14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Kamil insan – İmam Əli (ə)

İmam Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür
Bizim Əlini (ə) özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.
Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O, bəzilərini belə vəsf edir:

«Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır».


İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.
Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As İmam Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.
Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.»
Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər:
«O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.»
«Bəkka» çox ağlayan, «Zəhhak» isə çox gülən mənasındadır. Əli (ə) necə mövcud olub? O, Quranın istədiyi insan olub. Quran, belə bir insan istəyir.


«Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir.
Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır…»


 Mənbə: (Muzzəmmil 6-7.)


Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.
Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əlinin (ə) min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi


«Nəhcül-bəlağə»nin müqəddiməsində belə deyir: «Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əlinin (ə) sözlərinin çoxcəhətli olmasıdır. Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir.
Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!
Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır!
Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mənası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq.

Mənbə: http://www.nur-az.com/az/articles/view/1357

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir