“Zumər” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Bu, yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindən nazil edilmiş bir kitabdır.
- Biz kitabı sənə haqq olaraq nazil etmişik. Elə isə, Allaha ibadət et və dinini Onun üçün xalis et!
- Bilin, xalis din Allaha məxsusdur. Allahdan qeyrisini özlərinə rəhbər seçənlər: “Biz onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik” – (deyirlər.) Allah Qiyamət günü onların ixtilafda olduqları şey barəsində hökm verəcəkdir. Allah yalançı və kafiri doğru yola yönəltməz.
- Əgər Allah övlad götürmək istəsəydi, yaratdıqları arasından istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, yeganə, qalib Allahdır.
- O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı Öz əmrinə ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək öz hərəkətlərinə davam edəcək. Bilin ki, O, qüdrətlidir, bağışlayandır.
————————————————————————————
- Saxtakar kimə deyilir: Ayənin orijinalında işlədilmiş “mütəkəllif” sözü səlahəyyəti çatmadığı halda, çətinliklə də olsa belə, saxtakarlıq edərək nəyisə özünə aid edən şəxs haqqında işlədilir. “De, mən özümdən bir şey uydurmuram” cümləsinə əsasən Peyğəmbər (s) başa salmaq istəyir ki, peyğəmbərliyini özündən uydurmamışdır.[1] Hədislərdə saxtakar və onun əlamətlərindən çox bəhs edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Saxtakarın üç əlaməti var: Mövqecə özündən yüksək olan adamla daim mübahisə edər, aressivlik nümayiş etdirər, bilmədiyi şeyləri danışar, əsla çata bilməyəcəyi işlərin arxasınca düşər.” Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Saxtakarın üç əlaməti var: Aşkarda yaltaqlıq edər, gözdən uzaq yerdə qeybət edər, müsibət vaxtı tənələr yağdırar.” İmam Sadiq (ə) buyurmuşdur: “Saxtakar üzdə həqiqətə çatmış kimi görünsə də, yanlış yoldadır… Saxtakarın sonu xarlıq və rüsvayçılıq, bu günü isə əziyyət, zəhmət və narahatlıqdır. Saxtakarın zahiri riya, batini nifaqdır, daim bu iki qanadla uçur. Xülasə, saxtakarlıq əməlisalehlərin əxlaqından, təqvalıların şüarindən uzaqdır. Allah-taala Öz peyğəmbərinə: “De: “Mən peyğəmbərlik vəzifəsinə görə sizdən heç bir mükafat istəmirəm və özümdən bir şey uydurmuram.”, – deyə buyurur.”[2]
“Zumər” surəsinin ümumi məzmunu: Bu surə bir neçə mövzunu ehtiva edir: 1. Xalis tövhid, bütün cəhətləri və yönləri ilə tövhid. 2. Məad, hesab-kitab, Cənnətin otaqları, Cəhənnəmin odlu talvarları, Qiyamət gününün qorxusu, Məhşər səhnəsində əməllərin nəticəsinin və əməllərin özünün aşkara çıxması. 3. Quranın əhəmiyyəti. 4. Keçmiş xalqların aqibəti və Allahın ayələrini yalan hesab etdikləri üçün Allahın ağrı-acılı əzabının nazil olması. 5. Tövbə və Allaha qayıdış qapılarının açıq olması.[3]
- Xalis din Allaha məxsusdur: Bu və əvvəlki ayədə din deyilərkən ibadət nəzərdə tutulur. “Xalis din Allaha məxsusdur”, yəni Allah təkcə Ona ibadət etməyən şəxsin ibadətini qəbul etmir. Burada ibadət edərkən Allahdan qeyrisinin şərik edilməsi və ya qeyrisinə təklikdə ibadət edilməsinin heç bir fərqi yoxdur. Deyilənə görə, bir gün bir kişi Peyğəmbərə (s) deyir: Ey Allahın rəsulu! Biz yaxşı ad qazanmaq üçün mallarımızı veririk. Buna görə mükafatımız varmı? Peyğəmbər (s) buyurur: “Allah-taala yalnız Ona ixlasla ibadət edənin ibadətini qəbul edir.” Sonra bu ayəni buyurur: “Bilin! Xalis din Allaha məxsusdur”[4]
- Allah sizi tək bir şəxsdən yaratdı. Sonra zövcəsini ondan (onun qalmış torpağından) yaratdı. Sizin üçün səkkiz cüt heyvan xəlq etdi. O sizə analarınızın bətnlərində üç qaranlıq içərisində yaranış ardından yaranış bəxş etdi. Bu sizin Rəbbiniz olan Allahdır. Hakimyyət Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Bəs siz haqdan necə dönürsünüz?
- Küfr etsəniz, (bilin ki,) Allahın sizə ehtiyacı yoxdur. O, bəndələrinin kafirlik etməsinə razı olmaz. Əgər Ona şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra hamınız Rəbbinizə doğru qayıdacaqsınız. O, sizi etdiyiniz əməllərdən xəbərdar edəcəkdir. Çünki O, kökslərdə olanları bilir.
- İnsana bir zərər toxunduqda Rəbbini çağırıb Ona doğru qayıdır. Sonra Allah Öz tərəfindən ona bir nemət verəndə o, daha öncə Allahı nədən ötrü çağırdığını unudur və insanları Allahın yolundan çıxartmaq üçün Ona şəriklər qoşur. De: “Küfründən faydalan, çünki cəhənnəmliklərdənsən!”
- (Bu cür adam dəyərlidir, yoxsa) gecə saatlarını qiyam və səcdə halında ibadət edərək keçirən, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən adam? De: “Bilənlərlə bilməyənlər eynidirmi? Təkcə ağıl sahibləri xatırlayar”.
- De: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşı mükafat gözləyir. Allahın yeri (yaratdığı yer üzü) genişdir. (Kafir rəhbərlərin təzyiqinə məruz qaldığınız zaman hicrət edin,) səbir edənlər mükafatlarını hesabsız alacaqlar”.
————————————————————————————–
- Səkkiz cüt heyvan və üç qaranlıq: “Səkkiz cüt” deyilərkən dəvə, qoyun, keçi və inək cütü nəzərdə tutulur. “Cüt” ərəb dilində hər hansı cinsin dişi və erkəyinə deyildiyi üçün ümumilikdə səkkiz cüt edir.[5] “Üç qaranlıq” ifadəsi ilə ana bətni, uşaqlıq və rüşeym pərdəsinin qaranlığına işarə edilir. Cift üç qalın pərdə ilə örtülü olur. Adi rəssam portret çəkməsi üçün tam işıq və aydınlığın olması şərtdir. Ancaq Allah-taala qaranlıqlar içində su üzərində elə rəsm çəkir, elə portret yaradır ki, dünyaya gəldikdən sonra hər kəs ona heyran olur, digər tərəfdən, əlçatmaz bir məkanda onu davamlı olaraq çox sürətli inkişaf üçün zəruri olan qida və ruzi ilə təmin edir. Cift Allahın yaratdığı çöhrələrin ən heyrətamiz və zərifidir. Embrologiya tam bir Allahı tanıma kursu hesab edilir. Bu mərhələnin incəliklərini araşdıran az adam tapılar ki, onu yaradana tərif deməsin.[6]
- Bilənlərlə bilməyənlər bərabərdirlərmi? Bu sualda diqqətlər bilənlərlə bilməyənlərin müqayisəsinə yönəldilsə də, əsas müqayisə obyekti gecələri oyaq qalıb ibadət edən möminlərlə müşriklərdir. Yəni inadkar və kor qəlbli müşriklərlə pak, nurlu və ixlaslı möminlər bərabər deyillər. Möminlərlə bu aşkar reallıqdan xəbəri olmayan insanlar bərabərdirlərmi? Hər halda bu cümlə İslamın əsas şüarlarından birini ehtiva edir. Cümlədə nadanlarla müqayisədə elm və alimlərin çox yüksək məqamda olduğu göstərilir. Məlumatı olmayanların və dini durğunluq hesab edənlərin iddialarının əksinə olaraq, peyğəmbərlərin çağırışının əsas hissəsini elm və biliyə çağırış təşkil edir. Quran ayələri ilə yanaşı, hədislərdə də elm qədər heç nəyə bu qədər yüksək əhəmiyyət verilmədiyinin şahidi oluruq. İslam peyğəmbəri (s) buyurmuşdur: “Həyatın yalnız iki şəxsə faydası var: itaət göstərilən alim, alim sözü dinləyən elm teşnəsi”. Bu ayəni təfsir edərkən İmam Sadiq (ə) belə buyurmuşdur: “Bilənlər bizik (Əhli-beyt), bilməyənlər bizim düşmənlərimizdir, ağıl sahibləri isə bizim tərəfdarlarımızdır.” Təbii ki, bu şərh ayənin ehtiva etdiyi yönlərdən birini ifadə edir, onun ümumi məzmununu məhdudlaşdırmır.[7]
- Allahın geniş yeri: Burada “biz Məkkədə müşriklərin təzyiqləri altında öz ilahi vəzifələrimizi yerinə yetirə bilmirik”, deyən iradəsi zəif bəhanəçilərə cavab verilmişdir. Allah Quranda buyurur ki, yer üzü Məkkə ilə məhdudlaşmır, dünya genişdir. Buna görə də azadlığınıza, vəzifələrinizi yerinə yetirməyinizə mane olan küfrə bulaşmış boğucu mərkəzlərdən başqa yerlərə köçün. Hicrət İslamın ilk çağlarına aid deyil, İslam hökumətinin qələbəsində mühüm rol oynayan və buna görə təqvim üçün başlanğıca çevrilən, eyni zamanda bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan mühüm çıxış yollarından biridir. Bu prinsip möminlərin təzyiqlərdən və boğucu mühitlərdən xilas olmasında, digər tərəfdən isə İslamın başqa regionlara yayılmasında rol oynayır.[8]
- De: “Mənə, dinimi yalnız Allah üçün xalis edərək, Ona ibadət etmək əmr olunmuşdur.
- Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”.
- De: “Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.
- De: “Mən dinimi yalnız Allah üçün xalis edərək təkcə Ona ibadət edirəm.
- Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Əsl ziyan çəkənlər Qiyamət günü özləri və qohumlarının sərmayəsini itirənlərdir. Bilin, açıq-aşkar ziyan da elə budur!”
- Onlar üçün başları üzərində oddan kölgə salanlar, ayaqları altında da oddan çətirlər olacaqdır. Allah bununla bəndələrini qorxudur. Ey bəndələrim! Məndən qorxun!
- Həddini aşmışlara ibadət etməkdən çəkinib Allaha doğru qayıdanlara müjdə vardır. Bəndələrimi müjdələ!
- Onlar sözləri dinləyib onların ən yaxşısına tabe olan, Allahın doğru yola yönəltdiyi şəxslərdir. Onlar ağıl sahibləridirlər.
- Haqqında əzab fərmanı qətiləşmiş şəxsi xilas edə bilərsənmi?! Od içində olan şəxsi tutub ona nicat verə bilərsənmi?!
- Lakin Rəbbindən qorxanların Cənnətdə bir-birinin üstündə tikilmiş, altından çaylar axan otaqları vardır. Bu, Allahın vədidir. Allah öz vədinə xilaf çıxmaz.
- Allahın göydən su endirib onu bulaqlar formasında yerdən axıtdığını, sonra onunla rəngarəng əkinlər yetişdirdiyini, daha sonra onların quruduğunu, saralıb cansız hala düşdüyünü, daha sonra Allahın onları çör-çöpə döndərdiyini görmürsənmi? Bu misalda ağıl sahibləri üçün xatırlatma vardır.
————————————————————————————-
- Qohumlar deyilərkən kimlər nəzərdə tutulur? Təfsirçilər bu suala fərqli-fərqli cavablar vermişlər. Ancaq ayənin məzmununa daha uyğun gələni, “qohumlar” deyilərkən Allahın Cənnətdə mömin və təqvalı insan üçün yaratdığı həyat yoldaşları və xidmətçilərin nəzərdə tutulduğu qeyd edilən yanaşmadır. Belə ki, Qiyamət günü qohumluq və dünya həyatına xas olan bütün ictimai əlaqələrə son qoyulacaq. Allah-taala “Muminun” surəsinin 101-ci ayəsində belə buyurur: “… O gün onların arasında heç bir qohumluq əlaqəsi olmayacaq…” Deməli, ayənin mənası belə olur: Əsl ziyana uğramışlar özlərini əbədi məhvə məhkum edənlər, həqiqi kamillik yolundan uzaqlaşanlardır. Onlar iman və saleh əməllər sayəsində nail olan və bununla da özlərinə əbədi qohum və yaxın edə biləcəkləri Cənnət həyat yoldaşları və xidmətçilərindən məhrum olacaqlar. Əsl ziyan və zərər məhz budur.[9]
- İslamın azad düşüncə məntiqi: İslamın şüarına çevrilmiş bu və əvvəlki ayə müsəlmanların azad düşüncəyə və müxtəlif məsələlərdəki seçim hüquqlarına malik olduğunu göstərir. Din və məzhəblərin çoxu öz ardıcıllarına araşdırma aparmağı və başqalarının sözlərini tədqiq etməyi qadağan edir. Çünki məntiqləri zəif olduğu üçün başqalarının məntiqinin yüksək olduğunu görəcəklərindən, nəticədə, mənsub olduqları məktəb və ya dini tərk edəcəklərindən qorxurlar. Bu ayədən də göründüyü kimi, İslam araşdırma aparan, başqalarının sözlərini eşitməkdən, qeyd-şərtsiz təslim olmayan, heç bir vəsvəsənin təsiri altına düşməyən şəxsləri Allahın həqiqi bəndələri kimi tanıtdırır. İslam sözləri, fikirləri dinləyib ən yaxşısına tabe olanlara müjdə verir. Onlar təkcə yaxşını pisdən üstün tutmurlar, yaxşılar arasından da ən yaxşısını seçirlər. Ümumiyyətlə, məntiqi güclü olan hər hansı məktəbin başqalarının sözlərindən qorxmasına heç bir əsas yoxdur. Qarşı tərəf qorxmalıdır ki, zəif və məntiqsizdir. Bu ayə ilə bağlı olan hədislərdə bu məsələyə təkid edilmişdir. İmam Kazim (ə) belə buyurmuşdur: “Allah-taala kitabında ağıl və düşüncə sahiblərinə müjdə verərək buyurmuşdur: “Bəndələrimə müjdə ver, sözləri dinləyib onların ən yaxşısına tabe olanlara”. İmam Əli (ə) belə buyurmuşdur: “Hikmət möminin itiyidir. Münafiqdən olsa belə, hikməti öyrən.”[10]
- Üst-üstə olan otaqlar: Bu surənin ziyana uğramışların Qiyamət günü düçar olacaqları əzabdan bəhs edən 16-cı ayəsində oxuduq ki, onların başı üzərində od kölgələri, ayaqları altında oddan təbəqələr olacaq. Beləcə, onlar hər tərəfdən od şölələri ilə əhatə olunurlar. Bu ayədə isə təqva sahiblərinə müjdə verilir, onlara Cənnətdə üst-üstə otaqlar və qəsrlər veriləcəyi xəbər verilir.[11] İmam Sadiq (ə) buyurmuşdur: “Möminlərin əmiri (ə) Peyğəmbərdən (s): “Bu otaqlar nə üçün inşa edilmişdir?” – deyə soruşduqda Allah rəsulu (s) buyurur: “Bu otaqları Allah-taala dostları üçün dürr, yaqut və zümrüddən düzəltmişdir. Onların tavanı qızıldandır, gümüşlə bərkidilmişdir. Bu otaqların qızıldan min qapısı var, hər qapıya da bir mələk təhkim edilmişdir…”[12]
- Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nur miniyinin üzərinə qaldırdığı şəxs (qəlbi kor olan şəxslə eyni ola bilərmi)? Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar aşkar azğınlıq içindədirlər.
- Allah sözün ən gözəlini – ayələri (incəlik, gözəllik, dərinlik və məzmun baxımından) bir-birinə bənzəyən və (zövq oxşayan bir şəkildə) təkrarlanan bir kitab nazil etdi. Onu dinlədikdə Rəblərindən qorxanların bədəninə titrəmə düşər. Sonra daxilləri və zahirləri yumşalar, diqqətləri Allahı xatırlamağa yönələr. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə heç yol göstərən olmaz.
- Qiyamət gününün dəhşətli əzabını üzü ilə özündən uzaqlaşdıran şəxs (əsla od görməyəcək şəxslə eynidirmi?) Zalımlara: “Qazandığınızı dadın!” – deyilər.
- Onlardan əvvəl də (ayələrimizi) yalan hesab edənlər olmuşdu, əzab onlara gözləmədikləri yerdən gəlmişdi.
- Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!
- Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə xatırlayalar.
- Heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə təqvalı olsunlar.
- Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir şəxsə təslim olan kişini məsəl çəkir. Onlar eynidilərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bilmir.
- Sən də öləcəksən, onlar da öləcəklər!
- 31. Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.
——————————————————————————————
- Köksü açan və qəlbi sərtləşdirən amillər: “Köksün açılması” deyilərkən köksün haqq sözü qəbul edəcək tutuma malik olması nəzərdə tutulur. Köksün açılması İslama xatir olduğu, İslam Allah və Onun iradəsi qarşısında təslim olmaq mənası daşıdığı, Allahın iradəsi də yalnız haqq olduğu üçün “köksün İslama xatir açılması” deyilərkən insanın haqq olan hər bir sözü qəbul edəcək vəziyyət alması nəzərdə tutulur. Əlbəttə, bu, o demək deyil ki, insan eşitdiyi hər sözü kor-koranə qəbul etməlidir. Haqqı açıq gözlə görərək, inkişaf yolunu tanıyaraq qəbul etmək lazımdır.[13] Köksün açılmasının əks tərəfi qəlbin sərtləşməsidir. Burada qəlblərin haqq və hidayət nuru qarşısında əyilməyən, yumşalıb təslim olmayan, hidayət işığının təsir etmədiyi vəziyyəti nəzərdə tutulur. Ümumiyyətlə, haqqa münasibətdə insanlar eyni deyil: bəziləri haqqı incə bir işarə və ya qısa bir cümlə ilə başa düşürlər. Halbuki bəzi insanlara ən parlaq dəlillər, güclü nəsihətlər belə təsir göstərmir. Təbii ki, bu iki vəziyyətin də öz amilləri vardır. Davamlı araşdırmalar, əməlisaleh alimlərlə əlaqə, özünü islah, nəfsi təmizləmə, günahdan çəkinmə, xüsusilə haram qidadan uzaq durmaq, Allahı xatırlamaq köksün açılmasının ən mühüm amillərindəndir. Günah, cəhalət, inadkarlıq, yersiz mübahisələr, günahkarlarla oturub-durmaq ruhun daralmasına, qəlbin sərtləşməsinə səbəb olur. İbn Məsud Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşur: İnsan necə açıq ürəkli ola bilər? Peyğəmbər (s) buyurur: “Nur insanın qəlbinə daxil olduqda qəlb açılır”. Soruşur: Ey Allahın rəsulu (s), bunun əlamətləri nədir? Peyğəmbər (s) buyurur: “Axirət evinə diqqət, yalançı evdən ayrılmaq, ölüm gəlməzdən əvvəl ona hazır olmaq”. İmam Əli (ə) buyurmuşdur: “Göz yaşları yalnız qəlb sərtləşdiyində quruyur, yalnız günah çoxaldığında ağırlaşır.” Hədislərin birində Allahın Musaya (ə) belə bir vəhy göndərdiyini oxuyuruq: “Ey Musa, dünyada arzularını uzun etmə, yoxsa qəlbin sərtləşər, yumşaq olmaz. Daşürəklilər Məndən uzaqdırlar.”[14]
- Ən gözəl söz: Bu ayədə “mütəşabeh” (bənzər) deyilərkən ayrı-ayrı hissələri bir-birinə bənzəyən, səsləşən, heç bir təzad və müxtəliflik olmayan, yaxşısı, pisi olmayan, bütün hissələri bir-birindən gözəl olan kəlam nəzərdə tutulur. Bu forma insanların danışıqlarından tamamilə fərqlənir, insanların danışdığı sözlərə diqqətlə nəzər saldıqda onlar arasındakı fərqliliklərin, ziddiyətlərin həddən artıq çox olduğunun şahidi olarıq. Ayədə bu kitabın təkrarlanan olması onun başqa bir xüsusiyyəti kimi tanıtdırılır. Ola bilsin ki, bununla müxtəlif mövzuların, hekayələrin, əhvalatların, nəsihətlərin, öyüdlərin təkrarlanmasına işarə edilir. Ancaq bu təkrarlar əsla bezdirici deyil, əksinə, zövq verir, həyəcan yaradır. Əslində, lazım gəldiyində və daha dərindən təsir göstərmək üçün təkrardan istifadə edilməsi fəsahətin əsas prinsiplərindəndir. Ancaq təkrarlar hər zaman yeni formada və biçimdə olmalıdır ki, bezdirici olmasın. Bundan əlavə, Quranın mövzuları bir-birini izah edir, problemlərin çoxu bu yolla öz həllini tapır. Bundan sonra ayədə Quranın təvazökar qəlblərə daha dərindən təsir göstərdiyini ehtiva edən digər xüsusiyyətinə işarə edilir və bu xüsusiyyət çox gözəl bir şəkildə təsvir edilir. Quran ilk öncə hazır qəlblərdə ayıqlığa, hərəkətə və insanların öz məsuliyyətlərinə diqqət yetirməsinə səbəb olacaq bir qorxu yaradır. Növbəti mərhələdə ona haqq sözü qəbul edəcək yumşaqlıq və tutum, ardınca isə rahatlıq bəxş edir. Quranın nəsihətləri qəlbləri titrədir, müjdələri qəlblərə rahatlıq bəxş edir. Allahın böyüklüyü haqqında düşünmək insanı qorxuya salır. İnsanda onu necə tanıya bilmək qorxusu yaranır, ancaq Allahın insanın özü və ətraf aləmdəki nişanələrini araşdırmaq ona rahatlıq bəxş edir.[15]
- Allaha iftira atan və doğru söz deyildiyində onu yalan sayan şəxsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yer yoxdurmu?
- Doğru söz gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.
- Onlar üçün Rəblərinin yanında dilədikləri hər şey mövcuddur. Yaxşı işlər görənlərin mükafatı budur.
- Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərin mükafatını verəcəkdir.
- Allah Öz quluna kifayət etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın doğru yoldan sapdırdığı kimsəyə heç bir doğru yol göstərən olmaz.
- Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Allah qüdrətli və intiqam sahibi deyilmi?
- Əgər sən onlardan: “Göyləri və yeri kim yaradıb?” – deyə soruşsan, onlar, mütləq: “Allah!” – deyəcəklər. De: “Heç düşünürsünüzmü, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
- De: “Ey qövmüm! Nə bacarırsınız, edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,
- kimə rüsvayedici əzab gələcək, kimi əbədi əzab saracaq”.
————————————————————————————–
- Doğru danışan və təsdiq edən: Təfsirçilər bu ayənin Peyğəmbərə (s) aid olduğunu yazmışlar. Təbii ki, ayədə həm vəhy gətirənin, həm də vəhyi təsdiq edənin peyğəmbər olması ilə bağlı izah ayənin yeganə mənası deyil, mənalarından biridir. Buna görə də bir qrup təfsirçi “doğru söz gətirən” ifadəsi ilə bütün peyğəmbərlərin, “onu təsdiq edən şəxs” ifadəsi ilə isə onların həqiqi davamçıları və dünyanın bütün təqvalı insanlarının nəzərdə tutulduğunu bildirmişlər. İzahlar arasında daha ümumi olan başqa bir təfsirdə “doğru söz gətirən şəxs”ifadəsinin təkcə peyğəmbərlər deyil, onların məktəbini təbliğ edən, haqq sözü yayan insanların nəzərdə tutulduğu qeyd edilmişdir. Deməli, hər iki cümlənin bir qrupa şamil olmasının heç bir problemi yoxdur. Nəticədə, burada həm doğru sözü gətirənlər, həm də ona əməl edənlərdən söz açılmışdır. Onlar vəhy məktəbini dünyaya yayan, özlərini ona iman gətirən və əməl edən şəxslər, peyğəmbərlər, imamlar, onların məktəblərinin izahediciləridirlər. Sünni və şiə təfsirçilərinin əksəriyyəti bu ayəni izah edərkən “doğru söz gətirən” ifadəsi ilə Peyğəmbərə (s), “onu təsdiq edən şəxs” ifadəsi ilə isə Əliyə (ə) işarə edildiyini ehtiva edən hədisi nəql etmişlər. Yaddan çıxarmamalıyıq ki, bu təfsir ayənin məzmununu məhdudlaşdırmır, əksinə, onun ən parlaq məna çalarını bəyan edir. Şübhəsiz ki, İmam Əli (ə) Peyğəmbəri (s) təsdiq edənlər arasında birinci yerdə qərarlaşır. İslam alimləri arasında elə bir şəxs tapılmaz ki, kişilər arasında Peyğəmbəri (s) təsdiq edən birinci şəxsin Əli (ə) olduğunu inkar etsin.[16]
- Allah yetər: Təfsirçilərin çoxunun yazdığına görə, Məkkə müşrikləri Peyğəmbəri (s) bütlərin qəzəbindən qorxmağa çağırıraq deyirlər: Onları söymə, onlara qarşı heç bir söz danışma, onlar sənin ağlını başından alar, sənə zərər verərlər. Bu ayə nazil olur. Qeyd olunan bu hədisə əsasən ayənin nazilolma səbəbi kafirlərin Peyğəmbəri (s) bütlərin qəzəbi ilə təhdid etməsi olsa da, ayənin mənası daha genişdir, Allahdan başqa bütün təhdid vasitələrinə şamil olur, haqq yolunun yolçuları, həqiqi möminlərə, xüsusilə azlıqda olduqları cəmiyyətlərdə, hər tərəfdən təhdidlərə məruz qaldıqları şəraitdə müjdə səciyyəsi daşıyır. Bu ayə onlara təskinlik verir, əzmkar, qətiyyətli olmalarında rol oynayır, onları ruhlandırır, addımlarını mətinləşdirir, düşmənin təhdidlərinin zərərli psixoloji təsirlərini aradan qaldırır. Çünki insanlar hadisələr burulğanı qarşısında saman çöpünə bənzəyir, ayrı-ayrı səmtlərə atılırlar. Küləklə sovrularkən saman çöpü yarpağa və ya qırıq bir budağa yapışa bilər, ancaq güclü külək onların hər ikisini özü ilə apara bilər. Hətta hər hansı ağacdan yapışsa belə, bəzən güclü külək ağacı da yerindən qoparır. Ancaq saman çöpü böyük bir dağa arxalansa, heç bir külək, tufan, qasırğa onu yerindən qopara bilməz. Dağ Allaha imanı, qalan vasitələr isə Allahdan qeyrisinə güvənməni ifadə edir. Bu ayənin məzmununa diqqət və inam dözülməz hadisələr qarşısında möhkəm dağ kimi müqavimət göstərməsi, düşmənin çoxluğundan qorxmaması, yoldaşlarının azlığından məyus olmaması, kəskin böhranların ruhi sakitliyini pozmaması üçün insana qeyri-adi cəsarət verir, özünə inam yaradır, rahatlıq bəxş edir.[17] Tövhid inancı sayəsində heç bir amil təkallahlı insanın Allahdan qeyrisinə qul olmasına səbəb ola bilıməz. Allaha bəndəlik insana hürriyyət bəxş edir, Allahdan qeyrisinə, hətta nəfsin istəklərinə qul olmaqdan azad edir. Çünki o, elə bir varlığın bəndəsidir ki, hər yerdə hazırdır, bəndə bütün işlərini, Ona həvalə edir. Bu cür insan Allahın xüsusi hidayəti sayəsində başqalarının istismarına, müstəmləkəsinə, köləçiliyinə məruz qalmır, xar olmur, təhqir olunmur. O, Allahın yenilməz qüdrətinə arxalandığı üçün heç bir qüdrətdən qorxmur, qorxmadığı üçün də heç kəsə sitayiş etmir, yaltaqlanmır, təhqirə boyun əymir, həyatının və ruzisinin başqalarının əlində olmadığını bildiyi üçün ruziyə görə zillət və köləliyi qəbul etmir.[18]
- Biz insanlar üçün olan bu kitabı sənə haqq olaraq sənə nazil etdik. Kim doğru yola yönəlməni qəbul etsə, onun öz xeyrinə olar, kim azğınlıq yolunu qəbul etsə, təkcə öz ziyanına haqq yoldan azar. Sən onları doğru yola yönəltməyə məcbur deyilsən.
- Allah ruhları ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi şəxslərin canını saxlayır, digərlərini (yaşamasını istədiyi şəxslərin ruhlarını) isə müəyyən olunmuş vaxtadək qaytarır. Bunda düşünənlər üçün nişanələr vardır.
- Onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? Onlara de: “Onlar heç bir şeyə malik olmadıqları, heç bir şey anlamadıqları, dərk etmədikləri halda da (onlardan şəfaət istəyirlər)?”
- De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Çünki) göylərin və yerin hökmranlığı Ona məxsusdur. Sonra sizi Ona doğru qaytaracaqlar”.
- Allahın tək olduğu xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.
- De: “Ey göyləri və yeri yaradan, gizlini və aşkarı bilən Allahım! İxtilaf etdikləri məsələdə bəndələrin arasında hökmü Sən verəcəksən!”
- Əgər zülmkarlar yer üzündə olanların hamısına, üstəlik bir o qədərinə də malik olsaydılar, Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün onların hamısını fidyə verərdilər. Allah tərəfindən onlara əsla güman etmədikləri aşkar olacaq.
————————————————————————————-
- Yuxunun sirli dünyası: Yuxunun mahiyyəti nədən ibarətdir, nə baş verir ki, insan yatır? Bu mövzu ilə bağlı alimlər çox araşdırmalar aparmışlar. Ancaq alimlərin yuxu mövzusunu aydın şəkildə izah edə bilməməsinin səbəbi onların maddi düşüncəsidir. Onlar bu mövzunu ruhun fundamentallığını və müstəqilliyini qəbul etmədən izah etməyə çalışırlar. Halbuki yuxu cismani olmadan əvvəl ruhani bir fenomendir, ruhu doğru-düzgün öyrənmədən onu izah etmək qeyri-mümkündür. Quranın bu ayəsində yuxu ən dəqiq şəkildə izah edilmişdir. Ayədə buyurulur ki, yuxu bir növ ruhun bədəndən çıxmasıdır. Ancaq bu ayrılma tam şəkildə baş vermir. Allahın əmri ilə ruhun işığı bədəndən ayrıldığında və onun bədəndə yalnız zəif bir işartısı qaldığı zaman şüur və idrakın fəaliyyəti dayanır, insan hiss və hərəkətdən məhrum olur. Baxmayaraq ki, həyatın davam etməsi üçün zəruri olan bəzi fəaliyyətlər, o cümlədən ürək döyüntüləri, qan dövranı, tənəffüs, həzm sistemi və sair öz fəaliyyətini davam etdirir. Burada çox mühüm hadisə hesab edilən yuxu məsələsi də diqqət çəkir. Çox zaman yuxuların eynilə və ya çox az fərqlə real həyatda baş verdiyinin şahidi oluruq. Materialist yozumlar bu cür yuxuları izah edə bilmir. Lakin ruhi izahlar bu məsələni çox asanlıqla izah edə bilir. İnsanın ruhu bədəni tərk edib ruhlar aləmi ilə əlaqəyə girdiyi zaman keçmiş və gələcəyə aid bir çox həqiqətləri dərk edir. Buna görə də doğru yuxular adlandırılır. Bu ayənin izahı ilə bağlı qeyd edilmiş hədislərdən belə başa düşülür ki, İslama görə, yuxu ruhlar aləminə doğru hərəkət, oyanmaq isə ruhun bədənə və həyata təkrar qayıdışıdır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Müsəlman cünub halında yatmamalı, yatağına təmiz və dəstəmazlı girməlidir. Əgər su tapmasa, təyəmmüm etməlidir. Çünki möminin ruhu Allaha doğru yüksəlir. Allah onu qəbul edir, ona bərəkət verir. Əgər ruh sahibinin əcəli çatarsa, həmin ruhu rəhmət xəzinələrinə qovuşdurar, əgər əcəli çatmazsa, onu əmanət götürmüş mələklərlə birlikdə hərəkət etdirər və mələklər onu cəsədinə geri qaytarar.”[19]
- Onlar Allahın adından qorxurlar: Bu ayə təkcə Peyğəmbər (s) dövrünün müşriklərinə aid deyil, hər bir dövrdə Allah düşmənlərinin, Allahı inkar edən məktəblərin adını, zülmkarların qələbəsini eşitdikdə sevinən, yaxşıların, təmizlərin adını, onların proqramlarını və qələbə xəbərlərini eşitdikdə narahat olan qəlbiqara azğınlar olmuşdur. Bəzi hədislərdə qeyd edilir ki, bu ayə Əhli-beyt (ə) və onların ardıcıllarının üstünlüklərini eşitdikdə narahat olan şəxslər haqqındadır.[20] Bu gün də bəziləri Quran, dini hökmlərin söyləndiyi, dini nəsihətlər verildiyi, Əhli-beytin (ə) fəzilətlərinin çatdırıldığı məclislərdə iştirak etməkdən imtina edir. İştirak etsələr də bəzi maraqları güdürlər. Ancaq günah məclislərinə dəvət edildikdə böyük həvəslə oraya tələsir və bu dəvəti sevinclə qarşılayırlar.[21]
- Əsla güman etmədikləri: Bu ayəyə əsasən kafirlər Qiyamətdə etiqad bəsləmədikləri deyil, təsəvvür etmədikləri, ağıllarına gəlməyn qorxulu hadisələrlərlə qarşılaşacaqlar. Müşriklər peyğəmbər və imamlardan Allahın bəndələr üçün sorğu-sual və tərəzi hazırladığını, kafirlər üçün od və müxtəlif əzablar nəzərdə tutduğunu eşidir, bu eşitdiklərini təsəvvürlərində olanlarla, yəni dünya odu, dünya əzabı, sorğu-sualı ilə müqayisə edirlər. Lakin Qiyamətdə Allahın əzabı ilə qarşılaşdıqda burada gördükləri əzabın təsəvvürlərindəkindən daha böyük olduğunun şahidi olacaqlar. Bu ayəni Cəhənnəm əzabını vəsv etməsinə görə “Səcdə” surəsinin Cənnət nemətlərindən bəhs edən 17-ci ayəsi ilə müqayisə etmək olar. Allah-taala “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurur: “Heç kəs göz oxşayan hansı böyük mükafatların onlar üçün gizlədildiyini bilmir…”[22]
- Etdikləri pis əməllər qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir.
- İnsana bir zərər toxunduğu zaman Bizi çağırır. Sonra Biz ona Öz tərəfimizdən bir nemət verdikdə deyir: “Bu nemət mənə yalnız bilik və bacarığıma görə verilmişdir!” Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu bilmir.
- Bunu onlardan əvvəlkilər də demişdilər. Amma əldə etdikləri onlara heç bir fayda vermədi.
- Etdikləri pis əməllərin cəzasını aldılar. Bu zümrənin zalımları da tezliklə etdikləri əməllərin pis nəticəsinə düçar olacaq və onlar əzabdan qaça bilməyəcəklər.
- Onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinin də ruzisini azaldır? Bunda iman gətirənlər üçün əlamətlər vardır.
- De: “Ey Mənim özlərinə qarşı həddi aşmış və zülm edən bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Allah bütün günahları bağışlayır. O, bağışlayandır, rəhmlidir!”
- Əzab sizə gəlməzdən əvvəl Rəbbinizin dərgahına qayıdın və Onun qarşısında təslim olun. Sonra sizə heç kəs tərəfindən kömək olunmaz.
- Qəfil əzab sizə fərqinə varmadığınız bir halda, gəlməmişdən əvvəl Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl göstərişlərə tabe olun!
- (Bu göstərişlər ona görədir ki,) kimsə Qiyamət günü: “Allahın əmrinə itaətdə səhlənkarlıq göstərdiyimə və rişxənd edənlərdən olduğuma görə vay mənim halıma!” – deməsin.
———————————————————————————–
- Allah bütün günahları bağışlayır: Bu ayə Quranın günahkarlara xitab edən ən ümidverici ayələrindəndir. Ayənin əhatə dairəsi o qədər genişdir ki, İmam Əli (ə) belə buyurmuşdur: “Quranda “ey Mənim özlərinə qarşı həddi aşmış… bəndələrim!” ayəsi qədər əhatəli ayə yoxdur.” Ümumiyyətlə, islah və tərbiyə yolunda mövcud olan ən böyük problemlərdən biri insanın keçmişdə etdiyi pis əməllər nəticəsində keçirdiyi günah hissidir. Xüsusilə günahlar böyük olduğu zaman bu hiss insanı heç vaxt rahat buraxmır, yolunu dəyişmək və Allah yoluna qayıtmaq istədikdə keçmişdə etdiyi günahların məsuliyyətindən necə yaxa qurtara biləcəyini düşünür. Sözügedən problem Quran kontekstində öz həllini tapır. Həqiqi tövbə keçmişdən xilas olmanın və yeni həyata başlamanın ən qətiyyətli vasitəsidir. Quran zaman və şəraitindən, məsuliyyət yükünün ağırlığından asılı olmayaraq Allahın lütf və mərhəmət qapısının insanın üzünə açıq olduğunu buyurur. Bu ayə çox incə bəyanla günahkarları Allaha doğru çağırır, onlara keçmişlərindən tamamilə qopa biləcəklərini vəd verir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Günahına görə tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.” Əlbəttə, Allahın rəhmətinə doğru yönəlmiş bu qayıdış heç də qeyd-şərtsiz deyil. Çünki Allah müdrikdir və hesab-kitabsız bir iş görməz. Əgər Allah rəhmət qucağını bəndələrə açıbsa, onları Özünə doğru çağırırsa, bəndələrin də buna hazır olması lazımdır. Bəndə qayıdışı bütün varlığı ilə istəməli, daxili və köklü surətdə dəyişmək istəməli, həm də qayıtdıqdan sonra günah qasırğası nəticəsində dağılmış iman və etiqad əsaslarını yenidən inşa etməli, ruhi və əxlaqi zəifliyini saleh əməllərlə aradan qaldırmalıdır. Bir də keçmiş günahlar nə qədər böyük olsa, əməllər də bir o qədər böyük olmalıdır. Qaranlıq keçmişi yalnız bu vasitə ilə işıqlandırmaq olar.[23]
- Allahın yanı: “Cənb” ərəb dilində “yan” və “böyür”ə deyilir. Bu söz yanaşı olan hər bir şeyə aid edilir. Bu ayədə “Allahın yanı” deyilərkən Allaha aid olan, Onun tərəfindən baş verən işlər nəzərdə tutulur; Allahın əmri, Ona itaət, Ona yaxınlaşmaq, Allah tərəfindən göndərilmiş səmavi kitablar bu məzmuna daxildir. Bu ayədə “səhlənkarlıq” sözü Allahın əmrinə boyun əyməkdə, səmavi kitablara itaət edilməsində, peyğəmbər və imamlara tabe olmaqda göstərilən bütün səhlənkarlıqlara şamil olur. Hədislərdə “cənbəllah” ifadəsi “imamlar” kimi yozulmuşdur. İmam Kazim (ə) belə buyurmuşdur: “Cənbəllah Əmirəl-möminin (ə) və ondan sonra sonuncu nümayəndəsinə qədər yüksək məqam sahibi olan vəsilərdir”. Əlbəttə, bu cür izahlar sözün ən parlaq məna çalarlarından biri kimi izah edilməlidir. Çünki imamlara (ə) tabe olmaq Peyğəmbərə (s) tabe olmaq və Allahın əmrinə boyun əyməkdir. Çünki onlar özlərindən heç bir söz demirlər.[24]
- Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!” – deməsin.
- Həm də əzabı gördüyü zaman: “Kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” – deməsin
- Xeyr! Ayələrim sənə gəldi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.
- Sən Qiyamət günü Allah haqqında yalan uyduranların üzlərinin qara olduğunu görəcəksən. Cəhənnəmdə təkəbbürlülər üçün yermi yoxdur?
- Allah müttəqilərə uğurlar və xilas bəxs edəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.
- Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır.
- Göylərin və yerin açarları Ona məxsusdur. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.
- De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?”
- Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər müşrik olsan, bütün əməllərin puç olacaq və ziyana uğrayanlardan olacaqsan.
- Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”
- Onlar Allahı layiqincə tanımadılar. Halbuki Qiyamət günü yer tamamilə onun ovucunda, göylər isə Onun əlində bükülü olacaq. Allah onların (Ona) qoşduqları şəriklərdən ucadır, pakdır, müqəddəsdir.
————————————————————————————–
- Yer və göyün açarları: “Məqalid” sözü “məqlid” (açar) sözünün cəmidir. Bu sözdən adətən hakimiyyət və mülkiyyət ifadə etmək üçün istifadə edilir. Məsələn, deyilir ki, bu işin açarı filankəsin əlindədir. Buna görə də sözügedən ayədə həm Allahın yer və göyün yeganə sahibi, həm də onların yeganə hakimi və idarəedicisi olduğuna işarə edildiyini söyləyə bilərik. Belə ki, ayənin davamında da belə bir nəticə təqdim edilir: “Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.” Çünki belə bir şəxs xeyir və bərəkətlərin əsl mənbəyini tərk edib yolunu azır, yerin və göyün açarlarının sahibindən üz döndərir, heç nəyin sahibi olmayan aciz varlıqların ardınca düşür.[25] Bəzi təfsirçilər bu ayəni şərh edərkən belə yazmışlar: Açar iki tərəfə fırlanır, bir tərəfə firlandıqda qapını açır, əks tərəfə fırlandıqda isə onu bağlayır. Rəhmət xəzinələrinin bütün qapıları haqq və haqq axtaran möminlərin üzünə açıq, batil və yanlış yolda olan kafirlərin üzünə bağlıdır. Heç bir xəzinə batil və küfrə uyğun gəlmir.[26] Allahın rəhmət qapılarınının ən mühüm açarlarından biri dua və ehtiyacların Allaha bildirilməsidir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Çox dua et, çünki dua hər bir rəhmətin açarı, ehtiyacların aradan qalxma səbəbidir.”[27]
- Əgər müşrik olsan, əməllərin sovrulub gedəcək: Burada ortaya belə bir sual çıxır: Məgər Allahın böyük peyğəmbərləri şirkə məruz qala bilərlərmi ki, ayə onlara bu ahəngdə xitab edir? Əslində cavab birmənalı olaraq aydındır. Peyğəmbərlər müşrik olmaqda ixtiyar və qüdrət sahib ola bildikləri halda, əsla müşrik olmazlar. Məsum olmaq qüdrət və ixtiyarın əldən alınması demək deyil. Onların elm və biliklərinin yüksək olması, vəhy mənbəyi ilə birbaşa əlaqədə olmaları onların hətta bir an da olsun, şirk fikrinə düşməsinə imkan vermir. Zəhərli bir maddənin təhlükəli və öldürücü olduğunu bilən savadlı bir həkim ağlı başında olduğu halda, həmin maddəni qəbul edərmi? Əslində, ayənin belə bir məzmun və ahəngə malik olması şirkin çox təhlükəli olduğunu göstərmək üçündür. Yəni Allah-taala insanlara başa salmaq istəyir ki, əgər bu mövzuda böyük peyğəmbərləri ilə belə danışırsa, deməli adi insanlar öz vəzifələrini bilməlidirlər. Eyni fikir İmam Rzaya (ə) aid edilən bir hədisdə də öz əksini tapmışdır: “Bu cür ayələrdə xitab obyekti peyğəmbər olsa da, əslində ümmət nəzərdə tutulur.”[28]
- Allahı layiqincə tanımadılar: Şirkin əsl səbəbi Allahı doğru-düzgün tanımamaqdır. Əgər bir adam Allahın varlığının hər cəhətdən sonsuz, hüdudsuz olduğunu, bütün mövcudatın Onun tərəfindən yaradıldığını, hətta həyatlarının davam etməsində də hər an Ona möhtac olduqlarını, kainatın Onun tərəfindən idarə edildiyini, bütün düyünlərin Onun əli ilə açıldığını, ruzilərin Onun qüdrətli əlində olduğunu, hətta şəfaətin də yalnız Onun əmri, izni və icazəsi ilə baş verəcəyini bilsə, Allahdan qeyrisinə üz tutmaz. “Qəbzə” ovucda tutulana deyilir. Adətən bu sözlə mütləq qüdrət və kamil hakimiyyət nəzərdə tutulur. Bu gün dilimizdə də bu cür ifadələrə rast gəlirik. Məsələn, filan şəhər mənim əlimdədir, Filan mülk mənim ovcumun içindədir. “Mətviyyat” sözü “təyy” (bir-birinə yapışmış) sözünün cəmidir. Bəzən bu sözlə ömrün keçməsi və nədənsə keçmək mənaları ifadə edilir. Bu sözdən “Ənbiya” surəsinin 104-cü ayəsində daha aydın şəkildə istifadə edilmişdir: “O gün göyü vərəq kimi bükəcəyik”. Kağızı dürmələyib sağ əlində tutmuş şəxs ona tam hakim olmuş şəxsdir. Cümlədə “sağ əl” (yəmin) ifadəsi ona görə işlənib ki, insanların əksəriyyəti ən vacib işlərini sağ əl ilə görür, sağ qollarında daha böyük güc hiss edirlər. Burada ortaya belə bir sual çıxır: Məgər bu dünyada yer və göy Allahın ovcunda deyilmi? Cavab olaraq qeyd etməliyik ki, Qiyamət günü Allahın qüdrəti hər zamankından daha çox aşkar olacaq.[29]
- Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha sur üfürüləcək, dərhal hamı qalxıb gözləyəcək.
- Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməl dəftərlərini (insanların) qarşılarına qoyacaq, peyğəmbərləri və şahidləri gətirəcəklər. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.
- Hər kəsə öz əməlinin qarşılığı tam veriləcəkdir. Allah onların nə etdiklərini hər kəsdən yaxşı bilir.
- Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Cəhənnəmə çatdıqda onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: “İçərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzlə qarşılaşacağınızla təhdid edən elçilər gəlmədimi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)” – deyəcəklər. Lakin əzab əmri kafirlər barəsində qətiləşib.
- Onlara: “Cəhənnəmin qapılarından daxil olun, orada əbədi qalın!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!
- Rəblərindən qorxanlar isə dəstə-dəstə Cənnətə aparılacaqlar. Oraya çatdıqda oranın qapıları açılacaq və gözətçilər onlara deyəcəklər: “Sizə salam olsun! Bu nemətlər nuş canınız olsun! Cənnətə daxil olun və orada əbədi qalın!”
- Onlar deyəcəklər: “Həmd bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə (Cənnətə) varis edən Allaha məxsusdur! Biz Cənnətin istədiyimiz yerində məskunlaşırıq. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”
—————————————————————————————-
- Ölüm və həyat fəryadı: Quranın bir çox ayəsində surun üfürülməsi mövzusuna dəfələrlə işarə edilmişdir. Ayələrdən surun iki dəfə üfürüləcəyi məlum olur. Sur birinci dəfə hər kəsin öləcəyi gün, yəni dünyanın sonu çatdığı vaxt üfürüləcək. Bu üfürmə ölüm fəryadı adlanır. Sur ikinci dəfə bütün ölülərin diriləcəyi Qiyamət günü üfürüləcək. Bu, həyat üfürməsi adlanır. Sur üfürülməsi metaforik səciyyə daşıyır. Ola bilsin ki, həqiqətən şeypur çalınacaq. Ancaq məlumdur ki, bu, adi bir şeypur olmayacaq, bütün yeri və göyü bürüyəcək, bütün mövcudatın ölməsinə və ya yenidən hərəkətə gəlib, həyata qayıtmasına səbəb olan böyük gurultu və səs olacaq. İmam Səccad (ə) buyurmuşdur: “Sur bir başı, iki tərəfi olan böyük bir buynuzdur. Yerə tərəf olan hissəsi ilə səmaya tərəf olan hissəsi arasındakı məsafə yerin yeddinci qatından göyün yeddinci qatına qədər olan məsafə qədərdir. Onun üzərində mövcudatın ruhlarının sayı qədər dəlik var. Onun ağzı yerlə göy arasındakı boşluq qədərdir.” Hədislərdə qeyd edilir ki, Allahın İsrafil adlı yaxın mələyinə suru üfürmək vəzifəsi tapşırılmışdır. Bəzi hədislərdə onun Allaha ən yaxın və Adəmə səcdə etmiş ilk mələk olduğu yazılmışdır. İmam Səccada (ə) aid olan hədisdə ölüm surunun üfürülməsinin İsrafil tərəfindən yerinə yetiriləcəyi, ondan sonra İsrafilin də öləcəyi, həyat surunun isə Allah tərəfindən üfürüləcəyi nəql edilmişdir. Hədislərdə birinci üfürülmə ilə ikinci üfürülmə arasında zaman fasiləsi olacağlı da bildirilmişdir. Bu illərin eynilə dünya illəri, yoxsa hər bir günü əlli min olan axirət ili qədər olacağı bizə dəqiq məlum deyil.[30] Möminlərin əmiri İmam Əli (ə) birinci üfürülmədən sonrakı dövrü təsvir edərkən belə buyurmuşdur: “Sur üfürüləcək, canlar bədənlərdən ayrılacaq, dillər lal olacaq, dağlar ucalacaq, qayalar elə ovulub töküləcək ki, uzaqdan titrək ilğmlar kimi görünəcək, abadlıqlar quruyub hamarlaşacaq.”[31] Bu ayənin birinci üfürmədə bəzi zümrələri istisna etməsi ilə bağlı iki ehtimal vardır: 1. Allahın yer və göydən başqa varlıqları da olduğunu ehtimal etsək, bu istisnanın onlara aid olduğunu düşünə bilərik. Çünki ayədə yerdə və göylərdə olanların hamısının öləcəyi buyurulmuş, yer və göylərdən başqa məkanda mövcud ola biləcəkləri ehtimal edilən digər varlıqlar istisna edilmişdir. 2. Ölüm cisimlərə aiddir. Ruh cisimdən çıxdıqdan sonra cisim ölür, ancaq ruhlar ölmür. Ola bilsin ki, ayənin istisnası ruhlara aiddir. Məsum imamlardan nəql edilmiş bəzi hədislər ikinci ehtimalı təsdiq edir.[32]
- Yer üzü Allahın nuru ilə işıqlanacaq: Bu ayənin təfsiri ilə bağlı iki rəy mövcuddur: 1. “Allahın nuru” deyilərkən haqq-ədalət nəzərdə tutulur. Allah-taala həmin gün yer üzünü məhz haqq-ədalətlə dolduracaq. Əllamə Məclisi bu barədə belə yazır: “Yəni Qiyamət gününü Allah-taala haqq-ədalət işığı ilə işıqlandıracaq. Çünki yer üzünün işığı ədalətdir.” 2. Qiyamət gününün xüsusiyyətlərindən olan “yer üzünün Allahın nuru ilə işıqlanması” deyilərkən pərdələrin çəkilməsi, əşyaların həqiqətinin, əməllərin xeyirli və şər olmasının, itaət, üsyan, haqq və batilin əsl həqiqətinin aşkara çıxması nəzərdə tutulur. Əşyalar işıq olduğu vaxt aşkara çıxır. Şübhəsiz ki, Qiyamətdə həqiqətləri aşkara çıxaran varlıq Allahdır. Çünki Qiyamətdə aşkarlayıcı vasitələr (günəş və s.) qüvvədən düşəcək. Hər şeyin həqiqəti Allahın nuru vasitəsilə aşkara çıxacaq. Bəzi hədislərdə bu ayədə İmam Mehdinin (ə) qiyamına işarə edildiyi qeyd edilmişdir. Bu hədislərin bənzər tətbiqlərə xidmət etdiyini yaddan çıxarmaq olmaz. Belə ki, İmam Mehdinin (ə) qiyamı vaxtı dünya Qiyamət səhnəsinin bir nümunəsinə çevriləcək, o həzrətin səyi ilə yer üzündə haqq-ədalət hökm sürəcək.[33]
- Sən mələklərin Ərşi dövrəyə alaraq Rəblərinə sitayişlə təriflər dediyini görəcəksən. Bəndələr arasında ədalətlə hökm veriləcək və: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!” – deyiləcəkdir.
[1] Qamusi-Quran, c.6, səh.137
[2] Nümunə, c.19, səh.352
[3] Nümunə, c.19, səh.359
[4] Əl-Mizan, c.17, səh.233 və 245
[5] Ərəb dilində olan “cüt” Azərbaycan dilində “cüt” sözündəın fərqlənir. Dilimizdə “cüt” deyilərkən dişi və erkək birlikdə nəzərdə tutulur. Ərəb dilində isə cüt bu taylardan birinə deyilir.
[6] Nümunə, c.19, səh.381
[7] Nümunə, c.19, səh.394
[8] Nümunə, c.19, səh.401
[9] Əl-Mizan, c.17, səh.250
[10] Nümunə, c.19, səh.412
[11] Nümunə, c.19, səh.415
[12] Təfsiri-mövzui, c.5, səh.311
[13] Əl-Mizan, c.17, səh.255
[14] Nümunə, c.19, səh.425
[15] Nümunə, c.19, səh.432
[16] Nümunə, c.19, səh.452
[17] Nümunə, c.19, səh.457
[18] Təfsiri-mövzui, c.2, səh.566
[19] Nümunə, c.19, səh.481
[20] Nümunə, c.19, səh.487
[21] Ətyəbül-bəyan, c.11, səh.323
[22] Əl-Mizan, c.17, səh.273
[23] Nümunə, c.19, səh.499
[24] Nümunə, c.19, səh.511
[25] Nümunə, c.19, səh.522
[26] Təfsiri-mövzui, c.6, səh.30
[27] Təfsiri-mövzui, c.14, səh.313
[28] Nümunə, c.19, səh.528
[29] Nümunə, c.19, səh.529
[30] Pəyame-Quran, c.6, səh.67
[31] Nəhcül-bəlağə, 186-cı xütbə
[32] Əl-Mizan, c.17, səh.293
[33] Nümunə, c.19, səh.543