Həyat Yolu və Bioqrafiyası
Elmi fəaliyyəti və xidmətləri
Cəlilabadın tanınmış və görkəmli din xadimləri...
Şeyx Məhəmməd Şeyx Qüdrətullah oğlu İbrahimov. 1928-ci ilin iyul ayının 1-də keçmiş Astraxanbazar (indiki Cəlilabad şəhərində) dünyaya göz açmışdır.
Anası Şüşəxanım Dadaş qızı evdar qadın olub. Atası isə əhali arasında daha çox Şeyx Qüdrət kimi tanınan Şeyx Qüdrətullah əslən Masallı rayonunun Ərkivan kəndindəndir. O, Sovetlər dönəmində ağır təzyiqlərə məruz qalaraq Masallının Ərkivan kəndindən Cəlilabad şəhərinə köçmüş və burada məskunlaşmışdır. Şeyx Qüdrətullah həm də İraqın Nəcəf şəhərində uzun illər boyu ali dini təhsil almış və ictihad dərəcəsinə nail olmuş müctehid-alimlərdən sayılırdı.
Məhəmməd ilk dünyəvi təhsilini kənddəki 2 saylı orta məktəbdə almış və onun ilk müəllimələri Leyla xanım Muğanlı, Nəsib müəllim və daha sonralar Məmmədtağı müəllim olmuşdur. İbtidai təhsilini başa vurduqdan sonra fəhlə-gənclər məktəbində təhsilini davam etdirmiş və həmin məktəbin VII sinifini bitirərək, orta təhsil haqqında şəhadətnamə almışdır.
İlk dini təhsilini isə atası Şeyx Qüdrətdən almışdır. Bu da 1948-1960-cı illərdə həyata keçmişdir. Bundan sonra atasının məsləhəti ilə dini təhsilini davam etdirmək məqsədi ilə Lənkəranın Digah kəndində yaşayan Molla Baba Axundun yanına gedir. Sonralar Lənkəranda Molla Baba Tahir Axunddan və Masallının Ərkivan kəndində yaşayan Şeyx Bəşir Axunddan dini təhsil almışdır. Amma uzun illər boyu sistemli və davamlı mütaliələrlə də məşğul olmuşdur. O, olduqca yüksək hafizəyə malik idi. Azərbaycan, ərəb və fars dillərini bilir və hər üç dildə yazıb, oxumaq və danışmağı bacarırdı.
Uzun illər boyu Lenin adına kolxozda sıravi işlərdə çalışmış və bütün təzyiqlər və çətinliklərə rəğmən din və şəriət elmləri ilə məşğul olmuşdur.
Şeyx Məhəmməd atasının vəfatından sonra öz dövründə keçmiş Sovetlər məkanında sayca az olan ən önəmli din alimlərindən biri sayılırdı.
Öz dövrünün görkəmli din xadimi olmaqla yanaşı bütün Cəlilabad əhalisi, Cənub bölgəsi və eləcə də Azərbaycanın bir çox rayonlarında yaşayan inanclı insanlar üçün mənəvi ata sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın müxtəlif bölgələrindən Cəlilabada axışan və Şeyx Məhəmmədi ziyarət edən inanclı insanlar bunun əyani sübutu idi.
Sovetlər İttifaqı dağıldıqdan sonra Cəlilabad şəhərinin Came məscidində axund kimi fəaliyyət göstərir. Daha sonra Səudiyyə Ərəbsitanına yollanaraq həcc ziyarətini həyata keçirmişdir. O, həyatı boyu siyasətə qarışmasa da, müstəqillik illərdində hər zaman Azərbaycan Dövlətçiliyini müdafiə etmiş və bu yolda bəziləri tərəfindən bir sıra haqsızlıqlara məruz qalmışdı. Lakin buna rəğmən heç vaxt öz qəti mövqeindən əl çəkməmiş və nadanlar qarşısında təslim olmamışdır.
O dəyərli din xadimi olsa da hər kəsə din elmlərini öyrətmirdi. Bəziləri bunu Şeyxə irad tutsalar da o, bunun səbəbini belə açıqlayırdı: "Tərbiyəsi olmayana bilik vermək körpənin əlinə ülgüc vermək kimi bir şeydir..."
Şeyx Məhəmməd əmi heç bir zaman özünü kiməsə zorla qəbul etdirmək əzmində olmadı. İnsanlar ona üz tutub nəsə öyrənmək istədikdə onları səmimiyyətlə qarşıladı. Lakin etinasızlıq görüncə bir kənara çəkilib öz həyatını yaşadı. Həm də Sovetlər dönəmində olduğu tərzdə dini maarifləndirmə üsulundan istifadə etdi.
O, həyatda çox təmizkar və kübar insan olmaqla yanaşı, həm də çox məzəli və pozitiv bir insan idi. Daha çox orta və yaşlı nəsil onun məzəli əhvalatları və zarafatlarını yaxşı xatırlayırlar.
Şeyx Məhəmməd əmi istər Sovetlər dönəmi, istərsə də müstəqillik illərində insanlar və xalq üçün sanki böyük bir dağ kimi mənəvi sığınacaq sayılırdı. Bəzilərinin onun qədrini bilməməsi onun yüksək şəxsiyyəti və dəyərindən nəsə azaltmadı. Bu arada itirənlər əslində onun qədrini bilməyənlərin özləri idi. Çünki həqiqi din xadiminin hədəfi insanlara ağalıq etmək, öndə olmaq və şan-şöhrət qazanmaq deyil, əslində xalqı maarifləndirmək və doğru yola yönəltməkdən ibarətdir.
Onun uşaqlara olan nəvaziş və mərhəmətli davranışı da hər kəsə bəlli idi. Böyük alim olmasına baxmayaraq nəvəsi yaşında olan uşaqlarla təvazökarlıq və mehribanlıqla danışır və kiminsə qəlbini qırmırdı. Onun öz həyatı boyu danışıq və davranışlarında sərgilədiyi nəzakət də kimsəyə gizlin deyildi...
Qeyd etmək lazımdır ki, Şeyx Məhəmməd öz dövründə Masallının Ərkivan kəndindən olan Hacı Əlhəsən, Cəlilabad rayonunun Kövüzbulaq kəndindən Mirmehdi Ağa, Gülməmmədli kəndindən Mirtəhməz Ağa və Hasıllıdan mərhum Mirməmməd Ağa ilə səmimi və yaxın münasibəti olub. O, hər zaman haqq bildiyi sözü qarşı tərəfin özünə söyləyir və bu sahədə kimsədən çəkinmir və ya qorxmurdu.
Ailə həyatı:
Doğma Cəlilabad, Cənub bölgəsi və bütövlükdə Azərbaycanın tanınmış və görkəmli din xadimi olan Şeyx Məhəmmədin Tükəzban xanımla ailə həyatından altı oğlu və iki qızı olmuşdur. Onlar Zaynal-abidin, Səkinə, Fatimə, Məhəmmədbağır, Sadıq, Kazım, Rza və Tağıdan ibarətdir.
Vəfatı:
Nəhayət, təkcə Cəlilabadın deyil, əslində bütün Azərbaycanın fəxarəti sayılan bu görkəmli din alimi və sevilən şəxsiyyət 09.09.2002-ci il tarixində dünyasını dəyişmiş və əbədiyyətə qovuşmuşdur. Onun məzarı Cəlilabad şəhərinin qədim qəbristanlığında atası mərhum Şeyx Qüdrətin məzarı kənarında yerləşir. Tanrı ruhunu şad, xatirəsini əziz etsin!