“Rum” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Mim.
  2. Rumlular məğlub oldular;
  3. (Bu məğlubiyyət) ən yaxın bir yerdə (baş verdi). Lakin onlar məğlubiyyətdən sonra qələbə çalacaqlar;
  4. bir neçə il ərzində. İstər (bu məğlubiyyətdən) əvvəl olsun, istərsə də sonra, bütün işlər Allaha məxsusdur. O gün möminlər sevinəcəklər;
  5. Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, qüdrət sahibidir, rəhmlidir.

—————————————————————————————-

“Rum” surəsinin ümumi məzmunu: Bu surə ümumilikdə yeddi mövzunu ehtiva edir: 1. Gələcəkdə baş verəcək müharibədə rumluların iranlılar üzərində qələbə çalacağı xəbəri; 2. İmansız insanların bəzi təfəkkür tərzləri və mövqeləri; 3. Göylər, yer və insan varlığında Allahın əzəmətini göstərən bəzi nişanələr; 4. Obyektiv və subyektiv (insanın öz aləmi və ətraf aləm) dəlil və əlamətləri qeyd etdikdən sonra fitri tövhid mövzusunun işıqlandırılması; 5. İmansız, günahkar, fəsad nümunəsi olan insanların vəziyyətlərinin şərhinə qayıdış; 6. Maliklik, qohumluq haqqı, sələm yeməyin pislənməsi mövzusu; 7. Tövhid dəlilləri, haqqın nişanələri və məadla bağlı olan mövzulara yenidən qayıdış.[1]

2-4. Maraqlı bir qeybi xəbər: Böyük təfsirçilər yekdilliklə bu ayənin nazilolma səbəbi haqqında belə yazırlar: Peyğəmbər (s) Məkkədə olduğu və möminlərin azlıq təşkil etdiyi bir vaxt rumlularla iranlılar arasında müharibə baş verir və müharibədə iranlılar qalib gəlirlər. Müşriklər bu hadisəni yaxşı əlamət hesab edir və bunu onların haqq olduğunu təsdiq edən bir əlamət hesab edərək deyirlər: İranlılar atəşpərəst və müşrikdirlər, rumlular isə xristian və kitab əhlidirlər. İranlılar rumlulara qalib gəldiyi kimi, son qələbə də müşriklərin olacaq və İslamın kitabı tezliklə bağlanacaq, biz də qalib gələcəyik. Bu cür nəticələrin və qənaətlərin əsası olmasa da, cəhalət mühitində bu cür təbliğat təsirsiz ötüşmürdü. Buna görə də deyilənlər müsəlmanlara ağır gəlirdi. Sözügedən ayələr nazil oldu və iranlıların bu döyüşdə qalib gəlməsinə baxmayaraq, çox çəkmədən rumlulara məğlub olacaqları xəbər verildi. Ayədə hətta, təxmini vaxt da göstərildi. (“Biz” ərəb dilində minimum 3, maksimum 9 il arasını əhatə edir). Bir tərəfdən səmavi kitabın möcüzəsini, ona əsaslanan şəxsin qeyb aləmini bilən Allahın sonsuz elminə əsaslandığını göstərən, digər tərəfdən isə müşriklərin proqnozuna cavab daşıyan bu qeybi xəbər müsəlmanlara xüsusi sevinc və şadlıq bəxş etmişdi.[2]

  1. Bu, Allahın verdiyi vəddir. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların çoxu bilmir.
  2. Onlar dünya həyatının yalnız görünən tərəfini bilir, axirətdən isə qafildirlər.
  3. Onlar öz-özlərinə fikirləşmirlərmi ki, Allah göyləri, yeri və onların arasındakıları yalnız haqq olaraq və müəyyən müddət üçün yaratmışdır? Ancaq insanların çoxu Rəbləri ilə qarşılaşacağını inkar edir.
  4. Onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güc­­lü idilər. Onlar (əkin əkib abad etmək üçün) yer üzünü bunlardan daha çox dəyişdirib abadlaşdırırdılar. Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirirdilər. Onlara Allah zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
  5. Sonra çirkin işlərə bulaşanlar elə bir həddə çatdılar ki, Allahın ayələrini yalan sayıb onları lağa qoydular.
  6. Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, sonra onu qaytarır. Daha sonra sizi Ona doğru qaytaracaqlar.
  7. Qiyamət qopacağı gün günahkarlar ümidsizliyə və qəm-qüssəyə batacaqlar.
  8. Məbudlarından onlara şəfaət edənlər olmayacaq, Allaha şərik qoşduqları məbudlar onları inkar edəcəklər.
  9. Qiyamət qopacağı gün (insanlar) bir-birindən ayrılacaqlar.
  10. Amma iman gətirib yaxşı işlər görənlər Cənnət bağında sevinc və şadlıq içində olacaqlar.

