1.Əli ibn Ubəyy Həmzə Əlbətaini Hüseyn ibn Ubəyy Əlaidən, o da Ubəyy Bəsirdən, o isə İmam Cəfər Sadiqdən (ə) nəql edir. Həzrət buyurdu: "Hər kəs “Bəqərə” və “Ali-İmran” surəsini oxusa, Qiyamət günü bu iki surə iki bulud və yaxud iki əba (çuxa), ya da iki kölgə kimi onun üçün kölgə salacakdır."
2.Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Həzrət belə buyurdu: "Hər kəs bu surəni (“Bəqərə”) oxusa, Allahın rəhmət və salamı olsun ona. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər." (İbn Kəb) yenə də deyir: "Peyğəmbər (s.ə.v.v.) mənə buyurdu: “Ey Ubəyy, müsəlmanlara de, “Bəqərə” surəsini oxusunlar. Çünki onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, onu (oxumağı) tərk etmək isə həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz”." Səhl ibn Səəd deyir: "Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu: “Hər bir şeyin qalası vardır, Quranın qalası isə “Bəqərə” surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar”." Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s.ə.v.v.) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qurandan nə qədər əzbər bildiklərini onlardan birbəbir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O, Rəsuli-Əkrəmin (s.ə.v.v.) sualının cavabında Quranın bir hissəsini və “Bəqərə” surəsini əzbər bildiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: "İndi isə gedin və bu cavan sizin əmirinizdir (başçınız)." Onlar dedilər: "Ya Rəsulallah, o bizim hamımızdan uşaqdır!" Həzrət buyurdu: "Bəli, elədir, lakin o, “Bəqərə” surəsini əzbər bilir." Onlar yenə də Rəsuli-Əkrəmdən (s.ə.v.v.) soruşdular: "Quranın hansı surəsi o biri surələrdən əfzəldir?" Həzrət buyurdu: "“Bəqərə” surəsi."
3.İmam Səccad (ə) (Zeynul-Abidin) Rəsuli-Əkrəmdən (s.ə.v.v.) belə nəql edərək buyurmuşdur: "Hər kəs “Bəqərə” surəsindən “Ayətəl-kürsü”nü və onun davamında iki ayəni, həmçinin “Bəqərə” surəsinin başqa yerindən üç ayəni oxusa, nə ona bir pislik yetişməz, nə də ki, şeytan ona yaxınlaşa bilməz." “Allahu lə iləhə illə huvəl həyyul qəyyum. Lə tə’xuzuhu sinətun vələ nəvm. Ləhu mə fis-səməvəti və mə fil-ərz. Mən zəlləzi yəşfəu indəhu illə bi-iznih. Yə’ləmu mə bəynə əydihim və mə xəlfəhum, vələ yuhitunə bi-şey’in min ilmihi illə bi-mə şəə. Vəsiə kursiyyuhus-səməvəti vəl-ərz. Vələ yəuduhu hifzuhumə və huvəl əliyyul-əzim.” (255) “Lə ikrahə fid-dini qəd təbəyyənər-ruşdu minəl-ğəyy. Fəmən yəkfur bit-tağuti və yu’min billahi fəqədistəmsəkə bil-urvətil-vusqa lənfisamə ləha, vəllahu səmiun əlim.” (256) “Allahu vəliyyulləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricuhum minən-nuri iləz-zulumat. Uləikə əshabun-nari hum fiha xalidun.” (257)
4.İbrahim ibn Məhzum deyir, bir kişi belə dedi: "İmam Rzadan (ə) eşitdim ki, buyurdu: “Hər kəs yatan zaman “Bəqərə” surəsini oxusa, Allahın iradəsi ilə o, iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz”."
5.Əli ibn Hüseyn (ə) Allahın Rəsulundan (s.ə.v.v.) hədis rəvayət edərək buyurdu: "Hər kəs “Bəqərə” surəsindən dörd ayəni, “Ayətəl-kürsü”nü və onun ardınca iki ayəni, ondan sonra həmin surənin sonundan üç ayəni oxusa, o öz canında və malında heç bir narahatlıq görməz, div ona yaxınlaşmaz və Quranı unutmaz."
İmam Sadiq (ə) buyurdu: "Əgər bir kəs bu ayəni — “Və iz cəəlnəl-bəytə məsabətən linnasi və əmnən vəttəxizu min məqami İbrahimə musəllə. Və əhidnə ilə İbrahimə və İsmailə ən təhhirə bəytiyə lit-taifinə vəl-akifinə vər-rukkəis-sucud” (125) — yatan zaman oxusa və Allahdan müəyyən bir vaxtda oyanmasını istəsə, bu əməl hasil olacaqdır."
