Quran TəfsiriQURANI KƏRIM

“Ali-İmran” surəsi

“Ali-İmran” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Mim.
  2. Allah, Ondan başqa heç bir məbud yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar).
  3. (O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat və İncili –
  4. ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var. Allah (cinayətkarları və inadkar kafirləri cəzalandırmaq üçün) qüdrətlidir, intiqam sahibidir.
  5. Göydə və yerdə heç nə Allahdan gizli qalmaz. (Buna görə də onları idarə etmək Ona çətin deyil.)
  6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur.
  7. Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabeh”dir. (Məzmun səviyyəsi çox yüksək olduğu üçün, habelə digər cəhətlərdən ilk baxışda müxtəlif ehtimallar irəli sürülməsinə səbəb olan, lakin “möhkəm” ayələr əsasında mənalarına aydınlıq gələn ayələrdir.) Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabeh ayələrin ardınca düşərlər. Onun yozumunu isə Allah, dəyişməz və sabit bilgiyə malik olanlardan başqa heç kəs bilməz. (Quranın bütün ayələrinin sirlərini ilahi elm və maarif əsasında dərk etmək istəyənlər) deyərlər: “Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir”. (Bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər.
  8. (Dəyişməz və sabit bilgiyə malik olanlar deyərlər:) Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən mərhəmətlisən.
  9. Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz! (Biz Sənə, Sənin rəhmətinə və Qiyamət vədinə iman gətirmişik.)

—————————————————————————

“Ali-İmran” surəsinin ümumi məzmunu: Tövhid, Allahın sifətləri, məad, İslamın digər maarifləri, cihad, bəzi İslam hökmləri, çətinliklər qarşısında dözümlü olmağın zəruriliyi, Allahın imtahanları, peyğəmbərlərin (ə) tarixindən xatırlatmalar[1].

  1. Möhkəm və mütəşabeh ayələr: Allah-taala bu ayədə Quranın ayələrini möhkəm və mütəşabeh olmaqla iki qismə bölmüşdür. Möhkəm ayələr mənaları heç bir mübahisə doğurmayacaq qədər aydın olan ayələrdir. “De: O Allah birdir” (Tövhid surəsi, ayə-1), “Ona bənzər heç bir şey yoxdur” (Şura surəsi, ayə-11), “Oğula iki qız hissəsi qədər pay düşür” (Nisa surəsi, ayə-11) və sair kimi ayələr digər ayələrin əsasını təşkil etdiyi, onların izahedicisi olduğu üçün Quranda “Kitabın anası” adlandırılmışdır. Bunlardan fərqli olaraq, ilk baxışda mənaları anlaşılmayan, başa düşülməsi çətin görünən, bəzən müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olan ayələr də var. “Allahın əli onların əllərinin üstündədir” (Fəth surəsi, ayə-10), “Allah eşidəndir, biləndir” (Bəqərə surəsi, ayə-234) və sair ayələri misal göstərmək olar. Təbii ki, Allahın nə əli var, nə də qulağı. Bu sözlər Allahın qüdrət və elmini ifadə edir. Bunlar Quranın mütəşabeh ayələridir. Onlarla bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək üçün möhkəm ayələrə müraciət etmək lazımdır. Məsələn, “Allahın əli onların əllərinin üstündədir” ayəsi ilə “Ona bənzər heç bir şey yoxdur” ayəsi ilə uzlaşdırsaq, görərik ki, “Allahın əli” deylərkən heç də başa düşdüyümüz əl nəzərdə tutulmur. Çünki Allahın heç bir bənzəri yoxdur. Bununla da Allahın əlinin olması ilə bağlı təsəvvür yaranmasının qarşısı alınır. İmam Rza (ə) buyurmuşdur: “Mütəşabeh ayələri möhkəm ayələrlə uzlaşdıran şəxs düz yola yönələr.”

Ayədə mütəşabeh ayələrin yozumunun, son məqsəd və mənasının olduğu qeyd edilmişdir. Yəni Quranda sirləri və dərin mənaları olan ayələr var. Ancaq azğın fikirli və pis niyyətli insanlar onları səhv yozur, özlərini və başqalarını aldatmaq üçün bu yozumlara əsaslanırlar. Bu ayənin nazilolma səbəbi ilə bağlı bir hədis nəql etmişlər. Həmin hədisin məzmunu belədir: Peyğəmbərin (s) yanına gəlmiş bir qrup yəhudi müqəttəə hərfləri olan “Əlif, Lam, Mim” hərflərini əsas götürərək dedi: “Əbcəd hesabı ilə “Əlif” 1-ə, “Lam” 30-a, “Mim” isə 40-a bərabərdir. Nəticədə, bu hesabla sənin ümmətinin ömrü 71 ildən artıq olmayacaq.” Peyğəmbər (s) bu yanlış düşüncənin qarşısını almaq üçün buyurdu: “Siz nə üçün təkcə “Əlif, Lam, Mim”-i hesablayırsınız? Məgər Quranda “Əlif, Lam, Mim, Sad”, “Əlif, Lam, Ra” və sair kimi müqəttəə hərfləri yoxdur? Nə üçün hamısını hesablamırsınız?” Həmin mübahisədən sonra bu ayə nazil oldu. Ayənin sonunda mütəşabeh ayələrin mənasının yalnız Allah, sabit və qətiyyətli bilgiyə malik olan şəxlslərə məlum olduğu qeyd edildi. Çoxlu sayda hədislərdə “sabit və qətiyyətli bilgiyə malik olan şəxslər” deyilərkən Peyğəmbər (s) və məsum imamların nəzərdə tutulduğu, mütəşabeh ayələrin rəmzi mənalarını və sirlərini yalnız onların bildiyi qeyd edilmişdir. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə qeyd edilmişdir: “Sabit və qətiyyətli bilgiyə malik olanlar bizik. Biz mütəşabeh ayələrin yozumunu bilirik.”

Burada bir məsələyə də aydınlıq gətirilməsi yerinə düşər. Sual oluna bilər ki, nə üçün Quranın ayələrinin bir hissəsi mütəşabehdir? Bu suala iki mühüm cavab verilmişdir: 1. İnsanların istifadə etdikləri söz və ifadələr onların gündəlik ehtiyacalarını ödəmək üçün yaradılmışdır. Adi həyat çərçivəsindən çıxdıqda bu sözlər öz mənalarını itirir. Məsələn, dünyanın sonsuz Rəbbindən söz düşdükdə sözlərin yetərsizliyi daha aydın şəkildə hiss olunur. Mütəşabeh ayələrin bir hissəsinin anlaşılmazlığı bu yetərsizliklə bağlıdır. Məsələn, “Allahın əli onların əllərinin üstündədir” ayəsinin mənası möhkəm ayələr vasitəsilə məlum olur. 2. Mütəşabeh ayələrin olması insanların Peyğəmbərə (s) və həqiqi xəlifələrə olan ehtyaclarını daha yaxşı şəkildə göstərir. Bu, elmi ehtiyacdan irəli gələrək insanların onlara müraciət etməsinə və onları rəsmən tanımalarına səbəb olur[2].

  1. Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.
  2. (Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
  3. Kafirlərə de: “(Ühüd döyüşündəki müvəqqəti qələbənizə görə sevinməyin.) Tezliklə məğlub olacaq, sonra (Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız! Ora nə pis yerdir!”
  4. (Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (Şeytan və büt yolunda idi). Kafirlər onların (möminlərin) sayca ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Bu isə onların qorxuya düşməsinə və məğlubiyyətə uğramasına səbəb oldu.) Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
  5. Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir. (Amma) bunlar (insanın son məqsədinə çevriləcəyi təqdirdə), aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır.
  6. De: “Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarının (əməllərini) görür.

———————————————————————-

  1. Quranda kafirlərin məğlub olacağı öncədən xəbər verilmişdir: Bu ayənin nazilolma səbəbindən bəhs edən rəvayətlərdə qeyd edilir ki, müsəlmanların Bədr döyüşündəki qələbəsindən sonra bir qrup yəhudi dedi: “Bizim öz dini kitablarımızda haqqında məlumat verilən, heç bir döyüşdə məğlub olmayan ümmi (təhsil görməmiş) peyğəmbər həmin peyğəmbərdir.” Başqa bir dəstə dedi: “Tələsməyin, başqa bir döyüş olar, o zaman bu haqda danışarıq.” Müsəlmanların zahiri məğlubiyyəti ilə nəticələnən Ühüd döyüşü baş verdikdən sonra dedilər: “Yox, and olsun Allaha, bizim kitabımızda müjdə verilən peyğəmbər bu deyil”. Bu hadisədən sonra İslamı qəbul etməməklə yanaşı Peyğəmbərə (s) və müsəlmanlara qarşı olan kin-küdurətləri daha da artdı. Hətta müsəlmanlara hücum etməməklə bağlı Peyğəmbərlə (s) bağladıqları müqaviləni razılaşdırılmış müddət başa çatmazdan əvvəl pozdular. Kəb ibn Əşrəfin müşayiəti ilə altmış süvari Məkkəyə yollandı. Məkkədə müsəlmanlara qarşı birgə mübarizə aparmaq haqqında razılığa gəlib Mədinəyə geri döndülər. Bu ərəfədə Ali-İmran surəsinin 12-ci ayəsi nazil oldu. Ayədə onlara nəticəni işin sonunda hesablamaq tövsyəsi və tezliklə məğlub olacaqları xəbəri verildi. Nəzərə almalıyıq ki, bu ayə Ühüd döyüşündən sonra məğlubiyyətə uğramış müsəlmanların malik olduqları qüdrət və nüfuzlarını zahirən itirməsindən, İslam düşmənlərinin koalisiya haqqında razılığa gəlməsi, güc və qüdrət əldə etməsindən sonra nazil olub. Deməli, müsəlmanların yaxın gələcəkdə qələbə çalacağını öncədən açıq şəkildə xəbər verdiyi üçün onu Quranın möcüzə ayələrindən hesab etmək olar. Çünki burada öncədən açıq şəkildə verilmiş xəbər tam şəkildə reallaşmış və müsəlmanlar on ildən az bir müddətdə istər əhdini pozan yəhudilər olsun, istərsə də müşriklər, bütün düşmənlərini məğlub etmişlər[3].
  2. Bədr müharibəsində azsaylı müsəlmanların Allahın yardımı ilə qələbə çalması: Bu ayədə Bədr müharibəsinin keyfiyyətindən danışılır. Təfsirçilərin yazdığına görə, Bədr döyüşündə müsəlmanların sayı 313 nəfər olmuşdur. Onların 77 nəfəri mühacir, 236 nəfəri isə ənsardan olmuşdur. Mühacirlərin bayraqdarı Əli (ə), ənsarın bayraqdarı isə Səd ibn Übadə olmuşdur. Bu böyük döyüşə müsəlmanlar yetmiş dəvə, iki at, altı zireh, səkkiz qılıncla getmişdilər. Halbuki sayı mindən çox olan düşmən qoşununun kifayət qədər silah-sursatı və yüz atı olmuşdur. Həmin döyüşdə (on dördü mühacirdən, səkkizi isə ənsardan olmaqla) iyirmi iki şəhid verən müsəlman qoşunu düşmən üzərində qələbə çalmışdır. Düşmən tərəfdən yetmiş nəfər ölmüş, yetmiş nəfər əsir alınmışdır. Müsəlmanlar tam qələbə ilə Mədinəyə geri dönmüşdülər. Ayədə Allahın Bədrdə möminlərə göstərdiyi qeyb yardımlarının cüzi bir hissəsindən xəbər verilmişdir. Ayədə qeyd edilir ki, müşriklərin gözündə möminlərin sayı olduqlarından iki dəfə artıq görünmüşdür. Yəni möminlərin sayı 313 nəfər olduğu halda, müşriklərin gözündə 600 nəfərdən çox görünmüşdür. Bu ilahi yardım onlarda qorxu hissini artırmış və məğlubiyyətlərində rol oynamışdır. Halbuki döyüş başlamazdan əvvəl bunun əksi baş vermişdir. Onlar müsəlmanlara təhqiramiz nəzərlərlə baxdıqları üçün saylarının göründüklərindən az olduğunu güman etmişdilər. Başqa sözlə desək, döyüş başlamazdan əvvəl Allah müsəlmanların sayını düşmənlərin gözündə olduqlarından az göstərmişdir. Bundan qürurlanan düşmən döyüşə girmiş, döyüş başqladıqdan sonra isə Allah müsəlmanların sayını düşmənlərin gözündə çox göstərməklə onları qorxuya salmış, nəticədə, məğlub olmalarına zəmin yaratmışdır. Digər tərəfdən isə Allah müsəlmanların döyüş ruhiyyəsini, əzmkarlığını və gücünü artırmaq üçün düşmənlərin sayını onların (müsəlmanların) gözündə az göstərmişdir. “Ənfal” surəsinin 44-cü ayəsində bu məsələyə işarə edilmişdir: “Döyüş meydanında düşmənlə üz-üzə gəldiyiniz zaman Allahın olacaq işi yerinə yetirmək (döyüş ruhiyyənizin zəifləməməsi) üçün onları sizin gözünüzdə (sayca) az göstərdiyi, (məğlubiyyətləri ilə nəticələnəcək döyüşdən imtina etməmələri üçün) sizi də onların gözündə azaltdığı vaxtı xatırlayın…”[4]
  3. “Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru!”– deyənlər –
  4. (çətinliklər qarşısında, itaət və günahı tərk etmək yolunda) əzmkarlıq göstərən, doğru danışan, (Allaha) müti olan, (malından Allah yolunda) xərcləyən və sübh vaxtı bağışlanma diləyən kimsələrdir.
  5. Bütün işləri haqq-ədalətə əsaslanan Allah (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbud olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə) şahidlik edirlər. Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir.
  6. Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaq)dır. Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir.
  7. Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: “Mən və ardıcıllarım, özümüzü Allaha təslim etmişik!” Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: “Siz də təslim olursunuzmu?” Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah bəndələrini görür.
  8. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənlərə şiddətli əzab veriləcəyini xəbər ver.
  9. Onların əməlləri (bu böyük günahlarına görə) həm bu dünyada, həm də axirətdə puça çıxacaq, yardımçıları (şəfaətçiləri) olmayacaqdır.

————————————————————————————-

  1. Sübh vaxtı bağışlanma diləmək: Məsumların (ə) hədislərinə əsasən “sübh vaxtı bağışlanma diləmək” deyilərkən gecə namazı və onun sonuncu qunutunda (gecə namazının sonuncusu bir rükətli vitr namazında) dilənən bağışlanma nəzərdə tutulur. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir il vitr namazında ayaq üstə durmuş vəziyyətdə “əstəğfirullahə rəbbi və ətubu iləyh” desə, Allah-taala onu “sübh vaxtı bağışlanma diləyən”lərdən edər və Allahın onu bağışlaması qaçılmaz olar.”[5]
  2. Bütün dinlərin ruhu: Allah-taala bu ayədə buyurur ki, zamanından asılı olmayaraq, dinin mahiyyəti Allah və onun göstərişləri qarşısında təslim olmaqdan ibarətdir. İslam peyğəmbərinin (s) dini təslimolmanın ən ali və kamil nümunəsi olduğu üçün İslam adlandırılmışdır. Kəlamlarının birində möminlərin əmiri İmam Əli (ə) İslamın həqiqətini belə izah etmişdir: “İslamın həqiqəti Haqq qarşısında təslim olmaqdır. Təslim olmaq isə yəqin olmadan mümkün deyil. (Yəqinsiz təslim başa düşərək deyil, kor-koranə təslimdir.) Yəqin təsdiqlə (təkcə bilmək kifayət etmir, qəlbən inanmaq və təsdiq etmək də şərtdir), təsdiq etirafla (inam və imanın təkcə qəlbdə və ruhda olması da yetərli sayılmır, onu cəsarətlə izhar etmək də lazımdır), etiraf məsulyyət və öhdəliklə (etiraf təkcə sözlü ifadə deyil, məsuliyyət qəbul etmək və öhdəlik götürməkdir), məsuliyyət və öhdəlik əməl etməklə (Allahın fərmanını yerinə yetirmək və ilahi proqramları icra etməklə) şərtlənir.” Deməli, öhdəlik və məsuliyyət əməllə şərtlənir. Güclərini yalnız danışıqlara, layihələrə, iclaslara və bu kimi işlərə sərf edənlərin işi yalnız danışmaqdan ibarətdir. Onlar nə öhdəlik və məsuliyyət qəbul ediblər, nə də İslamın ruhundan xəbərdardırlar. Bu, bütün aspektlərdən İslamla bağlı qeyd edilmiş ən parlaq izahdır[6].
  3. Həbt və təkfir (püç etmə və silmə): Ayədə Allahın ayələrini inkar edənlərin, peyğəmbərləri haqsız yerə öldürənlərin və ədalətə çağıran insanları qətlə yetirənlərin əməllərinin axirətdə puç olacağı buyurulmuşdur. Bu iki ifadəyə Quranın çox yerində rast gəlinir. “Həbt” sözünün mənası keyfiyyətini itirmək, puç olmaq deməkdir. “Təkfir” “həbt” sözünün antonimidir. Onun mənası yaxşı işlərə görə cəza verilməməsi, keçmiş günahların təsirinin aradan qaldırılmasıdır. Bunu belə izah edirlər: Bəzən insan uzun illər zəhmət çəkir və çətinliklə külli miqdarda sərvət toplayır, amma cəhalət və eyş-işrət aludəliyi üzündən onu itirir. Yəni keçmiş yaxşılıqlarının hamısı puç olur. Bəzən insan çoxlu səhvlərə yol verir, amma ağıllı və hesablanmış bir davranışla bütün səhvlərinin üstündən xətt çəkdirir. Buna səhvlərin bağışlanılması və günühların silinməsi deyilir. Mənəvi məsələlərdə də bu belədir[7].
  4. Aralarında hökm verilməsi üçün (səmavi) kitabda payı olan şəxslərin Allah kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi?
  5. Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)”– demələrinə görədir. (Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər).
  6. Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər kəsə qazandığının əvəzi ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq?
  7. De: “Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən.
  8. Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.
  9. Möminlər möminləri qoyub kafirləri özlərinə dost və hami seçməsinlər! Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. (Onun Allahla olan əlaqəsi tamamilə kəsilər.) Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır. Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır.
  10. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.

