Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
37

Əs-Saffat Surəsi

182 Ayə 23-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الصافات Ayətəllah Mişkini Tərcüməsi

Əs-Saffat Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əs-Saffat Surəsi, Ayə 1

وَٱلصَّٰٓفَّٰتِ صَفًّۭا ﴿1﴾

Mişkini Tərcüməsi: And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).
2 Əs-Saffat Surəsi, Ayə 2

فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا ﴿2﴾

Mişkini Tərcüməsi: (And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
3 Əs-Saffat Surəsi, Ayə 3

فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا ﴿3﴾

Mişkini Tərcüməsi: (And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
4 Əs-Saffat Surəsi, Ayə 4

إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌۭ ﴿4﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sizin Tanrınız təkdir.
5 Əs-Saffat Surəsi, Ayə 5

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ ﴿5﴾

Mişkini Tərcüməsi: (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.
6 Əs-Saffat Surəsi, Ayə 6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ ﴿6﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik.
7 Əs-Saffat Surəsi, Ayə 7

وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَٰنٍۢ مَّارِدٍۢ ﴿7﴾

Mişkini Tərcüməsi: Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.
8 Əs-Saffat Surəsi, Ayə 8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ ﴿8﴾

Mişkini Tərcüməsi: Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
9 Əs-Saffat Surəsi, Ayə 9

دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ ﴿9﴾

Mişkini Tərcüməsi: Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.
10 Əs-Saffat Surəsi, Ayə 10

إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ ﴿10﴾

Mişkini Tərcüməsi: Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.
11 Əs-Saffat Surəsi, Ayə 11

فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ ﴿11﴾

Mişkini Tərcüməsi: (Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
12 Əs-Saffat Surəsi, Ayə 12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ﴿12﴾

Mişkini Tərcüməsi: Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.
13 Əs-Saffat Surəsi, Ayə 13

وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ﴿13﴾

Mişkini Tərcüməsi: Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar
14 Əs-Saffat Surəsi, Ayə 14

وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ ﴿14﴾

Mişkini Tərcüməsi: Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.
15 Əs-Saffat Surəsi, Ayə 15

وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ ﴿15﴾

Mişkini Tərcüməsi: Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur».
16 Əs-Saffat Surəsi, Ayə 16

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿16﴾

Mişkini Tərcüməsi: «Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»
17 Əs-Saffat Surəsi, Ayə 17

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿17﴾

Mişkini Tərcüməsi: «Yəni bizim ilk ata-babalarımızdamı (dirildiləcəklər)?»
18 Əs-Saffat Surəsi, Ayə 18

قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ﴿18﴾

Mişkini Tərcüməsi: De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».
19 Əs-Saffat Surəsi, Ayə 19

فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ ﴿19﴾

Mişkini Tərcüməsi: Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.
20 Əs-Saffat Surəsi, Ayə 20

وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ ﴿20﴾

Mişkini Tərcüməsi: Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür».
21 Əs-Saffat Surəsi, Ayə 21

هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿21﴾

Mişkini Tərcüməsi: (Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.
22 Əs-Saffat Surəsi, Ayə 22

۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ﴿22﴾

Mişkini Tərcüməsi: (Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə
23 Əs-Saffat Surəsi, Ayə 23

مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ ﴿23﴾

Mişkini Tərcüməsi: «Onları Cəhənnəmin yoluna yönəldin».
24 Əs-Saffat Surəsi, Ayə 24

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ﴿24﴾

Mişkini Tərcüməsi: «Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar».
25 Əs-Saffat Surəsi, Ayə 25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ ﴿25﴾

Mişkini Tərcüməsi: «(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»
26 Əs-Saffat Surəsi, Ayə 26

بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ ﴿26﴾

Mişkini Tərcüməsi: Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.
27 Əs-Saffat Surəsi, Ayə 27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿27﴾

Mişkini Tərcüməsi: Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,
28 Əs-Saffat Surəsi, Ayə 28

قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ ﴿28﴾

Mişkini Tərcüməsi: (Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz».
29 Əs-Saffat Surəsi, Ayə 29

قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ﴿29﴾

Mişkini Tərcüməsi: Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz».
30 Əs-Saffat Surəsi, Ayə 30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًۭا طَٰغِينَ ﴿30﴾

Mişkini Tərcüməsi: «Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz».
31 Əs-Saffat Surəsi, Ayə 31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ﴿31﴾

Mişkini Tərcüməsi: «Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»
32 Əs-Saffat Surəsi, Ayə 32

فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ ﴿32﴾

Mişkini Tərcüməsi: «Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik».
33 Əs-Saffat Surəsi, Ayə 33

فَإِنَّهُمْ يَوْمَئِذٍۢ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿33﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.
34 Əs-Saffat Surəsi, Ayə 34

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿34﴾

Mişkini Tərcüməsi: Biz günahkarlarla belə rəftar edirik.
35 Əs-Saffat Surəsi, Ayə 35

إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: (Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» -deyildiyi zaman təkəbbür göstərirdilər.
36 Əs-Saffat Surəsi, Ayə 36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍۢ مَّجْنُونٍۭ ﴿36﴾

Mişkini Tərcüməsi: Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»
37 Əs-Saffat Surəsi, Ayə 37

بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ ﴿37﴾

Mişkini Tərcüməsi: (O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.
38 Əs-Saffat Surəsi, Ayə 38

إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ ﴿38﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.
39 Əs-Saffat Surəsi, Ayə 39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿39﴾

Mişkini Tərcüməsi: Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).
40 Əs-Saffat Surəsi, Ayə 40

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿40﴾

Mişkini Tərcüməsi: (Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.
41 Əs-Saffat Surəsi, Ayə 41

أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ ﴿41﴾

Mişkini Tərcüməsi: Onlar üçün məlum bir ruzi vardır,
42 Əs-Saffat Surəsi, Ayə 42

فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: (Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.
43 Əs-Saffat Surəsi, Ayə 43

فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ﴿43﴾

Mişkini Tərcüməsi: Bol nemətli bağlarda,
44 Əs-Saffat Surəsi, Ayə 44

عَلَىٰ سُرُرٍۢ مُّتَقَٰبِلِينَ ﴿44﴾

Mişkini Tərcüməsi: Üz-üzə qoyulmuş taxtlar üzərində,
45 Əs-Saffat Surəsi, Ayə 45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ ﴿45﴾

Mişkini Tərcüməsi: Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,
46 Əs-Saffat Surəsi, Ayə 46

بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّٰرِبِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.
47 Əs-Saffat Surəsi, Ayə 47

لَا فِيهَا غَوْلٌۭ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ﴿47﴾

Mişkini Tərcüməsi: Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.
48 Əs-Saffat Surəsi, Ayə 48

وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌۭ ﴿48﴾

Mişkini Tərcüməsi: Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,
49 Əs-Saffat Surəsi, Ayə 49

كَأَنَّهُنَّ بَيْضٌۭ مَّكْنُونٌۭ ﴿49﴾

Mişkini Tərcüməsi: Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).
50 Əs-Saffat Surəsi, Ayə 50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿50﴾

Mişkini Tərcüməsi: Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.
51 Əs-Saffat Surəsi, Ayə 51

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌۭ ﴿51﴾

Mişkini Tərcüməsi: Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi».
52 Əs-Saffat Surəsi, Ayə 52

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ ﴿52﴾

Mişkini Tərcüməsi: (Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»
53 Əs-Saffat Surəsi, Ayə 53

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ﴿53﴾

Mişkini Tərcüməsi: «Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!
54 Əs-Saffat Surəsi, Ayə 54

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ﴿54﴾

Mişkini Tərcüməsi: (Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»
55 Əs-Saffat Surəsi, Ayə 55

فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ ﴿55﴾

Mişkini Tərcüməsi: O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.
56 Əs-Saffat Surəsi, Ayə 56

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ﴿56﴾

Mişkini Tərcüməsi: Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən».
57 Əs-Saffat Surəsi, Ayə 57

وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ ﴿57﴾

Mişkini Tərcüməsi: «Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım».
58 Əs-Saffat Surəsi, Ayə 58

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ﴿58﴾

Mişkini Tərcüməsi: Beləliklə, (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»
59 Əs-Saffat Surəsi, Ayə 59

إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿59﴾

Mişkini Tərcüməsi: (Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»
60 Əs-Saffat Surəsi, Ayə 60

إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿60﴾

Mişkini Tərcüməsi: (Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.
61 Əs-Saffat Surəsi, Ayə 61

لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ ٱلْعَٰمِلُونَ ﴿61﴾

Mişkini Tərcüməsi: Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.
62 Əs-Saffat Surəsi, Ayə 62

أَذَٰلِكَ خَيْرٌۭ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿62﴾

Mişkini Tərcüməsi: Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!
63 Əs-Saffat Surəsi, Ayə 63

إِنَّا جَعَلْنَٰهَا فِتْنَةًۭ لِّلظَّٰلِمِينَ ﴿63﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.
64 Əs-Saffat Surəsi, Ayə 64

إِنَّهَا شَجَرَةٌۭ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ ﴿64﴾

Mişkini Tərcüməsi: O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).
65 Əs-Saffat Surəsi, Ayə 65

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ﴿65﴾

Mişkini Tərcüməsi: Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).
66 Əs-Saffat Surəsi, Ayə 66

فَإِنَّهُمْ لَءَاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿66﴾

Mişkini Tərcüməsi: Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.
67 Əs-Saffat Surəsi, Ayə 67

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًۭا مِّنْ حَمِيمٍۢ ﴿67﴾

Mişkini Tərcüməsi: Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).
68 Əs-Saffat Surəsi, Ayə 68

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ ﴿68﴾

Mişkini Tərcüməsi: Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.
69 Əs-Saffat Surəsi, Ayə 69

إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ﴿69﴾

Mişkini Tərcüməsi: Çünki, onlar atalarını azmış gördülər.
70 Əs-Saffat Surəsi, Ayə 70

فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ ﴿70﴾

Mişkini Tərcüməsi: Beləliklə, (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.
71 Əs-Saffat Surəsi, Ayə 71

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ ﴿71﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.
72 Əs-Saffat Surəsi, Ayə 72

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ﴿72﴾

Mişkini Tərcüməsi: Həqiqətən, onların arasına qorxudanlar göndərdik.
73 Əs-Saffat Surəsi, Ayə 73

فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ ﴿73﴾

Mişkini Tərcüməsi: Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.
74 Əs-Saffat Surəsi, Ayə 74

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿74﴾

Mişkini Tərcüməsi: Allahın seçilmiş və (İlahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!
75 Əs-Saffat Surəsi, Ayə 75

وَلَقَدْ نَادَىٰنَا نُوحٌۭ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ ﴿75﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.
76 Əs-Saffat Surəsi, Ayə 76

وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿76﴾

Mişkini Tərcüməsi: Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.
77 Əs-Saffat Surəsi, Ayə 77

وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ ﴿77﴾

Mişkini Tərcüməsi: Və (yer üzündə) yalnız onun nəslini saxladıq.
78 Əs-Saffat Surəsi, Ayə 78

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ﴿78﴾

Mişkini Tərcüməsi: Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.
79 Əs-Saffat Surəsi, Ayə 79

سَلَٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَٰلَمِينَ ﴿79﴾

Mişkini Tərcüməsi: Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)
80 Əs-Saffat Surəsi, Ayə 80

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿80﴾

Mişkini Tərcüməsi: Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.
81 Əs-Saffat Surəsi, Ayə 81

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿81﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, o, Bizim mömin bəndələrimizdən idi.
82 Əs-Saffat Surəsi, Ayə 82

ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ ﴿82﴾

Mişkini Tərcüməsi: Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.
83 Əs-Saffat Surəsi, Ayə 83

۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ﴿83﴾

Mişkini Tərcüməsi: Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.
84 Əs-Saffat Surəsi, Ayə 84

إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ ﴿84﴾

Mişkini Tərcüməsi: O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).
85 Əs-Saffat Surəsi, Ayə 85

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ﴿85﴾

Mişkini Tərcüməsi: O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»
86 Əs-Saffat Surəsi, Ayə 86

أَئِفْكًا ءَالِهَةًۭ دُونَ ٱللَّهِ تُرِيدُونَ ﴿86﴾

Mişkini Tərcüməsi: «Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»
87 Əs-Saffat Surəsi, Ayə 87

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿87﴾

Mişkini Tərcüməsi: «Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»
88 Əs-Saffat Surəsi, Ayə 88

فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ ﴿88﴾

Mişkini Tərcüməsi: Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.
89 Əs-Saffat Surəsi, Ayə 89

فَقَالَ إِنِّى سَقِيمٌۭ ﴿89﴾

Mişkini Tərcüməsi: Və dedi: «Həqiqətən, mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).
90 Əs-Saffat Surəsi, Ayə 90

فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ﴿90﴾

Mişkini Tərcüməsi: Onlar ondan üz döndərib qayıtdılar.
91 Əs-Saffat Surəsi, Ayə 91

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ﴿91﴾

Mişkini Tərcüməsi: Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?
92 Əs-Saffat Surəsi, Ayə 92

مَا لَكُمْ لَا تَنطِقُونَ ﴿92﴾

Mişkini Tərcüməsi: Sizə nə olub ki, danışmırsınız?»
93 Əs-Saffat Surəsi, Ayə 93

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ ﴿93﴾

Mişkini Tərcüməsi: Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)
94 Əs-Saffat Surəsi, Ayə 94

فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ﴿94﴾

Mişkini Tərcüməsi: (Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.
95 Əs-Saffat Surəsi, Ayə 95

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ﴿95﴾

Mişkini Tərcüməsi: (İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!
96 Əs-Saffat Surəsi, Ayə 96

وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ﴿96﴾

Mişkini Tərcüməsi: Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən, Allahın məhsuludur.)
97 Əs-Saffat Surəsi, Ayə 97

قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَٰنًۭا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ﴿97﴾

Mişkini Tərcüməsi: (Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!
98 Əs-Saffat Surəsi, Ayə 98

فَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَسْفَلِينَ ﴿98﴾

Mişkini Tərcüməsi: Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)
99 Əs-Saffat Surəsi, Ayə 99

وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ﴿99﴾

Mişkini Tərcüməsi: (İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.
100 Əs-Saffat Surəsi, Ayə 100

رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ ﴿100﴾

Mişkini Tərcüməsi: Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»
101 Əs-Saffat Surəsi, Ayə 101

فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍۢ ﴿101﴾

Mişkini Tərcüməsi: Beləliklə, Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə mücdələdik.
102 Əs-Saffat Surəsi, Ayə 102

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ﴿102﴾

Mişkini Tərcüməsi: Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
103 Əs-Saffat Surəsi, Ayə 103

فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ﴿103﴾

Mişkini Tərcüməsi: Beləliklə, elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)
104 Əs-Saffat Surəsi, Ayə 104

وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ ﴿104﴾

Mişkini Tərcüməsi: Biz ona xitab etdik ki: «Ey İbrahim!
105 Əs-Saffat Surəsi, Ayə 105

قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿105﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
106 Əs-Saffat Surəsi, Ayə 106

إِنَّ هَٰذَا لَهُوَ ٱلْبَلَٰٓؤُا۟ ٱلْمُبِينُ ﴿106﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, bu (hadisə) həmin aşkar imtahandır.
107 Əs-Saffat Surəsi, Ayə 107

وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍۢ ﴿107﴾

Mişkini Tərcüməsi: Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.
108 Əs-Saffat Surəsi, Ayə 108

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ﴿108﴾

Mişkini Tərcüməsi: Ondan sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
109 Əs-Saffat Surəsi, Ayə 109

سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿109﴾

Mişkini Tərcüməsi: Salam olsun İbrahimə!
110 Əs-Saffat Surəsi, Ayə 110

كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿110﴾

Mişkini Tərcüməsi: Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
111 Əs-Saffat Surəsi, Ayə 111

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿111﴾

Mişkini Tərcüməsi: Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.
112 Əs-Saffat Surəsi, Ayə 112

وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ ﴿112﴾

Mişkini Tərcüməsi: Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə mücdələdik.
113 Əs-Saffat Surəsi, Ayə 113

وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌۭ وَظَالِمٌۭ لِّنَفْسِهِۦ مُبِينٌۭ ﴿113﴾

Mişkini Tərcüməsi: Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
114 Əs-Saffat Surəsi, Ayə 114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ﴿114﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musa və Haruna da nemət verdik.
115 Əs-Saffat Surəsi, Ayə 115

وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿115﴾

Mişkini Tərcüməsi: O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.
116 Əs-Saffat Surəsi, Ayə 116

وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ ﴿116﴾

Mişkini Tərcüməsi: Və onlara kömək etdik. Beləliklə, onlar qalib gəldilər.
117 Əs-Saffat Surəsi, Ayə 117

وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ ﴿117﴾

Mişkini Tərcüməsi: Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.
118 Əs-Saffat Surəsi, Ayə 118

وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿118﴾

Mişkini Tərcüməsi: Və onların hər ikisini doğru yola hidayət etdik.
119 Əs-Saffat Surəsi, Ayə 119

وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْءَاخِرِينَ ﴿119﴾

Mişkini Tərcüməsi: Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
120 Əs-Saffat Surəsi, Ayə 120

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ﴿120﴾

Mişkini Tərcüməsi: Salam olsun Musaya və Haruna!
121 Əs-Saffat Surəsi, Ayə 121

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿121﴾

Mişkini Tərcüməsi: Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
122 Əs-Saffat Surəsi, Ayə 122

إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿122﴾

Mişkini Tərcüməsi: Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.
123 Əs-Saffat Surəsi, Ayə 123

وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿123﴾

Mişkini Tərcüməsi: Həqiqətən, İlyas da Bizim peyğəmbərlərimizdən idi.
124 Əs-Saffat Surəsi, Ayə 124

إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ﴿124﴾

Mişkini Tərcüməsi: O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?
125 Əs-Saffat Surəsi, Ayə 125

أَتَدْعُونَ بَعْلًۭا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَٰلِقِينَ ﴿125﴾

Mişkini Tərcüməsi: (İbadət etmək və hacət diləmək üçün) «Bəl»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?
126 Əs-Saffat Surəsi, Ayə 126

ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿126﴾

Mişkini Tərcüməsi: Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»
127 Əs-Saffat Surəsi, Ayə 127

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ﴿127﴾

Mişkini Tərcüməsi: Beləliklə, onlar onu təkzib etdilər. Şübhəsiz, onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.
128 Əs-Saffat Surəsi, Ayə 128

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿128﴾

Mişkini Tərcüməsi: Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!
129 Əs-Saffat Surəsi, Ayə 129

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ﴿129﴾

Mişkini Tərcüməsi: Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.
130 Əs-Saffat Surəsi, Ayə 130

سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ ﴿130﴾

Mişkini Tərcüməsi: Salam olsun İlyasa (və Yasinin övladlarına)!
131 Əs-Saffat Surəsi, Ayə 131

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿131﴾

Mişkini Tərcüməsi: Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
132 Əs-Saffat Surəsi, Ayə 132

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿132﴾

Mişkini Tərcüməsi: Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.
133 Əs-Saffat Surəsi, Ayə 133

وَإِنَّ لُوطًۭا لَّمِنَ ٱلْمُرْسَلِينَ ﴿133﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Lut da Bizim peyğəmbərlərimizdən idi.
134 Əs-Saffat Surəsi, Ayə 134

إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿134﴾

Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
135 Əs-Saffat Surəsi, Ayə 135

إِلَّا عَجُوزًۭا فِى ٱلْغَٰبِرِينَ ﴿135﴾

Mişkini Tərcüməsi: (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!
136 Əs-Saffat Surəsi, Ayə 136

ثُمَّ دَمَّرْنَا ٱلْءَاخَرِينَ ﴿136﴾

Mişkini Tərcüməsi: Sonra (yerdə) qalanları məhv etdik.
137 Əs-Saffat Surəsi, Ayə 137

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ﴿137﴾

Mişkini Tərcüməsi: Həqiqətən, siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
138 Əs-Saffat Surəsi, Ayə 138

وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿138﴾

Mişkini Tərcüməsi: Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?
139 Əs-Saffat Surəsi, Ayə 139

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿139﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.
140 Əs-Saffat Surəsi, Ayə 140

إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿140﴾

Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
141 Əs-Saffat Surəsi, Ayə 141

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ ﴿141﴾

Mişkini Tərcüməsi: Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
142 Əs-Saffat Surəsi, Ayə 142

فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ ﴿142﴾

Mişkini Tərcüməsi: O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.
143 Əs-Saffat Surəsi, Ayə 143

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ ﴿143﴾

Mişkini Tərcüməsi: Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,
144 Əs-Saffat Surəsi, Ayə 144

لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿144﴾

Mişkini Tərcüməsi: mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.
145 Əs-Saffat Surəsi, Ayə 145

۞ فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌۭ ﴿145﴾

Mişkini Tərcüməsi: Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.
146 Əs-Saffat Surəsi, Ayə 146

وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةًۭ مِّن يَقْطِينٍۢ ﴿146﴾

Mişkini Tərcüməsi: Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.
147 Əs-Saffat Surəsi, Ayə 147

وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ﴿147﴾

Mişkini Tərcüməsi: Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.
148 Əs-Saffat Surəsi, Ayə 148

فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ ﴿148﴾

Mişkini Tərcüməsi: Beləliklə, onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.
149 Əs-Saffat Surəsi, Ayə 149

فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ ﴿149﴾

Mişkini Tərcüməsi: Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!
150 Əs-Saffat Surəsi, Ayə 150

أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًۭا وَهُمْ شَٰهِدُونَ ﴿150﴾

Mişkini Tərcüməsi: Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
151 Əs-Saffat Surəsi, Ayə 151

أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ﴿151﴾

Mişkini Tərcüməsi: Bil ki, onlar yalançı olduqları üçün deyirlər:
152 Əs-Saffat Surəsi, Ayə 152

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ﴿152﴾

Mişkini Tərcüməsi: «Allah övlad törətmişdir». Onlar mütləq yalançıdırlar!
153 Əs-Saffat Surəsi, Ayə 153

أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ ﴿153﴾

Mişkini Tərcüməsi: (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!
154 Əs-Saffat Surəsi, Ayə 154

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿154﴾

Mişkini Tərcüməsi: Sizə nə olub, necə hökm çıxarırsınız?!
155 Əs-Saffat Surəsi, Ayə 155

أَفَلَا تَذَكَّرُونَ ﴿155﴾

Mişkini Tərcüməsi: Heç ibrət götürmürsünüz?
156 Əs-Saffat Surəsi, Ayə 156

أَمْ لَكُمْ سُلْطَٰنٌۭ مُّبِينٌۭ ﴿156﴾

Mişkini Tərcüməsi: Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!
157 Əs-Saffat Surəsi, Ayə 157

فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿157﴾

Mişkini Tərcüməsi: Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.
158 Əs-Saffat Surəsi, Ayə 158

وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًۭا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ﴿158﴾

Mişkini Tərcüməsi: Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
159 Əs-Saffat Surəsi, Ayə 159

سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿159﴾

Mişkini Tərcüməsi: Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.
160 Əs-Saffat Surəsi, Ayə 160

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿160﴾

Mişkini Tərcüməsi: Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
161 Əs-Saffat Surəsi, Ayə 161

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ﴿161﴾

Mişkini Tərcüməsi: Həqiqətən, siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)
162 Əs-Saffat Surəsi, Ayə 162

مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ ﴿162﴾

Mişkini Tərcüməsi: (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
163 Əs-Saffat Surəsi, Ayə 163

إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ ﴿163﴾

Mişkini Tərcüməsi: (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
164 Əs-Saffat Surəsi, Ayə 164

وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌۭ مَّعْلُومٌۭ ﴿164﴾

Mişkini Tərcüməsi: (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır».
165 Əs-Saffat Surəsi, Ayə 165

وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ ﴿165﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.
166 Əs-Saffat Surəsi, Ayə 166

وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ ﴿166﴾

Mişkini Tərcüməsi: Əlbəttə, (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə edən bizik.
167 Əs-Saffat Surəsi, Ayə 167

وَإِن كَانُوا۟ لَيَقُولُونَ ﴿167﴾

Mişkini Tərcüməsi: (Müşriklər) həmişə deyərdilər:
168 Əs-Saffat Surəsi, Ayə 168

لَوْ أَنَّ عِندَنَا ذِكْرًۭا مِّنَ ٱلْأَوَّلِينَ ﴿168﴾

Mişkini Tərcüməsi: «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
169 Əs-Saffat Surəsi, Ayə 169

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿169﴾

Mişkini Tərcüməsi: mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.
170 Əs-Saffat Surəsi, Ayə 170

فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿170﴾

Mişkini Tərcüməsi: Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.
171 Əs-Saffat Surəsi, Ayə 171

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ ﴿171﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir
172 Əs-Saffat Surəsi, Ayə 172

إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ ﴿172﴾

Mişkini Tərcüməsi: ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.
173 Əs-Saffat Surəsi, Ayə 173

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ ﴿173﴾

Mişkini Tərcüməsi: Və əlbəttə, qalib Bizim qoşunumuzdur.
174 Əs-Saffat Surəsi, Ayə 174

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿174﴾

Mişkini Tərcüməsi: Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.
175 Əs-Saffat Surəsi, Ayə 175

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ﴿175﴾

Mişkini Tərcüməsi: Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.
176 Əs-Saffat Surəsi, Ayə 176

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿176﴾

Mişkini Tərcüməsi: Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?
177 Əs-Saffat Surəsi, Ayə 177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ ﴿177﴾

Mişkini Tərcüməsi: (Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!
178 Əs-Saffat Surəsi, Ayə 178

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿178﴾

Mişkini Tərcüməsi: Yenə bir müddətədək onlardan üz döndər.
179 Əs-Saffat Surəsi, Ayə 179

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ﴿179﴾

Mişkini Tərcüməsi: Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.
180 Əs-Saffat Surəsi, Ayə 180

سُبْحَٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿180﴾

Mişkini Tərcüməsi: Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!
181 Əs-Saffat Surəsi, Ayə 181

وَسَلَٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ ﴿181﴾

Mişkini Tərcüməsi: Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!
182 Əs-Saffat Surəsi, Ayə 182

وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿182﴾

Mişkini Tərcüməsi: Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Əvvəlki: 36. Yasin Bütün Surələr ↑ Növbəti: 38. Sad