—————————————————————————————-

  1. Səthi yanaşanlarla inanclılar bir-birlərinin əks qütbüdür: Allaha inanan mömin insanla materialist və müşrik insanın baxış bucağı çox fərqlidir. Birincisi, tövhid inancına əsasən, dünyanın hikmət sahibi olan, bütün işlərini dəqiq proqram və nizam-intizamla görən Allah tərəfindən yaradıldığına inanır. Buna görə də dünyanın dəqiq sirlər kompleksindən ibarət olduğunu düşünür. Bu dünyada heç nə sadə deyil. Bu kitabın bütün sözləri məzmunlu və mənalıdır, bütün yaradılmışlar elm sahibi olan Allahın nişanələridir. Halbuki inamı olmayan materialist dünyanın kar-kor və hədəfsiz hadisələr toplusundan ibarət olduğunu düşünür, yalnız onun zahiri haqqında düşünür, batini və görünməyən tərəfinin olduğunu qəbul etmir. Məgər hər hansı uşağın heç bir məqsəd güdmədən kağız üzərinə çəkdiyi xətlərə, cızma-qaralara əhəmiyyət vermək olarmı? Digər tərəfdən, bu dünyanı son mərhələ və əsas məqsəd hesab edən bir adam onu əbədi həyat üçün sınaq meydanı hesab edən insan kimi necə düşünə və baxa bilər? Biri onun yalnız səthinə baxır, digəri onun batinini düşünür. Bu baxış fərqləri onların bütün həyatlarına təsir göstərir. Səthə baxan xərcləməni zərər və ziyan səbəbi hesab etdiyi halda, inanclı onu faydalı ticarət hesab edir. Biri sələmi gəlirin artım səbəbi, digəri bədbəxtlik, ziyan və xəsarət səbəbi hesab edir. Biri cihadı başağrısı, digəri başıucalıq rəmzi, biri şəhidliyi yox olma, digəri isə əbədi həyat səbəbi hesab edir. İnamı olmayan insanlar dünya həyatının yalnız zahirini və səthini görür, axirət həyatından xəbərsiz qalırlar.[3]
  2. Yalan hesab etmək günahın nəticəsidir: Ayədə kafirlərin küfrünün son mərhələsinə işarə edilmişdir. Günah aludəçiliyi xora xəstəliyi kimi onların canına düşüb iman ruhlarını yeyib sıradan çıxarır. İş o yerə çatır ki, Allahın ayələrini yalan sayır, daha da irəli gedərək peyğəmbərləri və Allahın ayələrini lağa qoyur, özlərini elə bir həddə çatdırırlar ki, heç bir öyüd-nəsihət onlara təsir etmir, yalnız Allahın ağrılı-acılı əzab qamçısından başqa heç bir çıxış yolu qalmır. Yağıların və canilərin çoxunun həyat tarixinə nəzər saldıqda, onların başlanğıcda belə olmadıqlarının, qəlblərində iman nurunun saçdığının şahidi oluruq. Amma ardıcıl etdikləri günahlar günbəgün onların iman və təqvadan uzaqlaşmasına, nəhayət, küfr həddinə çatmalarına səbəb olur. Tarixi mənbələrin yazdığına görə, həzrət Zeynəb (ə) Müaviyə oğlu Yezidin küfr dolu danışıqları və şeirlərinin onun İslamın əsaslarına inamının olmadığını büruzə verdiyini və onun hər şeyi lağa qoyduğunu görüb Allaha həmd, Peyğəmbər (s) salam verdikdən sonra deyir: Allah düz deyib: “Sonra çirkin işlərə bulaşanlar elə bir həddə çatdılar ki…” Yəni əgər sən bu gün bu küfür dolu şeirlərlə İslamı və imanı inkar edirsənsə, heç də təəccüblü deyil. Bu, elə Allahın “günahkarlar nəhayət, bizim ayələrimizi yalan hesab edərlər” – deyə buyurduğu məsələdir.[4]
  3. Qiyamətin adlarından biri “Saat”dır: “Saat” zamanın bir hissəsinə və ya keçəri anlara deyilir. Qiyamət günü gözlənilmədən və ildırım sürəti ilə baş verəcəyi, habelə Allah da sürətli sorğu-sual edən olduğu və buna görə də həmin gün bəndələrini sürətlə sorğu-suala çəkəcəyi üçün Qiyamət belə adlandırılmışdır. Bu, həm də ona görədir ki, insanlar onu əsla unutmasınlar. Bəzi leksikoloqlar hesab edir ki, “Saat” dünyanın son surunun çalınacağı, hər kəsin qəfildən öləcəyi zamanın, həmçinin insanların Qiyamət üçün qalxacağı vaxtın adıdır. Bu ad dünyanın sonu və Qiyamətin başlanacağı vaxt üçün ona görə seçilib ki, birinci surda hamı dərhal öləcək, ikinci surda hamı dərhal ayağa qalxacaq və Qiyamət başlayacaq. Bəziləri hesab edir ki, “Saat” üç cürdür: 1. Böyük saat: Qiyamət günü, sorğuya çəkilmək üçün insanların dirilməsi; 2. Orta Saat: Bir dövrün insanlarının qəfil öldüyü gün (ilahi əzabların göndərildiyi vaxt); 3. Kiçik Saat: Hər bir insanın öldüyü vaxt.[5]
  4. Ayələrimizi və axirət görüşünü inkar edənlər əzab verilmək üçün gətiriləcəklər.
  5. Axşamladığınızda və səhəri açdığınızda Allah pak və müqəddəsdir.
  6. Həmd və sitayiş Ona məxsusdur, (həm) göylərdə və (həm də) yerdə, (həm) günortadan sonra və (həm də günü) günorta etdiyiniz zaman.
  7. O, dirini ölüdən və ölünü diridən çıxardır, torpağa öldükdən sonra həyat bəxş edir. Qiyamət günü siz də (qəbirlərdən) belə çıxardılacaqsınız.
  8. Sizi torpaqdan yaratması, sonra da sizin dərhal bir insan olub yer üzünə yayılmağınız Onun nişanələrindəndir.
  9. Sizin üçün yanlarında rahatlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun nişanələrindəndir. Bunda düşünən bir zümrə üçün ibrətlər vardır!
  10. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun nişanələrindəndir. Bunda bilənlər üçün nişanələr vardır!
  11. Gecə və gündüz yatmağınız, Allahın nemətindən bəhrələnməyiniz üçün çalışmağınız da Onun nişanələrindəndir. Bunlarda eşidən qulaqları olanlar üçün nişanələr vardır!
  12. Sizə həm qorxu, həm də ümid verən (gurultudan qorxmaq və yağış yağmasına ümidlənmək üçün) ildırımı göstərməsi, göydən yağmur endirib torpağı öləndən sonra onunla diriltməsi də Onun nişanələrindəndir. Bunda ağılla düşünən bir toplum üçün ibrətlər vardır.

————————————————————————————

17-18. Həmd və sitayiş bütün hallarda Allah üçündür: Bu iki ayədə Allahın təriflənməsi və sitayişi üçün dörd vaxt qeyd edilmişdir: gecənin başlanğıcı, sübh vaxtı, günortadan sonra və günörta. Həmd isə bütün məkanları, göy və yeri əhatə etmişdir. Ayələrdə dörd vaxtın qeyd edilməsi ilə tərifin davamlılığı nəzərdə tutula bilər. Elə dilimizdə də “səhər-axşam filankəsə göz qoy” cümləsi “hər zaman, həmişə gözün onda olsun” məzmununu ifadə edir. Təfsirçilər “Allah pak və müqəddəsdir”, “həmd Ona məxsusdur” cümlələri ilə bağlı iki ehtimal irəli sürmüşlər: 1. Hər iki cümlə xəbər cümləsidir. Qeyd olunan təfsirə əsasən, bu cümlələrdə Allahın Özünün pak və müqəddəs olmasından xəbər verilir. Allah-taala “Muminun” surəsinin 14-cü ayəsində belə buyurmuşdur: Yaradanların ən yaxşısı olan Allah çox böyükdür!. 2. Bu həmd və tərif göstərişidir. Yəni Ona həmd və tərif deyin. Bu təfsir daha ağlabatan görünür. Belə ki, Allah bütün bəndələrə göstəriş verir ki, şirk və günahın təsirlərini ruhlarından təmizləmək üçün hər səhər-axşam, günorta və günortadan sonra namaz və namazdan qeyri vasitələrlə Allaha həmd və tərif desinlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bu iki ayəni və habelə sonrakı ayəni səhərlər oxuyan şəxsin gündüz itirdiklərinin yeri dolar, axşam oxuyanın isə axşam itirdiklərinin yeri dolar.”[6]

  1. Rahatlıq səbəbi: Bu ayədə insan cəmiyyətinin bünövrəsinin ilk daşı hesab edilən ailəyə və ona hakim olan mənəvi əlaqəyə işarə edilmişdir. Ayədə evlilik həyatının məqsədinin nəsil artımı deyil, rahatlıq olduğu qeyd edilmişdir. Bu iki cinsin nümayəndəsinin evlilik həyatı ilə rahatlıq əldə etməsi onların bir-birini tamamlaması, bir-birinin çiçəklənməsinə, xilasına və tərbiyələnməsinə səbəb olması ilə bağlıdır. Belə ki, onların hər biri digəri olmadan natamamadır, yalnız öz cütü ilə tamamlanır. Bu rahatlıq təkcə fiziki rahatlıqla məhdudlaşmır, rahatlığın mənəvi və ruhi tərəfi daha mühüm və güclüdür. Ruhi narahatlıqlar ruhi balansın olmaması, evlənməmək ucbatından insanda yaranan müxtəlif xəstəliklər bu fikri təsdiq edir. Ayənin orijinal mətnindəki “məvəddət” sözünün mənası “məhəbbət”, “rəhmət”in mənası isə “insanı yaxşılıq etməyə sövq edən mülayimlik”dir. Ayədəki “məhəbbət” sözü kişi ilə qadın arasında mövcud olan və hər birini digərinə xidmət göstərməyə vadar edən münasibətləri ifadə etdiyi halda, “mərhəmət” sözü birtərəflidir və fədakarlıq tələb edir. Əsl həqiqətdə, evlilik həyatında ərlə arvad arasında iki mənəvi əlaqə forması olmalıdır: qarşılıqlı əlaqə formasında təzahür edən münasibətlər; əvəzsiz xidmətlər. Çünki bütün cəmiyyətlərdə azyaşlılar, zəiflər və işləyə bilməyən insanlar var. Əgər insanlar həmişə qarşılıqlı xidmət gözləsələr, onlar məhrum qalarlar. Quranın bu qanunu çox gözəldir. İnsan cəmiyyətləri onu tətbiq etmədən əsla rahatlıq və asayiş qazana bilməz.[7]
  2. Dil və rəng fərqliliyi başqa bir nemətdir: Şübhəsiz ki, ictimai həyatı fərd və şəxsləri tanımadan təsəvvür etmək mümkün deyil. Əgər bir gün insanların hamısı eyni formada, eyni simada və eyni boy-buxunda olsa, elə həmin bir günün içində həyatın bütün bağları sökülər, ata-ana, övlad və həyat yoldaşı başqasından fərqlənməz, cinayətkar günahsızdan seçilməz, dostu düşməndən ayırd etmək olmaz. Doğrusu, çox böyük gərginliklər yaranar. Bəzi təfsirçilər hesab edirlər ki, bu ayəyə əsasən, bir insanın başqalarından fərqli olması göz və ya qulaq vasitəsilə müəyyən edilir. Allah gözün ayırd etməsi üçün müxtəlif rənglər, formalar və şəkillər, qulağın ayırd etməsi üçün fərqli səs ahənglərini yaratmışdır. Belə ki, yer üzündə üz, səs və bütün cəhətlərdən eyni olan insan tapmaq olmaz. Kiçik bir üzv olan üz, sadə bir məsələ olan səs ahəngi Allahın qüdrəti ilə milyardlarla formadadır. Bu, Allahın əzəmətinin nişanələrindəndir.[8]
  3. Göyün və yerin Onun əmri ilə öz yerində qalması da Onun nişanələrindəndir. Sonra da sizi yerdən çağıran kimi dərhal hamılıqla çıxacaqsınız.
  4. Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
  5. Məxluqatı ilk dəfə yaradan, sonra onu bir daha qaytaran Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. Qüdrətli və hikmət sahibi olan Odur.
  6. O sizə özünüzdən bir məsəl çəkib; (Əgər qul sahibi olsanız, bu) sahib olduğunuz qullar sizə verdiyimiz nemətlərdə sizin bərabər hüquqlu şərikləriniz olarlarmı, (azad insanların ortaqlıq məsələlərində ortaq maldan digər ortağın icazəsi olmadan istifadə edərkən) bir-birinizdən çəkindiyiniz kimi, onlardan da çəkinərsinizmi? Ayələrimizi düşünüb-daşınan insanlar üçün belə izah edirik.
  7. Lakin haqsızlıq edənlər heç bir elm və məntiqə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edən də olmayacaq.
  8. Üzünü Allahın xalis dininə tut! Bu, bir fitrətdir ki, Allah insanı bu fitrət üzərində yaratmışdır. Allahın yaratdığında heç bir dəyişiklik yoxdur. Möhkəm din budur, lakin insanların çoxu bilmir.
  9. Ona tövbə edərək üz tutun. Allahdan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
  10. Öz dinlərini parçalayan, firqələrə və qruplara bölünlərdən olmayın. Hər bir qrup mənsub olduğu ilə öyünür.

————————————————————————————–

  1. Fitrət dini: “Fitrət” sözünün mənalarından biri “yaranış”dır. Ayədə açıq şəkildə dinin fitri bir məsələ olması, insanın yaranışını əbədi olaraq müşayiət edəcəyi qeyd edilmişdir. Alimlər Allahı tanımanın fitri olması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Əlimizdə olan fikirlər onların iki qrupa bölündüyünü göstərir: 1. Bəziləri hesab edirlər ki, “fitrət” deyilərkən əqli isbat nəzərdə tutulur. Hər bir insan ağlın kamal zirvəsinə çatdıqdan, varlıq aləminin nizam-intizamını müşahidə etdikdən və yaranış sirlərinə vaqif olduqdan sonra bu incə sistemin və onun heyrətamiz sirlərinin ağılsız və şüursuz bir başlanğıcdan yaranmasının qeyri-mümkün olduğunu dərk edəcək. 2. Fitrətin başqa bir mənası da var ki, bu mübahisələrdə həmin mənanın daha doğru olması qənaətindəyik. Belə ki, insan həqiqətləri heç bir dəlil və sübuta ehtiyac duymadan dərk edərək qəbul edir. Məsələn, gözəl və xoş ətirli bir gül budağı gördükdə onun gözəl olduğunu etiraf edir və bu dərkində heç bir əsaslandırmaya və dəlilə ehtiyac duymur. O, öz dərkini “gözəldir və heç bir dəlil-sübuta ehtiyac yoxdur”, – deyə izhar edir. Allahın fitri olaraq dərk edilməsi də belədir. İnsan, ruhunun dərinliklərinə nəzər saldıqda haqqın nurunu görür və daxilində bir səs eşidir. Bu səs onu varlıq aləmində bənzəri olmayan elm və qüdrətin mənşəyinə, mütləq kamillik olan mənşəyə doğru səsləyir. Bu vicdan mənşəli dərkdə gülün gözəlliyində olduğu kimi dəlil-sübuta ehtiyac qalmır. Təkallahlıq inancının fitri olduğunu çox açıq şəkildə göstərən və inkarçıları susduracaq çoxlu faktlar var. Ən mühüm faktları dörd qrup üzrə konkretləşdirmək olar: 1. Ən qədim tarixçilərin araşdırdıqları tarixi həqiqətlər göstərir ki, qədim insan icmaları arasında heç bir dinin olmadığı bir dövrdə qəbilələrin hər biri bir elm və qüdrət mənbəyinə inanmış və sitayiş etmişdir. 2. Eradan əvvəlki (daha dəqiq desək, yazıdan əvvəlki) dövrlərə aid abidələr və maddi mədəniyyət qalıqları qədim insanların dinə, tanrıya, hətta məada və öldükdən sonrakı həyatın varlığına inandıqlarını göstərir. Belə ki, öldükdən sonrakı həyatda istifadə etmələri üçün sevdikləri əşyaların bir çoxunu insanların özləri ilə birlikdə dəfn edirdilər. Bu davranışlar onların inanclarının xurafatlarla müşayiət olunduğunu göstərsə də, eradan əvvəlki dövrlərdə dini inancın olmasının inkarolunmaz olduğunu deməyə əsas verir. 3. Psixoloji araşdırmalar və insanın ruhunun ayrı-ayrı yönləri, genetik meyllərinin psixoanalitik araşdırmaları dini inancların fitri olduğunu açıq şəkildə sübuta yetirir. Müasir dövrün bir qrup psixoloq və psixoanalitiklərinin insanın dörd yönü kimi təqdim etdiyi dörd məşhur hiss bu firki təsdiq edir. Həmin dörd hiss bunlardır: elm və bilik hissi; gözəllik hissi; yaxşılıq hissi və dini hiss. Bəzən dini hissi “mütləq kamilliyə meyletmə hissi” də adlandırırlar. Bu hiss insanı dinə səsləyir, heç bir xüsusi dəlilə ehtiyac duymadan insan böyük başlanğıcın varlığına inanır. 4. Son əsrlərdə, xüsusilə Qərbdə dinə qarşı, miqyasına və müxtəlif vasitələrdən istifadə prinsipinə görə bənzəri olmayan çox kəskin təbliğatlar aparıldığının şahidi oluruq. Ancaq bu antidin təbliğat dalğaları din köklərini qəlblərdən qopara bilməmiş, əksinə, dini hisslər daha da çiçəklənmişdir. İmam Sadiq (ə) hədislərinin birində “Allah insanı bu fitrət üzərində yaratmışdır” ayəsində təkallahlıq inancının nəzərdə tutulduğunu qeyd etmişdir. Bəzi hədislərdə İslamın bütün prinsip və qanunlarının, peyğəmbərlərin təbliğ etdiyi, onların canişinlərinin qoruduğu, ilahi hakimiyyətləri ilə icra etdikləri, nəticələrinin o dünyada hasil olacağı bütün proqramların fitri olduğu qeyd edilmişdir.[9] Daha ətraflı məlumat üçün bax: “Əraf” surəsi, 182-ci ayə.
  2. İnsanlara bir bəla üz verdiyi zaman Rəblərini çağırıb tövbə edərək Ona doğru dönürlər. Ancaq Rəbləri Özündən onlara bir mərhəmət daddıran kimi bir dəstəsi dərhal Rəbbinə şərik qoşur.
  3. (İmkan ver) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər, (dünyanın keçəri ləzzətlərindən) bəhrələnsinlər! Tezliklə biləcəksiniz.
  4. Məgər Biz onlara müşrik olmalarını söyləyən möhkəm bir dəlil göndərmişik?
  5. İnsanlara bir mərhəmət daddırdıqda ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal məyus olarlar.
  6. Onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini artırır, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
  7. Qohum-əqrəbanın, yoxsulların və yolda qalanların haqqını ver! Bu, Allahın razılığını istəyənlər üçün daha xeyirlidir. Bu cür insanlar nicat tapanlardır.
  8. İnsanlara var-dövlətlərinin artması üçün sələm niyyəti ilə ödədiyiniz heç bir şey Allah yanında artmaz. Allahın razılığını qazanmaq üçün ödədiyiniz zəkata gəlincə, bunu edənlər daha artıq mükafata sahibdirlər.
  9. Allah sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildən varlıqdır. Allaha şərik qoşduğunuz məbudlardan hər hansı biri bunlardan birini edə bilərmi? O, pakdır və Ona qoşulan şəriklərdən ucadır.
  10. İnsanların quruda və dənizdə qarşılaşdıqları fəsad öz əlləri ilə törətdikləri əməllərin nəticəsi olaraq meydana çıxır. Allah onlara törətdikləri əməllərin bir qisminin nəticəsini daddırmaq istəyir. Bəlkə qayıdalar.

—————————————————————————————–

  1. Qohumların haqqı: Bu ifadə ayədə işarə edilən qohumların sabit və davamlı hüquqlara malik olduğunu göstərir. Ayənin xitab obyekti birbaşa Peyğəmbərdir (s). Həm ayənin məzmunu, həm də bu məzmunla bağlı olan faktlar sözügedən ayənin xums haqqında nazil olduğunu, bu göstərişin Peyğəmbərə (s) və xums verməli olan insanlara aid olduğunu deməyə əsas verir. Qohumlar deyilərkən başqası deyil, Peyğəmbərin (s) xums aid olan qohumları nəzərdə tutulur. İmam Baqir (ə) və İmam Sadiqə (ə) aid edilən bir hədisdə belə deyilir: “Bu ayə nazil olanda Peyğəmbər (s) Fədək ərazisini Fatiməyə (ə) bağışlamışdır.”[10] Buna görə də ayənin mənası ümumi deyil, xüsusidir. Daha ətraflı məlumat üçün bax: “Ənfal” surəsi, 41-ci ayə.[11]
  2. Halal sələm: Təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq onların arasında ən düzgün olduğu ehtimal edilən və Əhli-beyt (ə) hədisləri ilə uyğunluq təşkil edən fikir odur ki, burada bəzilərinin daha çox və daha yaxşı hədiyyə almaq üçün başqalarına, xüsusilə varlı adamlara verdikləri hədiyyələr nəzərdə tutulmuşdur. Təbii ki, bu cür məqamlarda nə qarşı tərəfin həmin hədiyyəyə haqqının çatıb-çatmaması, nə də layiq olub-olmaması, nə də digər imtiyazlar nəzərə alınmır. Yeganə hədəf daha çoxa nail olmaqdır. Təbii ki, ixlasla verilməyən bu cür hədiyyələr əxlaqi və mənəvi cəhətdən dəyərsizdir. Buna görə də ayədə “sələm” deyilərkən hədiyyə və bəxşişlər nəzərdə tutulur. “İnsanlara var-dövlətlərinin artması üçün” ifadəsi insanlardan daha çox hədiyyə almaq məzmunu daşıyır. Şübhəsiz ki, bu cür hədiyyələri almaq haram deyil. Çünki ortada heç bir şərt və razılaşma yoxdur. Sadəcə həmin hədiyyənin heç bir mənəvi və əxlaqi dəyəri yoxdur. İmam Sadiqə (ə) istinad edilən çoxlu sayda hədislərdə burada halal sələmdən danışıldığı qeyd edilmişdir. Bu sələm forması şərtlər əsasında verilən haram sələmdən fərqlənir.[12]
  3. Quruda və dənizdəki fəsadın mənşəyi günahdır: Bu ayə günah ilə fəsad arasında böyük bir əlaqə olduğunu göstərir. Məlumdur ki, istənilən qanun pozuntusu və yanlış hərəkət cəmiyyətə, dolayısı ilə fərdlərə təsir göstərir, nəticədə sosial mühitdə pozuntuların meydana gəlməsinə, fəsad törənməsinə səbəb olur. Günah, qanun pozuntusu və yanlış hərəkət istər-istəməz insan orqanizminə xoşagəlməz təsiri olan zəhərli qida kimidir. Məsələn, yalan etibarın itirilməsinə, əmanətə xəyanət isə sosial münasibətlərin pozulmasına səbəb olur. Bir zülm hər zaman başqa bir zülmün mənşəyi olur və sair. Bu, günahla fəsadın təbii əlaqəsidir. Hədislərdən belə qənaətə gəlirik ki, günahların çoxunun bununla yanaşı elə acı nəticələri də var ki, günahla həmin nəticələr arasındakı əlaqələri görə bilmirik. Məsələn, hədislərdə qeyd edilir ki, qohumlarla əlaqələrin kəsilməsi ömrü qısaldır, yetim malı yemək qəlbi qaraldır. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Günah ucbatından dünyasını dəyişənlərin sayı təbii əcəlləri ilə ölənlərin sayından çoxdur.” Peyğəmbər (s) buyurmuşdur: “Zinanın altı təsiri var: üçü bu dünyaya, üçü isə axirətə aiddir. Dünyada üzün nurunu aparır, ölümü tezləşdirir, ruzinin kəsilməsinə, axirətdə isə sorğu-sualın çətin olmasına, Allahın qəzəbinə, əbədi atəşə səbəb olur.”[13] Başqa bir hədisində Peyğəmbər (s) buyurmuşdur: “Məndən sonra zina insanlar arasında aşkara çıxdığında qəfil ölümlər artacaq, tərəzidə aldatma baş verdiyində Allah quraqlıq və qıtlıq göndərəcək, zəkatdan imtina edildiyində torpaq öz bərəkətini tarla, bağ və mədənlərdəm çəkəcək, mühakimələrdə zülm və haqsızlığa yol verdikləri zaman insanlar zülm və düşmənçilikdə bir-birinə yardım etmiş olacaqlar, əhd-peymanları sındırdıqlarında Allah düşmənlərini onlara hökmran edəcək, qohumlarla əlaqələri kəsdiklərində var-dövlət şər insanların əlinə düşəcək, yaxşıya əmr, pisdən çəkindirmə tərk edildiyində və Əhli-beytin (ə) saleh əməllərini etmədiklərində Allah pisləri onlara hakim edəcək. Yaxşıları dua edəcəklər, ancaq duaları qəbul olmayacaq.”[14]
  4. De: “Yer üzünü gəzib dolaşın və sizdən əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu müşrik idi”.
  5. Allah tərəfindən gəlməsinə heç kəsin mane ola bilmədiyi gün gəlməzdən əvvəl üzünü düz və sabit dinə tərəf tut! O gün insanlar dəstələrə bölünəcək.
  6. Kim kafir olsa, küfrü öz ziyanına olar. Yaxşı iş görənlər isə öz xeyirlərinə (Cənnətdə yer) hazırlamış olarlar.
  7. Bu, ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. O, kafirləri sevmir.
  8. Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfündən faydalanasınız və bəlkə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Allahın nişanələrindəndir.
  9. Biz səndən əvvəl onların qövmünə elçilər göndərmişdik. Onlar öz qövmlərinə açıq-aydın dəlillər gətirmişdilər. (Nəsihətlər fayda vermədiyində) Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
  10. Buludları hərəkətə gətirməsi üçün küləkləri göndərən Allahdır. Sonra onları səmada istədiyi kimi yayıb topa-topa edir. Bu zaman sən onlardan damcı-damcı yağış yağdığını görürsən. Onu bəndələrindən istədiyinə endirdiyində dərhal sevinirlər.
  11. Halbuki (yağış) onlara göndərilməzdən əvvəl məyus idilər.
  12. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Belə (ölü yeri dirildən) varlıq (Qiyamətdə) ölüləri dirildəndir. O, hər şeyə qadirdir.

—————————————————————————————

  1. Müjdəçi küləklər: Quranın bir neçə yerində külək yağışın müjdəçisi kimi təqdim edilsə də, “müjdəçi” sözünü bu məna ilə məhdudlaşdırmaq olmaz. Çünki küləklər bir çox digər hadisələrin də müjdəçiləridir. Küləklər havanın isti və soyuq balansını tənzimləyir, atmosferdəki infeksiyaları qovub havanı təmizləyir, günəşin istiliyinin yarpaqlar və bitkilər üzərindəki təzyiqini azaldır, günəşin yandırıcılığının qarşısını alır, ağacların yarpaqları tərəfindən emal olunmuş oksigeni insanlara, insanların buraxdıqları karbon qazını isə bitkilərə ərməğan edir, bitkilərin çoxunu tozlandırır, bitki dünyasının erkək və dişi mayalarını bir-birinə qovuşdurur, dəyirmanların hərəkəti və xırmanların havasının təmizlənməsində rol oynayır, bir bağban qayğısı ilə toxumları onların çox olduğu ərazilərdən götürüb düzlərə səpir, küləklə işləyən sərnişin və yük gəmilərini müxtəlif yerlərə aparır. Hətta bu gün nəqliyyat vasitələri küləyi əvəz etsələr də, eyni və əks istiqamətdən əsən küləklər gəmilərin sürətli və zəif hərəkətlərində rol oynayır. Ümumiyyətlə, küləklər bir çox hadisələrin müjdəçisidir. Bütün bunlardan başqa, külək yağışın yağmasında mühüm rol oynayır. Küləklər dənizlərin üzərindəki bulud parçalarını quru və susuz ərazilərə aparır, buludları göy üzünə yayır, sonra onları topalayır, buludların olduğu hissəni soyudur və buludları yağış yağdıracaq vəziyyətə gətirir.[15]
  2. Möminlərə yardım göstərmək bizim borcumuzdur: Quranın bu ayəsinə əsasən, Allah bu dünyada və axirətdə möminləri qoruyacağına zəmanət verir. Bu yardımın nümunələrindən biri günahkarlardan intiqam alınmasıdır. Əlbəttə, unutmaq olmaz ki, bu hüququ möminlər üçün Allah Özü təyin etmişdir. Heç kəs deyə bilməz ki, Allah onlara yardım etməyə məcbur və məhkumdur, sadəcə, bu, Allahın möminlərə qarşı bir lütfüdür. Hədislərin birində belə deyilir: “Allah Qiyamətdə Cəhənnəm odunu qardaşının abrını qoruyan şəxsdən uzaqlaşdırmağa zəmanət verir.”[16]
  3. Yağış Allah tərəfindən göndərilən bir rəhmətdir: Yağışın Allahın rəhməti kimi təqdim edilməsi onun müxtəlif cəhətlərdən bərəkət səbəbi olması ilə bağlıdır. Yağış quru torpaqları suvarır, bitkilərin toxumlarını cücərdib inkişaf etdirir, ağaclara yeni həyat bəxş edir, havanın toz-torpağını yuyur, havanı təmizləyir, bitkiləri yuyur, onlara təravət bəxş edir, havanı mülayim, rütubətli və nəfəs almaq üçün əlverişli edir, torpağa hopur və bir müddətdən sonra bulaqlar və arxlar şəklində üzə çıxır, çay və sellər yaradır. Sonda bəndlər vasitəsilə qarşısı kəsilmiş sudan elektrik enerjisi alınır, havanın isti və soyuq balansı təmin olunur, istinin azalmasında və soyuğun tənzimlənməsində rol oynayır.[17] İmam Səccad (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah yağışı bütün dağların başına, təpələrə, dərələrə, bütün yüksəkliklərə və düzənliklərə çatması üçün göydən endirir. Tamamilə yerə hopub onu su ilə təmin edə bilməsi üçün onu iri, balaca və ardıcıl damcılar formasında endirir. Əgər sel formasında göndərsəydi, torpaq, ağaclar, tarlalar və meyvə bağları tamamilə məhv olardı.”[18]
  4. Əgər Biz bir külək göndərsək və nəticədə, onlar əkinlərini və bağlarını saralıb-solmuş görsələr, bundan sonra, mütləq, nankorluq etməyə başlayarlar.
  5. Sən səsini nə ölülərə, nə də üz çevirib uzaqlaşan karların qulağına çatdıra bilməzsən.
  6. Sən korları da düşdükləri zəlalətdən düz yola yönəldə bilməzsən. Sən sözünü yalnız və yalnız ayələrimizə iman gətirib haqq qarşısında təslim olanlara eşitdirə bilərsən.
  7. Sizi zəif yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, biləndir, qadirdir.
  8. Qiyamət baş verdiyi gün günahkarlar (Bərzəx aləmində) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da) haqdan belə ayrı düşürdülər.
  9. Bilik və iman verilmiş şəxsələr isə deyəcəklər: “Siz Allahın əmri ilə Qiyamət gününə qədər (Bərzəx aləmində) qaldınız. İndi diriliş günüdür, lakin siz bilmirdiniz”.
  10. Həmin gün üzrləri zalımlara fayda verməyəcək və tövbələri qəbul edilməyəcək.
  11. Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafirlər: “Siz batil yolun yolçularısınız (və bunlar sehr və cadudur)!” – deyəcəklər.
  12. Allah bilməyənlərin qəlbini belə möhürləyir.
  13. Sən səbirli ol ki, Allahın vədi haqdır. İmanı olmayanlar səni qəzəbləndirib hövsələdən çıxarmasınlar.

—————————————————————————————-

52-53. Quran məntiqində ölüm və həyat: Bu iki ayədə tanıma amilləri və insanın xarici aləmlə əlaqə vasitələri – dəqiqləşdirmə hissinin, ölü qəlb qarşısında ayıq ağlın, haqq sözü eşitmək üçün eşidən qulağın və haqq və batili görmək üçün görən gözün lazım olmasının parlaq təsviri verilmişdir. Sadəcə, inadkarlıq, təkəbbür, kor-koranə təqlid və günah insanın həqiqəti görən gözünü kor, qulağını kar edir, bəzən ağlını və qəlbini sıradan çıxarır. Əgər bütün peyğəmbərlər, övliayalar və mələklər bu cür insanları doğru yola yönəltmək üçün ezam edilsələr belə, heç bir təsiri olmayacaq. Çünki onların xarici aləmlə olan əlaqəsi tamamilə kəsilib. Quran aspektindən bu cür insanlar fiziki cəhətdən diri olsalar da, ölülər sırasında yer alırlar. Onlardan fərqli olaraq, bəzi insanlar zahirən ölü olsalar da, əslində, əbədiyaşardırlar. Şəhidləri buna misal göstərə bilərik. İslamda insanın həyat və şəxsiyyət meyarı onun ruhi və mənəvi dəyərləri, faydalılığı ilə ölçülür. Zahirən diri olub məzlumların ah-naləsini, haqq çağırışlarını eşitməyəcək, çarəsizlərin üzünü və varlıq aləmində Allahın əzəmətinin nişanələrini görməyəcək, keçmişi və gələcəyi ilə bağlı bir an olsun belə, düşünməyəcək dərəcədə nəfsani istəklərə qərq olmuş insan Quran məntiqi ilə ölüdür. Ancaq öldükdən sonra təsirləri dünyanı bürüyən, fikirləri, dəsti-xəttləri, yolları ülgü, nümunə və öndər olan insanlar diri və əbədiyaşardırlar.[19]

  1. Yoxsulluq və varlılıq arqumenti: Ayədə tövhid dəlillərindən hesab edilən yoxsulluq və zənginlik arqumentinə işarə edilmişdir. Ayənin əvvəlində deyilir ki, siz həyatın ilk başlanğıcında zəif və gücsüz idiniz, hətta bir milçəyi belə özünüzdən uzaqlaşdırmağa, ağzınızın suyunu saxlamağa qüdrətiniz çatmırdı, daim qayğınızı çəkən ata-ananızı belə tanımırdınız. Yavaş-yavaş böyüdünüz, gücləndiniz, güclü bədənə, güclü fikrə, qüdrətli ağla, geniş təfəkkürə sahib oldunuz. Lakin bununla belə, bu gücü qoruyub saxlaya bilmədiniz, dağın zirvəsinə çıxıb oradan aşağı enən adam kimi, yenidən fiziki və ruhi zəiflik və gücsüzlük dərəsinə endiniz. Bu dəyişmələr və eniş-yoxuşlar gücün, qüdrətin və zəifliyin sizin əlinizdə olmadığını, hər ikisinin sahibinin başqa bir varlıq olduğunu göstərən bir həqiqətdir. Deməli, sizin varlığınızın çarxını başqası fırladır, nəyiniz varsa, özünüzdən deyil. Möminlərin əmiri İmam Əli (ə) bir hədisində buyurmuşdur: “Allah-taalanı qərarların alt-üst olması, problemlərin həllini tapması və cəhdlərin boşa çıxması ilə tanıdım.” Mən bu cür dəyişikliklər sayəsində anladım ki, əsl qüdrət başqasının əlindədir, Onun bizə bağışladığından başqa bizim heç nəyimiz yoxdur. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Allah-taala birinci zəifilikdən danışarkən uşaq sözünü əlavə etmədiyi halda, insan üçün qaçılmaz olan ikinci zəiflikdən danışarkən “qocalıq” sözünü işlədir. Bu ifadə bəlkə də qocalıq səbəbilə baş verən zəifliyin daha dözülməz olduğunu çatdırmaq üçündür. Birincisi, ona görə ki, ölümə və fənaya yaxındır, ikincisi, ona görə ki, ixtiyar yaşında olan, təcrübə görmüş qocalardan edilən təvəqqe uşaqlardan edilmir. Halbuki hər ikisi zəiflik baxımından bərabərdir. Hadisə çox ibrətamizdir. Yağı və təkəbbürlü olan qüdrət sahiblərini diz çökdürən, zəif və çarəsiz hala salan məhz zəifliyin bu mərhələsidir.[20]
  2. Kafirlər səni qəzəbləndirməsinlər: Nadan inadkarlar və inadkar ağılsızlar qarşısında davam gətirməsi və mübarizədən əl çəkməməsi üçün Allah-taala Peyğəmbərə (s) iki mühüm göstəriş və bir böyük müjdə verir. Birinci göstəriş, qələbənin əsas açarı olan səbir və dözümdür. Allah-taala bu yolda Peyğəmbərə (s) ürək-dirək vermək üçün “Allahın vədi haqdır” – deyə buyurur. O, sənə və möminlərə yer üzündə qələbə və hakimiyyət, İslamın küfr, nurun zülmət üzərində qələbə çalacağını və bu vədi yerinə yetirəcəyini vəd vermişdir. (Rum-47, Ğafir-51, Maidə-56). İkinci göstəriş bu ciddi mübarizədə mətinliyin və sakitliyin qorunması ilə bağlıdır.[21]

 

[1] Nümunə, c.16, səh.355

[2] Nümunə, c.16, səh.359

[3] Nümunə, c.16, səh.367

[4] Nümunə, c.16, səh. 374

[5] Nümunə, c.16, səh. 380

[6] Nümunə, c.16, səh.383

[7] Pəyame-Quran, c.2, səh.447

[8] Nümunə, c.16, səh.394

[9] Pəyame-Quran, c.3 ,səh.98

[10] Əl-Mizan, c.16, səh.190

[11] Nümunə, c.12, səh.Ətyəbül-bəyan, c.10, səh.390

[12] Nümunə, c.16, səh.444

[13] Nümunə, c.16, səh.456

[14] Pəyame-Quran, c.4, səh.468

[15] Nümunə, c.16, səh.464

[16] Əl-Mizan, c.16, səh.205

[17] Nümunə, c.16, səh.470

[18] Pəyame-Quran, c.2, səh.256

[19] Nümunə, c.15, səh.541

[20] Nümunə, c.16, səh.479

[21] Nümunə, c.16, səh.489