Təcrübə yolu ilə sabit olmuşdur ki, hər kəs aşağıdakı ayəni üç dəfə oxusa və onun əvvəlində və axırında Peyğəmbərə salavat göndərsə, ruzinin çoxalmasına və kilidlərin (düyünlərin) açılmasına səbəb olar: “Və mən yəttəqillahə yəc’əl ləhu məxrəcən. Və yərzuqhu min həysu lə yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. Innəllahə baliğu əmrihi qəd cəələllahu li-kulli şey’in qədrən.” Allahın Rəsulu (s.ə.v.v.) buyurdu: "“Bəqərə” surəsini öyrənin! Çünki oxumaq bərəkət, tərk etmək isə həsrət gətirər. Sehrkarlar bu surəyə yol tapa bilməzlər." Sonra Həzrət yenə buyurdu: "Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun."
Allahın Rəsulu (s.ə.v.v.) buyurdu: "Ya Əli (ə), bu ayə (ayələr) oxunan evin yanına lənətlənmiş İblis üç gün yaxın gələ bilmez. Və yaxud qırx gecə-gündüz heç bir cadu o evə daxil olmaz." Sonra Həzrət yenə buyurdu: "Ey Əli (ə), bu ayəni (“Ayətəl-kürsü”nü) övladlarına və qonşularına öyrət. Çünki bundan üstün ayə nazil olmamışdır."
Hər kəs ayəni (“Ayətəl-kürsü”nü) yatan zaman oxusa, Allah-taala onun ailəsini və ətrafında olan bir neçə qonşusunu şeytanın şərrindən amanda saxlayar.
Allahın Rəsulu (s.ə.v.v.) buyurdu: "Bir kəs evindən çıxanda bu ayəni (“Ayətəl-kürsü”nü) oxusa, evinə qayıdıb gələnə qədər onun bağışlanması üçün Allah-taala yetmiş min mələyi məmur edər. Evinə gəlib çatdıqda isə fəqirliyi ondan uzaqlaşdırar."
Əmr ibn Ubəy Əl-Miqdam deyir: "İmam Məhəmməd Baqirdən (ə) eşitdim, belə buyurdu: “Ayətəl-kürsü”nü oxumaq min ədəd dünyəvi pisliyi (çətinliyi) və min ədəd üxrəvi (axirətdəki) çətinliyi aradan aparar ki, ən asan (yüngül) şey dünyada fəqirlik (kasıblıq), axirətdə ən dözülməz şey isə qəbir sıxıntısıdır."
Əbdullah ibn Cəfər deyir: "Mən elə bir dərdə mübtəla oldum ki, təbiblərin onu əlac etməkdən aciz qaldılar. Bir gecə incik halda bu haqda fikirləşirdim ki, iki kişi mənim qarşımda dayanıb deyirlər: “Bu kişi elə bir ayəni oxudu ki, onda üç yüz altmış beş (365) rəhmət vardır. İndi bu rəhmətdən biri o kişiyə şamil oldu”. Mən yuxudan oyandım və özümün o dərddən nicat tapdığımı gördüm."
İsbəğ ibn Nəbatə bir hədisdə Əlidən (ə) belə nəql edir: "Bir kişi o cənabın xidmətinə təşrif gətirdi (gəldi) və dedi: “Mənim qarnıma sarı su yığılıb, görəsən mənim dərdimə şəfa var?”. Həzrət buyurdu: “Bəli, dinar və dirhəm xərcləmədən”. Söylədi: “Axı necə?”. Həzrət buyurdu: “Ayətəl-kürsü”nü qarnına yaz, sonra onu yuyub suyunu iç. Allahın izni ilə şəfa tapacaqsan”."
Bu ayəni (“Ayətəl-kürsü”nü) on dörd (14) dəfə xəstə adama oxusanız, inşallah, şəfa tapacaqdır.
Hər kəs günəş qürub edən (batanda) vaxt bu ayəni (“Ayətəl-kürsü”nü) qırx bir dəfə oxusa, onun hacəti rəva olar.
Özünüzün və nəslinizin bəlalardan sağ-salamat qalması üçün bu ayəni qırx (40) dəfə “Əliyyul-Əzim”ə kimi oxuyun (təcrübə olunub).
Böyük şəxsiyyətlərin yanında izzətli və hörmətli olmaq üçün “Ayətəl-kürsü”nü üç dəfə oxuyub əllərinin içinə üfür və üzünə çək.
Gözün nurlu olması üçün hər namazdan sonra əllərini gözlərinə qoyub bir dəfə “Həmd” surəsini və “Ayətəl-kürsü”nü oxusun. Sonra bu duanı desin: “Uizu nurə bəsəri bi-nurillahilləzi lə yətfə.”
Bu surə və ayələrdə İsmi-Əzəm (Allahın əzəmətli adları) çox gözə çarpır. O cümlədən: “Həmd”, “Tövhid”, “Ayətəl-kürsü”, “Şəhidallah”, “Qul allahummə”, “Amənər-rəsul”, “Həşr” surəsinin sonu və “Bismillahir-rəhmanir-rəhim” onlardandır.
Deyirlər, qurdların və çəyirtkələrin ziyan vurmaması üçün “Ayətəl-kürsü”nü yazıb bağın dörd guşəsində basdırın.
Deyirlər ki, “Ayətəl-kürsü”nü üç dəfə suya oxusun, sonra üzünü o su ilə yusun və iki rükət namaz qılsın. Hər rükətdə bir dəfə “Həmd” surəsini və “Ayətəl-kürsü”nü oxusun. Hər nə mətləbi olsa, inşallah, hasil olar.
Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub öz qoluna bağlasa, hara getsə əziz və hörmətli olar.
Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub şirin nara üfürsə və dörd aydan sonra onu hamilə qadına versəniz, onun uşağı oğlan olar.
Salman Farsi Allahın Rəsulundan (s.ə.v.v.) bir hədisdə nəql edir ki, Həzrət belə buyurdu: "Hər kəs “Ayətəl-kürsü”nü zəfəranla sağ əlinin içinə yazıb onun suyunu dili ilə yalasa və bu işi yeddi dəfə təkrar etsə, heç vaxt bir şeyi unutmaz. Mələklər də onun bağışlanmasını istəyərlər."
Deyirlər ki, müşkil və böyük çətinliklər üz verəndə “Ayətəl-kürsü”nü on iki dəfə oxumaq faydalıdır.
Allah-taala bir kəsə təzə paltar əta etsə, dəstəmaz alsın, iki rükət namazı “Həmd”, “Ayətəl-kürsü”, “İxlas” (Qul huvəllah) və “Qədr” (İnnə ənzəlnəhu) surələri ilə qılsın. Sonra Allaha onun övrətini örtməsinə və xalq arasında onu zinətləndirdiyinə görə şükür etsin. Və bu sözləri — “Lə həv lə vələ quvvətə illə billahil əliyyil əzim” — çoxlu təkrar etsin ki, günaha düçar olmasın. Onun bu əməlinə görə hər sapın sayı qədər mələk onun bağışlanmasını və rəhmətə şamil olmasını diləyib, onun üçün həmd-səna edərlər.
Hər zaman bir kəsin gözü ağrısa, “Ayətəl-kürsü”nü düzgün etiqadla oxusun. İnşallah, şəfa tapar.
(Amənər-Rəsul):
1.“Bəqərə” surəsinin sonundakı ayələr həm Qurandır, həm dua, həm də ki Allahın razılığıdır. Bir hədisdə vardır ki, günlərin birində Allahın Rəsuluna (s.ə.v.v.) dedilər: "Sabit ibn Qeys Şəmasın evindən nur kimi bir işıq saçır." Həzrət buyurdu: "O, “Bəqərə” surəsini oxuyur." Ona (Sabitə) dedilər: "Gecələr sən otağında nə oxuyursan?" O dedi: "“Bəqərə” surəsinin sonunu (“Amənər-Rəsulu”)."
2.Hər kəs işa namazından sonra “Bəqərə” surəsinin sonundan iki ayəni (“Amənər-rəsulu”dan surənin sonuna kimi) oxusa, elə bil ki, bütün gecəni ehya saxlamışdır.
3.Hər kəs (“Bəqərə” surəsinin sonundan) iki ayəni oxusa, şeytan üç gecə onun evinə yaxın gəlməz.
4.Deyirlər ki, əgər bir kəs “Amənər-rəsul” ayəsini pak bir qaba yazsa və onu şirin çayla yuyub acqarına içsə, hafizəsi çox güclənəcəkdir.
•Deyirlər ki, bu ayəni yatan zaman oxusan və Allahdan gecənin müəyyən vaxtında oyanmağını istəsən, oyanarsan. Ayə: "Və iz cəəlnəl-bəytə məsabətən lin-nasi və əmnən vəttəxizu min məqami ibrahimə musəllə, və əhidnə ilə ibrahimə və ismailə ən təhhirə bəytiyə lit-taifinə vəl-akifinə vər-rukkəis-sucud." (“Bəqərə”, 125).
•Deyirlər ki, hər kəs çərşənbə günü bu ayəni yetmiş dəfə oxusa, elm və qələm əhlini ötüb keçər, onun üçün qələbələr hasil olar və hacətləri qəbul olar. Ayə: "Huvəllahul-ləzi lə iləhə illə huvə, alimul-ğəybi vəş-şəhadəti huvər-rəhmanur-rəhim." (“Həşr”, 22).