Tarixi məlumatlar

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb?

Übeydullah ibn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin (ə) boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı. Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir: 1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır. 2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur. 3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir. Mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir