HƏYATI

“Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı”
İmamla tanışlıq
İmam Həsən Əskəri (ə) hicri 232-ci ildə (təxminən miladi 846-ci il) Mədinə şəhərində İmam Əliyyən-Nəqi (ə) və xanım Hüdeysənin evində dünyaya göz açıb. Babası İmam Təqi (ə) dövründən başlayan Abbasi xəlifələrinin Əhli-Beyt (ə) imamları və təfədarlarına qarşı təzyiqlər daha da şiddətlənmişdi. İmam Həsən Əskəri (ə) 22 yaşına çatanda atası zəhərləndirilərək şəhadətə çatdırıldı və Əhli-Beyt (ə) tarixində ən ağır illərdə imamət vəzifəsi Həzrət Həsən Əskərinin (ə) öhdəliyinə düşdü.
O zamanlar Bizans imperiyası ilə sərhədlərin yaxınlığında yerləşən Samirə şəhərində xilafətin hərbi qarnizonu yerləşirdi. Burada xəlifələrin iqamətgahı da var idi. Şəhərin “Əskər” (tərc. – “Əsgər”) adlı məntəqəsi xəlifət ordusunun nəzrarətində idi. Bu səbəbdən Abbasi hökuməti İmamı (ə) həmin məntəqəyə sürgün edərək ciddi nəzarət altında saxlamaq istəyiridi. İmam (ə) Əskər məntəqəsində yaşadığından ona “Əskəri” ləqəbi verilmişdi. Həmçinin Həzrəti “Zəki” (tərc. – “təqva sahibi”) ləqəbi ilə də çağırırdılar.
Xilafətin vəziyyəti
İmamətinin ilk illərini Həzrət Zəkiyyəl-Əskəri (ə) atasının qatili xəlifə Mötəz Billahın hakimiyyəti dövründə keçirib. Mötəzin hakimiyyətə gəlməsi onun əmisi oğlu Müstəinin devirilməsi nəticəsində baş verib. Hələ atası Mütəvəkkilin dövründə xilafətdə türk klanları böyük nüfuza malik idilər. Türklər yaxşı döyüşçü olduğundan, həmçinin xəlifənin anası türk olduğundan onlar üçün hökumətdə geniş imkanlar yaradılmışdı. Tədricən bu imkanlardan istifadə edərək, türklər ən nüfuzlu vəzifələrə sahib olurdular və nəhayət, xəlifə və xilafət tamamilə türklərin təsiri altına düşdü. Hətta bir gün xəlifə yaxınlarının yanında münəccimdən neçə müddət xilafət edəcəyi barədə soruşur. Mötəzin yaxınlarından biri zarafatca dedi: “Nə qədər türklər istəyir o qədər də xilafətdə qalacaq…” İş o yerə çatdı ki, bir gün bir dəstə türk xəlifənin yanına gəlib onu döyərək çölə çıxartdılar. Daha sonra onu xilafətdən kənarlaşdırdıqlarını elan etdilər və əziyyətlə öldürmək üçün diri-diri basdırıdılar.
Mötəzin öldürülməsindən sonra xilafətə onun qardaşı  Mühtədini qoyurlar. Tarixçilərin yazdığına görə qardaşı kimi formal xilafət edən Mühtədi əxlaqı və mülayim bir şəxs idi. Xəlifə özü deyirdi ki, Əməvilər arasında Ömər ibn Əbdüləziz kimi ədalətli xəlifə olub, ancaq Abbasilər arasında belə xəlifənin olmaması eybdir. Hakimiyyətə gələn yeni xəlifə sarayda eyş-işrət məclislərini yığışdırdı, camaatın şikayətinə qulaq asırdı və sadə həyat tərzi sürürdü. O bu cür rəftar etməsə idi qardaşı kimi hakimiyyətdən uzaqlaşacaqdı, çünki hökumətə qarşı cəmiyyətdə yaranmış narazılıqları yalnız yeni simanın xəlifə olması ilə yatırtmaq olardı. İmam Həsən Əskərini (ə) həbs edən məhz Mühtədi idi. Onun ölümünə kimi İmam (ə) zindanda qalıb.

Mühtədinin ölümündən sonra türklər onun əmisi oğlu Mötəmidi xəlifə təyin edirlər. Yeni xəlifə qabaqkı xəlifələrin cah-cəlallı həyat tərzini saraya qaytardı. Eyş-işrətə varan xəlifə artıq hakimiyyət edə bilmirdi və qeyri rəsmi olaraq onun səlahiyyətlərini qardaşı Müvəffəq icra edirdi. Əhali də əsasən xəlifənin özünə yox, onun qardaşına rəğbət bəsləyirdi.

 İmamın (ə) tanınması
İmam Əliyyən-Nəqi (ə) Samirəyə sürgün olunduqdan sonra daha da ciddi nəzarət altına düşdü. Bu ona tərəfdarları ilə əlaqə saxlamaqda əngəl törətdiyi kimi özündən sonra imamı tanıtdırmasına da maneə idi. 11-ci imamın adını açıqlamaqla Həzrət Nəqi (ə) öz vəsisini təhlükəyə atırdı. Ömrünün son aylarında İmam Hadi (ə) İmam Həsən Əskərini (ə) yaxın tərəfdaşlarına tanıtdırır və onun üçün beyət alır. Ancaq İmam Hadi (ə) şəhid edildikdən sonra bir çox şiələr imamın kim olduğunu hələ bilmirdilər. Bu isə çox adamın qəlbində Həzrəti Zəkiyyəl-Əskərinin (ə) imamlığına şübhə yaradırdı. Ona görə onlar İmamı (ə) imtahana çəkir, onunla bu məsələ ilə bağlı məktublaşırdı. Vəziyyət o yerə çatmışdı ki, İmam (ə) buyurmuşdu: “Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı”.
Şəkk-şübhələrə son qoymaq üçün İmam Həsən Əskəri (ə) digər imamlara nisbətdə qeybi biliklərindən daha çox istifadə edib. O öz tərəfdarlarına məktub yazaraq gələcək hadisələr barədə xəbər verir, onlara özlərini gözləməyi tapşırır. Bununla da onun tərədarlarının qəlbində imamət əqidəsi bərkiyirdi.
Əhli-beyt (ə) tərəfdarları
Abbasilər zamanı İraq əhalisinin əksəriyyəti ələvilər (Əli (ə) tərəfdarları, şiələr) idi. Nəzərə alsaq ki, Abbasi xilafətinin mərkəzi İraq olub (Abbasi dövrünə “Bağda xilafəti” də deyilir) vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq olar. Bu baxımdan, hökumət daim şiələri və imamları təqib edirdi. Xüsusən, imamların (ə) simasında özlərinə siyasi müxalifət görən Abbasilər onları nəzarət altında saxlamağa çalışırdılar. Xəlifələr imamları Mədinədən İraq şəhərlərinə köçməyə məcbur edirdilər, onların insanlarla əlaqələrini kəsməyə çalışırdılar.
İraqla yanaşı, Azərbaycan, Rey, Xorasan və Nişapur vilayətlərinə də çoxlu sayda Əhli-Beyt (ə) tərəfdarları yaşayırdı. Bu isə onların fəaliyyətinin mərkəzləşməsini və vahid xətt üzrə inkişaf etdirilməsini tələb edirdi. İmam Təqi (ə) və İmam Hadi (ə) öz dövrlərində buna nail olmuşdular. İmam Həsən Əskəri (ə) da bu işi davam etdirirdi. İmam (ə) müxtəlif bölgələrə gizlin şəkildə öz nümayəndələrini göndərir və ictimai-dini işlərin aparılmasını onlara həvalə edirdi. Nümayəndələr arasında vəzifə bölgüsü də var idi. Məsələn, bəzi nümayəndələr şəri vergilərə, digəriləri məktublaşmaya cavabdeh idilər. İmam çox nadir hallarda öz şiələri ilə bir başa əlaqə qururdu, əsasən bunun üçün nümayəndələrə müraciət olunardı.
O zamankı durumu ən yaxşı tərzdə ifadə edən rəvayətlərin birində İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra onun qardaşı Cəfər Kəzzabın xəlifə Mötəmidin vəziri Ubeydullahla söhbəti nəql olunur. Cəfər Kəzzab özünü imam və şiələrin rəhbəri kimi təqdim etməyə çalışırdı və bu iş üçün vəzirin yanına gəib ondan yardım istəyir: “Əgər sən məni qardaşımın yerinə imam təyin etsən sənə ildə iyirmi min dinar verərəm”. Ubeydullah onun cavabında dedi: “Axmaq! Xəlifə sənin atanı və qardaşını imam bilənlərin üstünə o qədər qılınc şəkdi ki, bu fikirdən dönsünlər, ancaq buna nail ola bilmədi…”
Bütün çətinliklərə rəğmən İmam (ə) elmi fəaliyyətindən qalmır. Abbasilər zamanı müxtəlif dini və fəlsəfi təriqətlərin geniş vüsət tapdığı bir şəraitdə, İmam Həzən Əskəri (ə) İslam maarifinin yayılmasına xüsusi önəm verir. İslam elminə böyük töhfələr vermiş İshaq Əşəri Qumi, Osman Əmri, Davud Cəfəri, Məhəmməs Səffar kimi 100-ə yaxın tələbə yetişdirməklə yanaşı, Həzrət Zəkiyyəl-Əskəri (ə) müxtəlif məktəblərin İslama qarşı irəli sürdükləri fikirləri elmi yolla təkzib edərdi.
İmama (ə) qarşı zülm
Qeyd olunduğu kimi, xəlifələr İmam Həsən Əskərini özləri üçün  təhlükə bilirdilər. Ancaq bu təhlükə yalnız Əhli-Beyt (ə) tərəfdarlarının simasında müxalif qüvvələrin çoxlalması və xəlifələrə qarşı cəmiyyətdə pis münasibətin yayılması ilə  əlaqədar deyildi. Həmçinin, zülmə son qoyacaq vəd olunmuş Məhdinin (ə) İmamın övladlarından olacağı barədə hamı bilirdi. Bu səbəbdən İmam Həsən Əskəriyə (ə) qarşı təziq və təqiblər gün-bə-gün şiddətlənirdi. Onun ailə həyatı belə izlənilirdi. Ona görə İmam (ə) imaməti davam etdirmək məqsədilə öz kənizi ilə ailə qurur və İmam Mehdi Sahibəzzaman (ə) dünyaya gəlir. Ərəblər arasında kənizdən övlada sahib olmaq ayıb sayıldığından, heç kəs təsəvvür edə bilməzdi ki, İmam (ə) ailə həyatı qurub və Həzrət Mehdi (ə) artıq anadan olub.
Həftənin birinci və dördüncü günləri İmamı (ə) xəlifənin sarayına gəlməyə məcbur edirdilər. Xəlifə Mötəz bir gün İmamın (ə) Küfəyə aparılıb qətlə yetirilməsinə əmr etmişdi. Ancaq bir az müddət keçmişdi ki, onun özünü türklər dəhşətlə öldürdülər. Xilafət kürsüsünə çıxan Mühtədi İmamı həbs etməyi qərara alır və öz ölümünə kimi İmam Həsən Əskərini (ə) zindanda saxlayır. İmamı şəhadətə çatdırmaq arzusuna düşən bu xəlifəni də türklər qiyam nəticəsində öldürürlər. İmam zindanda da azadlıqda da olanda onun yanına cəsuslar göndərilirdi. Bu səbəbdən Həzrət (ə) həmişə diqqətli və ehtiyatlı olub. Öz tərəfdarları ilə küçədə görüşəndə belə salamlaşmırdı ki, onların canını təhlükəyə atmasın.
Qeyb dövrünə hazırlıq
Həzrət Məhdinin (ə) qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, qeyb dövründə imamın tanınmasında xüsusi çətinliklərin yaranması da təbiidir. Rəsuli-Əkrəmin (s) dövründən İmam Həsən Əskəri (ə) dövrünə kimi ilahi rəhbərlər İslam ümmətini qeyb dövrünə hazırlaşdırırdılar. İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) bu işdə xüsusi fəaliyyəti nəzərə çarpır. Qeyd olunduğu kimi, 11-ci İmamımız (ə) öz tərəfdarları ilə nümayəndələr vasitəsi ilə əlaqə qurardı. Elə həmin nümayəndələr vasitəsi ilə İmam (ə) öz tərəfdarlarına qeyb dövrü barədə xəbər verirdi, həmçinin müsəlmanları öz imamları ilə nümayəndələr vasitəsilə əlaqə saxlamağa alışdırırdı.Ən yaxın dostlarına isə İmam (ə) öz oğlu Həzrət Məhdini (ə) göstərirdi.
Əlbəttə yaranmış durumdan istifadə etmək istəyənlər də olub. Onlardan biri İmamın (ə) öz qardaşı Cəfər Kəzzab olub. Həzrət Mehdinin (ə) qeybindən istifadə edən bu şəxs özünü imam kimi qələmə verməyə çalışırdı. Həmçinin xəlifə Mötəmid İmamın (ə) bütün ailəsinə nəzarəti gücləndirir. Şəhərin bütün mamaçılarına göstəriş verilir ki, İmamın (ə) xanımlarından hansınınsa hamilə olduğundan şübhələnsələr dərhal xəlifəyə məlumat versinlər. Ancaq bütün bu hərəkətlər İmam Həsən Əskərinin (ə) əvvəlcədən gördüyü tədbirlər nəticəsində faydasız olur: nə İmam Məhdini (ə) tapmaq, nə də ki Əhli-Beyt (ə) tərəfdarlarını öz əqidəsindən döndərmək mümkün olur.
Mötəmid İmam Həsən Əskərinin (ə) nüfuzundan qorxaraq onu həbs edir. Zindanda İmama (ə) qarşı təzyiq və işgəncələr isə xəlifənin planlarına əks-təsir göstərir. Bu səbəbdən, hicri 260-cı ildə (təxminən miladi 874-cü ildə) İmam Həsən Əskəri (ə) 28 yaşında ikən zəhərləndirilərək şəhadətə çatdırılır. Həzrətin mübarək cəsədi Samirədə, öz evində, atası İmam Hadinin (ə) yanında torpağa tapşırılır.