Besətdən qabaqkı cahiliyyət dövrü və insanların cahillikdə hara yetişdiyi barədə düşünmək lazımdır. Bir qrup yəhudi, bir qrup xristian, ümumi camaat isə bütpərəst idilər. İnsanlar Allahdan uzaqlaşmış, insani əxlaqı unutmuş, yırtıcılıq əxlaqı və heyvanlıq xüsusiyyətlərini özlərinə almışdılar. İş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri basdırır, beləliklə bağlılıqları qırırdılar. Batil işlərlə iftixar edir, ədalətə riayət etmir, bir-birlərinin haqlarını pozur, güclülər zəifləri əzir, şərəfli insanları məhv edir, alimlərə düşmən kəsilir, ariflərdən qaçır, elmə arxa çevirir, yaxşılıq və dözümü pis bir xüsusiyyət sayır, qohumluq əlaqələrini kəsir, özlərini heyvanlara oxşadır, qumar oynayır, şərab içir, ağılı ayaq altına qoyur, öz övladlarını öldürür, şəhərləri viran qoyur, yaxşılıqları unudur, ilahi şəriətlərlə mübarizəyə qalxır, sərmayələri məhv edir, çirkin işlərlə məşğul olurdular. Özünü bəyənmək və təkəbbür onların arasında rəvac tapmış, dözümsüzlüklə iftixar edir, pis və çirkin işləri özləri üçün seçir, yalan və haqsız şahidlik kimi batil sözlər danışır, peyğəmbərləri öldürür, Allah övliyalarını öz aralarından qovur, fasiqləri özlərinə hakim seçir, zinazadələrə itaət edir, şeytana ibadət edir, Allahı qəzəbləndirir və cəhənnəm odunu alovlandırırdılar. Bu əməllər üzündən Allahın qəzəb dalğaları təlatümə gəldi, az qaldı ki, aləmi məhv etsin və Allahın qəzəb qamçısı onları cəhənnəmə sürüsün, yaxud öz pis əməllərinə məşğul ikən onları bir-birinə çırparaq məhv etsin. Az qalmışdı ki, onların başına od yağsın və hamısını yandırsın, yaxud yerə qərq etsin, ya onların başlarına daş yağdırsın, ya donuza döndərsin, ya əzab, cəza, bəla və digər bədbəxtçiliyə düçar etsin. Lakin Rəbbin lütfü höccəti tamamlamaq və rəhməti kamil etmək üçün onlara şamil oldu, Xatəmul-ənbiya (s) özünün bütün fəzilətləri ilə peyğəmbərliyə məbus oldu ki, aləmlər üçün rəhmət və hidayət üçün nişanə olsun, onları zülmətlərdən çıxararaq nura qovuşdursun, onların nadanlıqlarını elmə, azğınlıqlarını hidayətə, həlakətlərini qurtuluşa, zülmlərini ədalətə, ağılsızlıqlarınıa ağıla, ehtiyaclarını ehtiyacsızlığa, zillətlərini izzətə, viranlıqlarını abadlığa, xarlıqlarını hakimiyyətə, küfrlərini imana, cəhənnəmlərini cənnətə, zülmətlərini nura, qorxularını əmin-amanlığa, məyusluqlarını ümidə, əsarətlərini azadlığa, qul olmalarını azad olmağa çevirsin.
Bir sözlə, onlar üçün dərs oxumamış və özlərindən olan bir peyğəmbər seçdi, onları təmizlədi, onlara Kitab və hikmət öyrətdi, bərk azğınlıqdan nicat verdi.
Onun besətindən sonra insanlar neçə qrup oldular:
Bir qrup onun risalət və dəvətinə qarşı çıxdılar. Beləliklə, döyüşə, öldürülməyə və əbədi əzaba layiq oldular.
Bir qrup zahirdə İslamı qəbul etdi, amma ürəklərində qəbul etmədi və münafiq oldu. İslamı qəbul etməklə bu qrupun canı dünyada qorundu, amma axirətdə münafiqliklərinə görə əbədi cəhənnəmin ən aşağı təbəqələrinə atılacaq.
Bir qrup həm zahirdə, həm də batində müsəlman oldu. Lakin bu qrupdan həm yaxşı, həm də pis əməllər baş verdi. Bu qrup cəhənnəmə getmədən cənnətə getməsi, yaxud əzab olunduqdan sonra cənnətə qaytarılması mümkündür.
Bir qrup həm zahirdə, həm də batində müsəlman oldular, saleh əməllər etdilər, çoxlu yaxşı işlər gördülər. Allah onlara altından çaylar axan bağlar vəd etmişdir. Onlar heç bir əzab və cəza görməyəcək, Allah onların günahlarını bağışlayar, pisliklərini neçə qat yaxşılığa çevirər.
Bir qrup da zahir və batində iman gətirmək, yaxşı əməllər etməkdən əlavə, Mütəal Allaha yaxın olmaq məqsədilə nəfsini rəzilə əxlaqdan saflaşdırdı, gözəl əxlaqla özünü zinətləndirdi. Allah da onları Özünə yaxın edər, onlara yüksək məqamlar verər.
Digər bir qrup isə yuxarıda sadalanan xüsusiyyətləri özündə toplamaqdan əlavə, təfəkkür, zikr və çoxlu təlaşla Rəbbini tanımağa səy etdi, sonra hər hansı şirkdən uzaq xalisliklə Onun təkliyini və tövhidi tanıdı, Onu sevdi, Ona yaxın olmaq üçün Ondan başqa hər şeydən əl çəkdi, Onun görüşünə müştaq oldu. Allah da onları çox yaxşı qəbul etdi, Özünə yaxın etdi, bütün hacətlərini yerinə yetirdi, Öz camalını onlara göstərdi. Onlar da qəlb gözü ilə heç bir pərdə olmadan Onu gördülər. Allah onları Peyğəmbərə (s) və onun ailəsinə (ə) ilhaq etdi, onların yanında sidq məqamında və Qüdrətli Padşahın yanında onlara yer verdi. Onlardır irəli keçənlər, yaxın olanlar, peyğəmbərlərin və şəhidlərin dostları.
Hər halda hər kəs Allahın rəsulunu (s) tanımalı, onun besət nemətini, faydalarını, nurlarını, bərəkət və xeyirlərini dərk etməlidir. Məbəs gününü uca tutmalı, bu günə görə sevinc, şadlıq və şükrü çoxalmalıdır. Bu gün məbus olan kəsi tərifləməli, ona salam göndərməli, onun şəninə layiq əməllər edərək, ona hədiyyə etməlidir.