——————————————————————————-

  1. Ölüdən diri, diridən isə ölü çıxarmaq: “Ölüdən diri çıxarmaq” deyilərkən həyatın cansız varlıqlardan yaranması nəzərdə tutulur. Bilirik ki, yer kürəsi həyatı qəbul etməyə hazır olduğu vaxt canlı varlıqlar cansız maddələrdən yaradıldılar. Bundan əlavə, bizim və kainatın bütün canlı varlıqlarının bədənində cansız maddələr hüceyrələrin tərkbində davamlı olaraq canlı varlığa çevrilirlər. Canlı varlıqların ölməsi isə hər zaman gözlərimiz önündə baş verən hadisədir. Bu ayənin təfsiri kontekstində daha üstün məna da qeyd edilmişdir. Həmin izah mənəvi həyat və ölümlə bağlıdır. Belə ki, bəzən həqiqi ölülər hesab edilən imansız insanlardan həqiqi həyat sahibi olan imanlı şəxslər törəyir, bəzən isə əksinə olur. Quranın bir çox ayəsində küfr və iman mənəvi ölüm və həyat kimi izah edilmişdir. Əhli-beyt (ə) hədisləri də bunu təsdiq edir[8].
  2. Təqiyyə: Təqiyyə Quran və hədislərə əsasən icazə verilmiş, ağılla da qəbul edilən davranışlardandır. Belə ki, insan düşmənin qorxusundan zahirdə onunla həmrəy və həmfikir ola bilər. Çünki Allah-taala yalnız haqqın yaşamasını və ona yeni ruh bəxş etmək istəyir. Təqiyyə və zahirdə düşmənin istəyinə uyğun şəkildə davranmaq çox vaxt dinin maraqlarının qorunmasında təqiyyənin tərk edilməsindən və nəticədə qətllə nəticələnən davranışdan daha çox rol oynayır. Bu ayədə xüsusi şəraitlərdə təqiyyəyə əməl edilməsinə icazə verilmişdir. Təqiyyə ilə bağlı çoxlu sayda hədis də nəql edilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Təqiyyəsi olmayanın dini yoxdur”. İmam Baqir (ə) buyurmuşdur: “İnsan istər-istəməz hər şeydə təqiyyə etmək məcburiyyətində qalır. Buna görə də Allah təqiyyəni halal buyurmuşdur.”[9] Amma burada nəzərə alınması mühüm olan nüans budur ki, təqiyyə hər yerdə də eyni hökmə malik deyil. Bəzən vacib, bəzən halal, bəzən isə haramdır. Təqiyyə insanın canının heç bir faydası olmadan təhlükəyə düşdüyü şəraitdə vacibdir. Batil və fəsadın yayıldığı, insanların haqq yoldan sapdığı, zülm və haqsızlığın gücləndiyi şəraitdə təqiyyə haram və qadağandır[10]. Daha ətraflı məlumat almaq üçün “Nəhl” surəsinin 106-cı ayəsinə müraciət edin.
  3. Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq. Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır.
  4. De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, rəhimlidir”.
  5. De: “Allaha və Peyğəmbərə itaət edin!” Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz.
  6. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın aləsini aləmlərdən üstün etdi.
  7. Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər. Allah eşidəndir, biləndir. (Onların öz peyğəmbərlik missiyası yolunda göstərdkləri səylərdən xəbərdardır.)
  8. (Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!”.
  9. Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: “Ey Rəbbim! Mənim qızım oldu. (Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi.) Oğlan qız kimi deyil. (Qız məbəddə oğlan kimi xidmətçilik edə bilməz.) Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş Şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.
  10. Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi) və onun qəyyumluğu Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi. Ondan: “Məryəm, bunu haradan gətirmisən?” – deyə soruşduqda o: “Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə syasız-hesabsız (və ya heç bir sorğu-sulasız) ruzi verər.” – deyə cavab verərdi.

———————————————————————————–

  1. Əməllərin təcəssümü: Quranın bu və başqa ayələrində Qiyamətdə insanın yaxşı və pis əməllərinin hər birinin bir formada təcəssüm edəcəyi və məhşərdə hazır olacağı qeyd edilir. “Təcidu” sözü “vicdan” sözündən yaranmış, mənası tapmaq deməkdir. Yəni hər kəs Qiyamətdə öz əməllərini tapacaq və özü ilə pis əməlləri arasında çox böyük fasilə yaranmasını arzu edəcək. Çoxlu sayda ayə bu həqiqəti təsdiq edir. “Kəhf” surəsinin 49-cu ayəsində Qiyamət günü günahkar insanın bütün keçmiş əməllərini qarşısında hazır görəcəyi qeyd edilmişdir. “Zilzal” surəsinin 7 və 8-ci ayələrində belə buyurulmuşdur: “Kim zərrə qədər yaxşılıq etsə, onu görər. Kim zərrə qədər pislik etsə, onu görər.” Buna görə də Qiyamət günü insan özü yaxşı və ya pis əməlini tapacaq. Çoxlu sayda hədis də bu məzmunu təsdiq edir. Peyğəmbər (s) ondan nəsihət etməsini istəyən bir şəxsə belə buyurmuşdur: “Ey Qeys, bir dostun var ki, mütləq səninlə birlikdə dəfn olunacaq. Sən ölü olduğun halda o diridir. Əgər o yaxşı və xeyirli olsa, sənə yaxşılıq edəcək, yox əgər pis olsa, səni (dəhşətli hadisələrlə) baş-başa buraxacaq. Sonra o yalnız səninlə qaldırılacaq. Sən də Qiyamət səhnəsinə yalnız onunla gələcəksən. Səndən onun haqqında soruşulacaq. Buna görə də onu layiqli yerinə yetir. Çünki layiqli olsa, onunla ünsiyyətdə olarsan, əks təqdirdə, yalnız ondan qorxacaqsan. O, sənin əməlindir.”[11] İmam Sadiq (ə) belə buyurmuşdur: “Ölü qəbrə qoyulduqdan sonra qarşısında bir şəxs peyda olub ona deyər: Ey insan, biz üç nəfər idik, biri sənin ölümünlə sona yetən ruzin; digəri səni qoyub gedən ailən, üçüncüsü mənəm – səninlə qalan əməlin. Amma sənin nəzərində o ikisindən ən az dəyərlisi mən idim.”[12]
  2. Əhli-beytin (ə) üstünlüyü: Əllamə Təbatəbai hesab edir ki, “İbrahimin ailəsi” deyilərkən nəsil şəcərəsi İsmail (ə) vasitəsilə İbrahim-Xəlilə (ə) çatan məsumlar nəzərdə tutulur. Onlar İslam peyğəmbərinin (s) məsum övladlarıdırlar. İmam Rza (ə) ilə Məmunun dialoqunu əks etdirən bir rəvayətdə belə qeyd edilir: “Məmun soruşdu:

– Allah Peyğəmbərin (s) qohumlarını başqalarından üstün tutubmu?

İmam (ə) buyurdu:

–  Allah qohumların digər insanlardan üstün olduğunu Quran ayələrində buyurmuşdur.”

Məmun dedi:

– Quranın harasında?

İmam Rza (ə) buyurdu:

– “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın aləsini aləmlərdən üstün etdi” ayəsində.”[13]

  1. İmranın ailəsi: İmran həzrət Məryəmin (ə) atasının adıdır. İmranın ailəsi deyilərkən bu ayədə həzrət Məryəm (ə) və həzrət İsa (ə) və ya hər ikisi və İmranın həyat yoldaşı nəzərdə tutulur[14].
  2. Abid və ibadət edən qadın: “Məryəm” sözünün mənası ibadət edən və xidmətçi qadın deməkdir. Uşağını dünyaya gətirdikdən sonra ananın bu adı seçməsi bu imanlı ananın övladını Allaha ibadət və bəndəçilik yoluna vəqf etməsinə çox böyük sevgisi olduğunu göstərir[15].
  3. Elə oradaca (Məryəmdəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”.
  4. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni Yəhya ilə – Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə müjdələyir”.
  5. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda mənim övladımın olması necə mümkündür?” (Allah) buyurdu: “Belədir, Allah hər istədiyini edər”.
  6. (Zəkəriyya) dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq. (Dilin heç bir səbəb olmadan tutulacaq.) (Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de!”
  7. (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni seçmiş, təmizləmiş və dünyanın bütün qadınlarından üstün etmişdi.
  8. Ey Məryəm! (Bu nemətə görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!”
  9. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin səni himayə etmək şərəfinə nail olmaq üçün) bir-biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin.
  10. (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır.

————————————————————————————-

  1. Mehrab Şeytan və üsyankar nəfslə müharibə və mübarizə məkanıdır: Məsciddə pişnamaz durduğu yerə mehrab deyilir. Bütün məscidə də mehrab deyilir. Bu söz mənası döyüşmək, müharbə aparmaq olan “hərb” sözündən düzəlmişdir. Çünki mömin insan namaz qılıb Allaha ibadət edərkən Şeytan və üsyankar nəfslə müharibə aparır. Ehtimal ki, bu ayədə “mehrab” deyilərkən bütün məscid nəzərdə tutulmuşdur[16]. Bu və bir çox digər ayələrə əsasən bütün səmavi dinlərdə namaz olmuşdur[17].
  2. Öz dövrünün ən üstün xanımı: Bu ayədə “istafəki” (səni seçdi) sözü iki dəfə təkrar edilmişdir. Qeyd olunan sözün işləndiyi birinci cümlə onun qeyd-şərtsiz seçilmiş olduğunu ifadə edir. Yəni Allah-taala Məryəmi (ə) Ona ibadət etməsi və bəndə olması üçün seçmişdir. İkinci cümlə isə onun bütün qadınlar arasından seçildiyini ifadə edir. Bu ayə Məryəmin (ə) öz dövrünün bütün xanımları arasından seçildiyini göstərir. Bu da o deməkdir ki, Məryəm (ə) öz dövrünün ən böyük şəxsiyyəti olmuşdur. Bu məsələ İslamın böyük xanımı Fatimeyi-Zəhranın (ə) dünyanın ən üstün xanımı olması gerçəyi ilə təzad təşkil etmir. Çünki İslam peyğəmbərinə (s) istinad edilən bir hədisdə mələklərin həzrət Zəhraya (ə) xitabən belə dedikləri qeyd edilmişdir: “Məryəm öz dövrünün üstün xanımı idi. Allah səni həm öz dövrünün, həm Məryəmin dövrünün, həm keçmiş, həm də gələcəkdəki xanımların xanımı etdi.”[18]
  3. Allahın kəlməsi: “Kəlmə” insanı müəyyən bir məzmun və mənaya yönləndirir. Bu mənada bütün məxluqat Allahın kəlməsidir. Çünki bizi yaradıcıya doğru yönləndirir. “Kəhf” surəsinin 109-cu ayəsində belə buyurulmuşdur: De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!” Təfsirçilər hesab edirlər ki, “Allahın kəlmələri” deyilərkən Onun yaratdıqları nəzərdə tutulur. Yaranmışlar arasında mürəkkəbliyi və yaranış əzəməti ilə seçilən insan Allahın varlığını daha yaxşı dərk etdirir. Digər insanlarla müqayisədə Allahın varlığını insanlara peyğəmbər və imamlar (əleyhimissalam) daha yaxşı başa salır. Buna görə də hədislərdə məsumlar (ə) Allahın kəlamı adlandırılmışlar. “Ali-İmran” surəsinin 45-ci ayəsində İsa (ə) Allahın kəlməsi kimi təqdim edilmişdir. Çünki onun dünyaya gəliş forması, beşikdə danışması, ölüləri diriltməsi, anadangəlmə korlara şəfa verməsi və sair möcüzələri insanları elmli və qüdrətli Allahın varlığına doğru yönləndirir[19].
  4. O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır”.
  5. (Məryəm:) “Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “Belədir, Allah hər istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar.
  6. Ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
  7. Və (onu) İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, Rəbbiniz tərəfindən sizə möcüzə gətirmişəm. Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar. Allahın iznilə anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm. Əgər imanınız olsa, heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır.
  8. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm. (Etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (bəzi heyvanların və balıqların ətini) halal etmək üçün gəlmişəm. Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm. İndi Allahdan qorxun və mənə itaət edin!
  9. Allah mənim də Rəbbimdir, sizin də. Ona ibadət edin! Budur doğru yol!
  10. İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: “Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?” – deyə soruşdu. Həvarilər dedilər: “Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq!”

—————————————————————————————-

  1. İsanın (ə) yetkinlik yaşında danışması: “Məhd” sözü beşik sözü ilə ilə təxminən sinonimdir. Ərəb dilindəki “məhd” sözünün beşikdən fərqi onun ümumi məzmun daşıması və körpənin yatması və istirahət etməsi üçün nəzərdə tutulmuş hər bir vasitəyə şamil olmasıdır. “Məryəm” surəsindəki ayələrə əsasən həzrət İsa (ə) ilk körpəlik çağında danışmışdır. Normal vəziyyətdə mümkünsüz görünən bu hadisənin özü böyük bir möcüzədir. Lakin insanın yetkinlik çağında danışması tamamilə normal bir hadisədir. Bu iki hadisənin bir ayə daxilində qeyd edilməsi ilə bəlkə də onun körpə vaxtı eynilə yetkinlik yaşında olduğu kimi, uşaqlara xas deyil, ölçülüb-biçilmiş, məzmunlu və əhəmiyyətli danışdığını çatdırmaq üçündür. Bundan əlavə, qeyd olunan ifadə İsanın (ə) ömrü ilə də bağlı öncəgörüyə işarə edə bilər. Bilirik ki, həzrət İsa (ə) dünya həyatında qocalıq dövrünü yaşamamışdır, 33 yaşında ikən Allah onu göylərə qaldırmışdır. Rəvayətlərə görə İsa (ə) İmam Mehdi (ə) zühur edən vaxt insanların arasına qayıdacaq, onlarla ömrünün əvvəlində olduğu kimi danışacaq[20].
  2. Mövcudatın var edilməsi: “O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar”. Yəni nəyisə yaradarkən Allahın vasitələrə, hətta “mövcud ol” deməyə də ehtiyacı yoxdur. Bu cümlə Allahın qətiyyətli iradəsini ifadə edir. Belə ki, Allah nəyisə istəsə və ya onun yaranış fərmanını versə, dərhal meydana gələr[21].
  3. Obyektiv aləm üzərində hakimiyyət: Bu və oxşar ayələr göstərir ki, Allahın elçiləri və vəliləri Onun fərmanı və iznilə lazım gəldikdə obyektiv aləmə təsir göstərə, adi və təbii qanunlardan kənar davranışlar sərgiləyə bilirlər. “Sağaldıram”, “ölüləri dirildirəm” və birinci şəxsin təkində işlənmiş bu qəbil feillər sözügedən hadisələrin birbaşa peyğəmbərlərin öz əli ilə həyata keçdiyini göstərir. Bu hadisələrin baş verməsində onların vəzifəsinin təkcə dua etməkdən ibarət olduğunu ifadə edən iddialar isə əsassızdır. Sözügedən ifadə formaları onların obyektiv aləmə təsir göstərdiyini və hadisələri birbaşa meydana gətirdiklərini deməyə əsas verir. Sadəcə peyğəmbər və övliyaların bu işləri müstəqil şəkildə görmələri, yaranış sistemindən kənar müstəqil bir sistemə sahib olmaları ilə bağlı təsəvvür yaranmaması, habelə şirk ehtimalının qarşısını almaq üçün ayələrdə Allahın izni və bu kimi ifadələrdən istifadə edilmişdir. (Bu ayədə iki dəfə, “Məryəm” surəsinin 110-cu ayəsində dörd dəfə). “Obyektiv aləm üzərində hökmranlıq” deyilərkən peyğəmbər və imamların (əleyhimissalam) lazım gəldikdə və zərurət yarandıqda Allahın izni və icazəsi ilə obyektiv aləmə təsir göstərməsi nəzərdə tutulur. Bu, qanuni rəhbərlik (insanları idarə etmək, qanunlar müəyyənləşdirmək, doğru yola dəvət və hidayət etmək) anlayışından daha yüksək olan bir mənadır. Deyilənlərdən Allah adamlarının obyektiv aləm üzərindəki hakimiyyətini inkar edən və bunu bir növ şirk hesab edən insanların şübhəsinə aydınlıq gəlir. Onlar hesab edirlər ki, peyğəmbərlərin işi yalnız hökmlərin təbliği və Allaha doğru çağırışla məhdudlaşır. Bəzi obyektiv hadisələrin baş verməsi üçün yalnız duadan istifadə edirlər, bundan artıq heç bir səlahiyyətə malik deyildirlər. Halbuki bu və başqa oxşar ayələr bunun əksini ifadə edir[22].
  4. “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz!”
  5. (Yəhudilər və İsanın düşmənləri onu aradan götürmək və dininə son qoymaq üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır.
  6. (Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram, səni kafirlərdən pak edirəm. Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm. Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm!
  7. Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlərə) gəldikdə, onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur!
  8. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!”
  9. Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır.
  10. Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Mövcud ol!” – dedi, o da oldu. (Buna görə də İsanın atasız dünyaya gəlməsi onun Allah olmasına əsla dəlil ola bilməz.)
  11. Bunlar sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma!
  12. (İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!”

—————————————————————————————-

  1. Həvarilərin İsa Məsihin (ə) düzlüyünə şahidlik etməsi: Ayənin “bizi şahidlər zümrəsinə yaz” cümləsini şərh edərkən təfsirçilər bldirirlər ki, həvarilər Allahın göndərdiyinə iman gətirib onu təsdiq etdikdən və Allahın əmrlərinə tabe olduqlarını elan etdikdən sonra İsanın (ə) Allah vəhyini tam şəkildə çatdırdığına, özünün də ona əməl etdiyinə, onların öz peyğəmbərlərinin iman və əməlini özlərinə örnək götürdüyünə və ona tabe olduğuna şahidlik etdilər. Peyğəmbərlik iddiası edib Allahın əmrlərini doğru-düzgün çatdırmayan və ya ona əməl etməyən şəxs əməli olaraq özünün yalançı olduğunu təsdiq etmiş olur. Ancaq həvarilər İsanın (ə) Allah vəhyinin təbliği və ona əməl kontekstindəki düzgünlüyünü təsdiq etməklə onu özlərinin həqiqi rəhbəri hesab edib, fərmanına təslim oldular[23].
  2. İsanın (ə) həyatda olması: Quran ayələri həzrət İsanın (ə) hal-hazırda da həyatda olduğunu, yaşadığını ifadə edir. Bu ayədə Allah “təvəffa” sözündən istifadə etmişdir. “Təvəffa” sözünün mənası götürmək, almaq deməkdir. Ölən adama “vəfat etdi” deyilməsinin səbəbi onun canının alınması ilə bağlıdır. Əlbəttə, bu ayədə “təvəffa” sözünün “öldürdü” mənası nəzərdə tutulmamışdır. “Təvəffa” deməklə Allah insanlara çatdırmaq istəyir ki, həzrət İsanı (ə) yəhudilərin arasından alıb götürdü, yəhudilərin əlindən xilas etdi.[24] (Daha ətraflı məlumat üçün “Nisa” surəsinin 157-ci ayəsinə bax.)
  3. Mübahilə (qarşılıqlı nifrin) Əhli-beytin haqq olduğuna sübutdur: “Mübahilə” sözünün mənası qarşılıqlı nifrin etmə deməkdir. İmam Sadiqin (ə) bu ayənin izahı ilə bağlı buyurduğu bir hədisdə belə qeyd edilir: “Nəcran yəhudilərindən bir qrupu Peyğəmbərin (s) yanına gəlib ona dedi:

– Nəyə çağırış edirsən?

Peyğəmbər (s) buyurdu:

– Sizi Allahdan başqa Allah olmadığına, mənim Allahın peyğəmbəri olduğuma, İsanın yaranmış və qidalanan bəndə olduğuna şahidlik etməyə çağırıram.

Uzun mübahisədən sonra bir qrup xristian haqqı – İsanın Allahın bəndəsi olduğunu qəbul etmək istəmədi. Həmin vaxt bu ayə nazil oldu. Peyğəmbər (s) onlara dedi: “Gəlin bir-birimzi nifrin edək. Əgər mən haqlı olsam, Allahın lənəti sizə olsun, yox əgər siz haqlı olsanız, Allahın lənəti mənə olsun.” Onlar qəbul etdilər və sabahısı gün bir yerdə görüşüb bir-birini nifrin etmək qərarına gəldilər. Başçılarının yanına qayıtdıqdan sonra bu hadisəni ona danışdılar. Başçı dedi: “Əgər tayfasını gətirsə, peyğəmbər deyil, yox əgər təkcə ailəsini gətirsə, hökmən peyğəmbərdir.” Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynlə (ə) birlikdə mübahiləyə hazır oldu. Bunu görən xristianlar Peyğəmbərdən (s) mübahilədən əl çəkməsini, öz dinlərində qalmasına və Peyğəmbərə (s) cizyə ödəməyə icazə verməsini istədilər. Peyğəmbər (s) razılaşdı və onlar geri döndülər.”[25] Rəvayət olunur ki, xristianların yepiskopu onlara deyirmiş: “Mən elə simalar görürəm ki, əgər Allahdan dağları yerindən qoparmasını istəsələr, Allah edər. Onlarla əsla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir nəfər xristian qalmaz.”[26] Mübahilə hadisəsi Peyğəmbərin (s) xüsusi bir bilgiyə malik olduğunu göstərməklə yanaşı, onun dua və istəyinin də təsirli olduğunu göstərir[27].

Burada çox mühüm nüanslardan biri də “ənfüsəna” (biz özümüz) ifadəsidir. Bu sözün aid olduğu insan kamillik baxımından və üstün keyfiyyətlərinə görə elə yüksək həddə olmalıdır ki, “Peyğəmbərin canı, özü” sayıla bilsin. Qeyd etdiyimiz kimi, bu sözün aid olduğu şəxs Əlidir (ə)[28].

  1. Bu, həmin doğru olan hekayədir. (Onun Allah və ya Allahın oğlu olması iddialarının heç bir əsası yoxdur.) Tək olan Allahdan başqa heç bir məbud yoxdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  2. Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır!
  3. De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: “Şahid olun ki, biz müsəlmanıq!”
  4. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərirsiniz? (Hər biriniz onu öz dininin davamçısı kimi təqdim edirsiniz?) Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir, məgər düşünmürsünüz?
  5. Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?! Allah bilir, siz bilməzsiniz!
  6. İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis təkallahlı müsəlman idi və şərik qoşanlardan deyildi.
  7. İnsanların İbrahimə ən layiq olanı ona tabe olan, bu Peyğəmbər və ona iman gətirənlərdir. (Onlar hər kəsdən layiqlidirlər.) Allah möminlərin vəlisi və hamisidir!
  8. Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırma istədiyi (arzu etdiyi) halda, (onlar bilməlidirlər ki, sizi sapdıra bilməzlər) yalnız özlərini düz yoldan sapdırır və bunu dərk etmirlər.
  9. Ey kitab əhli, Allahın ayələrini (onların düzlüyünü) təsdiq etdiyiniz halda, nə üçün (onları) inkar edirsiniz?

——————————————————————————————

  1. Din alveri edən alimlərə tabe olmaq bir növ ibadət ortaqlığıdır (şirkdir): Bəzi təfsirçilər “Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” ayəsini təfsir edərkən bildirirlər ki, bəzi ayələrdə bir qrup əhli-kitab aliminin Allahın hökmlərini öz mənafelərinə və təəssüblərinə uyğun şəkildə izah və təhrif etdikləri qeyd edilmişdir. İslam məntiqinə əsasən bilərəkdən bu cür şəxslərə tabe olanlar bir növ onlara ibadət etmişlər. Çünki halal və haramı təyin etmək səlahiyyəti və qanunvericiliyi Allaha məxsusdur, bu mövzuda başqasının ixtiyar sahibi olduğunu qəbul edən şəxs həmin adamı Allaha ortaq etmişdir. Deyilənə görə daha öncə xristian olub, sonradan İslamı qəbul etmiş Ədiyy ibn Hatəm bu ayə nazil olduqdan sonra “ərbabən” sözünə əsasən cümləni “kitab əhli olanlar bəzi alimlərinə ibadət edirlər” kimi başa düşür və Allah rəsuluna (s) deyir: “Biz o vaxt öz alimlərimizə əsla ibadət etməmişik.” Peyğəmbər (s) buyurur: “Onların Allahın hökmlərini öz maraqlarına uyğun şəkildə dəyişdiklərini bildiyiniz halda, yenə də onlara itaət göstərirdinizmi?” Ədiyy: “Bəli” – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Bu, elə ibadət və bəndəçilikdir.” İslamda əqli əsarət və müstəmləkə ibadət və bəndəçilik hesab edilir. İslamda şirk və bütpərəstliyə qarşı necə mübarzə aparılırsa, əqli müstəmləkəçilik və əsarətə qarşı da eyni şəkildə mübarizə aparılır[29].
  2. Nə yəhudi, nə xristian: Rəvayətlərdə qeyd olunur ki, Nəcran yəhudiləri və xristianları Peyğəmbərin (s) hüzurunda həzrət İbrahimin (ə) üstündə mübahisəyə qalxdılar. Yəhudilər İbrahimin (ə) yəhudi, xristianlar isə onun xristian olduğunu deyirdilər. Üstün olduqlarını sübuta yetirmək üçün onlardan hər biri həzrət İbrahimin (ə) onlardan olduğunu iddia edirdi. Çünki Allahın bu böyük peyğəmbəri bütün din mənsubları arasında əzəmətlə xatırlanırdı. Bu əsnada sözügedən ayə nazil oldu və onların iddialarının əsassız olduğu bildirildi. Belə ki, İbrahim (ə) Musa (ə) və İsadan (ə) əvvəl yaşamış, Tövrat və İncil ondan sonra nazil olmuşdu[30].
  3. Həzrət İbrahim (ə) yəhudi və xristian olmadığı halda, necə müsəlman idi?! Ümumiyyətlə, Quran leksikonunda müsəlman təkcə İslam peyğəmbərinin (ə) davamçısına deyilmir, islam deyiləndə Allahın fərmanı qarşısında qeyd-şərtsiz təslim olmaq, istənilən şirk və dualizmdən uzaq, xalis və kamil tövhid nəzərdə tutulur. İbrahim (ə) bu ənənənin bayraqdarı hesab edilir.[31]
  4. Tabeçilik Allah dostları ilə yeganə əlaqə vasitəsidir: Bu ayədə ideoloji məktəb əlaqəsindən üstün əlaqə olmadığı, Allah dostları ilə yalnız tabeçilik və itaət vasitəsilə əlaqə qurmağın mümkünlüyündən danışılır. Buna görə də İslam peyğəmbəri (s) və məsum imamlarla (ə) əlaqə və yaxınlıq iddiasını yalnız onlara tabe olmaqla iddia etmək olar. Hədis və rəvayətlərdə də bu mövzu əsas diqqət mərkəzində olmuşdur. İmam Əliyə (ə) istinad edilən bir hədisdə belə qeyd edilmişdir: “İnsanların peyğəmbərlərə ən layiq olanı onların göstərişlərinə hər kəsdən çox əməl edənlərdir.” Sonra İmam (ə) bu ayəni oxuyub buyurmuşdur: “Nəsəb və qohumluq baxımından nə qədər uzaq olsa da, Muhəmmədin (s) dostu Allahın əmrinə itaət göstərən, qohumluq əlaqələri nə qədər yaxın olsa da, Muhəmmədin (s) düşməni Allaha itaətsizlik göstərəndir.”[32]
  5. Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?
  6. Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “(Gedin, üzdə) möminlərə nazil edilənə günün əvvəlində inanın, günün sonunda isə onu inkar edin! Bəlkə (öz dinlərindən) üz döndərərlər. (Siz kitab əhli və səmavi müjdədən xəbərdar olduğunuz üçün bu hiylə onları şübhəyə salmağa yetər.)
  7. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Yönləndirən, hidayət edən yalnız Allahdır (Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur)”. (Sonra yəhudilər öz adamlarına dedilər:) “Sizə verilənin bənzərinin (səmavi kitab) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!” De: “Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir!”
  8. Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir!
  9. Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu tamamilə sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar. Səbəb də budur ki, onlar: “Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq”, – deməklə bilə-bilə Allaha böhtan atırlar.
  10. Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir.
  11. Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq. Allah Qiyamət günü onları dindirməyəcək, onlara nəzər salmayacaq və onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir!

——————————————————————————

  1. Kitab əhlinin haqqı gizlətməsi: Bu ayənin məzmunu öz əksini “Bəqərə” surəsinin 42-ci ayəsində də tapmışdır. Həmin ayədə belə buyurulur: “Haqqı batillə qarışdırmayın və bilə-bilə haqqı gizlətməyin!” Hər iki ayədə insanları haqq yoldan sapdırmaq üçün haqqı batillə qarışdıran və həqiqəti gizlədən kitab əhli məzəmmət edilir. Onlar Tövrat və İncildə İslam peyğəmbəri (s) ilə bağlı qeyd edilmiş xüsusiyyətləri gizlədir və ya təhrif edir, doğru ilə yalanı bir-birinə qarışdırıb insanlarda çaşqınlıq yaradırdılar[33]. Möminlərin əmiri İmam Əli (ə) haqla batilin bir-birinə qarışdırılması ilə bağlı belə buyurmuşdur: “Əgər haqq batilə bürünməsəydi, düşmənlərin boş-boş danışan dili qısa olardı. Onlar bir az batildən, bir az da haqdan götürüb bir-birinə qarışdırırlar. Belə olan təqdirdə yalnız Allahın xoş vəd verdiyi şəxslər nicat tapacaq”.[34]
  2. Əmanətdar və xəyanətkar: Bu ayədə kitab əhli iki qrupa bölünmüşdür: Əmanətdar və vicdanlı insanlar; əmanətə xəyanət edən insanlar. Quran ikinci qrupun xəyanətini belə ifadə edr: “Biz yəhudi olmayanlar qarşısında məsuliyyət daşımırıq”. Qəribədir ki, bu sözün Allaha və ilahi dinə aid edirlər. Bu fikir yəhudilərin digər xalqlardan üstün olması kimi yanlış inancından qaynaqlanır. Onlar hesab edirlər ki, başqalarının boynuna minə bilərlər, qarşılığında isə başqalarının az da olsa, etiraz etməyə haqqı çatmır. Onlar qeyri-yəhudilərin mallarını əllərindən ala bildikləri halda, digərlərinin belə bir haqqı yoxdur. Əslində, onlar başqa insanlara dilsiz heyvan münasibəti bəsləyir və onlardan istədikləri kimi istifadə edə biləcəklərini düşünürlər[35]. “Başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar” cümləsi yəhudilərin hansı xislətdə olduğunu göstərir. Onların çoxu başqalarının hüquqlarını güc və zor tətbiq etmədən rəsmən tanımırlar. Buna görə də öz haqlarını onlardan geri almaq üçün müsəlmanların çalışıb qüdrətli olmaqdan və onları bu qüdrət qarşısında diz çökdürməkdən başqa çarələri yoxdur. Son illərdə Orta Şərqdə baş verən hadisələr göstərir ki, beynəlxalq konvensiyalar, müqavilələr, dünya ictimaiyyətinin fikir, haqq, ədalət və bu kimi məsələləri İslam düşmənləri üçün heç bir əhəmiyyət daşımır. Onlar başqa bir şey deyil, yalnız güc və qüdrət qarşısında təslim olurlar[36].
  3. İlahi əhdi və andı pozmağın cəzası: Qeyd edilir ki, Peyğəmbər (s) zamanında İmriül-qeys adlı bir nəfər həzrəmutlu bir kişi ilə torpaq üstündə mübahisə edir. Nəhayət, Peyğəmbərin (s) yanına gəlirlər. Peyğəmbər (s) İmriül-qeysdən soruşur:

– Torpağın sənə məxsus olduğunu təsdiq edəcək bir şahidin varmı?

İmriül-qeys deyir:

– Xeyr.

Peyğəmbər (s) buyurur:

– Belə olan təqdirdə əgər qarşı tərəf and içib yerin ona aid olduğunu desə, yeri ona verməli olacaqsan.

İmriül-qeys deyir:

– And olsun Allaha, belə olan təqdirdə yerim əlimdən çıxacaq.

Peyğəmbər (s) buyurur:

– Əgər yer həqiqətən sənin olmuş olsa və o da and içib bu yeri mənimsəsə, Qiyamət günü Allahın üzlərinə nəzər salmayacağı, günahdan təmizləməyəcəyi və şiddətli əzaba düçar edəcəyi şəxslərdən olacaq.

Həzrəmutlu kişi bu sözü eşidəndə qorxuya düşüb torpağı İmriül-qeysə qaytardı[37].

  1. Onların (yəhudlər) arasında elələri var ki, (Allah) kitab(ını) oxuyan zaman siz onların oxuduqlarının (Allah) kitab(ın)dan olduğunu güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki (Allah) kitab(ın)dan deyil. Allah tərəfindən olmadığı halda, onlar: “Bu, Allah tərəfindəndir”,- deyir və bilə-bilə Allaha böhtan atırlar.
  2. Heç bir insana yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə ibadət edin!” – desin. Əksinə, o: “Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun!” – deyər.
  3. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?!
  4. Allahın peyğəmbərlərdən: “Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edin”, – deyə əhd aldığı, sonra onlara: “Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?” – dediyi, onların da: “Təsdiq etdik!” – deyə cavab verdikləri, (bu zaman) Allahın: “Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam”, – deyə buyurduğu vaxtı xatırlayın!
  5. Bundan sonra kim üz döndərsə, fasiqdir.
  6. Onlar Allahın dinindən başqa bir din axtarırlar?! (Onun dini İslam dinidir.) Göylərdə və yerdə olanlar istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq.

————————————————————————————-

  1. Allaha iftira atmaq məharəti: “Yəlvunə” mənası döndərmək, çevirmək və əymək olan “ləyy” sözündən götürülmüşdür. Burada Allah sözlərinin təhrif edilməsi üsuluna işarə edilmişdir. Belə ki, Tövratı oxuyarkən zühur edəcəyi müjdə verilmiş İslam peyğəmbərinin (s) xüsusiyyətlərindən bəhs edən ayələri dəyişir və bunu elə məharətlə edirdilər ki, dinləyci eşitdiklərinin Allah kitabının ayələri olduğunu güman edirdi[38].
  2. İbadət yalnız Allaha olmalıdır: Bu ayənin nazilolma səbəbini əks etdirən bir məlumatda belə qeyd edilmişdir: “Nəcrandan ezam edilmiş dəstəyə başçılıq edən Əbu Rafe adlı yəhudi Peyğəmbərin (s) hüzuruna gələrək deyir:

– Sənə ibadət etməyimizi, səni Allah hesab etməyimizimi istəyirsən? (Onlar güman edirdilər ki, İslam peyğəmbərinin (s) İsanın (ə) Allah olması məsələsinə etirazı onun özünün belə bir paya sahb olmaması ilə bağlıdır. Əgər onu da Allah kimi qəbul etsələr, mövqeyindən əl çəkəcək. Çox güman ki, bu təklif  Peyğəmbəri (s) bədnam etmək və insanlarda çaşıqnlıq yaratmaq hiyləsindən qaynaqlanırdı).

Lakin Peyğəmbər (s) buyurdu:

– Allaha sığınıram. Mən kiminsə tək olan Allahdan qeyrisinə ibadət etməsinə icazə vermərəm. Allah məni belə bir iş üçün göndərməyib.[39]

Bu ayədə xristianların həzrət İsaya (ə) aid etdikləri batil fikirlər rədd edilmşdir. Onlar iddia edirdilər ki, guya İsa (ə) özünün Allahın oğlu və Allah olduğunu demiş, Ata, Oğul və Müqəddəs ruha ibadət edilməsini istəmişdir. Ola bilsin ki, bu ayədə “Allah Musanın Allahı, Musa, Harunun, Harun isə Fironun Allahıdır” deyən yəhudilər nəzərdə tutulmuşdur. Bəlkə də bu ayə ümumi məzmun daşıyır, hətta Peyğəmbər (s) və imamları (ə) allahlıq məqamına qədər yüksəldənlərə də şamil olur[40]. Ümumiyyətlə, bu ayədən belə başa düşülür ki, Allahdan qeyrisinə edilən istənilən ibadət forması, xüsusilə, insana edilən ibadət azadlıq ruhuna və insan şəxsiyyətinin müstəqilliyinə ziddir. Habelə Allahın bəndələri qarşısında yaltaqlıq edilməsi də qadağan edilmişdir. İmam Əlinin (ə) dilindən söylənmiş, o həzrətin həqiqi və mənəvi simasını göstərən ibrətamiz bir hədis də qeyd olunan fikri təsdiq edir. Bir gün İmam Əli (ə) Ənbara (İraqın sərhəd şəhərlərindən birinin adıdır) gedir. Bir qrup kəndli kəndlərinin adətinə uyğun olaraq miniklərindən düşüb İmamın (ə) qarşısında səcdə edirlər. İmam (ə) bu hadisədən çox narahat olur və yüksək səslə deyir: “Belə niyə edirsiniz?” Onlar: “Biz bu hərəkətimizlə əmirlərimizə olan hörmətimizi izhar edirik”, – deyə cavab verirlər. İmam Əli (ə) buyurur: “And olsun Allaha ki, bunun rəhbərlərinizə heç bir xeyri yoxdur. Siz bu əməlinizlə sadəcə özünüzü bu dünyada çətinliyə salır, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. Arxasınca küfr gətirən əziyyət necə də zərərli, arxasınca Cəhənnəm odundan qurtuluş gətirən azadlıq necə də faydalıdır!”

  1. Peyğəmbərlərdən İslam peyğəmbəri (s) haqda ilahi əhd alınması: Bu ayə onu çatdırır ki, bütün peyğəmbərlər (ə) Allahla bağladıqları əhd-peymana uyğun olaraq Allahın peyğəmbərlərindən hansının dövrünə təsadüf etsəydilər, ona iman gətirib, yardım göstərəcəkdilər[41]. Bunun ən parlaq nümunəsi İslam Peyğəmbəridir (s). Bu mövzunu ehtiva edən çoxlu sayda hədis və rəvayətlər Allahın təkcə Peyğəmbər (s) deyil, onun vəsiləri ilə bağlı da əhd aldığını ifadə edir. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulur: “Allah elə bir peyğəmbər göndərməyib ki, ondan Mühəmmədin (s) peyğəmbərliyinə və Əlinin (ə) imamlığına iman gətirməklə bağlı əhd almamış olsun.”[42]
  2. Söylə: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq!”
  3. Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!
  4. İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz!
  5. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!
  6. Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək.
  7. Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edəndir!
  8. İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və olüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər.)
  9. Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq!

—————————————————————————————–

  1. Əsbat: “Əsbat” sözü “sibt” sözünün cəmidir, mənası nəyinsə asanlıqla yayılması və inkişaf etməsidir. Övladlara, xüsusilə nəvələrə və bir ailənin qol-budağına sibt və əsbat deyilir[43]. “Əsbat” deyilərkən bu ayədə həzrət Yaqubun (ə) nəslindən və ya Bəni-İsraildən olan (Davud, Süleyman, Yunis, Əyyub və sair) peyğəmbərlər nəzərdə tutulmuşdur[44].
  2. Ən üstün din: Bu ayədə “İslam” deyilərkən ümumi mənada Haqq qarşısında təslim olmaq, xüsusi mənada isə təslim olmanın ən üstün nümunəsi – İslam dini nəzərdə tutulmuşdur. Bu gün İslamdan başqa heç bir din qəbul edilmir. Bütün ilahi dinlər möhtərəm sayılsa da, bəşəriyyətin müasir və əməl edəcəyi proqramı İslam olmalıdır. Doktorluq təhsili alan tələbələr ibtidai, orta, yuxarı, bakalavr və sair təhsil pillələrində oxuduqları fənlərə hörmətlə yanaşsalar da, yalnız təhsl aldıqları pillənin fənlərini oxumalıdırlar, proqram səviyyəsindən aşağı fənləri davam etdirməyin yalnız ziyanı olacaq. Yersiz təqlid və nadancasına təəssübkeşlikləri ilə etnik ənənələrinə və xurafatlarına tabe olub mənsub olduqları dinlərini korlayanlar, şübhəsiz ki, ziyana uğrayacaq, ömür sərmayəsini puç etmək təəsüfü və peşmançılığından başqa heç nə əldə etməyəcəklər[45].
  3. İnadkar kafirlərə hər kəsin lənəti olsun: “Lənət” sözünün mənası qəzəblə müşayiət olunan uzaqlaşdırma və kənarlaşdırmadır. “Allahın lənəti” deyilərkən Allahın fərdləri Öz rəhmətindən uzaqlaşdırması başa düşülür. Mələklər və insanların lənətinə gəlincə isə qəzəb, nifrət, kənarlaşdırma və ya Allahdan bu insanları Öz rəhmətindən uzaqlaşdırmasını istəmək nəzərdə tutulur. Ayıq başla, bilə-bilə küfr və inkar yolunu tutmuş zülmkar mürtədlər günah və fəsad girdabına elə batırlar ki, ağıllı insanların və mələklərin nifrətini qazanırlar, ondan da pisi, Allahın qəzəbinə tuş gəlirlər[46].

Quranda bütün insanların iman gətirdikdən sonra kafir olanları lənətlədiyi buyurulmuşdur. Kafirlər özləri də insan olduqları halda, şübhəsiz ki, özləri özlərini lənətləməzlər. Bu paradoks öz həllini necə tapır? Bu sualın cavabında onu deməliyik ki, ilahi lənət Qiyamətdə aşkar olacaq. Çünki Allahın ümumi rəhməti bu dünyada kafirlərə də şamil olur. Ancaq Qiyamətdə onlara rəhm olunmayacaq, hətta kafirlər özləri də bir-birini lənətləyəcəklər. Belə ki, “Ənkəbut” surəsinin 25-ci ayəsində Allah həzrət İbrahimin (ə) müşriklərə xitab edərək belə dediyini qeyd edir: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa və sevgiyə görədir. Sonra, Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Hamınızın məskəni od olacaq, heç bir kömək edəniniz, yarınız-yavəriniz olmayacaq!”[47]

  1. Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyirə çatmazsınız. Allah verdiyiniz sədəqədən xəbərdardır!
  2. Tövrat göndərilməmişdən qabaq İsrailin ( Yaqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi. De: “Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!” (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur).
  3. Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər.)
  4. De: “Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”.
  5. İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir.
  6. Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq. Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!
  7. De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?!”
  8. De: “Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu əymək istəyirsiniz? Halbuki, siz (bu yolun düzlüyünə) şahidsiniz və Allah sizin etdiklərinizdən xəbərsiz deyil.”
  9. Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, sizi iman gətirdikdən sonra döndərib kafir edər.

————————————————————————————-

  1. Həqiqi xeyirə nail olmağın ən mühüm yolu: “Birr” xeyir və yaxşılığın çoxluğu deməkdir. Bu söz qəlbdə və əməldə olan bütün yaxşılıqlara şamil olur. “Bəqərə” surəsinin 177-ci ayəsində belə buyurulmuşdur: “Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və döyüş meydanında səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır.” Bu ayədə bütün yaxşılıqlar müxtəsər şəkildə sadalanmış və “birr” sözünün geniş mənası verilmişdir. Sözügedən ayədə də möminin sevdiyi şeylərdən xərcləməsi xeyirxahlığa və yaxşılıqlara nail olmağın əsas vasitələrindən biri hesab edilmişdir. Bu məsələyə israr edilməsinin səbəbi də budur ki, insanın maldan ayrılması çox çətindir. Malından və sərvətindən ayrılmağı hazır olan şəxs xeyriyyəçilik zirvəsi istiqamətində böyük addıma imza atmışdır[48].
  2. Daha əvvəl bütün qidaların İsrail övladlarına halal olması: Bu ayədə yəhudilərin şübhələrindən birinə cavab verilir. Hadisə belə olmuşdu: “Allah-taala “Nisa” surəsinin 160-cı ayəsində “yəhudilər zülm etdiklərinə görə onlara halal olan pak nemətlərin bir hissəsini haram etdik”, – deyə buyurduqda yəhudilər etiraz edərək dedilər: “Bu, yalandır. Çünki dəvə əti kimi bəzi pak qidalar elə əvvəlcədən yəhudilərə haram idi.” Quranın bu ayəsində yəhudilərə cavab verilir və daha əvvəl İsrail övladlarına bütün qidaların halal buyurulduğu, lakin bəzilərinin sonradan haram edildiyi qeyd edilir. Bircə həzrət Yaqub (ə) dəvə əti kimi bəzi qidaları (başqalarına deyil,) özünə qadağan etmişdi. Hədislərdə onun dəvə ətini özünə qadağan etməsi onunla izah edilir ki, o, dəvə əti yeyəndə belindəki ağrı kəskinləşirmiş. Halbuki həzrət Musa (ə) onu haram etməmişdi[49].
  3. Bəkkə: Allahın evinin yerləşdiyi yer izdiham və qarışıqlıq mənasını verən Bəkkə adlandırılmışdır. Bu söz ibadət etmək, namaz qılmaq, təvaf etmək və sairə üçün insanların Allah evində yaratdıqları izdihamı ifadə edir[50].
  4. Allaha ibadət etmək üçün inşa edilmiş ilk ev: Bu ayəni təfsir edərkən İmam Əli (ə) belə buyurmuşdur: Məkkədən əvvəl də evlər olmuşdur. Amma Allaha ibadət etmək üçün inşa edilən ilk ev Kəbə olmuşdur.”[51] Hədislərdə qeyd edilir ki, Kəbənin binası həzrət Adəmin (ə) dövründən mövcud olmuş və ona hörmət göstərilmişdir. İmam Əli (ə) buyurmuşdur: “Adəmin (əleyhissalam) dövründən başlayaraq insanların sonuncusuna qədər Allahın bütün insanları bir daşla sınadığını görmürsənmi?…”[52] Maraqlıdır ki, bütün dinlərdə Kəbəyə ehtiram göstərilmiş və göstərilməkdədir. Tədqiqatçılar bildirirlər ki, hindlilər, farsdilli sabiilər, kildanilər, zərdüştilər, yəhudilər, xristianlar, cahil ərəblər, hər biri öz inancına uyğun olaraq Kəbəyə ehtiram göstərmiş, dəyər vermişlər[53].
  5. Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, siz necə kafir ola bilərsiniz? (Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir.
  6. Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun. Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın).
  7. Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və parçalanmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir quyunun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!
  8. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir.
  9. (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
  10. (Bu böyük əzab) bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə olacaq. Üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə indi, dadın əzabı!” – deyiləcəkdir.
  11. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!
  12. Bunlar Allahın sənə olduğu kimi oxuduğumuz ayələridir! Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.

——————————————————————————————-

  1. Təqvanın dərəcələri: “İlahi təqva” deyilərkən insanın özünü Allahın əzabından qoruması nəzərdə tutulur. Bu dərəcəyə insan Allahın əmr və göstərişlərinə tabe olmaq və nemətlərinə şükür etməklə nail olur. Bu ayədə möminlər təqvanın ən yüksək dərəcəsi olan “həqiqi təqvaya”[54] dəvət olunurlar. Həqiqi təqva Allahın göstərişlərinə tam itaət göstərməkdir. İmam Sadiqə (ə) aid olan bir hədisdə deyilir: “Həqiqi təqva, yəni Allahın fərmanına davamlı itaət göstərmək, heç vaxt günah etməmək, Allahı həmişə xatırlamaq, heç vaxt unutmamaq, nemətləri qarşısında şükür etmək, nankorluq etməməkdir.” Təqvanın müxtəlif dərəcələri var. Ayədə onun ən yüksək dərəcəsinə işarə edilmişdir. Məlumdur ki, əksəriyyət belə bir təqvaya nail olmaq gücündə deyil. Buna görə də Allah-taala “Təğabun” surəsinin 16-cı ayəsində belə buyurmuşdur: “Allahdan bacardığınız qədər qorxun”. Bu ayədə, əslində, “Ali-İmran” surəsinin 102-ci ayəsində qeyd edilən həqiqi təqva dərəcələrinə nail olmanın yolu göstərilmişdir. İmam Əli (ə) bir hədisində belə buyurmuşdur: “And olsun Allaha, bu ayəyə (kamil şəkildə) yalnız Peyğəmbərin əhli-beyti (əleyhimussalam) əməl etmişdir. Allah hər zaman xatirimizdədir, Onu unutmuruq. Biz Allaha şükür edirik, əsla naşükürlük etmirik. Biz Allaha itaət edirik, əsla itaətindən çıxmırıq.” Sonra İmam (ə) buyurmuşdur: “Bu ayə nazil olandan sonra səhabələr Peyğəmbərə (s) dedilər: “Bizim həqiqi təqvaya gücümüz çatmaz.” Sonra Allah bu ayəni nazil etdi: “Allahdan bacardığınız qədər qorxun”.[55]
  2. Allahın ipi: Quran və məsumların hədislərinə əsasən “Allahın ipi” deyilərkən Allahla əlaqəni ifadə edən istənilən vasitə nəzərdə tutulur. Hədislərdə bu ifadənin Quran və Əhli-beyt (ə) kimi şərh edilməsinin səbəbi Quran və Əhli-beytin (ə) insanlarla Allah arasında ən mühüm əlaqə vasitəsi olması ilə bağlıdır. “Allahın ipi” ifadəsi ilə, əslində, insanların adi şəraitdə, tərbiyəçi və yönləndirici olmadan təbiət quyusunda, cəhalət, nadanlıq və üsyankar instinktlər bataqlığında qalacağı, bu quyudan xilas olmaq üçün möhkəm bir ipdən yapışmaq zərurətinə işarə edilmişdir. Bu möhkəm ip insanları aşağı səviyyədən yüksəklərə qaldıran, mənəvi və maddi təkamül səmasına ucaldan Quran, Peyğəmbər (s) və onun həqiqi canişinləri vasitəsilə reallaşan Allah və insan münasibətlərini ifadə edir[56].
  3. Cahil ərəblərin acınacaqlı vəziyyətinə işarə: Allah-taala “siz oddan olan bir quyunun kənarında ikən” cümləsi ilə cahil ərəblərin acınacaqlı, təəssüf doğuran vəziyyətinə işarə etmişdir. Tarixçilər ərəblərin İslamdan əvvəlki vəziyyəti ilə bağlı ətraflı məlumatlar vermişlər. İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam ümmətinin vəziyyəti ilə bağlı daha geniş məlumata malik olan bir şəxsdir. O, cahil ərəblərin vəziyyətini lakonik şəkildə belə ifadə etmişdir: “Allah Muhəmmədi (s) insanları qorxutmaq və göndərdiyi vəhyin əmanətçisi etmək üçün göndərdi. Siz ərəb xalqı ondan əvvəl ən pis dinə tapınırdınız, ən pis evlərdə yaşayırdınız, daşlıq və hamar olmayan ərazilərdə yaşayır, zəhərli ilanlarla eyni evi paylaşırdınız, çirkli su içir, xoşagəlməz yeməklər yeyir, bir-birinizin qanını tökür, qohum-əqrəbanızla əlaqələrinizi kəsir, aranızda bütlər dayanır, günah içində batırdınız.”[57]
  4. (Allah nə üçün zülm etsin axı?) Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər Allaha qaytarılır. (Onun fərmanına tabedir)!
  5. Siz insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (belə bir parlaq proqrama və dinə) iman gətirsə, onlar üçün yaxşı olar. Onların (yalnız) az hissəsi imanlıdır, çox hissəsi fasiqdir (Allahın itaətindən çıxanlardır).
  6. Onlar (kitab əhli, xüsusilə yəhudilər) sizə cüzi ziyandan (rahatlığınızı pozmaqdan) başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra onlara kömək edən də olmaz.
  7. Harada olurlarsa olsunlar, onlara zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahla (öz yaramaz davranışlarını tərk etməklə) və insanlarla əlaqə və münasibət yaratmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar günah etmiş və həddi aşmışlar (başqalarının hüquqlarını pozmuşlar).
  8. Onların hamısı eyni deyil. Kitab əhli içərisində (haqq və iman üzrə) sabitqədəm olan, gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyan bir qrup vardır.
  9. Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisalehlərdəndirlər.
  10. Onların etdiyi yaxşı işlərin heç biri nəticəsiz qalmaz (layiqli mükafatlarını alarlar). Allah təqvalılardan xəbərdardır!

——————————————————————————————

  1. İnsanın bütün ixtiyar və azadlığının alınacağı gün: Təfsirçilər bu ayənin “bütün işlər Allaha qaytarılır” cümləsini təfsir edərkən bildirirlər ki, insanların bütün işləri və səlahiyyətləri onlardan alınıb Allaha qaytarılacaq. Belə ki, “Ğafir” surəsinin 16-cı ayəsində belə buyurulmuşdur: “(Qiyamət günü deyiləcək:) “Bu gün hökm kimindir?” (Allah Özü cavab verəcək:) “Bir olan, qalib olan Allahındır!”[58]
  2. Ən yaxşı ümmət: Bu ayədə xitab obyekti bütün müsəlmanlardır. Onlar ən yaxşı ümmət kimi təqdim olunurlar. Aydındır ki, müsəlmanların digər ümmətlərdən üstün olmasının səbəbi yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək və Allaha həqiqi inamdır. Müsəlmanlar yaxşı əməllər görməyi əmr etməyi, günahla mübarizəni unutmadıqca üstün ümmət sayılırlar. Nə vaxtsa bu vəzifəni unutsalar, artıq ən yaxşı ümmət olmayacaqlar. Belə bir sual yarana bilər ki, nə üçün bu surənin 104-cü ayəsində yaxşı əməl etməyi əmr etmək və pis əməlləri qadağan etmək xüsusi bir qrupun vəzifəsi hesab edilmişdir? Qeyd etməliyik ki, 110-cu ayədə sözügedən vəzifənin qəlb və dillə məhdudlaşan fərdi mərhələsinə işarə edilmişdir. Bütün müsəlmanlar bu mərhələdə yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etməklə vəzifələndirilmişlər. Məcburiyyət və qanunilik tələb edən əmr və qadağaların qanuni icrası İslam hökumətinin və şəriət hakiminin vəzifələrindəndir. Şəriət hakiminin icazəsi olmadan heç kəsin yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək səlahiyyəti yoxdur. Hər halda, yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək cəmiyyətin sağlamlıq və xoşbəxtliyinə zəmanət verən çox mühüm bir dini vəzifədir. İmam Baqir (ə) bu mövzunun əhəmiyyətinə işarə edərək belə buyurmuşdur: “Yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək Allahın vacib buyurduğu böyük əməldir. Qalan vacib əməllər onun vasitəsilə reallaşır. Onun vasitəsilə yollar təhlükəsiz, insanların qazancı, iş və fəaliyyəti halal olur, insanların hüquqları təmin olunur. Onun sayəsində torpaqlar abadlaşır, düşmənlərdən intiqam alınır, bütün işlər tənzimlənir.” İmam Əli (ə) bu dini vəzifənin əhəmiyyətini belə ifadə etmişdir: “Bütün yaxşı əməllər və Allah yolunda cihad yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək vəzifəsi ilə müqayisədə böyük və dalğalı bir dənizə damcı damızdırmaqdır.” Bilməliyik ki, yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək Allahın insana bəxş etdiyi ixtiyar və azadlıqla təzad təşkil etmir, əksinə insanların xoşbəxtliyini onların azadlığı ilə birlikdə təmin edir. Allah rəsulu (ə) bu nüansı çox gözəl şəkildə ifadə etmişdir: “İnsanlar arasında günahkar bir qrup insanla birlikdə gəmiyə minən, dənizin ortasında əlinə balta götürüb öz oturduğu yeri dələn, etiraz edən olarsa: “Mən öz payıma düşən hissədə istədiyimi edərəm”, – deyə cavab verən adama bənzəyir. Əgər gəmidə olan digər insanlar onu bu işindən çəkindirməzlərsə, çox çəkməz su gəmiyə dolar və hamı brlikdə dənizdə batar.” Peyğəmbər (s) bu maraqlı misalı ilə yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək vəzifəsinin məntiqi təsvirini vermiş və fərdin cəmiyyətə nəzarət haqqını talelərin qovuşmasından qaynaqlanan təbii bir haqq hesab etmişdir[59].
  3. Kafirlər mallarına və övladlarına sığınaraq Allahın cəzasından xilas ola bilməzlər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
  4. Onların bu dünyada xərclədikləri özünə zülm edən bir qövmün əkinlərini (münasib yerdə və vaxtda əkmədikləri üçün) məhv edən yandırıcı bir küləyə bənzəyir. Allah onlara zülm etməyib, onlar özləri-özlərinə zülm edirlər.
  5. Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş etməyin. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşməyinizi istəyərlər. Onların ədavət və düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olar. Qəlblərində gizlətdikləri isə daha böyükdür. Əgər fikirləşsəniz, (onların pisilklərinin qarşısını almaq üçün yollar və) əlamətləri artıq sizə izah etdik.
  6. Siz onları sevirsiniz, onlar isə sizi sevməzlər. Siz səmavi kitabların hamısına inanırsınız (amma onlar sizin kitaba inanmırlar). Onlar sizinlə görüşdükləri zaman (yalandan): “Biz də inandıq”, – deyir, xəlvətdə olduqda isə sizə qarşı olan qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün! Allah qəlblərdə olanları biləndir.”
  7. Sizin xeyir və mənfəətiniz olanda onlar qəmgin olur, sizə bir zərər toxunanda isə sevinirlər. Əgər səbir edib təqvalı olsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Allah onların nə etdiklərini biləndir.
  8. Sən möminlər üçün (əlverişli) döyüş düşərgəsi seçmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı (yadına sal)! Allah eşidəndir, biləndir! (Döyüş planları ilə bağlı aparılan bütün danışıqları eşidir, bəzilərinin bu barədə nə düşündüklərini bilirdi).

——————————————————————————————

  1. Müsəlmanlar öz sirlərini kafirlərin yanında açmasınlar: Bir qrup müsəlman qohumluq, qonşuluq, süd qohumluğu və ya İslamdan öncəki müqavilələr səbəbilə yəhudilərlə dostluq edirdi. Onlarla o qədər səmimi idilər ki, müsəlmanların sirlərini onlarla bölüşürdülər. Zahirdə özlərini müsəlmanların dostu kimi aparıb, amma İslam və müsəlmanların qatı düşməni olan yəhudilər bu vasitə ilə müsəlmanların sirlərindən xəbər tuturdular. Buna görə də sözügedən ayə nazil oldu və müsəlmanlara öz sirlərini onlarla eyni dində olmayanlarla bölüşməmək xəbərdarlığı verildi. Çünki onlar müsəlmanlara zərər vurmaq üçün əllərindən gələni əsirgəmir və hər zaman onlar üçün çətinliklər yaratmağa çalışırlar[60].
  2. Müsəlmanlarla müşriklər arasında baş verən ikinci müharibə: Bu və sonrakı bir neçə ayədə Ühüd döyüşündən bəhs edilir. Bədr döyüşündə sayca az olan müsəlman qoşunu qarşısında məğlub olan Məkkə müşrikləri intiqam almaq qərarına gəlirlər. Hicrətin üçüncü ilində üç minlik süvari və iki minlik piyada dəstələrindən ibarət olan böyük bir qoşunla Peyğəmbəri (s) və müsəlmanları məhv etmək məqsədilə Mədinəyə tərəf yola düşürlər. Peyğəmbər (s) bu xəbəri eşitdikdən sonra müsəlmanları toplayıb döyüş meydanının seçilməsi ilə bağlı müzakirələr aparır. Bəziləri şəhərdə qalmağı və şəhərin dar küçələrində döyüşməyi təklif edirlər. Çünki qeyd olunan vəziyyətdə qocalar və qadınlar da döyüşdə iştirak edə bilərdilər. Bəziləri isə şəhərdən kənarda döyüşməyi təklif edirlər. Sonda döyüşün şəhərdən kənarda aparılması qərarına gəlirlər. Bu ayədə həmin vaxt Peyğəmbərin (s) əlverişli döyüş düşərgəsi seçmək üçün bir neçə nəfərlə birlikdə şəhərdən çıxmasına işarə edilmişdir. Hər halda, Peyğəmbər (s) sözügedən müharibəyə min nəfərlə yollanır. Abdullah ibn Übeyyin başçılıq etdiyi üç yüz nəfərlik dəstə Mədinədən kənarda döyüşməyin əleyhinə olduğunu bəhanə gətirib döyüşdən imtina edir. Nəticədə, yeddi yüz nəfərlik müsəlman qoşunu müşriklərin beş minlik qoşunu ilə qarşılaşmalı olur. Qoşunların qarşı-qarşıya gəldikləri meydan Ühüd dağının yaxınlığında olduğu üçün Abdullah ibn Cübeyrə əlli nəfər mahir oxçu ilə dağın giriş hissəsində mövqe seçməyi, nəyin bahasına olursa-olsun, yerlərindən tərpənməməyi, qoşunu arxa tərəfdən qorumağı göstəriş verir. Birinci hücumda müsəlmanlar müşriklər üzərində qələbə çalmağı bacarırlar. Bunu görən oxçuların çoxu qənimət tamahı ilə mövqelərini tərk edir. Bu zaman Xalid ibn Vəlidin başçılığı ilə pusquda durmuş dəstə dağın digər tərəfindən fırlanıb İslam ordusuna arxadan hücum edir. Bu döyüşdə müsəlmanlar məğlub oldular, müşriklər isə qələbə qazandılar. Müsəlmanların çoxu qaçdı, Əlinin (ə) başçılıq etdyi az bir dəstə Peyğəmbəri (s) qorudu. Sonda bir dəstənin Peyğəmbərin (s) əmrindən çıxması müsəlmanların məğlubiyyətinə səbəb oldu. Müsəlman qoşunu yetmiş nəfər itki və çoxlu sayda yaralı ilə Mədinəyə geri döndü[61].
  3. Aranızdan iki dəstənin zəiflik göstərmək (və geri çəkilmək) qərarına gəldiyi, Allahın isə onlara (fikirlərindən daşınmaqda) yardım göstərdiyi vaxtı xatırla. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər!
  4. Zəif olduğunuz halda, Bədrdə Allah sizə yardım göstərdi (sizi təhlükəli düşmən üzərində qalib etdi). Nemətinə şükür etmək üçün Allahdan qorxun! (Düşmən qarşısında Allah rəsulunun əmrindən çıxmayın.)
  5. Həmin vaxt sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”
  6. Bəli, əgər (bu gün də) dözümlülük göstərib təqvalı olsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan və əlaməti olan mələklə sizə yardım edər.
  7. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır.
  8. (Allahın sizə verdiyi bu vəd) kafirlər ordusunun bir hissəsini məhv etmək (döyüş meydanında kəsib-doğramaq) və ya məyus və naümid qayıtsınlar deyə xar etmək üçündür.
  9. Sənin (kafirləri və döyüşdən qaçan möminləri əfv etmək) səlahiyyətin yoxdur. Onlar zalım olduqları üçün onları yalnız Allah bağışlaya və ya cəzalandıra bilər.
  10. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah bağışlayandır, rəhm edəndir!
  11. Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, nicat tapasınız!
  12. Kafirlər üçün hazırlanmış oddan çəkinin!
  13. Allaha və peyğəmbərə itaət edin ki, bağışlanmış olasınız!

——————————————————————————————

  1. Zəiflik göstərən iki tayfa: Tarixi mənbələrin yazdığına görə bu ayədə Ovs qəbiləsindən olan Bən-Sələmə, Xəzrəc qəbiləsindən olan Bəni-Harisə tayfalarına işarə edilmişdir. Onlar döyüşü şəhərin daxilində keçirilməsini təklif etmiş, Peyğəmbər (s) isə bu təkliflə razılaşmamışdı. Bundan əlavə, daha öncə də qeyd etdiyimiz kimi, Abdullah ibn Übeyy İslam qoşunlarına qoşulmuş üç yüz nəfər yəhudi ilə Mədinəyə qayıtmışdı. Bu iki məsələ iki müsəlman tayfasının döyüşmək fikrindən yayınmasına səbəb olmuşdu. Amma ayədən göründüyü kimi, onlar tezliklə öz qərarlarından daşınmış, müsəlmanlarla olan əməkdaşlıqlarını davam etdrmişlər[62].
  2. Mələklərin yardımı: Bədr döyüşündə kafirlərlə müqayisədə müsəlmanların sayı az idi. Tarixi mənbələrin yazdığına görə müsəlmanların sayı 313 nəfər olmuşdur. Müsəlman döyüşçülərin atları və qılıncları da sayca az olmuşdur. Halbuki düşmən qoşunu silah-sursatla tam təchiz edilmiş min nəfər döyüşçüdən ibarət olmuşdur. Allah müsəlmanlara bir neçə vasitə ilə yardım göstərmişdir: düşmənlərin qəlbində qorxu və həyəcan yaratmaq, ikinci, möminlərin qəlblərini gücləndirməklə və sair. Allahın Bədr döyüşündə müsəlmanlara etdiyi qəribə köməklərdən biri də mələkləri göndərmək olmuşdur[63]. Quran ayələrindən belə başa düşülür ki, mələklərin əsas vəzifəsi müsəlmanlarda döyüş ryhiyyəsini yüksəltmək, onların əzmkarlığını artırmaq olmuşdur[64].
  3. Sələmin tədricən qadağan edilməsi: Quranın sosial sapmalarla mübarzə zamanı tətbiq etdiyi metodda insanlara öncə yanlış əməl və davranışın zərər və ziyanları göstərilir, bundan sonra həmin əməl qadağan edilir. Bu metoddan cəmiyyətdə günah və çirkinlik daha çox yayıldığı zaman istifadə edilir. Sələm Cahiliyyət dövrünün ərəbləri arasında geniş vüsət almış və bir çox bədbəxtliklərin mənbəyi olan ictimai günahlardan idi. Buna görə də sələmin kökünü kəsmək üçün Quranda bu əməl dörd mərhələ üzrə qadağan edilmişdir: 1-ci mərhələ: “Rum” surəsinin 39-cu ayəsində sələmlə bağlı tövsiyə xarakterli bir göstəriş yer almışdır: “Xalqın mal-dövləti hesabına artması üçün sələmə verdiyiniz malın Allah yanında heç bir artımı olmaz. Allahın razılığını qazanmaq üçün verdiyiniz sədəqə (zəkat) isə belə deyil. Bunu edənlər qat-qat artıq mükafat əldə edərlər!” 2-ci mərhələ: “Nisa” surəsinin 161-ci ayəsində yəhudilərin yanlış adət-ənənələri tənqid edilərkən onların çirkin sələm adətlərinə də işarə edilir: “Qadağan etməyimizə baxmayaraq, onların davam etdrdikləri pis adətlərindən biri sələm yemək idi.” 3-cü mərhələ: “Bəqərə” surəsinin 275-279-cu ayələrində sələmin istənilən forması qadağan edilmiş, Allah və Peyğəmbərə (s) qarşı müharibə aparmaq kimi dəyərləndirilmişdir. 4-cü mərhələ: “Ali-İmran” surəsinin bu ayəsində sələmin haramlığı açıq şəkildə elan edilmiş, onun təkcə şiddətli və aşkar növündən söhbət açılmışdır. Aşkar sələm deyilərkən sərmayənin sələm istiqamətli proqressiv (irəliyə hərəkət) artımı nəzərdə tutulur. Yəni birinci mərhələdə mənfəət sərmayəyə əlavə edilir və ümumilikdə sələm predmetinə çevrilir. Bu minvalla mənfəət hər mərhələdə sərmayəyə əlavə edilib yeni sərmayə təşkil edir. Nəticədə, qısa müddət ərzində toplanan faiz ümumilikdə borclunun borcunun bir neçə dəfəyə qədər artmasına və onun tamamilə müflis olmasına səbəb olur. Tarixi mənbələr və hədislərdən bizə çatan məlumatlardan belə məlum olur ki, Cahiliyyət dövründə əgər borclu olan şəxs müddət tamamlandıqdan sonra borcunu ödəyə bilməsəydi, borc sahibindən sərmayəni və onun fazini birlikdə yeni sərmayə formasında ona borc verməyi və həmin yeni formanın faizini almasını təklif edirmiş. Müasir dünyamızda da bu qəddar sələm forması geniş yayılmışdır[65]. Peyğəmbər (s) buyurmuşdur: “Allah sələm yeyən adamın qarnına yediyi sələm qədər Cəhənnəm odu doldurar. Əgər sələmlə sərvət əldə etsə, Allah onun heç bir əməlini qəbul etməz, faizin son damlası onda qalana qədər o, Allah və mələklərinin davamlı lənəti içində olar.”[66]
  4. Rəbbinizin bağışlamasına və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin –
  5. (ey) imkanlı vaxtalarında da, yoxsu vaxtlarında da Allah yolunda xərcləyən, qəzəblərini udan, insanların günahlarından keçən şəxslər! Allah yaxşılıq edənləri sevər.
  6. (Ey) günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyən, bilərəkdən günah etməkdə israrlı olmayan şəxslər! (Günahları Allahdan başqa kim bağışlaya bilər ki?)
  7. Onların mükafatı öz Rəbləri tərəfindən bağışlanmaq və ağacları altından çaylar axan Cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
  8. Sizdən əvvəl ənənələr olmuşdur. (Hər bir xalqın taleyi onun gördüyü işlərə və adət-ənənələrinə uyğun olmuşdur. Siz də onlar kimisiniz.) İndi yer üzünü gəzin və (Allahın ayələrini) təkzib edənlərin aqibətinin necə olduğunu görün!
  9. Bu, bütün insanlar üçün bir izah, müttəqilər üçün isə hidayət (doğru yolu göstərən) və nəsihətdir.
  10. Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!
  11. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) eyni cür yara aldı. Biz bu günləri (qələbə və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şahidlər seçsin. Allah zülmkarları sevməz!

———————————————————————————–

  1. Cənnət və Cəhənnəm indi də mövcuddurmu? Bu ayəni oxuduqda ortaya belə bir sual çıxa bilər: Cənnət və Cəhənnəm yaradılmış və hal-hazırda mövcuddur, yoxsa sonradan, insanların əməlləri nətcəsində meydana gələcək? Digər tərəfdən, ayədə “Cənnətin genişliyi yer və göylər qədərdir”, – deyə buyurulur. O zaman Cənnət haradadır? Əksər İslam alimləri ayələrə və hədislərə əsaslanaraq Cənnət və Cəhənnəmin hal-hazırda mövcud olduğu, bu dünyanın daxilində və bətnində olduğu qənaətindədirlər. Biz səmanı, yeri və müxtəlif planetləri görürük, amma bu dünyanın batinində olan aləmləri görmürük. Əgər fərqli gözə və dərkə malik olsaydıq, onu görə bilərdik. Məsələn, bir çox dalğalar beş hiss üzvü ilə dərk edilə bilməsə də, xüsusi cihazlar vastəsilə tutula bilir. Bəziləri bu sualı cavablandırarkən bildirirlər ki, axirət aləmi, Cənnət və Cəhənnəm bu aləmi əhatə edir və bu aləm onun bətnindədir. Bu, körpənin öz anasının bətnində onu əhatə edən kainatdan xəbərsiz olmasına bənzəyir. Biz də bizi əhatə edən aləmdən xəbərsizik. İnsan müqayisə etmək üçün bu yer və göydən daha böyük və daha geniş varlıq tanımadığı üçün Quran Cənnətin əzəmət və genişliyini göy və yerin genişliyinə bənzətmişdir. Belə ki, əgər ana bətnində olan uşaqla söhbət etmək istəsək, onunla elə təmas yaratmalıyıq ki, onun üçün başa düşülən olsun[67]. Hər halda, Cənnət o qədər böyükdür ki, İmam Sadiq (ə) buyurmuşdur: “Cənnətin xoş ətri min illik məsafədən hiss olunar. Əgər insanlar və cinlər Cənnətin ən aşağı dərəcəsinin sakininin evində qonaq olsalar və o, onlara dadlı və ləziz yemək və içməklərdən versə, nemətlərindən azalmaz və əskilməz.[68] Deməli, dünyanın bütün sakinləri bir Cənnət sakininin evinə yerləşir. Yəni bütün Cənnət əhli üçün olan Cənnət deyil, təkcə bir Cənnət sakininin evi kainat qədər böyükdür. Bəs ağıllı insan bu əzəmətlikdə dünyanı kiçik dünyaya necə dəyişə bilər?[69]
  2. Şeytanın hiyləsinin puça çıxması: İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə nazil olub tövbə edən günahkarlara bağışlama müjdəsi verildikdə İblis çox narahat oldu və bütün silahdaşlarını səsləyib toplantı təşkil etməyə çağırdı. Silahdaşları ondan bu toplantının səbəbini soruşdular. O, bu ayəyə görə narahat olduğunu dilə gətirdi. Onun silahdaşlarından biri dedi: “Mən insanları filan-filan günaha dəvət etməklə bu ayənin təsirini aradan qaldıra bilərəm.” İblis onun təklifini qəbul etmədi. Başqası da oxşar təklif irəli sürdü. İblis onu da qəbul etmədi. Bu əsnada Vəsvasi-xənnas adlı qocaman Şeytan dedi: “Mən problemi həll edərəm.” İblis “Necə?”, – deyə soruşduqda o dedi: “Mən Adəm övladlarını vəd və arzularla günaha aludə edərəm. Günaha batdıqdan sonra Allahı xatırlamağı və Ona dönüşü onların yadlarından çıxararam.” İblis dedi: “Çıxış yolu elə budur.” Sonra dünyanın sonuna qədər bu vəzifəni ona tapşırdı.”[70]
  3. Günahda israrlı olmaq bağışlanma istəyi ilə təzad təşkil edir: Ayənin “günahda israrlı olmayan şəxslər” ifadəsi günahda israrlı olmağın Allahdan bağışlanma istəyi ilə təzad təşkil etdiyini açıq şəkildə göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Günahda israrlı olduğu halda, tövbə edən şəxs oyunbazdır.”[71] İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “İsrarla davam etdirilən kiçik günah artıq kiçik sayılmaz, tövbə və bağışlanma ilə tərk edilən günah böyük sayılmaz.”[72]
  4. (Bu, həm də) Allahın iman gətirənləri təmizləməsi və kafirləri tədricən məhv etməsi üçündür.
  5. Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?
  6. Siz ölümlə qarşı-qarşıya gəlməzdən əvvəl ölüm (Allah yolunda şəhid olmağı) arzulayırdınız. Sonra onu gördünüz və durub baxdınız. (Onu qəbul etməyə hazır deyildiniz. Danışığınızla əməliniz arasında çox fasilə var).
  7. Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər olmuşdur. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (İslamdan çıxıb Cahiliyyətə və küfr dövrünə qayıdacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Tezliklə Allah şükür edənlərə mükafat verəcək.
  8. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. Bu, təyin edilmiş bir taledir. (Buna görə də Peyğəmbərin (s) və ya başqalarının ölümü ilahi qanundur.) Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcəyik. Şükür edənləri də tezliklə mükafatlandıracağıq!
  9. Çoxlu sayda Allahpərəst insanın birlikdə döyüşdüyü neçə-neçə peyğəmbər olmuşdur. Onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbir edənləri sevər!
  10. Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm və kafirlər üzərində qalib et!” – deməkdən başqa sözləri olmamışdır.
  11. Buna görə də Allah həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini onlara verdi. Allah yaxşı iş görənləri sevər!

——————————————————————————————

  1. Həyatın çətinlikləri mömini xalisləşdirir: “Yuməhhisu” sözü mənası bir şeyi qatqılardan təmizləmək, xalisləşdirmək olan “təmhis” sözündən düzəlmişdir. Allah-taala bu ayədə bəzən insanın xeyrinə, bəzən isə ziyanına olan çətinliklərin nəticələrindən birinə işarə edir. O da bundan ibarətdir ki, insanı qatqılardan və çirkinliklərdən təmizləyir[73]. Bir çox hədis və rəvayətlərdə həyat çətinliklərinin möminin günah və çirkinliklərdən təmizlənməsinə səbəb olduğu qeyd edlmişdir. İmam Əli (ə) buyurmuşdur: “Şiələrimizdən olan heç bir bəndə bizim qadağan etdiyimiz bir işi görməz. Əgər görsə, günahlardan təmizlənməsi üçün ölməzdən əvvəl bir bəlaya düçar olar.” Sonra İmam (ə) insanın can, mal və sair cəhətdən qarşılaşdığı bəzi çətinlikləri sadalayaraq buyurmuşdur: “Bu çətinliklər Allahla görüşərkən insanın günahsız olması üçündür. Ola bilər ki, dünyadan köçərkən hansısa bir möminin günahı olsun. Belə olan halda onun can verməsi çətinləşər.”[74]
  2. İlahi sınaqlardan uğurla keçmənin mükafatı: Quranın bu və digər ayələrində İslamın təkcə dildə qəbul edilməsinin yetərsizliyinə işarə edilmişdir. Cənnətə getmək və əbədi xoşbəxtliyə nail olmaq üçün müsəlmanların sınanması, düz danışan mücahidlərin yalan danışan münafiqlərdən seçilməsi lazımdır[75]. Nəzərə almaq lazımdır ki, ilahi sınaqlar tərbiyəvi səciyyə daşıyır. Odun təzyiqi altında xalisləşməsi üçün qızılın qəliblərə tökülməsini, daha da gücləndirmək üçün əsgərlərin ağır işlərə cəlb edilməsi, iradə və dözüm tələb edən məşqlərə məcbur edilməsini buna misal göstərə bilərik. İlahi sınaqlar da belədir, insanı daha dözümlü, ayıq və xalis edir. Bir sözlə, ilahi sınaqlar insanın ruh və cisminin tərbiyə və təkamül vasitəsidir[76]. Müxtəlif sınaqlar fərdlərin daxili dünyasını və həqiqi mahiyyətini müəyyənləşdirməyə xidmət edir. Allah-taala bir bəndə vasitəsilə minlərlə bəndəni sınaqdan keçirə bilər. Məsələn, bir nəfərin varlanması ilə həyat yoldaşı, övladlar, qohumlar, dostlar, düşmənlər, qonşular və yoxsullar sınağa çəkilirlər. Sərvət verilən adam özü də sınağa çəkilir ki, görəsən bu sərvətin şükürünü yerinə yetirib Allah yolunda xərcləyəcəkmi?[77]
  3. Şəxsiyyətpərəstlik qadağandır: Döyüş meydanlarında yalanların təbliği və yayılması ruhiyyələrin zəifləməsinə təsir göstərən amillərdəndir. Düşmənlər “Ühüd” döyüşündə bu vasitədən istifadə etmişdilər. Müharibənin qızğın yerində qəfildən “Mühəmmədi öldürdüm…” səsi eşidildi. Müsəlmanların çox hissəsi əl-ayağa düşdü və tələsik döyüş meydanını tərk etdi. Amma Əli (ə), Əbu Dəcanə, Təlhə və sairdən ibarət olan fədakar və əzmkar azlıq, qalanlarını müqavimət göstərməyə çağırdılar. Bu ayədə həmin hadisəyə işarə edilir və döyüşü tərk edən dəstə ciddi şəkildə məzəmmət edilir. Şəxsiyyətpərəstlik məqsədyönlü mübarizələri təhdid edən ən böyük təhlükələrdəndir. Hətta sonuncu peyğəmbər olsa belə, müəyyən bir şəxsə bağlı olmaq həmin şəxsin itirilməsi ilə inkişafa hədəflənmiş səy və fəaliyyətlərin sona çatması deməkdir. Bu asılılıq sosial inkişafın olmamasının açıq əlamətlərindəndir[78].
  4. Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geri döndərər və siz də ziyana düşərsiniz.
  5. Xeyr, sizin himayəçiniz Allahdır. O, yardım edənlərin ən yaxşısıdır.
  6. Heç bir dəlil və sübut olmadan Allaha şərik qoşduqlarına görə tezliklə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülmkarların yeri necə də pisdir.
  7. Allah (Ühüd müharibəsində) Öz vədinə sadiq çıxdı. Siz Onun əmri ilə düşmənləri qətlə yetirdiniz. (Bu qələbə) siz zəiflik göstərənə, (mövqelərinizi tərk etmək üstündə) bir-birinizlə mübahisə edənə və istədiyinizi sizə göstərəndən sonra əmrdən boyun qaçırdığınız vaxta qədər (davam etdi). İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Sonra Allah sizi onları təqib etmək fikrindən daşındırdı. (Qələbənizi məğlubiyyətlə nəticələndirdi ki,) sizi sınaqdan keçirsin. O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!
  8. Dağa qalxdığınız və Peyğəmbərin sizi arxadan çağırmasına baxmayaraq, (qorxudan) geridə qalanlara baxmadığınız vaxtı xatırlayın. Əlinizdən çıxan şeylərə (qənimətlərə) və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz deyə Allah qəminizin üstünə qəm gətirməklə sizi cəzalandırdı. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!

——————————————————————————————

  1. Kafirlərə itaət küfr dolu keçmişə qayıdışdır: Bu və sonrakı bir neçə ayədən məlum olur ki, Ühüd döyüşündən sonra möminlərlə qarşılaşdıqda bəzi kafirlər özlərini xeyirxah kimi göstərərək müsəlmanlara Qüreyş kafirləri ilə müharibə aparmağın bir səhv olduğunu, ümumiyyətlə, müsəlmanların kafirlərlə bacara bilməyəcəklərini deyir, gələcəkdə qarşı-qarşıya gəlməməyi məsləhət görürdülər. Xülasə, onlara təfriqə yaradacaq sözlər danışırdılar. “Ali-İmran” surəsinin 173-175-ci ayələrində bu mövzuya işarə edilmişdir. Sözügedən ayələrdə möminlərin Şeytan və şeytansifətlər tərəfindən qorxudulmasından, onların möminləri döyüşlərdən yayındırma cəhdlərindən söhbət açılır. Allah-taala bu ayədə möminləri xəbərdar edir ki, əgər kafirlərin təsirinə düşsələr, geri qalacaq, yenidən küfr və şirkə dönəcəklər[79].
  2. Ühüd döyüşündən sonra kafirlərin qorxuya düşməsi: Təfsirçilər yazırlar ki, Ühüd döyüşündən sonra Məkkəyə geri qayıdarkən Əbu Süfyan müşriklərə deyir: “Sağ qalan müsəlmanları öldürməməkdə pis etdik. Gəlin, qayıdaq, Mədinəyə hücum edək və onları da qətlə yetirək.” Bu qərara gələr-gəlməz Allah onların qəlbinə dəhşətli bir qorxu saldı. Öz-özlərinə dedilər: “Mühəmməd Ühüddə ölənlərin intiqamını almaq fikrinə düşər, qoşun hazırlayıb bizi məğlub edər.” Buna görə də fikirlərindən daşındılar[80]. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Allahın mənə bəxş etdyi imtiyazlardan biri budur ki, düşmənin qəlbinə qorxu salmaqla məni onlara qalib edir.” Bu məsələ müharibələrdə qələbənin ən mühüm amillərindən hesab edilir. Bu gün də bu mövzu öz aktuallığını qoruyub saxlayır. Belə ki, əsgərlərin ruh yüksəkliyi qələbəyə onların say və təchizatlarından daha çox təsir göstərir. İslam cihada olan iman və sevgi ruhunu gücləndirməklə, şəhidliyi fəxr saymaqla və qüdrətli Allaha təvəkkülü tövsiyə etməklə öz mücahdlərinə bu ruhiyyəni ən yüksək səviyyədə aşılayır. Halbuki güvənc yerləri iradəsiz və cansız bütlər olan bütpərəstlər ölümdən sonrakı həyata inanmırdılar, xurafat onların fikirlərini bulaşdırmışdı, ruhiyyələri çox zəif idi. Müsəlmanların onların üzərində qələbə çalmasına səbəb olan amillərdən biri məhz bu ruhiyyə fərqi idi[81].
  3. Peyğəmbərin (s) göstərişlərinə əməl etməmək məğlubiyyətə səbəb olur: Tarixi mənbələrin yazdığına görə müsəlmanlar sübh tezdən dağın ətəyinə çatırlar. Peyğəmbər (s) Abdullah ibn Cübeyrə əlli mahir oxçu ilə birlikdə dağ keçidində durmağı göstəriş verir. Onlara israrla, hər nə olursa olsun, yerlərindən tərpənməməyi, müsəlmanları arxa tərəfdən qorumağı tapşırır. Onlara göstəriş verərkən deyir: “Əgər biz düşməni Məkkəyə qədər, onlarsa bizi Mədinəyə qədər təqib etsələr belə, siz yerinizdən tərpənməyin, mövqelərinizi tərk etməyin.” Lakin İslam ordusunun düşməni geri oturtduğunu görən oxçuların bir qismi qənimət tamahı ilə öz mövqelərini tərk edir və Abdullah ibn Cübeyrə qulaq asmır. Bu zaman iki yüz nəfər sayseçmə əsgərlə pusquda durmuş Xalid ibn Vəlid dağı dövrə vurub dağ keçidindən keçərək, İslam ordusuna arxadan hücum edir. Abdullah ibn Cübeyr və mövqelərini tərk etməmiş əsgərlərin müqaviməti isə heç bir fayda vermir və hamısı şəhid olur. Xalid ibn Vəlidin dəstəsi müsəlmanları qəfil yaxalayır və bu hadisə döyüşün taleyinin dəyişməsinə, müsəlmanların məğlub olub döyüş meydanından qaçmasına səbəb olur. Allah-taala bu ayədə Peyğəmbərin (s) döyüşdən əvvəl verdiyi qələbə müjdəsinin doğru olduğunu, məğlubiyyətə onların özlərinin səbəb olduğunu qeyd edir. Peyğəmbərin (s) göstərişlərinə tabe olduqları müddətdə qələbə onların əlində idi, yalnız o zaman məğlub oldular ki, itaətszlik göstərdilər[82].
  4. Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq göndərdi. Xəfif bir yuxu şəklində gələn bu rahatlıq sizin bir qisminizi sardı. O biri qisminiz isə ancaq öz canlarının hayına qalaraq: “Qələbənin bizə xeyri varmı?” – deyə Allaha qarşı haqsız yerə, Cahiliyyətə xas olan düşüncələrə qapıldılar. De: “Bütün işlər (qələbələr) Allahın əlindədir.” Onlar ürəklərində sənə açıb demədikləri şeyləri gizlədərək: “Əgər bizim qələbədə payımız olsaydı, burada öldürülməzdik”, – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər. Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Allah ürəklərinizdə olanlardan xəbərdardır.”
  5. (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gün qaçanları Şeytan düçar olduqları bəzi günahlar sayəsində yoldan çıxartdı. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir!
  6. Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları haqqında: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, – deyən kafirlər kimi olmayın! (Qoyun) Allah bunu onların qəlbində həsrətə çevirsin[83]. Dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!
  7. Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allahın rəhmi onların (bütün ömürləri boyu) topladıqlarından yaxşıdır.

——————————————————————————————–

  1. Ühüd döyüşündən sonrakı gecə: Ühüd döyüşündən sonrakı gecə iztirablı və ağrılı gecə olmuşdur. Müsəlmanlar Qüreyşin qalib əsgərlərinin yenidən Mədinəyə qayıdacağını və müsəlmanların sonuncu müqavimətini qıracaqlarını proqnozlaşdırırdılar. Bəlkə də bütpərəstlərin qayıtmaq qərarı ilə bağlı xəbər onlara çatmışdı. Əgər qayıtsaydılar, şübhəsiz ki, döyüşün ən təhlükəli mərhələsi baş verəcəkdi. Bu əsnada Ühüddən qaçdıqlarına görə peşiman olan, Allahın lüfkarlığına sığınan, Peyğəmbərin (s) gələcək vədlərinə əmin olan tövbəkar və həqiqi mücahidlər bu qorxu və iztirablara, əyinlərindəki döyüş paltarlarına və silahlarına baxmayaraq, rahat idilər. Münafiqlər, imanı zəif olanlar və qorxaqlar fikir və narahatçılıqdan gecə yata bilməmiş, çarəsizlikdən həqiqi möminlərə keşikçilik etmişdilər. Bu ayədə həmin gecə baş verənlər haqqında məlumat verilmişdir[84].
  2. Bəzi müsəlmanların başında şirkə bulaşmış fikirlər hələ də qalmaqda idi: Təfsirçilər “Allaha qarşı haqsız yerə, Cahiliyyətə xas olan düşüncələrə qapıldılar” cümləsini şərh edərkən qeyd ediblər ki, İslamı təzəcə qəbul etmiş, Quranın təbirncə desək, “öz canlarının hayında olan” bəzi müsəlmanlar İslamdan əvvəl, Cahilyyət və bütpərəstlik dövründə məişət təminatı, həyat və ölüm, sevgi, müharibə, insanlar, göylər, yer və sairənin hər birinin bir rəbbi və idarəedicisi olduğuna, Allahın həmin işlərin tamamilə bunların ixtiyarına verdiyinə, onların öz iradələrində qətiyyətli olduqlarına, istədiklərini etdiklərinə inanırdılar. Bütpərəstlər bu tanrılara öz xoşbəxtliklərinə qovuşmaq, bədbəxtlikləri özlərindən uzaq etmək üçün ibadət edirdilər. Allahı isə bu tanrıların rəbbi, böyük tanrı hesab edirdilər. Tanrıların hər biri öz yaratdıqlarını onların ən böyüyünün ixtiyarına vermiş, onu tam səlahiyyət sahibi etmişdi. Həmin məxluq öz nüfuz darəsində istədiyini edə bilərdi. Bu müşriklər iman gətirdikdən sonra haqq dinin zahirən inkişaf etdiyini, Peyğəmbərin (s) isə öz çağırışlarında məğlub olmayacağı və ya öldürülməyəcəyini, ölməyəcəyini güman edirdilər. İslamı təzəcə qəbul etmiş bu müsəlmanların Allahın bənzəri, bu bənzərlərdən birinin Peyğəmbər (s), Peyğəmbərin (s) rəbb olması, Allahın düşmənlər üzərində qələbə çalmağı və qənimət toplamağı ona həvalə etməsi ilə bağlı düşünmələri də Cahiliyyət dövrünün inanclarından qaynaqlanırdı. Halbuki biz Allahın tək olduğunu, heç bir şərikinin olmadığını, bütün işlərin Onun əlində olduğunu, heç kəsin ixtiyarının öz əlində olmadığını bilirik. Buna görə də növbəti ayədə (De: “Bütün işlər Allahın əlindədir”) qeyd olunan bulaşıq təfəkkür tərzinə cavab verilmişdir[85].
  3. Allah yolunda öldürülmək: Bu ayədə Allah yolunda edilən bütün səfərlərdən bəhs edilir. Allah yolunda cihad və döyüşməyi, dini təhsil almağı, həcc ziyarətini, digər ziyarətləri və sair üçün edilən səfərləri buna misal göstərə bilərik. Belə ki, Allah-taala “Nisa” surəsinin 100-cü ayəsində belə buyurmuşdur: “Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!”[86]
  4. Ölsəniz də, öldürülsəniz də, mütləq, Allahın hüzuruna toplanacaqsınız! (Deməli, sonunuz puçluq və fanilik olmaycağı üçün fanilik qorxunuz olmasın.)
  5. Allahın mərhəməti səbəbilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər!
  6. Əgər Allah sizə yardım etsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizə olan yardımını saxlasa, Ondan sonra sizə kim kömək edə bilər? Möminlər təkcə Allaha təvəkkül etsinlər!
  7. (Peyğəmbərin sizə xəyanət etdiyini düşünürdünüz? Halbuki) heç bir peyğəmbər xəyanət etməz. Əmanətə xəyanət edən şəxs, Qiyamət günü xəyanət etdiyi şeyi özü ilə gətirər. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi tam şəkildə verilər və onlara haqsızlıq edilməz!
  8. Allahın razılığını qazanmaq üçün çalışan şəxs Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. Onun aqibəti çox pisdir!
  9. Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.
  10. Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi). Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
  11. Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?” – dediniz. Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!

