Qədir-Xum haqqında qısa məlumat

Əziz müsəlman bacı və qardaşlar!

QƏDİR XUM – dinin təkmilləşmə, İmamət və Vilayət  bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Bayramınız mübarək olsun. 

Qədir Xum haqqında :

Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67)

Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?».

Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!».

Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?».

Hamı cavabında dedi: «Bəli, inanırıq!».

Rəsuli-Əkrəm (s) dedi: «İlahi, şahid ol!».

Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» – müsəlmanlar cavab verdi: «Allah və Onun Peyğəmbəri daha yaxşı bilir!».

Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala – mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!».

Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir!».

Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!».

Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».

 

Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…». («Maidə» surəsi, 3)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.