Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
36

Yasin Surəsi

83 Ayə 22-ci Cüz Məkkədə nazil olub
سُورَةُ يس Ayətəllah Mişkini Tərcüməsi

Yasin Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Yasin Surəsi, Ayə 1

يسٓ ﴿1﴾

Mişkini Tərcüməsi: Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)
2 Yasin Surəsi, Ayə 2

وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ ﴿2﴾

Mişkini Tərcüməsi: Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki,
3 Yasin Surəsi, Ayə 3

إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿3﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).
4 Yasin Surəsi, Ayə 4

عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿4﴾

Mişkini Tərcüməsi: (Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).
5 Yasin Surəsi, Ayə 5

تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ﴿5﴾

Mişkini Tərcüməsi: (Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).
6 Yasin Surəsi, Ayə 6

لِتُنذِرَ قَوْمًۭا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ ﴿6﴾

Mişkini Tərcüməsi: (Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata-babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
7 Yasin Surəsi, Ayə 7

لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿7﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi-Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
8 Yasin Surəsi, Ayə 8

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًۭا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ ﴿8﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
9 Yasin Surəsi, Ayə 9

وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّۭا وَمِنْ خَلْفِهِمْ سَدًّۭا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ ﴿9﴾

Mişkini Tərcüməsi: Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).
10 Yasin Surəsi, Ayə 10

وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ ﴿10﴾

Mişkini Tərcüməsi: Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da – iman gətirməyəcəklər.
11 Yasin Surəsi, Ayə 11

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍۢ وَأَجْرٍۢ كَرِيمٍ ﴿11﴾

Mişkini Tərcüməsi: Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.
12 Yasin Surəsi, Ayə 12

إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ فِىٓ إِمَامٍۢ مُّبِينٍۢ ﴿12﴾

Mişkini Tərcüməsi: Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (LövhiMəhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
13 Yasin Surəsi, Ayə 13

وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ ﴿13﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman ki, Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
14 Yasin Surəsi, Ayə 14

إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍۢ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ ﴿14﴾

Mişkini Tərcüməsi: O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
15 Yasin Surəsi, Ayə 15

قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ ﴿15﴾

Mişkini Tərcüməsi: (Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».
16 Yasin Surəsi, Ayə 16

قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ ﴿16﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərlər) dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik».
17 Yasin Surəsi, Ayə 17

وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ﴿17﴾

Mişkini Tərcüməsi: «Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq-aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)».
18 Yasin Surəsi, Ayə 18

قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ﴿18﴾

Mişkini Tərcüməsi: Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz, əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».
19 Yasin Surəsi, Ayə 19

قَالُوا۟ طَٰٓئِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ ﴿19﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz».
20 Yasin Surəsi, Ayə 20

وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌۭ يَسْعَىٰ قَالَ يَٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ ﴿20﴾

Mişkini Tərcüməsi: Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: «Ey mənim qövmüm, bu elçilərə tabe olun».
21 Yasin Surəsi, Ayə 21

ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًۭا وَهُم مُّهْتَدُونَ ﴿21﴾

Mişkini Tərcüməsi: «Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun».
22 Yasin Surəsi, Ayə 22

وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى وَإِلَيْهِ تُرْجَعُونَ ﴿22﴾

Mişkini Tərcüməsi: «Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız»?!
23 Yasin Surəsi, Ayə 23

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَٰنُ بِضُرٍّۢ لَّا تُغْنِ عَنِّى شَفَٰعَتُهُمْ شَيْـًۭٔا وَلَا يُنقِذُونِ ﴿23﴾

Mişkini Tərcüməsi: «Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».
24 Yasin Surəsi, Ayə 24

إِنِّىٓ إِذًۭا لَّفِى ضَلَٰلٍۢ مُّبِينٍ ﴿24﴾

Mişkini Tərcüməsi: «Belə olan surətdə, şübhəsiz, mən açıq-aşkar azğınlıqda olaram».
25 Yasin Surəsi, Ayə 25

إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ ﴿25﴾

Mişkini Tərcüməsi: (Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun)».
26 Yasin Surəsi, Ayə 26

قِيلَ ٱدْخُلِ ٱلْجَنَّةَ ۖ قَالَ يَٰلَيْتَ قَوْمِى يَعْلَمُونَ ﴿26﴾

Mişkini Tərcüməsi: (Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,
27 Yasin Surəsi, Ayə 27

بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ ٱلْمُكْرَمِينَ ﴿27﴾

Mişkini Tərcüməsi: Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi».
28 Yasin Surəsi, Ayə 28

۞ وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍۢ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ﴿28﴾

Mişkini Tərcüməsi: Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik.
29 Yasin Surəsi, Ayə 29

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ خَٰمِدُونَ ﴿29﴾

Mişkini Tərcüməsi: (Onların məhvi) ancaq (səmavi) bir nərə idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular).
30 Yasin Surəsi, Ayə 30

يَٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿30﴾

Mişkini Tərcüməsi: Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər.
31 Yasin Surəsi, Ayə 31

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ ﴿31﴾

Mişkini Tərcüməsi: Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?!
32 Yasin Surəsi, Ayə 32

وَإِن كُلٌّۭ لَّمَّا جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ﴿32﴾

Mişkini Tərcüməsi: Və onların hamısı – istisnasız olaraq – (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar.
33 Yasin Surəsi, Ayə 33

وَءَايَةٌۭ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّۭا فَمِنْهُ يَأْكُلُونَ ﴿33﴾

Mişkini Tərcüməsi: Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
34 Yasin Surəsi, Ayə 34

وَجَعَلْنَا فِيهَا جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ ﴿34﴾

Mişkini Tərcüməsi: Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq),
35 Yasin Surəsi, Ayə 35

لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükr etməzlər?!
36 Yasin Surəsi, Ayə 36

سُبْحَٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır.
37 Yasin Surəsi, Ayə 37

وَءَايَةٌۭ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ ﴿37﴾

Mişkini Tərcüməsi: Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar.
38 Yasin Surəsi, Ayə 38

وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّۢ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿38﴾

Mişkini Tərcüməsi: Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.
39 Yasin Surəsi, Ayə 39

وَٱلْقَمَرَ قَدَّرْنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ ﴿39﴾

Mişkini Tərcüməsi: Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).
40 Yasin Surəsi, Ayə 40

لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ ۚ وَكُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ﴿40﴾

Mişkini Tərcüməsi: Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.
41 Yasin Surəsi, Ayə 41

وَءَايَةٌۭ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿41﴾

Mişkini Tərcüməsi: Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)
42 Yasin Surəsi, Ayə 42

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq (minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi).
43 Yasin Surəsi, Ayə 43

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: Əgər istəsək, onları (gəmidə olduqları halda) qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər.
44 Yasin Surəsi, Ayə 44

إِلَّا رَحْمَةًۭ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٍۢ ﴿44﴾

Mişkini Tərcüməsi: Yalnız Bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək (dünyada) bəhrələnmək üçün (nicat taparlar).
45 Yasin Surəsi, Ayə 45

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿45﴾

Mişkini Tərcüməsi: Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər).
46 Yasin Surəsi, Ayə 46

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə (Quran və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər.
47 Yasin Surəsi, Ayə 47

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿47﴾

Mişkini Tərcüməsi: Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» – deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz».
48 Yasin Surəsi, Ayə 48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿48﴾

Mişkini Tərcüməsi: Və (Məkkə müşrikləri istehza etmək məqsədilə) deyərlər: «Bu vəd (Qiyamətin qopması) nə zaman olacaqdır, əgər düz danışansınızsa?»
49 Yasin Surəsi, Ayə 49

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ ﴿49﴾

Mişkini Tərcüməsi: Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir nərənin (hamının ölümüylə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.
50 Yasin Surəsi, Ayə 50

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةًۭ وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ ﴿50﴾

Mişkini Tərcüməsi: (Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər).
51 Yasin Surəsi, Ayə 51

وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ ﴿51﴾

Mişkini Tərcüməsi: Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.
52 Yasin Surəsi, Ayə 52

قَالُوا۟ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ ﴿52﴾

Mişkini Tərcüməsi: Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».
53 Yasin Surəsi, Ayə 53

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ﴿53﴾

Mişkini Tərcüməsi: (Bu zaman) üfürmə və nərə (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.
54 Yasin Surəsi, Ayə 54

فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿54﴾

Mişkini Tərcüməsi: Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)».
55 Yasin Surəsi, Ayə 55

إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍۢ فَٰكِهُونَ ﴿55﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.
56 Yasin Surəsi, Ayə 56

هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ ﴿56﴾

Mişkini Tərcüməsi: Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər.
57 Yasin Surəsi, Ayə 57

لَهُمْ فِيهَا فَٰكِهَةٌۭ وَلَهُم مَّا يَدَّعُونَ ﴿57﴾

Mişkini Tərcüməsi: Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.
58 Yasin Surəsi, Ayə 58

سَلَٰمٌۭ قَوْلًۭا مِّن رَّبٍّۢ رَّحِيمٍۢ ﴿58﴾

Mişkini Tərcüməsi: (Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).
59 Yasin Surəsi, Ayə 59

وَٱمْتَٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ ﴿59﴾

Mişkini Tərcüməsi: (Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar».
60 Yasin Surəsi, Ayə 60

۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَٰنَ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿60﴾

Mişkini Tərcüməsi: Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»
61 Yasin Surəsi, Ayə 61

وَأَنِ ٱعْبُدُونِى ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿61﴾

Mişkini Tərcüməsi: Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»
62 Yasin Surəsi, Ayə 62

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّۭا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ ﴿62﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!
63 Yasin Surəsi, Ayə 63

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ﴿63﴾

Mişkini Tərcüməsi: Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir.
64 Yasin Surəsi, Ayə 64

ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿64﴾

Mişkini Tərcüməsi: Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın.
65 Yasin Surəsi, Ayə 65

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿65﴾

Mişkini Tərcüməsi: Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.
66 Yasin Surəsi, Ayə 66

وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ ﴿66﴾

Mişkini Tərcüməsi: Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir-birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
67 Yasin Surəsi, Ayə 67

وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُوا۟ مُضِيًّۭا وَلَا يَرْجِعُونَ ﴿67﴾

Mişkini Tərcüməsi: Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
68 Yasin Surəsi, Ayə 68

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ ﴿68﴾

Mişkini Tərcüməsi: Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!
69 Yasin Surəsi, Ayə 69

وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ وَقُرْءَانٌۭ مُّبِينٌۭ ﴿69﴾

Mişkini Tərcüməsi: Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki,
70 Yasin Surəsi, Ayə 70

لِّيُنذِرَ مَن كَانَ حَيًّۭا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ ﴿70﴾

Mişkini Tərcüməsi: qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
71 Yasin Surəsi, Ayə 71

أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَٰمًۭا فَهُمْ لَهَا مَٰلِكُونَ ﴿71﴾

Mişkini Tərcüməsi: Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi!?
72 Yasin Surəsi, Ayə 72

وَذَلَّلْنَٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ ﴿72﴾

Mişkini Tərcüməsi: Bunları (bu heyvanları) onlara ram etdik, bəzisi onların minik vasitələridir və bəzisin(in isə ətindən və südün)dən yeyirlər.
73 Yasin Surəsi, Ayə 73

وَلَهُمْ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ ﴿73﴾

Mişkini Tərcüməsi: Onlar üçün onda (o heyvanlarda) mənfəətlər və içəcəklər vardır, belə isə, şükr etməzlərmi?!
74 Yasin Surəsi, Ayə 74

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لَّعَلَّهُمْ يُنصَرُونَ ﴿74﴾

Mişkini Tərcüməsi: Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə (onların tərəfindən) özlərinə bir yardım olunsun.
75 Yasin Surəsi, Ayə 75

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌۭ مُّحْضَرُونَ ﴿75﴾

Mişkini Tərcüməsi: Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
76 Yasin Surəsi, Ayə 76

فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ﴿76﴾

Mişkini Tərcüməsi: (Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik.(Hamısını cəzalandıracağıq).
77 Yasin Surəsi, Ayə 77

أَوَلَمْ يَرَ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ﴿77﴾

Mişkini Tərcüməsi: Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq-aşkar bir düşmən oldu?!
78 Yasin Surəsi, Ayə 78

وَضَرَبَ لَنَا مَثَلًۭا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَٰمَ وَهِىَ رَمِيمٌۭ ﴿78﴾

Mişkini Tərcüməsi: Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»
79 Yasin Surəsi, Ayə 79

قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍۢ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ﴿79﴾

Mişkini Tərcüməsi: De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir».
80 Yasin Surəsi, Ayə 80

ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًۭا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ﴿80﴾

Mişkini Tərcüməsi: O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.
81 Yasin Surəsi, Ayə 81

أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ ﴿81﴾

Mişkini Tərcüməsi: Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.
82 Yasin Surəsi, Ayə 82

إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿82﴾

Mişkini Tərcüməsi: Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).
83 Yasin Surəsi, Ayə 83

فَسُبْحَٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿83﴾

Mişkini Tərcüməsi: Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız.
Əvvəlki: 35. Fatir Bütün Surələr ↑ Növbəti: 37. Əs-Saffat