Quran TəfsiriQURANI KƏRIM

“Tövbə” surəsi

“Tövbə” surəsi

  1. (Bu,) Allah və Peyğəmbəri tərəfindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıqdır!
  2. Yer üzündə dörd ay sərbəst gəzib dolaşın (haraya istəyirsiniz gedin, düşünün) və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəndir!
  3. Bu, Allah və Peyğəmbəri tərəfindən insanlara böyük həcc günü (Qurban bayramı günü) elan edilən bir bildirişdir! Allah və Peyğəmbəri müşriklərə nifrət edir. Əgər tövbə etsəniz, sizin üçün daha yaxşı olar. Əgər imtina etsəniz, bilin ki, Allahı aciz qoya bilməzsiniz (Onun qüdrətinin çərçivəsindən çıxa bilməzsiniz). Kafirləri ağrılı bir əzabla müjdələ!
  4. Müqavilə bağladığınız və haqqınızda heç bir nöqsana yol verməmiş, habelə, sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan əhdinizə axıra qədər sadiq qalın. Çünki Allah müttəqiləri sevər!
  5. Haram aylar çıxdıqdan sonra müşrikləri harada görsəniz, öldürün, əsir götürün, mühasirəyə alın və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhm edəndir!
  6. Əgər müşriklərdən biri səndən sığınacaq istəsə, ona sığınacaq ver ki, Allah kəlamını eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar bilməyən bir tayfadır!

——————————————————————————————-

“Tövbə” surəsinin ümumi məzmunu: Müşriklərdən təngə gəlinməsi ilə bağlı xəbərdarlıq edilməsi, müşriklər və kitab əhli ilə müharibə, münafiqlərin xüsusiyyətlərinin izahı, cihada ruhlandırmaq, bu ilahi vəzifədən boyun qaçıranların məzəmmət edilməsi, kafirlərlə dostluq münasibətlərinin qadağan edilməsi, zəkat məsələləri bu surənin ümumi məzmununu təşkil edir[1].

  1. Əhdini pozan müşriklərin təhlükəsizlik zəmanətinin ləğv edilməsi: Allah-taala bu ayədə müsəlmanlarla düşmənçilik edilməməsi haqqında saziş bağlamış müşriklərin təhlükəsizlik zəmanətinin ləğv edilməsini elan etmişdir. Əlbəttə, bu təhlükəsizlik zəmanətinin ləğv edilməsi və müqavilənin pozulması əbəs və əsassız deyildi. Allah-taala sonrakı bir neçə ayədə bildirir ki, müşriklərin müqaviləsinə etimad etmək olmaz. Çünki onların çoxu müqavilənin şərtlərini pozur, əhdlərinə sadiq qalmırdılar. Buna görə və qarşılıq göstərmək üçün Allah-taala müsəlmanlar tərəfindən də müqavilənin ləğv edilməsini qanuni saydı. Belə ki, “Ənfal” surəsinin 85-ci ayəsində də bu göstərişi vermişdir. Allah-taala sözügedən məsələləri bu ayələr vasitəsilə müşriklərə elan etdirərək, onları artıq müqavilənin ləğv edilməsindən, təhlükəsziliklərinə zəmanət verilməməsindən xəbərdar edərək, onlara çatdırır ki, başlarına bir çarə qılsınlar və müqavilənin ləğv edilməsini gözlənilməz addım kimi qiymətləndirməsinlər. Müşriklərin müqavilələrinin ləğv edilməsinin əsassız olmadığını bu surənin öz əhdlərinə sadiq qalan müşrikləri istisna edən, onların statuslarını əhdpozan müşriklərin statuslarından fərqləndirən 4-cü ayəsi də təsdiq edir[2].
  2. Müşriklərə dörd ay möhlət verilməsi: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın” deyilərkən bu dörd ay ərzində onların təhlükəsizliyinə təminat veriləcəyi, bu müddətdə onlara yaxşı-yaxşı düşünmək, xeyirlərinə olanı seçmək üçün fürsət verildiyi nəzərdə tutulmuşdur. Ya müsəlman olub həyatda qalmalıdırlar, ya da müşrik olub məhv olmalıdırlar[3]. Bu müvəqqəti azadlıq haqqının tanınması hələ gənc olan İslamın qürur və iftixarlarından biridir. İslam düşmənlərinə möhlət verir ki, bu müddət ərzində düşünsünlər, bəlkə ağıl və düşüncə ilə xoşbəxtlik yolunu taparlar. Əks təqdirdə, harada istəyirlərsə, orada da özlərinə bir sığınacaq tapsınlar. Əgər müqavimət göstərmək üçün tədarük görməyə ehtiyacları varsa, öz tədarüklərini görsünlər. Əgər gənc dövrünü yaşayan İslam dövləti doğruluğa və düzlüyə əsaslanmasaydı, basqın edib hər kəsi həlak edərdi[4]. Bu dörd ay “Tövbə” surəsinin nazil olduğu ilin böyük həcc günündən (Qurban bayramı günündən) başlayıb növbəti ilin rəbiüs-sani ayının onunda başa çatmışdır. 5-ci ayədə haram aylar deyilərkən müharibə və döyüşlərin qadağan edildiyi dörd ay (rəcəb, zilqədə, zilhiccə, məhərrəm) deyil, məhz həmin aylar nəzərdə tutulur[5].
  3. Müşriklərə elan edilən nifrət xəbərdarlığının məzmunu: Quranda nifrət üstüörtülü şəkildə bəyan edilsə də, hədislərdə həzrət Əlinin (ə) Peyğəmbər (s) tərəfindən dörd məsələni çatdırmaq üçün ezam edildiyi göstərilir: 1. Müşriklərlə olan müqavilənin ləğv edilməsi; 2. Gələcək həcc mərasimlərində onların iştirakının qadağan edilməsi; 3. Kəbənin ətrafına həmin vaxta qədər müşriklər arasında ənənə şəklini almış çılpaq təvaf edilməsi adətinin qadağan edilməsi; 4. Müşriklərin Allah evinə girməsinin qadağan edilməsi[6].
  4. Məscidül-həramın yanında müqavilə bağladığınız (və öz əhdlərinə sadiq çıxan) şəxslər istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizə qarşı sədaqətli olduqca siz də onlara qarşı sədaqətli olun. Allah təqvalıları sevər!
  5. Necə ola bilər? (Müşriklərin əhdi necə dəyərli ola bilər ki,) onlar sizə qalib gəlsələr, nə sizinlə olan qohumluğa, nə də əhdə baxarlar. Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salarlar. Onların əksəriyyəti fasiqdir!
  6. Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər. Onlar pis işlərlə məşğul olurdular.
  7. Onlar (təkcə sizin deyil,) heç bir mömin barəsində nə qohumluğa, nə də bir əhdə əməl edərlər. Onlar həddi aşanlardır!
  8. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi bilən (və düşünən) bir tayfaya belə şərh edirik!
  9. Əgər əhd bağladıqdan sonra əhdlərini pozsalar və dininizi məzəmmət etsələr, küfr başçıları ilə vuruşun. Çünki onların əhd-peymanları yoxdur. Bəlkə, əl çəkələr!
  10. Məgər siz öz əhdlərini pozan, Peyğəmbəri çıxardıb qovmaq niyyətində olan, üstəlik, sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Halbuki əgər möminsinizsə, əslində, daha çox Allahdan qorxmalısınız!

—————————————————————————————-

  1. Müşriklərin qohumluq əlaqələrinə etinasızlığı: Qüreyşlilər Peyğəmbər (s) və bəzi müsəlmanların qohumları olsalar da, özləri bu cəhətə azacıq etina etmədikləri və qohumluq münasibətlərinə hörmət qoymadıqları halda, Peyğəmbər (s) və müsəlmanlardan bunu necə uma bilərlər? Oxşar mövzu növbəti iki ayədə təkrar edilmişdir. Təkrarçılıq isə nəzərdə tutulan məsələni təkid etməklə yanaşı, 8-ci ayədə Peyğəmbərin (s) ətrafına toplaşmış müsəlmanları səciyyələndirir. Ayədə imanı olan fərdlərdən söhbət gedir. Yəni möminlər müşriklərə əhəmiyyət vermirlər, möminlərlə və tövhid dininə tabe olan hər kəslə düşmənçilik edən və heç nəyi nəzərə almayan məhz müşriklərdir. Deməli, onlar iman və haqqı özlərinə düşmən bilirlər. Bu mövzuya “Buruc” surəsinin bəzi keçmiş xalqlara işarə edən 8-ci ayəsində də işarə edilmişdir. Ayədə belə deyilir: “Onların möminlərə qarşı yeganə iradı bu idi ki, onlar yenilməz qüdrət sahibi və həmd-sənaya layiq olan Allaha iman gətirmişdilər.”[7]
  2. İman dini vəzifələrin yerinə yetirilməsi ilə kamilləşir: Tövbə deyilərkən Allaha qayıdış nəzərdə tutulur. Müşrikdən tövbə etməsini istədikdə məqsəd onun təkallahlıq inancından uzaq salan işləri tərk etməsi, Allaha, Onun sifətlərinə və peyğəmbərinə iman gətirməsi olur. Möminə “tövbə et” dedikdə isə məqsəd onun möminə layiq olmayan çirkin və anormal əməllərdən əl çəkməsi olur[8]. Ayədə tövbədən sonra namaz qılınması, zəkat verilməsi məsələlərinə toxunulmuşdur. Çünki namaz Allaha bəndəliyin ən parlaq nümunəsi, zəkat isə İslam cəmiyyətinin ən güclü maliyyə fondu hesab edilir. Əslində, bu iki ibadət növü nümunə üçün qeyd edilmişdir. Bunların qeyd edilməsində məqsəd budur ki, birbaşa qəlblə bağlı olan Allaha iman praktiki səciyyəyə malik olan dini vəzifələrin icrası ilə kamilləşir[9].
  3. Küfr başçıları: Bu ayənin məqsədi əvvəlki ayələrdə (8-10) işarə edilən müşriklər deyil. Onlar ümumiyyətlə, heç bir mömin barəsində qohumluq, əhd və peyman prinsiplərinə riayət etmədikləri üçün onlarla bağlı heç bir şərt irəli sürülməmiş və “əgər əhd bağladıqdan sonra əhdlərini pozsalar…”, – deyə bir fikir səsləndirilməmişdir. Bu ayədə müsəlmanların rəhbər və başçıları ilə əhd və müqavilə bağlayıb onu pozan və müsəlman rəhbərlərinə qarşı duran insanlardan söhbət gedir. Quranda onlar küfr başçıları kimi təqdim edilmişdir. Çünki onlar ilahi ayələri inkar etməkdə qabağa düşmüş, başqaları da onların yolunu getmişdilər. Əhli-beyt (ə) imamlarına istinad edilən hədislərdə “Cəməl” müharibəsini təşkil edənlərin başında duran Təlhə və Zübeyr bu ayənin bariz nümunələrindən biri kimi təqdim edilmişdir. Çünki onlar müsəlmanların haqq rəhbəri İmam Əliyə (ə) qarşı müharibəyə qalxmış, əhd-peymanlarını pozmuş, beyətlərini sındırmışdılar. Buna görə də tarixdə “nakisin” (əhdpozanlar) adı ilə tanınmışlar[10].
  4. Onlarla vuruşun ki, Allah onları sizin əlinizlə cəzalandırsın, onları rüsvay etsin, möminlərdən bir qrupunun qəlbinə şəfa versin. (Bu yolda yaxınlarını itirdikləri üçün qəlbləri yaralanmış möminlərin qəlbinə məlhəm qoysun.)
  5. Onların qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi (layiq bildiyi) şəxsin tövbəsini qəbul edər. Allah biləndir, hikmət sahibidir!
  6. Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirr ortağı seçənləri ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!
  7. Müşriklər öz küfrlərinə şahidlik etdikləri halda, Allahın məscidlərini təmir etməyə haqları çatmır. Onların əməlləri puça çıxmışdır. Onlar odda əbədi qalacaqlar!
  8. Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Belə bir tayfanın doğru yolu tapacağına ümid var!
  9. Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!
  10. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə vuruşanların Allah yanında daha üstün dərəcələr var. Onlar qalib gələnlər və nicat tapanlardır.

——————————————————————————————

  1. Müşriklərin məscidləri təmir etməyə haqları çatmır: Müşriklərlə olan müqavilələrin ləğvindən və cihad əmrinin verilməsindən sonra bəzilərini düşündürən suallardan biri bu idi ki, nə üçün sözügedən əksəriyyəti özümüzdən uzaqlaşdıraq və onların həcc mərasimində iştirakına icazə verməyək? Halbuki onların bu mərasimdə iştirakı hər cəhətdən bizim xeyrimizədir. Onların bu mərasimdə iştirakı və edəcəkləri mühüm yardımlar maddi cəhətdən Məscidül-həramın abadlaşmasına, mənəvi cəhətdən isə Allah evinin ətrafında insanların toplaşmasına səbəb olur. Bu və sonrakı bir neçə ayədə bu cür boş və əsassız fikirlərə cavab verilir və Allah bldirir ki, müşriklərin nə Məscidül-həramın təmiri və bərpası üçün göstərdikləri səylərin, nə də Allah evinin ətrafında yaratdıqları izdihamın Kəbə üçün heç bir xeyri yoxdur. Allah pak və təmiz olduğu kimi, Onun evi də pak və təmizdir. Buna görə də təmiz olmayan napak insanların əlləri bu evdən tamamilə kəsilməlidir[11].
  2. Məscidlərin abad olmasının əhəmiyyəti: Məscidlərin tikilməsi və abadlaşdırılması əhəmiyyəti ilə bağlı çoxlu sayda hədisin olması bu işin qeyri-adi dərəcədə əhəmiyyətə malik olduğunu göstərir. Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir nəfər məsciddə bir çıraq yandırsa, o çıraq orada nə qədər ki işıq salmağa davam edir, Allahın ərşinin daşıyıcıları və mələkləri onun bağışlanılmasını istəyərlər.” Bu gün daha çox əhəmiyyət daşıyan məsələ məscidlərin mənəvi cəhətdən abad olmasına çalışmaqdır. Başqa sözlə desək, məscidlərin tikintisindən çox məscid əhli, məscid qoruyucuları və məscid mühafizləri olan insanların yetişdirilməsinə və ənənəvi abadlığına daha çox əhəmiyyət verməliyik. Məscid insanların oyanışı, ayıqlığı, mühitin təmizlədilməsi, müsəlmanların İslam irsinin müdafiəçiləri ruhiyyəsində yetişdirilməsi istqamətlərində istənilən İslami hərəkata hazırlaşmaq üçün bir mərkəz rolunu oynamalıdır. Xüsusilə, məscid təkcə əlillərin və yaşlı insanların toplaşdığı mərkəz deyil, imanlı yeniyetmələrin və gənclərin toplaşdığı mərkəz olmalıdır[12].
  3. Əlinin (ə) başqalarından üstün olduğunu göstərən bir nümunə: Çoxlu sayda hədislərdə bu və növbəti üç ayənin möminlərin əmiri İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. Hədislərin birində deyilir ki, Şeybə və Abbas bir gün özlərini başqalarına tərifləyir və özlərinin üstünlüklərindən danışırmışlar. Bu vaxt onların yaxınlığından keçən Əli (ə) onlardan soruşur: “Nəyinizlə fəxr edirsiniz?” Abbas deyir: “Mənə elə bir imtiyaz verilib ki, başqasına verilməyib, mənə Allah evinin ziyarətçilərinə su vermək imtiyazı verilib.” Şeybə deyir: “Mən Məscidül-həramı təmir və bərpa edirəm, Kəbə evinin açarı da məndədir.” Əli (ə) buyurur: “Sizdən həya etsəm də, yaşımın az olmasına baxmayaraq, deməlyəm ki, mənim elə imtiyazım var ki, sizdə o yoxdur.” Onlar soruşur: “Ey Əli, o, hansı imtiyazdır elə?” İmam Əli (ə) buyurur: “Mən qılıncla sizin burnunuza-burnunuza o qədər vurdum ki, nəhayət Allah və peyğəmbərinə iman gətirdiniz.”[13] Abbas əsəbləşib ayağa durur və ətəyini darta-darta Peyğəmbərin (s) yanına şikayətə gedərək deyir: “Görürsən, Əli mənimlə necə danışır?” Peyğəmbər (s) buyurur: “Əlini çağırın!” Əli (ə) gəldikdən sonra Peyğəmbər (s) ondan soruşur: “Nə üçün Əmin Abbasla bu cür danışırsan?” Əli (ə) deyir: “Ey Allahın rəsulu, mən həqiqəti dedim, istəyir əsəbləşsin, istəyirsə də xoşuna gəlsin.” Bu vaxt Cəbrail (ə) nazil olaraq buyurur: “Ey Mühəmməd! Rəbbin sənə salam çatdırır və buyurur ki, bu ayələri onlara oxusun: “Məgər siz hacılara su verməyi…” (19-23-cü ayələr).
  4. Rəbləri onları Öz tərəfindən bir mərhəmət, razılıq və içərisində əbədi nemətlər olan cənnətlərlə müjdələyər.
  5. Onlar orada həmişəlik və əbədi qalacaqlar. Çünki böyük mükafat Allah yanındadır!
  6. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost, yardımçı və himayəçi bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.
  7. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşladığınız məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əzabı sizə gəlincəyə qədər gözləyin. Allah itaət göstərməyənləri doğru yola yönəltməz!
  8. Allah sizə çox yerdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi məğrur etsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.
  9. Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə Öz təskinliyini nazil etdi, görmədiyiniz qoşunlar endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!

——————————————————————————————

23-24. Allah dini, yoxsa dünya – hansı daha sevimlidir? Bir qrup müsəlman bütpərəstlərə qarşı müharibə əmrinə etiraz etmək üçün ehtimal ki, müşriklər arasında qohum və yaxınlarının olmasını, müharbə olarsa, qohumlarına və qəbilələrinə göz yummaq məcburiyyətində qalmağı bəhanə gətirə bilər. Digər tərəfdən, onların əsas ticarət tərəfdaşlarının Məkkə müşrikləri olması ilə yanaşı, sərmayələrinin çox hissəsi də onların əlində idi. Məkkəyə gedib-gələrkən bu əlaqələri daha da inkişaf etidirir, sərvətlərini artırırdılar. Bundan əlavə, onların Məkkədə böyük evləri və əraziləri də var idi. Müşriklərlə qarşıdurma olacağı təqdirdə evləri dağıdıla və ya müşriklərin həcc mərasiminə son qoyulması ilə buradakı ərazilər öz qiymətlərini itirə bilərdi. Bu ayələrdə həmin şəxslərin vəziyyəti təsvir edilmiş və onlara qəti cavab verilmişdir. Hədislərdə qeyd edilir ki, İmam Əli (ə) həcc mərasimində “bundan sonra müşriklərin Məscidül-hərama girməyə haqqı çatmır” əmrini elan etdikdə qüreyşlilər fəryad qopararaq deyirlər: “Ticarətimiz batdı, ailələrimiz dağıldı, evlərimiz viran qaldı.” Bu ayə onlara qəti şəkildə cavab verir. Sözügedən ayələrdə doğruçu imanla şirkə, münafiqliyə bulaşmış imanın əsas xətləri, həqiqi möminlərlə imanları zəif olan fərdlərin fərqi göstərilmişdir. Ayələrdə açıq şəkildə bildirilir ki, əgər insanın maddi həyat bağlılığı insanın gözündə Allah, Peyğəmbər (s) cihad və Allahın əmrinə boyun əyməkdən daha qiymətlidirsə və insan bu bağlılıqlarını dinə qurban verə bilmirsə, deməli, onun imanı həqiqi iman deyil və imanı kamilləşməmişdir. İmanın ruhu və həqiqəti bütün dəyərləri ilə yalnız bu cür fədakarlıqlar lazım olduğu zaman tərəddüd etmədikdə təzahür edir[14].

  1. Hüneyn döyüşü: İslam ordusu Məkkə və onun ətrafındakı əraziləri fəth edib bütpərəstliyə son qoymuşdu. Lakin Həvazin və Səqif qəbilələrinə aid olan Taif və onun ətrafındakı ərazilər bütpərəstlər üçün alınmaz qala hesab edilirdi. Buna görə də Peyğəmbər (s) vaxt itirmədən Taifi fəth etmək qərarına gəldi. Bunun üçün İslam ordusu iki dağın arasından keçən və Hüneyn ərazilərinə qədər uzanan dərin və uzun bir keçiddən keçmək məcburiyyətində idi. Peyğəmbər (s) on iki minlik ordu ilə Həvazinə tərəf yola düşür. Bu xəbəri eşidən Həvazin qoşunları dağların oyuqlarında, ətraf dərələrdə, ağacların aralarında pusqu qururlar. Müsəlman qoşunları bu ərazilərdən keçəndə qəfildən onlara hücum çəkirlər. Müsəlmanların çoxu qaçır, başda Əli (ə) olmaqla yalnız az sayda ixlaslı və həqiqi mömin qalıb döyüşə davam edir və Peyğəmbəri (s) qoruyur. Allah-taala burada müsəlmanları düşmənlə baş-başa buraxır və qısa müddətə onları himayə etməkdən əl çəkir. Çünki müsəlmanlar həmin vaxta qədər çox olmaları ilə öyünürdülər. Çox çəkmədi ki, məğlubiyyətlə qarşılaşdılar. Müsəlmanlar qaçmağa üz qoyduqda Peyğəmbər (s) səsi uca olan Abbasa göstəriş verir ki, hündür bir yerə çıxıb müsəlmanları: “Ay mühacirlər və ənsar! Ey Bəqərə surəsinin dostları! Ey Şəcərə beyətçiləri! Hara qaçırsınız?! Peyğəmbər (s) buradadır!”, – deyə çağırsın. Müsəlmanlar Abbasın səsini eşitdikdə qayıdırlar və hər tərəfdən düşmənə hücum çəkirlər, Allahın yardımı ilə irəliləyib düşməni məğlub edirlər[15].
  2. Bundan sonra Allah yenə də istədiyinin (layiq bildiyinin) tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir!
  3. Ey iman gətirənlər! Müşriklər murdardırlar. Buna görə də bu ildən sonra Məscidül-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, sizi Öz kərəmi ilə ehtiyacsız edər. Allah biləndir, hikmət sahibidir!
  4. Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.
  5. Yəhudilər: “Üzeyir Allahın oğludur”, xaçpərəstlər də: “Məsih Allahın oğludur”, – dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də haqqı təhrif edirlər!
  6. (Onlar) Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. O, şərik qoşulanlardan pak və təmizdir.

——————————————————————————————-

  1. Müşriklərin murdarlığı: Ayədə “müşriklərin murdarlığı” deyilərkən zahiri murdarlıqdan daha üstün bir məna nəzərdə tutulmuşdur. Çünki onların murdarlığı Məscidül-həramın təmizliyi və paklığı müqabilində işlədilmişdir. Məscidül-həramın təmizliyi və paklığı isə zahiri deyil, batini və mənəvi məsələdir. Deməli, bu ayədə müşriklərin murdarlığı deyilərkən onların batini murdarlığı nəzərdə tutulur. Ayədə “bu il” ifadəsi ilə hicrətin doqquzuncu ili nəzərdə tutulmuşdur. Yəni Əlinin (ə) Allah və Peyğəmbərin (s) müşriklərə nifrət etdiyini, Kəbə evinin ətrafında çılpaq təvaf edilməsinin, ümumiyyətlə, müşriklərin həcdə iştirakının qadağan edilməsinin elan etdiyi il nəzərdə tutulur[16].
  2. Cizyə: “Cizyə” sözü “cəza” kəlməsindən götürülmüş, mənası İslam hökumətindən sığınacaq almış kitab əhlinin ödədiyi vergi deməkdir. Kitab əhli cizyəni İslam hökumətində canları və mallarının qorunması qarşılığında ödəyirdilər. Buna görə də cizyəni hakimiyyət altına alma haqqının bir növü hesab edənlər onun mahiyyətinə vara bilməmşlər. Onlar yaddan çıxarırlar ki, kitab əhli öhdəlik götürdükdən sonra İslam hökuməti onları bütün təcavüzlərdən və narahatlıqlardan qorumaq öhdəliyi götürür. Onlar cizyə ödədikləri üçün toxunulmazlıq və təhlükəsizlik təminatından istifadə etməklə yanaşı, döyüş meydanında iştirakdan da, bütün müdafiə və təhlükəsizlik təminatı xidmətlərində iştirak öhdəliyindən də azad edilirdilər. Buradan da onların müsəlmanlarla müqayisədə İslam hökuməti qarşısında daha az məsuliyyət daşıdığı məlum olur. Yəni onlar az miqdarda illik ödəmə ilə İslam hökumətinin bütün imkanlarından istifadə edə bilir və müsəlmanlarla eyni hüquqa malik olur, üstəlik təhlükələrdən də qorunurdular. Bir məsələni də qeyd etmək laızmdır ki, cizyə üçün konkret məbləğ təyin edilmirdi, onun miqdarı cizyə ödəyicisinin ödəmə imkanına əsasən müəyyən edilirdi. İslam tarixindən bizə gəlib çatmış məlumatlarda onun üçün minimum məbləğ təyin edildiyi, həmin məbləğin bəzən ildə bir dinardan çox olmadığı, hətta bəzən müqavilələrdə cizyə ödəyicilərinin imkanları daxilində ödəmə edə biləcəkləri qeyd edilirdi[17].
  3. Üzeyir kimdir? Üzeyir şəxs adıdır. Yəhudilər ibri dilində ona Uzra deyirlər. O, yəhudilərin dinində islahat aparmış şəxsdir. Miladdan təxminən yarım əsr əvvəl Babil hökmdarı Buxtunnəsr yəhudilərin məskunlaşdığı əraziyə hücum etmiş, böyük məbədlərini dağıtmış, Tövratın lövhələrini yandırmış, kişiləri qılıncdan keçirmiş, qadınları, qocaları və uşaqları Babilə sürgün etdirmiş, yarım əsrə yaxın, yəni İran hökmdarı II Kirin Babili fəth etdiyi vaxta qədər onları Babildə saxlamışdır. II Kir Babili fəth etdikdən sonra Uzra onun yanına gedib yəhudilərin sürgündən azad etdirilməsini xahiş edir. II Kir Uzraya hörmət bəslədiyi üçün xahişini yerinə yetirmiş və yəhudilərin öz məskunlaşdığı əraziyə dönməsinə icazə vermişdir. Tövratın bütün nüsxələri məhv edildiyi üçün, onun yenidən toplanmasına göstəriş vermişdir. Üzra miladdan əvvəl 457-ci ildə bir toplu yazıb Tövrat adı ilə yəhudilərə yaydı. Əslində, bu Tövrat da sonradan məhv edilmiş və yüz illər sonra yenidən ayrı bir Tövrat yazılmışdır. Buna görə də Üzeyir yəhudilərə görə çox hörmətli və böyük şəxsiyyət olmuşdur. Bu hörmətlərinə görə onu “Allahın oğlu” adlandırmış, keçmiş kafirlər kimi, küfr və şirkə bulaşmış sözlər danışmışlar[18].
  4. Kitab əhlinin alim və rahiblərinin Allahı əvəzinə seçdikləri tanrılar: İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir İmamdan (ə) bu ayə haqqında soruşduqda belə cavab vermişdir: “And olsun Allaha, yəhudi alimləri və xristian rahibləri yəhudi və xristianları özlərinə ibadət etməyə dəvət etmirdilər. Əgər özlərinə ibadət etməyə dəvət etsəydilər, camaat qəbul etməzdi. Lakin onlar Allahın haram buyurduğunu camaata halal, halal buyurduğunu isə haram edirdilər. Camaat da qəbul edirdi. Buna görə də yəhudi və xristianlar özləri də bilmədən öz alim və rahiblərinə ibadət edirdilər.”[19]
  5. Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər.
  6. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün və qalib etmək üçün Öz Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!
  7. Ey iman gətirənlər! (Kitab əhlinin) alimləri və rahiblərinin çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!
  8. Yığdıqları qızıl-gümüşün Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacağı gün (onlara deyiləcək): “Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Özünüz üçün yığıdığınızı dadın!”
  9. Allahın kitabına əsasən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri on ikidir. Onların dördü haram aylardır. Bu, sabit və möhkəm dindir. Bu aylarda özünüzə zülm etməyin. Müşriklər sizə qarşı müttəfiq olub vuruşduqları kimi, siz də onlara qarşı bir yerdə vuruşun və bilin ki, Allah müttəqilərlədir!

——————————————————————————————-

  1. İslamın bütün dünyaya yayılacağı vədi: “Səff” surəsinin 9-cu ayəsində eyni, “Fəth” surəsinin 38-ci ayəsində isə azacıq fərqli söz və ifadələrlə təkrar edilmiş bu ayə daşıdığı əhəmiyyətin təkrar edilməyə səbəb olan mühüm bir hadisədən xəbər verir. İslamın bütün dünyaya yayılacağı deyilərkən onun bütün dünyanı əhatə etməsi nəzərdə tutulur. Bu məsələ hələ reallaşmamışdır. Lakin bu ilahi vədin tədricən reallaşmaqda olduğunu görməkdəyik. İslamın dünyada sürətlə yayılması, Avropanın ayrı-ayrı ölkələrində bu dinin rəsmi şəkildə tanınması, İslamın Amerika və Afrikada sürətlə yayılması, bir çox qeyri-müsəlman alimin İslamı qəbul etməsi və sair kimi faktlar İslamın bütün dünyanı əhatə edəcəyindən xəbər verir. İslam mənbələrində yer almış hədislərdə İslamın bütün dünyaya yayılacağı proqramının həzrət Mehdinin (ə) zühurundan sonra təkmilləşəcəyi xəbər verilmişdir. İmam Baqir (ə) bu ayənin təfsiri haqqında belə buyurmuşdur: “Bu ayədə olan vəd Ali-Mühəmmədin Mehdisinin (ə)” zühurundan sonra gercəkləşəcək. Həmin gün yer üzündə Mühəmmədin (s) haqq olduğunu etiraf etməyən adam qalmayacaq.” İslam peyğəmbəri (s) buyurmuşdur: “Yer üzündə elə bir ev qalmayacaq ki, Allah İslam adını oraya daxil etməsin.”[20]
  2. Allah yolunda xərcləməyən şəxslərin təhdid edilməsi: Bu ayədə “Allah yolunda xərcləmək” deyilərkən dinin əsasını möhkəmləndirən istənilən xərc nəzərdə tutulur. Yəni həmin xərc çəkilməsə, İslamın əsasına zərbə dəyəcək. Məsələn, cihad, qorunması vacib olan dini maraqlar, müsəlman cəmiyyətlərin parçalanmasının qarşısını almaq üçün İslamın ictimai məsələlərinə çəkilən xərcləri buna misal göstərə bilərik. Allah yolunda xərcləmək xüms və zəkat kimi vacib olan maliyyə hüquqlarına şamil olur ki, din onu dini toplumu möhkəmləndirmək üçün vacib etmişdir. Deməli, İslam toplumu ehtiyac duyduğu halda, kimsə sərmayəni və əlində olan nağd sərvəti gizlədərsə və Allah yolunda xərcləməkdən boyun qaçırarsa, Allahın şiddətli əzabını gözləsin. Mənbələrdə üçüncü xəlifənin zamanında Peyğəmbərin (s) böyük səhabəsi Əbuzərin üçüncü xəlifə Osman və Şam valisi Müaviyənin sərvət toplamasına və müsəlmanların beytülmalına qarşı etinasızlıq göstərdiyinə etiraz edərkən bu ayəyə istinad etdiyini, cavabında isə haqqı dediyi üçün xəlifənin onu Rəbəzəyə (quraq, susuz və heç bir yaşıllığı olmayan bir yerə) sürgün etdiyini, onun isə burada canını tapşırdığını oxuyuruq[21].
  3. Haram aylar: Dörd haram ay – zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarıdır. Bu ayların haram hesab edilməsi İbrahim peyğəmbərin (ə) dininə əsaslanır, sonradan ərəblər, hətta Cahiliyyət və bütpərəstlik vaxtlarında da bu ənənəni davam etdirmişlər. Bəzən il ərzində bəhanələr gətirərək onların yerini dəyişirdilər. Sonrakı ayədə məhz bu məsələyə işarə edilmişdir[22]. Bu dörd ayda qan tökülməsinin qadağan edilməsi rəcəbdə ümrə həccini yerinə yetirmək üçün Məkkəyə zəvvarların gəlməsi, zilqədə, zilhiccə və məhərrəm aylarında həcc mərasimini yerinə yetirmək üçün zəvvarların Məkkəyə gəlməsi və geri dönməsi ilə izah edilir. Bu dörd ayda müharibə edilməsinin və qan tökülməsinin qadağan edilməsi ibadət üçün buraya gələn insanların səfər əsnasında təhlükəsizliklərinin təmin edilməsi ilə bağlıdır[23]. İmam Baqirin (ə) səhabələrindən olan Zürarəyə istinad edilən bir məlumatda belə deyilir: “Mən Məscidül-həramda İbrahim məqamının arxasında İmam Baqirin (ə) yanında əyləşmişdim. İmam (ə) əbasını dizlərinə büküb onları sınəsinə sıxmış halda üzü qibləyə oturmuşdu. Bir qədər keçdikdən sonra buyurdu: “Bilin, ona baxmaq ibadətdir. Allah yer üzündə ondan daha sevimli və daha qiymətli yer yaratmamışdır.” Sonra əli ilə Kəbəyə işarə edərək buyurdu: “Allah haram ayları yer və göylərin ilk yarandığı vaxtdan Öz kitabında haram etmişdir. Onların üçü (zilqədə, zilhiccə, məhərrəm) dalbadal gəlir. Biri isə ümrə ziyarəti üçün haram edilmişdir.”[24]
  4. (Haram ayların) yerlərini dəyişmək, təxirə salmaq ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar azdırılarlar. Onlar Allahın haram etdiyi ayların müddətini düzəltmək, beləcə Allahın haram buyurduğunu halal etmək məqsədilə onu bir il halal, bir il haram sayarlar. Pis əməlləri onlara gözəl göstərlmişdir. Allah kafir qövmü doğru yola yönəltməz!
  5. Ey iman gətirənlər! Sizə “Allah yolunda cihada doğru hərəkət edin!” – deyildikdə nə üçün yerə yapışıb qaldınız? Yoxsa axirətdən imtina edib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!
  6. Əgər (döyüş meydanına doğru) hərəkət etməsəniz, (Allah) sizə şiddətli bir əzab verər və başqa bir tayfanı sizin yerinizə gətirər. Siz isə Ona heç bir zərər verməzsiniz. Allah hər şeyə qadirdir!
  7. Əgər siz ona köməklik göstərməsəniz (də), Allah ona kömək edib. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən ikincisi olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və o öz yoldaşına: “Qəm yemə, Allah bizimlədir!” – dediyi zaman (tək qoymamışdı). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz qoşunlarla müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (dini) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

——————————————————————————————

  1. Haram aylarla oyun oynamaq: Haram ayların yerlərini dəyişmək və təxirə salmaq cahil ərəblər arasında geniş yayılmış adətlərdən idi. Allah Quranda onların bu davranışını “küfrü artırmaq” kimi təqdim etmişdir. Çünki onlar, əslində, kafir və bütpərəst idilər. Allahın bu hökmünü dəyişmək və əvəzləmək onların küfrünün artmasına səbəb olurdu. Deyilənlərə görə, cahil ərəblər İbrahimin və İsmailin (Allahın salamı olsun onların hər ikisinə) dinindən gələn haram ayların hörmətini saxlayırmışlar. Lakin qarət etməyə və qan tökməyə alışdıqları üçün üç ay dalbadal dözə, qarət etmədən və qan tökmədən dayana bilməzmişlər. Buna görə də haram ayların yerini dəyişərmişlər. Məsələn, məhərrəm ayının haramlığını səfər ayına qədər təxirə salar, səfər ayını haram ay elan edib məhərrəmdə müharibə edərmişlər, sonra növbəti il məhərrəmi yenidən haram ay elan edərmişlər. Onlar bununla həm İbrahim (ə) ənənəsini qorumağa, həm də qətl və qarət əllərinin açıq olmasına çalışırmışlar[25].
  2. Təbuk döyüşü müsəlmanlar üçün çətin imtahan olmuşdur: İbn Abbas və digəri bu və sonrakı ayənin Təbuk döyüşü haqqında nazil olduğunu qeyd etmişlər. Həmin vaxt Peyğəmbər (s) Taifdən Mədinəyə qayıtmış, müsəlmanları bizanslılarla müharibəyə hazırlamışdır. Qaynaqlarda döyüş başlamazdan əvvəl Peyğəmbərin (s) adətən döyüş hədəflərini və son məqsədini müsəlmanlara açıqlamadığı qeyd edilmişdir. Bununla o, hərbi sirlərin düşmən əlinə keçməməsinə çalışırdı. Lakin Təbukda vəziyyət fərqli olduğu üçün daha öncədən açıq şəkildə bizanslılarla döyüşəcəklərini elan etdi. Çünki Bizans imperiyası ilə müharibə Məkkə müşrikləri və Xeybər yəhudiləri ilə olan müharibəyə bənzəmirdi. Bu iş elə də sadə deyildi. Müsəlmanlar bu qarşılaşmaya tam hazırlıqlı olmalı idilər. Bundan əlavə, Mədinə ilə Təbukun arası (610 km) çox uzaq, üstəlik yay fəsli, dənli bitkilərin biçini və məhsul yığımı mövsümü idi. Bütün bunlar müsəlmanların döyüş meydanına getməsinə mane olacaq çətinliklər idi. Bəziləri Peyğəmbərin (s) dəvətini qəbul etməkdə tərəddüd edirdilər. Bu ayələr nazil olmuş, müsəlmanlara qəti xəbərdarlıq etmiş və təhlükə elanı verməklə onları bu böyük döyüşə hazırlamışdır[26].
  3. Yersiz fəzilət uydurmaq: Bu ayədə Qüreyş müşriklərinin gizli planlarından xilas olmaq üçün Peyğəmbərin (s) gizlincə Məkkəni tərk etməsinə, Sur mağarasında gizlənməsinə, möcüzəli şəkildə müşriklərin əlindən xilas olmasına işarə edilmişdir[27]. Burada iki nüansa işarə edirik: Birincisi, ayədə “iki nəfərdən ikincisi” ifadəsi ilə Peyğəmbərin (s) təkliyinə və qəribliyinə işarə edilmişdir. Bu sözün digər şəxsin varlığı və kimliyi ilə heç bir əlaqəsi yoxdur. Ayənin ümumi məzmunu, əslində, belədir: Əgər siz Peyğəmbərə (s) köməklik göstərməsəniz, Allah bütün düşmənlərin Peyğəmbərə (s) qarşı arxa-arxaya verdikləri, öldürmək üçün hər tərəfdən onu mühasirəyə alıb qətlə yetirmək, onun isə Məkkəni tərk etməkdən başqa çarəsinin olmadığı, heç kəsin onunla bir yerdə olub köməklik etmədiyi, mağarada iki nəfərdən ikincisi olduğu, Peyğəmbərin (s) öz yol yoldaşı Əbu Bəkrə: “Bu gördüklərindən qəmgin olma! Çünki Allah bizimlədir, kömək Onun əlindədir”, – deyə buyurduğu vaxt kömək etmişdir. İkincisi, bu ayədə qeyd edilən yardımlar, yəni rahatlıq göndərilməsi, Peyğəmbərin (s) görünməz qoşunlarla gücləndirilməsi bitişən əvəzliklərə əsasən onun yoldaşına deyil, təkcə özünə aid olur[28].
  4. Ağır da gəlsə, yüngül də, hərəkət edin, malınız və canınızla Allah yolunda cihad edin! Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
  5. Əgər yaxın qənimətlər və asan səfər olsaydı, onlar sənin ardınca gedərdilər. Lakin məşəqqətli yol onlara uzaq gəldi (deyə, boyun qaçırdılar). Tezliklə: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfər edərdik”,- deyə Allaha and içəcək və özlərini həlak edəcəkər. Allah isə onların yalançı olduqlarını bilir.
  6. Allah səni bağışladı! Nə üçün doğru danışanları və yalançıları tanımazdan əvvəl onlara icazə verdin? (Yaxşı olardı ki, onlar özlərini tanıtdırana qədər gözləyəydin.)
  7. Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməmək barəsində səndən izn istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!
  8. Səndən izn istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhə içində olanlardır. Onlar öz şübhələrində çaşqındırlar.
  9. Əgər onlar (doğrudan da, cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlarla (qocalar, xəstələr və uşaqlarla bərabər) siz də oturun!” – deyildi.
  10. Əgər sizinlə birlikdə (cihad meydanına doğru) çıxsaydılar, sizdə yalnız narahatlıq və tərəddüdü artırar, sürətlə aranızda fitnə və təfriqə salardılar. Aranızda onların sözlərinə qulaq asan adamlar var. Allah zalımları tanıyandır!

——————————————————————————————–

  1. Cihadda iştiraka mane olan amillər: Yüngüllük və ağırlıq deyilərkən, insanın Allah yolunda cihad etməsinə mane olan amillər nəzərdə tutulur. Başın dünya və maliyyə işlərinə qarışması, ailə, övlad, qohumlar və dostların sevgisi, onlardan ayrı qala bilməmək, silah və ya müharibəyə getmək üçün yol tədarükünün olmaması və s. buna misal göstərmək olar. Belə problemləri olan insan ağır yüklü, olmayan isə öhdəliyi az olan insan hesab edilir. Ayədə nə olursa olsun, birinci və ikinci şəraitin olmasından asılı olmayaraq, cihad meydanına doğru hərəkətə keçmək əmri verilmişdir[29].
  2. Allahın Peyğəmbəri (s) danlamasının səbəbi: Peyğəmbərin (s) məsum olmasını qəbul etməyən insanlar bu cür ayələrə istinad edərək Peyğəmbərin (s) bu cür vəziyyətdə verdiyi icazənin ilahi məsləhətin ziddinə olduğunu iddia edirlər. Yəni Peyğəmbərin (s) bu hərəkəti xəta və yanlış olmuş, lakin Allah onu bağışlamışdır. Onun məzəmmət edildiyi və qınandığı “Allah səni bağışladı! Nə üçün doğru danışanları və yalançıları tanımazdan əvvəl onlara icazə verdin?” ayəsinə diqqətlə nəzər saldıqda, görünür ki, Peyğəmbərin (s) Mədinədə münafiqlərə icazə verməsi yanlış olmuşdur. Allah isə onu əfv etmişdir. Yoxsa əfvin nə mənası var idi? Buna görə də bəziləri Peyğəmbərin (s) əqli və nəqli dəlillərlə sübuta yetən məsumluğuna xələl gəlməsinin qarısını almaq üçün Peyğəmbərin (s) bu icazə ilə “daha yaxşını tərk etdiyini” (tərki-övla) iddia etməyə çalışmışlar. Yaxşı olardı ki, ümumiyyətlə, icazə verməyəydi. Əvf sözü günah üçün işləndyi kimi, tərk edilməsi daha yaxşı olan işdə də istifadə edilir.

Əslində, belə bir cavabın verilməsinə ümumiyyətlə, ehtiyac yoxdur. Ayənin zahiri məzmunu mövcud şübhəni aradan qaldırmağa kifayət edir. Ayələr özü Peyğəmbərin (s) icazəsinin yüzdə-yüz doğru və məsləhət olduğunu göstərir. Fərz edək ki, Peyğəmbər (s) onlara icazə verməsəydi və onların Mədinədə qalmasını qadağan etsəydi, o zaman iki haldan biri baş verəcəkdi: ya onun əmrinə itaət göstərib qoşuna qoşulacaq, müsəlmanların sıralarında yer alacaq və cəbhəyə doğru yola düşəcəkdilər, ya da onun əmrindən boyun qaçırıb, açıq şəkildə itaətsizlik göstərəcəkdilər. Şübhəsiz ki, hər iki vəziyyətdə fəsad baş verəcəkdi. Çünki 47-ci ayədə açıq şəkildə qeyd edildiyi kimi, qoşun arasına yalnız fitnə və təfriqə salacaq, qoşunu bir-birinə vuracaqdılar. Nəticədə, onların törədəcəkləri cinayət cihaddan yayınma cinayətindən daha ağır olacaqdı. İkinci halda, yəni Peyğəmbərin (s) əmrindən boyun qaçırıb Mədinədə qalacaqları təqdirdə Peyğəmbərin (s) heybəti və əzəməti kiçiləcək və yavaş-yavaş münafiqlərin cürət və cəsarətləri daha da aşkar səciyyə alacaqdı. Buna görə Peyğəmbər (s) Allahın verdiyi bəsirət və ayıqlıq sayəsində münafiqlərin Mədinədə qalmasına icazə verdi və bununla da hər iki cinayətin qarşısını almış oldu. “Nə üçün icazə verdin?” cümləsində məzəmmət olsa da, əslində, məzəmmətin obyekti Peyğəmbər (s) deyil, münafiqlərdir. Yəni münafiqlərin vəziyyəti, onların riyakarlığı və yalanları o qədər açıq-aşkardır ki, kiçik bir sınaq onların riyakarlıq pərdəsinin qalxması üçün kifayət edir. Yəni Peyğəmbərin (s) icazə verməməsi vəziyyətin aydınlaşması üçün kifayət idi. Gördüyümüz kimi, etiraz əsasən münafiqlərə yönəlmişdir. Sanki Allahın burada demək istədiyi budur ki, ya Peyğəmbər, onlar yalançı və boşboğazdırlar, sən onların yalanlarının üstünü örtdün, əgər icazə verməsəydin, onların yalanı aşkara çıxacaqdı. İcazə verməmək möminlə münafiqin ayrılma səbəbi olsa da, məsələnin bir tərəfi idi. Məsələnin digər tərəfi yuxarıda qeyd etdiyimiz kimi, daha mühüm idi. Gördüyümüz kimi, burada hətta “daha yaxşının tərk edilməsi” də baş verməmişdir. Ayə başqa bir hədəfi izləyir. O da Peyğəmbərə (s) qarşı olan lütfkarlıq və mehribanlığı ifadə edir. Sanki ayənin çatdırmaq istədiyi budur ki, ey Peyğəmbər, nə üçün bu dərəcədə mülayimlik, yumşaqlıq etdin, həya və təvazökarlıq göstərib onlara icazə verdin, düşmənlərinin çirkli mahiyyətinin hər kəsə məlum olmasına icazə vermədin, dost və düşməninin bir-birindən seçilməsinə razı olmadın? Bu sərt xitabların hədəfi yalançı münafiqlərdir, lakin sonsuz sevgi təzahürü olaraq ən əziz insanlara ünvanlanmış danlaq libasında düşmənin rüsvay olmasına mane olmuşdur. Əlbəttə, bu cür danışıq incəliklərini böyük insanların onlara daha əziz olan insanlarla danışıq tərzindən xəbəri olanlar başa düşə bilər[30].

  1. Onlar əvvəl (də) fitnə törətmək istəmiş və sənin işlərini bir-birinə vurmuşdurlar. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri aşkar oldu.
  2. Onların bəzisi deyir: “Bizə icazə ver (döyüşdə iştirak etməyək), bizi günaha batırma!” Bilin ki, onlar (elə indi də) günahda süquta uğrayıblar. Cəhənnəm kafirləri əhatə edib!
  3. Sənə bir yaxşılıq üz versə, onlar narahat olur. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər.
  4. De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir hadisə üz verməz. O, bizim rəhbərimiz və himayəçimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”
  5. De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? İndi ki belədir, siz gözləyin, biz də sizinlə birlikdə gözləyək!”
  6. De: “İstər könül xoşluğu ilə olsun, istərsə də zorla, Allah yolunda xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfa idiniz.
  7. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namazı tənbəl-tənbəl qılmaları və narazı-narazı xərcləmələridir.

——————————————————————————————

  1. Münafqləri tanıma yollarından biri: Bəzi təfsirçilərin yazdığına görə, Peyğəmbər (s) müsəlmanları Təbuk döyüşünə hazırladığı və cihada çağırdığı vaxt münafiqlərdən, hətta onların öndə gedənlərindən və Bəni-Sələmə tayfa başçılarından olan Cədd ibn Qeys Peyğəmbərin (s) yanına gələrək dedi: Əgər icazə verirsənsə, mən bu döyüşdə iştirak etməyim. Çünki qadınlara qarşı çox həssasam. Xüsusilə, əgər bizanslı qızları görsəm, ürəyim əldən gedər, onlara heyran olub cihaddan əl çəkə bilərəm. Peyğəmbər (s) ona icazə verdi. Elə həmin vaxt bu ayə nazil oldu və həmin adamı ittiham etdi. Peyğəmbər (s) üzünü Bəni-Sələmə tayfasından olan dəstəyə tutub dedi: “Böyüyünüz kimdir?” Dedilər: “Cədd ibn Qeys, ancaq o, paxıl və qorxaq adamdır.” Peyğəmbər (s) buyurdu: “Paxıllıqdan pis dərd ola bilməz!” Sonra belə buyurdu: “Sizin böyüyünüz ağ bənizli Bişr ibn Bərradır.”

Bu ayədən belə məlum olur ki, münafiqləri tanımağın yolları onların üzərlərinə düşən vəzifədən boyun qaçırmaq üçün gətirdikləri əsaslar və bəhanələrdir. Bu bəhanə formaları onların daxili dünyasından xəbər verir. Onlar daha mühüm məsələlərdən yayınmaq, möminləri aldatmaq üçün çox cılız, bəzən də gülüş doğuran sözlər deyir, onların fikirlərindən, dini mövzulardan, Allah və Peyğəmbərinin göstərişlərindən istfadə edirlər. Halbuki günah içində itib-batır, əllərinə qılınc götürüb Peyğəmbəri (s) və onun dinini qılınclayırlar[31].

  1. Cəhənnəmin kafirləri əhatə etməsi: Təfsirçilər bu cümlə ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Bəziləri bu cümlədə insanı Cəhənnəmə sürükləyən səbəb və vasitələrə eyham edildiyini qeyd etmişlər. Bəziləri hesab edir ki, bu, gələcəkdə, mütləq, baş verəcək hadisənin keçmiş zaman formasında işlənməsi prinsipinə əsaslanır. Yəni gələcəkdə Cəhənnəm onları, mütləq, əhatə edəcək. Bir ehtimal da ondan ibarətdir ki, Cəhənnəm indi də mövcuddur, bu dünyanın batinindədir, Cəhənnəm əhli onun içindədir. Habelə Cənnət də indi mövcuddur, bu dünyanın batinindədir, Cənnət əhlini əhatə edir[32].
  2. Saqinin hər süzdüyü gözəllik, incəlik və sevgidir: Bu ayədən bu dünyanın əsl sahibinin Allah olduğu, heç kəsin Onun iradə və ixtiyarından kənar olmadığını ifadə edən mühüm tövhid həqiqəti başa düşülür. Əgər insan bu həqiqətə inanırsa, şübhəsiz ki, Allaha təvəkkül edir, özünü Allahın istəyinə təslim edir, artıq çətinliklər və müsibətlər qarşısında etiraz etmir, hər hansı nemətə malik olduqda fəxr etmir, qürurlanmır.[33] Yazırlar ki, İmam Hüseynin (ə) ailəsini əsir aldıqdan sonra İbn Ziyad həzrət Zeynəbə (Allahın salamı olsun ona) deyir: “Allahın qardaşının başına nələr gətirdiyini gördünmü?” Xanım isə belə cavab verir: “Mən gözəllikdən başqa bir şey görmədim.” Allah onların qətlini müqəddər etdi, onlar da qətlə yetiriləcəkləri yerə tələsdilər[34].
  3. Münafiqlərin yalandan ibadət etməsi: Bu ayəyə əsasən belə nəticəyə gəlmək olar ki, insanların təkcə namaz və oruclarına aldanmaq olmaz. Çünki münafiqlər həm namaz qılır, həm də camaatın gözündə Allah üçün xərcləyirlər. Münafiqlərin namazları və xeyriyyəçilikləri ilə həqiqi möminlərin pak və təmiz əməllərini fərqləndirmək lazımdır. Davranışlarına diqqətlə nəzər saldıqda bunu görmək olar. Hədislərin birində belə nəql edilir: “Camaatın təkcə uzun-uzadı rüku və səcdələrinə baxmayın. Çünki bu, vərdişdən irəli gələ bilər və onu tərk etmək də onlarda narahatlığa səbəb olar. Onların doğru danışmasına və əmanətdar olmasına fikir verin.” Doğru danışmaq və əmanətdar olmaq imandan qaynaqlanır. Halbuki vərdiş edilmiş rüku və səcdələr münafiqliyə uyğundur[35].
  4. Onların malları və oğul-uşağı səni təəccübləndirməsin. Allah onlara dünya həyatında bu vasitə ilə əzab vermək, kafir olduqları halda, canlarını almaq istəyir.
  5. Sizdən olmadıqları halda, sizdən olduqları barədə Allaha and içirlər. Lakin onlar qorxaq bir zümrədir. (Sirləri faş olmasın deyə, yalandan and içirlər.)
  6. Əgər onlar bir sığınacaq və ya mağara, yaxud yeraltı bir yol tapsalar, tələsik oraya doğru qaçarlar.
  7. Onların arasında sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər ondan (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, qəzəblənərlər.
  8. (Halbuki) Allah və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Tezliklə Allah və Rəsulu bizə lütfündən bəxş edəcək. Biz yalız Onun razılığını istəyirik!” – desəydilər (onlar üçün yaxşı olardı).
  9. Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, miskinlərə, zəkatın toplanması üçün zəhmət çəkən işçilərə, sevgi və rəğbətlərinin qazanılmasına səy göstərilən insanlara, (azad edilməsi üçün) qullara, həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda (Onun dinini gücləndirmək üçün) və yolda qalan yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir!
  10. (Münafiqlər) Peyğəmbəri incidib: “O, sadəlövh adamdır”, – deyən şəxslərdir. De: “Onun sadəlövh olması sizin xeyrinizədir. (Ancaq bilin ki,) o, Allaha inanır, (yalnız) möminləri təsdiq edir. O, sizdən iman gətirənlər üçün rəhmətdir.” Allahın Rəsulunu incidənləri şiddətli bir əzab gözləyir!”

—————————————————————————————–

  1. 60. Zəkatın xərcləndiyi yerlər: Bu ayədə sədəqələr deyilərkən vacib buyurulmuş sədəqələr, yəni zəkat nəzərdə tutulur. Zəkat müsəlman cəmiyyətinin iqtisadi vəziyyətinin sağlam olmasında çox mühüm və əsaslı rol oynayan mühüm İslam hökmlərindəndir. Hədislərdə bu vacib əmrə çox böyük əhəmiyyət verilmiş, onun tərk edilməsi kəskin şəkildə qadağan edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bütün insanlar öz mallarının zəkatını versələr, yoxsul və ehtiyaclı müsəlman qalmaz… İnsanlar yalnız sərvəti olan insanların günahı ucbatından yoxsul, ehtiyaclı, ac və çılpaq qalırlar.”[36] Bu ayədə zəkatın səkkiz istifadə yerinin olması qeyd edilmişdir: 1. Yoxsullar; 2. Miskinlər. (Yoxsulla miskinin fərqini izah edərkən bildirirlər ki, yoxsul işləməsinə və çalışmasına baxmayaraq, maliyyə çatışmazlığı olan, lakin heç kəsdən kömək diləməyən şəxsə deyilir. Miskin isə ehtiyacı çox olan, işləyə bilməyən, buna görə də başqalarından köməklik istəyən şəxsə deyilir); 3. Zəkatı toplayan işçilər. (Bunlar zəkatın toplanması və İslam xəzinəsinin idarə edilməsi işlərində çalışan insanlara deyilir. Onlara ödənilən məbləğ, əslində, əməkhaqqı hesab edilir. Bu adamlarda yoxsulluq əsla şərt deyil); 4. Sevgi və rəğbətlərinin qazanılmasına səy göstərilən insanlar. (İslamın maraqlarının inkişaf etdirilməsi üçün güclü mənəvi marağı olmayan insanların sevgisini cəlb etmək üçün maliyyə stimulu vermək); 5. Qulların azad edilməsi. (Zəkatın bir hissəsi quldarlıqla mübarizəyə və humanizmə zidd olan bu mövzuya son qoyulması üçün sərf edilir); 6. Borcu olanların, heç bir təqsir və günahı olmadan borc yükü altında qalmış, borcunu ödəməyə imkanı çatmayan insanların borcunun ödənilməsi; 7. Allah yolunda. (Cihad, təbliğat və sair olmasından asılı olmayaraq Allah dininin gücləndirilməsinə və inkişafına şamil bütün yollar nəzərdə tutulur); 8. Yolda qalmışlar. (Hər hansı səbəbdən yarı yolda qalmış, mənzil başına çatmaq üçün kifayət qədər ehtiyatı, miniyi, səfər tədarükü olmayan, əslində yoxsul olmasalar da, qarətə məruz qaldıqları, xəstələndikləri, əllərində olan vəsaitin hər hansı səbəbdən tələf olması və ya istənilən halda bu vəzyyətə düşmüş müsafirlər. Belə insanlara zəkatdan mənzil başına gedib çata biləcəkləri qədər malyyə yardımı edilir)[37].
  2. Sadəlövh yox, alicənab peyğəmbər: Qumminin təfsirində bu ayənin nazilolma səbəbi haqqında belə qeyd edilmişdir: “Abdullah ibn Nəbtəl adlı bir münafiq Peyğəmbərin (s) yanında əyləşib ona qulaq asır, sözlərini digər münafiqlərə çatdırır və sözgəzdirənlik edirdi. Həzrət Cəbrail (ə) nazil olub buyurdu: “Ey Mühəmməd, münafiqlərdən biri sözgəzdirənlik edir, sənin sözlərini münafiqlərə çatdırır.” Peyğəmbər (s) buyurdu: “O, kimdir?” Cəbrail: “Qaraüzlü, qalınsaçlı bir insandır. Gözləri sənə zillənmiş sanki iki qara qazandır. Səninlə söhbət edir.” Peyğəmbər (s) həmin kişiyə xəbərdarlıq edib Cəbrailin (ə) sözlərini ona çatdırdı. Lakin o and içib bu işlə məşğul olmadığını dedi. Peyğəmbər (s) ona buyurdu: “Mən səndən qəbul etdim, sən belə etmə!” O isə münafiq dostlarının yanına qayıtdıqdan sonra onlara dedi: “Mühəmməd sadəlövh adamdır. Allah ona xəbər verdi ki, mən sözgəzdirənəm, onun sözlərini başqalarına danışıram, o isə qəbul etmədi. Hələ üstəlik mən də ona deyəndə ki belə bir iş tutmamışam, heç bir söz danışmamışam, mənə inandı.” Bu zaman bu ayə nazil oldu. Yəni Peyğəmbər (s) ona nazil olanı təsdiq edir, sizin sözlərinizi və üzrlərinizi də qəbul edir. Əslində, işin mahiyyətindən xəbərdardır və sizi də təsdiq etmir[38].
  3. Onlar sizi razı salmaq üçün Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki,) Allah və Onun Peyğəmbərinin razılığını qazanmaq daha yaxşıdır!
  4. Məgər Allah və Onun Peyğəmbəri ilə düşmənçilik aparan şəxs onu içində əbədi qalacağı Cəhənnəm odunun gözlədiyini bilmirmi? Bu, böyük rüsvayçılıqdır.
  5. Münafiqlər özlərinə qarşı, ürəklərində olan sirlərlərdən xəbər verəcək bir surənin nazil ediləcəyindən qorxurlar. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”
  6. Əgər onlardan soruşsan (ki, “bu səhv addımı nə üçün atdınız?”): “Biz ancaq zarafatlaşıb əylənirdik”,- deyə cavab verərlər. De: “Allahı, Onun ayələrini və Peyğəmbərini məsxərəyə qoyursunuz?!”
  7. (De: Əbəs yerə) üzr istəməyin. (Çünki) siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini (tövbə etdiyi üçün) əfv etsək də, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
  8. Münafiq kişilərlə münafiq qadınların hamısı eynidir. Onlar pis işlər görməyi əmr, yaxşı işləri qadağan edərlər. Əllərini də sıxarlar (xəsislik edərlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Münafiqlər fasiqlərdir!
  9. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu, onlara kifayətdir. Allah onları Öz rəhmətindən uzaq salıb və onları daimi bir əzab gözləyir!

——————————————————————————————-

  1. Münafiqlər tərəfindən Peyğəmbərə (s) qarşı qətl planının hazırlanması: Bu və sonrakı bir neçə ayənin nazilolma səbəbilə bağlı bir neçə fikir mövcuddur. Onların arasında bu ayələrin məzmununa daha çox uyğun gələni İbn Keysana istinad edilən hədisdir. Həmin hədisdə belə deyilir: “Bu ayələr Təbuk döyüşündən qayıdarkən Peyğəmbəri (s) qətlə yetirmək qərarına gələn on iki nəfər münafiq haqqında nazil olmuşdur. Bu münafqlər bir keçidin yuxarısında pusqu qurub, Peyğəmbər (s) həmin keçidə çatanda qəfildən hücum çəkib onu qətlə yetirməyi planlaşdırmışdılar. Cəbrail (ə) Peyğəmbəri (s) bu plandan xəbərdar edib ona göstəriş verdi ki, bir neçə nəfəri onların yanına göndərsin və onlar da gedib münafiqələrin dəvələrinin üzünə və başına vurub bu mənfur planlarının həyata keçməsinə mane olsunlar. Təbukdan qayıdarkən Əmmar Yasir Peyğəmbərin (s) miniyinin yüyənindən tutmuş, Hüzeyfə ibn Yəman isə arxadan gedirdi. Bu vaxt üzlərini bağlamış münafiqlər yetişdilər. Peyğləmbər (s) Hüzeyfəyə: “Onların miniklərinin üzlərinə vurub uzaqlaşdır”, – deyə göstəriş verdi. Hüzeyfə belə də etdi. Peyğəmbər (s) həmin keçiddən xəta-bəlasız keçdikdən sonra Hüzeyfədən: “Bildin hansı qəbilədən, hansı tayfadan idilər?”, – deyə soruşduqda Hüzeyfə: “Heç birini tanımadım”, – deyə cavab verdi. Peyğəmbər (s): “Filankəs, filankəs, flankəs…” deyib onların hamısının adını açıqladı. Hüzeyfə dedi: “Nə üçün bir dəstə göndərib onları öldürtmürsən?” Peyğəmbər (s) buyurdu: “İstəmirəm ərəblər desin ki, Mühəmməd öz səhabələrinə qalib gəldikdən sonra onları qətlə yetirdi.” Oxşar məlumat İmam Baqirə (ə) istinad edilən bir hədisdə də öz əksini tapmışdır. İmam Baqirə (ə) istinad edilən hədisdə əlavə olaraq belə qeyd edilmişdir: “Onlar öz aralarında Peyğəmbəri (s) qətlə yetirməklə bağlı məşvərət edərkən belə qərara gəldilər ki, əgər Peyğəmbər planımızdan xəbər tutsa, deyərik ki, zarafat edirdik, yox əgər xəbər tutmasa, öldürərik.”[39]
  2. Münafiqlərin günahlarından pis olan üzrləri: Münafiqlərin əli boşa çıxdıqdan və planları heç bir nəticə vermədikdən sonra Peyğəmbər (s) onlardan qurduqları pusqu və gözlənilməz hücumları haqqında soruşduqda deyirlər: Bizim pis bir nyyətimiz yox idi. Vəziyyət siz şübhələndiyiniz kimi deyil. Biz oyun oynayıb əylənirdik, niyyətimiz ciddi deyildi. Allah, Peyğəmbərinə (s) onlara belə deməsini göstəriş verir: “Günahınızdan daha pis bir üzr gətrirsiniz?” Hazırladığınız mənfur plan günah idi. Peyğəmbəri məsxərəyə qoymaq üçün uydurduğunuz bu üzr isə başqa bir günahdır, Allaha, Onun Peyğəmbərinə və ayələrinə qarşı küfrdürş.”[40]
  3. Münafiqlər Allahın rəhmətindən uzaqdırlar: Təbii ki, Allahın unutması həqiqi deyil, məcazi mənada deyilmiş bir ifadədir. Yəni Allah onlarla unutqan bir insan kimi davranır, onlara heç bir rəhmət və uğur nəsib etmir. Bu cür ifadələrdən gündəlik həyatamızda da istifadə edirik. Məsələn, deyirik: Sən öz üzərinə düşən vəzifəni unutduğun üçün biz də vaxtında ödəmə etməyi unudacağıq. Yəni sənə haqq ödəməyəcəyik. Bu fikri təsdiq edən məzmuna Əhli-Beyt (ə) hədislərində də çox rast gəlmək olar[41]. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Yəni onlar bu dünyada Allahı unutduqları, Ona itaət göstərmədikləri, Ona və Peyğəmbərinə (s) iman gətirmədikləri üçün Allah da onları axirətdə unudacaq. Yəni onlara savab yazmayacaq, yaxşılıq və rəhmət bölgüsündə onlar unudulmuşlardan hesab ediləcəklər.”[42]
  4. (Ey münafiqlər!) Siz (nifaq salmaqda) özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət və övlad baxımından daha artıq idilər. Onlar öz nəsiblərindən bəhrələndilər. Siz də öz nəsibinizdən sizdən əvvəlkilər kimi bəhrələndiniz. Siz də onlar kimi (küfr, nifaq və möminləri istehza etmək yolunda) batdınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Ziyana uğrayanlar məhz onlardır!
  5. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin (Şüeybin qövmünün) və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar dəlillər gətirmişdi. Allah onlara zülm edən deyildi, onlar özləri özlərinə zülm edirdilər.
  6. Mömin kişilərlə mömin qadınlar bir-birinin dostudurlar (yardımçılarıdırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah tezliklə onları Öz rəhmətinə qovuşduracaq. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  7. Allah mömin kişilərə və qadınlara ağacları altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Əbədi cənnətlərdə pak məskənlər və Allahın razılığı daha üstündür. Böyük qələbə də budur!

——————————————————————————————-

  1. Lut qövmü və alt-üst olmuş şəhərlər: “İtikaf” sözündən düzəlmiş “mötəfikat” sözünün mənası çevrilmə və alt-üst olmaqdır. Bu sözlə Lut qövmünün güclü zəlzələ nəticəsində alt-üst olmuş şəhərlərinə işarə edilmişdir[43]. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bu, məskənləri alt-üst olan Lut qövmüdür. Onların məskənlərinin ən hündür nöqtələri ən alçaq nöqtələrinə çevrildi.[44]
  2. Möminlər bir-birinin dost və yardımçılarıdırlar: Bu ayə ilə 67-ci ayəni müqayisə etdikdə diqqət yetirilməsi lazım olan məqamlardan biri budur ki, 67-ci ayə hamısı bir qrupdan olan münafiqlər haqqındadır. Yəni münafiqlər bir sırada yer alsalar da, xüsusiyyət və proqramarda ortaq olsalar da, aralarında dostluq, yoldaşlıq, bir-birinə həqiqi mənada yoldaşlıq etmək ruhiyyəsi yoxdur. Hər hansı birinin şəxsi maraqları təhlükəyə düşərsə, hətta dostlarına da xəyanət edərlər. Buna görə də “Həşr” surəsinin 14-cü ayəsində belə buyurulmuşdur: Münafiqlərin bir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır.” Lakin möminlərdən bəhs edən ayədə onların vəhdətdə və bir olduqları qeyd edilir. Yəni dağınıq olmalarına baxmayaraq, sanki bir bədən kimidirlər. Buna görə də onlar bir-birinin işini öz üzərlərinə götürür, qaydaya salır, özünün və cəmiyyətin pislik və günahdan islahı üçün bir-birinə yaxşını əmr, pisi qadağan edirlər. Hər kəs digəri üçün məsuliyyət daşıdığını düşünür[45].
  3. Ədn cənnətlərinin sakinləri: “Ədn” sözünün leksik mənası bir məkanda qalmaq, məskunlaşmaqdır. “Ədn cənnətləri” deyilərkən yaşamaq, məskunlaşmaq və əbədi qalmaq üçün nəzərdə tutulan bağlar başa düşülür[46]. Hədislər və təfsirçilərin sözlərindən “Ədn cənnətləri” deyilərkən Allahın mükafat verdiyi Cənnətin xüsusi bir yerinin nəzərdə tutulduğu başa düşülür. İslam peyğəmbəri (s) Ədn cənnətləri haqqında danışarkən belə buyurmuşdur: “Ədn heç bir gözün görmədiyi, heç kəsin ağlına gələ bilməyəcəyi bir yerdir. Orada yalnız üç qrup insan məskunlaşacaq: peyğəmbərlər, siddiqlər və şəhidlər.” Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Mənim kimi yaşamaq və mənim kimi ölmək, Allahın mənə vəd verdiyi bağda, yəni ağaclarını Öz əlləri ilə əkdiyi, “ol”, – deyə əmr etdiyi və bu əmrlə yaranan Cənnət bağlarında məskunlaşmaq istəyən şəxs Əli ibn Əbutalibi (ə), ondan sonra isə onun övladlarını sevsin!”[47]
  4. Allahın razılığı Cənnətdən daha şirindir: İmam Səccad (ə) bu ayə haqqında belə buyurmuşdur: “Cənnət əhli Cənnətdə öz yerlərini aldıqdan, Allah dostu öz evlərinə və bağına getdikdən və hər bir mömin öz taxtına söykəndikdən sonra xidmətçiləri onları əhatə edəcək, üstü meyvələrlə dolu ağaclar budaqlarını onlara tərəf əyəcək, hər tərəfdən bulaqlar qaynamağa başlayacaq, onun taxt və sarayı altından çaylar axacaq, onun üçün xalılar səriləcək, yastıqlar qoyulacaq, istədiyini dilinə gətirməzdən əvvəl xidmətçilər hazır edəcək, cənnətlərdən ona hurilər gətiriləcək… Cabbar olan Allah onlara təcəlla edərək buyuracaq: “Ey Mənim dostlarım, ey Mənə itaət göstərənlər, ey Mənə qonşu olan Cənnət sakinləri, Mən sizə içində olduğunuzdan daha yaxşı olan bir şey haqqında xəbər verimmi?” Cənnət əhli deyəcək: “İlahi, bizim indi olduğumuz vəziyyətdən daha yaxşı nə ola bilər? Hansı nemətləri istəyiriksə, gözün zövq aldığı nə varsa, Sənin mərhəmətin sayəsində mövcuddur.”Allah-taala həmin sualı yenə təkrar edəcək. Cənnət sakinləri deyəcəklər: “İlahi, biz indi içində olduğumuzdan daha gözəlini bizə nəsib et!” Allah buyuracaq: “Mənim sizdən razı olmağım və Mənim sizə qarşı sevgim siz içində olduğunuzdan daha üstün və daha yaxşıdır.” Cənnət əhli deyəcək: “Bəli, ey Rəbbimiz, Sənin bizdən razı olmağın və Sənin bizə qarşı sevgin bizim üçün daha yaxşı və daha şirindir.”[48]
  5. Ya Peyğəmbər! Kafir və münafiqlərlə vuruş! Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Necə də pis aqibətdir!
  6. Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca nalayiq sözlər) deməyiblər. Halbuki onlar küfr söz danışmış, İslamı qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə girişmişdilər. İntiqam almalarının yeganə səbəbi Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları ehtiyacsız etməsidir. (Bununla belə,) əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzabla cəzalandıracaq. Yer üzündə onların nə bir dostu, nə bir himayəçisi, nə də bir imdada yetəni var!
  7. Bəzisi Allahla belə əhd etmişdi: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz, mütləq, sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən (və şükür edənlərdən) olacağıq”.
  8. Ancaq Allah Öz nemətindən onlara bəxş etdikdə xəsislik etdilər, boyun qaçırdılar və üz döndərdilər.
  9. Allaha verdikləri vədi pozduqlarına və yalan danışdıqlarına görə Allah da onların ürəyinə Allahla qarşılaşacaqları günə qədər nifaq saldı.
  10. Məgər bilmirdilər ki, Allah onların sirlərini də, gizli danışıqlarını da bilir və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!
  11. İtaət göstərib könüllü surətdə sədəqə verən möminlərə eyib tutanları və yalnız imkanları daxilində verə bilən şəxsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!

——————————————————————————————–

  1. Münafiqlərin yalan və nifaqlarının ifşası: Peyğəmbərə (s) qarşı hazırlanmış sui-qəsd planı boşa çıxdıqdan sonra sui-qəsdçilər hadisəni zarafat və rişxənd kimi qələmə verərək deyirlər: “Bizim pis bir niyyətimiz yox idi.” Onlar belə danışaraq özlərini təmizə çıxarmaq istəyirdilər. Peyğəmbər (s) bu təhqiramiz sözlərinə görə onları məzəmmət edir. Onların dərhal rəngi dəyişir və and içirlər ki, belə söz deməyiblər. Allah-taala bu ayədə onların hər iki yalanının üstünü açır, “Biz belə bir söz deməmişik” sözlərinə “onlar küfr söz danışıblar”, – deyə cavab vermiş, utancverici hiyləni inkar etmələrinə isə müvəffəq ola bilmədikləri bir işə girişmişdilər, – deyə cavab vermişdir[49].
  2. Münafiqlərin Allah və Peyğəmbərin (s) lütfkarlıqlarına qarşı naşükürlükləri: Şübhəsiz ki, Allahın lütfü, İslam hökmü və Peyğəmbərin (s) xidmətləri sayəsində münafqlərin ehtiyacsız olması və ehtiyaclarının aradan qalxması intiqama səbəb ola biləcək bir hal deyil, əksinə, buna görə şükür və təşəkkür etmək lazımdır. Lakin bu pis xislətli naşükürlər xidmət və nemətə cinayətlə cavab vermək istəyirdilər. Bu gözəl və bədii ifadə tərzindən danışıqda və yazıda çox istifadə edilir. Məsələn, uzun illər xidmətində durduğumuz bir insan bu xdmətlərin əvəzində bizə xəyanət etdikdən sonra deyirik: Günahımız yalnız bu idi ki, sənə sığınacaq verdik, yüksək məhəbbət və qayğı göstərdik[50].
  3. İbrətamiz bir hadisə: Hədis və rəvayətlərdə bu və sonrakı ayələrin Sələbə ibn Hatib haqqında nazil olduğu qeyd edilmişdir. Çox yoxsul olan bu adam bir gün Peyğəmbərin (s) yanına gəlib ondan varlanması üçün dua etməsini istəyir. Peyğəmbər (s) ona sadə həyat tərzini davam etdirməsini, Peyğəmbərdən (s) nümunə götürməsini tövsiyə edir. Lakin Sələbə israrla Peyğəmbərdən (s) bu duanı etməsini rica edir və and içir ki, əgər Allah ona sərvət bəxş etsə, həmin sərvətin bütün vacib vergilərini ödəyəcək. Peyğəmbər (s) onun üçün dua edir və bir müddətdən sonra Sələbə sərvət və çoxlu qoyun sahibi olur. Qoyunları o qədər çoxalır ki, artıq onları Mədinədə saxlaya bilmir, buna görə də Mədinədən kənar bir yerdə məskunlaşır. Bu iş onun cümə və camaat namazlarında iştirakına da mane olur. Zəkat toplayıcısı zəkat almaq üçün onun yanına getdikdə zəkat verməkdən də boyun qaçırır, istehza ilə deyir: “Zəkat kitab əhlinin ödədiyi cizyə kimidir.” Bu xəbər Peyğəmbərə (s) çatdıqda buyurur: “Vay olsun Sələbəyə! Vay olsun Sələbəyə!” Bu vaxt bu ayələr nazil olur[51].
  4. Əməl və ibadətin keyfiyyət baxımından əhəmiyyəti: Mənbələrin yazdığına görə Peyğəmbər (s) İslam ordusunu düşmənlə mübarizəyə (ehtimal ki, Təbuk döyüşünə) hazırladığı vaxt camaatın yardımına ehtiyac duyulduğunu görür. Buna görə də fikrini camaata elan etdikdə imkanı olanlar İslam ordusuna zəkat adı ilə və ya heç bir əvəz olmadan külli miqdarda yardımlar göstərirlər. Gəlirləri az olan bəzi müsəlmanlar da az da olsa, bu böyük İslam proqramına yardım göstərirlər. Lakin münafiqlər hər iki dəstəyə eyib tuturlar. Çox yardım göstərənləri riyakar adlandırır, az yardım edənləri isə məsxərəyə qoyaraq “İslam ordusunun belə bir yardıma ehtiyacımı var?” – deyə istehza edirlər. Bu və sonrakı ayə nazil olur və onları ciddi şəkildə qınayır. Bu ayədən götürülən ən böyük dərs budur ki, İslam əməlin çoxluğuna deyil, keyfiyyətinə, ixlas, səmimiyyət və niyyətə yüksək əhəmiyyət və dəyər verir. Mühüm olan hər kəsin imkanı çatdığı qədəri əsirgəməməsidir. Dəyər azlıq və çoxluqda deyl, məsuliyyət və ixlasdadır. Hətta hədislərin birində bir nəfərin Peyğəmbərdən (s): “Hansı sədəqə daha yaxşıdır?”, – deyə soruşduqda Peyğəmbərin (s): “Gəliri az olanların sədəqəsi”, – deyə cavab verdyini oxuyuruq[52].
  5. Onlar üçün istər bağışlanma dilə, istər diləmə; (hətta) onlar üçün yetmiş dəfə də bağışlanma diləsən, yenə Allah onları bağışlamayacaq. Çünki onlar Allahı və Onun Peyğəmbərini inkar etdilər. Allah fasiq tayfanı doğru yola yönəltməz!
  6. (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxdıqlarına görə sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər, (bir-birinə və möminlərə): “Bu istidə hərəkət etməyin!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu bundan da istidir!” Kaş biləydilər!
  7. Buna görə də onlar az gülüb çox ağlasınlar. Bu, onların etdiyi əməllərin cəzasıdır.
  8. Əgər Allah səni onlardan olan bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə) çıxmaq üçün izn istəsələr, de: “Mənimlə əsla çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə kənara çəkilməyə razı oldunuz. İndi də arxada qalanlarla birlikdə (evdə) oturun!”
  9. Onlardan ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma! Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.
  10. Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bu vasitə ilə onlara dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.
  11. “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izn istəyib: “Qoy biz də (döyüşdən azad edilmiş) oturanlarla bir yerdə qalaq!” – deyərlər.

——————————————————————————————-

  1. Hətta Peyğəmbərin (s) də bağışlanma diləyinin qəbul edilmədiyi məqam: Şübhəsiz ki, burada yetmiş sözü sayı deyil, çoxluğu ifadə etmək üçündür. Yəni onlar üçün nə qədər bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Məsələn, bir nəfər digərinə “yüz dəfə də israr etsən, qəbul etməyəcəyəm”, – deyir. Bu, o demək deyil ki, yüz birinci dəfə desə, qəbul edəcək. Bu cümlə ilə o, əslində, heç vaxt qəbul etməyəcəyini göstərir. Qurana görə ölüm haqlayana qədər küfr və nifaqdan tövbə etməyincə kafirlər və kafirlərdən pis olan münafiqlərə heç bir ümid yeri yoxdur[53].
  2. Qiyamət haqqında xəbərdarlıq: Bu ayədə qələbə çaldıqlarını, cihaddan boyun qaçırmaq və bəzi mücahidlərdə soyuqluq yaratdıqlarını güman edərək, qəhqəhə çəkərək gülən münafiqlərə işarə edilmişdir. Ümumiyyətlə, münafqlər hər yerdə və hər zaman belədirlər. Amma Quran onlara xəbərdarlıq edir ki, az gülüb çox ağlasınlar. Onları qarşıda gözləyən zülmət gələcək üçün ağlasınlar; onları gözləyən şiddətli əzablar üçün ağlasınlar; özlərindən sonra bütün qayıdış körpülərini uçurduqları üçün ağlasınlar; bütün ömür sərmayəsini əldən verib əvəzində rüsvayçılıq, bədbəxtlik aldıqları üçün ağlasınlar. Təfsirçilərin çoxu Peyğəmbərin (s) bu məşhur hədisini qeyd etmişdir: “Əgər mən bildiyimi siz də bilsəydiniz, az gülüb çox ağlayardınız.”[54]
  3. Dünyanın təmtərağına aldanmayın, həqiqi zövq və həyat başqa bir şeydir: Bu ayənin məzmunu azacıq söz fərqi ilə eyni surənin 55-ci ayəsində də ifadə edilmişdir. Bu iki ayədə Allah peyğəmbərinə xitab edərək, münafiqlərin mal və sərvətlərinin çoxluğuna təəccüblənməməyi buyurur və onların başını qatan bu sərvətin onlar üçün xoşbəxtlik gətirəcək bir nemət olmadığını, əksinə küfrün canlarına hopduğunu bildirir. Hər bir varlığın öz xoşbəxtliyini gördüyü həyat yalnız o zaman həqiqi xoşbəxtlik və səadət ola bilər ki, öz həqiqi yolunda olsun. Əgər insan həyatın əbədi və həqiqi nəticələrinə, yəni faydalı elm əldə edib gözəl əxlaqi keyfiyyətlərə yiyələnərsə, faydasız və əbəs işlərlə məşğul olmazsa, əziyyətsiz ləzzət və asayişə nail olar. Bu cür həyat Allahın rəhbərliyini və himayəsini qəbul etməklə mümkün olur. Belə ki, Allah-taala “Yunus” surəsinin 62-ci ayəsində belə buyurmuşdur: “Bilin ki, Allah dostlarının nə qorxusu olur, nə də qəmgin olurlar.” Lakin başı dünyaya qarışan, dünyanın bər-bəzəyinə heyran olan, onun uzun-uzadı arzularına aldanan, Şeytan tərəfindən özündən uzaq düşürülən, özünə yadlaşan insan bütün qüvvəsini maddi ləzzətlərə sərf edir, bütün hədəfi heyvani istəklərdə mərkəzləşir, həm doymadığı, həm də malik olduqlarını itirməsinin narahatlığını çəkdiyi üçün ən pis əzaba düçar olur, lakin elə güman edir ki, ləzzət içindədir, xoşbəxtdir. Dünya həyatının təmtərağı artdıqca Allahdan və Onun rəhmətindən uzaqlaşır, tədricən bədbəxtliyin son həddinə çatır, halbuki bəndəlik məqamından uzaq, küfr içində can verir, əliboş halda məhşərə daxil olur. Əsl həqiqətdə bu cür zənginlik böyük yoxsulluqdur. Allah-taala “Taha” surəsinin 124-126-cı ayələrində bu vəziyyəti belə təsvir etmişdir: Hər kəs Məni xatırlamaqdan imtina etsə, həyatı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm!” (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”[55]
  4. Onlar arxada qalanlarla bir yerdə qalmağı seçdilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də anlamazlar.
  5. Lakin Peyğəmbər və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad etdilər. Bütün yaxşlıqlar onlar üçündür, nicat tapanlar da məhz onlardır!
  6. Allah onlar üçün əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (qələbədir)!
  7. Ərəblərdən (döyüşdə iştirak etməmək üçün) izn almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (heç bir üzrləri olmadan) oturdular. Tezliklə onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.
  8. Allaha və Onun Peyğəmbərinə xeyir istədikləri təqdirdə acizlərə, xəstələrə və Allah yolunda sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir!
  9. Minik üçün yanına gəldikdə: “Sizin minməyiniz üçün bir miniyim yoxdur”,- deyərkən sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!
  10. Ancaq varlı olduqları (cihad üçün kifayət qədər imkanları olduğu) halda, səndən izn istəyənlər qınanmalıdırlar. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar heç nə bilməzlər!

—————————————————————————————-

  1. İman və cihad xeyir və bərəkətin mənşəyidir: “Xəyrat” (yaxşılıqlar) sözü maddi və mənəvi olmasından asılı olmayaraq, istənilən uğur, müvəffəqiyyət, qələbə, nemət və xeyirə şamil olur. Bu ayənin ifadələri nicat tapmış və bütün növ xeyrə və səadətə layiq olan insanların bu qrupa aid olduğunu göstərir. Onlar bütün varlıqları və imkanları ilə cihad edirlər. Bu ayəyə əsasən, imanla cihad bir yerdə cəm olarsa, özü ilə xeyir və bərəkət nazil edər. Bu ikisi olmadan qurtuluşa nail olmaq, maddi və mənəvi xeyrə çatmaq mümkün deyil. Mömin və münafiqlərin xüsusiyyətlərinin müqayisəsi zamanı məlum olur ki, münafiqlər imansızlıq və günah aludəçiliyi ucbatından nadan və qafildirlər. Buna görə də şüur, dərk və ayıqlığın nəticəsi olan yüksək əzmkarlıq, səy və fəaliyyətdən məhrum olarlar. Onlar xəstələr və uşaqlarla qalmağa razıdırlar, amma bütün fəxr və başıucalıq gətirən cihad meydanında iştirakdan imtina edirlər. Halbuki imanlı insanlar açıq gözlü, dərrakəli, yüksək əzmkarlığa malik insanlardır. Onlar çətinliklərə qarşı mübarizədə bütün imkanlarını səfərbər edirlər. Bu, Quranın bir çox ayələrində bizə verdiyi, lakin bizim yenə də xəbərsiz qaldığımız həmin böyük dərsdir[56].
  2. Cihad və mücahidlərlə əməkdaşlıq sahəsində heç kəsə güzəşt yoxdur: Bu ayədə bir deyil, iki qrupdan söhbət açılmışdır. Birinci qrupun mənsubları üzürlü səbəblərdən, maddi imkansızlıq və fiziki çatışmazlıq üzündən cihadda iştirak etməmək üçün icazə alırlar. Amma ikinci qrup yalançı münafiqlərdən ibarətdir. Onlar heç bir üzr olmadan cihaddan boyun qaçırırlar. Allah-taala bu iki qrupu müqayisə edərək, ikincinin nə qədər bədbəxt və nanəcib olduğunu aşkara çıxarır[57].
  3. Təbliğat apararaq mücahidləri dəstəkləyin: Bu ayə yuxarıda qeyd edilən birinci qrupun vəzifəsini müəyyən edərək göstəriş verir ki, silah götürə bilməsələr də, döyüş meydanında iştrak etməyə gücləri çatmasa da, mücahdlərə sözlə, danışmaqla, təbliğatla, davranış tərzi ilə stimul versinlər, onları mübarizəyə ruhlandırsınlar, cihadın faydalarını saymaqla onların ruhiyyələrini gücləndrsinlər, eyni zamanda nə qədər bacarırlarsa, düşmənin ruhiyyəsini zəiflətsinlər, onların məğlubiyyətinin başlanğıcını təmin etməkdə səhlənkarlıq göstərməsinlər. Əsl mənası ixlas və səmimiyyət olan “nəsh” sözü bütün növ ixlaslı xeyirxahlıqları və fəaliyyətləri əhatə edən ümumi bir sözdür. Bu ayədən belə başa düşülür ki, Allah yolunda cihad edən mücahidlərlə əməkdaşlıq etməkdə heç kəsə güzəşt edilmir. Hətta xəstə və kor olanlar, silah götürmək və döyüş meydanında iştirak etmək iqtidarında olmayanlar da dilləri, təbliğatları və əməlləri ilə mücahidləri dəstəkləməlidirlər. Yəni cihadın bir neçə mərhələsi var, bir mərhələdə üzrü olan şəxs digər mərhələlərdə də üzürlü sayılmır[58].

91-92. Cihadda iştirak edə bilməyib, lakin qəlbləri mücahidlərlə olan şəxslərin mükafatı: Bəzi hədislərdən belə nəticəyə gəlirik ki, üzrü olan qruplar müharibədə iştirakdan və cəzadan azad edilməklə yanaşı, cihadda iştiraka olan sevgiləri miqdarında mücahidlərin savab və mükafatlarına da ortaqdırlar. Təbuk döyüşündən qayıdıb Mədinəyə çatdıqdan sonra Peyğəmbər (s) belə buyurmuşdur: “Siz özünüzdən sonra bu şəhərdə elə kişiləri qoyub getmişdiniz ki, bütün yol boyu sizinlə idilər. Atdığınız hər addımda, xərclədiyiniz hər malda, keçdiyiniz hər yerdə sizinlə bir idilər.” Soruşdular: “Ey Allahın rəsulu, onlar Mədinədə qaldıqları halda bizimlə necə bir yerdə ola bilərdilər?” Peyğəmbər buyurdu: “Çünki onlar üzürləri olduğu üçün cihadda iştirak edə bilmədilər. (Amma qəlbləri sizinlə idi.)”[59]

  1. (Cihaddan imtina edənlərin) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. De: “Üzr istəməyin, onsuz da sizə inanmayacağıq. Çünki Allah əhvalınızdan bizi xəbərdar etmişdir. Allah və Peyğəmbəri sizin əməllərinizi görür. Sonra qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
  2. Yanlarına qayıtdığınız zaman onlara göz yummağınız (münafiq davranışlarına susub məzəmmət etməməniz) üçün Allaha and içəcəklər. Siz onlardan üz çevirin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!
  3. Onlardan razı olasınız deyə, sizin üçün and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!
  4. Bədəvilər küfr və nifaq baxımından daha qəliz və Allahın Öz Peyğəmbərinə nazil etdiyi hökm və qanunlardan xəbərdar olmamağa daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir!
  5. Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və başınıza müsibətlər gəlməsini gözləyərlər. Müsibətlər onların özləri üçündür! Allah (hər şeyi) eşidəndir, biləndir!
  6. Bədəvilərin içərisində elələri də vardır ki, Allaha, Qiyamət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

——————————————————————————————-

  1. Cihaddan imtina edənlərin uzaqlaşdırılması: Mənbələrdə bu və sonrakı iki ayənin nazilolma səbəbinin Peyğəmbərin (s) Təbuk döyüşündən Mədinəyə geri dönərkən Allah yolunda cihad etməkdən boyun qaçırmış və sayları səksən nəfər olan bir qrup münafiqi özündən uzaqlaşdırması ilə bağlı olduğu qeyd edilmişdir. Peyğəmbər (s) onların barəsində belə buyurmuşdur: “Onlarla nə oturub-durun, nə də danışın.” Bu ayə onların vəziyyətinə işarə edir[60].
  2. Münafiqlərdən üz döndərmək: “Tu’rizu” və “ə’rizu” sözlərinin hər ikisinin kökü “i’raz” sözüdür. Bu söz iki mənada işlənir. Birinci məna münafqlərin möminlərə ünvanladığı istək zamanı ifadə edilmişdir. Yəni sizdən onların münafiq davranışlarına sükut etməyinizi və onları qınamamağınızı istəyirlər. İkinci məna isə Allahın möminlərə göstərişində öz əksini tapır. Yəni Allah möminlərə “onlardan üz çevirin”, – deyə göstəriş verdikdə, burada üz çevirmək münafiqlərlə oturub-durmamaq, onları xar etmək mənasında işlənmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Dörd şey qəlbi sıradan çıxarır. O dörd şeydən biri ölülərlə oturub-durmaqdır.” Səhabələr: “Ey Allahın Rəsulu, ölülər kimlərdir?” – deyə soruşduqda həzrət buyurmuşdur: “İmandan və ilahi hökmlərdən sapmış insanlar.”[61]
  3. İslamda bədəvi ərəblər və bədəvi ərəb: Bu və sonrakı iki ayədə bədəvi münafiqlər, onların əlamətləri və fikirləri, həmçinin bədəvilərin müxlis və həqiqi möminlərindən söhbət açılmışdır. “Ə’rab” (bədəvilər) toplu isimdir. Çoxlarının təsəvvürünün əksinə olaraq “ə’rab” ərəb sözünün cəmi deyil, dildə onun təki də yoxdur. Bu söz bədəvi ərəblərə şamil olur. Bu sözün tək halını ifadə etmək istədikdə sözün sonuna mənsubiyyət bildirən “yə” hərfi əlavə edilir və “ə’rabi” formasında işlədilir. Deməli “ə’rab” bədəvi ərəblər, “ə’rabi” isə bir bədəvi ərəb deməkdir. “Ə’rabi” bədəvi ərəb mənasını versə də, hədislərdə bu sözün geniş məzmun ifadə etdiyinin şahidi oluruq. Başqa sözlə desək, İslama görə onun coğrafi regionla heç bir əlaqəsi yoxdur, eyni təfəkkür tərzinə malik insanlara şamil edilir. Yəni İslam qanunlarından, adət-ənənələrindən xəbər və məlumatı olmayanlara, şəhərlərdə yaşasalar belə, ə’rabi deyilir. İmam Sadiqin (ə) məşhur bir hədisi bu fikri təsdiq edir. Həmin hədisdə deyilir: “Sizin dininizdən xəbəri olmayan hər bir şəxs bədəvidir.” Başqa bir hədisdə belə deyilir: “Hicrətdən sonra bədəvi olmaq küfrün bir formasıdır.” İmam Əli (ə) bir qrup üsyankar səhabəsinə xitabən belə buyurmuşdur: “Biln ki, siz hicrətdən sonra bədəvi oldunuz.” Qeyd olunan son iki hədisdə bədəvilik hicrətin əks tərəfi kimi göstərilmişdir. Hicrətin geniş məzmununun məkan çərçivəsinin fövqündə dayandığını, fikrin küfr müstəvisindən iman müstəvisinə keçid mənası daşıdığını nəzərə alsaq, “bədəvi ərəb” sözünün mənası da başa düşülər. Yəni İslam ənənələrindən, həyat tərzindən və qanunlarından Cahiliyyət həyat tərzinə, ənənələrinə və qanunlarına qayıdış[62].
  4. Mühacir və ənsardan daha öndə olanlara, habelə yaxşı işlər görməkdə onların ardınca gedən şəxslərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı oldu. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qalibiyyətdir!
  5. Ətrafınızdakı (Mədinənin ətrafında məskunlaşmış) bədəvilərdən bir qrupu münafiqdir. Mədinə əhalisindən (də) bir qrupu inadkar münafqdir. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada rüsvay etməklə, öləndən sonra əzaba düçar etməklə) əzab verəcəyik. Sonra isə (Qiyamətdə) ən böyük əzaba uğrayacaqlar.
  6. Bir qismi günahlarını etiraf etdi, yaxşı və pis əməlləri bir-birinə qarışdırdılar. Ümid var ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
  7. Onların mallarından sədəqə (zəkat) al ki, bununla onları təmizləmiş, pak etmiş və təlimatlandırmış olasan. (Zəkat alarkən) onlara dua et, çünki sənin duan onlar üçün bir rahatlıq vasitəsidir. Allah eşidəndir, biləndir.
  8. Məgər onlar bilmirlər ki, tövbəni bəndələrindən qəbul edən, sədəqəni (zəkatı) alan yalnız Allahdır (və) Allah tövbələri qəbul edəndir, mərhəmətlidir?!
  9. De: “Əməl edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görürlər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”
  10. Bir qism də Allahın fərmanına həvalə edilib. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah biləndir, hikmət sahibidir!

—————————————————————————————–

  1. Mühacirlərdən daha öndə olanları: Şiə və sünnilər tərəfindən nəql edilən hədislərin çoxuna əsasən, İslamı ilk qəbul edən şəxs Əli ibn Əbutalib (ə) olmuşdur. O, mühacir və ənsarın öndə olanlarının başında durur[63]. Bəzi alim və təfsirçilər bu ayəyə istinad edərək, Peyğəmbərin (s) bütün səhabələrinin təmiz, düz və Cənnət əhli olduğunu iddia etmiş, hətta bu iddianı təsdiq edəcək hədislər də nəql etmişlər. Əslində, bu iddianı qəbul etmək üçün Quranın bir çox ayəsini inkar etmək lazımdır. “Allah fasiqlərdən əsla razı olmayacaq”, “Allah zülmkarları sevmir” və bu kimi ayələrdən belə nəticə əldə etmək olar ki, peyğəmbərin səhabələri arasında Təlhə və Zübeyr kimi fasiq və zalım insanlar var idi. Onlar İmam Əliyə (ə) qarşı müharibəyə qalxmaqla on yeddi min müsəlmanın qanının axıdılmasına səbəb oldular. Təbii ki, “mühacir və ənsardan daha öndə olanlar, habelə yaxşı işlər görməkdə onların ardınca gedən şəxslərdeyildikdə Peyğəmbərin (s) ətrafında olan bütün səhabələr, onların ilahi əzabdan xilas olması, dediklərinin dəlil hesab edilməsi nəzərə tutulmur. Həmin şəxslər Allahın razılığı yolunda addım atanlardır[64].
  2. Zəkat təmizləyici və tərbiyələndiricidir: Bu ayədə zəkat hökmünə işarə edilmişdir. Zəkat İslam dininin əsas prinsiplərindəndr. Bu, ayənin zahirindən və habelə ayənin təfsiri ilə bağlı Əhli-beyt (ə) imamlarından nəql edilmiş hədislərdən də başa düşülür. Allah-taala zəkatı insanı təmizləyən və tərbiyələndirən bir vasitə kimi tanıtdırmışdır. Bəzi təfsirçilər bu vacib əməli ağacın inkişafına və boy atmasına səbəb olan artıq budaqların və yarpaqların budanmasına bənzətmişlər. Mənbələrin yazdığına görə, zəkat gətirildikdə Peyğəmbər (s) zəkat verənə və onun ailəsinə dua edərmiş[65].
  3. Allah sədəqə alandır: Zəkat və sədəqələri alan ya Peyğəmbər (s), imam (ə) və müsəlmanların rəhbəri, ya da haqqı çatan insandır. İstənilən halda, zahirdə zəkatı Allah almır, sadəcə peyğəmbər və ilahi rəhbərlər Allahın yer üzərindəki nümayəndələri olduğu və buna görə də Onun əli hesab edildikləri üçün bu ifadə belə işlədilmişdir. Habelə Allahın icazəsi və fərmanı ilə bu sədəqələri qəbul edən ehtiyaclı bəndələr, həqiqətdə, Allahın nümayəndələri hesab edilirlər. Bu şəkildə onların əli də Allahın əli hesab edilir. Bu ifadə eyni zamanda zəkat və sədəqə vermək üçün çox yaxşı stimuldur, bütün müsəlmanlara zəkat və sədəqələrini ödəyərkən son dərəcə ədəbli və hörmətlə davranmağı aşılayır. Çünki zəkat və sədəqəni alan yalnız Allahdır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Sədəqə ehtiyacı olan insanların əlinə yetişməzdən əvvəl Allahın əlinə yetişir.”[66]
  4. Peyğəmbər (s) və Əhli-beytin (ə) ümmətin əməllərindən xəbərdar olması: Bu ayə və Əhli-beyt imamları (ə) tərəfindən rəvayət edilmiş çoxlu sayda hədislərdən belə başa düşülür ki, Peyğəmbər (s) və imamlar (ə) bütün ümmətin əməllərindən xəbərdar olurlar. Yəni Allah xüsusi bir vasitə ilə ümmətin əməllərini onlara təqdim edir. İmam Sadiq (ə) buyurmuşdur: “İnsanların bütün əməlləri hər gün sübh tezdən Peyğəmbərə təqdm edilir. Həm pislərin, həm də yaxşıların əməlləri. Buna görə ehtiyatlı olun. Bu, Allahın “de, əməl edin…” ayəsinin məzmunudur.” Bir nəfər İmam Rzaya: (ə) “Mənə və ailəmə dua et”, – deyə müraciət etdikdə İmam (ə) belə buyurmuşdur: “Məgər mən dua etmirəm? And olsun Allaha, sizin əməlləriniz hər gün səhər-axşam mənə təqdim edilir. Məgər Allahın kitabında “de, əməl edin…” ayəsini oxumursan? And olsun Allaha, “möminlər” deyilərkən İmam Əli ibn Əbutalib (və onun övladlarından olan digər imamlar) nəzərdə tutulmuşdur.”[67]
  5. (Onların bir qrupu da müsəlmanlara) zərər vurmaq, küfr (küfrü gücləndirmək), möminlər arasında təfriqə salmaq məqsədilə məscid, daha öncə Allah və Onun Peyğəmbərinə qarşı mübarizə aparmış şəxsə sığınacaq tikən şəxslərdr. Onlar: “Bizim yaxşılıq etməkdə başqa bir fikrimiz olmamışdır”, – deyə and içərlər. Allah onların yalançı olduğuna şahidlik edir.
  6. Orada heç vaxt (namaza) durma. İlk gündən bünövrəsi təqva üzərində qurulmuş məscid namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!
  7. Onun özülünü Allah qorxusu və razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa onun əsasını zəif bir uçurumun kənarında inşa edib qəfildən Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!
  8. Onların qurduğu bu bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə və tərəddüd vasitəsi olaraq qalacaqdır. Allah biləndir, hikmət sahibidir!
  9. Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın almışdır. Bu, Tövratda, İncildə və Quranda qeyd edilmiş haqq vəddir. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz ticarətə görə müjdə olsun sizə. Bu, böyük qələbədir!

——————————————————————————————-

  1. Zirar məscidi və ya casusluq yuvası: Mənbələrin yazdığına görə, Bəni-Əmr ibn Auf tayfasından bir qrup Mədinənin yaxınlığında Quba adlanan bir yerdə məscid tikdirib Peyğəmbərdən (s) orada namaz qılmasını və gəlişi ilə həmin məscidi şərəfləndirməsini istəyirlər. Peyğəmbər (s) də onların bu dəvətini qəbul edir, həmin məscidə gedib orada namaz qılır. Bu hadisədən sonra münafiqlərdən olan Bəni-Ğənəm ibn Auf tayfasından olan bir qrup Quba məscidi tikənlərin paxıllığını çəkir və öz-özlərinə deyirlər ki, Quba məscidinə qarşılıq olaraq bir məscid tikib orada namaz qılaq, daha Mühəmmədin (s) rəhbərlik etdiyi camaat namazında iştirak etməyək. Bundan başqa, münafiqlər bu işləri ilə Əbu Amir Rahib üçün bir mərkəz yaratmaq istəyirdilər. O, Cahiliyyət dövründən əvvəl özünü xristian rahibi kimi təqdim etmişdi. Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra onun paxıllığını çəkdiyi üçün o həzrətə qarşı dəstələr yaratmış, sonra Məkkəyə qaçmışdı. Məkkənin fəthindəın sonra Taifə qaçmış, Taif əhalisi İslamı qəbul etdikdən sonra Şama qaçıb orada gizlənmişdi. Bizans imperatorundan yardım istəmək niyyəti ilə oradan da Bizansa qaçmış, elə həmin ərəfədə Mədinə münafiqlərinə xəbər göndərmiş və onlardan Peyğəmbərlə (s) müharibəyə hazırlaşmalarını, məscid tikib onu və Bizans ordusunu gözləmələrini istəmişdi. Lakin Bizans imperatoruna çatmamış ölüm onu elə yoldaca haqlamışdır. Hər halda münafiqlər bu məscidi inşa edir və Peyğəmbərdən (s) orada namaz qılmasını istəyirlər. Peyğəmbər (s) onlara söz verir ki, Təbukdan qayıtdıqdan sonra orada namaz qılacaq. Ancaq qayıtdıqdan sonra Allah-taala bu ayələri nazil edərək onu münafqlərin fitnəsindən xəbərdar edir və müsəlmanlara həmin məscidi uçurmalarını, yandırmalarını və həmin yeri zibilxanaya çevirmələrini göstəriş verir[68].
  2. Məscidin siması və həqiqi məscidlər: “İlk gündən bünövrəsi təqva bünövrəsi əsasında inşa edilmiş məscid” deyilərkən yuxarıdakı ayələrin izahında da qeyd etdiyimiz kimi, Quba məscidi nəzərdə tutulur. İmam Sadiqin (ə) də bir hədisində bu mövzuya toxunulmuşdur[69]. Zirar məscidi hadisəsi və bu ayələrdən götürdüyümüz çox qiymətli dərslərdən biri budur ki, müsbət dini, sosial və aktiv mərkəzin iki əsas xüsusiyyəti olmalıdır: birincisi, onun bünövrəsi və məqsədi ilk başlanğıcda pak olmalıdır. İkincisi, himayəçiləri və mühafizəçiləri pak, düz imanlı və bəlli insanlar olmalıdır: “Orada paklanmağı sevən insanlar vardır.” Bu iki əsas xüsusiyyətin hər birinin aradan qalxması nəticə olmamasına və məqsədə çatmamağa səbəb olur[70]. Məscid əhlinin paklığı deyilərkən zahiri və fiziki, yoxsa mənəvi və batini paklığın nəzərdə tutulması məsələsi təfsirçilər arasında fikr ayrılığının yaranmasına səbəb olmuşdur. Lakin çox böyük ehtimalla paklıq burada geniş məna ifadə edir, ruhun günah və şirkin təsirlərindən təmizlənməsinə, cismin çirk və nəcasət bulaşığından təmizlənməsinə şamil olur[71].
  3. Cihad Allahla edilmiş ən faydalı ticarətdir: Allah-taala bu ayədə Özünü alıcı, möminləri satıcı, onların can və mallarını əmtəə, Cənnəti onun qiyməti, Tövrat, İncil və Quranı bu alqı-satqının sənədi kimi təqdim etmişdir[72]. Burada insan Allahın bütün bu lütf və məhəbbətindən heyrətə gəlir. Bütün varlıq aləminin maliki, bütün yaradılış dünyasının mütləq hakimi, hər kəsin sahib olduğunun da sahibi olan Allah Öz bəndələrinə bağışladığı həmin nemətləri onlardan satın alır, bağışladıqlarını bir neçə yüz dəfə baha qiymətə satın alır. Bundan da faydalı ticarət olarmı? Cabir ibn Abdullah Ənsariyə istinad edilən bir hədisdə belə nəql edildiyini oxuyuruq: “Bu ayə nazil olanda Peyğəmbər (s) məsciddə idi. Oradakılar sevinclərindən təkbir dedilər. Ənsardan olan bir nəfər yaxınlaşıb təəccüblə Peyğəmbərdən (s) soruşdu: “Həqiqətən, indi nazil olan bu ayə idi?” Peyğəmbər (s): “Bəli”, – deyə cavab verdi. Ənsardan olan kişi dedi: “Çox faydalı bir ticarətdir. Bu alqı-satqıdan dönmərik. Əgər bizdən bu ticarətdən dönməmizi istəsələr, qəbul etmərik.”[73]
  4. Tövbə, ibadət və şükür-səna edənlər, səyahət edənlər, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlar (həqiqi möminlərdir). (Belə) möminləri müjdələ!
  5. Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!
  6. İbrahimin öz atası (əmisi) üçün bağışlanma diləməsi isə ancaq (əmisini imana cəlb etmək məqsədilə) ona verdiyi bir vədə görə idi. Lakin atasının (əmisinin) Allaha düşmən olması İbrahimə aydın olduqda, o, öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim mehriban, həlim və dözümlü idi.
  7. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Çünki Allah hər şeyi biləndir!
  8. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Dirildir və öldürür. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!
  9. Bir qismin ürəyi haqdan sapmaq (döyüş meydanından qayıtmaq) üzrə ikən Allah Öz rəhmətini Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara şamil, sonra da onların tövbələrini qəbul etdi. Çünki O, onlara qarşı mehriban və rəhimlidir.

——————————————————————————————-

  1. Həqiqi şəhidlərin xüsusiyyətləri: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə qeyd edilir ki, “Tövbə” surəsinin mücahdlərə müjdə verən 111-ci ayəsi nazil olduqdan sonra bir nəfər Peyğəmbərdən (s) soruşdu: “Əgər bir nəfər qılıncını çəkib cihada getsə və öldürülsə, ancaq həyatında çox böyük günah etmiş olsa, şəhid hesab edilirmi və bu ayə ona da şamil olurmu?” Bu vaxt bu ayə nazil oldu, həqiqi mücahid və şəhidlərin xüsusiyyətlərini bəyan etdi[74]. Allah-taala bu ayədə möminləri ən gözəl xüsusiyyətlərlə səciyyələndirir. Bunlar elə xüsusiyyətlərdir ki, əgər bunlara malik olsalar, imanları kamilləşər, Allahın Cənnətlə bağlı verdiyi qəti vəd onlara şamil olar. Bu xüsusiyyətlərə malik olanlar çox azdır. İmam Sadiqin (ə) bir hədisində belə qeyd edilmişdir: “Əbbad Bəsri adlı bir nəfər İmam Səccadın (ə) həcc mərasimi üçün Məkkəyə getdiyini görüb (özünü müqəddəsliyə vuraraq) deyir: Ey Hüseynin oğlu Əli, çətin olan cihadı tərk edib asan və rahat olan həccə üz tutmusan. Məgər Allah: “Allah … satın almışdır”- deyə buyurmayıbmı? İmam Səccad (ə) buyurur: “Əgər möminləri Allahın vəsf etdiyi şəkildə görsəydim (Tövbə-112), bəli, onlarla birlikdə edilən cihad həcdən yaxşı olardı.”[75]
  2. Möminlərin səyahəti: Səyahətin mənası yer üzündə seyr və hərəkətdir. Burada səyahət deyilərkən Allahın yad edildiyi və Ona ibadət edilən məkanlara getmək, həmin yerlərə səfər etmək nəzərdə tutulur. Məscidləri buna misal göstərə bilərik. Həqiqi möminlər bir məsciddən başqa bir məscidə, bir dini məclisdən başqa bir dini məclisə gedənlərdir. Onların ibadət işığında özünü islah etmələri məhdud bir mühitə aid deyil. Onlar üçün hər yer Allaha bəndəlik, özünü islah etmə və özünütərbiyə mərkəzidir. Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətimin səyahəti məscidlərdədir.”[76]

113-114. Təkəbbürlü müşriklər üçün bağışlanma dilənilməsinin qadağan olunması: 113-cü ayədə Peyğəmbər (s) və möminlərə müşriklər üçün bağışlama istəməyi qətiyyətlə qadağan edir. Çünki bu iş əsla bağışlanmağa layiq olmayan, xilas yolu görünməyən bir fərd üçün yersiz arzu diləməkdir. Bundan əlavə, bağışlanma istəyi bir növ məhəbbətin izharıdır, müşriklərə qarşı sevgi bəsləmək isə qadağandır. Qurandan xəbəri olan müsəlmanlar ayələrdə həzrət İbrahimin (ə) öz əmisi üçün bağışlanma dilədiyini oxumuşdular. Buna görə də onların ağlına belə bir sual gələ bilərdi ki, məgər Azər müşrik deyildi? Əgər bu əməl qadağan idisə, nə üçün Allahın bu böyük peyğəmbəri həmin əməli etmişdi?[77] Quran bu düşüncəyə belə cavab verir: İbrahim (ə) müşrik əmisi üçün ona görə bağışlanma istəmişdi ki, onun müşrik olmasına baxmayaraq, Allahla düşmənçilik etmədiyini, inadkarlıq göstərmədiyini düşünür, haqq yola yönələcəyinə ümid edirdi. Əslində, mehribanlıq göstərərək Allahdan onun üçün bağışlanma diləyəcəyini vəd vermişdi. Lakin onun Allahla düşmənçilik etdiyini, şirk və azğınlığında israrlı olduğunu gördükdə ondan uzaqlaşmışdı[78].

  1. Təbuk döyüşünün çətinliklərindən bir epizod: Bu ayə Təbuk döyüşü və müsəlmanların həmin döyüşdə qarşılaşdıqları çətinliklər haqqında nazil olmuşdur. Döyüşdə vəziyyət o həddə çatır ki, bir qrup müsəlman qayıtmaq qərarına gəlir. Lakin Allahın lütfü sayəsində bu qərardan daşınırlar. Bu döyüşdə müsəlmanların qarşılaşdığı çətinliklərdən biri bu idi ki, hər on nəfərə bir dəvə düşürdü, müsəlmanlar dəvələri növbə ilə minirdilər. Azuqələri kəpəkli arpa unu, az miqdarda xarab olmuş xurma, vaxtı ötmüş yağ idi. Xurma da o qədər az idi ki, bir nəfər onu ağzına qoyub dadı ağzına çıxana qədər sorub ikinci adama verir və bir qurtum su içirdi. Bu hərəkət xurmanın dənəsi qalana qədər davam edirdi[79].
  2. (Təbuk döyüşündən) geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü bütün genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Allah tövbələri qəbul edən və rəhimlidir!
  3. Ey iman gətirənlər! Allahdan (Onun əmrinə qarşı çıxmaqdan) qorxun və sadiqlərlə (doğru danışanlarla) olun!
  4. Mədinəlilərə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın peyğəmbərindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, onlar kafirlərin qəzəbinə səbəb olan elə bir yerə ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
  5. Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə az və ya çoxluğundan asılı olmayaraq xərclədikləri elə bir mal, (cihada gedərkən və dönərkən) qət etdikləri elə bir yer yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.
  6. Möminlərin hamısının (cihad meydanına doğru) hərəkət etməsi də münasib deyil. Nə üçün hər tayfadan bir dəstə hərəkət edib (digər dəstə isə Mədinədə qalıb) dinə dərindən yiyələnməsin, öz tayfalarına geri döndükdə onları qorxutmasın? Bəlkə (Allahın əmrinə qarşı çıxmaqdan) qorxub çəkinsinlər!

