Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
38

Sad Surəsi

88 Ayə 23-ci Cüz Məkkədə nazil olub
سُورَةُ ص Ayətəllah Mişkini Tərcüməsi

Sad Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Sad Surəsi, Ayə 1

صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ ﴿1﴾

Mişkini Tərcüməsi: Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qurana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
2 Sad Surəsi, Ayə 2

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى عِزَّةٍۢ وَشِقَاقٍۢ ﴿2﴾

Mişkini Tərcüməsi: (Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.
3 Sad Surəsi, Ayə 3

كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ فَنَادَوا۟ وَّلَاتَ حِينَ مَنَاصٍۢ ﴿3﴾

Mişkini Tərcüməsi: Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
4 Sad Surəsi, Ayə 4

وَعَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ ۖ وَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا سَٰحِرٌۭ كَذَّابٌ ﴿4﴾

Mişkini Tərcüməsi: Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
5 Sad Surəsi, Ayə 5

أَجَعَلَ ٱلْءَالِهَةَ إِلَٰهًۭا وَٰحِدًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عُجَابٌۭ ﴿5﴾

Mişkini Tərcüməsi: O, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!»
6 Sad Surəsi, Ayə 6

وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَىْءٌۭ يُرَادُ ﴿6﴾

Mişkini Tərcüməsi: Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən, bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
7 Sad Surəsi, Ayə 7

مَا سَمِعْنَا بِهَٰذَا فِى ٱلْمِلَّةِ ٱلْءَاخِرَةِ إِنْ هَٰذَآ إِلَّا ٱخْتِلَٰقٌ ﴿7﴾

Mişkini Tərcüməsi: Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
8 Sad Surəsi, Ayə 8

أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ ﴿8﴾

Mişkini Tərcüməsi: Bu yada salan (Quran) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Quran)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
9 Sad Surəsi, Ayə 9

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ ﴿9﴾

Mişkini Tərcüməsi: Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
10 Sad Surəsi, Ayə 10

أَمْ لَهُم مُّلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا۟ فِى ٱلْأَسْبَٰبِ ﴿10﴾

Mişkini Tərcüməsi: Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
11 Sad Surəsi, Ayə 11

جُندٌۭ مَّا هُنَالِكَ مَهْزُومٌۭ مِّنَ ٱلْأَحْزَابِ ﴿11﴾

Mişkini Tərcüməsi: Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.
12 Sad Surəsi, Ayə 12

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَفِرْعَوْنُ ذُو ٱلْأَوْتَادِ ﴿12﴾

Mişkini Tərcüməsi: Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
13 Sad Surəsi, Ayə 13

وَثَمُودُ وَقَوْمُ لُوطٍۢ وَأَصْحَٰبُ لْـَٔيْكَةِ ۚ أُو۟لَٰٓئِكَ ٱلْأَحْزَابُ ﴿13﴾

Mişkini Tərcüməsi: Həmçinin (Saleh pyeğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
14 Sad Surəsi, Ayə 14

إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ﴿14﴾

Mişkini Tərcüməsi: Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi.
15 Sad Surəsi, Ayə 15

وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ مَّا لَهَا مِن فَوَاقٍۢ ﴿15﴾

Mişkini Tərcüməsi: Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan qorxunc səsi gözləyirlər.
16 Sad Surəsi, Ayə 16

وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ ﴿16﴾

Mişkini Tərcüməsi: Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver».
17 Sad Surəsi, Ayə 17

ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ﴿17﴾

Mişkini Tərcüməsi: Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
18 Sad Surəsi, Ayə 18

إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ يُسَبِّحْنَ بِٱلْعَشِىِّ وَٱلْإِشْرَاقِ ﴿18﴾

Mişkini Tərcüməsi: Biz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər.
19 Sad Surəsi, Ayə 19

وَٱلطَّيْرَ مَحْشُورَةًۭ ۖ كُلٌّۭ لَّهُۥٓ أَوَّابٌۭ ﴿19﴾

Mişkini Tərcüməsi: Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
20 Sad Surəsi, Ayə 20

وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ ﴿20﴾

Mişkini Tərcüməsi: Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
21 Sad Surəsi, Ayə 21

۞ وَهَلْ أَتَىٰكَ نَبَؤُا۟ ٱلْخَصْمِ إِذْ تَسَوَّرُوا۟ ٱلْمِحْرَابَ ﴿21﴾

Mişkini Tərcüməsi: Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?
22 Sad Surəsi, Ayə 22

إِذْ دَخَلُوا۟ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍۢ فَٱحْكُم بَيْنَنَا بِٱلْحَقِّ وَلَا تُشْطِطْ وَٱهْدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ﴿22﴾

Mişkini Tərcüməsi: O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.
23 Sad Surəsi, Ayə 23

إِنَّ هَٰذَآ أَخِى لَهُۥ تِسْعٌۭ وَتِسْعُونَ نَعْجَةًۭ وَلِىَ نَعْجَةٌۭ وَٰحِدَةٌۭ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِى فِى ٱلْخِطَابِ ﴿23﴾

Mişkini Tərcüməsi: (Onlardan biri dedi:) Həqiqətən, bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
24 Sad Surəsi, Ayə 24

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِۦ ۖ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلْخُلَطَآءِ لَيَبْغِى بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٌۭ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسْتَغْفَرَ رَبَّهُۥ وَخَرَّ رَاكِعًۭا وَأَنَابَ ۩ ﴿24﴾

Mişkini Tərcüməsi: (Davud) dedi: «Şübhəsiz, o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən, malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
25 Sad Surəsi, Ayə 25

فَغَفَرْنَا لَهُۥ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ ﴿25﴾

Mişkini Tərcüməsi: Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
26 Sad Surəsi, Ayə 26

يَٰدَاوُۥدُ إِنَّا جَعَلْنَٰكَ خَلِيفَةًۭ فِى ٱلْأَرْضِ فَٱحْكُم بَيْنَ ٱلنَّاسِ بِٱلْحَقِّ وَلَا تَتَّبِعِ ٱلْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۢ بِمَا نَسُوا۟ يَوْمَ ٱلْحِسَابِ ﴿26﴾

Mişkini Tərcüməsi: (Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır».
27 Sad Surəsi, Ayə 27

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا بَٰطِلًۭا ۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِنَ ٱلنَّارِ ﴿27﴾

Mişkini Tərcüməsi: Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
28 Sad Surəsi, Ayə 28

أَمْ نَجْعَلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَٱلْمُفْسِدِينَ فِى ٱلْأَرْضِ أَمْ نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ ﴿28﴾

Mişkini Tərcüməsi: Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
29 Sad Surəsi, Ayə 29

كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ مُبَٰرَكٌۭ لِّيَدَّبَّرُوٓا۟ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ﴿29﴾

Mişkini Tərcüməsi: (Bu Quran,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır.
30 Sad Surəsi, Ayə 30

وَوَهَبْنَا لِدَاوُۥدَ سُلَيْمَٰنَ ۚ نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ﴿30﴾

Mişkini Tərcüməsi: Biz Davuda (oğlu) Süleymanı əta etdik. O, gözəl bəndə idi. Həqiqətən, o, (Bizə tərəf) çox qayıdan idi.
31 Sad Surəsi, Ayə 31

إِذْ عُرِضَ عَلَيْهِ بِٱلْعَشِىِّ ٱلصَّٰفِنَٰتُ ٱلْجِيَادُ ﴿31﴾

Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, günün sonunda ona nəcib və iti gedən atlar təqdim edildi.
32 Sad Surəsi, Ayə 32

فَقَالَ إِنِّىٓ أَحْبَبْتُ حُبَّ ٱلْخَيْرِ عَن ذِكْرِ رَبِّى حَتَّىٰ تَوَارَتْ بِٱلْحِجَابِ ﴿32﴾

Mişkini Tərcüməsi: Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
33 Sad Surəsi, Ayə 33

رُدُّوهَا عَلَىَّ ۖ فَطَفِقَ مَسْحًۢا بِٱلسُّوقِ وَٱلْأَعْنَاقِ ﴿33﴾

Mişkini Tərcüməsi: (Dedi:) «Atları qaytarın!» Beləliklə, (hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların) baldır və boyunlar(ın)a əl çəkməyə başladı.
34 Sad Surəsi, Ayə 34

وَلَقَدْ فَتَنَّا سُلَيْمَٰنَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِۦ جَسَدًۭا ثُمَّ أَنَابَ ﴿34﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).
35 Sad Surəsi, Ayə 35

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَهَبْ لِى مُلْكًۭا لَّا يَنۢبَغِى لِأَحَدٍۢ مِّنۢ بَعْدِىٓ ۖ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿35﴾

Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»
36 Sad Surəsi, Ayə 36

فَسَخَّرْنَا لَهُ ٱلرِّيحَ تَجْرِى بِأَمْرِهِۦ رُخَآءً حَيْثُ أَصَابَ ﴿36﴾

Mişkini Tərcüməsi: Beləliklə, Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi.
37 Sad Surəsi, Ayə 37

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٍۢ وَغَوَّاصٍۢ ﴿37﴾

Mişkini Tərcüməsi: Həmçinin hər bənna və dalğıcdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik).
38 Sad Surəsi, Ayə 38

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ﴿38﴾

Mişkini Tərcüməsi: Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik).
39 Sad Surəsi, Ayə 39

هَٰذَا عَطَآؤُنَا فَٱمْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍۢ ﴿39﴾

Mişkini Tərcüməsi: (Dedik:) «Bu bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!»
40 Sad Surəsi, Ayə 40

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ ﴿40﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
41 Sad Surəsi, Ayə 41

وَٱذْكُرْ عَبْدَنَآ أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلشَّيْطَٰنُ بِنُصْبٍۢ وَعَذَابٍ ﴿41﴾

Mişkini Tərcüməsi: Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
42 Sad Surəsi, Ayə 42

ٱرْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌۢ بَارِدٌۭ وَشَرَابٌۭ ﴿42﴾

Mişkini Tərcüməsi: (Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür».
43 Sad Surəsi, Ayə 43

وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ﴿43﴾

Mişkini Tərcüməsi: Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamsı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
44 Sad Surəsi, Ayə 44

وَخُذْ بِيَدِكَ ضِغْثًۭا فَٱضْرِب بِّهِۦ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَٰهُ صَابِرًۭا ۚ نِّعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌۭ ﴿44﴾

Mişkini Tərcüməsi: Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən, o (Bizə tərəf) çox qayıdan idi.
45 Sad Surəsi, Ayə 45

وَٱذْكُرْ عِبَٰدَنَآ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ أُو۟لِى ٱلْأَيْدِى وَٱلْأَبْصَٰرِ ﴿45﴾

Mişkini Tərcüməsi: Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
46 Sad Surəsi, Ayə 46

إِنَّآ أَخْلَصْنَٰهُم بِخَالِصَةٍۢ ذِكْرَى ٱلدَّارِ ﴿46﴾

Mişkini Tərcüməsi: Biz onları axirət evinin fikirində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.
47 Sad Surəsi, Ayə 47

وَإِنَّهُمْ عِندَنَا لَمِنَ ٱلْمُصْطَفَيْنَ ٱلْأَخْيَارِ ﴿47﴾

Mişkini Tərcüməsi: Əlbəttə, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşılardandırlar.
48 Sad Surəsi, Ayə 48

وَٱذْكُرْ إِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَذَا ٱلْكِفْلِ ۖ وَكُلٌّۭ مِّنَ ٱلْأَخْيَارِ ﴿48﴾

Mişkini Tərcüməsi: Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər.
49 Sad Surəsi, Ayə 49

هَٰذَا ذِكْرٌۭ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَـَٔابٍۢ ﴿49﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərlərin) bu (hekayəti) yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır.
50 Sad Surəsi, Ayə 50

جَنَّٰتِ عَدْنٍۢ مُّفَتَّحَةًۭ لَّهُمُ ٱلْأَبْوَٰبُ ﴿50﴾

Mişkini Tərcüməsi: Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!
51 Sad Surəsi, Ayə 51

مُتَّكِـِٔينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَٰكِهَةٍۢ كَثِيرَةٍۢ وَشَرَابٍۢ ﴿51﴾

Mişkini Tərcüməsi: Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
52 Sad Surəsi, Ayə 52

۞ وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ أَتْرَابٌ ﴿52﴾

Mişkini Tərcüməsi: Yanlarında ərlərindən başqasından göz yummuş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr vardır.
53 Sad Surəsi, Ayə 53

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ ٱلْحِسَابِ ﴿53﴾

Mişkini Tərcüməsi: Bu, hesab günü üçün sizə vəd edilən (nemət)lərdir.
54 Sad Surəsi, Ayə 54

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ﴿54﴾

Mişkini Tərcüməsi: Bu (nemətlər), bizim tükənməz ruzimizdir.
55 Sad Surəsi, Ayə 55

هَٰذَا ۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٍۢ ﴿55﴾

Mişkini Tərcüməsi: Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır.
56 Sad Surəsi, Ayə 56

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ ٱلْمِهَادُ ﴿56﴾

Mişkini Tərcüməsi: Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm! (Ora) pis məskəndir!
57 Sad Surəsi, Ayə 57

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌۭ وَغَسَّاقٌۭ ﴿57﴾

Mişkini Tərcüməsi: Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.
58 Sad Surəsi, Ayə 58

وَءَاخَرُ مِن شَكْلِهِۦٓ أَزْوَٰجٌ ﴿58﴾

Mişkini Tərcüməsi: Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).
59 Sad Surəsi, Ayə 59

هَٰذَا فَوْجٌۭ مُّقْتَحِمٌۭ مَّعَكُمْ ۖ لَا مَرْحَبًۢا بِهِمْ ۚ إِنَّهُمْ صَالُوا۟ ٱلنَّارِ ﴿59﴾

Mişkini Tərcüməsi: (Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər». (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır».
60 Sad Surəsi, Ayə 60

قَالُوا۟ بَلْ أَنتُمْ لَا مَرْحَبًۢا بِكُمْ ۖ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ ٱلْقَرَارُ ﴿60﴾

Mişkini Tərcüməsi: (Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir».
61 Sad Surəsi, Ayə 61

قَالُوا۟ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًۭا ضِعْفًۭا فِى ٱلنَّارِ ﴿61﴾

Mişkini Tərcüməsi: (Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
62 Sad Surəsi, Ayə 62

وَقَالُوا۟ مَا لَنَا لَا نَرَىٰ رِجَالًۭا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلْأَشْرَارِ ﴿62﴾

Mişkini Tərcüməsi: Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (islamçıları və dinpərəstləri burada) görmürük?!
63 Sad Surəsi, Ayə 63

أَتَّخَذْنَٰهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ ٱلْأَبْصَٰرُ ﴿63﴾

Mişkini Tərcüməsi: Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!
64 Sad Surəsi, Ayə 64

إِنَّ ذَٰلِكَ لَحَقٌّۭ تَخَاصُمُ أَهْلِ ٱلنَّارِ ﴿64﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu dava-dalaşı qəti və olasıdır.
65 Sad Surəsi, Ayə 65

قُلْ إِنَّمَآ أَنَا۠ مُنذِرٌۭ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿65﴾

Mişkini Tərcüməsi: De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur».
66 Sad Surəsi, Ayə 66

رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ ﴿66﴾

Mişkini Tərcüməsi: Göylərin, yerin və onların arasında olanların Rəbbi həmin O – yenilməz qüdrət sahibi və çox bağışlayan Allah(dan)!
67 Sad Surəsi, Ayə 67

قُلْ هُوَ نَبَؤٌا۟ عَظِيمٌ ﴿67﴾

Mişkini Tərcüməsi: De: «Bu, (Quran və qiyamət xəbəri) böyük bir xəbərdir.
68 Sad Surəsi, Ayə 68

أَنتُمْ عَنْهُ مُعْرِضُونَ ﴿68﴾

Mişkini Tərcüməsi: Siz ondan üz döndərirsiniz.
69 Sad Surəsi, Ayə 69

مَا كَانَ لِىَ مِنْ عِلْمٍۭ بِٱلْمَلَإِ ٱلْأَعْلَىٰٓ إِذْ يَخْتَصِمُونَ ﴿69﴾

Mişkini Tərcüməsi: Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.
70 Sad Surəsi, Ayə 70

إِن يُوحَىٰٓ إِلَىَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ ﴿70﴾

Mişkini Tərcüməsi: (Çünki) mənə yalnız aşkar bir qorxudan olduğum üçün vəhy edilir».
71 Sad Surəsi, Ayə 71

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًۭا مِّن طِينٍۢ ﴿71﴾

Mişkini Tərcüməsi: (Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə buyurdu: «Həqiqətən, Mən gildən bir bəşər yaratmaq istəyirəm.
72 Sad Surəsi, Ayə 72

فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ ﴿72﴾

Mişkini Tərcüməsi: Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün».
73 Sad Surəsi, Ayə 73

فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ ﴿73﴾

Mişkini Tərcüməsi: Beləliklə, mələklərin hamısı (Adəmə) səcdə etdilər.
74 Sad Surəsi, Ayə 74

إِلَّآ إِبْلِيسَ ٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَٰفِرِينَ ﴿74﴾

Mişkini Tərcüməsi: Təkəbbür göstərən və (əvvəldən) kafirlərdən olan İblisdən başqa.
75 Sad Surəsi, Ayə 75

قَالَ يَٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ ٱلْعَالِينَ ﴿75﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
76 Sad Surəsi, Ayə 76

قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ ۖ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ ﴿76﴾

Mişkini Tərcüməsi: Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır).
77 Sad Surəsi, Ayə 77

قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ ﴿77﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən, qovulmuşsan!
78 Sad Surəsi, Ayə 78

وَإِنَّ عَلَيْكَ لَعْنَتِىٓ إِلَىٰ يَوْمِ ٱلدِّينِ ﴿78﴾

Mişkini Tərcüməsi: Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır».
79 Sad Surəsi, Ayə 79

قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿79﴾

Mişkini Tərcüməsi: (İblis) dedi: «Ey Rəbbim! Belə isə onların (qəbirlərdən) qaldırılacağı günə kimi mənə möhlət ver».
80 Sad Surəsi, Ayə 80

قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ ﴿80﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən,
81 Sad Surəsi, Ayə 81

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ ﴿81﴾

Mişkini Tərcüməsi: məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə) qədər».
82 Sad Surəsi, Ayə 82

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ ﴿82﴾

Mişkini Tərcüməsi: (İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.
83 Sad Surəsi, Ayə 83

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ ﴿83﴾

Mişkini Tərcüməsi: Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla».
84 Sad Surəsi, Ayə 84

قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ ﴿84﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.
85 Sad Surəsi, Ayə 85

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ ﴿85﴾

Mişkini Tərcüməsi: Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam».
86 Sad Surəsi, Ayə 86

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍۢ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ ﴿86﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
87 Sad Surəsi, Ayə 87

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ﴿87﴾

Mişkini Tərcüməsi: Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
88 Sad Surəsi, Ayə 88

وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ ﴿88﴾

Mişkini Tərcüməsi: Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).
Əvvəlki: 37. Əs-Saffat Bütün Surələr ↑ Növbəti: 39. Əz-Zümər