ƏXLAQLI İNSAN CƏMİYYƏTİN BÜTÜN ÜZVLƏRİ İLƏ TƏVAZÖKARLIQLA DAVRANIR, EHTİYACLI VƏ ÇƏTİNLİKDƏ OLAN İNSANLARA HƏMDƏM OLUR.

HƏZRƏT MUHƏMMƏD (S) İNSANLARIN ÇƏTİNLİKLƏRİ VƏ PROBLEMLƏRİNİ HƏLL ETMƏYƏ ÇALIŞMIŞDIR.

Əxlaqi xislətlərdən biri də dərdli insanların halına acımaq, onlara dayaq olmaqdır.

Cəmiyyətin idarəetməsi və rəhbərliyi sahəsində uğur qazanmaq müxtəlif amillərdən asılıdır. Onların biri də cəmiyyətin aşağı və hüquqlardan məhrum olan təbəqəsindəki insanların çətinlikləri və düçar olduqları problemlərlə onları həll etmək məqsədi ilə tanış olmaqdır. Bütün İlahi peyğəmbərlər, xüsusilə də həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- belə bir ali xislətə malik olmuşdur. O həzrət özünü insanlardan biri bilmiş, heç vaxt özünü cəmiyyətin heç bir sinif və təbəqəsindən üstün saymamışdır.

Odur ki, Qurani-kərim Fussilət surəsinin 6-cı və Kəhf surəsinin 110-cu ayələrində həzrət Muhəmmədin (s) dilindən deyir:

انما انا بشر مثلكم‌

“Mən də sizin kimi bir insanam.”

Həmçinin Qurani-kərim Tövbə surəsinin 128-ci ayəsində həzrət Muhəmmədin (s) insanların yanına onları düz yola yönəltmək üçün gəlişini belə vəsf edir:

لقد جاءكم رسول من انفسكم‌

“Sizə özünüzdən olan bir peyğəmbər gəldi.”

 

Xalqdan olmaqdan əlavə, həm də cəmiyyətin bütün insanlarının vəziyyəti ilə yaxından maraqlanmaq və onların çətinliklərini hiss etmək, Peyğəmbərin (s) aşkar xislətlərindən idi.

Əlbəttə, özünü xalqın ayrılmaz bir üzvü bilən həzrət Muhəmməd (s) kimi pak insanlar ilə, insanları islah etmək və yaşayışlarında rifah yaratmaq şüarları ilə cəmiyyətin rəhbərliyinə can atan, lakin heç vaxt çətinlik və məhrumiyyətlər görməyən, buna görə də dərdli insanların durumlarını dərk və hiss edə bilməyən insanlar arasında böyük fərqlər vardır. Belələri həqiqətən də düzgün əməl etmək istəsələr belə müvəffəq olmayacaqlar.

Amma bu çətinlikləri, giriftarçılıqları və məhrumiyyətləri yaxından hiss etmiş insanlar, adətən cəmiyyətin 50%-indən çox olan aşağı təbəqənin dərdləri və əziyyətlərini daha yaxşı dərk edirlər. Həzrət Muhəmməd (s) də belə insanlardan idi, insanların məruz qaldıqları çətinlikləri o həzrət də dadmışdı.

Odur ki, Qurani-kərim Zuha surəsinin 6, 7 və 8-ci ayələrində buyurur:

الم يجدك يتيما فآوی ووجدك ضالا فهدی ووجدك عائلا فاغني‌

“Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!

Səni yoxsul ikən tapıb ehtiyacsız etmədimi?!”

 

O zaman həmin cəmiyyətin varlıları və özlərini xalqdan üstün sayanlar həzrət Muhəmmədi (s) insanlardan uzaqlaşdırmağa çalışırdılar. Bu barədə Qurani-kərim Hud surəsinin 29-cu ayəsində buyurur:

وما انا بطارد الذين آمنوا

“Mən heç vaxt (Allaha) inanan insanları (onlar nə qədər kasıb və yoxsul olsalar belə) özümdən uzaqlaşdırmayacağam.”

Bəli, peyğəmbərlik məqamına yüksəlmək üçün bir çox ali xüsusiyyətlər, o cümlədən xalqdan olmaq və aşağı təbəqənin hüquqlarını bərpa etmək əzminin olması zəruridir. Gətirdiyi səmavi dinin əbədi qalmasını, bütün zamanlarda bütün xalqlar və millətlər üçün faydalı olmasını istəyən şəxs cəmiyyətdəki ədalətsizlikləri, yoxsulluğu və məhrumluğu yaxından hiss etməlidir, təki tarix boyu ədalətin bərpası və məhrumluqların götürülməsi fəryadını bütün dünya əhalisinə eşitdirsin.

Qurani-kərim Zuha surəsinin 9 və 10-cu ayələrində buyurur:

فاما اليتيم فلا تقهر واما السائل فلا تنهر

“Elə isə yetimi özündən uzaqlaşdırma. Ehtiyaclını yanından qovma.”

 

Həzrət Muhəmməd (s) Mədinə şəhərinə köç edən vaxtı da, Mədinə əhalisindən olan yüzlərlə insanın o həzrəti öz məhəllələrinə dəvət etməklərinə baxmayaraq, peyğəmbər (s) yaşayış üçün şəhərin yetimlər yaşayan məhəlləsini seçdi. İslamın yayım mərkəzini orada qərarlaşdırdı ki, sonralar həmin yer “Peyğəmbər məscidinə” və İslam dövlətinin mərkəzinə çevrildi. İslam dünyasının ən mühüm qərarları oradan dünyaya çatdırıldı.

Rza Əzizoğlu