Quran TəfsiriQURANI KƏRIM

“İsra” surəsi xülasə təfsiri və tərcüməsi

“İsra” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Dəlillərimizdən bəzisini göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidül-həramdan ətrafını xeyir-bərəkətli etdiyimiz Məscidül-əqsaya aparan (Allah) pak və müqəddəsdir. Çünki O, eşidəndir, görəndir.
  2. Biz Musaya səmavi kitab verdik və onu İsrail oğullarına doğru yol göstərən bir vasitə edərək dedik: “Məndən başqasını özünüzə himayədar götürməyin!”
  3. Ey Nuhla birlikdə (gəmiyə) mindirdiklərmizin övladları! O, şükür edən bir qul idi.
  4. Biz kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik.
  5. Birinci vədin vaxtı yetişdiyi zaman sizə qarşı döyüşçü qullarımızı göndərərik. (Onlar sizi məhv edərlər, hətta cinayətkarları yaxalamaq üçün) evləri axtararlar. Bu, qəti bir vəddir.
  6. Sonra sizi onlar üzərində yenidən qalib edər, var-dövlət və oğullarla sizə yardım edər və sayınızı çoxaldarıq.
  7. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, yenə də özünüzə etmiş olursunuz. İkinci vədin vaxtı yetişdiyi zaman üzünüzdə qəm-qüssə əlamətləri aşkar olar, birinci dəfə məscidə (Əqsaya) girdikləri kimi, (yenə də) girərlər və hökmranlıqları altına aldıqları hər şeyi məhv edərlər.

————————————————————————————–

“İsra” surəsinin ümumi məzmunu: Təkallahlıq inancı və şirkin inkarı bu surənin əsas məzmununu təşkil edir. Surə Allahın nöqsansız olması ifadəsi ilə başlayır. Sonra Allahın İsrail oğulları üçün təyin etdiyi tale yolundan bəhs edir. Bununla da Allaha itaət edənin izzətli, itaətindən boyun qaçıranın isə xar olacağı mesajı verilir. Surədə xilqət və məadla bağlı olan bəzi həqiqətlər, dinin bəzi ümumi hökmlərindən bəhs edilir[1].

  1. Merac: Bu ayədə Peyğəmbərin (s) “merac” adı ilə tanınmış ilahi və heyətamiz səfərinə işarə edilmişdir. Bundan başqa “Nəcm” surəsinin də ilk ayələrində ilahi səfərə işarə edilmişdir. Əlbəttə, hədislərdə Məscidül-həramdan Məscidül-əqsaya hərəkət sözügedən səfərin başlanğıcı kimi göstərilmiş, bundan sonra yer, sonra göy və daha irimiqyaslı bir səfərin baş verdiyi qeyd edilmişdir. Bu ilahi səfərin necəliyi, səfər zamanı Peyğəmbərin (s) başına gələnlər, onun nələri görməsi ilə bağlı hədislərdə ətraflı məlumat verilmişdir. Hədislərdə “Merac” gecəsi Peyğəmbərin (s) mələklərlə, peyğəmbərlərin ruhları ilə görüşməsi, Cənnətlə Cəhənnəmi yaxından görməsi, heç bir vasitə olmadan Allahla danışması qeyd edilmişdir[2]. Daha ətraflı məlumat almaq istəyənlər təfsir və hədis kitablarına müraciət edə bilərlər.
  2. İnsanlar Nuh (ə) və onun gəmi yoldaşlarının soyundandır: Quran ayələrindən belə məlum olur ki, insanlar Nuh (ə) və onun gəmi yoldaşlarının soyundandırlar. Qalan insanlar o dövrdə həzrət Nuha (ə) iman gətirmədikləri və öz küfrlərində inadkarlıq göstərdikləri üçün tufanda məhv oldular. Belə ki, “Saffat” surəsində belə buyurulmuşdur: “Onun övladlarını (yer üzündə) baqi etdik… Sonra başqalarını (Nuhla düşmənçilik edənləri) suda boğduq.” (“Saffat” surəsi, 77 və 82- ci ayələr)[3].
  3. Nuh – Allahın şükür edən bəndəsi: Şübhəsiz ki, bütün peyğəmbərlər Allaha şükür edirlər. Lakin hədislərdə Nuh (ə) bu xüsusisiyyətlə səciyyələndirilmiş, onun bu xüsusiyyətə daha çox layiq olduğu qeyd edilmişdir. O, paltar geyinəndə, su içəndə, yemək yeyəndə, hər hansı nemətə qovuşanda dərhal Allahı xatırlayar və şükür edərmiş. İmam Baqir (ə) və İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə qeyd edilmişdir: “Nuh hər gün səhər-axşam bu duanı oxuyardı: Ey Rəbbim, mən şahidlik edirəm ki, səhər-axşam mənə verilən nemətlər istər dini olsun, istərsə də dünyəvi, hamısı Sənin tərəfindəndir. Təksən və şərikin yoxdur, həmd də, şükür də Sənə məxsusdur. Məndən razı qalana qədər Sənə şükür edərəm. Hətta məndən razı qaldıqdan sonra belə sənə şükür etməkdən əl çəkmərəm.” Sonra imam belə əlavə etmişdir: “Nuhun şükürü belə olmuşdur.”[4]

4-8. Bu ayələrdə hansı hadisələrə işarə edilmişdir? Ayələrin məzmunu aydındır. Lakin ayələrdə konkret hansı hadisələrdən bəhs edildiyi, nə vaxt, harada baş verəcəyi, döyüşkən və güclü insanlar deyilərkən kimlərin və hansı məscidin nəzərdə tutulduğu açıq şəkildə qeyd edilməmişdir. Bəzi təfsirçilər hesab edirlər ki, ayədə işarə edilən hər iki hadisə İsrail oğullarının tarixində baş vermişdir. Babil hökmdarı Büxtünnəsrin İsrail oğullarına hücumu, nəticədə, Bəni-İsrailin hakimiyyətinin tamamilə yerlə yeksan edilməsi, Heykəl məbədinin uçurulması, Tövrat səhifələrinin yandırılması, kişilərin qətliamı, qadın və qocaların əsir götürülməsi, bu vəziyyətin II Kirin zamanına qədər davam etməsi, onun zamanında İsrail oğullarının əsarətdən xilas olması, yenidən həyat qazanması bu hadisələrdən birincisi, İsanın təvəllüdündən yüz il qabaq Roma imperatoru Espiyanosun əmri ilə vəziri Tərtusun Beytül-müqəddəsi viran qoyması, İsrail oğullarını qətlə yetirməsi, bu didərgin həyatın son illərə, yəni yəhudilərin müstəmləkəçi dövlətlərin köməyi ilə çoxlu cinayətlər törədərək möhkəm olmayan bir dövlət qurduqları son illərə qədər davam edən vəziyyətləri həmin hadisələrdən ikincisi ola bilər[5].

  1. Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz qayıtsanız, Biz də qayıdarıq. Cəhənnəmi kafirlər üçün bir həbsxana etdik.
  2. Bu Quran ən qətiyyətli yola yönəldir və yaxşı işlər görən möminlərə müjdə verir ki, onlar üçün böyük mükafat olacaq.
  3. Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq.
  4. İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan hər zaman tələskəndir.
  5. Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi aydın şəkildə izah etdik.
  6. Hər bir insanın əməllərini öz boynundan asdıq. Qiyamət günü onun üçün qarşısında açıq şəkildə görəcəyi bir kitab çıxararıq.
  7. (Ona deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.
  8. Kim doğru yola yönəlirsə, özü üçün yönəlir, kim azğınlığa düşürsə, öz zərərinə azğın olur. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Biz peyğəmbər göndərmədən əzab vermərik.
  9. Biz hər hansı şəhəri və məmləkəti məhv etmək istəsək, öncə əmrlərimizi oranın naz-nemət içində yaşayan sakinlərinə bəyan edərik. Qarşı çıxdıqlarında və əzaba məhkum olduqlarında onları şiddətli şəkildə yerlə-yeksan edərik.
  10. Nuhdan sonrakı əsrlərdə yaşamış neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin qullarının günahlarını bilməsi və görməsi kifayətdir.

—————————————————————————————-

  1. İnsanın duası özünün zərərinə ola bilər: Bu ayədə dua daha geniş məna ifadə edir, istənilən çağırış və istəyi, dillə edilən duanı və ya nəyinsə əldə edilməsi üçün göstərilən səyləri ehtiva edir. Əslində, daha çox gəlir və mənfəət əldə etmək üçün insanın tələskənlik etməsi onun qarşısında duran məsələləri ərtaflı şəkildə araşdıra bilməməsinə səbəb olur. Bu tələskənlik isə onun öz həqiqi xeyrini müəyyən edə bilməməsi ilə nəticələnir. Nəfsani istəklər həqiqəti insanın gözündə fərqli göstərir və onu şər və pisliyə doğru getməyə sövq edir. Şər və pislik başlanğıcda insana gözəl görünür, sonra insan onu istəməyə başlayır və düşünür ki, həqiqətən, yaxşı yoldadır. Buna görə də dəyişik salmamaq üçün əsl xeyir və şəri tanımaq çox mühüm məsələdir. “Bəqərə” surəsinin 216-cı ayəsində belə buyurulur: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun”. Ayə və hədislərin çoxunda dünya sevgisi, məqam və vəzifə sevgisi, daha çox var-dövlət sevgisi pislənmişdir. Çünki onlar kənardan xoşbəxtlik və səadət kimi görünsələr də, daxildə qaranlıq və zülmət ola bilər. İmam Sadiq (ə) hədislərinin birində: “Öz xilas və həlak yolunu tanı. Allahdan xilasına səbəb olacağını güman etdiyin, lakin məhvinə səbəb olacaq bir şey əsla istəmə!” – deyə buyurmuş, sonra bu ayəni oxumuşdur[6].
  2. İnsanın əməlləri hər zaman onunla birlikdədir: “Tair” bu ayədə yaxşı və pis fal və ya bəxt-tale mənasındadır. Quranda belə buyurulur: Yaxşı və pis fal yalnız boynunuzdan asılmış əməllərdən ibarətdir. “Hər bir insanın əməllərini öz boynundan asdıq”, yəni insanın əməlləri və onların nəticələri nə dünyada, nə də axirətdə ondan ayrı deyil. O, bütün hallarda həmin əməllərin məsuliyyətini daşıyır. Hər nə varsa, əməldir, qalanları yalnız sözdür. Ayə və hədislərdən belə məlum olur ki, insanın bütün əməlləri xırdalıqlarına qədər əməl dəftərində qeyd edilir. Əgər insan yaxşı və saleh əməl sahibidirsə, Qiyamət günü əməl dəftəri sağ əlinə verilər, yox əgər pis əməl sahibidirsə, əməl dəftəri sol əlinə verilər[7]. “Kəhf” surəsinin 49-cu ayəsində belə buyurulmuşdur: “(Bütün insanların) kitabı (orada qarşısına) qoyulacaq və sən günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”
  3. Sərxoş varlılar və ilahi əmr: Ayəni oxuyarkən belə bir sual yarana bilər ki, nə üçün cah-cəlal içində yaşayan şəhvətpərəst varlılar ilahi əmrin xitab obyekti olurlar? Qeyd etməliyik ki, əvvəla, sağlam olmayan cəmiyyətlərdə liderlər varlılar, naz-nemət içində yaşayan dövlətlilər, itaət edənlər isə sıravi insanlar olurlar. İkincisi, ictimai fəsadların çoxunun mənbəyi də naz-nemət içində bəslənmiş, nəfsani istəklərə qərq olmuş, istənilən islahat tələb edən insani və etik çağırışlara ikrah hissi ilə baxan, Allahı unutmuş varlılardır. Buna görə də varlılar peyğəmbərlərə qarşı çıxanların ön sıralarında yer almışlar, sosial ədalətin hakim olmasını və zəif təbəqənin hüquqlarının müdafiəsini tələb edən insanların çağırışlarını onlara qarşı yönəlmiş hücumlar hesab etmişlər. Bu cəhətlərə görə varlılar xüsusilə qeyd edilmişdir. Çünki fitnə-fəsadın əsl kökü məhz bu qrupdur. Habelə bu ayə mömin və Allah axtarışında olan insanlara hökuməti nəfsani istəklərə uymuş kapitalistlərin əlinə verməmək və onlara tabe olmamaqla bağlı xəbərdarlıq edir. Əks təqdirdə cəmiyyət məhv olar[8].
  4. Hər kəs fani dünya həyatını istəsə, ondan yalnız istədiyimiz miqdarı istədiyimiz şəxsə verərik. Sonra isə Cəhənnəmi onlar üçün hazır edərik, oranın yandırıcı odunda qınanmış və (Allahın dərgahından) qovulmuş halda yanacaqlar.
  5. Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, səy (və zəhməti) mükafatlandırılar.
  6. Bu iki dəstənin hər birinə Rəbbinin nemətlərindən bəxş edirik. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir.
  7. Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirət dərəcələri və üstünlükləri bundan da artıqdır.
  8. Allahla yanaşı başqa məbudlara ibadət etmə, yoxsa xar olar, tək-tənha qalarsan.
  9. Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağınızı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlarla incə, mülayim, hörmətlə danış!
  10. Təvazökarlıq qanadlarını incə və sevgi-məhəbbətlə onların qarşısına sər və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
  11. Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız (və yanlışlarınızı düzəltsəniz), O, tövbə edənləri bağışlayandır.
  12. Qohum-əqrəbaya da, yoxsula da, yolda qalana da haqqını ver, ancaq israf və bədxərclik etmə!
  13. Çünki israfçılar şeytanların qardaşlarıdır. Şeytan Rəbbinə qarşı çox nankordur.

————————————————————————————-

18-20. Dünyanı istəyənlər və axirəti istəyənlər: Bu ayələrdə dünyanı istəyənlərin və axirəti istəyənlərin hər birinin vəziyyətindən və aqibətindən bəhs edilir. Ayədə çox mühüm nüanslara işarə edilib. Burada onlardan üçünü müxtəsər şəkildə qeyd edirik: 1. Ayədə dünya istəyənlərin bütün istədiklərinə nail olacaqları buyurulmur. Allah dünya istəyənləri iki qrupa bölür: Birincisi, dünya istəyənlər istədiklərinin bir qisminə nail olurlar. O miqdarı da Biz təyin edirik. İkincisi, hər kəs də bu miqdara nail olmur. Yalnız Biz istədiklərimiz təyin etdiyimiz miqdara nail olur. Deməli, dünyapərəstlərin hamısı istədiyinə çatmayacaq. Çatanlar isə istədiklərinin hamısına çatmayacaq. Gündəlik həyatımız bu iki məhdudiyyətin mövcudluğunu açıq şəkildə göstərir. O qədər adam var ki, gecə-gündüz çalışır, ancaq bir yerə çatmır. O qədər adam var ki, bu dünyada uzun-uzadı arzuları var, ancaq onların yalnız kiçik bir qismini əldə edib. 2. Dünyapərəstlərin aqibətinin necə olacağı belə qeyd edilir: Cəhənnəmi onlar üçün hazır edərik”. Ancaq axirət dünyasının aşiqləri haqqında belə buyurulur: “Onların səy və zəhməti mükafatlandırılar. Yəni Allah-taala onların səy və zəhmətlərinin mükafatını verər. Bu ifadə “onların mükafatı Cənnət olacaq” ifadəsindən daha üstün, daha əhatəlidir. Çünki hər bir kəsin Allah tərəfindən veriləcək mükafatı əməl sahibinin etdiyi əməlin miqyası deyil, mükafatı verənin şəxsiyyət və varlıqlığının miqyası ilə ölçülür. Bu əsasla Allahın verəcəyi mükafat Onun sonsuz zatı, təsəvvürümüzə gələn-gəlməyən maddi və mənəvi nemətlərə münasibdir. 3. Allah-taala nemətlərinin bir hissəsini hamının ixtiyarına verir, pis-yaxşı, hər kəs onlardan faydalanır. Bu, insanların həyatı üçün zəruri olan nemətlərə işarədir. Başqa sözlə desək, bu, Allahın ümumi rəhmətinin bütün mömin və kafirlərə şamil olmasını göstərir. Ancaq bunun fövqündə yalnız möminlərə və əmlisalehlərə məxsus olan sonsuz nemətlər var[9]. Əlbəttə, qeyd etməliyik ki, bu və oxşar ayələrdə dünya istəmək deyilərkən dünya, dünya ləzzətləri və gözəlliklərinin məqsəd seçilməsi nəzərdə tutulur. Yoxsa, dünayaya axirət xoşbəxtliyinə nail olmaq üçün bir vasitə kimi baxılması aləmlərin Rəbbinin Öz istəyidir. Gözəl axirət həyatına nail olmaq üçün dünyanın abad edilməsi və gözəlliyinə çalışmaq, bunun üçün dua və çağırışlar etmək çox bəyənilən və doğru bir işdir.

23-25. Ata-anaya yaxşılıq: Bu ayələrdə təkallahlı olmaq əmri verildikdən sonra ata-anaya yaxşılıq etmək göstərişi verilmişdir. Bu da qeyd olunan məsələnin həddən artıq əhəmiyyətli olduğundan xəbər verir. Ayədə diqqət çəkən ən mühüm məqamlardan biri də budur ki, valideynə yaxşılıq edilməsi əmri onların ən çətin vaxtları, yəni yaşlı olduqları dövrlə konkretləşdirilir. Çünki ixtiyar yaşlarında onlar yemək, içmək, təmizlik və sair kimi ən zəruri ehtiyaclarını təmin etmək iqtidarında olmaya, övladlarına ehtiyac duya bilərlər. Ata-anaya yaxşılıq etmək bütün yaş hədlərində vacib olsa da, qocaqldıqları vaxt bu, daha da vacib olur. Allah Quranda buyurur ki, onlara baxılması çətinliyini canınızla ödəyin, ən kiçik hörmətsizliyə belə yol verməyin, onların da sizin əzablarınıza dözdükləri vaxtı, özlərini oda-suya yaxdıqları, ancaq şikayətlənmədikləri vaxtları yadınıza salın. Valideynə yaxşılıq etmək o qədər mühümdür ki, bəzən cihaddan da vacib olur. Belə ki, cihad bütün insanlara vacib olduğu səfərbərlik deyil, könüllü iştirak tələb olunduğu vaxt valideynə baxmaq cihaddan üstün olur. Könüllü çağırış vaxtı əgər cihada getmək valideynin çətinliyə düşməsinə səbəb olacaqsa, cihada gedilməsinə icazə verilmir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: Bir gənc Allah rəsulunun (s) yanına gəlib deyir: Mən təcrübəli və yüksək əhval-ruhiyyəli bir adamam, cihad etməyi də çox sevirəm, ancaq bu istəyimdən narahat olan bir anam var. Peyğəmbər (s) buyurur: “Qayıt, ananla yaxşı davran. Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, ananın səninlə ünsiyyətdə olduğu bir gecə Allah yolunda edilən bir illik cihaddan üstündür.”[10]

  1. Qohumların haqqı: “Rum” surəsinin 38-ci ayəsində bu mövzunu izah edəcəyik.
  2. Əgər sən Rəbbindən mərhəmət umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara heç nə verə bilmirsənsə), onlarla xoş və nəzakətli danış.
  3. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç. Yoxsa qınanmış və aciz vəziyyətə düşərsən.
  4. Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol, ya az edər. O, Öz qullarını tanıyır və görür.
  5. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.
  6. Zinaya yaxınlaşmayın. Çünki bu, çox çirkin bir iş və pis bir yoldur!
  7. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, vəkilinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.
  8. Yetim həddi-buluğa çatana qədər, xeyirxahlıq məqsədi istisna olmaqla, onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki əhd barəsində sorğu-sual olunacaqdır.
  9. Ölçdükdə ölçüyə tam riayət edin, düzgün tərəzi ilə çəkin. Bu, sizin üçün daha xeyirli və nəticəsi daha yaxşıdır.
  10. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısından soruşulacaq.
  11. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilərsən, nə də qamətin dağlara çata bilər.
  12. Bütün bu əməllərin günahı Rəbbinin xoşlamadığı bir şeydir.

—————————————————————————————-

  1. Allah yolunda xərcləyərkən orta həddi gözləmək: İmam Sadiqdən (ə) belə bir məzmunda hədis nəql edilmişdir: Əgər kimsə Peyğəmbərdən (s) ehtiyac duyduğu bir şey istəsəydi, verərdi. Bir gün bir qadın oğlunu Peyğəmbərin (s) yanına göndərib deyir: Peyğəmbərdən (s) bir şey istə, əgər desə ki, yoxumdur, onda köynəyini istəyərsən. Oğlan belə də edir. Üstündə heç nəyi olmadığı üçün Peyğəmbər (s) köynəyini verməli olur. Həmin vaxt Allah-taala bu ayəni göndərərək ona bütün üstün cəhətlərinə baxmayaraq sədəqə verərkən orta həddi gözləməyi, sədəqə verərkən onu minimum həyat təminatlarından məhrum edəcək həddə israfçılığa yol verməməyi göstəriş verir[11].
  2. Övlad qətlinin qadağan edilməsi: Övladın tələf edilməsi Quranın bir neçə yerində qadağan edilmişdir. İnsan qətlinin bir forması hesab edilən bu çirkin davranış xüsusilə yasaq edilmişdir. Çünki övlad öldürmək bədbəxtlik və daşürəkliliyin ən çirkin formasıdır. Bu məsələyə xüsusilə diqqət ayrılmasının bir səbəbi də budur ki, ərəblər tez-tez qıtlıq baş verən bir regionda yaşayırdılar. Qıtlıq əlamətlərini müşahidə etməyə başlayarkən yoxsullaşmamaq və abırlarını qorumaq üçün gördükləri ilk iş övladlarını öldürmək olurdu[12]. Maraqlısı budur ki, müasir dövrün insanları keçmişdəkilərin bu çirkin davranışları haqqında eşitdikdə dəhşətə gəlir, qorxuya düşürlər. Halbuki eyni cinayəti uşaq saldırmaqla həyata keçirirlər, hətta dünyanın ən mütərəqqi cəmiyyətlərində əhali artımı və iqtisadi böhranın qarşısını almaq üçün bu cinayətə əl atırlar[13].
  3. Zinaya yaxınlaşmayın: Bu ayədə zina qadağan edilməklə yanaşı, çox incə bir məqama da toxunulmuşdur. O da budur ki, adıçəkilən günahın təhrikediciləri vardır və insan bu günaha tədricən bulaşır. Göz oxşamaq, naz-qəmzə, çılpaqlıq, hicabsızlıq, günaha təhrik edən kitablar, fəsad ocaqları, naməhrəmlə xəlvət, gənclərin evlənməməsi, tərəflərin ailə qurulması məsələsini çətinləşdirməsi və sair insanı zinaya təhrik edən, ona yaxınlaşdıran amillərdir. Allah-taala kiçik bir cümlədə onların hamısını qadağan etmişdir[14].
  4. Qətldə həddi aşmaq: “Qətldə həddi aşmayın!” cümləsində Cahiliyyət dövründə geniş yayılmış, dövrümüzdə də təsadüf edilən bir əmələ işarə edilmişdir. Belə ki, bəzən qətlə yetirilmiş bir nəfərin əvəzində qətlə yetirilən şəxsin yaxınları bir qəbiləni və ya bir ailəni qətlə yetirir, çoxlu qanlar tökürlər. Hətta qətl hadisəsində də ədalətə riayət edilməsinin zəruriliyi möminlərin əmiri İmam Əlinin (ə) vəsiyyətlərində yer almış prinsiplərdəndir: “Ey Əbdülmüttəlibin övladları! Mənim qətlə yetirilməyimi bəhanə gətirib müsəlmanların qanını tökməyinizi, “möminlərin əmiri öldürüldü, möminlərin əmiri öldürüldü” deməyinizi görməyim. Siz də ona bir zərbə vurun! Məbada onun bədən üzvlərini kəsəsiniz. Çünki mən Allah rəsulundan (s) “hətta quduz it olsa belə, üzvləri kəsməkdən çəkinin!”, – deyə buyurduğunu eşitdim.”[15]
  5. Bilmədiyinin dalınca getmə: “Bilmədiyinin dalınca getmə” cümləsinin mənası çox genişdir, etiqad, danışmaq, şahidlik etmək, hökm vermək və sair məsələləri əhatə edir. Hər şeydə meyar elm və əminlik olmalıdır. Zənn, güman, ehtimal, təxmin, şəkk-şübhə və sairəyə etimad göstərmək olmaz. İmam Kazim (ə) atasına istinadən belə buyurmuşdur: “Sən ürəyin istəyəni deyə bilməzsən. Çünki Allah “bilmədiyinin dalınca getmə”, – deyə buyurmuşdur.”[16] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Allah-taala mömin kişi və ya qadına böhtan atan şəxsi tam cəzalandırmaq üçün çirkin əməllə məşğul olan qadınlara aid çirk və çirkabın içində saxlayar.”[17]
  6. Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış və qo­­vulmuş halda Cəhənnəmə atılarsan.
  7. Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürüb?! Siz olduqca böyük (və çirkin) söz danışırsınız.
  8. Xatırlamaları üçün Biz bu Quranda müxtəlif faydalı açıqlamalar verdik. Lakin (bu,) onların yalnız nifrətini artırır.
  9. De: “Əgər onların söylədikləri kimi, Allahla yanaşı başqa tanrılar olsaydı, onlar ərş sahibinə doğru yol tapmaq üçün səy göstərərdilər”.
  10. Allah onların söylədiklərindən ucadır, çox ucadır, çox təmizdir.
  11. Yeddi göy, yer və onlarda olanlar, hamısı Ona təriflər deyir. Hər bir yaranmış Ona həmd və tərif deyir, lakin siz onların tərifini anlamazsınız. O, səbirlidir, bağışlayandır.
  12. Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkirik.
  13. Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək olduğunu yad etdiyin zaman onlar arxa çevirir, səndən üz döndərirlər.
  14. Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını, habelə öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.
  15. Gör səni kimlərə bənzətdilər! Nəticədə, azdılar və doğru yolu tapa bilməzlər.
  16. Onlar dedilər: “Biz çürümüş və dağılmış sümüklər olduğumuz zaman təzədən yeni bir yaranmış olacağıq?”

————————————————————————————

  1. Cahil inanc: Bu ayədə müşriklərin xurafat inanclarından birinə işarə edilmiş, onların məntiq və təfəkkürünün əsasına aydınlıq gətirilmişdir. Belə ki, müşriklərin çoxu mələklərin Allahın qızları olduğuna etiqad bəsləyirdi. Ancaq özləri qız adı eşidəndə utanc hissi keçirir, onun varlığını özlərinə ar bilir, evdə qız uşağının dünyaya gəlməsini bədbəxtlik əlaməti hesab edirdilər. Quran onlara öz məntiqləri ilə cavab verərək belə buyurur: Siz o qədər nadansınız ki, özünüzə ar bildiyinizi, varlığından utanc hissi keçirdiyinizi Allaha aid edirsiniz[18].
  2. Qarşıdurma arqumenti: Bu ayədə tövhid arqumentlərindən biri hesab edilən qarşıdurma arqumentinə işarə edilmişdir[19]. Belə ki, müşriklər Allahdan başqa tanrıların da olduğuna, onların hər birinin dünyanı ayrı-ayrı cəhətlərdən idarə etdiyinə inanırdılar. Müşriklərə görə onlar yer tanrısı, göy tanrısı, müharibə tanrısı, Qüreyşin tanrısı və sair olmaqla dünyanın idarə edilməsində pay sahibidirlər. Bu ayədə bildirilir ki, əgər belə olsaydı, onların hər biri ərşin sahibinə doğru hərəkətə keçər, Onu taxtdan salıb özü də Onun yerinə keçmək üçün çalışardı. Hər bir varlığın daxilində qüdrət və hakimiyyət sevgisi olduğu üçün onlar da qüdrət və hakimiyyətin tam sahibi olmaq üçün bir-biri ilə mübarizəyə qalxardılar. Belə bir mübarizə və qarşıdurma olmaması, kainatın vahid bir proqram əsasında hərəkət etməsi kainatın vahid bir idarəedicisinin olduğunu göstərir[20].
  3. Mövcudat aləminin tərif deməsi: Quranın ayrı-ayrı ayələrində mövcudat aləminin Allaha həmd və tərif deməsindən söhbət açılmışdır. Bəlkə də bu ayə heç bir istisna etmədən bütün yaradılış aləminin tərif və sitayişdə ortaq olduğunu tamamilə açıq şəkildə ifadə edən ayədir. Ancaq təfsirçilər bu tərifin keyfiyyəti ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bir qrup təfsirçi hesab edir ki, canlı, cansız, şüurlu, şursuz olmasından asılı olmayaraq kainatın bütün zərrələri özünəməxsus şüur və idraka malikdir və öz aləmində Allaha həmd və tərif deyir. Hərçənd ki, biz onların dərk və hisslərinin hansı formada olduğunu anlaya bilmir, həmd və tərif zümzümələrini eşidə bilmirik. “Fussilət” surəsinin 11-ci ayəsində belə buyurulmuşdur: “Sonra Allah tüstü halında olan göyə üz tutaraq ona (göyə) və yerə belə əmr etdi: “İstəsəniz itaət göstərib, istəsəniz məcburi olaraq meydana gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.” Bu və bənzər ayələri qeyd olunan inancın təsdiqləyicisi hesab etmək olar. Bir çox təfsirçilər hesab edirlər ki, bu həmd və tərif mövcud vəziyyətin ifadəsinə əsaslanan həmd və tərifdir, məcaz deyil, həqiqətdir. Buna rəssamın yüksək zövq və məharətə malik olmasından xəbər verən, tərif dedizdirən tablonu misal göstərə bilərik. Əsrarəngiz kainat malik olduğu heyrətamiz sistem və sirlərlə, əzəmət və gözəlliyi, insanı heyrətə salan incəlikləri ilə Allaha həmd və tərif deyir. Məgər həmd və tərif eyib və nöqsanlardan uca bilmək deyilmi? Varlıq aləminin quruluşu və nizam-intizamı onu yaradanın bütün eyib və nöqsanlardan uca olduğunu göstərir. Məgər həmd kamillik xüsusiyyətlərinin bəyanı deyilmi? Yaradılış aləminin nizam-intizamı Allahın kamil xüsusiyyətlərə, sonsuz elmə, qüdrətə, geniş və əhatəli hikmətə malik olmasından danışır. Bütün yaradılış aləminin həmd və tərif deməsi bu yöndən tamamilə başa düşüləndir. Buna görə kainatın bütün zərrələrinin şüur və idraka malik olduğunu deməyə lüzum yoxdur. Çünki bununla bağlı qəti bir dəlilimiz yoxdur. Quranın digər ayələri də vəziyyətin ifadəsi ehtimalının daha məqsədəuyğun olduğunu təsdiq edir[21].
  4. De: “İstər daş olun, istər dəmir
  5. və ya nəzərinizdə bundan da möhkəm (bildiyiniz) bir məxluqa, (həyat imkanından nə qədər uzaq olsa da, yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar tezliklə deyəcəklər: “Bizi kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (təəccüb və inkar əlaməti olaraq) başlarını sənə doğru əyib: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”
  6. Sizi (qəbirlərinizdən) çağıracağı gün çağırışına Ona həmd edən halda cavab verəcək və (Bərzəxdə) çox az qaldığınızı güman edəcəksiniz.
  7. Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki Şeytan onların arasına ədavət sala bilər. Şeytan hər zaman insanın açıq-aydın düşməni olmuşdur.
  8. Rəbbiniz sizdən (əməl və niyyətlərinizdən) xəbərdardır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onların üzərində məmur olasan deyə, göndərməmişik.
  9. Rəbbiniz göylərdə və yerdə olanların hamısının vəziyyətindən çox yaxşı xəbərdardır. Biz peyğəmbərlərin bəzisini digər bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
  10. De: “Allahdan başqa məbud bildiklərinizi çağırın. Onlar hər hansı çətinliyi sizdən nə uzaqlaşdırmağa, nə də onda dəyişiklik yaratmağa qadirdirlər”.
  11. Onların çağırdığı şəxslər özləri də Rəblərinə (yaxın olmaq üçün) bir vasitə axtarırlar, Onun rəhmətinə ümid bəsləyir, əzabından qorxurlar. Çünki Rəbbinin əzabı qorxmağı və qorunmağı tələb edir.
  12. Elə bir şəhər və kənd yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, ilahi kitabda (lövhi-məhfuzda) yazılmışdır.

—————————————————————————————

  1. Müxaliflərlə mübahisə metodu: Bu ayədə müxaliflərlə, xüsusilə müşriklərlə necə mübahisə edilməsi metoduna işarə edilmişdir. Belə ki, məktəb nə qədər yüksək, məntiq nə qədər güclü olsa da, düzgün mübahisə metodu ilə müşayiət olunmazsa, ona incəlik və sevgi yerinə kobudluq hakim olarsa, heç bir faydası olmaz. Buna görə də Allah İslam peyğəmbərinə (s) belə buyurur: Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. “Ən gözəl” deyilərkən, deyilən sözün məzmunu, deyilmə forması, etik və insani dəyərlərlə müşayiət olunma nəzərdə tutulur. İslamın ilk vaxtlarında yeni iman gətirmişlər daha öncəki adətlərinə uyğun olaraq inanclarına müxalif olanlarla kobud davranır, onların cəhənnəmlik və azğın, özlərinin isə cənnətlik olduqlarını deyirdilər. Bu da müxaliflərin Peyğəmbərin (s) çağırışları qarşısında mənfi mövqe tutmasına, Allah rəsuluna (s) qarşı təhqiramiz ifadələr işlətməsinə, onu sehrbaz, dəli, kahin, şair adlandırmalarına səbəb olurdu. Bu təhqirlər bəzən elə həddə çatırdı ki, müsəlmanlar qeyri-ixtiyari olaraq onlarla söz savaşına çıxır, ağızlarına gələni danışırdılar. Quran möminləri bu işdən çəkinməyə, Şeytanın fitnəsindən qorunmaları üçün danışarkən mülayim və nəzakətli olmağa, ən gözəl sözləri seçməyə dəvət edir[22].
  2. Peyğəmbərlərin bəzisinin bəzisindən üstün olması: Bu cümlə müşriklərin “başqa adam yox idi, Allah yetim Mühəmmədi peyğəmbər seçdi? Necə oldu ki, o, peyğəmbərlərin sonuncusu təyin edildi?” məzmunlu təhqirlərinə cavab idi. Quran bunun heç də təəccüblü bir şey olmadığını buyurur. Belə ki, Allah hər bir insanın dəyərindən xəbərdardır, Öz peyğəmbərlərini insanların arasından seçir, bəzisni bəzisindən üstün edir. O, İbrahimi Xəlilullah, Musanı Kəlimullah, İsanı Ruhullah, İslam peyğəmbərini isə Həbibullah təyin etmiş və Öz hikməti ilə bəzisini bəzisindən üstün etmişdir[23].
  3. Davudun (ə) Zəburu: Bütün peyğəmbərlərin arasından Davudun (ə), səmavi kitabların arasından isə Zəburun seçilməsi aşağıdakı səbəblərlə izah edilə bilər: 1. Davudun (ə) Zəburu başdan-başa minacat, yalvarış, nəsihətdir. Yəni kitablar arasında əvvəlki ayələrdə yer almış “gözəl danışsınlar” göstərişinə daha uyğun gələn kitab odur. 2. Davudun Zəburunda maddi cəhətdən yoxsul, kasıb, yetim olmalarına baxmayaraq saleh və yaxşı insanların hakim olacağından xəbər verilmişdir. Bu məsələyə “Ənbiya” surəsinin 105-ci ayəsi və bu gün əlimizdə olan Zəburda işarə edilmişdir[24].
  4. Onlar özləri yaxın olmaq üçün vasitə axtarırlar: Allah-taala əvvəlki ayədə buyurur ki, müşriklərin məbudları hər hansı çətinliyi sizdən nə uzaqlaşdırmağa, nə də onda dəyişiklik yaratmağa qadirdirlər. Bu ayədə isə məbud hesab edilənlərin bir çoxunun (İsa Məsih və ya digər saleh bəndələr, mələklər və s.) təkallahlı olduğu, Allaha yaxınlaşmaq üçün vasitə axtardığı, Allahın rəhmətinə ümid bəslədiyi və əzabından qorxduğu buyurulmuşdur. Onlar Allah dərgahına möhtac olduqları halda, Allahdan necə ayrı və müstəqil ola, Onun izn və icazəsi olmadan sizin hər hansı probleminizi həll edə bilərlər?[25]
  1. Bizim möcüzələr göndər­­məyi dayandırmağımıza səbəb ancaq əvvəlkilərin onları yalan hesab etməsi oldu. Səmud tayfasına aydınlıq gətirən bir dişi dəvə verdik, ancaq onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
  2. (Xatırla!) Bir zaman Biz sənə: “Rəbbin insanları tam əhatə etmişdir”– demişdik. Bizim sənə göstərdiyimiz yuxu, habelə Quranda haqqında danışdığımız lənətlənmiş ağac insanları sınaqdan keçirmək üçün idi. Biz onları qorxuduruq, ancaq onlarda artan yalnız böyük azğınlıq olur.
  3. (Xatırla!) Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa ha­mısı səcdə etdi. O dedi: “Mən Sənin torpaqdan yaratdığınamı səcdə edim?!”
  4. (Sonra) dedi: “Mənə de görüm, (hansı səbəbdən) bunu məndən üstün tutdun? Əgər Qiyamət gününə qədər məni həyatda saxlasan, az bir qismindən başqa onun bütün övladlarını yoldan çıxaracağam, kökünü kəsəcəyəm.
  5. Buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, cəzanız Cəhənnəmdir. Özü də yetərincə bir cəza.
  6. Onlardan gücün çatdığını səsinlə təhrik et, atlı və piyada qoşununu onların üzərinə göndər, mallarına və övladlarına şərik ol, başlarını vədlərlə qarışdır. Ancaq Şeytan onlara yalnız yalan vədlər verər.
  7. Əslində, Mənim qullarım üzərində sənin hökmün olmayacaqdır. Rəbbinin onları qoruması kifayətdir”.
  8. Nemətindən bəhrələnəsiniz deyə dənizdə gəmini sizin üçün hərəkətə gətirən Rəbbinizdir. O, sizə qarşı rəhimlidir.

—————————————————————————————-

  1. Peyğəmbərin (s) yuxusu və lənətlənmiş ağac: Təfsirçilər “Peyğəmbərə göstərilmiş yuxu”, habelə “Quranda lənətlənmiş ağac” barəsində müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq Quran ayələri və Əhli-beyt (ə) hədislərinə daha çox uyğun gələn nəzər Peyğəmbərin (s) gördüyü məşhur yuxuya əsaslanır. Bir gün Peyğəmbər (s) yuxuda meymunların onun minbərinə çıxıb-düşdüklərini görür. Peyğəmbər (s) bu yuxudan sonra çox narahatlıq hissi keçirir, qəm-qssəyə batır, o gündən sonra çox az gülür. Bu yuxu Əməvilərin hakimiyyətə gələcəyinə, onların bir-birinin ardınca peyğəmbər minbərinə çıxacağına işarə edirdi. Əməvi hakimləri şəxsiyyətsiz, İslam hökumətini və Allah rəsulunun (s) canişinliyini cinayətkar bir rejimə çevirmiş insanlar olmuşlar. Əksər şiə və sünni təfsirlərində “lənətlənmiş ağac” deyilərkən Əməvilər sülaləsinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bu izah Peyğəmbərin (s) yuxusu ilə bağlı təqdim edilmiş izaha uyğundur. Soruşula bilər ki, Əməvilərin çirkin ağacı Quranın harasında lənətlənmişdir? “İbrahim” surəsinin 36-cı ayəsində pis ağacdan söhbət açılmışdır. Ayədə pis ağac ifadəsinin ehtiva etdiyi məzmuna, həmin ayədə Əməvilər sülaləsinin nəzərdə tutulduğunu ifadə edən hədislərə, məna baxımından “pis” sözü ilə lənətlənmiş sözünün qarşılıqlı əlaqəsinə əsasən deyə bilərik ki, Quranın məhz həmin ayəsində burada sözükeçən lənətlənmiş ağaca işarə edilmişdir[26].

64-65. Şeytan insanlar üzərində hökmranlıq edirmi? Bu ayədə Allah Şeytana əmr edir ki, ona tabe olan insanları haqq yoldan çıxarsın və bütün gücünü bu yolda sərf etsin. Əlbəttə, bu əmr “təhdid” xarakteri daşıyır. Məsələn, yola gəlməyən və itaətsizlik göstərən birinə belə deyilir: “Get, nə istəyirsən, et!” Ancaq Allah Şeytanın qarşısına planının icrasına başlamazdan əvvəl sədd çəkir və elə ilk başlanğıcda buyurur: Sənə tabe olan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz![27] Habelə “Nəhl” surəsinin 99-100-cü ayələrində də bu barədə belə buyurulmuşdur: Onun iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir.[28]

  1. Şeytan azğınlar sürüsünün çobanıdır: “Onlardan gücün çatdığını səsinlə təhrik et” cümləsində Şeytanın batil vəsvəsələri ilə onun ardınca gedənlər məzəmmət edilmişdir. Sanki Allah Şeyatnı çobana, ardıcıllarını isə çobanın heç bir məna ifadə etməyən məzmunsuz səsi ilə yola düşən sürüyə bənzətmişdir. Sürü onun nə dediyini, nə istədiyini və onları hara apardığını başa düşmədən yola düşür[29].
  2. Şeytanın piyada və atlı qoşunu: Əslində, bu ifadə məcazi məna daşıyır. Belə ki, insanları yoldan çıxarmaq üçün Şeytanın öz cinsindən və insanlardan ibarət silahdaşları vardır. Bəziləri bu işdə atlı kimi sürətli, bəziləri isə piyada kimi astagəldir[30].
  3. Şeytan insanların mallarına və övladlarına necə şərik olur: Şeytanın insanların mallarına və övladlarına şərikliyi deyilərkən onların faydalarından pay götürməsi nəzərdə tutulur. Məsələn, insan Şeytanın vəsvəsəsinə uyur, təbii ehtiyacı olan və halal yolla qazana biləcəyi malı haramla əldə edir. Belə olan halda həm insan öz istədiyinə çatmış olur, həm də Şeytan. Halal yolla övlad sahibi ola biləcəyi halda Şeytanın vəsvəsəsinə uyub ona haram yolla sahib olan və ya halal övladını Allah istədiyi kimi tərbiyə etməyən şəxs Şeytana kömək etmiş və onu övladına ortaq etmişdir. Buna görə də Quran Şeytan yoluna sərf edilən sərvət və övladda Şeytanın insana ortaq olduğunu buyurur[31].
  4. Dənizdə bir çətinliklə qarşılaşdığınız zaman Ondan başqa çağırdıqlarınızı unudursunuz. Sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. İnsan çox nankordur!
  5. (Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə çınqıl tufanı göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
  6. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.
  7. Biz, Adəm övladlarını hörmətli etdik, onları quruda və dənizdə (miniklərlə) daşıdıq, pak nemətlərdən onlara ruzi verdik və onları yaratdıqlarımızın çoxundan üstün elədik.
  8. O gün bütün insanları öz rəhbəri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ əlinə verilənlər onu (sevinə-sevinə) oxuyacaq və onlara xurma çəyirdəyindəyinin kəsiyindəki tel qədər zülm edilməyəcəkdir.
  9. Bu dünyada kor olan (haqqı görə bilməyən) kəs axirətdə də kor və daha azğın olacaq.
  10. Ondan (ilahi vəhydən) qeyrisini bizə aid edəsən deyə, az qalmışdı ki, səni, sənə vəhy etdiyimizdən sapdırsınlar və bu halda səni özlərinə dost seçsinlər.
  11. Əgər Biz səni (məsumluğun və günahsızlığın sayəsində) sabit saxlamasaydıq, əlbəttə, azacıq onlara meyl edəcəkdin.
  12. Əgər belə etsəydin, sənə həyat və ölümdən sonrakı əzabı ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.

———————————————————————————–

  1. İnsan Allahın yaratdığı ən üstün varlıqdır: Bu ayəyə əsasən insan yaranmışların çoxundan üstündür. Görəsən insan mələklərdən də üstündür? Təfsirçilər bu suala müxtəlif cavablar vermişlər. Ancaq böyük ehtimalla ayənin nəzər nöqtəsi ümumiyyətlə, məlkələrin insandan və ya insanın mələkdən üstün olması məsələsi deyil. Ayənin əsas məqsədi insanın heyvanlardan və cinlərdən üstün olduğunu çatdırmaqdır. “Mələk üstündür, yoxsa insan?” sualına gəldikdə isə, deməliyik ki, məqamca mələk adi bir insandan üstündür. Çünki onlar paklıq, təmizlik və ixlasın yüksək zirvəsindədirlər. Buna görə də özünü çirkin xüsusiyyətlərdən təmizləməmiş insandan üstündürlər. Lakin insan Allahın təyin etdiyi kamillik yolu ilə irəliləyərsə, hətta mələklərin belə çata bilmədiyi məqama yüksələ bilər. Belə ki, mələklərin kamil insan nümunəsi olan Adəmin (ə) qarşısında təzim edib təvazökarlıq göstərməsindən xəbər verən Quran ayəsi bu fikiri açıq şəkildə təsdiq edir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah-taala mələklərə ağil verib şəhvət vermədi, heyvanlara şəhvət verib ağıl vermədi, insanlara isə hər ikisini verdi. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün, şəhvəti ağılına qalib gələn isə heyvanlardan aşağı olar.”[32]
  2. Rəhbərlik və onun insan həyatındakı rolu: Ayənin başlanğıcında rəhbərlik və onun insan həyatındakı roluna işarə edilmişdir. Bu ayəyə əsasən peyğəmbərlər və onların canişinlərinin rəhbərliyini qəbul edənlər öz rəhbərləri ilə, Şeytan və azğın rəhbərləri özlərinə rəhbər seçənlər isə onlarla olacaqlar. Xülasə, bu dünyada olan rəhbərlik və ardıcıllıq əlaqəsi o dünyada özünü tam şəkildə əks etdirəcək. Nicat tapanlar və əzaba düçar olanlar məhz bu prinsip əsasında müəyyən ediləcək. Burada insanın kamilləşməsi üçün zəruri olan vasitələrdən birinə işarə edilməklə yanaşı, insanlara rəhbərlik seçimində çox diqqətli olmaq, öz fikir və idarəçilik proqramını hər adamın da əlinə verməmək xəbərdarlığı verilir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Siz Allaha təşəkkür etmirsiniz? Qiyamət günü Allah hər bir dəstəni seçdiyi rəhbərlə çağıracaq. Bizi də Peyğəmbərlə çağıracaq. Həmin vaxt siz bizə pənah gətirəcəksiniz. Hara baxırsınız? And olsun Kəbənin Allahına, sizi Cənnətə doğru aparacaqlar (bu cümləni üç dəfə təkrar etdi).”[33]

73-75. Zəif müsəlmanların uzaqlaşdırılmasını istəyən müşriklər: Bu ayənin nazilolma səbəbindən bəhs edən hədislərdə belə qeyd edilmişdir: Qullarla birlikdə oturub Allahın ayələrini dinləməyi özlərinə ar bilən müşriklər Peyğəmbərə (s) belə bir təklif verirlər: Bizim tanrılarımız haqqında xoşlamadığımız sözlər demə, İslamı qəbul etmiş zəif və şəxsiyyətsiz kölə və kənizləri özündən uzaqlaşdır”. Bu ayə həmin vaxt nazil olmuşdur. Əlbəttə, Allah-taala 74-cü ayədə Öz peyğəmbərini bəxş etdiyi məsumluq və günahsızlıq sayəsində müşriklərə meyl etməkdən qoruduğunu və onların təklifləri qarşısında heç bir müsbət reaksiya göstərmədiyini buyurur[34].

  1. Az qalmışdı ki, səni sıxışdırıb bu yurddan çıxarsınlar. Əgər belə etsəydilər, səndən sonra yalnız az bir müddət qalardılar.
  2. Bu, səndən əvvəl göndərdiyimiz peyğəmbərlərin sünnəsidir. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.
  3. Gün günortadan qüruba doğru meyl edəndən gecənin qaranlığınadək (gecə yarısınadək) namaz qıl və dan yeri sökülərkən oxunulanı (sübh namazını da)! Çünki dan yeri sökülərkən oxunulan (sübh namazı gecə və gündüz mələkləri tərəfindən) müşahidə ediləndir.
  4. Gecənin bir vaxtı (yuxudan oyanıb) Quran oxu (namaz qıl). Bu sənin üçün əlavə bir vəzifədir. Ümid var ki, Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.
  5. De: “Ey Rəbbim! Məni daxil olacağım yerə düzgünlüklə daxil et; məni çıxacağım yerdən də düzgünlüklə çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver!”
  6. De: “Haqq gəldi, batil məhv oldu. Həqiqətən də batil məhvə məhkumdur!”
  7. Qurandan şəfa və rəhmət olanı möminlərə nazil edirik. Zalımların isə ancaq ziyanını artırır.
  8. İnsana nemət verdiyimiz zaman (haqdan) üz çevirib təkəbbürlə uzaqlaşır. Ona bir zərər toxunduqda isə məyus olur.
  9. De: “Hər kəs öz xislətinə uyğun davranır. Rəbbiniz isə yolları daha gözəl olan şəxsləri daha yaxşı tanıyır.
  10. Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.
  11. Əgər istəsək, sənə vəhy etdiyimizi səndən alarıq. Sonra Bizə qarşı özünə himayəçi tapa bilməzsən.

—————————————————————————————–

  1. Ruh nədir? Bu sözün Quranda işlənmə kontekstləri müxtəlifdir. Bəzən peyğəmbərlərə öz missiyalarını yerinə yetirməkdə dəstək olan Müqəddəs ruh (Bəqərə – 253), bəzən möminə güc verən gözəgörünməz ilahi – mənəvi qüvvə (Mücadələ – 22), bəzən xüsusi “əmin” (əmanətdar) xüsusiyyəti ilə səciyyələndirilən vəhy mələyi (Şüəra – 193), bəzən Allahın xüsusi mələyi və ya ən böyük varlıq (Nəbə – 38, Qədr – 4), bəzən Quran və səmavi vəhy (Şura – 53), bəzən insanın ruhu (Səcdə – 9, Hicr – 29) mənalarında işlənmişdir. Ayənin kontekstindən və kontekstlə əlaqəsi olan faktlardan belə başa düşülür ki, sual verənlər bizi heyvanlardan fərqləndirən, ən böyük şərəfimiz, bütün güc və fəaliyyətlərimizin mənbəyi olan, sayəsində bütün yer və göylərə meydan oxuduğumuz, elmlərə yiyələnib, mövcudat aləminin mahiyyətinə vardığımız əzəmətli ruhumuzun həqiqəti haqqında soruşmuşlar. Onlar bu yaranış aləminin qəribə fenomeninin həqqətini öyrənmək istəyirdilər. Çünki ruh maddənin malik olduğu quruluşdan fərqli bir quruluşa malikdir, ona hakim olan qanunlar maddəyə hakim olan qanunlardan, fiziki və kimyəvi xüsusiyyətlərdən fərqlidir. Peyğəmbərə (s) bu suala qısa və konret olaraq “ruh Rəbbimin əmrindəndir”, – deyə cavab verməsi əmr edilir. Yəni o, sirli varlıqdır. Bu cavab soruşanlarda təəccüb doğurmaması üçün “sizə çox az bilik verilmişdir”, – deyə əlavə edilmişdir. Buna görə də sizə hər şeydən yaxın olmasına baxmayaraq, ruhun sirlərindən xəbərdar olmamağınız təəccüblü deyil. İmam Baqir (ə) və İmam Sadiqə (ə) aid edilən bir hədisdə bu ayə haqqında belə buyurulduğunu oxuyuruq: “Ruh Allahın yaratdığı, görə bilən, gücü olan və köməklik göstərən varlıqlardandır. Allah onu peyğəmbərlər və imamların qəlbinə lütf edib.” Bu imamlardan birinə aid edilən hədislərin birində belə deyilir: “Ruh mələklər aləmindən və Allahın qüdrətindəndir.” Bəzi hədislərdə ruhun Mikail (ə) və Cəbraildən (ə) daha böyük bir varlıq olduğu, hər zaman peyğəmbərlər və imamların yanında olduğu, onlara öz vəzifələrində köməklik göstərdiyi, vəzifələrini yerinə yetirərkən sapmalardan qoruduğu qeyd edilmişdir. Bu hədislər ayənin təfsiri ilə bağlı qeyd etdiyimiz fikirlə təzad təşkil etmir, əksinə, onunla üst-üstə düşür. Çünki insanın ruhunun dərəcələri var. Ruhun peyğəmbər və imamlarda olan dərəcəsi onun ən yüksək dərəcəsidir. Ruhun bu dərəcəsi aid olduğu insanı xəta və günahdan qoruyur. Bu ruh qeyri-adi elm və biliyə malikdir. Şübhəsiz ki, ruhun bu dərəcəsi bütün mələklərdən, hətta Cəbrail (ə) və Mikaildən da üstündür[35]. Əlbəttə, bəzi təfsirçilər Quran ayələri və bu ayənin nazilolma səbəbinə əsaslanaraq, onun yəhudilər haqqında nazil olduğunu bildirmişlər. Yəhudilər, ya da ən azı Peyğəmbərin (s) müasiri olan yəhudilər Cəbraili (ə) özlərinə düşmən hesab edir, onu əzab mələyi adlandırırdılar. Hətta iddia edirdilər ki, Allah ona peyğəmbərliyi İsrail övladlarına çatdırmasını əmr etdiyi halda, o, əmrdən çıxaraq peyğəmbərliyi İsmailin (ə) övladlarına gətirmişdi. Bu inanca, xüsusilə sualı hazırlayanların Cəbraillə (ə) bağlı fərqli düşüncəyə malik olan, onu əzab məmuru hesab edən, İsrail oğullarının hakimiyyətinin Büxtünnəsr tərəfindən süquta uğradılacağını xəbər verən bir xəbərçi olduğuna inanan, peyğəmbərlik məsələsində xəyanət etdiyini iddia edən yəhudilər olduğuna əsasən deyə bilərik ki, onlar sual verərkən Ruhul-əmini nəzərdə tutur və Peyğəmbərin (s) onunla bağlı fikrini öyrənmək, mövqelərinə uyğun cavab verəcəyi təqdirdə ondan faydalanmaq, əks təqdirdə ona qarşı çıxmağı düşünürdülər. Yəhudilər bu məqsədlə qüreyşlilərə ruh haqqında sual verməyi öyrədirlər. Bu faktlara əsasən deyə bilərik ki, ayədə sual obyekti olan ruh yəhudilərin özlərinə düşmən hesab etdiyi Cəbraildir (ə). “Ruh Rəbbimin əmrindəndir” cümləsinin təfsiri çox aydındır. O da budur ki, vəhy əmanətdarı Allahın məmurlarındandır, o, nə iş görürsə, Allahın əmri ilə edir. Əgər hər hansı bir qövmü məhv edirsə və ya həzrət Mühəmmədi (s) peyğəmbər missiyası ilə şərəfləndirirsə, Allahın izni və əmri ilə edir. Buna görə də ona düşmən olmaq və onunla düşmənçiliyə qalxmaq əsassızdır[36].
  2. Ancaq Rəbbinin mərhəməti (səni əhatə etməsəydi,) Onun sənə olan lütfü böyükdür.
  3. De: “Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də onun bənzərini gətirə bilməzlər”.
  4. Biz bu Quranda insanlar üçün hər şey haqqında məsəl çəkdik. Lakin insanların çoxu yalnız inkarı (Allahı inkar etməyi) seçdi.
  5. Onlar dedilər: “Bizə (quru) yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;
  6. və ya ortasından çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;
  7. yaxud, güman etdiyin kimi, göyün parçalarını üstümüzə yağdırmayınca və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;
  8. yaxud qızıldan bəzənmiş bir evin olmayınca; ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Hətta göyə qalxsan da, bizə oxuyacağımız bir məktub endirməsən, inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız Allahın bir elçisiyəm”.
  9. İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.
  10. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, onlara bir mələyi elçi göndərərdik”.
  11. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Çünki O, qullarından xəbərdardır, görəndir”.

—————————————————————————————

88-89. İnsanların və cinlərin yarada bilməyəcəyi kitab: Bu ayə açıq şəkildə kiçiyindən böyüyünə qədər bütün insanları, ərəb və qeyri-ərəbləri, insanları və insandan başqa şüuru olan bütün varlıqları, alimləri, filosofları, ədibləri, tarixçiləri, dahi və qeyri-dahiləri istisnasız olaraq Quranla debata çağırır. Ayədə deyilir ki, əgər Quranın Allah tərəfindən nazil olduğunu, insan beyninin məhsulu olduğunu düşünürsünüzsə, onun bənzərini gətirin, əgər bütün səy və fəaliyyətlərinizin nəticə vermədiyini və aciz qaldığınızı görsəniz, Quranın ən yaxşı möcüzə olması sizə aydın olar. Kəlam alimlərinin debata çağırış adlandırdıqları bu cür qarşılaşma çağırışı hər bir möcüzənin əsaslarından biri hesab edilir. Belə bir ifadənin işləndiyi bütün mövzular həmin mövzunun möcüzə olduğundan xəbər verir. 89-cu ayədə Quran möcüzələrindən biri, yəni onun universal və əhatəli olmasından xəbər verilir. Doğrusu, Qurandakı mövzuların müxtəlifliyi, xüsusilədə onun dərs oxumamış bir adam tərəfindən gətirilməsi insanı çox heyrətləndirir. O, qətiyyətli əqli dəlillərə, mətin hökmlərə, analoqu olmayan, insanı heyrətə salan, ayıldıcı tarixi mövzulara, yüksək səviyyəli etik məzmunlara malikdir. Onda xürafatdan heç bir əsər-əlamət yoxdur, qeyri-adi və çox dəqiq elmi mövzuları ehtiva edir. Xülasə, Quran söz açdığı bütün sahələrdə ən ali nümunələri təqdim etmişdir. İnsanın məlumatlarının məhdudluğu, eyni zamanda Peyğəmbərin (s) yaşadığı mühitin məhdud elm və bilik çərçivəsinin əhatə edə bilməyəcəyi məlumatların, o cümlədən tövhid, əxlaq, sosial, siyasi, hərbi sahələrdə təqdim etdiyi müxtəlif məzmunların Quranda yer alması onun insan beyninin məhsulu deyil, Allah tərəfindən göndərilən bir kitab olduğundan xəbər vermirmi? Buna görə də bütün insanlar və cinlər onun bənzərini gətirmək üçün bir yerə toplaşsalar da bunu etməyə gücləri çatmaz. Fərz edək ki, müasir dövrün ayrı-ayrı elm sahələri üzrə bütün mütəxəssis və alimləri bir yerə toplaşıb bir ensiklopediya yazır və onu ən yüksək şəkildə tərtib edirlər. Bu toplu müasir dövr üçün əhatəli bir mənbə ola bilər, ancaq şübhəsiz ki, əlli ildən sonra təkcə nöqsanlı olması deyil, köhnəlməsi ilə də diqqət çəkəcək. Halbuki Quran hər bir zaman üçün təzədir, sanki bu gün nazil olub, zamanı keçmiş heç nəyi yoxdur[37].

94-95. Peyğəmbərlə insanların eyni mahiyyətə malik olması: Keçən ayələrdə müşriklərin tövhidlə bağlı söylədikləri bəhanələrindən söz açılmışdır. Bu ayədə də onların standart bəhanəsinə işarə edilmişdir: “İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.” Belə bir yüksək vəzifənin və mühüm məsuliyyətin insana verildiyinə inanmaq olarmı? Öhdəsindən yaxşı gəlməsi üçün belə bir böyük missiyanın insandan daha yüksək olan mələk kimi bir varlığa həvalə edilməsi yaxşı olmazdımı?

Bu zəif və əsassız məntiq bir və ya iki qrupa aid bir məntiq deyildi, imanı olmayan insanların çoxu tarix boyü peyğəmbərlərə bu şablon fikirlə etiraz etmişlər. Quran çox qısa, aydın və mənalı bir cümlə ilə onlara cavab verir: “De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, onlara bir mələyi elçi göndərərdik.” Yəni bələdçi rəhbər ardıcılları ilə eyni cinsdən olmalıdır. İnsanlara rəhbərliyi insan, mələklərə rəhbərliyi mələk etməlidir. Rəhbər və ardıcılların eyni mahiyyət daşıyıcısı olması aydın məsələdir. Çünki bir rəhbərin təbliğatının ən mühüm hissəsini elm və bu sahədə örnək ola bilmə bacarığı təşkil edir. Onun öz ardıcıllarına örnək ola bilməsi üçün ardıcıllarının malik olduğu instinktlərə, hisslərə və ruha malik olması şərtdir. Əks təqdirdə, cinsi ehtirası, insanların malik olduğu digər instinktləri olmayan, habelə geyim, məskən və qidaya ehtiyacı olmayan bir mələk paklıq, təmizlik və dindarlıqda insanlara əsla örnək ola bilməz. İnsanlar deyər ki, onun bizim qəlbimizdən, ehtiras və qəzəb nəticəsində ruhumuzda tüğyan edən tufanlardan xəbəri yoxdur… O, yalnız öz qəlbinə uyğun danışır, bizim hisslərimiz onda da olsaydı, bizim kimi, hətta bizdən də pis olardı. Ardıcıllarının dərdlərinə əlac etmək, problemlərinin həll yolunu göstərmək üçün liderin öz ardıcıllarının dərdlərini və ehtiyaclarını dərk etməsi zəruridir. Buna görə peyğəmbərlər insanların öz aralarından seçilir, həyatın bütün acılarını dadmaq, acı həqiqətləri hiss etmək, özlərini insanların dərdlərinə əlac etməyə hazırlamaq üçün adətən həyatın ən çətin və dözülməz anlarını yaşayırlar[38].

 

  1. Allah kimi doğru yola yönəldərsə, həqiqi doğru yola yönəlmiş odur. Kimi azdırarsa, ona Ondan başqa yönləndirici və rəhbər tapa bilməzsən. Qiyamət günü Biz onları üzü üstə, kor, lal və kar olduqları halda bir yerə toplayacağıq. Onların məskəni Cəhənnəmdir. Odları azaldıqda onlara yeni alov əlavə edəcəyik.
  2. Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz çürümüş sümüklər və dağınıq torpaq olduğumuz halda, təzədən yeni bir məxluq olaraq qaldırılacağıq?”– dediklərinə görə onların cəzasıdır.
  3. Məgər göyləri və yeri yaradan Allahın onlar kimisini yaratmağa qadir olduğunu bilmirlərmi? Allah onlar üçün heç bir şəkk-şübhə olmayan qəti bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfr və inkardan başqa bir şey qəbul etmədilər.
  4. De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.
  5. Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin dəli (ya sehrbaz) olduğunu güman edirəm”– demişdi.
  6. (Musa) dedi: “Sən bilirsən ki, bu möcüzələri yalnız göylərin və yerin Rəbbi ürəklərə işıq bəxş etmək üçün göndərmişdir. Ey Firon, mən güman edirəm ki, sən tezliklə məhv olacaqsan.”
  7. (Firon) onları bu diyardan qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (suda) batırdıq.
  8. Bundan sonra İsrail oğullarına: “Bu yerdə (Misir və Şamda) yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı toplayacağıq”– dedik.

—————————————————————————————-

  1. 100. Səxavətin savabı: “Qətur” mənası həddən artıq az xərcləmək və xəsislik olan “qətr” sözünün mübaliğə formasıdır. Quranın çox ayələrində insan heç bir qeyd-şərtsiz məzəmmət edilmiş, paxıllıq, nadanlıq, zalımlıq, tələskənlik və sair xüsusiyyətlərlə səciyyələndirilmişdir. Qeyd olunan səciyyələndirmənin möminlərə heç bir aidiyyatı yoxdur. Burada sadəcə, insanın təbiətinə işarə edilmşdir. Yəni ilahi rəhbərlər vasitəsilə tərbiyə olunmamış, başlı-başına buraxılmış insanın bu çirkin xüsusiyyətləri qəbul etmə təhlükəsi daha yüksək olur. Əslində, insan belə yaradılmamış, və bütün insanların sonu da belə olmayacaqdır[39]. Məsumların (ə) hədislərində səxavət haqqında yüksək fikirlər söyləndiyinə, paxıllıq və xəsisliyin pisləndiyinə çox təsadüf edilir. Peyğəmbər (s) buyurmuşdur: “Səxavət budaqları dünyaya doğru sallanmış Cənnət ağacıdır. Allah yolunda xərcləyərək, bəxşişlər verərək ondan yapışan hər kəsi Cənnətə doğru çəkər. Xəsislik isə Cəhənnəm ağacıdır. Allah yolunda xərcləməkdən və yaxşılıq etməkdən imtina etməklə ondan yapışan hər kəsi Cəhənnəmə doğru dartar. İmam Sadiq (ə) buyurmuşdur: “Günakar səxavətli gənc Allaha xəsis abiddən daha yaxındır.” Xəsislik xəstəliyinin əlacı daha çox xərcləməkdədir. İnsan o qədər çox xərcləməlidir ki, səxavət onda vərdiş halını alsın[40].
  2. Firon və qoşunları batmazdan əvvəl Musanın (ə) göstərdiyi möcüzələr: Quranda həzrət Musanın (ə) doqquz möcüzəsindən söz açılmışdır. Bu ayədə Firon və qoşunlarının məhv olmasından əvvəl gerçəkləşmiş möcüzələrə işarə eidlmişdir: 1. Həzrət Musanın (ə) əsasının böyük ilana çevrilməsi; 2. Bəmbəyaz əl: həzrət Musa (ə) əlini yaxasına salıb çıxartdıqdan sonra əli günəş kimi parlayırdı. (Bu iki möcüzəyə “Qəsəs” surəsinin 3-ci ayəsində işarə edilmişdir.) 3. Dağıdıcı tufanlar; 4. Firon və tərəfdarlarının tarlalarına və bağlarına daraşmış çəritkələr; 5. Onların dənli bitkilərini məhv edən bitki xəstəliyi; 6. Qurbağaların Nildən çıxması və həyatı onlar üçün dözülməz və yaşanmaz edəcək qədər çoxalması; 7. Qan: Firon tərəfdarlarının içməli suları qana döndü. (Bu beş möcüzəyə “Əraf” surəsinin 133-cü ayəsində işarə edilmişdir.) 8. Qıtlıq və quraqlıq; 9. Meyvə qıtlığı. (Bu iki möcüzəyə “Əraf” surəsinin 130-cu ayəsində işarə edilmişdir)[41].

 

  1. Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni yalnız müjdə verən və qorxudan olaraq göndərdik.
  2. İnsanlara hissə-hissə oxuyasan deyə, ayələrini bir-birindən ayırdığımız Quranı tədriclə nazil etdik.
  3. De: “İstər ona inanın, istərsə də inanmayın. (Bu ayələr) ondan əvvəl elm verilmiş kimsələrə oxunduğu zaman üz üstə səcdəyə qapanır
  4. və: “Vədləri, mütləq, gerçəkləşən Rəbbimiz pak və müqəddəsdir!”– deyirlər.
  5. Onlar (qeyri-ixtiyari) üzüqoylu düşüb ağlayır və (bu ayələri oxumaq) onların itaətini artırır.
  6. De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman. Hansı adla çağırırsınız, çağırın, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə çox uca səslə, nə də çox asta səslə qıl. Bunların arasında orta bir yol seç.
  7. De: “Həmd Özünə heç bir övlad götürməyən, hakimiyyətində heç bir şəriki olmayan, zəif və aciz qalmamaqdan ötrü heç bir hamiyə ehtiyacı olmayan Allaha məxsusdur!” Onu çox-çox uca tut.

[1] Əl-Mizan, c.13, səh.5

[2] Əl-Mizan, c.13, səh.7

[3] Əl-Mizan, c.13, səh.37

[4] Nümunə, c.12, səh.24

[5] Əl-Mizan, c.13, səh.43; Nümunə, c.12, səh.37

[6] Nümunə, c.1, səh.29; Ətyəbül-bəyan, c.8, səh.228

[7] Nümunə, c.12, səh.48

[8] Nümunə, c.12, səh.59

[9] Nümunə, c.12, səh.63

[10] Əl-Mizan ,c.13, səh.79; Nümunə, c.12, səh.79

[11] Əl-Mizan, c.13, səh.97

[12] Əl-Mizan, c.13, səh.83

[13] Nümunə, c.12, səh.101

[14] Nümunə, c.12, səh.102

[15] Nümunə, c.12, səh.107

[16] Nümunə, c.12, səh.116

[17] Təfsiri-Qummi, c.1, əh.410

[18] Nümunə, c.12, səh.126

[19] Nümunə, c.12, səh.130

[20] Əl-Mizan, c.13, səh.104

[21] Nümunə, c.12, səh.133

[22] Nümunə, c.12, səh.157

[23] Nümunə, c.12, səh.161

[24] Nümunə, c.12, səh.161

[25] Əl-Mizan, c.13, səh.128; Nümunə, c.1, səh.162

[26] Nümunə ,c.12, səh.172

[27] Hicr surəsi, 42-ci ayə

[28] Ətyəbül-bəyan, c.8, səh.279

[29] Əl-Mizan, c.13, səh.142

[30] Nümunə, c.12, səh.183

[31] Əl-Mizan, c.13, səh.143

[32] Əl-Mizandan iqtibas, c.13, səh.156-161

[33] Nümunə, c.12, səh.200

[34] Əl-Mizan, c.13, səh.169

[35] Nümunə, c.12, səh.250

[36] Mənşuri-cavid,c.3, səh.208 və 215

[37] Nümunə, c.12, səh.273

[38] Nümunə, c.12, səh.289

[39] Nümunə, c.12, səh.301

[40] Ətyəbül-bəyan, c.8, səh. 314

[41] Ətyəbül-bəyan, c.8, səh.314; Nümunə, c.12, səh.309

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir