Quran TəfsiriQURANI KƏRIM

“Hud” surəsi

“Hud” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Ra. Bu, ayələri möhkəmləndirilmiş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kitabdır.
  2. (Mənim çağırışım budur ki,) siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən Allah tərəfindən sizi qorxudan və müjdələyənəm.
  3. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz, sonra Ona doğru qayıdasınız ki, müəyyən bir müddətə qədər sizə yaxşı gün-güzəran versin və hər bir yaxşı əməl sahibinə əməli qədər bağışlasın. Əgər (bu əmrdən) üz döndərsəniz, mən böyük günün sizə üz verəcək əzabından qorxuram.
  4. Sizin qayıdışınız Allaha doğrudur. O, hər şeyə qadirdir!
  5. Bilin ki, onlar özlərini (və sözlərini) ondan (Peyğəmbərdən) gizlətmək məqsədilə sinələrini bükərlər. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Çünki O, ürəklərdə olan sirlərdən xəbərdardır.

—————————————————————————————-

“Hud” surəsinin ümumi məzmunu: Bu surənin ayələrində Məkkə surələrində olduğu kimi, İslam maarifinin əsas prinsiplərindən, yəni tövhid, şirk və bütpərəstliklə mübarizə, qayıdış, ölümdən sonrakı dünya, peyğəmbərin dəvətinin doğruluğu prinsiplərindən bəhs edilir. Ayələrdə qeyd olunan mövzularla yanaşı düşmənləri kəskin təhdidlər, möminlərin tutduqları yolda əzmkar və qətiyyətli olması ilə bağlı ciddi göstərişlər də yer almışdır. Surədə həzrət Nuhun (ə) fəaliyyətindən və mübarizələrindən geniş şəkildə bəhs edilir, Hud, Saleh, İbrahim, Lut və Musanın (Allahın salamı olsun onların hamısına) başına gələn hadisələrdən, onların şirkə, küfrə, azğınlığa və zülmə qarşı mübarizələrindən bəhs edilir[1].

  1. Din dünya həyatının həqiqi gözəlləşdiricisidir: Quranın bu və bir çox digər ayələrində dindarlığın ölümdən sonrakı həyatdan əvvəl dünya həyatını gözəlləşdirdiyi bəyan edilmişdir. Bəziləri dünyanın maddi nemətləri ilə iman, tövbə arasında mənəvi və gizli bir bağlılıq olduğunu hesab edirlər. Halbuki bu əlaqə və bağlılığı gizli hesab etməyimizin heç bir əsası yoxdur. Hər bir ağıllı və məntiqli insan yalan, saxtakarlıq, oğurluq, zülm, haqsızlıq və ayrıseçkiliyin sosial həyat bağlarını bir-birindən qopardığını və insanın həyatını zülmətə çevirdiyini qəbul edir. Quranın bu və bundan əvvəlki ayəsində dörd prinsipə riayət edilməsinin müsəlmanların, ümumiyyətlə, insanların dünya həyatlarını abadlaşdırdığı qeyd edilmişdir. Həmin prinsiplər bunlardır: 1. Tövhid: “Yalnız Allaha ibadət edin”; 2. Peyğəmbərlərin rəhbərliyinin qəbul edilməsi: “Mən Allah tərəfindən sizi qorxudan və müjdələyənəm”; 3. Mühitin günahdan təmizlənməsi: “Bağışlanma diləyin”; 4. İlahi dəyərlərə doğru qayıdış və onları həyat şüarı etmək: “Ona doğru qayıdın”. Buna görə də qeyd olunan dörd prinsipdən sonra belə buyurulmuşdur: Müəyyən bir müddətə qədər sizə yaxşı gün-güzəran versin və hər bir yaxşı əməl sahibinə əməli qədər bağışlasın.[2] Allah-taala bu cümlələrdə demək istəyir ki, daha öncə qeyd edilmiş göstərişlərə əməl ediləcəyi təqdirdə Allah bəyənilən xüsusiyyətləri özündə ehtiva edən, habelə səy və çalışqanlıqda digərlərindən üstün olan şəxsi malik olduğu üstünlük qədər müküfatlandırar, ona xoşbəxtlik və səadət nəsib edər. Belə ki, hər hansı xüsusiyyətdə üstünlük və imtiyazı olan şəxs ondan daha yaxşı istifadə edib dünya və axirətdə yüksək dərəcəyə nail ola bilər. Bu, yalnız tövhd və Allaha iman sayəsində gerçəkləşən bir həqiqətdir. Çünki Allah adildir və heç kəsin haqqını zay etməz. İnsan cəmiyyətləri tövhid və imandan uzaq düşdükləri üçün zahirən nə qədər mütərəqqi və inkişaf etmiş görünsələr də bu inkişaf gözə dəymir. Çünki allahsız cəmiyyətlərdə insanlar diktator və aciz olmaqla iki qrupa bölünürlər. Bütün imtiyazlar layiq olmasa belə, diktatora verilir. Aciz və zəiflər üstünlük sahibi və xoşbəxtliyə layiq olsalar da həmişə bədbəxtlik və xoşagəlməzlik içində çabalayırlar[3].
  2. Müşriklər özlərini Peyğəmbərdən (s) gizlədirdilər: Hədis və tarix kitablarının yazdığına görə, müşriklər və Peyğəmbəri (s) inkar edənlər müəyyən həddə qədər Allahı qəbul edir, Peyğəmbərlə mübarizəyə qalxıb Quran və onun surələrinin bənzərini gətirməyə çalışırdılar. O dövrün söz ustadları çox çalışdılar, hətta bir neçəsi Kəbənin yanında bir yerə toplaşıb bir il müddətinə Quranın hamısını və ya bir hissəsini sıradan çıxarmaq haqqında sözləşdilər. Lakin bir surə gətirməyi belə, bacarmadılar. Bundan sonra Peyğəmbərə (s) iftiralar atmağa, onu sehrbaz və yalançı adlandırmağa başladılar. Ayədə elmi mübarizədə məğlubiyyətə uğramış, rüsvay olduqlarını gördükdə boyunlarını büküb paltarlarını başlarına çəkərək aradan çıxan şəxslərə işarə edilmişdir. Onların Quranla mübarizə aparmağa gücləri çatmamış və ona üstün gələ bilməmişdilər[4].
  3. Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların məskunlaşdıqları yeri də, daşındıqları yeri də bilir. Bunların hamısı açıq-aşkar bir kitabda qeyd edilmişdir.
  4. Sizi sınayıb hansınızın daha yaxşı əməl sahibi olduğunu təyin etmək üçün ərşi (hökmranlığı) su üzərində ikən göyləri və yeri altı gündə yaradan Odur. Əgər: “Siz öləndən sonra, həqiqətən, qaldırılacaqsınız!” – desən, şübhəsiz ki, kafir olanlar: “Bu, açıq-aşkar sehrdir!” – deyə cavab verərlər.
  5. Əgər onlara gələcək əzabı az bir müddət gecikdirsək, (istehza ilə): “Ona mane olan nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün geri qaytarılmayacaq. Məsxərəyə qoyduqları (şey) onları yaxalayacaq.
  6. Əgər Öz tərəfimizdən insana bir nemət daddırsaq, sonra da bunu ondan geri alsaq, şübhəsiz ki, o, məyus və nankor olacaq.
  7. Əgər başına gələn bir müsibətdən sonra ona nemətlər daddırsaq, mütləq: “Çətinliklər məndən sovuşdu, artıq geri gəlməz” – deyəcək, qəflət və sevinc içində batıb özünü öyəcək.
  8. Səbir edib yaxşı işlər görənlər müstəsnadır. Onları bağışlanma və böyük bir mükafat gözləyir.
  9. “Nə üçün ona bir xəzinə endirilməyib və ya onunla birlikdə bir mələk gəlməyib?” – deməklərindən dolayı, bəlkə də, sənə vəhy edilən ayələrin bəzisini (qəbul etmədikləri üçün) tərk etməli (təxirə salmalı) olacaqsan və buna görə ürəyin qısılacaq! Sən yalnız qorxudansan. Allah hər şeyi qoruyan, nəzarətdə saxlayandır!

————————————————————————————

  1. Təyin edilmiş ruzinin əldə edilməsinə səy göstərmək: Bəzi zəif insanlar ruzinin təyin edildiyini ifadə edən bu ayə və hədislərə əsaslanaraq insanın ruzi əldə etmək üçün daha çox səy göstərməsinə lüzum olmadığını, ruzinin təyin edildiyini, istənilən halda insana verildiyini və heç bir açıq ağızın ruzisiz qalmadığını düşünə bilər. Halbuki Quran və hədislərlə ümumi tanışlığı olan insan İslama görə istənilən maddi və mənəvi nailiyyətin əsasında səy və fəaliyyət dayandığını bilir. İslam rəhbərləri başqalarına örnək olmaq üçün çox vaxt ağır və böyük zəhmət tələb edən işlərlə məşğul olmuşlar.

Əbdülə’la belə nəql edir: Yayın çox isti günlərindən biri idi. Mədinə küçələrinin birində Cəfər ibn Mühəmmədlə (ə) qarşılaşdım. Ona dedim: “Sənə fəda olum, Siz Allah dərgahında yüksək məqam sahibisiniz və Peyğəmbər nəslindənsiniz. Buna baxmayaraq, belə bir gündə özünüzü əziyyətə salırsınız?” İmam Sadiq (ə) buyurdu: “Ey Əbdülə’la, mən öz ruzimin təminatında səndən və sənin kimilərindən ehtiyacsız olmaq üçün ruzi qazanmaq niyyətilə çölə çıxmışam.” Əslində, diqqət yetirilməsi zəruri olan məsələ budur ki, ruzinin təyin olunmasından bəhs edən ayə və hədislər öz yaşayışlarının təminatı üçün hər yola əl atan, cinayət törətməkdən çəkinməyən, zülm və haqsızlığa yol verən, günah işlədən, belə etmədikdə yaşayışlarını təmin edə bilməyəcəklərini düşünən həris və dünyapərəst insanlar üçün bir cavabdır. Quran ayələri və hədislərdə bu cür şəxslərə yaşayışlarını təmin etmək üçün, əbəs yerə canfəşanlıq göstərməmək, qeyri-qanuni vasitələrə əl atmamaq, ağlın qəbul etmədiyi yollardan istifadə etməmək xəbərdarlığı verilmişdir. İnsanlar qanuni fəaliyyət göstərməli və Allahın onların ehtiyaclarını edəcəyinə əmin olmalıdırlar. Həzrət Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Məlumunuz olsun ki, Ruhul-əmin qəlbimə vəhy edib ki, heç kəs ruzisinə tam nail olmadan ölməz. Özünüzü Allahdan qorxmağa adət etdirin, ruzinizi gözəlliklə axtarın. Ruzinin gec yetişməsi sizi Allahın itaətindən çıxmağa vadar etməsin, çünki uca Allah ruziləri yaratdıqları arasında haram deyil, halal şəkildə bölüşdürmüşdür. Buna görə də Allahdan qorxan və səbirli olan şəxsin ruzisi ona halal yolla çatar. Allah həya pərdəsini yırtıb ruzisini haram yolla əldə edən şəxsin halal ruzisini azaldar və özünü də cəzalandırar.”[5]

  1. Allahın su üzərindəki ərşi: Bəzən “ərş” sözü ümumi yaradılış aləmi mənasında işlənir. Bəzən maye olan hər şeyə “su” deyilir. Maye halında olan filizləri və sairəni buna misal göstərə bilərik. Ərş və su haqqında yazdıqlarımızdan belə qənaətə gəlmək olar ki, yaradılış aləmi ilk mərhələdə maye halında olan maddələrdən təşkil olunmuşdur. Ya da çox yüksək təzyiqlə sıxılmış qazlar maye və ərimiş maddələr şəklində olmuşdur. Sonra suyabənzər bu kütlədə böyük bir hərəkət və partlayış baş vermiş və səthində olan hissələr davamlı olaraq kənarlara sıçramışdır. Daha sonra bu, bir-birinə bitişik olan hissələr ayrılaraq biri digərinin ardınca planetlər, ulduzlar və qalaktikaları yaratmışlar. Deməli, Allahın hökmranlığının məzhəri olan bu kainat və ərş ilk başlanğıcda sözügedən suyabənzər əzəmətli maddə üzərində olmuşdur. Ayədə işarə edilən digər mühüm məsələ varlıq aləminin insan üçün yaradılması, yəni yaradılışının əsl məqsədinin insan olmasıdır. İnsan isə təlim-tərbiyə altında təkamül yolunu qət etməli, anbaan Allaha yaxınlaşmalıdır. Allah-taala buyurmuşdur: “(Allah) sizi sınayıb hansınızın daha yaxşı əməl sahibi olduğunu təyin etmək üçün (bu heyrətamiz yaradılışı yaratmışdır).” Ayədə hər bir insanın dəyərinin onun əməllərinin çoxluğu deyil, əməlin gözəlliyindən asılı olduğu qeyd edilmişdir. Bu da onu göstərir ki, İslam hər yerdə əməlin kəmiyyəti deyil, keyfiyyətinə üstünlük vermişdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Allah əməlin çoxluğunu deyil, düzlüyünü istəyir. Əməlin düzlüyü Allahdan qorxma və düz niyyətdən asılıdır.” Daha sonra buyurmuşdur: “Xalis əməli qorumaq əməlin özündən çətindir. Xalis əməl yerinə yetirilərkən Allahdan başqa heç kəsin nəzərdə tutulmadığı əməldir.”[6]
  2. Yoxsa: “Bunu (Quranı) özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, siz də onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.
  3. Yox, əgər onlar dəvətinizi qəbul etməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir məbud yoxdur! Bu halda təslim olursunuz?
  4. Dünyanı və onun bərbəzəyini istəyənlərə əməllərinin əvəzini elə həmin dünyada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz.
  5. Axirətdə onların oddan başqa heç bir payı olmayacaq. Onların dünyada (Allahdan qeyrisi üçün) gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!
  6. Rəbbin tərəfindən açıq-aydın bir dəlili, ardınca da Onun tərəfindən bir şahidi olan, ondan da əvvəl Musanın (ümməti üçün) rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (bu xüsusiyyətlərə malik olmayan bir şəxs kimi ola bilərmi)?! Bunlar (həqiqət axtarışında olanlar) ona (bu xüsusiyyətlərə malik olana) inanırlar. Onu inkar edən müxtəlif zümrələrin mənsublarına vəd olunan yer oddur. Artıq sən də onun barəsində şübhəyə düşmə. O, sənin Rəbbindən (gələn) haqdır, lakin insanların çoxu inanmaz!
  7. Allaha iftira yaxanlardan daha zülmkar kim ola bilər? Onlar (Qiyamət günü) Allahın hüzuruna gətirilər və şahidlər (peyğəmbərlər və mələklər) belə deyərlər: “Bunlar Rəbləri barəsində yalan söyləyənlərdir!” Allahın lənəti olsun zalımlara!
  8. (İnsanları) Allah yolundan döndərənlər, doğru yolu əyri göstərənlər axirəti inkar edənlərdir.

———————————————————————————-

  1. 15. Niyyətin əməlin nəticəsinə təsiri: Bu və sonrakı ayədə ilahi həqiqətlərdən birinə aydınlıq gətirilmişdir. O da budur ki, məzmunundan asılı olmayaraq, insanın gördüyü iş üçün etdiyi niyyətin müvafiq nəticəsi vardır. Əgər insan gördüyü işi dünya üçün etsə, o zaman bütün zəruri şərtlər çərçivəsində onun dünya həyatı yaxşılaşacaq. Ancaq görülən işin nəticəsinin axirətə heç bir aidiyyəti olmayacaq. Çünki axirət məqsədi güdülməmiş və bunun üçün heç br addım atılmamışdır. Hətta yaxşılıq etmək, gözəl əxlaq sahibi olmaq kimi yaxşı əməllər də təklikdə axirət və Cənnət nemətlərinə nail olmaq üçün kifayət etmir. Görülən işdə Allaha yaxınlaşmaq və axirət niyyəti olmasa, axirət savabına səbəb olmaz. Allahın rəsulu (s) bu ayəni izah edərkən buyurmuşdur: “Qiyamət günü mənim ardıcıllarım üç qrupa bölünəcək: Allaha ixlasla ibadət edənlər; əməllərində riyakarlıq edənlər; dünya üçün yaşayanlar. Həmin gün Allah Ona dünyaya görə ibadət edənlərə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm Mənə ibadət etməkdə nə məqsəd güdürdün?” Həmin şəxs deyəcək: “Dünya.” Allah buyuracaq: Topladıqlarının sənə heç bir xeyri olmayacaq və oraya dönməyəcəksən. Onu Cəhənnəmə aparın!” Sonra ibadətlərində riyakarlıq edənə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm Mənə ibadət etməkdə nə məqsəd güdürdün?” O: “Riyakarlıq və özünü göstərmək”, – deyə cavab verəcək. Allah-taala buyuracaq: “Riyakarlıqla etdiyin ibadət səni Mənə doğru ucaltmaz. Bu gün sənə onun heç bir faydası yoxdur. Onu Cəhənnəmə aparın!” Sonra Allaha ixlasla ibadət edən şəxslərə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm hansı məqsədlə Mənə ibadət edirdin?” O deyəcək: “And olsun izzət və əzəmətinə, Sən məndən daha yaxşı bilirsən. Mən Sənə yalnız Sənin razılığını qazanmaq və Cənnətə nail olmaq üçün ibadət edirdim. Allah buyuracaq: “Bəndəm düz deyir, onu Cənnətə aparın!”[7]
  2. Əli (ə) Allah rəsulunun (s) peyğəmbərliyinin doğruçu şahididir: Təfsirçilər bu ayədə “Rəbbi tərəfindən aşkar dəlili olan” deyilərkən Peyğəmbərə (s), “onun aşkar dəlili” deyilərkən Qurana, peyğəmbərlyinin doğruçu şahidi deyilərkən Əli (ə) kmi həqiqi möminlərə işarə edildiyini qeyd etmişlər. Məsum imamlardan (ə) bizə çatmış çoxlu sayda hədislərdə və bəzi sünni təfsirlərində “şahid” deyilərkən İmam Əlinin (ə) nəzərdə tutulduğu bildirlmişdr. Bir kişi İmam Əlidən (ə) soruşur: “Hansı ayə sizin haqqınızda nazil olmuşdur?” İmam buyurur: “Allahın “aşkar dəlili olan…” ayəsini eşitməmisənmi? Peyğəmbərin öz Rəbbindən aşkar dəlili var idi. Mən Onun tərəfindən ona şahidəm.” Əlbəttə, şahid sözünün İmam Əliyə (ə) aid edilməsi bu sözün Əbuzər, Salman, Əmmar Yasir və sair kimi həqiqi möminlərə də aid edilməsi ilə heç bir təzad təşkil etmir. Sadəcə, bu hədislərdə daha üstün şəxsə işarə edilmişdir. Belə ki, beşinci imamdan nəql edilən bir hədisdə bütün məsum imamlar şahid sözünün nümunələri kimi təqdim edilmişdir[8]. Rəvayətlərin birində Müaviyənin qarşısında uzun-uzadı çıxışı zamanı İmam Həsənin (ə) belə buyurduğu nəql edilmişdir: “Nəhayət işlər bu yerə yetişdi ki, Allah Mühəmmədi (s) peyğəmbər seçdi, kitabını ona göndərdi, sonra ona insanları Allaha doğru dəvət etməsini əmr etdi. Atam Allahın və peyğəmbərinin çağırışına cavab verən, iman gətirən, Allahı və peyğəmbərini təsdiq edən ilk şəxs oldu. Allah peyğəmbərinə nazil etdiyi kitabda buyurmuşdur: “Aşkar dəlili olan şəxs…”. Allah rəsulu aşkar dəlili olan şəxsdr. Atam onun arxasınca gedən və peyğəmbərliyinin şahididir.”[9]
  3. Onlar yer üzündə qaçıb canlarını qurtara bilməzlər. Allahdan başqa kömək edən də tapmazlar. Allahın əzabı onlar üçün ikiqat olacaq. Onlar (haqqı) eşidə bilməzlər və (onu) görməzlər!
  4. Onlar varlıqlarının sərmayəsini itirdilər. Yalandan uydurduqları məbudlar da yoxa çıxdı.
  5. Axirətdə də hər kəsdən çox onların ziyana uğraması labüddür!
  6. İman gətirib yaxşı işlər görənlər və Rəbləri qarşısında təvazökarlıqla təslim olanlar cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!
  7. Bu iki zümrənin (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Bu ikisi eyni ola bilərmi?! Məgər ibrət almırsınız?
  8. Biz Nuhu öz qövmünə doğru göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudanam!
  9. Allahdan başqasına ibadət etməyin. Çünki mən ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram!”
  10. Qövmünün kafir əyan-əşrəfi dedi: “Biz səni ancaq özümüz kimi adi bir insan hesab edirik. Sənə yalnız sadəlövh səfillərin tabe olduğunu görürük. Sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, sizin yalançı olduğunuzu hesab edirik!”
  11. (Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər Rəbbim tərəfindən açıq-aydın bir dəlilim olsa, dərgahından mənə bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa (yenə də mənim peyğəmbərliyimi inkar edəcəksiniz)? Siz istəmədiyiniz halda, biz sizi bu aşkar dəlili qəbul etməyə məcbur edə bilərikmi?!

————————————————————————————-

  1. Kafirlər haqqı eşitmək gücündə deyillər: “Onlar haqqı görə bilməzlər”, yəni haqq sözü eşitmək onlar üçün o qədər ağırdır ki, sanki onu eşitməyə gücləri çatmır. Təbii ki, ifrat inadadkarlıq, haqq və həqiqətə qarşı düşmənçiliyn nəticəsində haqqı dərk edə bilməmələri onları məsuliyyətdən azad etmir. Çünki bu acizliklərinə səbəb olan davranışları onların özlərinin ixtiyari seçimidir. Yəni kafirlər günah etmək, itaətsizlik göstərmək və bunda israrlı olmaqla elə iş görüblər ki, Allah haqq səsini eşitmək, əlamətləri görmək qüdrətni onlardan alıb[10].
  2. Böyük ziyan: İnsan, əslində, varlığından başqa heç nəyin sahibi deyil. Əgər yeganə sərvəti olan varlığını dünya ilə münasibətdə məhvinə səbəb olan şeyə satarsa, şübhəsiz ki, zərər etmiş olar. Bu şey nə qədər qiymətsiz olarsa, alqı-satqının ziyanı da bir o qədər çox, satan şəxs daha böyük zərər çəkmiş olar[11].
  3. Möminlərin ən üstün xüsusiyyətlərindən biri: “Əxbətu” feili “ixbat” sözündən düzəlmişdir. “İxbat” sözünün kökü isə mənası insanın üzərində əminlik və rahatlıqla addım ata biləcəyi saf, hamar və geniş yer olan “xabt” sözüdür. Buna görə də qeyd olunan söz əminlik, habelə təvazökarlıq və təslim mənasında işlədilmişdir. Çünki bu xüsusiyyətlərə malik olan yer həm addım atanlar üçün təhlükəsizdir, həm də yol gedənlər üçün təvazökar və təslim olan[12].

Hədislərin birində belə qeyd edildiyini oxuyuruq: Səhabələrindən biri İmam Sadiqə (ə) dedi: “Aramızda Küleyb adlı bir şəxs var. Sizdən bir söz eşidən kimi, “mən təslim” deyir. Buna görə də ona “Təslim Küleyb” adı vermişik. İmam dua edib buyurdu: “Allah ona rəhmət etsin!” Sonra əlavə etdi: “Bilirsiniz, təslim nədir?” Biz susduq. İmam buyurdu: “And olsun Allaha, bu, Allah kəlamınınإِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ ayəsində qeyd edilən həmin “ixbat”dır.”[13]

  1. Bir suala cavab: Şübhəsiz ki, Nuha (ə) iman gətirənlər nə səfil idilər, nə də aşağı səviyyəli adamlar. Sadəcə, peyğəmbərlər hər şeydən əvvəl zəifləri müdafiə edib özlərini böyük hesab edənlərə qarşı mübarizə apardıqları üçün peyğəmbərlərin dəvətini ilk qəbul edənlər məhz həmin imkansız, yoxsul, az gəlirli adamlar olurdu. Şəxsiyyət miqyasını yalnız güc və qızılla ölçən insanlar bu sinfin nümayəndələrini səfil hesab edirdilər. Onları ona görə sadəlövh adlandırırdılar ki, onlarda başqalarında olan inadkarlıq, xoşagəlməz təəssüb yox idi. Onlar həqiqətin ilk parıltısını öz qəlblərində daha tez hiss edən, həqiqət axtarışından qaynaqlanan zəkaları ilə peyğəmbərlərin sözlərində və əməllərində düzlük və doğruluq əlamətlərini görən təmizürəkli gənclər idi[14].
  2. Ey qövmüm! Mən bu dəvətə görə sizdən bir muzd, mükafat istəmirəm. Mənim muzdum ancaq Allaha aiddir. Mən iman gətirənləri (sizə görə) qovan deyiləm. Onlar öz Rəbləri ilə görüşəcəklər. (Əgər onları özümdən uzaqlaşdırsam, Qiyamət məhkəməsində düşmənim olarlar). Lakin mən sizi cahil bir tayfa görürəm!
  3. Ey qövmüm! Əgər mən onları qovsam, Allah qarşısında kim mənə yardım edəcək? Məgər düşünmürsünüz?
  4. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Sizin gözünüzdə səfil görünənlərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah daha yaxşı bilir. (Belə olduğu təqdirdə əgər onları qovsam,) onda zalımlardan olaram!”
  5. Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. İndi ki, düz deyirsən, bizə vəd verdiyini gətir görək!”
  6. Nuh dedi: “Əgər Allah istəsə, gətirəcək. Siz ondan qaça bilməyəcəksiniz.
  7. Əgər Allah sizi (etdiyiniz günahlara görə) sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, nəsihətimin sizə heç bir faydası olmayacaq. O, sizin Rəbbinizdir və siz Ona doğru qaytarılacaqsınız!”
  8. Yoxsa (müşriklər): “O (Mühəmməd) bu sözləri yalandan Allaha isnad edib!” – deyirlər? De: “Əgər mən onu özümdən uydurub, Allaha isnad edirəmsə, günahı mənim boynumadır. Ancaq mən sizin törətdiyiniz günahlardan uzağam!”
  9. Nuha belə vəhy olundu: “Bu vaxta qədər iman gətirənlərdən başqa artıq qövmündən heç kəs iman gətirməyəcək. Buna görə də etdikləri əməllərə görə kədərlənmə!
  10. Hüzurumuzda və vəhyimizə uyğun olaraq gəmi düzəlt, zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar hamısı suda boğulmağa məhkumdur!”

————————————————————————————–

  1. Nə üçün heç kəsin qeybdən xəbəri yoxdur? Qeyb və bu kimi hadisələrin bilinməsindən bəhs edən ayələrin iki qrupa bölündüyünün və ilk baxışda onların bir-biri ilə təzad təşkil etdiyinin şahidi oluruq. Birinci qrup ayələrdə qeyb elminin və fövqəladə qüdrətin yalnız Allaha məxsus olduğu, başqalarının isə belə bir imkana malik olmadığı qeyd edilmişdir. İkinci qrup ayələrdə Allahdan qeyrilərinin (bəzi mələklər və peyğəmbərlərin) də qeybdən xəbərdar olduğu qeyd edilmişdir. Quran ayələrini və hədisləri bir qədər dərindən araşdırdıqda məlum olur ki, Allaha aid olan qeyb elmi və qüdrəti mütləqdir və heç nə ilə şərtlənməmişdir. Yəni Allahdan başqa heç kəs öz-özlüyündə başqasının yardımı olmadan qeyb elminə və qüdrətinə malik ola bilməz. Lakin Allah kiməsə qeyb elmini və qüdrətini lütf edərsə, həmin şəxs də Allahın icazəsi ilə qeybdən xəbər verə və fövqəladə qüdrət sahibi ola bilər. Məsələn, Allah “Nəcm” surəsinin 44-cü ayəsində belə buyurmuşdur: “Öldürən və dirildən Odur”. Halbuki “Ali-İmran” surəsinin 49-cu ayəsində həzrət İsanın (ə) dilindən belə buyurulmuşdur: “Ölüləri Allahın izni ilə dirildirəm”. “Cinn” surəsinin 26-cı ayəsində belə buyurulmuşdur: “Qeybi bilən Odur, heç kəsi qeyb sirlərindən xəbərdar etmir.” Ancaq sonrakı, yəni 27-ci ayədə belə buyurulmuşdur: “Seçdiyi elçilər istisnadır”[15].
  2. Dinlə ağılın uyğunluğu: Ayəni oxuyarkən belə bir fikir yarana bilər: Bu necə məntiqdir ki, peyğəmbər camaata “əgər bu iftiradırsa, günahı mənim boynuma” deyir? İftira günahının məsuliyyətini qəbul etmək peyğəmbərin sözünün doğru və həqiqət olduğunu sübuta yetirirmi? Eyni zamanda onlarda itaət məsuliyyəti yaradırmı? Əvvəlki ayələrə diqqət yetirdikdə bu sualın cavabı məlum olur. Əslində, Peyğəmbər (s) demək istəyir ki, sağlam ağıl və məntiq dəlil və sübuta əsaslanmış sözləri qəbul edir, mən də ağıl və məntiqə zidd olan bir söz deməmişəm. Əgər fərz etsək ki, bu sözlər Allah tərəfindən nazil olmayıb, o zaman günahı mənim boynuma. Ancaq siz mənim bu sözlərimə tabe olsanız, günah etməmiş olarsınız. Çünki ağıl və məntiqə tabe olursunuz. Lakin sizin heç bir dəlil və sübut olmadan, sırf inadkarlıq üzündən mənə qarşı çıxmağınız böyük və bağışlanmaz günahdır[16].
  3. Nuhun gəmi düzəltməsi ilahi vəhyə əsaslanırdı: “Hüzurumuzda”, yəni sənin bu istiqamətdə gördüyün bütün işlər və göstərdiyin səylər Bizim hüzurumuzda və gözlərimiz önündə baş verir. Buna görə də arxayınlıqla öz işinə davam et. Təbii ki, Allahın gördüyünü, baxdığını, qoruduğunu və nəzarətində saxladığını hiss etmək insana həm güc və qüvvət verir, həm də məsuliyyət hissini artırır. “Bizim vəhyimiz” ifadəsi onu göstərir ki, Nuh (ə) gəmini necə düzəltməyi də Allahdan öyrənirdi. Belə də olmalı idi. Çünki o həzrət daha öncədən tufanın hansı miqyasda olacağını bilmədiyi üçün gəmini hansı ölçüdə düzəldəcəyini də bilməzdi. Deməli, ən yaxşı formaları seçməkdə Allah ona vəhy vasitəsilə yardım etmişdir[17].
  4. O, gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi eyni şəkildə məsxərəyə qoyacağıq.
  5. Tezliklə rüsvayedici əzabın kimə gələcəyini və əbədi əzabın kimi haqlayacağını biləcəksiniz!”
  6. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla, bir cüt, həmçinin əvvəlcədən həlak vədi verilmiş şəxslər (arvadın və oğlanlarından biri) istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində, onunla birlikdə çox az adam iman gətirmişdi.
  7. O dedi: “Onun (Allahın) adı ilə gəmiyə minin! Gəmi hərəkət edəndə də, dayananda da Onu xatırlayın ki, Rəbbim bağışlayandır, rəhm edəndir!”
  8. Gəmi onları dağlar kimi dalğaların arasından apardığı zaman Nuh bir kənarda durmuş oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
  9. O isə belə cavab verdi: “Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Bu vaxt dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.
  10. Deyildi: “Ey yer, suyunu ud! Ey göy, saxla!” Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar (Allahın mərhəmətindən) uzaq olsunlar!” – deyildi.
  11. Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Sənin vədin haqdır. Sən bütün hakimlərdən üstünsən!”

————————————————————————————–

  1. Nuhun gəmisinin böyüklüyü: Şübhəsiz ki, Nuhun gəmisi sadə bir gəmi olmamışdır. O dövrdə belə bir gəminin düzəlməsi də asan başa gəlməmişdir. Gəmi həqiqi möminlərlə yanaşı, hər heyvandan bir cüt və gəmidəki insan və heyvanların uzun müddətlik qidasını tutacaq qədər böyük idi. Digər tərəfdən, gəmi bütün yer üzünü bürümüş suda dağ boyda dalğaların arasından sağ-salamat keçməli, məhv olmamalı idi. Bəzi hədislərdə gəminin uzunluğunun min iki yüz “dirsək” (bir dirsək təxminən yarım metrdir), eninin isə altı yüz “dirsək” olduğu qeyd edilmişdir[18]. İmam Sadiqə (ə) istinad edilən bir hədisdə bu gəminin düzəlməsinə səksən il vaxt sərf edildiyi yazılmışdır[19].
  2. Məsxərə: Heç bir səbəb olmadan kimisə məsxərəyə qoymaq bəyənilməyən bir davranış və nadanlıq əlaməti hesab edilsə də, haqq üçün, əzab vermək və qarşılıq göstərmək, xüsusilə, hədəfə nail olmaq və düşmənlərin bəhanələrinə son qoymaq məqsədilə olsa, eybi yoxdur. Belə ki, “Tövbə” surəsinin 79-cu ayəsində Özünün məsxərə etdyini qeyd edir: “Münafqlər yoxsul möminləri məsxərəyə qoyur. Allah da onları məsxərəyə qoyur.”[20]
  3. Suyun təndirdən qaynaması: İmam Sadiqin (ə) Müfəzzəl adlı səhabəsi ondan “təndir qaynadı” cümləsinin mənasını soruşduqda İmam buyurur: “Bu təndir möminə bir qarının evində idi. Ev isə Kufə məscidinin sağ tərəfindəki qiblənin (mehrabın) arxasında yerləşmişdi.” Müfəzzəl soruşur: İndiki məscidin hansı tərəfində? İmam buyurur: “İndiki Fil qapısının küncündə”. Müfəzzəl soruşur: Su həmin təndirdən qaynamağa başlamışdı? İmam buyurur: “Bəli, Allah Nuhun qövmünün əzab əlamətini görməsini istəmişdir. Sonra Allah heyrətamiz bir yağış göndərmiş, bütün bulaqlar qaynamış, Allah o qövmü suda batırmış, Nuh və onunla birlikdə gəmidə olanları xilas etmişdir.”[21]
  4. Nə üçün Nuha (ə) hər heyvandan bir cüt götürməsi əmr edildi? Bu, ona görə əmr edilmişdi ki, həmin seldə heyvanların nəsli kəsilməsin. Çünki sel bütün yer üzünü, ya da ən azı yer üzünün böyük bir hissəsini bürüyəcəkdi. İkinci halda da həmin vaxt heyvanların uzaq bir yerə daşınması asan bir iş deyildi[22].
  5. Nuhun (ə) qövmünün inadkarlığı və onun dözümlülüyü: İmam Baqirin (ə) “onunla birlikdə çox az adam iman gətirmişdi” cümləsi haqqında buyurduğu bir hədisdə “onların sayı səkkiz nəfər olmuşdu” qeyd edildiyini oxuyuruq[23]. Maraqlıdır ki, Quranda verilən xəbərə görə həzrət Nuh (ə) qövmünü 950 il haqqa dəvət etmişdir. Qövmünün inadkarlığından daha çox peyğəmbərin səbr və dözümü insanı heyrətə gətirir.
  6. Nuhun (ə) gəmisi harada dayanmışdır? Nuh (ə) gəminin idarəçiliyini Allaha həvalə etmişdi. Dalğalar gəmini o tərəf-bu tərəfə aparırdı. Hədislərdə qeyd olunanlara görə, gəmi altı ay üzmüş, çox yerlərdən (bəzi hədislərdə gəminin Məkkədən və Kəbə yaxınlığından keçdiyi qeyd edilmişdir) keçmişdir. Nəhayət, əzabın sona yetməsi və yerin əvvəlki vəziyyətə qayıtması əmr edilmişdir. Bu ayədə Allahın əmrinin icra forması, onun detalları və nəticəsi çox qısa, eyni zamanda gözəl və aydın şəkildə ifadə edilmişdir. Quranın bütün ayələri yüksək fəsahət və bəlağətə malik olsa da, dilçi alimlərin çoxunun dediyinə görə, bu ayə Quranın ən fəsahətli və bəlağətli ayəsi hesab edilir[24]. “Cudi” sözü dağa, bərk və daşlı yerə deyilir. Bəziləri hesab edir ki, bu, Mosul ərazisində yerləşən və bir ucu Ararat dağlarına gedib çıxan dağ silsiləsindəki bir dağın adıdır[25].
  7. Buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. Çünki o, qeyri-saleh əməldir (layiq olmayan bir adamdır). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm”.
  8. Dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
  9. (Nuha) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim tərəfimizdən (bəxş edilmiş) əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en. Elə ümmətlər də var ki, Biz onlara nemətlər verəcək, sonra isə (bu nemətlərə qarşı nankorluq etdikləri üçün) onları şiddətli bir əzaba düçar edəcəyik!”
  10. (Ya peyğəmbər!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Buna görə səbirli və dözümlü ol! Çünki (gözəl) aqibət müttəqilərindir!
  11. Ad (qövmünə) də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Siz yalnız iftiraçısınız (bütləri Allaha ortaq edirsiniz)!
  12. Ey qövmüm! Mən buna (peyğəmbərliyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Başa düşmürsünüz?
  13. Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin. Sonra Ona doğru qayıdın ki, göydən sizə davamlı yağış göndərsin, gücünüzün üstünə güc əlavə etsin. Günahkarcasına (haqdan) üz çevirməyin!”
  14. Dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk etməyəcəyik. Biz sənə inanmırıq!

————————————————————————————-

  1. Nuhun oğlu pislərlə qaldı: “O səndən deyil” cümləsi çox böyük bir insani və tərbiyəvi dərsdir. Bu ayədən belə məlum olur ki, Allah üçün mənəvi bağlılıqlar qarşısında fiziki bağlılıqların (qohumluq və dostluğun) heç bir qiyməti yoxdur. Qohumluq imtiyazı, hətta ata və oğul münasibətləri mənəvi və ideoloji bağlılıq qarşısında öz mənasını itirir. Mənəvi bağlılıq olduğu yerdə Peyğəmbərlə (s) heç bir fiziki bağlılığı olmayan Salman Farsi “Salman bizim ailədəndir” hədisinə əsasən Peyğəmbərin (s) ailəsindən hesab edilir. Ancaq Nuhun (ə) oğlu atası ilə mənəvi əlaqəsini kəsdiyi üçün “o sənin ailəndən deyil” cümləsi ona aid olur. Əhli-beyt (ə) hədislərində şiələrin onların əməli təlimatları və proqramlarını öz həyatlarında yüksək səviyyədə tətbiq etmədikləri halda, təkcə bu adı daşımaqla kifayətlənən şəxslər haqqında Quranın bu ayəsinə bənzər xəbərdaredici fikirlər söyləndiyinə rast gəlinir. Bir gün İmam Rza (ə) dostlarının birindən soruşur: “Camaat bu ayəni necə izah edir?” Orada olanlardan biri deyir: Bəziləri hesab edir ki, həmin oğlan Nuhun həqiqi oğlu olmamışdır. İmam buyurur: “Xeyr, belə deyil. O, şübhəsiz ki, Nuhun oğlu idi. Lakin Allahın əmrindən çıxdığı an Allah onunla atası arasında olan əlaqəni inkar etdi. Eləcə də bizdən olub, Allaha itaət etməyən şəxs bizdən deyil.”[26]
  2. Nuhun (ə) oğlu günah içində itib-batmışdı: Bəzən insan bir işi görəndə o qədər irəli gedir ki, həmin əməlin özünə çevrilir. Necə ki möminlərin əmiri İmam Əli (ə) ədalətin özü olmuşdur. Yəni İmam Əli (ə) ədalət içində elə qərq olmuşdu ki, sanki zatı ədalətin özünə çevrilmişdi. Nuhun (ə) oğlu da pis işlər görən insanlarla o qədər oturub-durmuş və çirkin əməllər və fikirlər içində elə itib-batmışdı ki, sanki bütün varlığı qeyri-saleh əmələ çevrilmişdi. “O, qeyri-saleh əməldir” cümləsi çox qısa və müxtəsər bir cümlə olsa da, Nuhun oğlu ilə bağlı mühüm bir həqiqəti əks etdirir. Nəticədə, cümlənin mənası sanki belə olur: “Ey Nuh, əgər oğlunun zülm və fəsadı səthi olsaydı, onun barəsindəki istəyini qəbul edərdim. Amma indi ki o, başdan-ayağa fəsad və günaha batıb, şəfaətə yer yoxdur.”[27]
  3. Allahdan bağışlanma diləyə-diləyə Ona təşəkkür etmək: Həzrət Nuhun (ə) “əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!” cümləsi zahirən tövbə təəssüratı bağışlasa da, daxilən ilahi təlim-tərbiyə nemətinə görə şükür məzmunu daşıyır. Nuh (ə) bu cümləsində Allaha diqqət və lütfkarlığına görə təşəkkür edir. Allah bu istəyi ilə Nuhun cahil və nadanlar zümrəsində yer almasının qarşısını alır və onu sapmadan xilas edir. Sanki Nuh (ə) belə demək istəyir: İlahi, şükür ki, rəhmət və mərhəmətini məndən əsirgəmədin və məni cahil və ziyankarlardan olmağa qoymadın[28].
  4. Ad qövmünün yeddi il qıtlıq çəkməsi: “Göydən sizə davamlı yağış göndərsin” cümləsi Ad qövmünün quraqlıq və qıtlıqdan əziyyət çəkməsindən xəbər verir. Peyğəmbərləri onlara vəd verir ki, əgər iman gətirsələr, Allah onlara bol yağış göndərəcək. Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, Ad qövmü həzrət Huda (ə) iman gətirmədiyi, ona əziyyət verdiyi üçün yeddi il yağış üzünə həsrət qalır, quraqlıq və qıtlıqdan əziyyət çəkir[29].
  5. Biz (sənin haqqında) ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib (ağlını başından alıb)”. (Hud) dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.
  6. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də ver­­məyin.
  7. Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (ədalətlidir).
  8. Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Rəbbim hər şeyi hifz edən və qoruyandır”.
  9. Əmrimiz yetişdikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
  10. Bu Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdi, Onun elçilərinə asi oldu və haqq düşməni olan hər zalımın əmrinə uydular.
  11. Onları həm bu dünyada, həm də Qiyamət günü lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. (Allahın rəhmətindən) uzaq olsun Hudun qövmü Ad!
  12. Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Sizi torpaqdan yaradıb onu abad etməyi sizə həvalə edən Odur. Ondan bağışlanma diləyin, sonra da Ona tərəf qayıdın ki, Rəbbim (bəndələrinə) ya­­xındır, (onların çağırışlarına) cavab verəndir”.
  13. Dedilər: “Ey Saleh! Sən bundan əvvəl bizim ümid yerimiz idin. Atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Halbuki biz sənin bizləri dəvət etdiyin barəsində şübhə və tərəddüd içindəyik”.

—————————————————————————————-

  1. Hər şeyin ixtiyarı Allahın əlindədir: “Nasiyə” (kəkil) saçın ön hissəsinə deyilir. “Kəkildən yapışmaq” deyilərkən nəyisə tamamilə təsir altına almaq nəzərdə tutulur. Həzrət Hud (ə) bu ifadəni Allah haqqında işlədərkən Onun qüdrətinin hər şeyi əhatə etdiyinə işarə etmək istəmişdir. O, elə bir qüdrət sahibidir ki, heç bir varlıq Onun iradəsi qarşısında müqavimət göstərə bilməz. İnsan və ya hər hansı heyvanın kəkilindən möhkəm yapışılarsa, müqavimət göstərməkdə acız qalar. Allah bu ifadədən ona görə istifadə edib ki, özlərini öyən təkəbbürlü insanlar və özlərindən razı olan bütpərəstlər meydanlarının bir neçə gün boş olduğunu görüb Allahın iradəsinə müqavimət göstərə biləcəklərini düşünməsinlər. Allahın əmri yetşidiyində heç bir müqavimət göstərmədən Ona təslim olacaqlar[30].
  2. Kainatın ədalətlə idarə edilməsi: “Allahın düz yolda olması” deyilərkən Allahın yaranış aləmindəki sabit və dəyişməz qanunu, kainatı ədalət və hikmət üzrə idarə etməsi nəzərdə tutulur. Nəticədə, haqla batil qarşı-qarşıya gəldikdə Allah haqqı qoruyub batili məhv edir. Həzrət Hud (ə) bunu müşriklərə deyərkən Allahın ədalətli qanununun qəti və dəyişməz olduğunu, tezliklə dininə yardım edəcəyini, peyğəmbərini onların şərindən qoruyacağını, onları və batil inanclarını məhv edəcəyini nəzərdə tutmuşdur[31].
  3. Bu dünyada Ad qövmünü təqib edən lənət: “Lənət”in mənası Allahın rəhmətindən uzaq olmaqdır. “Onları Qiyamətdə bir lənət izləyəcək” deyilərkən onların əbədi əzaba düçar olacaqlarının nəzərdə tutulması aydın məsələdir. “Onları bu dünyada lənət izləyəcək” cümləsnə gəlincə, bu barədə bir neçə ehtimal irəli sürülmüşdür: 1. Bu dünyada onların məhvinə səbəb olmuş əzab; 2. Dünyanın sonuna qədər insanların etdikləri günahlar onların hesabına yazılacaq. Çünki Nuhun tufanı sona çatdıqdan və yer üzü şirk və küfürdən təmizləndikdən sonra onlar yenidən küfür və şirkin əsasını qoydular, başqa sözlə desək, şirk və küfür ənənəsini yenidən yaydılar. Buna görə də dünya durduqca günah edənlərin günahına ortaq olacaqlar; 3. Dünyanın sonuna qədər onların vəziyyətindən, küfür və inadkarlıqlarından xəbərdar olan hər kəs onlara lənət yağdıracaq. Əlbəttə, bu üç ehtimal arasında ikincisi daha güclüdür[32].
  4. “İsti’mar” sözünün mənası: “İsti’mar” yerin abadlaşdırılmasının kiməsə həvalə edilməsinə deyilir. Təbii ki, bunun üçün lazım olan vasitələrin onun ixtiyarına verilməsi şərtdir. Bu ifadə Səmud qövmü barəsində tamamilə yerinə düşür. Çünki onlar yamyaşıl və məhsuldar torpaqlara sahib idilər, əkinçilikdə yenilik etmiş, möhkəm binalar tikməkdə çox qabağa getmişdilər. Diqqət çəkən nüans budur ki, Allah-taala “yeri abad edib sizin ixtiyarınıza verdim” – deyil, “yer üzünü abadlaşdırmağı sizə həvalə etdim”, – deyə buyurmuşdur. Yəni bütün vasitələr ixtiyarınızdadır, siz səy və fəaliyyət göstərib yer üzünü abadlaşdırmalı, yerdə olan sərvətlərdən faydalanmalısınız. Səy və fəaliyyət göstərmədən heç nəyə nail olmayacaqsınız. Dövrümüzdə “isti’mar” sözünün mənası tamamilə dəyişmiş, Quranda nəzərdə tutulan mənanın tamamlə əksini ifadə etməyə başlamışdır. Bu söz artıq böyük siyasi və sənaye güclərin zəif və gücsüz xalqları istila etməsi, onları qarət etməsi, soyması, qanlarını sorması, həyat mənbələrini yağmalaması mənasında işlənir[33].
  5. Dedi: “Ey qövmüm! Mənə deyin görüm, əgər mənim Rəbbimdən açıq-aydın bir dəlilim olsa, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş etsə, (Onun mənə həvalə etdiyi peyğəmbərlik vəzifəsindən boyun qaçıra bilərəmmi?) Əgər Ona itaətsizlik etsəm, Onun hüzurunda mənə kim yardım edə bilər? Sizin sözləriniz yalnız sizin ziyankar olmağınızla bağlı əminliyimi artırır.
  6. Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün bir nişanədir. Qoyun Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa Allahın əzabı sizi yaxalayar”.
  7. Onlar dəvəni kəsdilər. (Saleh onlara) dedi: “Evlərinizdə üç gün də kef çəkin. Bu, yalan olmayan bir vəddir”.
  8. Əmrimiz yetişdikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Çünki Rəbbin qüvvətli və məğlubedlməzdir.
  9. Zülm edənləri isə qorxunc bir səs bürüdü və onlar öz evlərində üzüqoylu düşüb öldülər.
  10. Sanki heç o diyarın sakini olmamışdılar. Bilin ki, Səmud qövmü öz Rəbbini inkar etdi. (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
  11. Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Sa­­lam!”– dedi və çox çəkmədi ki, (onlara) qızardılmış bir buzov gətirdi.
  12. Əllərinin ona uzanmadığını gördükdə onlardan xoşlanmadı və canına qorxu düşdü. Ona dedilər: “Qorxma! Biz Lut qövmünə göndərilmişik”.
  13. Arvadı ayaq üstə durmuşdu, (sevincindən) güldü. Biz onu İshaqla, ardınca da Yaqubla müjdələdik.

——————————————————————————————

  1. Səmud qövmünün hekayəsi: İmam Sadiqin (ə) Əbu Bəsir adlı səhabəsi bir gün İmamdan “Səmud qövmü ilahi xəbərdarlıqları yalan saydı. Dedilər: “Biz özümüzdən olan bir adama tabe olaq?! Əgər belə etsək, onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!”(Qəmər surəsi, 23-24-cü ayələr) ayələri haqqında soruşduqda, İmam buyurur: “Bu ayələr Saleh peyğəmbəri yalançı hesab edən Səmud qövmü haqqındadır. Allah peyğəmbər göndərib bütün bəhanə qapılarını bağlamadan heç bir qövmü məhv etməz. Həzrət Saleh (ə) Səmud qövmünə peyğəmbər göndərildi. Lakin qövmü onu müsbət qarşılamadı, əmrlərindən boyun qaçırıb dedi: Sən dağdan bizim üçün qarnında balası olan dişi dəvə çıxarmayınca biz sənə əsla iman gətirmərik… Allah-taala onların istəyinə uyğun olaraq qayadan qarnında balası olan dişi bir dəvə çıxartdı. Bu, Salehin doğru danışdığını göstərən bir möcüzə idi. Sonra Allah Salehə (ə) vəhy edib: “Allah suyu sizinlə bu dəvə arasında bölüb. Su bir gün sizindir, bir gün bu dəvənin”, – deyə buyurdu. Dəvənin növbəsi çatanda o heyvan sudan içən kimi böyüklü-kiçikli hər kəs dərhal onun südünü içirdi. Gecə sona çatıb səhər açılanda camaat sudan içir, dəvə isə içmirdi. Bir müddət bu minvalla ötüb keçdi. Lakin onlar yenidən Allahın əmrinə itaətsizlik göstərdilər. Bir gün bir yerə toplaşıb dedilər: “Bu dəvəni öldürün, ayaqlarını kəsin. Biz suyun bir gün bizə, bir gün isə ona aid olmasına razı deyilik”. Sonra dedilər: “Kim onu öldürməyi boynuna götürər? Həmin adama nə istəsə verərik.” Üzünün rəngi qırmızı, saçlarının rəngi palıdı, gözlərinin rəngi göy, atası tanınmaz haramzadə, pisliyi ilə şöhrət tapmış Qəddar adlı bir kişi bu işi öz üzərinə götürdü. Camaat onun üçün mükafat da təyin etdi. Dəvə suya yaxınlaşdıqda Qəddar su içincəyə qədər ona fürsət verdi. Sudan tam doyub geri dönərkən qılıncla dəvəyə zərbə endirdi. Birinci zərbə nəticəsiz olduğu üçün ona ikinci zərbəni endirdi. Dəvə böyrü üstə yerə yıxıldı. Dəvənin balası dağa tərəf qaçdı, üç dəfə üzünü göyə tutub mələdi. Səmud camaatı axışıb gəldi, hər kəs dəvəyə bir zərbə vurdu. Dəvənin ətini aralarında bölüşdürdülər, böyüklü-kiçikli hər kəs dəvənin ətindən yedi. Saleh (ə) hadisədən xəbər tutduqda onların yanına getdi. Onlara: “Ay camaat, niyə belə etdiniz? Nə üçün Allahın əmrindən çıxdınız?” – dedi. Allah Salehə vəhy edib buyurdu: “Sənin qövmün zülm etdi, itaətdən boyun qaçırdı. Mənim dəlil göndərdiyim dişi bir dəvəni öldürdü. O dəvənin onlara heç bir zərəri yox idi. Əksinə, onlara çox böyük xeyri var idi. Qövmünə çatdır, üç günə qədər onlara möhlət verirəm. Əgər bu üç gün ərzində tövbə etsələr, tövbələrini qəbul edəcəyəm. Yox əgər tövbə etməsələr və çirkin işlərindən əl çəkməsələr, əzabımı onlara göndərəcəyəm.” Saleh (ə) qövmünün yanına gedib Allahın əmrini onlara çatdırdı. Ancaq onlar daha çirkin reaksiya verərək dedilər: “Ey Saleh, əgər doğru deyirsənsə, bizə vəd verdiyini gətir”. Saleh buyurdu: “Sabah səhər üzləriniz saralacaq. İkinci gün qızaracaq, üçüncü gün isə qaralacaq”. Elə də oldu. Həmin günün səhəri üzləri saraldı. Dərhal bir yerə toplaşdılar. Bəziləri dedi: “Salehin dediyi gerçəkləşdi.” Ancaq qövmün daha çox zülmkar olanları dedilər: “Əzab nə qədər böyük olsa da, biz Salehin sözlərini qəbul etməyəcəyik.” İkinci günün səhəri üzləri qızardı. Bir yerə toplaşıb: “Salehin dedikləri gerçəkləşdi” – dedilər. Yenə də azğınları dedilər: “Əgər hamımız həlak olsaq belə, Salehin sözlərini dinləməyəcəyik…” Nəticədə, tövbə etmədilər. Üçüncü gün yetişdyində hamısının üzünün rəngi qaraldı. Bu dəfə isə bir-birinə dedilər: “Salehin dediyi əzab gəlib çatdı.” Azğınlar ümidsizlik içində və məyus halda dedilər: “Salehin bizə dediyi yetişdi.” Gecə yarı olduğunda Cəbrail (ə) onlara doğru endi. Elə yüksək səslə bağırdı ki, səsin heybətindən onların qulaqlarının pərdəsi cırıldı, ürəkləri, ciyərləri tikə-tikə oldu… Həmin günün sabahısı yataqlarında cansız uzandıqları halda, Allah göydən odlu bir gurultu göndərib hamısını yandırdı.”[34]
  2. Dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Doğrusu, bu, çox təəccüblü bir şeydir!”
  3. Dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Bu, Allahın sizin ev əhlinə olan rəhmət və bərəkətidir. O, tərifəlayiqdir, ucadır!
  4. İbrahimin qorxusu çəkildikdə və müjdə ona yetişdikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı.
  5. Çünki İbrahim dözümlü, ürəyiyanan, təvəkkül edən bir adam idi.
  6. Ey İbrahim! Bundan (istəyindən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara qarşısıalınmaz qəti bir əzab gəlir.
  7. Elçilərimiz (əzab mələkləri) Lutun yanına gəldikləri zaman narahat oldu, ürəyi sıxıldı və: “Bu gün çətin bir gündür!” – dedi.
  8. Tayfası tələsik (Lutun) yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. (Onlarla ailə qurun və çirkinlikdən uzaq olun.) Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağılı başında, başa düşən bir adam yoxdur?”
  9. Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz olmadığını bilirsən. Nə istədiyimizi də yaxşı bilirsən!”
  10. (Lut) dedi: “Kaş sizə qarşı bir gücüm, qüvvəm olaydı, ya da möhkəm bir dayağım, söykənəcəyim olaydı!”
  11. (Əzab mələkləri) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla toxunmayacaqlar. Gecənin bir vaxtında ailəni (bu şəhərdən) apar. Heç biriniz arxasına baxmasın. Təkcə övrətin istisnadır. Onların düçar olduğu əzaba o da düçar olacaq. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?”

————————————————————————————

  1. Allahın İbrahim (ə) və ailəsinə qarşı olan xüsusi lütfü: İbrahimin (ə) arvadı Allahın istəyi ilə övlad sahibi olacağını eşitdikdə təəccüblənir. Allahın elçiləri onun bu təəccübünə dərhal son qoyur, Allahın onlara bəxş etdiyi qeyri-adi nemətləri, Allahın möcüzəli şəkildə onları təhlükələrdən necə xilas etdiyini, Allahın İbrahimi zalım Nəmrudun əlindən qurtardığını, odun ortasında salamat saxladığını, bütsındıran İbrahimə təkbaşına bütün zalımlara qarşı çıxacaq qüdrət və əzmkarlıq verdiyini xatırladır və həmin Allahın ixtiyar yaşında bu ailəyə bir övlad lütf etmək istədiyini xəbər verirlər. Əlbəttə, Allahın bu rəhmət və bərəkəti həmin günlə bitmirdi. Allahın bu ailəyə bəxş etdiyi bərəkət davam etmiş və etməkdədir. Allahın İbrahmin (ə) ailəsinə lütf etdiyi İslam Peyğəmbəri (s) və məsum imamların (Allahın salamı olsun onların hamısına) varlığından böyük hansı nemət ola bilər?[35]
  2. Tərifəlayiq və uca Allah: Bu iki xüsusiyyətin qeyd edilməsi əvvəlki cümlənin məzmununu sübuta yetirmək üçündür. “Həmid” tərifəlayiq işlər görən şəxsə deyilir. Bu ad Allahın Öz bəndələrinə saysız-hesabsız nemətlər verdiyini, bəndələrinin də bu nemətlər qarşısında ibadət etməli olduğunu göstərir. “Məcid” nemətə layiq olmaq üçün bir iş görülmədiyi halda nemət verən şəxsə deyilir. Bu cür xüsusiyyətlərə malik olan Allahın peyğəmbər ailəsinə belə bir nemət verməsi təəccüblü ola bilərmi?[36]
  3. Həlim, ürəyiyanan və təvəkkül edən peyğəmbər: “Həlim” cəza və intiqama tələsməyən adama deyilir. “Əvvah” çətinlikləri və bəlaları gördükdə daha çox sızıldayan adama deyilir. “Münib” hər bir işdə Allaha üz tutan şəxsə deyilir. Bu ayədə İbrahmin (ə) mələklərlə Lutun (ə) qövmü barəsində mübahisə etməsinin səbəbi bəyan edilir. Əslində, İbrahim (ə) zalımlara əzab verilməsinə görə narahat deyildi, heç onların tərəfini də tutmurdu. Sadəcə, o, həlim və hövsələli bir adam idi, əzabın zalımlara tez endirilməsini istəmir, Allahın köməyi ilə islah olacaqlarına ümid edirdi. Habelə, o, insanların haqq yoldan sapması və məhv olmasına görə çox narahat idi. İnsanların azğınlıqdan xilas olması üçün Allaha üz tutur, Ondan yardım istəyirdi[37].
  4. Paklığı, təmizliyi özlərinə layiq bilməyənlər: Təəccüblüsü budur ki, Lutun (ə) qövmü onun qızlarına rəğbətləri olmadığını, ümumiyyətlə bu işin onlara aid olmadığını bildirərək etiraz edirdi. Bu cümlə onların son dərəcə azğın olduğunu, pak, təmiz, imanlı qızlarla evlənməyə razı olmadıqları halda, cinsi azğınlığı özlərinə layiq biləcək qədər çirkin, haqqı batil, batili haqq hesab edəcək qədər mənfur bir cəmiyyətə çevrildiklərini göstərir. Günaha adət etmənin və ona öyrəşmənin ən son həddi budur ki, günaha aludə olanlar ən çirkin və ən utancverici əməlləri özlərinə layiq bildikləri halda, ən təmiz cinsi münasibəti yanlış əməl hesab edirlər[38].
  5. Mehdi (ə) və səhabələri; Lutun arzusu: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Burada “güc və qüvvə” deyilərkən Mühəmmədin (s) ailəsinin Qaimi (ə), “möhkəm dayaq və söykənəcək” deyilərkən onun 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur.” Lutun o dövrdə belə bir şəxsin və silahdaşların zühurunu arzu etməsi təəccüblü görünə bilər. Ancaq Quranın ayələrinin təfsirini ehtiva edən hədislərlə tanış olduqda onların çoxunun ümumi qanunun ayrı-ayrı nümunələrə tətbiq olduğu aydın olur. Əslində, Lut İmam Mehdinin (ə) zühurundan sonra cahanşümul ilahi hökumət quracaq qətiyyətli, qərarlı, mənəvi və fiziki cəhətdən güclü kişilərin olmasını, onlarla birlikdə qiyam etməyi, bu ilahi gücə söykənərək fəsad və azğınlıqla mübarizəyə qalxmağı, bu cür həyasız insanları əzib məhv etməyi arzulamışdır[39].
  6. Əmrimiz yetişdiyində oranı alt-üst etdik və üzərinə daş leysanı yağdırdıq.
  7. (O daşlara) Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O, (başqa) zalımlardan də uzaq deyil!
  8. Mədyən əhlinə də qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Ancaq sizi bürüyəcək bir günün əzabından qorxuram!
  9. Ey qövmüm! Ölçüdə və çəkidə ədalətə tam riayət edin. Camaatın malını əskiltməyin və haqlarını kəsməyin. Yer üzündə fitnə-fəsad törətməyə çalışmayın!
  10. Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha yaxşıdır. Mən də sizə nəzarətçi deyiləm!”
  11. Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığını tərk etməyimizi, mallarımızla istədiyimiz kimi davranmamağı sənə namazınmı əmr edir? Sən ki, həlim və ağıllı adamsan!”
  12. Dedi: “Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəbbim tərəfindən aşkar bir dəlilim olsa və mənə gözəl bir ruzi versə (mən Onun əmrinə qarşı çıxa bilərəmmi)? Mən sizi çəkindirdiyimə özüm əsla bulaşmaq istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim uğurum yalnız Allahdandır. Ona təvəkkül etdim və Onun hüzuruna dönəcəyəm!

—————————————————————————————

  1. Homoseksuallığın günahının böyüklüyü: Bu ayədə zalımlar deyilərkən Məkkə zalımları və ya Peyğəmbər (s) zamanının müşrikləri nəzərdə tutulmuşdur. Buna görə də ayənin mənası belə olur: Bu cür daş yağışının yağması Məkkə zalımlarından da uzaq deyil. Ayənin mənası belə də ola bilər: Lut qövmünün alt-üst etdiyimiz şəhərləri İslam peyğəmbərinin (s) qövmünün zalımlarından uzaq deyil. Həmin şəhərlər Məkkə ilə Şamın arasında (indiki Suriyada) yerləşir. Onlar bu şəhərlərin yanından keçib gedirdilər. “Hicr” surəsinin 76-cı ayəsində belə deyilir: “Onların yurdlarının xarabalıqları onların get-gəl etdikləri yolun üzərindədir.” “Saffat” surəsinin 137-138-ci ayələrində belə buyurulmuşdur: “Siz həmişə səhərlər onların yanından keçirsiniz. Habelə axşamlar. Düşünmürsünüzmü?” Bəlkə də bu ayə bütün zalımlar üçün bir təhdiddir. Yəni hər bir zalım Lutun (ə) qövmünün başına gələn əzaba düçar ola bilər. İmam Baqir (ə) bir hədisində belə buyurmuşdur: “Peyğəmbər ümmətindən Lut qövmünün çirkin günahına bulaşmış şəxslər də bu zalımlardandır.”[40] Homoseksuallıq istər qadınlarda olsun, istərsə də kişilərdə, İslama görə çox böyük günahlardandır. İslam öndərlərinin bu günahın pisliyindən bəhs edən çoxlu sayda hədislərini oxuduqda az sayda günahın bu dərəcədə çirkin ola biləcəyinin şahidi oluruq. İslam peyğəmbərinin hədislərinin birində belə deyilir: “Lut qövmü o utancverici əməlləri etdiyi zaman yer elə ağlayırdı ki, göz yaşları göylərə çatırdı, göylər elə ağlayırdı ki, göz yaşları ərşə çatırdı. Nəhayət, Allah göyə daş yağdırmasını, yerə isə onları udmasını əmr etdi.” Təbii ki, yer və göyün ağlaması bənzətmə və simvolik səciyyə daşıyır. Peyğəmbərin başqa bir hədisində belə deyilir: “Yeniyetmə oğlan ilə cinsi əlaqədə olan şəxs Qiyamət günü Məhşərə dünya sularının əsla pak edə bilməyəcəyi cənabətli halda gətirilər. Allah ona qəzəb və lənət edər, Cəhənnəmi onun üçün hazırlayar. Ora necə də pis yerdir!” Sonra buyurmuşdur: “Kişi cinsindən olan şəxs öz həmcinsi ilə cinsi əlaqədə olanda bu utancverici əmələ görə Allahın ərşi titrəyir.”[41]
  2. Allahın saxladığı: “Bəqiyyətullah” (Allahın saxladığı) ifadəsi halal və az miqdarın faydalı olduğunu çatdırır. Allahın əmri ilə olduğu üçün qalıcıdır. Ya da halal qazanc ilahi nemətlərin və bərəkətlərin davamlı olmasına səbəb olduğu üçün bu ifadədən istifadə edilmişdir. Sözügedən ifadə ilə bəlkə də dünya və dünyadakıların fani olub aradan getməsinə baxmayaraq, mənəvi mükafatların əbədi olaraq qalacağına işarə edilmişdir. Hədislərdə “bəqiyyətullah” ifadəsinin İmam Mehdi (ə) və bəzi başqa imamlara aid olduğu qeyd edilmişdir. İmam Mühəmməd Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Qiyam etdikdən sonra Qaimin deyəcəyi ilk cümlə bu ayə olacaq: “Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha yaxşıdır.” Sonra deyəcək: “Mən Allahın saxladığı, aranızdakı xəlifəsi və dəliliyəm. Hər kəs ona yalnız: “Salam olsun sənə ey Allahın yer üzündə saxladığı”, – deyə salam verəcək.” Yaddan çıxarmamalıyıq ki, Quran ayələri xüsusi bir hadisə üçün nazil olsa da, ümumi məna daşıyır, zaman-zaman digər nümunələrə də tətbiq edilə bilər. Nəzər nöqtəsi olan ayənin xitab obyekti Şüeybin qövmü olsa da, “Allahın saxladığı” deyilərkən halal mənfəət və sərmayə və ilahi nemətlər nəzərdə tutulsa da, Allah tərəfindən insanlar üçün qorunub saxlanmış, xeyir, bərəkət və xoşbəxtlik səbəbi olacaq bütün faydalı varlıqlar “Allahın saxladığı” hesab edilə bilər. Bütün peyğəmbərlər və böyük öndərlər Allahın saxladığıdır. Ciddi bir düşmənlə mübarizə apardıqdan sonra bir xalq, bir millətin sağ qalmış həqiqi rəhbəri Allahın saxladığı hesab edilir. Müharibə meydanında qalib gəlmiş mübariz əsgərlər də Allahın saxladıqlarıdır. Vəd olunmuş Mehdi (ə) də İslam peyğəmbərinin (s) qiyamından sonra sonuncu imam və ən böyük inqilab rəhbəri, xüsusilə peyğəmbərlər və imamların (Allahın salamı olsun onların hamısına) yeganə qalan varisi olduğu üçün “Allahın saxladığı” ifadəsinin ən parlaq nümunəsi və bu ləqəbin ən layiqli daşıyıcısıdır[42].
  3. Ey qövmüm! Mənimlə olan ixtilaf və düşmənçiliyiniz Nuhun, Hudun, ya da Salehin qövmünün başına gələnlərin sizin də başınıza gəlməsinə səbəb olmasın. Lut qövmü sizdən elə də uzaq deyildir”.
  4. Rəbbinizdən bağışlanma diləyin, Ona doğru qayıdın. Rəbbim rəhimlidir, (tövbəkar bəndələrini) sevəndir.
  5. Dedilər: “Ey Şueyb! Söylədiklərinin çoxunu anlamırıq və biz səni aramızda zəif görürük. Əgər kiçik qəbilən olma­­saydı, səni daşqalaq edərdik. Bizim qarşımızda sənin heç bir gücün yoxdur.”
  6. Dedi: “Ey qövmüm! Məgər mənim kiçik qəbiləm sizin üçün Allahdan da qüdrətlidir ki, siz Ona saymazlıq edib arxa çevirirsiniz? Rəbbim sizin nə etdiklərinizi əhatə edir (bilir).
  7. Ey qövmüm! Əlinizdən gələni edin, mən də öz işimi görəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Siz gözləyin, mən də sizinlə birlikdə gözləyirəm”.
  8. Əmrimiz yetişdiyində Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb öldülər.
  9. Sanki heç oranın sakinləri olmamışdılar. Səmud qövmü (Allahın rəhmətindən) uzaq olduğu kimi, Mədyən də uzaq olsun!
  10. Biz Musanı ayələrimizlə və aydın bir dəlillə göndərdik…
  11. Firon və onun tərəfdarlarına. Ancaq onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri inkişaf və xilas səbəbi deyildi.

—————————————————————————————–

  1. Şüeybin (ə) qövmünün yaşadığı dövrlə Lutun (ə) qövmünün yaşadığı dövrün yaxınlığı: Bu ayədə Şüeybin (ə) qövmü ilə Lutun (ə) qövmünün zaman baxımından yaxınlığı nəzərdə tutulmuşdur. Quran ayələrindən belə məlum olur ki, həzrət Şüeyb (ə) həzrət Musa (ə) ilə eyni dövrdə yaşamışdır. Həzrət Lut (ə) isə həzrət İbarihimin (ə) müasiri olmuşdur. Bu iki ulul-əzm peyğəmbər arasındakı zaman fasiləsi isə üç əsrdən az olmuşdur. Deməli, Şüeybin (ə) qövmü ilə Lutun (ə) qövmünün yaşadığı dövrlər arasında üç əsrdən az vaxt olmuşdur[43].
  2. Sevən Allah: “Vədud” Allahın adlarından biridir. “Vədud” sevən və sevgisini gördüyü işlərlə büruzə verən şəxsə deylir. Allah sevəndir, yəni yaratdıqlarını və bəndələrini sevir, bəndələrinə layiq gördüyü saysız-hesabsız nemətlərlə sevgisini aşkar edir. Allah-taala Quranda belə buyurmuşdur: “Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz.” (İbrahim surəsi, 34-cü ayə)[44].
  3. Nə üçün Şüeybin qövmü onu zəif hesab edirdi? İslam peyğəmbəri (s) buyurmuşdur: “Şüeyb Allaha olan sevgisindən o qədər ağlamışdı ki, gözləri kor olmuşdu”. İmam Əli (ə) buyurmuşdur: “Şüeyb kor olduğu üçün qövmü onu zəif hesab edrdi.” Sonra buyurmuşdur: “Heç bir şəriki olmayan Allaha and olsun ki, Rəblərinin əzəmətindən qorxmurdular. Öz qohum və qəbilələrindən başqa heç nədən qorxuları yox idi.”[45]
  4. Şüeybin (ə) mənəvi məqamı: Şüeyb (ə) Allahın əziz peyğəmbərlərindən olmuşdur. Allah-taala onu Quranda təriflədiyi digər peyğəmbərlərlə yanaşı tərifləmişdir. Quranda Şüeyb əmanətdar və islahatçı peyğəmbər kimi təqdim edilmişdir. Şüeyb (ə) özü də özünü salehlərdən biri kimi təqdim edir və Allah onun bu xüsusiyyətdə olduğunu təsdiq edir. Şüeybin (ə) mənəvi şəxsiyyətinin çox yüksək olduğunu İmran oğlu Musanın (ə) on ilə yaxın ona xidmət göstərməsi təsdiq edir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Şüeyb Allaha olan sevgisindən o qədər ağladı ki, gözləri kor oldu. Allah gözlərini ona yenidən qaytarıb buyurdu: “Ey Şüeyb, bu ağlamaq nə üçündür? Cənnətə getmək istəyindəndir, yoxsa Cəhənnəm qorxusundan?” Şüeyb dedi: “Xeyr, Sənin sevgini qəlbən qəbul etmişəm. Qəbimin gözü ilə Sənə baxanda mənimlə necə davranacağının mənim üçün heç bir əhəmiyyəti yoxdur.” Bu vaxt Allah ona vəhy edib buyurdu: “Ey Şüeyb, əgər bu sözün doğrudursa, görüşüm sənə mübarək olsun. Ey Şüeyb, bu ixlas və sevginə görədir ki, İmran oğlu Musanı sənə xidmətçi verdim.”[46]
  5. Qiyamət günü o, qövmünün qabağına düşüb onları oda daxil edəcək. Daxil olacaqları yer necə də pis yerdir!
  6. Onları həm bu dünyada, həm də Qiyamət günü lənət izləyir. Onlara verilən pay necə də pisdir!
  7. Bu, sənə haqlarında danışdığımız şəhər və kəndlərin hekayələrindəndir. Onların bəzisi (indi də) qalır, bəzisi isə yerlə-yeksan olub.
  8. Biz onlara zülm etmədik, onlar özləri-özlərinə zülm etdilər. Rəbbinin əzab əmri yetişdiyində Allahdan başqa çağırdıqları məbudlar onlara kömək etmədi, əksinə, onların ancaq zərər və ziyanlarını artırdı.
  9. Zülm və haqsızlıq edən şəhər və kəndlərə əzab göndərərkən Rəbbinin əzabı belə olur. Onun əzabı ağrılı-acılı və şiddətlidir.
  10. Axirət gününün əzabından qorxanlar üçün bunda bir əlamət vardır. Bu, insanların bir yerə toplanacağı və hamının ona şahid olacağı bir gündür.
  11. Biz onu (Qiyaməti) sadəcə, müəyyən olunmuş vaxtadək təxirə salmışıq.
  12. (Qiyamət) gəlib çatdığı gün Allahın izni olmadan heç kəs danışmayacaq. Bir dəstə bədbəxt, bir dəstə xoşbəxtdir.
  13. Bədbəxt olanlar oddadır. Onlar orada fəryad qoparacaq, ah-nalə edəcəklər.
  14. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Rəbbin istədiyini edəndir.
  15. Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə əbədi qalacaqlar. Onlar – Rəbbinin istədiyi istisna olmaqla – göylər və yer durduqca orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir bəxşişdir.

—————————————————————————————

  1. Aşkar olan şeyin sözlə ifadəsinə nə ehtiyacı var? Bəzi təfsirçilər hesab edirlər ki, ümumiyyətlə, Qiyamət günü danışmağa ehtiyac olmayacaq. Çünki danışmaq başqalarının fikirləri ilə tanış olmaq və ya öz fikrlərimizi başqalarına çatdırmaq üçün istifadə etdiyimz bir vasitədir. Əgər başqa bir vasitə ilə qarşı tərəfinin fikirlərini öyrənmək mümkündürsə, danışmağa ehtiyac yoxdur. Buna görə də Qiyamətdə insanların bütün sirləri aşkara çıxacağı üçün daha danışmağa ehtiyac olmayacaq. Əgər danışacaqlarsa, bu, onların öz sirlərini izhar etmələri üçün deyil, bir növ orada aşkara çıxacaq əməllərinin əks olması üçündür. Orada danışmaq eynilə dünyadakı kimi olmayacaq, yəni insan istədiyi kimi yalan və ya doğru danışa bilməyəcək. Qiyamət həqiqətlərin aşkar olduğu, qeybin aşkara çıxdığı, bu dünya ilə heç bir bənzərliyi olmayan bir gündür[47].
  2. Əbədi Cənnət və Cəhənnəm: Bu və sonrakı ayədə iki məsələ daha çox diqqət tələb edir: 1. Quran ayələri və məsumların hədislərindən belə başa düşülür ki, Qiyamət günü Cənnətə daxil olanlar orada əbədi qalacaq, bəzi cəhənnəmliklər də Cəhənnəmdə həmişəlik qalacaqlar. Bu və sonrakı ayədə də Rəbbinin istədiyi istisna olmaqla bədbəxt insanların Cəhənnəmdə əbədi qalacağı və Rəbbinin istədiyi istisna olmaqla xoşbəxtlərin Cənnətdə əbədi qalacağı qeyd edilmişdir. Təfsirçilər ayələrdə qeyd olunan istisnalar haqqında müxtəlif izahlar vermişlər. Bu izahlar arasında daha ağlabatanı bütün cəhənnəmliklərin orada qalmayacağı fikridir. Belə ki, bəziləri ilahi əfv və ilahi övliyaların şəfaəti ilə Cəhənnəmdən azad olacaq, qalanları isə böyük və bağışlanılmaz günahlar etdikləri üçün ilahi əfvə layiq olmayıb əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Buna görə də ayənin sonunda Allah-taala Rəbbin istədiyini edəndir, – deyə buyurmuşdur. Bu cümlədən belə başa düşülür ki, bəzi cəhənnəmliklər Allahın istəyi ilə oradan azad olacaqlar. Lakin cənnətliklər Cənnətə daxil olduqdan sonra həmişəlik olaraq orada qalacaq və heç vaxt oradan çıxmayacaqlar. Sonrakı ayədə Allah-taala Rəbbinin istədiyi istisna olmaqla– deyə buyurmaqla başa salmaq istəyir ki, Cənnət əhli Cənnətdə Allahın istəyi ilə qalacaq. Əgər Allah istəsə, onları Cənnətdən xaric edər, lakin bunu etməyəcək. Buna görə də Allah növbəti ayənin sonunda “(bu,) tükənməz bir bəxşişdir, – deyə buyurmuşdur (Hud surəsi, 8-ci ayə). İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Cəhənnəm sakinlərindən bir dəstəsi Cəhənnəmdən xaric olub ilahi şəfaətə nail olacaq. Sonra onları bir çayın kənarına aparacaqlar… Onlar orada yuyunacaqlar. Nəticədə, ətləri və qanları yenilənəcək, Cəhənnəmin yanığının izləri bədənlərindən təmizlənəcək. Bundan sonra Cənnətə daxil ediləcəklər. Cənnət sakinləri onları gördükdə “cəhənnəmliklər gəldi” deyəcəklər. Buna görə də onlar bu adın onların üzərindən götürülməsini istəyəcək və Allah da bu adı onların üzərindən götürəcək.” Ardınca İmam (ə) buyurmuşdur: “Əlinin düşmənləri odda həmişəlik qalacaqlar, onlar şəfaətdən məhrum olacaqlar.”; 2. Göylər və yer durduqca. Ortaya belə bir sual çıxır: Quranda dəfələrlə Qiyamət ərəfəsində göylərin və yerin məhv olacağı qeyd edilmişdir. Belə olduğu təqdirdə Cənnət və Cəhənnəmin, eyni zamanda onların sakinlərinin əbədiliyi yer və göylərin mövcudluğu ilə necə şərtləndirilə bilər? Qeyd etməliyik ki, Quranda Qiyamət ərəfəsində yer və göylərin tamamilə məhv olacağı, Qiyamətdə yer və göyün olmaması deyil, mövcud nizam-intzamın dəyişəcəyi və onların başqa göylərə və yerə çevriləcəyi bildirilmişdir. (İbrahm surəsi, 48-ci ayə; Zümər surəsi, 74-cü ayə.) Quranın başqa ayələrindən yer və göylərin həmişəlik qalacağı, onlar olduqca Cənnət və Cəhənnəm əhlinin də olacağı başa düşülür[48].
  3. Onların ibadət etdiyi məbudlara (həmin məbudların batil olmasına) şübhə etmə. Onlar bu məbudlara atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Biz onların nəsibini əskiltmədən tam verəcəyik.
  4. Biz Musaya səmavi kitab verdik. Sonra onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin əzəli fərmanı olma­­saydı, aralarında dərhal hökm verilərdi. Onlar (hələ) şək-şübhə içindədirlər.
  5. Rəbbin hər birinin əməllərini onlara əskiltmədən verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır.
  6. Sən də, səninlə birlikdə Allaha doğru gələnlər də sənə əmr edildiyi kimi, möhkəm olun. Həddi aşmayın. O, sizin etdiklərinizi görür.
  7. Zalımlara arxalanma, yoxsa odun sizi bürüməsinə səbəb olar. O halda sizin Allahdan başqa heç bir vəli və himayədarınız olmayacaq. Sonra sizə kömək olunmaz.
  8. Gündüzün iki başında (əvvəlində və sonunda) və gecənin əvvəllərndə namaz qıl! Çünki yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, xatırlayanlar üçün bir xatırlatmadır.
  9. Səbir et! Allah yaxşı iş görənlərin mükafatını puça çıxarmaz.
  10. Nə üçün sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsadın qarşısını ala biləcək gücə malik alimlər olmamışdır? Onlardan yalnız xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar dünyanın ləz­­zətlərinə uyub günahkar oldular.
  11. Rəbbin, əhalisi islah olunmağa və düzəlməyə niyyətlənmiş məmləkətləri haqsız yerə məhv etməz.

—————————————————————————————–

  1. Quranın ən çətin göstərişi: İbn Abbasa istinad edilən məlumatda Peyğəmbərə (s) bundan çətin və ağır bir ayə göndərilmədiyi qeyd edilmişdir. Buna görə də səhabələri ondan: “Nə üçün belə tez qocaldın?” – deyə soruşduqlarında, buyurmuşdu: “Hud və Vaqiə surələri məni qocaltdı”. Deyilənə görə, bu ayə nazil olanda Peyğəmbər (s) buyurmuşdur: “Hazır olun, hazır olun, çünki çalışmaq vaxtıdır.” Ondan sonra Peyğəmbər (s) heç gülməmişdir. Bu ayənin Peyğəmbərə (s) ağır gələn ən mühüm tərəfi “möhkəm ol” əmri olmuşdur. Ayədə təbliğat və və təşviqat yolunda möhkəm olmaq, ilahi vəzifələrin və Quran təlimatlarının yerinə yetirilməsində yalnız Allah üçün və Onun buyurduğu kimi möhkəm olmaq əmri verilmişdir. Qalib gəlmək asandır, ancaq onu qoruyub saxlamaq çətindir[49].
  2. Zalımlara arxalanmayın: Bu ayədə ictimai, siyasi, hərbi və dini proqramlardan birinə işarə edilmişdir. Sözügedən proqramın əsası zalımlara etimad göstərilməməsi əmrindən ibarətdir. Zalımlara arxalanmaq çoxlu fəsadlara yol açır. Digər tərəfdən, onların güclənməsinə, onların güclənməsi isə cəmiyyətdə günah və fitnə-fəsadın yayılmasına səbəb olur. Zalımlara arxalanmaq cəmiyyətin fikir mədəniyyətinə tədricən təsir göstərir, günah və zülmün çirkinliyi təsəvvürünün ortadan qalxmasına səbəb olur, insanları zülm etməyə, zülmkar olmağa təşviq edir. Başqalarına bağlılıq formasında təzahür edən etimadın nəticəsi yalnız bədbəxtlik olduğu halda, bu etimadın mənbəyi zalım və zülmkar olarsa, vəziyyət daha acınacaqlı olar. Yalnız o cəmiyyəti mütərəqqi və inkşaf etmiş cəmiyyət hesab etmək olar ki, öz-özünü təmin edə bilsin və digər cəmiyyətlərlə olan əlaqəsi zəif və güclü prinsipinə deyil, qarşılıqlı maraqlara əsaslansın. Zəif və güclü prinsipinə əsaslanan bağlılıq istənilən halda, əsarət və istismarla nəticələnir. Əgər əlaqə və bağlılıq tərəfi zalım olarsa, zülmdə ortaqlıq və zalımın proqramlarında iştirakla nəticələnəcək[50].
  3. Günün iki başında və gecənin əvvəllərində namaz qılmaq: Əhli-beyt (ə) hədislərindən belə qənaətə gəlirik ki, gündüzün iki başının namazı deyilərkən sübh və məğrib namazları, gecənin əvvəllərinin namazı deyilərkən isə işa namazı nəzərdə tutulmuşdur. Ayənin nəzər nöqtəsi olan cümləsində bu üç namaza işarə edilmişdir[51].
  4. Namaz günahları yuyur: Əbu Osman adlı bir nəfərə istinad edilən hədisdə deyilir: “Salman Farsi ilə bir ağacın altında oturmuşduq. O, qurumuş bir budaqdan tutub bütün yarpaqları tökülənə qədər onu silkələdi. Sonra üzünü mənə tutub dedi: Nə üçün belə etdiyimi soruşmadın. Soruşdum: Niyə belə etdin? Dedi: Peyğəmbər (s) də bir dəfə eynilə belə etmişdi. Bir gün onunla bir ağacın altında oturmuşduq. Peyğəmbər (s) eynilə bu cür edib dedi: “Salman, nə üçün belə etdiyimi soruşmursan?” Mən: “Nə üçün etdiniz?” – deyə soruşduqda, buyurdu: “Müsəlmanlar dəstəmaz alıb beş namazı bütün şərtləri ilə yerinə yetirdiklərində günahları bu ağacın yarpaqları kimi tökülür.” Sonra bu ayəni oxudu.”[52]
  5. Cəmiyyətin korlanma səbəbi: Hər bir cəmiyyətdə zülm və fəsad olur. Mühüm olan cəhət budur ki, cəmiyyət zülm və fəsad olduğunu hiss edib onu aradan qaldırmağa səy göstərsin. Belə bir hiss olduğu və onun aradan qaldırılması istiqamətində addımlar atıldığı təqdirdə Allah bu cəmiyyətə möhlət verir, yaranış qanunu onların həyatda qalmasını tələb edir. Lakin bu hiss aradan qalxdığında, cəmiyyət günahlara laqeyd olduğunda, fitnə-fəsad sürətlə hər tərəfi bürüdüyündə artıq bu cəmyyət yaşayış haqqından məhrum olur. Məsələn, insanın bədəni mikroblara, xəstəliklərə və sairəyə qarşı mübarzə aparmaq gücündə olduğu və özünü müdafiə edə biləcəyi vaxta qədər yaşaya bilər. Lakin bədən mikroblar qarşısındakı müqavimətini itirdiyində tezliklə xəstələnir və həyatı sona yetir. Əgər insan cəmiyyətinin müdafiəçi qüvvəsi, yəni alimləri və ziyalıları zülm və haqsızlığa qarşı mübarizəyə qalxmasa, fitnə-fəsadın qarşısını almasa, bir müddətdən sonra bütün cəmiyyət fitnə-fəsada bulaşacaq, xəstə və ölü bir cəmiyyətə çevriləcək[53].
  6. Əgər Rəbbin istəsəydi, bütün insanları vahid bir ümmət edərdi. Amma onlar hələ də ixtilafdadırlar.
  7. Yalnız Rəbbinin rəhm etdiyi şəxslər istisnadır. Onları bunun (rəhməti qəbul etmək) üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” fərmanı qətiləşdi.
  8. Ürəyini rahatlamaq və iradəni möhkəmləndirməkdən ötrü peyğəmbərlərin başına gələn bütün hadisələri sənə danışırıq. Bunda sənin üçün həqiqət, möminlər üçün isə öyüd-nəsihət və xatırlatma var.
  9. İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik.
  10. Gözləyin! Biz də gözləyirik”.
  11. Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qaytarılacaqdır. Elə isə Ona ibadət et və Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən əsla xəbərsiz deyildir.

[1] Nümunə, c.9, səh.3

[2] Nümunə, c.9, səh.10

[3] Əl-Mizan, c.10 ,səh.136

[4] Təfsiri-mövzui, c.1, səh.174

[5] Nümunə, c.9 ,səh.15; Əl-Mizan, c.10, səh.170

[6] Nümunə, c.9, səh.26

[7] Əl-Mizan, c.10, səh.167 və 173

[8] Nümunə, c.9, səh.51; Əl-Mizan, c.10, səh.175 və 177

[9] Əl-Mizan, c.10, səh.185

[10] Nümunə, c.9, səh.63; Əl-Mizan, c.10, səh.181

[11] Əl-Mizan, c.10, səh.183

[12] Nümunə, c.9, səh.66

[13] Əl-Mizan, c.10, səh.188

[14] Nümunə, c.9, səh.71

[15] Əl-Mizan, c.10, səh.200

[16] Nümunə, c.9, səh.78

[17] Nümunə, c.9, səh.90

[18] Nümunə, c.9, səh.94

[19] Əl-Mizan, c.10, səh.233

[20] Əl-Mizan, c.10, səh.215

[21] Əl-Mizan, c.10, səh.233

[22] Nümunə, c.9, səh.103

[23] Əl-Mizan, c.10, səh.234

[24] Nümunə, c.9, səh.109

[25] Əl-Mizan, c.10, səh.220

[26] Nümunə, c.9, səh.118

[27] Nümunə, c.9, səh.116

[28] Əl-Mizan, c.10, səh.228

[29] Əl-Mizan, c.10, səh.294

[30] Nümunə, c.9, səh.138

[31] Əl-Mizan, c.10, səh.291

[32] Əl-Mizan, c.10, səh.293

[33] Nümunə, c.9, səh.150

[34] Əl-Mizan, c.10, səh.302

[35] Nümunə, c.9, səh.173

[36] Nümunə, c.9, səh.174

[37] Əl-Mizan, c.10, səh.314

[38] Nümunə, c.6, səh.184

[39] Nümunə, c.9, səh.185

[40] Əl-Mizan, c.10, səh.332

[41] Nümunə, c.9, səh.192

[42] Nümunə, c.9, səh.203

[43] Əl-Mizan, c.10, səh.361

[44] Əl-Mizan, c.10, səh.362

[45] Biharül-ənvar, c12, səh.380; Əl-Mizan, c.10, səh.365

[46] Əl-Mizan, c.10, səh.365

[47] Əl-Mizan, c.11, səh.10

[48] Əl-Mizan, c.11, səh.23; Nümunə, c.9, səh.239

[49] Nümunə, c.9, səh.258

[50] Nümunə, c.9, səh.259

[51] Nümunə, c.9, səh.265

[52] Əl-Mizan, c.11, səh.69

[53] Nümunə, c.9, səh.275

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir