Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
33

Əl-Əhzab Surəsi

73 Ayə 21-ci Cüz Mədinədə nazil olub
سُورَةُ الأحزاب Ayətəllah Mişkini Tərcüməsi

Əl-Əhzab Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Əhzab Surəsi, Ayə 1

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَٱلْمُنَٰفِقِينَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿1﴾

Mişkini Tərcüməsi: Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.
2 Əl-Əhzab Surəsi, Ayə 2

وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ﴿2﴾

Mişkini Tərcüməsi: Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!
3 Əl-Əhzab Surəsi, Ayə 3

وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ﴿3﴾

Mişkini Tərcüməsi: Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb-qoşmaqda kifayət edər.
4 Əl-Əhzab Surəsi, Ayə 4

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍۢ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ ۚ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّٰٓـِٔى تُظَٰهِرُونَ مِنْهُنَّ أُمَّهَٰتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ ﴿4﴾

Mişkini Tərcüməsi: Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir-birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.
5 Əl-Əhzab Surəsi, Ayə 5

ٱدْعُوهُمْ لِءَابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوٓا۟ ءَابَآءَهُمْ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٰلِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌۭ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا ﴿5﴾

Mişkini Tərcüməsi: Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
6 Əl-Əhzab Surəsi, Ayə 6

ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمْ ۗ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُهَٰجِرِينَ إِلَّآ أَن تَفْعَلُوٓا۟ إِلَىٰٓ أَوْلِيَآئِكُم مَّعْرُوفًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًۭا ﴿6﴾

Mişkini Tərcüməsi: Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Quranda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi-Məhfuzda, yaxud Quranda) yazılmışdır.
7 Əl-Əhzab Surəsi, Ayə 7

وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّۦنَ مِيثَٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍۢ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًۭا ﴿7﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd-peyman aldıq ki, (hamısı bir-birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
8 Əl-Əhzab Surəsi, Ayə 8

لِّيَسْـَٔلَ ٱلصَّٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًا أَلِيمًۭا ﴿8﴾

Mişkini Tərcüməsi: (Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
9 Əl-Əhzab Surəsi, Ayə 9

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌۭ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا وَجُنُودًۭا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ﴿9﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
10 Əl-Əhzab Surəsi, Ayə 10

إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ﴿10﴾

Mişkini Tərcüməsi: O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
11 Əl-Əhzab Surəsi, Ayə 11

هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًۭا شَدِيدًۭا ﴿11﴾

Mişkini Tərcüməsi: (Məhz) o zaman möminlər imtahan edilmiş və möhkəm sarsılmış, iztiraba düçar olmuşdular.
12 Əl-Əhzab Surəsi, Ayə 12

وَإِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًۭا ﴿12﴾

Mişkini Tərcüməsi: Və (yada sal) o zaman ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
13 Əl-Əhzab Surəsi, Ayə 13

وَإِذْ قَالَت طَّآئِفَةٌۭ مِّنْهُمْ يَٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُوا۟ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌۭ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌۭ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًۭا ﴿13﴾

Mişkini Tərcüməsi: Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» – deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
14 Əl-Əhzab Surəsi, Ayə 14

وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا۟ ٱلْفِتْنَةَ لَءَاتَوْهَا وَمَا تَلَبَّثُوا۟ بِهَآ إِلَّا يَسِيرًۭا ﴿14﴾

Mişkini Tərcüməsi: Və əgər «əzhab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
15 Əl-Əhzab Surəsi, Ayə 15

وَلَقَدْ كَانُوا۟ عَٰهَدُوا۟ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًۭا ﴿15﴾

Mişkini Tərcüməsi: Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd- peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
16 Əl-Əhzab Surəsi, Ayə 16

قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًۭا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًۭا ﴿16﴾

Mişkini Tərcüməsi: De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
17 Əl-Əhzab Surəsi, Ayə 17

قُلْ مَن ذَا ٱلَّذِى يَعْصِمُكُم مِّنَ ٱللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوٓءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةًۭ ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿17﴾

Mişkini Tərcüməsi: De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».
18 Əl-Əhzab Surəsi, Ayə 18

۞ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلْمُعَوِّقِينَ مِنكُمْ وَٱلْقَآئِلِينَ لِإِخْوَٰنِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ ٱلْبَأْسَ إِلَّا قَلِيلًا ﴿18﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
19 Əl-Əhzab Surəsi, Ayə 19

أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ ۚ أُو۟لَٰٓئِكَ لَمْ يُؤْمِنُوا۟ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَٰلَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ﴿19﴾

Mişkini Tərcüməsi: Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
20 Əl-Əhzab Surəsi, Ayə 20

يَحْسَبُونَ ٱلْأَحْزَابَ لَمْ يَذْهَبُوا۟ ۖ وَإِن يَأْتِ ٱلْأَحْزَابُ يَوَدُّوا۟ لَوْ أَنَّهُم بَادُونَ فِى ٱلْأَعْرَابِ يَسْـَٔلُونَ عَنْ أَنۢبَآئِكُمْ ۖ وَلَوْ كَانُوا۟ فِيكُم مَّا قَٰتَلُوٓا۟ إِلَّا قَلِيلًۭا ﴿20﴾

Mişkini Tərcüməsi: (Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsalar, onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
21 Əl-Əhzab Surəsi, Ayə 21

لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْءَاخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًۭا ﴿21﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
22 Əl-Əhzab Surəsi, Ayə 22

وَلَمَّا رَءَا ٱلْمُؤْمِنُونَ ٱلْأَحْزَابَ قَالُوا۟ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥ ۚ وَمَا زَادَهُمْ إِلَّآ إِيمَٰنًۭا وَتَسْلِيمًۭا ﴿22﴾

Mişkini Tərcüməsi: Möminlər «əhzabı» (və düşmən qoşunlarını) gördükdə dedilər: «Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir və Allah və Rəsulu düz buyurmuşlar». (Bunları görmək) onların yalnız imanlarını və itaətini artırdı.
23 Əl-Əhzab Surəsi, Ayə 23

مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌۭ صَدَقُوا۟ مَا عَٰهَدُوا۟ ٱللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا۟ تَبْدِيلًۭا ﴿23﴾

Mişkini Tərcüməsi: Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.
24 Əl-Əhzab Surəsi, Ayə 24

لِّيَجْزِىَ ٱللَّهُ ٱلصَّٰدِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ ٱلْمُنَٰفِقِينَ إِن شَآءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿24﴾

Mişkini Tərcüməsi: (Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir.
25 Əl-Əhzab Surəsi, Ayə 25

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ بِغَيْظِهِمْ لَمْ يَنَالُوا۟ خَيْرًۭا ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًۭا ﴿25﴾

Mişkini Tərcüməsi: Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
26 Əl-Əhzab Surəsi, Ayə 26

وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ فَرِيقًۭا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًۭا ﴿26﴾

Mişkini Tərcüməsi: Allah kitab əhlindən (Bəni-Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.
27 Əl-Əhzab Surəsi, Ayə 27

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَٰرَهُمْ وَأَمْوَٰلَهُمْ وَأَرْضًۭا لَّمْ تَطَـُٔوهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرًۭا ﴿27﴾

Mişkini Tərcüməsi: Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.
28 Əl-Əhzab Surəsi, Ayə 28

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ إِن كُنتُنَّ تُرِدْنَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًۭا جَمِيلًۭا ﴿28﴾

Mişkini Tərcüməsi: Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».
29 Əl-Əhzab Surəsi, Ayə 29

وَإِن كُنتُنَّ تُرِدْنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلْءَاخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلْمُحْسِنَٰتِ مِنكُنَّ أَجْرًا عَظِيمًۭا ﴿29﴾

Mişkini Tərcüməsi: «Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır».
30 Əl-Əhzab Surəsi, Ayə 30

يَٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ يُضَٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ﴿30﴾

Mişkini Tərcüməsi: Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)
31 Əl-Əhzab Surəsi, Ayə 31

۞ وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَٰلِحًۭا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًۭا كَرِيمًۭا ﴿31﴾

Mişkini Tərcüməsi: Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
32 Əl-Əhzab Surəsi, Ayə 32

يَٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍۢ مِّنَ ٱلنِّسَآءِ ۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌۭ وَقُلْنَ قَوْلًۭا مَّعْرُوفًۭا ﴿32﴾

Mişkini Tərcüməsi: Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda nazqəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
33 Əl-Əhzab Surəsi, Ayə 33

وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًۭا ﴿33﴾

Mişkini Tərcüməsi: Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınların) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi –paklığın bütün cəhətlərində – pak etmək istəyir.
34 Əl-Əhzab Surəsi, Ayə 34

وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ﴿34﴾

Mişkini Tərcüməsi: Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
35 Əl-Əhzab Surəsi, Ayə 35

إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَٱلْقَٰنِتِينَ وَٱلْقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلْخَٰشِعِينَ وَٱلْخَٰشِعَٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلْحَٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرًۭا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةًۭ وَأَجْرًا عَظِيمًۭا ﴿35﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
36 Əl-Əhzab Surəsi, Ayə 36

وَمَا كَانَ لِمُؤْمِنٍۢ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَٰلًۭا مُّبِينًۭا ﴿36﴾

Mişkini Tərcüməsi: Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz, açıq-aşkar bir azğınlığa düşmüşdür.
37 Əl-Əhzab Surəsi, Ayə 37

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌۭ مِّنْهَا وَطَرًۭا زَوَّجْنَٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌۭ فِىٓ أَزْوَٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًۭا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًۭا ﴿37﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər, yada sal) o zaman ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.
38 Əl-Əhzab Surəsi, Ayə 38

مَّا كَانَ عَلَى ٱلنَّبِىِّ مِنْ حَرَجٍۢ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥ ۖ سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ قَدَرًۭا مَّقْدُورًا ﴿38﴾

Mişkini Tərcüməsi: Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
39 Əl-Əhzab Surəsi, Ayə 39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَ ۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا ﴿39﴾

Mişkini Tərcüməsi: O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.
40 Əl-Əhzab Surəsi, Ayə 40

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍۢ مِّن رِّجَالِكُمْ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿40﴾

Mişkini Tərcüməsi: Muhəmməd (s) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.
41 Əl-Əhzab Surəsi, Ayə 41

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ ٱللَّهَ ذِكْرًۭا كَثِيرًۭا ﴿41﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Allahı çox zikr edin!
42 Əl-Əhzab Surəsi, Ayə 42

وَسَبِّحُوهُ بُكْرَةًۭ وَأَصِيلًا ﴿42﴾

Mişkini Tərcüməsi: Ona hər səhər və axşam təsbih deyin.
43 Əl-Əhzab Surəsi, Ayə 43

هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًۭا ﴿43﴾

Mişkini Tərcüməsi: Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
44 Əl-Əhzab Surəsi, Ayə 44

تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُۥ سَلَٰمٌۭ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًۭا كَرِيمًۭا ﴿44﴾

Mişkini Tərcüməsi: Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
45 Əl-Əhzab Surəsi, Ayə 45

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَرْسَلْنَٰكَ شَٰهِدًۭا وَمُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿45﴾

Mişkini Tərcüməsi: Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
46 Əl-Əhzab Surəsi, Ayə 46

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًۭا مُّنِيرًۭا ﴿46﴾

Mişkini Tərcüməsi: Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik).
47 Əl-Əhzab Surəsi, Ayə 47

وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضْلًۭا كَبِيرًۭا ﴿47﴾

Mişkini Tərcüməsi: Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.
48 Əl-Əhzab Surəsi, Ayə 48

وَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَٱلْمُنَٰفِقِينَ وَدَعْ أَذَىٰهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ﴿48﴾

Mişkini Tərcüməsi: Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.
49 Əl-Əhzab Surəsi, Ayə 49

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَكَحْتُمُ ٱلْمُؤْمِنَٰتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍۢ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًۭا جَمِيلًۭا ﴿49﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə, (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şənlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
50 Əl-Əhzab Surəsi, Ayə 50

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَحْلَلْنَا لَكَ أَزْوَٰجَكَ ٱلَّٰتِىٓ ءَاتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّٰتِى هَاجَرْنَ مَعَكَ وَٱمْرَأَةًۭ مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِىِّ إِنْ أَرَادَ ٱلنَّبِىُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةًۭ لَّكَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِىٓ أَزْوَٰجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَٰنُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌۭ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿50﴾

Mişkini Tərcüməsi: Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.
51 Əl-Əhzab Surəsi, Ayə 51

۞ تُرْجِى مَن تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِىٓ إِلَيْكَ مَن تَشَآءُ ۖ وَمَنِ ٱبْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَآ ءَاتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا فِى قُلُوبِكُمْ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمًۭا ﴿51﴾

Mişkini Tərcüməsi: (Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.
52 Əl-Əhzab Surəsi, Ayə 52

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعْدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَٰجٍۢ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ رَّقِيبًۭا ﴿52﴾

Mişkini Tərcüməsi: Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal deyildir. Gözəllikləri (və yaxşılıqları) sənin xoşuna gəlsə də belə onları başqa qadınlarla da dəyişdirə bilməzsən. Malik olduğun kəniz isə istisnadır. Allah həmişə hər bir şeyə nəzarət edəndir.
53 Əl-Əhzab Surəsi, Ayə 53

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُوا۟ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُوا۟ وَلَا مُسْتَـْٔنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْ ۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَٰعًۭا فَسْـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍۢ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا۟ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓا۟ أَزْوَٰجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ﴿53﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz, bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).
54 Əl-Əhzab Surəsi, Ayə 54

إِن تُبْدُوا۟ شَيْـًٔا أَوْ تُخْفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿54﴾

Mişkini Tərcüməsi: Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz, Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir.
55 Əl-Əhzab Surəsi, Ayə 55

لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَٰنُهُنَّ ۗ وَٱتَّقِينَ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا ﴿55﴾

Mişkini Tərcüməsi: Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.
56 Əl-Əhzab Surəsi, Ayə 56

إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِىِّ ۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ صَلُّوا۟ عَلَيْهِ وَسَلِّمُوا۟ تَسْلِيمًا ﴿56﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.
57 Əl-Əhzab Surəsi, Ayə 57

إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًۭا مُّهِينًۭا ﴿57﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.
58 Əl-Əhzab Surəsi, Ayə 58

وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُوا۟ فَقَدِ ٱحْتَمَلُوا۟ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ﴿58﴾

Mişkini Tərcüməsi: Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır).
59 Əl-Əhzab Surəsi, Ayə 59

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَٰبِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿59﴾

Mişkini Tərcüməsi: Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyunboğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.
60 Əl-Əhzab Surəsi, Ayə 60

۞ لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلًۭا ﴿60﴾

Mişkini Tərcüməsi: Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
61 Əl-Əhzab Surəsi, Ayə 61

مَّلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوٓا۟ أُخِذُوا۟ وَقُتِّلُوا۟ تَقْتِيلًۭا ﴿61﴾

Mişkini Tərcüməsi: (Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər.
62 Əl-Əhzab Surəsi, Ayə 62

سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًۭا ﴿62﴾

Mişkini Tərcüməsi: (Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.
63 Əl-Əhzab Surəsi, Ayə 63

يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ﴿63﴾

Mişkini Tərcüməsi: Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!
64 Əl-Əhzab Surəsi, Ayə 64

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا ﴿64﴾

Mişkini Tərcüməsi: Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.
65 Əl-Əhzab Surəsi, Ayə 65

خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّا يَجِدُونَ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿65﴾

Mişkini Tərcüməsi: Onlar orada əbədi qalacaqlar (və) heç bir vəli (hami) və köməkçi tapmayacaqlar.
66 Əl-Əhzab Surəsi, Ayə 66

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۠ ﴿66﴾

Mişkini Tərcüməsi: Üzləri odda (o tərəf – bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
67 Əl-Əhzab Surəsi, Ayə 67

وَقَالُوا۟ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ﴿67﴾

Mişkini Tərcüməsi: Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».
68 Əl-Əhzab Surəsi, Ayə 68

رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًۭا كَبِيرًۭا ﴿68﴾

Mişkini Tərcüməsi: «Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».
69 Əl-Əhzab Surəsi, Ayə 69

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ ءَاذَوْا۟ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُوا۟ ۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًۭا ﴿69﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri-şəri əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.
70 Əl-Əhzab Surəsi, Ayə 70

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَقُولُوا۟ قَوْلًۭا سَدِيدًۭا ﴿70﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!
71 Əl-Əhzab Surəsi, Ayə 71

يُصْلِحْ لَكُمْ أَعْمَٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا ﴿71﴾

Mişkini Tərcüməsi: (Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.
72 Əl-Əhzab Surəsi, Ayə 72

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًۭا جَهُولًۭا ﴿72﴾

Mişkini Tərcüməsi: Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə, təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.
73 Əl-Əhzab Surəsi, Ayə 73

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَٰفِقِينَ وَٱلْمُنَٰفِقَٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۢا ﴿73﴾

Mişkini Tərcüməsi: (Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.
Əvvəlki: 32. Əs-Səcdə Bütün Surələr ↑ Növbəti: 34. Səbə