14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.

Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür. Bununla əlaqədar İmam Zaman (Allah Onun mübarək zühurunu tezləşdirsin) ağaya və sizlərə təbrik ərz edərək, İmam Məhəmməd Baqirin həyatı haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

 

İmam Baqir hicrətin 57-ci ilində (milad tarixi ilə 676-cı il) Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinin vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin qızı Ümmü Abdullah (Fatimə binti Həsən) olmuşdur. Buna görə də, İmam Baqir həm ata, həm də ana tərəfdən Həzrət Əli və xanım Zəhranın nəslinə yetişən ilk şəxs olmuşdur. O, hicrətin yüz on dördüncü ilində (milad tarixi ilə 733-cü il) Mədinə şəhərində şəhid olmuş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.

Elmi inqilabın banisi İmam Məhəmməd Baqir öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait hazırladı. İmam Baqir elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən , İmam Hüseynin övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən elmi cəhətdən faydalanırdılar. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

 

Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir) buyurmuşdur”, yaxud “Məhəmməd Baqir buyurmuşdur” ifadəsi gözə dəyir.

 

İmam Baqir alimlər baxımından

 

İmam Baqirin elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən, elmləri yaran) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”

 

İmam Baqir öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”

 

İmam Baqir məktəbinin şagirdləri

 

Bu haqda İmam Sadiq buyurardı: “Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”

 

Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqirin parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqirə sataşdı. Gördü ki,Peyğəmbərin buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (Ona salam olsun) buyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər mənim vasitəmlə sənə salam göndərdi.”

 

Hədis yazmağın qadağan edilməsi

 

Peyğəmbərin vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.

 

Peyğəmbərin hədis və buyurduqlarının Qurandan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qurandan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Quranla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: “Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Quran) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.” İkinci xəlifə Peyğəmbərin hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: “Kim Peyğəmbərdən bir hədis belə yazıbsa, onu məhv etsin.” Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin tanınmış səhabələrindən olan Qərzə ibn Kəb deyir: “Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: “Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: “Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: “Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Quran zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qurandan ayırmayın! Camaat üçün Quranı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”

Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.

 

Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məsud, Əbu Dərda və Əbuzərə demişdir: “Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.

 

Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cürət etmədilər. Bu məhdudiyyətlər bais oldu ki,Peyğəmbərin şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət məhrum oldular.

 

Bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yəni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bidəti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: “Peyğəmbərin hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.” Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı. Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sürətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.

Bəziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur. Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən etibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.

 

Əsassız bəhanələr

 

Burada belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki, hamıya məlumdur ki, hədislər (Peyğəmbər hədisləri) Quran ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Quran Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-Beytinə) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Quran ayələri, istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: “O, [Məhəmməd Peyğəmbər] kefi istəyəni danışmır. Bu, ancaq [Allah dərgahından] nazil olan bir vəhydir.” Bundan da əlavə, Allah-taala Peyğəmbərin buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə, onu götürün və ona itaət edin, nəyi qadağan edirsə, ondan əl çəkin.”

 

Abdullah ibn Ömər Peyğəmbərdən rəvayət edir ki, o Həzrət öz dodaqlarına işarə edərək buyurur: “Ey Ömərin oğlu! And olsun canım əlində olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, nə deyirəm, yaz.”

 

Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə “Kim Peyğəmbərdən bir dənə də olsun hədis yazıbsa, onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?

 

Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu-Bəkr demişdir: “Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki, hədislər Quran ayələri ilə qarışmasın.” Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Quranın bütün surə və ayələri yazılmış, vəhy yazanlar və Quran əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Quran ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qurana bir xələl yetirərdimi? Bundan da əlavə, Quran fəsahət-bəlağət, cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Quran ayələrilə qarışdırıla bilməz. Əmirəl-möminin Həzrət Əlinin «Nəhcül-bəlağə»dəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir, ancaq bununla belə, heç vaxt Quranla qarışdırıla bilməz. Həzrət Əlinin öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə, Əlinin sözü) arasında fərq qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir