Mübarək Ramazan ayının 15 -ci günü İmamət (ə) səmasının ikinci ulduzu həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günü münasibətilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik. İmam Həsənin (ə) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:
İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı.
İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir.
Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) “Oğlum!” – deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. “Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61) “oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. (“Ət-təbəqatul-kubra”, İbn Səd, s.167.)
Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar.
Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm…” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c.2, s.427.) Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” “Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər.” (“Əl-irsad”, Şeyx Müfid, s. 220.)
Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, “Əzd” qəbiləsindən bir nəfər fəryad edərək dedi: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)
İmam Həsənin (ə) həyatı ilə qısa tanışlıq
Oxşar yazılıar
Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı
(Rəbiül-əvvəl ayının 10-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin…
Əzadar klassiklərimizi tanıyırıqmı?
Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə…