“Zuxruf” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ha, Mim!
  2. Aydınlaşdıran kitaba and olsun!
  3. Biz onu ərəbcə və fəsih bir Quran etdik ki, bəlkə siz dərk edəsiniz.
  4. O, yanımızdakı “ana kitabda” (lövhi-məhfuzda) ucadır, möhkəmdir.
  5. Siz həddi aşan adamlar olduğunuza görə, Biz bu zikri sizə çatdırmaqdan imtina etməliyik?
  6. Əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərdik.
  7. Ancaq onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
  8. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin əhvalatına son qoyuldu.
  9. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq, deyəcəklər: “Onları qüdrətli və (hər şeyi) bilən Allah yaratmışdır!” –
  10. Yeri sizin üçün rahatlıq məkanı edən və orada sizin üçün yollar salan varlıq. Bəlkə düz yola yönələsiniz.

———————————————————————————

  1. İlahi vəhy: Bənzər cümlə “Ğafir” surəsinin 15-ci ayəsində də mövcuddur. Daha ətraflı məlumat üçün həmin ayəyə baxa bilərsiniz.
  2. Sən bundan öncə kitab nədir, iman nədir bilmirdin: Bəzi dardüşüncəlilər bu cümləyə əsaslanaraq Peyğəmbərin (s) peyğəmbərliyə seçilməzdən əvvəl Allaha iman gətirmədiyini iddia edirlər. Halbuki ayənin mənası açıq-aydındır: ayədə “Quran nazil olmazdan əvvəl sən Quranı bilmir, onun məzmun və təlimatlarından xəbərsiz idin, onlara imanın yox idi” deyilir. Bu ifadə Peyğəmbərin (s) tövhid inancı, yüksək biliyi, bəndəlik prinsipləri ilə tanışlığı ilə əsla təzad təşkil etmir. Quranın məzmunundan xəbərsiz olmaq bir şey, Allahı tanımamaq, bu haqda bilgiyə malik olmamaq başqa bir şeydir. Peyğəmbərin (s) bu vəzifəyə seçilməzdən əvvəlki həyatından bəhs edən tarix kitabları da bu mənanı təsdiq edir. İmam Əli (ə) isə bu həqiqəti daha aydın şəkildə ifadə etmişdir: “Allahın elçisi süddən ayrıldığı vaxtdan Allah onun alicənab, gözəl əxlaqi keyfiyyətlərə sahib olaraq böyüməsi üçün ən böyük mələyini gecə-gündüz ona yoldaş etdi.”[1] Eyni mənaya “Zuha” surəsinin 7-ci ayəsində də işarə edilmişdir: “Səni itmiş tapıb yönləndirdi”. Bu ayədə də “zall” sözünün mənası yolunu azmış deyil, peyğəmbərlik və Quranın məzmunundan xəbərsiz olan deməkdir.[2]

“Zuxruf” surəsinin ümumi məzmunu: Bu surə ümumilikdə yeddi hissədən ibarətdir: 1. Quranın və Peyğəmbərin (s) peyğəmbərliyinin əhəmiyyəti, nadanların onunla davranışı; 2. Ətraf aləmdə mövcud olan tövhid nişanələri və Allahın insanlara bəxş etdiyi nemətlərin bir qisminin qeyd edilməsi; 3. Şirklə mübarizə Allah haqqında işlədilən xoşagəlməz sözlər və korkoranə təqlidlə mübarizə; 4. Keçmiş peyğəmbərlər, o cümlədən İbrahim (ə), Musa (ə) və İsanın (ə) qövmlərinin tarixindən hissələr; 5. Məad, möminlərin mükafatı və kafirlərin acı taleyi; 6. İmansız düşüncələrə hakim olan yanlış dəyərlər; 7. Surədə qeyd edilən bu bölmələri təkmilləşdirmək və təsirlərini daha da artırmaq üçün dərin məzmunlu nəsihətlər.[3]

  1. Yol neməti: Quranda dəfələrlə xatırlanan bu nemət çoxlarının diqqətindən kənarda qalan nemətlərdəndir. Yer kürəsinin quru sahəsini başdan-başa qırışlar, böyük və kiçik dağlar, təpəliklər əhatə etdiyini bilirik. Dünyanın ən böyük dağ silsilələri arasında kəsiklər mövcuddur. İnsan yolunu həmin kəsiklər arasından tapır. Dağların yer kürəsinin ayrı-ayrı hissələri arasında fasilə salmasına az təsadüf edilir. Bu, Allahın yaranış sisteminin sirlərindən və insanlara bəxş etdiyi böyük nemətlərdən biridir. Bundan başqa, yer kürəsinin bir çox hissələri arasındakı əlaqələr dəniz yolları vasitəsilə gerçəkləşir. Ayənin məzmunu bu mənanı da ehtiva edir.[4]
  2. O, göydən müəyyən miqdarda su endirdi. Onun vasitəsilə ölü bir diyara həyat bəxş etdik. Siz də (Qiyamətdə qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.
  3. O, bütün cütləri yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
  4. onların belində yaxşı qərarlaşasınız. Sonra onlara mindiyiniz zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim onu ram etməyə gücümüz çatmazdı.
  5. Biz Rəbbimizə doğru qayıdacağıq”.
  6. Onlar qullarından bəzisini Allahın bir hissəsi hesab etdilər (Mələkləri Allahın qızları adlandırdılar). İnsan açıq-aydın nankordur.
  7. Yoxsa yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?
  8. Halbuki onlardan birinə, mərhəmətli Allaha aid etdikləri ilə müjdə versələr (sənin qızın olub müjdəsi versələr), üzü qapqara qaralar, qəzəblənər.
  9. Zinətlər, bəzək-düzək içində böyüyən və mübahisə zamanı məqsədini aydın ifadə edə bilməyənimi (Allahın qızı hesab edirlər)?
  10. Onlar mərhəmətli Allahın qulları olan mələkləri qadın hesab etdilər. Məgər onların yaradılışının şahidi olublar? Onların şahidliyi yazılır və buna görə cavab verməli olacaqlar.
  11. Onlar dedilər: “Əgər mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu barədə heç bir bilik və əminliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
  12. Yoxsa onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?
  13. Xeyr! Onlar: “Biz atalarımızı bu dində gördük və biz də onlara tabe olaraq düz yola yönəlmişik!” – deyirlər.

————————————————————————————–

  1. Nemətlərdən istifadə edərkən Allahı xatırlamaq: Bu ayədə dəniz və quru nəqliyyatının yaradılışının qeyd edilməsinin iki məqsədə xitmət etdiyi buyurulmuşdur: birincisi, onlara minərkən Allahın nemətlərini xatırlamaq, ikincisi, bunları insana ram edən Allahı tərifləmək. İnsanlar Allahın yardımı ilə gəmiləri elə düzəldirlər ki, onlar dalğaları yara-yara məqsədə doğru irəliləyir. Allah heyvanları insanlara ram etmişdir. Əgər Allahın lütfü olmasaydı, insanlar bu minikləri saxlaya bilməzdilər. Əks küləklər davamlı olaraq gəmiləri çevirər və biz sahilə çıxıb xilas ola bilməzdik. Əgər fiziki cəhətdən insandan qat-qat güclü olan heyvanlara itaətkarlıq ruhu hakim olmasaydı, insanlar hətta onların yaxınına belə gedə bilməzdilər. Belə ki, bəzən onların qəzəbləndiyinin, itaətkar ruhlarının hökmündən çıxdığının, hətta bir neçə nəfərin qarşısını ala bilmədiyi təhlükəli varlıqlara çevrildiyinin şahidi oluruq. Halbuki adi vəziyyətdə bir insan yüzlərlə heyvanı cilovlaya, cilovu istənilən uşağa verə və uşaq onların cilovundan dartıb istədiyi yerə yönləndirə bilir. Quran ayələrində diqqət çəkən maraqlı nüanslardan biri Allahın bəxş etdiyi nemətlərdən istifadə edərkən oxuması üçün insana bəzi dualar öyrədilməsidir. Bu dualar insan ruhunun tərbiyəsində, qürur və qəflətdən xilas olmasında rol oynayır. Ayədə insanlara göstəriş verirlir ki, miniklərə minərkən Allahın nemətlərinə şükür edib Ona təriflər desinlər. İnsan hər bir nemətdən istifadə edərkən həqiqi nemət sahibini xatırlamağa adət edərsə, nə qəflət qaranlığına qərq olar, nə də təkəbbür uçurumuna yuvarlanar, əksinə, maddi nemət onunla Allah arasında körpü rolunu oynayar. Peyğəmbər (s) hər dəfə miniyinə minmək üçün ayağını üzəngiyə qoyarkən “Bismillah”, mindikdən sonra isə “bütün hallarda həmd Allaha məxsusdur. Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim onu ram etməyə gücümüz çatmazdı. Biz Rəbbimizə doğru qayıdacağıq”, – deyə buyurarmış. Bəzi hədislərdə qeyd edilir ki, kim miniyinə minərkən bu ayəni oxuyarsa, Allahın əmri ilə onun atına heç bir at çata bilməz. Allahın tərbiyəvi təlimləri ilə öz miniklərini fəxr, qürur, özlərini göstərmək, bəzən günah vasitəsi kimi istifadə edən təkəbbürlü və nəfsani istəklərinə qul olan insanların düşüncələri çox fərqlidir.[5]

15-19. Nə üçün mələkləri Allahın qızları adlandırırdılar? Bu ayədə mələkləri Allahın qızları və özlərinin məbudları hesab edən müşriklərin cahil inanclarına işarə edilmişdir. Bu xurafatın cahil ərəblər arasında nə üçün meydana gəlməsi və nə üçün onun çöküntülərinin indi də bəzilərinin təfəkküründə qalması, mələklərin qadın və qız şəklində təsvir edilməsi, “azad mələk”- in uzun saçlı qadın simasında təcəssüm etdirilməsi ilə bağlı onu deyə bilərik ki, bu fikir ola bilsin ki, mələklərin adətən, qapalı yaşayan qadınlar kimi gözə görünməməsindən qaynaqlanır. Ərəb dilində bu təfəkkür tərzinin bir sıra nümunəsi var. Belə ki, günəş diski adətən, öz şüaları ilə örtüldüyü üçün ona baxmaq elə də asan deyil. Ancaq ay belə deyil. Buna görə də ərəb dilində günəş məcazi olaraq qadın cinsində, ay isə kişi cinsində işlədilir. Ola bilısin ki, mələklər zərif varlıqlar olduqları üçün qadınlara bənzədilmişdir. İslamın bu təfəkkür tərzinə qarşı bu qədər mübarizə aparmasına baxmayaraq, bu gün də qadınları vəsf edərkən onlara mələk deyilir. Halbuki kişilər haqqında bu ifadə düzgün sayılmır.[6]

 

  1. Biz səndən əvvəl hansı bir şəhərə (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbər göndərdiksə, onun məst və təkəbbürlü dövlətliləri: “Biz atalarımızı bir dində gördük və onların ənənlərinə də tabe olacağıq!” – dedilər.
  2. (Peyğəmbərləri) dedi: “Əgər sizə atalarınızın dinindən daha doğrusunu gətirsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndəriləni inkar edirik”.
  3. Buna görə də onlardan intiqam aldıq. Bax gör haqqı yalan sayanların aqibəti necə oldu!
  4. Bir zaman İbrahim atasına (əmisi Azərə) və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.
  5. Yalnız məni yaradandan başqa! O, məni doğru yola yönəldəcəkdir”.
  6. O, tövhid kəlməsini özündən sonrakı nəsilər arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə Allaha doğru qayıtsınlar.
  7. Haqq və aşkar bir elçi gələnədək Mən bunlardan da, atalarından da dünya nemətlərini əsirgəmədim.
  8. Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ondan imtina edirik!” – dedilər.
  9. Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük (və varlı) bir adama nazil edilmədi?”
  10. Onlar sənin Rəbbinin mərhəmətinimi təsnif edirlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün (qarşılıqlı yardımlaşsınlar) deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin mərhəməti onların bütün topladıqlarından xeyirlidir.
  11. Əgər (kafirlərin maddi imkanları) insanların (azğınlıqda) vahid bir ümmətə çevrilməsinə səbəb olmasaydı, mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik;

————————————————————————————

  1. Nə üçün Quran dövlətlilərdən birinə nazil olmayıb? Ayədə müşriklərin əsassız bəhanələrindən birinə işarə edilərək buyurulur: Onlar – nə üçün bu Quran Məkkə və Taif şəhərlərindən olan görkəmli və dövlətli bir kişiyə gəlmədi? – deyə etiraz etdilər. Əlbəttə, bir cəhətdən onların belə bir bəhanəyə əl atmasını başa düşmək olardı. Çünki bu insanların dünyagörüşünə görə insanın dəyər meyarı sərvət, var-dövlət, zahiri mövqe, şöhrət idi. Onlar qəbilənin varlı adamlarının və zalım qocalarının Allah dərgahına ən yaxın adamlar olduğunu düşünürdülər. Buna görə də Allahın böyük nemətinin – peyğəmbərlik missiyasının bu cür insanlardan birinə deyil, əksinə Mühəmməd adlı yetim, yoxsul və kasıb bir adama nazil edilməsinə təəccüblənirdilər. Təbii ki, yanlış dəyərlərin hökm sürdüyü bir sistemdə belə bir qənaətə gəlmək normaldır. Təkcə o dövrdə deyil, bütün dövrlərdə insanların təfəkkür tərzlərindəki yanlışlığın əsas səbəblərindən biri məhz bəzən həqiqətləri tamamilə tərsinə göstərən yanlış dəyər sistemidir. Allahın dəvət missiyasını bütün varlığı təqva ruhu ilə dolmuş, ayıq, iradəli, əzmkar, qərarlı, cəsur, şücaətli, ədalətli, məhrum və məzlum insanların halından xəbərdar olan bir şəxs yerinə yetirməlidir. Səmavi missiyanı daşımaq üçün lazım olan həqiqi dəyərlər gözəl geyimlər, bahalı, təmtəraqlı saraylar, bəzək-düzək əşyaları deyil, məhz yuxarıda sadaladıqlarımızdır. Həqiqi dəyərlərlə yalançı dəyərlər səhv salınmasın deyə, peyğəmbərlərin heç biri yalançı dəyərlərə sahib olmamışlar.[7]
  2. Quran bir insanın başqa bir insan tərəfindən işlədilməsini qəbul edirmi? Sualın cavabı ayənin məzmununa diqqət yetirdikdə aydın olur. Bəzi adamlar hesab edirlər ki, bir qrup insan başqa bir qrupu zor gücünə işlədə bilər. Əslində, məsələ heç də qeyd edildiyi kimi deyil. Ayədə insanların ümumilikdə bir-birindən istifadə edə biləçəklərindən danışılır. Hər bir insan özünəməxsus imkan, bacarıq, potensial və hazırlığa malikdir. İnsan yalnız malik olduğu potensial üzrə fəaliyyət göstərə bilir. Nəticədə, fəaliyyət göstərdiyi sahədəki xidmətlərini başqalarının, eyni zamanda qarşı tərəflər də öz xidmətlərini onun ixtiyarına verirlər. Bu da qarşılıqlı xidmət təklifi, ikitərəfli və çoxtərəfli fəaliyyət, qarşılıqlı yardımlaşma adlanır. Belə ki, əgər bütün insanlar mənəvi və fiziki cəhətdən eyni imkanlara malik olsaydılar, sosial sistem yaranmazdı. Bu qaydanı hüceyrələr haqqında da söyləyə bilərik. Əgər insan bədəninin hüceyələri quruluş, incəlik və müqavimət baxımından eyni olsaydılar, insanın fiziki sistemi məhv olardı. Məsələn, ayağın daban sümüyünün çox möhkəm hüceyrələri ilə göz şəbəkəsinin zərif hüceyrələri çox fərqlidir. Bu hüceyrələrin hər biri təyinatları üzrə fəaliyyət göstərir. Ədalətin mənası hər bir şeyin eyni olması, eyni şəraitə malik olması deyil, hər bir şeyin özünə münasib olan yerində olmasıdır. Bəzən insanlar şüar verərkən fərqinə varmadan bərabərlik sözündən istifadə edirlər, ancaq məlumdur ki, əməl mərhələsində fərqləri nəzərə almadan sistem, nizam-intizam yaratmaq qeyri-mümkündür. Əlbəttə, bu fərqlilik bir insanın başqa bir insan tərəfindən istismar edilməsinə bəhanə olmamalıdır. Öz yaradıcı qüvvələrindən isitfadə etməsi, bacarıqlarını çiçəkləndirməsi, fəaliyyətlərinin nəticələrindən bəhrələnməsi, güc və qüdrəti olanların çatışmazlıqların aradan qaldırılmasına çalışması üçün hər kəs azad olmalıdır.[8]
  3. evlərinin qapılarını və söykəndikləri taxtları da.
  4. Növbənöv zinətlər də (verərdik). Bütün bunlar sadəcə, dünya həyatının (ötəri) ləzzətidir. Axirət isə Rəbbinin yanında ancaq təqvalılara məxsusdur.
  5. Kim Allahı xatırlamaqdan üz döndərsə, Biz Şeytanı ona calayarıq və o da hər zaman ona yaxın olar.
  6. Şeytanlar onları haqq yoldan sapdıracaq, halbuki onlar özlərinin əsl haqq yolda olduqlarını güman edəcəklər.
  7. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyəcək: “Kaş, mənimlə sənin aranda günçıxanla günbatanın arası qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”
  8. (Ancaq onlara deyəcəyik:) “Siz haqsızlıq etdiyinizə görə bu gün bu danışıqların sizə heç bir faydası yoxdur. Hamınız əzabda ortaqsınız!”
  9. Sən sözlərini karlara eşitdirə və ya korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldə bilərsənmi?
  10. Əgər səni onların arasından alıb aparsaq, onlardan, mütləq, intiqam alacağıq.
  11. Əgər (sağ qalsan və) onlara vəd etdiyimizi sənə göstərsək, Biz onların üzərində hökmranıq.
  12. Odur ki, sənə vəhy olunandan möhkəm yapış, çünki sən düz yoldasan.
  13. Bu (Quran) sən və sənin xalqın üçün bir xatırladıcı vasitədir. Tezliklə sorğu-sual olunacaqsınız.
  14. Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş: Biz mərhəmətli Allahdan başqa ibadət üçün məbudlarmı təyin etdik?
  15. Biz Musanı Öz ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik. (Musa onlara) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
  16. Ayələrimizi onlara gətirəndə onlara gülürdülər.

————————————————————————————-

33-35. Yanlış dəyərlərin aradan qaldırılması: Doğrusu, yalançı dəyərlərin aradan qaldırılması üçün bu ayələrdə qeyd ediləndən daha məzmunlu ifadə tapılmaz. Şəxsiyyətin dəvələrin sayı, dinar və dirhəmin miqdarı, nökər və kənizlərin sayı, evlər və onların əşyaları ilə ölçüldüyü, yetim və maddi cəhətdən yoxsul olan Mühəmmədin peyğəmbər seçilməsinin təəccüblə qarşılandığı bir cəmiyyəti dəyişmək üçün bu yanlış dəyər kompleksi darmadağın edilməli, yerində təqva, elm, fədakarlıq, şücaət və mərhəmət kimi əsl insani dəyərlərin bərpa edilməsi ən vacib məsələdir. Əks təqdirdə, bütün islahat tədbirləri səthi, davamsız və əsassız olacaqdır. İslam, Quran və Peyğəmbərin (s) ən üstün şəkildə həyata keçirmək istədikləri də bu olmuşdur. Buna görə də tamamilə geridə qalmış, insan cəmiyyətinin ən çox xurafata uğramış bir hissəsi qısa zaman ərzində ilk sırada qərarlaşacaq qədər inkişaf etmişdir. Peyğəmbərin (s) bu proqramla bağlı buyurduğu bir hədisdə belə deyilir: “Əgər Allah yanında dünyanın milçəyin qanadı qədər çəkisi olsaydı, Allah kafirə bir qurtum belə su içirtməzdi.”[9]

36-38. Şeytanın yoldaşı: Bu ayələrə əsasən Allahı unutmaq, Onu xatırlamamaq, dünya ləzzətləri içində qərq olmaq, dünyanın bər-bəzəyinə aldanmaq Şeytanın insanı istila etməsinə, hər zaman yanında olmasına səbəb olur. Kimsə bu ayədə məcburiyyət olduğunu iddia edə bilməz. Çünki bütün bunlar insanın öz etdiyi əməlləri nəticəsində baş verir. İnsanın etdiyi əməllər, xüsusilə dünya ləzzətlərinə və müxtəlif günahlara aludə olmaq ilk olaraq insanın qəlbinə və qulağına möhür vurulması, gözünə pərdə asılması, insanın Allahdan uzaqlaşması, şeytanların insanları istila etməsi, hətta qayıdış yolunun tamamilə bağlanması ilə nəticələnir. Deməli, şeytanlar və şeytani düşüncələrin insanı hər tərəfdən mühasirəyə almasının səbəbi insanın öz əməlləridir.[10] Şeytanların mühasirəsi artıq insanın düz yolla yanlış yol arasında fərq qoymamasına, Allah yolundan azdığı halda, özünün haqq yolda olduğunu düşünməsinə səbəb olur. Ümumiyyətlə, insan fitri olaraq haqq və həqiqətə meyilli olur, həqiqəti və doğrunu bilmək istəyir. Əgər həqiqət insana təqdim və təklif edilsə, o da nəfsinin istəklərinə tabe olduğu üçün həqiqətdən üz çevirsə, həyatına eyni qaydada davam etsə, Allah onun qəlbinə möhür vurar, haqqı görən gözünü kor edər, şeytanları ona yoldaş edər. Artıq bu cür insan həqiqəti dərk etməz, hər bir pak fitrətin qəbul etdiyi həqiqəti şeytanın təlqin etdiyi yanlışa tətbiq edər və yanlış yolda olduğu halda, haqlı və doğru yolda olduğunu güman edər, haqq yoldan sapdığı halda, haqq yolda addımladığını düşünər.[11] İmam Əli (ə) belə buyurub: “Haqq yoldan sapmışlar Şeytanı fəaliyyət meyari seçdilər, Şeytan da onları özünə ortaq etdi, kökslərinə yumurta yığıb cücə çıxardı, ətəkləri üzərində yeridi, gözləri ilə baxdı, dilləri ilə danışdı, onları yanlış yola saldı, çirkinlikləri gözlərinə gözəl göstərdi, sanki danışıqlarının sahibinə çevrildi.”[12]

  1. Bizim onlara göstərdiyimiz hər bir nişanə (və möcüzə) digərindən daha böyük idi. Onları əzaba düçar etdik ki, bəlkə, (doğru yola) qayıdalar.
  2. Onlar (əzaba düçar olduqdan sonra): “Ey sehrbaz! Rəbbini səninlə olan əhdinə vəfa etməyə çağır, biz doğru yola yönələcəyik” – dedilər.
  3. Ancaq Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən dönürdülər.
  4. Firon qövmünü səsləyib dedi: “Ey qövmüm! Misir səltənəti mənim deyilmi? Bu çaylar mənim əmrimlə axmırmı? Məgər görmürsünüzmü?
  5. Məgər mən bu aşağı sinifdən və ailədən olan, hətta aydın danışa bilməyən adamdan daha üstün deyiləmmi?
  6. Nə üçün ona qızıl bilərziklər verilməyib və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”
  7. (Firon) öz qövmünü axmaq yerinə qoydu, onlar da ona itaət etdilər. Onlar fasiq bir qövm idi.
  8. Bizi qəzəbləndirdikləri vaxt onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.
  9. Biz onları gələcək nəsilər üçün (əzaba məhkum olmuş) sələflərə və bir ibrətə çevirdik.
  10. Məryəm oğlu örnək göstərilincə sənin qövmün sevinərək güldü.
  11. Dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” (Əgər bizim tanrılarımız Cəhənnəmdədirsə, İsa da Cəhənnəmdədir. Çünki o da tanrı hesab edilib.) Onlar bu bənzətməni sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar kinli və höcətləşən adamlardır.
  12. İsa yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə təyin etdiyimiz bir bəndədir.
  13. Əgər istəsəydik, sizin əvəzinizə yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq.

—————————————————————————————–

  1. Həm sehrbaz adlandırdılar, həm də yardım istədilər: Bu ayənin maraqlı məzmunu var: Firon tərəfdarları Musanı (ə) həm sehrbaz deyə çağırır, həm bəladan xilas olmaq üçün ondan yardım istəyir, həm də haqq yola yönələcəklərini vəd verirlər. Əlbəttə, özündənrazı cahillərin, lovğa təkəbbürlülərin, despot təcavüzkraların təfəkkür və danışıq tərzindən xəbərdar olan insanlar bilirlər ki, onların danışıqları bu cür təzadlar və paradokslarla doludur. Onlar Musaya (ə) möhtac olduqlarını bildikləri halda, ona yalan vədlər verirlər, hətta çarəsiz qaldıqları, yardım dilədikləri halda da təkəbbürlərindən əl çəkmirlər; “bizim Rəbbimiz”, “bizimlə olan əhdinə” demək əvəzinə “sənin Rəbbin”, “Səninlə olan əhdinə” deyirlər. Halbuki Musa (ə) onlarla danışarkən “mən öz Rəbbim tərəfindən” deyil, “mən aləmlərin Rəbbi tərəfindən göndərilmişəm” deyir. Bunlar müxaliflərin inadkarlıqlarından usanmamaları, ümidsizlik və məyusluq dəryasına qərq olmamaları, Musa (ə) və İsrail oğlları öz yollarına davam edib Firon tərəfdarları üzərində qələbə çaldıqları kimi, əzmkarlıq və mətanət göstərib öz yollarına davam etmələri üçün müsləmanlara bir dərs, Peyğəmbərə (s) isə təsəllidir. Bundan əlavə, Firon və tərəfdarlarından heç də güclü və qüdrətli olmayan inadkar düşmənlərə bir xəbərdarlıqdır ki, onlara baxıb öz aqibətlərini düşünsünlər.[13]
  2. Fikir və düşüncələri istila etmək bütün cinayətkar hökumətlərin metodudur: İnsanları aşağı düşüncə səviyyəsində saxlamaq, fikirlərini boğmaq, müxtəlif vasitələrlə onları axmaq yerinə qoymaq, davamlı olaraq həqiqətlərdən, gerçəklərdən xəbərsiz qoymaq, yalançı dəyərləri həqiqi dəyərlər adına insanlara sırımaq zalım, despot və cinayətkar hökumətlərin öz diktatura və avtoritarlıqlarını davam etdirmələri üçün həyata keçirdikləri metoddur. Millətlərin oyaqlığı, ayıqlığı və azad təfəkkürü diktator hökumətlərin ən böyük düşməni olduğu üçün daim ona qarşı mübarizə aparırlar. Bu fironsayağı üsul, yəni ağılların gülünc vəziyyətə salınması, yüngülləşdirilməsi müasir dövrümüzdə də cinayətkar dövlətlərin tam qüvvəsi ilə həyata keçirdiyi bir metoddur. Bu məqsədə nail olmaq üçün Fironun əlində olan vasitələr məhdud idi, ancaq dövrümüzün təcavüzkarları, qəsbkarları, avtoritarları, diktatorları millətlərin tamamilə xəbərsiz qalıb müti olmasına nail olmaq üçün kütləvi informasiya vasitələrindən, mətbuatdan, radio, televiziya və sair vasitələrdən geniş şəkildə istifadə edirlər. Buna görə də peyğəmbərlərin məktəbini davam etdirən, onların fikir xəttində irəliləyən alimlər və din mütəfəkkirləri ağılların gülünc vəziyyətə salınmasına qarşı mübarizədə üzərlərinə ağır vəzifə götürürlər. Diqqət çəkən məqam ayənin “onlar fasiq bir qövm idi” cümləsi ilə bitir. Allah-taala bu cümlə ilə başa salmaq istəyir ki, Misir xalqı fasiq idi, Allahın itaətindən, ağlın hökmündən çıxmasaydı, bu cür təbliğatlara uymaz, öz əli ilə özünü azğınlığa məhkum etməzdi. Onlar bu azğınlıqlarına görə üzürlü sayılmırdılar. Düzdür ki, Firon onları aldadaraq özünə müti etmişdi, ancaq onlar da kor-koranə itaətkarlıqları ilə buna zəmin yaratmışdılar. Əslində bu xalq caniyə tabe olan bir cani idi.[14]
  3. O (İsa) Qiyamət gününün bilinmə səbəbidir (İsanın enişi Qiyamətin yaxınlaşmasından xəbər verir). Ona əsla şəkk etməyin və Mənə tabe olun ki, düz yol budur!
  4. Şeytan sizi (Allahın yolundan) döndərməsin. O, sizin aşkar düşməninizdir.
  5. İsa aydın dəlillər gətirib dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ixtilafa düşdüyünüz bəzi şeyləri izah etməyə gəlmişəm. Təqvalı olun və mənə itaət edin!
  6. Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. (Təkcə) Ona ibadət edin ki, düz yol budur!”
  7. Bəzi firqələr arasında (İsa ilə bağlı) fikir ayrılığı yarandı (bəziləri ona tanrı dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
  8. Onlar özləri də hiss etmədən Qiyamətin qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
  9. O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.
  10. Ey bəndələrim! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də.
  11. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz.
  12. Siz də, zövcələriniz də hədsiz sevinclə Cənnətə daxil olun!
  13. Onların dövrəsinə qızıl qablar və piyalələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.
  14. Bu, etdiyiniz əməllərə görə varis olduğunuz Cənnətdir.
  15. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz.

—————————————————————————————–

  1. İsa (ə) Qiyamətin əlamətidir: Bu ayənin təfsiri ilə bağlı iki ehtimal mövcuddur: 1. İsanın (ə) dünyaya atasız gəlməsi Allahın sonzus qüdrətindən xəbər verir. Öldükdən sonra dirilmə bu qüdrət sayəsində baş verir; 2. Hədislərdə İsanın (ə) axırzamanda göydən enəcəyi qeyd edilmişdir. Bu isə Qiyamətin yaxınlaşmasından xəbər verəcək. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İsa enəcək, müsəlmanların əmiri (İmam Zaman) deyəcək: “Önə keçib namaz qıl”. Həzrət İsa deyəcək: “Xeyr, siz önə keçib namaz qılın. Çünki siz bir-birinizin imam və əmirisiniz (onların əmiri sizsiniz). Bu, Allahın bu ümmətə verdiyi dəyərdir, hörmətdir.” (Sonra həzrət İsa Mehdiyə iqtida edəcək).”[15]
  2. Dostların düşmənçiliyi: Qiyamətin bir xüsusiyyətinin təsvir edildiyi bu ayə əvvəlki ayədə də “saat” deyilərkən Qiyamət gününü nəzərdə tutulduğunu deməyə əsas verir. Həmin gün təqvalılar istisna olmaqla, bütün dostlar bir-birinə düşmən kəsiləcək. Həmin gün dostluqların düşmənçiliyə çevrilməsi təbii bir haldır. Çünki onlar bədbəxtliklərində bir-birini günahlandıracaqlar. Təkcə təqva sahibləri belə olmayacaq, əbədi dəyərlər ətrafında toplaşdıqları üçün onların dostluğu əbədi olacaq. Bu əbədi dostluğun bərəkətli nəticəsi Qiyamət günü daha çox aşkar olacaq, daha da möhkəmlənəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Bilin, bu dünyada Allaha xatir olmayan bütün dostluqlar düşmənçiliyə çevriləcək.”[16] Başqa bir hədisində isə İmam Sadiq (ə) belə buyurmuşdur: “Dost axtararkən yerin zülmət qaranlıqlarında da olsa, bütün ömrünü axtarmağa da sərf etsən, Allahdan qorxanları tap. Çünki Allah yer üzündə peyğəmbərdən sonra onlardan yaxşısını yaratmamışdır. Allah-taala heç bir bəndəyə onlarla yoldaşlıq etməkdən yaxşı nemət bəxş etməmişdir. Allah-taala buyurub: “O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.” Hesab edirəm ki, bu zamanda eyibsiz dost axtaran dostsuz qalacaqdır.”[17]
  3. Cənnətdə bütün ləzzətlər var: Əgər bütün insanlar bir yerə toplaşıb Cənnət nemətlərini vəsf etmək istəsələr, bu cümlədə qeyd edilənlərdən artığını söyləməyə qüdrətləri çatmaz. Varlıq aləmi genişlikdə, təsəvvürümüzə gələ biləcək və ya bilməyəcək bir miqyasda gözəl və əhatəli bir ifadədir. Ondan üstün söz tapmaq mümkün deyil. Şairin poetik dili ilə desək: “Nə görərsənsə, ürəyin onu istəyər, ürəyin nə istəyərsə, onu da görərsən”. Bu ayəni təfsir edərkən təfsirçilər ortaya belə bir sual atmışlar: “Bu ayənin məna genişliyi və məzmun miqyası bu dünyada haram olan şeylərin o dünyada halal olacağını və istənildikdə veriləcəyini deməyə əsas verirmi?” Əslində, bu sualı irəli sürənlər haram və çirkinliklərin insan ruhu üçün iyrənc qidaya bənzədiyini, sağlam ruhun qətiyyən belə bir qida istəmədiyini, yalnız xəstə ruhun münasib olmayan zəhərli qidaya meyl göstərdiyini nəzərdən qaçırıblar. Belə ki, bəzən elə xəstələrə rast gəlirik ki, xəstəlikləri baş qaldırdıqda torpaq və ya başqa şeylər yeyirlər. Amma xəstəlikləri aradan qalxan kimi, bu saxta iştah kəsilir. Cənnət sakinlərinə gəldikdə, onlarda belə bir istək yaranmayacaq. Çünki bu cür istək və meyllər cəhənnəmlik olan xəstə ruhlara məxsusdur. Bir ərəb Peyğəmbərdən (s) soruşur: Cənnətdə dəvə də olacaq? Çünki mən dəvəni həddən artıq çox sevirəm. Peyğəmbər (s) Cənnətdə ərəbə dəvəsini unutduracaq nemətlərin olduğunu bildiyi üçün qısa və lakonik olaraq belə buyurur: “Ey ərəb, əgər Allah səni Cənnətə daxil etsə, ürəyin istədiyi və gözünü oxşayan nə varsa, orada ona nail olacaqsan.”[18]

 

  1. Günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
  2. Onların əzabı heç vaxt yüngülləşdirilməyəcək və orada hər şeydən məyus olacaqlar.
  3. Biz onlara zülm etmədik, onlar özləri zalım idilər.
  4. Onlar fəryad qoparıb (Cəhənnəmin gözətçisinə) deyəcəklər: “Ey Malik! Rəbbin bizi öldürsün!” O isə deyəcək: “Siz burada əbədi qalacaqsınız!”
  5. Biz sizə haqqı gətirdik, ancaq çoxunuzun haqdan xoşu gəlmədi.
  6. Yoxsa onlar hiylə üçün qəti qərar qəbul etdilər? Bizim də qərarımız qətidir.
  7. Yoxsa onlar Bizim onların sirlərini və gizli danışıqlarını eşitmədiyimizi düşünürlər? Xeyr! Yanlarında yazan elçilərimiz (və mələklərimiz) vardır.
  8. De: “Əgər Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım.
  9. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların Ona aid etdikləri xüsusiyyətlərdən uzaqdır, təmizdir!”
  10. Onları öz başlarına burax, qoy vəd olunduqları günə qovuşanadək batil əməllər içində qərq olsunlar və başları qarışsın.
  11. Göydə də, yerdə də məbud Odur. O, hikmət sahibidir, biləndir.
  12. Göylərin, yerin və onların arasında olan hər şeyin hakimi olan Allah mübarək və əbədidir! Qiyamətin nə vaxt qopacağını O bilir və siz Onun hüzuruna qaytarılacaqsınız.
  13. Onu qoyub çağırdıqları şəfaət verə bilməzlər. Yalnız haqqa şahidlik edənlər və bilənlər istisnadır.
  14. Əgər onlardan onları kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!” – deyərlər. Bəs Ona bəndəlik etməkdən necə yayınırlar?
  15. Onlar Peyğəmbərin: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!” – deyə etdiyi şikayətdən (necə xəbərsiz qalırlar?)
  16. (İndi ki belədir) onlardan üz çevirib: “Salam olsun sizə!” de. Onlar tezliklə biləcəklər.

——————————————————————————————

  1. Əgər Allahın övladı olsaydı, Ona ilk ibadət edən mən olardım: Bəzi təfsirçilərə ayənin mənası çox mürəkkəb görünmüş, buna görə də ona müxtəlif izahlar verməyə çalışmışlar. Bəzi izahlar isə çox qəribə görünür. Əslində, ayənin mənası heç də mürəkkəb deyil, Allah-taala inadkar insanlara qarşı maraqlı bir metoddan isitfadə etmişdir. Bunu aydın bir misalla belə izah edə bilərik: Bir adam səhvən kiminsə daha böyük alim olduğunu söyləyir. Həmin şəxs heç də söyləndiyi kimi olmadığı üçün belə cavab veririk: “Əgər o, hər kəsdən savadlı və elmli olsa, ona tabe olan birinci adam biz olarıq”. Bununla da qarşı tərəfi düşünməyə, iddiasını sübut etmək üçün dəlil axtarmağa, həqiqət üzə çıxdıqdan sonra onu qəflət yuxusundan oyanmağa vadar edirik.[19]
  2. Kim şəfaətçi ola bilər? Bu ayələrdə şirkin yanlış olduğundan və müşriklərin həyatlarının acı sonluğundan söhbət açılır. Ayədə müşriklərə başa salınır ki, əgər onlar şəfaət niyyəti ilə öz tanrılarına üz tuturlarsa, bilsinlər ki, Allahı qoyub çağırdıqları heç bir tanrı şəfaət edə bilməz, Allah dərgahında şəfaət yalnız Onun Öz izn ilə mümkündür. Hikmət sahibi olan Allah ağlı, şüuru və dəyəri olmayan bu daş və ağaclara belə bir icazə verməmiş və verməyəcək. Ancaq məbudlar arasında mələklər və Allahın İsa (ə) kimi xüsusi bəndələri olduğu üçün ayənin davamında Allah istisna edərək belə buyurmuşdur: “Yalnız haqqa şahidlik edənlər”. Tövhid və Allahın təkliyini bütün dərəcələri ilə qəbul etmiş, Haqq qarşısında tam itaət göstərən şəxslər Allahın iznilə şəfaətçi ola bilərlər. Təbii ki, onlar da bütpərəst, müşrik və təkallahlıq dinindən dönməsindən asılı olmayaraq, hər adam üçün şəfaətçi olmurlar. Onlar kimə şəfaətçi olacaqlarını yaxşı bilirlər. Bu ayə Allah dərgahında şəfaətçi olanların əsas şərtini təyin edir. Həmin şəxslər haqqa şahidlik edənlər, haqqın bütün mərhələlərindən xəbərdar olan, tövhid ruhundan yaxşı xəbəri olan, şəfaət olunanların şərtlərini də yaxşı bilənlərdir.[20]
  3. Ayədə “salam” deyilərkən nə nəzərdə tutulur? Əslində bu “salam” “Furqan” surəsinin 63-cü ayəsində qeyd edilən “salam”la eyni mənanı daşıyır: “Nadanlar onlara söz atdıqları zaman onlara salam verirlər (və etina etməyib alicənablıqla keçib gedirlər).”[21] Bu salam zəiflik və acizlik deyil, etinasızlıq və alicənablıq əlamətidir. Bu salam cahil və yelbeyin insanlarla qarşılaşmamaq üçün verilən bir salamdır. Bu salam sevgi və dostluq əlaməti olan sağlamlıq diləmək deyil, onların faydasız sözlərinə vida etmək üçün verilmiş salamdır. Xülasə, səbir, dözüm və alicənablıq əlaməti olan bir salamdır.[22]

[1] Nümunə, c.20, səh.505

[2] Nümunə, c.27, səh.103

[3] Nümunə, c.21, səh.3

[4] Nümunə, c.21, səh.17

[5] Nümunə, c.21, səh.21

[6] Nümunə, c.21, səh.26

[7] Nümunə, c.21, səh.47

[8] Nümunə, c.21, səh.51

[9] Nümunə, c.21, səh.57

[10] Nümunə, c.21, səh.64

[11] Əl-Mizan, c.18, səh.103

[12] Nəhcül-bəlağə, 7-ci xütbə

[13] Nümunə, c.21, səh.80

[14] Nümunə, c.21, səh.88

[15] Nümunə, c.21, səh.100

[16] Nümunə, c.21, səh.110

[17] Nurus-səqəleyn, c.6, səh.444

[18] Nümunə, c.21, səh.115

[19] Nümunə, c.21, səh.127

[20] Nümunə, c.21, səh.134

[21] Nümunə, c.21, səh.138

[22] Nümunə, c.21, səh.149