——————————————————————————————

  1. Çox-çox tövbə qəbul edən Allah: Təfsirçilər bu ayənin Kəb ibn Malik, Mərarə ibn Rəbi və Hilal ibn Üməyyə adlı üç nəfər müsəlmanın səfəri ilə bağlı nazil olduğunu qeyd edirlər. Bu üç nəfər Peyğəmbərin (s) əmrindən çıxıb onunla Təbuka getməkdən imtina etsələr də, etdiklərindən peşman olurlar. Peyğəmbər (s) Mədinəyə geri döndükdə yanına gedib üzr istəyirlər. Peyğəmbər (s) onlarla danışmır, müsəlmanlardan da onlarla danışmamalarını istəyir. Buna görə də hər kəs, hətta uşaqlar da onlardan uzaq gəzir. Bu üç nəfərin həyat yoldaşları Peyğəmbərin (s) yanına gəlib deyirlər: “Biz də həyat yoldaşlarımızdan uzaq duraq?” Peyğəmbər (s) buyurur: “Xeyr, amma onlar sizə yaxınlaşmasın.” Nəticədə Mədinədə yaşamaq onlar üçün çətinləşir, əlacsız qalıb Mədinə dağlarına sığınırlar. Hər gün ailələri onlara yemək aparır, lakin onlarla danışmırlar. Onlar bir-birinə deyirlər: “İndi ki, camaat bizdən küsüb bizimlə danışmır, biz nə üçün bir-birimizlə danışaq?” Buna görə də bir-birindən ayrılırlar. Əlli gün belə yaşayır, Allaha yalvarıb tövbə edirlər. Nəhayət, Allah onların tövbəsini qəbul edərək bu ayəni onların barəsində nazil edir. Bu ayədə incə bir nüans var, o da budur ki, Allah “sonra Allah rəhmətini onlara şamil etdi. Allah çox tövbə qəbul edən və rəhimlidir!, – deyə buyurur. Təfsirçilər bu cümləni izah edərkən qeyd edirlər ki, bəndənin tövbəsi Allah tərəfindən olan iki tövbə arasında yer almışdır. İlk öncə Allah insana diqqət ayırır və ona tövbə uğuru bəxş edir, sonra insan tövbə edib bağışlanma diləyir, bundan sonra Allah yenidən diqqət göstərib insanın tövbəsini qəbul edir[80].
  2. Əhli-beyt (ə) həqiqi doğru danışandır: Bu ayə şiə alimlərinin şiə məzhəbinin haqq olduğunu və məsum imamların imamlığını sübuta yetirmək üçün istinad etdikləri ayələrdəndir. Onların bu istinadla bağlı dəlilləri ayənin sözləri və bu ayə ilə bağlı olan hədislərdir. Ayədə “sadiqlərlə olun!”, – deyə buyurulmuşdur. Düzlüyün mərhələləri, dərəcələri var və bu ayədə düzlüyün bütün dərəcələrinə mütləq şəkildə işarə edilmişdir. Əməldə düzlük, danışıqda, niyyətdə düzlük, inancda-etiqadda düzlük. Bütün bu mərhələlərdə düz olan adam, heç şübhəsiz, məsumdur. Yəni əməldə, danışıqda, niyyətdə zərrə qədər də olsun yalana, xətaya yol vermirlər, bütün vücudları hər bir səhvdən uzaqdır[81].
  3. Dini biliklərin öyrənilməsinin zəruriliyi: Əvvəlki ayələrdəki cihad məsələsi ilə bağlılığı olan bu ayədə müsəlmanlar üçün həyati əhəmiyyət daşıyan bir reallığa işarə edilir. O da bundan ibarətdir ki, cihad çox əhəmiyyətli, ondan yayınmaq isə utancverici və günah olsa da, zərurət yarandıqda möminlərin hamısının cihad meydanında iştirakı lazım olmur. Xüsusilə Peyğəmbər (s) Mədinədə olduğu vaxtlarda digər şəhərlərin möminlərinin hamısı cihada getməməli, onların bir qrupu Mədinəyə getməli, orada dini hökmlərə yiyələnməli, geri döndükdə öz həmşəhərlilərini dini maarif ilə tanış etməli, təqva və pərhizkarlığa dəvət etməlidir[82]. Bu ayədə müsəlmanlar “öyrədənlər və öyrənənlər” olmaqla, iki qrupa bölünmüşdür. Yəni hər bir müsəlman bu iki qrupdan birində yer almalıdır, ya öyrətməlidir, ya da öyrənməlidir. İslam tarixində bir çox alimlər başqalarına təbliğ etmək üçün İslam elmlərinin öyrənilməsinin “kifayi vacib” kontekstində lazım olduğunu sübuta yetirmək üçün bu ayəyə istinad etmişlər. Müasir dünya ölkələrinin çoxunda təhsil və elmi biliklərə yiyələnmək icbaridir. Qanunun tələbi ilə hər bir uşaq təhsil almalıdır. Əgər təhsildən yayınsa, onun valideyni məsuliyyətə cəlb edilir. Lakin heç bir yerdə öyrətmək qanunla icbari deyil. Öyrətmək ixtiyari bir məsələdir, insan öyrətməyə də bilər. İslamda isə təhsil vacib olduğu üçün onun başqalarına öyrədilməsi də vacib və zəruridir. Bu ayə qeyd olunan fikrin dəlillərindəndir[83].
  4. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!
  5. Bir surə nazil edildiyi zaman onlardan: “Bu surə sizin hansınızın imanını artırdı?” – deyənlər də var. (Onlara de:) “Möminlərə gəlincə, onların imanını artırar və onlar (ilahi rəhmət və lütfkarlığa görə) sevinərlər.
  6. Qəlblərində xəstəlik olanlara gəldikdə isə, onların murdarlığına bir murdarlıq da artar və onlar kafir olaraq ölərlər!
  7. Onlar ildə bir, ya iki dəfə sınağa çəkildiklərini görmürlərmi? Bununla belə, yenə tövbə etmir, ibrət almırlar!
  8. Bir surə nazil edildiyi zaman onların bəzisi bir-birinə baxıb: “Sizi kimsə görürmü?”- deyir, sonra dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (haqdan) döndərmişdir!
  9. Şübhəsiz ki, sizə özünüzdən bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin haqq yola yönəlmənizdə israrlıdır, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!
  10. Əgər onlar (haqdan) üz döndərsələr, (narahat olma,) de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir məbud yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!

—————————————————————————————

  1. Düşmən qarşısında qüdrət nümayişi: Allah-taala bu ayədə ümumi cihad əmri vermişdir. Bu cihadla İslam bütün dünyanı bürüyəcək şəkildə yayılmalıdır. Əgər möminlər öz yaxınlıqlarındakı kafirlərlə cihad etsələr, İslam mərhələ-mərhələ yayılar və bütün dünyaya hakim olar. Bu ayədə sərtlik deyilərkən Allah və Onun dini uğrunda əməl kəskinliyi nəzərdə tutulur. Yəni burada kafirlərlə sərt, kobud və düşməncəsinə davranışdan, onlara qarşı zülm və təcavüzdən söhbət getmir. Çünki bütün dini və əxlaqi prinsiplərə görə bu davranışlar yolverilməzdir. Cihad ayəsi də möminlərə hər növ zülm və təcavüzü qadağan etmişdir[84]. “Onlar (kafirlər) sizdə sərtlik, güc görsünlər” cümləsindən əldə edilən nəticə budur ki, düşmən qarşısında təkcə daxili cəsarət və cürət, psixoloji hazırlıq kifayət etmir, bu hazırlığı düşmənə nümayiş də etdirmək lazımdır. Başqa sözlə desək, gücün və qüdrətin olması yetərli deyil, düşmən qarşısında qüdrət də nümayiş etdirmək lazımdır[85].
  2. İllik sınaq: İldə bir, ya iki dəfə təkrarlanan sınaqla bağlı təfsirçilər arasında fikir ayrılığı yaranmışdır. Bəziləri onu xəstəliklər, aclıq və digər bədbəxt hadisələr kimi izah etmiş, bəziləri İslam əzəmətinin əlamətləri və münafiqlərin məcburən iştirak etdiyi cihad meydanlarında Peyğəmbərin (s) haqq olduğunu göstərən əlamətlərin müşahidəsi, bəziləri isə onların sirr pərdələrinin qalxması kimi yozmuşlar. Lakin ayənin sonunda “onlar xatırlamırlar” cümləsindən aydın olur ki, bu sınaq bu qrupun ayılmasına səbəb olan sınaq olmalıdır. Habelə ayənin məzmunundan bu sınağın bütün insanların öz həyatlarında qarşılaşdıqları ümumi sınaqdan fərqlənən bir sınaq olduğu da başa düşülür. Bu aspekt əsasında dördüncü təfsirin, yəni onların pis əməlləri üzərindən pərdə götürülməsi və zahirlərinin aşkara çıxması yozumu ayənin məzmununa daha uyğundur. Belə bir ehtimal da mövcuddur ki, sözügedən ayədə sınaq bütün bu mövzuları əhatə edəcək ümumiliyə malikdir[86].
  3. İlahi ayələrin nazil olması münafiqlərin ciddi narahatlığına səbəb olurdu: Bu ayədə münafiqlərin daha bir xüsusiyyətinə işarə edilmişdir. Onlar olduğu zaman Quran surələrindən biri nazil olduqda və onlar da bunu eşitdikdə bir-birinə baxırmışlar. Bu baxışları ilə bir-birindən sanki “sizi kimsə görürmü?” – deyə soruşurdular. Onlar bu halları ilə eşitməyə dözümü olmayan sözü eşidən, narahatlığının şiddətindən üzünün rəngi dəyişmiş, başqalarının onun bu vəzyyətindən gizli saxladığı niyyətini başa düşəcəyindən qorxan adamı xatırladırlar. Buna görə də onların həyəcanından xəbərdar olan adamlardan “ətrafımızdakılardann bizim halımızdan xəbəri olan varmı?”, – deyə soruşurdular. Onlar ilahi ayələri qəbul etməkdən və onlara iman gətirməkdən dönmüş vəziyyətdə Peyğəmbərin (s) ətrafından dağlışırdılar[87].
  4. Peyğəmbərin (s) ümmətin haqq yola yönəlməsində göstərdiyi israr: Quran ayələri və Allahın Rəsulunun (s) davranışından belə məlum olur ki, o, bu ümmətə mehriban bir ata kimi, övladının böyüyüb boya-başa çatması üçün bütün səy və təlaşını səfərbər edən, övladının yanlışlarını gördükdə ürəyi yanan atadan bəlkə də daha çox qayğı göstərmiş, ümmətin haqq yola yönəlməsi üçün çalışmış, haqq yoldan sapdıqlarına görə əziyyət çəkmişdir. Hətta iş o yerə çatırmış ki, qüssədən az qalırmış canını tapşırsın. “Kəhf” surəsinin 6-cı ayəsində belə qeyd edildiyini oxuyuruq: “Yoxsa bu sözlərə inanmasalar, onların etdikləri əməllərə görə özünü qəm-qüssədən həlak etmək istəyirsən?!” Peyğəmbər (s) haqq yoldan sapanları necə dəhşətli aqibət gözlədiyindən, əbədi həyatlarını oda sürüklədiklərindən xəbərdar olduğu üçün onların bu dəhşətli aqibətdən xilas olmasına çalışır, onların haqdan üz döndərməsinə görə çox narahat olurdu[88].

[1] Əl-Mizan, c.7, səh.150

[2] Əl-Mizan, c.9, səh.151

[3] Əl-Mizan, c.9, səh.151

[4] Mənşuri-cavid,c.7, səh.135

[5] Əl-Mizan, c.8, səh.153

[6] Nümunə, c.7, səh.289

[7] Nümunə, c.7, səh.298

[8] Mənşuri cavid, c.7, səh.161

[9] Əl-Mizan, c.9, səh.163

[10] Əl-Mizan, c.9, səh.163

[11] Nümunə, c.7, səh.314

[12] Nümunə, c.7, səh.317

[13] Əl-Mizan, c.9, səh.219

[14] Nümunə, c.7, səh.331

[15] Nümunə, c.7, səh.339; Mənşuri-cavid, c.7, səh.60 və 63

[16] Əl-Mizan, 9, səh.236

[17] Nümunə, c.7, səh.354

[18] Əl-Mizan, c.9, səh.251

[19] Əl-Mizan, c.9, səh.253

[20] Nümunə, c.7, səh.373

[21] Əl-Mizan, c.9, səh.259

[22] Əl-Mizan, c.9, səh.277

[23] Ətyəbül-bəyan, c.6, səh.216

[24] Təfsiri-Əyyaşi, c.2, səh.232

[25] Əl-Mizan, c.9, səh.280

[26] Nümunə, c.7, səh.413

[27] Daha ətraflı məlumat üçün bax: Ətyəbül-bəyan, “Tövbə” surəsi, 40-cı ayənin təfsiri.

[28] Nümunə, c.7, səh.418

[29] Əl-Mizan, c.9, səh.293

[30] Mənşuri-cavid,c.7, səh.295

[31] Nümunə, c.7, səh.437

[32] Nümunə, c.7, səh.439

[33] Əl-Mizan, c.9, səh.317

[34] Ətyəbül-bəyan, c.6, səh.237

[35] Nümunə, c.7, səh.450

[36] Nümunə, c.8, səh.4

[37] Əl-Mizan, c.9, səh.321

[38] Əl-Mizan, c.9, səh.333

[39] Əl-Mizan, c.9, səh.353

[40] Əl-Mizan, c.9, səh.343

[41] Nümunə, c.8. səh.30

[42] Əl-Mizan, c.9, səh.358

[43] Nümunə, c.8, səh.34

[44] Kafi, c.8, səh.171

[45] Nümunə, c.8, səh.36

[46] Əl-Mizan, c.9, səh.349

[47] Nümunə, c.8, səh.38

[48] Təfsiri-Əyyaşi, c.2, səh.242

[49] Əl-Mizan, c.9, səh.351

[50] Nümunə, c.8, səh.45

[51] Əl-Mizan, c.9, səh.364

[52] Nümunə, c.8, səh.55

[53] Əl-Mizan, c.9, səh.363

[54] Nümunə, c.8, səh.63

[55] Əl-Mizan, c.9, səh.319

[56] Nümunə, c.8, səh.75

[57] Əl-Mizan, c.9, səh.373

[58] Nümunə, c.8, səh.81

[59] Nümunə, c.8, səh.82

[60] Əl-Mizan, c.9, səh.381

[61] Vəsailüş-şiə, c.16, səh.266

[62] Nümunə, c.8, səh.93

[63] Nümunə, c.8, səh.103

[64] Nümunə, c.8, səh.108; Əl-Mizan, c.9, səh.396

[65] Əl-Mizan, c.9, səh.390

[66] Nümunə, c8, səh.121

[67] Nümunə, c.8, səh.125

[68] Əl-Mizan, c.9, səh.404

[69] Əl-Mizan, c.9, səh.405

[70] Nümunə, c.8, səh.146

[71] Nümunə, c.8, səh.140

[72] Əl-Mizan, c.9, səh.410

[73] Nümunə, c.8, səh.149

[74] Kafi, c.5, səh.15

[75] Əl-Mizan, c.9, səh.420

[76] Nümunə, c.8, səh.151; Əl-Mizan, c.9, səh.411

[77] Nümunə, c.8, səh.155

[78] Əl-Mizan, c.9, səh.411

[79] Əl-Mizan, c.9, səh.422

[80] Əl-Mizan, c.9, səh.422

[81] Ətyəbül-bəyan, c.6, səh.329

[82] Nümunə, c.8, səh.190

[83] Pəyame-Quran, c.10, səh.282

[84] Əl-Mizan, c.9, səh.419

[85] Nümunə, c.8, səh.197

[86] Nümunə, c.8, səh.203

[87] Əl-Mizan, c.9, səh.426

[88] Təfsiri-mövzuidən iqtibas, c.8, səh.290

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir