Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (və şiənin bütün məşhur kitablarında) bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilir. Həmin kitablarda nəql olunan rəvayətlərdə açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) imam Əlini (ə) öz canişini və vəsisi təyin etdiyi zamana aiddir. Bu rəvayətlərin sayı o qədər çoxdur ki, hətta Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin canlı şahidi olan Peyğəmbəri-Əkrəmin (s) 110 nəfər səhabəsindən, 84 nəfər tabeindən və 360 nəfər məşhur İslam alimlərindən nəql olunduğunu qeydə almışdır.
“QƏDİR-XUM” HADİSƏSİ
“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan belə qənaətə gəlirik ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu ilindəki “Vida” həcci (“Həccətül-vida”) daha şövkət və əzəmətlə sona çatdırmış, bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, bu böyük ibadətin ləzzətini bütün cisim və canları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün sevinclərindən dərilərinə sığmırdılar. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyil, həm də bu böyük tarixi iftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən çoxlu müsəlman var idi. Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir.
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırsa da, bu misilsiz mənəvi səfərin ləzzəti hər bir şeyi asanlaşdırmışdı.
Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə “Qədir-Xum”un quru və yandırıcı səhralıqları uzaqdan görünürdü. Burada Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı var idi ki, biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru gedirdi. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam Peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
Hicri-qəməri tarixi ilə 10-cu ilin cümə axşamı idi və “Qurban” bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacıların dayanması üçün göstəriş verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar, nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə bir kölgəlik, nə də bir ot-ələf və çəmənlik gözə görünmürdü. Bəziləri də bu çılpaq ağaclara sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atılaraq Peyğəmbər (s) üçün kölgəlik düzəldildi. Bununla belə, yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz üçün çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan “Bəli, şəhadət veririk!” – dedilər.
Peyğəmbər (s) dedi: “İlahi şahid ol…” Əlavə edərək buyurdu: “Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: “Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi ucaldı: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət hansılardır?”
Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaqlar. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız, geridə də qalmayın ki, yenə həlak olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarırdı. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və yuxarı qaldırdı, hətta onun qoltuğunun altı belə göründü. Hamı onu tanıyıb bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”
Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm və onlara özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Belə isə mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
“İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla birgə et və onu haqdan ayırma!”
Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”
Peyğəmbərin (s) xütbəsi sona yetdi. Peyğəmbərin (s), Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي…
“Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım…”
Peyğəmbər (s) buyurdu: “Allahu-əkbər, Allahu-əkbər! Allah Öz dinini kamil, nemətini bizə tamamladı, mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar ki, onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:
بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”
Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
“Qədir-Xumda Peyğəmbərin nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: “Kimdir sizin mövla, nəbiniz?”
Bir ağızdan: “Allah bizim Rəbbimiz!
Ondan sonra sən də peyğəmbərimiz!
Vilayətə asi olmaz birimiz!”
Peyğəmbərin Əliyə buyruğuyla:
“Qalx ayağa, həqiqət sorağıyla.
Məndən sonra imam, hidayətçisən,
Mövlası olduğumun rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
“İlahi! Onu sevən hər kəsi, sev Sən də!
Düşmən olan kəsə, düşmən ol Sən də!”
Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!