14-Məsum (Əhli-Beyt)İmam Həsən (ə)

İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər

Hər bir şəxsin insanlığının göstəricisi onun elmi, məqamı və sərvəti deyil, əksinə gözəl əxlaqı və mərifətidir. Ona görə də əxlaqi dəyərlərə yiyələnmək hər şeydən mühümdür, çünki bəşər cəmiyyətinin ən çox ehtiyaclı olduğu mövzu gözəl əxlaqdır. Ona görədir ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz İlahi rəsalətinin (insanları hidayət etmək missiyasının) əsasının əxlaqi kəramətlərin, yəni gözəl əxlaqi xasiyyətlərin tamamlanmasından ibarət olduğunu bildirib.
Peyğəmbərimizin (s) müqəddəs yolunun davamçıları olan ismət və paklıq rəmzi Əhli-beyt (onların hamısına Allahın salamı olsun) gözəl əxlaqi sifətlərə yiyələnmiş, üstəlik əxlaqı insanlar arasında yaymaq üçün Allah tərəfindən vəzifələnmişlər. Onlar insanları dəvət etdikləri bütün gözəl sifət və xüsusiyyətlərə malik olduqları üçün insanlara daha çox təsir edə bilmiş, insanlar tərəfindən sevilmişlər.
Dövrümüzdə bir çox insanları görürük ki, özləri malik olmadıqları əxlaq və ədəbi başqalarına öyrətmək əzmindədirlər.
İmam Həsən Müctəba əleyhissalam da İlahi nümunələrdən biridir. O həzrət bütün sahələrdə, xüsusilə də böyük əxlaqa və ən gözəl əxlaqi-mənəvi sifətlərə sahib olmuşdur. O həzrətin həyatını araşdırdıqda görürük ki, imam Həsənin (ə) həyat üslubu və davranış tərzi bütün gözəl əxlaqi dəyərlərin təzahürüdür.
Əxlaqi dəyər və fəzilətlərin əhatəsi çox genişdir, əgər ədəbləri də üzə çıxarsaq onları sayıb qurtara bilmərik. Bununla belə əxlaqi xüsusiyyətlərin bəziləri başqalarından daha mühüm, başqa sözlə bütün əxlaqi fəzilətlərin anası və əsasıdır.
İmam Həsən əleyhissalam əxlaqi kəramətlərin əsasının 10 sifət olduğunu bildirir, belə ki, bu 10 əxlaqi üstünlüklərə yiyələnən insanı əxlaqlı insan adlandrmaq olar. Bu 10 xasiyyət hər bir şəxsin qəlbinə hopmalı, onun canında xasiyyət və təbiətinə çevrilməlidir. Hərçənd bu 10 xasiyyəyin hər birinə yiyələnmək özü bir hünər və dəyərdir. İnsanı kamil əxlaqlı şəxs kimi tanıtdıra biləcək xüsusiyyətlər bu 10 əxlaqi sifətlərin toplusudur.
İmam Həsənin (ə) əxlaq dairəsində qeyd etdiyi 10 üsul əsasən ictimai davranış məsələlərinə aid olan işlərdəndir.
İndi isə həmin hədisə nəzər salaq;
İmam Həsən Müctəba əleyhissalam buyurur:
مكارم الأخلاق عشر : صدق اللسان و صدق الباس و اعطاء السائل و حسن الخلق و المكافاة بالصنائع و صلة الرحم و
و التذمم على الجار و معرفة الحق للصاحب و قرى الضيف و رأسهن الحياء
“Ən gözəl əxlaq ondur: Düz danışmaq, düzlük, ehtiyaclıya yardım etmək, xoş xasiyyət, yaxşı işlərə görə mükafatlandırmaq, sileyi-rəhm, qonşunu himayə etmək, dost üçün haqqı tanımaq, qonaqpərvərlik və bunların hamısının başı olan Həya.
Tarixi Yəqubi 2-ci cild 157-ci səhifə
.
Hədisin şərhi:
1- Düz danışmaq.
Hər bir insan əgər düz danışmağın möcüzəvi təsirlərini görərsə “düz danışmaq” xüsusiyyətinin vurğunu olacaq, düz danışmağı özünün həyat proqramının ayrılmaz bir hissəsi biləcəkdir.
Düz danışmağın insana bəxş etdiyi birinci təsir və fayda ictimai həmkarlıqlarda, ümumiyyətlə cəmiyyət içində insanların etimad və inamını qazanmaqdır.
İnsanın ictimai varlıq olduğunu və onun tək yaşamasının mümkünsüzlüyünü, həmçinin insanlarla ünsiyyətə ehtiyaclı olduğunu nəzərə aldıqda insanların inam və etimadlarını qazana bilməyin nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Bu inamı qazanmağın yolu isə “düz danışmaq” xüsusiyyətidir.
.
2- Çətinlik və çarəsizlik zamanı düzlük
Təbiidir ki, əmin-amanlıq və qüdrətə malik olan insan düzlük və sədaqətə meyilli olur, əyrilik və yalançılıqdan çəkinir.
Düzlük və mərdlik həmin insanda o zaman əxlaqi xüsusiyyətdən olar ki, çətinlik, çarəsizlik və sıxıntı zamanı da düzlüyünü qoruya bilsin.
Bir çox insanlar çətinlik zamanında, məsələn, cəzadan yayınmaq üçün, ya özünü müdafiə edə bilməyəndə, ya layiq olmadığı mənfəət və qazancı əldə etmək üçün əyrilik və yalana əl atırlar.
Deməli, insanın düzlük və sədaqətinin göstəricisi onun çətinlik və çarəsizlik zamanındakı mövqeyi zamanı bəlli olur.
.
3- Ehtiyaclı insana yardım etmək
Qurani-kərim Məaric surəsinin 24 və 25-ci ayələrində buyurur:
“O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır. Dil ilə istəyən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün.”
Tarix boyu insanların icra etməkdə çətinlik çəkdikləri mövzu ehtiyaclı insanlara yardım etmək olmuşdur. Xüsusilə də insan qarşı tərəfin (ehtiyaclı insanın) şəxsi vəziyyətindən xəbərsiz olduğu zaman həmin şəxsə yardım etməyə daha çox çətinlik çəkir. Şeytan müxtəlif vəsvəsələri onun qəlbində və zehnində dolandıraraq ehtiyaclı insanlara əl tutmamağa vadar edir.
İmam Həsənin (ə) bu hədisində “Ehtiyaclı insana yardım etmək” əxlaqi xüsusiyyətdən sayılır, çünki ehtiyaclı insanın özü hansı vəziyyətə malik olmasının aşkar dəlilidir. Ehtiyaclı insanın öz yoxsulluğuna etiraf etməsi, xüsusilə də o, imanlı və əxlaqlı olduğu zaman, ona yardım etmək böyük hünər və fəzilətdir.
Əlbəttə, insanlar həmişə iman və əxlaqa malik olan ehtiyaclı insanları tanımalı, onlara yardımlarını əsirgəməməlidirlər.
.
4- Xoş rəftar
Əxlaqın ən bəlkə də ən çox cilvələndiricisi xoş üzlü və xoş xasiyyətli olmaqdır. Xoş xasiyyətli insan başqalarının malına və sərvətinə şərikdir. Çünki başqalarını özünə cəlb etdirmək və onların sevgisini qazanmağın ən yaxşı yolu xoş xasiyyətli olmaqdır.
.
5- Görülən işləri mükafatlandırmaq
Hər bir şəxs etdiyi yaxşı işlərə görə başqaları tərəfindən təşviq olunmasını və mükafatlandırılmasını istəyir. Başqalarının yaxşı işlərini dəyərləndirmək və onlara əhəmiyyət vermək gözəl əxlaqi xüsusiyyətlərdən sayılır. İnsan başqalarının yaxşı işlərini, hətta o işlər kiçik olsalar belə, dəyərsiz cilvələndirə bilməz, ən azı dili ilə onu mükafatlandırmalı, yəni alqışlamalıdır. Bu məsələ təkcə insanın özü üçün edilən yaxşı işlərlə məhdudlaşmır, üstəlik cəmiyyətdə hər bir kəsin başqaları üçün etdiyi yaxşı işlər hamı tərəfindən qiymətləndirilməlidir.
Bu gözəl əxlaqi sifətin əsası Allaha məxsusdur. Belə ki, Allah Taala insanların yaxşı işlərinə görə onlara çoxlu mükafatlar verir, halbuki insanların yaxşı işlərinin Allaha zərrə qədər xeyiri yoxdur.
.
6- Sileyi-rəhm, qohumlarla əlaqə və ünsiyyət
Sileyi rəhm, yəni qohumlar və yaxınlarla əlaqə və ünsiyyət ən üstün əxlaqi dəyərlərdəndir, amma sileyi-rəhm təkcə əxlaqi məsələlərdə məhdudlaşmır, çünki iman qohumluğu və əqidə qardaşlığı bir çox cəhətdən qan qohumluğundan daha güclüdür.
Ümməti yaradan qan və soy deyil, əqidə və etiqaddır.
Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır.
.
7- Qonşunu himayə etmək
İnsanın ən çox ünsiyyətdə olduğu şəxslərdən biri də onun qonşularıdır. Odur ki, qonşuluq haqql İslamın ən çox önəm verdiyi haqlardandır.
Qonşünü himayə etmək, yəni qonşuya havadarlıq və qayğı göstərmək ən gözəl əxlaqi xüsusiyyətlərdəndir.
Əxlaq insandan tələb edir ki, qonşunu hər bir cəhətdən –can, mal, abır və ilaxır- himayə etsin, qonşuya qarşı zülm və haqsızlığa imkan verməsin, onu müdafiə etsin. Axirətə qalan həmin işlərdir.
.
8- Dostu ilə əlaqədar olan haqqı tanımaq
Dost o şəxsdir ki, insana rahatlıq və dinclik bəxş etsin, ona cənnət və cəhənnəmi tanıtdırsın. Çünki dostlar qarşılıqlı təsirlərə malikdirlər, onların arasında əqidə, rəftar və xasiyyət cəhətindən uyğunluq yaranır. İmam Həsən əleyhissalam başqa bir hədisdə dostun haqqını öz övladına açıqlayarkən buyurur: “Oğlum, bir nəfərlə dostluq etmək istədikdə əvvəlcə onun haralara get-gəl etdiyini öyrən, onun halından yaxşı xəbərdar olduqdan sonra onun yaşayış tərzini (ünsiyyətini) bəyənsən, onunla dostluq et. Bir şərtlə ki, onunla ünsiyyətdə onun xatalarına göz yum və çətinliklər zamanı onun yanında ol.”
.
9- Qonaqcıl və qonaqsevənlik
Qonağı sevmək, qonağa hörmət etmək ən böyük əxlaqi dəyərlərdən olmaqdan əlavə, bütün xalqların qəbul etdiyi və tanıdığı bir dəyərdir.
Şükür Allaha ki, xalqımız tarix boyu bütün dünyada qonaqpərvərliyi və qonaqsevərliyi ilə tanınmışdər. Hətta sevimli Peyğəmbərimizin (s) və məsum İmamların (ə) övladları və əqrəbası öz ölkələrində təzyiqdə olduğu zamanlarda Azərbaycana pənah gətirmişlər.
.
10- Bunların hamısının başı (əsası) olan Həya
İmam Həsənin (ə) həyanı bütün əxlaqi işlərin başı adlandırması ona görədir ki, həya həqiqətdə ağıl və dinin həmişəlik və ayrılmaz yoldaşıdır. Yəni həyası olmayanın dini və ağılı da yoxdur. Dini və ağılı olan şəxsin həyası da vardır.


RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir