İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: “Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır“. Fatimə binti Əsəd deyir: “Sübh vaxtı bir nida eşitdim: “Ey Fatimə, Bizim Evə gəl“. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: “Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et“ (Ibn Şəhraşub, “Mənaqib“, c.2, səh.198-199. “Biharül-Ənvar“, 35 c. səh.8-36).

Birdən orda olanlar gördülər ki, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd (ə) içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var (Irşad 1.c, səh.5). Fatimə binti Əsəd (ə) deyir: “Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn Imranın anası və Isanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: “Əssəlamu əleyki, ya Vəliyullah“. Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər. (O zaman) Fatimə binti Əsəd, Peyğəmbər (s) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: “30 il səbr elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq“ (Biharül-ənvar c.36, səh.6. “Rövzətül-vaizin“ c.1, səh.81). Cümə günü Əli (ə) Kəbənin sağ küncündə qırmızı daşın üstünə günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: “Əşhədu ən la ilahə iləllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulullah, bi Muhəmmədin yəxtimullahun – nubuvvətə və bi yəxtimul vəsiyyətə və ənə Əmirul-muminin“ (Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) Allahın rəsuludur. Əli Məhəmmədin vəlisidir. Məhəmmədlə nübüvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin ərşiyəm) (Mənaqib, c.2, səh.198). Sonra buyurdu: “Haqq gəldi və batil aradan getdi“. Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: “Vay olsun bütlərə və bütpərəstlərə“.

Üç gün Kəbədə
Fatimə binti Əsəd üç gün Ilahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: “Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun“ (“Biharül-ənvar“, c.35, səh 9-37).

Olubdu üç gecə-gündüz Xudaya Fatimə qonaq, Ananın olsa isməti Xuda gözəl bala verir.
Çıxıbdı beytidən gəlib yetişdi dudi maninə Gəlibdi guya bir səs görüb Xuda nida verib.
Alıb Peyğəmbəri-Xuda qucağına öpüb üzün, Görüblər çox sevir onu, öpür gözün, dua verir.
Deyir: Xudayi-laməkan, Özün bu tifli hifz elə Vəsiyyi əvvəlimdi bu, Sənin kimi Xuda verir.

Üç gün hər yerdə bu mübarək mövluddan, istisna halda dünyaya gəlişdən danışılırdı. Xüsusilə Kəbənin divarlarının kafirlərin gözü qarşısında yarılmasından. Fatimə binti Əsəd deyir: “Kəbədən xaric olub, övladımı Peyğəmbərin yanına qoyduqdan sonra o Həzrət mübarək ağzı ilə Əlinin ağzını açıb ağzının suyunu ona toxundurdu. Sağ qulağına azan, sol qulağtına iqamə dedi“ (“Mənaqib, c.2, səh 199“).

Həzrət Əlinin viladətinin üçüncü günü Həzrət Əbu Talib (ə) ziyafət verdi və buyurdu: “Əli ibn Əbu Talibin (ə) ziyafətinə gəlin. Əvvəlcə Kəbəni 7 dəfə təvaf edin, sonra övladım Əliyə salam verin“.

HƏZRƏT ƏLININ UŞAQLIQ DÖVRÜ

Həzrət Əli (ə) öz uşaqlıq dövrü və Peyğəmbərlə (s) birlikdə olması barəsində belə buyurur: “Uşaqlıqda Peyğəmbər (s) məni qucağına alıb sinəsinə yapışdırar, yeməyi çeynəyib ağzıma qoyardı. Onun xoş iyi canıma daxil olurdu. O, danışığında yalan, rəftarımda isə səhv və nadanlıq tapmırdı. Allah Peyğəmbəri məni süd içən vaxtdan böyük mələklərlə yoldaş etmişdi. Mən də süd içən uşağın anasına itaət etdiyi kimi ona itaət edirdim. O, hər il Həra dağına gedirdi və bu vaxt məndən başqa heç kim onu görmürdü“ (Nəhcül-bəlağə, 234-cü xütbənin axır hzissələri). Həzrət Əlinin yaşayış dövrü 4 hissəyə bölünür:

– Uşaqlıq dövrü – Peyğəmbərlə olan dövr
– Xilafətdən uzaqlaşdırılan dövr – Xəlifəlik dövrü.

NATIQI-QURAN

Həzrət Fatimə (ə) buyurub: “Ey Allahın bəndələri, sizin aranızda Quran bir rəhbər kimidir. Sizinlə bağlanan bir əhdi-peymandır. Quran Allahın doğru danışan natiq bir Kitabıdır. Quranın nuru saçan, işığı isə parlaqdır. Onun dəlilləri aşkardır, sirləri açıqdır. Quranın ümmətləri həmişə yadları həsrətdə qoymuşdur“.

Bu hədisin sətiraltı mənasına diqqət olunsa, görərik ki, natiqi-Quran Imam Əlidir (ə). Bu barədə Həzrət Əli (ə) belə buyurub: “Natiqi-Quran mənəm“. Bu hədisi həm mərifət sahibi olan ariflər, həm də hədis nəql edənlər təsdiq və qəbul edirlər. Məsihi alimi Xəlil Cübran deyir: “Quranı və Peyğəmbəri təsdiq eləməkdə Əli mənə bəsdir. Quran hər nə deyib, Əli onu götürüb“.

Həzrət Fatimə (ə) digər bir hədisində buyurur: “Allahın kitabına itaət etmək Behiştə (cənnətə) doğru getməyə səbəb olar. Onun göstərişlərini dinləmək isə insanı nicat tapmağa yönəldər. O kitabla Allahın aydın höccət, dəlilləri, onun aşkar qayda-qanun, hüdud və vəzifələri hasil olur. Bu bir Kitabdır ki, halal-haram məsələlərini aşkar dəlilləri və kifayətedici sübutları, yüksək dəyərləri və müqərrər qayda-qanunları əhatə edir“. Mirzə Həbib Qüdsi deyir:

Vay o gündən ki, olur yovmi-hesab, Haqq edər məxluqa qəhr ilə xitab.
Siz mənim əmrimə taət etmədiz, Sidq qəlbilə ibadət etmədiz.
Peyğəmbər Qədir-Xum günündə (18 zilhiccə 632-ci il) buyurdu: “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Quran, ikincisi mənim Əhli-beytim. Hər ikisi Kövsər hovuzunda mənə çatana qədər bir-birlərindən ayrılmazlar“. Azərbaycan klassik ədəbiyyatının korifeylərindən sayılan Nəsimi, Füzuli, Xətai, Şirvani və sair şairlər Peyğəmbərin (s) və Əhli-beytin şənində çoxlu şeir, qəzəl və qəsidə yazmışlar. Lakin bunu etiraf etməliyik ki, Allah-Təalanın tərif etdiyi və dost tutduğu şəxslərin bəşərin tərifinə ehtiyacı yoxdu və olmayacaq da. Ancaq ruhları əbədiyyətə qovuşmuş şəxslərin zəhmətini itirmək düzgün olmaz. M.Füzuli ömrünün sonuna qədər Imam Hüseynin rövzəsindən ayrılmır və Kərbəlada pak ruhu Allah dərgahına qovuşur.

Nəsimi və Xətai də İmam Əli və İmam Hüseynin qeyrət və rəşadət məktəbindən dərs alıb və oların sevgisiynən bütün əzab-əziyyətlərə qatlaşıb, əbədi ölməzlik qazanıblar. S.Ə.Şirvani öz hörmət və məhəbbətini Əhli-beytə belə çatdırıb. Bir vücudi kamilin olmuş tüfeyli kainat

Xəlqi aləmdən nə Musavu, nə Isadır qərəz. Bu beytdə “vücudi kamildən“ məqsəd Həzrət Məhəmmədə işarədir. Hədisi-Qüdsidə buyurulub: “Ey Peyğəmbərim, sən olmasaydın, kainatı yaratmazdım, Əli olmasaydı Səni yaratmazdım, Fatimə olmasaydı, heç birinizi yaratmazdım. Aydındır ki, Peyğəmbərə xatir Allah-Təala cahanı yaradır. Bəs nəyə görə buyurulur, Əli olmasaydı, ya Peyğəmbər, səni yaratmazdım. Əli (ə) Peybəmbərdən sonra dinin qoruyucusu, həm də Imam idi. Islam dinində məqsəd təkcə namaz, oruc deyil, əsl məqsəd imamətdir.

Hidayət iki növdür: Yolu göstərmək – bu işi Peyğəmbərlər görürlər Məqsədə çatdırmaq – bu işi imamlar görür və bəzi Peyğəmbərlərə Allah tərəfindən icazə verilir. Məqsədə çatdırmaq – bu hidayətdən məqsəd – insanların ürək və canlarına əhatə əsasında hidayət eləmək. Çünki imamların insanların ürək və canlarına əhatəsi var: onları kamala tərəf apara bilər. Bizim bir-birimizlə əhatəmiz yoxdur, ona görə ayrıyıq. Lakin ruh ki, kamilləşdi, o biri ruhla əhatə tapar.

Ey Yaradan aləmi, ol şahi-Xuban eşqinə,  Ol Rəsuli-əxiratın möcüzəsindən mədəd. (Xətai)

“Fatimə olmasaydı heç birinizi yaratmazdım“ – buradan belə nəticə almaq olar ki, Fatimənin 2 övladı Imam Həsən və Imam Hüseyn Islamın əbədi qalması üçün öz canlarını din yolunda fəda etdilər. Əgər Fatimə və Əli olmasaydı, bu gün digər dinlər kimi Islamdan ancaq quru ad qalardı. Lakin Imam Hüseyn (ə) buyurdu: “Ey qılınclar, əgər ölməyimlə Məhəmmədin dini yaşayacaqsa, məni doğrayın“. S.Ə.Şirvani digər beytində deyir və bizlərə tövsiyə edir ki, nicat tapmaq istəyirsinizsə və Allah dərgahında üzüağ, alnıaçıq olmaq istəyirsinizsə, pənci-tənlər adın zikr edin. Pənci-tənlər adını zikr et ki, Seyyid, bilmişəm,

Adəmə təlimi-əsmadən bü mənadır qərəz. Beytdə “pənctənlər“ əba altında olan 5 şəxsiyyət – Həzrət Rəsuli-Əkrəm (s), Fatimə (ə), Əli (ə), Imam Həsən (ə) və Imam Hüseyndir (ə). Bu misra Quran ayəsinə işarədir. “Bəqərə“ surəsinin 37-ci ayəsində buyurulur: “Adəm Rəbbindən neçə söz öyrəndi və Rəbbi tövbəsini qəbul etdi. Çünki O, tövbə qəbul edən və mehribandır“. Seyid yazır ki, “təlimi-əsma“ adları çəkilən 5 nəfər olub. Aşıq Əhməd Rüstəmov da bir şeirində qeyd edib bu ayəni. Beş kimsənin üzünə qərar tapıb durub dünya, Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseyni-Kərbəla. Əhməd deyər: Bari Xuda, pənci-təni Ali-əba Yer ümmətin harayına ruzi Qiyamət ya Əli. Qurani-Kərimlə Əhli-beytin oxşarlıqları çoxdur. Imam Hüseynlə Quranın bir-birlərinə oxşarlıqları bunlardır.

– Qurani-Kərim də, Imam Hüseyn də əmr be məruf və nəhy əz münkər edir. – Qurani-Kərim xalqı Allaha tərəf, haqqa doğru dəvət edir. Imam Hüseyn (ə) Aşura günü buyurdu: “Mən sizi Haqqa tərəf dəvət edirəm“.

– Qurani-Kərim Quran əhli olmayan şəxslərdən şikayət edir. Imam Hüseyn (ə) də Qiyamət günündə özünə və Əhli-beytinə zülm edən şəxslərdən şikayət edəcək. – Qurani-Kərim “Səyyidul-kəlam“dır, yəni – kəlamların ağasıdır. Imam Hüseyn (ə) “Seyyidüş-şühəda“dır, yəni – şəhidlərin ağasıdır. -Qurani-Kərim də nurdur, Imam Hüseyn (ə) da nurdur.

Allah-Təala bizləri bu iki nurdan ayrı salmasın. Bu dünyada Bizi Imam Hüseynin (ə) Kərbəlada olan ziyarətindən Qiyamət günü şəfaətindən binəsib eləməsin. Amin! M.Füzuli də Quran ayələri ilə danışa bilən gözəl klassik şairlərdən biri olub.

Yox işim napak ilə, salehlərin qurbanıyam, Pakdır ruzi-əzəldən dini-imanım mənim.

Bütün varlığını pak imamlar kimi Allaha bağlayan Füzuli 500 ildir Azərbaycan ədəbiyyatının əlçatmaz zirvəsindədir. Ağası Imam Hüseynin qulluğunda yaşayıb yaradan bir şair bütün bu sevgi və məhəbbətə layiqdir. Payini-Hüseyn cənnətim olmuşdur əzəldən, Ordan gedəcək rövzeyi-rizvanə Füzuli. Bu eşqi-Hüseyni verən Allaha məhəbbət, Əlbəttə salıbdır onu ümmanə Füzuli. Ruhun şad olsun, ulu ustad. Həzrət Əlinin “Nəhcül-Bəlağə“sini oxuduqdan sonra ərz elədin ki, “Söz budur ki, sən dedin, qeyrin sözü əfsanədir“. Allah-Təala bizi də Imam Əlidən dərs alanlardan qərar versin, bəlkə onda sənin sözlərindən və səndən sonra gələn gözəl arif-şairlərin sözlərindən Əlini və Fatiməni tanıya bilək. M.Füzuli “Bəqərə“ surəsində mələklərin Adəmin (ə) yaranmasına etirazını belə qələmə alır. Adəm əvvəl səri-kuyin verib almış Cənnət,  Eşidib tən mələk sonra peşiman oldu. Bu beytin açılışı iki mənadadır. Mələklər Adəmin yaranmasına etiraz etdikdə Adəm xəlq olunmağına peşiman oldu. Xətai bir beytində deyir:
Dünyada aşiq olan geydi məlamət donunu, Hər yetən aşiq olurmu dərd ona kar olmasa.

Yəni hər kəs aşiq oldu, tənə yeməlidir. Şirvani də deyir: “Nə deyim Adəmə ki, gətdi bu dünyayə məni“. Füzuli ikinci mənada bildirir ki, “Eşidib tən mələk sonra peşiman oldu“. Yəni mələklər də Allah-Təaladan tənə aldılar ki, “Mənim bildiklərimi siz bilmirsiniz“ peşiman oldular. S.Ə.Şirvani də bu cərəyanı nəzmə çəkib. Istərdi mələk Adəmi kim, tapmaya xilqət

Hüsni bəşəri gör ki, mələk oldu giriftar. “Bəqərə“ surəsində buyurulur ki, Allah-Təala Adəmi (ə) xəlq edəndə mələklər etiraz edib dedilər ki, Ilahi, biz Sənə layiqincə itaət etdiyimiz halda buna nə ehtiyac? Allah-Təala buyurdu: “Şübhəsiz Mən siz bilmədiklərinizi bilirəm“. Elə ki, Adəm xəlq oldu, mələklər ona səcdə etdilər. Rəvayətlərdə və klassik şairlərimizin əsərlərindən belə görünür ki, mələklərin bilmədiyi 14 məsumdur ki, Allah-Təala onların adını Adəmə (ə) öyrətdi. Sonra Adəm (ə) “təlimi-əsma“ deyilən bu adları mələklərə öyrədir. Lakin əvvəldə dediyimiz ki, Şirvani uzun illər dini elmlərlə məşğul olmuş, mədrəsə təhsili görmüş, müdrik bir insan kimi ərz edir ki, “təlimi əsma“dan məqsəd “pəncim-təni ali-əbadır“. Çünki Adəmi (ə) kamil surətdə xəlq etdiyindən ona sonradan “təlimi-əsma“ (Allahın gözəl adlarını) öyrətməyə ehtiyac yox idi. “Fəcr“ surəsinin 2-ci ayəsi və sonuncu ayələri təfsir alimlərinin yekdil nəzərinə əsasən, Imam Hüseyn haqqında nazil olub. 2-ci ayədə buyurulur: “And olsun on gecəyə“. Islam təqvimi Məhərrəm ayı ilə başlayır və 10-cu gün Imam Hüseynin Kərbəlada şəhid olduğu gündür. Sonuncu ayələrdə buyurulur: “Ey özündən razı qalan nəfs! Artıq dön Rəöbbinə və Mənim bəndələrim sırasına keç və behiştimə daxil ol“. S.Ə.Şirvani bu barədə öz qəzəlində belə yazır: Yox məndə hələ nəfsi mələk, qüvveyi-qüdsi, Axır bəşərəm, rəhm qıl ey xaliqi-qəffar.
Bu beytdən aydın görünür ki, Seyid Allahdan nəfsi mələk – yəni “mütməin“ özündən razı qalan nəfsi istəyir. Islam alimləri qeyd ediblər ki, Insanda üç cür nəfs var. Nəfsi əmmarə (əmr edən nəfs), nəfsi ləvvamə (danlayan, məzəmmət edən nəfs), nəfsi mütməin (özündən razı qalan nəfs). Nəfsi-mütməinə nəfsi-mələk də deyirlər ki, beytdə söhbət bu nəfsdən gelir. “Axır bəşər“ ifadəsi miskin, zəlil şəxs anlamını verir. Seyid deyir ki, ey mərhəmətli Xaliq, mən bir miskin bəndəyəm ki, məndə nəfsi mütməin yoxdur (əmr edən nəfsin əlində əsir qalmışam), mənə rəhm et. S.Ə.Şirvani haqq yolunu bizə göstərir və bu yolla getməyi tövsiyə edir. Tut, könül, ali-Əba damənini, eyləmə qəm,  Get bu yoldan ki, bu yol Buzəri, Səlman yoludur. Beytdə deyilir, ey könül Əli və övladlarının ətəyindən tut və bu yolla get ki, bu yolu Əbazər, Səlman (Peyğəmbərin (s) 9 səhabəsi olublar) da gedib. Axund Hacı Soltan ağa da bu beytlə səsləşən bir beytdə deyir: Əhli-Islama yəqin babi-Əlidəndi nicat,  Özgə bir kəsdə səxa yoxdu, bu xülyadan keç. Peyğəmbər (s) buyurub: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır“. Axund Hacı Soltan ağa tövsiyə edir ki, əhli-Islama qapı Əlidir (ə), başqa şəxslərdə bir səxa yoxdu və bu xəyaldı. Ağlı olan şəxs isə xəyal dalınca yox, həqiqət dalınca gedər.
Xəlq edib hər kəsdən əvvəl Ilahi, Beş nəfər müqəddəs, beş nəfər dahi.

Mühəmməd, Fatimə, Murtəza, Həsən, Bir də Imam Hüseyn-Kərbəla şahı.
Islam dininin fədaisi, müqəddəs insan və tarixi şəxsiyyət olan Imam Əli (ə) öz qeyri -adi möcüzə və kəramətləri ilə Allah tərəfindən “Yədullah“ – Allahı əli, “Qudrətullah“ – Allahın qüdrəti, “Əsədullah“ – Allahın şiri, “Babullah“ – Allahın qapısı, “Eynullah“ – Allahın gözü və sair kimi ləqəblər almışdır. Peyğəmbər buyurub: “Mənim üməttim, ziynətləndirin öz məclislərinizi Allahın dostu Əlinin tərifi ilə“. Adlarını məqalədə çəkdiyim şəxslər Peyğəmbərin bu hədisinə əməl etmiş və öz yazılarında Əlini (ə) mədh etmişlər.

ELM VƏ ƏXLAQ SIMVOLU
Quran və Islam baxımından həyat və Axirət məsəllərində ən mühüm sayılan əməl elm oxumaqdır. Bir şərtlə ki, həmin elmə əməl edəsən. Sədi Şirazi deyib: Elmin əgər olsa bir ümman qədər, Nadansan, əməlin olmasa əgər. Peyğəmbərə nazil olan ilk surədə “Ələq“ surəsinin əvvəlində buyurulur: “Oxu, Yaradan Rəbbbinin adı ilə“. Bu ayədən aydınlaşır ki, ilk nazil olan surədə bizlərə oxumaq tövsiyə olunur. Sonrakı ayələrdə qələmin rolu ilə yaranan xəttin – yazının lazımlığı göstərilir. Göründüyü kimi, müqəddəs kitabımız Qurani-Kərim bizə ilk olaraq elmə, biliyə yiyələnməyin vacibliyini xatırladır.
Açır hər hikmətin sirrin bəşərçün sureyi “İqrə“
Hər elmin, sənətin ən başlıca ünvanıdır Quran.
Xuda vəhy eylədi hər bir kəlami-Mustəfa üçün,
Dedi: “Təfsir elə, elmin əsil meydanıdır Quran“.
Qurani-Şərifdə elm gündüzə, cəhalət gecəyə bənzədilir. Islam dininin həyatı elm və bilikdir. Hər şeyin mənası məntiqi, hədəfi, dəyəri elm iman, əməl ilə bilinir. Peyğəmbər buyurur: “Oxuyun, oxuduğunuza inanın, sonra əməl edin. Əməl etdiz başqalarına öyrədin. Hərgah oxudunuz, inanıb əməl etdiniz, başqalarına öyrətməsəniz faydası yoxdur“. Quran insanın kamalını elmdə bilir və elmsiz imanı qəbul etmir. Buyurur ki, Allahı da gərək elmi ilə tanıyasız. Elm ilə iman bir-birinə köməkdirlər, biri digərsiz naqisdi. Insanın müxtəlif ehtiyacları var, bəzisinə iman, bəzisinə elm göstəriş verir. Elm – işıqlıq, iman – eşq verir, eşq – ümid verir. Əgər bir insanın qəlbində iman olsa onun gələcəyə ümidi olar. Elm heç vaxt eşq yarada bilmir, elm alət yaradır, iman isə istiqamət verir. Ariflərdən biri deyib: “Elm əməl gətirməz, eşq əməl gətirər“. Elm – xarici, iman – daxili inqilabdır. Iman bizə ilham bəxş edir. Elm ilə iman bir-birlərinə yardımçıdırlar.
Həzrət Əli dahi bir müəllim kimi insanlığı tərbiyə etməklə onun məziyyətlərini və başqa əsas xətlərini bəşəriyyətə göstərmişdir. Beləliklə, Islam məktəbinin inkişaf yolu açılmışdır. Imam Əli (ə) öz qarşısında savadsız, biliksiz xalqı görürdü. Əlinin dövründə ərəb cəmiyyəti savadsız olduğundan nə qədər geriləyir və bu geriliyin də nə qədər mənfi təsir göstərdiyinin şahidi olur. Əli (ə) o qədər yüksək dərəcəli elmə malik bir şəxs idi ki, özü demişdir: “Bu köksümdə çoxlu gizli elmlər var. Kaş bu elmlərlə yüksəlib, onları apara biləcək insanlar tapa biləydim“. Əlinin (ə) nə qədər yüksək məqama çatdığını Peyğəmbər bir hədisində belə buyurur: “Elm, hikmət, yüksək əxlaq, ədalətli hökm və fəzilətlər sahibi olan Əlinin (ə) şan və şərəfi o qədər ucadır ki, cənnət belə ona müştaq olmuşdur“. Həzrət Əlinin elmi barədə bir çox alimlər, ariflər, şairlər hikmətli sözlər demişlər. Ulu Mövlanə Əlinin elmi barədə belə deyir: “Ixlası da, əməli də Əlidən öyrən, Haqqın şirin hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan, sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan, Allah barigahı bağlanma, əbədi açıq qal. Igidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilir“.
Əli (ə) buyurur: “Qəlblərə istirahət vermək üçün onları maraqlı elm məsələləri ilə məşğul edin“. Allah-Təala Əhli-beyt və Quran ardınca gedən bütün insanları bütün çətinliklərdən və sınaqlardan üzüağ çıxartsın. Amin, ya Rəbbəl-Aləmin!