Quran TəfsiriQURANI KƏRIM

“Muminun” surəsi xülasə təfsiri və tərcüməsi

“Muminun” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Möminlər nicat tapıblar;
  2. o kəslər ki, namazlarında müti və təvazökardırlar,
  3. o kəslər ki, faydasız, əbəs işlərdən qaçırlar,
  4. o kəslər ki, zəkat verirlər,
  5. o kəslər ki, öz iffətlərini (cinsi orqanlarını) qoruyurlar,
  6. yalnız öz zövcələri və sahib olduqları cariyələrlə münasibətdə olurlar. Onlara görə qınanmazlar.
  7. Bundan başqa vasitəyə can atanlar həddi aşanlardır.
  8. O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
  9. O kəslər ki, namazlarını  qoruyurlar.
  10. Onlardır varis olanlar.
  11. Firdovs Cənnətinə varis olanlar orada əbədi qalacaqlar.
  12. Biz insanı palçıq şirəsindən yaratdıq.
  13. Sonra nütfə halında təhlükəsiz yerdə yerləşdirdik.
  14. Daha sonra nütfəni laxtalanmış qan formasına, laxtalanmış qanı çeynənmiş ət parçası formasına, çeynənmiş ət parçasını sümük formasına saldıq, sonra da sümükləri ət ilə örtdük. Sonra ona yeni bir yaranış verdik. Yaradanların ən yaxşısı olan Allah çox böyükdür!
  15. Bundan sonra siz, mütləq, öləcəksiniz.
  16. Sonra da Qiyamət günü dirildiləcəksiniz.
  17. Biz sizin üstünüzdə yeddi yol (göyün yeddi təbəqəsini) yaratdıq. Biz yaratdıqlarımızdan (əsla) xəbərsiz olmamışıq.

—————————————————————————————–

“Muminun” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları ümumiləşdirərək bir neçə qrupa bölmək olar: 1. Möminlərin xilasına səbəb olan xüsusiyyətlər; 2. Allahın varlıq aləmini sarmış müxtəlif nişanələri; 3. Keçmiş peyğəmbərlərdən bir dəstəsinin başına gələnlər; 4. Təkəbbürlü insanlara məad mövzusu ilə bağlı bəzən sərt ahəngə malik məntiqi dəlillərlə xəbərdarlıq edilməsi; 5. Allahın varlıq aləmi üzərindəki hökmranlığı; 6. Qiyamətin təkrar-təkrar xatırlanması; 7. İnsanın yaranış məqsədinin bəyan edilməsi[1].

  1. Mütilik və təvazökarlıq namazın ruhudur: “Xaşiun” mənası böyük şəxsiyyət və ya həqiqət qarşısında əlamətləri özünü aşkar şəkildə büruzə verən təvazökarlıq göstərmək, ruhən və cismən ədəb nümayiş etdirmək olan “xüşu” sözündəndir. Quran burada namaz qılmağı deyil, namazda müti və təvazökar olmağı möminlərin xüsusiyyətlərindən biri kimi təqdim etmişdir. Bununla da onların namazının ruhsuz və cansız olan söz və hərəkətlərdən ibarət olmadığını başa salmaq istəmişdir. Onlar namaz qılarkən diqqətlərini elə cəmləyirlər ki, Allahdan qeyri nə varsa, hamısından tamamilə təcrid olunur, yalnız Ona bağlanırlar. Fikir və düşüncəyə, Allahla ünsiyyətə elə aludə olurlar ki, bu aludəçilik bütün varlıqlarını əhatə edir. Özlərini sonsuz varlıq qarşısında bir zərrə, ucu-bucağı görünməyən okean qarşısında bir damcı timsalında görürlər. Bir gün Peyğəmbər (s) namaz üstündə saqqalı ilə oynayan bir nəfəri görüb belə buyurur: “Əgər müti olsaydı, bədən üzvləri də müti olardı”. O, bununla təvazökarlığın daxildən baş qaldırıb özünü zahirdə göstərən bir hal olduğuna işarə edir[2]. Peyğəmbər (s) başqa bir hədisində belə buyurmuşdur: “Münafiqlərin təvazökarlığından Allaha sığının”. “Münafiqlərin təvazökarlığı nədir?” – deyə soruşulduğunda buyurmuşdur: “Qəlb deyil, bədənin təvazökar və müti olması”[3]. Namaz və digər ibadətlərdə qəlbin özünü Allahın hüzurunda hiss etməsi, əsl təvazökarlıq və mütilik halı tapmaq üçün aşağıdakılar tövsiyə olunur: 1. Allahla ünsiyyətdə olarkən diqqətin yayınmaması və Allahdan qeyrisinə baxmaması üçün insana dünyanın kiçik, Allahın isə böyük olduğu qənaətini yaradacaq bilgiyə sahib olmaq lazımdır. 2. Fikir dağınıqlığı insanın diqqətini toplamasına mane olur. İnsan dağınıq fikirlərdən nə qədər çox uzaq olarsa, ibadətlərində bir o qədər qəlb özünü Allahın hüzurunda hiss edər. 3. Namaz üçün məkan seçimi də burada rol oynayır. Buna görə də insanın diqqətini yayındıran əşyalar qarşısında namaz qılmaq bəyənilmir. Əslində, müsəlmanların ibadət ocaqları nə qədər sadə və təm-təraqdan uzaq olarsa, o qədər yaxşı olar. Bu boşluq insanın qəlbin özünü Allahın hüzurunda hiss etməsinə yardım göstərir. 4. Günahdan qorunmaq qəlbin özünü Allahın hüzurunda hiss etməsinə hazırlığında böyük rol oynayır. Günah insanın qəlbini Allahdan uzaqlaşdırır. 5. Namazın mənasını bilmək, hərəkət və zikrlərin fəlsəfəsinə varmaq təsir göstərən amillərdəndir. 6. Namazdan əvvəl, namaz əsnasında və ondan sonra müstəhəb buyurulmuş zikrləri demək təsir göstərir. 7. Özünə nəzarət, bu yöndə məşqlər etmək və bunu davam etdirmək ilk başlanğıcda bir anlıq qəlbin özünü Allahın hüzurunda hiss etməsinə səbəb və diqqətin toplanmasına kömək edir. Ancaq bu davranışlarını davam etdirəcəyi təqdirdə insan namazda özünə elə yüksək həddə hakim olar ki, qəlbinin bütün dəliklərini Allahdan qeyrisinə bağlayar[4].
  2. Əbəs və faydasız iş: Əbəs iş heç bir faydası olmayan işə deyilir. Əlbəttə, bu anlayış nisbidr. Çünki hər hansı iş öz-özlüyündə faydalı, başqa işlərlə müqayisədə əbəs ola bilər. Deməli, əbəs və faydasız işlər dini cəhətdən halal oduğu halda axirət faydası olmayan işlərə deyilir. Buna yemək yeməyi misal göstərə bilərik. Yemək ilk baxışda lazım, zəruri və qaçılmazdır. Ancaq yeməkdə məqsəd yalnız ləzzət və zövq almaq olsa, dini cəhətdən əbəs iş hesab edilir. Yemək əbəs olmaqdan o zaman çıxır ki, onda məqsəd güc toplayıb Allaha ibadət etmək olsun. Deməli, vacıb və müstəhəb kontekstindən kənar olan bütün işlər əbəsdir. Bütün işləri, yemək, içmək, yatmaq, ailə qurmaq və sairəni məqsədyönlü və Allahın razılığını qazanmaq niyyəti ilə etməklə müstəhəb əmələ çevirmək olar[5].
  1. Biz göydən müəyyən miqdarda su endirib onu yerdə saxladıq. Biz onu yox etməyə tam qadirik.
  2. Sonra onun vasitəsilə sizin üçün xurma və üzüm ağaclarından bağlar göyərtdik. O bağlarda yediyiniz çoxlu meyvələr vardır.
  3. Sina dağında bir ağac (zeytun ağacı) bitir. Yeyənlər üçün həm yağ və həm şirə verir.
  4. Heyvanlarda da sizin üçün bir ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda çoxlu faydalar var. Üstəlik onların ətindən də yeyirsiniz.
  5. Onlara və gəmilərə minirsiniz.
  6. Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Tək olan Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmur­­sunuz?”
  7. Qövmünün kafir zadəganları dedilər: “Bu kişi elə sizin kimi bir insandır və sizə böyüklük etmək istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik.
  8. Bu cin vurmuş bir adamdır. Odur ki, ona qarşı bir müddət səbirli olun!”
  9. (Nuh) dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
  10. Biz Nuha vəhy etdik: “Gəmini hüzurumuzda və vəhyimizə uyğun şəkildə düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), daha öncə həlak olacaqları ilə bağlı vəd verilmiş kəslər (arvadın və oğlun) istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar hamısı həlak olacaqlar.

—————————————————————————————

  1. Yeraltı su ehtiyatları dünya əhalisi üçün böyük nemətdir: Bildiyimiz kimi, yerin üst qatı sukeçirən və sukeçirməz olmaqla iki təbəqəyə bölünür. Əgər yerin bütün təbəqələri sukeçirən olsaydı, yağış suları tamamilə yerin dərinliklərinə hopardı və yer səthi quruyar, bir damcı belə su tapılmazdı. Əgər yerin bütün təbəqələri sukeçirməz gil olsaydı, bütün yağan yağıntılar yer səthində qalar, bütün yer üzü bataqlığa çevrilər, həyat üçün yararsız olar, həyat mənbəyi olmaq əvəzinə ölüm səbəbinə çevrilərdi. Ancaq Allah-taala yerin üst qatını sukeçirən, alt qatını isə sukeçirməz etmişdir. Nəticədə yağıntılar üst qatdan süzülüb alt qat üzərində toplanır, sonra bu ehtiyatlardan bulaqlar, quyular və kəhrizlər vasitəsilə istifadə edilir. Quyudan çıxardığımız şirin su bəlkə də min illər əvvəl yağmış və yerin dərinliklərinə süzülmüş, xarab olmadan bu günün su ehtiyatına çevrilmiş yağış suyunun damcılarıdır. Allah insanı yaşamaq üçün yaratmış, suyu onun həyat mənbəyinə çevirmişdir. Ondan əvvəl isə bu həyat mənbəyini saxlamaq üçün çox mühüm mənbələr yaratmışdır[6].
  2. Turi-Sina zeytun ağacının bitdiyi məkan: Turi-Sina Sina yarımadasında yerləşən Tur dağıdır. Allah-taala burada zeytunu ona görə Tur dağında bitən ağac kimi təqdim edir ki, Hicaz ərəbləri bu regionun quru çöllərindən keçib şimala doğru üz tutduqları zaman qarşılarına çıxan ilk yer zeytun ağacları bol olan Sina düzü olmuşdur. Xəritəyə baxdıqda bu məsələ daha yaxşı anlaşılır[7].

19-20. Xurma, zeytun, üzüm: Bu həyat əhəmiyyətli meyvələrin xüsusiyyətləri ilə yaxından tanış olmaq istəyənlər “Nəhl” surəsinin 11-ci ayəsinə baxa bilərlər.

  1. Nuhun (ə) əhvalatı: “Hud” surəsinin 37-40-cı ayələrinin məzmunu ilə bu ayənin məzmunu təxminən eynidir. Bu ayənin ehtiva etdiyi nüanslarla daha yaxından tanış olmaq, Nuhun (ə) gəmisinin böyüklüyü, suyun təndirdən qaynaması, daha öncədən həlak olacaqları ilə bağlı vəd verilmiş şəxslər və sair kimi məsələlər haqqında daha ətraflı məlumat əldə emək istəyənlər həmin ayələrə müraciət edə bilərlər.
  1. Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Həmd bizi zalım adamlardan xilas edən Allaha məxsusdur!”
  2. De: “Ey Rəbbim! Bizi bərəkətli bir məkanda yerə endir. Sən yerə endirənlərin ən yaxşısısan!”
  3. Bunda əlamətlər və ibrətlər vardır. Həqiqətən, Biz sınağa çəkirik.
  4. Onlardan sonra başqa bir cəmiyyət meydana gətirdik.
  5. Onlara da özlərindən “Allaha ibadət edin! Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?” deyən bir elçi göndərdik.
  6. Qövmünün kafir olan, axirət görüşünü yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O, sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
  7. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq, ziyana uğrayarsınız.
  8. O, sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra yenidən çıxarılacağınızımı vəd edir?
  9. Sizə vəd olunan şey qeyri-mümkündür, qeyri-mümkün!
  10. Həqiqətən, bu dünya həyatımızdan başqa heç bir həyat yoxdur; birimiz ölür, digərimiz onun yerini tutur və biz əsla qaldırılmayacağıq.
  11. O, yalnız Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
  12. (Peyğəmbərləri) dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
  13. (Allah) buyurdu: “Tezliklə tutduqları işdən peşman olacaqlar!”
  14. Onları qorxunc bir səs haqq olaraq bürüdü. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. (Allahın rəhmətindən) uzaq olsun zalım adamlar!
  15. Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.

—————————————————————————————–

  1. Sınaq Allahın qəti qanunudur: “Həqiqətən, Biz sınağa çəkirik” cümləsinin geniş məzmunu bəlkə də belədir: Biz Nuhun (ə) qövmünü dəfələrlə sınağa çəkdik, onlar sınaqların öhdəsindən gəlmədikləri üçün məhvə məhkum etdik. Cümlənin geniş məzmunu belə də ola bilər: Biz bütün dövrlərin insanlarını sınağa çəkirik. Əvvəlki ayədə söylənilənlər təkcə Nuhun (ə) dövrünün insanlarına deyil, bütün dövrlərin insanlarına aiddir. Hər bir dövrün insanları müxtəlif formalarda sınanılır. Bəşəriyyətin təkamül yolu üzərində tikan olan insanlar sınaqlar vasitəsilə yoldan təmizlənir ki, bəşəriyyət təkamül yolunu davam etdirə bilsin[8]. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Allah sizə sığınacaq verib, sizə zülmü rəva görməyib. Ancaq sığınacaq veribsə, bu, o demək deyil ki, sizi sınamayacaq. Əzəmətli Allah: “Bunda əlamətlər və ibrətlər vardır. Həqiqətən, Biz sınağa çəkirik”, – deyə buyurmuşdur.”[9] Əlbəttə, Allah-taalanın sınaq formaları fərqlidir. Yoxsulluq, var-dövlət, izzət, zillət, xəstəlik, sağlamlıq və sair, hər biri Allah tərəfindən bir imtahandır. Allah bəndəsi bütün bu vəziyyətlərə şükür və səbir etməli, öz vəzifəsinə əməl etməlidir[10].
  2. Səmud qövmü Nuh qövmündən sonra həlak olmuş qövmdür: Quran Allah-taalanın Nuhdan sonra meydana gətirdiyi, sonra məhv etdiyi qövmün hansı qövm olduğunu, habelə bu qövmün peyğəmbərinin adını qeyd etməmişdr. Çox ehtimal ki, bu qövm Saleh peyğəmbərin (ə) qövmü Səmuddur. Çünki Allah-taala Quranın bir neçə yerində bu qövmdən söz açmış və onların Nuh (ə) qövmündən sonra yaşamış və qorxunc səs bəlasına düçar olmuş qövm olduğunu buyurmuşdur[11].
  3. Dəbdəbəli həyat və onun acı nəticəsi: Bu ayədə naz-nemət içində keçən dəbdəbəli həyatla küfr və Allahla görüşün yalan hesab edilməsi arasında bir əlaqə olduğu vurğulanmışdır. Həqiqətən də belədir. Çünki bu cür həyat sürən insanlar qeyd-şərtsiz azad həyat sürməyə, bütün heyvani ləzzətlərdən azad şəkildə istifadə etməyə meyilli olurlar. Məlumdur ki, Allahın nəzarət etdiyini və böyük Qiyamət məhkəməsini qəbul etmək bu həyat yolu üçün bir maneədir. Bu inanclar həm insanın vicdanını rahat buraxmır, həm də insanların qınaq qapılarını açır. Buna görə də bu cür insanlar Allaha bəndəlik boyunduruğunu birdəfəlik boyunlarından çıxarır, Allahı və məadı inkar edir, əvvəlki ayədə qeyd edildiyi kimi, belə deyirlər: Həyat yalnız bu dünyadan ibarətdir, bundan başqa dünya yoxdur, kim bunun əksini desə, yalançıdır. Fürsəti qənimət saymaq, beş günlük dünyanı kef çəkmək, hər çəməndən bir gül qoparmaq, hər şeydən zövq almaq lazımdır. Onlar bütün çirkin hərəkətlərini bu cür sözlərlə yozurlar. Digər tərəfdən, dəbdəbəli həyata başqalarının hüquqlarını tapdalamadan, başqalarına qarşı zülm və haqsızlıq etmədən nail olmaq mümkün deyil. Peyğəmbərləri və Qiyaməti inkar etmədən yolları hamar olmaz. Məhz elə bu səbəbdəndir ki, bu cür həyat tərzi sürən insanların çoxu hər şeyə arxa çevirir, hər şeyə təhqir və inkar gözü ilə baxırlar. Bu nəfsani istəklərin əsirinə çevrilmiş kor qəlbli yazıqlar Allahın itaət və mərhəmət kölgəsindən çıxıb nəfsani istəklər bütünün köləsinə çevrilirlər. Onlar tənəzzülə uğramış fikirlərə, çirkaba bulaşmış ruhlara, zülmət və qaranlıq çökmüş qəlblərə malikdirlər. Kənardan onların həyatı bəzilərinə cəlbedici görünə bilər, ancaq yaxından çox qorxuncdur. Çünki günahın yaratdığı narahatlıq, nemətlərin itirilməsi və ölüm qorxusu onları daim iztirab təlaşda saxlayır[12].
  4. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
  5. Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyənlər!
  6. Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
  7. Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini üstün tutan adamlar idilər.
  8. Onlar dedilər: “Tayfaları bizim köləmiz olduğu halda, biz özümüz kimi olan iki insanamı inanacağıq?”
  9. Onları yalançı saydılar və nəticədə hamısı həlak oldu.
  10. Biz Musaya kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
  11. Biz Məryəmin oğlunu və onun anasını bir əlamət və nişanə etdik. Onları əmin-aman və su axan hündür bir yerdə yerləşdirdik.
  12. Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən sizin etdiklərinizdən xəbərdaram!
  13. Sizin bu ümmətinz vahid bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən (əmrimə qarşı çıxmaqdan) qorxun.
  14. Lakin onlar təfriqə salıb parçalanma yaratdılar, hər firqə bir yol seçdi. Firqələrin hər biri öz təriqətinə sevinir.
  15. Sən bir müddət onları öz cəhalət və qəflətləri içində burax!
  16. Yoxsa elə hesab edirlər ki, yardım məqsədilə onlara var-dövlət və övlad verməklə
  17. xeyir qapılarını onların üzünə açmağa tələsirik? Xeyr, onlar anlamırlar.
  18. Həqiqətən, Rəblərinin qorxusundan əsim-əsim əsənlər,
  19. Rəblərinin ayələrinə iman gətirənlər,
  20. Rəblərinə şərik qoşmayanlar,

—————————————————————————————-

  1. Əmin-aman və su axan hündür bir yer: Təfsirçilər bu yerlə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, bura həzrət İsanın (ə) doğulduğu və Şam (Mesopotamiya) şəhərlərindən olan Nasirə şəhəridir. Çünki bu peyğəmbər doğulduğu vaxt onun doğum xəbərini eşidən və gələcəyi barəsində ümumi məlumatlara malik olan bir qrup alim onu aradan götürmək qərarına gəlmişdi. Ancaq Allah onu əmin-aman və nemətləri bol olan br yerdə məskunlaşdırmışdı. Bəziləri həmin yerin Misir olduğunu qeyd etmişlər. Çünki İsa (ə) və anası Məryəm (ə) düşmənlərin əlindən xilas olmaq üçün bir müddət Misirdə yaşamışlar. Bəziləri həmin yerin Dəməşq, bəziləri Rəmələ (Beytül-müqəddəsin şimal-şərq şəhərlərindən biri) olduğunu qeyd etmişlər. Çünki İsa (ə) və anası ömürlərinin bir hissəsini bu şəhərlərdə keçirmişlər. Bu cümlə ilə İsanın (ə) doğulduğu Beytül-müqəddəs düzünə də işarə edildiyini ehtimal etmək olar. Allah-taala bu yeri İsa (ə) və anası üçün əmin-aman, şirin su axan, qurumuş ağacdan xurma bəxş edən bir məkan etmişdir[13]. Əhli-beyt imamlarına (ə) aid olan bəzi hədislərdə bu yerin Nəcəf və Kufə olduğu qeyd edilmişdir[14].
  2. Peyğəmbərlər başqaları kimi yeyib-içsələr də, yedikləri pak və məqsədyönlüdür: Əvvəlki ayələrdə kafirlərin bəhanələrindən birinə işarə edilərək buyurulmuşdur: Nə üçün Allahın peyğəmbəri olduğunu iddia edən bir şəxs başqa insanlar kimi yeyib-içir? Bu ayədə peyğəmbərlərə xitabən belə buyurulmuşdur: “Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün!” Əslində, onlarla digər insanların fərqi bundadır ki, onlar qidanı ehtiyac kimi deyil, təkamül vasitəsi kimi qəbul edirlər. Buna görə də onların yedikləri yalnız pak və təmiz qidalardan olur. Halbuki yeməyi əsas məqsəd edən insanlar bu şərtə riayət etmirlər, pak olub-olmamasından asılı olmayaraq yalnız heyvani istəklərə tabe olurlar. Qidalanmanın insanın ruhiyyəsinə, fərqli qidaların insanların əxlaqına fərqli təsirlər qoyduğunu nəzərə alsaq, “pak yeməklərdn yeyin”“yaxşı işlər görün” cümlələri arasında əlaqə olduğunu görərik. Hədislərdə var ki, haram yemək duanın qəbul olunmasının qarşısını alır. İslam peyğəmbərinin (s) məşhur bir hədisi bu iddianı təsdiq edir. Bir kişi Peyğəmbərin (s) yanına gəlib deyir: “Duamın qəbul olunmasını istəyirəm”. Peyğəmbər (s) buyurur: “Yeməyini pak et, haram yeməkdən çəkin”[15].
  3. Nadancasına təəssübkeşlik haqq yolunda böyük maneədir: “Firqələrin hər biri öz təriqətinə sevinir” cümləsi mühüm bir psixoloji və ictimai həqiqəti çatdırır. Bu da nadancasına təəssübkeşlikdir. Firqələrin hər biri özü üçün bir yol və ayin seçmiş, beyninin qapısını istənilən fikir üçün bağlamış, beyninə yeni bir şüanın daxil olub, ruhuna bir meh əsib həqiqəti aydınlatmasına icazə vermir. Bu hal eqoizmdən, özünü bəyənməkdən, lovğalıqdan, xudbinlikdən, özünü üstün tutmaqdan qaynaqlanır. Əslində, sözügedən xüsusiyyət həqiqətləri üzə çıxaran ümmətlər arasında vəhdət və birlik yaranmasının qarşısını alan ən böyük maneədir. İnsanın öz firqəsini sevməsi ondan qeyrisinə qarşı biganəliyə və nifrətə səbəb olur. Bəzən iş o yerə çatır ki, insan tutduğu yola müxalif olan bir söz eşitdikdə barmaqlarını qulağına tıxayır, paltarını başına çəkir, adət etdiyinin əksinə olan həqiqəti eşitməmək üçün qaçmağa üz tutur. Belə ki, Allah-taala Nuh (ə) zamanının müşrikləri haqqında belə buyurmuşdur: Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxadı, paltarlarına büründü, (küfrlərində) israr edib, israrla təkəbbürlülük göstərdilər. (Nuh-7)[16]
  4. İtaət yolunda son dərəcə ciddi-cəhdlə çalışan, bununla belə Rəblərinə qayıdacaqlar deyə qəlbləri qorxu hissi keçirənlər –
  5. Məhz bu cür şəxslər yaxşı işlər görməyə tələsər və başqalarından öndə gedərlər.
  6. Biz hər kəsə yalnız qüvvəsi çatdığı qədər vəzifə veririk. Dərgahımızda açıq-aydın danışan bir kitab vardır. Onlara zülm olunmaz.
  7. Lakin onların qəlbi bu əməl dəftərindən xəbərsizdir. Onların bundan başqa davamlı olaraq yerinə yetirdikləri (pis) başqa işlər də vardır.
  8. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman acı-acı fəryad qopararlar.
  9. (Ancaq onlara deyilər:) “Bu gün fəryad qoparmayın! Çünki sizə Bizim tərəfimizdən heç bir yardım göstərilməyəcək!”
  10. Ayələrim sizə oxunurdu, siz isə üz çevirib geri dönürdünüz.
  11. Onun qarşısında təkəbbürlük edir, gecələr isə yığıncaqlarınızda yaramaz sözlər danışırdınız.
  12. Məgər onlar bu söz haqqında düşünmürdülər? Yoxsa onlara ulu babalarına gəlməyən bir şey gəlib?
  13. Ya da peyğəmbərlərini tanımayıb buna görə də onu inkar edirlər?
  14. Yaxud: “O dəlidir?”– deyirlər. Xeyr, o peyğəmbər onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
  15. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Ancaq Biz onlara xatırladan Quranı verdik. Onlar isə xatırladandan üz döndərirlər.
  16. Yoxsa sən onlardan bir muzd istəyirsən? Hərçənd ki, Rəbbinin (verəcəyi) muzdu daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
  17. Sən, həqiqətən də, onları doğru yola çağırırsan.
  18. Axirətə inanmayanlar isə bu yoldan çıxırlar.

—————————————————————————————-

  1. Açıq-aydın danışan kitab: Əməl dəftəri və onun keyfiyyəti haqqında “Kəhf” surəsinin 49-cu ayəsində məlumat vermişik. Burada diqqət yetirilməsi lazım olan məqam kitabın danışması məsələsidir. Kitabın danışması deyilərkən kitabda qeyd edilənlərin heç bir anlaşılmazlıq olmadan elan edilməsi nəzərdə tutulur[17]. Bu ifadə eynilə “filan məktub yetərli dərəcədə aydındır” cümləsinə bənzəyr. Yəni əlavə şərhə ehtiyac yoxdur. Heç bir araşdırmasız özü həqiqətləri bəyan edir[18].
  2. Allahın dini bütün zamanlar üçün bir nemətdir: “Yoxsa onlara ulu babalarına gəlməyən bir şey gəlib?” cümləsində Allah başa salmaq istəyir ki, əgər təkallahlıq inancı, məad, yaxşı işlər görməyə dəvət, təmiz olmağa çağırış təkcə İslam peyğəmbərinə aid olan bir məsələ olsaydı, o zaman “bu deyilənlər yenidir, biz onların altına girə bilmərik, əgər bunlar doğrudursa, bütün insanlara qarşı lütfkar və mərhəmətli olan Allah keçmiş peyğəmbərlərə göndərməyib?” – deyə bəhanə edə bilərdilər. Ancaq Peyğəmbərin (s) dəvətinin məzmunu əsas və prinsip baxımından keçmiş peyğəmbərlərin dəvətinin məzmunu ilə eyndir. Buna görə də onların bəhanələri yersizdir[19]. Əlbəttə, bu da o demək deyil ki, keçmiş xalqların xəbəri olmadığı bütün yeni fikirlər batildir. Məqsəd insanların doğru yola yönəlməsi olduğu üçün ilahi missiyanın bütün insanlara çatdırılmasıdır. Bunun da nəticəsində insanlar doğrunu seçmək imkanı əldə etməlidirlər. Əgər bu missiya keçmiş xalqlara çatdırılmayıb, hər hansı cəmiyyətə çatdırılarsa, şübhəsz ki, yanlışdır[20].
  3. İlahi rəhbərlər insanların tanıdğı şəxslər olmuşdur: Bu ayədə açıq-aydın şəkildə başa düşülür ki, ilahi rəhbərlər insanların yaxşı əməl sahibləri kimi tanıdıqları şəxslər olmuşlar. Çünki tanınmaz şəxslər olsaydılar, bu ayəyə əsasən müxaliflərin əlinə bəhanə düşərdi. Peyğəmbərlərin özlərini tanımaqdılarını bəhanə gətirib onları inkar edərdilər[21]. İslam peyğəmbəri (s) də öz zamanında hamı tərəfindən tanınmış bir şəxs olmuşdur. Mənsub olduğu qəbilə (Qüreyş) və tayfa (Bən-Haşim) əzəmət və şərəfləri ilə tanınmışdır. Peyğəmbərin (s) İbrahimə (ə) qədər uzanıb gedən nəsil şəcərəsi tanınmış və böyük insanlar olmuşdur. Ən önəmlisi isə, o həzrət düzlüyü, dürüstlüyü və əmanətdarlığı ilə şöhrət tapmışdır. Hətta o qədər dürüst və əmanətdər olmuşdur ki, Mühəmmədi-əmin (əmanətdar, etibarlı Mühəmməd) deyə çağırılmışdır[22].
  4. Haqpərəstlik və nəfspərəstlik: Bu ayədə haqpərəstlik və nəfspərəstlik qarşılaşdırılmışdır. Ayədə buyurulur ki, əgər haqpərəstlik nəfspərəstliyə çevrilsəydi, təkcə yer və onun əhalisi deyil, göylər də darmadağın olardı. Bunu anlamaq elə də çətin deyil. Çünki: 1.İnsanların nəfsani istəkləri eyni deyil, adətən aralarında böyük təzadlar olur. Hətta elə olur ki, bir insanın öz nəfsani istəklərində də təzad təşkil olur. Əgər haqq bu istəklərə tabe olarsa, nəticəsi hərc-mərclik, parçalanma və qarşıdurma olar. Hər kəs bir tanrıya ibadət edər. Əgər haqq bu cür istəklərə tabe edilərsə, ayrı-ayrı tanrılar varlığa hakim kəsilərsə, artıq hansı fəsadların baş verəcəyini deməyə lüzum qalmır. 2. İnsanların nəfsinə uymuş istəkləri adətən fəsadlı davranışlara meyilli olur. Əgər insan cəmiyyətlərində bu meyillərə yer verilərsə, nəticəsi fəsaddan başqa bir şey olmaz. 3. Nəfsani istəklərlə müşayiət olunan meyillər hər zaman biryönlü olur, yalnız bir yöndən baxmağı tələb edir, digər yönlər diqqətdən kənarda qalır. Bildiyimiz kimi, ən mühüm fəsad amillərindən biri digər yönlərin diqqətdən kənarda qaldığı biryönlü proqramlardır. Bu ayə bir çox cəhətlərdən “Ənbiya” surəsinin 22-ci ayəsinə bənzəyir. Həmin ayədə Allah-taala belə buyurmuşdur: “Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, o ikisi (yerlə göy) məhv olardı.” Təbii ki, haqq doğru yol kimi birdir. Nəfsani istəklər xəyali tanrılar kimi, çoxdur. Təzad təşkil etdikləri halda haqqa, yoxsa nəfsə tabe olmalıyıq – yerin, göyün və bütün mövcudatın məhvinə səbəb olan nəfsə, yoxsa vəhdət, tövhid, nizam-intizam və birlik rəmzi olan haqqa?[23]
  5. Əgər Biz onlara rəhm edib düşdükləri bəlalardan xilas etsək, onlar (ayılmayacaq, əksinə) azğınlıqları içində inadkarlıq göstərib sərgərdan gəzəcəklər.
  6. Biz onları əzabla yaxaladıq, ancaq onlar öz Rəblərinə nə boyun əydilər, nə də hüzurunda yalvarıb-yaxardılar.
  7. Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman qəfildən məyus olacaqlar.
  8. Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz Ona çox az şükür edirsiniz.
  9. Sizi yer üzündə yaradan Odur. Siz Onun hüzuruna toplanılacaqsınız.
  10. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun işidir). Məgər düşünmürsünüz?
  11. Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər.
  12. Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də qaldırılacağıq?”
  13. Bu vəd bizə və atalarımıza öncədən verilmişdir. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.
  14. De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?”
  15. Onlar dərhal: “Allahındır!”– deyəcəklər. De: “Bəs xatırlamayacaqsınız?”
  16. De: “Yeddi göyün Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir?”
  17. Onlar dərhal: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”
  18. De: “Əgər bilirsinizsə, (deyin görüm) bütün mövcudatın hökmranlığı əlində olan, sığınacağı olmayanlara sığınacaq verən, Özünün isə sığınacağa ehtiyacı olmayan kimdir?”
  19. Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, sehrləndiyinizi deyirsiniz? (Bütün bunların sehr və ovsun olduğunu deyirsiniz?)”

——————————————————————————————–

76-77. Tərbiyə xarakterli əzablar və təmizlik aparmaq üçün göndərilən əzablar: Bu ayələrdə iki əzab növündən söhbət açılır: 1. Tərbiyə xarakterli əzab:  Bu cəza formasında məqsəd insanların çətinliyə məruz qalıb zəif və aciz olduğunu başa düşməsi, nəticədə, təkəbbür və qürur atından enməsidir. Peyğəmbərin (s) nifrini ilə müşriklərin bir neçə il qıtlıq çəkməsi buna misaldır. Həmin vaxt müşriklər elə vəziyyətə düşdülər ki, adi vəziyyətdə yeyilməyəcək şeyləri yemək məcburiyyətində qaldılar. Bu cür bəlalar insanın əlinin hər yerdən üzülməsinə səbəb olur. Bu da insanın Allaha dönüşündə rol oynaya bilər. 2. Təmizlik işləri aparmaq üçün göndərilən əzablar: Bu əzab növündə məqsəd islaholunmaz insanların yer üzündən silinməsidir. Onların bu həyatda yaşamasına heç bir zərurət qalmadığı üçün insanların təkamül yolundan təmizlənməlidirlər. Bu cəza növünün ən bariz nümunəsi ölümdür. Ölüm vasitəsilə tövbə və qayıdış qapısı insanın üzünə tamamilə bağlanır[24].

  1. Dua zamanı təvazökarlıq və yalvarışın əhəmiyyəti: “İstikanət” sözünün mənası təvazökarlıq[25], “təzərrö” sözünün mənası təvazökarlıqla müşayiət olunan təslimolmadır (yalvarıb-yaxarmaqdır)[26]. Əhli-beyt imamalarına (ə) aid edilən bəzi hədislərdə bu iki sözün əməli nümunəsi göstərilmişdir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “İstikanət təvazökarlığa, təzərro isə yalvarmaq üçün əlləri yuxarı qaldırmağa deyilir.” İmam Sadiq (ə) buyurmuşdur: “İstikanət deyilərkən dua, təzərro deyilərkən namazda əllərin qaldırılması nəzərdə tutulur.” İmam Əli (ə) buyurmuşdur: “Duada təvazökar deyillər. Əgər təvazökar olsaydılar, Allah dualarını qəbul edərdi.”[27] Əlbəttə, bu hədislər ayənin məzmununu məhdudlaşdırmır, əksinə Allah dərgahında necə təvazökar olmağın qaydalarını öyrədir.

84-89. Məadın Allahın mütləq qüdrətə malik olması vasitəsilə sübuta yetirilməsi: Bir neçə ayə əvvəl kafirlərin məadı inkar etməsinə işarə edildi. Quran ayələrindən aydın şəkildə başa düşülür ki, məadı inkar edən müxaliflərin çoxu daha çox cismani məada şübhə etmiş, torpağa dönmüş insanın yenidən həyata qayıdacağına təəccüblə yanaşmışlar. Buna görə də məaddan bəhs edən ayələrin çoxunda Allahın qüdrət məsələsi önə çəkilmişdir. Kainatda olan hadisələrdən nümunələr göstərilmişdir, bununla da ayələri dinləyənlərin ölümdən sonrakı dirilmə ilə bağı təəccüblərinə cavab verilmişdir. Bu ayələrdə də Allahın qüdrətini göstərən üç mövzudan misal göstərilmişdir: 1. Yer və yer əhalisi; 2. Səma və əzəmətli ərş; 3. Yaradılış aləminin idarə edilməsi[28]. Yaddan çıxarmaq olmaz ki, məadı inkar edənlər Allahın varlığına inandıqlarını etiraf edirdilər. Onların inancına görə O, yaranış aləmini yoxdan var edən, rəblər rəbbi, tanrılar tanrısıdır, Ondan qeyri tanrılar Onun yaratdıqlarıdır. Buna görə də sözügedən ayələrdə müşriklərin Allahın varlığına inamı qeyd-şərtsiz fərz edilmişdir[29]. Onlar üçün yeri, göyü, onların arasında olanları yoxluq zülmətindən varlıq işığına gətirməyə qüdrəti çatan varlığın ölənlərin çürümüş sümüklərini yenidən dirildəcəyini söyləmək kifayət idi. “Yasin” surəsinin 77-79-cu ayələrində bu məzmun belə ifadə edilmişdir: Məgər insan onu nütfədən yaratdığımızı bilmir? O, açıq mübahsəyə qalxdı, Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unudaraq dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.[30]

  1. Xeyr, Biz haqqı onlar üçün gətirdik. Onlar isə yalan danışırlar!
  2. Allah Özünə əsla övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əks təqdirdə tanrıların hər biri öz yaratdıqlarını özü idarə edər və biri digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
  3. O, gizli və aşkarı biləndir. Ona qoşduqları şəriklərdən çox ucadır.
  4. De: “Ey Rəbbim! Əgər onlara vəd olunan əzabları mənə göstərəcəksənsə,
  5. məni zalım adamların içində qoyma, ey Rəbbim!”
  6. Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
  7. Pisliyi ən yaxşı üsulla dəf et. Biz onların aid etdikləri sifətlərdən daha yaxşı xəbərdarıq.
  8. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
  9. Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
  10. (Onlar öz yanlış həyatlarını sürdürməyə davam edərlər.) Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
  11. Bəlkə tərk etdiyim yaxşı əməlləri edəm”. Xeyr! Onun bu dedikləri ancaq dildə deyilmiş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər Bərzəx vardır.
  12. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və bir-birindən kömək diləməyəcəklər.
  13. Məhz əməlləri ağır gələnlər xilas olanlardır.
  14. Əməlləri yüngül gələnlər isə varlıqlarının sərmayəsini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
  15. Odun yandırıcı şölələri onların üzünü yandıracaq. Orada üzlərinin dərisi dartılacaq.

—————————————————————————————-

  1. Bərzəx bu dünya ilə axirət arasında bir dünyadır: “Bərzəx” iki predmet arasında pərdə rolu oynayan hər hansı vasitəyə deyilir. Buna görə də bu dünya ilə axirət dünyası arasındakı dünyaya “Bərzəx” deyilir. Bəzən qəbir, bəzən ruhlar aləmi də adlandırılan bu aləmin varlığı haqqında ayə və hədislərdə məlumat verilmişdir. Bir çox ayədə bu mövzuya açıq şəkildə işarə edilmişdir. Bu ayədə də sözügedən aləmdən danışılır. Belə bir dünyanın mövcud olduğunu açıq şəkildə ifadə edən ayələrə şəhidlərin həyatı ilə bağlı ayələri (Bəqərə surəsi-154; Ali-İmran surəsi-169), habelə Firon və tərəfdarları kimi hədlərini aşmış kafirlərin Bərzəxini açıq şəkildə ifadə edən “Ğafir” surəsinin 46-cı ayəsini misal göstərmək olar. Həmin ayədə Allah-taala belə buyurur: “Onları səhər-axşam oda salırlar. Qiyamət qopacağı gün isə, (Allah:) Firon nəslini ən şiddətli əzaba salın!(-deyə əmr verəcək.)” Məlumdur ki, ayədə Firon nəslinin səhər-axşam salındığı od deyilərkən Bərzəx Cəhənnəmi nəzərdə tutulmuşdur. Çünki ayənin sonunda onların Qiyamət əzabına ayrı şəkildə işarə edilmişdir. Bu səbəbdən də təfsirçilərin çoxu burada Bərzəx aləmi və qəbir əzabına işarə edildiyini bildirmişlər. Hədislərdə Bərzəx aləmi və onun xüsusiyyətləri haqqında geniş məlumat verilmişdir. İmam Əli (ə) və İmam Səccada (ə) aid edilən oxşar məzmunlu bir hədisdə belə deyilir: “Qəbir ya Cənnət bağlarından, ya da Cəhənnəm quyularından biridir.” Bədr döyüşündən sonra müsəlmanlar bir quyu qazıb Məkkə müşriklərinin cəsədlərini oraya tökürlər. Peyğəmbər (s) quyunun kənarında dayanıb buyurur: “Ey quyu sakinləri! Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən özüm Allahın verdiyi vədin haqq olduğunu gördüm.” Soruşurlar: Ey Allahın rəsulu! Onlar eşidirlərmi? Buyurur: “Bu gün onlar sizdən daha yaxşı eşidir.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “And olsun Allaha, mən sizin yalnız Bərzəxinizdən qorxuram.” İmam (ə) bununla Qiyamət günü Peyğəmbər (s) və məsum imamların (ə) möminlərə şəfaət edəcəyini, Bərzəx hesabının isə ayrıca olacağını nəzərdə tutmuşdur. İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “And olsun Allaha! Bərzəx dünya ilə axirət arasındakı qəbir, savab və cəza aləmidir.” Bərzəx aləminin necə olduğuna gəlincə isə, alimlər onu belə izah etmişlər: Dünya həyatı sona yetdikdən sonra insanın ruhu maddi cismin xüsusiyyətlərinin bir çoxunun olmadığı zərif bir cisimdə yer alır. Ancaq onda bu dünyadakı maddi cismə aid olan bəzi ünsürlər olduğu üçün tam mücərrəd və tam maddi olmayan, bir növ örtük mücərrədliyinə malik xəyali bir bədəndə qərarlaşır. Hədislərdə qəbrin insanı sıxması deyilərkən maddi bədən deyil, misali bədən nəzərdə tutulur. Çünki öldükdən sonra həmin bədən heç bir hissə malik olmur, bundan başqa, yanma və sair hadisələr nəticəsində tamamilə sıradan çıxa bilər. Əlbəttə, axirət aləmini tam dərk edə bilmədyimiz kimi, Bərzəx aləmini də tam şəkildə dərk etmək bizim üçün mümkün deyil. Çünki bu aləm yaşadığımız dünyanın fövqündə dayanır. Bəzi alimlər onu yuxu vəziyyətinə bənzətmişlər. Doğru yuxular zamanı ruhumuz misali qəlib vasitəsilə bəzi ürək oxşayan mənzərələri görüb zövq alır, bəzən isə qorxulu mənzərələrdən diksinib sərasimə halda yuxudan oyanır. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala möminin ruhunu bədənindən aldıqdan sonra onu dünyadakı qəlibinə bənzər bir qəlibdə qərarlaşdırır.” Hədislərdə öldükdən sonra insanlardan bir sıra məsələlər haqqında soruşalacağından bəhs edilir. Bu da deyilənləri təsdiq edən nüanslardandır. İmam Səccad (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey Adəm övladı! Ölümü unutma! Tezliklə ruhun bədənindən alınacaq və bir məkana köçürüləcəksən… Səni sorğu-suala çəkmək üçün Münkər və Nəkir adlı iki mələk gələcək. İlk soruşacaqları sual Allah haqqında olacaq. Sonra sənə göndərilmiş peyğəmbər, qəbul etdiyin din, oxuduğun kitab, rəhbərliyini qəbul etdiyin imam, sonra ömrünü hansı yola sərf etməyin, var-dövlətini hansı yolla qazanıb nəyə sərf etməyin haqqında soruşulacaq.”[31]
  2. Mənim ayələrim sizə oxunmurdumu və siz də onları yalan hesab etmirdinizmi?
  3. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.
  4. Ey Rəbbimiz! Bizi buradan çıxart! Əgər bir də təkrar etsək, həqiqətən də, zalımıq”.
  5. (Allah) buyuracaq: “Rədd olun Cəhənnəmə və Mənimlə heç nə danışmayın!
  6. Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
  7. Siz isə onları məsxərəyə qoyurdunuz. Nəhayət, bu (məsxərələriniz) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
  8. Ancaq bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar uğur qazananlar və xilas olanlardır!”
  9. Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq.
  10. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən saya bilənlərdən soruş” – deyəcəklər.
  11. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz!
  12. Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?”
  13. Həqiqi hökmdar olan Allah ucadır! Ondan başqa heç bir tanrı yoxdur. O, şanlı ərşin Rəbbidir.
  14. Kim Allahla yanaşı, haqqında heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, hesab-kitabını Rəbbi Özü aparacaq. Şübhəsiz ki, kafirlər nicat tapmayacaqar!
  15. De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”

———————————————————————————

  1. Xoşbəxtlik və bədbəxtlik bizim əməllərimizin, danışıqlarımızın və niyyətlərimizin nəticəsidir: “Şəqvət” və “şəqavət” (bədbəxtlik) sözləri səadət (xoşbəxtlik) sözünün antonimidir. Bədbəxtlik insanın düçar olduğu şər və bəla, səadət isə nemət və yaxşılıq vasitələrinin tam təmin olunmasıdır. Hər halda, bu ikisi yalnız bizim əməllərimizin, danışıqlarımızın və niyyətlərimizin nəticəsidir. Xoşbəxtlik və bədbəxtliyin insanla birgə doğulduğuna inanmaq peyğəmbərlərin çağırışı və bütün rəhbərlərin səyləri ilə ziddiyyət təşkil edən xülyadan artıq bir şey deyil. Bu xülya məsuliyyətdən boyun qaçırmaq, yanlış davranışlara və cinayətkarlıqlara don geyindirmək və məlum olmayanları yozmaq üçün uydurulmuşdur. Buna görə də cəhənnəmlik günahkarlar Allahın bütün bəhanələrə son qoyduğunu, özləri-özlərini bədbəxt etdiklərini və azğın zümrə olduqlarını açıq şəkildə etiraf edirlər[32].
  2. Cəhənnəm sakinlərinin Allah yanında tənəzzülü: “İxsəu” feili adətən iti qovmaq üçün istifadə edilir. İnsana deyildikdə onun xarlığını və cəzaya layiq olduğunu ifadə etmək üçün deyilir[33]. Maraqlıdır ki, cəhənnəmlik insanlar bədbəxtliklərini elə həddə çatdırırlar ki, sonrakı ayədə möminlər tərəfindən “rəhm edənlərin ən yaxşısı” adlandırılan Allah onlara bu ifadə ilə xitab edir.

112-113. Axirətlə müqayisədə dünya ömrünün qısa olması: Ayədə “yer üzündə nə qədər qaldınız?” deyilərkən ölümdən öncəki dünya həyatı nəzərdə tutulur. Allah-taala Cəhənnəm sakinlərindən “yer üzündə nə qədər qaldınız?” – deyə soruşduqda əbədi axirət həyatı, onun nemət və əzabları ilə müqayisədə dünya həyatının çox-çox qısa olduğunu görənlər belə cavab verərlər: “Bir gün, yaxud bir gündən də az qaldıq.” Allah rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Allah cəhənnəmlikləri Cəhənnəmə, cənnətlikləri Cənnətə daxil etdikdən sonra Cənnət sakinlərindən: “Yer üzündə nə qədər qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az”, – deyə cavab verəcəklər. Allah buyuracaq: “Bir gün, yaxud bir gündən də az müddətdə nə yaxşı ticarət etdiniz, rəhmət, razılıq və Cənnət qazandınız. Elə isə burada əbədi qalın”. Cəhənnəm sakinlərindən: “Ey Cəhənnəm sakinləri! Dünyada nə qədər ömür sürdünüz?” – soruşacaq. Onlar deyəcəklər: “Bir gün, yaxud bir gündən də az”. Allah: “Bir gün, yaxud bir gündən də az müddətdə nə pis ticarət etdiniz, odu və Mənim qəzəbimi qazandınız. Elə isə burada əbədi qalın” , – deyə buyuracaq.”[34]

  1. Saymağı bacaranlar: Hədislərin birində belə nəql edilir: “Saymağı bacaranlar deyilərkən günləri sayan, saatları hesablayan, etdiyimiz əməlləri yazan mələklər nəzərdə tutulur.”[35]
  2. İnsan hədəf və məqsədi olan varlıqdır: Bu ayə Qiyamət, hesab-kitab və əməllərin əvəzinin veriləcəyini ifadə edən ən canlı dəlillərdən biridir. Belə ki, Qiyamət və məad olmasa, dünya həyatı əbəs və mənasız olar. Çünki bü dünya həyatı bütün çətinlikləri, Allahın müəyyən etdiyi bütün proqramları ilə yalnız bir neçə günlük həyat üçün olsa, çox mənasız və puç olar. Bundan əlavə biz varlıq aləminin olduqca heyrətamiz, insanın isə kainatın ən kamil varlığı olmasının şahidiyik. Belə ki, varlıq aləminin ən ali varlığı olan insanın bu qısa ömrü ərzində, doğulduğu gündən öldüyü günə qədər çətinliklər, problemlər içində ömür sürür. İndi adı insan olan bu əzəmətli varlığın əsas hədəfinin bir neçə günlük dünya həyatını yaşamaq, ömrünü çətinliklər içində keçirmək, yeyib-içmək, palar geyinmək, yatmaq, oyanmaq, sonra ölməkdən və hər şeyin sona çatmasından ibarətdirmi? Qeyd olunan şəraitdə yaradılış əbəs olmurmu? Hər hansı ağlı olan varlıq bütün bu nizam-intzamı, möhtəşəmliyi bu cür kiçik hədəfdən ötrü yarada bilərmi?[36]

[1] Nümunə, c.14, səh.190

[2] Nümunə, c.14, səh.194

[3] Əl-Mizan, c.15, səh.12

[4] Nümunə, c.14, səh.204

[5] Əl-Mizan, c.15, səh.8

[6] Nümunə, c.14, səh.217

[7] Nümunə, c.14, səh.220

[8] Nümunə, c.14, səh.232

[9] Nəhcül-bəlağə, 102-ci xütbə

[10] Ətyəbül-bəyan, c.9, səh.387

[11] Əl-Mizan, c.15, səh.33

[12] Nümunə, c.14, səh.240

[13] Ətyəbül-bəyan, c.9, səh.410

[14] Nümunə, c.14, səh.255

[15] Nümunə, c.14, səh.255

[16] Nümunə, c.14, səh.259

[17] Əl-Mizan, c.15, səh.42

[18] Nümunə. c.14, səh.268

[19] Nümunə. c.14, səh.274

[20] Əl-Mizan, c.15, səh.45

[21] Nümunə, c.14, səh.275

[22] Ətyəbül-bəyan, c.9, səh.430

[23] Nümunə, c.14, səh.279

[24] Nümunə, c.14, səh.288; Əl-Mizan, c.15, səh.50

[25] Əl-Mizan, c.15, səh.49

[26] Nümunə, c.14, səh.287

[27] Əl-Mizan, c.15, səh.51

[28] Nümunə, c.14, səh.298

[29] Əl-Mizan, c.15, səh.57

[30] Ətyəbül-bəyan, c.9, səh.447

[31] Pəyame-Quran, c.5, səh.443

[32] Nümunə, c.14, səh.338

[33] Nümunə, c.14, səh.339

[34] Nümunə, c.14, səh.342

[35] Əl-Mizan, c.15, səh.76

[36] Nümunə, c.14, səh.344

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir