Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağasəlim
Mahir Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan Mahir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Mahir Məmmədov oktyabrın 8-də Füzuli istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak edərək yaşayış kompleksində evlə təmin olunmuş Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Prezident İlham Əliyev şəhid Mahir Məmmədovun ailə üzvləri ilə söhbətində deyib:
"- İlk növbədə, sizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Biz bu bayram günündə Bakı şəhərində yeni şəhərciyin açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərdə həm şəhid ailələri, həm müharibə əlilləri yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah sizin oğlunuza rəhmət eləsin. Böyük faciədir, böyük itkidir. Siz oğlunuzu itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirəm ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir, sağalmaz bir yaradır, bunu hər kəs başa düşür. Amma yeganə təsəlli o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi övladlarımızın qəhrəmanlığı nəticəsində biz işğala son qoyduq.
Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.
Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.
Əlbəttə, biz bütün şəhidlərimizin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik.
Sizin üçün əlbəttə ki, çox ağırdır, bu itki ilə heç cür barışmaq mümkün deyil. Vaxt da bu yaranı sağaltmayacaq. Amma yenə də onun xatirəsi, onun qəhrəmanlığı daim yaşayacaq. Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər. Onlar bizim üçün qürur mənbəyidir və bu, Azərbaycan xalqı durduqca əbədi olacaq. Biz onların xatirəsini əbədi yaşadacağıq. Onların qəhrəmanlığı heç vaxt bizim yaddaşımızdan, sonrakı nəsillərin ürəyindən silinməyəcək. Şəhidlər ölmür, biz bunu artıq dəfələrlə demişik, onlar bizimlədir. Çünki onların xatirəsi yaşayır, Mahirin övladı yaşayır. Əminəm ki, atasına layiq böyüyəcək. Sadəcə olaraq, onun böyüməsi, onun atası kimi qəhrəman olması sizin üçün bir təsəlli ola bilər.
Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını, anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır."
Mahir Məmmədovun ailə üzvlərinin bildirdiyinə görə çox sakit təbiətli, tərbiyəli oğul idi. Yaxşı əl qabilliyəti var idi, topoqrafiya – xəritəçəkmə ilə də məşğul olurdu. 39 yaşlı qəhrəman üç il əvvəl ailə həyatı qurmuşdu. Sentyabrın 21-də oğlu dünyaya gəldi. Mahir onu görə bilmədi, qucağına ala bilmədi. Həyat yoldaşının bildirdiyinə görə o, işini çox sevirdi, döyüşlər vaxtı onun işi daha çox əhəmiyyət daşıyırdı. Mahir döyüşlərin ən qaynar nöqtələrində qəhrəmanlıqla savaşıb. Başından yaralanan Mahir 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.
Ata: Məmmədov Ağasəlim Ağaşirin oğlu Ana: Məmmədova Timziyə Misir qızı Qardaş: Məmmədov Habil Ağasəlim oğlu Qardaş: Məmmədov Ağasəf Ağasəlim oğlu Bacı: Fərzəliyeva Mahirə Ağasəlim qızı Həyat yoldaşı: Məmmədova Günel Mustafa qızı Oğlu: Məmmədli Səlim Mahir oğlu