14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Həzrət Muhəmmədin (s) həyatından dərslər

Həzrət Muhəmmədin (s) həyatından dərslər
Elm öyənmək və tədris etmək
.
Qurani-kərim Əhzab surəsinin 21-ci ayəsində buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Həqiqətən, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulu çox gözəl (nümunə və) örnəkdir!”
.
Bəli, həzrət Muhəmməd (s) bəşəriyyətə ən gözəl nümunədir. Biz İslamın yaşayış tərzinə yiyələnə bilmək üçün o həzrətin həyatından dərs almalıyıq.
Dostlar, elm öyrənmək və öyrəndiklərini tədris etmək İslamın önəm verdiyi ən mühüm mövzulardandır. Hazırkı dünyamızda heç bir dini yaxud dünyəvi və fəlsəfi məktəb elm öyərənmək və öyrətməyə İslamın verdiyi dəyəri verməmişdir.
“Allahın Rəsulu həzrət Muhəmməd (s) Mədinə məscidinə daxil olduğu zaman gözü iki dəstəyə sataşdı. Onların hər biri bir guşəyə çəkilmiş və öz işləri ilə məşğul idilər. Dəstələrdən biri ibadət və zikrlə, o biri dətsə isə tədris və təhsil, elm öyrənmək və öyrətmək ilə məşğul idilər.
Həzrət Muhəmməd (s) hər iki dəstəni seyr etdi. Onları bu şəkildə görmək (yəni mənasız işlərlə deyil, dünya və axirət faydasına, həmçinin kamilliyə səbəb olan işlərlə məşğul idilər) Allah Rəsulunun (s) sevincinə səbəb oldu. Öz ətrafında olanlara üzünü tutub dedi: “Bu iki dəstənin hər biri yaxşı işlə məşğuldurlar. Onlar xeyir və səadətdədirlər”. Sonra öz sözünə bir cümlə də əlavə etdi: “Lakin mən təlim vermək və öyrətmək üçün göndərilmişəm”. Bunu deyib təlim və tədrislə məşğul olan dəstəyə tərəf getdi və onların məclisində (yanında) oturdu.”
Doğruların dastanı 11-ci səhifə

Sevimli Peyğəmbərimizin (s) bu rəftarı bizə dərsdir. Biz hər bir yerə gedərkən orada müxtəlif insanların ayrı-ayrı dəstələrdə oturub müxtəlif işlərlə məşğul olduqlarını gördükdə vəzifəmizi bilməli, başqa sözlə İslamın yaşam tərzini seçməliyik. Məsələn, çayxana və sair ictimai yerlərdə (hətta virtual sosial şəbəkələrdə) elm öyrənmək və maariflənmək ilə məşğul olan dəstənin yanına getməli və onlarla oturmalıyıq.
Başqa bir hədisdə oxuyuruq:

جاء رجل من الأنصار إلى النبي
صلى الله عليه وآله فقال يا رسول الله إذا حضرت جنازة ومجلس عالم أيهما أحب إليك أن أشهد ؟
فقال رسول الله ( صلى الله عليه وآله ) : إن كان للجنازة من يتبعها ويدفنها فإن حضور مجلس عالم
أفضل من حضور ألف جنازة ، ومن عيادة ألف مريض ، ومن قيام ألف ليلة ، ومن صيام
ألف يوم ، ومن ألف درهم يتصدق بها على المساكين ، ومن ألف حجة سوى الفريضة ،
ومن ألف غزوة سوى الواجب تغزوها في سبيل الله بمالك ونفسك وأين تقع هذه المشاهد
من مشهد عالم ؟ أما علمت أن الله يطاع بالعلم ويعبد بالعلم ؟ وخير الدنيا والآخرة
مع العلم ، وشر الدنيا والآخرة مع الجهل ؟

“Mədinə əhalisindən olan bir nəfər həzrət Muhəmmədin (s) yanına gələrək dedi: -Ey Allahın peyğəmbəri (s)! Əgər bir tərəfdə vəfat etmiş müsəlmanın dəfni o biri tərəfdə isə elm məclisi olarsa o ikisindən hansını seçməyimi istəyərdiniz? Həzrət Muhəmməd (s) buyurdu: Əgər vəfat etmiş müsəlmanı dəfn etməyi (qüsl vermək, kəfənləmək, meyit namazı qılmaq və basdırmağı) öhdəsinə götürmüş insanlar vardırsa bu halda (dəfndə yox) alimin olduğu elm məclisində iştirak etmək vəfat etmiş min müsəlmanın dəfnində iştirak etməkdən, min nəfər xəstəyə baş çəkməkdən, min gecə-gündüz müstəhəb namaz qılıb oruc tutmaqdan, min ehtiyaclı insana sədəqə verməkdən, min dəfə müstəhəb həccə getməkdən, malı və canı ilə Allah yolunda min müstəhəb (vacib olmayan) döyüşdə vuruşmaqdan daha üstündür. Bunlar alimin məclisində oturmağa bərabər olarmı heç?! Məgər Allaha ibadət və itaət elm və maarifə bağlı olduğunun, dünya və axirətin xeyirinin elm ilə ancaq dünya və axirətin şərinin (pisliyinin) isə nadanlıq və cəhalət ilə olduğunu bilmirsənmi?!”
Biharul-ənvar 1-ci cild 204-cü səhifə
.
Dostlar, baxın, elm və maarifə bu qədər dəyər verən dini ya qeyri-dini məktəbə rast gəlmisinizmi? Tarixi sənədlərə əsasən “müsəlmanlar ilə müharibə edən müşriklər (kafirlər) əsir düşdükdə həzrət Muhəmməd (s) əsirlərinin hamısının bir yerə toplanmasına göstəriş verər və əsirlərin qarşısında bunları deyərdi: “Əgər sizin aranızdan savadlı olan hər hansı biriniz on nəfər müsəlmana yazıb-oxumağı öyrədərsə əsirlikdən azad ediləcəkdir.”
Məgər bəşər tarixi əsirlərin azadlığına belə bir şərt qoyulan hadisə ilə rastlaşıbmı?
Bu nümunələri olduqca çoxaltmaq olar, ancaq bizim məqsədimiz nümunələri çoxaltmaq yox, əksinə sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) simasında İslam yaşayış tərzini insanlara çatdırmaqdır.
İslam dini kitab mütalisinə də böyük dəyər verir, Qurani-kərimin göydən gələn ilk ayəsinin “Rəbbinin adı ilə oxu…” cümləsi ilə başlaması bunun əyani sübutudur. Hətta mütaliə etmək zamanı Allah Taalanı yada salaraq dua etmək də tövsiyə edilmişdir.
Mütaliə etməyə başlayarkən Allah Taalaya dua edin ki, oxuduqlarınız yadınızda qalsın, mənaları düzgün dərk edə biləsiniz, mütaliə edərkən fikriniz yayınmasın, öyrəndiklərinizi həyatınızda, yəni əməldə tətbiq edə biləsiniz.

اللّهُمَّ أخْرِجْني مِنْ ظُلُماتِ الوَهْمِ وَأكْرِمْني بِنُورِ الفَهْمِ ، اللّهُمَّ افْتَحْ عَلَيْنا أَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا أرْحَمَ الرّاحِمينَ

” İlahi məni vəhm (xəyal və şübhə) zülmətindən çıxar və fəhm (düşüncə və dərketmə) nuru ilə əzizlə. İlahi, Öz rəhmət (nemət və bərəkət) qapılarını üzümüzə aç və mərhəmətinlə Öz elminin xəzinələrini başımıza yağdır, ey rəhimlilərin ən rəhimlisi!”
Məfatihul-cinan 1631-ci səhifə
Allah Taaladan istəyirik ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (s) həyatından dərs alaraq yaşayışımızda tətbiq edə bilməkdə bizi müvəffəq eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir