məlumat verilmişdir. Lakin burada “yerdən də onların bənzərini (bir o qədər də yeri) yaradan”, – deyə buyurulur. Ayənin zahiri məzmunundan belə başa düşülür ki, Allah yeddi qat göy yaratdığı kimi, yeddi qat da yer yaratmışdır. Bu ifadə təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bəziləri hesab edir ki, burada Günəş sisteminə daxil olan və biri də Yer olan planetlər nəzərdə tutulur. Başqa bir qrup yerin qatlarına işarə edildiyini iddia edir. Müasir elm torpağın müxtəlif qatlardan təşkil olunduğunu sübuta yetirmişdir. Bəlkə insana da işarə eidldiyini deyə bilərik. Belə ki, insan yerə aid varlıq olsa da yeddi göyün bir nümunəsi olan böyük səmavi ruha malikdir. “Allahın fərmanı onların arasında nazil olur” cümləsinə gəlincə, burada Allahın yerlər və göylərə aid olan və insanın imkanları xaricində olan obyektiv fərmanı nəzərdə tutulur. Onlar Allahın əmri ilə müəyyən sistem üzrə idarə olunurlar. Bu ayə “Səcdə” surəsinin “bu dünyanın işlərini göydən yerə doğru idarə edir” məzmunlu 4-cü ayəsinə bənzəyir. Nəzər nöqtəsi olan ayənin sonunda əzəmətli yaradılışa işarə edilmişdir. Məqsəd isə insana Allahın elm və qüdrətini tanıtmaq, Onun bütün varlığının Allah tərəfindən əhatə edildiyini, bütün əməllərindən xəbərdar olduğunu, məad, Qiyamət və möminlərin qurtuluşu ilə bağlı vədlərinin həqiqət olduğunu başa salmaqdır. Böyük varlıq sistemini idarə edən bu cür elm və qüdrət sahibi olan Allah boşanma və qadınların hüquqları ilə bağlı hökmlər müəyyən edirsə, deməli, hamısının bir hikməti var.[5]

 

[1] Nümunə, c.24, səh.217

[2] Nümunə, c.24, səh.227

[3] Nümunə, c.24, səh.236

[4] Nümunə, c.24, səh.246

[5] Nümunə, c.24, səh.261; Əl-Mizan, c.19, səh.340