“Bəqərə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.)
  2. Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır.
  3. (Təqvalılar) o kəslərdir ki, qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər.
  4. O kəslər ki, sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar.
  5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır.

—————————————————————————————————————–

“Bəqərə” surəsinin ümumi məzmunu: Bu surənin əsas hissəsi Allahın bəndələrinin bütün səmavi kitablara inanması, ilahi peyğəmbərlər arasında fərq qoymaması zərurətini bəyan edir. Buna görə də bu surədə kafirlər, münafiqlər və kitab əhli səmavi dinlər, ilahi peyğəmbərlər arasında fərq qoyduqları üçün məzəmmət olunur və qınanırlar. Bu surənin bəzi hissələrində qiblənin Beytül-müqəddəsdən Kəbəyə doğru dəyişdirilməsi, həcc, irs, oruc və s. kimi bəzi hökmlərə aydınlıq gətirilmişdir.[1]

  1. “Müqəttəə” hərflər: “Müqəttəə” hərflər və onların təfsiri ilə bağlı çox sözlər deyilmişdir. Bu nəzəriyyələr arasında iki nəzəriyyə daha çox diqqəti cəlb edir. Birincisi budur ki, “Müqəttəə” hərflər Allah və elçisi arasında sirlərdən ibarətdir. Bu sirləri yalnız onlar bilirlər.[2] İkinci nəzəriyyə budur ki, Allah-taala “Müqəttəə” hərflərlə göstərməyə çalışır ki, qarşınızdakı Quran sizin də ixtiyarınızda olan hərflərdən ibarətdir (misal üçün, Əlif, Lam, Mim və s.). Lakin siz Quran kimi bir kitab gətirməkdə acizsiniz və bu, Quranın vəhy olmasına sübutdur.[3]
  2. Quranın nazilolma məqsədi – hidayət: Hidayət, yolu göstərməkdir. Belə ki, insanı məqsədə çatdırsın. [4] “Hadi” bir qrupun önündə gedən və yolu onlara göstərən şəxsə deyilir.[5] Allah bir çox ayələrdə (bu ayə də o qəbildəndir) Quranı “hidayət kitabı” adlandırır. Bəli, Quran həqiqətən, sırf hidayət kitabıdır. Elə bir hidayət ki, ona azğınlıq və zülmət yol tapa bilmir.[6] Deməli, Allahın onu nazil etməkdə məqsədi insanların əbədi səadətinə gedən yolu göstərməkdir. Necə ki, Allah “Maidə” surəsinin 15 və 16-cı ayələrində buyurur: “Ey kitab əhli! Sizə səmavi kitabda gizlətdiyiniz şeylərin bir çoxunu ifşa edən və (hələ ifşası məsləhət olmayan) bir çoxunun da üstünü vurmayan peyğəmbərimiz gəldi. (Bəli!) Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir kitab (Quran) gəldi. Allah Öz rizasına tabe olanları onunla əmin-amanlıq yollarına yönəldər, onları Öz fərmanı ilə zülmətdən nura çıxarar və düz yola hidayət edər!” Buna nəzərən aydın olur ki, Quran tarixi, elmi və s. kitab deyil. Əksinə, Quranın peyğəmbərlərin, keçmiş xalqların tarixini, müxtəlif elmi məsələləri qeyd etməkdə məqsədi yalnız insanı hidayət etmək, ona səadət yolunu göstərməkdir.
  3. “Rizq” – çörək və sudan daha yüksək: “Rizq” sözü müəyyən vaxtlarda verilən davamlı bəxşiş mənasını ifadə edir. Bəzən pay və hissə mənasında da işlənir. Bəzilərinə görə isə “rizq” qarşı tərəfin ehtiyacına, istəyinə uyğun xüsusi bəxşişdir ki, onun həyatı, yaşamı davam etsin. “Rizq” sözünün dilimizdə qarşılığı “ruzi”dir. Qeyd etmək lazımdır ki, “rizq” və ruzi maddiyyatla, su və çörəklə bitmir. İnsanın təkamülü üçün ehtiyacı olan hər şey ruzidir. Buna görə də məsumlardan bizə gəlib çıxan dualarda mükəmməl zəka, faydalı bilik, çoxlu və halal sərvət, yüksək şəxsiyyət, əməlisaleh və ləyaqətli övlad, sabit iman, dünya və axirət xeyri, pak yaşam, şəfaət, Allahın evi Kəbəni ziyarət, məsumların (ə) türbələrini ziyarət etmək, onların məzarı yanında dəfn olunmaq və Qiyamətdə onlarla birgə olmaq ruzi olaraq Allahdan istənilmişdir. İmam Sadiq (ə) elmi ilahi ruzilərdən biri hesab edir və bu ayəni izah edərkən buyurur: “Yəni, onlara öyrətdiklərimizi insanlar arasında yayırlar”. Buna görə, təlim və öyrətmək də bir növ (Allah yolunda) sərf etməkdir.[7]
  4. Həqiqətən, küfr edənləri (ilahi əzabla) qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər.
  5. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinə isə pərdə salmışdır. Onları böyük bir əzab gözləyir.
  6. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və Qiyamət gününə iman gətirdik“, – deyirlər.
  7. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin (bunu) anlamırlar.
  8. Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir.
  9. Onlara: “Yer üzündə fəsad törətməyin!” – dedikdə: “Biz yalnız islah edənlərik”, – deyə cavab verirlər.
  10. Bilin ki, onlar həmin fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
  11. Onlara: “(Digər) insanlar kimi iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” – deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
  12. Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz iman gətirmişik”, – deyirlər. (Amma) öz şeytanları ilə xəlvətə çəkildikləri zaman: “Biz sizinləyik, biz sadəcə (onları) ələ salırıq”, – deyirlər.
  13. Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar.
  14. Onlar “hidayət”i “azğınlığ”a satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar.

—————————————————————————————————————–

  1. İnadkar kafirlər azğınlıq dolanbacında: Bu ayədə “kafirlər” deyəndə bütün kafirlər nəzərdə tutulmur. Küfründə sabit olan, haqqı danmaq, təkzib etmək qəlblərinə hakim kəsilmiş, Allahın dininə qarşı düşmənçilik və inad etmək yolunda heç bir səyini əsirgəməyən kafirlərdən bəhs edilir. Məqsəd Qüreyşin başçıları kimi son nəfəslərinə qədər Peyğəmbərlə (s) düşmənçilik etməkdən əl çəkməyən kafirlərdir.[8] “Şuəra” surəsinin 136-cı ayəsinə görə, belələrinin qəlbini günah büsbütün qaraltdığından, əlac üçün heç bir yol qalmayıb və onlar Peyğəmbərin (s) qarşısına keçib deyirlər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün fərqi yoxdur“. Allah da “Bəqərə” surəsinin 6-cı ayəsində buyurur: “Həqiqətən, küfr edənləri (ilahi əzabla) qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər“.[9]
  2. Qəlb (ürək) – insanın varlıq həqiqəti: Quranda “qəlb”deyildikdə insan vücudunun həqiqəti, yəni onun ruhu nəzərdə tutulur.[10] Quran ayələrindən aydın olur ki, insanın qəlbi və ruhu da onun bədəni kimi sağlamlıq, xəstəlik və ölüm olmaqla üç hala malidkir. Quran “Şuəra” surəsinin 88-ci və 89-cu ayələrində qəlbin sağlamlığı haqqında buyurur: “O gün (Qiyamət günü) mal-dövlət və övlad bir fayda verməz! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” Qəlbin xəstəliyi haqqında “Bəqərə” surəsinin 10-cu ayəsində oxuyuruq: “Onların ürəyində bir növ xəstəlik var“. Qəlbin ölməsi haqqında isə “Ənam” surəsinin 36-cı ayəsində deyilir: “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri (insan ruhunu əldən verənləri və iman gətirməyənləri) isə Allah (Qiyamətdə) dirildər“. Ürəyin xəstəliyi ona şəkk-şübhənin daxil olmasıdır. Belə ki, ürəkdə Allaha iman nurunu, onun nişanələrini aradan qaldırır və şəkk-şübhə artdıqca qəlbin xəstəliyi də ağırlaşır. “Bəqərə” surəsinin 10-cu ayəsinə görə, “Allah, onların xəstəliyini daha da artırır“. İş o yerə çatır ki, bu nur sönükür və insanın qəlbi ölür. Bu xəstəliyin əlacı Allaha iman və gerçək tövbədir.[11]
  3. Şeytan: “Şeytan” sözü xeyir və yaxşılıqdan uzaq düşmüş[12] və şər varlıq[13] mənasını ifadə edir. Bu ad İblisə məxsus deyil. Amma o, qəti olaraq Allahın rəhmətindən uzaqlaşdığı, qovulduğu və şər simvolu olduğu üçün haqlı olaraq ona “Şeytan” demək olar. Allah “Ənam” surəsinin 112-ci ayəsində buyurur: “Beləcə, Biz hər peyğəmbər qarşısında insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (xalqı) aldatmaq məqsədilə bir-birinə gizlicə (pıçıldaşaraq) aldadıcı və əsassız sözlər deyirdilər“.[14] Bu ayədə “Şeytan”da məqsəd küfr əqidələrində yekdil olan, öz aralarında həmfikir və sirdaş olan kafir və münafiqlərin başçılarıdır.[15]
  4. Kafirlərin cəzası ilahi istehza: Rəvayətə görə, bir nəfər İmam Rzadan (ə) “Allah da onları ələ salar (onlara istehza edir)” cümləsi haqqında soruşduqda, imam (ə) buyurub: “Allah ələ salmır. Amma onları ələ saldıqları üçün cəzalandırır”. Yəni, bu cəza onları ələ salmaqdır.[16] Quranda bu ibarənin digər forması da mövcuddur. Belə ki, “Bəqərə” surəsinin 194-cü ayəsində deyilir: “Kim sizə qarşı həddi aşarsa, siz də ona qarşı həmin ölçüdə həddi aşın“. Bu ayədə fərman verilir ki, sizə qarşı hədd neşə aşılıbsa, (qətl, qarət və s.) siz də həddi aşın.[17]
  5. Onlar (münafiqlər, qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar.
  6. Onlar kar, lal və kordurlar. Buna görə də (yanlış yoldan) dönməzlər.
  7. Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər. Halbuki Allah kafirləri (qüdrəti ilə) əhatə etmişdir.
  8. İldırımın (gözqamaşdıran işığı) az qalır ki, onların gözünü çıxartsın. (Şimşək işıq saçıb çölü) onlar üçün aydınladanda (bir neçə addım) gedirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini alardı. Çünki Allah hər şeyə qadirdir.
  9. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız.
  10. O Allah ki, sizin üçün yer üzünü döşəmə, göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı, göydən su endirdi və onun vasitəsilə sizin üçün ruzi olsun deyə müxtəlif meyvələr yetişdirdi. Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda Allaha şəriklər qoşmayın.
  11. Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın.
  12. Əgər bunu bacarmırsınızsa, – heç bacara da bilməyəcəksiniz, – o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun.

—————————————————————————————————————-

  1. Hamı üçün göndərilmiş kitab: “Ey insanlar!” müraciəti Quranda iyirmi dəfə təkrarlanmış ümumi və əhatəli bir müraciətdir və göstərir ki, Quran müəyyən bir irqə, qəbiləyə, tayfaya və kəsimə məxsus deyil. Əksinə, hamıya öz ümumi dəvətində yer vermiş, vahid Allaha ibadətə, hər növ şirk və tövhid xəttindən yayınmaqla mübarizəyə səsləmişdir.[18]
  2. Bütün insanların Quran kimisini gətirməkdə acizliyi: Allah-taala bu və eləcə də digər Quran ayələrində (“Yunus”, 38; “Hud”, 13-14; “İsra”, 88; “Tur”, 33-34) bütün şüurlu varlıqların – istər insanları, istərsə də cinləri – Quran kimi bir kitab, ondan on surə, hətta bir surə kimisini gətirməkdə aciz olduqlarını və bunu bacarmayacaqlarını bildirir. Buna görə də tam qətiyyətlə hamını Quran kimi bir kəlam gətirməyə dəvət edir. Şübhəsiz, İslama və Qurana aşkar düşmənçilik edənlər, münafiqcəsinə zərbə vuranlar, hətta İslama qarşı mübarizə yolunda canlarından keçən qəddar və qatı düşmənlər Qurana bənzər bir kitab gətirə bilsəydilər, gətirər və Quranın bu qəbildən olan ayələrini batil edərdilər. Peyğəmbər (s) dönəmindən və Quranın nazil olmasından on dörd əsrdən çox bir zaman keçməsinə baxmayaraq, heç bir sözün insanlar arasında Quran qədər özünə yer aça bilməməsi, hər keçən gün bunun daha da vüsət alması, insan ruhunu heyrətləndirməsi, ona məmnunluq hissi aşılaması, zəkaları öz qarşısında baş əyməyə vadar etməsi gerçəyi Quranın vəhy, Peyğəmbərin (s) missiyasının isə haqq olmasının ən böyük sübutudur.[19]
  3. Daxildən alovlanan od: Bu ayəyə görə, Cəhənnəm odunu iki şey alovlandırır, insanlar və daşlar. Bu ayədə “daşlar” kəlməsi Allah yerinə pərəstiş olunan bütləri ifadə edir. Necə ki, Quran “Ənbiya” surəsinin 98-ci ayəsində müşriklərə müraciətlə buyurur: “Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə Cəhənnəm yanacağı (odunu) olacaqsınız“. Ayədə çox önəmli bir məqam budur ki, bəzi insanların Cəhənnəm yanacağı olduğu bildirilir. Bu göstərir ki, insanın bulaşdığı, özünü və başqalarını da aludə edən xoşagəlməz əməllər və fikirlər Qiyamətdə bir od olaraq onun öz vücudundan alovlanacaq, özünü və yoldan çıxardıqlarını yandıracaq. Necə ki, “Huməzə” surəsinin 6 və 7-ci ayələrində Cəhənnəm haqqında oxuyuruq: “O, Allahın yanar odudur. Elə bir od ki, ürəklərdən alovlanır“.[20] “Vəqud” böyük yanmaq qabiliyyətinə malik şeylərə deyilir. Qiyamət günü bu qabiliyyəti dünyada qazanan insanlar olacaq. Onlar kibrit daşı və kükürd kimi içlərində od gizlətmiş, yanmağa hazırdırlar. Daxillərində başqaları üçün də yanacaq vasitə daşıyırlar. Bu dünyada özləri üçün yandırdıqları Cəhənnəmdir. Buna görə də ayənin sonunda buyurur: “Kafirlər üçün hazırlanmışdır“. Yəni, Cəhənnəm qabaqcadan hazırlanmışdır və onlar özlərini kibrit daşı və kükürd kimi yanmağa hazırlamışlar.[21] Ayənin izahı ilə bağlı həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Ey bizim şiələrimiz! Təqvalı olun, o odun yanacağı – odunu olmaqdan çəkinin. Hərçənd ki, siz Allaha küfr etmirsiniz. Mömin qardaşlarınıza zülm etməkdən çəkinməklə özünüzü o odun şərindən amanda saxlayın”.[22]
  4. İman gətirən və yaxşı işlər görənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. (Onun) meyvəsindən onlara verildiyi zaman: “Bu ki bizə əvvəlcə verilən ruzidir”, – deyəcəklər (Amma bunlar onlardan daha yaxşı və daha dadlıdır). Onlar üçün gətirilən meyvələrin hamısı (gözəllik və təravət baxımından) bənzərdir. Onlar üçün orada pak zövcələr də var və onlar orada əbədi qalacaqlar.
  5. Allah (zahirən kiçik olan) ağcaqanadı və ya ondan daha kiçiyini misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Küfr yolunu tutanlar isə (bəhanə olaraq): “Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. (Bəli!) Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir. Amma onunla fasiqlərdən başqasını azdırmaz.
  6. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır.
  7. Allahı necə inkar edirsiniz ki, siz ölü (ruhsuz bədən) idiniz, O, sizi diriltdi. Sonra sizi yenə öldürəcək, yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Deməli, nə həyatınız, nə də ölümünüz özünüzdəndir. Hər şeyiniz Allahdandır.)
  8. Yer üzündə nə (nemət) varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi göy şəklində düzəldib nizama salan Odur. O, hər şeyi biləndir.

—————————————————————————————————————–

  1. Quranda misal gətirməkdə məqsəd: Bu ayənin nazilolma səbəbi haqqında nəql olunmuşdur ki, Allah bəzi ayələri nazil edib, onlarda milçəyi (“Həcc”, 73), hörümçəyi (“Ənkəbut”, 41) misal çəkdikdə, bir qrup müşrik bunu bəhanə edərək tənqid atəşinə tutdular və: “Bu necə səmavi vəhydir ki, milçək və hörümçəkdən danışır?” – deyə istehza etdilər. Allah bu ayəni onlara cavab olaraq nazil etdi.[23] Müxtəlif şeyləri misal gətirməkdə məqsəd həqiqətləri anlatmaq, ağır məfhumları insanların zehninə, düşüncəsinə yaxınlaşdırmaqdır. Bu mətləbə alimlərin kitablarında çox rast gəlmək olar.[24] İnsan nə qədər çox sadə düşünərsə, misala da bir o qədər çox ehtiyacı olur. Bu səbəbdən misal üçün, riyaziyyat müəllimi bu və ya digər həndəsi məsələni təzə şagirdə başa salmaq üçün mütləq misaldan istifadə etməlidir. Qurani-kərim də müxtəlif təlimlərini təqdim etmək üçün çoxsaylı misallardan istifadə etmişdir.[25] İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Allah ağcaqanadı misal çəkdi. Çünki həmin ağcaqanadda kiçik olmasına rəğmən o böyüklükdə fildə olan hər şey yaratmışdır. Bundan əlavə (fildə olmayan), digər iki üzv də yaratmışdır (buynuzcuqlar və qanadlar)”. Allah bu misalla möminlərə yaradılışın zərifliyini bəyan etmək istəyir. Filə bənzər yaradılan və zahirən zəif olan bu varlıq haqqında düşünmək insanın diqqətini Yaradanın əzəmətinə yönəldir.[26]
  2. Allah yanında ən nifrətəlayiq əməllər: “Allahın birləşdirilməsini əmr etdikləri” dedikdə, Onun birləşdirilməsini əmr etdiyi hər şey nəzərdə tutulur. Misal üçün, Peyğəmbərlə (s) əlaqə yaratmaq, imamlarla (ə) ünsiyyət qurmaq, qohumlarla münasibət saxlamaq, iman qardaşları ilə birgə olmaq və s.[27] Hərçənd, bu ayə bütün ilahi münasibətlərə hörmətlə yanaşmaqdan söhbət açır, amma şübhəsiz, qohumluq əlaqəsi onun ən bariz nümunəsidir. Quran qohumluq əlaqələrini pozanlar haqqında ağır ifadələr işlədir. İslam hədislərində isə belələri qınanırlar ve pislənirlər. “Məhəmməd” surəsinin 22-ci ayəsində oxuyuruq: “Əgər (bu göstərişlərdən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini kəsmək gözlənilməzmi?!” İslam peyğəmbərindən (s): “Allah dərgahında ən nifrətəlayiq əməllər hansılardır? – soruşduqda, həzrət (s) buyurdu: “Allaha şərik qoşmaq”. “Ondan sonra hansı əməl?” – soruşduqda isə “Qohumlarla əlaqəni kəsmək”, – deyə bildirdi.[28]
  3. Yeddi göy: Quran ayələrindən aydın olur ki, bizim gördüyümüz bütün ulduzların, səma cisimlərinin hamısı birinci göyə aiddir. Bunun arxasında digər altı göy mövcuddur ki, bizim görmə qabiliyyətimizin və elmi vasitələrimizin gücü xaricindədir. Ümumilikdə yeddi göy var. Bunun dəlili isə Quranda yer alan digər ayələrdir. Misal üçün, “Fussilət” surəsinin 12-ci ayəsində deyilir: “Biz aşağı göyü (dünya səmasını) ulduz qəndillərilə bəzədik“. “Saffat” surəsinin 6-cı ayəsində isə oxuyuruq: “Biz aşağı göyü (dünya səmasını) ulduzlarla bəzədik“.
  4. (Xatırla ki,) Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?”- söylədilər (Çünki bu Adəmdən qabaq da yerdə varlıqlar yaşayır, fəsad törədir, qan tökürdülər). Əgər insanı yaratmaqda məqsəd ibadətdirsə, biz Sənə layiqincə ibadət edirik). (Allah onlara:) “Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!” – buyurdu.
  5. Sonra Adəmə “adlar” elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” – dedi.
  6. (Onlar): “Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən”, – dedilər.
  7. (Sonra) “Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?” – buyurdu.
  8. (Xatırla ki,) mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, qürrələnərək imtina etdi və (əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün) kafirlərdən oldu.
  9. Və (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə məskunlaş və hər ikiniz oradakı (nemətlərdən) istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın düşməyin! Yoxsa zülm edənlərdən olarsınız”.
  10. (Lakin) Şeytan onların Cənnətdən yayınmasına səbəb oldu və olduqları yerdən çıxartdı. (Bu zaman onlara): “Bir-birinizə düşmən kəsilərək (yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanacaq vasitələri var”, – dedik.
  11. Sonra Adəm Rəbbindən bəzi sözlər öyrənərək (onlarla) tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi. Çünki O (Allah), tövbələri qəbul edən və mərhəmətlidir.

—————————————————————————————————————–

  1. Adlar elmi: İnsana ən böyük ilahi bəxşiş olaraq verilən, onun ilahi canişinlik məqamına layiq olmasının, fəzilət və iftixarının mənşəyi olan “adlar” elminin nə olması mövzusunda təfsirçilər arasında çox ehtimallar var. Bəzilərinə görə, məqsəd sözlərlə bağlı bilikdir. Halbuki bir neçə sözü bilmək heç zaman belə bir fəzilətə səbəb ola bilməz. Əlbəttə, bu, ayədə yer alan ifadələrlə də uyğun gəlmir. Çünki “göylərin və yerin gözə görünməyən sirləri” ibarəsi göstərir ki, bu elm göyün və yerin mələklərdən gizli olan sirləri ilə əlaqəli olmuşdur. Bəzilərinə görə, məqsəd ruhları öncədən yaradılan ilahi höccətlərin, xüsusilə məsum imamların (ə) adlarıdır. Bəzi rəvayətlərdə də belə bir izah yer almışdır. Heç şübhəsiz, bu qəbildən olan rəvayətlər bu ümumi məfhumun önəmli nümunələrinə işarədir. Necə ki, təfsirlə bağlı rəvayətlərin metodu da belədir. “Adlar” elmi bununla bitmir. Əksər təfsirçilərə görə, məqsəd budur ki, Allah yerə, göyə, mədənlərin çıxarılmasına, əkinçiliyə aid bütün bilikləri Adəmə öyrətdi, yaxud da onun təbiətində, istedadında bunlara yığcam şəkildə yer verdi. Beləcə Adəm dünyanın bütün sirləri ilə tanış oldu. Bu sirlərin hamısını anlamaq bacarığını, ləyaqətini övladlarına da ötürdü. Onun belə bir elmə yiyələnməsindən, bu bacarığı övladlarına da ötürməsindən daha üstün, daha yüksək fəzilət ola bilərmi? İmam Sadiq (ə) bir hədisdə sözügedən ayənin izahı ilə bağlı buyurur: “Məqsəd bütün yerlər, dağlar, dərələr, çay yataqlarıdır”. Sonra həzrət (ə) ayağının altına sərilmiş bir xalçaya baxıb buyurdu: “Bu xalça da Allahın Adəmə öyrətdiyi məsələlərdən idi”. Bu şərh göstərir ki, Adəm bütün biliklərə yiyələnmişdi.

Əllamə Təbatəbai “əl-Mizan” əsərində bu məsələni tədqiq edərək belə qənaətə gəlir: “Allahın Adəmə öyrətdiyi adlar qeyb pərdəsi ilə örtülmüş yüsək varlıqlar idi ki, bu dünyada hər bir ad onların xeyir və bərəkəti ilə nazil olmuş, onların nurundan faydalanmışdır”. Hər halda “adlar” elmi bu dünyanın önəmli həqiqətlərini ehtiva edən çox geniş bilik sahəsi olmuşdur.[29]

  1. Adəmin Cənnəti: Bəziləri Adəmin Cənnətinin pak və yaxşı insanlara vəd edilmiş Cənnət olduğunu hesab etmişlər. Lakin doğrusu budur ki, Adəmin Cənnəti yerin yaşıllıqla əhatə olunmuş bölgələrindən birində yerləşən naz-nemət dolu, ruh oxşayan bağlardan biri olmuşdur. Çünki birincisi, Qiyamətdə vəd edilən Cənnət əbədi bir nemətdir. Bir çox Quran ayələrində onun əbədi olmasına işarə edilmişdir və ondan çıxmaq mümkün deyil. İkincisi, nə günaha aludə olan İblis oraya yol tapa bilər, nə onun vəsvəsələri, nə də Allaha itaətsizlik. Üçüncüsü, Əhli-beytdən (ə) bizə gəlib çatan rəvayətlərdə bu mövzuya tam aydınlıq gətirilmişdir. Rəvayətçilərdən biri nəql edir ki, İmam Sadiqdən (ə) Adəmin Cənnəti haqqında soruşdum. İmam (ə) buyurdu: “Ora dünya bağlarından biri idi. Günəş və ay oraya saçırdı. Əgər əbədi Cənnət olsaydı, Adəm oradan çıxarılmazdı”. Buradan aydın olur ki, Adəmin yer üzünə enməsində məqsəd – məqamından enməsidir, məkanından yox. Yəni öz dəyərli məqamından endirildi və yamyaşıl bağdan çıxarıldı. İrəli sürülən digər bir ehtimala görə isə bu Cənnət digər planetlərdən birində olmuşdur. Buna İslam rəvayətlərində də işarə vurulmuşdur. Bu qəbildən olan rəvayətlərdə sözükeçən “səma” (göy) sözündə məqsəd də yüksək məkana yox, yüksək məqama vurğu ola bilər. Hər halda, çoxsaylı dəlillər göstərir ki, bu Cənnət axirət Cənnəti deyil. Çünki Qiyamət Cənnəti insanın əməllərinin nəticəsi və insanın son mənzilidir. Bu Cənnət isə Adəmin əməllərinin, həyat proqramının başlanğıcı və ilk mənzili olmuşdur.[30]
  2. Dedik: “Hamınız oradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanların nə bir qorxusu var, nə də onlar qəmgin olarlar”.
  3. Kafir olanlar və ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər, onlar orada əbədi qalacaqlar.
  4. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun!
  5. Göndərdiyimə (Qurana) iman gətirin ki, onun nişanələri sizin kitablarınızda olanlara uyğundur. Onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın (dəyərsiz dünya malına görə kitablarınızda mövcud olan Quranın və İslam peyğəmbərinin nişanələrini gizlətməyin) və ancaq Məndən (və əmrlərimə qarşı çıxmaqdan) qorxun (insanlardan yox)!
  6. Haqqı batillə qarışdırmayın, haqqı bilə-bilə gizlətməyin!
  7. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Namazı camaatla birgə qılın!)
  8. İnsanları yaxşı işlərə (nişanələri Tövratda aydın şəkildə verilən peyğəmbərə iman gətirməyə) dəvət etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?
  9. Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır.
  10. (İtaətkarlar) o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona doğru qayıdacaqlarına əmindirlər.
  11. Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və (bir zaman) sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın!
  12. Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur, heç kəsdən əvəz alınmır və onlara heç bir kömək göstərilmir.

—————————————————————————————————————–

  1. İsrail: “İsrail” sözü (həzrət Yusifin (ə) atası) həzrət Yaqubun (ə) ləqəbidir. İbri dilində iki sözdən, qul mənasını ifadə edən “isra” və Allah mənasında işlənən “İl” sözündən ibarətdir. Həzrət Yaqubun (ə) on iki oğlu var idi və Bəni-İsrailin soyu bu on iki oğul uşağına çatır. Həzrət Musanın (ə) soyu da dörd vasitə ilə həzrət Yaquba (ə) çatır.[31] İsrail övladlarının Allahla bağladığı əhd-peymanda məqsəd “Bəqərə” surəsinin 83 və 84-cü ayələrində sözü keçən məsələlərdir.[32] Allahın İsrail oğullarına bəxş etdiyi nemətdə məqsəd isə 49-cu ayədən sonra deyilənlərdir.[33]
  2. Namazdan yardım istəmək: Allah-taala bu ayədə çətinliklərdə səbr və namazdan kömək almağı əmr edir. Namaz – aləmlərin Rəbbinə qəlbən diqqət etməkdir. Ruhun öz maliki və ixtiyar sahibi ilə əlaqəsidir.[34] Təfsirçilər bu ayəni izah edərkən bildirmişlər ki, Peyğəmbər (s) onu narahat edən bir problemlə qarşılaşdıqda namaz və orucdan kömək alardı. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Həzrət Əli (ə) böyük bir problemlə qarşılaşdıqda namaza sığınırdı”. Sonra imam (ə) bu ayəni oxudu.[35]

47: Bəni-İsrailin bütün insanlardan üstün olması: İsrail övladlarının bütün insanlardan üstün olmasında məqsəd onların öz müasirlərindən, yaşadıqları mühitin insanlarından üstün olmasıdır. Belə ki, “Əraf” surəsinin 137-ci ayəsində Bəni-İsrail haqqında oxuyuruq: “Yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərini zəifliyə sürüklənən (zülm zənciri altında əzilən) o tayfanın öhdəsinə qoyduq“. Məlumdur ki, o zaman Bəni-İsrail bütün yer üzünə sahib olmadı. Deməli, yaşadıqları yerin şərq və qərbinə malik olmaları nəzərdə tutulur. Buna görə də onların bütün insanlardan üstün olması da həmin bölgənin insanlarından üstün olması deməkdir.[36]

48: Şəfaətin gerçəkləşməsi şərti: Təfsirçilərə görə, ayənin “heç kəsdən şəfaət qəbul olunmur” hissəsi göstərir ki, Qiyamətdə heç kəsin şəfaəti Allahın izni olmadan qəbul olunmayacaq. Necə ki, Allah “Taha” surəsinin 109-cu ayəsində buyurmuşdur: “O gün Rəhman Allahın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz![37] Bu – və bu qəbildən olan – ayələr kafirlərə və ağır günahlar səbəbilə şəfaətdən məhrum olan fərdlərə aiddir. Buna görə də bu ayənin digər şəfaət ayələri və Peyğəmbərin (s), məsum imamların (ə) günahkarlara vasitəçilik etməsi haqqında nəql olunan çoxsaylı rəvayətlərlə ziddiyyət təşkil etmir. Əlbəttə, bir məsələni xatırlatmaq zəruridir ki, şəfaət nə günaha həvəsləndirməkdir, nə geridə qalma əlamətidir, nə də bugünkü dünya cəmiyyətlərindəki tərəfgirlik və dostbazlığa bənzərdir. Əksinə, çox önəmli tərbiyə üsuludur və müxtəlif baxımlardan müsbət və qurucu təsirlərə malikdir. Misal üçün, günahkarda ümid yaradır, onu məyusluq ruhu ilə mübarizə haqqında düşündürür. Onların günahların bağışlanmayacağı ilə bağlı ümidsizliyə qapılıb aludəlik girdabında batmasına mane olur. Həmçinin, şəfaətə ümid edən kəs şəfaət edənlə hər hansı bir şəkildə ünsiyyət qurmağa çalışır. Onun razılığını cəlb etmək yönündə işlər görür. Məhz bu mənəvi əlaqə şəfaət edənin gözəl xüsusiyyətlərinin şəfaət olunana keçməsinə gətirib çıxarır. Öncə də qeyd etdiyimiz kimi, şəfaətin başlıca şərti Allahın iznidir. Şübhəsiz, şəfaətə ümid edən kimsə bu iznin müqəddimələrini bu və ya digər şəkildə hazırlamalıdır. Yəni, elə bir iş görməlidir ki, Allahın xoşuna gəlsin. Bundan başqa, bəzi ayələrdə deyilir ki, şəfaət zalımlara aid deyil. Beləcə, şəfaətə ümid bağlayanlar zülmkarların cərgəsindən (burada “zülm” geniş mənadadır) çıxmalıdırlar. Bu cəhətlərin məcmusu səbəb olur ki, şəfaətə ümid bağlayanlar keçmiş əməllərini bir daha nəzərdən keçirsinlər. Gələcək üçün daha yaxşı qərarlar versinlər. Bunun özü də şəfaətin müsbət tərəfi və tərbiyədə təsirli amildir.[38]

  1. (Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi.
  2. (Yadınıza salın ki,) o zaman sizin üçün dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa (suda) qərq etdik.
  3. (Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz.
  4. Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
  5. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz.
  6. (Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: “Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, yaradanınıza tərəf qayıdaraq tövbə edin, özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır”. Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır.
  7. (Yadınıza salın ki,) “ya Musa, Allahı açıq-aşkar görməyincə, sənə əsla iman gətirməyəcəyik”, – dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurdu.
  8. Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə (Onun nemətlərinə) şükür edəsiniz.
  9. Üstünüzə buludla kölgə saldıq. Sizə “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) göndərdik. (Və dedik:) “Ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Amma siz naşükürlük etdiniz). Onlar bizə yox, özlərinə zülm edirdilər.

—————————————————————————————————————–

  1. İsrail oğullarının başının kəsilmə səbəbi: Fironun İsrail övladlarının başını nədən kəsməsi haqqında müxtəlif versiyalar mövcuddur. Bəzilərinə görə, o, yuxuda “Beytül-müqəddəs tərəfindən alovlaıb bütün Misir evlərini bürüyən və qibtilərin (Firon tərəfdarlarının) evini yandıran, İsrail oğullarının evinə isə yaxın düşməyən od gördü. O, yuxuyozanlardan izahat tələb etdi. Onlar dedilər: “Beytül-müqəddəsdən bir kişi çıxacaq və fironçuların hakimiyyətini, gücünü məhv edəcək”. Bəzilərinə görə, bu məsələni Firona kahinlər (cinlərlə əlaqədə olub, gələcək və qeyblə bağlı məlumatı olanlar) xəbər verdilər. Bəzilərinin fikrincə isə bu xəbəri keçmiş peyğəmbərlər vermişdilər və Fironun da qulağına çatmışdı. Hər halda o, Bəni-İsraildən olan oğlan uşaqlarını öldürməklə belə bir şəxsin qiyamını önləmək istəyirdi. Bəzi təfsirçilərə görə, fironçular bu planı Bəni-İsraili zəiflətmək üçün qurmuşdular ki, onların üsyan və savaş gücü olan oğul övladlarını aradan götürsünlər, təkbaşına üsyan edəcək, mübarizə aparacaq gücü olmayan qadınlarını isə xidmətçi olaraq istifadə etmək üçün diri saxlasınlar. Bundan başqa, “Ğafir” surəsinin 25-ci ayəsindən aydın olur ki, Bəni-İsrail qadınlarının oğul uşaqlarını öldürmək, qız uşaqlarını isə sağ saxlamaq prosesi hətta həzrət Musanın (ə) qiyamından sonra da davam edirdi: “(Musa) onlar üçün dərgahımızdan haqq gətirdikdə onlar: “Ona iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər“.[39]
  2. Nil çayı böyük bir dəniz kimi: Ayədə “bəhr” sözündə məqsəd böyük Nil çayıdır ki, böyüklüyünə görə ona dəniz deyilmişdir.[40]
  3. Buzova sitayişin ağır cəzası: Bəzi rəvayətlərə görə, həzrət Musanın (ə) fərmanı ilə buzova sitayiş edənlərdən yetmiş min nəfəri səhər vaxtı qılınc çəkib bir-birlərini öldürməyə başladı. Onların on min nəfəri öldürüldü. Bu zaman həzrət Cəbrayıl (ə) nazil oldu və Musaya (ə) dedi: “Onlara söylə, bir-birlərini öldürməyi saxlasınlar. Allah tövbələrini qəbul etdi”.[41] Buzova sitayiş edənlərə belə ağır və qəribə cəza verilməsinin səbəbinə gəlincə, bəziləri bildirmişlər ki, buzova sitayiş etməyin özünün çox böyük günah olmasına baxmayaraq, onun bu qədər böyük və aydın möcüzələr, nişanələr görən qövm tərəfindən edilməsi daha çirkin idi. Allah onlara belə ağır bir cəza kəsdi ki, buzova sitayiş etmək bir dah onların ağlından keçməsin.[42]
  4. Allahın İsrail övladlarına lütfləri: Bəzi təfsirçilərə görə, Musa (ə) Bəni-İsraili böyük Nil çayından keçirdikdən sonra onlar səhrada mənzil saldılar. Musaya dedilər: “Ey Musa! Bizi həlak etdin. Abad şəhərimizdən, yurd-yuvamızdan kölgəsi, ağacı, suyu olmayan çöllü-biyabana gətirdin”.

Allah bir bulud göndərdi ki, gündüzlər onların üzərinə kölgə salsın. Gecələr onlar üçün ləziz şirə göndərirdi. Onu bitkilərin, ağacların, daşların üzərinə qoyurdu. Günorta vaxtı isə süfrələrində qızarmış quş olurdu. Musanın (ə) yanında bir daş da var idi ki, əsa ilə ona vururdu və ondan on iki bulaq (Bəni-İsrail qəbilələrinin sayı qədər) qaynayırdı. Belə ki, hər qəbilə özünə məxsus olan çeşmədən istifadə edirdi. “Bəqərə” surəsinin 60-cı ayəsində də buna işarə edilmişdir.[43]

  1. (Yadınıza salın ki,) o zaman dedik: “Bu şəhərə (Beytül-müqəddəsə) girin, onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və (Ya Rəbb!) “günahlarımızı tök!” – deyin ki, xətalarınızı bağışlayaq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq.
  2. Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik.
  3. (Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı həmin daşa vur!” – deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki, (İsrail övladlarının on iki tayfasıdan) hər biri öz çeşməsini tanıdı. (Və dedik: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!”
  4. Onda siz dediniz: “Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən – göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var”. Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi.

—————————————————————————————————————–

  1. Əhli-beyt (ə) vilayəti – ilahi əfv qapısı: İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Biz sizin bağışlanma qapınızıq”. Yəni, biz sizin üçün Bəni-İsrailin keçməli və günahları bağışlansın deyə, “hittə!” (günahlarımızı tök) deməli və ilahi mükafat almalı olduğu qapı kimiyik. Müsəlmanlar da ilahi rəhmətə qovuşmaq, əfvə nail olmaq istəyirlərsə, Əhli-beytin (ə) vilayətini etiraf etməli və onların sevgi hərəminə daxil olmalıdırlar.[44]

59: Bəni-İsrailin Allahın fərmanına etinasızlığı: Qurana görə, Bəni-İsrail Beytül-müqəddəs məbədinə daxil olanda “hittə!” (İlahi, günahlarımızı tök!) sözünü dilə gətirməli idi. Bəzi təfsirçilərə görə isə onlar bu sözü istehza ilə, Allahn fərmanına qarşı gələrək dəyişdilər. Onun yerinə “hintə”, yəni buğda dedilər.[45]

  1. Bəni-İsrailin etinasızlığının əzabı: “Ricz” sözünün lüğəvi mənası iztirab və nizamsızlıqdır. Hicaz şivəsində əzab mənasını verir. Bəzi rəvayətlərdə ayədəki bu söz taun xəstəliyi kimi izah edilmişdir ki, sürətlə Bəni-İsrail arasında yayıldı. Maraqlı burasıdır ki, onlardan yalnız zalım olanlar bu xəstəliyə yoluxdu.[46]
  2. Bəni-İsrailin bir növ yeməyə dözümsüzlüyü: “Bir növ təam” dedikdə şirə və quş nəzərdə tutulur. Bu iki növ qidanın bir növ hesab olunmasına səbəb budur ki, onda müxtəliflik, çeşidlilik yox idi. Bir növ qida nə qədər dadlı olsa da yeknəsəq və təkrar olduqda insanı çiyrindirir.[47]
  3. Bəni-İsrailin mənzil saldığı şəhər: “Misir” sözü əslində iki şey arasındakı hədd, sərhəd, yaxud torpaq sahəsi mənalarında işlənir. Şəhərlər müəyyən hüdudlara sığdığından “Misir” adlanırlar.[48] Buna nəzərən düşünürük ki, bu ayədə “Misir”də məqsəd onun ümumi məfhumu, yəni şəhərdir (ölkə yox). Yəni, siz hazırda bu səhrada özünütərbiyə sınağından keçirsiniz. Bura növbənöv qidaların yeri deyil. Gedin şəhərlərdə məskən salın. Orada bunların hamısı var. Amma bu özünütərbiyə proqramı orada yoxdur.[49]
  4. Yəhudilərin peyğəmbərləri öldürməsi: Deyilənə görə, yəhudilər çoxlu sayda peyğəmbəri müxtəlif üsullarla, o cümlədən başını kəsmək, quyuya atmaq, qazanda qaynatmaq, yandırmaq və s. yollarla öldürmüşlər. Bundan başqa padşahların fərmanları, kafir və müşriklərin əli ilə bir çox peyğəmbərin ölümünə vasitə olmuşlar.[50]
  5. (İslam peyğəmbərinə) iman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (Yəhya peyğəmbərin ardıcılları) Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu var, nə də onlar bir qəm-qüssə görərlər. (İlahi dinlərin ardıcıllarının hər biri öz dövründə vəzifələrinə və dini əmrlərə uyğun əməl etmişsə, mükafatını alacaq və nicat tapacaqdır.)
  6. (Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik: ) “(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”.
  7. Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız.
  8. Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var . Biz də onlara: “Qovulmuş meymunlar olun!” – dedik.
  9. Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik.
  10. (Yadınıza salın ki,) bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir! (Onun bədəninin bir hissəsini qatili tapılmayan ölüyə vurun ki, dirilsin, qatilinin kim olduğunu bildirsin və bununla da hay-küy yatsın.)” (Onlar isə) dedilər: “Bizi ələ salırsan?” (Musa) dedi: “Cahillərdən olmaqdan Allaha sığınıram”.
  11. Onlar dedilər: “(Elə isə) bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!” – dedi.
  12. Onlar dedilər: “Bizim üçün Rəbbindən istə, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tam sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, – dedi.

—————————————————————————————————————–

  1. İstənilən dinə sitayiş nicat tapmağa səbəb olurmu? Bəzən bu ayəyə istinad edərək digər bütün dinlərin doğru olmasının əsaslandırıldığını görürük. Onlar iddia edirlər ki, Qurana görə, kim sözügedən dinlərdən birinə iman edərsə, Qiyamətdə nicat tapacaqdır. Amma nəzərə almaq lazımdır ki, bu ayədə yəhudi və xristianların bəzi əsassız etiqadları tənqid olunmuşdur. Çoxsaylı Quran ayələrinə görə, onlar seçilmiş ümmət olduqlarına, hidayət olunmuş irq və xalq olduqlarına, digər insanlardan fərqləndiklərinə inanırdılar. Özlərini Allahın övladları və dostları hesab edirdilər. Onların etiqadına görə, axirət dünyası onlara məxsus idi. Cəhənnəmə getməli olsalar da bu, çox qısa müddətlik olacaq. Məlum ayə bu yanlış və azğın etiqada cavab olaraq cahanşümul müraciətlə buyurur ki, bütün insanlar Allah dərgahında eynidirlər. Heç bir zümrə başqa bir zümrədən üstün deyil. Tək müsəlman, yəhudi, xristian və s. adı üzərində olmaqla xilas olmaq mümkün deyil. Əksinə, Qiyamətdə xilas olmağın əsası budur ki, insan həqiqətən səmimi qəlbdən iman gətirsin və onu yaxşı əməllə müşayiət etsin. Buna görə də bu ayə əsla bütün şəriətləri rəsmiləşdirmir. Bəşəriyyəti bu yollardan istədiyini seçməkdə azad buraxmır. Əksinə, ayədə məqsəd özünü yüksəkdə görməyin, yəhudilik və s. kimi sözlərin əsassız olmasıdır. Bu səbəbdən də sözügedən ayədən ümumi sülh nəzəriyyəsini anlamaq və bütün dinlərin ardıcıllarının nicat tapacağını anlamaq olmaz. Quranın hansı dinin ardıcılı olmağı Qiyamətdə xilas olma səbəbi hesab etdiyini bilmək üçün digər ayələrə – misal üçün, “Ali-İmran” surəsinin 85-ci ayəsnə – müraciət etmək lazımdr.[51]
  2. Dağı Bəni-İsrailin başı üzərinə qaldırmağın səbəbi: Dağı Bəni-İsrailin başı üzərinə qaldırmaqda məqsəd onları böyük ilahi qüdrətdən qorxutmaq, Allahın fərmanlarına əməl etməyə səsləmək olmuşdur. Əlbət ki, bu dəvətdə ikrah və məcburiyyət olmamışdır. Onda məqsəd onlara Allahın əzəmətli qüdrətini göstərmək olmuşdur. Çünki əgər dağı Bəni-İsrailin başı üzərinə qaldırmaq məcburiyyətə səbəb olsaydı, o zaman həzrət Musanın (ə) digər bir çox möcüzələri də məcburiyyətə, insanların zorla dinə gətirilməsinə səbəb olardı. Bir halda ki, Qurana görə, onlar bütün bu heyrətləndirici möcüzələrə şahid olandan sonra yenə də iman gətirmədilər. Necə ki, sonrakı ayədə deyilir: “Sonra bunun ardınca siz üz döndərdiniz”.[52] Ətraflı məlumat üçün, “Əraf” surəsinin 171-ci ayəsinin izahına bax.
  3. “Əshabi-səbt” haqqında ətraflı məlumat üçün, “Əraf” surəsinin 165-ci aysəinə bax.
  4. (Onlar yenə) söylədilər: “Bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin, çünki bu inək bizə qaranlıq qalıb. Əgər Allah istəsə, əlbəttə, düz yolda olacağıq”.
  5. (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o, nə yer şumlamağa ram edilmiş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuzdur, hətta heç bir başqa rəngi yoxdur”. (Bu zaman) onlar: “İndi həqiqəti gətirib çıxartdın”, – dedilər və onu (belə bir inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi görməsinlər.
  6. (Yadınıza salın ki,) siz o zaman bir nəfəri öldürüb, sonra onun (qatili) barəsində mübahisə etdiniz. Allah gizlətdiyinizi aşkara çıxarır.
  7. (Belə olduqda) dedik: “(Kəsilmiş inəyin) bir parçasını ölüyə vurun (ki, dirilib qatilinin kim olduğunu bildirsin)”. Allah ölüləri belə dirildər və sizə Öz nişanələrini göstərər ki, bəlkə düşünəsiniz.
  8. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Çünki bəzi daşların içərisindən çeşmələr axır, bəzisi yarılıb içindən su fışqırır və bəzisi də Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür. (Amma sizin qəlbləriniz nə Allah qorxusu ilə döyünür, nə də bilik və insani duyğuların mənşəyidir.) Allah sizin etdiklərinizdən qafil deyildir.
  9. İndi onların sizə (dininizə) inanacaqlarınımı umursunuz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
  10. İman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”, – deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bəziləri digərlərinə etiraz olaraq): “Allahın (İslam peyğəmbərinin nişanələri haqqında) sizə bildirdiyi şeyi onlara (müsəlmanlara) danışırsınız ki, (Qiyamət günü) Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?” – söyləyirlər.

—————————————————————————————————————–

  1. Bəhanə aramaq və vəzifənin ağırlaşdırılması: İmam Rzadan (ə) aşağıdakı məzmunda bir rəvayət nəql olunmuşdur: “Bəni-İsraildən bir kişi yaxınlarından birini öldürdü, nəşini isə qəbilələrdən birinin yolu üstünə atdı. Sonra bir dəstə toplayıb ölənin qanını tələb etmək üçün həzrət Musanın (ə) yanına getdi və ondan qatili tapıb üzə çıxarmasını istədi. Musa (ə) dedi: “Mənim üçün bir inək gətirin”. Dedilər: “Bizi ələ salmısan?” Musa (ə) dedi: “Cahillərdən olmaqdan Allaha sığınıram”. Əgər onlar inək gətirsəydilər, sonrakı zəhmətlərə qatlaşmazdılar. Amma onlar işi daha da çətinləşdirdilər. Allah da onların işini ağırlaşdırdı. Dedilər: “Bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin“. Musa dedi: “Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!” Nəhayət, həmin əlamətlərə uyğun inəyi Bəni-İsraildən olan bir gəncdən tapdılar. Gənc dedi: “Mən inəyimi bir qızıl dolu dəridən başqa heç nəyə satmaram”. Onu satın aldılar. Musanın (ə) göstərişi ilə kəsdilər. Ətinin bir parçasını ölünün bədəninə vurdular. Öldürülmüş şəxs dirildi və qatilinin kim olduğunu açıqladı. Musa (ə) səhabələrinə dedi: “İnək əhvalatı bundan ibarət idi ki, əməlisaleh bir gənc atasına çox hörmət qoyurdu. Bir gün onun üçün çox qazanc gətirəcək bir alış-veriş fürsəti yarandı. Atasının yanına getdi ki, sandığın və ya otağın açarını alsın. Amma atası yatdığından onu oyadıb narahat etmədi və alış-verişdən vaz keçdi. Atası əhvalatdan xəbərdar olub ona “afərin” dedi və həmin inəyi ona bağışladı”. Sonra həzrət Musa (ə) buyurdu: “Yaxşı əməlin nəticəsinin sahibinə necə çatdığına baxın!”[53]
  2. Mövcudatın Allaha təbii itaəti: Ayənin “(Bəzi daşlar) Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür” hissəsi insanlarda belə bir sual doğura bilər ki, daşların dağlardan yuvarlanıb düşməsi zəlzələ və s. təbii hadisələrlə bağlı olduğu halda Quran onların Allahın qorxusundan düşdüyünü bildirir. Bu suala cavab olaraq demək lazımdır ki, bütün səbəblər sonunda Allaha gedib çıxır. Daşın dağdan aşağı yuvarlanmasında təbii hadisələrdən təsirlənməsi əslində Allahın gerçəklikdə yaratdığı qanunlardan təsirlənməsidir. Daş dağdan düşdükdə əslində Allahın qanunu, ilahi fərman icra olunur. Sanki daş Allahın fərmanına itaət üçün, Onun qanununa itaətsizlik qorxusundan aşağı yuvarlanır. Necə ki, “Bəqərə” surəsinin 166-cı ayəsində oxuyuruq: “Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir“.[54] Güman ki, bütün varlıqlar, hətta daşlar da Allahın əmrlərinə tabe olurlar. Amma insanın qəlbi o qədər sərtdir ki, ilahi fərmanlara əsla məhəl qoymur.
  3. Onlar bilmirlərmi ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?!
  4. Onların bəziləri Allahın kitabını boş arzulardan (xam xəyallardan) başqa bir şey sanmayan avamlardır (bisavadlardır). Onlar yalnız zənnə qapılırlar.
  5. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onu az qiymətə satsınlar. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!
  6. (Onlar): “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz” – dedilər. (Onlara) de: “Allahdan belə bir əhd almısınızmı? – Allah heç vaxt öz əhdindən dönməz. – Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”
  7. Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar.
  8. İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar.
  9. (Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız.

—————————————————————————————————————–

  1. Təqlid – kortəbii, yoxsa şüurlu: “Bəqərə surəsinin 75 və 79-cu ayələri yəhudiləri iki qismə ayırır. Birinci qisim səmavi kitabı oxuyur, amma onu öz istəklərinə uyğun yazır və təhrif edirdi. İkinci qisim oxumaq və yazmaq bilmirdi. Səmavi kitabdan yalnız birinci qismin onlara dediyi təhrif və yalanları bilirdilər.[55] Bu ayə ilə bağlı nəql olunmuşdur ki, bir kişi İmam Sadiqə (ə) dedi: “Avam (savadsız) yəhudilər öz səmavi kitablarından yalnız alimləri vasitəsi ilə xəbər tutduqları halda, necə olur ki, Allah onları alimləri qəbul etdikləri, onlardan söz dinlədikləri üçün məzəmmət edir? Yəhudi avamları bizim alimləri eşidən, onların ardınca gedən avamlarımızdan fərqli idilərmi?” İmam (ə) buyurdu: “Bizim avamlarımız yəhudi avamlarından bir cəhətdən fərqli, digər cəhətdən isə onlara bənzərdirlər. Allah yəhudi avamlarını qınadığı kimi bizim də avamlarımızı qınayıb. Onların fərqi budur ki, yəhudi avamları alimlərinin vəziyyətindən xəbərdar idilər və bilirdilər ki, onlar açıq şəkildə yalan danışırlar. Haram yeyir, rüşvət alırlar. Allahın hökmlərini dəyişirlər. Onlar öz vicdanları ilə bu gerçəyi dərk etmişdilər ki, belə şəxslər günahkardırlar. Onların Allah və Onun hökmləri haqqındakı sözlərini, peyğəmbərlər haqqında şahidliklərini qəbul etmək doğru deyil. Bu səbəbdən Allah onları qınamışdır. Əgər bizim avamlarımız da öz alimlərindən aşkar günah, şiddətli təəssüb, dünya və harama tamahı görüb, onların ardınca getsələr, günahkar alimlərin ardınca getdikləri üçün qınanan yəhudilər kimi olacaqlar”. Sonra imam (ə) buyurdu: “Avam, savadsız insanlar ruhunun saflığını qoruyan, dinə sadiq olan, nəfsani həvəslərə qarşı gələn, ilahi fərmana müti olan alimlərin ardınca getməlidirlər”.[56]
  2. Yəhudilik və irqi üstünlük etiqadı: Bu ayə yəhudilərin əsassız sözlərindən birinə işarədir. Bu illüziya onları qürrələndirirdi, yanlışlıqlarına, eqoistliklərinə, xudpəsəndliklərinə səbəb olurdu. Bu etiqada əsasən, yəhudi irqi bütün irqlərdən üstündür. Onlar fərqlidirlər, günahkarları yalnız qısa bir müddət cəzalandırılacaqlar. Sonra isə Allahın əbədi Cənnəti onların ixtiyarına veriləcək. Yəhudilər özlərini peyğəmbərlərin övladları hesab edir və deyirdilər: “Onlar Qiyamət günü öz övladları ilə bağlı şəfaət edəcəklər”. Həmçinin onların şəfaət edəcəyinə inandıqlarından deyirdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz”. Bu ayə məntiqi açıqlama ilə sözügedən yanlış düşüncəni aradan qaldırır və bildirir ki, sizin bu sözünüz iki haldan xaric deyil. Ya Allahla bu haqda xüsusi əhd-peyman bağlamısınız. – Təbii ki, belə bir əhd-peyman yoxdur. – Ya da Allaha qarşı yalan danışırsınız.[57]
  3. Xoş danışmaq: İmam Sadiq (ə) “İnsanlarla xoş danışın” ibarəsi ilə bağlı buyurur: “İnsanlarla xoş danışın. Yaxşılıq və xeyirdən başqa bir şey haqqında danışmayın. Nə qədər ki, bir sözün yaxşı olduğunu bilmirsiniz, dilinizə gətirməyin”. İmam Baqirdən (ə) nəql olunan bir rəvayətdə oxuyuruq: “İnsanlarla sizinlə danışılmasını istədiyinizdən daha yaxşı və xoş danışın”.[58]
  4. (Xatırlayın ki,) o zaman sizdən: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz.
  5. Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşıbu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır.) Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdən qafil deyil.
  6. Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz.
  7. Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs Ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi?
  8. (Onlar istehza ilə) dedilər: “Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar.

—————————————————————————————————————–

  1. Yəhudilər və əsirlər üçün fidyə ödəmək: Əksər təfsirçilər bu ayə haqqında bildirmişlər ki, Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələrinin hər ikisi yəhudi qəbilələrindən idi və bu qəbilələr bir-biri ilə yaxın qohum idilər. Onlar dünya mənafeyinə görə bir-biri ilə qarşı-qarşıya gəldilər. Bəni-Nəzir Xəzrəc qəbiləsinə, Bəni-Qüreyzə isə Əvs qəbiləsinə qoşuldu. Hər ikisi (Xəzrəc və Əvs) müşrik ərəb qəbilələrindən idi. Xəzrəc və Əvs qəbilələri arasında baş verən döyüşlərdə Bəni-Qüreyzə və Bəni-Nəzir də öz müttəfiqlərinə kömək edirdi. Lakin döyüş alovu sönükdükdən sonra bütün yəhudilər toplaşıb, əl-ələ verib fidyə (əsirləri azad etmək üçün ödənilən vəsait) ödəyərək əsirlərini azad edirdilər. Bu işlərində Tövratın hökm və qanununu əsas gətirirdilər. Halbuki birincisi, Əvs və Xəzrəc hər ikisi müşrik qəbilələr idilər və onlara kömək icazəli deyildi. İkincisi, fidyə ödəmək əmrini verən qanun qətldən çəkinmək əmrini də vermişdir. Yəhudilər arasında digər nadan və inadkar qövmlərdə olduğu kimi bu növ ziddiyyətli əməllər çox idi. Ayənin işarələrindən biri budur ki, iman və təslim olmağın nəticəsi özünü qanun insanın şəxsi mənafeyinə zidd olanda göstərir. Bu halda insan ilahi qanuna hörmət edərsə, deməli, imanlıdır. Yoxsa, ilahi göstərişlər insanın mənafeyini qorumaq yönündə olanda ona əməl etmək nə fəxrdir, nə də iman əlaməti. Buna görə də möminləri müsəlmanlardan daim bu yolla ayırmaq olar. Çünki möminlər ilahi qanunların hamısına təslim olurlar. Münafiqlər isə ayrı-seçkilik edirlər.[59]
  2. Dünya və onun axirət qarşısında dəyərsizliyi: Allah Quranda dəfələrlə dünya həyatını məzəmmət etmiş, insanlara xəbərdarlıq etmişdir: “Dünya həyatı sizi aldatmasın“. Bu qınağın səbəbinə gəlincə, Quran insanlara elə bir həyat və yaşam vəd etmişdir ki, dünya həyatı onun yanında çox dəyərsizdir. Onu dünya həyatına satmaq olmaz. Allah-taala “Tövbə” surəsinin 38-ci ayəsində dünya və axirət arasındakı fərq haqqında buyurur: “Axirətə qarşılıq dünya həyatınamı razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) çox cüzi bir şeydir!” Həzrət Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Dünya və axirətin müqayisəsi sizdən birinizin barmağını dənizə salıb, sonra onu çıxarması kimidir. Görün onun barmağı dəniz suyundan nə qədər götürə bilmişdir”.[60] Həzrət Əli (ə) isə buyurur: “Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (dəyərsiz dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq Cənnətdir. Elə isə özünüzü ondan başqa heç nəyə satmayın”.[61] Bəli, insan dünya və axirət yolayrıcında qalanda dünyanı seçərsə, Quranın qınağına tuş gələr. Necə ki, “Əraf” surəsinin 32-ci ayəsində oxuyuruq: De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram etmişdir?” De: “Bunlar dünyada iman gətirənlər üçündür (hərçənd, başqaları da onlardan istifadə edə bilirlər), (lakin) Qiyamət günündə (axirətdə) isə xalis (möminlərə məxsus) olacaqdır”. Ayələrimizi anlayıb-bilənlərə belə izah edirik”.
  3. Ruh əl-Quds (Müqəddəs Ruh): Təfsirçilər Müqəddəs Ruh haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Bəzilərinə görə, burada Cəbrayıl (ə) nəzərdə tutulur. Bu ehtimala əsasən ayə belə başa düşülməlidir: “Allah İsaya Cəbrayıl vasitəsilə yardım etdi və onu qüvvətləndirdi”. Buna sübut “Nəhl” surəsinin 102-ci ayəsidir. Ayədə deyilir: “De: “Müqəddəs Ruh onu (Quranı) Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir!” Cəbrayıla Müqəddəs Ruh deyilməsinə səbəb budur ki, mələklərdə ruhanilik yönü aydın məsələdir. Onlara ruh deyilməsi də bu səbəbdəndir. Ona “müqəddəs” sözünün əlavə edilməsi isə bu mələyin fövqəladə şəkildə pak və müqəddəs olmasına işarədir.[62]
  4. Onlara Allah tərəfindən özlərində (kitablarında) olan nişanələrə uyğun bir kitab göndərildiyi zaman, bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri (öncədən) tanıdıqları halda (kitab və peyğəmbər) göndərildiyi zaman, ona küfr etdilər. Allah kafirlərə lənət eləsin!
  5. Onlar Allahın göndərdiyini boşuna inkar etməklə, “Allah nə üçün Öz lütfü ilə istədiyi bəndəsinə ayələrini nazil edir?” – deyə etiraz etməklə özlərini çox pis şey qarşılığında satdılar və buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirlər üçün alçaldıcı bir əzab var.
  6. Onlara: “Allahın nazil etdiklərinə inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə inanırıq”, – deyir, ondan başqasını inkar edirlər. Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir. (Onlara) söylə: “Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?”
  7. Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz.
  8. (Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): “Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!” Onlar isə: “Eşitdik, amma qarşı çıxdıq”, – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Onlara) de: “Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir!”

—————————————————————————————————————–

  1. Yəhudilərin Peyğəmbərin (s) nişanələrindən xəbərdar olması: Bu ayənin izahı ilə bağlı İmam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: “Yəhudilər öz kitablarında görmüşdülər ki, gələcək peyğəmbərin hicrət edəcəyi məkan (Mədinənin iki tərəfində yerləşən) Əyr və Ühüd dağları arasında olacaqdır. Onlar öz yurdlarından çıxıb, çoxlu axtarışdan sonra Mədinəyə gəlib çatdılar. Orada məskən saldılar. Ticarətlə məşğul olub həyatlarını sürdürdülər ki, İslam peyğəmbəri (s) nübüvvətini elan etsin və ona iman gətirsinlər. Sonralar Əvs və Xəzrəc qəbilələri də orada məskunlaşdı. Bu iki qəbilənin cəmiyyəti çoxaldıqda yəhudilərin mal-mülkünə təcavüz etdi. Yəhudilər onlara deyirdilər: “Həzrət Məhəmməd (s) gələndə sizi bizim diyarımızdan çıxaracaq”. Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçiləndə Əvs və Xəzrəc qəbilələri ona iman gətirib, “Ənsar” olaraq şöhrət qazandılar. Yəhudilər isə nişanələrini kitablarında oxumaqlarına və gələcəyi ümidi ilə Mədinəyə gəlmələrinə baxmayaraq, onu inkar etdilər.[63]
  2. Yəhudilərin inadkarlığı: “Buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar” ibarəsinin təfsirinə görə, yəhudilər Allahın ayələrinə küfr etmək, Onun fərmanlarına itaət göstərməmək, ilahi peyğəmbərləri qətlə yetirmək kimi səbəblərdən Allahın qəzəbinə tuş gəlmişdilər. Bu, onların uğradığı ilk qəzəb idi. Onların qalıqları isə İslam peyğəmbərinin (s) nübüvvətindən sonra da ata-babalarının yollarını getdilər. Yəni, nəinki onun dinini inkar etdilər, hətta ona qarşı mübarizəyə qalxdılar və bu, onları yeni bir qəzəbin tutmasına səbəb oldu. Bu isə artıq ikinci qəzəb idi.[64]
  3. Babaların peyğəmbər öldürməsi, nəvələrin razılığı: Ayənin “bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?” hissəsi ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Bu ayə Peyğəmbər (s) dönəmində yaşayan yəhudilər haqqında nazil olmuşdur. Halbuki keçmiş peyğəmbərləri onlar öldürməmişdilər. Heç onların zamanında da yaşamayıblar. Peyğəmbərləri öldürən keçmiş yəhudilər olmuşdur. Lakin Allah onları da qatillərin yerində hesab etmiş, keçmişdəkilərin çirkin işlərini onlara aid etmişdir. Çünki onlar keçmişdəkilərin – sələflərinin yolunu gedirdilər. Onları sevirdilər (və onların işindən razı idilər)”.[65]
  4. (Onlara) de: “Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!”
  5. Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları tanıyır.
  6. Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən. (Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (İlahi) əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür.
  7. (Onlar deyirlər: “Sənə vəhyi nazil edən mələk Cəbrayıl olduğuna görə və biz onunla düşmən olduğumuza görə sənə iman gətirmirik”.) De: “Cəbrayıla düşmən olan (əslində Allaha düşməndir). (Çünki) o Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir”.
  8. Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir.
  9. Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
  10. (Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz.
  11. Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.

—————————————————————————————————————–

  1. Yəhudilərin irqçiliyi və Quranın buna münasibəti: Quran ayələrindən əlavə, yəhudilərin həyat tarixindən də aydın olur ki, onlar özlərini ali irq mənsubları hesab edirdilər. (İndi də belə hesab edirlər.) Onlar hesab edirdilər ki, insan cəmiyyətinin ən yaxşı, seçilmiş gülüdürlər. Cənnət onlar üçün yaradılmışdır. Onlar Allahın övladları və Onun xüsusi dostlarıdırlar. Bu axmaq eqoistlik Quranın bir çox ayələrində yəhudilərdən söhbət açıldıqda əks olunmuşdur. “Maidə” surəsinin 18-ci ayəsində onların dilindən oxuyuruq: “Biz Allahın oğulları və xüsusi dostlarıyıq“. “Bəqərə” surəsinin 111-ci ayəsində isə deyilir: (Onlar) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu xülyalar bir tərəfdən onları zülmə, cinayətə, günaha və təcavüzə sürükləyirdi, digər tərəfdən isə kibrə, xudpəsəndliyə, eqoizmə səsləyirdi. Quran bu ayədə onların iddiasına kəskin və tutarlı cavab verir: “Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!” Yəni, Allahın mərhəmətinə sığınmaq, sonsuz Cənnət nemətləri içində olmaq istəmirmisiniz? Yəhudilər bu iddiaları ilə müsəlmanları dinlərindən soyutmaq istəyirdilər. Amma Quran onların yalanlarının üstünü açır. Çünki onlar dünyanı tərk etmək istəmirdilər. Necə ki, 95-ci ayədə də buna işarə edilmişdir.[66]
  2. Cəbrayıla (ə) düşmən olacaq qədər inad: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bildirirlər ki, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra, bir gün yəhudi alimlərindən biri – İbn Suriya bir qrup Fədək yəhudisi ilə birgə Peyğəmbərin (s) yanına gəldi. Onlar Həzrət Peyğmbərdən (s) müxtəlif suallar soruşdular. Onun nübüvvətinə şahid olacaq dəlilləri araşdırdılar. Peyğəmbər (s) o suallara cavab verdi. Onlar cavabların doğru olduğunu görüb razılaşdılar. İbn Suriya dedi: “Bir sual qalıb. Ona da cavab versən, sənə iman gətirib tabe olacağıq. Sənə nazil olan mələyin adı nədir?” Həzrət (s): “Cəbrayıl”, – deyə bildirdi. İbn Suriya dedi: “O, bizim düşmənimizdir. Çünki cihad və savaş haqqında ağır hökmlər gətirir. Mikayıl isə həmişə sadə və rahat hökmlər gətirir. Əgər sənin mələyin Mikayıl olsaydı, sənə iman gətirərdik”. Bu ayə onlara cavab olaraq nazil oldu ki: “Cəbrayıla düşmən olan (əslində Allaha düşməndir). (Çünki) o Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir“.[67] “Nazilolma səbəbi” ardınca ayə və ya ayələr gələn hadisəyə deyilir. Buna görə də “nazilolma” səbəbini bilmək ayənin mənasını başa düşməkdə çox təsirli və faydalıdır.
  3. Allah dərgahına yaxın dörd mələk: İslam qaynaqlarında adətən Allah dərgahına yaxın dörd mələyin – Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayılın adı çəkilir ki, onlardan ən üstünü Cəbrayıldır.[68] Bu mələklər Allahın işlərdəki vasitələridir. Cəbrayıl İlahi vəhy vasitəsi, Mikayıl məxluqatın ruzi vasitəsi, İsrafil Qiyamətdə ölüləri diriltmə vasitəsi, Əzrayıl isə can almaqda vasitədir.[69] İmam Səccaddan (ə) mələklər haqqında nəql olunan bir duada oxuyuruq: “İlahi! Salam göndər İsrafilə, o şeypur sahibinə (ona üfürməklə hamı öləcək, ikinci dəfə üfürdükdə isə hamı diriləcək). (Salam göndər ona ki,) şeypura üfürərək, məzarda uyuyanları diriltmək üçün Sənin fərmanını gözləyir. (Salam göndər) Sənin yanında yüksək yeri, Sənə mütilik səbəbilə yüksək məkanı olan Mikayıla. (Salam göndər) göylərinin əhli arasında itaət olunan, yanında dəyərli, dərgahına yaxın olan Mikayıla!”[70]
  4. (Yəhudilər) Süleymanın dövründə şeytanların (insanlara) oxuduqlarına tabe oldular. Süleyman (əsla sehrə əl bulaşdırmadı və) kafir olmadı, lakin şeytanlar kafir oldular və xalqa sehr öyrətdilər. (Yəhudilər də) iki Babil mələyi Harut və Maruta nazil olanlara tabe oldular. (Onlar sehri batil etmək, təsirini aradan qaldırmağı bilmək üçün xalqa öyrədirdilər). “Biz sınaq vasitəsiyik, kafir olma! (Bu təlimlərdən pis məqsədlər üçün istifadə etmə!)” – deməmiş heç kəsə bir şey öyrətmirdilər. (Buna baxmayaraq, yenə də) onlardan ər-arvad arasına nifaq sala biləcəkləri şeylər öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Şübhəsiz, belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
  5. Əgər onlar iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Əgər bunu dərk etsəydilər.
  6. Ey iman gətirənlər! (Peyğəmbərdən Quran ayələrini dərk etmək üçün möhlət istədikdə) “raina” deməyin, “unzurna” deyin! (Çünki birinci söz həm “bizə möhlət ver” mənasında, həm də “bizi səfeh hesab et” mənasında işlənir və bu, düşmənlər üçün bir bəhanə idi). (Sizə əmr olunanı) eşidin! Kafirləri (və istehza edənləri) ağrılı bir əzab gözləyir.
  7. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük lütf sahibidir!

—————————————————————————————————————–

  1. Süleyman (ə) kafir olmadı: Hədislərdən bəlli olur ki, həzrət Süleyman (ə) zamanında onun ölkəsində bir dəstə sehr və cadugərliklə məşğul olurdu. Süleyman (ə) onların bütün yazılarını, vərəqələrini toplayıb, xüsusi yerdə saxlamağı əmr etdi. Bəlkə də buna görə ki, onların arasında sehrbazların sehrini batil etmək üçün faydalı mətləblər var idi. Süleyman (ə) dünyasını dəyişəndən sonra bir dəstə onları üzə çıxarıb yaymağa, insanlara öyrətməyə başladı. Bəziləri yaranmış vəziyyətdən istifadə edib Süleymanın (ə) heç peyğəmbər olmadığını, ölkəni həmin sehr və cadu vasitəsilə ələ keçirdiyini və bu yolla xariqüladə işlər gördüyünü iddia etdilər. Bəni-İsraildən də bir qrup onların ardınca gedib cadugərliyə aludə oldu. Onlar hətta Tövratdan da əl çəkdilər. İslam peyğəmbəri (s) nübüvvətini elan etdikdən sonra Quran ayələri ilə Süleymanın (ə) Allahın peyğəmbəri olduğunu bildirdi. Bəzi yəhudi alimləri dedilər: “Məhəmmədə təəccüblənmirsinizmi ki, Süleyman sehrbaz olduğu halda, onun peyğəmbər olduğunu söyləyir?” Yəhudilərin bu sözü böyük İlahi peyğəmbərə iftira olmaqla yanaşı, onun kafir olmasını da gərəkdirirdi. Çünki onlara görə, Süleyman (ə) sehrbaz olduğu halda, yalandan özünü peyğəmbər adlandırmış və bu da onun kafir olmasına gətirib çıxarmışdı. Bu ayə onlara cavab olaraq nazil olmuşdur.[71]
  2. İlahi iradə – bütün istəklərin fövqündə: Ayənin “lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər” ibarəsi məcburiyyət ifadə etmir. Əksinə, bu ibarə tövhidin əsaslı prinsiplərindən birinə işarə edir. Belə ki, bu dünyada bütün qüdrətlər Allahın qüdrətindən mənşə alır. Hətta odun yandırması, qılıncın kəsməsi də Onun fərmanı və izni ilə baş verir. Cadugər Allahın iradəsinin əksinə olaraq, yaradılışa müdaxilə edə, Allahın hakimiyyətini məhdudlaşdıra bilməz. Bunlar Allahın müxtəlif varlıqlara bəxş etdiyi xüsusiyyətlərdir. Bəziləri bunlardan yaxşı yararlanırlar, bəziləri isə sui-istifadə edirlər. Deməli, Allahın insanlara bəxş etdiyi azadlıq da onların sınanması üçün bir vasitədir.[72]
  3. Sehr – böyük günah: Sehr – bəzən insanların vücuduna təsir göstərə biləcək xariqüladə işlərə deyilir. Bəzən bir növ gözbağlıcadır. Bəzənsə onun təsiri yalnız psixi və xəyalidir.[73] Bütün İslam fəqihlərinə görə, sehri öyrənmək və cadugərlik etmək haramdır. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Kim az və ya çoxluğundan asılı olmayaraq, sehr öyrənsə, kafir olmuş və Allahla əlaqəsi tamamilə kəsilmişdir”. Əlbəttə, cadunu öyrənmək sehrbazların sehrini batil etmək üçün olarsa, eybi yoxdur. Hətta bəzən bəzilərinin sehri öyrənməsi “vacibi-kifayi ” olur ki, əgər yalançı iddiaçı insanları bu yolla aldatmağa çalışsa, onun sehr və cadusunu batil edib, yalan iddiasını ifşa etsin.[74]
  4. Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?!
  5. Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur (Öz hökmlərində məsləhətə uyğun olaraq, hər növ dəyişiklik aparmaqda haqlıdır)? Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur. (Sizin məsləhətinizi bilən də, təyin edən də Odur.)
  6. Yoxsa siz də Peyğəmbərinizdən (Məhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz?İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır.
  7. Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində kök atmış paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə qaytarmaq istəyirdilər. Allah öz əmrini (cihad fərmanını) göndərincəyə qədər onları əfv edin və bağışlayın (güzəştə gedin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
  8. Namaz qılın, zəkat verin. Özünüz üçün qabaqcadan göndərdiyiniz xeyir işi Allah yanında (axirət dünyasında) tapacaqsınız. Şübhəsiz, Allah nə etdiklərinizi görəndir.
  9. (Onlar) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
  10. Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil.)

—————————————————————————————————————–

  1. İnsanın təkamülü üçün proqram: “Nəsx” yox etmək, məhv etmək kimi mənalarda işlənir. Şəriət terminologiyasında bir hökmün qüvvədən düşərək digər bir hökmlə əvəz edilməsidir. Misal üçün, müsəlmanlar Mədinəyə hicrətdən sonra yeddi ay Beytül-müqəddəsə doğru namaz qıldılar. Ondan sonra qiblənin dəyişdirilməsi haqqında fərman çıxarıldı və müsəlmanlar Kəbəyə üz tutub namaz qılmaqla vəzifələndirildilər. “Nəsx” anlayışı ilə bağlı bu məqama diqqət yetirmək zəruridir ki, insanın ehtiyacları bəzən zamana, mühitə, şəraitə uyğun olaraq dəyişir, bəzən isə sabit qalır. Bir zaman bu və ya digər proqram insanın xöşbəxtlik qarantıdır. Lakin başqa bir zamanda həmin proqram şərait dəyişdiyi üçün onun yolunu kəsən daşa çevrilə bilər. Bu gün hansısa dərman xəstə üçün faydalıdır. Həkim ifstifadəsini münasib görür. Növbəti günlərdən birində isə xəstə nisbətən sağaldığına görə, həkim dərmanı kəsməsini, yaxud dəyişməsini münasib görə bilər. Bu məsələ insanların və cəmiyyətin təkamül qanununa nəzərən daha da aydın olur. Bəşəri cəmiyyətlərin təkamül axarında bəzən bu və ya digər proqram faydalı, qurucu, bəzənsə ziyanlı və dağıdıcı ola bilir. Xüsusilə ictimai və ideoloji inqilablar baş verdikdə proqramların tədricən, fərqli zaman kəsiklərində dəyişilmə zərurəti daha aydın nəzərə çarpır. Əlbəttə, unutmaq lazım deyil ki, ilahi dinlərin prinsipləri əsas təməlləri təşkil edir. Bütün şəraitlərdə və bütün məkanlarda eynidir. Heç zaman tövhid prinsipi, ictimai ədalət və yüzlərlə bu qəbildən olan hökm dəyişməzdir. “Nəsx” qaydası daha kiçik və ikinci dərəcəli məsələlərə aiddir.[75]
  2. Möcüzə – nübüvvətin isbatlanma vasitəsi: Quran bir çox ayədə bu mətləbi açıqlamışdır ki, Musanın (ə) qövmü ondan ya qeyri-mümkün olan, ya da baş verməsi məsləhət olmayan tələblər edirdi. “Bəqərə” surəsinin 55-ci ayəsində oxuyuruq: “(Yadınıza salın ki,) “ya Musa, Allahı açıq-aşkar görməyincə, sənə əsla iman gətirməyəcəyik”, – dediyiniz zaman, gözünüz görə-görə sizi ildırım vurdu“. “Zuxruf” surəsinin 53-cü ayəsində deyilir: “Əgər (Musa) doğru deyirsə, nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə mələklər gəlməyib?” Allah da onlara haqqa təslim olmamaqlarına səbəb olan bu yersiz bəhanə və tələblərinə görə şiddətli əzab verdi. Peyğəmbər (s) dövrünün yəhudiləri və Qüreyş müşrikləri də ondan belə tələblər edirdilər. Belə ki, “İsra” surəsinin 90-93-cü ayələrində oxuyuruq: Dedilər: “Bizə (bu qızmar və quru) yerdən bir bulaq çıxarmayınca, yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca, yaxud, güman etdiyin kimi, göyü (daşlarını) parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca, sənə iman gətirməyəcəyik“. Lakin həqiqət isə budur ki, peyğəmbərlər öz iddialarının – onları Allahın göndərdiklərinin isbatı üçün, Allahın izni və fərmanı ilə öz dövrlərinin insanlarının düşüncə və şüur səviyyəsinə uyğun işlər görürdülər. İnsanlar bu işlərdən aciz idilər. Buna görə də həmin işlər möcüzə adlanır. Bu ayə İslam peyğəmbərinin (s) müxaliflərini qınayır, məzəmmət edir ki, yersiz tələblər irəli sürməsinlər. Əks təqdirdə, Musanın qövmü kimi, ilahi əzaba düçar olarlar. Prinsipcə, möcüzə peyğəmbərlərin insanların nəfsani meyllərinə uyğun olaraq, tələb etdiyi hər şeyi etməsi və onların peyğəmbərlik missiyasının xalq üçün tamaşaxanaya dönməsi üçün deyil, nübüvvətlərini sübuta yetirmək üçündür.[76]
  3. Yəhudilər dedilər: “Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur”. Xaçpərəstlər isə dedilər: “Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)”. Halbuki onların hər ikisi səmavi kitab oxuyur (və bu növ təəssüblərdən uzaq durmalıdırlar). Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar. Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.
  4. Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların viran edilməsinə çalışanlardan daha zalım kim ola bilər? (Halbuki) onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada (yalnız) rüsvayçılıq, axirətdə isə böyük (ilahi) əzab vardır.
  5. Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir.
  6. (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. – O pakdır. – Əksinə, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir.
  7. Göyləri və yeri var edən Odur. Bir şeyin yaranmasına fərman verdikdə, ona yalnız: “(Var) ol!” – deyər, o da dərhal (var) olar.
  8. Cahillər dedilər: “Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?” Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) biri-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi (kifayət qədər) aydınlaşdırdıq.
  9. Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik. Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhli(nin yolunu azmasına) cavabdeh deyilsən.

—————————————————————————————————————–

  1. Məscidləri dağıtmaq (sökmək) və oraya daxil olmağa maneçilik törətmək: Bu ayə nüsəlmanların Məscidül-həramda və Kəbə ətrafında namaz qılmasına mane olan kafir və müşriklər haqqında nazil olmuşdur.[77] Əlbəttə, ayənin mənası genişdir. Müəyyən zaman və məkanla məhdudlaşmır. Xüsusi şəraitdə nazil olan, lakin hökmü bütün dövrlərə aid olan ayələrdəndir. Buna görə də, hansı kəsim bu və ya digər şəkildə məscidlərin dağıdılmasına çalışsa, yaxud orada Allahın adının çəkilməsinə və ya ona ibadət edilməsinə mane olsa, sözügedən rüsvayçılığa, həmin böyük əzaba düçar olar. Bir məqama da diqqət yetirmək lazımdır ki, məscidə getməyin qarşısını almaq, Allahın adının çəkilməsinə mane olmaq, məscidin sökülməsinə çalışmaq heç də yalnız məscidin binasını bel və külünglə sökməklə olmur. Əksinə, məscidin rövnəqdən salınmasına səbəb olan istənilən addım, eləcə də insanlara Allahı unutduran, onları qəflətə sövq edən hər şey bu hökmdədir. [78]
  2. Namazda qibləyə diqqətin səbəbi: Ötən ayədə məscidlərə mane olan, onların sökülməsinə çalışan zalımlardan söhbət gedirdi. Bu ayədə də həmin mövzu davam etdirilir: “Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır“. Əgər sizə məscidlərə, tövhid mərkəzlərinə getməyi yasaq etsələr, Allaha bəndəlik, ibadət etmək yolu bağlı deyil. Şərqin və qərbin hamısı Allaha məxsusdur. Ona görə də hansı səmtə getsəniz, Allah oradadır. Yəni, Allaha hər yerdə ibadət edə bilərsiniz. Digər bir məsələ isə budur ki, qibləyə üz tutmaq məsələsi heç də Allahın zatının konkret məkanla məhdudlaşması demək deyil. Əksinə, insan maddi varlıq olduğundan, müəyyən bir səmtə namaz qılmalıdır. Buna görə də müsəlmanların cərgəsində vəhdət və ahəngdarlıq yaransın, hərc-mərcliyin və pərakəndəliyin qarşısı alınsın deyə, hamının bir səmtə namaz qılması əmr olunmuşdur. Qiblə üçün təyin olunan yer isə Kəbədir. Kəbə ən qədim tövhid mərkəzi olan müqəddəs məkandır. Ona üz tutmaq tövhid xatirələrini anmaqdır.[79] Kəbə, özünə yox, səmtinə namaz qılınan və səcdə olunan məkandır. Bir çox ibadətlərdə isə qiblə şərt deyil.[80]
  3. Peyğəmbərlərin ən böyük missiyası: Müşdə vermək və qorxutmaq ilahi peyğəmbərlərin ən böyük missiyası olmuşdur. Onlar bir tərəfdən möminləri və əməlisalehləri dünya və axirətdə əməllərinin mükafatından xəbərdar etmişlər, digər tərəfdən isə kafir və günahkarları küfr və günahın acı nəticəsi haqqında məlumatlandırmışlar ki, insanlar bununla nicat və ya həlak yolunu aydın şəkildə dərk etsinlər və tam sərbəstliklə bu iki yoldan birini seçsinlər. Necə ki, Quranın “Ənfal” surəsinin 42-ci ayəsində oxuyuruq: “Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan (yolunu azan) açıq-aşkar bir dəlillə həlak olsun, sağ qalan (hidayət olan) aşkar bir dəlilllə sağ qalsın“.[81]
  4. Sən onların (istəklərinə tam təslim olmayınca və təhrif olunmuş) dinlərinə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən qətiyyən razı qalmayacaqlar. (Onlara) de: “Allahın göstərdiyi yol yeganə doğru yoldur”. Əgər sənə gələn elmdən sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman Allah tərəfindən sənə nə bir hami, nə də bir köməkçi olacaqdır.
  5. Səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar İslam peyğəmbərinə iman gətirirlər. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
  6. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın.
  7. Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz.
  8. (Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman o, bu sınaqlardan yaxşı çıxdı. (Bu zaman Allah ona: ) “Səni insanlara imam (rəhbər, başçı) təyin edirəm”, – dedi. (İbrahim isə:) “Nəslimdən də (imamlar təyin et)” – dedi. (Allah:) “Mənim əhdim zalımlara çatmır (və sənin övladlarından bu məqama yaınız pak və qüsursuz olanlar layiqdirlər)”, – buyurdu.
  9. (Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik. “(Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin!” İbrahimə və İsmayıla da: “Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin”, – deyə əmr etdik.
  10. (Yadınıza salın ki,) İbrahim: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!”- deyə dua etdikdə, O (Allah): “(Duanı qəbul etdim və möminlərə hər növ bərəkət verdim.) Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!” – deyə buyurdu.

—————————————————————————————————————-

  1. Quranı layiqincə oxumaq: Ayənin “səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar” hissəsi ilə bağlı İmam Sadiqdən (ə) maraqlı bir rəvayət nəql olunmuşdur. Rəvayətdə deyilir: “Məqsəd budur ki, Quran ayələrini diqqətlə, aram oxusunlar. Onun həqiqətlərini anlasınlar, hökmlərinə əməl etsinlər. Müjdələrinə ümidvar olsunlar, hədələrindən qorxsunlar. Hekayətlərindən ibrət alsınlar, fərmanlarına boyun əysinlər, qadağalarından çəkinsinlər. Allaha and olsun ki, məqsəd ayələri əzbərləmək, hərfləri və surələrin oxunuşunu, (cüz və ya hizb kimi) bölgülərini öyrənmək deyil. Onlar Quranın hərflərini əzbərlədilər. Amma onun hüdudlarını aşdılar. Məqsəd yalnız Quran üzərinə düşünmək və hökmlərinə əməl etməkdir”.[82]
  2. İbrahimin (ə) imamlığı: “Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman” ibarəsinə təfsirçilər belə izah verirlər ki, burada İbrahimin (ə) sınağa çəkildiyi çətinliklər nəzərdə tutulur. Misal üçün, həyat yoldaşını və körpə uşağını quraq Məkkə çölündə qoyması, Babil bütpərəstlərinə qarşı çıxması, onların bütlərini sındırması, oda atılması, istəkli oğlu İsmayılı (ə) qurban kəsməsi əmri və s. Quran “Saffat” surəsinin 106-cı ayəsində həzrət İbrahimin (ə) ən bariz sınaqlarından birini – həzrət İsmayılı (ə) qurban kəsmək əmrini nəql etmişdir. Təfsirçilərə görə, bu fərman həzrət İbrahimin (ə) ömrünün sonlarında baş vermişdir və o, Allah tərəfindən “imam” olmadan öncə peyğəmbər olmuşdur. Bu, imamət məqamının nübüvvət məqamından yüksək olmasına sübutdur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Allah İbrahimi (ə) peyğəmbər seçməzdən qabaq Öz bəndəsi etdi. Onu rəsul etməzdən qabaq peyğəmbər seçdi. Dostu seçməzdən qaba rəsulu etdi. Onu imam seçməzdən qabaq Öz dostu etdi. Bütün bu məqamları onda toplayandan sonra isə ona: “Səni imam təyin edirəm”, – buyurdu. Bu məqam İbrahimə (ə) o qədər böyük göründü ki, dedi: “İlahi, mənim nəslimdən də imamlar təyin et!” İmam o kəsdir ki, insanlar onun ardınca gedirlər. Onu özlərinə rəhbər seçirlər. Onun sözünə, əməlinə tabe olurlar. Peyğəmbərin missiyası ilahi göstərişləri çatdırmaq, insanlara səadət yolunu göstərməkdir. İmamın işi isə ilahi göstərişləri icra etməkdir. Yəni, imam öz ilahi gücü ilə yolu göstərir, hidayət olmasına, kamilliyə yetməsinə zəmin olanlara bələdçilik edir və mənzil başına çatdırır.[83] Bu ayə imamın məsum (qüsursuz) olmasının dəlillərindən biridir. Çünki Allah əhdinin (imamətin) zalımlara çatmayacağını bildirir. Zülmün, ədalətsizliyin hər növü, kim tərəfindən olmasından asılı olmayaraq, yüksək imamlıq məqamından məhrum olmağa səbəb olur.[84]
  3. İnsanların dönüş yeri və əmin-amanlıq mərkəzi: “Məsabə” sözü “səub” kökündən olub bir şeyin ilkin halına qayıtmasına deyilir. Allahın evi Kəbə monoteistlərin hər il üz tutduğu, tək cismani yox, həm də ruhani və mənəvi olaraq ilk tövhid və fitrətə qayıtdığına görə, “məsabə” – dönüş yeri adlanır. Həzrət İbrahimin (ə) məqamı Kəbə evinin yaxınlığındadır və hacılar təvaf etdikdən sonra onun yanına gedir və orada təvaf namazı qılırlar. Rəvayətlərə görə, İbrahimin (ə) məqamı onun durduğu yerdir və onun ayaq izi daşın üzərində qalmışdır.[85]
  4. (Onu da yadınıza salın ki,) İbrahim və İsmayıl evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bunu) bizdən qəbul et, Sən, doğrudan da eşidən və bilənsən!” – deyə dua etdilər.
  5. “Ey Rəbbimiz! Bizi öz fərmanına təslim et! Nəslimizdən də Sənə təslim olan ümmət (yarat)! Bizə ibadət qaydalarımızı göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhmlisən”.
  6. “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin! Çünki Sən qüdrətli və hikmətlisən (bu işə qadirsən)”.
  7. İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) səfeh və nadanlardan başqa kim üz döndərər? Həqiqətən, Biz onu bu dünyada seçdik və heç şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaq.
  8. Rəbbi ona: “(Haqqa) təslim ol!” – dedikdə, o (Allahın əmrini bütün qəlbi ilə qəbul etmiş və): “Aləmlərin Rəbbinə təslim oldum!” – demişdi.
  9. İbrahim və Yaqub (ömürlərinin son anında) övladlarına bu dini vəsiyyət etdilər (və hər biri öz övladlarına dedi: ) “Ey övladlarım, həqiqətən, Allah (bu pak) dini sizin üçün seçdi və siz dünyadan yalnız müsəlman olaraq (Allahın fərmanına təslim olaraq) köçməlisiniz”.
  10. Yaqubun ölümü çatdıqda siz onun yanında idinizmi?! O, övladlarından: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmayılın və İshaqın Allahına, tək Allaha təslim olacağıq!” – dedilər.
  11. Onlar keçib getmiş bir ümmətdilər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız.

—————————————————————————————————————–

  1. İbadət qaydaları: Ayənin “bizə ibadət qaydalarımızı göstər” hissəsinin təfsirində iki nəzəriyyə daha çox diqqəti cəlb edir. Birincisi, ayədə “ibadət qaydaları” dedikdə, məqsəd həcc qaydalarıdır. Yəni, həzrət İbrahim (ə) və İsmayıl (ə) Allahın evini inşa etdikdən sonra Ondan evini ziyarət etmək qaydasını onlara öyrətməsini istədilər. İkincisi, ibadət qaydalarında məqsəd bütün dini vəzifələr, ibadətlə bağlı əməllərdir. Yəni, o həzrətlər Allahdan istəyirlər ki, onlara ibadət və bəndəlik qaydalarını öyrətsin və Allaha Onun sevdiyi şəkildə, istədiyi qaydalara uyğun ibadət etsinlər.[86]
  2. Peyğəmbərlərin tövbə və əfv diləyinin mənası: Təfsirçilər ayənin “tövbəmizi qəbul et” ibarəsinin izahı ilə bağlı bildirirlər ki, həzrət İbrahim (ə) ilə İsmayılən (ə) tövbə etməsinin səbəbi heç də günah etmələri olmamışdır. Çünki peyğəmbərlər məsumdurlar. Onlar heç bir günah etmirlər. Amma Allah dərgahına yaxın insanlar hansı məqama çatırlarsa çatsınlar, Allahı tanımaq, dərk etmək baxımından adi insanlardan çox yüksəkdə dursalar da, özlərini Allah qarşısında daha kiçik, daha qüsurlu görürlər. Özlərini Allahın onlara etdiyi lütf qarşısında xəcalətli hesab edirlər. Buna görə də vəzifələrini icra etməyi, ibadətlərini Allah dərgahına layiq hesab etmir, buna görə də tövbə edirlər. Belə ki, İslam peyğəmbərindən (s) nəql olunan bir hədisdə deyilir: “İlahi! Səni layiq olduğun kimi tanımadıq və Sənə layiq olduğun kimi ibadət etmədik”.[87]
  3. Kamil insanların dini: Allah saleh bəndəsi İbrahim (ə) haqqında söhbət açdıqdan, onun bəndəlikdə səmimiliyindən, dünya və axirət ehtiyaclarını ehtiva edən əhatəli dualarını xatırlatdıqdan, digər insanlara xidmətini yüksək qiymətləndirdikdən sonra onu kamil insan və ümmətin imamı olaraq təqdim edərək buyurur: “İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) səfeh və nadanlardan başqa kim üz döndərər?” Çünki yetkin və sağlam zəka insanı səadət və təkamül yoluna əmr edir. Quran yeganə xalis tövhid və Allaha təslim olmaq yolunu – İbrahimin (ə) dininin həqiqətini bəyan etmişdir. Deməli, ağıllı insan ağlı vasitəsilə İbrahimi (ə) və onun dinini tanıdıqdan sonra səadəti belə bir insana tabe olmaqda görür və kim inad və təəssüb səbəbilə İbrahimin (ə) dinindən üz döndərsə, əslində əqli baxımdan yetkinləşməmiş, inkişafdan qalmışdır.[88]
  4. İslamın mənası və dərəcələri: İslam və təslimin hər ikisi bir kəsin və ya bir şeyin başqa birinə müti olmasını və əsla onun itaətindən çıxmamasını ifadə edir. Bu və bu qəbildən olan ayələrdə İslam mütləq şəkildə ilahi göstərişlərə, Allahdan gələnə tabe olmaqdır. İlahi göstərişləri və qaydaları icra etmək fərqli dərəcələrə malikdir. İslamın ən aşağı dərəcəsi Allahın yeganəliyini və digər təlimləri dil ilə iqrar etməkdir. Bu, “kəlmeyi-şəhadət” adlanır. Şübhəsiz, bu kimi ayələrdə həzrət İbrahimin (ə) islamında məqsəd onun bu mərhələsi deyil. Burada məqsəd Allaha elə bir şəkildə təslim olmaqdır ki, bəndə özünü heç bir şeyin maliki sanmasın. Bütün əşyaların, o cümlədən, öz varlığının əsl malikinin Allah olduğunu bilsin. Bu halda Allahın istəyi onun istəyi olacaq. Bütün cidd-cəhdi Allahın razılığını əldə etmək olacaq.[89]
  5. (Kitab əhli:) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” – dedilər. De: “(Bu təhrif olunmuş dinlər əsla doğru yola yönəltməzlər,) əksinə, xalis İbrahim dininə tabe olun. O, əsla Allaha şərik qoşanlardan deyildi.
  6. Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, (eləcə də) Musaya, İsaya və (digər) peyğəmbərlərə Rəbbi tərəfindən verilənə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız Ona (Allahın əmrinə) təslim olanlarıq. (İrqi təəssüblər, şəxsi qərəzlər onların arasında ayrı-seçkilik etməyimizə səbəb olmur)”.
  7. Əgər onlar da sizin iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər boyun qaçırsalar, haqdan ayrılmış olarlar. Allah onların şərini səndən uzaq edər. O, (hər şeyi) eşidən və biləndir.
  8. “(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?! Biz ancaq Ona ibadət edirik”.
  9. De: “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona ürəkdən (səmimi-qəlbdən) pərəstiş edirik.
  10. Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? (Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?)” Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
  11. (Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız.

—————————————————————————————————————–

  1. İlahi rəng: Bu ayədə deyilir ki, iki ayə öncə sözügedən iman bir növ ilahi rəngdir və bu rəng ən yaxşı rəngdir. Yaxşı rəng Allahın dinində ixtilaf salan və Allahın əmr etdiyi kimi qorunub saxlanmayan yəhudilik və xristianlıq deyil.[90] Bəzilərinə görə, Allahın bu ayədə rəng sözündən istifadə etməsinə səbəb budur ki, rəng aydın göründüyü kimi, iman və İslam da möminlərdə tam olaraq aydın olur. Yaxud rəng cismin ayrılmaz hissəsi olduğu kimi, iman da möminlərin ürəyinə nüfuz edir və oradan çıxmır.[91] Bu ayənin izahı ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “İlahi rəngdə məqsəd İslamdır”.[92]
  2. Əməlin qəbul olunmasının ən mühüm amili: “İxlas” – bir şeyi özünə aid olmayan hər şeydən təmizləməkdir.[93] Quranda isə ixlas o deməkdir ki, bəndə ibadətdə heç bir şeyi və ya heç bir kəsi Allaha şərik qoşmasın.[94] “Kəhf” surəsinin 110-cu ayəsində oxuyuruq: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın”. Quranda və Əhli-beytdən (ə) gələn rəvayətlərdə ibadətdə ixlas üzərində təkidlə dayanılmışdır. Belə ki, onu əməlin qəbul olunmasında ən önəmli amil kimi qiymətləndirmişlər. İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: “Sizin Rəbbiniz mehribandır, az əməli də qəbul edir. Allahın bəndəsi yalnız Allahın razılığını qazanmaq üçün iki rəkət namaz qılır, Allah həmin iki rəkət namaza görə onu Cənnətə daxil edir”.[95] Digər tərəfdən isə Allahdan başqasına xoş gəlmək, qeyrisinin razılığını qazanmaq üçün iş görmək əməlin boşa çıxmasının ən böyük amili kimi verilmişdir. Belə ki, İslam peyğəmbəri (s) buyurur: “Rəbbiniz buyurmuşdur: “Mən yaxşı şərikəm. Kim işlərində məxluqatdan birini Mənə şərik qoşsa, o işin hamısını o şərikə verəcəyəm. Çünki Mən heç bir əməli sırf Mənim üçün olmadan qəbul etmirəm”.[96]
  3. Yəhudilərin öz babaları ilə öyünməsi: Bu ayə yəhudilərin yanlışlarından birinə cavabdır. Onlar öz ata-babaları, onların yaxşı əməlləri və Allah dərgahındakı əzəməti ilə öyünürdülər. Güman edirdilər ki, özləri aludə olsalar da, ata-babalarının sayəsində nicat tapacaqlar. Quran bu ayədə buyurur: “Onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız“. Buna görə də bütün səyinizi ata-babalarınızla öyünməyə sərf etmək əvəzinə öz etiqad və əməlinizi düzəltməyə, islah etməyə yönəldin. İlk baxışda bu ayənin yəhudilərə və kitab əhlinə müraciət etdiyi təsəvvür olunsa da, aydındır ki, bu hökm yalnız onlara xas deyil, eyni zamanda müsəlmanlara da aiddir.[97]
  4. Tezliklə ağılsız adamlar deyəcəklər: “Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?” De: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir”.
  5. (Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik ki, insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik.Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi. (Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir.
  6. Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hərama tərəf çevir! Harada olsanız, üzünüzü oraya döndərin! Səmavi kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. (Öz kitablarında İslam peyğəmbərinin iki qibləyə namaz qılacağı haqqında oxuyublar.) Allah onların (bu ayələri gizlətmək yönündəki) əməllərindən xəbərsiz deyildir.
  7. (And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar. Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. (Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər.) Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar. Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan.

—————————————————————————————————————–

  1. Yəhudilərin fitnəsinin qarşısını almaq üçün qiblənin dəyişilməsi: Bu ayədən 115-ci ayəyə qədər qiblənin dəyişilməsindən söhbət gedir. İmam Sadiqdən (ə) ayə ilə bağlı nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbər (s) on üç il Məkkədə, yeddi ay da Mədinəyə hicrətdən sonra Beytül-müqəddəs səmtinə namaz qılırdı. (Sonra) qiblə Məkkəyə doğru dəyişdi. Bunun səbəbi o idi ki, yəhudilər Peyğəmbərə (s) tənə vurur və deyirdilər: “Sən bizə tabesən. Bizim qibləmiz səmtinə namaz qılırsan”. Peyğəmbər (s) onların sözündən çox narahat olur, gecə yarısı evdən çıxır, gözlərini səmaya dikir və düşmənlərin tənəsinə cavab olaraq qiblənin dəyişməsi ilə bağlı ilahi fərman gözləyirdi. Növbəti gün Peyğəmbər (s) zöhr namazı vaxtı Bəni-Salim məscidinə getdi. Namazın iki rəkətini qılmışdı ki, Cəbrayıl nazil oldu. Peyğəmbərin (s) iki biləyindən tutub, onu Kəbə səmtinə çevirdi və bu ayə həzrətə (s) nazil oldu: “Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hərama tərəf çevir!” (“Bəqərə”, 144) Peyğəmbər (s) namazın iki rəkətini Beytül-müqəddəs, digər iki rəkətini isə Məscidül-həram səmtinə qıldı. Bu zaman yəhudilər və ağlıkəmlər dedilər: “Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?” Allah bu suala cavab olaraq buyurur: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. Yəni, bütün aləm Allaha məxsusdur. Kəbə və Beytül-müqəddəsin öz-özlüyündə bir dəyəri yoxdur. Onlara dəyəri Allah vermişdir.[98]
  2. Orta (mötədil) ümmət: Bəzi görkəmli təfsirçilərə görə, “sizi orta bir ümmət etdik ki, insanlara şahid olasınız” cümləsində məqsəd ümmətin müəyyən fərdləri, yəni məsum imamlardır (ə). “Orta ümmət”in mənası ilə bağlı iki versiya mövcuddur. Birinci versiyaya görə, orta ümmətdə məqsəd etiqadlarda, əxlaqi məsələlərdə və əməldə heç zaman ifrat və təfritə varmayan kəsimdir. Məsum imamlar pak və qüsursuz olduqları üçün daim yaşamlarında ifrat və təfritdən uzaq durmuş, bütün işlərində ən doğru yolu getmişlər. Heç bir səmtə doğru azmamışlar. Buna görə də Allah onları insanlara şahid etmişdir ki, onlar dünyada insanların əməllərinə şahid olsunlar və Qiyamət günü Allah yanında şahidlik etsinlər. Allah da onların şahidliyi üzərinə hökm etsin. İkinci versiyaya görə isə məqsəd Peyğəmbərlə (s) xalq arasında olan insanlardır. Yəni məsum imamlar (ə) insanların əməllərinə şahiddirlər. Necə ki, “Nisa” surəsinin 41-ci ayəsində oxuyuruq: “Hər ümmətdən (əməllərinə) bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) nə cür olacaq?” Yəni, hər ümmətin, o cümlədən İslam ümmətinin də şahidləri var. Peyğəmbər (s) bütün şahidlərə şahiddir. Hər halda bu ayələr müsəlmanların hamısına yox, xüsusi bir qrupa aiddir. Bu ayə ilə bağlı İmam Baqirdən (ə) nəql olunan bir hədisdə deyilir: “İnsanların şahidləri yalnız peyğəmbərlər və imamlardır. Bütün İslam ümmətinin nəzərdə tutulması və Allahın onlardan şahidlik tələb etməsi ağlamüvafiq deyil. Çünki ümmətin arasında elələri vardır ki, onların şahidliyinin heç bir dəyəri yoxdur”.[99]
  3. Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, həqiqəti bilə-bilə gizlədir.
  4. Bu (qiblənin dəyiməsi hökmü), Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma.
  5. Hər kəsin (hər ümmətin) Allahın təyin etdiyi bir qibləsi vardır. (Buna görə də qiblə haqqında çox danışmayın. Onun yerinə) yaxşı işlər görməkdə bir-birinizi ötüb keçin. Harada olursunuzsa olun, Allah sizin hamınızı (Qiyamətdə yaxşı və pis əməllərinizin əvəzini vermək üçün) bir yerə toplayacaqdır. Çünki, O, hər şeyə qadirdir.
  6. Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
  7. Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, (inaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. (Çünki keçmiş səmavi kitablarda verilən peyğəmbərin nişanələrindən biri onun iki qibləyə namaz qılmasıdır.) Onlardan qorxmayın, (yalnız) Məndən qorxun. (Qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz.
  8. Həmçinin (qibləni dəyişməklə nemətimi tamamladığım kimi) sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
  9. Elə isə Məni xatırlayın ki, Mən də sizi yad edim. Mənə şükür edin və (nemətlərimə) nankorluq etməyin.
  10. Ey iman gətirənlər! Səbir və namazdan kömək alın. (Çünki) Allah səbir edənlərlədir.

—————————————————————————————————————–

  1. Keçmiş səmavi kitablarda İslam peyğəmbərinin (s) xüsusiyyətləri: Bu ayə ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Bu ayə yəhudi və xristianlar haqqında nazil olmuşdur. Çünki Allah Tövratda, İncildə və Zəburda həzrət Məhəmmədin (s), səhabələrinin və hicrətinin nişanələri haqqında məlumat vermişdir. Necə ki, Quranda da (“Fəth” surəsinin 29-cu ayəsində) deyilir: “Məhəmməd (s) Allahın elçisidir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Onları daim rüku və səcdə edən, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izindən məlumdur. Bu onların Tövratda və İncildəki vəsfidir“. Peyğəmbərin (s) və səhabələrinin bu xüsusiyyətləri Tövratda da var idi. Deməli, Allah Peyğəmbəri (s) göndərdikdə kitab əhli onun nişanələrini, xüsusiyyətlərini bilirdi. Necə ki, Allah bu haqda buyurur: “(Öncədən) tanıdıqları (kitab və peyğəmbər) göndərildiyi zaman, ona küfr etdilər”. [100] (“Bəqərə”, 89)
  2. Əlinin (ə) İlahi xəlifəliyi nemətin tamamlanması vədinin reallaşması kimi: Bəzi təfsirçilər ayənin “(qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım” hissəsinin izahı ilə bağlı demişlər ki, Allah bu ayədə müsəlmanlara onlara olan nemətini tamamlayacağını vəd etmişdir. Bu vədin həyata keçməsi “Maidə” surəsinin 3-cü ayəsində bəyan olunmuşdur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı bəyənib seçdim“. Bütün şiə təfsirçilərinə və eləcə də əksər əhli-sünnə təfsirçilərinə görə, “Maidə” surəsinin 3-cü ayəsi Qədir-Xumda həzrət Əli (ə) İslam peyğəmbəri (s) tərəfindən canişin təyin edildikdən sonra nazil olmuşdur.[101]
  3. Allahı xatırlamağın, Ona şükür etməyin fəzilət və həqiqəti: Allahı yad etməyin fəziləti haqqında çoxlu sayda rəvayətlər nəql olunmuşdur. İslam peyğəmbərindən (s) nəql olunan bir rəvayətə görə, bir gün o, səhabələrinə buyurdu: “Cənnət bağlarında gəzin”. Soruşdular: Ey Allahın elçisi! Cənnət bağları nədir?” Buyurdu: “Allahın xatırlandığı məclislər. Belə məclislərə gedin və Allahı xatırlayın. Kim Allah yanında dəyərinin nə qədər olduğunu bilmək istəyirsə, Allahın onun üçün nə qədər dəyərli olmasına baxsın. Çünki Allah Öz bəndəsinə onun Allaha göstərdiyi hörmət qədər hörmət göstərir. Bilin ki, sizin malikiniz və sahibiniz yanında ən yaxşı və ən təmiz əməliniz Allahı yad etməkdir. Çünki O, Özü Öz barəsində məlumat verərək buyurmuşdur: “Məni yad edin ki, Mən də sizi nemətlərimlə yad edim. Məni ibadət və itaətlə yad edin ki, Mən də sizi Öz yaxşılığımla, nemətlərimlə, razılığımla yad edim”. Əlbəttə, Allahı yad etməkdə məqsəd yalnız Onu dil ilə zikr etmək deyil. Əksinə, Allahı yad etmək insan ruhunun ibadətidir. Əgər dil ilə zikr könüldən gəlirsə, dəyərlidir. Əks təqdirdə dəyəri yoxdur. Unutmaq lazım deyil ki, Allahı həqiqi yad etmək özünü insanın əməlində göstərir. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Hər kim Allaha itaət etsə, Allahı yad etmiş olur, hərçənd, namazı, orucu və Quran tilavəti az da olsa. Kim Allaha asi olsa, Allah onu unudar, hərçənd, namazı, orucu və Quran tilavəti çox da olsa”.[102] Quran Allahı xatırlamaqla yanaşı şükür etməyi də əmr edir, insanı nemətə naşükürlük etməkdən həzər edir. Allaha şükür, Allaha ehtiyac, Onun qarşısında yoxsulluq hissi ilə birgə olmalıdır. Xeyirxah bir insan çarəsiz bir xəstəni təmənnasız müalicə edərsə, xəstə özünü həmin şəxsə qarşı xəcalətli hesab edər. Bu hiss dil ilə təşəkkür etməkdən daha yüksəkdir. Əgər insan Allahın məxluqu qarşısında belədirsə, hər şeyi Ondan olan Allah qarşısında necə olmalıdır? Bəli, dil ilə şükür etməklə Allaha şüurlu şəkildə şükür etmək arasında böyük fərq vardır.[103]
  1. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz.
  2. Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik. Səbir edənlərə müjdə ver.
  3. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”, – deyirlər.
  4. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar onlardır.
  5. Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). (Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur. (Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə xələl gətirmir.) Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır.
  6. Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və hidayət vasitələrini gizlədən kimsələr Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar.
  7. Mən yalnız tövbə edənlərin, (pis əməllərini yaxşı işlərlə) islah edənlərin və (gizlətdiklərini) aşkara çıxaranların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm.
  8. Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər.
  9. Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək.
  10. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir (ümumi və xüsusi rəhmətə malikdir).

—————————————————————————————————————–

  1. Başıuca səbirlilər: Bu ayəyə görə, şübhəsiz, Allah insanları çətinliklərlə, müxtəlif müsibətlərlə imtahana çəkir. Bu imtahanlardan yalnız bir zümrə üzüağ çıxır və onlar səbirlilərdir. Növbəti ayə isə səbrliləri tanıdaraq buyurur: “Onlar başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”, – deyənlərdir“. Aydın məsələdir ki, məqsəd yalnız dillə demək deyil. Əksinə, qəlbən etiqad bəsləmək də önəmlidir. “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”ibarəsi ilə səbir arasında hansı əlaqənin olmasına gəlincə, bəzi böyük təfsirçilərə görə, insanın vücudu, onun malik olduqları – bədən üzvləri, mal, həyat yoldaşı, övlad və s.  özü-özlüyündə heç bir müstəqilliyə malik deyil. Allahın iradəsi ilə yaranmışdır və Allah insanın da, onun malik olduqlarının da həqiqi sahibidir. Hərçənd, Allah zahirdə insanı bəzi şeylərin maliki etmişdir. Amma bu mülkiyyət nisbidir. Bu zahiri və nisbi mülkiyyət insandan alınacaq. İnsan heç bir şeyə malik olmadan Allahın hüzuruna qayıdacaq. Həzrət Əli (ə) bu haqda buyurur: “Bizim “biz Allahınıq və Ona tərəf  qayıdacağıq” deməyimiz Allahın həqiqi malik, bizim isə Onun mülkiyyəti altında olmağımızı etirafdır. “Biz Allahınıq və Ona tərəf  qayıdacağıq” öləcəyimizi etiraf etməkdir”. Bəli, əgər insan çətinliklər, problemlər zamanı bütün varlığının Allahın mülkü olmasına, həqiqi sahibinin Allah olmasına və buna görə də öz mülkündən istədiyi kimi istifadə etməkdə haqlı olmasına, digər tərəfdən isə insanın dünyadakı zahiri mülkiyyətinin bitəcəyinə, Allahın hüzuruna tək-tənha dönəcəyinə diqqət yetirsə, başa düşəcək ki, əslində heç bir şeyin maliki deyil. Artıq onun olmayan bir şeyin əlindən çıxması üçün qəm yeməyəcək. Əlindəkilərin tələf olması ona kədər gətirməyəcək.[104] Səbir və müsibətin dəyəri ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Peyğəmbərin (s) belə buyurduğu bildirilir: “Allah buyurur: “Mən dünyanı bəndələrimə borc olaraq verdim. Buna görə də kim dünyadan Mənə bir şey borc versə (yəni Allah yolunda xərcləsə), hər biri qarşılığında onun yeddi yüz bərabərinə qədər mükafat verəcəyəm. Ondan Mənə borc verməyən və məcburi şəkildə bir şey aldığıma isə onun qarşılığında üç şey verəcəyəm. Əgər o üç şeydən birini mələklərə versəydim, Məndən razı olardılar”. İmam Sadiq (ə) sonra buyurdu: “Bu üç mükafat Allahın məcburi aldıqları üçündür”.[105]
  2. Allahın tövbəni qəbul etməsi: Allah bu ayədən başqa Quranın heç bir yerində tövbə haqqında Öz adından danışmamışdır. Bu, Allahın tövbə edənə, keçmişini islah edənə sonsuz hörmətidir. Allah bu ayədə “onların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm“, – deyə buyurur və sanki bu işi bir əhd olaraq Öz üzərinə götürdüyünü, bəndəsini aludəliklərdən təmizləyəcəyini bəyan edir. Bu xüsusi lütfü iki sifətlə “təvvab” (çox tövbə qəbul edən) və “Rəhim” (xüsusi rəhmətə malik) təkmilləşdirmişdir.[106] İmam Baqirə (ə) isnad edilən bir rəvayətdə deyilir: “Allahın bəndəsinin tövbə etməsinə sevinməsi qaranlıq gecədə azuqəsini, qida tədarükünü itirib, sonra onu tapan adamın sevincindən daha çoxdur”.[107]
  3. Şübhəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, dənizdə insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda, göylə yer arasında ram edilmiş küləyin və buludların istiqamətinin dəyişdirilməsində düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır.
  4. Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür. Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların yox,) Allahın şiddətli əzabı olduğunu biləcəklər.
  5. O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləcəkdir.
  6. O zaman tabe olanlar (ardıcıllar): “Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq”, – deyərlər. (Bəli,) beləcə Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt çıxmayacaqlar.
  7. Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin. Çünki, o sizinlə açıq-aşkar düşməndir.
  8. O sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir.

—————————————————————————————————————–

  1. Ən yaxşı ilahi töhfə: Ağıl, insanın onunla doğrunu və yanlışı, haqqı və batili, düzü və yalanı və s. ayırd etdiyi bir nemətdir.[108] O, elə bir nemətdir ki, insan onunla hidayət olur (doğru yola yönəlir), haqqa tabe olur və batil üzərində israrla dayanmır.[109] İslam rəvayətləri və Quran ayələrində ağıl üzərində çöx təkidlə dayanılmışdır. Belə ki, onu ən yaxşı ilahi töhfə hesab etmişlər.[110] Bu ayədə də deyilir ki, yaradılış haqqında düşünənlər ağıl sahibləridir. Onlar onu ilahi bir nişanə hesab edirlər. Ola bilsin ki, insanların əksəriyyəti Allahın nişanələrini görürlər. Amma ondan heç bir şəkildə faydalana bilmirlər. Bir rəvayətə görə, bir dəstə insan Peyğəmbərin (s) yanında bir müsəlmanı təriflədi. Həzrət (s) buyrudu: “Onun zəkası necədir?” Dedilər: “Ey Allahın rəsulu! Biz onun ibadətdəki cidd-cəhdindən, xeyirli işlərindən danışırıq, siz ağlından soruşursunuz?” Həzrət (s) buyrudu: “Axmağın axmaqlığı ucbatından gələn bəla günahkarların inadkarlığından daha pisdr. Allah Qiyamətdə bütün insanları ağıllarının səviyyəsinə görə yüksəldəcək və onlar bu meyarla Allaha yaxın olacaqlar”.[111] Əlbəttə, cəmiyyətdə bəziləri üçün ağıl zirək olmaq deməkdir. Amma rəvayətlərdə bu mənada işlənmir. İmam Sadiq (ə) ağıl haqqında buyurur: “Ağıl, o şeydir ki, onunla Allaha pərəstiş olunsun və Cənnət qazanılsın”. Ravi soruşdu: “Bəs Müaviyədə olan nə idi?” Həzrət (ə) buyurdu: “O, zirəklik və məkr idi ki, ağla oxşayır, amma ağıl deyil”.[112]
  2. Xəsislik, Qiyamətin böyük peşmançılığı: İmam Sadiqdən (ə) “Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər” ayəsi haqqında nəql olunan bir rəvayətdə deyilir: “Bu, o adamdır ki, malını Allaha itaət yolunda xərcləməyə ürəyi gəlmir. Sonra ölür və malını elə adam üçün qoyub gedir ki, onunla ya Allaha itaət edir, ya da Ona asi olur. Əgər vərəsə onunla Allaha itaət etsə, Qiyamətdə o əməlin savabı başqa bir tərəziyə qoyular və o təəssüf edər. Çünki savab onun malının nəticəsi idi. Əgər vərəsə onun malını Allaha itaətsizlikdə sərf etsə, (yenə təəssüf edər). Çünki o mal ilə vərəsəni Allaha itaətsizlik göstərməkdə qüvvətləndirmişdir”.[113] Məlumdur ki, bu hədis asi olanın və günahkarın Qiyamətdə peşmançılıq çəkməsini bəyan edir. Təbii ki, ayənin mənası bu hədislə məhdudlaşmır.
  3. Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”, – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
  4. Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay-küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar. Bu kafirlər əslində) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar.
  5. Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin.
  6. Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir. Məcbur qalan üçün isə zülm etmədikcə və həddi aşmadıqca heç bir günah yoxdur. (Zərurət yarandıqda acından ölməmək üçün onlardan yeyə bilər.) Allah bağışlayan və mehribandır.
  7. Allahın kitabdan nazil etdiklərini gizlədən və onu ucuz qiymətə satanlar oddan başqa bir şey yemirlər. (Bu yolla əldə etdikləri hədiyyələr və mal-mülk əslində yanar oddur.) Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları ağrılı əzab gözləyir.
  8. Onlar azğınlığı doğru yola, əzabı bağışlanmağa dəyişənlərdir. Onlar Cəhənnəm əzabına necə də dözümlüdürlər!
  9. Bu, ona görədir ki, Allah (səmavi) kitabı haqq olaraq (aydın dəlil və nişanələrlə) göndərmişdir. Onunla bağlı ixtilaf edənlər (gizlətməklə, təhrif etməklə ixtilaf yaradanlar) dərin bir çatlaq (və dağınıqlıq) içərisindədirlər.

—————————————————————————————————————

  1. Allahın halal və haramı insanın məsləhətinə uyğundur: Haram, yasaqdır. “Bu və ya digər iş haramdır” dedikdə məqsəd budur ki, o işi görmək qadağandır. Halal isə haramın əksidir. Onun mənası isə əməldə azad olmaqdır. Bilmək lazımdır ki, hansısa işin, qidanın və s. halal və ya haram olması insanların öz məsləhətinə uyğundur və bunun Allaha bir xeyri dəymir. Necə ki, “Bəqərə” surəsinin 168-ci ayəsində deyilir: “Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin“. Ayədə ifadə olunmağa çalışılır ki, bu və ya digər şeyin halal olması onun pak olması ilə yanaşıdır. Ayədə sözükeçən “təyyib” sözündə məqsəd insan məzacına xöş gələn yeməkdir.[114] “Maidə” surəsinin 4-cü ayəsində isə oxuyuruq: “Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur“. Bu ayədə Allah ümumi şəkildə buyurur ki, pak və insan təbiətinə uyğun olan şeylər halaldır.[115] İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Kim ölü heyvanın ətini yesə, bədəni zəifləyər, ağrı verər. (Ölü heyvanın əti) onun gücünü azaldar, nəslini kəsər. Ölü heyvan əti yeyən şəxs qəfil ölər”. Güman ki, bu fəsadların səbəbi həzm orqanının ölü heyvandan sağlam qan yarada bilməməsidir. Bundan başqa, ölü heyvanın əti həm də mikrob yığnağıdır. Buna görə də İslam dini ölü heyvan ətini yeməyi haram etməklə kifayətlənməmiş, həm də onu murdar hesab etmişdir ki, müsəlmanlar ondan tamamilə uzaq dursunlar.[116] Əlbəttə, əksər hökmlərin fəlsəfəsi bizə məlum deyil. Amma biz hikmət sahibi olan Allah tərəfindən gəlmiş həmin hökmlərə əməl edir, Allaha müti oluruq.
  2. Dinsatan alimlər – odyeyənlər: Təfsirçilərin yekdil rəyinə görə, bu ayələr kitab əhli haqqında nazil olmuşdur. Əksəriyyətin fikrincə, ayə xüsusilə yəhudi alimlərini nəzərdə tutur. Onlar İslam peyğəmbəri (s) nübüvvətə seçilməzdən öncə onun nişanələrini öz kitablarında görmüş və davamlı olaraq insanlar üçün danışmışlar. Amma Peyğəmbərin (s) gəlişindən sonra insanların kütləvi şəkildə ona yönəlməsini görüb qorxmuşlar ki, belə davam etdiyi təqdirdə öz mənafeləri təhlükəyə düşə bilər. Onlar üçün təşkil olunan ziyafətlər, verilən hədiyyələr əldən çıxa bilər. Buna görə də Peyğəmbərin (s) Tövratdakı nişanələrini gizlətmişdilər. Əlbəttə, ayənin nazilolma səbəbi bununla məhdudlaşmır. Ayənin geniş və ümumi mənası öz qüvvəsində qalır və ilahi hökmləri, əmrləri gizlədən hər kəsə şamil olur. Ola bilsin ki, bəziləri Quranda açıq bəyan olunan Əhli-beyt (ə) fəzilətlərini gizlətsinlər. Mövcud ayələri başqa şəkildə yozub izah etsinlər. Belə olan halda bu ayə onlara da aid olacaq. Bu ayə həmçinin axirətdə onların əməllərinin canlanmasına da işarə vurur və bildirir ki, həqiqəti gizlədənlər, bu yolla mal-mülk sahibi olanlar yanar od əldə ediblər və bu od axirətdə onların qarnına daxil olub yandıracaq. Həmçinin “Nisa” surəsinin 10-cu ayəsində deyilir: “Yetimlərin mallarını haqsızlıqla yeyənlər (əslində) yalnız od yeyirlər və tezliklə alovda yanacaqlar“.[117] Qeyd etmək lazımdır ki, “az qiymət” dedikdə o nəzərdə tutulmur ki, çox qiymətə satsaydılar, ziyanları az olacaqdı. Əksinə, məqsəd budur ki, dünya malından (bu yolla) əldə etdikləri hər şey dünya malı olduğu üçün az və dəyərsizdir.[118]
  3. Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil). Yaxşı əməl (sahibi) əslində Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır.
  4. Ey iman gətirənlər! Öldürülənlər haqqında sizin üçün qisas hökmü qərara alınmışdır: azada qarşılıq azad, qula qarşılıq qul, qadına qarşılıq qadın. (Din) qardaşı tərəfindən bir şey bağışlanmış (qisas hökmü qanbahasına çevrilmiş) şəxs yaxşı davranmalıdır. (Qan sahibi, qanbahası ödəyəni nəzərə almalıdır.) O (cinayətkar) da qanbahasını (qan sahiblərinə) yaxşılıqla ödəməlidir (laqeydlik etməməlidir). Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edəni ağrılı əzab gözləyir.
  5. Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat vardır. Bəlkə təqva yolunu tutasınız.
  6. Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməniz vacib edilmişdir. Bu, təqvalılar üzərində bir haqdır.
  7. Kim (vəsiyyəti) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşür. Şübhəsiz ki, Allah eşidən və biləndir.

—————————————————————————————————————–

  1. Qisas – cəmiyyətin təhlükəsizlik qarantı: Qeyd etmək lazımdır ki, İslam hər növ qisasın tərəfdarı deyil. Əksinə, qisas və əvəz çıxmağın müəyyən sərhədləri var. Bir qətl üçün onlarla qətl törədilməsi və ya bir qətlin əvəzini çıxmaq üçün bir tayfadan, qohum-əqrəbadan inqiqam alınması icazəli deyil. İslamdan qabaq Cahiliyyət dönəmində belə hallar çox baş verirdi. Hətta indi də dünyanın müxtəlif yerlərində, fərqli xalqlar arasında bu kimi ənənələr mövcuddur. Digər tərəfdən, məzlumun qanına önəm verməmək, öldürülənin qəyyumlarına “qisas və müdafiə hüququnuz yoxdur” demək olmaz. Çünki bu iş canilərə, fitnəkarlara meydan vermək, qatilləri sərbət buraxmaq, günahsızların qanının boşuna axıdılmasına göz yummaq, qisas hissinə və qan sahiblərinin qəlbinin ovundurulmasına etinasızlıqdır. Hər iki davranış təhlükəlidir. Çünki birincisi cəmiyyətdə hərc-mərcliyə səbəb olur, ikincisi isə nəinki ədalətli sistemə uyğun deyil, heç məntiqlə də uzlaşmır. Buna görə də “qanı qanla yumaq olmaz” məntiqi doğru deyil. Əksinə, bir çox hallarda cinayətkarı və zalımı başqalarına dərs olsun deyə cəzalandırmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Daşı gəldiyi yerə atın. Çünki şəri şər aparar”. Əgər İmam Səccadın (ə) qisas ayəsinin izahı ilə bağlı açıqlamalarına diqqət yetirsək, qisasın təqdirəlayiq faydalarının olduğunu görərik. İmam Səccad (ə) “qisasda sizin üçün həyat vardır” ayəsini oxyandan sonra buyurmuşdur: “Ey Peyğəmbər ümməti! Bilin ki, qisas sizin üçün və İslam cəmiyyəti üçün yaşam mənbəyidir. Çünki qətl fikrinə düşən şəxs bilsə ki, qatili də öldürəcəklər, ondan intiqam alacaqlar, mütləq bu şeytani fikrindən daşınaraq öldürməkdən yayınacaq. Deməli, qisas qanunu ilk növbədə sui-qəsd olunacaq adamın həyatını qurtarır, onun qətlinə mane olur. İkincisi, cinayətkarın öz yaşamını xilas edir. Çünki qarşı tərəfi öldürərsə, o da qisas nəticəsində öldürüləcək. Amma qisas qorxusundan bu əmələ bulaşmır. Üçüncüsü isə başqalarının həyatını xilas edir. Xalq və cəmiyyətin toxunulmazlığını təmin edir. Çünki insanlar qisasın vacib olduğunu, mütləq icra olunacağını bildikdə qisas qorxusundan başqalarını qətlə yetirməyə cəsarət etmirlər”.[119]
  2. Bəzən vacib olan müstəhəb əməl: Vəsiyyət təkidli müstəhəb əməllərdən biridir ki, bəzən vacib olur. Misal üçün, insan ilahi əmrlərin icrasında, boynunda olan hüquqların ödənməsində səhlənkarlıq edibsə, yaxud onda kiminsə əmanəti varsa, vəsiyyət etmədikdə onların hüquqları pozula bilər. İrs qanununda yalnız müəyyən yaxın qohumlar pay ala bilirlər. Halbuki qohumlar və ya İslam cəmiyyətində maddi köməyə zəruri ehtiyacı olan fərdlər, yaxud irs payı maddi ehtiyacını qarşılayacaq miqdarda olmayan varislər ola bilər. Bu baxımdan İslam irs qanunu ilə yanaşı vəsiyyət qanununu da vermişdir ki, müsəlmanlara ölüm sonrası üçün öz mallarının üçdə biri haqqında qərar qəbul edə bilsinlər. İslam rəvayətlərində vəsiyyət çox təkidlə tövsiyə olunmuşdur. O cümlədən Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Müsəlmana yaraşmaz ki, gecə vəsiyyətnaməsi başının altında olmadan yatsın”. Əlbəttə, “başının altında olması” ifadəsi təkid üçündür. Məqsəd vəsiyyətin yazılması, hazır olmasıdır. Digər rəvayətdə isə oxuyuruq: “Vəsiyyətsiz dünyadan gedənin ölümü Cahiliyyət ölümüdür”. Vəsiyyətin zəruri olmasından əlavə onun ədalətli olması da çox təkid olunmuşdur ki, kimsəyə ziyan dəyməsin. İmam Baqir (ə) buyurur: “Kim vəsiyyətində ədalətə riayət etsə, sanki həmin malı özü sağ ikən Allah yolunda sərf etmişdir. Vəsiyyətində zülm və haqsızlıq edən isə Qiyamət günü Allah qarşısına çıxdıqda Allah ondan üz döndərəcək”.[120]
  3. Hər kəs vəsiyyət edənin yanılmasından (varislər arasında fərq qoymasından) və ya günah işləməsindən (günah işi vəsiyyət etməsindən) qorxub, onların arasını düzəltsə, ona heç bir günah yazılmaz (o vəsiyyəti dəyişdirmiş sayılmaz). Allah bağışlayan və mehribandır.
  4. Ey iman gətirənlər! Oruc, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız.
  5. Bir neçə müəyyən gün (oruc tutmalısınız). Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə bir neçə gün (oruc tutsunlar). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) isə bir yoxsulu doyuracaq qədər fidyə versinlər. Kim xeyir iş görsə, bu, onun üçün daha yaxşıdır. Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz.
  6. (Oruc tutmaq üçün nəzərdə tutulan bir neçə gün) ramazan ayıdır. O, Quranın insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır. Sizdən ramazan ayına şahid olanlar (vətənində olanlar) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə (onun yerinə) başqa günlərdə (tutsunlar). Allah sizin üçün çətinlik yox, asanlıq (rahatlıq) istəyir. (Məqsəd budur ki,) bu günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasnız. Bəlkə şükür edəsiniz.
  7. Bəndələrim Məni səndən soruşanda (de ki,) Mən (onlara) yaxınam. Məni çağıranda çağıranın səsinə səs verirəm. Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yolu tapsınlar (məqsədə çatsınlar).

—————————————————————————————————————–

  1. Oruc – kamilliyə və mənəviyyata çatmağın ən təsirli yolu: Oruc ən böyük İslam ayinlərindən, məsumların (ə) buyurduğuna görə, İslamın, üzərində qurulduğu beş təməldən biridir.[121] Əlbəttə, bu ibadət növü İslam ümmətinə məxsus deyil. İslamdan qabaqkı ümmətlərdə də ilin müəyyən günləri müxtəlif şəkillərdə oruc tutulurmuş. Misal üçün, ət orucu, süd orucu, yemək və içmək orucu və s. Quranda da “Məryəm” surəsində həzrət Məryəmin sükut orucuna işarə vurulmuşdur. Orucun fəziləti ilə bağlı çoxlu sayda rəvayət nəql olunmuşdur. Bu ayə özü də orucun fəzilətinə aydın dəlildir. Çünki ayənin sonunda orucun faydasının “təqva” olduğu bildirilir. Bu təqva orucla, yemək-içməkdən pəhriz etməklə, cinsi meyllərini cilovlamaqla əldə olunur. Başqa sözlə, kamilliyə və mənəviyyata qovuşmağın ən yaxın yoludur. Bir hədisi-qüdsidə oxuyuruq: “Oruc Mənə məxsusdur, onun mükafatını da Mən Özüm verəcəyəm”. Bəzi təfsirçilər bu hədisi izah edərkən bildirmişlər: “Oruc yeganə ibadətdir ki, insan özü bildirməsə, heç kim oruc olduğunu bilməz. Digər ibadətlərdə isə belə deyil. Onları hamı görür və bu ibadətdə riyaya səbəb ola bilər. Buna görə də Allah “oruc Mənə məxsusdur”, deyə buyurmuşdur”.[122]
  2. Quranın nazil olduğu ay və ilahi ziyafət: Ramazan ayı qəməri təqviminin 9-cu və Quranda adı çəkilən yeganə aydır. Ramazan ayının ən mühüm fəzilətlərindən biri budur ki, səmavi kitablar – Tövrat, İncil, Zəbur və Quran bu ayda nazil edilmişdir. Tarixi qaynaqlara görə, Peyğəmbər (s) şaban ayının son günlüyündə səhabələrini ramazan ayını qarşılamağa hazırlamaq üçün xütbə oxumuşdur. Həzrət (s) bu ayın önəmini belə açıqlamışdır: “Ey camaat! Allahın ayı öz bərəkət, əfv və rəhmətilə sizə üz tutmuşdur. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Onun günləri günlərin, gecələri gecələrin, saatları isə saatların ən yaxşısıdır. Bu, elə bir aydır ki, Allahın qonaqlığına dəvət olunmusunuz və Allah tərəfindən hörmət göstərilənlərdən olmusunuz. Bu ayda sizin nəfəslərinizin Allahı mədh etmək, yuxularınızın ibadət savabı var. Bu ayda əməlləriniz qəbul, dualarınız müstəcabdır. Bədbəxt o adamdır ki, bu ayda Allahın əfvindən məhrum olsun”.[123]
  3. Duanın qəbul olunma şərtləri: Bu ayə Allahın bəndələrinə lütfü və məhəbbəti ilə doludur. Allah bu ayədə Öz adından danışmış, yeddi dəfə birinci şəxs əvəzliyindən (altı dəfə bitişən əvəzlik, bir dəfə isə birinci şəxsə olan feildən) istifadə etmişdir. “Mənim bəndələrim”, “Mənim haqqımda”, “Mən yaxınam”, “Məni çağıranda”, “cavab verirəm” (səs verirəm), “çağırışımı”, “Mənə iman gətirsinlər”. Quranın heç bir yerində belə bir ayə tapmaq olmaz. Allah bu ayədə duanın qəbul olunması üçün əsaslı bir şərt göstərərək buyurur: “Məni çağıranda”. Yəni, dua edənin, Məni çağıranın duası, çağırışı ürəkdən gəlməlidir. Yalnız dildə olmalı deyil. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Allah unutqan qəlbin duasını qəbul etmir”. Həmçinin bəndə dua edərkən öz hacətini həqiqətən Allahdan istəməlidir. Digərlərini Allah yanında kiçik sanmalıdır. Məxluqatı vasitə hesab etsə də, ilkin səbəbin Allah olduğunu bilməlidir. Hədisi-qüdsidə deyilir: “Kim Məndən başqasına tapınarsa, göylərdəki və yerdəki bütün qapıları onun üzünə bağlayaram. Məndən bir şey istəsə, ona vermərəm. Məni səsləsə, ona cavab vermərəm. Elə bir məxluq yoxdur ki, Mənə tapınsın, göyləri və yeri onun ruzisinə zamin etməyim. O, Məni çağırsa, cavab verəcəyəm, Məndən bir şey istəsə, verəcəyəm. Məndən bağışlanmaq istəsə, onu bağışlayacağam”.[124]
  4. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Hər ikiniz bir-birinizin zinəti və qoruyucususunuz.) Allah sizin özünüzə xəyanət etdiyinizi (bu yasaq edilmiş işi gördüyünüzü) bilirdi. Elə buna görə də tövbələrinizi qəbul etdi və sizi bağışladı. İndi onlara yaxınlaşın, Allahın sizin üçün təyin etdiyini onlardan istəyin. Sübhün ağ sapı (gecənin) qara sap(ın)dan seçilincəyə qədər yeyin, için. Sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın. Allah insanlara ayələrini bu cür açıqlayır ki, bəlkə, təqvalı olsunlar.
  5. Mallarınızı öz aranızda haqsız olaraq yeməyin. Xalqın malının bir qismini günah yolu ilə yeyəsiniz deyə bilə-bilə (rüşvət olaraq) hakimlərə verməyin.
  6. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar(ın həyatını tənzimləmək) və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz deyil. Əksinə, yaxşı əməl (sahibi) təqvalı olandır. Evlərə qapılarından daxil olun və təqva yolunu tutun ki, nicat tapasınız.
  7. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevmir.

—————————————————————————————————————–

  1. Orucun vacib edilməsi haqqında bir neçə söz: Rəvayətlərdən aydın olur ki, oruc hökmü ilk dəfə nazil edildikdə müsəlmanların yalnız gecə yatmazdan öncə yemək hüququ var idi. Belə ki, kimsə gecə yuxuya gedib, sonra ayılsaydı, yemək və içmək ona haram idi. Həmçinin o zaman ramazan ayında qadınlarla yaxınlıq etmək mütləq şəkildə – gecə də, gündüz də haram idi. Bəlkə də bu hökm müsəlmanlar üçün sınaq və onların oruc hökmlərini qəbul etməsi üçün hazırlıq vasitəsi idi. Peyğəmbərin (s) Xəvvat ibn Cübeyr adlı yaşlı və zəif səhabəsi bacarmadığı halda oruc tutur, (Əhzab döyüşü ərəfəsində) gündüzlər Peyğəmbər (s) və digər müsəlmanlarla birgə xəndək qazırdı. Bir gün iftar zamanı evə daxil oldu. Həyat yoldaşı iftar üçün yemək hazırladı. Lakin o yorğunluqdan yuxuya getdi. Yuxudan ayıldıqda dedi: “Mənim artıq iftar haqqım yoxdur”. Gecəni bu şəkildə ac keçirdi. Səhər Mədinə ətrafında xəndək qazmağa getdi. Qazıntı işlərini davam etdirərkən zəiflikdən və ifrat aclıqdan huşunu itirdi. Peyğəmbər (s) başının üzərinə gəldi. Onun vəziyyətini görüb təsirləndi. Digər tərəfdən bəzi müsəlman gənclər də özlərini qorumaq iqtidarında deyildilər və ramazan ayı gecələrində qadınları ilə yaxınlıq edirdilər. Bu vaxt ayə nazil oldu. Müsəlmanlara ramazan ayı gecələrində yeməyə və qadınları ilə yaxınlıq etməyə icazə verdi.[125]
  2. Bir-biriniz üçün gözəl libas: Bu ayədə qadın və kişi bir-biri üçün libasa bənzədilmişdir. Libas bir tərəfdən insanı istidən, soyuqdan, digər əşyalara toxunmaqdan qoruyur, bir tərəfdən isə onun eyiblərini örtür. Digər tərəfdən də insan bədəni üçün zinətdir. Ayədə sözügedən bu bənzətmə və incə metafora bütün bu məqamları ehtiva edir. Həyat yoldaşları bir-birini yanılmaqdan, fəsada aludə olmaqdan qoruyur, bir-birinin eyblərini örtür, digər tərəfdən isə bir-birinin təskinlik səbəbidirlər və hər biri digərinin zinəti hesab olunur. Bu ifadə qadın və kişinin son dərəcə mənəvi əlaqəsini, bir-birinə yaxınlığını, həmçinin onların bu sahədə bərabər olmasını tam olaraq açıqlayır. Çünki heç bir fərq qoyulmadan qadınlar haqqında da kişilər haqqında işlənən ifadə işlənmişdir.[126]
  3. Rüşvət – böyük və çirkin günah: Rüşvət, ən böyük və ən çirkin günahlardan biridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Məhkəmədə rüşvət Allaha küfr etməkdir”. Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: “Allah rüşvəti alana, verənə və onların arasında vasitəçilik edənə lənət etmişdir”. Əlbəttə, bu günahın iyrəncliyi ona aludə olanların onu hədiyyə, zəhmət haqqı, hörmət və s. aldadıcı adlar altında gizlətməsinə səbəb olmuşdur. Amma məlumdur ki, adların dəyişməsi rüşvətin mahiyyətini dəyişmir. Hər halda bu yolla alınan pul haram və qanunsuzdur. Peyğəmbərin (s) həyat tarixində oxuyuruq ki, bir gün ona hakimlərindən birinin hədiyyə adı altında rüşvət aldığını xəbər verirlər. Həzrət (s) çox narahat olur və buyurur: “Siz evdə otursanız, mənim tərəfimdən hakim təyin edilməsəniz, insanlar yenə də sizə hədiyyə verəcəklər?” Sonra həmin hədiyyənin ondan alınıb, beytülmala qatılmasını tapşırdı və onu vəzifəsindən uzaqlaşdırdı.[127]
  4. Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (və bütpərəstlik) qətldən daha pisdir. Onlar sizinlə Məscidül-həram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
  5. Əgər onlar (döyüşə) son qoysalar, şübhəsiz, Allah bağışlayan və mehribandır.
  6. Fitnə (bütpərəstlik və əsarət) aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (yanlış hərəkətlərə) son qoysalar, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur.
  7. Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlarla vuruşmaq haqqına maliksiniz.) Bütün haramların qisasını almaq olar. Sizə qarşı həddi aşanlara qarşı siz də həmin ölçüdə həddi aşın. Allahdan çəkinin (təqvalı olun, ifrata varmayın) və bilin ki, Allah təqvalılarladır.
  8. (Malınızı) Allah yolunda xərcləyin və öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.
  9. Həcc və ümrə (əməllərini) Allaha görə tamamlayın. Əgər qarşınız kəsilsə (qorxu və ya xəstəlik kimi maneələr səbəbilə ehram bağlayandan sonra Məkkəyə daxil ola bilməsəniz), (sizə) müyəssər olan bir qurbanlıq (kəsin və ehramdan çıxın), qurbanlıq öz yerinə çatıncaya (kəsilincəyə) qədər başınızı qırxmayın. Əgər sizdən xəstələnən, yaxud başında narahatlıq olan olsa (və başını qırxmaq məcburiyyətində qalsa), fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Xəstəlik və düşməndən) amanda olduğunuzda isə ümrəni bitirib həccə başlayan şəxs ona müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. (Əlbəttə,) bu, ailəsi Məscidül-həramda (Məkkə və ətrafında) yaşamayanlara aiddir. Allahdan çəkinin və bilin ki, Allahın cəzası ağırdır.

—————————————————————————————————————–

  1. Fitnə – qətldən daha pis: “Fitnə” sözü əslində qızılı oda atıb, yaxşısını pisindən, bəzilərinə görə isə xalisini qatqısından ayırmaqdır. “Fitnə” və eyni kökdən törəyən sözlər Quranda altmış dəfə qeyd olunmuş və müxtəlif mənalarda işlənmişdir. Bəzən sınaq və imtahan (“Ənkəbut”, 2), bəzən aldatmaq (“Əraf”, 27), bəzən bəla və əzab (“Zariyat”, 13), bəzən azğınlıq (“Maidə” 41), bəzən də bütpərəstlik və ya iman gətirənlərin yoluna çəkilən sədd, maneə mənasında (sözügedən ayədə olduğu kimi) işlənmişdir. Amma güman ki, bütün bu mənalar “fitnə”nin ilkin mənası ilə əlaqədardır. Çünki bu söz lüğət mənası etibarilə qızılı oda atıb, yaxşısını pisindən, xalisini qatqısından ayırmağı bildirir, bir növ təzyiq və şiddət olan bütün mənalarda işlənir. Misal üçün, imtahan mənasında adətən təzyiq və çətinliklər var. Əzab mənasında bir növ şiddət və təzyiq var. Aldatmaq, hiylə təzyiq altında həyata keçirilir. Eləcə də şirk və insanların hidayəti üçün maneə törətməyin hər biri bir növ təzyiq və basqı ifadə edir. Qısası, bütpərəstlik və ondan irəli gələn müxtəlif fərdi və ictimai günahlar Məkkədə yayılmış, Allahın təhlükəsiz hərəmini aludə etmiş, ondan törəyən fəsadlar qətldən də çox olmuşdur. Bu ayədə deyilir ki, qan tökməkdən qorxub bütpərəstliklə mübarizədən çəkinməyin. Çünki bütpərəstlik qətldən də pisdir.[128]
  2. Kəbə və Məscidül-həramın ətrafı: Kəbə ətrafına ona görə Məscidül-həram deyilir ki, Allah bəzi şeyləri orada haram, digər yerlərdə isə halal etmişdir. Məscidül-hərama ehramsız girmək də bu qəbildəndir. Kim Məscidül-hərama daxil olmaq istəsə, öncə ehram bağlamalıdır. Həmçinin orada – müdafiə istisna olmaqla – döyüş və qan tökmək haramdır. Haram aylara bu adın verilməsinin də səbəbi budur. Çünki o aylarda – müdafiə istisna olmaqla – müharibə və qan tökmək haramdır.[129]
  3. Allah yolunda xərcləmək (infaq) – cəmiyyətin tənəzzüldən xilas olması üçün bir yol: Təfsirçilərə görə, “(malınızı) Allah yolunda xərcləyin” və “öz əlinizlə özünüzü təhlükəyə atmayın” cümlələri arasında əlaqə budur ki, Allah yolunda xərcləmək cəmiyyətin tənəzzülünün, fəlakətə sürüklənməsinin qarşısını alır. Çünki öz malından Allah yolunda xərcləmək unudulsa, sərvət müəyyən bir qrupun əlində toplansa, onun qarşısında əksəriyyət səfalət içində yaşasa, çox keçməyəcək ki, cəmiyyətdə böyük bir partlayış baş verəcək. Böyük sərvət sahiblərinin də canı, malı bu partlayışda yanacaq. Buradan da Allah yolunda xərcləmək və təhlükənin qarşısının alınması arasındakı fərq aydın olur. Buna görə də öz malından Allah yolunda yoxsullara vermək yoxsular üçün faydalı olduğu kimi sərvət sahibləri üçün də faydalıdır. Bəzi təfsirçilərin təbirincə, malından Allah yolunda sərf etməmək həm insan ruhunun xəsislik səbəbilə ölməsinə gətirib çıxarır, həm də cəmiyyətin səfalətdən, yoxsulluqdan ölməsinə səbəb olur. Xüsusilə islam cəmiyyəti yaxşılıq üzərində qurulmuşdur. Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Malınızı zəkat verməklə qoruyun”.[130] Nəzərə almaq lazımdır ki, ayədə sözü gedən “infaq” kəlməsi geniş məna ifadə edir, zəkat və xums kimi vacib infaqları, eləcə də sədəqə kimi müstəhəb infaqları da ehtiva edir.
  4. Həcc, məyyən aylardadır. (Həmin aylarda ehram bağlamaqla və həcc əməllərinə başlamaqla) həcci özünə vacib edənlər (bilməlidirlər ki,) həcdə (qadınla) yaxınlıq, günah və mübahisə (icazəsi) yoxdur. Allah gördüyünüz hər bir yaxşı işi bilir. Azuqə tədarükü görün. Ən yaxşı azuqə isə təqvadır. Ey ağıl sahibləri, Məndən çəkinin.
  5. (Həcc mövsümündə) Rəbbinizin lütfündən (iqtisadi mənafe) diləməniz sizin üçün günah deyildir. (Çünki həccin faydalarından biri sağlam iqtisadıyyatın əsasının qoyulmasıdır.) Ərəfatdan qayıdarkən Məşərül-həramda Allahı yad edin. Bundan əvvəl (yolunu) azanlardan olduğunuz halda sizi doğru yola yönəltdiyi kimi, siz də Onu yad edin.
  6. Sonra camaatın döndüyü yerdən siz də (Minaya) dönün. Allahdan bağışlanma diləyin, şübhəsiz, Allah bağışlayan və mehribandır.
  7. (Həcc) əməllərinizi bitirdikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da artıq Allahı yad edin.(Həcc mərasimində insanlar iki dəstədirlər:) İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə (verəcəyin gözəl nemətləri) elə dünyada ver!” – deyirlər. Belələrinin axirətdə heç bir payı yoxdur.
  8. Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi od (Cəhənnəm) əzabından qoru!” – deyirlər.
  9. Onlar qazandıqlarından (və dualarından) nəsiblərini alacaqlar. Allah tez haqq-hesab çəkəndir.

—————————————————————————————————————-

  1. Ən yaxşı azuqə: Bəzi təfsirçilərə görə, bu ayə Peyğəmbər (s) dönəmində müəyyən insanlar haqqında nazil olmuşdur. Belə ki, onlar Allah evini ziyarət üçün yola düşdükdə özləri ilə heç bir yol azuqəsi götürmürdülər. Azuqə götürəndə də ehram zamanı onu kənara atır və deyirdilər: “Biz Allahın evini ziyarətə gedirik. Necə ola bilər ki, bizə yemək verməsin?” Bəzən elə hallar olurdu ki, azuqələrini atdıqları üçün zəhmətə düşür, dilənçilik etməyə məcbur olurdular. Quran bu yanlış düşüncəni rədd edir və bildirir ki, özünüz üçün azuqə götürün. Amma eyni halda onları daha mühüm mənəvi bir mövzuya yönəldir və bildirir ki, bu azuqədən başqa digər azuqə də var və onu axirət səfəri üçün hazırlamaq lazımdır. Bu azuqə təqvadır.[131] “Təqva” “viqayə” kökündən olub, bu və ya digər şeyi ona ziyan vuracaq məsələlərdən qorumaq mənasını ifadə edir. Başqa sözlə, təqva insanı ehtiras tüğyanından qoruyan daxili nəzarət gücüdür və insanı uçurumdan saxlayan güclü əyləc rolunu oynayır, təhlükəli sürətin qarşısını alır.[132] Həzrət Əli (ə) buyurur: “Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm və yenilməz bir qaladır”.[133] Başqa bir kəlamında buyurur: “Bilin ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə ovsarı sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri Cənnətə daxil edərlər”.[134]
  2. Dünyada yoxsa, yoxsa Allah rizası: Allah öncəki və bu ayədə insanları iki dəstəyə bölür: Birinci dəstə dünyadan başqa bir şey istəmir və buna görə də axirətdə pay almayacaq. İkinci dəstə Allahdan “həsənə” istəyir. Bəzi təfsriçilərə görə, bu ayədə “həsənə” Allahın razılığını bildirir. Yəni, ikinci dəstənin istədiyi onları və nəfsani meyllərini razı salmaq yox, Allah rizasıdır. Rəvayətlərdə “həsənə”nin bir çox nümunələri bəyan olunmuşdur. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “(“Həsənə”də məqsəd) axirətdə Allah rızası, Cənnət, dünyada isə bol ruzi, gözəl əxlaqdır”.[135] Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə isə oxuyuruq: “Allah şükür edən qəlb, Onun zikrinə məşğul olan dil, dünya və axirət işlərində kömək edən imanlı həyat yoldaşı verdiyi kimsəyə dünya və axirətdə “həsənə” vermiş, onu Cəhənnəm əzabından qorumuşdur”.[136] Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, bu rəvayətlərdə sadəcə “həsənə” anlayışının real nümunələri əks olunur. Ayənin məqsədi isə geniş mənada yaxşılıq, gözəl nemətlərdir.[137]
  3. Müəyyən günlərdə (zilhiccə ayının 11, 12 və 13-cü günləri) Allahı yad edin. Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsə,) (onun da) heç bir günahı yoxdur. (Bu,) Allahdan çəkinənlər (təqvalı olanlar) üçündür. Allahdan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız.
  4. İnsanların eləsi vardır ki, onun dünya həyatında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır.
  5. O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir.
  6. Ona: “Allahdan qorx!” – deyildiyi zaman (inadı çoxalır,) inad və təəsüb onu günaha sürükləyir. Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir!
  7. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün canını verir (həzrət Əli (ə) kimi hicrət gecəsi Peyğəmbərin (s) yerində yatmaqla iman və fədakarlıq nümayiş etdirir, Allah rizası üçün öz canından keçir). Allah öz bəndələrinə qarşı mehribandır.
  8. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir.
  9. Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız, o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir.
  10. Yoxsa (Şeytanın izi ilə gedənlər bu qədər aydın nişanələrdən sonra) Allah və mələklərin bulud kölgəsində onlara doğru gəlməsini (və yeni dəlillər göstərməsini) gözləyirlər? (Halbuki bu, mümkün deyil.) Bütün işlər görülmüşdür və şübhəsiz ki, bütün işlər Allaha qaytarılacaqdır.

—————————————————————————————————————–

  1. “Təşriq” günlərində Allahı yada salmağın qaydası: İslam hədislərində “Təşriq” günlərində (zilhiccə ayının 11, 12 və 13-cü günləri) Allahı yad etmək haqqında bildirilir ki, Qurban bayramı gününün zöhr namazından başlayıb 13-cü günün sübh namazınadək davam edən on beş namazdan sonra bu ilhamverici sözlər təkrarlanmalıdır: “Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər və lillahil-həmd, Allahu əkbəru əla ma hədana, Allahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam”. Rəvayətlərə görə, ayədə “Allahdan çəkinənlər” ifadəsində məqsəd ovdan çəkinməkdir. Yəni, ehram halında ovdan və ya ehramda olanlara haram olan digər şeylərdən çəkinənlər Qurban bayramından sonra iki gün Minada qala və Allahı yad edə bilərlər. Amma bu işlərdən çəkinməyənlər üç gün qalmalı və ona məxsus ayini həyata keçirməlidirlər.[138]
  2. Allahın lütfündən bir nişanə: (“İnsanlardan” ifadəsi ilə başlayan) 204 və 205-ci ayələrdə söhbət o dönəmdə günahları ilə fəxr edənlərdən gedir. Hansılar ki, zahirdə sülhdən, Peyğəmbərlə (s) dostluqdan, ona sevgidən dəm vurur, ürəklərində isə düşmənçilik planları qururdular. Davranışları da din və insanlığa fitnə-fəsad və fəlakətdən başqa bir nəticə vermirdi. Bu ayə də “insanlardan” ifadəsi ilə başlayır və ondan aydın olur ki, söhbət sözügedən qrupun qarşı tərəfindən gedir. Yəni, o qınanan dəstənin müqabilində elələri də vardır ki, öz canlarını Allah rizası uğrunda fəda edirlər. Onların bütün arzu və istəkləri Allahın rizasını qazanmaqdır. Allah onların vasitəsi ilə din və dünyanı islah edir, haqqı dirçəldir. İnsanların həyatını pak-pakizə və valehedici edir. Bu yolla bəşəriyyət İslamın bərəkətindən faydalanır. Buradan aydın olur ki, nə üçün ayənin sonunda “Allah Öz bəndələrinə qarşı mehribandır” deyilir. Çünki insanlar arasında belə insanların olması Allahın Öz bəndələrinə xüsusi lütfü və mehribanlığının nümunələrindəndir. Əgər elə fitnə-fəsad törədən və münafiq düşmənlərə qarşılıq belə insanlar olmasa, dinin əsasları sarsılar. Allah hər zaman düşmənlərinin fəsadlarını dostlarının islahatı ilə aradan qaldırır. Belə ki, bu surənin 251-ci ayəsində oxuyuruq: “Əgər Allah insanların bir qismini, digərləri ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı“. Bir çox şiə və sünni rəvayətlərində nəql olunduğuna görə, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur. Müşriklər Peyğəmbəri (s) qətlə yetirmək istədikləri gecə o həzrət (s) Məkkəni tərk edib, Mədinəyə hicrət etmək qərarına gəldi. Həzrət Əli (ə) isə onun yerində yatdı və həyatını təhlükəyə atdı. Əslində canını Allah rizası uğrunda fəda etdi.[139]
  3. İman sayəsində sülh və əmin-amanlıq: “Silm” sülh və əmin-amanlıq deməkdir. Bu ayədən aydın olur ki, sülh və əmin-amanlıq yalnız Allaha iman sayəsində mümkündür. Çünki maddi aləm və ona bağlılıq çəkişmələrin mənşəyidir. Əgər mənəvi iman gücü insanı cilovlamasa, sülhə nail olmaq qeyri-mümkündür. Bu ayənin ümumi dəvətindən, bütün möminləri irq, dil, coğrafi məkan və ictimai təbəqəsindən asılı olmayaraq sülhə, əmin-amanlığa çağırmasından aydın olur ki, hər nöqtəsində sülh və əmin-amanlığın hakim olacağı vahid cahanşümul hakimiyyətin qurulması yalnız Allaha iman nəticəsində mümkündür. Prinsipcə, (dil, irq və s. kimi) təfriqə amilləri müqabilində insanların ürəkləri arasında möhkəm birləşdirici bağ lazımdır və bu birləşdirici bağ yalnız bütün bu ixtilafların fövqündə duran Allaha imandan ibarətdir. İman sayəsində sülh və əmin-amanlıq əzəmətli həcc mərasimində ən yaxşı şəkildə müşahidə oluna bilər. Orada bütün müsəlmanlar – hansı irqə, hansı regiona mənsub olmasından asılı olmayaraq – tam təhlükəsiz, aram bir vəziyyətdə Allaha ibadət edirlər. Allaha ibadətin nəticəsində hər növ ixtilaf və fərq gizli qalır.[140] İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə “silm” sözü həzrət Əlinin (ə) və digər məsum imamların (ə) imamət və vilayəti kimi izah olunur. Çünki imamət də İslam ümmətinin vəhdətinin əsasını təşkil edən başlıca amil ola bilər. Əgər Peyğəmbərdən (s) sonra bütün müsəlmanlar bu möhkəm və yenilməz qalaya daxil olsaydılar, İslam düşmənləri İslam diyarında – Siffeyn, Cəməl və Nəhrəvan döyüşləri kimi – saysız faciələr törədə bilməzdilər.[141]
  4. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr verdik. (Amma onlar Allahın bəxş etdiyi maddi və mənəvi imkanlardan yanlış yolda istifadə etdilər.) Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Allahın əzabı ağırdır.
  5. Dünya həyatı kafirlər üçün zinətləndirilmişdir. (Buna görə də bəzən yoxsul olan) iman gətirənləri ələ salırlar. Halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. (Çünki gerçək dəyərlər orada üzə çıxacaq.) Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.
  6. İnsanlar (başlanğıcda) tək bir ümmət idilər. (Onların arasında ziddiyyət yox idi. Zaman keçdikcə cəmiyyətlər, təbəqələr yarandı və onların arasında ixtilaf və ikitirəlk əmələ gəldi. Belə olduqda) Allah onlara müjdə verən və onları qorxudan peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün peyğəmbərlərlə birlikdə haqqa çağıran kitab nazil etdi. (İman gətirənlər onda ixtilafa düşmədilər). Yalnız (kitab) verilənlər və aşkar nişanələr göstərilənlər haqdan yayındıqları və zülm etdikləri üçün ixtilafa düşdülər. Allah iman gətirənləri Öz əmri ilə ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. (İman gətirməyənlər isə azğınlıq və ixtilafda qaldılar.) Allah istədiyini düz yola yönəldir.
  7. Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır.
  8. Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və yolda qalan müsafirlərə məxsusdur. Şübhəsiz, Allah etdiyiniz hər bir xeyir işdən xəbərdardır. (Təzahür etməyə ehtiyac yoxdur, O bilir)

—————————————————————————————————————–

  1. İlk şəriət sahibi olan peyğəmbər: Məsumlardan (ə) gələn rəvayətlərə görə, din gəlməsi həzrət Nuhdan (ə) sonra baş vermişdir. Ayədə sözügedən “insanlar (başlanğıcda) tək bir ümmət idi” ibarəsi də o həzrətdən (ə) öncəyə aiddir. O zaman insanlar ilahi fitrətə uyğun yaşayırdılar. Nübüvvətdən, peyğəmbərlikdən və dindən əsər-əlamət yox idi. Digər Quran ayələri də bu məsələni təsdiqləyir.[142]
  2. Çətinliklərin acı zahiri və şirin batini: Bəzi təfsirçilərə görə, müsəlmanlar Ühüd döyüşündə məğlub olduqdan sonra – Mədinə münafiqlərindən olan – Abdullah ibn Übey onlara dedi: “Nə zamana qədər özünüzü ölümə verəcəksiniz?” Əgər Məhəmməd (s) peyğəmbər olsaydı, Allah onun tərəfində olanları əsarətə düşməyə, qətlə yetirilməyə qoymazdı. Bu zaman sözügedən ayə nazil oldu. Bu ayədən aydın olur ki, bəzi möminlər Cənnətə daxil olmağın başlıca amilinin Allaha imanı bəlli etmək olduğunu düşünürlər. Onlara elə gəlir ki, imanı bəlli etdikdən sonra artıq heç bir çətinliyə, narahatlığa məruz qalmamalıdırlar. Çalışmadan, səy göstərmədən Allah bütün işlərini yoluna qoyacaq. Quran bu yanlış təfəkkürü rədd edir və aydınlaşdırır ki, əbədi səadətə və daimi Cənnətə nail olmaq üçün insanın çətinlik kürəsində polad kimi bərkiməsi, sınaqdan keçməsi və imanının aşkar olması lazımdır. Digər tərəfdən, çətinliklərdə ciddi-cəhdlə çalışmalı, bacarığını artırmalıdır. Bu halda Allahın yardımı da onun köməyinə gələcək. Rəvayətə görə, Xəbbab ibn Ərət adlı bir kişi – erkən İslam çağı mücahidlərindən olmuşdur – Peyğəmbərin (s) yanına gəlib müşriklərin verdiyi əzab-əziyyətdən gileyləndi. Həzrət (s) buyurdu: “Sizdən qabaqkı ümmətlər müxtəlif növ bəlalarla işkəncə olundular. Belə ki, onların bəzilərinin başını mişarlayıb iki yerə böldülər. Lakin bu, əsla onları dinlərindən yayındırmadı”.[143] Məsumlardan (ə) nəql olunan rəvayətlərdə deyilir: “Bəla və çətinliklər də Allahın mömin bəndəsinə verdiyi nemətdir. Çünki möminin çətinliyi onun Allaha daha çox təvəkkül etməsinə, yalvarmasına səbəb olur və beləcə o, Allaha daha da yaxınlaşır. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Çoxlu bəla və çətinlik öz ardınca çoxlu savab və mükafat gətirir. Deməli, Allah bəndəsini sevdikdə, onu çoxlu çətinliklərlə qarşılaşdırır. Əgər kimsə Allahdan razı olsa, Allah da ondan razı qalır. Əgər kimsə Allaha qəzəblənsə, Allah da ona qəzəblənir”.[144]
  3. (Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Çox zaman xoşlamadığınız bir şey sizin üçün xeyirli, çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
  4. Səndən haram ayda döyüş haqqında soruşurlar. De: “O ayda döyüşmək böyük günahdır. Lakin Allah yolunun (insanların haqq dinə yönəlməsinin) qarşısını almaq, onu inkar etmək, Məscidül-hərama hörmətsizlik etmək və sakinlərini (oradan) çıxarmaq Allah yanında daha böyük günahdır. Fitnə salmaq (insanları küfrə təşviq edən, imandan çəkindirən əlverişsiz mühit yaratmaq) isə qətldən daha böyük günahdır”. (Müşriklər) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölsə, onun bütün (keçmiş) əməlləri dünya və axirətdə puç olar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
  5. Həqiqətən, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır.
  6. Səndən şərab və qumar haqqında soruşurlar. De: “Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz.

—————————————————————————————————————-

  1. Şəriətin insanların həyat məsləhətlərinə uyğun olması: Allah bu ayədə qəti olaraq buyurur ki, insanlar özlərinin yaxşı və ya pis anlaşıylarına tabe olmamalıdırlar. Çünki onların biliyi hər baxımdan məhdud və dəyərsizdir. Onların bildiyi bilmədikləri qarşısında dəniz qarşısında bir damlanı xatırladır. İnsanlar Allahın yaradılış qanunlarında bütün şeylərin sirrindən xəbərdar olmadıqları, bəzən çox faydalı bir şeyi faydasız hesab etdikləri – elm inkişaf etdikcə onların önəmli faydalarından xəbərdar olduqları – kimi, şəriət qanunlarının da fayda və fəsadlarını bilmirlər. Buna görə də əslində onların səadətini təmin edəcək bir şey xoşlarına gəlməyə bilər. Yaxud, bədbəxtlikləri ilə nəticələnəcək bir şey xoşlarına gələ bilər. Onlar Allahın sonsuz biliyi qarşısında öz məhdud biliklərinə nəzərən ilahi hökmlər qarşısında qaşqabaq sallamamalıdırlar. Əksinə, bilməlidirlər ki, Rəhman və Rəhim Allah cihad və s. kimi çətin hökmlər qoymuşsa, bu, onların özlərinin xeyrinədir. Bu həqiqətə diqqət yetirmək ilahi qanunlar qarşısında insanda məsuliyyət və təslimçilik ruhu formalaşdırır. Onun idrakını, baxışını məhdud mühitdən daha yüksəyə qaldırır. Sonsuza, yəni Allahın sonsuz biliyinə bağlayır. Bu mövzu təkcə düşmənlə döyüş mövzusuna xas deyil. Əksinə, ümumi bir qanunun tərənnümüdür. İlahi göstərişlərin bütün zahiri çətinliklərini, acılıqlarını insan üçün asanlaşdırır.[145]
  2. Ümid: İlahi rəhmətə ümidvar olmaq, insan səadətinin başlıca amillərindən biridir. Çünki ümid insanın hərəkətə keçməsinə səbəb olur. Əlbəttə, bir mühüm məsələni qeyd etmək lazımdır ki, Quranın söhbət açdığı arzuolunan ümid məqsədin digər zəruri səbəbləri ilə birgə olan ümiddir. Yəni insan, qarşıya qoyduğu məqsədə çatmaq üçün lazımi səbəbləri, vasitələri təmin edib, sonra məqsədə çatmağı gözləməli, ona ümidvar olmalıdır. Misal üçün, münasib bir vaxtda yerini şumlayan, toxum səpən, vaxtlı-vaxtında sulayan, məhsula bu və digər ziyanın dəyməsinin qarşısını alan əkinçi bütün bu şərtlər mövcud olduğu halda, Allahın ona yaxşı məhsul verməsinə ümidvar olur. Əbədi səadətə və sonsuz ilahi rəhmətə çatmaq məsələsi də belədir. Əgər kimsə Allaha iman, layiqli əməl və ilahi təqva sahibi olsa, bu halda ilahi rəhmətə və mükafata da ümidvar olsa, o həqiqi ümid edəndir. Əks təqdirdə, ümid özünü aldatmaqdan başqa bir şey deyil. Necə ki, sözügedən ayə Allahın rəhmətinə ümidvar olmağı Ona inam, Onun yolunda cihad kimi dəyərləndirir.[146] Həzrət Əli (ə) bu haqda buyurur: “Allaha ümid edən şəxsin ümidi davranışından, əməlindən bilinir”.[147]
  3. (Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz). Səndən yetimlər haqqında soruşurlar. De: “Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır (Onlarla bir qardaş kimi davranın)”. Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir. Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah belə etmir. Çünki) O, qüdrətli və hikmətlidir.
  4. Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə, onlarla evlənməyin. (Hətta cariyələrlə evlənməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirmiş bir cariyə, (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyincə, mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir. O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar.
  5. Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: “Heyz əzab-əziyyətli bir haldır. (Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri və pak olanları sevir.”
  6. Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin. (Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.
  7. Yaxşılıq etmək, təqvalı olmaq (pis əməllərdən çəkinmək) və insanların arasını düzəltmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir.

—————————————————————————————————————–

  1. Zərurət yarandıqda yetimin malından istifadə etmək icazəsi: Bu ayənin nazilolma səbəbilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “İsra” surəsinin 33-cü və “Nisa” surəsinin 10-cu ayələri nazil olub, yetimlərin malına onların özünə xeyri olmadığı halda yaxın düşmək, onların malından yemək qəti qadağan edildikdə, evlərində yetim saxlayan ailələr onlara qəyyumluq etməkdən imtina etdilər və onları öz başlarına buraxdılar. Hətta bəziləri onları evlərindən çıxartdılar. Evdən çıxartmayanlar isə evdən çıxartmaqdan betər bir vəziyyət yaratdılar. Çünki öz mallarından hazırladıqları xörəyə onların malından qatmırdılar. Hətta onlar üçün ayrıca yemək hazırlayırdılar. Yetim yeməyi yeyəndən sonra artıq qalanını onun üçün saxlayırdılar ki, sonra yesin. Yemək xarab olanda isə onu atırdılar. Bütün bunlar ona görə idi ki, yetimin malını yemək məsuliyyətindən canlarını qurtarsınlar. Bu vəziyyət həm qəyyumlar, həm də yetimlər üçün çoxlu problemlər yaratdı. Buna görə də Peyğəmbərin (s) yanına gəlib bu haqda soruşdular. Onlara cavab olaraq bu ayə nazil oldu və müsəlmanlara bildirildi ki, yetimlərin qəyyumluğundan imtina etmək, onları özbaşına buraxmaq düzgün iş deyil. Yaxşısı budur ki, onların qəyyumluğunu qəbul edin. Onların işlərini yoluna qoyun və qaydaya salın. Əgər onların malı sizin malınıza qarışsa, eybi yoxdur. Sizin məqsədiniz işləri yoluna qoymaq olduqda, onlarla br qardaş kimi davranın.[148]
  2. Müşriklərlə evlənmək qadağası: Bu ayə müşriklərlə ailə qurmağın qadağan olunması səbəbini onların insanı Cəhənnəmə çağırmasında görür. Bu önəmli məsələyə diqqət yetirmək lazımdır ki, müşriklərlə müştərək həyat qurmaq, üns bağlamaq tədricən insanı Allah yolundan uzaqlaşdırır. Onu Cəhənnəmə sövq edir. Hərçənd, müşrik şəxsin çağırışı dillə olmasa da, onun yanlış əqidəsi, çirkin xüsusiyyətləri getdikcə imanlı insanda iz buraxır. Onu Allahdan uzaqlaşdırır və şirkə doğru çəkir. Bu təsir övladlar üçün daha keçərlidir. Çünki valideynlərin xasiyyəti, əhval-ruhiyyəsi genetik irsiyyət yolu ilə övladlara ötürülür. Eyni zamanda ata-ananın övladların tərbiyəsindəki rolu danılmazdır. Xüsusilə əgər ata-ana müsəlman və mömin olmasa, bu, daha acınacaqlı nəticələr doğurur. Çünki övladlar uşaqlıqdan ana qucağında böyüyürlər. Müşriklərdən fərqli olaraq, möminlər imanlı və təqvalı olduqları üçün öz həyat yoldaşlarını və övladlarını dil və əməlləri ilə Cənnətə, ilahi əfvə çağırırlar və Allah bu çağırışı Özünə isnad edir. Çünki möminlərin qəyyumu Odur. Onlar Onun köməyi ilə Allah yolunda addımlayırlar.[149]
  3. Qabaqcadan özünüz üçün yaxşı əməllər göndərin: Bu cümlə göstərir ki, intim münasibətin son qayəsi, məqsədi həzz və ehtirası soyutmaq deyil. Əksinə, bundan övlad dünyaya gətirmək və onları layiqli şəkildə yetişdirmək üçün istifadə etmək lazımdır. Onu indidən bir mənəvi tədarük olaraq Qiyamət üçün göndərmək lazımdır. Bu ayədə xəbərdarlıq edilir ki, həyat yoldaşı seçərkən bir sıra prinsiplər nəzərə alınmalıdır ki, bu önəmli nəticə, əməlisaleh övlad və layiqli nəsil törətməklə sonuclansın. Bu ayənin izahı ilə bağlı Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: “İnsan öləndə üç şeydən başqa hər şeydən ümidi kəsilir: cari sədəqələr (savabı daimi olan mallardan), fayda verən bilik və onun üçün dua edən layiqli övlad”. Beləcə əməlisaleh övladlar yetişdirmək, elmi əsərlər yaratmaq, düzgün yola yönəldən kitablar yazmaq, məscid, xəstəxana və kitabxana kimi xeyirli binalar tikmək və s. yaxşı əməllər cərgəsindədir.[150]
  4. Allah, bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir.
  5. Qadınları ilə yaxınlıq etməməyə and içənlər dörd ay gözləyə bilərlər. (Eyni zamanda bu dörd ay ərzində talaq vermək və ya birgə yaşamağa davam etdirmək baxımından öz qadınları ilə bağlı vəziyyəti aydınlaşdırmalıdırlar.) Əgər (bu müddət ərzində) dönsələr, (onların üzərinə bir şey düşmür. Çünki) Allah bağışlayan və mehribandır.
  6. Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda eybi yoxdur). Allah eşidən və biləndir.
  7. Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar). Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil. Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində haqları olduğu kimi onların da (kişilər üzərində) layiqli haqları vardır. Ancaq kişilər onlardan üstündürlər. Allah qüdrətli və hikmətlidir.
  8. (Ric’i) talaq iki dəfədir. (Hər dəfə) qadını yaxşı saxlamaq (və barışmaq), ya da xoşluqla buraxmaq (ayrılmaq) gərəkdir. Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisi üçün də günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalımdır.
  9. Əgər onu (üçüncü dəfə) yenə də boşasa, o zaman (qadın) başqa birinə ərə getməmiş (onunla yaxınlıq etməmiş) ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın hədlərinə hörmətlə yanaşacaqlarına ümidvar olduqları təqdirdə, (həmin qadının birinci əri ilə təkrar evlənməsində) heç bir günah yoxdur. Bunlar Allahın anlayanlar üçün açıqladığı hədlərdir.

—————————————————————————————————————-

224 və 225. Əsassız andlar: Bu iki ayənin nazilolma səbəbi ilə bağlı nəql olunmuşdur ki, Peyğəmbərin (s) səhabələrindən Abdullah ibn Rəvahənin qızı ilə kürəkəni arasında mübahisə yarandı. O and içdi ki, onların işinə qarışmayacaq və ixtilaflarını həll etmək üçün heç bir iş görməyəcək. Bu zaman sözügedən iki ayə nazil oldu və bu növ andları yasaqladı.[151] 224-cü ayədən aydın olur ki, and içmək – xüsusilə də Allaha and içmək – yaxşı iş deyil. Bu iki ayəyə və eləcə də məsumlardan (ə) nəql olunan rəvayətlərə görə, and iki yerdə mötəbər və hüquqi dəyərə malik deyil: 1. İnsan vacib və ya müstəhəb işi görməyəcəyinə, yaxud haram bir işi görəcəyinə dair and içərsə, bu halda andı etibarsızdır və bu anda əməl etməməyinin eybi yoxdur.[152] İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Səndən iki nəfəri barışdırmaq istənildikdə: “Mən belə iş görməyəcəyimə dair and içmişəm.” – demə”.[153] 2. Bilmədən, niyyətsiz, əsəbiliklə və ya başqalarının məcbur etməsi ilə, andın əsl mahiyyətini diqqətə almadan içilən andlar da bu qəbildəndir.[154] İmam Sadiq (ə) buyurur: “Dəyərsiz and kiminsə əhd bağlamaq istəmədən “yox, Allaha and olsun” və “bəli, Allaha and olsun” deməsidir”.[155] Əgər and bu iki haldan xaric olsa, insan həqiqətən and içsə, andına əməl etməsi vacibdir. Əgər andını pozsa, axirət cəzasından əlavə kəffarə də ödəməlidir. Digər bir rəvayətdə İmam Sadiq (ə) yalan and haqqında buyurur: “And içən və yalan olduğunu bilən şəxs Allahla döyüşə qalxmışdır”.[156] “Maidə” surəsinin 89-cu ayəsində andı pozmağın kəffarəsinin on yoxsula yemək vermək, on nəfər ehtiyacı olanı geyindirmək və ya bir kölə azad etmək olduğu bildirilmişdir. (Hazırda kölə olmadığı üçün iki kəffarədən biri ödənilməlidir.)[157]

  1. Halalların ən arzuolunmazı: Bu və bir neçə sonrakı ayənin ümumi mövzusu talaqdır. Talaq özü bir zərurətdir. Çünki bəzən elə səbəblər ortaya çıxır ki, ər və arvadın müştərək həyatı mümkünsüz olur. Əgər nikah müqaviləsinin əbədi olaraq qalmasında israrlı olsalar, çoxlu problemlərə yol açacaqdır. Buna görə də İslam talağın özü ilə müvafiqdir. Lakin bu fikirdədir ki, bunu minimuma endirmək lazımdır. Nə qədər ki evliliyi davam etdirmək mümkündür, kimsə talağa üz tutmamalıdır. Buna görə də İslam rəvayətləri talağı qınamış, onu ən arzuolunmaz halal adlandırmışdır. İslam Peyğəmbərindən (s) nəql olunur: “Allah dərgahında İslamda (müsəlman cəmiyyətində) bir ailənin əsasının talaq və ayrılıqla dağılmasından mənfur şey yoxdur”. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə isə oxuyuruq: “Allahın halalları arasında Onun dərgahında heç bir şey talaq qədər xoşagəlməz deyil”.[158]
  2. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman onları ya düzgün şəkildə saxlayın, ya da xoşluqla buraxın. Onları zərər vurmaq və təcavüz etmək üçün saxlamayın. Belə edən şəxs özünə zülm etmiş olur. (Bu əməllərlə, Allahın hökmlərindən sui-istifadə etməklə) Allahın ayələrini ələ salmayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı və hikməti yada salın. Allahdan çəkinin və bilin ki, Allah hər şeyi (Onun hökmlərindən sui-istifadə edənlərin niyyətlərini) bilir.
  3. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman öz aralarında layiqli şəkildə razılığa gələrlərsə, onlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə iman gətirənlərin öyüd aldığı (əməl etdiyi) bir göstərişdir. Bu (göstəriş) sizin (ailələrinizin) inkişafı üçün daha təsirli və aludəliklərinizin təmizlənməsi üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz.
  4. Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirmə müddətini tamamlamaq istəyənlər üçündür. Uşağın atası (əmizdirmə müddətində, hətta talaq verilmiş olsa da) ananın yeməyini və geyimini layiqincə təmin etməlidir. Heç kəs gücü çatdığından artıq vəzifə daşımır. Nə ana, nə də ata (aralarındakı ixtilafa görə) uşağına ziyan vura bilməz. Varis də bu şəkildə etməlidir. (Südvermə müddətində ananın xərcini təmin etməlidir.) Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən (tez) ayırmaq qərarına gəlsələr, ikisinə də heç bir günah yoxdur. Əgər siz (ana əmizdirə bilmədikdə və ya razılaşmadıqda) uşağınız üçün süd anası tutmaq istəsəniz, (ananın keçmiş) haqqını layiqincə ödəsəniz, sizə heç bir günahı yoxdur. Allahdan çəkinin və bilin ki, Allah, etdiklərinizi görür.

—————————————————————————————————————–

  1. Talaq “iddə”sinin fəlsəfəsi: Bu və bunu əhatə edən ayələrdə bəzi talaq hökmlərinə işarə vurulmuşdur. Bu hökmlərdən biri talaqdan sonrakı iddədir. Yəni, talağı verilən qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər. Ondan sonra digər kişiyə ərə gedə bilərlər. İslam alimləri bu hökmün fəlsəfəsi ilə bağlı iki məqamı qeyd etmişlər: 1. Soyu qorumaq. Hərçənd bir dəfə aybaşı olmaq artıq qadının hamilə olmamasına sübutdur, amma bəzən qadınlar hamilə olduğu halda da aybaşı ola bilirlər. Buna görə də bu müddətin tam başa çatması əmr olunmuşdur ki, qadın üç dəfə heyz görüb təmizlənsin, keçmiş ərindən hamilə qalmadığı tam aydın olsun və yenidən ailə qura bilsin. 2. Barışıq və qayıdış üçün bir yol. Bir çox ayrılıqlar kiçik mübahisələrdən başlayır. Bu kimi hallar insanların ürəyinə kin-küdurət odu salır və talağa səbəb olur. Amma bir çox hallarda bir az vaxt keçdikdən sonra qadın və kişi peşman olur, yenidən bir yerdə yaşamaq istəyirlər. Buna görə də İslam qadınların müəyyən müddət gözləmələrini vacib etmişdir ki, bəlkə qara buludlar çəkilsin və kin alovu yatsın. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Talağı verilmiş qadın iddə müddətində bəzənə, sürmə çəkə, saçına boya qoya, ətirlənə bilər. İstədiyi libası geyinə bilər. Ola bilər ki, bu yolla bir daha kişinin (keçmiş ərinin) qəlbini ələ alsın və kişi ona tərəf qayıtsın”.[159]
  2. Ana südünün uşağın fiziki və ruhi inkişafında rolu: Fəqihlərin rəyinə görə, ananın övladına süd verməsi vacib deyil. Amma südəmər uşağın anasının südü ilə qidalanması çox müstəhəb və yaxşıdır.[160] Ana südü südəmər uşağın orqanizminə və ruhuna çox müsbət təsir bağışlayır. Müasir elmə görə də ana südü körpənin ilk bir neçə ayda ehtiyacı olan hər şeyi qarşılayır. Ana südü olduqda körpənin başqa qidaya ehtiyacı qalmır. Qidadan əlavə süd verən qadının əxlaqı və xasiyyəti də körpəyə ötürülür. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Südəmər uşağa ana südündən başqa heç bir bərəkətli süd verilə bilməz”.[161] Həmçinin hədislərə görə, körpəyə anadan başqa bir qadın süd verərsə, müstəhəbdir ki, həmin qadın on iki imamlı, ismətli və gözəl olsun.[162] Həzrət Əli (ə) buyurmuşdur: “Övladınıza süd vermək üçün yaxşı bir şəxs seçin. Necə ki, ailə qurmaq üçün münasib birini axtarırsınız. Çünki süd vermək insanın xarakterinə, əxlaqına təsir göstərir”.[163] Allah “Qəsəs” surəsində buyurur ki, həzrət Musanın (ə) anası Allahın fərmanı ilə onu bir qutuya qoyub Nil çayına buraxdı. Fironun adamları onu tapdılar və ona süd verəcək bir dayə axtardılar. Lakin Allahın iradəsilə uşaq anasından başqa heç kimin südünü əmmədi. Beləcə, Allah onu anasının qucağına qaytardı. Bəzilərinin fikrincə, Musanın (ə) başqalarının südünü əmməsinə imkan verilməməsinin səbəbi bu idi ki, Allah peyğəmbəri olacaq şəxs aludə, haram, oğurluq, cinayət, rüşvət, başqalarının qəsb olunmuş haqlarından əmələ gələn südlə qidalanmasın. O, anasının südü kimi halal südlə qidalanmalı idi ki, aludəliklərə qarşı ayağa qalxsın, mübarizə aparsın.[164] Rəvayətlərdə süd vermə üçün çoxlu savab nəzərdə tutulduğu bildirilmişdir. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Qadın körpəsinə süd verdikdə körpə hər dəfə südü sovuranda Allah anaya İsmayıl (ə) övladlarından bir kölə azad etməyin savabını verir. Süd verib qurtardıqdan sonra isə bir mələk ananın böyrünə vuraraq deyir: “İşini bir daha gör, çünki bağışlandın”.[165]
  3. Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər (iddə saxlamalıdırlar). Bu müddət başa çatdıqda onların özləri barədə layiqli şəkildə etdiklərində sizə heç bir günah yoxdur. (Könülləri istəyən kişi ilə ailə qura bilərlər.) Allah etdiklərinizdən xəbərdardır.
  4. (Əri ölən) qadınlara elçi düşmək istədiyinizi eyham vurmanızda və ya (bəlli etmədən) ürəyinizdə gizlətmənizdə sizə heç bir günah yoxdur. Allah sizin onları xatırlayacağınızı (unutmayacağınızı) bilir. (O, sizin təbii istəklərinizə qarşı deyil.) Lakin onlarla gizlincə vədələşməyin, onlara layiqli şəkildə söz deyin (eyham vurun). (Amma hər halda) gözləmə müddəti başa çatmayıncaya qədər onlarla nikah bağlamağa cəhd etməyin. Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ona qarşı çıxmaqdan qorxun və bilin ki, Allah bağışlayan və həlimdir. (Cəzalandırmağa tələsmir.)
  5. Qadınları yaxınlıq və mehriyyə təyin etməzdən qabaq boşamanızda sizin üçün heç bir günah yoxdur. (Bu zaman) onlara (uyğun bir) hədiyyə verin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (verən və alanın vəziyyətinə uyğun) hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır.
  6. Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz). Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır. Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür.

—————————————————————————————————————–

  1. Həlimliyin fəziləti: Həlim o kəsdir ki, bacardığı, gücü çatdığı halda heç bir işi vaxtından əvvəl görmür, cinayətkarları cəzalandırmaqda tələskənlik etmir. Bu sifətin kamil nümunəsi Allah-taaladır. Lakin Onun geniş ruha malik bəzi bəndələrinə də aid ola bilər. Quran “Tövbə” surəsinin 114-cü ayəsində həzrət İbrahimin (ə) həlim olduğunu buyurur: “Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir adam idi.”[166] Həlimlik haqqında məsumlardan (ə) çoxlu sayda hədislər nəql olunmuşdur. Bir rəvayətə görə, həzrət Əli (ə) bir nəfərin – sadiq xidmətçisi – Qəmbərə nalayiq söz dediyini və Qəmbərin də ona qarşılıq vermək istədiyini eşitdi. İmam (ə) onu çağırıb buyurdu: “Aram ol, sənə nalayiq söz deyəni rüsvay olmuş halda qoy. Bu halda Rəhman Allahı razı salmış, Şeytanı əsəbləşdirmiş və düşmənini cəzalandırmış olursan. Toxumu yaran və canlıları yaradan Allaha and olsun ki, imanlı insan heç bir şeylə həlimliklə olduğu kimi Allahını razı salmır. Şeytanı heç bir şeylə susqunluqla olduğu kimi qəzəbləndirmir. Axmaq insanı çirkin işinə görə heç bir şeylə onun (ədəbsizlikləri) qarşısında susmaqla olduğu kimi cəzalandırmır”.[167]
  2. Evlilik həyatında əfv və güzəştin zərurəti: Bu ayə əsasən iki əsaslı prinsip, evlilik məsələlərində – istər nikah olsun, istər talaq, istərsə də digər məsələlər – ürf və yaxşılığı əsas götürmək üzərində dayanır. Ayəyə görə, hətta talaq və ayrılıq da mübahisə, keşməkeş, təhrik və intiqam ruhu ilə qarışmamalıdır. Əksinə, yaxşılıq, alicənablıq, əfv və güzəşt əsasında olmalıdır. Çünki əgər bir kişi və qadın birgə yaşaya bilmirlərsə və müəyyən səbəblərdən ayrılmağa qərar verirlərsə, onların arasında düşmənçiliyin hakim kəsilməsinə nə lüzum var?[168]Sizin güzəştə getməyiniz təqvaya daha yaxındır” ibarəsinin şərhi ilə bağlı deyilmişdir ki, öz halal və qanuni haqqından keçən insan, şübhəsiz, haqqı olmayandan, ona haram olandan daha rahat keçə bilər. Haqqı olmayana göz yummaqda daha güclü olar. “Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın” ibarəsi isə insanları öz həyatlarında yaxşılıq etməyə, güzəştə getməyə rəğbətləndirir. Onları əxlaqi fəzilətlər əhatəsində yaşamağa təşviq edir. Belə ki, insanlar öz hüquqlarından asanlıqla keçə bilsinlər. Ər arvada, arvad da ərə mülayim davransın.[169]
  3. Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allah qarşısında mütiliklə durun.
  4. Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin. (Namazı adi qaydada qılın.)
  5. Sizlərdən ölüm ayağında olan və (özündən sonra) zövcələr qoyub gedənlər zövcələrinə bir il müddətində (ər evindən) çıxmamaq (ərə getməmək) şərtilə baxılmasını (xərclərinin təmin olunmasını) vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (o zaman xərclərini tələb etmək hüquqları yoxdur. Amma) onların özləri barədə layiqincə görəcəkləri işlərdə sizin üçün heç bir günah yoxdur. Allah qüdrətli və hikmətlidir.
  6. Boşanmış qadınlara (ər tərəfindən) uyğun bir hədiyyə (vermək) lazımdır. Bu, təqvalılar üzərində bir haqdır.
  7. Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə düşünəsiniz.
  8. Ölüm qorxusundan (taun xəstəliyi bəhanəsilə cihadda iştirak etməkdən böyun qaçırıb) yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi? Allah onlara: “Ölün!” – dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər). Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi). Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir.
  9. Allah yolunda vuruşun və bilin ki, Allah eşidən və biləndir.
  10. Kim Allaha gözəl bir borc verər (Allahın ona bəxş etdiyi maldan Onun yolunda verər) ki, O da onun üçün bunu qat-qat artırsın? (Bəndələrin ruzisini) azaldan da, artıran da Allahdır. (Allah yolunda xərcləmək əsla ruzinin azalmasına səbəb olmur.) Siz Ona doğru qaytarılacaqsınız (və mükafatınızı alacaqsınız).

—————————————————————————————————————–

  1. Namaz vaxtlarına diqqət: Bu ayə beş namaza önəm verməyi, onlara diqqətlə yanaşmağı təkid edir. Namaza ciddi yanaşmaq onun qaydalarına, şərtlərinə və xüsusiyyətlərinə riayət etmək kimi izah olunmuşdur. O qayda və şərtlər ki, həm namazın zahirini batil olmaqdan, pozulmaqdan qoruyur, həm namazın ruhunu, yəni namazda diqqəti (hüzuri-qəlbi) gücləndirir, həm də namazın yolunda duran maneələri aradan qaldırır.[170] Namaza ciddi yanaşmağın yollarından biri onu müəyyən vaxtda, xüsusilə ilk vaxtda qılmaqdır.[171] Ayə ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Namaza ciddi yanaşmaq insanın namaza üz tutması və vaxtında qılmasıdır. Belə ki, (heç bir şey onu namazdan çəkindirməsin və heç bir şey onu özünə məşğul etməsin”.[172] Həzrət Əlinin (ə) Məhəmməd ibn Əbu Bəkrə tövsiyələrini ehtiva edən bir rəvayətdə deyilir: “Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hamısı namaza bağlıdır”.[173]
  2. Namazın bütün hallarda vacib olması: Hədislərə görə namaz heç bir halda insanın üzərindən götürülmür. Lakin onun qılınma forması dəyişə bilər.[174] Bu ayə göstərir ki, döyüş və bənzər zamanlarda qorxu və ya başqa bir səbəbdən adi qaydada namaz qılmaq mümkün olmadıqda, piyada və ya minikdə namaz qılmaq lazımdır. İmam Kazim (ə): “Bir şəxsin izinə yırtıcı heyvan düşmüşsə, namaz vaxtı gəlib çatmışsa, yırtıcının qorxusundan hərəkət edə bilmirsə, necə namaz qılmalıdır?” sualına cavab olaraq buyurur: “Olduğu vəziyyətdə hərçənd, arxası qibləyə də olsa, namazını qılsın. Rüku və səcdələri dayandığı yerdə işarə ilə yerinə yetirsin”. Bu namaz fəqihlərin, haqqında geniş şəkildə söhbət açdığı “xof” (qorxu) namazıdır. Deməli, namaza ciddi yanaşmaq adi sabitlik halına xas deyil. Əksinə, namaz bütün hallarda yerinə yetirilməlidir.[175]
  3. Allahla faydalı sövdələşmə: Bu ayənin nazilolma səbəbilə bağlı nəql olunan rəvayətdə deyilir: “Bir gün həzrət Peyğəmbər (s) buyurdu: “Kim sədəqə versə, Cənnətdə onun iki mislini alacaqdır”. Əbu əd-Dəhdah Ənsari dedi: “Ey Allahın Rəsulu! Mənim iki bağım var. Onlardan birini sədəqə versəm, Cənnətdə onun iki mislini alacağammı?” Həzrət (s) buyurdu: “Bəli, alacaqsan”. Dedi: “Həyat yoldaşım və övladlarım da mənimlə birgə olacaqlar?” Həzrət (s) buyurdu: “Bəli, onlar da səninlə birlikdə olacaqlar”. Sonra Əbu əd-Dəhdah bağlarının ən yaxşısını sədəqə olaraq Peyğəmbərin (s) ixtiyarına verdi. Bu zaman sözügedən ayə nazil oldu və Allah onun sədəqəsini qat-qat artırdı. Əbu əd-Dəhdah evə qayıtdıqda həyat yoldaşını və övladlarını sədəqə üçün nəzərdə tutduğu bağda gördü. Bağın qapısında dayandı. Həyat yoldaşını səsləyib dedi: “Mən bu bağı sədəqə üçün ayırmışam. Əvəzində isə Cənnətdə iki qatını alacağam. Sən və övladlarımız da Cənnətdə mənimlə birlikdə olacaqsınız”. Arvadı dedi: “Satdığın və aldığın mübarək olsun!” Sonra hamısı bağdan xaric oldular və onu Peyğəmbərin (s) ixtiyarına buraxdılar. Peyğəmbər (s) buyurdu: “Cənnətdə nə çox xurma ağacları var ki, budaqları Əbu əd-Dəhdah üçün asılmışdır”.[176]
  4. Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) görmədinmi? Onlar öz peyğəmbərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, (onun əmri altında) Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma əmri verilsə, bəlkə də (boyun qaçırar və) vuruşmazsınız.” Onlar dedilər: “Yurdumuzdan çıxarıldığımız, övladlarımızdan ayrı düşdüyümüz (şəhərlərimiz düşmən tərəfindən işğal olunduğu, övladlarımız əsir alındığı) halda Allah yolunda necə döyüşməyə bilərik?” Lakin onlara vuruşmaq əmri gəldikdə az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) boyun qaçırdı. Allah zalımları tanıyır.
  5. Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi (təyin etdi)”. Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona heç böyük var-dövlət də verilməmişdir?” (Peyğəmbər) dedi: “Onu sizə (hökmdarlıq üçün) Allah seçmiş, ona bilik və fiziki güc vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allahın (bəxşişi) genişdir və (Allah kimin daha layiqli olduğunu) bilir”.
  6. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə “əhd sandığı”nın gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, Musa və Harunun ailəsindən qalan yadigarlar vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, sizin üçün bunda aydın bir nişanə vardır”.

—————————————————————————————————————-

  1. Talut və Calut: Bu ayə ilə bağlı İmam Baqirdən (ə) nəql olunan rəvayətdə oxuyuruq: ” Musa (ə) dünyasını dəyişdikdən sonra Bəni-İsrail dinini dəyişdi və Allahın fərmanlarından yayındı. Aralarında onlara yaxşı işlər görməyi əmr edən, pis işlərdən çəkindirən İrmiya adlı bir peyğəmbər var idiı. Lakin onlar ona tabe olmurdular. Allah, İrmiyaya itaətsizlik etdikləri üçün qibtli (yerli misirli) Calutu onlara hakim etdi. O, Bəni-İsraili çox zillətə sürüklədi. Onların kişilərini öldürdü, qalanlarını isə yurdlarından çıxartdı. Qadınlarını da özünə kəniz götürdü. Bəni-İsrail peyğəmbərlərinin (Şamuelin) yanına gedib, acınacaqlı vəziyyətlərindən gileylənlənərək dedi: “Allahdan istə ki, bizim üçün hökmdar təyin etsin və (onun əmri altında) Allah yolunda döyüşək”. O vaxtlar daim nübüvvət bir ailədə, hökmdarlıq isə digər bir sülalədə idi. Buna görə də onlar öz peyğəmbərlərindən belə istədilər. Peyğəmbərləri soruşdu: “Əgər sizin üçün belə bir peyğəmbər təyin olunsa və döyüş sizə vacib edilsə, cihaddan boyun qaçırmayacağınıza dair söz verirsinizmi?” Onlar dedilər: “Bizim nə bəhanəmiz var ki, Allah yolunda döyüşməyək? Bir halda ki, düşmən bizi evimizdən çıxarıb, arvad-uşağımızdan uzaq salıb”. Lakin Allah o peyğəmbərə xəbər verdi ki, bunlar döyüşdən yayınacaqlar. Elə ki cihad onlara vacib oldu, çox az bir hissəsindən başqa hamısı döyüşdən boyun qaçırdı. Nəhayət, peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar seçdi”. Bəni-İsrail bundan qəzəbləndi. Onlar dedilər: “O hara, hökmdarlıq hara? Biz özümüz hökmdarlığa daha layiqik. O, nə sərvət sahibidir, nə peyğəmbərlər sülaləsindən olan Lavinin soyundandır, nə də hökmdarlar sülaləsi olan Yusif soyundan. O, (Yusifin qardaşı) Binyaminin soyundandır. Bu soydan nə peyğəmbər olmuşdur, nə də hökmdar”. Peyğəmbərləri onlara cavab olaraq dedi: “Allah onu sizdən üstün etmişdir. Ona elm və fiziki güc vermişdir. Allah nə edirsə, biliyə dayanır”. Bəli, Talut Bəni-İsrailin ən bilici və ən güclü kişisi idi. Lakin yoxsul idi. Buna görə də Bəni-İsrail onun yoxsulluğuna irad tutur və çox sərvəti olmadığını deyirdi. Peyğəmbərləri onlara dedi: “Onun Allah tərəfindən sizə hökmdar seçilməsinin əlaməti budur ki, sizin yanınıza “əhd sandığı” gələcək və onu mələklər dayışyacaqlar. Bu, Allahın Musanın (ə) anasına göndərdiyi sandıqdır. Musanın anası onun qundağını həmin sandığa qoyub çaya buraxmışdı. Bu sandıq həmişə Bəni-İsrailin arasında olub. Ona təbərrük edirdilər. Musanın (ə) dünyasını dəyişmə zamanı gəlib çatdıqda Tövrat lövhələrini, zirehini və digər nübüvvət əlamətlərini onun içinə qoydu və canişini Huşaya tapşırdı. Bəni-İsrailin günahları və sandığa hörmətsizliyi həmin sandığın onlardan alınmasına səbəb oldu. O vaxta qədər izzətli və şərafətli həyat sürdükləri halda, Caluta tuş gəldilər və onun əli ilə xar oldular.[177]
  2. Rəhbərlik şərtləri: Bəni-İsrail Talutun hökmdarlığa seçilməsinə etiraz olaraq iki xüsusiyyəti irəli sürdü: yüksək əsil-nəsil və çoxlu var-dövlət. Amma peyğəmbərləri onlara kəskin cavab verdi və beləcə rəhbərliyin Talutda mövcud olan iki mühüm şərtini açıqladı: bilik və fiziki güc. Əslində soy-kök və sərvət şərti və əsası olmayan imtiyazdır. Lakin bilik və bacarıq iki gerçək və əsas imtiyazdır. Rəhbər öz biliyi ilə cəmiyyətin səadət yolunu müəyyən edir. Onun qaydalarını, prinsiplərini cızır. Öz gücü ilə isə onları vaxtında icra edir.[178]
  3. Talut qoşunla birlikdə (şəhərdən) ayrıldığı zaman (onlara) dedi: “Allah sizi bir çay vasitəsilə sınağa çəkəcək. Kim (susayarkən) ondan içsə, o, məndən deyildir. Bir ovuc götürənlərdən başqa kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla, (hamısı) ondan su içdi. O və onunla birlikdə iman gətirənlər (sınaqdan çıxanlar) çayı keçdikdən sonra (saylarının azlığından narahat oldular və bəziləri) dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur”. Amma Allahla görüşəcəklərini yəqin bilənlər (Qiyamət gününə inananlar) dedilər: “O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!” Allah səbir edənlərlədir (müqavimət göstərənlərlədir).
  4. Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: “Ey Rəbbimiz, bizə çoxlu səbir və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövmə qarşı yardım et!”
  5. Sonra onlar Allahın fərmanı ilə düşmən qoşununu məğlubiyyətə uğratdılar. (Talutun qoşunundan qüvvətli və şücaətli bir gənc olan) Davud Calutu öldürdü. Allah ona (Davuda) hökmranlıq və bilik bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini bəziləri ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmlərə qarşı lütfkardır.
  6. Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən göndərilən elçilərdənsən.

—————————————————————————————————————–

  1. Böyük cihadın kiçik cihada təsirinin bir nümunəsi: İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: “Talutun əhvalatında çayın suyundan içməyənlər – bir ovuc (Allahın icazə verdiyi qədər) içən və ya heç içməyənlər – üç yüz on üç nəfər idilər. Talutun qoşunu Calutun qoşunu ilə qarşılaşdıqda Allahın fərmanının əksinə olaraq çayın suyundan içənlər dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur”. Ondan içməyənlər isə dedilər: “O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!”[179]
  2. Calutun Davud tərəfindən öldürülməsi: İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Davud (ə) və qardaşları dörd nəfər idilər. Ataları da yaşlı kişi idi. Onlarla birgə yaşayırdı. Hamısından kiçik olan Davud atasının qoyunlarını otarırdı. Qardaşları isə Talutun qoşununda xidmət edirdilər. Bir gün Davudun atası onu çağırdı ki, oğlum, gəl hazırladığım bu yeməyi qardaşların üçün apar. Qoy düşmənə qarşı güclü olsunlar. Qısaboy, göygöz, qısa saç və pak ürəkli gənc olan Davud yeməyi götürdü və döyüş meydanına yollandı. Döyüş meydanında qoşun sıralarının bir-birinə yaxınlaşdığını gördü. Davud irəli gedərkən bir daşa ilişdi. O daşdan bir səs gəldi ki, ey Davud, məni götür və Calutu mənimlə qətlə yetir. Allah məni Calutu öldürmək üçün yaratmışdır. Davud o daşı götürdü və sapandını qoyduğu kisəyə atdı. Yoluna davam etdi və qoşunun içinə girdi. Eşitdi ki, hamı Calutun qəddarlığından danışır, onun güclü olduğunu deyir. Davud dedi: “Nə olub ki, onu bu qədər şişirtmisiniz və qarşısında aciz qalmısınız? Allaha and olsun ki, onunla qarşılaşan kimi onu öldürəcəyəm”. Əsgərlər bu xəbəri Taluta çatdırdılar və Davudu Talutun yanına apardılar. Talut dedi: “Ümidvaram ki, Allah Calutu bu gəncin əli ilə öldürəcək”. Səhər açıldıqda əsgərlər Talutun ətrafına toplaşdılar. İki qoşun üz-üzə dayandı. Davud dedi: “Calutu mənə göstərin”. Onu görən kimi kisədən daşı çıxarıb sapanda qoydu və var gücü ilə Caluta tərəf atdı. Daş birbaşa Calutun iki gözünün arasına dəydi və beyni parçalandı. Calut atdan yıxıldı. Əsgərlər qışqırdılar: “Davud Calutu öldürdü”. Bu hadisədən sonra insanlar onu öz hökmdarları seçdilər. Davud elə məşhurlaşdı ki, sanki heç Talutun adı eşidilməmişdi. Allah Davuda Zəburu nazil etdi. Ona dəmirçilik sənətini öyrətdi. Dağlara və quşlara onunla birlikdə Allahı mədh etməyi əmr etdi”.[180]
  3. O elçilərin bəzisini bəzilərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik. (Lakin bu peyğəmbərlərin üstünlüyü ümmətlər arasında ixtilafa mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar. (Amma Allah insanları məcbur etmir və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu. (Döyüşlər baş verdi, qan töküldü. Yenə də) əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmət əsasında) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir).
  4. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün (səadəti və cəzadan xilas olmağı ala bilməyəcəyiniz, maddi dostluqların fayda verməyəcəyi və şəfaətə layiq olmayacağınız gün) gəlməzdən qabaq sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər özləri zalımdırlar. (Həm özlərinə zülm edirlər, həm də başqalarına).
  5. Allah, Ondan başqa heç bir tanrı yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar). Onu nə mürgü, nə də yuxu tutar. (Bir an da dünyanı idarə etməkdən qafil olmaz.) Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər? (Şəfaət edənlərin şəfaətə layiq olanları şəfaət etməsi Onun mütləq hakimiyyətini azaltmır.) Onların (bəndələrinin) keçmişini və gələcəyini bilir. Onun elmindən, Onun istədiyindən başqa heç nə bilə bilməzlər. Onun taxtı (səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları qoruyub saxlamaq Onu yormur. Uca və əzəmətli Odur.
  6. Dinin qəbul olunmasında məcburiyyət yoxdur. (Çünki) artıq doğru yol azğınlıqdan ayırd edilmişdir. Kim Tağutu (Şeytanı, bütləri və eləcə də digər azğın varlıqları) inkar edib Allaha iman gətirsə, o, əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır. Allah eşidən və biləndir.

—————————————————————————————————————–

  1. Peyğəmbərlərin bəzisinin bəzilərindən üstün olması: Məlumdur ki, bütün peyğəmbərlər Allah tərəfindən göndərilmək və ilahi ismarış gətirmək baxımından haqdırlar. Onlara iman zəruridir. Necə ki, Allah-taala “Bəqərə” surəsinin 275-ci ayəsində möminlərin dilindən buyurur: “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)“. Lakin bəzi cəhətlərdən bəzi peyğəmbərlər daha üstündürlər. Bu fərq iki növdür: 1. Bəzi peyğəmbərlərə xas olan özəlliklər baxımından. Misal üçün, Allah həzrət Musa (ə) ilə xüsusi şəkildə danışmışdır, yaxud həzrət Süleymana (ə) padşahlıq vermişdir və s. Digər peyğəmbərlərlə bağlı isə belə olmamışdır. 2. Mənəvi dərəcələr və Allaha yaxın olmaq baxımından. Şübhəsiz, bu baxımdan İslam peyğəmbəri (s) Allahın ən üstün peyğəmbəri olmuşdur. Hərçənd o həzrət (s) birinci növ üstünlük baxımından da bir çox cəhətlərdən digər peyğəmbərlərdən üstün olmuşdur. Misal üçün, ona nazil olan kitab (Quran) Allah tərəfindən göndərilən ən mükəmməl kitabdır. Heç bir peyğəmbərə belə bir kitab verilməmişdir. Yaxud, onun canişinlərini (on iki imamı) deyək. Heç bir peyğəmbərə belə canişinlər verilməmişdir.[181]
  2. Quranın zirvə nöqtəsi: “Ayətül-Kürsi” adı ilə şöhrət tapmış bu ayə Quranın ən əzəmətli ayələrindəndir. Ehtiva etdiyi yüksək maarif bu ayələrin fəzilət və üstünlüyü haqqında çoxlu sayda hədis və rəvayətlərin nəql olunmasına səbəb olmuşdur. İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə buyurulmuşdur: “Əbuzər Qəffari Allah Rəsulundan (s): “Ey Allahın rəsulu, sizə nazil olmuş ən mühüm və ən fəzilətli ayə hansıdır?”, – deyə soruşduqda, Allah Rəsulu (s) “Ayətül-Kürsi”, – deyə cavab verdi.” İmam Sadiqə (s) istinad edilən başqa bir hədisdə belə deyilir: “Hər şeyin zirvə nöqtəsi var, Quranın zirvə nöqtəsi “Ayətül-Kürsi”dir.” İmam Əli (ə) bu ayənin fəziləti haqqında belə buyurmuşdur: “İslamı başa düşüb və ya müsəlman kimi doğulan bir şəxsin “Ayətül-Kürsi” oxumadan gecə yatıb səhər durmasına inanmıram. Əgər bu ayədə nə olduğunu bilsəniz, heç bir halda onu tərk etməzsiniz. Allah Rəsulu (s) mənə buyurdu: “Ayətül-Kürsi”ni mənə Ərşin altındakı xəzinədən veriblər. Məndən əvvəl heç bir peyğəmbərə belə bir şey verilməyib.” Sonra İmam Əli (ə) belə buyurmuşdur: “Bu sözü Peyğəmbərdən (s) eşitdikdən sonra elə bir gecə olmadı ki,“Ayətül-Kürsi” oxumayım.”[182] “Ayətül-Kürsi”nin qeyd edəcəyimiz vaxtlarda oxunmasının daha çox savabı var: “Gündəlik namazlardan sonra, evdən çıxarkən, nəqliyyat vasitəsinə minərkən, səfərə çıxarkən, yatmazdan əvvəl, qəbristnalıq ziyarətində olarkən, hər səhər-axşam.” Bunu da qeyd etməliyik ki, məşhur nəzərə görə “Ayətül-Kürsi” “هُمْ فِيهَا خَالِدُونَ” (…daim orada olacaqlar) cümləsinə qədər deyil, “وَهُوَ العَلِيُّ الْعَظِيمُ” (uca və əzəmətli Odur) cümləsinə qədərdir. Əlbəttə, sonrakı iki ayənin oxunmasının da fəziləti vardır[183].
  3. Dində heç bir məcburiyyət yoxdur: Ümumiyyətlə, İslam və heç bir haqq məzhəb iki cəhətdən məcburiyyət səciyyəsinə malik ola bilməz: 1. Açıq-aşkar dəlil və möcüzələrdən sonra məcburiyyətə ehtyac yoxdur. Zorakılığa qətiyyətli məntiqi olmayanlar əl atarlar, aydın və güclü məntiqi olan İslamın buna ehtyacı yoxdur; 2. Din daxili inanc və etiqadlara əsaslandığı üçün məcburi olması mümkün deyil. Məcburiyyət insanın cismini təslim edə bilər, ancaq etiqad və inanclarını əsla! Əlbəttə, bu, o demək deyil ki, İslam ümumiyyətlə, icbardan istifadə etməmişdir. İslam dinində üç halda hərbi güc tətbiq edilmişdir: 1. Müşrikliyin təsirlərini aradan qaldırmaq üçün. İslama görə bütpərəstlik din deyil, əksinə bir xəstəlik və xurafatdır. İnsan cəmiyyətinin yüz faizlik səhv və yanlış bir yolda yürüməsinə və bununla da süquta uğramasına icazə vermək olmaz. 2. Müsəlmanları məhv etmək üçün hücum planı hazırlamış insanlara qarşı müdafiə cihadına qalxmaq əmri verilmişdir. Peyğəmbərin (s) zamanında baş vermiş müharibələrin demək olar ki, çoxu bu qəbildəndir. 3. Azad təbliğata nail olmaq üçün. Haqq olan din azad şəkildə təbliğ oluna bilər. Din bu fəaliyyətə mane olan şəxslərə qarşı zor tətbiq edib, öz haqqını əldə edə bilər[184].
  4. Allah iman gətirənlərin hamisidir, onları zülmətlərdən nura çıxarır. Kafirlərin hamiləri isə tağutlardır, onları nurdan zülmətlərə sövq edirlər. Onlar od əhlidirlər və daim orada olacaqlar.
  5. Allahın verdiyi hökmranlıq üzündən (yetərsizlikdən qürura qapılaraq) İbrahimlə Rəbbi barəsində höcətləşən kimsəni (Nəmrudu) görmədinmi? Çünki Allah ona hakimiyyət vermişdi (və yetərsizlikdən qürura qapılmışdı). İbrahim: “Mənim Rəbbim dirildən və öldürəndir” – dedikdə, o, “Mən də dirildir və öldürürəm!” – demişdi. (Bunu sübuta yetirmək və xalqı aldatmaq üçün iki dustaq gətizdirmiş, birini qətlə yetirmiş, digərini isə sərbəst buraxmışdı.) İbrahim: “Allah günəşi şərqdən çıxarır. Sən də onu qərbdən gətir!” – dedikdə, o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
  6. Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz-özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?” (Bu zaman) Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım!” (Allah) dedi: “Yox, sən yüz il qaldın. Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq) hələ də xarab olmayıb. (Tez bir zamanda xarab olacaq maddələri yüz il saxlayan Allah hər şeyə qadirdir.) Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik. (İndi) sümüklərə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (bu həqiqətlər) aydın olduqda dedi: “Bilirəm ki, Allah hər şeyə qadirdir!”

————————————————————————————

  1. Möminlərin vəlisi: “Vəli” sözü bu ayədə hami və ixtiyar sahibi mənasında işlənmişdir. Bu ayəyə əsasən Allah yalnız möminlərin hamisidir[185]. Allahın möminlərin vəli və himayəçisi olması möminləri zülmətlərdən nura çıxarması ilə nəticələnir. Belə bir şəxs elmi məsələlərdə cəhalət, əməli məsələlərdə isə zülm və azğınlıq zülmətinə məruz qalmaz[186].
  2. Möminlər nura daxil olur, kafirlər nurdan çıxırlar: Bu ayədə “nur” və “zülmət” deyilərkən hidayət və sapma nəzərdə tutulur. Burada belə bir sual yarana bilər ki, məgər kafirlər nurda idilər ki, Allah onları küfrlərinə görə nurdan çıxarıb zülmətə daxil edir? Bəzi təfsirçilər hesab edirlər ki, insan ilk yaranış mərhələsində fitri və ilahi nura malik olur, elə yaradılıb ki, onu və dünyanı yaradanı tanımaq istəyir. Ancaq Allahın Peyğəmbər (s) vasitəsilə insanlara göndərdiyi din və proqramla tanış deyl. Əgər insan ağlı və Peyğəmbərin (s) tərbiyəsi ilə yaxşı tərbiyə olunsa, həmin nur insanın canına və ruhuna yayılar, uşaqlıq bilgisizliyi Allah və Onun nişanələrini tanıma ilə əvəzlənər. Yox, əgər kafir olsa, fitri nurdan küfr və itaətsizlik zülmətlərinə doğru süqut edər[187]. Diqqət çəkən nüanslardan biri də budur ki, nur sözü Quranda hər zaman təkdə işləndyi halda, zülmət sözü cəmdə (zülmətlər) işlənmişdir. Bu da onu göstərir ki, düz və haqq yol çox deyil, birdir. İki nöqtəni birləşdirən düz xətti buna misal göstərə bilərik. Buna görə də haqq tərəfdarları hər zaman vəhdətdə olurlar. Batil yol isə çoxlu və saysız-hesabsızdır. Buna görə də batil tərəfdarları öz batil davranışlarında bir deyillər[188].
  3. Peyğəmbərin (s) keçmiş və gələcəyi bilməsi: Bu ayədə Nəmrudla İbrahimin (ə) mübahisəsindən bəhs edilir. Bəzi təfsirçilər ayənin “görmədinmi? bilmirsənmi?” ifadələrinə əsasən Peyğəmbərin (s) elminin öz zamanının fövqündə dayandığını, Allahın istəyi ilə keçmişdən və gələcəkdən xəbərdar olduğu qənaətinə gəlmişlər. Onlar hesab edirlər ki, məhz buna görə Allah Öz Peyğəmbərinə (s) “görmədinmi?”, – deyə buyurur. Yəni Peyğəmbər (s) İbrahimlə (ə) Nəmrudun macərasından xəbərdar olmuş, sanki onu görmüşdür[189].
  4. Yüz ildən sonra dirilən peyğəmbər: Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədis və rəvayət mövcuddur. Bu hədis və rəvayətlərə əsasən həmin şəxsin adının Üzeyir və ya İrmiya, özünün sə Bəni-İsrail peyğəmbərlərindən olduğu məlum olur. Buxtunnəsr Beytülmüqəddəs əhalisi üzərində qələbə çaldı, hər yeri viran qoydu, əhalini qılıncdan keçirdi. Buxtunnəsrin qələbəsinin səbəbini yaxşılığa dəvət və pislikdən çəkindirmə ilə izah etmişlər. İrmiya bu xarabalığı və qətliamı görüb şəhəri tərk etmiş və öz-özünə “Allah onları necə dirildəcək?”, – deyə sual vermişdir. Allah-taala onu öldürüb yüz ildən sonra diriltmişdir. Bəzilərinin yazdığına görə, hər şeydən əvvəl onun gözləri bərpa olmuş və gözləri ilə sümüklərinin bir yerə necə toplaşmasını, bir-birinə necə yapışmasını, ətlə örtülməsini müşahidə etmişdir. O, damarlarının və oynaqlarının da necə birləşdiyini görmüşdür. Möminlərin əmiri İmam Əli (ə) buyurmuşdur: “Üzeyir ailəsini tərk edəndə əlli yaşı var idi, arvadı da hamilə idi. Allah-taala onu öldürüb, yüz ildən sonra diriltdi. Evinə qayıdanda oğlunun yüz yaşı var idi. Halbuki Üzeyir yenə də əlli yaşında idi. Oğlu onun özündən böyük idi.” O, üzüm və meyvə suyundan ibarət olan azuqəsinə baxdıqda, yüz ildən sonra onların heç birinin xarab olmadığını gördü. Allah-taala bu vasitə ilə Öz sonsuz qüdrətinin cüzi bir hissəsini ona göstərmək istəmişdi. Allahın bu peyğəmbəri özünün necə dirildiyini, mürəkkəb sümüklərinin necə öz yerlərini aldığını görüb demişdir: “Bilirəm ki, Allah hər şeyə qadirdir!”[190]
  5. (Xatırla ki,) İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” – dedikdə (Allah) buyurmuşdu: “Məgər inanmırsan?” (İbrahim:) “Əlbəttə, inanıram, lakin xatircəm olmaq istəyirəm”, – deyə cavab vermişdi. (Bu zaman Allah) buyurmuşdu: “Dörd quş növü seçib, onları (kəsdikdən sonra) parça-parça et və (bir-birinə qatıb) hər dağın başına bir parça qoy. Sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Həm ölülərin bədənlərinin zərrələrindən xəbərdardır, həm də onları toplamağa qadirdir.)
  6. Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər. Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar. Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir.
  7. Mallarını Allah yolunda minnət qoymadan, əziyyət vermədən sərf edənlərin Rəbləri yanında mükafatı var. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
  8. (Ehtiyacı olanlara deyilmiş) xoş bir söz və (onların kobud davranışlarını) bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
  9. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslər, üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz!

———————————————————————————

  1. Xeyriyyəçilik vasitəsilə sosial siniflər arasındakı uçurumun aradan qaldırılması: Bu və sonrakı ayələrin əsas mövzusu xərcləməkdir. Allah-taala bu ayələrdə xeyriyyəçiliyin savab və fəzilətini qeyd etməklə, möminlərə mallarını Allah yolunda xərcləməyə stimul verir. Allah yolunda xərcləməni İslam insan haqları kontekstində ən böyük əməli hökmlərdən biri kimi təqdim etmiş, bir qismini vacib, digər qismini müstəhəb elan edərək, insanlara ona əməl etmək göstərişi vermişdir. Zəkat, xums, maliyyə kəffarələri (cəzanın pulla kompensasiyası), vəqf, vəsiyyət, bəxşiş və sairə Allah yolunda xərcləmənin (vacib və müstəhəb) növlərindəndir. Bu məsələdə dinin məqsədi başqalarının maliyyə dəstəyi olmadan öz ehtiyaclarını ödəyə bilməyən sinifləri himayəyə almaq, onların həyat səviyyələrini yaxşılaşdırmaqdır. Din israfçılıq və bədxərcliyi imkanlı şəxslərə qadağan etməklə, onları dəbdəbəli həyatdan çəkindirir, bu vasitə ilə cəmiyyətin varlı və yoxsul sinifləri arasındakı məsafəni azaldır[191].
  2. Allahın yolu və onun nümunələri: Bu və sonrakı ayələrdə “Allah yolunda” ifadə xərcləmənin ilkin xüsusiyyəti kimi göstərilmişdir. Yəni təkcə xərcləmə və sair deyil, görülən bütün işlərdə Allahın razılığının qazanılması qəsd edilməlidir. Rəvayətlərin birində qeyd edilir ki, bir kişi təhlükəli bir yerdən keçirmiş. Camaat deyir: “Əcəb, zirək adamdır. Kaş bu zirəkliyini Allah yolunda sərf edəydi.” Peyğəmbər buyurur: “Məgər Allah yolunda olmaq təkcə döyüşmək və öldürməklə məhdudlaşır? Allahın yolları çoxdur: Halal ruzi qazanmaq üçün evdən çıxmaq, səfərə yollanmaq, ata və ananın yaşayış xərclərini təmin etmək Allah yoludur; həyat yoldaşı və övlad üçün halal ruzi qazanmaq məqsədilə səfərə çıxmaq Allah yoludur; öz xərclərini təmin etmək üçün insanın səfərə çıxması da Allah yoludur. Daha çox sərvət əldə etmək və mal toplamaq üçün səfərə çıxan Şeytan yolundadır.”[192] Bu mühüm nüansa İmam Əliyə (ə) aid olan bir hədisdə də rast gəlinir: “Allah yoxsulların ruzisinin varlıların mallarından verilməsini vacib etmişdir. Deməli, yoxsul yalnız haqqı varlı tərəfindən mənimsənildikdə ac qalır. Allah onları bu əməllərinə görə sorğuya çəkəcək.”[193]
  3. Əməlin savabını artırmaq: Bu ayə xərcləmək haqqında olsa da, ayənin “Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar” cümləsi təkcə xərcləməklə bağlı deyil, ümumilik ifadə edir. Ayənin mənası, əslində, belədir: “Allah istədiyi hər bir xeyir əməl sahibinin əməlini bir neçə dəfə artırar.” Belə ki, xeyriyyəçinin xərclədiyini yeddi yüz dəfə artırmaq istəsə, artırar. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulmuşdur: “Əgər mömin işini yaxşı icra etsə, Allah onun əməlini yeddi yüz dəfə artırar. Allahın “Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar” cümləsi bunu deməyə əsas verir. Buna görə də hər bir əməli ilahi savab ümidi ilə yaxşı yerinə yetirin.” Bu hədisin rəvayətçisi belə qeyd edir: Mən “yaxşı şəkildə yerinə yetirin” deyərkən nəyi qəsd edirsiniz?” – deyə soruşduqda həzrət buyurdu: “Məsələn, namaz qılırsan, rüku və səcdələri yaxşı şəkildə yerinə yetirirsən. Oruc tutarkən orucunu batil edən hər şeydən uzaq durursan. Həccə gedərkən həcc və ümrəni pozan bütün davranışlardan qorunursan. Hər bir əməli edəndə də bütün çirkinliklərdən təmiz olmalıdır.”[194]
  4. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə günəş işığı) onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir!
  5. Məgər sizdən biriniz istərmi ki, ağacları altından çaylar axan, rəngarəng meyvələri olan xurma və üzüm bağı olsun, zəif uşaqları olduğu halda, ona qocalıq üz versin, həmin vaxtda da oraya odlu bir qasırğa düşsün və o bağ od tutub yansın? (Öz mallarını riyakarlıqla, minnət və əziyyət verərək xərcləyənlərin vəziyyəti belədir.) Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz.
  6. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxardığımız şeylərin (mədənlər, ağac və bitkilər) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və şükürə (tərifə) layiqdir!
  7. Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudaraq, çirkin işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədi verər. Allahın qüdrəti genişdir. (O, hər şeyi) biləndir (buna görə də bütün vədlərinə əməl edir).
  8. Allah istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilər. Bunu yalnız ağıllı adamlar dərk edərlər!

————————————————————————————-

  1. İxlasın xeyriyyəçiliyə təsiri: Bu və əvvəlki ayədə iki gözəl misalla öncə minnət, əziyyət, riyakarlıq qarışmış xeyriyyəçiliyin həqiqəti təsvir edilmiş, sonra ixlas, dini və humanist hisslərdən qaynaqlanan xeyriyyəçilikdən söhbət açılmışdır. Əvvəlki ayədə riyakarlıqla müşayiət edilən əməl üzəri nazik torpaq qatı ilə örtülmüş, zahirən bəzəkli, yamyaşıl, daxilən isə sərt və nahamar olan, gur yağış yağdıqda zahiri gözəlliyindən əsər-əlamət qalmayan daş parçasına bənzədilmişdir. Riyakar adamlar da öz faydasız və sərt batinlərini xeyrxahlıq siması altında gizlədirlər, heç bir sabit kökü olmayan əməllər edirlər. Lakin çox çəkmir ki, həyat pərdələri onların üzərindən kənara çəkir və batinlərini aşkara çıxarır[195]. 266-cı ayədə qeyd edilmiş misal yalnız Allah üçün edilmiş xeyriyyəçiliyin əsla təsirsiz olmadığını və şübhəsiz ki, tezliklə öz təsirini göstərəcəyini başa salır. Belə xeyriyyəçilik Allahın diqqət və qayğısından kənarda qalmır; ilahi yönə malik olduğu üçün Allahın Özü kimi əbədiləşir. Əlverişli və məhsuldar ərazidə yerləşdiyi üçün istənilən cür yağış yağdıqda məhsul verən, məhsulunun keyfiyyət və kəmiyyəti yağışın növündən və miqdarından asılı olan bağ kimi, Allahın da ixlas dərəcələrindən asılı olan qayğısı fərqlidir[196].
  2. Yaxşı şeylərin xərclənməsi ilə bağlı tövsiyə: Bu ayə ilə bağlı qeyd edilmiş rəvayətlərin birində belə deyilir: “Allah Rəsulu (s) xurma zəkatının toplanmasına göstəriş verdikdə, bəziləri zəkat vermək üçün dənəsi iri və əti az olan ən pis və quru xurma növünü, bəziləri isə ən yaxşı xurmalardan seçirdilər. Peyğəmbər (s) buyurdu: “Bundan sonra dənli bitkilərin miqdarını təyin edəndə dənəsi iri və əti az olan ən pis və quru xurma növünü hesablamayın və onu zəkat verməyin.” Məhz bu zaman “yaramaz şeylərdən verməyin…” ayəsi nazil oldu.”[197]
  3. Allahın vədi və Şeytanın vədi: Bu ayə ilə bağlı nəql edlmiş rəvayətlərin birində belə qeyd edilmişdir: “Şeytan həmişə deyir: “Xərcləməyin ki, özünüz yoxsullaşacaqsınız.” Ancaq Allah bağışlanma və bərəkət vədi verir. Yəni Allah yolunda xərcləsəniz, həm sizi bağışlayacaq, həm də Öz fəzli ilə həmin malın yerini dolduracaq.”[198]
  4. Hikmət və çoxlu xeyir: Hikmətin mənası xüsusi şəkildə möhkəmlətmək və ya nəyinsə hər hansı zəifləmə və xəsarətə məruz qalmayacaq dərəcədə möhkəmləndirilməsidir. Adətən bu söz yalan və yanlışdan uzaq olan rasional elmlər haqqında işlədilir. Hikmət reallığı əks etdirən və insanın xoşbəxtliyində rol oynayan düzgün bilgidir. Başlanğıc və qayıdış mövzularını ehtiva edən ilahi maarifi və ya təbiət reallıqlarının izahını verən elmləri buna misal göstərə bilərik. Buna görə də hədis və rəvayətlərdə hikmət Allahtanıma, bəsirət, dini ayıqlıq, Allaha itaət, imamtanıma kimi izah edilmişdir. Çünki bu maarif insan səadətinin əsasını təşkil edir[199]. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulmuşdur: “Hikmət, tanımanın çırağı, təqvanın ölçü vasitəsi, doğruçuluq və dürüstlüyün nəticəsidir. Əgər Allahın bəndəyə hikmətdən daha böyük, uca, bol və əzəmətli bir nemət vermədiyini desək, yanılmarıq. Çünki Allah: “Allah istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilər”, – deyə buyurmuşdur…”[200] Yaddan çıxarmamalıyıq ki, Quranın leksikonundakı hikmətlə rasional elmlərin mövzusu olan hikmət fərqlidir. Əslində, hikmət ənənəvi təqlidlə uyğunluq təşkil etməyən tədqiqi tanımadır[201].
  5. (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər şeyi Allah bilir, lakin zülm edənlərin heç bir köməkçisi yoxdur!
  6. Yoxsullara aşkarda sədəqə versəniz, yaxşıdır. Əgər onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. (Allah yolunda bağışladığınıza görə bağışlanacaqsınız.) Allah tutduğunuz hər bir işdən xəbərdardır!
  7. İnsanları doğru yola (məcburi şəkildə) yönəltmək sənin borcun deyil. (Buna görə də çıxılmaz vəziyyətdə qalıb İslamı qəbul etmələri üçün qeyri-müsəlmanlara edilən yaxşılığı tərk etmək düzgün deyil.) Allah kimi istərsə (layiq görsə), onu doğru yola yönəldər. Allah yolunda sərf etdyiniz malın mənfəəti və etdiyiniz yaxşılıqlar özünüz üçündür. Malınızı yalnız Allahın razılığını qazanmaq üçün sərf edin. Allah yolunda etdiyiniz hər bir yaxşılığın mükafatı sızə tam şəkildə veriləcək və sizə əsla zülm edilməyəcək!
  8. (Allah yolunda etdiyiniz yaxşılıqların ünvanı) Allah yolunda çətinliyə düşən (Allah dininə diqqət onları öz vətənlərindən didərgin salmış, müharibə meydanında iştirak onlara dolanışıqlarını təmin etməyə, qazanc əldə etməyə, ticarətlə məşğul olmağa imkan vermir), (sərmayə əldə etmək üçün) səfərə çıxa bilməyən, həyalı olduqları üçün məlumatsız insanların ehtiyacsız sandıqları ehtiyaclılar olmalıdır. Sən onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Allah yolunda etdiyiniz hər bir yaxşılıqdan Allah xəbərdardır!
  9. Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

————————————————————————————-

  1. Nəzir: Bu sözün mənası qorxudur. İnsan istəyinə nail ola bilməyəcəyindən qorxduğu üçün öz-özlüyündə şərt kəsir ki, istəyinə nail olsa, xüsusi bir iş görəcək. Əlbəttə, haram və dinə zidd olan işlərin nəzir edilməsi batildir. Nəzir yalnız halal işlərdə düzgündür. Nəzir boyun almağın sözlə ifadə edilən xüsusi bir forması var. Nəzrinə əməl etməyən şəxs cərimə ödəməlidir. Nəzrin hökmləri fiqh kitablarında və əməli traktatlarda (şəriət məsələlərinin izahı kitablarında) təfsilatı ilə şərh edilmişdir[202].
  2. Gizli və aşkar sədəqə: Allah-taala bu ayədə sədəqənin gizli və aşkar olmaqla hər iki formasını tərifləmişdir. Çünki onların hər ikisinin müsbət təsirləri vardır. Aşkar sədəqə insanlara stimul verir, onların yaxşı işə cəlb olunmasında əməli şəkildə rol oynayır, habelə yoxsul və çarəsizlərdə ümid yaranmasına səbəb olur. Yoxsullar cəmiyyətdə onların qayğısına qalan mərhəmətli insanların olduğunu hiss edirlər. Bu da onların ümidlərini itirməməsinə səbəb olur. Gizli sədəqənin faydası ondadır ki, riyakarlıq, minnət və narahatçılıqdan uzaqdır, yoxsulun abrının qorunması ilə nəticələnir. Buna görə də bu sədəqədə ixlas aşkar verilən sədəqədəki ixlasdan çoxdur. Ümimiyyətlə, aşkarda verilən sədəqənin müsbət nəticələri gizlində verilən sədəqənin nəticələrindən çox olsa da, gizlində verilən sədəqənin ixlas və təmizliyi aşkarda verilən sədəqənin ixlasından çoxdur[203]. Həzrət Əli (ə) bu barədə belə buyurmuşdur: “Gizlində verilən sədəqə günahların cəriməsidir, aşkarda verilən sədəqə isə pis ölümün qarşısını alır.”[204] Başqa bir hədisdə belə qeyd edilir: “Allahın kölgəsindən başqa bir kölgə olmadığı vaxt O, yeddi qrup insana Öz lütf və mərhəmət kölgəsində sığınacaq verəcək. Onlardan biri də gizlində sədəqə verən, sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayan şəxsdir.”[205]
  3. Qeyri-müsəlmana yaxşılıq edilməsi və onun şərtləri: Bu ayədə qeyri-müsəlmana edilən yaxşılığın sərhədləri müəyyən edilir. Belə ki, yoxsulluq içində qalıb İslamı seçmək məcburiyyətində qalmalarına nail olmaq məqsədi ilə qeyri-müsəlman yoxsullara sədəqə verilməməsi düzgün deyil. Allahın nemət və bəxşişləri dinindən və inancından asılı olmayaraq, bu dünyadakı bütün insanlara şamil olduğu üçün möminlər də sədəqə verərkən və yoxsullara yardım göstərərkən qeyri-müsəlmanları da nəzərə almalıdırlar. Əlbəttə, qeyri-müsəlmana yaxşılıq insani yardım səciyyəsi daşımalı, onları İslamın humanist ruhu ilə tanış etməli, düşmənlərin küfrünün güclənməsinə və düşmənlərin məkrli planlarının inkişafına xidmət etməməlidir[206]. Bu ayənin nazilolma səbəbindən bəhs edən rəvayətlərdə qeyd edilir ki, İslamın ilk illərində Peyğəmbər (s) müsəlmanların qeyri-müsəlmanlara sədəqə verməsinə icazə vermirdi, müsəlmanlar özləri də öz kafir qohumlarına sədəqə verməyə meyl göstərmirdilər. Sonra Allah “Bəqərə” surəsini nazil edib, kafir yoxsullara da sədəqə verilməsinə icazə verdi[207].
  4. İmam Əlinin (ə) xeyriyyəçiliyi: Çoxlu sayda hədisdə bu ayənin İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. Deyilənə görə, o həzrətin dörd dirhəmi var imiş. Bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini gizlində Allah yolunda sərf etdikdən sonra bu ayə nazil olmuşdur. Əlbəttə, ayənin nazilolma səbəbi ayənin mənasını məhdudlaşdırmır. Yəni başqaları da bu ayəyə əməl etsələr, ayənin hökmü onlara da şamil olar[208].
  5. Sələm yeyənlər (Qiyamət günü) yalnız Şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar). Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!” – dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir (çünki bu ikisi arasında çox böyük fərq var). Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq.) Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
  6. Allah sələmi məhv edər, sədəqələri artırar. Allah heç bir nankoru, günahkarı sevməz!
  7. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
  8. Ey iman gətirənlər! Əgər möminsinizsə, doğrudan, Allahdan qorxun və sələmdən qalan məbləğdən imtina edin!
  9. Əgər belə etməsəniz, bilin ki, Allah və Rəsulu sizinlə müharibə aparacaq. Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
  10. Əgər sizə borcu olan şəxsin borcunu ödəməyə imkanı çatmazsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! (Əgər həqiqətən, ödəməyə imkanı çatmırsa), əgər (bu işin xeyrini) bilsəniz, Allaha görə bağışlamağınız daha yaxşıdır!
  11. Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi kamil şəkildə veriləcək və heç kəsə qarşı haqsızlıq edilməyəcək. (Çünki qarşılarına çıxanlar əməllərinin nəticələri olacaq.)

—————————————————————————————–

  1. Sələmin mənfi təsirləri: Bu və sonrakı ayələrdə sələmdən bəhs edilir. Sələm sədəqənin əksi olduğu üçün sözügedən ayənin Allah yolunda xərcləməkdən bəhs edən əvvəlki ayələrlə əlaqəsi var. Sələm yeyən adam əvəzsiz pul alır, sədəqə verən isə əvəzsiz pul verir. Sələm siniflər arasında ixtilafa və düşmənçiliyə səbəb olduğu halda, sədəqə sevgi və dostluğu artırır. Sələm yoxsulların qanının sorulmasına, sədəqə isə çarəsizlərin həyatının yaxşılaşmasına, sələm ixtilaf və qeyri-sabitliyə, sədəqə isə vəhdətə və əmin-amanlığa səbəb olur. Allah-taala bu ayədə din düşmənlərinin hakimiyyətinin qəbul edilməsi istisna olmaqla, heç bir günahla bağlı işlətmədiyi olduqca sərt bir ifadədən istifadə etmişdir. Quranda bu iki günaha münasibət zina, şərabxorluq, qumar, zülm və sair kimi digər böyük günahlara olan münasibətdən fərqlənir. Çünki pis təsirləri dinin əsasını, insan həyatını və ilahi fitrəti məhv edən bu iki günahdan fərqli olaraq, digər günahların fəsadları təkcə bir neçə nəfəri və həyatın zahiri yönlərini əhatə edir[209]. Quran və məsumlar (ə) sələmə qarşı çox ciddi və kəskin şəkildə mübarizə aparmışlar. Bu əməllə bağlı çoxlu sayda kəskin məzmunlu hədis və rəvayətlər nəql edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bir dirhəm sələm almağın günahı öz məhrəmi ilə Kəbədə yetmiş dəfə zina etmiş şəxsin günahından böyükdür.” İmam Sadiqə (ə) istinad edilən başqa bir hədisdə belə qeyd edilir: “Günahının böyüklüyü baxımından sələmin yetmiş dərəcəsi var. Ən kiçik dərəcəsi Kəbədə anasına təcavüz etmiş şəxsin günahı qədərdir.”[210] Bu ayədə sələm yeyənlərin davranışı yaxşı ilə pisi fərqləndirməyən dəlinin davranışına bənzədilmişdir. Çünki o, bir şeyi başqasına bir müddətliyə verir, əvəzində isə həmin şeyi daha çox miqdarda alır. Bu isə fitrətə və sağlam vicdana ziddir. Sağlam vicdan insanın özünün ehtiyac duymadığını başqa ehtiyaclılara verməyi, başqalarında olanla isə öz ehtiyaclarını təmin etməyi tələb edir. Amma sələm birtərəflidir. Sələmçi yalnız alır, varlanır, nəticədə, başqalarını yoxsul və çarəsiz edir. Bu da sələm yeyən adamın ağlını itirməsinə, alqı-satqı ilə sələm arasında fərq qoyamamasına, təkcə öz mənafeyini güdməsinə səbəb olur. Ayədə sələmçinin öldükdən sonra Qiyamət günü düşəcəyi bu vəziyyətin təsviri verilmişdir. Peyğəmbərə (s) aid edilən bir hədisdə belə buyurulmuşdur: “Merac gecəsi qarınları çox böyük olduğu üçün yerlərindən qalxa bilməyən adamlar gördüm. Cəbrayıldan soruşdum: “Bunlar kimdir?” Dedi: “Bunlar dünyada sələm yeyən şəxslərdir. Allah onların barəsində belə buyurmuşdur: “Sələm yeyənlər (Qiyamət günü) yalnız Şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar).” Bunlar səhər-axşam oda atılan və: “İlahi, Qiyamət nə vaxt olacaq?” – deyən Firon davamçıları kimidirlər.” Peyğəmbərə aid edilən başqa bir hədisdə belə qeyd edilir: “Sələm yeyən adam Qiyamətdə dəli kimi qaldırılacaq, ayaqlarını yerlə sürüyəcək.” Bu sözlərdən sonra “sələm yeyənlər…” ayəsini oxumuşdur[211].
  2. Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın. (Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır. O yazmalı, üzərində haqq olan yazdırmalı, Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir. Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır. Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin (bu iki qadın birlikdə şahidlik etsinlərlər) ki, biri yayındıqda, o birisi ona xatırlatsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq (borcunuzu) yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır. Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir. (Nağd) alqı-satqı etdikdə şahid tutun. Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız. Allahdan qorxun. Allah sizə öyrədir və Allah hər şeyi biləndir.

———————————————————————————

  1. Ticarət sənədlərinin tənzimlənməsi ilə bağlı on səkkiz göstəriş: Bu ayədə “qərz” deyil, “deyn” sözü işlənmişdir. “Qərz” sözündən bir-birinə bənzəyən iki şeyin mübadiləsində istifadə edilir. Məsələn, bir nəfər oxşarını qaytaracağı bir şeyi borc götürdükdə bu sözdən istifadə edilir. Ancaq “deyn” alqı-satqı və borcun formasından asılı olmayaraq, bütün borc növlərinə şamil olunur. Tərəflərdən birinin öhdəlik götürdüyü icarə, sülh, alqı-satqı və sairəni buna misal göstərə bilərik. Quranın ən uzun ayəsi olan bu ayədə alqı-satqı ilə bağlı on səkkiz qayda təqdim edilmişdir. Həmin qaydalar bunlardır: 1. Əgər bir nəfər başqasına borc versə və ya tərəflərdən birinin borclu qalması ilə nəticələnəcək alqı-satqı baş versə, sonradan heç bir səhvə yol verilməməsi və hər hansı iddia irəli sürülməməsi üçün bütün şərtləri ehtiva edən bir müqavilə tərtib edilməlidir; 2. Müqavilənin tərəflərin ehtimal edilən müdaxiləsindən qorunması üçün o, üçüncü şəxs tərəfindən yazılmalıdır; 3. Katib müqaviləni yazarkən haqqı rəhbər tutmalı və həqiqəti yazmalıdır; 4. Alqı-satqının hökm və şərtlərindən xəbərdar olan tənzimləyici Allahın ona verdiyi bu nemətə hörmət və təşəkkür əlaməti olaraq, müqavilə yazmaqdan boyun qaçırmamalıdır, hətta mübadilə tərəflərinə bu ictimai işdə yardım göstərməlidir; 5. Katibin müqaviləni yazması üçün şərtləri ona alqı-satqı tərəflərindən biri deməlidir. Yazdıranın kim olmasına gəlincə, ayədə bu məsuliyyət borclu olan, yəni üzərində haqq olan şəxsə tapşırılmışdır; 6. Borclu olan şəxs yazdırarkən Allahı yaddan çıxarmamalı, heç nəyi ötürməməli, yazması üçün hər şeyi katibə deməlidir; 7. Əgər borclu ağıldan kəm (öz maliyyə işlərini tənzimləməyi bacarmayan, xeyrini və zərərini müəyyənləşdirə bilməyən şəxs), ruhi xəstə, lal və kar olarsa, müqaviləni onun əvəzində qəyyumu yazdırmalıdır; 8. Qəyyum və vəkil yazdırarkən ədalətə riayət etməli, qəyyumu olduğu şəxsin mənafeyini nəzərə almalı, haqsızlığa yol verməməlidir; 9. Müqavilə yazmaqla yanaşı tərəflər iki şahid də tutmalıdırlar. 10-11. Şahidlər yetkin və müsəlman olmalıdırlar; 12. Bir kişi və iki qadın da şahidlik edə bilər; 13. Şahidlər etimad göstərilən və etirbarlı şəxslər olmalıdırlar; 14. Şahidlər kişi olarlarsa, müstəqil şəkildə şahidlik edə bilərlər. Bir kişi və iki qadın olduğu təqdirdə isə birlikdə şahidlik etməlidirlər. Bu da ona görədir ki, əgər onlardan biri emosiyalara qapılıb təsir altına düşərsə, şahidlik işində səhvə yol verməməsi üçün digəri ona xatırlatsın; 15. Az və ya çox olmasından asılı olmayaraq, borc yazılmalıdır; 16. Əgər alqı-satqı nağd olarsa, yazmaq lazım deyil; 17. Nağd alqı-satqıda sənəd tərtib edilməsi lazım olmasa da, şahidin olması zəruridir; 18. Haqq və ədalətə riayət etdikləri üçün katib və şahidlərə təzyiq göstərilməməli, əziyyət verilməməlidir.

Bu ayədə alqı-satqı sənədinin detallı şəkildə tənzimlənməsi ilə bağlı qeyd edilmiş dəqiq hökmlər Quranın müsəlmanların iqtsadi məsələlərinə və fəaliyyətlərinin tənzimlənməsinə çox böyük diqqət ayırdığını göstərir. Quranın oxuma-yazma və təhsil problemi olan inkişaf etməmiş bir cəmiyyətdə müqavilə tənzimlənməsinə xüsusi diqqət ayırması bu səmavi kitabın müsəlmanların iqtisadi sistemində islahatlar aparılmasına ciddiyyət göstərdiyindən xəbər verir[212].

  1. Əgər səfərdə olsanız və katib tapmasanız, girov alın. (Borc yiyəsinə girov verilsin.) Əgər bir-birinizə (tam) etibar edirsinizsə, (girov lazım deyil və) etibar olunmuş şəxs borcunu (təyin olunan vaxtda) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiklərinizi bilir.
  2. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək. İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər. Allah hər şeyə qadirdir.
  3. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi. Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər (və dedilər:) “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)”. Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanmaq diləyirik və dönüş(ümüz) yalnız Sənədir”.
  4. Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur. (İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti, bizim üzərimizə qoyma! Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə! Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et! Sən bizim hamimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et!”

—————————————————————————————

  1. Bəndələrin qəlbində olanlara görə hesabat: Bəzən belə bir təsəvvür yaranır ki, bu ayə “günahın niyyəti günah deyil” məzmununu ifadə edən çoxlu sayda hədislə təzad təşkil edir. Bəzi böyük təfsirçilər bu iradı belə cavablandırmışlar: “Ürəyinizdə olan” ifadəsi qəlbdə sabitləşmiş pis və yaxşı xüsusiyyətləri və əxlaqı ifadə edir. İnsanın sərgilədiyi davranışlar onun ruhunda sabitləşmiş iman, küfr, sevgi, nifrət və bu kimi xüsusiyyətlərdən qaynaqlanır. Lakin bu ayənin məzmunu bəzən qeyri-ixtiyari şəkildə təsəvvür edilən, insanın həyata keçirməkdə qərarlı olmadığı günah fikrinə şamil olmur[213].
  2. “Bəqərə” surəsinin son iki ayəsini oxumağın savabı: Çoxlu sayda hədisdə bu və sonrakı ayəni oxumağın çox böyük savabı olduğu qeyd edilmişdir. Bəzi hədislərin məzmunu belədir: Hər kəs bu iki ayəni işa namazından sonra oxusa, bütün gecəni namaz və ibadətlə keçirmiş adamın savabını qazanar. Habelə, bu ayənin oxunduğu evə Şeytan daxil ola bilməz[214].
  3. Unutqanın cəzalandırılmaması: Təfsirçilər bu ayənin “ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” cümləsini təfsir edərkən belə qeyd etmişlər: “Unutmaq iki cürdür: Birincisi, insanın bərpa edə bilməyəcəyi unutqanlıq. Xəstəlik nəticəsində yaddaşını itirmiş şəxsi buna misal göstərə bilərik. Şübhəsiz ki, belə bir şəxsin cəzası yoxdur. İkincisi, insanın öz diqqətsizliyi üzündən baş vermiş və cəzası da ola biləcək unutqanlıq. Bu ayədə insana bu növ unutqanlıq və xətaya görə bağışlanma istəməsi öyrədilir[215].
  4. Asan din: “İsr” sözünün ərəb dilində mənası saxlamaq və həbs etməkdir. “İsr” insanı fəaliyyətdən saxlayan ağır işə deyilir. Qeyd olunan söz insanı məhdudlaşdıran əhd-peymanlara da şamil edilir. Buna görə də bəzən cəza və cərimələrə “isr” deyilr. Bu cümlədə möminlər Allahdan bəzən özlərinin Allaha itaətsizlik göstərməsinə səbəb olan ağır vəzifələrə görə bağışlamasını diləyirlər. Bu, Peyğəmbərin (s) İslam qanunları ilə bağlı qeyd etdiyi mənanı ifadə edir: “Mən elə bir din gətirmişəm ki, ona əməl etmək hamı üçün asan və rahatdır.” Quran ayələrinə əsasən keçmiş ümmətlərə vacib edilmiş ağır vəzifələr və çətinliklərin səbəbi onların mənsub olduqları din deyil, ilahi əmrlərdən boyun qaçırmaq və itaətsizlik olmuşdur. Bu ağır vəzifələr onlara cəza tədbiri olaraq vacib edilmişdir. “Ənam” surəsinin 146-cı ayəsində İsrail övladları haqqında belə buyurulmuşdur: “Yəhudilərə dırnaqlı (təkdırnaqlı) heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də onlara haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!”[216]

[1] “Əl-Mizan”, c. 1, səh. 46.

[2] “Safi”, c. 1, səh. 90.

[3] “Nümunə”, c. 1, səh. 62.

[4] “Kəşşaf”, c. 1, səh. 35.

[5] “Məcməül-bəyan”, c. 1, səh. 65.

[6] “Təfsiri-mövzui”, c. 1, səh. 183.

[7] “Ətyəbül-bəyan”, c. 1, səh. 210.

[8] “Əl-Mizan”, c. 1, səh. 55.

[9] “Təfsiri-mövzui”, c. 6, səh. 67.

[10] “Əl-Mizan”, c. 2, səh. 228.

[11] Yenə orada, c. 5, səh. 387.

[12] “Kəşşaf”, c. 1, səh. 65.

[13] “Əl-Mizan”, c. 7, səh. 331.

[14] “Məcməül-bəyan”, c. 1, səh. 49.

[15] “Ətyəbül-bəyan”, c. 1, səh. 399.

[16] “Tövhid”, Şeyx Səduq, səh. 163, hədis: 1.

[17] “Kəşşaf”, c. 1, səh. 67; “Nümunə”, c. 2, səh. 32.

[18] “Nümunə”, c. 1, səh. 117.

[19] “Nümunə”, c. 1, səh. 117.

[20] “Ətyəbül-bəyan”, c. 1, səh. 463; “əl-Mizan”, c. 1, səh. 92.

[21] “Təfsiri-mövzui”, c. 5, səh. 379.

[22] “Təsnim”, c. 2, səh. 463.

[23] “Nümunə”, c. 1, səh. 145.

[24] “Ətyəbül-bəyan”, c. 1, səh. 480.

[25] “Təfsiri-mövzui”, c. 1, səh. 432.

[26] “Nümunə”, c. 1, səh. 150.

[27] “Ətyəbül-bəyan”, c. 1, səh. 484.

[28] “Nümunə”, c. 1, səh. 156.

[29] “Peyami-Quran”, c. 7, səh. 202.

[30] “Nümunə”, c. 1, səh. 186.

[31] “Ətyəbül-bəyan”, c. 2, səh. 7.

[32] “Nümunə”, c. 1, səh. 202.

[33] “Ətyəbül-bəyan”, c. 2, səh. 8.

[34] “Əl-Mizan”, c. 1, səh. 152.

[35] “Nümunə”, c. 1, səh. 219.

[36] Yenə orada, səh. 221.

[37] “Əl-Mizan”, c. 1, səh. 154.

[38] “Peyami-Quran”, c. 6, səh. 525-507.

[39] “Nümunə”, c. 16, səh. 12.

[40] “Nümunə”, c. 8, səh. 375.

[41] “Əl-Mizan”, c. 1, səh. 190.

[42] “Nümunə”, c. 1, səh. 255.

[43] “Əl-Mizan”, c. 1, səh. 191.

[44] “Ətyəbül-bəyan”, c. 2, səh. 41.

[45] “Məcməül-bəyan”, c. 1, səh. 230.

[46] “Nümunə”, c. 1, səh. 269.

[47] “Ətyəbül-bəyan”, c. 2, səh. 44.

[48] “Qamusi-Quran”, c. 6, səh. 260.

[49] “Nümunə”, c. 1, səh. 278.

[50] “Ətyəbül-bəyan”, c. 2, səh. 26.

[51] “Mənşuri-cavid”, c. 3, səh. 217.

[52] “Əl-Mizan”, c. 1, səh. 197; “Ətyəbül-bəyan”, c. 2, səh. 50.

[53] “Əl-Mizan”, c. 1, səh. 203.

[54] Yenə orada, c. 1, səh. 202.

[55] “Əl-Mizan”, c. 1, səh. 214.

[56] “Nümunə”, c. 1, səh. 319.

[57] “Nümunə”, c. səh. 322; “Mənşuri-cavid”, c. 8, səh. 68.

[58] “Əl-Mizan”, c. 1, səh. 218.

[59] “Nümunə”, c. 1, səh. 231.

[60] Yenə orada, c. 20, səh. 455.

[61] “Nəhc əl-bəlağə”, qısa kəlamlar: 456.

[62] “Nümunə”, c. 1, səh. 338.

[63] “Əl-Mizan”, c. 1, səh. 221.

[64] “Nümunə”, c. 1, səh. 346.

[65] “Əyyaşi”, c. 1. səh. 143.

[66] “Nümunə”, c. 1, səh. 354.

[67] “Əl-Mizan”, c. 1, səh. 227.

[68] “Nümunə”, c. 1, səh. 364.

[69] “Əl-Mizan”, c. 8, səh. 266.

[70] “Əl-Mizan”, c. 17, səh. 9.

[71] “Nümunə”, c. 1, səh. 370.

[72] Yenə orada, səh. 376.

[73] Yenə orada, səh. 377.

[74] Yenə orada, səh. 379.

[75] “Nümunə”, c. 1, səh. 390.

[76] “Ətyəbül-bəyan”, c. 2, səh. 145.

[77] “Əl-Mizan”, c. 1, səh. 254.

[78] “Nümunə”, c. 1, səh. 411.

[79] Yenə orada, səh. 414.

[80] “Təfsiri-mövzui”, c. 8, səh. 112.

[81] “Ətyəbül-bəyan”, c. 2, səh. 170.

[82] “Əl-Mizan”, c. 1, səh. 262.

[83] Yenə orada, c. 1, səh. 262; “Nümunə”, c. 1, səh. 436.

[84] “Təfsiri-mövzui”, c. 3, səh. 221.

[85] “Nümunə”, c. 1, səh. 447; “Ətyəbül-bəyan”, c. 2, səh. 187.

[86] “Ətyəbül-bəyan”, c. 2, səh. 197.

[87] Yenə orada; “Mənşuri-cavid”, c. 5, səh. 84.

[88] “Əl-Mizan”, c. 1, səh. 294; “Ətyəbül-bəyan”, c. 2, səh. 201.

[89] “Əl-Mizan”, c. 1, səh. 299; “Ətyəbül-bəyan”, c. 2, səh. 206.

[90] “Əl-Mizan”, c. 1, səh. 308.

[91] “Safi”, c. 1, səh. 193.

[92] “Əl-Mizan”, c. 1, səh. 310.

[93] “Əl-Möcəm əl-vəsit”, səh. 249.

[94] “Əl-Mizan”, c. 13, səh. 77.

[95] “Səfinə əl-bihar”, c. 2, səh. 667.

[96] “Əl-Mizan”, c. 13, səh. 402.

[97] “Nümunə”, c. 1, səh. 465.

[98] “Əl-Mizan”, c. 1, səh. 313 və 326.

[99] “Ətyəbül-bəyan”, c. 2, səh. 228; “əl-Mizan”, c. 1, səh. 314.

[100] “Ətyəbül-bəyan”, c. 2, səh. 240.

[101] “Əl-Mizan”, c. 1, səh. 324.

[102] Yenə orada, səh. 336.

[103] “Təfsiri-mövzui”, c. 14, səh. 246.

[104] “Əl-Mizan”, c. 1, səh. 349.

[105] Yenə orada, 381.

[106] “Əl-Mizan”, c. 1, səh. 389; “Nümunə”, c. 1, səh. 548.

[107] “Səfinə əl-bihar”, c. 1, səh. 476.

[108] “Əl-Mizan”, c. 1, səh. 404.

[109] “Əl-Mizan”, c. 17, 251.

[110] Bax: “Üsuli-Kafi”, “əl-Əql vəl-cəhl” fəsli.

[111] “Nümunə”, c. 24, səh. 329.

[112] “Üsuli-Kafi”, c. 1, səh. 28.

[113] “Əl-Mizan”, c. 1, səh. 408.

[114] “Əl-Mizan”, c. 1, səh. 416.

[115] “Əl-Mizan”, c. 5, səh. 205.

[116] “Nümunə”, c. 1, səh. 585.

[117] “Nümunə”, c. 1, səh. 592; “Ətyəbül-bəyan”, c. 2, səh. 303.

[118] “Təfsiri-mövzui”, c. 5, səh. 411.

[119] “Mənşuri-cavid”, c. 1, səh. 121.

[120] “Nümunə”, c. 1, səh. 618.

[121] “Ətyəbül-bəyan”, c. 2, səh. 326.

[122] “Əl-Mizan”, c. 2, səh. 31 və 36.

[123] “Nümunə”, c. 1, səh. 634.

[124] “Əl-Mizan”, c. 2, səh. 31, 36.

[125] “Nümunə”, c. 1, səh. 649.

[126] “Nümunə”, c. 1, səh. 650; “əl-Mizan”, c. 2, səh. 45.

[127] “Nümunə”, c. 2, səh. 6.

[128] “Nümunə”, c. 2, səh. 21.

[129] “Müstələhat əl-fiqh”, səh. 208.

[130] “Nümunə”, c. 2, səh. 37.

[131] “Nümunə”, c. 2, səh. 55.

[132] “Nümunə”, c. 1, səh. 79.

[133] “Nəhc əl-bəlağə”, xütbə: 156.

[134] “Nəhc əl-bəlağə”, xütbə: 16.

[135] “Əl-Mizan”, c. 2, səh. 83, 87.

[136] “Nümunə”, c. 2, səh. 66.

[137] “Əl-Mizan”, c. 2, səh. 87.

[138] “Nümunə”, c. 2, səh. 70.

[139] “Əl-Mizan”, c. 2, səh. 99.

[140] “Nümunə”, c. 2, səh. 81.

[141] “Ətyəbül-bəyan”, c. 2, səh. 388; “Ala ər-Rəhman”, səh. 186.

[142] “Əl-Mizan”, c. 2, səh. 145.

[143] “Nümunə”, c. 2, səh. 100.

[144] “Üsuli-kafi”, c. 2, səh. 278.

[145] “Nümunə”, c. 2, səh. 107.

[146] “Ətyəbül-bəyan”, c. 2, səh. 422.

[147] “Nəhc əl-bəlağə”, xütbə: 159.

[148] “Nümunə”, c. 2, səh. 117-122.

[149] “Nümunə”, c. 2, səh. 133; “əl-Mizan”, c. 2, səh. 209.

[150] “Nümunə”, c. 2, səh. 142.

[151] “Nümunə”, c. 2, səh. 145.

[152] “Ətyəbül-bəyan”, c. 2, səh. 448.

[153] “Əl-Mizan”, c. 2, səh. 451.

[154] “Ətyəbül-bəyan”, c. 2, səh. 448.

[155] “Əl-Mizan”, c. 2, səh. 431.

[156] “Səfinə əl-bihar”, c. 8, səh. 759.

[157] “Nümunə”, c. 2, səh. 148.

[158] “Nümunə”, c. 24, səh. 224.

[159] “Nümunə”, c. 2, səh. 159; c. 24, səh. 224.

[160] “Ətyəbül-bəyan”, c. 2, səh. 470.

[161] “Vəsail əş-şiə”, c. 21, səh. 453.

[162] “Tozih əl-məsail”, İmam Xomeyni, məsələ: 2488.

[163] “Səfinə əl-bihar”, c. 3, səh. 362.

[164] “Nümunə”, c. 16, səh. 34.

[165] “Bihar əl-ənvar”, c. 101, səh. 107.

[166] “Nümunə”, c. 2, səh. 203.

[167] “Səfinə əl-bihar”, c. 2, səh. 323.

[168] “Nümunə”, c. 2, səh. 203.

[169] “Əl-Mİzan”, c. 2, səh. 250

[170] “Peyami-Quran”, c. 6, səh. 224.

[171] “Ətyəbül-bəyan”, c. 2, səh. 485.

[172] “Əl-Mizan”, c. 2, səh. 264.

[173] “Nəhc əl-bəlağə”, məktub: 27.

[174] “Ətyəbül-bəyan”, c. 2, səh. 488.

[175] “Nümunə”, c. 2, səh. 208.

[176] “Nümunə”, c. 2, səh. 223.

[177] “Əl-Mizan”, c. 2, səh. 300.

[178] “Nümunə”, c. 2, səh. 237.

[179] “Əl-Mizan”, c. 2, səh. 302.

[180] Yenə orada, səh. 303.

[181] “Ətyəbül-bəyan”, c. 3, səh. 3.

[182] Əl-Mizan, c.2, səh.341

[183] Ətyəbül-bəyan, c.3, səh.8

[184] Nümunə, c.2, səh.281

[185] Ətyəbül-bəyan, c.3, səh.22

[186] Təfsiri-mövzui, c.11, səh.95

[187] Əl-Mizan, c.2, səh.350

[188] Nümunə, c.2, səh.285

[189] Ətyəbül-bəyan, c.3, səh.34

[190] Təfsiri-mövzui, c.4, səh.133

[191] Əl-Mizan, c.2, səh.387

[192] Əl-Mizan, c.2, səh.389

[193] Nəhcül-bəlağə, qısa kəlamlar, 327

[194] Əl-Mizan, c.2, səh.405

[195] Nümunə, c.2, səh.326

[196] Əl-Mizan, c.2, səh.395

[197] Əl-Mizan, c.2, səh.407

[198] Əl-Mizan, c.2, səh.408

[199] Əl-Mizan, c.2, səh.399

[200] Əl-mizan, c.2, səh.408

[201] Təfsiri-mövzui, c.7, səh.229

[202] Ətyəbül-bəyan, c.3, səh.53

[203] Əl-Mizan, c.2, səh.401

[204] Mənşuri-cavid,c.8, səh.273

[205] Nümunə, c.2, səh.347

[206] Nümunə, c.2, səh.348

[207] Əl-Mizan, c.2, səh.409

[208] Nümunə, c.2, səh.360

[209] Əl-Mizan, c.2, səh.413

[210] Ətyəbül-bəyan, c.3, səh.62

[211] Əl-Mizan, c.2, səh.415-428

[212] Nümunə, c.2, səh.382

[213] Əl-Mizan, c.2, səh.441

[214] Ətyəbül-bəyan, c.3, səh.90

[215] Ətyəbül-bəyan, c.3, səh.94

[216] Nümunə, c.2, səh.403