————————————————————————————–

  1. Peyğəmbərin (s) gözəl əxlaqı: Bu ayədə Peyğəmbərin (s) gözəl əxlaqından bəhs edilir. Peyğəmbərin (s) malik olduğu əxlaq ağıl və düşüncənin onun həqiqətini dərk edə bilmədiyi möcüzələrindəndir. Həqiqətən də İslamın əsl inkişaf səbəblərindən biri Peyğəmbərin (s) gözəl əxlaqı olmuşdur. Deyilənə görə İslamın inkişafına üç amil səbəb olmuşdur: Xədicənin (ə) malı, Əlinin (ə) qılıncı, Peyğəmbərin (s) əxlaqı. İslam peyğəmbərinə (s) ən yaxın adamlardan olan İmam Əli (ə) onu belə səciyyələndirmişdir: “Onun gözəl əxlaqına və yerli-yerində olan davranışlarına baxmaq həqiqət axtarışında olan düşüncə sahibi üçün yetərli dərəcədə parlaq bir dəlildir. Səbir, dözüm, təbəssüm, təvazökarlıq, səhvə yol verən adamın səhvini görməməzliyə vurmaq, yoxsullara qarşı mehriban olmaq, kasıblara köməklik, çətinliklərə dözmək, bəyənilən səciyyələrin cəmlənməsi, dünyaya qarşı ehtyacsızlıq, dünyadan üz döndərmək, çoxlu-çoxlu ehsan və yaxşılıqlar etmək, cəsur və şücaətli olmaq, günü aclarla keçirmək, acından qarnına daş bağlamaq, başqasının dəvətini qəbul etmək, qullar kimi yemək, insanlar arasında onlardan biri kimi gəzmək, ayaqları şişənə qədər ibadət etmək, saysız-hesabsız, saymaqla bitməyən digər gözəl xüsusiyyətlər ona aid olan davranışlar idi.”[87]
  2. Məşvərət və məsləhət: Təfsirçilər “işlərdə onlarla məsləhətləş” cümləsini təfsir edərkən bildirirlər ki, bu göstəriş ona görə idi ki, Peyğəmbər (s) Ühüd döyüşündən əvvəl düşmənlə necə qarşılaşmaq haqqında öz səhabələri ilə məsləhətləşdi. Əksəriyyətin rəyinə əsasən düşərgənin Ühüd dağının ətəyində qurulması qərarına gəldilər. Bu rəy istənilən nəticəni vermədiyi üçün çoxları hesab etdi ki, Peyğəmbər (s) gələcəkdə kiminlə isə məsləhətləşməməlidir. Quran qeyd olunan təfəkkür tərzinə cavab verir və bəzi məqamlarda ziyanlı olacağına baxmayaraq, yenə də məsləhətləşməyi göstəriş verir. Çünki ümumilikdə məsləhətləşmənin faydaları ziyanlarından çoxdur. Onun fərdi və ictimai inkişafı, fərdin şəxsiyyətinin formalaşmasına göstərdiyi təsir hər şeydən üstündür. Ümumiyyətlə, İslam məsləhətləşməyə xüsusi önəm verir. Baxmayaraq ki, səmavi vəhyə əsaslandığı, güclü təfəkkürə malik olduğu üçün Peyğəmbərin (s) məsləhətləşməyə ehtiyacı yox idi, ancaq həm müsəlmanların diqqətini məsləhətləşmənin əhəmiyyətinə yönəltmək, məsləhətləşmənin onların həyatlarının əsas proqramına çevirmək, həm də onlarda fikir və mühakimə gücünü inkişaf etdirmək üçün müsəlmanların qanunverici deyil, qanunların icrası kontekstinə aid olan ümumi məsələlərində onlarla məsləhətləşirdi. Peyğəmbər (s) fikir və rəy sahibi olanlara xüsusilə dəyər verirdi. Peyğəmbər (s) Ühüd döyüşü ilə bağlı müzakirədə belə buyurmuşdur: “Rəhbərləriniz yaxşılarınız, sərvətliləriniz səxavətliləriniz olsa, işləriniz məsləhət və məşvərətə əsaslansa, yerin üstü sizin üçün yerin altından daha yaxşı olar. Yox, əgər rəhbərləriniz pislər, varlılarnız simiclər olsa, işləriniz məsləhət və məşvərətə əsaslanmasa, yerin altı sizin üçün yerin üstündən daha yaxşı olar.”[88]
  3. Dünya malı müsəlmanların Ühüd müharibəsindəki məğlubiyyətinin səbəbidir: Bəzi təfsirçilər qeyd edirlər ki, bu ayə Ühüd döyüşündə iştirak etmiş döyüşçülərin bəzi əsassız üzrxahlıqlarına cavab vermişdir. Belə ki, Ühüdün bəzi oxçuları həssas mövqelərini qənimət toplamaq niyyəti ilə tərk etmək istədikdə komandirləri onlara yerlərindən tərpənməməyi əmr edir və Allah rəsulunun onları qənimətdən məhrum etməyəcəyini deyir. Lakin bu dünyapərəstlər öz həqiqi simalarını gizlətmək üçün “biz qorxuruq ki, qənimətlərin bölgüsü zamanı bizi diqqətdən kənarda qoysun. Buna görə də özümüzə qənimət çırpışdırmalıyıq”, – deyə cavab verirlər və öz mövqelərini tərk edib qənimət toplamağa başlayırlar. Nəticədə, acı hadisələr baş verir[89].
  4. İki dəstənin (müsəlman və kafirlərin) qarşılaşdığı gündə (Ühüd günü) başınıza gələn, Allahın əmrilə (ilahi ənənəyə uyğun olaraq) baş verdi. Bu, möminləri ayırd etmək üçün idi.
  5. Bu, həm də münafiqlərin tanınması üçün idi. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud sizə aid olanı müdafiə edin! – deyildikdə onlar: “Əgər döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik (amma bilirik ki, olmayacaq)” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Allah onların gizlətdiklərini çox yaxşı bilir!
  6. (Yardım əlini uzatmaqdan imtina etdikləri) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, – deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!”
  7. (Ey Peyğəmbər!) Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər. Onlara Rəbləri yanında ruzi əta olunur.
  8. Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətlərə görə şaddırlar, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin (gələcək mücahid və şəhidlərin) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə sevinirlər.
  9. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə məmnundurlar.
  10. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir!
  11. Bunlar o adamlardır ki, insanlar onlara: “Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər.

—————————————————————————————–

169-171. Şəhidin məqam və əzəməti: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə bu ayələrin Bədr və Ühüd şəhidləri haqqında nazil olduğu qeyd edilmişdir. Allah-taala Ühüd şəhidlərinin ruhuna xitab edərək: “Nə arzunuz var?”- deyə soruşdu. Onlar: “İlahi, bizim bundan böyük nə arzumuz ola bilər ki? Sənin əbədi nemətlərinə qərq olmuşuq, Sənin ərşinin kölgəsində məskunlaşmışıq. Bizim yeganə istəyimiz budur ki, yenidən həyata qayıdıb yenidən şəhid olaq”, – deyə cavab verdilər. Allah buyurdu: “Mənim dəyişməz əmrimə əsasən heç kəs ikinci dəfə dünyaya qayıda blməz.” Dedilər: “İndi ki belədir, onda salamımızı Peyğəmbərə (s) çatdır, haqqımızda salamat qalanlara danış və onlara Sənin bizdən, bizim isə Səndən razı qaldığımızı de.” Bundan sonra “Ali-İmran” surəsinin 169-171-ci ayələri nazil oldu.

Hər halda, belə nəticəyə gəlirik ki, imanları zəif olanlar Ühüd hadisəsindən sonra Ühüddə şəhid olan dostlarına və yaxınlarına görə təəssüflənir, onların ölməsindən və məhv olmasından narahat olurdular. Xeyir əldə etdikləri və onların yerlərini boş gördükləri zaman daha çox narahat olur və öz-özlərinə deyirdilər: “Biz bu cür naz-nemət içindəyik, amma qardaşlarımız və övladlarımız qəbirlərdə yatırlar, əlləri hər şeydən üzülüb.” Bu sözlər yanlış və reallıqdan uzaq olması ilə yanaşı salamat qalanların ruhiyyəsinə də mənfi təsir göstərirdi. Bu ayələr həmin fikrilərin üzərindən bir xətt çəkdi, şəhidlərin uca və üstün məqama layiq görüldüklərini bəyan etdi. Burada “həyat” deyilərkən, öldükdən sonra ruhların malik olduğu Bərzəx həyatı nəzərdə tutulur. Baxmayaraq ki, öldükdən sonra yaşamaq təkcə şəhidlərə aid deyil, sadəcə, şəhidlər çox yüksək həyata, növbənöv mənəvi nemətlərlə müşayiət olunan həyata malik olduqları üçün Bərzəxin digər sakinlərinin yaşayışı onların yanında çox aşağadır. İmam Rzanın (ə) İmam Əliyə (ə) istinad etdiyi məlumatda belə qeyd edilmişdir: İmam Əli (ə)  xütbə oxuyur, camaatı cihada həvəsləndirirdi. Bu vaxt ayağa qalxan bir gənc: “Ey möminlərin əmiri, mənə Allah yolunda döyüşənlərin üstünlüklərindən danış” – deyə müraciət etdi. İmam Əli (ə) buyurdu: “Zatüs-səlasil” döyüşündən qayıdırdıq. Mən Peyğəmbərin (s) miniyinin tərkinə minmişdim. Eyni sualı mən Peyğəmbərdən (s) soruşdum. O buyurdu: “Mücahidlər döyüş meydanında döyüşmək qərarına gələndə Allah Cəhənnəmdən azad olmanı onlara vacib edir, əllərinə silah alıb döyüşə hazırlaşdıqda mələklər onların varlığı ilə fəxr edirlər. Həyat yoldaşları, övladları və yaxınları onlarla vidalaşdıqda günahları bağışlanır… Bundan sonra gördükləri elə bir iş yoxdur ki, mükafatlandırılmasınlar. Hər gün üçün min abidin etdiyi ibadətin mükafatı onlara yazılır…. Düşmənlə qarşı-qarşıya gəldikləri vaxt qazandıqları savabın miqyasını dünya əhalisi dərk edə bilməz. Döyüş meydanına ayaq basdıqda, nizələr və oxlar işə düşdükdə, təkbətək döyüşlər başladıqda mələklər öz qanadları ilə onları dövrəyə alır və Allahdan onların sabitqədəm olmasını istəyirlər. Bu vaxt çarçı car çəkərək deyir: “Cənnət qılıncların kölgəsindədir.” Həmin vaxt düşmənin şəhidin bədəninə vurduğu zərbələr yayın istisində içilən sərin sudan daha şirin olur. Şəhid miniyindən yıxıldıqdan sonra hələ yerə çatmamış Cənnətin huriləri onu qarşılamağa gəlirlər, Allahın onun üçün hazırladığı maddi və mənəvi nemətlərdən danışırlar. Şəhid yerə uzandığı vaxt yer deyir: “Pak bədəndən qalxan pak ruha salam olsun! Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir insanın təsəvvür edə bilmədiyi nemətlər sənin yolunu gözləyir.” Allah buyurur: “Mən onun salamat qalanlarının hamisiyəm. Onları şadlandıran Məni şadlandırıb, onları qəzəbləndirən Məni qəzəbləndirmişdir…”[90]

  1. Buna görə də Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük nemət və mərhəmət sahibidir.
  2. Bu, yalnız Şeytandır ki, öz ardıcıllarını qorxudur. Onlardan qorxmayın! Əgər imanınız varsa, Məndən qorxun!
  3. Küfrə tələsənlər səni kədərləndirməsinlər! Onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir cəza gözləyir!
  4. İmanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Onları şiddətli bir əzab gözləyir!
  5. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onları xaredici bir əzab gözləyir.
  6. Allah pisi yaxşıdan ayırmadan möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildi. Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. (Bu şəkildə möminlərlə münafiqlər məlum olardı. Bu, isə ilahi qanunauyğunluğa ziddir.) Lakin, Allah Öz elçiləri arasından istədiyi şəxsi seçər (ona rəhbərlik vəzifəsini yerinə yetirmək üçün lazım olan bəzi qeyb sirlərini bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!
  7. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər bu əməlin onlar üçün xeyirli olduğunu güman etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Tezliklə xəsislik etdikləri şey Qiyamət günü boyunduruq kimi boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!

———————————————————————————–

  1. Həmraül-əsəd döyüşü: Bu və əvvəlki iki ayədə Həmraül-əsəd döyüşünə işarə edilmişdir. Ühüd döyüşünün sonunda Əbu Süfyanın qalib gəlmiş ordusu sürətlə Məkkə yolunu tutdu. “Rəvha” adlanan əraziyə çatdıqda çox peşman olduqlar, Mədinəyə qayıdıb sağ qalan müsəlmanları da öldürmək qərarına gəldilər. Bundan xəbər tutan Peyğəmbər (s) qoşunun başqa bir döyüşə hazırlanmasına göstəriş verdi. Hətta yaralıların da bu orduya qoşulmasına əmr verdi. Xəbər Qüreyş qoşunlarına çatdıqda müsəlmanların bu müqavimət əzmkarlığından qorxuya düşdülər. Bu əsnada Əbu Süfyan ordusunun ruhiyyəsini zəiflədəcək başqa bir hadisə də baş verdi. Mədinədən Məkkəyə səfər edən Mübəd Xüzai adlı bir şəxs Peyğəmbər (s) və səhabələrinin vəziyyətini görüb çox təsirləndi və Peyğəmbərə (s) dedi: “Sizin vəziyyətiniz mənim üçün çox dözülməzdir”. Bu sözləri deyib oradan uzaqlaşdı. Rəvha ərazisində Əbu Süfyanın ordusu ilə rastalaşdı. Əbu Süfyan ondan İslam peyğəmbəri (s) haqda soruşdu. O isə belə cavab verdi: “Mühəmmədin böyük bir ordu ilə sizin arxanızca gəldiyini gördüm.” Bunu eşidən Əbu Süfyan və ordusu qətiyyətlə geri çəkilmək qərarına gəldi. Geri çəkilə bilmək üçün vaxt qazanmaq və müsəlmanları təqib etmək fikrindən yayındırmaq üçün oradan keçib Mədinəyə tərəf gedən Əbdülqeys qəbiləsindən olan bir dəstədən Peyğəmbərə (s) Əbu Süfyan və Qüreyş bütpərəstlərinin böyük bir ordu ilə Mədinəyə tərəf getdiyini və Peyğəmbərin silahdaşlarının qalan hissəsini qırmaq niyyətində olduqlarını deməsini xahiş edirlər. Bu xəbər Peyğəmbərə (s) və müsəlmanlara çatdıqda dedilər: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir.” Amma nə qədər gözlədilər, düşmən qoşunlarından bir xəbər çıxmadı. Buna görə də üç gün qaldıqdan sonra Mədinəyə qayıtdılar. Sözügedən ayələrdə bu hadisəyə işarə edilmişdir[91].
  2. Kafir və günahkarların rifahı zahirdə nemət, batində isə əzabdır: Bu ayə çoxlarının beynindən keçən bir suala cavab verir. Nə üçün zalımlar və günahkar insanların bir qrupu bol nemət içində yaşayır, Allahın bəlasına gəlmirlər? Quran buyurur: Bunlar islah olunmayan insanlardırlar, yaranış qanunauyğunluğuna, ixtiyar və iradə azadlığı prinsipinə əsasən öz başlarına buraxılıblar ki, tənəzzülün ən son həddinə çatsınlar və daha ağır cəzalara layiq olsunlar. Bundan əlavə, Quranın bəzi ayələrindən belə məlum olur ki, Allah-taala bəzən belə adamlara çoxlu nemət verir, amma elə bu dünyada daha çox acı çəkmələri üçün qələbə, sevinc və qürur ləzzətinə qərq olduqları zaman qəfildən hər şeylərini alır. Çünki belə bir təmtəraqlı həyatdan ayrılmaq çox ağırdır. Belə ki, Allah-taala “Ənam” surəsinin 44-cü ayəsində belə buyurmuşdur: “Onlara edilmiş xəbərdarlığı unutduqları zaman tam şadlanmaları üçün hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Qəfildən onları yaxaladıq və onlar məyus oldular (ümid qapıları onların üzlərinə bağlandı).”[92] Hər halda, bilmək lazımdır ki, maddi nemətlərin artması heç də həmişə insanın xeyrinə olmur. İmam Əli (ə) buyurmuşdur: “Ey Adəm övladı, Allah-taalanın sənə ardı-arası kəsilmədən nemət verdiyini, sənin isə itaətsilik etməkdə davam etdiyini gördükdə Onun cəzasından qorx!”[93]
  3. Zəkat verməyənin cəzası: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Kim zəkat verməsə, Allah-taala onun malını oddan olan boyunduruqlara çevirər, sonra deyər: “Dünyada bu malları əsla özündən uzaq tutmadığın kimi, indi də onları götürüb boynundan as!”[94] Habelə məsumlardan zəkat verməyən haqqında belə bir hədis rəvayət edilmişdir: “Qiyamət günü zəhərli bir ilan zəkat verməyən şəxsin boğazına sarılacaq, insanlar hesab-kitablarını qurtarana qədər onu çalacaq.”[95]
  4. “Allah kasıbdır, biz isə ehtiyacsızıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” – deyəcəyik.
  5. Bu, sizin öz əllərinizlə gördüyünüz əməllərin nəticəsidir, Allah bəndələrinə əsla zülm edən deyildir!
  6. “Allah bizə əmr etmişdir ki, odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl peyğəmbərlər gəlmiş, sizə açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”
  7. Əgər onlar səni yalançı sayarlarsa (bu, heç də yeni bir şey olmaz, çünki) səndən əvvəl açıq dəlillər, mətin və möhkəm səhifələr, nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.
  8. Hər bir kəs ölümü dadacaqdır. Siz Qiyamət günü öz mükafatınızı tam şəkildə alacaqsınız. Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar. Dünya həyatı isə aldadıcı sərmayədən başqa bir şey deyildir.
  9. Əlbəttə, siz malınız və canınızla sınağa çəkiləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və müşriklərdən bir çox narahatedici sözlər eşidəcəksiniz. Əgər səbir edib təqvalı olsanız, (daha yaxşıdır, çünki) bu, mühüm və etibarlı işlərdəndir.

—————————————————————————————

  1. Nə üçün yəhudilər Allahın yoxsul olduğunu düşünürdülər? İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “And olsun Allaha, Allahın yoxsul olduğunu deyənlər Allahı görməyiblər ki, yoxsul olduğunu da bilsinlər. Lakin onlar Allah dostlarının kasıb olduğunu görüb deyirdilər ki, əgər Allah varlı olsaydı, dostlarını da varlı edərdi. Bu səbəbdən də mal-dövlətlərinə görə Allah qarşısında öyünürdülər.”[96]
  2. Yəhudilərin Peyğəmbərə (s) bəhanələr gətirməsi: Bəzi təfsirçilər yazırlar ki, yəhudilərin “odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə” fikri həzrət Adəmin (ə) iki oğlunun qurbanlıq hadisəsindən qaynaqlanır. Belə ki, “Maidə” surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: “İki qurbanlıq təqdim etdikləri vaxt onların birindən qəbul edildi, digərindən isə qəbul edilmədi.” Deyilənə görə Habilin qurbanlığının (qurbanlıq qoyununun) qəbul olunmasının əlaməti onun göydən gələn od vasitəsilə yanması olmuşdur[97]. Daha ətraflı məlumat almaq istəyənlər “Maidə” surəsinin 27-ci ayəsinə müraciət edə bilərlər.
  3. Hər kəs ölümü dadacaq: “Dadmaq” ifadəsi ilə tam şəkildə hiss etməyə işarə edilmişdir. Bəzən insan bir qidanı görür, əli ilə ona toxunur, amma dadmayana qədər onu tam şəkildə hiss etmir. Yaranış sistemində ölüm insan və canlı varlıqlar üçün bir növ qidadır[98]. Deyilənə görə İmam Əli (ə) bir cənazənin arxasınca gedirmiş. Bir nəfərin güldüyünü eşidib buyurur: “Sanki ölüm bizim deyil, başqasının taleyinə yazılıb. Sanki haqq bizdən başqasına vacib olub. Düşünürsən ki, bu gördüyümüz ölülər tezliklə bizim yanımıza qayıdacaq olan qonaqlardır. Onları qəbirlərinə qoyub mallarını yeyirik. Sanki onlardan sonra əbədi qalacağıq…”[99]
  4. Cəhənnəmin cazibəsi: “Zuhzihə” insanın özünü tədricən nəyinsə təsirindən uzaqlaşdırmasına, “fazə” isə məhvdən xilas olub məhbuba qovuşmağa deyilir. Cəhənnəm odunun cazibəsindən xilas olub Cənnətə daxil olanlar xilas olub öz məhbublarını tapanlardır. Sanki Cəhənnəm var gücü ilə insanı özünə tərəf cəzb edir. Doğrusu, insanı özünə tərəf çəkən amillərin qəribə bir cazibəsi var[100]. Peyğəmbər (s) buyurmuşdur: “And olsun Allaha, Cənnətdə şallağınızın izi qədər olan yer bütün dünya və onda olanların hamısından yaxşıdır.” Sonra Peyğəmbər (s) bu ayəni oxumuşdur: “Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar.”[101]
  5. Müşriklərin əziyyət verməsi, narahatçılıq yaratması: Bu ayənin nazilolma səbəbindan bəhs edərkən bildirirlər ki, müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən, evlərindən və buradakı həyatlarından uzaq düşdükdən sonra müşriklər onların əmlakını mənimsədilər. Mədinəyə gəldikdən sonra Mədinə yəhudilərinin tənə və acı sözləri ilə qarşılaşdılar. Xüsusilə Kəb ibn Əşrəf adlı bir yəhudi şair öz şeirlərində Peyğəmbəri (s) və müsəlmanları təhqr edir, müşrikləri onlara qarşı qaldırırdı. Hətta müsəlman qızlarını və qadınlarını qəzəllərinin, eşqbazlıqlarının mövzusuna çevirirdi. Bu şairin tərbyəsizliyi elə bir həddə çatdı ki, Peyğəmbər (s) onun qətlinə fərman verdi və müsəlmanlar onu qətlə yetirdilər. Hədislərə görə bu ayədə həmin hadisələrə işarə edilmiş və müsəlmanların öz müqavimətlərini davam etdirməsinə stimul verilmişdir[102].
  6. (Xatırlayın!) Allah kitab əhlinə: “Siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əmr etdiyi zaman onlar buna (kitaba) arxa çevirdilər və onu az (kiçik) bir qiymətə satdılar. Necə də ucuz mal alırlar!
  7. Etdikləri (çirkin) əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!
  8. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
  9. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (açıq-aşkar) dəlillər vardır.
  10. Ayaq üstə olanda da, oturanda da, böyrü üstə uzananda da Allahı xatırlayanlar göylərin və yerin yaradılış sirləri haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!
  11. Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi xar və rüsvay edərsən və zalımlara kömək edən olmaz!
  12. Ey Rəbbimiz! biz: “Rəbbinizə inanın!” – deyə imana dəvət edən carçının çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!
  13. Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Çünki Sən Öz vədinə xilaf çıxmazsan!”

————————————————————————————-

  1. Allahın alimlərə din maarifini izah etmək əmri verməsi: Bu ayə kitab əhlinin alimləri haqqında nazil olsa da, Allahın göstərişləri və dini maarifi izah etmək və yaymaq vəzifəsi daşıyan bütün din alimlərinə şamildir. Allah onların hamısına bu məsələ ilə bağlı ciddi tapşırıq verib. Bu ayədəki “təbyin” (izahetmə) sözünə diqqət yetirdikdə məlum olur ki, burada təkcə ayələri oxumaq və səmavi kitabları yaymaq nəzərdə tutulmamışdır. Alimlərin vəzifəsi dini həqiqətləri açıq və aydın şəkildə başa salmaq, bütün insanları onlardan xəbərdar etməkdir. Din maarifinin izahında və müsəlmanlara açıqlama verməkdə səhlənkarlıq edənləri Allahın bu ayədə yəhudi alimləri üçün vəd verdiyi aqibət gözləyir. İslam peyğəmbəri (s) buyurmuşdur: “Elmi ona ehtiyac duyanlardan gizlədən şəxsin ağzına Qiyamət günü oddan bir yüyən vurulacaq”. Həsən ibn Əmmardan belə nəql edilmişdir: “Bir gün Zühərinin yanına getmişdim. O, camaata hədis deməyi tərk etmişdi. Ona dedim:

– Eşitdiyin hədisləri mənə de.

Dedi:

– Məgər bilmirsən ki, artıq heç kəsə hədis demirəm?

Dedim:

–  Ya sən mənə hədis de, ya da mən sənə hədis deyəcəm.

Dedi:

– Sən de!

Dedim:

– Əli (ə) buyurub: “Allah nadanlara öyrənmək əmri verməzdən əvvəl alimlərə öyrətmək əmri vermişdir.”

Bu hədisi ona dedikdən sonra susqunluğuna son qoyaraq dedi:

– İndi qulaq as, deyim…

Həmin məclisdə mənə qırx hədis dedi”.[103]

  1. Görülməmiş yaxşı işə görə tərif gözləmək: Hədisçilər və təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı müxtəlif fikirlər qeyd etmişlər. Bu fikirlərin birində qeyd edilir ki, bir qrup yəhudi öz səmavi kitablarını təhrif edib orada olan həqiqətləri gizlədir, bu yolla öz məqsədlərinə nail olduqlarını düşünür, bu əməllərinə görə çox sevinir, eyni zamanda, camaatın onları alim, din himayəçisi və vəzifətanıyan olduqlarını düşünmələrini istəyirdilər. Quranın bu ayəsi onların qeyd olunan yanlış düşüncəsinə cavab verdi. Əlbəttə, bu ayədə təkcə yəhudilər və İslamın ilk illərinn münafqləri nəzərdə tutulmamışdır. Alim hesab edilməsini arzu edən nə çox cahil, insanların gözündə abid və zahid hesab edilməsini arzu edən nə çox günühkar, gördükləri işlərin təriflənməsini istəyən nə çox kələkbaz var. Şübhəsiz ki, bu ayə onların hamısına şamil olur[104].

190-194. Dini bilgilərin yer aldığı münacat səbkili ayələr: Hədis və rəvayətlərdə bu ayələrə xüsusi əhəmiyyət verilmişdir. Əta ibn Əbu Riyahdan belə nəql edilmişdir: “Bir gün Aişənin yanına gedib ondan soruşdum: Ömrün boyu Peyğəmbərdə (s) gördüyün ən qəribə davranış hansı olub? Aişə  dedi: Peyğəbərin (s) bütün işləri heyrətamiz idi. Ancaq hamısından qəribəsi bu idi; bir gecə mənim evimdə istirahət edirdi. Hələ rahatlanmamışdı ki, yerindən qalxdı, dəstəmaz alıb namaz qılmağa başladı. Namaz əsnasında ilahi cazibənin təsiri ilə o qədər göz yaşı tökdü ki, paltarının ön tərəfi tamamilə islandı. Sonra səcdəyə getdi, o qədər ağladı ki, yer islandı. Sübhə qədər ağladı. Bilal onu sübh namazına səsləyəndə ağladığını görüb: “Allahın lütfü sizi əhatə etdiyi halda, nə üçün belə ağlayırsınız?” – deyə soruşduqda buyurdu: “Allahın şükür edən bəndəsi olmayımmı? Allah keçən gecə mənə çox mühüm ayələr göndərib”. Sonra “Ali-İmran” surəsinin 190-194-cü ayələrini oxudu və sonda buyurdu: “Vay olsun onları oxuyub düşünməyənlərin halına!”[105]

  1. Allah onların dualarını qəbul edərək (buyurdu): “İstər kişi olsun, istərsə də qadın, Mən heç birinizin əməlini puça çıxarmayacağam. Siz eynisiniz, bir-birinizdənsiniz. Allah yolunda hicrət edənlərin, evlərindən çıxarılanların, Mənim yolumda çətinliyə məruz qalanların, vuruşanların və öldürülənlərin günahlarını, əlbəttə, bağışlayacaq və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allahın mükafatıdır. Ən yaxşı mükafat Allah yanındadır!”
  2. Kafirlərin şəhərbəşəhər (məğrur-məğrur) gəzib-dolaşması səni aldatmasın!
  3. Bu, çox cüzi bir qazancdır. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir!
  4. Lakin öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
  5. Kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olana inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların mükafatı Rəbləri yanındadır. Allah sürətli haqq-hesab çəkəndir. (Onların yaxşı əməllərinin mükafatını dərhal verir.)
  6. Ey iman gətirənlər! (Çətinliklərə və ehtiraslar qarşısında) səbirli olun, düşmənlər qarşısında dözümlü olun, sərhədlərinizin keşiyində durun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

—————————————————————————————–

  1. Əsl mühacir və mücahid örnəklərindən nümunələr: Rəvayətlərin birində bu ayənin İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. İmam Əli (ə), anası Fatimə bint Əsədi, Peyğəmbərin (s) qızı və sonradan həyat yoldaşı olan Fatiməni və Zübeyrin qızı Fatiməni özü ilə birlikdə Mədinəyə apararkən Zəcnan adlı yerdə Ümmi-Əymən və bir neçə nəfər taqətdən düşmüş mömin onlara qoşulub birlikdə hərəkət edir. Onlar Allah rəsulunun (s) yanına gedənə qədər Allahı zikr etməyi bir an belə, unutmurlar[106].
  2. Qurana görə kişi və qadının bərabərliyi: Bu ayədən bəzən “İslam qadınların deyil, kişilərin dinidir” kimi ittihamlar səsləndirən məlumatsız insanların həqiqətdən nə qədər uzaq olduqları məlum olur. Fiziki və emosional xüsusiyyətlərinə görə bəzən İslam qanunvericiliyində kişi ilə qadın arasında fərq qoyulması və ictimai məsələlərdə fərqliliyin olması qadının mənəvi dəyərinə əsla xələl gətirmir. Mənəvi cəhətdən qadın ilə kişinin arasında heç bir fərq yoxdur, xoşbəxtlik qapıları onların üzünə eyni şəkildə açıqdır. Nəzərə almalıyıq ki, bu və oxşar ayələr elə bir dövrdə nazil olmuşdur ki, həmin dövrdə dünyanın əksər xalqları qadınların insan olmasına şübhə edir, qadını lənətlənmiş varlıq, günah və azğınlıq mənbəyi hesab edirdilər. Yunanlar qadını alçaq və şeytan xislətli varlıq hesab edir, bizanslılar isə onların ruhsuz varlıqlar olduğunu düşünürdülər[107].
  3. Kafirlərin aldadıcı sərvəti: Təfsirçilər bu və sonrakı iki ayənin nazilolma səbəbini belə izah edirlər: Məkkə müşriklərinin çoxu tacir idi, bu yolla külli miqdarda sərvət əldə edib naz-nemət içində yaşayırdılar. Mədinə yəhudiləri də ticarət işlərində səriştəli idilər, əksər hallarda ticarət səfərlərindən əlidolu qayıdırdılar. Amma həmin vaxt müsəlmanlar bir çox səbəblərdən, o cümlədən Məkkədən Mədinəyə hicrət etdikləri, iqtisadi blokadada olduqları üçün maddi cəhətdən çətinlik çəkir, ağır şəraitdə yaşayırdılar. Bu iki vəziyyətin müqayisəsi belə bir sual doğururdu ki, nə üçün imansız şəxslər naz-nemət içində yaşayır, imanlılar isə əziyyət, çətinlik, əzab və yoxsulluq içində yaşayırdılar? Bu ayələr qeyd olunan suala cavab verir[108].
  4. Özünü və İslam cəmiyyətini müdafiə etmək üçün lazım olan hər növ hazırlığa malik olmanın zəruriliyi: “Rabitu” feli “ribat” sözündən düzəlmişdir. Bu feilin məsdəri “murabətə”dir, insanın özünü və İslam cəmiyyətini qorumaq üçün hərbi müdafiədən tutmuş mədəniyyət və etiqad müdafiəsinə qədər lazım olan bütün növ hazırlıqlara şamil olur. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiə alimləri İblis və onun üsyankar dostları qarşısında sıraya düzülmüş, onların özlərini qorumağa gücləri çatmayanlara qarşı təşkil etdikləri hücumların qarşısını alan sərhədçilərə bənzəyirlər.”[109]

[1] Nümunə, c.2, səh.408

[2] Nümunədən iqtibas, c.2, səh.430; Ətyəbül-bəyan, c.3, səh.112

[3] Nümunə, c.2, səh.449

[4] Nümunə, c.2, səh.452

[5] Əl-Mizan, c.3, səh.137

[6] Nümunə, c.2, səh.471

[7] Nümunə, c.2, səh.113

[8] Nümunə, c.2, səh.495-496

[9] Əl-Mizan, c.3, səh.177-188

[10] Nümunə, s.2. səh.501

[11] Nümunə, c.2, səh.504

[12] Pəyame-Quran, c.6, səh.136

[13] Əl-Mizan, c.3, səh.191 və 194

[14] Əl-Mizan, c.3, səh.193

[15] Nümunə, c.2, səh.526

[16] Qamusi-Quran, c.2, səh.115

[17] Ətyəbül-bəyan, c.3, səh.187

[18] Nümunə, c.2, səh.542

[19] Nümunə, c.2, səh.548; Ətyəbül-bəyan, c.3, səh.199

[20] Nümunə, c.2, səh.549

[21] Ətyəbül-bəyan, c.3, səh.202; Nümunə, c.2, səh.552

[22] Nümunə, c.2, səh.557

[23] Əl-Mizan, c.3, səh.237

[24] Nümunə, c.2, səh.568; Əl-Mizan, c.3, səh.239

[25] Əl-Mizan, c.3, səh.264

[26] Nümunə, c.2, səh.579

[27] Təfsiri-mövzui, c.9, səh.178

[28] Mənşuri-cavid,c.7, səh.106

[29] Nümunə, c.2, səh.594

[30] Nümunə, c.2, səh.604

[31] Nümunə, c.2, səh.606

[32] Nümunə, c.2, səh.607

[33] Nümunə, c.2, səh.611

[34] Nəhcül-bəlağə, 50-ci xütbə

[35] Əl-Mizan, c.3, səh.300

[36] Nümunə, c.2, səh.620

[37] Əl-Mizan, c.3, səh.314

[38] Nümunə, c.2, səh.630

[39] Nümunə, c.2, səh.631

[40] Ətyəbül-bəyan, c.3, səh.361

[41] Əl-Mizan, c.3, səh.381

[42] Mənşuri-cavid,c.6, səh.10

[43] Nümunə, c.6, səh.411

[44] Əl-Mizan, c.3, səh.386

[45] Nümunə, c.2, səh.645

[46] Nümunə, c.2, səh.649

[47] Ətyəbül-bəyan, c.2, səh.269

[48] Əl-Mizan, c.2, səh.394

[49] Əl-Mizan, c.3, səh.395-400

[50] Əl-Mizan, c.3, səh.401

[51] Əl-Mizan, c.3, səh.407

[52] Nəhcül-bəlağə, 234-cü xütbə

[53] Əl-Mizan, c.3, səh.414

[54] Orijinal mətndə “təqvanın haqqı” ifadəsi işlənmişdir. Azərbaycan dilində bu ifadənin qarşılığı dilin normalarına cavab vermədiyi üçün tərcümədə sözügedən ifadənin ümumi mənası verilmişdir.

[55] Əl-Mizan, c.3, səəh. 420 və 432

[56] Nümunə, c.3, səh.41

[57] Nəhcül-bəlağə, 26-cı xütbə

[58] Ətyəbül-bəyan, c.3, səh.314

[59] Nümunə, c.3, səh.50 və 64

[60] Nümunə, c.3, səh.80

[61] Əl-Mizan, c.4, səh.11; Nümunə, c.3, səh.85

[62] Nümunə, c.3, səh.86

[63] Ətyəbül-bəyan, c.3, səh.335

[64] Nümunə, c.7, səh.105

[65] Nümunə, c.3, səh.106

[66] Səfinətül-bihar, c.3, səh.296

[67] Nümunə, c.3, səh.112

[68] Səfinətül-bihar, c.1, səh.669

[69] Təfsiri-mövzui, c.6, səh.33 və 34

[70] Nümunə, c.3, səh.121

[71] Ətyəbül-bəyan, c.4, səh.362

[72] Əl-Mizan, c.4, səh.26

[73] Əl-Mizan, c.4, səh.30

[74] Səfinətül-bihar, c.1, səh.394

[75] Ətyəbül-bəyan, c.3, səh.371

[76] Pəyame-Quran, c.4, səh.477

[77] Ətyəbül-bəyan, c.3, səh.371

[78] Nümunə, c.3, səh.137

[79] Əl-mizan, c.4, səh.44

[80] Ətyəbül-bəyan, c.3, səh.389

[81] Nümunə, c.3, səh.149

[82] Nümunə, c.3, səh.136

[83] Kafirlərin ürək yanğısı donuna bürüdükləri bu sözlər müsəlmanları ruhiyyədən salmaq üçün idi. Müsəlmanlar da bu cümlələrdən tez-tez istifadə edəcəkləri təqdirdə ruhiyyələri zəifləyəcək və döyüşlərdən yayınacaqdılar və beləcə onlar öz məqsədlərinə nail olacaqdılar. Allah müsəlmanlara göstəriş verir ki, bu sözləri deməsinlər və böyük ruh yüksəkliyi ilə müharibəyə getməklə münafiqlərin arzusu ürəklərində həsrətə çevrilsin və bu həsrət həmişəlik qalsın. (Tərc.)

[84] Nümunə, c.3, səh.155

[85] Əl-Mizan, c.4, səh.49

[86] Ətyəbül-bəyan, c.3, səh.404

[87] Ətyəbül-bəyan, c.3, səh.406

[88] Nümunə, c.3, səh.166-169

[89] Nümunə, c.3, səh.175

[90] Nümunə, c.3, səh.194

[91] Nümunə, c.3, səh.301

[92] Nümunə, c.3, səh.212

[93] Nəhcül-bəlağə, 25-ci hikmət

[94] Nümunə, c.3, səh.219

[95] Ətyəbül-bəyan, c.3, səh.441

[96] Əl-Mizan, c.4, səh.87

[97] Ətyəbül-bəyan, c.3, səh.447

[98] Nümunə, c.3, səh.230

[99] Nəhcül-bəlağə, 122-ci hikmət

[100] Nümunə, c.3, səh.231

[101] Əl-Mizan, c.4, səh.87

[102] Nümunə, c.3, səh.233

[103] Nümunə, c.3, səh.237

[104] Nümunə, c.3, səh.239; Ətyəbül-bəyan, c.3, səh.455

[105] Nümunə, c.3, səh.249

[106] Əl-Mizan, c.4, səh.93

[107] Nümunə, c.3, səh.256

[108] Nümunə, c.3, səh.257

[109] Nümunə, c.3, səh.266

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir