“Əraf” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Əlif, Lam, Mim, Sad.
- Bu, (insanları doğru olmayan inancları və davranışlarının acı aqibətindən) qorxutmaq və möminlərə xatırlatmaq üçün sənə nazil edilən bir kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın!
- Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa rəhbərlərə və məbudlara tabe olmayın. Siz öyüd-nəsihətə az qulaq asırsınız!
- Biz neçə-neçə şəhər və kəndləri məhv etdik. Əzabımız onları gecə, yaxud gündüz vaxtı istirahət edərkən haqladı.
- Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır.
- Şübhəsiz ki, (həm) peyğəmbər göndərilən ümmətləri, (həm də) peyğəmbərlərin (özlərini) sorğu-suala çəkəcəyik.
- Sonra da onlara (əməllərini) öz elmimizlə şərh edəcəyik. Biz əsla qaib deyildik (hər yerdə bəndələrin əməllərini görürük).
- O gün çəki (əməllərin qiymətləndirilməsi) haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır!
- Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə varlıq sərmayələrini itirənlərdir.
- Biz yer üzünün sahibliyini, hökmranlığını, rəhbərliyini sizə verdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edirsiniz!
- Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
——————————————————————————————-
Surənin ümumi məzmunu: Surənin əvvəlində yaradılış və məad mövzusuna qısa şəkildə işarə edilmişdir. Daha sonra insan şəxsiyyətinin dəyərini göstərmək məqsədilə Adəmin yaranışındakı çox mühüm cəhətlərə işarə edilmiş, Adəm övladlarının düz yola yönəlməsi və özlərini islah etməsi ilə bağlı Allahın onlardan aldığı əhdlər tək-tək qeyd edilmişdir. Tövhid, ədalət, təqva yolundan azmışların uğursuzluğa, məğlubiyyətə uğradığını və həqiqi möminlərin qələbə çaldığını göstərmək üçün keçmiş xalqlar, Nuh (ə), Lut (ə) və Şüeyb (ə) peyğəmbərin qövmlərinin başına gələn hadisələrə işarə edilir və bunlara İsrail oğullarının əhvalatı, Musanın (ə) Fironla apardığı mübarizə də əlavə edilir. Surənin sonunda yenidən yaradılış və məad mövzuları yer alır[1].
- Peyğəmbərə təsəlli verilməsi: “…Sənə nazil edilən Kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın” cümləsində Peyğəmbərə (s) təsəlli verilmişdir. Bu ayələr Allah tərəfindən nazil olduğu üçün onlara görə narahat olmaq lazım deyil, nə çiyinlərinə götürdüyü peyğəmbərlik vəzifəsinin ağırlığına görə, nə inadkar və tərs düşmənlərin ona qarşı göstərəcəkyi reaksiyaya görə, nə də göndərilənin təbliğinin nəticəsinə görə narahat olmaq lazım deyil. Bu surənin Məkkədə nazil olduğunu nəzərə alsaq, Peyğəmbərin (s) hansı problem və çətinliklərlə qarşılaşdığını təsəvvür etmək elə də çətin deyil. Baxmayaraq ki, bu gün biz Peyğəmbər (s) və səhabələrinin Məkkə mühitindəki həyatlarının İslamın ilk dövrlərinə aid cəhətlərini xırdalıqlarına qədər təsvir edə bilmirik. Lakin onun həmin dövrdə həyatın bütün sahələri üzrə tamamilə geridə qalmış bir mühitdə qısa müddət ərzində inqilab etdiyini nəzərə alsaq, hansı çətinliklərin meydana çıxdığını ümumi şəkildə təsəvvür edə bilərik. Buna görə də narahat olmaması üçün Allah ona təsəlli verir, fəaliyyətinin nəticəsinə ümid yaradırdı[2].
- Qiyamətdə əməllərin ölçülməsi: Qiyamətdə əməllərin ölçülməsi və ölçü vasitəsi ilə bağlı çox fikirlər mövcuddur. Lakin nəzərə almalıyıq ki, sözləri tam başa düşmək üçün həmin sözlər öz dövrümüzün mövcud nümunələrinə köklənməməli, məzmunları nəticə aspektindən qiymətləndirməliyik. Məsələn, keçmişdə çıraq, içərisində bir qədər yağ, ortasından fitil asılmış, havanı tənzimləməsi üçün üzərinə şüşə keçirilmiş qaba deyilirdi. Halbuki indi çıraq deyilərkən içində yağ, fitili və şüşə örtüyü olan qab deyil, bir işıqlandırıcı cihaz nəzərdə tutulur. Sadəcə, indiki çıraqla keçmiş çırağı birləşdirən cəhət onların nəticəsidir. Yəni hər ikisi qaranlığa işıq salan vasitələrdir. Tərəzi də belədir. Məsələn, zaman keçdikcə tərəzilərin necə dəyişdiyinin şahidi oluruq. Hətta digər vasitələri ölçmək üçün hazırlanmış və istifadə edilən cihazlara ayrı-ayrı adlar müəyyən edilir. Termometri buna misal göstərə bilərik. Deməli, Qiyamət günü insanların əməlləri, dünyada gödüyümüz tərəzi və ölçü cihazları ilə deyil, xüsusi bir vasitə ilə ölçüləcək. Həmin vasitələr peyğəmbərlər, imamlar (ə) və saleh bəndələr də ola bilər. Əhli-beyt (ə) hədislərində bu məna daha aydın şəkildə ifadə edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günündə ölçü vasitələri peyğəmbərlər və onların canişinləri olacaq.” Başqa bir hədisdə belə qeyd edilmişdir: “Möminlərin əmiri və onun övladlarından olan imamlar tərəzilərdir.” Əslində, dünyanın nümunəvi kişi və qadınları insanların əməllərinin ölçü miqyaslarıdır. Hər kəs onlara nə qədər oxşayırsa, bir o qədər çəkili və dəyərlidir, onlardan uzaq olanlar az çəkili və ya çəkisizdirlər[3].
- (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
- (Allah) buyurdu: “Oradan (olduğun məqamdan) aşağı en. Orada (o məqamda) təkəbbürlü olmağa haqqın çatmır. (Oradan) çıx, çünki sən cılız və alçaqlardansan!”
- (İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
- (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
- (İblis) dedi: “İndi ki Sən məni azdırıb yoldan çıxartdın, mən də Sənin düz yolunun üstündə onlara pusqu quracağam.
- Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gedəcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
- (Allah) buyurdu: “Oradan (o məqamdan) rüsvay olmuş və xar edilmiş halda çıx. And içirəm ki, onlardan hər kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam!
- Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!”
- Şeytan o ikisinin bədənindəki gizli yerləri aşkara çıxarmaq məqsədilə onlara vəsvəsə edib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
- Həm də onlara: “Mən sizin xeyrinizi istəyənlərdənəm”,- deyə and içdi.
- Beləliklə, onları hiylə-kələklə (məqamlarından) endirdi. Həmin ağacdan daddıqda ayıb yerləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbləri onlara xitab edərək buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
————————————————————————————-
- İblsin özünü üstün görməsi: Bu ayədən belə məlum olur ki, İblis odun torpaqdan üstün olduğunu düşünmüşdür. Bu da onun ən böyük səhvlərindən biri idi. Bəlkə də heç səhv etməmişdi, qəsdən yalan danışırdı. Çünk biz torpağın müxtəlif nemətlərin, həyat üçün lazım olan bütün maddələrin mənbəyi, canlı varlıqların öz həyatlarını davam etdirməsi üçün zəruri vasitə olduğunu bilirik. Halbuki od belə bir mahiyyətə malik deyil. Adəmin üstünlüyü onun topraqdan yaranmasında deyildi, onun əsl üstünlüyü insanlıq ruhuna malik olmasında, Allahın nümayəndəsi olmasında idi. Deməli, odun torpaqdan üstün olduğunu hətta fərz etsək belə, bu amil Allahın lütf etdiyi ruh, əzəmət və xəlifəlik qarşısında səcdə edib təvazökarlıq göstərməməyə əsas vermir. Ehtimal ki, Şeytan bütün bunları bilirdi, lakin təkəbbürü və özünü bəyənməsi onun qarşısını aldı, qalanları bəhanə idi[4].
- İblisin təkəbbürünün nəticəsindən ibrət dərsi götürmək: Bu ayədən aydın olur ki, Şeytanın bütün bədbəxtlikləri onun təkəbbüründən qaynaqlanır. Möminlərin əmiri İmam Əli (ə) təkəbbür və özünü üstün tutmağın pisliyi haqqında belə buyurmuşdur: “Allahın İblislə olan davranışından ibrət dərsi götürün. Təkəbbür onun bütün yaxşı əməllərini, səy və cəhdlərini nəticəsiz qoydu. İblis altı min il Allaha bəndəlik etdi, lakin bir saat təkəbbürlü oldu. İblisdən sonra Allaha qarşı bu cür itaətsizlik edən şəxs əzabdan xilas ola bilərmi? Əsla, pak və müqəddəs olan Allah mələyin Cənnətdən qovulmasına səbəb olan bir əməli törətmiş insanı Cənnətə daxil etməz.”[5]
- Şeytan dörd bir tərəfdən pusqu qurub: Bu ayə Şeytanın dilindən qeyd edilmiş, onun insanlara necə pusqu qurması, dörd bir tərəfdən onlara yaxınlaşması və vəsvəsə etməsinə işarə etmişdir. Əlbəttə, “sirati-müstəqim” (düz yol) deyilərkən maddi deyil, mənəvi yol nəzərdə tutulduğu kimi, dörd cəhət deyilərkən də maddi deyil, mənəvi məzmun başa düşülür. Qurana əsasən deyə bilərik ki, “qarşılarından” deyilərkən insanın arzusunda olduğu şirin və ya baş verəcəyindən qorxduğu bədbəxt hadisələr olmasından asılı olmayaraq, gələcəkdə baş verəcək hadisələr nəzərdə tutulur. Hər iki növ hadisə insanın pusqusunda dura bilər. O qədər arzular var ki, insanı günahdan saxlayır, o qədər dəhşətli qorxular var ki, insanı yaxşı işdən, xeyirdən və savabdan saxlayır. “Arxalarından” deyilərkən Adəmin övladları və nəsli nəzərdə tutulur. Çünki insan elə güman edir ki, onun həmişəyaşarlığı övladlarının həyatda olmasından, şadlıq və narahatlığı isə onların şadlıq və narahatlığından asılıdır. Buna görə də halal-haram bilmədən onlar üçün sərvət toplayır, çox vaxt övladlarının dünya xoşbəxtliyini təmin etmək üçün özünü cəhənnəmlik edir. “Sağlarından” deyilərkən insanın müsbət yönü, yəni dini yönü nəzərdə tutulur. Şeytan dini yöndən hücuma keçə, dində ifrat və mübaliğə edərək bu davranışları insanın gözündə gözəl göstərə, insanı Allahın vacib buyurmadığı işləri görməyə vadar edə və bu vasitə ilə insanı cəhənnəmlik edə bilər. “Soldan” deyilərkən dinsizlik nəzərdə tutulur. Şeytan ehtiras və qəzəb vasitəsilə insana nüfuz edə, onu ehtiras yaradan günahlara sövq edə və bu vasitə ilə onu cəhənnəmlik edə bilər. İmam Sadiqin (ə) bu ayə ilə bağlı buyurduğu hədis də qeyd etdiklərimizi təsdiq edir: “Ön tərəfdən onlara doğru gedərəm”, yəni axirəti onların gözündə dəyərsiz edərəm. “Arxa tərəfdən…”, yəni onalrı sərvət toplamağa, Allahın vacib buyurduğu hüquqları yerinə yetirməməyə və bununla da sərvətinin varislərinə qalmasına çalışaram. “Sağ tərəfdən…”, yəni dinlərini azğınlıqla bəzəmək, etdikləri oxşar əməlləri gözəl göstərərək sıradan çıxararam. “Sol tərəfdən…”, yəni dünya ləzzətlərini sevimli, ehtirasları qəlblərinə hakim edərəm.”[6]
- “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq!” – dedilər.
- (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (öz məqamınızdan) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanışıq vasitəsi vardır”.
- (Allah) buyurdu: “Orada (yer üzündə) yaşayacaq, orada öləcək və (Qiyamətdə) oradan çıxarılacaqsınız!”
- Ey Adəm övladları! Sizə bədəninizi örtəcək və bəzək vasitəsi olacaq bir libas göndərdik. Lakin təqva libası daha yaxşıdır. Bunlar xatırlamağınız üçün Allahın nemətlərindəndir.
- Ey Adəm övladları! Şeytan ata-ananızı Cənnətdən qovdurduğu və ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və həmkarları sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.
- Çirkin bir iş tutduqları zaman: “Atalarımızı belə edən gördük. Bunu bizə Allah əmr etmişdir”,- deyirlər. De: “Allah çirkin əməli (əsla) əmr etməz. Allaha bilmədiyiniz şeyimi aid edirsiniz?”
- De: “Rəbbim ədaləti əmr etdi. Hər bir məsciddə (ibadət vaxtı) üzünüzü Ona tərəf tutun. Dininizi yalnız Onun üçün xalisləşdirərək ibadət edin. Sizi ilk başlanğıcda yaratdığı kimi, (Qiyamətdə) yenə qayıdacaqsınız!
- Bir dəstəni doğru yola yönəltdi, (layiq olmayan) bir dəstə isə azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə rəhbər seçmiş və doğru yolda olduqlarını güman edirlər.
—————————————————————————————-
- Həzrət Adəmin günahsızlığı: Bu ayədən belə başa düşülür ki, Adəm (ə) Allahın göstərişinə əməl etmədi, qadağan olunmuş ağaca yaxınlaşdı və onun meyvəsindən yedi. Digər tərəfdən də bilirik ki, o, Allahın peyğəmbərlərindədir, peyğəmbərlər isə məsumdurlar, əsla günah etməzlər. Deməli, Adəm (ə) günah edib? Təfsirçilər bu suala cavab verərkən günahları iki qrupa bölmüşlər: qeyd-şərtsiz günahlar, nisbi günahlar. Qeyd-şərtsiz günah Allahın qəti fərmanına qarşı çıxmaq, bütün vacibləri tərk etmək, istənilən harama bulaşmaqdır. Nisbi günah (daha yaxşını tərk etmək) isə böyük bir şəxsiyyətin malik olduğu məqam və mövqeyə yaraşmayan qeyri-haram bir əməli etməsinə deyilir. Çox yüksək məqam sahibi olan bir şəxsin öz məqam və mövqeyinə uyğun olmayan halal və hətta yaxşı bir əməli də nisbi günah sayıla bilər. Məsələn, mömin və varlı bir şəxsin bir yoxsulu yoxsulluqdan xilas etmək üçün az miqdarda yardım göstərməsi günah deyil, hatta savabdır, lakin sanki günaha batmışdır. Allah dostlarından birinin namazı diqqətsiz qılması da məzəmmətə səbəb olur. Ancaq həmin namaz adi insanlar üçün yaxşı hesab edilə bilər. Adəmə (ə) ağacla bağlı qoyulmuş qadağa haram məzmunlu qadağa deyil, daha yaxşını tərk etməmək qismində olan bir göstəriş olmuşdur. Lakn Adəmin (ə) mövqeyinə əsasən bu qadağa çox mühüm məzmun daşıyır, onu yerinə yetirməmək Allah tərəfindən qeyd olunan şəkildə cəza verilməsinə səbəb olmuşdur. Bir ehtimala görə isə həmin ağacın Adəmə (ə) qadağan edilməsinin səbəbi onun özünün asayşinin təmin olunması üçün idi. Yoxsa ki, həmin ağaca yaxınlaşmaq günah deyildi. Çünki həmin vaxt Adəm (ə) hər hansı öhdəliklə vəzifələndirilmədiyi üçün cəza və mükafat söhbət mövzusu ola bilməz. Məsələn, həkimin ziyanverici qidalara qadağa qoymasını buna misal göstərə bilərik. Şübhəsiz ki, xəstə həkimin göstərişinə əməl etməsə, onun şəxsinə qarşı çıxmış sayılmır, sadəcə, onun tövsiyəsinə laqeyd yanaşaraq özünü çətinliyə salmış olur. Allah-taala Adəmə (ə) göstəriş vermişdi ki, qadağan edilmiş ağacın meyvəsindən yemək onun Cənnətdən çıxmasına, nəticədə, çətinliyə düşməsinə səbəb olacaq. Deməli, həmin ağacın meyvəsindən yemək günah deyildi. Sadəcə, Allahın tövsiyəsindən çıxmaq Adəmin (ə) yer üzündə çətinliyə düçar olmasına səbəb oldu[7].
- Təqva ən üstün libasdır: Allah insanın bədənini, ayıb yerlərini örtən, bədəninin çöldə qalmasının qarşısını alan libasdan danışdıqdan sonra insana zahiri libasdan daha yaxşı olan, onun batini, aşkara çıxarmasından qorxduğu eyiblərini örtən batini libasdan söz açır. Bu libas Allahın göstəriş verdiyi təqva (Allaha görə günahlardan qorunmaq) libasıdır. Məlumdur ki, zahiri eyiblərin aşkara çıxması ilə baş verən rüsvayçılıq və xarlıq batini eyiblərin aşkara çıxması ilə baş verən rüsvayçılıqla eyni səviyyədə deyil. Çünki batini eyiblərin aşkara çıxması Allahın qəzəbi və onun alovlanmış oduna bərabərdir. Deməli, batini libas olan təqva libası zahiri libasdan daha yaxşıdır. İmam Baqir (ə) bu ayədən danışarkən “iffət”i təqva libasının bir nümunəsi kimi tanıtdırdıqdan sonra belə buyurmuşdur: “Təqva libası iffətdir. İnsanın ayıb yeri əynində libas olsa belə, iffət vasitəsilə örtülü olur. Günahkar insanın əynində paltar olsa belə, ayıbları çöldə olur.”[8] Yəni təqvalı insan hətta əynində heç bir paltar olmasa belə, heç bir halda öz iffətini itirmir, iffəti bütün varlığının mahiyyətini təşkil edir. İfətsiz, həyasız insanın əynində növbənöv paltarlar olsa belə, hər bir şəraitdə həyasızdır.
- Şeytandan ehtiyatlı olun: Allah-taala bu ayədə bütün insanlara xitab edərək buyurur ki, batini eyiblərinizi yalnız təqva libası ilə örtün. Bu libas sizin fitrətinizə və zatınıza xas olan bir libasdır. Deməli, Şeytanın, eyiblərini üzə çıxarmaq üçün ata-analarınızın batini təqva libaslarını əyinlərindən çıxardığı kimi, bu libası sizin də əyninizdən çıxarmasına əsla imkan verməyin. Buradan aydın olur ki, Şeytanın Adəmə və Həvvaya qarşı gördüyü iş insanların təqva libaslarının onların canları və ruhlarından çıxarmasının bir nümunəsi olmuşdur. Bəli, aldanmayana qədər hər bir şəxs Cənnətdədir. Aldandığı vaxt Allah onu Cənnətdən çıxardır[9].
- (Allah onlara) buyuracaq: “Sizdən əvvəl yaşamış özünüzə bənzər cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə digərinə lənət oxuyacaq. Nəhayət, hamısı orada zillət içində toplandıqdan sonra tabe olanlar öndər və rəhbərlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunların od əzabını ikiqat artır! (Birini özləri azdıqlarına görə, digərini də bizi azdırdıqlarına görə.)” (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” (Çünki tabe olanlar haqq yolda olmayan rəhbərlərin ətrafına toplaşmasaydılar, onların insanları azdırmağa qüdrətləri çatmazdı.)
- Öndərlər isə tabe olanlara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də etdiklərinizin cəzası olaraq dadın əzabı!” – deyəcəklər.
- Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil olmayacaqlar. Biz günahkarlara belə cəza veririk!
- Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq!
- İman gətirib yaxşı işlər görənlər isə – əlbəttə, Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!
- Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qəsrləri və ağacları) altından çaylar axar. Onlar deyərlər: “Həmd bizi buraya gətirib çıxaran Allaha məxsusdur! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz (buranın) yolu(nu) tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə xitab ediləcəkdir.
———————————————————————————–
- Göyün qapıları: Allah rəsulunun (s) bir hədisində belə buyurduğunu oxuyuruq: “Mömin bəndə dünyadan ayrılıb axirət evinə doğru üz tutduqda, çöhrələri günəş kimi parlayan ağ üzlü mələklər göydən Cənnət libasları və xoş ətirli hənutla onun yanına enərək onun ətrafında əyləşərlər. Sonra ölüm mələyi enər və həmin bəndənın yastığının kənarında əyləşib deyər: “Ey təmiz ruh, Allahın rəhmətinə və razılığına doğru çıx!” Bu zaman möminin canı onun bədənindən su tuluğun ağzından çıxdığı kimi çıxar. Baxmayaraq ki, siz canın alındığını başqa cür görürsünüz. Canını aldıqdan sonra dərhal Cənnət libasına büküb hənutlayarlar və ondan dünyadakı müşkün ətrindən də gözəl bir qoxu qalxar. Onu yuxarı qaldırarlar. Hansı mələyin yanından keçərlərsə: “Bu pak ruh kimdir?”, – deyə soruşar. Onlar isə: “Filankəsindir”, – deyə cavab verər və onu dünyada çağırılan ən gözəl adlarla təqdim edərlər. Nəhayət, dünya səmasının sonuna çatar və onun açılmasını istəyərlər. Göyün qapısı üzlərinə açılar və yeddinci göyə qədər hər bir göyün yaxın mələkləri onu növbəti göyə qədər müşayiət edər, yola salarlar. Bu zaman Allah-taala buyurar: “Mənim bəndəmin əməl dəftərini ən yüksək dərəcələrə qeyd edin və onu yerə endirin. Çünki onları torpaqdan yaratdım, torpağa da qaytarar və yenidən oradan qaldıraram.” Bundan sonra onun ruhu (qəbirdə) bədəninə qaytarılar. Sonra iki mələk gəlib qarşısında oturar və soğru-suala başlayarlar:
– Rəbbin kimdir?
– Rəbbim Allahdır.
– Dinin hansıdır?
– Dinim İslam dinidir.
– Aranızdan seçilmiş bu kişi kimdir?
– O, Allahın elçisidir.
– Haradan bilirsən?
– Allahın kitabını oxudum, ona iman gətirdim və təsdiq etdim.
Bu zaman göydən səs gələr: “Bəndəm düz deyir. Cənnətdən onun üçün paltar gətirin, ayaqları altına xalı sərin. Cənnətin qapısını açın ki, oranın xoş ətri və mehi ona dəysin!” Bundan sonra onun qəbri açılar və oraya gözəl üzlü, gözəl geyimli və gözəl qoxulu bir adam daxil olaraq deyər: “Səni sevindirəcək bir aqibətin müjdəsini gətirmişəm. Bu, sənə müjdə verilən həmin gündür.” Həmin bəndə ondan soruşar: “Sən kimsən ki, simandan xeyir və yaxşılıq yağır?” O deyər: “Mən sənin saleh əməlinəm.” Bəndə deyər: “İlahi, Qiyamət gününü indi et. Qiyamət gününü indi et ki, ailəmə və sahib olduqlarıma qovuşum.”
Sonra Peyğəmbər (s) sözünü belə davam etdirir: “Kafir bəndə axirətə doğru yollananda, dünyadan ayrılarkən qara üzlü mələklər cod paltarlarla enər və onu əhatəyə alarlar. Sonra ölüm mələyi enər, yastığının kənarında əyləşib deyər: “Ey çirkli can, Allahın qəzəbinə doğru çıx!” Bu vaxt ruhunu bədənindən daraq yaş yundan çör-çöpü ayırdığı kimi çıxarar. Sonra onu dərhal cod paltara bükərlər. Ondan yer üzündəki ən mürdar iydən də pis bir iy qalxar. Hansı mələyin yanından keçərlərsə: “Bu çirkli ruh kimindir?”, – deyə soruşar. Onlar isə: “Filankəsindir”, – deyə cavab verər və onu dünyada çağırılan ən pis adlarla təqdim edərlər. Nəhayət, dünya səmasının sonuna çatar və onun açılmasını istəyərlər. Göyün qapısı açılmaz.” Peyğəmbər (s) bura çatdıqda bu ayəni oxumuşdur: “Göyün qapıları açılmaz.” (Peyğəmbər (s) davam edərək buyurur:) “Allah-taala buyurar: “Əməl dəftərini ən aşağı dərəcələrə qeyd edin. Onun ruhunu xar edərlər… Sonra göydən səs gələr: “Bəndən yalan deyir. Onun üçün oddan xalı sərin. Cəhənnəmin qapısını üzünə açın ki, oranın istisi və öldürücü küləkləri ona dəysin.” Sonra qəbir onu elə sıxar ki, kürəyi xurd-xəşil olar. Bu vaxt yanına çirkin üzlü, əynində çirkli paltarlar olan, pis qoxulu bir şəxs gələrək deyər: “Sənə əziyyət verəcək bir sonun müjdəsini gətirmişəm. Bu, sənə vəd verilmiş həmin gündür. Həmin kafir ondan soruşar: “Sən kimsən ki, simandan şər yağır?” Həmin adam deyər: “Mən sənin çirkin əməlinəm.” Bu zaman həmin kafir deyər: “İlahi, Qiyamət gününü gerçəkləşdirmə!”[10]
- Cənnət əhli Cəhənnəm əhlinə səslənib: “Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə verdiyi vədin gerçək olduğunu gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı belə car çəkəcək: “Allah zalımlara lənət eləsin!”
- Onlar insanları Allah yolundan döndərər, (şübhə toxumları səpməklə) onu əyri göstərmək istəyərlər və axirəti də inkar edərlər!”
- Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə var. Əraf (Cənnətlə Cəhənnəmin arasındakı sədd) üzərində isə hər iki dəstəni üzündən tanıyan insanlar vardır. Onlar Cənnət əhlini səsləyərək: “Sizə salam olsun!” – deyərlər, ancaq oranın həsrətini çəkmələrinə baxmayaraq, Cənnətə daxil olmurlar.
- Onların gözləri Cəhənnəm əhlinə sataşdığı zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” – deyərlər.
- Əraf əhli üzlərindən tanıdıqları adamlara sələnərək deyəcək: “Sizə nə yiğdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi.”
- Bunlar (Əraf üzərində olanlar) “Allahın rəhməti onlara şamil olmayacaq”, – deyə and içənlər deyilmi? (Lakin Allaha olan inamlarına və bəzi xeyirli əməllərinə görə Allah onlara buyurar:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”
- Cəhənnəm əhli Cənnət əhlini çağırıb deyəcək: “Bir az su və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram buyurmuşdur.”
- Dinlərini oyun-oyuncaq və əyləncəyə çevirənlərə, dünya həyatının məğrur etdiyi şəxslərə. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!
————————————————————————————–
- Əli (ə) Qiyamətin carçısıdır: İmam Rza (ə) bir hədisində bu ayəyə işarə edərək buyurmuşdur: “O carçı möminlərin əmiri Əlidir (ə).” İbn Abbasa isitnad edilən bir hədisdə belə deyilir: “Kitabda Əlinin (ə) elə adları var ki, camaat onları bilmir. Onlardan biri də bu ayədə qeyd edilən “Carçı” adıdır. O: “Allahın lənəti olsun mənim rəhbər olduğumu yalan hesab edən və haqqımı yüngül sayan şəxslərə!” – deyə car çəkəcək.[11]
46-49. Cənnətin yolu üzərindəki çətin keçid: Ayə və hədislərdən belə başa düşülür ki, “Əraf” Cənnətin yolu üzərində keçilməsi qeyri-mümkün olan bir keçiddir. Təbii ki, saleh və pak insanlar bu keçiddən sürətlə keçəcəklər, lakin yaxşı ilə pisi bir-birinə qarışdıranlar bu yolda qalacaq, çətinliyə düşəcəklər. Cəmiyyətlərin və xalqların rəhbərləri çətin keçidlərdə arxada gəlib bütün orduya yardım göstərən sərkərdələr kimi dayanıb zəif möminlərə yardım göstərəcəklər. Xülasə, ləyaqəti çatanlar bu rəhbərlərin yardımları sayəsində xilas olacaqlar. Deməli, Ərafda iki qrup insan olacaq: zəiflər və mərhəmət edilmiş günahkarlar; bütün hallarda zəiflərə yardım göstərən rəhbərlər. Bəzi hədislərdə də bu mövzu öz əksini tapmışdır. İmam Sadiq (ə) buyurmuşdur: “Əraf Cənnətlə Cəhənnəmin arasında bir təpədir. İmamlar o adamlardır ki, möminlər heç bir sorğu-sual olmadan Cənnətə daxil olduqları halda, onlar Ərafda şiələrin yanında olacaqlar. Öndərlər öz günahkar ardıcıllarına deyəcəklər: “İmanlı qardaşlarınıza yaxşı baxın, sorğu-sual olunmadan Cənnətə tələsirlər.” Bu, Allahın buyurduğu həmin məsələdir: “Sizə salam olsun!” – deyərlər, ancaq oranın həsrətini çəkmələrinə baxmayaraq, Cənnətə daxil olmurlar.” Sonra onlara deyiləcək: “Düşmənlərinizə baxın, oddadırlar.” Bu, Allahın: “Onların gözləri Cəhənnəm əhlinə sataşdığı zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” – deyərlər.”, – deyə buyurduğu həmin məsələdir. Sonra Cəhənnəm əhlinə deyəcəklər: Bunlar (günaha batmış ardıcıllar və şiələr) həmin adamlardır ki, siz onlara: “Allahın rəhməti sizə şamil olmayacaq”- deyə tənə edərdiniz. Bu günahkarlara imamlar tərəfindən belə bir göstəriş veriləcək: “Heç bir qorxu və kədər hissi keçirmədən Cənnətə daxil olun!”[12] Peyğəmbərə (s) aid olan bir hədisdə belə deyilir: “Qiyamət günü Allah bütün bəndələri toplayacaq. Sonra Cənnət əhlinə Cənnətə getmək, Cəhənnəm əhlinə Cəhənnəmə getmək göstərişi veriləcək. Sonra Əraf əhlinə deyiləcək: “Nəyin həsrətini çəkirsiniz?” Deyəcəklər: “İlahi, Sənin fərmanını gözləyirik.” Onlara deyiləcək: “Etdiyiniz yaxşı əməllər sizi oddan xilas etdi. Lakin günahlarınız Cənnətə girməyinizə mane olur. Ancaq Mənim rəhmət və mərhəmətimlə Cənnətə daxil olun!” Əlbəttə, burada onların bağışlanılmasının səbəbkarı Ərafda olan şəfaətçilər və Allah dostlarıdır. Hədislərin birində bir nəfərin Peyğəmbərdən (s): “Əraf yoldaşları kimlərdir?”, – deyə soruşduqda o həzrətin belə buyurduğu nəql edilmişdir: “Onlar atalarına itaətsizlik göstərsələr də Allah yolunda öldürülmüş şəxslərdir. Şəhidlik onların Cəhənnəmə, itaətsizlik isə Cənnətə daxil olmasına mane olur. Onlar Cənnətlə Cəhənənmin arasında olan divarın üzərindədirlər. Allah bütün yaratdıqlarını sorğu-suala çəkdikdən sonra yalnız onlar qalacaqlar. Allah onlara mərhəmət göstərib Öz rəhməti (peyğəmbər və imamların şəfaəti) ilə Cənnətə daxil edəcək.”[13]
- Həqiqətən, Biz onlara tam dolğun şəkildə izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab gətirdik.
- Onlar yalnız ayələrin yozumunu gözləyirlər? Onların yozumunun çatdığı gün daha öncə onu unutmuş olan şəxslər deyəcəklər: “Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı? Yoxsa etdiyimiz əməllərdən başqasını etmək üçün geri qayıdaqmı?” Onlar ömür sərmayələrini tükədiblər. Uydurduqları tanrılar gözlərindən itəcək.
- Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra varlıq aləmini hakimiyyəti altına alan, gündüzü onun arxasınca sürətlə hərəkət edən gecə vasitəsilə örtüb bürüyən, Günəşi, Ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah mübarəkdir!
- Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. O, həddi aşanları sevməz!
- Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşı işlər görənlərə çox yaxındır!
- Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, onun vasitəsilə su endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, xatırlayasınız!
—————————————————————————————-
- Dünyanın altı günə yaranması: Dünyanın altı günə yaranması məsələsinə Quranın yeddi ayəsində işarə eilmişdir. Ortaya belə bir sual çıxır: Bildiyimiz kimi, gecə və gündüz yerin günəş sistemində öz oxu ətrafında firlanması nəticəsində meydana gəlir. Deməli, yer və göy yaranmazdan əvvəl gecə ilə gündüz olmayıb. Belə olan halda dünyanın yaranışı ilə bağlı qeyd edilmiş bu ifadə nə dərəcədə düzgündür? Digər tərəfdən, dünyanın ümumilikdə altı günə yaranması da elmi təsdiqini tapmır. Çünki elm yer və göyün indiki vəziyyətinə milyardlarla ildən sonra gəlib çatdığını sübuta yetirir.
Öncə bunu qeyd etməliyik ki, “gün” sözünün çox geniş məna yükünə malik olması və onun ayrı-ayrı dillərdəki qarşılığı bu sualın yaratdığı şübhəyə aydınlıq gətirir. “Gün” sözü çox vaxt “dövr” mənasında işlənir. (Məsələn, ingilis dilində “time” ərəb dilində olduğu kimi, sutka mənasını ifadə etməklə yanaşı, dövr və zaman mənalarını da bildirir.) Bu dövr bir il də ola bilər, yüz il də, milyon, milyard il də. Nümunə üçün, Allah Quranda “dirilmə”ni “Qiyamət günü” sözü ilə ifadə etmişdir. Halbuki dirilmə dövrünün çox uzun sürəcəyini bilirik. Amma Quran ayələri və hədislər əsasında dirilmə günü və əməllərin hesablanmasının əlli min il sürəcəyi göstərilmişdir. İmamlardan biri bu ayə haqqında belə buyurmuşdur: “Altı gün, yəni altı vaxt, altı dövr.” Hər-halda Quran ayələrinin məcmusundan belə başa düşülür ki, Allah-taala yer və göyü altı ardıcıl dövrdə yaratmışdır. Bu dövrlər milyonlar və milyardlar illə ifadə edilə bilər. Müasir elm bunu inkar etmir. Ehtimal ki, bu dövrlər aşağıdakı ardıcıllıqla sıralanmışdır: 1. Bütün dünya qaz kütləsi şəklində olmuş, öz çevrəsində dövrə vuraraq parçalara ayrılmış və kürələr yaranmışdır. 2. Həmin kürələr tədricən parlaq ərinti, soyuq və həyat üçün əlverişli olan kütlələr şəklini almışdır. 3. Bu kütlələrin bəzisinin dövri hərəkəti nəticəsində sistemlər yaranmışdır. Yerin Günəşdən ayrıldığı Günəş sistemi də belə formalaşmışdır. 4. Yer soyumuş və həyat üçün əlverişli imkanlara malik bir kürə şəklini almış, üzərində sular və dənizlər meydana gəlmişdir. 5. Yerdə bitkilər, ağaclar bitmiş, yemək və qidalanmaq üçün lazım olan şərait yaranmışdır. 6. Yer üzündə canlılar və heyvanlar yaranmışdır[14].
- Yaratmaq və əmr etmək: Ayədə yaratmaq və əmr etmək deyilərkən nəzərdə tutulan məna təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu və digər ayələrin konteksti “yaratmaq” deyilərkən ilk yaranışın, “əmr” deyilərkən isə Allahın əmri ilə yaradılış aləminə hakim kəsilmiş, mövcudatı özünə tabe edən qanunlar və sistemlər nəzərdə tutulduğunu deməyə əsas verir. Bu, əslində, Allahın dünyanı yaradıb onu başlı-başına buraxdığını, Özünün də çəkilib bir kənarda oturduğunu düşünənlərə bir cavabdır[15].
- Dua forması: Şübhəsiz ki, Allahla bağlılıq, məbudla dərdləşmək, Ona dua etmək fərd və cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Allah-taala bu ayədə duanın oxunma qaydasını göstərmişdir: Öncə Allahın ad və sifətlərini qəlbdə və ruhda canlandırıb bütün diqqəti bir yerə toplamaq, yüksək təvazökarlıqla, ağlaya-ağlaya çağırmaq; İkinci, gizlində, səssiz-küysüz bir yerdə təmiz ürək, səmimi qəlblə dua etmək. Bir gün həzrət Musa (ə) bir kişinin əl qaldırıb yalvarışla dua etdyini görüb öz-özünə deyir: “Əgər onun istədiyi mənim əlimdə olsaydı, verərdim”. Allah bu zaman vəhy edərək buyurur: “Mən ona qarşı səndən də mehribanam. O, məni istəyir, ancaq fikri qoyunlarının yanındadır. Mən fikri Məndən başqasının yanında olan bəndənin duasını yerinə yetirmirəm.” Musa (ə) həmin kişiyə yaxınlaşıb ona Allaha səmimi qəlbdən dua etməsini tövsiyə edir. Kişi səmimi qəlbdən dua edir və Allah duasını qəbul edib istədiyini verir[16].
- Təmiz (və münbit) yerin bitkiləri Rəbbinin əmri ilə çıxar. Ancaq pis (şoranlıq) yerdə yalnız dəyərsiz bitkilər bitər. Ayələri şükür edənlərə belə izah edirik.
- Biz Nuhu öz qövmünə göndərdik. O dedi: “Ey mənim qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə görə böyük günün əzabından qorxuram!”
- Qövmünün böyükləri: “Biz səni açıq-aydın azğınlıqda görürük!”, – deyə cavab verdilər.
- (Nuh) dedi: “Mən qətiyyən azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
- Mən sizə Rəbbimin əmrlərini çatdırır və sizin xeyrinzi istəyirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
- Yoxsa sizi (yanlış əməllərinizin nəticəsi ilə) qorxutmaq, sizin də təqvalı olmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdaredici göstərişin gəlməsinə təəccüb edirsiniz?”
- Nəhayət, onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir dəstə idi.
- Ad qövmünə da qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
- Qövmünün kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər.
- (Hud) dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
————————————————————————————-
- İlahi hidayətdən faydalanarkən istedad fərqliliyi: Ayədə bu və o biri dünya həyatında hər kəsin qarşılaşacağı bir məsələyə işarə edilmişdir. Belə ki, hər hansı məqsədin hasil olması üçün təkcə subyekt fəaliyyəti kifayət etmir. Bunun üçün istedad və potensial da şərtdir. Yağış damcılarından daha incə və həyatverici bir şey ola bilməz. Lakin həmin yağışın bir yerdə yaşıllıq və gül bitirməsi, başqa bir yerdə çör-çöp bitirməsi onun incə təbiəti ilə təzad təşkil etmir[17]. Peyğəmbər (s) hədislərinin birində buyurmuşdur: “Allahın mənə peyğəmbər olaraq əmr etdiyi hidayət və elm torpaq üzərinə yağan yağış kimidir. Yağış bir yerə yağır, onun bir hissəsi həmin suyu udur, nəticədə, çoxlu bitkilər göyərir, başqa bir hissəsi udub özündə saxlayır və insanlar həm özləri içmək, həm də əkinlərini suvarmaq üçün ondan istifadə edirlər. Həmin yağış, suyu özündə saxlamayan, bitki göyərtməyən dağ-daşa da düşür. İnsanlar da mənim dinimlə münasibətdə üç qrupa bölünürlər: bəziləri onu öyrənir və öz çullarını sudan çıxarır, başqalarına yardım əli uzatmır, başqalarına heç nə öyrətmirlər; bəziləri həm özləri ondan faydalanır, həm də başqalarına öyrədirlər; üçüncü qrup isə nə özləri ondan faydalaır ,nə də başqasına öyrədirlər.”[18]
- Təkallahlıq inancı peyğəmbərlərin ilk şüarıdır: Təkallahlıq şüarı təkcə Nuh (ə) deyil, bütün ilahi peyğəmbərlərin ilk şüarı olmuşdur. Buna görə də bu və Quranın digər surələrinin ayrı-ayrı ayələrində ilk çağırışa başlayarkən peyğəmbərlərin çoxunun ilk şüarının “ey mənim qövmüm, tək olan Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur”[19] olduğu qeyd edilmişdir. Bu cümlələrdən şirk və bütpərəstliyin bütün insanların xoşbəxtlik yolu üzərində olan ən böyük tikanlar olduğu yaxşı başa düşülür. Təkallahlıq inancının bağbanları olan peyğəmbərlər insan cəmiyyətlərindəki səmərəli gül və ağac növlərini yetişdirmək üçün hər şeydən əvvəl öz yaradıcı təlimləri ilə bu tikanları təmizləməyə çalışırdılar[20].
- Peyğəmbərlər insanların qardaşlarıdırlar: Həzrət Hud (ə), habelə Nuh (ə), Saleh (ə), Lut (ə) və Şüeyb (ə) haqqında qardaş ifadəsinin işlədilməsinin səbəbi onların çox ürəyiyanan, mehriban, öz qövmləri ilə qardaş kimi davranmaları, onların düz yola yönləndirilməsi istiqamətində əllərindən gələni əsirgəməmələri olmuşdur. Bu ifadə fərd və cəmiyyətə qarşı hədsiz dərəcədə can yandıran insanlar haqqında işlədilir. Bundan əlavə, qeyd olunan söz bərabərlikdən və insanın istənilən şəkildə özünü başqalarından üstün tutmamasından xəbər verir. Yəni Allah adamları insanları yönləndirərkən heç bir iddiada olmamış, yalnız onları bədbəxtlik bataqlığından xilas edib Allaha doğru yönləndirmək məqsədi güdmüşlər. Hər halda “qardaşları” deyilərkən din qardaşlığı nəzərdə tutulmamışdır. Çünki bu xalqlar onsuz da peyğəmbərlərin islahedici çağırışlarına müsbət cavab verməmişlər[21].
- Mən sizə Rəbbimin əmrlərini çatdırıram. Mən sizin etibarlı xeyirxahınızam.
- Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdaredici göstərişin gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuhun qövmündən sonra onun yerinə gətirdi, sizi xilqətcə (fiziki cəhətdən) daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”
- Dedilər: “Sən bizə ona görə gəldin ki, biz yalnız tək olan Allaha ibadət edək və atalarımızın tapındıqları bütlərdən əl çəkək? Əgər doğru deyirsənsə, bizə vəd verdiyin şeyi (Allahın əzabını, bəlasını) gətir!”
- Dedi: “Artıq Rəbbinizin nifrət və qəzəbi sizi əhatə edib. Sizin və atalarınızın (tanrı niyyəti ilə bütlərə) qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm! (Siz mənim məğlub olmağımı, mən də ilahi əzabın sizə gəlməsini gözləyirəm.)”
- Nəhayət, onu (Hudu) və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.
- Səmud qövmünə da qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, onu incitməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!
————————————————————————————–
- Ad qövmü güclü idi və qabaqcıl sivilizasiyaya malik idi: “Sizi xilqətcə (fiziki cəhətdən) daha qüvvətli etdi” cümləsi Ad qövmünün fiziki cəhətdən daha güclü olduğuna işarə edir. Həm müxtəlif Quran ayələri, həm də tarixi mənbələr onların iri cüssəli, möhkəm bədənli, güclü, qabaqcıl sivilizasiyaya, yamyaşıl bir əraziyə malik olduğundan xəbər verir. “Fussilət” surəsinin 15-ci ayəsində onların dilindən belə deyilir: “Kim bizdən daha güclüdür?”. “Haqqə” surəsinin 7-ci ayəsndə də etdikləri əməllərin cəzası olaraq onların başlarına gələn bəla haqqında belə buyurulduğunu oxuyuruq: “Sən onların iti əsən küləklər arasında çürümüş və içiboş xurma ağacları kimi yerə yıxılıb məhv olduqlarını görmədinmi?”[22]
- Bütpərəstlərin Hudla (ə) mübahisəsi: Bu ayədə bütpərəstlərin bütlərə sitayişlə bağlı irəli sürdüyü dəlillər rədd edilir. Onlar deyirdilər ki, ataları bütpərəst, eyni zamanda onlardan ağıllı olmuşlar. Buna görə də onlar atalarının yolunu gedir, bütlərə ibadət edirlər. Həzrət Hud (ə) onlara belə cavab verir: “Sizin kimi, atalarınızın da bütlərin tanrı olması ilə bağlı doğru-düzgün dəlilləri olmamışdır. Siz öz əllərinizlə daşı və ya ağacı yonub onlara adlar qoyur, birini bolluq, digərini müharibə, üçüncüsünü isə dəniz və ya quru tanrısı adlandırırsınız. Bu bütlərin sizin qoyduğunuz adlardan başqa heç bir kimliyi yoxdur. Onların tanrılığı yalnız sizin xəyallarınıza aiddir. Hətta adlandırılması belə öz əlinizdə olan bir ovuc xülya ilə mənim qəti dəlil-sübutlara əsaslanan iddiama cavab vermək istəyirsiniz?” “Sizin və atalarınızın (tanrı niyyəti ilə bütlərə) qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir” cümləsi Quranın bir neçə yerində bütpərəstlik ənənəsini puça çıxarmaq üçün təkrar edilmişdir. Bu cümlə bütpərəstliyin puç olduğunu sübut etmək üçün aydın və təsirli dəlil, ən incə və dəqiq izah növlərindən biridir. İddiaçı öz iddiasını sübut etmək üçün dəlil və sübut gətirə bilmədikdə, iddia etdiyi məsələ ilə bağlı konkret forma və tərif vermək üçün xülya qəlibi yaratmaqdan başqa çarəsi yoxdur. Ən primitiv cəhalətlərdən biri insanın dəlil və sübutlar qarşısında inadkarlıq göstərməsi, xülya təriflərə əsaslanmasıdır[23].
- Salehin dəvəsi: “Naqə” dişi dəvəyə deyilir. Quranın yeddi ayəsində Salehin (ə) dəvəsindən söz açılmışdır[24]. Bu, Salehin (ə) peyğəmbərliyini sübuta yetirmək üçün Allahın Səmud qövmü üçün möcüzə olaraq dağdan çıxardığı dəvədir. Buna görə də “naqə” sözü “Allah” sözü ilə təyinləndirilərək “nəqətullah” (Allahın dəvəsi) şəklində işlədilmişdir. Bu dəvə[25] Səmud qövmünü sınamaq üçün Allahın onlara göndərdiyi bir vasitə idi.
- Sizi Ad qövmündən sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını yonub özünüzə evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə fitnə-fəsad törətməyə çalışmayın!”
- Ad qövmünün təkəbbürlü başçıları iman gətirmiş əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz əminsiniz ki, Saleh həqiqətən, Rəbbi tərəfindən göndərilmişdir?” – deyə soruşdular. Onlar: “Bəli, biz ona əmr olunmuş hər bir şeyə inanırıq!” – deyə cavab verdilər.
- Təkəbbürlülər dedilər: “Sizin inandığınızdan biz imtina edirik!”
- Sonra o dəvəni tutub kəsdilər və Rəblərinin əmrindən çıxaraq: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğun şeyi gətir!” – dedilər.
- Nəticədə, lərzəyə gələn yer onları ağuşuna aldı. Sübh vaxtı evlərində yalnız cansız bədənləri qalmışdı.
- (Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin əmrini çatdırdım və xeyirxahlıq şərtinə əməl etdim. Lakin siz xeyirxahları sevmirsiniz!”
- Lutun da öz qövmünə: “Sizdən əvvəl heç bir bəşər övladının etmədiyi çox çirkin bir əməli sizmi edəcəksiniz?
- Siz ehtirasa qapılıb qadınların yerinə kişilərə üz tutursunuz. Siz, doğrudan da, həddi aşmış (yolunu azmış) bir toplumsunuz!”, – dediyi vaxtı xatırla!
——————————————————————————————-
- Yayı düzdə, qışı dağda keçirən Səmud qövmü: Buradan belə başa düşülür ki, Səmud qövmü yayı düzdə, qışı dağda keçirirmiş. Yaz və yay fəsillərində geniş və bol-bərəkətli düzlərdə əkin əkir, heyvandarlıqla məşğul olurdu. Buna görə də düzlərdə gözəl və dəbdəbəli evləri olmuşdur. Soyuqlar düşdükdən və məhsul yığımı başa çatdıqdan sonra oyulmuş qayaların içində, tufan, sel və gözlənilməz təbiət hadisələrinin təsir edə bilmədiyi əmin-aman yerlərdə məskən salır, asudə həyat sürürdü[26].
- “ملأ” sözünün mənası: “ملأ” sözü adətən özləri üçün vahid bir inanc seçmiş, birlikləri və zahiri dəbdəbələri gözlər qamaşdıran bir sinfə deyilir. Bu sözün leksik mənası doldurmaq”dır. Sözügedən ifadə Quranda daha çox zahiri bəzəkli, batini isə çirkin, cəmiyyətin müxtəlif səhnələrini öz varlıqları ilə dolduran təkəbbürlü, lovğa, özlərini bəyənmiş insanlara aid edilir[27].
- Cəmiyyətin təkəbbürlü və istismarçı zadəganları: Təkəbbürlü zadəganlar zahiri gücləri və sərvətlərinə güvənərək, hər zaman cəmiyyətə rəhbərlik etməyə çalışırdılar. Onlar hesab edirdilər ki, bu dəfə də küfr və imansızlıqlarını izhar etməklə başqalarına örnək olacaq, camaat da onlara tabe olacaq. Lakin çox çəkmədi, öz səhvlərini başa düşdülər və anladılar ki, insanlar iman işığında yeni şəxsiyyət qazanmış, fikir azadlığından və iradələrinin gücündən faydalanıblar. Maraqlıdır ki, bu və əvvəlki ayədə imansız zadəganlar təkəbbürlü, imanlı zəhmətkeş kütlə isə zəif adlandırılmışdır. Bu da onu göstərir ki, birinci dəstə özlərini üstün hesab etməklə, əllərinin altında olan insanların hüquqlarını pozmaqla və onların güclərini tükətməklə bu mövqeyə çatmışdır. Günümüzün dili ilə onları istismarçı, aşağı təbəqəni isə istismar edilən təbəqə adlandırmaq olar[28].
- Lutun (ə) əsl nəsəbi və qissəsi: Farabi həzrət Lut (ə) haqqında belə yazır: “Lut” ərəb sözüdür, sözün kökü “Ləvt”, mənası isə yapışqanlıq deməkdir. O həzrət ona görə Lut adlandırılıb ki, onun sevgisi həzrət İbrahimin (ə) qəlbinə yapışmış, hopmuşdur. O, İbrahimin (ə) qardaşı oğlu Harun ibn Tarexin oğludur. Allah-taala onu Mötəfikat adlanan ərazidəki beş şəhərə göndərmiş, həmin şəhərlərin heç birinin əhalisi ona iman gətirməmiş, öz çirkin əməllərindən əl çəkməmişlər[29]. Quran ayələrindən də belə məlum olur ki, o, həzrət İbrahimə (ə) iman gətirmiş, onunla birlikdə müqəddəs Şamata (indiki Suriyaya) mühacirət etmiş, sonra ilk dəfə eynicinslilərin cinsi münasibəti kimi çirkin günaha batmış xalqa doğru göndərilmişdir. Tarixi mənbələrin yazdığına görə, həmin xalq Sədum adlanan ərazidə yaşamışdır. Buna görə də xalqına qorxu gələrkən ona belə cavab verirlər: “Lutun ailəsini öz ölkənizdən və şəhərinizdən çıxarın…” Çünki onlar həmin yerdən deyildilər. Axırda da Allah Öz lütfü ilə Lutu (ə) və arvadı istisna olmaqla ailəsini xilas etdi. Sonra isə Allahın mələkləri həmin qövmü daş yağışına qərq edib, şəhəri alt-üst etdilər[30].
- Qövmünün isə: “Onları öz şəhərinizdən, məmləkətinizdən çıxarın, çünki onlar təmiz və günahsız adamlardır!” – deməkdən başqa bir cavabı olmamışdı.
- (İş bu yerə çatanda) Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti tərk edilənlərdən oldu.
- Onların üstünə yağış (daş) yağdırdıq. Bax gör günahkarların axırı necə oldu!
- Mədyənə (Mədyən əhalisinə) də qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və çəkidə düz olun. İnsanların mallarından heç nə azaltmayın. Yer üzü (peyğəmbərlərin dəvəti və iman nuru sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir!
- Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, (ortaya şübhəli fikirlər atmaqla) onu əyri göstərməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma O, sizi çoxaltdı. Görün fitnə-fəsad törədənlərin axırı necə oldu!
- Əgər sizin bir qisminiz mənimlə göndərilənə inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda Öz hökmünü verənə qədər səbir edin. Çünki O, hökm verənlərin ən yaxşısıdır!”
—————————————————————————————-
- Təmizliyin, ismətin günah olduğu yer: Günaha aludə olmuş bir cəmiyyətin təmiz insanları təmizlikdə ittiham edib özündən uzaqlaşdırması heç də təəccüblü deyil. Günaha aludə olmuş cəmyyət bu insanları öz ehtiraslarına maneə hesab edir. Çirkin əməllər törədən insanların gözündə təmiz insanlara xas olan güclü və qürurverici cəhətlər zəiflik və nöqsan hesab edilir. “Onlar paklıq və təmizlik istəyən insanlardır” cümləsinə əsasən belə bir ehtimal da irəli sürmək olar ki, onlar Lut (ə) və ardıcıllarını riyakarlıqda ittiham etmişlər[31]. Ayədən belə bir nəticə də əldə etmək olar ki, üzərlərinə mühüm təbliğat öhdəliyi götürən, yaxşıya dəvət, pisdən çəkindirmə fəaliyyəti ilə məşğul olanlar insanların Allah dininə qarşı olan etinasızlığından usanmamalı, peşman olmamalıdırlar. Çünki bu reaksiyalar hər zaman olmuşdur. Həzrət Nuh (ə) 950 il təbliğat apardı, ancaq ona çox az adam iman gətirdi. Lut (ə) otuz ildən sonra öz ailəsindən başqa heç kəsi haqq yola yönəldə bilmədi. Hətta arvadı da doğru yola dönənlərdən olmadı. Allah-taala “Səbə” surəsinin 13-cü ayəsində belə buyurmuşdur: “Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!”[32]
- Lutun arvadı: Quran ayələrindən belə məlum olur ki, Lutun (ə) arvadı da Nuhun (ə) arvadı kimi kafir və günahkarlardan olmuş, ərinə iman gətirməmiş, əksinə ona qarşı çıxmışdır. “Təhrim” surəsinin 10-cu ayəsində belə buyurulmuşdur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bu iki peyğəmbərlə olan əlaqələri onlara heç bir fayda vermədi. Onlara: “Girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.” Quranda Lutun (ə) zövcəsinin ona hansı xəyanəti və ya xəyanətləri etdiyi haqqında məlumat verilməmişdir. Lakin hədislərdə qeyd edilir ki, qövmü Luta (ə) qonaq qəbul etməyi qadağan etmişdi. Əzab mələkləri Lutun (ə) evinə insan surətində gəldikdən sonra Lutun (ə) arvadı şəhər camaatını bu hadisədən xəbərdar etmiş və əhali də Lutun (ə) evinə hücum çəkmişdi… Əlbəttə, burada çox diqqətli olmaq lazımdır ki, Lutun (ə) övrəti iffətinə xələl gətirəcək hər hansı səhvə də əsla yol verməmişdir. Çünki heç bir peyğəmbərin həyat yoldaşı iffətinə xələl gətirəcək addım atmaz. Çünki Peyğəmbər (s) hədislərinin birində açıq şəkildə belə buyurmuşdur: “Heç bir peyğəmbərin zövcəsi iffətinə xələl gətirəcək addım atmamışdır.”[33]
- Din insanları islah edir: 84-cü ayədə insanların Allahla olan əlaqəsindən söhbət açılır. Bu ayədə isə insanların bir-biri ilə olan əlaqələrindən bəhs edilir. Yəni islahatlar aparıldıqdan sonra yer üzündə fəsad törətməsinlər. Dinin insan hüquqları ilə bağlı vəzifələrdən biri budur ki, insanlar arasında olan zülm və haqsızlığı aradan qaldırıb onları islah və bu vasitə ilə onların dünya və axirət xoşbəxtliyini təmin etsin. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Yer ölmüşdü, Allah-taala onu peyğəmbəri vasitəsilə diriltdi. Diqqətli olun, düzəldikdən sonra yer üzündə fəsad törətməyin.”[34]
- İmanın yolunu kəsənlər: Həzrət Şüeyb (ə) dəvətinin üçüncü hissəsində kafir qövmünü Allahın düz yoluna və dinə təcavüz etməkdən çəkinməyə çağırdı. Bu cümlədən belə başa düşülür ki, Şüeybin qövmü müxtəlif vasitələrlə insanları ondan uzaqlaşdırır, onların Şüeybə (ə) iman gətirməsinə, yanına getməsinə, sözlərinə qulaq asmasına, təşkil etdiyi ibadət mərasimlərində iştirak etməsinə mane olur, haqq dinə və tövhid yoluna iman gətirməmələri üçün onları təhdid edirdi. Xülasə, Şüeybin (ə) qövmü bütün gücünü, hiylə-kələyini səfərbər edərək iman yolu üzərində pusqu qurmuş və insanların iman gətirməsinə mane olmuşdur[35].
- Qövmünün təkəbbürlü və güc sahibi olan əyanları: “Ey Şüeyb! Bizim dinimizə dönməsəniz, səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən, mütləq, qovacağıq!” – dedilər. Dedi: “Əgər istəməsək belə (bizi dinimizdən döndərməyə çalışırsınız)?
- Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməsə, bizim ona qayıtmağımız əsla doğru deyil. Rəbbimizin elmi hər şeyi əhatə edir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm et. Çünki Sən hökm edənlərin ən yaxşısısan!”
- Qövmünün kafir olmuş nüfuzlu əyanları dedilər: “Əgər Şüeybin ardınca getsəniz, siz də ziyana uğramış olacaqsınız!”
- Elə bu zaman onları silkələnən yer öz ağuşuna aldı və onlar sübh vaxtı öz evlərində cansız cəsədlər şəklində düşüb qalmışdılar.
- Şüeybi yalançı adlandıranlar (elə məhv oldular ki), sanki orada heç yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
- Sonra onlardan üz döndərib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin əmrlərini çatdırdım və sizin xeyrinizi istədim. İndi imansız qövmün halına necə təəssüflənim?”
- Biz hansı şəhər və kəndə peyğəmbər göndərdiksə, oranın əhalisini müsibət və bəlaya düçar etdik ki, bəlkə (özlərinə gəlib, Allahın yoluna dönsünlər və) yalvarıb-yaxarsınlar.
- Sonra (bu xəbərdarlıqlar onlara təsir etmədikdə) pisliyi (narahatlıq və sıxıntını) yaxşılıqla (bol nemət və rifahla) əvəz etdik. Beləliklə, artıb çoxaldıqları (bütün nemətlərdən bəhrələnib, özlərindən çıxdıqları) və: “Atalarımıza da belə yaman-yaxşı günlər üz vermişdi”, – dedikləri vaxt onları özləri də bilmədən, qəflətən yaxaladıq.
—————————————————————————————
- Şüeybin (ə) sözlərinin qısa izahı: “Allah bizi sizin dininizdən xilas etdikdən sonra” ifadəsindən heç də belə nəticə almaq olmaz ki, həzrət Şüeyb (ə) əvvəl müşrik olmuş, sonra Allah onu xilas etmişdir. Əslində, Şüeyb (ə) bu sözləri cəmiyyətin əksəriyyətinin mövqeyinin bütün cəmiyyətə aid edilməsi prinsipindən çıxış edərək, daha əvvəl kafir olub sonra iman gətirmiş ardıcıllarının dilindən demişdir[36]. Bu ayədə daha çox diqqət tələb edən nüanslardan biri də ondan ibarətdir ki, həzrət Şüeyb (ə), qövmünün onun və möminlərin tövhid inancından dönməsi ilə bağlı ümidlərini puça çıxardı. Amma belə buyurdu: “Rəbbimiz olan Allah istəməsə…” Bununla onlara başa saldı ki, o və ardıcılları iman və tövhid yolunda qətiyyətli və sabitqədəm olsalar da bu qətiyyəti Allahın lütfü hesab edir, Rəblərinin istək və iradəsinə ehtiyaclı olduqlarını düşünürlər[37]. Bu, çox mühüm məsələdir ki, Şüeyb (ə) kimi bir peyğəmbər malik olduğu yüksək mövqe və məqamına baxmayaraq, özünün haqq yolda büdrəyəcəyindən hər zaman qorxur və hər zaman Allahdan istəyir ki, onu haqq yolda saxlasın.
- Təvəkkülün mənası: Təvəkkül mənası “vəkil seçmək” olan “vəkalət” sözündən törəmişdir. “Allaha təvəkkül” deyilərkən təkcə həyatın çətinlikləri, xoşagəlməz hadisələr, düşmənçiliklər, müxaliflərin inadkarlıqları, həll edilməsi mümkünsüz olan çıxılmazlıqlar qarşısında Allahı vəkil etmək və Ona güvənmək nəzərdə tutulmamalıdır, insanın gücü çatdığı, imkanı daxilində olan işlərdə də əsas subyektin Allah olduğunu yaddan çıxarmamaq lazımdır. Çünki təkallahlılıq inancında olan bir şəxsin baxışında bütün güc və qüdrətlərin mənbəyi Allahdır[38]. Bəzi ifratçıların düşündüyü kimi, təvəkkül səbəblərə göz yummaq, əli əl üstünə qoymaq, bir küncdə oturmaq deyil, özünü düzəltmək, başqalarından asılı olmamaq, daha dərindən düşünməkdir. Səbəblər aləmindən, təbiətdən, həyatdan istifadə eynilə Allaha təvəkküldür. Çünki bu səbəblərin hər biri Allahın istəyi və iradəsi ilə təsir göstərir[39]. İslam peyğəmbəri (s) buyurmuşdur: Allahın vəhy elçisi Cəbraildən “təvəkkül nədir?” – deyə soruşduqda, dedi: “Məxluqatın ziyan vurmaq, xeyir vermək, bağışlamaq və mane olmaq iqtidarında olmamasına inanmaq, məxluqatdan ümidi üzmək. Allahın bəndəsi belə olduqda yalnız Allah üçün çalışar, Ondan başqasına ümidlənəz. Əsl təvəkkül budur.”[40]
- Ən yaxşı hakim Allahdır: Ayənin orijinalındakı “fəth” sözünün mənası açmaq, “fateh”in mənası isə açandır[41]. Bu ayədə isə hakim mənasında işlənmişdir. Çünki hakim öz mühakiməsi ilə başqalarına məlum olmayan məlumata yol açır. İbn Abbas: “Mənimlə bir qadın arasında bir ixtilaf yaranana qədər bu ayədəki fateh sözünün hansı mənada işləndiyini başa düşməmişdim. O, mənə dedi: “انطلق افتحک بالقاضی” Yəni, gəl mühakimə etməsi üçün səni qazinin yanına aparım[42]. Məlumdur ki, heç bir qapı Allahın üzünə bağlı deyil və buna görə də O, ən yaxşı hakimdir. Bu səbəbdən həzrət Şüeyb (ə) Allahdan istəyir ki, onunla qövmü arasında mühakimə etsin. Çünki O, ən yaxşı hökm edəndir.
- Əgər şəhər və kəndlərin əhalisi iman gətirib təqvalı olsaydı (günahlardan çəkinsəydi), sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq. Lakin onlar (haqqı) yalan hesab etdilər, Biz də onlara etdikləri əməllərin cəzasını verdik.
- Bu məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idimi?
- Və ya bu məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idimi?
- Yaxud Allahın tədbir tökməycəyinə əmin idilərmi? Özlərini ziyana salanlardan başqa heç kəs Allahın tədbir tökməyəcəyinə əmin ola bilməz!
- Yer üzünün sahiblərindən sonra ona varis olanlara ibrət olmadımı ki, əgər Biz istəsək, onları da günahlarına görə həlak edər, (haqq səsi eşitməmələri üçün) ürəklərini möhürləyərik?
- Bunlar, bəzi xəbərlərini sənə çatdırdığımız şəhər və kəndlərdir. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. (Amma o məmləkətlərin əhalisi o qədər inadkar idi ki,) əvvəlcə yalan hesab etdiklərinə yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyir. (İnadkarlıq göstərdikləri və günah etməkdə israrlı olduqları üçün müəyyən edə bilmə hissindən məhrum edir.)
- Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə,) onların əksəriyyətinin günahkar olduğunu gördük.
- Onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı ayələrimizlə Firon və onun ətrafında olan insanlara göndərdik. Onlar ona (həmin ayələrə qarşı) haqsızlıq etdilər. Bax gör fəsad törədənlərin aqibəti necə oldu!
- Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
——————————————————————————————-
- İman və təqva ilahi bərəkətlərin açarı: Günahkarlar və itaətdən boyun qaçıranların başına gətirilən müsibətlərdən bəhs edən əvvəlki ayələrdə bəzən göydən leysanların yağmasına, yerdən bulaqların qaynamasına (Nuhun (ə) tufanında olduğu kimi), bəzən ildırımlara, göy gurultularına, bəzən də qorxulu zəlzələlərə işarə edilmişdir. Bu ayədə bildirlir ki, bütün bunlar insanın öz əməllərinin nəticəsidir. Əgər insan təmiz və imanlı olsa, göydən və yerdən əzab deyl, Allahın bərəkəti nazil olacaq. İnsan bərəkətləri bəlalara dəyişir[43]. Hədislərinin birində İmam Sadiq (ə) buyurmuşdur: “Heç bir ilin yağışı o biri ilin yağışından az olmur. Ancaq Allah onu istədiyi yerə yağdırır. Bir xalq günaha bulaşdıqda Allah-taala onlar üçün təyin etdiyi yağışı həmin il onlardan əsirgəyib səhralara, dənizlərə və dağlara yağdırır.”[44] Soruşula bilər ki, əgər iman və təqva ilahi bərəkətlərin enməsinə, imansızlıq və təqvasızlıq isə bərəkətlərin kəsilməsinə səbəb olursa, bəs nə üçün bəzi millətlərin naz-nemət içində batdığını, imanlı toplumun isə çətinliklərlə üzləşdiyini görürük? Bu suala cavab vermək üçün iki nüansa diqqət yetirməyimiz lazımdır: 1. İmansız ümmətlərin naz-nemət içində üzməsi təsəvvürü başqa bir yanlışdan, yəni var-dövlətin xoşbəxtlik səbəbi hesab edilməsi yanlışından qaynaqlanan böyük bir yanlışdır. Adətən insanlar elə düşünürlər ki, hansı ölkənin sənayesi daha çox inkişaf edibsə və sərvəti çoxdursa, həmin ölkənin əhalisi daha xoşbəxtdir. Halbuki həmin cəmiyyətlərin daxilinə diqqətlə fikir versək, onların cisimlərini və ruhlarını didib parçalayan dərdlərini yaxından görsək, onların çoxunun yer üzünün ən çarəsiz insanları olduğunu görərik. Bundan əlavə, sözügedən nisbi inkişaf onların peyğəmbərlərin (ə) təlimlərində yer almış səy, təlaş, nizam-intizam və məsuliyyət hissinin nəticəsidir. 2. “Nə üçün imanlı və təqvalı cəmiyyətlər geridə qalıblar?” sualına gəlincə, əgər iman və təqva deyilərkən təkcə İslam iddiası, Peyğəmbərin (s) təlimlərinə quru bağlılıq iddiası nəzərdə tutulursa, belə fərdlərin geridə qaldığını qəbul edirik. Ancaq həqiqi iman və təqva deyilərkən onun həyatın bütün sahələrinə və bütün davranışlara nüfuz etməsi nəzərdə tutulmalıdır. Bu isə, təkcə iddia ilə olmur. Bəli, İslam başqa, müsəlman isə tamam başqa bir şeydir[45].
- Qorxu və ümid müsbət davranışların mənbəyidir: İlahi tədbirdən əmin olmamaq deyilərkən məsuliyyətlərin yerinə yetirilmə formasında və vəzifələrin icrasında səhlənkarlıq qorxusu nəzərdə tutulur. Bu qorxu hissi isə möminin qəlbində hər zaman ilahi rəhmətə ümid hissi ilə müşayiət olunmalıdır. Bu iki hissin bərabərliyi bütün müsbət davranışların və fəaliyyətlərin mənbəyidir. Hədislərdə bu, ümid və qorxu kimi qeyd edilir. Qeyd olunan hisslər imanlı insanlarda vəhdət təşkil edir. Lakin ziyana uğramış günahkarlar Allahın bu cəzasını yaddan çıxarır və özlərini son dərəcə əmin-amanlıqda hiss edirlər[46]. İmam Baqir (ə) buyurmuşdur: “Elə bir mömin bəndə yoxdur ki, onun qəlbində iki nur, yəni qorxu və ümid nuru olmasın. Bunların heç biri digərindən çox deyil, hər ikisi tamamilə bərabərdir.”[47] Hətta peyğəmbər və imamlar (ə) da özlərini Allahın tədbirindən amanda hesab etməmişlər. İmam Əli (ə) buyurmuşdur: “Bu ümmətin ən yaxşısı Allahın cəzasından arxayın olmayanıdır. Çünki Allah-taala buyurmuşdur: Allahın tədbirindən yalnız ziyana uğramışlar arxayın olar.”[48]
- Allah barəsində yalnız haqqı deməyə borcluyuq. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!”
- (Firon) dedi: “Əgər bir əlamət gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!”
- (Musa) əsasını atdı və o, dərhal açıq-aşkar bir əjdaha oldu.
- Əlini (yaxasından) çıxartdı və o, baxanlar üçün bəmbəyaz oldu.
- Fironun yan-yörəsindəkilər dedilər: “Şübhəsiz ki, bu çox məharətli və bilikli bir sehrbazdır.
- O, sizi yurdunuzdan çıxartmaq istəyir!” (Nə düşünürsünüz?) “Onunla bağlı əmriniz nədir?”
- (Sonra Firona) dedilər: “Onu və qardaşını saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər.
- Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”
- Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz qalib gəlsək, yüksək dərəcədə mükafatlandırılacağıqmı?”
- Dedi: “Bəli, siz ən yaxın adamlardan olacaqsınız!”
- (Qarşılaşma günü yetişdi, sehrbazlar) dedilər: “Ya Musa! Ya sən (sehr alətlərini) at, ya da biz ataq!”
- “Siz atın” – dedi. Onlar (sehr alətlərini) atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər.
- Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Qəfildən (əsa böyük bir ilana çevrildi və) onların uydurma alətlərini sürətlə uddu.
- (Bu zaman) haqq aşkar oldu, onların uydurub düzəltdikləri isə batil oldu.
- (Sehrbazlar) orada məğlub və xar olub kiçildilər.
- Və sehrbazlar (qeyri-ixtiyari) səcdəyə qapandılar.
————————————————————————————
- Musanın (ə) haqlı olmasının sübutu: Həzrət Musa (ə) demək istəyir ki, mən illər öncə canımın qorxusundan qaçdım. Sizlər məni öldürmək istəyirdiniz. İndi isə heç bir silah-sursat götürmədən, təkcə qardaşım Harunla Firon və onun qüdrətli hakimiyyətinə, eləcə də sizin qarşınıza çıxmışam. Sizin hamınızı Allah yoluna dəvət edirəm. Bu, mənim haqlı olduğumun ən böyük sübutudur. Əgər Allahın fərmanı olmasaydı, sizin qarşınıza çıxmağa cürətim olmazdı. Buna görə də Allah barəsində yalnız haqqı deməli, yalnız doğrunu söyləməliyəm[49].
- Bəmbəyaz əl: Hədislərdə qeyd edlir ki, bu möcüzə baş verərkən həzrət Musanın (ə) əli günəş kimi parlayırdı[50]. Hətta deyilənə görə onun işığı günəş işığından da parlaq olmuşdur. Günəşə baxmaq mümkün olmadığı kimi, işığın parıltısının çoxluğundan ona da baxmaq olmurmuş[51].
- Sehr: “Sehr” hiylə, kələk, fokus, cəld əl hərəkətinə deylir. Bəzən amili və təhrikedicisi, görünməz və sirli qalan bir hadisəyə də deyilir. Buna görə də sürətli əl hərəkəti və əşyaların yerini dəyişmək bacarığı ilə təqdim edilən mövzunu qeyri-adi formada təqdim edən, həmçinin müxtəlif maddə və əşyaların kimyəvi və fiziki xassələrindən istifadə edərək insanlara qeyri-adi hərəkətlər sərgiləyən insanların hamısı sehrbaz hesab edilir. Bunlardan başqa, sehrbazlar sehrlərini daha da mükəmməl şəkildə təqdim etmək üçün adətən tamaşaçını öz təsiri altına alan təlqinlərdən, mübaliğəli cümlələrdən, bəzən isə qorxulu və vahiməli səslərdən istifadə edirlər. Firon dövrünün sehrbazlarının əhvalatlarından bəhs edən bu və digər ayələrdən sehrbazların alətlərdən istifadə etdikləri məlum olur. “Camaatın gözlərini sehrlədilər”, “camaatı qorxuya saldılar” və digər surələrdə olan eyni məzmunlu cümlələr yuxarıda qeyd etdiyimiz həqiqəti təsdiq edir[52].
- Fironun sehrbazlarının sehrinin böyüklüyü: Allah-taala “böyük bir sehr göstərdilər” cümləsi ilə üstüörtülü şəkildə sehrbazların yaratdıqları səhnənin çox böyük və qorxulu olduğuna işarə edir. Yoxsa ki, burada “əzəmətli” sözündən istifadə etməzdi. Bu və bənzər ayələrdən bəhs edən hədislər, tarixi məlumatlar və təfsirlərdən bu səhnənin miqyasının çox böyük olduğu məlum olur. Bəzi təfsirçilərin qeyd etdiyinə görə, oraya toplaşmış sehrbazların sayı on minlərlə nəfər, habelə istifadə etdikləri alətlərin sayı da on minlərdən çox idi. Həmin dövrdə Misirdə təcrübəli və peşəkar sehrbazların sayının çox olduğunu nəzərə alsaq, bu söz heç də təəccüb doğurmur. Hətta iş o yerə çatmışdı ki, Musa (ə) da qorxuya düşmüşdü. Quranın “Taha” surəsinin 67-ci ayəsində bu qorxu haqqında belə buyurulmuşdur: “Musanın canına qorxu düşdü”[53]. İmam Əli (ə) Nəhcül-bəlağədə buyurur ki, onun qorxusu başqa bir şeyə görə idi: “Musanın qorxusu öz canına görə deyildi. O, cahil və azğınların insanları təsir altına alacaqlarından qorxurdu.”[54]
- Dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –
- Musanın və Harunun Rəbbinə!”
- Firon dedi: “Mən sizə icazə verməzdən əvvəl ona iman gətirdiniz? Bu, yəqin ki, əhalisini çıxartmaq məqsədilə bu şəhərdə (bu məmləkətdə) qurduğunuz bir hiylədir. Ancaq tezliklə biləcəksiniz!
- Əl-ayağınızı çarpaz kəsəcək (sağ əli sol ayaqla, sol əli sağ ayaqla), sonra isə hamınızı dar ağacından asacağam!”
- (Sehrbazlar) dedilər: “(Önəmli deyil,) biz Rəbbimizin hüzuruna dönəcəyik!
- Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin ayələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbr və dözüm əta et, bizi müsəlman olaraq öldür!”
- Firon qövmünün əyan-əşrafı dedi: “Musanı və qövmünü azad buraxırsan ki, fitnə-fəsad törətsinlər, səni və tanrılarını tərk edib getsinlər?” Dedi: “Tezliklə oğullarını öldürəcək, qızlarını isə (xidmətçilik etmək üçün) diri saxlayacağıq. Biz onların üzərində tam hökmranıq. (Onlar bizim tam hökmranlığımız altındadırlar.)”
- Musa öz qövmünə dedi: “Allahdan yardım diləyin və dözümlü olun. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. (Xoşbəxt) aqibət təqvalılar üçündür!”
- Dedilər: “Sən bizə gəlməzdən əvvəl də, sonra da biz əziyyət çəkdik! (Bu işkəncələrə nə vaxt son qoyulacaq?)” Dedi: “Ümid var ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri etsin, sonra isə necə davranacağınıza baxsın!”
- Biz Fironun qövmünü qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə ayılsınlar, nəticə çıxarsınlar!
——————————————————————————————
- Müstəmləkəçiliyin ən pis forması: Bəlkə də Firon “mən sizə icazə verməzdən əvvəl ona iman gətirdiniz?” cümləsi ilə həm Musanı (ə) təhqir etmək, həm də “mən özüm də həqiqət tərəfdarı və həqiqət axtaran adamam, əgər Musanın (ə) göstərdiyi bu hərəkət həqiqət olsaydı, mən özüm camaata iman gətirməsi üçün icazə verərdim. Amma sizin bu tələsik davranışınız göstərir ki, onun bu göstərisi nəinki düz deyil, eyni zamanda Misir camaatına qarşı yönəlmiş bir hiylə və kələkdir” demək istəyib. Bu, həm də onu göstərir ki, iqtidar və hakimiyyət hərisliyi Fironun varlığını elə sarmışdı ki, Misir camaatının onun icazəsi olmadan addım ata, söz danışa bilməyəcəyi iddiasında idi. Hətta daha pisi, onun icazəsi olmadan düşünmək və iman gətirmək haqqına sahib olmadıqlarını düşünürdü. Bu, müstəmləkəçiliyin ən pis formasıdır, millət elə bir vəziyyətə salınıb, quldarlıq və əsarət elə həddə çatıb ki, heç kəsin düşünməyə, kiməsə və hansısa məktəbə hətta qəlbində belə inam bəsləməyə haqqı çatmır. Bu, müasir müstəmləkə formasında da həyata keçirilən proqramdır. Yəni neomüstəmləkəçilər təkcə iqtisadi, siyasi və ictimai müstəmləkəçiliklə kifayətlənmir, daha da irəli gedərək, öz fəaliyyətlərini ideoloji müstəmləkəçiliklə gücləndirməyə çalışırlar[55].
- Fironun sehrbazlarının mənəvi dözümlülüyü: Doğrusu, sehrbazların ruhunda və canında yaranmış heyrətamiz dözümlülük haqqında düşünməyə dəyər. Musanın (ə) ən qatı düşmənlərindən olan, onun dinini və missiyasını məhv etmək qəsdinə durmuş fərdlər necə oldu ki, canını qurban verməyə hazır olan qətiyyətli möminlərə çevrildilər? Tarixi mənbələr və hədislərdə qeyd edilir ki, onlar bu yolda elə dirəniş və dözümlülük göstərirlər ki, Firon öz təhdidlərini əməli şəkildə həyata keçirmək məcburiyyətində qalır, onları şaqqalatdırıb tikə-tikə olmuş bədənlərini Nilin sahilindəki uca xurma ağaclarından asır. Nəticədə, onların qürurverici adları dünyanın azad insanlarının adları ilə qoşa çəkilməyə layiq görülür. Böyük təfsirçi Təbərsinin dili ilə desək, “onlar səhər sehrbaz kafirlər idilər, axşam Allah yolunun xoşbəxt şəhidləri oldular!”[56]
- Bütpərəstin bütü: Bu ayədən belə məlum olur ki, Fironun tanrıları var idi və onlara ibadət edirdi. Əlbəttə, başqa ayələrdə onun özünü də tanrı hesab etməsi faktına rast gəlirik. Belə ki, “Naziat” surəsinin 24-cü ayəsində onun belə dediyinin şahidi oluruq: “Dedi: Mən sizin uca rəbbinizəm.” Bu ənənə digər xalqlarda da mövcud olmuşdur. Tarixi mənbələrin yazdığına görə, Roma və başqa ölkələrdə insanlar öz qəbilə və tayfa başçılarına, onlar isə öz atalarına və ya bütlərinə ibadət etmişlər[57].
- Firon və İsrail oğullarının müqavimət göstərən kişilərinin ortadan qaldırılması siyasəti: Firon burada çox köklü və əsaslı bir mübarizəyə başlayır, İsrail oğullarının bütün qüdrətinə son qoymaq qərarına gəlir. O, İsrail oğullarının mübariz və döyüşkən kişilərinin nəslini kəsmək üçün oğullarını qətlə yetirməyi, qız və qadınlarını isə kənizlik və xidmətçilik etmələri üçün diri saxlamağı qarşısına məqsəd qoyur. Bu metod həm qədim müstəmləkəçilik, həm də neomüstəmləkəçilik üçün səciyyəvidir. Millətin sayılıb seçilən, başbilən, ağıllı nümayəndələrini öz siyasətləri ilə boğmaq, aradan götürmək, müxtəlif vasitələrdən istifadə edərək, onlardakı kişilik və mərdlik ruhunu öldürmək, özlərini aradan götürmək, aktiv olmayan fərdlərə isə toxunmamaq müstəmləkəçiliyin spesifik xüsusiyyətlərindəndir[58].
- (İbrət götürmədilər, əksinə) onlara bolluq qismət olduğu zaman: “Bu bizim özümüzə görədir!” – deyir, bir pislik üz verdikdə isə: “Bu, Musa və yanındakıların nəhsliyi ucbatındadır”, – deyirdilər. Agah olun ki, bütün bunların mənbəyi Allahın yanındadır, lakin onların çoxu bilməz!
- Dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
- Biz onlara ayrı-ayrı möcüzələr olan tufan, çəyirtkə və həşərat, qurbağa və (su mənbələrinə) qan göndərdik. Onlar yenə də (ayılmadılar) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.
- Onlara əzab gəldikdə dedilər: “Ya Musa! Bizim üçün Allahından səninlə olan əhdinə vəfa etməsini istə. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik”.
- Elə ki əzabı bir müddətə onlardan götürürdük, öz əhdlərini pozurdular.
- Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün nəhayət, onlardan intiqam aldıq, dənizdə batırdıq.
- Zəiflədilmiş o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə varis etdik. Səbr etdiklərinə və dözümlülük göstərdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl vəd yerinə yetdi. Fironun və onun camaatının tikib qurduqlarını və hasarlanmış bağlarını isə viran qoyduq.
——————————————————————————————
- İslama görə əlamət və əlamətlərə inam: Əsası “tətəyyur” olan “yəttəyyəru” sözünün mənası “nəhs gətirmək” deməkdir. Sözün kökü isə “tayr”, mənası “quş” deməkdir. Ərəblər nəhs gəlməsinə adətən quşlar vasitəsilə etiqad bəslədikləri, bəzən qarğanın qarıldamasını nəhs, quşun sol tərəfdən uçmasını uğursuzluq əlaməti hesab etdikləri üçün “tətəyyur” sözünü mütləq şəkildə nəhs gəlmək mənasında işlədirlər. Quran bütün baş verənlərin Musa (ə) və tərəfdarlarının nəhsliyi ucbatından baş verdiyini iddia edən Firon və ətrafındakılarına belə cavab verir: Bilin ki, başlarına gələn bütün bəlaların mənbəyi Allahdır, Allah istəmişdir ki, onlar əməllərinin cəzasını çəksinlər. Lakin onların çoxu bilmir. Ümumiyyətlə, müxtəlif insanlar və ayrı-ayrı xalqlar arasında yaxşı və nəhs əlamətlər inancı geniş yayılmışdır. Ayrı-ayrı toplumlarda bəzi hadisələr yaxşı əlamət, qələbə və işlərin alınma səbəbi, bəzi hadisələr isə nəhs əlamət, uğursuzluq və məğlubiyyət səbəbi hesab edilir. Halbuki uğur və uğursuluğun bu hadisələrlə heç bir məntiqi əlaqəsi yoxdur. Xüsusilə, əlamətlərə inam əsasən xurafat və qeyri-məntiqi yönlərə malikdir. Bu ikisinin təbii təsirləri olmasa da, psixoloji təsirləri danılmazdır. Yaxşı əlamət adətən ümidə və fəaliyyətə, nəhs əlamət isə məyusluğa, ümidsizliyə, acizliyə və zəifliyə səbəb olur. Bəlkə də elə buna görədir ki, hədis və rəvayətlərdə yaxşı əlamətlər məsələsi inkar edilməmiş, nəhs əlamətlərə inam isə kəskin şəkildə qadağan edilmişdir. Peyğəmbər (s) məşhur hədislərinin birində buyurmuşdur: “İşlərinizə yaxşı əlamət gətirin ki, ona nail olasınız.” Quran və hədislərdə nəhs gətirilməsi, nəhs əlamətə uyğun davranmaq kəskin şəkildə pislənmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Nəhs gətirmək, hər hansı hadisəni pis əlamət hesab etmək bir növ Allaha şərik qoşmaqdır.” Hədislərin birində nəhs əlamətin psixoloji təsirə malik olduğunu oxuyuruq: “Nəhs əlamətə inanmağın təsiri onu qəbul etdiyin qədərdir. Əgər onu yüngül bir şey hesab etsən, təsiri az olacaq, əgər onu ciddiyə alsan, təsiri güclü olacaq. Əgər ona etina etməsən, heç bir təsiri olmayacaq.”[59]
- Fironun qövmünün başına gələn əzablar: Təfsirçilərin yazdığına görə, qurbağalar o qədər çoxalır ki, hətta yeməklərinin içindən, paltarlarının altından, yataqlarından çıxır. Qan gəlməsi ilə bağlı qeyd edirlər ki, Nil çayı, çaylar və kəhrizlərin suyu, ümumiyyətlə, bütün sular Firon qövmü üçün qana çevrilir. Lakin Musanın (ə) tərəfdarları üçün bu, belə deyildi. Yəni Fironun tərəfdarları qan içdiyi halda, həmin qan Musanın (ə) tərəfdarları üçün zülal suya çevrilirdi[60].
- Allahın Musa (ə) ilə əhdi: Onlar Allahın Musa (ə) ilə bağladığı əhd deyərkən, Musa (ə) dua edəcəyi təqdirdə onun bütün dualarını qəbul edəcəyi ilə verdiyi əhdi nəzərdə tuturdular[61].
- Məkkə və Suriya, iki bərəkətli ərazi: Ayədə bərəkətli yer deyilərkən Suriya və Fələstin torpaqları nəzərdə tutulmuşdur. Çünki Allah yalnız iki yerin daha bərəkətli olduğunu bildirmişdir. Onlardan biri Kəbə, digəri isə müqəddəs torpaqlar hesab edilən Fələstin ərazisidir[62].
- Biz İsrail oğullarını dənizdən keçirtdik. Yolları üzərində təvazökarlqla öz bütlərinin ətrafına toplaşmış bir tayfaya rast gəldilər. (Bu vaxt İsrail oğulları) dedilər: “Ya Musa! Bizə də onların tanrıları kimi bir tanrı düzəlt!” Dedi: “Siz cahil və nadan bir cəmiyyətsiniz!
- Bunlar (bütpərəstlər) məhvə məhkumdurlar, etdikləri əməllər isə batildir (puçdur)!”
- (Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”
- Sizi Fironun tərəfdarlarının əlindən xilas etdiyimiz zamanı xatırlayın. Onlar sizə davamlı olaraq ağır işkəncələr verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.
- Biz Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona on gecə də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim canişinim ol, (onları) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
- Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər, Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də Məni görə bilərsən”, – deyə buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu yerlə bir etdi. Musa da özündən gedib yerə düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Sən gözə görünməzsən!) Sənə doğru qayıtdım. Mən iman gətirənlərin birincisiyəm!” – dedi.
—————————————————————————————–
- Materialist və bütbərəst İsrail oğulları: Həzrət Musadan (ə) əvvəl İsrail oğulları babaları həzrət İbrahimin (ə) dinində idilər. İbrahimdən (ə) Musaya (ə) qədər olan dövr ərzində İshaq, Yaqub və Yusif (Allahın salamı olsun onlara) peyğəmbərlik etmişlər. Onlar İsrail oğullarını təkallahlıq dininə inanmağa, şirkdən uzaq durmağa çağırmış, Allahın maddə və cism olmadığını, forma və ölçüyə gəlmədiyini başa salmışlar. Lakin Quranda İsrail oğulları ilə bağlı olan əhvalatlardan belə məlum olur ki, onlar yalnız maddə və hiss olunanı qəbul etmiş, maddədən kənar, onun fövqündə olanı qəbul etməmişlər. Allah haqqında söylədikləri isə tam səmimi olmamış, formal xarakter daşımış, söylədiklərinə həqiqətən də etiqad bəsləməmişlər. Milli təəssübkeşlikləri İsrail oğullarını babalarının dinini formal və zahirən də olsa, qoruyub saxlamağa vadar etsə də, uzun illər bütpərəst fironlar və qibtilərin əsarəti altında olduqları üçün bütpərəstlik ruhlarına və canlarına hopmuşdu. Buna görə də onların çoxu Allahın cismani və maddi bir varlıq olduğunu təsəvvür edirdi. Musa (ə) onlara Allah haqqında məlumat çatdırmaq istədikdə, onlar xəyallarında cismani bir varlıq canlandırırdılar. Buna görə də gedərkən yolları üzərində bütə sitayiş edən bir tayfa ilə rastlaşdıqda xoşlarına gəldi və onlar kimi bir bütə sahib olmaq istədilər. Musadan (ə) onlara dua və ibadət etmələri üçün bir büt düzəltməsini istədilər. Mənbələrin yazdığına görə, yəhudilərdən biri İslama və müsəlmanlara tənə vurmaq üçün İmam Əliyə (ə): “Siz Peyğəmbərin (s) vəfatından heç otuz il keçməmiş bir-birinizə qılınc çəkdiniz” – dedikdə, İmam Əli (ə) buyurdu: “Amma siz yəhudilər ayağınızdakı dəniz suyu qurumamış peyğəmbərinizə: “Bizə də onların tanrıları kimi bir tanrı düzəlt” dediniz.”[63]
- Musa (ə) ilə qərarlaşdırılmış müddət barəsində bir suala cavab: Sual oluna bilər ki, nə üçün təyin edilmiş 40 gün müddəti bir dəfəyə deyil, mərhələli şəkildə təyin edilib, yəni əvvəl 30 gecə təyin edilib, sonra on gecə də ona əlavə edilib? Əslində, təyin edilmiş müddət qırx gecə olmuşdur, lakin Allah-taala İsrail oğullarını sınamaq üçün Musanı (ə) öncə otuz gecəlik bir görüşə dəvət edir, sonra münafiqlərin möminlərdən seçilməsi üçün həmin müddəti uzadır. İmam Baqir (ə) buyurmuşdur: “Musa Allahın vəd verdiyi yerə gedərkən öz qövmünə bildirir ki, onun bu gedişi otuz gündən çox çəkməyəcək. Ancaq Allah-taala həmin müddətə on gün də əlavə etdiyində İsrail oğulları: “Musa öz verdiyi sözdən çıxdı”, – deyib buzova pərəstiş etməyə başladı.” Hədislərdə bu qırx günün zilqədə ayının birinci günü başlayıb zilhiccə ayının onu (Qurban bayramı günü) başa çatdığı qeyd edilmişdir. Ayədə qırx gün deyil, “qırx gecə” ifadəsi işlədilmişdir. Bu da ona görədir ki, Musanın (ə) Allahla olan münacatları, danışıqları daha çox gecə vaxtları olurdu[64].
- Harun (ə) Musa (ə) üçün necə idisə, Əli (ə) də Peyğəmbər (s) üçün elə idi: Sünni və şiə təfsirçilərinin çoxu bu ayəni təfsir edərkən “Mənzilət” (mövqe, məqam, dərəcə) hədisinə işarə etmiş və Peyğəmbər (s) səhabələrinin çoxunun Təbuk döyüşü ilə bağlı belə dediklərini qeyd etmişlər: “Peyğəmbər (s) Təbuka doğru yollanarkən Əlini (ə) öz yerinə təyin etdi. Əli (ə) dedi: “Məni uşaqların və qadınların arasında qoyursan (və icazə vermirsən ki, səninlə cihad meydanına gedim)?” Peyğmbər (s) buyurdu: “Sənin mənə olan mövqeyinin Harunun Musaya (ə) olan mövqeyi kimi olmasını istəmirsənmi? Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”[65]
- Nə üçün Musa (ə) Allahdan Onu görməsini istədi? Ən aydın cavab budur ki, Musa (ə) bunu öz qövmünün dilindən istəmişdir. Çünki İsrail oğullarının bir qrup nadanı israr edirdi ki, iman gətirmək üçün Allahı, mütləq, görməlidirlər (Nisa surəsi-153). Ona da qənaətbəxş cavab almaları üçün bu istəyi Allaha ünvanlaması əmr edildi. Məsumlardan (ə) bizə çatmış bəzi hədislərdə də bu məsələ öz təsdiqini tapır[66].
- (Allah) buyurdu: “Ya Musa! Mən Öz əmrlərim və (səninlə) danışmağımla səni seçib insanlardan üstün tutdum. İndi sən verdiyimi al və şükür edənlərdən ol!”
- Biz onun üçün lövhələrdə hər bir mövzu ilə bağlı nəsihət yazdıq, hər şey haqqında açıqlama verdik. “Bundan möhkəm yapış və ümmətinə də de ki, onun ən yaxşılarına əməl etsinlər. (Axirətdə) tezliklə fasiqlərin yurdunu sizə göstərəcəyəm!
- Yer üzündə haqsız yerə təkəbbürlük edənləri tezliklə ayələrimdən (ona inanmaqdan) yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.
- Ayələrimizi və axirət görüşünü doğru hesab etməyənlərin əməlləri puça çıxacaq. Onlar yalnız öz əməllərinin qarşılığını alacaqlar.”
- Musanın qövmü ondan sonra öz bəzək-düzək şeylərindən buzov səsi çıxaran cansız bir buzov heykəli düzəltdilər. Məgər onlarla danışmadığını, onlara (haqq) yol göstərmədiyini görmürdülərmi? Onu (özlərinə tanrı) seçib zülm eləyən oldular.
- Həqiqəti bildikdə və haqq yoldan azdıqlarını gördükdə, dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq, ziyana uğrayanlardan olacağıq!”
———————————————————————————-
- Allahın Musa (ə) ilə danışma forması: Müxtəlif ayələrdə Allahın Musa (ə) ilə danışmasından bəhs edilir. Bu danışıq fəzada və ya cismlərdə səs dalğaları yaratmaqla baş verirdi. Səs dalğaları Əymən vadisindəki ağacdan süzülərək, bəzən Tur dağında Musanın qulağına çatırdı. Bu danışıq elə şəkildə idi ki, Musa (ə) onun Allah tərəfindən olduğuna və ona ünvanlandığına əmin idi. Bu bilgi Musaya (ə) ya vəhy və ilham vasitəsilə, ya da digər vasitələrlə hasil olmuşdu[67].
- Tövratın lövhələri: Ayədən belə başa düşülür ki, Allah-taala Musaya (ə) Tövratın qanunlarını əks etdirən lövhələr göndərmişdir. Lakin Quranda bu lövhələrin necəliyi, növü, hansı maddədən olması ilə bağlı məlumat verilməmişdir. “Əlvah” sözü mənası “səhifə” olan “lövhə” sözünün cəmidir. Təfsirlərdə Musaya (ə) göndərilən lövhələrin növü və keyfiyyəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Ancaq heç biri qəti və etimad göstəriləcək həddə deyil[68].
- Əməllərin ən yaxşısını seçmək: Əvvəlki ayədə “bu göstərişlərin ən yaxşısını götür” deyilərkən bu, qeyd olunan göstərişlər arasında pis, yaxşı və daha yaxşı hökmlərin olması, yaxşıların götürülüb, pislərin tərk edilməsi, yaxşı və daha yaxşılar arasında daha yaxşının seçilməsi kimi başa düşülməməlidir. Çünki bəzən elə olur ki, üstünlük dərəcəsi bildirən sifət (ən yaxşı) adi dərəcədə işlənən sifət (yaxşı) mənasında işlədilir. Bu ayədə də eyni qayda tətbiq edilmişdir. Yəni “ən yaxşı” ifadəsi “yaxşı” mənasında işlədilmişdir. Bununla da bütün bu göstərişlərin yaxşı olduğuna işarə edilmişdir. Ayə ilə bağlı irəli sürülən bir ehtimalda “ən yaxşı” deyilərkən, elə öz mənasının nəzərdə tutulduğu qeyd edilmişdir. Belə ki, bu göstərişlər arasında bəzisi (qisas kimi) halal və icazə verilmiş əməllər sayıldığı halda, bəzisi (əfv və bağışlamaq kimi) daha yaxşı əməllər hesab edilmişdir. Yəni burada Allah Musaya (ə) “ardıcıllarına bacardıqları qədər daha yaxşı seçmələrini de”, – deyə bir göstəriş verir. Yəni əfv və bağışlamağı qisasdan üstün tutsunlar[69].
- Samirinin buzovu: “Xuvar” inək və ya buzovun çıxardığı səsə deyilir. Bir qrup təfsirçi hesab edir ki, Samiri qızıldan düzəldilmiş buzovun daxildən sinə hissəsinə xüsusi bir boru qoymuşdu. Həmin borudan buzov səsinə bənzər bir səs çıxırdı. Bəziləri hesab edir ki, buzovu külək istiqamətində tənzimləmişdi. Külək əsərkən buzovun xüsusi şəkildə düzəldilmiş ağzından səs çıxırdı. Bəzi təfsirçilər hesab edirlər ki, Samiri Cəbrailin (ə) ayağının altından götürdüyü torpağı həmin buzovun içinə tökdüyü üçün buzov canlanmış və təbii buzov səsi çıxarmışdı. Sonuncu ehtimal Quranla təsdiqini tapmır. Çünki “cəsəd” (heykəl) ifadəsi onun canlı deyil, cansız bir cəsəd olduğunu deməyə əsas verir. Hər halda Samiri Musanın (ə) qövmünün uzun illər qayğılar içində yaşadığını, materialist düşüncələrin bu qövmə hakim kəsildiyini, qızıla, daş-qaşa çox həris olduqlarını yaxşı bildiyi üçün buzovu qızıldan düzəltmişdi ki, qulların və qızıl düşkünlərinin diqqətini ona cəlb edə bilsin[70].
- Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Dinimi zay etdiniz.) Rəbbinizin əmri ilə bağlı tələskənlik etdiniz?” Sonra lövhələri atdı, qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Belə edib məni düşmənin istehza hədəfinə çevirmə. Məni zalımlarla bərabər tutma!”
- (Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”
- Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!
- Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir!
- Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” – (deyə yazılmışdı).
- Musa Bizim təyin etdiyimiz yerə öz tayfasından yetmiş adam seçdi. Yer titrəməsi onları yaxaladıqda (və onlar həlak olduqdan sonra Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini (layiq bildiyini) zəlalətə düçar edər, istədiyini (layiq gördüyünü) doğru yola yönəldərsən. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
——————————————————————————————
- Allahın əmri ilə bağlı tələskənlik etmək: Ayənin məzmunundan belə başa düşülür ki, onlar Allahın otuz günün uzadılıb qırx gün edilməsi ilə bağlı əmrinə tələskən reaksiya vermiş, Musanın (ə) gəlməməsini onun ölümü və ya vədinə sadiq qalmaması ilə izah etmişdilər. Halbuki azacıq səbir etməli, bir neçə gün dözməli və əsl məsələnin ortaya çıxmasını gözləməli idilər[71].
- Musanın (ə) buzovpərəstliyə qarşı reaksiyası: Quranın digər ayələri, xüsusilə “Taha” surəsinin 92-93-cü ayələrindən belə məlum olur ki, həzrət Musa (ə) Harunu (ə) çox ciddi şəkildə tənbeh etmiş və səsini qaldıraraq belə demişdi: “Ey Harun, onların haqq yoldan azdığını gördükdə nə üçün mənə tabe olmadın? Mənim əmrimdən boyun qaçırdın?” Bu reaksiya bir tərəfdən Musanın (ə) bütpərəstlik və qövmünün haqq yoldan azmasına görə keçirdiyi daxili narahatlıq hissinin aydın təzahürü, digər tərəfdən isə İsrail oğullarının yatmış beyinlərini oyatmaq və əməllərinin çox çirkin olduğuna diqqət cəlb etmək üçün bir vasitə idi. Belə bir kəskin reaksiya və həyəcanlı davranış olmasaydı, İsrail oğulları öz xətalarının nə qədər dərin və böyük olduğunun fərqinə varmaz, bütpərəstliyin təsirləri beyinlərində qalardı. Buna görə də Musanın (ə) bu davranış tərzi nəinki bəyənlməz, əksinə, vacib və labüd hesab edilirdi[72].
- Musanın (ə) Allahla vədələşdirdiyi yerlərin sayı: Musa (ə) ilə Allah arasında olan vədələşmələrin sayının neçə olması təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Hər biri öz fikrini sübuta yetirmək üçün Quranın ayrı-ayrı hissələrinə əsaslanmışdır. Quran və hədislərdə olan faktların ümumi məcmusundan belə başa düşülür ki, Musanın (ə) Allahla bir vədələşməsi olmuşdur. Həmin vaxt da İsrail oğullarından bir dəstəsini götürüb vədələşdirilən yerə aparmışdır. Allah Tövratın lövhələrini həmin vaxt nazil etmiş və onunla danışmışdır. Məhz elə həmin vədələşdirilmiş yerdə göy gurultusu və ya zəlzələ baş vermiş, Musa və İsrail oğulları şzlərindən gedib yerə yıxılmışdılar[73].
- Həlak olanlar yenidən dirilirlər: Musanın (ə) bu cümləsi etiraz xarakteri daşımırdı. Əslində, o bununla Allahın lütf və mərhəmətini cəlb etmək istəyirdi. Bu davranışı ilə Allahın lütf və mərhəmətinə sığınaraq, yanlış istəklərinə görə məhv olmuş günahkarların yenidən dirilməsini istəyirdi. Çünki İsrail oğullarının onu yetmiş nəfərin ölümüdə ittiham edəcəyindən və nəticədə kafir olacaqlarından qorxurdu. Buna görə də Musa (ə) ağlaya-ağlaya, yalvara-yalvara deyir: “Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən?” Yəni səfehlərinə görə bir xalqı tamamilə məhv etmək Sənin mərhəmət və mehribanlığından uzaqdır. Çünki onların həlak olması İsrail oğullarının haqq yoldan azmasına səbəb olacaq. Sonra Musa (ə) Allaha “bu, Sənin sınağından başqa bir şey deyildir. Sən bununla istədiyini (layiq bildiyini) zəlalətə düçar edər, istədiyini (layiq gördüyünü) doğru yola yönəldərsən”, – deyərkən məqsədi bu olur ki, sınağa çəkdiyi bütün fərdləri həlak etmək Allahın ənənəsindən uzaqdır. Hər halda Musa (ə) istəyirdi ki, Allah həmin yetmiş nəfəri diriltsin, peyğəmbərini qövmünün iftirasından, İsrail oğullarını isə azğınlıqdan xilas etsin[74]. Ayə və hədislərin məcmusundan belə nəticəyə gəlmək olar ki, həlak olmuşlar nəhayət ki, yenidən dirilir və Musa (ə) ilə birlikdə İsrail oğullarına doğru geri dönürlər, gördüklərini camaata çatdırır, məlumatı olmayanları təbliğ edir, maarifləndirirlər[75].
- Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Biz Sənə tərəf dönmüşük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Rəhmətim hər şeyi əhatə edib. Onu təqvalı olanlara, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!
- Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) peyğəmbərə tabedirlər, onun hansı xüsusiyyətlərə malik olduğunu əllərindəki Tövrat və İncildən bilirlər. Onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal, təmiz olmayanları haram edər, onların ağır yükünü götürər və üzərlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlar nicat tapanlardır!”
- De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allahın ki,) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir məbud yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və təhsil görməmiş peyğəmbəri olan elçisinə iman gətirin və ona tabe olun ki, doğru yolu tapasınız!”
- Musanın ümməti arasında bir dəstə də vardır ki, onlar haqq yola doğru yönləndirir və haqq-ədalətlə hökm edirdilər.
——————————————————————————————
- Dünya və axirətdə yaxşılıq: “Dünyada və axirətdə yaxşılıq” deyilərkən dünya və axirətin pak, təmiz və gözəl həyatı nəzərdə tutulur. Allah yolunda addımlamaq, Allahın insan fitrətində qoyduğu yolda olmaq insanı dünya və axirətin pak, təmiz və gözəl yoluna yönləndirir[76].
- İlahi rəhmətin genişliyi: “İlahi rəhmətin genişliyi” deyilərkən bu dünyada hər kəsə verilmiş, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq, hər kəsin faydalandığı dünya nemətləri nəzərdə tutula bilər. Onunla maddi və mənəvi rəhmətlərə də işarə edilə bilər. Çünki mənəvi nemətlər yalnız bir xalqa, bir cəmiyyətə məxsus deyil. Baxmayaraq ki, bunun da müəyyən şərtləri var, həmin şərtlər olmadan şamiloma gerçəkləşmir. Ümumiyyətlə, ilahi rəhmət qapısı hər kəsin üzünə açıqdır. Sadəcə, insanlar özləri bu qapıdan keçməklə bağlı qərar qəbul edirlər. O qapıdan keçmək üçün lazım olan şərtləri özündə ehtiva etməyən insan günahı özündə axtarmalıdır. Bunu Allahın rəhmətinin məhdud olması kimi izah etmək düzgün deyil. Lakin tövbənin qəbul edilməsi, Allahın rəhmətinin geniş və ümumi olmasının qeyd-şərtsz və hesab-kitabsız olması təsəvvürünün qarşısını almaq üçün ayənin davamında Allah-taala belə buyurmuşdur: “Onu təqvalı olanlara… yazacağam”[77]. İmamlardan (ə) bizə gəlib çatmış hədislərdə Allah-taalanın rəhmətinin çox cüzi hissəsini bu dünyaya bəxş etdiyini, bütün yaradılış aləminin həmin rəhmətə xatir var olduğu, bütün rəhmətinin isə axirətdə möminlərə və təqvalılara şamil olacağı qeyd edilmişdir. Allahın rəhmət və mərhəmətinin çox böyük olması ilə bağlı gözəl və müjdələyici hədislər var. Peyğəmbər (s) buyurmuşdur: “Canım əlində olana and olsun! Allah Qiyamət günü elə mehribanlıq göstərib bağışlayar ki, İblis də ümidlənir ki, bəlkə Allah onu da bağışlasın.”[78]
- Ümmi peyğəmbər: Quranda “ümmi” anadan doğulduğu kimi qalan, yazıb-oxumağı bacarmayan, ilk doğulduğu gün yazıb-oxumağı bacarmadığı kimi, sonralar da bunu bacarmayan şəxsə deyilir. Bu söz fars dilində də təhsil almamış adam mənasını verir[79]. Peyğəmbərin (s) məktəbə getməməsi və heç nə yazmaması bütün tarixçilər tərəfindən yekdilliklə qəbul edilmiş bir məsələdir. Allah-taala da “Ənkəbut” surəsinin 48-ci ayəsində Peyğəmbərin (s) seçilməzdən əvvəlki vəziyyəti haqqında belə buyurur: “Bundan əvvəl sən əsla bir kitab oxumamış və öz əlinlə heç nə yazmamısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər.” Əgər Peyğəmbər (s) təhsil alsaydı, deyəcəkdilər ki, Quranı özü yazıb. Təhsilsiz olmasının hikməti onun peyğəmbərliyinin dəlillərindən idi, çağırış kontekstində Allah və metafizik aləmlə olan əlaqəsinə kölgə sala biləcək ehtimalları inkar edirdi. Əlbəttə, təhsil almamaqla savadsızlıq tamamilə ayrı-ayrı şeylərdir. Peyğəmbərin (s) yazıb-oxumağı insandan deyil, Allahdan öyrənməsinin heç bir problemi yoxdur. Çünki belə bir vərdiş şübhəsiz ki, insanı kamilləşdirən və peyğəmbərlik məqamını gücləndirən cəhətlərdəndir. Hədislərdə bu məsələyə işarə edilmişdir: “Peyğəmbər (s) həm yazmaq, həm də oxumaq bacarığına malik idi, lakin missiyası ilə bağlı cüzi də olsa, şübhə yaranmaması üçün bu bacarığından istifadə etməmişdir.”[80]
- Allahın sözləri: “Allahın sözləri” deyilərkən Allahın İslam peyğəmbəri (s) və digər peyğəmbərlərə göndərdiyi və əməl edilməsini vacib buyurduğu şəriət və ayinlər nəzərdə tutulur[81].
- Biz onları hər biri bir qəbilə olan on iki qrupa böldük. Qövmü ondan (səhrada) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Birdən-birə ondan on iki çeşmə qaynadı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Allaha şükür edin) dedik. Onlar (itaətsizlik göstərmək və zülm etməklə) Bizə yox, ancaq özlərinə zülm edirdilər!
- Onlara: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan istədiyiniz yerdə yeyin (faydalanın), “Allah, bizi bağışla” deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) təvazökarlıqla daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə daha çox mükafat verəcəyik”, – dediyimiz vaxtı xatırlayın!
- Lakin özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən bəla göndərdik.
- Onlardan dəniz kənarında yerləşən şəhər haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar (Allahın əmrindən çıxırdılar). Həmin vaxt şənbə (tətil, istirahət, ibadət) günü balıqlar (suyun səthində) görünür, şənbədən başqa günlərdə isə gəlmirdi. Bu şəkildə biz onları itaətsizliklərinə səbəb olan hadisə ilə imtahan etdik.
—————————————————————————————–
- Qəbilələr: Ayədə İsrail oğullarına verilmiş bir neçə ilahi nemətə işarə edilmişdir. Öncə belə buyurulur: “Biz onları hər biri bir qəbilə olan on iki qrupa böldük.” Bu bölgünün məqsədi onların ədalətli və düşmən münasibətlərindən kənar bir sistem vasitəsilə idarə edilməsi olmuşdur. Məlumdur ki, düzgün və nizam-intizamlı təsnifatlara malik, ayrı-ayrı qrupları layiqli başçılar tərəfindən idarə edilən bir cəmiyyətin idarə edilməsi daha asan və həmin cəmiyyətdə ədalətin bərqərar edilməsi daha rahat olar. Buna görə də bütün dünya ölkələrində bu prinsipdən istifadə etmək üçün səy göstərilir. “Əsbat” sözü “sibt” sözünün cəmidir, mənası övladlar, xüsusilə də nəvələrdir. Bir ailənin ayı-ayrı qollarına “sibt” və “əsbat” deyilir. Burada (əsbat) qəbilələr deyilərkən hər biri Yaqubun (ə) övladlarından törəmiş Bəni-İsrail qəbilələri nəzərdə tutulur[82].
- Mənn və səlva: Allahın İsrail oğullarına göndərdiyi “mənn” və “səlva” haqqında təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Çox böyük ehtimalla “mənn” ətraf dağlarda olan təbii bal növü və ya həmin səhrada bitən ağaclardan süzülən xüsusi şirə növüdür. “Səlva” göyərçin quşuna bənzəyən əti halal olan bir quş növüdür. Bunlar və bir neçə digər nemət Allahın Fironun qoşunlarının əlindən xilas olmuş və səhrada didərgin düşmüş İsrail oğullarına bəxş etidiyi hədiyyə idi[83].
- Təhrif edilmiş xilasedici söz: “Bəqərə” surəsinin 59-cu ayəsinə bax!
- Şənbə səhabələrinin məskunlaşdığı məkan: Bu ayədə İsrail oğullarının macəra dolu tarixinin başqa bir səhifəsinə işarə edilmişdir. Əlimizdə olan hədislərə əsasən deyə bilərik ki, işarə edilən hadisə dənizlərdən birinin (ehtimal ki, Qırmızı dəniz) sahilində İlə adlı (indi İlat adlanır) liman yaxınlığında yaşayan insanlar haqqındadır. Allah onları sınaqdan keçirmək üçün onlara şənbə günü balıq ovlamağı qadağan edir. Ancaq onlar bu əmri pozduqları üçün şiddətli əzaba düçar olurlar[84].
- Cəlbedici vasitələrlə imtahan edilmək: “Bu şəkildə biz onları itaətsizliklərinə səbəb olan hadisə ilə imtahan etdik” cümləsindən belə başa düşülür ki, Allah-taala onları insanı özünə cəlb edən, cazibəsi olan, itaətsizlik göstərməyə təhrik edən bir hadisə ilə sınağa çəkmişdir. Ümumiyyətlə, insanların və cəmiyyətlərin qarşılaşdığı bütün sınaqlar eyni səciyyəyə malikdir. Çünki ilahi sınaq insanın cazibələr qarşısındakı müqavimətinin miqyasını müəyyən etməlidir. Əgər günah insanı özünə tərəf çəkməzsə, sınağın heç bir mənası olmaz[85].
- Onlardan bir dəstə (başqa bir dəstəyə): “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, onların: “(Bu nəsihətlər) Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (nəticə çıxarıb, günahdan çəkinsinlər) təqvalı olsunlar!” – dedikiləri zamanı xatırla!
- Onlara edilən xəbərdarlıqları unutduqları zaman Biz pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətsizlik göstərdikləri üçün şiddətli bir əzaba düçar etdik.
- Qadağan olunduqları işdə itaətsizlik göstərdikləri vaxt onlara: “Qovulmuş meymunlara çevrilin!” – deyə əmr etdik.
- Rəbbinin Qiyamət gününədək onlara şiddətli əzab verəcək şəxs göndərəcəyini xəbər verdyi vaxtı (xatırla)! Çünki Rəbbinin cəzası sürətlidir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!
- Onları yer üzündə dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşılıq və pisliklərlə imtahan etdik ki, bəlkə (haqq yola) dönsünlər.
- Onlardan sonra yerlərini kitaba (Tövrata) sahib olan övladlar tutdu. (Ancaq bununla belə,) onlar bu dəyərsiz dünya malını götürüb deyirlər: “Biz (günahkarıqsa, tövbə edib) bağışlanacağıq!” Əgər əllərinə bunun misli qədər daha bir dünya malı gəlsə, onu da alarlar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı?! Onlar onu dəfələrlə oxuyublar. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
- Kitabdan (möhkəm) yapışanlar, namaz qılanlar (böyük mükafat alacaqlar, çünki) Biz əməlisalehlərin mükafatını zay etməyəcəyik!
——————————————————————————————–
- “Şənbə səhabələri”nin hiyləsi: Bu insanların qanun pozuntusuna nədən başlaması ilə bağlı təfsirçilər arasında fikir ayrılıqları mövcuddur. Bəzi hədislərdən belə məlum olur ki, onlar ilk qanun pozuntusuna dini hiylə işlədərək başlamışlar. Yəni dənizin sahilində bir hovuz düzəldib oradan dənizə arx açırlar. Şənbə günləri hovuzun yolunu açırdılar. Nəticədə dəniz suyu ilə birlikdə hovuza çoxlu sayda balıq daxil olurdu. Axşam vaxtı balıqlar dənizə qayıtmaq istədikdə suyun qarşısını kəsir, balıqların dənizə qayıtmasına mane olurdular. Sonra bazar günü hovuza dolmuş balıqları ovlayır, “biz şənbə günü ov etməmişik, yalnız onları hovuzda mühasirəyə almışıq” deyrdilər[86].
- Günahkarlar və onlara etiraz etməyənlərin həlak olması, pisdən çəkindirənlərin xilası: Bu ayədən belə başa düşülür ki, sahildə yaşayan əhali üç qrupa bölünmüşdü: birinci qrup heç bir qorxusuz günah və itaətsizlik edənlər; ikinci qrup itaətsizlik göstərməməklərinə baxmayaraq, günahkarlar qarşısında susan, onları günahlardan çəkindirməyən, üstəlik pislikdən çəkindirənlərə göstərdikləri fəaliyyətlərinin əbəs olduğunu, günahkarlara heç bir təsir göstərmədiyini deyib etiraz edənlər; üçüncü qrup isə Allahın əmrinə etina etməyib günah edənləri pis yoldan çəkindirən və Allah qarşısında məsuliyyət daşıdıqlarının fərqinə varan insanlar idi. Bu ayəyə əsasən, bu üç qrupdan (günahkarlar, sükut edənlər və nəsihət verənlər) yalnız üçüncü qrup ilahi əzabdan xilas olmuşdur. Hədislərə görə, onlar nəsihətlərinin heç bir təsir göstərmədiyini görüb narahat olmuş, şəhəri tərk etmək qərarına gəlmişdilər. Gecə vaxtı şəhəri tərk edib səhraya üz tutmuşdular. Elə məhz həmin gecə digər iki qrup ilahi əzaba düçar olmuşdu. Bu ayədə Allahın iki qanunundan birinə işarə edilmişdir. O da budur ki, əgər kimsə zülm və haqsızlığın qarşısını almasa və ya ən azı öyüd-nəsihət verməsə, nəhayət, zülm və fəsad mühitini tərk etməsə, həmin zülmkarlarla ortaqdır, onlar kimi əzaba məhkumdur. İmam Sadiqin (ə) “şənbə səhabələri” haqqında olan bir hədisində belə qeyd edilmişdir: “İki qrup həlak oldu, yalnız qadağa qoyan qrup xilas oldu.” Əlbəttə, metomorfoz cəzası ov edənlərə aid idi, günaha etiraz etməyənlərin cəzası isə ehtimal ki, həlak olmaq olmuşdur. Belə ki, metomorfoza uğramışlar da bir neçə gündən sonra həlak olmuşdular[87].
- Yəhudilər rahatlıq üzü görməyəcəklər: Təfsirçilər bu ayənin təfsiri ilə bağlı müxtəlif ehtimallar irəli sürmüşlər. Bəziləri hesab edir ki, burada itaətsizlik göstərən qrup nəzərdə tutulmuşdur. Onlar hətta dövlət qursalar da, yollarını dəyişməyincə, zülm və fəsaddan əl çəkməyincə rahatlıq tapa bilməyəcək, təzyiqlər altında olacaqlar, narahatlıqları əsla səngiməyəcək. Bəziləri hesab edir ki, burada “Bərzəx” aləminə işarə edilmişdir. “Qiyamət gününədək onlara şiddətli əzab verəcək şəxslər” deyilərkən Bərzəxdə onlara Qiyamətə qədər əzab verəcək mələklər nəzərdə tutulmuşdur[88].
- Nemətlər və çətinliklər Allaha doğru qayıdışın iki amili: “Onları yer üzündə dəstələrə parçaladıq” cümləsində yəhudilərin yer üzünə səpələnməsinə işarə edilmişdir. “Yaxşılıqlar” deyilərkən nemətlər, rifah, asayiş, “pisliklər” deyilərkən narahatlıqlar və təzyiqlər nəzərdə tutulur. Onlara şükür hissini aşılamaq, haqq yoluna qayıtmaları üçün bəzən onlara stimul, rifah və nemət bəxş etdik, bəzən onlara bəla göndərib çətinliklərə məruz qoyduq ki, qürur, təkəbbür, xudpəsəndlikdən əl çəkib öz acizliklərinin fərqinə varsınlar, nəticədə, bəlkə də ayılıb Allahın yoluna qayıtsınlar. Hər iki halda məqsəd onların haqq yola yönləndirilməsi və qaytarılmasıdır[89].
- (Xatırlayın) dağı onların başı üstünə kölgəlik kimi qaldırdığımız zaman onlar elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən möhkəm yapışın, orada olanları yada salın ki, təqvalı olasınız!” – demişdik.
- Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxardıb özlərini-özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – (deyə soruşdu), onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab verdilər. (Bunu ona görə etdi ki, məbada) Qiyamət günü: “Biz bundan qafil idik”;
- və ya: “Atalarımız bizdən əvvəl müşrik olmuşdular, biz də onlardan sonra gələn övladlar idik (onların yolunu getməkdən başqa çarəmiz yox idi). Bizi batilə uyanların törətdikləri əməllərə görəmi məhv edəcəksən?” – deyəsiniz.
- Biz ayələrimizi bu şəkildə izah edirik ki, onlar, bəlkə, qayıtsınlar (və bilsinlər ki, tövhd nidası onların ruhunda hələ ilk gündən mövcud olmuşdur).
- Onlara ayələrimizi verdiyimiz şəxsin əhvalatını oxu (danış). Amma o, bu ayələrin əhatəsindən çıxdı. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu.
- Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. (Məcburiyyət bizim ənənəyə xarakterik olmadığı üçün bunu etmədik.) Lakin o, aşağı meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da ağzını açıb dilini çıxaracaq, cummasan da. (Dünyaya o qədər hərisdir ki, ondan əsla döymaz.) Bu, ayələrimizi yalan hesab edən dəstənin məsəlidir. Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, düşünsünlər!
- Ayələrimizi yalan hesab edərək özlərinə zülm edən dəstənin barəsində çəkilən məsəl necə də pisdir!
- Allahın doğru yola yönəltdiyi şəxs (əsl) doğru yolda olan şəxsdir. Onun (etdiyi əməllərə görə) sapdırdığı şəxslər (əsl) ziyana uğrayanlardır.
—————————————————————————————–
- Tur dağının Bəni-İsrail xalqının başı üzərində olması: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Allah-taala Tövratı İsrail oğullarına göndərdikdə onlar Tövratı qəbul etmədilər. Buna görə də Allah-taala Turi-Sina dağını onların başı üzərinə qaldırdı. Bu vaxt Musa (ə) onlara dedi: “Əgər Tövratın göstərişlərini qəbul etməsəniz, bu dağ sizin üstünüzə düşəcək.” Yalnız bundan sonra onlar qəbul etdilər və onun qarşısında təslim oldular.”[90]
- Tövhid, fitrət dini: Bu və sonrakı iki ayədə fitri tövhidə və Allaha inamın insanların ruhunun dərinliklərində olmasına işarə edilir. Bu ayənin izahı haqqında çoxlu sayda fikir və rəylər mövcuddur. Ayənin daha məntiqli təfsirlərindən birində buradakı əhd-peymanla istedadlar aləminə, fitri sözləşməyə, yaradılışa və obyektivlik prinsipinə işarə edildiyi qeyd edilmişdir. Belə ki, Adəm övladları nütfə şəklində atalarının belindən ayrılıb analarının bətninə düşdükləri zaman zərrə şəklində olurlar. Həmin vaxt Allah bu zərrələrə tövhid həqiqətini dərk edəcək istedad və potensial bəxş edir. Bu ilahi sirr onların zatına və fitrətinə zati və daxili bir hiss, şüur və idraklarına isə şüurlu bir həqiqət şəklində əmanət edilir. Buna görə də bütün insan fərdləri tövhd ruhuna malikdirlər. Həm Allahın onlardan soruşduğu sualın, həm də insanların Allaha verdiyi cavabın dili obyektiv qanunlar sisteminə aiddir. Bu izaha görə, ayədəki sual-cavab forması və əhd-peyman fitri sözləşmə olmuşdur. Hər kəs bu fitrəti və onun təsirlərini ruhunda hiss edir. Hətta psixoloji araşdırmalara görə, dini hiss insanın şüuraltı psixikasının əsas hisslərindən biridir. Bəşəriyyəti bütün tarix boyu allahpərəstliyə sövq edən məhz həmin hissdir. Belə bir fitrət olduğu üçün insanların “atalarımız bütpərəst olublar” bəhanəsi tamamilə əsassızdır. “Rum” surəsinin 30-cu ayəsində belə buyurulmuşdur: “Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. İlahi yaradılışda dəyişiklik olmaz.”[91]
- Bələmi Baura: İmam Rza (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bu ayə Allahın “əzəmətli ad”ından xəbərdar olan və onunla istədiyi duanın qəbuluna nail olan, lakin sonradan nəfsinə uyub Firona meyl göstərən Bələmi Baura haqqındadır. Firon Musa (ə) və tərəfdarlarını ələ keçirmək üçün hərəkətə keçdiyi zaman Bələmə deyir: “Allahdan istə, Musa və yoldaşlarını bizim tələmizə salsın.” Bələm Musanı axtarıb tapmaq məqsədilə ulağına minir. Ulaq yerindən tərpənmir. Bələm heyvanı vurmağa başlayır. Allah heyvanı danışdırır və o deyir: “Vay olsun sənə! Nə üçün məni vurursan? İstəyirsən ki, səninlə birlikdə gedim və sən Allahın peyğəmbərinə və möminlərə nifrin edəsən?” Bələm onu o qədər çırpır ki, heyvan ölür. Bu vaxt “əzəmətli ad” ondan alınır. “Amma o, bu ayələrin əhatəsindən çıxdı…” ayəsində bu hadisəyə işarə edilmişdir.” İmam Baqir (ə) bu ayələr haqqında buyurmuşdur: “Əslində, bu ayələr Bələm haqqındadır. Allah-taala bu misalı nəfsani istəklərini ilahi hidayətdən üstün tutan hər bir müsəlmana meyar təyin etmişdir.”[92]
- Biz cinlərdən və insanlardan çoxunu şübhəsiz ki, Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri (ağılları) vardır, lakin onunla (düşünməzlər) anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz bunlardır!
- Allahın gözəl adları (əsmayi-hüsna) vardır. Allahı onunla (bu adlarla) çağırın. Onun adları barəsində təhrifə yol verənləri (o adları Allahdan qeyrisinə qoyub, Ona ortaq qoşanları) tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar!
- Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqqa yönləndirir, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
- Ayələrimizi yalan hesab edənləri tədricən bilmədikləri yerdən əzaba düçar edəcəyik.
- Mən onlara möhlət verirəm. Çünki Mənim tədbirim güclüdür. (Kimsə ondan yaxa qurtara bilməz.)
- Məgər (İslamı qəbul etməli olan kəslər) düşünmədilər ki, onların yoldaşında (Peyğəmbərdə) heç bir dəlilik əsər-əlaməti yoxdur? O, ancaq açıq-aydın qorxudandır! (İnsanlara öz vəzifələrini xatırladır.)
- Məgər onlar göylərin və yerin idarəçiliyinə, nizam-intizamına, Allahın yaratdıqlarına baxmadılarmı?! (Heç fikirləşmədilərmi ki,) bəlkə həyatlarının sonu yaxınlaşıb? (Bu aydın səmavi kitaba inanmadılarsa,) bundan sonra hansı sözə inanacaqlar?
- Allah hər kəsi (çirkin əməllərinin nəticəsi olaraq) doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyar!
- Səndən Qiyamət haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. (Hətta) göylərdə və yerdə ağırdır (çox əhəmiyyətlidir). O, sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar səndən (yenə) soruşarlar. De: “O, ancaq Allah dərgahında məlumdur, lakin insanların çoxu bilməz!”
—————————————————————————————-
- Cinlərin və insanların yaradılış məqsədi: Bu ayədə deyilir ki, “cinlərin və insanların çoxu Cəhənnəm üçün yaradılıb”. Ortaya belə bir sual çıxır: Cin və insanların çoxunun yaradılmasının məqsədi Cəhənnəm odudurmu? Halbuki Quranın digər ayələrində son məqsədin Allaha ibadət, tərəqqi, təkamül, ilahi rəhmət və səadətə çatmaq olduğu qeyd edilmşidir. Əgər Quranın ayələrini yanaşı qoysaq, sualın cavabı aydınlşacaq. Cinlərin və insanların yaradılmasının məqsədi ilə bağlı deyilmiş bu fikir, sanki dülgər “topladığım bu ağacların çoxu gözəl qapılar düzəltmək, qalan əksəriyyəti yandırılmaq və ocaq qalamaq üçündür. Sağlam, təmiz və saf olan ağacları birinci qeyd etdiyim məqsəd üçün, sağlam olmayan, pisxassəli, zəif ağacları və tikə-paraları ikinci məqsəd üçün istifadə edəcəyəm” deməsinə bənzəyir. Əslində, dülgərin iki məqsədi var: Əsas və ikinci dərəcəli məqsəd. Əsas məqsəd qapı və yaxşı vasitələr düzəltməkdir. O, bütün səy və fəaliyyətini məhz bu yolda sərf edir. Ancaq lazım olmayan, istifadəyə yaramayan ağacları yandırmaq üçün bir kənara qoyur. Bu isə dülgərin əsas deyil, ikinci dərəcəli məqsədidir. Bu misalla bizim mövzunun arasında mövcud olan yeganə fərq ağacların bir-birindən fərqlənməsinin qeyri-ixtiyari olması, insanların isə bir-birindən fərqlənməsinin onların özlərinin ixtiyari şəkildə etdikləri əməllərdən asılı olmasıdır. Başqa sözlə desək, Allah Quranın müxtəlif ayələrində buyurur ki, bütün insanları pak və təmiz yaratmış, xoşbəxtlik və təkamül səbəblərini hər kəsin ixtiyarına vermişdir. Ancaq bir qrup insan öz əməlləri ilə Cəhənnəm əzabına düçar olur, sonu zülmət və bədbəxtliklə nəticələnir. Başqa bir qrup insan isə öz əməlləri ilə cənnətlik olur, xoşbəxtlik və səadətə qovuşur[93].
- Gözəl adlar: Allahın gözəl adları deyilərkən Allahın hər biri gözəl olan ayrı-ayrı sifətləri nəzərdə tutulur. Bilirik ki, Allah alim, qadir, ruzi verən, adil, səxavətli, kərim və rəhimdir. Bunlardan başqa da gözəl sifətlərə malikdir. Əlbəttə, Allahın bu adlarla çağırılması deyilərkən məqsəd həmin adların təkcə dildə deyilməsi, “ey alim, ey qadir, ey rəhimlilərin rəhimlisi və s.”, – deyə çağırılması deyil. Əsl məqsəd bu adları insanın imkan daxilində öz varlığına hopdurması, Onun elminin ziyasının, qüdrət və qüvvəsinin işığının, sonsuz rəhmətinin insanlarda və cəmiyyətdə tətbiqidir. Başqa sözlə desək, Onun sifətləri ilə sifətlənməli, əxlaqı ilə əxlaqlanmalıyıq.
İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “And olsun Allaha, Allahın gözəl adları bizik”. İmam (ə) bu hədisində ilahi sifətlərin güclü işığının pak və məsum olan Əhli-beytin (ə) varlığında əks olunduğuna işarə etmişdir. Yəni onları tanımaq insanın Allahı tanımasına kömək edir. Məlumdur ki, Allahın bütün adları gözəldir. Hədislərə əsasən, onların arasındakı bəzi adlar daha əhəmiyyətlidir. Bəlkə də bu ayədə “gözəl adlar” deyilərkən məhz həmin sifətlər nəzərdə tutulmuşdur. Peyğəmbər (s) və imamlardan (ə) bizə gəlib çatmış hədislərdə Allahın 99 adının olması, həmin adlarla çağırıldıqda duaların qəbul olunması, onları sayanın Cənnətə gedəcəyi ilə bağlı hədislər nəql edilmişdir. Əlbəttə, nəzərə almalıyıq ki, bu hədislərdə məqsəd adların onların məzmununa diqqət yetirmədən təkcə oxunması deyil. Məqsəd insanların bu ad və sifətlərə etiqad bəsləməsi, sonra varlığında həmin adların məzmununu ehtiva edən ziyanı-nuru öz varlığında əks etdirməkdir. Məsələn, Allah səxavətlidirsə, deməli, biz də belə olmalıyıq. Bu cəhəti özünə aşılayan şəxs şübhəsiz ki, Cənnətlik olar, duaları da Allah tərəfindən qəbul edilər[94].
- De: “Mən Allah istəmədən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. (Allahın iradəsi xaricində qeybdən və gizli sirlərdən də xəbərdar deyiləm.) Əgər qeybdən xəbərdar olsaydım, özüm üçün daha çox xeyir tədarük edərdim və mənə pislik (ziyan) də toxunmazdı. Mən iman gətirən (haqqı qəbul etməyə hazır olan) bir tayfanı ancaq qorxudan və müjdələyənəm!”
- Sizi tək bir fərddən (Adəmdən) yaradan və ünsiyyət qurması (rahatlıq tapması) üçün öz cinsindən zövcəsini yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yük götürdü (hamilə oldu), buna baxmayaraq işlərinə davam etdi. Ağırlaşdığı vaxt hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir uşaq versən, şükür edənlərdən olarıq!” – dedi.
- Allah onlara (insanlara) saleh övlad verdikdə (digər varlıqların bu işdə təsirinin olduğunu güman edib) bu nemətə görə Allaha şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır!
- Ona heç bir şey yaratmayan, özləri də yaradılmış olan varlıqlarımı şərik qoşurlar?
- (Halbuki bunlar) nə onlara kömək edə bilər, nə də özlərinə!
- Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün eynidir, istər onları dəvət edin, istərsə də susun.
- Allahdan başqa ibadət etdikləriniz sizin kimi bəndələrdir. Əgər doğru deyirsinizsə, haydı, çağırın onları, sizə cavab versinlər. (İstədiklərinizi versinlər.)
- Onların (heç olmasa sizin özünüzdəki kimi) yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları varmı?! (Yox, əsla!) De: “Allaha şərik qoşduğunuz bütləri çağırın, Mənə qarşı tədbir tökün və bir an belə, möhlət verməyin!
———————————————————————————–
- Peyğəmbərlərin qeybi bilməsi Allahın bir nemətidir: Məhdud araşdırmaları olan, digər ayələri nəzərə almadan bir ayəyə səthi baxıb, hətta həmin o bir ayənin özündəki incə nüansları belə, diqqətdən qaçıraraq mühakimə yürüdən bəzi şəxslər bu ayəyə əsaslanaraq Peyğəmbərin (s) qeybdən xəbər verə biləcəyini inkar edirlər. Halbuki bu ayədə Peyğəmbərin (s) müstəqil şəkildə, Allahın iradəsi xaricində qeybdən xəbərdar ola biləcəyi inkar edilmişdir. Biz hər bir insanın özünün və başqalarının xeyir və ziyanlarının malik olduğunu bildiyimiz halda, bu ayədə Peyğəmbərin (s) müstəqil şəkildə özünə xeyir verə və ziyan vura biləcəyi inkar edilmişdir. Buna görə də ayənin “mən Allah istəmədən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm” cümləsi açıq şəkildə göstərir ki, burada məqsəd xeyir və ziyan üzərindəki malikiyyəti, habelə qeyb bilgisini qeyd-şərtsiz inkar etmək deyil. Burada əsas məqsəd müstəqilliyin inkarıdır. Başqa sözlə desək, Peyğəmbər (s) öz-özlüyündə heç nə bilmir, yalnız Allahın qeybdən verdiyi xəbərləri, ixtiyarına verdiyi sirləri bilir. “Cinn” surəsinin 26-27-ci ayələrində belə buyurulur: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa!”[95] Əqli cəhətdən də sübuta yetirilmişdir ki, peyğəmbər və imamlar (Allahın salamı olsun onlara) bəzi qeyb sirlərindən xəbərdar olmadan öz vəzifələrini tam şəkildə yerinə yetirə bilməzlər. Belə ki, istər zaman, istərsə də məkan baxımından peyğəmbər və imamların (Allahın salamı olsun onlara) məmuriyyət dairəsi çox geniş olmuşdur. Xüsusilə Peyğəmbərin (s) peyğəmbərlik, imamların (ə) imamlıq missiyasının ümumbəşəri və əbədi olması, yəni Qiyamətə qədər bütün yer üzü və bütün dünya insanlarına şamil olması bu fikri daha da gücləndirir.
Əgər bir vilayət valisi vilayətdəki insanların vəziyyətini, regionun imkanlarını, imtiyaz və məhrumiyyətlərini bilmədən həmin vilayəti idarə edərsə, oranın rəhbərliyinin öhdəsindən layiqincə gələ bilərmi? Şübhəsiz ki, xeyr. Bəs o zaman Qiyamətə qədər bütün bəşəriyyətə peyğəmbər seçilmiş bir peyğəmbər ona verilmiş missiya müddətinin son gününə qədər dünyadakı vəziyyətdən xəbərdar olmadan öz vəzifəsini necə icra edə bilər? Şübhəsiz ki, onlar adi vasitələrlə bütün əsrlərdən xəbər tuta bilməz, bütün xalqlar və millətlərdən xəbərdar ola bilməzdilər. Buna görə yeganə yol Allahın təlimi ilə qeybdən xəbərdar olmaqdır. Bundan əlavə, onların rəhbərlik missiyası cəmiyyətin zahir və batininə, insanların xaricinə və daxilinə şamil olur, təkcə həyatın zahiri yönü ilə məhdudlaşmır. İmam Sadiq (ə) hədislərinin birində ravilərdən birinə xitabən belə buyurmuşdur: “Sən Allahın Öz bəndələrinə onların sirlərindən xəbərdar olmayan bir rəhbər və bir xəlifə təyin etməsinin mümkün ola biləcəyinimi fikirləşirsən?” Bu məzmun o həzrətin başqa bir hədisində daha aydın şəkildə ifadə edilmişdir: “Allahın bir bəndəni Özünün yer üzündəki dəlili təyin edib bütün ehtiyaclarının ondan gizlətdiyini güman edən şəxs Allaha iftira atmışdır.”[96]
- Saleh övlad Allahın nemətidir: “Bir fərd və zövcəsi” deyilərkən Adəm (ə) və Həvva deyil, cins mənasında kişilik və qadınlıq nəzərdə tutulmuşdur. Yəni Allah sizin zövcələrinizi sizin cinsinizdən yaratdığı kimi, hamınızı da eyni növdən yaratmışdır. Bu və sonrakı ayələrdə övlad gözləyərkən əllərini dua etmək üçün qaldırıb Allahdan saleh və layiqli övlad istəyən, hər kəs kimi çətinlik və təhlükə ilə qarşılaşdıqları zaman tam səmimiyyətlə Allaha dua edən, istədikləri həyata keçəcəyi təqdirdə şükür edəcəkləri ilə bağlı Onunla əhd-peyman bağlayan, lakin övladı olduqdan və ya problem və çətinlikləri həll olduqdan sonra bütün əhd-peymanlarını unudan insanlara işarə edilmişdir. Bəzən deyirlər ki, əgər övladımız sağlam və gözəldirsə, ata-anasına çəkib, bu, uşağa irsən keçib. Bəzən deyirlər ki, qidalanması və şəraiti yaxşı olub, filan məhsulların sayəsində belə olub. Bəzən ibadət etdikləri bütlərə üz tutaraq deyirlər: “Övladımız bütlərin nəzarləri altında olub” və s. Bununla da Allahın rolunu tamamilə unudur, onlara bəxş edilən nemətin əsas səbəbkarının təbiət amilləri və ya uydurma tanrılar olduğunu güman edirlər[97].
- Mənim hamim kitabı nazil edən Allahdır. O, bütün əməlisalehlərə himayədarlıq edər!
- Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”
- Əgər siz onları doğru yol göstərmələri üçün çağırsanız, eşitməzlər. Sən onların sənə baxdıqlarını, lakin görmədiklərini görərsən.
- Sən onlarla mülayim davran, üzrlərini qəbul et, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!
- Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Allah eşidəndir, biləndir!
- Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı, Onun mükafat və cəzasını) xatırlayar və (Onu xatırlamaq sayəsində haqq yolu görər) dərhal görən olarlar.
- (Şeytanlardan olan) qardaşları (Allahdan qorxmayanları) durmadan azğınlığa sürükləyər, əllərindən gələni əsirgəməzlər.
- Sən onlara bir ayə gətirmədiyin zaman: “Nə üçün sən özün onu uydurmadın?” – deyə soruşarlar. De: “Mən ancaq mənə vəhy edilənə tabe oluram. Bu, Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlil, iman gətirən bir tayfa üçün hidayət və mərhəmət mənbəyidir.
- Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm edilsin!
- Rəbbini səhər-axşam ürəyində yalvararaq, qorxaraq, səsini qaldırmadan yad et və qafillərdən olma!
- Rəbbinin yanında olanlar (Allaha yaxın olanlar) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Ona təsbih deyər, səcdə edərlər!
———————————————————————————
- Rəhbər və təbliğatçıların dörd mühüm vəzifəsi: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə əxlaq mövzusunda Quranda bundan daha əhatəli bir ayə olmadığı qeyd edilmişdir. Bəzi hədislərdə qeyd edilir ki, bu ayə nazil olandan sonra Peyğəmbər (s) Cəbraildən (ə) insanlarla mülayim davranmaq və çətinliyə salmamağın mənasını soruşduqda Cəbrail (ə) deyir: “Ey Mühəmməd, Allah sənə zülm edənləri əfv etməyi, məhrum edənləri bağışlamağı, səndən əlaqələrini kəsənlərlə əlaqə yaratmağı əmr edir.”[98] Bu və sonrakı ayədə Peyğəmbərin (s) simasında rəhbər və təbliğatçıların üzərinə düşən dörd vəzifəyə işarə edilmişdir. Başlanğıcda mülayim davranmaq, çətinliyə salmamaq, üzrləri qəbul etmək göstərişi verilir. Təbii ki, rəhbər və təbliğatçı çox ciddi olarsa, çox çəkməz ki, cəmiyyət onu tərk edər və o, qəlblərdəki yerini itirər. Sonra Peyğəmbərə (s) insanları yaxşılığa çağırmaq göstərişi verilir. Bununla həm də ciddiliyin tərk edilməsinin yaltaqlıq olmadığına işarə edilir. Rəhbər və təbliğatçılar bütün həqiqətləri olduğu kimi deməli, insanları haqqa dəvət etməli, heç nəyi əsirgəməməlidirlər. Üçüncü mərhələdə cahil və nadanlar qarşısında dözümlü olmaq göstərişi verilir. Çünki rəhbərlər və təbliğçilər öz yollarında təəssübkeş, inadkar, cahil, əxlaqsız insanlarla qarşılaşırlar. Bu çətinliklərə qalib gəlməyin yolu cahillərlə polemikaya girmək deyil. Bu zaman ən yaxşı yol dözümlü və hövsələli olmaq, onları görməzdən gəlməkdir. 200-cü ayədə dini rəhbərlərin və təbliğatçıların dördüncü vəzifəsinə işarə edilmişdir. O da Şeytanın vəsvəsələri qarşısında Allaha sığınmaq, Ondan yardım istəməkdir. Çünki şeytanların vəsvəsələri onların yolları üzərində özünü məqam, mal, şöhrət və bu kimi formalarda göstərir. Şeytan və şeytansifətlər vəsvəsə edərək onları yoldan çıxarmağa səy göstərirlər[99].
- Günahla qarşılaşdıqda Allahı xatırlamaq insanın ruhuna nur bəxş edir: İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir o həzrətdən bu ayə haqqında soruşduğunu, onun isə belə cavab verdiyini nəql edir: “Günah etməyi qərara alan, lakin Allahı xatırlayıb həmin günahdan əl çəkən bəndəyə işarə edilmişdir.”[100] “Allahı xatırlayarkən gözləri açılar, haqqı görərlər” cümləsinə gəlincə, şeytani vəsvəsələr insanın batininə pərdə çəkir. Nəticədə, insan yolu quyudan, dostu düşməndən, yaxşını pisdən ayırd edə bilmir. Lakin Allahı xatırlamaq insana ayıqlıq, işıq, həqiqətləri müəyyən edə bilmək gücü verir. Bu tanıma və bilmə Şeytanın vəsvəsələrindən xilas olmaqla nəticələnir[101].
- Quran oxunduqda susmaq lazımdır: Quran oxunarkən susub onu dinləmək savabdır. Yəni bir nəfər Quran oxuyarsa, başqaları harada və hansı vəziyyətdə olmalarından asılı olmayaraq sükut edib ona qulaq assınlar, öz həyatlarında ondan ilham alsınlar. Quran təkcə qiraət kitabı deyil, düşüncə, dərk və əməl kitabıdır. Bu ayədəki müstəhəb əmrə o qədər təkid edilmişdir ki, hətta bəzi hədislərdə onun vacib olduğu vurğulanmışdır[102].
[1] Nümunə, c.6, səh.75
[2] Nümunə, c.6, səh.79
[3] Nümunə ,c.6, səh.91
[4] Nümunə, c.6, səh.99
[5] Nümunə, c.6, səh.106
[6] Əl-Mizan, c.8, səh.32
[7] Nümunə, c.6, səh.123
[8] Əl-Mizan, c.8, səh.71
[9] Əl-Mizan, c.8, səh.71
[10] Əl-Mizan, c.8, səh.139
[11] Əl-Mizan, c.8, səh.142
[12] Nümunə, c.6, səh.189
[13] Pəyame-Quran, c.6, səh.556
[14] Nümunə, c.6, səh.200; Pəyame-Quran, c.2, səh.165
[15] Nümunə, c.6, səh.206
[16] Təfsiri-Kaşif, c.4, səh.171
[17] Nümunə, c.6, səh.216
[18] Əl-Mizan, c.8, səh.176
[19] Əraf surəsinin 65, 73, 85-ci ayələri
[20] Nümunə, c.6, səh.219
[21] Nümunə, c.4, səh.226
[22] Nümunə, c.6, səh.229; Əl-Mizan, c.8, səh.183
[23] Əl-Mizan, c.8 ,səh.183
[24] Nümunə, c.6, səh.235
[25] Əl-Mizan, c.8, səh.185; Təfsiri-mövzui, c.6, səh.321
[26] Nümunə, c.6, səh.237
[27] Nümunə, c.6, səh.220
[28] Nümunə, c.6, səh.238
[29] Təfsiri-mövzui, c.6, səh.384
[30] Əl-Mizan, c.8, səh.188
[31] Nümunə, c.6, səh.245
[32] Ətyəbül-bəyan, c.5, səh.376
[33] Nümunə, c.24, səh.300 və c.9, səh.181
[34] Əl-Mizan, c.8, səh.191
[35] Əl-Mizan, c.8, səh.192
[36] Əl-Mizan, c.8, səh.195
[37] “Əl-Mizan” təfsirinə istinadən, c.8, səh.195
[38] Nümunə, c.10 ,səh.295
[39] Nümunə, c.7, səh.88
[40] Nümunə, c.10, səh.298
[41] Qamusi-Quran, “fəth” sözü
[42] Məcməül-bəyan, c.4, səh.305
[43] Nümunə, c.6, səh.266
[44] Təfsiri-mövzui, c.11, səh.154
[45] Nümunə, c.6, səh.266
[46] Nümunə, c.6, səh.273
[47] Kafi, c.2, səh.94
[48] Nümunə ,c.6, səh.272
[49] Ətyəbül-bəyan, c.5, səh.408
[50] Əl-Mizan, c.8, səh.218
[51] Ətyəbül-bəyan, c.5, səh.412
[52] Nümunə, c.6, səh.292
[53] Nümunə, c.6 ,səh.293
[54] Nəhcül-bəlağə, 4-cü xütbə
[55] Nümunə, c.6, səh.300
[56] Nümunə, c.6, səh.305
[57] Əl-Mizan, c.8, səh.227
[58] Nümunə, c.6, səh.309
[59] Nümunə, c.6, səh.316
[60] Ətyəbül-bəyan, c.5, səh.435
[61] Əl-Mizan, cş8 ,səh.233
[62] Əl-Mizan, cş8 ,səh.233
[63] Əl-Mizan, c.8, səh.238
[64] Nümunə, c.6, səh.340
[65] Nümunə, c.6, səh.343
[66] Nümunə, c.6, səh.356
[67] Nümunə, c.6, səh.363
[68] Nümunə, c.6, səh.363
[69] Nümunə, c.6, səh.264
[70] Nümunə, c.6, səh.371
[71] Nümunə, c.6, səh.376
[72] Nümunə, c.6, səh.377
[73] Nümunə, c.6, səh.399
[74] Əl-Mizan, c.8, səh.277
[75] Nümunə, c.6, səh.391
[76] Əl-Mizan, c.8, səh.279
[77] Nümunə, c.2, səh.393
[78] Əl-Mizan, c.8, səh.295
[79] Mənşuri-cavid,c.7, səh.248
[80] Nümunə, c.6, səh.400
[81] Əl-Mizan, c.8, səh.290
[82] Nümunə, c.6, səh.411
[83] Nümunə, c.6, səh.412
[84] Nümunə, c.6, səh.418
[85] Nümunı, c.6, səh.419
[86] Nümunə, c.6, səh.422
[87] Nümunə, c.6, səh.423
[88] Nümunə, c.6, səh.430
[89] Nümunə, c.6, səh.430
[90] Təfsiri-Qummi, c.1, səh.247
[91] Nümunə, c.7, səh.4
[92] Əl-Mizan, c.8, səh.342
[93] Nümunə, c.7, səh.19
[94] Nümunə, c.7, səh.28-32
[95] Nümunə, c.7, səh.46
[96] Pəyame-Quran, c.7, səh.254
[97] Nümunə, c.7, səh.51
[98] Məcməül-bəyan, c.4, səh.415
[99] Nümunə, c.7, səh.62
[100] Əl-Mizan, c.8, səh.389
[101] Nümunə, c.7, səh.67
[102] Nümunə, c.7, səh.70