Əqaid

Tələfat və çatışmazlıqların təhlili

Tarix: 13.05.2008 4 baxış


Tələfat və çatışmazlıqların təhlili

Allahın ədaləti məsələsində ən çox diqqət çəkən cəhət dünyada bəlalar, tələfatlar və pisliklərin, bəzi sosial bərabərsizliklərin mövcud olması problemidir. Bu məsələ çoxlarında sual, irad və fikir selinin yaranmasına səbəb olmuşdur. Varlıqlarını sarmış bu suallar qarşısında cavabları olmayan insanlar şək və tərəddüdə düşmüş, bu da onlarda açılmaz düyünlərin yaranmasına səbəb olmuşdur.

Soruşurlar ki, dünya fikir və hikmətin nəticəsidirsə, bəs bu qədər əzab-əziyyətlər, dərd və möhnətlər niyə mövcuddur? Nə üçün dünya davamlı olaraq nizamsızlıqların, bədbəxtliklərin öldürücü zərbələrinə məruz qalır, nöqsanlar, çatışmazlıqlar bitmək bilmir?

Nə üçün dünyanın ayrı-ayrı nöqtələrində insanlar qorxulu və dəhşətli hadisələrin hücumuna məruz qalır, minlərlə dağıntılar, tələfat və xəsarətlər baş verir?

Nə üçün biri yaxşı, biri pisdir, biri sağlam, biri xəstədir? Niyə hamı eyni deyil? Bütün bunlar dünyada ədalətsizliyin olmasından xəbər vermirmi?

Dünyanın ədalətli olması o deməkdir ki, onda zülm və ayrıseçkilik, afət və bəlalar olmasın. Dünyada heç bir nöqsan, zəiflik, xəstəlik və yoxsulluq olmaması kamal və ədalətin göstəricisidir.

* * *

Hər şeydən öncə qəbul etməliyik ki, bizim dünyada baş verən hadisələrlə bağlı qiymətləndirməmiz səthidir, heç bir dərinlik və əhatəliyə əsaslanmır, eyni zamanda baş verənlərin qayəsinin izah edilməsi və əsaslandırılması üçün yetərli də deyil.

Bəlaların və xoşagəlməzliklərin birinci addımda səthi yanaşmaya əsaslanan təsviri, fenomenlərin həqiqətləri öyrənilmədən, əsl hədəf və məqsədlər nəzərə alınmadan onlar haqqında irəli sürülən fikirlər dünyaya ədalətsizliyin hökm sürməsi təsəvvürü yaradır. Bu təsəvvür də insanların emosialarını təhrik edir və nəticədə, ən məntiqsiz təhlil və analizlər ortaya çıxır.

Ancaq dərindən və əsaslı düşünsək, bu mühakimələrin birtərəfli olduğunu, üzərinə zülm və haqsızlıq yarlığı yapışdırdığımız hadisələr üçün ölçü miqyası olaraq özümüz və ya bizimlə bilvasitə və ya bilavasitə əlaqəsi olan insanların mənafelərini təmin edən işlərə yaxşı, ziyanımıza olana pis adı vermişik. Nəticədə, bizim pis və yaxşı anlayışımız yaxın baxışımız, dar düşüncəmiz, mənafelərimiz, dünyaya hakim olan qanunlardan dəqiq xəbərimiz olmamasına əsaslanır.

Məgər baş verən hər hansı hadisənin mərkəzində bizmi dayanırıq? Yaxşı və pisin meyarı kimi təkcə bizim xeyir və ziyanımızmı nəzərə alınmalıdır?

Maddi dünyanın dəyişkən olmasının mənası onun əvəzlənməsi, sabah bu gün olmayan hadisələrin baş verməsi, nələrinsə məhv olması və nələrinsə onların yerini doldurmasıdır.

Təbii ki, bu gün bəzi insanlar üçün faydalı və səmərəli olan şey sabah mövcud olmayacaq.  Lakin biz insan olduğumuz, özümüz və dünyadakı nəsnələrə qarşı sevgimiz olduğu üçün itirilənlər və əldə edilənlər bizim üçün pis və yaxşı anlayışını təşkil edir. İnsanlar və onların əşyalara bağlılığı ilə yanaşı dünyadakı dəyişiklik nəticəsində müxtəlif hadisələr meydana gəlir. Əgər dünyada dəyişkənlik olmasaydı, hadisələr də olmazdı, pis və yaxşı məzmunu da formalaşmazdı.

Fərz edək ki, dünyada nöqsan və çatışmazlıq təsəvvürü (bizə görə belə görünür) yoxdur, nə inkişaf var, nə artım, təzad, ziddiyyət, hərəkət və tərkiblərdə fərqlilik və müxtəliflik də yoxdur. Çatışmazlığın olmadığı bir dünyada insani, əxlaqi və ictimai qayda, qanun və sərhədlənmə də olmayacaq. Dəyişikliklər planetlərin hərəkət və dövriyyəsindən yaranır. Əgər dəyişiklik və fərqlilik aradan getsə, yer, ay, günəş, gün, ay, il də qalmayacaq.

* * *

Əhatəli bir dünya görüşünə görə, bu gün bizə ziyanlı görünən nə isə indi və gələcəkdə başqaları üçün faydalı ola ilər. Dünyada elə hadisələr var ki, kainatın məqəsdinin gerçəkləşməsinə xidmtə edir və ümumi faydanı təmin edir. Çox insanlar isə bunun ziyanlı olduğunu görə və hamının xeyrinə olmadığı təsəvvürü yarana bilər.

Əgər maarif dənizinin dərinliklərinə vara, elm və bilik barmağı ilə sirlər çoxluğunu vərqləyə bilsəydik, hadisələrin fəlsəfəsi və nəticələri bizə tam şəkildə aydınlaşar və məlum olardı ki, bu mürəkkəb şəbəkə ilə bağlı mühakimələrimiz əhatəli deyil. Qeyd olunan səbəbdən də biz bu gün baş verən hadisələrin gələcəkdə baş verəcək hadisələrin səbəbi olduğunu bilmirik.

Əgər biz dünyaya daha yüksəkdən baxa, hadisələrin bütün müsbət və mənfi tərəflərini görə, dünyadakı bütün sirlərə vaqif ola, hər hansi hadisə və cərəyanın tarixi xronologiyası, keçmiş və gələcəyini izləyə, bütün hadisələri və məkanları görə, əzəldən əbədiyyətə qədər uzanan bir yolu qiymtələndirə bilsəydik, nəticədə, hər hansı hadisənin ziyanlarının xeyirlərindən çox olması qənaətinə gəlsəydik, məhz o zaman həmin hadisəni ziyanverici kimi qyimtələndirər və üzərinə tam şər yarlığı yapışdırmaq səlahiyyətinə malik ola bilərdik.

Belə bir qiymələndirmə iqtidarında olmadığımız, daha irəli addım ata bilmədiymiz, mürəkkəb məsələlər üzərindəki sirlər pərdəsini qaldırmağı bacarmadığımız, onların bütün tərəflərini hesablamaq gücündə olmadığımız üçün dar düşüncədən qaynaqlanan tələsik və birtərəfli mühakimə yürütməkdən çəkinməli və bilməliyik ki, dünyanın ümumi və universal sistemində təkcə öz maraqlarımızı ölçü miqyası təyin edərək ümumi nəticəyə gəlməməli, nəticədə, xüsusi şərait və mövzular çərçivəsi ilə əhatə olunan bu cür nisbi araşdırmaları yekun qərar meyarı kimi əsla qəbul etməməliyik.

Təbiət xüsusi bir məqsədin gerçəkləşməsinə xidmət etdiyi üçün adi hadisələr əsasında onun təsəvvürü insan üçün çətindir. Nə üçün nizamsız görünən hadisələrin yeni bir hadisəyə zəmin yaratmaq üçün fəaliyyətdə olduğu və yerdə Allahın canişini olduğu təsəvvür edilməməlidir? Bəlkə də dövrün tələbi, vəziyyət və şərait belə bir metodun tətbiqini tələb edir.

Əgər qarşıya qoyulan məqsəd və plan çərçivəsində qorxulu hadisələr və dəyişikliklər baş verməsəydi, uzun müddət və ayrı-ayrı dövrlərdə davam etsəydi, heç bir müsbət və pozitiv nəticə də hasil olmasaydı, bu gün yer üzündə heç bir canlı, hətta insandan da əsər-əlamət olmazdı.

Nə üçün bir neçə təbiət hadisəsi və istisna əsasında varlıq aləmini ədalətsizlik, hərc-mərclik  və əsassızlıqda ittiham edirik? Bir neçə kiçik və məhdud uyğunsuzluq üzərinə etiraz barmağı qoyuruq? Ali plan, iradə və idrakdan qaynaqlanan aləm və mövcudatın heyrətamiz incəlikləri, dəqiq və rasional fenomenləri və bütün cəhətlərini görməzdən gəlirik?

Kainatdakı bu qədər möhkəm idarəçiliyi görən insan etiraf etməlidir ki, dünya məqsədyönlü təkamülü olan, hər fenomeni bəlli miqyas və ölçüyə malik bir kompleksdir. Həra hansı hadisənin izah edilməzliyi insanın öz dərkinin məhdudluğundan irəli gəlir. İnsan bilməlidir ki, məhdudiyyət dünyanın qüsuru yox, məqsədlər və onların məzmununu dərk edə bilməməyin nəticəsidir.

Hadisələrin bizə görə acı və xoşagəlməz görünməsi səhradan şəhərə gəlmiş, böyük bulduzerlərin köhnə binaları uçurtduğunu gördükdə mühakimə yürüdən adamın qənaətinə bənzəyir. O, binaların uçurdulmasını axmaq bir dağıdıcılıq hesab edir. Bəs bu uçurtma və dağıtma məqsədsiz və plansızdırmı, belə bir mühakiməni məntiqli hesab etmək olarmı? Şübhəsiz ki, yox? Çünki o, təkcə uçurdanı görmüşdür, mühəndislərin və uçurdanların məqsədindən, hesab-kitablarından xəbərsizdir.

Alimlərdən biri belə yazır:

“Bunların vəziyyəti səyyari sirk ləvazimatlarının sökülməsini müşahdiə edən uşaqların vəziyyətinə bənzəyir. Sirk ustaları başqa bir məhəllədə tamaşa göstərmək üçün və öz tamaşalarını həmin məhəllədə davam etdirmək üçün ləvazimatlarını söküb yol düşürülər. Bu hadisəyə tamaşa edən uşağın nəzərində dirəklərin salınması, kəndirlərin açılması, çadırların sökülməsi, insanlar və heyvanların çıxıb getməsi sirkin başa çatması kimi qiymtələndirilir”.

* * *

Əgər müsibət və bəlalara daha dərindən və əhatəli baxsaq, düzgün analiz etsək, əsl həqiqətdə bunların bəla yox, nemət olduğunu dərk edərik. Nemətin nemət olması, bəlanın da bəla olması insanın onlara qarşı reaksiyasına əsaslanır. İki nəfərin bir mövzuya baxışı fərqli olur.

Müsibət, dərd və qəm-qüssə həyəcan siqnalıdır. Bu siqnal insana səhvlərini və nöqsanlarını düzəltmək xəbərdarlığı verir. Əslində, bu fenomen təbii qoruyucu və tənzimləmə vasitəsidir.

Əgər sərvət əyyaşlıq və kef-damağa səbəb olarsa, bədbəxtlikdir. Əgər kasıblıq və yoxsulluq insanın ruhunun tərbiyəsi və kamilləşməsinə səbəb olarsa, nemətdir. Buna görə də nə sərvəti mütləq xoşbəxtlik, nə də kasıblığı mütləq bədbəxtlik hesab etmək olar. Bu qanun təbiətin bütün nemətlərinə tətbiq edilə bilər.

Düşmən qüvvələrinin hücumuna məruz qalan xalqlar öz varlıqlarını qorumaq üçün səy göstərirlər. Bu səy və təlaşlar onların güclənməsinə səbəb olur. Hər hansı əməlin müsbət bir səy olduğunu bildiyimiz halda, insanı öz məqəsdinə doğru irəli aparan daxili qüvvələrin güclənməsinə səbəb olan çətinliklərin rolunu görməzdən gələ bilmərik. Səy və fəaliyyət məcburiyyətində olmayan, ziddiyyətlər mühitinə düşməyən insanlar maddi rifah və ehtiraslar girdabında batıb tənəzzül etmək məcburiyyətindədirlər.

İnsanlar var ki, böyük məqsəd uğrunda dözülməz çətinliklərə, əzab-əziyyətlərə sinə gərirlər. Əgər çətiniliklər olmasaydı, məqsədin böyüklüyü də görünməzdi. Təkamül yolunda durğunluq, yolun hamarlığı, korkoranə və mexaniki hərəkət qəbul edilmir. İnsanın iradəsindən asılı olmayan cəhdlər onun dəyişilməsi ilə nəticələnməyəcək. Keşməkeşlər, ziddiyyətlər təkamül şallağıdır. Bərk cisimlər zərbələrin təzyiqi altında əzilirlər. İnsanlar problem və çətinliklərin ağuşunda formalaşırlar. Onlar üzmək sənətini öyrənmək üçün özlərini dənizə atmalıdırlar. Xülasə, istedadlar, dühalar böhranlar kürəsində təcəlla edir.

Qeyd-şərtsiz kef çəkmələr, dünyaya sevgi, onun məqsəd seçilməsi, ləzzət axtarışı, sırf mənfəət güdmək, daha yüksək məqsədlər haqqında düşünməmək qəflət və doğru yoldan sapmağın göstəricisidir. Ən bədbəxt insanlar naz-nemət içərisində bəslənib, çətinliyə düşməmiş, dünyanın isti və soyuğunu dadmamış, özlərində doğub, özlərində qürub edən insanlardır.

Nəfsin istəklərinə tabe olmaq ruhun böyüklüyü və sabitliyi, səmərə verən hərəkət və fəaliyyətlə düz gəlmir. Ləzzət axtarışı və fəsad, ruhun qüdrəti və fəaliyyət, ikisi bir-birinə zidd olan cəhətlərdir. Ancaq bu ikisi bir arada ola bildiyi üçün davamlı olaraq səy göstərməli, ləzzət axtarışı hissindən azaldıb qarşı cəbhəyə əlavə etmək lazımdır ki, insan yüksəlişə nail olsun.

Naz-nemət içində böyüyən, həyatın acı reallıqlarından və dinin şirinliklərindən xəbərsiz olanlar həddən artıq rifah və asayiş içində yaşadıqları, aclıq çətinliyi çəkmədikləri üçün nə ən dadlı yeməklərin ləzzətini anlayırlar, nə həyatın ləzzətini dərk edirlər, nə də gözəllikləri hiss edirlər. Çünki həyatın ləzzətlərini dadamq insanların yolu üzərində hər addımbaşı pusquda durmuş çətinliklərlə tanışlıq, acıları dadmaq, məyusluqları, çətinlikləri qəbul edə bilmək istedadı, əziyyət və müsibətlərə dözməklə şərtlənir.

İnsanın nəzərində həyatın maddi və mənəvi şəraiti o zaman qiymətli olur ki, o, acı hadisələrin təsirinə məruz qalsın, dünyanın eniş və yoxuşunu hiss etsin.

İnsan özünü tamamilə maddi həyatın ləzzətlərinə həsr etdiyi üçün varlığın bütün yönlərində zəncirə çəkilir, hərəkətdə olan dinamik yönlərini itirir, nəticədə, əbədi həyatı və özünü düzəltmək yolunda çalışmaq hissini bir kənara qoyur. Nə qədər ki, ehtiras pərdələri varlığına kölgə salıb və ruhu qaranlıqların əsirinə çevrilib, saman çöpü kimi maddi dalğaların oyuncağı olacaq, Allahdan başqa hər kəsin qapısına baş vuracaq. Buna görə də müsbət fikirlərin formalaşmasında rolu olan ayıldıcı bir vasitəyə ehtiyacı var. Bu vasitə keçici dünyanın fani olduğunu insana xatırlayaraq onu səmavi tərbiyələrin son məqsədi olan azadlığa qovuşdurur, onu yüksəliş və kamilləşməkdən saxlayan bütün maneə və sədlərdən azad edir.

Bəli, özünü düzəltmək asan və ucuz başa gəlmir. Bunun üçün nəfsani istəklərə, kef-damağa göz yummaq lazımdır. Bu gözyummalar, özünü məhrum etmələr və ayrılmalar çox çətin və acıdır.

Düzdür ki, səy və çalışmalar daxili dünyanı hamarlaşdırmaq, ruhi hazırlıq və istedadların üzə çıxmasına xidmət edir, ancaq günahdan çəkinib dözüm nümayiş etdirmək, özünü kef-damaqdan çəkindirmək həmişə insanın kefinə soğan doğrayır, canını incidir. İnsan maneələri aşıb çətinlikləri aradan qaldıraraq öz missiyasını yerinə yetirmək, inkişaf və dəyərlər nərdivanı ilə yuxarı qalxa bilmək üçün çox ciddi müqavimət göstərməlidir.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!