14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri (1)

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi.

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk:

TÜRK QULAM
Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid “türk qulam”, “Əsləm” və “Vazeh” adları altında xatırlanır.

Mərhum Şeyx Şəmsüddin “Ənsarül-Hüseyn” kitabında qeyd edir ki, Təbəri türk qulamın adını “Süleyman” yazmışdır. Şeyxüt-taifə Tusi isə “Rical” kitabında yazır ki, İmam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: “Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş”. (səh.83)

“Dairətül-məarifi-təşəyyö” (“Şiə ensiklopediyası”) kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: “Bəzi mənbələrdən, o cümlədən, “Vəsilətüd-dareyn” kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş”. Adı çəkilən “Vəsilətüd-dareyn” əsərində (səh. 100) yazılıb: “Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)”. Seyyid Mustafa Hüseyni Dəştinin “Məarif və məariyf” əsərində isə türk qulam “Vazeh” adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin “Əyanüş-şiə” kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş (“Əyanüş-şiə”, I, 610-612).

Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, İmam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhən¬nəmə vasil etdi. İmam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qulam idi.

Şeyx Abbas Qummi “Nəfəsül-məhmum və nəfsətül-məsdur” kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: “İmam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, İmam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi”.

Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: “Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar”.

Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin “Tufanül-büka fi məqatiliş-şühəda” əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:

Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:

Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!
Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!
Get, görüm nəslin qazılsı

n, heç nişanı qalmasın,
Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!

Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,
Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!
Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,
Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir