“Ənam” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Həmd göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha məxsusdur! Lakin kafirlər öz Rəblərinə bənzər və şərik qoşurlar. (Halbuki dünya Onun təkliyini sübut edən dəlillərlə doludur.)
- Sizi palçıqdan yaradan, sonra əcəl (bir müddət) təyin edən Odur. Allahın yanında qaçılmaz bir əcəl də vardır. Bütün bunlara baxmayaraq, siz yenə də şübhə edirsiniz!
- Göylərdə və yerdə Allah yalnız Odur![1] Sizin gizlində və aşkarda nəyiniz varsa, nə edirsinizsə (hamısından) xəbərdardır!
- Onlara Rəblərinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər!
- Onlara haqq gəldiyi zaman onu yalan hesab etdilər. Ancaq tezliklə məsxərəyə qoyduqlarının xəbərləri onlara gəlib çatacaq! (Əməllərinin nəticəsindən xəbərdar olacaqlar.)
- Məgər onlardan əvvəl neçə-neçə ümməti məhv etdiyimizi görmədilərmi? Onlara sizə vermədiyimiz imkanları (qüvvəti) vermişdik. Onlara bol yağışlar göndərmiş, (evləri, sarayları və bağ-bağatlarının) altından çaylar axıtmışdıq. Onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq.
- Əgər sənə kağız üzərində bir məktub nazil etsək və onlar əlləri ilə ona toxunmuş olsalar belə, kafirlər yenə də: “Bu, açıq-aşkar bir sehrdir”, – deyərlər.
- Onlar dedilər: “Nə üçün ona bir mələk endirilmədi?” Əgər Biz bir mələk göndərsək, iş bitmiş olacaq və onlara möhlət verilməyəcək.
—————————————————————————————–
“Ənam” surəsinin ümumi məzmunu: Təkallahlıq inancı və şirkin inkar edilməsi bu surənin əsas məzmununu təşkil edir. Allahın tək olduğuna inanmaq deyilərkən insanın Rəbbinin bütün aləmlərin Rəbbi olması, hər şeyin Onun tərəfindən gəlməsi və Ona tərəf qayıdacağı, bəndələrini haqq dinə doğru yönəltmək üçün onlara Allahın rəhmət müjdəsini verən, qəzəb və əzabı ilə qorxudan peyğəmbərlər göndərdiyinə inanması nəzərdə tutulur. Bu surənin ayələrinin çoxu müşriklərə qarşı yönəlmiş dəlillərdən, təkallahlıq, məad (ölüb-dirilmək) və peyğəmbərlik prinsiplərindən bəhs edir. Əlbəttə, dini vəzifələrə və qadağalara da ümumi şəkildə işarə edilir[2].
- İşıq və zülmət: Bu ayədən belə başa düşülür ki, nur Allahın məxluqu olduğu kimi, zülmət də onun məxluqudur. Halbuki görkəmli filosof və alimlər hesab edirlər ki, zülmət işığın olmamasıdır. Yəni zülmət və qaranlıq öz-özlüyündə mövcud olmur, onu yaratmaq da olmaz. Bəs o zaman nə üçün bu ayədə zülmət Allahın yaratdıqlarından hesab edilmişdir? Əvvəla, onu qeyd etməliyik ki, zülmət deyilərkən hər zaman qaranlıq nəzərdə tutulmur. Adətən gur və güclü işıq qarşısında çox zəif olan işığa da zülmət deyilir. Deməli, ayənin məzmunundan belə başa düşülür ki, Allah insanlar üçün gündüzün işığını və gecənin qaranlığını (güclü və zəif işıq) yaradıb. Belə olan halda, zülmət burada Allahın yaratdıqlarından olur. İkincisi, mütləq zülmətin yoxluq olması düzgündür. Lakin mövcud olmayan bir anlayışın xüsusi bir şəraitdə var olan anlayışdan qaynaqlanması danılmazdır. Yəni mütləq zülməti xüsusi bir şəraitdə müəyyən məqsədlər üçün yaradan insan mövcudluq vasitələrindən istifadə etməlidir. Məsələn, biz çəkilmiş şəkili çıxartmaq üçün bir neçə anlığa otaqda qaranlıq yaratmaq istəsək, bir neçə anlığa işığın qarşısını kəsməliyik. Belə olan halda zülmət də yaranmış hesab edilir[3].
- Əcəl və onun növləri: Şübhəsiz ki, burada “əcəl” və “qaçılmaz əcəl” fərqli-fərqli anlayışlardır. Buna görə də təfsirçilər bu fərqlər haqqında mübahisələr etmişlər. Ayələr və Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, bu ikisinin fərqi ondadır ki, əcəl təklikdə qaçılmaz olmayan ömür, vaxt və müddətə deylir, qaçılmaz əcəl isə qaçılmaz olan ömür və müddətə deyilir. Başqa sözlə desək, qaçılmaz əcəl təbii ölüm, əcəl isə tez baş verən ölümə deyilir. Yəni insanın yaşaması və ömür sürməsi üçün lazım olan bütün şərtlər mövcud olarsa və bütün maneələr aradan qalxarsa, bədən quruluşu onun uzun müddət (məsələn, 80 il) yaşamasını təmin edə bilər. Lakin qəza və ya intihar səbəbilə insan 40 yaşında ölə bilər. Deməli 80 yaş qaçılmaz əcəl, 40 yaş isə əcəldir. Əcəlin bu iki növünün mənasına aydınlıq gəldikdən sonra bir çox məsələlər məlum olur. Hədislərdə oxuyuruq ki, qohumları ziyarət ömrün uzanmasına, qohumlarla əlaqənin kəsilməsi ömrün qısalmasına səbəb olur. Burada əcəl və ömür deyilərkən qaçılmaz olmayan əcəl nəzərdə tutulur. İstənilən halda hər iki əcəlin Allah tərəfindən təyin edildiyini nəzərdən qaçırmamalıyıq. Bunlardan biri qeyd-şərtsiz, digəri isə müəyyən şərtlər çərçivəsində baş verir. Nümunə üçün deyə bilərik ki, bu işıq heç bir qeyd-şərtsiz iyirmi saatdan sonra sönəcək. Ancaq tufan qopa və həmin işıq iki saatdan sonra sönə bilər. Allah-taala insanlar və millətlərin də heç bir maneə olmayacağı təqdirdə müəyyən zamana qədər yaşamasını istəyir. Amma ortaya hər hansı maneə (günah, tənbəllik, səhlənkarlıq) çıxdıqda müəyyən edilmiş zamandan əvvəl sıradançıxma baş verə bilər[4].
- Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik, hökmən onu bir insan qiyafəsində göndərər və onlar başqalarını şübhəyə saldıqları kimi, Biz də onları şübhəyə salardıq.
- (Narahat olma.) Səndən əvvəlki peyğəmbərləri də məsxərəyə qoymuşdular. Lakin onları məsxərəyə qoyduqlarının özü məhv etdi.
- De: “Yer üzünü dolaşın və sonra görün ki, (ilahi ayələri) yalan hesab edənlərin aqibəti necə oldu?!”
- De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O, rəhimli olmağı Özünə vacib etmişdir. Olacağına heç bir şək-şübhə olmayan Qiyamət gününə sizi şübhəsiz ki, toplayacaqdır. Yalnız özlərinə ziyan vuranlar, iman gətirməzlər!
- Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, eşidəndir, biləndir.
- De: “Mən göyləri və yeri yaradan, hamını yedirdib Özü yeməkdən uzaq olan Allahdan başqasını özümə rəhbər və himayəçimi seçim?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və (Allah mənə) müşriklərdən olma!” (deyə əmr etdi).
- De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (Qiyamət gününün) əzabından qorxaram”.
- O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (zəfərdir).
- Əgər Allah sənə bir sıxıntı versə, (səni Ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!
- O, Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
——————————————————————————————–
- Peyğəmbərin insanlarla eyni cinsdən olması: Bu ayəyə əsasən, insanlara rəhbərlik etməsi və onlara nümunə olması üçün peyğəmbərin insanlardan olması, bütün insani xüsusyyətlərə və instinktlərə malik olması vacibdir. Çünki mələk insanların gözünə görünməməklə yanaşı, əməli cəhətdən onara nümunə də ola bilməz. Çünki nə onların ehtiyac və dərdlərindən xəbərdardır, nə də instinkt və istəkləri ilə tanışdır. Buna görə də insanlara rəhbərlik etmək üçün uyğun deyil. Bilməliyik ki, “hökmən onu bir insan surətində göndərərdik” cümləsində təkcə insanın zahiri forması nəzərdə tutulmamışdır. Bu cümlə onun həm zahirən, həm də daxilən insan olmasını ifadə edir. Sonra Allah onların “nə üçün insanı rəhbər təyin edib həqiqəti bizdən gizlətdin?”, – deyə yenə də öz əvvəlki etirazlarında qaldıqlarını bildirir[5].
- Qayıdış, ilahi rəhmətin vacib şərtidir: Allah-taala “rəhmət və bağışlamağı Özünə vacib etmişdir” cümləsi ilə qayıdış və ölümdən sonrakı dünyanın olması mövzusuna toxunmuşdur. Rəhmət və bağışlamağı Özünə vacib etmiş Allah ölümün insanların həyatına son qoymasına, təkamülün və həyatın davam etməməsinə icazə verərmi? Bu, Onun sonsuz rəhməti ilə uyğunluq təşkil edirmi? O, sahibi və hamisi olduğu bəndələrinə qarşı rəhimsizlik göstərib bir müddətdən sonra onları puçluğa və heçliyə məhkum edərmi? Şübhəsiz ki, xeyr. Onun geniş rəhməti varlıqların, xüsusilə insanın təkamül yolunda irəliləməsini tələb edir. Allah-taala Öz rəhməti sayəsində kiçik və dəyərsiz bir toxumu qol-budaqlı, məhsuldar bir ağaca və gözəl bir gülə, lütfkarlıq edib çox qiymətsiz bir nütfəni kamil bir insana çevirdiyi kimi, bu rəhməti Onun əbədi həyat və qalıcılıq qabiliyyəti olan insanı öldükdən sonra daha böyük bir aləmin həyat libasına bürüməsini, bu əbədi təkamül yüksəlişində rəhmət əlini onun çiyninə qoymasını tələb edir. Burada deyə bilərik ki, əbədi həyat yalnız rəhmətə layiq görülmüş insanlar üçündür. Lakin qeyrilərinin nəsibi yalnız bədbəxtlik və sıxıntı olacaq. Şübhə yoxdur ki, Allahın işi insanlar üçün rəhmət zəmini yaratmaqdır. O, insanı yaradıb ona ağıl verdi, onu yönləndirmək, ona rəhbərlik etmək üçün peyğəmbərlər göndərdi, müxtəlif nemətlər bəxş etdi, əbədi həyata doğru gedən yolu hər kəsin üzünə açdı. Bunlar hamısı istisnasız rəhmətdir. İndi əgər insan bu rəhmət vasitələrinin nəticə verməsi istiqamətində irəliləməyib yolunu əyərsə, bütün rəhmət vasitələrini özünə işkəncə və zəhmətlə əvəz edərsə, bu davranış əsla həmin rəhmət vasitələrinə xələl gətirə bilməz. Bütün qınaqların hədəfi rəhmət vasitələrini əzaba çevirən insandır[6].
- Həqiqi müflislər: Bu ayədə maraqlı bir ifadə işlədilmişdir. Bəzən insan malını, vəzfəsini və ya bu sərmayələrindən birini itirir. Qeyd olunan məqamlarda insanın itirdikləri onun varlığının tərkib hissəsini təşkil etmir. Lakin ən böyük və həqiqi ziyan insanın əsl varlığını itirməsidir. Haqq düşmənləri və inadkar insanlar ömür, ağıl, fitrət, haqq yolunda istifadə ediləcəyi təqdirdə, insanı kamilliyin layiqli zirvəsinə qaldıra biləcək bütün fiziki və mənəvi nemətləri tamamilə itirirlər. Nəticədə, nə sərmayə qalır, nə sərmayədar. Bu ifadəyə Quranın bir çox ayələrində rast gəlmək olar. Bunlar haqqı inkar edənlərin və çirkaba bulaşmışların acı sonunu açıb göstərən təkanverici məzmunlardır[7].
- De: “Ən üstün şahidlik kimin şahidliyidir? (Özün də cavab ver və) de: Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və onun yetişəcəyi bütün insanları xəbərdar edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğunamı şahidlik edirsiniz?” De: “O, tək bir tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan uzağam!”
- Kitab verilmiş şəxslər onu (Mühəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Yalnız varlıqlarının sərmayəsini əllərindən vermiş şəxslər iman gətirməzlər!
- Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
- O gün (Qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “Allaha tay tutduğunuz tanrılarınız haradadır?! (Nə üçün köməyinizə gəlmirlər?!)
- Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.
- Gör onlar özlərinə necə yalan deyirlər! Yalandan Allaha tay tutduqlarını da əldən verəcəklər!
- Onların bir qrupu səni dinləyər, lakin onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar bütün doğru əlamətləri görsələr də, ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bunlar qədimlərin əfsanələrindən başqa bir şey deyildir!”, – deyərlər.
- Onlar digərlərini ondan (Qurandan) uzaqlaşdırar, özləri də ondan uzaq durarlar. Onlar yalnız özlərini məhv edər, amma anlamazlar.
- Kaş odun qarşısında dayandıqları zaman sən onların: “Kaş ki, (yenidən dünyaya) qaytarıla, Rəbbimizin ayələrini yalan hesab etməyə və möminlərdən olaydıq!” – demələrini görəsən!
——————————————————————————————–
- Ən yüksək şahidlik: Şahdliyn iki əsas şərti var: 1. Məlumatdan olduğu kimi xəbərdar olmaq; 2. Açıq-aydın şəkildə ifadə etmək. Buradan belə başa düşülür ki, fərdlərin şahidliyinin qiyməti onların məlumatı dərketmə miqyasından, məlumatı bəyan etmə gücündən və həmin məlumatın özünün aydınlıq dərəcəsi ilə ölçülür. Yaddaşı zəif olan adamla hafizəsi güclü olan insanın şahidliyi, ağlı başında olmayan insanla huşu başında olan adamın şahidliyi arasında böyük fərq var. Bütün varlıq aləmini yaratmış və onların bütün sirlərindən xəbərdar olan, bütün yaranmışların hakimi, yerdə və göylərdə heç bir zərrədən xəbərsiz olmayan bir varlığın şahidliyi ən böyük və ən mühüm şahidlikdir. Allahın tək olması əqli dəlillərlə sübuta yetsə də, Quranın Allah tərəfindən nazil olması bizə qəti şəkildə aydın olduğu və Allah-taala Özünün Quranda tək olduğunu şahidlik etdiyi üçün bu şahidliyi qəbul edir və ona istinad edirik. İmam Baqir (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Müşriklər İslamın ilk illərində, yəni Peyğəmbər (s) Məkkədə olduğu vaxt, ona dedilər: “Ey Mühəmməd, Allah bizə peyğəmbər göndərmək üçün səndən başqa adam tapmadı ki, səni göndərdi? Düşünmürük ki, kimsə sənin dediklərini təsdiq etsin. Biz sənin haqqında yəhudi və xristianlardan soruşduq. Onlar da məlumatsız olduqlarını bildirib dedilər: “Bizdə olan kitablarda o kişi haqqında məlumat verilməyib.” Buna görə də öz peyğəmbərliyin üçün bir şahid gətirməlisən.” Peyğəmbər (s) buyurdu: “Allah mənimlə sizin aranızda şahiddir.”[8]
- İslam peyğəmbərinin (s) çağırışının cahanşümul olması: Ayənin “bu Quran mənə sizi və onun yetişəcəyi bütün insanları xəbərdar edib qorxutmağım üçün vəhy olundu” cümləsi İslam peyğəmbərinin (s) peyğəmbərliyinin Qiyamətə qədər cahanşümul və ümumbəşəri olacağını göstərir. Yəni Peyğəmbərin (s) zamanından başlayaraq, Quranı onun özündən eşidib-eşitməməsindən, dillərinin Quran dili ilə eyni olub-olmamasından asılı olmayaraq, bütün insanlar İslam peyğəmbərinin (s) dininə və Qurana tabe olmalıdırlar. Çünki Quran ərəbdillilər üçün qanun kitabı olduğu kimi, tərcümə və təfsir vasitəsilə ərəbdilli olmayanlar üçün də qanundur. Tarixi mənbələrin yazdığına görə, Peyğəmbər (s) məktublar vasitəsilə ərəbdilli olmayan Misir, Həbəşistan, Roma və İran dövlətlərinə xəbər göndərib onları İslama dəvət etmişdir. Bundan əlavə, İslamın ilk illərində ana dilləri Quranın dili ilə fərqlənən bəzi insanlar İslamı qəbul etmişdilər. Salman Farsi, Bilal Həbəşi və Süheyb Rumini misal göstərmək olar. İmam Sadiq (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Yəni hansı dildə olurlarsa olsunlar.”[9]
- Kitab əhlinin Peyğəmbəri (s) tanıması: Deyilənə görə, ikinci xəlifə Ömər ibn Xəttab müsəlman olmazdan əvvəl bir gün yəhudilərin böyük alimlərindən olmuş Abdullah ibn Salama deyir: “Mühəmmədi öz kitabınıza əsasən (Tövratdan) tanıyırsınızmı?” O deyir: “And olsun Allaha, öz uşaqlarımızı başqa uşaqların arasında görüb tanıdığımız kimi, onu da sizin aranızda görən kimi Allahın bizə xəbər verdiyi xüsusiyyətlər əsasında tanıyırıq. Abdullah ibn Salamın and içdiyi Allaha and içirəm ki, Mühəmmədi oğlumdan yaxşı tanıyıram.”[10]
- (Onlar, əslində, peşman deyillər.) Sadəcə, daha öncə gizlətdikləri əməllər və niyyətlər qarşılarına çıxıb. Əgər geri qaytarılsalar, yenə qadağan olunduqları əməllərə dönərlər. Onlar yalançıdırlar!
- Yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Biz (öldükdən sonra) əsla qaldırılmayacağıq!” – deyərlər.
- Onları Rəblərinin hüzurunda durduqları zaman görəsən! Allah onlara belə buyuracaq: “Bu, doğru deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu, doğrudur!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”
- Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (Qiyamət vaxtı) qəflətən onları yaxaladığı zaman günahlarını çiyinlərində daşıyaraq deyəcəklər: “Vay olsun bizə, ona səhlənkar yanaşdıq!” Çiyinlərində necə də pis bir yük olacaq!
- Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət evi müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
- Biz bilirik ki, onların danışdıqları səni kədərləndirir. Əslində, onlar səni yalançı hesab etmirlər, zalımlar Allahın ayələrini inkar edirlər.
- Səndən əvvəl də peyğəmbərləri yalançı hesab etmişdilər. Lakin Bizim köməyimiz yetişənə qədər onlar yalançı hesab edilmələrinə dözdülər, səbir etdilər, əziyyətlər çəkdilər. (Sən də belə ol! Bu, Allahın dəyişməz qanunlarından biridir.) Allahın qanunlarını heç nə dəyişə bilməz! Peyğəmbərlərə aid xəbərlər sənə gəlib çatıb.
- Onların üz döndərməsi sənə ağır gəlirsə, bacarırsansa, yerə bir lağım at və ya göyə bir nərdivan qoy (yerin dərinliklərini və göyləri axtarıb onlara) bir möcüzə gətir! Əgər Allah istəsə, onları doğru yola toplayar. Elə isə əsla bilməyənlərdən olma!
——————————————————————————————
- Həqiqətləri gizlətmək insanın özünü arxayın və rahat hiss etməsi üçün bir vasitədir: “Qarşılarına çıxdı” cümləsindən belə başa düşülür ki, onlar bir sıra həqiqətləri təkcə insanlardan deyil, özlərindən də gizləyirlər. Qiyamət günü bu həqiqətlər üzə çıxacaq. Süni də olsa rahatlıq tapmaq üçün insanın hər hansı həqiqəti hətta özündən də gizlətməsi, vicdan və fitrətinin üzərini örtməsi təəccüblü deyil. Vicdanı aldatmaq və həqiqətləri özündən gizlətmək vicdanın fəaliyyətinə aid mövzularda diqqət mərkəzində olan məsələlərdəndir. Məsələn, ehtiras və tamah düşkünü olan bir çox insanların ehtiras və tamahları ucbatından çox böyük ziyana düşdüklərini gördükləri halda, heç nə olmamış kimi arxayınlıqla öz işlərinə davam etdiklərinin, hətta bu bilgini bir növ özlərindən də gizli saxlamağa çalışdıqlarının şahidi oluruq[11].
- Əgər cəhənnəmliklər dünyaya qayıtsalar, yenə də Cəhənnəmin yolunu tutarlar: Təfsirçilər “əgər geri qaytarılsalar, yenə qadağan olunduqları əməllərə dönərlər” cümləsini izah edərkən bildirirlər ki, bu cümlə çirkin və murdar xüsusiyyətlərin dünyada onların varlıqlarına kök salacaq şəkildə təsir etdiyindən xəbər verir. Onları dünyaya qayıtmaq, Allaha iman gətirmək və möminlərin sırasına daxil olmaq arzusuna düşməyə vadar edən amil tərk etdikləri həqiqətin aşkara çıxmasıdır. Həmin həqiqət özünü bütün cəhətləri ilə, yəni Qiyamət gününün əzabı formasında biruzə verir. Gizli və mənəvi həqiqətlərin qeyd olunan şəkildə aşkara çıxması axirət dünyasının zərurətlərindəndir. Lakin onlar bu həqiqətləri gördükdən sonra dünyaya qayıtsalar, dünyanın spesifik qanunları onlara yenidən hakim kəsiləcək, yəni qeyb aləminin üzərinə yenidən pərdə çəkiləcək, onlara azadlıq və ixtiyar veriləcək. Bu azadlıq və ixtiyar yenidən nəfsani istəklər, Şeytanın vəsvəsəsi, heyvan xisləti, təkəbbür və itaətdən boyun qaçırma ilə müşayiət olunacaq. Sözügedən insanlar nəticədə, öz keçmiş şirklərinə, Haqla olan düşmənçiliklərinə qayıdacaqlar. Həqiqətdə, onlar yenidən dünyaya qayıtsalar, onları daha öncə dünyada şirkə, Haqla düşmənçiliyə və Allahın ayələrini yalan hesab etməyə vadar edən amillər yenidən onları eyni əməllərə vadar edəcək. Keçmiş dünya ilə fərz edilən gələcək dünyanın hökmləri arasında heç bir fərq olmayacaq[12].
- Dünya həyatının oyun və əyləncəyə bənzədilməsi: Dünya həyatı oyun və əyləncəyə ona görə bənzədilir ki, oyun və əyləncələr adətən əsası olmayan, həqiqi həyat kontekstindən uzaq olan məşğuliyyətlərdən ibarət olur. Oyunun nə qalibləri, nə də məğlubları həqiqi qalib və məğlublar olmurlar. Çünki oyundan sonra hər şey öz yerinə qayıdır. Çox vaxt uşaqların oynamaq üçün bir yerə toplaşıb birini şah, digərini vəzir etdiyinin şahidi oluruq. Amma çox çəkmir ki, nə şahdan, nə də vəzirdən bir əsər-əlamət qalmır. Əyləncə üçün hazırlanmış tamaşalarda döyüş, eşq və düşmənçilik səhnələrinin canlandırıldığının, lakin bir saatdan sonra heç birindən əsər-əlamət qalmadığını görürük. Dünya bir tamaşa səhnəsinə bənzəyir ki, insanlar onun oyunçularıdırlar. Bəzən bu uşaq oyunu hətta ağıllı insanları da özünə məşğul edir. Lakin çox çəkmir ki, bu əyləncə və tamaşanın sona çatdığı elan edilir. Məlumdur k, bu ayələrin məqsədi maddi dünyanın zahiri təmtərağına ürək bağlayıb son məqsədin yaddan çıxarılmasına qarşı mübarizədir. Yoxsa ki, dünyanı özləri üçün xoşbəxtlik vasitəsi seçmiş insanlar dünya deyil, axirət axtarışındadırlar[13].
- (Sənin dəvətini) yalnız eşidən qulaqları olanlar qəbul edər. (İnsanlıq ruhunu itirmiş, buna görə iman gətirməyən) ölüləri Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılarlar.
- (Məkkə müşrikləri) dedilər: “Nə üçün Rəbbi tərəfindən ona (Peyğəmbərə) bir möcüzə endirilmir?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!
- Yerdə gəzən elə bir canlı, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar Rəblərinin hüzuruna toplanacaqlar.
- Ayələrimizi yalan hesab edənlər zülmətlər içində qalmış karlar və lallardır. Allah istədiyini (layiq olanı haqq yoldan) azdırar, istədiyini (layiq gördüyünü) isə düz yola yönəldər.
- De: “Əgər doğru danışanlarsınızsa, mənə deyin görüm, sizə Allahın əzabı gəlsə və ya Qiyamət başınızın üstünü alsa, Allahdan başqasınımı çağıracaqsınız?”
- Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O, əgər istəsə, yalvarıb xilas olmaq istədiyiniz bəlanı aradan qaldırar, siz də bu gün Allaha şərik qoşduğunuzu (həmin gün) unudarsınız.
- Səndən əvvəlki ümmətlərə (peyğəmbərlər) göndərdik. (Həmin peyğəmbərlərə qarşı çıxıb onları inkar etdikləri zaman) onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə (ayılıb, Haqq qarşısında) təslim olub təvazökarlıq göstərsinlər.
- Bəs əzabımız onların başlarının üstünü alanda nə üçün (təvazökarlıq göstərib) təslim olmadılar? Əksinə, (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.
- Onlara edilmiş xəbərdarlıqları unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Onlara verilən nemətlərə (tam) sevindikləri vaxt onları qəflətən yaxaladıq (ciddi şəkildə cəzalandırdıq) və onlar məyus oldular (ümid qapıları üzlərinə bağlandı).
————————————————————————————–
- Canlılar şüurlu varlıqlardır: Ayənin ərəbcə orijinalında işlənmiş “üməm” sözü “ümmət” sözünün cəmidir. “Ümmət” ortaq taleyi olan cəmiyyət və qrupa deyilir. Məsələn, vahid din və ya dil vahid xüsusiyyətlərə malikdir. Bu ayədə buyurulur ki, heyvan və quş növlərinin hər biri öz-özlüyündə insanlar kimidir. Lakin bu bənzərliyin hansı cəhətdən olması ilə bağlı təfsirçilər arasında fikir ayrılıqları vardır. Digər ayələr və Əhli-beyt (ə) hədisləri onların bu ayədə insanlara əqli və şüuri cəhətdən bənzədildiyini deməyə əsas verir. Yəni onlar da öz aləmlərində bilgiyə, şüura və idraka malikdirlər, Allahı tanıyırlar. Şüuri cəhətdən onlar insan şüurunun ən aşağı səviyyəsinə malik olsalar da, öz gücləri daxilində Allaha həmd və təsbih deyirlər. Ayənin son hissəsi (sonra onlar Rəblərinin hüzuruna toplanacaqlar) də bu fikri təsdiq edir. Yəni heyvanlar üçün də ölüb-dirilmək və Qiyamət var. Şübhəsiz ki, hesab-kitabın, mükafatlandırma və cəzalandırmanın birinci şərti ağıl və şüur, ardınca isə vəzifə və məsuliyyətdir. Bu inancın tərəfdarları iddia edirlər ki, heyvanların da öz səviyyələrinə uyğun dərk və idraka malik olduğunu göstərən faktlar var. Bir çox heyvanların yüksək və heyrətamiz sistemə malik olan həyat tərzi onların şüur və dərklərinin yüksək səviyyədə olduğundan xəbər verir. Qarışqalar, arılar, quşlar, bir çox başqa heyvanların mürəkkəb həyat tərzi və heyrətamiz ictimai sistemi bu fikri təsdiq edr. Bir çox heyvanların öz sahiblərinə qarşı olan sevgisi və sədaqəti də qeyd olunan fikri gücləndirir. Şübhəsiz ki, bunların hamısının yalnız instinktdən qaynaqlandığını söyləmək olmaz. Çünki instinkt adətən monoton və davamlı fəaliyyətlərin qaynağıdır. Lakin xüsusi şəraitdə öncədən proqnozlaşdırıla bilməyən və əsasən reaksiya səciyyəsi daşıyan davranışlar instinkt deyil, şüur və dərk əsaslı olur. Bunlardan əlavə, Quranın bir sıra ayələrini də bəzi heyvanların şüur və dərkə malik olduğunu göstərən qətiyyətli dəlillər hesab etmək olar. Qarışqaların Süleymanın (ə) ordusunun qarşısından qaçması, şanapipiyin Səbə və Yəmənə gəlməsi və oradan Süleymana (ə) həyəcanverici xəbərlər gətirməsindən bəhs edən ayələr bu iddianı təsdiq edir. Hədislərdə də heyvanların öldükdən sonra diriləcəyindən xəbər verilir. Əbuzərə istinad edilən bir hədisdə deyilir: Peyğəmbərin (s) yanında idik. İki keçi kəllələşdi. Peyğəmbər (s) buyurdu: “Bilirsiniz, onlar nə üçün kəllələşdilər?” Orada olanlar: “Xeyr”, – deyə cavab verdilər. Peyğəmbər (s) buyurdu: “Ancaq Allah bilir və tezliklə onlar arasında hökm çıxaracaq.” Burada ortaya belə bir sual çıxır, vəzifə və məsuliyyətin başlıca səbəbi ağıl olduğu halda, ortaya belə bir sual çıxır ki, onlar da insanlar kimi gördükləri işlərə görə məsuliyyət daşıyırlar? Halbuki uşaqlar, əqli və ruhi xəstələrin məsuliyyətdən azad olduqlarını bilirik. Qeyd etməliyik ki, vəzifə və məsuliyyətin mərhələləri var və hər bir mərhələ özünə uyğun olan ağıl və idrakın olmasını tələb edir. İslamda insanlar üçün o qədər vəzifələr müəyyənləşdirilib ki, yüksək ağıl və idrak olmadan onları yerinə yetirmək mümkün deyil. Biz bu cür vəzifələri heyvanlar üçün qəbul edə bilmərik. Çünki onlar bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan əqli səviyyəyə malik deyil. Sadə və ən aşağı vəzifə üçün müəyyən şüur və dərkin olması yetərlidir. Heyvanların müəyyən şüur səviyyəsinə malik olduğunu və ona uyğun vəzifə daşıdığını tamamilə inkar edə bilmərik. Belə ki, nə qədər ibtidai olsa da, uşaqlar və dəlilərdən də öz hədlərində davranış tələb edilir. Gözləntinin əksi baş verdikdə, onar da cəzalandırılırlar[14].
- Artıq o zalım tayfanın kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
- De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan başqa kim verə bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar gör necə üz döndərirlər?!
- De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən (gizli) və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”
- Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar olaraq göndərdik. İman gətirib özlərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
- Ayələrimizi yalan hesab edənlərə isə itaətszlik göstərdiklərinə görə əzab yetişəcəkdir!
- De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən (Allahın mənə öyrətdikləri istisna olmaqla) qeybdən də xəbərdar deyiləm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram”. De: “Kor ilə görən bir olarmı? Məgər düşünmürsünüz?”
- Rəblərinin hüzuruna toplanacaqlarından qorxanları onun (Quranın) vasitəsilə xəbərdar et. (Həmin gün) Onların Allahdan başqa heç bir hamisi və havadarı olmayacaq. Bəlkə onlar (bununla) pis əməllərdən çəkinsinlər!
- Səhər-axşam Allahı çağıran və yalnız Onun Özünü istəyənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin (verəcəyin) hesabatında azca da olsa cavabdehdirlər. Buna görə də onları qovsan, zalımlardan olarsan.
—————————————————————————————
- Zülm və zülmkarlığın kökünün kəsilməsi: Ayənin son hissəsində Allah-taala “həmd aləmlərin Rəbbinə məxsusdur”, – deyə buyurmuşdur. Bu da zülm, fəsad və zülmkarların kökünün kəsilməsinin həmd və şükür ediləcək qədər əhəmiyyətli olduğunu göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Zülmkarların qalmasını istəyən şəxs Allaha günah edilməsini istəyən şəxs kimidir. Allah-taala zalımların məhv edilməsinə görə Özünə tərif deyərək buyurmuşdur: “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[15] Müasir dünyada bu ayənin nümunələrindən biri açıq-aşkardır. Nəmrud, Firon, Əbu Cəhl, Əbu Süfyan, Müaviyə, Yezid və Əhli-beyt (ə) düşmənlərinin nəslindən əsər-əlamət yoxdur. Lakin bütün məzlumluqlarına baxmayaraq, Əhli-beyt (ə) ailəsi bütün İslam ölkələrində mövcuddur və günbəgün sayları da artmaqdadır[16].
- Qeyb elmi: Təfsirçilərin qənaətinə görə “mən (Allahın mənə öyrətdikləri istisna olmaqla) qeybdən də xəbərdar deyiləm” cümləsi onu göstərir ki, Peyğəmbər (s) qeybdən özbaşına, müstəqil şəkildə xəbərdar olmur. Yəni o həzrətin zatı onu başqalarının bilmədiyi məlumatlardan xəbərdar edəcək qüvvə ilə təchiz edilməmişdir. Məhz elə bu ayədə Peyğəmbərə (s) vəhy edildiyi qeyd edilmişdir. Bu da onu göstərir ki, o, qeybdən vəhy vasitəsilə xəbərdar olur. “Cinn” surəsinin 26-27-ci ayələrində Allah-taala belə buyurmuşdur: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərlərdən başqa!” Deməli, heç bir varlıq, o cümlədən Peyğəmbər (s) özbaşına qeybdən xəbərdar olmur. Lakin Peyğəmbər (s) Allahın izni, vəhy və ya Allahın istədiyi başqa bir vasitə ilə bəzi qeyb həqiqətlərindən xəbərdar olur[17].
- İslam ictimai təbəqələşmə fikrinə qarşıdır: Bu, bundan əvvəlki və sonrakı ayələrin nazilolma səbəbi ilə bağlı bir-birinə oxşar çoxlu sayda hədis və rəvayətlər nəql edilmişdir. Onların birində deyilir: Bir qrup qüreyşli yoldan ötərkən Peyğəmbərin (s) Süheyb, Xubab, Bilal, Əmmar və bir neçə yoxsul müsəlmanla əyləşdiyini görüb təəccüblə soruşurlar: “Ey Mühəmməd, insanlar arasından yalnız bunlara razılıq vermisən? Allah bizim aramızdan elə bunları seçib? Biz bunlara tabe olaq? Nə qədər gec deyil, onları ətrafından uzaqlaşdır. Bəlkə biz ondan sonra sənə yaxınlaşa və sənə tabe olarıq.” Bu ayə nazil oldu və onların təklifini rədd etdi. İslam, Quran və peyğəmbərlər məktəbinin əzəmətini ifadə edən əlamətlərdən biri budur ki, onlar bu cür təkliflərə qarşı ciddi şəkildə mübarizə aparmış, sosial təbəqələşmənin hər zaman problem olduğu cəmiyyətlərdə mal və sərvətsizliyin Salman, Əbuzər, Süheyb, Xubab kimi təmiz, imanlı və zəkalı şəxslərə az da olsa qüsur gətirmədiyini, beyinsiz, kor, özünü bəyənmiş, təkəbbürlü, lovğa varlıların mal və sərvətlərinə görə ictimai və mənəvi imtiyaza malik olmadığını çatdırmaq üçün çalışmış, anormal imtiyaz düşüncəsinə qarşı çıxmışlar[18].
- Beləliklə, onların bəzilərini bəziləri ilə (varlıları yoxsullarla) sınağa çəkdik ki, nəhayət “Allahın aramızdan seçib minnət qoyduğu (iman nemətini bəxş etdiği) şəxslər bunlardırmı?” desinlər. Şükür edənləri daha yaxşı tanıyan məgər Allah deyilmi?
- Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz rəhimli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!”
- Biz ayələrimizi belə müfəssəl izah edirik ki, (həqiqət sizin üçün aydın olsun və) günahkarların yolu açıq-aydın bilinsin.
- De: “Sizin Allahı qoyub ibadət etdiyiniz varlıqlara ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə olacağı təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”
- De: “Mən Rəbbimdən (gələn) açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin (endirilməsinə) tələsdiyiniz hadisə (ilahi əzabı endirmək) mənim əlimdə deyil. Hökm yalnız Allaha məxsusdur. Haqqı batildən ayırır. O, ayırd edənlərin ən yaxşısıdır!”
- De: “Əgər tələsdiyiniz hadisə (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı. Ancaq, Allah zalımları daha yaxşı tanıyır (və tam vaxtında cəzalandırır)!”
- Qeybin açarları yalnız Onun yanındadır. Onları ancaq və ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) ondan xəbərdar olmasın. Yerin qaranlıqları içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
——————————————————————————————–
- Tövbənin həqiqəti: Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs təkəbbür, inad və lovğalıq üzündən Allaha günah etməz. Ayədə Allah “sonra tövbə edib düzəlsə”, – deyə buyurmuşdur. Bu da onu göstərir ki, tövbə keçmiş səhvləri düzəltmək və yanılşları aradan qaldırmaqdır. Çünki həqiqətən, Allaha dönüb Ona sığınıbsa, yenidən özünü tövbə edib təmizlədiyi günahın çirkinliyinin ağuşuna atıb bulaşdırmaz. Tövbənin mənası budur. Tövbə təkcə dildə “Allaha tövbə edirəm” deyib qəlbən heç bir islah və düzəlmək niyyəti olmadan tövbə sayılmaz. Belə ki, Allah-taala “Bəqərə” surəsinin 284-cü ayəsində belə buyurmuşdur: “Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək”. İmam Sadiq (ə) buyurmuşdur: Ölməzdən əvvəl Allaha doğru qayıdıb tövbə edən bəndəyə Allah rəhmət etsin. Çünki bu tövbəsinə görə Allah Özünə layiqli bəndəsi ilə bağlı bir haqqı vacib edərək buyurmuşdur: “Rəbbiniz rəhimli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!” Habelə Allah-taala buyurmuşdur: “Pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmaq diləyən şəxs Allahın bağışlayan, mərhəmətli olduğunu görər.” (Nisa surəsi, 110-cu ayə)[19]. Bu ayəyə əsasən, cahillik üzündən baş vermiş əməllərə görə tövbə edildikdə, qəbul edilir. Bilməzlik mənasını verən cahillik bəzən elm və məlumatın qarşılığı kimi işlədilir. Bu söz bəzən məlumat və bilgisinin bilgi sahibinə heç bir təsir göstərmədiyi, məlumatsız insanlar kimi davranan, çirkin və pis işləri sanki onun çirkinliyindən xəbəri olmayan insan kimi həyata keçirən, onları gözəl və bəyənilən işlər kimi icra edən məlumatlı insan haqqında da işlədilir. Başqa sözlə desək, insanın çirkin və pis işlərlə bağlı dərk və düşüncəsi daxili istəklərininin əsarətinə məruz qaldıqda, üsyankar instinktlər ağıl və düşəncəsini öz təsiri altına aldıqda, ehtiras, qəzəb və nəfsani istəklər insanın həyat devizinə çevrildikdə onu cahil edir. Quranda və el arasında ağıl, elm və məlumatları olsa belə, bu cür insanlara cahil və nadan deyilir, nadanlıqlarından qaynaqlanan davranışlar cahil davranışlar hesab edilir. Nə etdiyini bilən və tutduğu əməlin çirkinliyindən xəbərdar olmasına baxmayaraq, ağıl və düşüncəsi nəfsani istəklərinin əsarətinə məruz qalmış gəncə də cahil və nadan deyilir. Bu şərhdən belə məlum olur ki, günahkar fərdin etdiyi çirkin əməllər iki qrupa bölünür: 1. Gənclik instinktlərinin təsirinə məruz qalmış gəncin nəfsani istəklərinə uyub tutduğu çirkin əməl. Bu əməl cahilcəsinə əməl olsa da, inadkarlıq və təkəbbürlükdən qaynaqlanmır. Buna görə də qəzəb və ehtiras odu söndükdən, cəhalət pərdəsi qalxdıqdan sonra tez peşman olur. Şübhəsiz ki, bu cür insanın tövbəsi qəbul olur və Haqqın rəhməti onu əhatə edir. 2. Nəfsani istəklər və instinktlərin təsirindən deyil, inadkarlıq və təkəbbürlükdən qaynaqlanan çirkin və pis işlər. Daxili xəyanət, təkəbbür bu cür insanı xoşagəlməz işlərə vadar edir. Bu xislət adətən insanın ömrünün sonuna qədər onunla birlikdə olur, gənclik dövrünün ehtrias və nəfsani istəklərinin odu sönsə də, o sönmür. Şübhəsiz ki, belə əməllər tövbə ilə sona yetmir, Allahın sonsuz rəhmətini qazandırmır[20].
- Gecə (yuxuda) ikən sizi (sizin ruhunuzu, canınızı) alan, gündüz isə nə etdiyinizdən xəbərdar olan Odur. Sonra O, sizi gündüz (yuxudan) oyandırır. Məyyən olunmuş vaxt gəlib yetişənə qədər (bu vəziyyət davam edir). Sonra ona doğru qayıdacaqsınız və sonra da O, sizi etdiyiniz əməllərdən xəbərdar edəcəkdir.
- O, Öz bəndələri üzərində hakimi-mütləqdir. O, sizə mühafizəçilər təyin edir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını elçilərimiz alır. Onlar (bəndələrin ömür və əməllərinin hesabının qorunmasında) heç bir səhlənkarlığa yol verməzlər!
- Sonra (bəndələr) həqiqi rəhbərləri olan Allaha tərəf qaytarılar. Bilin ki, hökm və mühakimə Ona məxsusdur və O, ən sürətli haqq-hesab çəkəndir!
- De: “Son dərəcə təvazökarlıqla (aşkarda) və gizlində Ona dua edib: “Əgər bizi bundan (zülmətlərdən və təhlükələrdən) xilas etsə, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi suyun və qurunun zülmətindən xilas edən kimdir?”
- De: “Allah sizi bunlardan xilas edir, hər bir çətinlik və narahatlıqdan qurtarır. Amma yenə də siz Ona şərik qoşursunuz.”
- De: “Allah yuxarıdan və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dağınıq dəstələr şəklində bir-birinizə qarışdırmağa və birinizin vasitəsilə digərinizə müharibə (qarşıdurma) dadını daddırmağa qadirdir!” Gör ayələrimizi onlara necə izah edirik?! Bəlkə, başa düşərlər!
- Sənin qövmün onu (Allahın ayələrini), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizə görə məsuliyyət daşımıram!”
- (Allahın sizə verdiyi) hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz tezliklə biləcəksiniz.
- Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan sənə unutdursa, xatırladıqdan sonra o zalım tayfa ilə oturma.
——————————————————————————————
- İnsanın mühafizəçiləri: Ayənin “O, sizə mühafizəçilər təyin edir” cümləsini şərh edən təfsirçilər burada insanları bəlalardan və təhlükələrdən qorumaqla vəzifələndirilən mələklərin nəzərdə tutulduğunu qeyd etmişlər. Varlıq aləminin bütün üzvləri daha çox kamilləşmək, bu dünyadan daha çox faydalanmaq istədiyi üçün bizi əhatə edən bu dünya təhlükə və bəlalarla doludur. Bu səbəbdən də bütün mövcudat davamlı olaraq mübarizə aparır, biri digəri üzərində qələbə çalmağa çalışır. Bildiyimiz kimi, insan mövcudatın ən zərif və ən zəif nümayəndəsidir. Buna görə də Allah insanı əcəli yetişənə qədər bəlalardan, xoşagəlməz hadisələrdən, müsibət və təhlükələrdən qorumaq üçün onun üçün qoruyucu mələklər təyin etmişdir. Əcəli yetişdikdə isə bu mələklər insanı bəlalar içində tərk edir və bəlalar insanın ömrünə xitam verir. Bu məzmun bəzi hədislərdə də öz əksni tapmışdır[21].
- Müxtəlif əzablar: Bu ayədə Peyğəmbərə (s) günahkarları üç növ əzabla təhdid etmək göstərişi verilmişdir: Yuxarıdan gələn əzablar; aşağıdan qalxan əzablar; sözlərin çəp gəlməsi, nəticədə müharibə baş verməsi, qan tökülməsi. Yuxarıdan gələn və aşağıdan qalxan əzablar məsələsi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Əslində, bu iki ifadənin məzmunu çox genişdir. Belə ki, yuxarıdan və aşağıdan gələn bəlalar deyildikdə həm ildırımlar, təhlükəli yağıntılar, zəlzələlər, yer sürüşmələri, uçqunlar, dənzlərdə qasırğalar, çaylarda daşqınlar baş verməsi, həm də cəmiyyətin yüksək təbəqəsinin bəzi millətlərin başına od yağdırması, öz işini bilməyən işçilərin camaata problemlər yaratması nəzərdə tutula bilər. Bu ayənin məzmunu müasir dövrdə insanların həyatını havadan və qurudan zülmətə çevirən, qısa müddət ərzində havadan endirilən aviazərbələr, minalar, sualtı hücumlar zamanı kəndləri, şəhərləri yerlə-yeksan edən, kül təpələrinə döndərən dəhşətli silahlara da şamil ola bilər[22]. Hədislərdə də bu əzabların müxtəlif formalarına işarə edilmişdir. Hədislərin çoxunda yuxarıdan gələn əzab deyildkdə göydən qopacaq fəryad, aşağıdan gələn əzab deyildikdə yerə batma nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərə görə, bu iki əzab gələcəkdə, İmam Mehdinin (ə) zühur edəcəyi ərəfədə bu ümmətin başına gələcək əzablardandır. İxtilaf və parçalanmaya gəlincə isə, bu, Peyğəmbərdən (s) sonra İslam ümmətinin başına gələn ən böyük müsibətdir. Tam qətiyyətlə deyə bilərik ki, bu problem müsəlmanların başına gələn saysız-hesabsız bəlaların ən başlıca səbəblərindəndir[23].
- Allahın ayələrinin məsxərəyə qoyulduğu məclisdə iştirakın qadağan edilməsi: Bu ayədə ümumi bir hökm verilmişdir. Bu da Allahın ayə və nişanələrinin məsxərəyə qoyulduğu bir məclisdə iştirak etməyin qadağan edilməsi ilə bağlıdır. Əhli-beyt (ə) hədislərində bu cür məclislərlə bağlı məlumatlar verilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Allaha və axirətə inamı olan şəxs imamlardan birinə söyüş söyüldüyü və ya möminlərin qeybətinin edildiyi məclisdə əyləşməməlidir. Çünki Allah Öz kitabında belə buyurmuşdur: “Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir.”[24]
- (Öyüd-nəsihət vermək üçün onlarla əyləşən) müttəqilərə onların əməllərindən heç bir günah gəlməz. Lakin bu, onlara xatırlatmaq üçün olmalıdır ki, bəlkə pis əməllərdən çəkinsinlər.
- (Fitri) dinlərini oyun və əyləncəyə çevirən, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Onlara bunun (Quranın) vasitəsilə xatırlat ki, heç kəs əməllərinin çətinliyini çəkməsin. (Qiyamətdə) Allahdan başqa onun nə bir dostu olar, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı şəkildə əvəz ödəsə belə, ondan qəbul olunmaz. Onlar etdikləri əməllərin cəzasına məhkumdurlar. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!
- De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi tapınacağıq? Allah bizi düz yola yönəltdikdən sonra “Bizə tərəf gəl!”, – deyərək, düz yola çağıran dostlarının olmasına baxmayaraq, Şeytanın vəsvəsələri ilə yer üzündə düz yolu itirmiş çaşqın adam kimi geriyəmi döndəriləcəyik? De: “Yalnız Allahın haqq yolu doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
- habelə: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.
- Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun üfürüləcəyi gün hökm Ona məxsusdur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
—————————————————————————————–
- “68-ci ayə”dəki qadağanın istisnası: İmam Baqir (ə) buyurmuşdur: Əvvəlki ayə nazil olduqdan və müsəlmanlara istehza və məsxərə edən kafirlərlə eyni məclisdə iştrak etmək qadağan edildikdən sonra bir qrup müsəlman dedi: “Əgər hər yerdə bu göstərişə əməl etməli olsaq, gərək Məscidül-hərama getməyək, Allahın evini təvaf etməyək. Çünki kafirlər məscidin hər tərəfində yayılıb Allahın ayələrini məsxərəyə qoyurlar. Məscidin hər hansı küncündə dursaq, onların sözlərini eşitməli olacağıq.” Bu zaman 69-cu ayə nazil oldu və müsəlmanlara qeyd olunan şəraitdə onlara nəsihət vermək, bacardıqca doğru yola yönəltmək göstərişi verildi. Bu ayənin nazilolma səbəbi ilə bağlı söylənilən hadisə bütün surənin nazilolma səbəbi ilə təzad təşkil etmir. Çünki müsəlmanların həyatında müxtəlif hadisələr baş verə, sonra tam surə nazil ola və bu surənin ayələri həmin hadisələrin ayrı-ayrı cəhətlərini nəzərdə tuta bilər. Unutmamalıyıq ki, bu ayənin istisnasından yalnız o adamlar istifadə edib ayələrin istehza edildiyi məclislərdə iştirak edə bilərlər ki, ayədə qeyd edildiyi kimi, təqvalı olsunlar, onların təsirlərinə düşməməklə yanaşı, onları düz yola yönləndirsinlər, məclis iştirakçılarına təsir göstərə bilsinlər[25].
- Dünyapərəstliyin fitri dinlə ziddiyyəti: Bu ayədə dünyapərəst insanların nəfslərinə tabe olaraq haqq dinlərini məsxərəyə qoymasına işarə edilmişdir. Bu ayədən dünyapərəstlərin də haqq dinə malik olduqları vurğulanmışdır. Bu, ruhlarının dərinliklərindən insanları Allaha doğru səsləyən həmin ilahi fitrətdir. Deməli, onlar bu fitri dini ciddiyə almalı, onun təhrif və xurafatlara qarışmasına yol verməməlidirlər. Lakin dünyapərəstlər onu oyun-oyuncağa, əyləncə vasitəsinə çevirmiş, nəfslərinin istədiyi şəkillərə, qəliblərə salmışlar. Buna görə də Allah-taala “dünya həyatı onları məğrur etmişdir”, – deyə buyurmuşdur. Çünki dünyanın maddi ləzzətlərinə qərq olmaq, onlardan kam almaq üçün göstərilən maksimum səylər onların haqq dindən üz çevirməsinə və onu məsxərəyə qoymalarına səbəb olmuşdur[26].
- İnsanın öz əməlindən ayrı düşməsi qeyri-mümkündür: Bu ayədə diqqət yetirilməsi önəmli olan nüans budur ki, “onlar etdikləri əməllərin cəzasına məhkumdurlar” cümləsi onlardan kompensasiya qəbul edilməyəcəyi, hami, köməkçi və yardımçıları olmayacağı üçün deyilmişdir. Yəni onların cəzasına səbəb hər hansı xarici amil olmayacaq ki, onu dəf etmək də mümkün olsun. Məruz qalacaqları əzab onların öz cövhərlərindən, malik olduqları xüsusiyyətlərdən və etdikləri əməllərdən qayanqlanır. Onlar öz əməllərinin əsiridirlər. Buna görə də xilas ola bilməzlər. Çünki əməllər və onların təsir və nəticələrindən ayrılmaq insanın öz-özündən ayrılması deməkdir[27].
- Tənəzzül və xilas arasında sərgərdan olmaq: Bu ayədə öz əməlindən baş açmayan və xoşbəxtliyini təmin etmək üçün möhkəm iradə göstərməyən çaşqın adamın təsviri verilmişdir. O, məqsədə çatmaq üçün lazım olan, daha əvvəllər haqq yola yönəlmiş insanların qət etdiyi ən yaxşı və qətiyyətli yolu tərk etmişdir. O, insanı məhvə və bədbəxtliyə sürükləyən şeytanlar və azdırıcılar arasında çaşqın vəziyyətdə qalmışdır. Halbuki məqsədə yetmiş və ya mənzil başına çatmaqda olan haqq yolunun yolçuları onu öz yanlarına dəvət etsələr də, o tənəzzül və xilas arasında qalıb nə edəcəyini bilmir[28].
- İbrahimin, atası (əmisi) Azərə: “Sən bütləri özünə tanrı seçirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm!” – dediyi zaman(ı xatırlayın!)
- Beləcə, İbrahimə göylərin və yerin hökmranlığını (və Allahın onlar üzərindəki mütləq hökmranlığını) göstərdik ki, heç bir tərəddüd etmədən əminliklə inananlardan olsun!
- Gecənin qaranlığı onu bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!”, batdıqda isə: “Mən batanları sevmirəm”, – dedi.
- Doğmaqda olan ayı görüb: “Bu, mənim Rəbbimdir!”, (ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsə, mən zəlalətə düşənlərdən olaram”, – dedi.
- Doğan günəşi görüb: “Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
- Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən öz imanımda ixlaslı və səmimiyəm, şərik qoşanlardan deyiləm!”
- Tayfası onunla (İbrahimlə) mübahisəyə qalxdı. (İbrahim) dedi: “Allah məni doğru yola yönləndirdiyi halda, siz Onun barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz heç nədən qorxmuram. (Onlar mənə ziyan vura bilməzlər). Rəbbimin elminin genişliyi hər şeyi əhatə edir. Məgər düşünüb ibrət almırsınız?
- Allahın sizə haqqında heç bir dəlil endirmədiyini Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (o zaman deyin görək) bu iki dəstədən (bütpərəstlərlə allahpərəstlərdən) hansı əmin-amanlıqda olmağa (Qiyamət əzabından qorxmamağa) daha layiqdir?
—————————————————————————————–
- İbrahimin atası: Quran ayələrini araşdırdıqda Azərin həzrət İbrahimin (ə) atası olmadığı məlum olur. Sadəcə, şəraitdən asılı olaraq həzrət İbrahim (ə) ona ata deyə müraciət edirdi. Ata sözü doğma atadan sonra babaya, əmiyə, ögey ataya, insana himayədarlıq etmiş və ya itaət göstərilən bütün böyüklərə də aid edilə bilər. Əlbəttə, Quranda İbrahimlə (ə) Azəri hansı qohumluq əlaqəsinin bağladığı dəqiq qeyd edilməmişdir. Bəzi hədislərdə onun İbrahimin (ə) əmisi olduğu qeyd edilmişdir. Bir çox hədislərdə həzrət İbrahimin (ə) atasının adının Tarex olduğu göstərilmişdir. “Tövrat”da da həzrət İbrahimin (ə) atasının adı məhz belədir[29].
- Göylərin və yerin hökmranlığının İbrahimə (ə) göstərilməsi: Quran ayələrinin dərinliklərinə vardıqda məlum olur ki, Allah-taala göylərin və yerin hökmranlığını həzrət İbrahimə (ə) göstərərkən hər şeyin Ondan asılı olduğunu, Allahdan başqa heç bir şeyin müstəqil olmadığını başa salmaq məqsədi güdmüşdür. Hər şeyin Allahdan asılı, Ona möhtac olduğu, kainatın idarə edilməsində heç nəyin Onunla ortaq olmadığı məlum olduqda, kainatda olan hər bir şeyə nəzər saldıqda bu mövcudatların bir-birinin idarəedicisi olmadığı aydın olur. Deməli, insanların öz əlləri ilə düzəltdikləri bütlər də insanların Rəbbi ola bilməz, batan, çıxan, dəyişkənliyə məruz qalan ulduzlar, Ay və Günəş də kainatın idarəedicisi ola bilməz. Buna görə də bütün səltənətlərin, hər bir şeyin Allahdan asılı olduğunu gördüyü üçün bütpərəstlik, ulduzpərəstlik, aypərəstlik, günəşpərəstlik və istənilən növ şirkə qarşı mübarizə aparırdı[30]. Əslində, çox insanlar yerə, göylərə, göy cismlərinə baxırlar, hətta bir çoxlarının peşəsi və məşğuliyyəti Günəş və Ayı müşahidə etmək, onların çıxıb-batmasını hesablamaqdır, bu sahə üzrə ixtisaslaşıblar, ancaq aləmlərin hökmranının kim olduğunu görə bilmirlər. Çünki peşələrinin əhatə dairəsinə daxil olanları gördükdə, onların yaradanı və idarəedicisi haqqında düşünmürlər[31]. Allah-taala İbrahimin mənəvi övladları olan müsəlmanlara dünyanın batininə baxmağı göstəriş verir. Aləmin batinini müşahidə etməyin ən mühüm yolu fitri tövhidi, qəlb yolunu gücləndirməkdir. Bu yol elə bir yoldur ki, insan öz məhbubunu öz qəlbində tapır[32].
- Ay və sair göy cismlərinin idarəçiliyini üzdə qəbul etmək tövhid sözünü ucaltmaq üçündür. İmam Rza (ə) buyurmuşdur: “İbrahimin (ə) qövmü üç qrupa bölünmüşdü: Bir qrupu Zöhrə (Venera) ulduzuna, bir qrupu Aya, başqa bir qrupu isə Günəşə stayiş edirdi. İbrahim (ə) sığındığı mağaradan çıxdıqdan sonra bu müşriklərlə rastlaşır. Gecə vaxtı Zöhrə ulduzunun çıxdığını görüb: “Mənim tanrım budur”, – deyir. Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. Zöhrə ulduzu batdıqdan sonra: “Mən batanları sevmirəm. Çünki batmaq hər zaman mövcud olanın deyil, yaranmışın xüsusiyyətidir”, – deyir. Parlayan Ayı gördükdə: “Mənim tanrım budur”, – deyir. Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. Ay gözdən itdikdən sonra deyir: “Əgər Rəbbim məni düz yol yönləndirməsə, şübhəsiz ki, haqq yoldan azmışlardan olacağam.” Səhər tezdən şölə saçan Günəşi görüb deyir: “Mənim tanrım budur. Bu Zöhrədən də, Aydan da böyükdür.” Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. İbrahim (ə) bu sözləri şirkə bulaşmış inanca etiraf etmək və bunu onlara təbliğ etmək üçün demirdi. Günəş batdıqdan sonra üzünü hər üç qrupa tutub deyir: “Ey mənim qövmüm, mən sizin Allaha qoşduğunuz şəriklərdən uzağam. Mən üzümü O şəxsə tərəf çevirirəm ki, göyləri və yeri yaradıb. Mən öz imanımda səmimi və ixlaslıyam.” İbrahim (ə) bu sözləri yalnız onların dinlərini puça çıxarmaq, onlara Zöhrə, Ay və Günəş kimi cismlərin ibadətə layiq olmadığını, bütün bunların, göylərin və yerin xaliqinin Allah olduğunu və yalnız Onun ibadətə layiq olduğunu sübuta yetirmək üçün deyirdi…”[33]
- İman gətirib imanlarını şirk və zülmə bulaşdırmayanlar əmin-amanlıqdadırlar. Onlar haqq yola yönəlmişlərdir!
- Bu, öz qövmünə qarşı Bizim İbrahimə verdiyimiz dəlillər idi. Biz istədiyimiz (layiq gördüyümüz) şəxsi dərəcə-dərəcə ucaldırıq. Sənin Rəbbin hikmət (və) elm sahibidir.
- Biz İshaqı və Yaqubu Ona bəxş etdik. Onların hər ikisini haqq yola yönləndirdik. Bundan əvvəl Nuhu və onun övladlarından olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da haqq yola yönəltmişdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (haqq yola yönəltdik). Onların hamısı əməlisalehlərdən idi.
- Habelə İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (haqq yola yönəltdik) və onları aləmlərdən üstün tutduq.
- Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qisminə üstünlük bəxş etdik), onları seçdik və düz yola yönəltdik.
- Bu, Allahın hidayətidir. Bununla bəndələrindən istədiyini haqq yola yönəldir. Əgər onlar müşrik olsaydılar, etdikləri (yaxşı) əməllər puça çıxardı.
- Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı mühafizəçi edərik.
- Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (peyğəmbərlik və təbliğ) müqabilində sizdən bir haqq istəmirəm. Bu (peyğəmbərlik vəzifəsi) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir xatırlatmadır.”
——————————————————————————————
- Əmin-amanlıq zülmə bulaşmamış imanın nəticəsidir: Əvvəlki ayədə İbrahimin (ə) üzünü bütpərsət qövmünə tutuaraq: “Bu iki dəstədən (bütpərəstlərlə allahpərəstlərdən) hansı əmin-amanlıqda olmağa (Qiyamət əzabından qorxmamağa) daha layiqdir?”, – deyə soruşduğunu və elə bu suala özünün də cavab verdiyini görürük. Bu ayəyə əsasən, haqq yola yönəlmə və əmin-amanlıq iman gətirənlərə məxsusdur. Bir şərtlə ki, iman gətirənlər bu insanlar öz imanlarını şirkə və zülmə bulaşdırmasınlar. Allahı tanıması, elminin və ayıqlığının səviyyəsindən asılı olaraq, insanların imanları da bir-birindən fərqlənir. İmanın dərəcəsindən asılı olaraq, ona edilən haqsızlıq da fərqlənir. Dünyanın bir yaradıcısının olduğuna və həmin yaradanın kainatı idarə etdiyinə, bütün mövcudatın Onun əmri ilə idarə edildiyinə inanan şəxs Onun kainatın idarəçiliyində tək olduğuna da inanmalı və məxluqatdan heç birini Ona şərik qoşmamalıdır. Bu cür insanın Allaha şərik qoşması zülmdür. Dərəcə cəhətdən əvvəlkindən daha yüksək olan şəxs əvvəlki mərhələdə olan şəxsin malik olduğu imana malik olmaqla yanaşı valideynə qarşı haqsızlıq, yetim malı yemək, adam öldürmək, zina etmək, şərab içmək və sair kimi günahlarla qarşılaşdıqda bu günahlardan çəkinir. Bu mərhələdə olan şəxsin imanının təsiri həmin günahlardan uzaq durmaqla şərtlənir. Allah-taala bu mərhələdə olan insana kiçik günahlarını bağışlayacağını vəd vermişdir. Belə ki, “Nisa” surəsinin 31-ci ayəsində belə buyurmuşdur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir məkana daxil edərik.” Bu həddin elminə və biliyinə sahib olan şəxs böyük günahlara bulaşarsa, bu mərhələnin əmin-amanlığı ondan alınar və o, Cəhənnəmdə yandırılar. Baxmayaraq ki, həmişəlik Cəhənnəmdə qalmayacaq, şəfaət və ya əzab müddətinin tamamlanması nəticəsində oradan çıxacaq. Bundan daha yüksək mərhələnin zülmü savab olan əməlləri tərk etmək, bəyənilməyən işlər görmək, halallarla kifayətlənməkdir. Bundan daha yüksək mərhələnin zülm və haqsızlığı gözəl, əxlaqi, ilahi, mənəvi, ruhani davranışlarda xətalara yol vermək, bundan da yüksək mərhələdə olan insanların özlərinə zülm və haqsızlığı onların ilahi sevgiyə mane olan xətaya yol verməsidir. Bu mərhələlərin hər birinə xas olan iman möminə xüsusi əmin-amanlıq bəxş edir, həmin mərtəbəyə uyğun olan bədbəxtliyə səbəb olan zülm və haqsızlığı dəf edir. Bu ayə ilə bağlı hədislər də qeyd olunan fikri təsdiq edir. Hədislərin bəzisində zülm şirk, bəzisində isə şübhə kimi izah edilmişdir. Hədislərin bəzisində Əhli-beyt (ə) düşmənləri ilə dostluq da zülm və haqsızlıq nümunəsi kimi verilmişdir. Deməli, bu ayədə zülm deyilərkən fərdlərin iman və idrak dərəcələrindən asılı olaraq zülmün dəyişən bütün formaları nəzərdə tutulur[34].
- Allahın dininin mühafizəçiləri: Yuxarıdakı ayələrdə İbrahimin (ə) müşriklərə dolayısı ilə vahid və təkallahlıq inancının insan təbiətinə və cövhərinə əsaslandığını və onların öz təbətlərinə zidd davrandıqlarına inandırdığını görürük. Sonra Allah-taala peyğəmbərləri xalis və təmtəraqsız tövhid inancı ilə əzizlədiyini, onları sapma olmayan yola yönəltdiyini, onlara kitab, hikmət və peyğəmbərlik bəxş etdiyini bəyan edir. Bu ayədə Allah Peyğəmbərə (s) müxaliflərin küfr, şirk və inadkarlıqlarına görə kədərlənməməsi üçün təskinlik verir. Çünki onlar ilahi hidayəti və Peyğəmbərin (s) peyğəmbərliyini inkar edərlərsə, Allah onları tövhid inancını qoruyan və onu əsla inkar etməyən din mühafizəçiləri ilə əvəz edər, onlara etimad göstərərək Öz dininin mühafizəçiləri edər. Allahın dinini hər zaman qoruyan və onun süquta uğramasına imkan verməyən bəndələri vardır. Bunlar Allahın məsum bəndələri, yəni peyğəmbərlər və onların haqq davamçılarıdır. Belə ki, hədislərin birində ayənin ən parlaq nümunələrindən birinin məsum imamlar (ə) olduğu qeyd edilmişdir[35].
- Onlar: “Allah heç bir insana bir şey nazil etməmişdir”, – deməklə Allahı doğru tanımamışdılar. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi, sizin onu hissələrə bölüb bir hissəsini aşkara çıxartdığınız, böyük bir hissəsini isə gizlətdiyiniz, sizə özünüzün və atalarınızın bilmədiyi məsələlərin öyrədildiyi kitabı kim nazil etmişdi?” De: “Allah!” Onları inadkar danışıqları ilə birlikdə tərk et ki, oyun-oyuncaqları ilə baş-başa qalsınlar.
- Bu, xeyir-bərəkəti özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə “Ümmül-qura” (Məkkə) əhalisini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona iman gətirər, namazlarını da qoruyub saxlayarlar.
- Allaha iftira yaxan, özünə heç bir vəhy nazil olmadığı halda: “Mənə də vəhy olmuşdur, mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”, – deyən şəxsdən daha zalım kim ola bilər? Sən (bu) zalımların ölümün əzabları içində çabaladıqlarını, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha iftiralar atdığınıza və Onun ayələrinə qarşı təkəbbürlü davrandığınıza görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görsən (hallarına acıyacaq, təəssüflənəcəksən).
- (Qiyamət günü onlara deyiləcək:) Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, sizə bəxş etdiklərimizi arxanızda qoyub gəlmisiniz. Şəfaətinizə şərik olacaqlarını düşündüyünüz şəfaətçilərinizi yanınızda görmürük. Artıq aranızdakı əlaqələr kəsilib və arxalandıqlarınız sizdən uzaqlaşıb yox olublar.
—————————————————————————————–
- Yəhudilər və ilahi vəhyin gizlədilməsi: Soruşula bilər ki, nə üçün bu ayədə səmavi vəhyi kağız və bu kimi vasitələr üzərinə yazan yəhudilər məzəmmət edilmişdir? Axı burada məzəmmət ediləsi bir şey yoxdur. Əslində, məzəmmət səbəbi onların Tövratı dağınıq kağız və bu kimi vasitələr üzərinə yazıb xeyirlərinə olanı camaata göstərmələri, ziyanlarına olanları gizlətmələri idi[36]. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Onlar ilahi vəhyi kağızlar üzərinə yazır, sonra istədiklərini aşkara çıxarır, istədiklərini gizlədirdilər.”[37]
- İslam peyğəmbərinin (s) dəvətinin miqyası: Quranın bir çox ayələri İslamın cahanşümul bir din olduğunu açıq şəkildə bəyan edir. Lakin bu ayəyə nəzər saldıqda ortaya belə bir sual çıxır: Necə olur ki, bu ayədə Peyğəmbərin (s) göndərilməsinin məqsədi Məkkə və onun ətrafında olan insanları düz yola yönəltmək və onları qorxutmaqla məhdudlaşdırılır? Bu məzmun İslamın ümumdünya miqyaslı bir din olması prinsipi ilə təzad təşkil etmirmi? Bu suala cavab verməzdən əvvəl onu qeyd etməliyik ki, Quran terminologiyasında “qəryə” iri və ya kiçik şəhər və kənd olmasından asılı olmayaraq abadlıq olan yerə deyilir. “Yusuf” surəsinin 82-ci ayəsində Yusifin (ə) qardaşlarının atalarına belə dedikləri qeyd edilmişdir: “Biz olduğumuz abadlıq haqqında soruş”. Bilirik ki, onlar bu sözləri Misirin paytaxtından qayıtdıqdan, qardaşları Benyaminin Misir hökmdarının adamları tərəfindən saxlanılması hadisəsindən sonra demişdilər. Təbii ki, bu ayədə də abadlıqlar deyilərkən kəndlər nəzərdə tutulmur. Bu söz dünyanın bütün insan məskənləri olan ərazilərini ehtiva edir. Digər tərəfdən, bir çox hədislərdə yerin quru hissəsinin Kəbənin altından başlayaraq yayılmağa başladığı, məhz bu səbəbdən də onun “Dəhvül-ard” (yerin genişlənməsi) adlandırıldığı qeyd edilmişdir. Yəni sudan ilk xaric olan quru nöqtəsi Məkkə olmuşdur. Buna görə də Məkkəyə “Ümmül-qura” (abadlıqların başlanğıcı) deyilmişdir. “Ümm” ərəb dilində özəy, əsas, başlanğıca deyilir. Buna görə də “onun ətrafındakı insanlar” deyilərkən yer üzünün bütün sakinləri nəzərdə tutulur[38].
- Quranın misli, əsla: İmam Sadiq (ə) bu ayənin nazilolma səbəbi haqqında belə buyurmuşdur: “Osmanın süd qardaşı Abdullah ibn Səd ibn Əbu Sərəh Mədinəyə gəlib İslamı qəbul edir. Onun yaxşı xətti var idi. Buna görə də Peyğəmbərə (s) vəhy nazil olanda onu çağırıb vəhyi yazmasını göstəriş verir. Peyğəmbər (s) ona: “Allah eşidəndir, görəndir”, – dedikdə o, “eşidəndir, biləndir” yazır. Peyğəmbər (s): “Allah etdklərinizdən xəbərdardır”, – deyə buyurduqda, o, “görəndir” yazır. Nəticədə, İslamdan dönüb kafir olur. Məkkəyə döndükdən sonra qüreyşlilərə deyir: “Allah və Mühəmməd nə dediklərini bilmirlər.” Mən onun dediyinin bənzərini deyə, Allahın endirdiyini endirə bilərəm. Allah bu ayəni onun haqqında nazil edir. Ona qarşı edilən güzəşt Peyğəmbər (s) Məkkəni fəth edənə qədər davam edir. Məkkənin fəthindən sonra Peyğəmbər (s) onun qətlinə fərman verdikdə Osman onun əlindən tutub Peyğəmbərin (s) yanına gəlir. Onlar gələndə Peyğəmbər (s) məsciddə olur. Osman deyir: “Ey Allahın rəsulu (s), onu bağışla.” Peyğəmbər (s) susur. Osman eyni sözü yenə təkrar etdikdə Peyğəmbər (s) buyurur: “Onu sənin ixtiyarına buraxdım.” Osman qayıtdıqdan sonra Peyğəmbər (s) səhabələrinə buyurur: “Məgər mən sizə demədimmi ki, onu görən kimi öldürün?” Bir nəfər deyir: “Ey Peyğəmbər, mənim gözüm sizdə idi, gözləyirdim ki, onu öldürməyim üçün mənə işarə edəsiniz.” Peyğəmbər (s) buyurur: “Peyğəmbərlər işarə ilə adam öldürtdürmürlər.” Nəticədə, Abdullah ibn Əbu Sərəh Peyğəmbərin (s) azad etdiklərindən olur”[39].
- Toxumu da, çəyirdəyi Allah çatladır. Ölüdən diri, diridən də ölü çıxarır. Budur sizin Allahınız! Axı siz Haqdan necə döndərilirsiniz?
- Dan yerini O sökür; gecəni istirahət, günəşi və ayı isə hesab vasitəsi etmişdir. Bu, yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir.
- Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bilən insanlar üçün əlamətləri izah etdik.
- Sizi tək bir insandan yaradan da Odur. (İnsanlar iki qrupa bölünür:) Bəziləri sabit, bəziləri dəyişkəndir. Biz ayələrimizi anlayan insanlar üçün müfəssəl bəyan etdik.
- Göydən su endirən Odur. Biz onunla müxtəlif bitkilər yetişdirdik, yaşıl fidanlar və budaqlar göyərtdik, onlardan bir-birinə sıxlaşmış dənələr çıxartdıq. Biz xurma ağacının çiçəyindən nazik salxım çiçəklər çıxartdıq. Habelə, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt onların meyvəsinə və yetişməsinə baxın. Bunda imanlı şəxslər üçün əlamətlər vardır.
- Cinləri yaratdığı halda, onlardan Allaha şəriklər qoşdular, yalandan və bilmədən Onun üçün oğullar və qızlar uydurdular. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur.
- O, göyləri və yeri var edəndir. Zövcəsi olmadığı halda Allahın övladı necə ola bilər axı? Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!
—————————————————————————————
- Gecə və istirahət vasitəsi: Allah-taala bu ayədə gecəni istirahət və rahatlıq tapmaq üçün bir vasitə etdiyini buyurmuşdur. İnsanın işıq və aydınlıqda iş və fəaliyyətə meyilli olduğu danılmazdır. İşıqda qan dövranı bədənin səth hissəsinə meyillənir və bütün hüceyrələr aktiv olur. Buna görə də işıqda yatmaq insana elə də rahatlıq və dinclik gətirmir, əksinə, əzginlik yaradır. Lakin ətraf nə qədər qaranlıq olarsa, yuxu bir o qədər şirin və dərin olar, bədənə rahatlıq bəxş edər. Çünki qaranlıqda qan dövranı bədənin dərinliklərinə daha çox meyillənir, hüceyrələrin fəaliyyəti passivləşir. Məhz elə buna görədir ki, hava qaraldıqdan sonra təbiətdə təkcə canlılar deyil, bitkilər də yuxuya gedir, dan yerinin ilk işartısında isə oyanış, hərəkət və aktivləşmə başlayır. Əhli-beyt (ə) hədislərində bu həqiqətin ruhunu əks etdirən göstərişlərə daha çox rast gəlinir. Belə ki, “Nəhcül-bəlağə”də İmam Əlinin (ə) dostlarından birinə belə nəsihət verdiyini görürük: “Qaranlıq düşdükdən sonra hərəkət etmə ki, Allah gecəni səfər üçün deyil, dincəlmək və istirahət etmək üçün yaratmışdır. Gecə vaxtı dincini al, yorğunluğunu çıxar.” İmam Baqir (ə) buyurmuşdur: “Gecə vaxtı yaxınlıq etmək sünnənin bir hissəsidir. Çünki Allah gecəni rahatlıq və istirahət vasitəsi təyin etmişdir.” İmam Səccadın (ə) öz xidmətçisinə belə buyurduğu nəql edilmişdir: “Dan yeri sökülənə qədər heyvan kəsməyin. Çünki Allah gecəni bütün canlılar üçün istrahət vasitəsi etmişdir.”[40]
- Sabit və dəyişkən insanlar: Bu ayədə bəzi insanların sabit, bəzilərinin isə dəyişkən olduğu buyurulmuşdur. Təfsirçilər bu iki ifadə ilə bağlı çoxlu şərhlər vermişlər. Bir izaha görə, “sabit” deyilərkən yaradılış cəhətdən tamlanmış və ana bətnində dünyaya gəlişini gözləyən və ya dünyaya gəlmiş insan, “dəyişkən” deyilərkən isə yaradılışı hələ tamamlanmamış, hələ də nütfə şəklində atasının belində olan insan potensialı nəzərdə tutulur. Başqa bir təfsirə görə, “sabit” deyilərkən əbədi olan və heç zaman ölməyən ruh, “dəyişkən” deyilərkən isə sabit olmayan fani bədən nəzərdə tutulur. Bəzi hədislərdə bu ifadələrlə bağlı mənəvi məzmunlar da qeyd edilmişdir. Belə ki, hədislərdə “sabit” deyilərkən iman cəhətdən sabit olan, “dəyişkən” deyilərkən isə iman cəhətdən sabit olmayan insanların nəzərdə tutulduğu qeyd edilmişdir[41].
- Cini Allaha şərik qoşdular: Cin deyilərkən bu ayədə şeytanlar nəzərdə tutula bilər. Belə ki, zərdüştilər Ahura Məzda və Əhrimən olmaqla iki tanrıya inanırdılar. Bu inanca yezidiyyə firqəsi də malikdir. Onlar İblisi tanrı hesab edir, ona “məlik tavus” və ya “pərilər şahı” deyirlər. Ola bilər ki, burada elə həqiqi cin nəzərdə tutulmuşdur. Çünki müşriklər Allahın cinləri özünə qız övladı seçdyinə və pərilərin bu vasitə ilə yarandığına inanırdılar. Əlbəttə, sonuncu nəzəriyyə ayənin məzmunu ilə daha çox uyğunluq təşkil edir. Çünki ayədə “yalandan və bilmədən Onun üçün oğullar və qızlar uydurdular.”, – deyə buyurulmuşdur. Burada mələklərdən üstün varlıqların nəzərdə tutulduğunu da deyə bilərik. Brahmanlar və buddistlərin inancı həzrət İsanı (ə) Allahın oğlu hesab edən xristanların inancına bənzəyir. Bundan əlavə, keçmiş bütpərəstlər bütləri Allahın övladları, ərəb müşrikləri isə mələkləri Allahın qızları hesab edrdilər[42].
- O Allah Rəbbinizdir! Ondan başqa heç bir məbud yoxdur. Hər şeyi yaradan Odur. Ona ibadət edin. O, bütün mövcudatın mühafizəçisi və hamisidir.
- Gözlər Onu görməz. Amma O, gözləri görər. O, lütfkar və xəbərdardır!
- Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onların vasitəsilə haqqı) görsə, öz xeyrinə, kim göz yumsa, öz ziyanınadır. Mən sizə nəzarətçı deyiləm.
- Biz ayələrimizi belə izah edirik. (Qoy onlar): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, – deməklərində olsunlar. Biz onu həqqətləri dərk etməyə hazır olanlar üçün aydınlaşdırmaq istəyirik.
- Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Müşriklərdən isə üz çevir!
- Əgər Allah istəsəydi, onlar (məcburi şəkildə iman gətirər və) müşrik olmazdılar. Biz səni onların üzərində cavabdeh qoymamışıq və sən onları məcbur etmək vəzifəsi daşımırsan!
- Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilməməzlik üzündən haqsız yerə Allahı söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar hamısı Rəblərinə doğru qayıdacaqlar. Onları etdikləri əməllərdən xəbərdar edəcək!
- Son dərəcə israrla Allaha and içdilər ki, əgər onlara bir əlamət (möcüzə) gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr yalnız Allah tərəfindəndir. (Mənim ixtiyarımda deyil ki, sizin istəyinizlə möcüzə göstərə bilim). Siz haradan bilirsiniz ki, onlara möcüzə gəlsə, (iman gətirəcəklər? Xeyr,) iman gətirməyəcəklər!”
- Biz onların ürəklərini və gözlərini daha öncə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə tərk edərik.
—————————————————————————————–
- Gözlər Onu görməz: Əqli dəlillər Allahın gözlə görülə bilməyəcəyini sübut edir. Çünki göz yalnız cisimlər və onların bəzi keyfiyyətlərini görür. Cisim olmayan və cisim keyfiyyətinə malik olmayanlar əsla gözlə görülə bilməz. Başqa sözlə desək, gözlə görülən şey hökmən maddə, məkan və cəhətlərə malik olmalıdır. Halbuki Allah bütün bunların fövqündədir. Allah hüdudsuz varlıq olduğu üçün hər şeyin məhdud olduğu maddi dünyanın fövqündədir. Quranın bir çox ayələrində, o cümlədən, İsrail oğullarından və Allahı görmək tələbinin irəli sürülməsindən bəhs edən ayələrdə Allahın görünməsinin mümkün olmadığı açıq-aşkar şəkildə inkar edilmişdir. Əhl-beyt (ə) hədislərində də bu inanc inkar, onun tərəfdarları isə ciddi şəkildə tənqid edilmişdir. İmam Sadiqin (ə) məşhur dostlarından olan Hişama istinad edilən bir hədisdə belə nəql edildiyini oxuyuruq: “İmam Sadiqin (ə) yanında idim. O həzrətin dostlarından olan Müaviyə ibn Vəhəb daxil oldu. Sonra üzünü İmama (ə) tutub dedi:
– Ey Peyğəmbərin balası, Peyğəmbərin Allahı gördüyünü ifadə edən hədis haqqında nə deyə bilərsiniz? Onu hansı şəkildə görüb? Habelə o həzrətin “möminlər Cənnətdə öz Rəblərini görəcəklər” hədisi haqıqnda fikriniz nədir? Onu hansı şəkildə görəcəklər?
İmam Sadiq (ə) gülməsəyərək buyurdu:
– “Ey Vəhəbin oğlu Müaviyə, necə də pisdir, insan 70-80 il ömür sürsün, Allahın mülkündə yaşasın, verdiyi nemətlərdən faydalansın, ancaq Onu layiqli şəkildə tanımasın. Ey Müaviyə, Peyğəmbər (s) Allahı bu gözlə görməyib. Görmək iki cürdür: zahiri gözlə görmək və qəlb gözü ilə görmək. Əgər kim qəlb gözü ilə gördüyünü desə, düz deyib, kim zahiri gözlə gördüyünü desə, yalan deyib, Allahı və Onun ayələrini inkar edib, kafir olub. Çünki Peyğəbər (s) buyurmuşdur: Hər kim Allahın Öz yaratdıqlarına bənzədiyini deyərsə, kafirdir.”[43]
- Hətta düşmənləri belə söyməyin qadağan edilməsi: Bəzi hədislərdə bildirilir ki, bir qrup mömin, bütpərəstlərin davranışlarından bərk narahat olduqları üçün bəzən müşriklərin bütlərini təhqir etdir, onları söyürdülər. Quran bu davranışı açıq-aşkar şəkildə qadağan etdi, hətta ən pis və ən xurafat ayinlər qarşısında ədəb-ərkanın, abır-həyanın qorunması göstəriş verdi. Çünki söyüş və təhqirlə kimisə yanlış yoldan qaytarmaq olmaz. Bu cür fərdlər malik oduqları nadanlıq və təəssübkeşlik ucbatından inadkarlıq göstərib öz inanclarında israrlı olar, daha acınacaqlısı isə, səhvə yol verib Allaha təhqirlər və söyüşlər yağdırarlar. Hədislərdə də Quranın haqq yoldan sapmışlara söyüş söyülməsinin tərk edilməsi ilə bağlı məntiqi izlənmişdir. İslam öndərləri müsəlmanlara hər zaman məntiqə və dəlil-sübutlara əsaslanmağı, əks inanclılara söyüş söyülməməsi ilə bağlı göstərişlər vermişlər. “Nəhcül-bəlağə”-də oxuyuruq ki, Əli (ə) Siffeyn mübaribəsində Müaviyənin ardıcıllarını söyən bir qrup əshabəsinə belə buyurmuşdur: “Sizin söyüş söyən olmağınızı istəmirəm. Amma danışıqlarınızda onların davranışlarını səciyyələndirsəniz, vəziyyətlərini təsvir etsəniz, doğruya daha yaxın olar, üzrünüz məqbul sayılar.” Soruşula bilər ki, bütpərəstlər Allaha etiqad etdikləri və bütləri ilahi dərgahın şəfaətçiləri hesab etdikləri Allahı necə söyə bilərlər? Belə ki, əgər biz inadkar və təəssübkeş insanlara diqqətlə nəzər salsaq, bu vəziyyətin heç də təəccüb doğurmadığını görərik. Bu cür insanlar narahat olduqları zaman qarşı tərəfi incitmək üçün üstənilən vasitəyə əl atmağa meyilli olurlar. Hətta ortaq inanc bəslədiklərini belə söyməkdən çəkinmirlər[44].
- Əgər Biz mələkləri onlara endirsəydik, ölülər onlarla danışsaydı və hər şeyi toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilmir.
- Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (insanları) aldatmaq məqsədilə gizlində bir-birinə aldadıcı və əsassız sözlər deyirdilər. Əgər Rəbbin istəsəydi, belə etməzdilər. (Onların qarşısını ala bilərdi. Amma məcburiyyətin heç bir faydası yoxdur.) Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
- Nəticədə, (şeytanların vəsvəsələri və şeytansifətlərin təbliğatları) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ona meyl göstərsinlər, (həmin sözlərdən) xoşlansınlar və istədikləri günahı etsinlər.
- Sizə içində hər şey yazılmış kitabı nazil edən Allah olduğu halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınınmı hakim olmasını istəməliyəm?! Kitab verilmiş şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq olaraq nazil edildiyini bilirlər. Sən tərəddüd edənlərdən olma!
- Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Heç kəs Onun sözlərini dəyişdirə bilməz. O, eşidəndir, biləndir!
- Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar, təxmin və gümana qapılarlar!
- Sənin Rəbbin yolundan azanları da, haqq yola yönələnləri də daha yaxşı tanıyır.
- Əgər siz Allahın ayələrinə iman gətirmisinizsə, (başı kəsilərkən) üstündə Onun adı çəkilmiş heyvanları yeyin!
—————————————————————————————
- Peyğəmbərin (s) dəvəti və müşriklərin inandkarlığı: Bu və əvvəlki iki ayədə buyurulur ki, müşriklər Peyğəmbərə (s) möcüzə göstərəcəyi təqdirdə Allaha inanacaqlarını deyirlər. Lakin Allah buyurur ki, onların iman gətirməsi qeyri-adi möcüzələrdən deyil, Allahın istəyindən asılıdır. Onlar Peyğəmbərin (s) dəvətini ilk başlanğıcda qəbul etmədikləri və inadkarlıq göstərdikləri üçün Allah onların gözlərini və qulaqlarını bağlamış, iman müvəffəqiyyətini əllərindən almışdır[45]. Bu hadisə Peyğəmbər (s) zamanında dəfələrlə baş vermişdir. İmam Əli (ə) bir xütbəsində belə buyurmuşdur: “Mən Peyğəmbərlə (s) bir yerdəydim. Qüreyş böyüklərindən bir qrupu gəldi. Onlar o həzrətə dedilər:
– Ey Mühəmməd, sən o qədər böyük bir iddia irəli sürmüsən ki, nə ataların, nə də sülaləndən heç biri belə bir iddia irəli sürməyib. Biz səndən bir iş görməni istəyirik. Əgər qəbul edib istəyimizi bizə göstərsən, biləcəyik ki, sən Allahın peyğəmbər və elçisisən. Əks təqdirdə, sənin sehrbaz və yalançı olduğunu biləcəyik.
Peyğəmbər (s) buyurdu:
– Nə istəyirsiniz?
Dedilər:
– Bu ağacı çağır, kökündən çıxaraq gəlib qarşında dayansın.
– Allah hər br işə qadirdir. Əgər Allah sizin üçün belə bir iş görsə, iman gətirib Onun haqq olduğunu təsdiq edərsiniz?
– Bəli.
– İndi sizə istədiyinizi göstərəcəyəm. Ancaq bilirəm ki, xeyirli yola dönməyəcəksiniz. Aranızda elə bir şəxs var ki, Qəlib quyusuna atılacaq[46], elə bir şəxs var ki, dəstələri toplayacaq.
Sonra Peyğğəmbər (s) buyurdu:
– Ey ağac, əgər Allaha və o biri dünyaya inanırsansa və mənim Allahın peyğəmbəri olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx gəl və mənim qarşımda dayan.
And olsun onu peyğəmbərliyə seçənə, ağac kökündən çıxdı, çox yüksək, eyni zamanda quşların qanadlarının səsini xatırladan bir səslə gəldi. Allah rəsulunun (s) qarşısında dayandı, yuxarı budaqlarını Peyğəmbərin (s) başı üzərinə, bəzi budaqlarını isə mənim çiynimə sərdi. Mən həmin vaxt Peyğəmbərin (s) sağ tərəfində dayanmışdım. Oradakılar o həzrətə baxıb inadkarlıq göstərərək dedilər:
– İndi əmr et, ağacın yarısı sənin yanına gəlsin, o biri yarısı yerinə qayıtsın.
Peyğəmbər (s) əmr etdi, onun yarısı daha uca və qəribə bir səs-küylə Peyğəmbərin (s) yanına gəldi. O qədər yaxınlaşdı ki, az qalırdı Peyğəmbərə (s) sarılsın. Sonra onlar kafircəsinə, inadkarcasına dedilər:
– İndi əmr et, ağacın bu yarısı o biri yarısına birləşsin!
Peyğəmbər (s) əmr etdi, ağac yerinə qayıtdı. Mən dedim:
– “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur). Mən sənə iman gətirən ilk şəxsəm, ey Allahın elçisi! Sənin peyğəmbərliyini təsdiq etmək və sözünü uca tutmaq üçün Allahın izni və sənin əmrinlə ağacın sənin yanına gəlməsinə şahidlik edən ilk şəxsəm!
Ancaq onlar hamısı bir ağızdan dedilər:
– Bu kişi yalançı sehrbaz, məharətli və heyrətamiz bir cadugərdir! (Mənə işarə edərək) bunun kimilərdən başqa səni təsdiq edən olarmı?”[47]
- Möminlərin kamilləşməsində şeytanların rolu: Ümumiyyətlə, bütün işləri Allaha aid etmək olar. Çünki bütün işlər Ondandır. İxtiyar, azadlıq, qüdrət, elm və sairə Allahın insana bəxş etdiyi nemətlərdir. Deməli, şeytanlar da peyğəmbərlərlə düşmənçilik edirlərsə, yenə də Allahın icazə və izni ilə edirlər. Amma onlar öz işlərində məcbur və ixtiyarsız deyillər. Onların da malik olduqlarını Allah vermişdir. Sadəcə, onlar bütün imkanlarını hiylə və kələk yolunda istifadə edirlər. Ümumiyyətlə, dünya ixtiyar və azadlıq məkanıdır. Allah-taala insanlara və cinlərə xeyir və şər yolunu azad şəkildə seçib yürümək üçün ixtiyar və azadlıq vermişdir. Əlbəttə, bir cəhətdən də şeytanların planları dolayısı ilə möminlərin özlərini düzəltməsində və inkişafında rol oynaya bilər. Çünki düşmənin, özü də bu cür mahir və hiyləgər düşmənin olması iti zəkalı və qərarlı bir fərdin ayıqlığının, iradəsinin, müqavimət gücünün və düz yoldakı qətiyyətinin artmasına səbəb ola bilər[48].
- Nə üçün siz üzərində Allahın adı çəkilmiş şeylərdən (heyvanların ətindən) yemirsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna olmaqla, sizə haram olanları O, sizə bildirmişdir. İnsanların bir çoxu (şəriəti) bilməməzlikdən və nəfslərinin istəklərinə uyaraq (başqalarını) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları daha yaxşı tanıyır!
- Günahların aşkarından da, gizlisindən də əl çəkin! Çünki günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!
- Üzərində Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Çünki bu iş günahdır. Həqiqətən, şeytanlar sizinlə mücadilə etmələri üçün öz dostlarına gizlində bəzi şeyləri təlqin edirlər. Əgər onlara itaət etsəniz, siz də müşrik olacaqsınız.
- Ölü ikən diriltdiyimiz, sonra insanlar arasında gəzməsi üçün nur bəxş etdiyimiz şəxs zülmət içində qalıb oradan çıxmayan şəxs kimi ola bilərmi? Bu şəkildə etdikləri əməllər kafirlərə gözəl göstərildi.
- Beləliklə, hər bir şəhərə və kəndə günahkar başçılar təyin etdik. Fəaliyyətləri camaatı aldatmaqla nəticələndi. Onlar yalnız özlərini aldadarlar, lakin fərqinə varmazlar.
- Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar (insanları haqq yoldan sapdıranlar) işlətdikləri hiylələrə görə Allah dərgahında zillətə və şiddətli əzaba düçar olacaqlar!
—————————————————————————————-
- Aşkar və gizli günah: “Aşkar günahlar” nəticəsinin pis və qorxulu olacağı gizli olmayan şirk, yer üzündə fəsad törətmək, zülm və haqsızlıq kimi günahlardır. “Gizli günahlar” ilk baxışda nəticəsinin qorxulu olacağı başa düşülməyən murdar olmuş heyvanın, donuzun ətinin yeyilməsi, (sözün həqiqi mənasında) qan içmək kimi günahlara deyilir. Allah-taala bu əməllərin günah olduğunu bildirmişdir. Bəzi məqamlarda onların haram edilmə səbəbi bizə aydın olmaya bilər. Bu ayədə Allah buyurur ki, nəticələrindən xəbərdar olmasanız belə, bütün günahları tərk edin[49].
- Peyğəmbərin əmisi Həmzənin iman gətirməsi: Bu ayənin nazilolma səbəbi haqqında belə qeyd edilir. İslam və Peyğəmbərin (s) qatı düşmənlərindən olan Əbu Cəhl bir gün Peyğəmbəri (s) çox incidir. Peyğəmbərin (s) həmin günə qədər İslamı qəbul etməmiş, lakin bu din haqqında davamlı olaraq düşünən şücaətli əmisi Həmzə həmin gün adəti üzrə ovda idi. Ovdan qayıdıb Əbu Cəhllə qardaşı oğlunun arasında baş verənlərdən xəbər tutduqdan sonra çox narahat olur, birbaşa Əbu Cəhlin yanına gedir. Başına (ya da burnuna) elə vurur ki, burnu qanayır. Əbu Cəhl öz tayfası, hətta Məkkə əhalisi arasında böyük nüfuz sahibi olmasına baxmayaraq, Həmzənin çox böyük şücaət sahibi olduğunu nəzərə alıb heç bir reaksiya vermir. Həmzə sonra Peyğəmbərin (s) yanına gedir, İsalmı qəbul edir, həmin gündən ömrünün sonuna qədər bu dinin müdafiəsində dayanır. Bu ayə həmin hadisə ilə əlaqədar olaraq nazil olur, Həmzənin imanını, Əbu Cəhlin küfr və fəsad içindəki inadkarlığını bəyan edir. Bu ayədə “ölüm və həyat” “küfr və iman” mənalarında işlədilmişdir. Əsl həqiqətdə ölüm və həyatın mənəvi mənası nəzərdə tutulmuşdur. Bu ifadə açıq şəkildə göstərir ki, iman quru, boş və təmtəraqlı sözlərdən ibarət bir inanc deyil. İman imansız insanların cansız bədənlərinə üfürülən, onların varlıqlarına və bütün həyatlarına təsir göstərən bir ruh kimidir. Nəzə almaq lazımdır ki, bu ayədə “nur” Quran, Peyğəmbər (s) və imamların (ə) təlimləri ilə yanaşı, Allahın insana bəxş etdiyi yeni dərkə, idrak üfüqünün dünyanın maddi həyat səviyyəsindən daha yüksəklərə qaldırılmasına, daha geniş üfüqlərə yüksəltməsinə deyilir. O, özünütanıma işığı altında eqoizm və nəfs pərdələrini ruhun gözləri önündən kənara çəkir. Nəticədə, insan daha əvvəllər görmədiyi həqiqətləri görür, öz həyat yolunda insanların nəfsani istəklərinə tabe olaraq etdiyi xətalara yol vermir, sağ-salamat məqsədə çatır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Mömin Allahın nuru ilə baxır”. Bu hədis də qeyd olunan həqiqəti əks etdirir. Əlbəttə, bu parlaq baxışı qələmlə, sözlə təsvir etmək qeyri-mümkündür, onu dadmaq, hiss etmək lazımdır[50]. Qeyd etməliyik ki, bu parlaq düşüncəyə nail olmaq üçün yalnız həqiqi iman işığında Quran və məsum öndərlərin göstərişlərinə əməl etmək lazımdır.
- Peyğəmbərlər – Allahın seçdikləri: Bu ayənin nazilolma səbəbi ilə bağlı qeyd olunanlardan belə başa düşülür ki, bəzi müşriklər yaşları, gücləri və sərvətlərinin Peyğəmbərin (s) yaşı, gücü və sərvətindən çox olduğunu düşünərək, özlərini peyğəmbərliyə daha layiq bilirdilər[51]. Amma məlumdur ki, peyğəmbərlik yaş, sərvət və mövqe ilə müəyyən edilmir. Bunun üçün insanın mənəvi hazırlığı, daxili təmizliyi, əxlaqi və insani xüsusiyyətləri, günahdan uzaq, təqvalı olması şərtdir. Bunu isə Allahdan başqa heç kəs bilmir. Peyğəmbərin canişini də vəhy və qanunvericilik istisna olmaqla, peyğəmbərin bütün xüsusiyyətlərinə və keyfiyyətlərinə malik olmalıdır. Yəni həm dinin mühafizəçisi, həm insanların maddi və mənəvi rəhbəri, öz vəzifəsini daha yaxşı yerinə yetirmək və insanlara nümunə olmaq üçün günahsızlıq və məsumluq məqamında olmalıdır. Bu baxımdan o da Allah tərəfindən təyin edilməlidir. Çünki yalnız Allah bilir ki, imam kim olmalıdır[52].
- Allah düz yola yönəltmək istədiyi şəxsin köksünü İslam üçün açıb genişləndirər, azdırmaq istədiyi şəxsin köksünü sanki o, göyə qalxırmış kimi daraldar. Allah iman gətirməyənlərə pisliyi belə edər!
- Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi nəticə çıxaran insanlar üçün aydınlatdıq.
- Onlar üçün Rəblərinin yanında əmin-amanlıq yurdu olacaq. Etdikləri əməllərə görə Allah onların hamisidir.
- Onların hamısını toplayacağı gün (Allah): “Ey (şeytanlar və) cin tayfası, siz insanların bir çoxunu yoldan çıxartdınız”, – deyə buyuracaq. Onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (biz ötəri ləzzətlərə nail olduq, onlar bizə hökmranlıq etdilər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin yeriniz oddur. Allahın istədiyi şəxslər istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Sənin Rəbbin hikmət, elm sahibidir!
- Bu qayda ilə etdikləri əməllərə görə bəzi zalımları digər bəzisinə həvalə edərik.
- Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və belə bir günlə qarşılşacağınızla qorxudan peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik! (Bəli, biz pis iş tutmuşuq.)” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik edəcələr.
- Bu, ona görədir ki, Rəbbin şəhər və kəndlərin əhalisini bilməzlik və xəbərsizlik üzündən etdikləri zülmlərə görə məhv etməz!
————————————————————————————–
- Köksün genişləndirilməsi: “Köks” deyilərkən burada ruh, fikir nəzərdə tutulmuş, əksər yerlərdə bu mənada işlədilmişdir. “Köksün genişliyi” deyilərkən isə ruhun böyüklüyü, fikrin yüksəkliyi, insanın əqli diapazonunun daha iri miqyası nəzərdə tutulur. Çünki haqqı qəbul etmək üçün insanın öz şəxsi mənfəətlərinə daha çox göz yumması lazımdır. Bunu isə yalnız yüksək fikir sahibləri, ruhu geniş olan insanlar bacara bilərlər. Allah-taala bu ayədə köksün genişliyini böyük nemətlərdən, köksün darlığını isə ilahi cəzalardan biri kimi təqdim etmişdir. Buna görə də Allah-taala Öz peyğəmbərinə bəxş etdiyi böyük nemətlərdən birinə “İnşirah” surəsinin birinci ayəsində işarə edərək buyurmuşdur: “Sənin köksünü genişləndirib açmadıqmı?” Bunu insanların müxtəlif vəziyyətləri əsasında daha yaxşı müşahidə etmək olar. Bəzi insanların ruhu o qədər böyükdür ki, istənilən hadisəni, böyüklüyündən asılı olmayaraq, qəbul etməyə hazırdırlar. Bəzi insanların ruhu isə hətta heç bir həqiqətin təsir edə bilməyəcəyi dərəcədə dar və məhduddur. Onların həyatı gündəlik məişət problemləri, yatmaq və yeməklə məhdudlaşır. Əgər dünya onlara verilsə, hər şey yaxşıdır, yox əgər azacıq dəyişiklik müşahidə etsələr, nəzərlərində hər şeyin sonu çatır, hər şey viran qalır. Bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) “köksün genişliyi nədir?” – deyə soruşulduqda, buyurmuşdur: “Allahın istədiyi hər kəsin qəlbinə saldığı nurdur. Bu nurun işığında həmin insanın ruhu genişlənir, açılır.” Soruşdular: “Bunu göstərən bir əlamət varmı?” Peyğəmbər (s) buyurdu: “Bəl, axirət evinə diqqət ayrmaq, aldadıcı dünyaya göz yummaq, ölüm insanı haqlamamış ölümə hazır olmaq (iman, saleh əməl, haqq yolunda ciddi cəhdlə çalışmaq).”[53]
- Cənnətdə əmin-amanlıq neməti: Cənnət əhlinin ən böyük nemətlərindən biri arxayınlıq və əmin-amanlıqdır. Ayədə işarə edilən bu nemət ən böyük nemətlərdən biridir. Əgər bircə an əmin-amanlıq olmasa, qəm-kədər insanı öz təsiri altına alar. Sözügedən həqiqəti təhlükəli səhralarda, hər an raket və bombaların düşəcəyi müharibə zonalardında olan insanlar daha yaxşı dərk edərlər. Bu məkanlarda dirilik suyu zəhərə dönür, saatlar və dəqiqələr ağır gedir. Qeyd olunan şəraitdə Quranın Cənnət sakinləri ilə bağlı işlətdiyi ifadələrin həqiqətini və dərinliyini hiss etmək olar. Əlbəttə, Cənnət əhli hətta bu dünyada da imanları sayəsində özlərini əmin-amanlıqda hiss edirlər. Mömin insan Allaha həqiqi mənada təvəkkül etmək, Onun təqdirinə razı olmaq və iradəsi önündə təslim olmaqla ən ağır çətinlikləri belə, xüsusi sakitliklə qarşılayır. “Yunus” surəsinin 62 və 63-cü ayələrində belə buyurulmuşdur: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər… Onlar üçün dünya həyatında da, axirət həyatında da şadlıq və sevinc var.”[54]
- Himayə və rəhbərliyin Qiyamətə qədər davam etməsi: Bu ayədə Allahın yuxarıda sözügedən şəxslərlə bağlı əbədi qanununa işarə edilmişdir. Allah-taala buyurur ki, zülmkarlar və haqq yoldan sapmışlar bu dünyada bir-birinin himayəçisi, rəhbəri, bələdçisi, yanlış yollarda yaxın yol yoldaşı və həmkarı olduqları halda, o biri dünyada bir-birini qoyub qaçacaqlar. Buna səbəb isə onların bu dünyada etdiyi əməllərin nəticəsidir. Çünki Qiyamət səhnəsi reaksiyaların iri miqyasda təzahür edəcəyi məkandır. Orada qarşımıza çıxanlar bizim bu dünyada etdiklərimizin inikasıdır[55]. Əhli-beyt (ə) hədislərində bu ayə haqqında belə buyurulmuşdur: “Bu dünyada qəbul etdikləri rəhbər və himayədarlar axirətdə də onların rəhbər və himayədarları olacaq. Qiyamət günü onlar bir yerdə olacaqlar.”[56]
- Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!
- Rəbbin ehtiyacsız və mehribandır. İstəsə, sizi başqa xalqların nəsillərindən yaratdığı kimi, sizi də aparıb yerinizə dilədiyini gətirər.
- Sizə vəd edilən şübhəsiz ki, gələcəkdir. Siz onu (Allahı) aciz qoya bilməzsiniz (ədalətindən, mükafat və cəzasından qaça bilməzsiniz).
- De: “Ey mənim qövmüm, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Amma tezliklə kimin aqibətinin yaxşı olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
- (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) gümanları ilə: “Bu, Allahın, bu da (Allaha) şərik qoşduğumuz bütlərindir!” – dedilər. Onların şərik qoşduqları üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə şərik qoşduqlarına çatardı. (Bütlərin payında çatışmazlıq olsaydı, Allahın malını bütlərə verərdilər. Amma əksini düzgün hesab etməzdilər.) Onların verdikləri hökm necə də pisdir!
- Beləcə, ortaqları (bütləri) müşriklərə övladlarını öldürməyi onlara yaxşı bir iş kimi göstərdilər, onları məhvə sürüklədilər və dinlərini onlara şübhəli göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Qarşılarını ala bilərdi. Amma məcburiyyətin heç bir faydası yoxdur.) Onları da, uydurduqları yalanları da başlı-başına burax!
————————————————————————————–
- Ölüb-dirilməni xatırlamağın zərurəti: Deyilənə görə, Üsamə ibn Yezid yüz dinara bir kəniz alır, ancaq məbləği bir aya ödəyəcəyini razılaşdırır. Xəbər Peyğəmbərə (s) çatdıqda buyurur: “Üsamənin bu davranışına təəccüblənmirsiniz? Bir kəniz alıb və pulunu br aya ödəmək istəyir. Üsamə uzun arzularla yaşayır. Canım əlində olan Allaha and olsun ki, mən gözümü qırpanda onun açılacağına ümidim olmur. Gözüm açıq olanda isə onu yuma biləcəyimə ümid bəsləmirəm. Tikəni ağzıma qoyanda onu udacağıma ümidim olmur. Ey Adəm övladları, əgər yaxşı düşünsəniz, gərək özünüzü hər zaman ölülərin arasında görəsiniz. And olsun canım əlində olan Allaha, sizə vəd verilən şübhəsiz ki, gələcək və siz Allahı aciz qoya bilməzsiniz.”[57]
- Allahın payı və bütlərin payı: Ayənin “onların şərik qoşduqları üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə şərik qoşduqlarına çatardı” cümləsini şərh edərkən təfsirçilər ayənin tarixi bir hadisə haqqında nazil olduğunu qeyd edirlər. Belə ki, müşriklərin əkinlərindən və heyvanlarından Allah üçün ayırdıqları paya hər hansı hadisə nəticəsində ziyan dəysəydi, deyərmişlər: “Eybi yoxdur, Allah onsuz da ehtiyacsızdır.” Yox əgər bütlər üçün ayırlmış pay sıradan çıxsaydı, Allahın payını onun yerinə qoyar və deyərmişlər: “Bütlərin çox böyük ehtiyacı var.” Habelə, Allahın payı hesab edilən tarlanın suyu bütlərin payı olan tarlaya axsaydı, deyərmişlər ki, eybi yoxdur, Allah ehtyacsızdır. Yox, əgər hadisə əksinə baş versəydi, suyun qarşısını alar və deyərmişlər ki, bütlərin daha çox ehtiyacı var. Buna görə də ayənin sonunda sözügedən inanc pislənmiş və “verdikləri hökm necə də pisdir”, – deyə buyurulmuşdur. Bütpərəstlik yanlış və əsassız bir davranış olmaqla yanaşı, bütpərəstlərin davranışlarının çirkin olmasının dəlillərini belə sıralaya bilərik: 1. Hər şey Allah tərəfindən yaranmış və hər şeyin maliki Allah olduğu, habelə bütün mövcudat Onun tərəfindən idarə edildiyi halda, onlar kainatın yalnız cüzi bir hissəsini Ona aid edirdilər. Sanki hər şeyin əsl maliki onlar özləri idi və bölgü aparmaq da onların haqqı idi. 2. Onlar bu bölgülərində bütlərə daha çox üstünlük verirdilər. Allaha aid edilən paya ziyan toxunması heç bir əhəmiyyət daşımırdı. Lakin bütlərin payına ziyan dəysəydi, Allahın payı ilə bu ziyanı aradan qaldırar, Allahın payından götürüb bütlərə verərdilər. Bu ayrıseçkilik bir növ bütlərin Allahdan üstün tutulduğunu göstərirdi. 3. Hədislərdə qeyd edilir ki, onlar bütlərə daha çox diqqət ayırırdılar. Çünki bütlərə hamilik edənlər, onların xidmətçiləri və bütpərəstlərin özləri bütlərin payını özləri yeyir, Allahın payını isə uşaqlara və qonaqlara verirdilər. Faktlar göstərir ki, kök və yağlı qoyunlar və dənli bitkilər bütlərin payı idi. Onlar bununla öz qarınlarını fikirləşirdilər. Bütün bunlar göstərir ki, bölgü zamanı onlar hətta Allaha bütlər qədər də qiymət vermirdilər. İnsanın dəyərsiz daş və taxta parçasını kainatın yaradıcısından üstün tutması necə də çirkin və utancvericidir. Ağıl və təfəkkürün bundan da artıq tənəzzülə uğradığını təsəvvür etmək olarmı?[58]
- Övladların bütlərə qurban edilməsi: “Bütlər müşriklərə övladlarını öldürməyi onlara yaxşı bir iş kimi göstərdilər”. Yəni bütlərin bütpərəstlərin ürəyində olan yeri, mövqeyi və sevgisi elə bir həddə idi ki, bəzi müşriklər onlara daha da yaxın olmaq üçün hətta öz övladlarını da onların yolunda qurban etməyə, öldürməyə hazır idilər. Tarixdə bütpərəst və ulduzpərəstlərin bu davranışlarını təsdiq edən faktlar var. Əlbəttə, bu hadisə Bəni-Təmim qəbiləsinin öz qızlarını diri-diri basdırması hadisəsindən fərqlənir. Bu ayədə qız və oğlan olmasından asılı olmayaraq, övladların öldürülməsindən söz açılır. Halbuki övladları diri-diri basdırmaq yalnız qız uşaqlarına aid idi[59].
- Dedilər: “Bu davarlar və əkinlərin bir hissəsi (bütlərə aid olan hissəsi hər kəsə) haramdır, ondan yalnız bizim istədiklərimiz yeyə bilər. Bunlar minilməsi (bizə) qadağan edilmiş heyvanlardır”. Elə heyvanlar da var idi ki, onların üzərində (onları kəsərkən) Allahın adını çəkməzdilər. Bütün bunları (Allahın əmri adı ilə) Allaha iftira yaxaraq edərdilər. Tezliklə (Allah) iftiralarının cəzasını verəcəkdir.
- Habelə dedilər: “Bu heyvanların qarınlarındakı (balalar) yalnız bizim kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”. Əgər ölü doğularsa, hər kəs (kişilər və qadınlar) onda ortaqdır. Tezliklə (Allah) onlara (bu yalan) vəsflərinin (yalan hökmlərinin) cəzasını verəcəkdir. O, hikmət, elm sahibidir!
- Cahillik və nadanlıq üzündən öz uşaqlarını öldürənlər Allahın onlara verdiyi ruzini özlərinə haram etdikləri və Allaha iftira atdıqları üçün şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.
- Talvarlı və talvarsız bağları yaradan Odur. Həm meyvə, həm də dad baxımından bir-birindən fərqlənən xurma və taxıl növlərini, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman meyvəsindən yeyin, yığım vaxtı haqqını ödəyin, ancaq israf etməyin. (Allah) israf edənləri sevməz!
- Yük daşıyan və (başqa məqsədlər üçün) kiçik heyvanları da O yaratdı. Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytanın yolu ilə getməyin ki, o, sizin açıq-aşkar düşməninizdir.
——————————————————————————————–
- Bütpərəstlərin bəzi xurafat inancları: Bu ayədə bütpərəstlərin düşüncə və təfəkkürlərinin dayaz olduğundan xəbər verən bəzi xurafat inanclara işarə edilir və əvvəlki ayələr təkmilləşdirilir. Oncə onların “bu davarlar və əkinlərin bir hissəsi (bütlərə aid olan hissəsi hər kəsə) haramdır, ondan yalnız bizim istədiklərimiz yeyə bilər”, – dedikləri qeyd edilir. Bunu deyərkən əslində onlar bütlərə xidmət göstərənlər və bütxanaların rəhbərlərini nəzərdə tuturdular. Bütlərə ayrılmış paydan yalnız həmin insanlar yeyə bilərdilər. Buradan o da başa düşülür ki, ayənin bu hissəsində bütlər üçün əkin məhsulları və heyvanlardan ayrılmış paydan necə istifadə edilməsinə işarə edilmişdir. Öncəki iki ayənin şərhində bu məsələyə işarə edildi. Sonra Allah-taala bütpərəstlərin haram etdiyi şeylərə toxunur. Onlar hesab edirdilər ki, bəzi heyvanlara minmək olmaz. Ola bilsin ki, burada “Maidə” surəsinin 103-cü ayəsində “saibə, bəhirə, hami”, – deyə qeyd edilmiş heyvanlara işarə edilmişdir. Daha sonra Allah onların başqa bir çirkin hökmünə işarə edərək buyurmuşdur: “Elə heyvanlar da var idi ki, onların üzərində (onları kəsərkən) Allahın adını çəkməzdilər.” Ola bilsin ki, burada başlarını kəsərkən bütlərin adının çəkildiyi və ya bəzi təfsirçilərə görə, həccə gedərkən minilməsi qadağan edilən heyvanlar nəzərdə tutulmuşdur. Hər iki halda hökmləri əsassız və xurafat olmuşdur[60]. Sonrakı ayədə müşriklərin heyvan ətləri ilə bağlı başqa bir xurafat hökmünə işarə edilərək buyurulmuşdur: “Bu heyvanların qarınlarındakı (balalar) yalnız bizim kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”. Əgər ölü doğularsa, hər kəs (kişilər və qadınlar) onda ortaqdır.” Onlar hesab edirdilər ki, əgər heyvan diri doğulsa, yalnız kişilərə məxsusdur, yox əgər ölü doğulsaydı, hər kəs onda ortaq idi. Öncə qeyd edək ki, bu hökmün heç bir məntiqi və fəlsəfi əsası yoxdur. İkincisi, ölü heyvanın ətinin ziyanlı olduğunu nəzərə alsaq, belə bir hökmün çıxarılması çox çirkin bir davranış idi. Üçüncüsü, hökmdə qadın və kişi ayrıseçkiliyi var. Çox utancverici haldır ki, yaxşı olan yalnız kişiyə aid olur, pis olana isə qadınlar da ortaq edilir[61].
- Məhsul yığılarkən yoxsulların hüquqlarının unudulmaması: Bilməliyik ki, “yığım vaxtı vacib olan haqq” deyilərkən zəkat nəzərdə tutulmamışdır. Çünki ayədə işarə edilən bəzi meyvələrə zəkat düşmür. Digər tərəfdən isə, bu ayə Məkkədə nazil olduğu halda, zəkat hökmü Mədinədə nazil olmuşdur. Deməli, bu ayəyə əsasən, məhsul yığımı vaxtı yoxsulların həmin məhsulda haqqı vardır. Həmin haqqı həm ağıl qəbul edir, həm də din sədəqə adı altında təsdiq edir. İmam Sadiq (ə) buyurmuşdur: “Əkinin iki haqqı var: alınmalı haqq; verilməli haqq. Alınmalı haqq vacib zəkatdır. Amma insanın öz istəyi ilə verdiyi haqqa ayədə “yığım vaxtı haqqını ödəyin”, – deyə işarə edilmişdir. Yığım deyilərkən yığıma başladıqdan məhsulun bir yerə toplandığı vaxta qədər olan müddət nəzərdə tutulur.” İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Toplanmış məhsulunuzdan yanınıza gəlmiş hər bir müsəlmana pay verin. Əgər heç bir müsəlman gəlməsə, müşrikə verin.” Deyilənə görə, Mədinədə xurma yığımı vaxtı xurma salxımını ağacdan qoparıb məscidə qoyarmışlar. Yoxsullar gələr və çubuqla həmin salxıma vurub tökülən xurmalardan yeyərmişlər[62].
- (Sizin üçün) səkkiz cüt heyvan yaratdı: bir cüt qoyun və bir cüt keçi. De: “Allah onların hansını haram edib? Erkəklərini, ya dişilərini? Yoxsa dişilərin qarınlarındakını? Əgər doğru deyirsinizsə, (onların haram olmasına) dəliliniz varsa, mənə xəbər verin!”
- Həmçinin (sizin üçün) bir cüt dəvə və bir cüt inək (yaratdı). De: “Allah onların hansını haram edib? Erkəklərini, ya dişilərini? Yoxsa dişilərin qarınlarındakını? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (bu qadağaya) şahid idiniz? Bilməməzliyi üzündən insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Allah zalımları əsla doğru yola yönəltməz!
- De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, (heyvanın bədənindən) çölə axmış qan, donuz əti və ya Allahdan başqasının (bütlərin) adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Amma məcburiyyət qarşısında qalan (bu haramları yeməyə məcbur olan), ləzzət qəsdi olmayan və həddi aşmayan şəxsə (günah yoxdur)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
- Yəhudilərə dırnaqlı (dırnağı bütöv olan) heyvanların hamısını haram etdik. İnək və qoyunların bellərinə və ya hər iki tərəfdən böyürlərinə yapışmış, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Biz doğru danışırıq!
—————————————————————————————-
143 və 144. Müşriklərin Allaha iftira atması: Bu iki ayədə əti halal olan bəzi heyvanların, habelə həm yük daşımaq, həm də qida üçün uyğun olan bəzi heyvanların adları qeyd edilmişdir. Bu heyvanların ətini halal və ya haram etmək həmin heyvanları, insanları və bütün kainatı yaradan Allahın işi olduğu üçün, onların halal və ya haram olması iddiası ya ağılla sübuta yetirilməli, ya vəhy vasitəsilə təyin edilməli, yaxud da sözügedən əmr elan edilərkən Peyğəmbərin (s) yanında olmaq lazımdır. Bu surənin 143-cü ayəsində açıq şəkildə bildirilir ki, bu heyvanları haram etmək üçün müşriklərin heç bir əqli və elmi sübutları olmamışdır, eyni zamanda vəhy və peyğəmbərlik iddiasında da deyildilər. Deməli, yeganə ehtimal onların bu barədə vəhy gələrkən Peyğəmbərin (s) yanında olduqlarını iddia etmək olmalıdır. Buna görə də 144-cü ayədə Allah-taala belə buyurur: “Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (bu qadağaya) şahid idiniz?” Təbii ki, müşriklərin bu suala cavabları mənfi olacaq. Bu da onların bu məsələdə yalnız böhtan və iftiraya əl atdıqlarını sübuta yetirir[63].
- Haram ətlər və heyvanların kəsilmə hökmləri: Bu ayədə “heyvan” sözünün yerinə “fisq” sözündən istifadə edilmişdir. “Fisq” bəndəçilik çərçivəsindən çıxmağa və Allahın əmrinə itaət göstərməkdən boyun qaçırılmasına deyilir. Buna görə də bütün növ günahlara “fisq” deyilir. Sözügedən ayədə bu sözü işlətməkdə məqsəd bəlkə də haram ətlərin iki qrupa bölündüyünə işarə etməkdir: 1. Murdar və iyrənc, orqanizmə zərərli olduqları üçün haram edilmiş ətlər. Ayədə onlar “çirk” kimi də qeyd edilmişdir. Ayənin əvvəlində onlara murdar olmuş heyvan və donuz əti misal gətirilmişdir. 2. Çirkin olmayan, gigiyenik cəhətdən də orqanizmə ziyanlı olmayan ətlər. Bu ətləri yeməyin, əslində, etik və mənəvi ziyanları vardır. Başqa sözlə desək, günah yolunda və bütlərin adı çəkilərək kəsilmiş, bəndəçilikdən çıxmaq, Allahdan və tövhid inancından uzaqlaşmaq, şirk və bütpərəstlik, nəhayət, mənəviyyat, əxlaq və etiqad sağlamlığına riayət etməmək nəticəsində haram edilmiş heyvan əti. Buna görə də haram ətin gigiyenik cəhətdən haram edildiyini düşünmək sadəlövhlükdür. Bəzən haramlar əxlaqi və mənəvi cəhətdən zərərli olduqları üçün haram edilmişlər. Buradan da aydın olur ki, İslami kəsimin şərtləri də iki yerə bölünür: Dörd damarın kəsilməsi və qanın çölə axıdılması gigiyenik səciyyə daşıyır, qibləyə çevirmək, kəsərkən “bismillah” demək və kəsənin müsəlman olması mənəvi səciyyə daşıyır[64].
- Bəzi haram ətlər və qidalar: Belə bir sual yarana bilər ki, nə üçün bu ayədə qidalarla bağlı olan haramlar dörd şeylə məhdudlaşdırılmışdır? Halbuki haram qidaların təkcə bunlardan ibarət olmadığını bilirik. Məsələn, pullu balıqlar və bu kimi digər canlılar istisna olmaqla, bütün su canlılarının haram edilməsini buna misal göstərmək olar. Ayədə isə bunlara qətiyyən işarə edilməmiş və haramlar dörd şeylə məhdudlaşdırılmışdır. Qeyd etməliyik ki, bu ayədə diqqət mərkəzində olan məsələ yalnız müşriklərin xurafat hökmləri ilə bağlı qadağadır. Başqa sözlə desək, ayə demək istəyir ki, Allahın buyurduğu haramlar sizin uydurduqlarınız deyil, bunlardır. Məsələyə daha da aydınlıq gətirmək üçün bir nümunəyə baxaq: Bir nəfər bizdən soruşur: Həsən və Hüseynin hər ikisi gəldi? Biz deyirik: Xeyr, təkcə Həsən gəldi. Burada məqsədimz təkcə Hüseynin gəlmədiyini bildirməkdir. Burada bizim nəzərdə tutmadığımız başqa adamların gəlməsinin isə heç bir maneçiliyi yoxdur. Bu cür məhdudlaşdırmaya əlavə və ya nisbi məhdudlaşdırma deyilir[65]. Digər tərəfdən, belə ehtimal edə bilərik ki, bu bir neçə hökm “Ənam” surəsi nazil olana qədər Məkkədə Peyğəmbərə (s) vəhy edilmiş, sonrakı illərdə Mədinə surələrində, yəni “Bəqərə” və “Maidə” surələrində gəlmişdir[66].
- Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkarlara verəcəyi əzabın da qarşısı alına bilməz!”
- Tezliklə müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz müşrik olardıq, nə də atalarımız. Nə də biz nəyisə haram edərdik.” Onlardan əvvəlkilər də bu cür yalan danışmış, sonda, əzabımızı dadmışdılar. De: “Bizə göstərə biləcək açıq-aydın bir dəliliniz varmı? Siz yalnız əsası olmayan zənnə qapılır və yersiz fərziyyələr uydurursunuz!”
- De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsə, sizin hamınızı doğru yola yönəldər.” (Ancaq məcburiyyətin heç bir faydası olmadığı üçün bunu etmir.)
- De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Əgər onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin, axirətə inanmayanların və Allaha şərik qoşanların nəfslərinin istəklərinə uyma.
- De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Nə aşkarda, nə də gizlində pis işlərə yaxın durmayın. Allah toxunulmaz etdiyi insanı haqsız yerə qətlə yetirməyin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
—————————————————————————————–
- Allahın tutarlı və qətiyyətli dəlili: Allah-taala müşriklərin 148-ci ayədə qeyd edilən iddialarını puç çıxarmaq üçün bu ayədə onlara dəlil gətirərək deyir ki, Allah peyğəmbərləri vasitəsilə, habelə əqli yolla tövhid, halal və haram hökmlərlə bağlı doğru və aydın dəlillər göndərmişdir. Bunlar heç kəsin bəhanə gətirə bilməyəcəyi dəlillərdir. Buna görə də onlar iddia edə bilməzlər ki, Allah Öz sükutu ilə onların batil inanclarını və əməllərini təsdiq edir, habelə, əməl edərkən məcbur olduqlarını da idda edə bilməzlər. Çünki məcbur olsaydılar, dəlil və sübutların, peyğəmbərlərin göndərilməsinin, onların təbliğ və dəvətlərinin heç bir faydası olmazdı. Dəlil gətirilməsi özü də iradə azadlığının olmasını sübuta yetirən bir dəlildir. “Tutarlı və qəti dəlil” ifadəsindən Allahın insanlara bəyan etdiyi dəlillərin əqli, nəqli, elm, dərrakə vasitəsilə aydın, peyğəmbərlərin göndərlməsi ilə daha da aydınlaşdırıldığı başa düşülür. İlahi dəlillər heç kəsin tərəddüd və şübhə etməyəcəyi dərəcədə aydındır. Allah peyğəmbərləri ona görə bütün eyib və nöqsanlardan təmiz və məsum edib ki, heç bir şübhə və tərəddüdə yer qalmasın. İmam Kazim (ə) buyurmuşdur: “Allah insanlara iki dəlil göndərmişdir: görünən və görünməyən dəlillər. Görünən dəlillər peyğəmbərlər və imamlar, görünməyən dəlillər isə insanların ağlıdır.” İmam Sadiq (ə) bu ayənin təfsiri zamanı belə buyurmuşdur: “Allah-taala Qiyamət günü Öz bəndəsinə buyuracaq: “Mənim bəndəm, bilirdin? (Bilə-bilə günah edirdin?)” Əgər bəndə desə ki bəli, bilirdim, Allah buyuracaq: “Bəs nə üçün bildiyinə əməl etmirdin?” Əgər desə ki bilmirdim, xəbərsiz idim, buyuracaq: “Bəs əməl etmək üçün niyə öyrənmədin?” Bu zaman bəndə çıxılmaz vəziyyətdə qalacaq. “Tutarlı dəlil”in mənası budur.” Məlumdur ki, bu hədisdə Allahın dəlillərindən bir nümunəsi qeyd edilmişdir. Allahın dünyada və axirətdə çoxlu dəlilləri vardır[67].
- Ata-anaya yaxşılıq: Allah-taala Quranın bir çox yerində tövhid və təkallahlıq inancına dəvət etdikdən dərhal sonra ata-anaya yaxşılıq edilməsini göstəriş vermişdir. (Bəqərə-83, Nisa-36, Loğman-14 və bu ayə) Bu ayələrdən belə başa düşülür ki, ata-anaya qarşı nankorluq ən böyük günahlardan və ya şirkdən sonra ən böyük günahdır[68]. Peyğəmbər (s) buyurmuşdur: “Ata-ananı incitməyin. Cənnətin ətri min illik yoldan hiss olunur, lakin ata-anasına əziyyət verənlər… onu duymazlar.”[69] Peyğəmbər (s) başqa bir hədisində belə buyurmuşdur: “Ata-anasına yaxşılıq edənlər Cənnətdə peyğəmbərlərdən bir dərəcə aşağıda olacaqlar, ata-analarını incidənlər isə Cəhənnəmdə fironlardan bir dərəcə yuxarıda olacaqlar.”[70]
- Qadağan edilmiş övlad qətli: Bu ayədə Cahiliyyət dövrünün ərəblərinin yanlış təəssübkeşlik üzündən təkcə qızlarını deyil, həmin dövrün cəmiyyətinin böyük sərmayəsi hesab edilən oğlanlarını da yoxsulluq qorxusundan öldürdüklərinə işarə edilmişdir. Allah-taala bu ayədə onlara ən zəif yaradılışa belə ruzi göndərdiyi nemətlər süfrəsinə baxmağı və bu işdən əl çəkməyi göstəriş verir. Çox təəssüflər olsun ki, Cahiliyyət dövrünün bu davranışı müasir dövrdə də başqa bir şəkildə təkrarlanır, günahsız körpələr embrion olarkən abort yolu ilə qətlə yetirilirlər[71].
- Yetimin malına, daha yaxşı niyyət istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın durmayın. Ölçüdə və çəkidə ədalətli olun. Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allahla olan əhdə vəfalı olun. Bunlar Allahın sizə olan tapşırığıdır. Bəlkə, xatırlayasınız!
- Bu, Mənim düz yolumdur. Onu tutub gedin. Sizi haqq yoldan sapdıracaq əyri yollarla getməyin. Allah sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”
- Sonra Musaya hidayət və rəhmət mənbəyi olan kitab verdik. (Nemətlərimizi) yaxşı işlər görənlər üçün tamamladıq, hər şeyi aydınlaşdırdıq. Bəlkə Rəbləri ilə görüşəcəklərinə inansınlar!
- Bizim nazil etdiyimiz bu kitab bərəkətlidir. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!
- Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların araşdırmasından xəbərsizik”,- deməməyiniz
- və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, – söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri əsassız yerə üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!
—————————————————————————————-
- Yetim malını yeməkdən uzaq durmaq: Bu və 151-ci ayədə iki məsələ ilə bağlı “yaxın durmayın” ifadəsi işlənmişdir. Bu ifadə Quranda bəzi başqa günahlar haqqında da işlədilmişdir. Ehtimal ki, qeyd olunan ifadə zina, himayəsiz yetimlərin malının yeyilməsi və sair kimi qıcıq yaradan günahlar haqqında işlənmişdir. Buna görə də Quranda insanlara xəbərdarlıq edilir ki, şiddətli vəsvəsə və qıcıqlara məruz qalmamaq üçün bu günahlara yaxın durmasınlar[72].
- Vəzifə güc və imkan həddindədir: “Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq” cümləsi bir suala cavab xarakteri daşıyır. Allah buyurur ki, yetim malına yaxşı niyyət istisna olmaqla yaxın durmayın, ölçüdə və çəkidə ədalətli olun. Kimsə hesab edə bilər ki, bu iki göstərişə yüz faiz əməl etmək qeyri-mümkündür. Çünki yetimlərin qəyyumları nə qədər diqqətli olsalar da, heç bir pis niyyət olmadan onların malları ilə bağlı kiçik də olsa, səhvə yol verə, habelə, ticarətçilər də eyni diqqəti sərgiləməklərinə baxmayaraq, heç bir qərəz olmadan səhv çəkə bilərlər. Bəs belə olan halda onların vəzifələri necə olacaq? Allah-tala bu suala belə cavab verir: “Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq.” Yəni özündə lazımı diqqəti göstərib, lakin səhvə yol vermiş insana cəza yoxdur[73].
- Əhli-beyt (ə) Allah yolunun bariz nümunələridir: Hədislərin birində Peyğəmbərin (s) düz bir xətt çəkib: “Allah yolu belə düzdür”, sonra onun sağ və solundan xətlər çəkib: “Bu yollar Allah yolu deyil. Bunlardan elə birisi yoxdur ki, onun başında Şeytan durub insanları özünə doğru çağırmasın”, – deyə buyurduğu, daha sonra isə “bu, həqiqətən, Mənim düz yolumdur” ayəsini tilavət etdiyi qeyd edilmişdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Biz Əhli-beyt (ə) düz yoluq. Hər kəs bu yoldan üz çevirsə, o biri yollar onu gözləyər. Həmin yollarla irəliləyə bilər, ancaq kafir olar.” Əhli-beytin (ə) Allah yolunun bariz nümunələrindən olması şübhəsizdir. Kim onların ardınca getsə, şübhəsiz ki, məqsədə çatar. Sünni və şiə mənbələrində qeyd edilmiş hədislərdə düz yol deyilərkən İmam Əlinin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir[74].
- Əhatəli və kamil din haqqında bir izah: Soruşula bilər ki, əgər Musanın (ə) dini kamil idisə (“tamamladıq” sözü də bunu ifadə edir), bəs ondan sonra Məsihin (ə) gətirdiyi dinə və daha sonra İslam dininə nə lüzum var idi? Yaddan çıxarmaq olmaz ki, hər bir din öz dövrünə uyğun olaraq əhatəli və kamildir. Allah tərəfindən natamam bir dinin göndərilməsi qeyri-mümkündür. Sadəcə, bir dövr üçün tam və kamil olan bir din sonrakı illərdə natamam və yetərsiz ola bilər. İbtidai sinif üçün əhatəli və kamil olan bir təhsil proqramının orta təhsil pilləsi üçün yetərsiz olduğunu buna misal göstərə bilərik. Səmavi kitabların göndərilməsi və sonuncu Peyğəmbərə (s) və sonuncu qanuna qədər çoxlu sayda peyğəmbərlərin göndərilməsinin səbəbi də elə budur. Bəşəriyyət sonuncu qanunu qəbul etməyə hazır olduğu vaxt sonuncu qanun göndərildi və artıq yeni dinə ehtiyac qalmadı. Təhsilini başa vurmuş insanın sonradan əldə etdiyi məlumatlar əsasında tədqiqatlar aparıb elmi inkişafa nail ola bildiyini buna misal göstərə bilərik. Qeyd olunan cəhətdən bu dinin davamçılarının da yeni dinə ehtiyacı yoxdur, sonuncu dindən yetərincə ilham ala bilərlər.[75]
- Yalnız mələklərin, yoxsa Allahın Özünün, yaxud da Rəbbinin bəzi Qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi Qiyamət əlamətləri gələcəyi gün öncədən iman gətirməmiş və ya iman gətirdikdən sonra yaxşı bir iş görməmiş şəxsə heç bir xeyir olmayacaq. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”
- Şübhəsiz ki, sənin, dinlərini parçalayıb firqə-firqə olmuşlarla heç bir əlaqən yoxdur. Onların işi Allahladır. Allah sonra onları nə etdiklərindən xəbərdar edəcəkdir!
- Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
- De: “Rəbbin məni doğru yola, haqq və əbədi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”
- De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!
- Onun heç bir şəriki yoxdur. Mənə belə əmr edilmişdir və mən ilk müsəlmanam!”
- De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbb istəyərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. İxtilaf etdiyiniz məsələ barəsində sizə xəbər verəcəkdir.
- İxtiyarınıza verdiyi nemətlər vasitəsilə sınamaq üçün sizi yer üzündə xəlifə təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin sürətli cəzalandıran, bağışlayan, rəhm edəndir! (İmtahan və sınaqdan çıxmayanların cəzasını tez verən, haqq axtarışında olanlara qarşı mehribandır.)
——————————————————————————————
- Kafirlərin yersiz gözləmələri: Bu ayədə Allah kafirlərin inadkarlığı, qəlb korluqları və əsla iman gətirməyəcəyindən xəbər verir. Onlar elə bir günü gözləyirlər ki, həmin gün iman gətirmək mümkün deyil. Əgər mümkün olsa belə, heç bir faydası yoxdur. Onlar üç şeydən birini gözləyirlər: 1. Mələklərin gəlişini. Ancaq bilməlidirlər ki, mələklərin onlar üçün enməsi əzabla müşayiət ediləcək (Hicr surəsi-8). 2. Allah gəlişini və Onu öz gözləri ilə görmələrini. “Allah Özü gəlsin” deyərkən Qiyamət gününün tez gəlməsi, kafirlərin gözləri önündən pərdələrin qalxması, Allahın əzəmət və gözəllik sifətləri ilə hər kəsə görünməsi nəzərdə tutulur. Yəni Onun təkliyi, elmi və qüdrəti elə təzahür edəcək ki, inkar etmək üçün heç kəsin bəhanəsi qalmayacaq. Əgər onlar bunu nəzərdə tuturlarsa, təbii ki, həmin gün imanın heç bir faydası olmayacaqdır. 3. Qiyamətdən xəbər verən bəzi əlamətlərin gəlişini. Bu əlamətlər ehtimal ki, iki qrupa bölünür: 1. Qiyamətin əlamətləri. (Mühəmməd surəsi-18); 2. Qiyamət gününün hadisələri. Yaranış sisteminin bir-birinə dəyməsi bu hadisələrdəndir. Həmin vaxt da daha öncə iman gətirməmiş şəxslərin imanının onlar üçün heç bir faydası olmayacaqdır[76].
- Təfriqə Allaha ibadət edən ümmətlərin bəlasıdır: Bu ayənin məzmunu keçmiş ümmətlərə və ya indiki ümmətə mənsub olmasından asılı olmayaraq, Allah bəndələri arasına nifaq və ixtilaf toxumu səpən, (dində olmayanı dinə gətirmək kimi) müxtəlif bidətlər yaradan bütün təfriqəçi (ekstremist) fərdlərə şamil olur. Əhli-beyt (ə) hədislərində, habelə sünni mənbələrində yer almış hədislərdə bu ayə ilə bu ümmətin haqq yoldan azmışlarına, təfriqəçilərinə və bidətçilərinə işarə edildiyi nümunə kimi qeyd edilmişdir. Çünki bu nümunələr açıqlanmasaydı, bəziləri yaxalarını kənara çəkib ayədə başqa adamların nəzərdə tutulduğunu təsəvvür edərdilər. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bu ayədə möminlərin əmiri İmam Əlidən (ə) ayrı düşüb müxtəlif dəstələrə bölünmüş şəxslərə işarə edilmişdir.” Bu ümmətin parçalanacağını öncədən xəbər verən Peyğəmbər (s) hədisi də bu həqiqəti təsdiq edir[77].
- Birə on: Əbuzərin Peyğəmbərə (s) istinadən nəql etdiyi bir hədisdə belə deyilir: “Allah buyurur ki, yaxşı işi on dəfə artırıb çoxaldıram, pisliklərə bir cəza verirəm və ya bağışlayıram. Vay olsun təkləri onlardan çox olanların (pis işləri bir, yaxşı işləri on hesab edildiyi halda, günahları savablarından çox olanların) halına!”[78]
[1] Müşriklərin inancına görə yerin bir, göylərin başqa, müharibənin, sülhün və sairənin başqa-başqa yaradanı və idarə edəni var idi. Bu ayədə həmin inancın puç olduğu, yer və göyün bir yaradanı və bir idarə edicisi olduğu bildirilir.
[2] Əl-Mizan, c.7, səh.5
[3] Nümunə, c.5, səh.146
[4] Nümunə, c.5, səh.148
[5] Nümunə, c.5, səh.161
[6] Nümunə, c.5, səh.165
[7] Nümunə. c.5, səh.166
[8] Əl-Mizan, c.7, səh.38-43
[9] Əl-Mizan, c.7, səh.41-44
[10] Əl-Mizan, c.7, səh.44
[11] Nümunə, c.5, səh.201
[12] Əl-Mizan, c.7, səh.56
[13] Nümunə, c.5, səh.207
[14] Nümunə, c.5, səh.221-227
[15] Nümunə, c.5, səh.239
[16] Ətyəbül-bəyan, c.5, səh.69
[17] Əl-Mizan, c.7, səh.97
[18] Nümunə, c.5, səh.251
[19] Əl-Mizan, c.7, səh.107-113
[20] Mənşuri-cavid,c.8, səh.237
[21] Əl-Mizan, c.7, səh.135
[22] Nümunə, c.5, səh.282
[23] Əl-Mizan, c.7, səh.140 və 155
[24] Əl-Mizan, c.7, səh.144 və 157
[25] Nümunə, c.5, səh.287
[26] Əl-Mizan, c.7 səh.147
[27] Nümunə, c.5, səh.294
[28] Əl-Mizan, c.7, səh.149
[29] Əl-Mizan, c.7, səh.167
[30] Əl-Mizan, c.7, səh.176
[31] Təfsiri-mövzui, c.2, səh.91
[32] Təfsiri-mövzui, c.12, səh.234
[33] Əl-Mizan, c.7, səh.213
[34] Əl-Mizan, c.7, səh.207
[35] Əl-Mizan, c.7, səh.268 və 267
[36] Nümunə, c.5, səh.341
[37] Əl-Mizan, c.7, səh.315
[38] Nümunə, c.5, səh.344
[39] Əl-Mizan, c.7, səh.293
[40] Nümunə, c.5, səh.360
[41] Nümunə, c.5, səh.367
[42] Əl-Mizan, c.7, səh.300
[43] Nümunə, c.5, səh.381
[44] Nümunə, c.5, səh.394
[45] Əl-Mizan, c.7, səh.331
[46] Müşriklərin “Bədr” döyüşündə məğlub olacağına, Əbu Cəhl və bir neçə Qüreyş başçısının həmin quyuya atılacağına işarə etmişdir.
[47] Nəhcül-bəlağə, 234-cü xütbə
[48] Nümunədən iqtibas, c.5, səh.407
[49] Əl-Mizan, c.7, səh.344
[50] Nümunə, c.5, səh.424
[51] Nümunə, c.5, səh.430
[52] Nümunə, c.5, səh.431
[53] Nümunə, c.5, səh.436
[54] Pəyame-Quran, c.6. səh.286
[55] Nümunə, c.5, səh.440
[56] Əl-Mizan, c.7, səh.369
[57] Əl-Mizan, c.5, səh.449
[58] Nümunə, c.5, səh.449
[59] Əl-Mizan, c.7, səh.372
[60] Nümunə, c.5, səh.455
[61] Nümunə, c.5, səh.457
[62] Əl-Mizan, c.7, səh.375
[63] Nümunə, c.6, səh.9
[64] Nümunə, c.6, səh.13; Təfsiri-Kaşif, c.3, səh.471
[65] Nümunə, c.6, səh.15
[66] Təfsiri-Kaşif, c.3, səh.471
[67] Nümunə, c.6, səh.24
[68] Əl-Mizan, c.7 ,səh.386
[69] Vəsailüş-şiə, c.21, səh.501
[70] Müstədrəkül-vəsail, c.15, səh.176
[71] Nümunə, c.6, səh.34
[72] Nümunə, c.6, səh.34
[73] Əl-Mizan, c.7, səh.388
[74] Əl-Mizan, c.7, səh.398
[75] Nümunə, c.6, səh.40
[76] Mənşuri-cavid,c.9, səh.252
[77] Nümunə, c.6, səh.49
[78] Nümunə, c.6, səh.57