14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)

1-Fədək hadisəsi.

2-Xanım Zəhranın evinə olunmuş hücum.

Fədək bildiyiniz kimi Xeybər qalası yaxınlığında, Mədinənin təqribən 140 km-də yerləşən bir ərazinin adıdır. Fədək torpağı özünün coşan bulaq və çoxlu xurmalıqları ilə məşhur idi. Bu ərazi müsəlmanların heç bir döyüş keçirtmədiyi halda Allah Rəsuluna hədiyyə verilmişdi. Məşhur əhli sünnə tarixçisi Təbəri yazır:

“Xeybər döyüş qənimətlərindəndir və bütün müsəlmanlara məxsusdur. Amma Fədək Rəsulullahın xalis mülki idi, yəni yalnız Ona məxsus idi. Çünki müsəlmanlar onu ələ keçirtmək üçün heç bir zəhmət çəkməmişdilər” (Tarixi Təbəri c2 s138,Zəhəbi “Tarixul İslam”c2 s226).

Allah Rəsulunun heç bir döyüş keçirtmədən əldə etdiyi hər bir şey yalnız və yalnız Ona məxsusdur . Odur ki, bu cür əmlak və

mallar qənimət kimi müsəlmanlar arasında bölüşdürülmür. Sözümüzün dəlili Həşr surəsinin 6-cı ayəsidir. Beləki Allah-Təala buyurur: “Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir”. Bəs görəsən Peyğəmbər(s) Fədəki Həzrəti Zəhraya bağışlamışdırmı? Buna dair hər hansı bir dəlil movcuddurmu?

Əllamə Cəlaləddin Siyuti nəql edir: “İsra surəsinin 26 cı ayəsindəki “Yaxınlarının haqqını ödə” ayəsi nazil olandan sonra Peyğəmbər (s) Fatiməni çağırdı və “Fədək”adlanan ərazini ona hədiyyə verdi. (Əd Durrul-Mənsur c 5, s 2873; Musnədi Əbu-Yəla c 2, s 334; Şovkani Fəthul-qədir c 3, s 224 ).

Qısa şəkildə dediklərimizdən məlum olur ki, Fədək bağları Həzrəti Peyğəmbərin(s) şəxsi mülki olmuşdur və o da aşkardır ki, Fədək torpağı Həzrəti Zəhraya atası Peyğəmbər tərəfindən verilmiş hədiyyədir. Rəsulullahdan(s) sonra 1-ci xəlifə hakimiyyəti ələ keçirdəndən sonra Allah Rəsulunun öz sevimli qızına bəxşiş etdiyi Fədək bağlarını musadirə etdi. Həzrəti Zəhra(s.ə) öz haqqını tələb etmək üçün Əbu Bəkrə xəbər göndərsə də onun bu istəyi rədd edildi. Bu barədə əhli sünnənin bir çox mötəbər kitablarında söhbət açılmışdır.

Məşhur əhli sünnə kitablarından olan Səhihi Buxari kitabının Məğazi bölməsinin Xeybər qəzvəsi babında bu haqda belə yazılır: ” Ürvə Aişədən nəql edir ki, Rəsulullahın (s) qızı Fatimə (s.ə) Əbu Bəkrə xəbər göndərərək Allahın Mədinə və Fədəkdə Rəsulullaha iadə etdiyi mallardan olan mirasını və Xeybər xumsundan qalan malları istədi. Bunun cavabında Əbu Bəkr dedi: Rəsulullah(s) “Bizlər özümüzdən sonra miras qoymarıq. Bizdən qalan şeylər sədəqədir.” buyurmuşdur……..

Beləliklə Əbu Bəkr bu mallardan Fatiməyə heç bir şey vermədi. Fatimə də Əbu Bəkrə qəzəbləndi və ölənə qədər onunla danışmadı. Fatimə (s.ə) Rəsulullahdan sonra 6 aydan çox yaşamadı. O dünyasını dəyişəndə Həzrəti Əli (ə) Əbu Bəkrə (dəfndə iştirak etməyə) icazə vermədi, gecə ikən ona namaz qıldı və gecə də onu dəfn etdi. (Səhihi Buxarinin Mənaqib kitabı 3c s200; Səhihi Müslim cihad kitabı s1380 hədis 52; Musnədi Əhməd ibn Hənbəl 1c s 6 və s.)

Buxari və Müslimin Fədəyi miras adlandırması onların məşhur adətlərindən olan hədislərə əl gəzdirmək və onları olduğu kimi rəvayət etməmək qəbilindəndir. Unutmayaq ki, Fədək miras deyildi və Peyğəmbərin öz sağlığında xanıma verdiyi hədiyyə idi. Hətta Fədəyin hədiyyə deyil miras olduğunu fikrinə baxdığımız halda belə Əbu Bəkrin qondardığı “Peyğəmbərlər özlərindən sonra irs qoymazlar ” hədisi açıq aşkar Allah Təalanın sözü ilə ziddir. Qurani Kərimdə bir neçə yerdə bu haqda söhbət açılıb. Bu movzuya Məryəm surəsinin 6 cı ayəsini misal göstərə bilərik. Allah təala Həzrəti Zəkəriyyə peyğəmbərin dilindən belə nəql edir ki, “Mənə Öz tərəfindən bir canişin əta et ki,mənim və ali Yəqubun varisi olsun” (Məryəm 6).

Göründüyü kimi ” Peyğəmbələrin varisi olmur, peyğəmbərlər irs qoymur ” sözləri hamısı bəhanə və düşünülmüş addım idi. Məgər biz Allah təalanın sözünü buraxıb hansısa bir insanın sözünə əməl etməliyik?! Hətta Əbu Bəkr bu rəvayətdə Peyğəmbəri Əkrəmin mirasını sədəqə adlandırır. O elə bir rəvayətə istinad edərək Xanım Zəhranın tələbini rədd edir ki, onun ravisi yalnız özüdür və bu hədisi ondan başqa heşkim nəql etməmişdir. Necə ki İbn Əbil Hədid yazır: “Məşhur nəzəriyyə budur ki, irsin inkar olunması hədisini Əbu Bəkrdən başqa heç kəs rəvayət etməmişdir”.(Nəhcul bəlağənin şərhi c2, s82) Bir şəxsin öz xeyrinə hədis düzəldərək nəql etməsi hansı dərəcədə məqbul hesab edilə bilər? Digər tərəfdən bir şəxs həm ruhi cəhətdən, həm də cismi cəhətdən Peyğəmbərin bir parçasıdırsa, cənnət xanımlarının ən üstünü olarsa və gəlib Fədəkin ona məxsusluğunu deyərsə onun bu sözünü təkzib etmək, onu yalanlamaq demək deyilmi? Məgər Həzrəti Zəhranın özünə məxsus olmayan bir şeyi tələb etməsi idimi? Cənnət xanımlarının ən üstünü olan bir şəxs yalan danışan hesab oluna bilərmi?! Məgər yalançı cənnətə gedib orada ən üstünlərdən ola bilərmi? Əgər biz Peyğəmbərlərin irs qoymadığını qəbul etsək belə bu yalnız bir dənə şərii hökm ola bilər. Necə oldu ki,bu hökmü Xanım Zəhra, Həzrəti Əli(ə) və digər səhabələr eşitmədilər və yalnız Əbu Bəkr eşitdi?! Əgər bu məsələ Əbu Bəkrin dediyi kimi idisə Həzrəti Peyğəmbərin (s) onu öz Əhli beytindən məxfi saxlaması hansı dərəcədə düzgün iş hesab oluna bilər? Bəzi avamlar belə başa düşürlər ki, sanki Xanım Zəhra hansısa dünya malına görə xəlifəyə qarşı çıxmışdı. Daha anlamırlar ki, dünyapərəstin cənnətdə nə işi var?! Əgər ( bu fikirdən Allaha pənah aparırıq) cənnət xanımlarının ən üstünü dünyapərəstdirsə onda cənnət kimlərin yeri hesab olunur? Bu sözü deyənlərin Allah təalanın cənnət əhlini hansı şəkildə vəsf etdiyi həqiqətindən nə qədər qafil olmaları üzə çıxır. Hamıya məlumdur ki, xanım (s.ə) hansısa bir bağa görə yox, xüsusi bir hədəfə görə mübarizə aparırdı.O hədəf qəsb edilmiş xilafət və onu qəsb edənlərin kim olduğunu üzə çıxarmaq idi. Maraqlı və diqqət olunası mühüm nöqtələrdən biri də budur ki, Əbu Bəkrdən sonra xəlifə olan Ömər Peyğəmbərin (s) sədəqələrindən bir qismini Həzrəti Əliyə(ə) və Abbasa vermişdi. Halbuki Əbu Bəkr hakimiyyəti dövründə bu sədəqələrdən heç birini Xanım Zəhraya (s.ə) verməmişdi. Bu əməlinə israr edərək, hətta and içərək Peyğəmbər sünnəsinə əməl etdiyini iddia etmişdir. Əgər sədəqələrin qaytarılmaması sünnətə əməl etmək idisə, niyə görə Əbu Bəkrdən sonra Ömər sədəqələrdən bir qismini qaytarmaq qərarına gəldi? Bu iki şəxsin bir-birinin əksinə etdiyi əməllərdən hansının sünnət olduğunu qəbul edək? Çox qəribədir, elə deyilmi? Bu dediyim mətləbi Səhihi Buxari əsərindəki “Xums” kitabının 1ci babının 3093 cü hədisində görmək olar. İndi siz deyin sədəqə bəhsində Allah rəsulunun (s) sünnəsini Ömər düz yerinə yetirmişdi, ya Əbu Bəkr? Hansının işini məqbul hesab etməliyik? Təkidlə iddia və etidaq etdiyiniz “səhabələrin hamısının ədalətli olduğu” fikri ilə birgə buna nə ad qoymaq olar?

3093 – فَقَالَ لَهَا أَبُو بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ – صلى الله عليه وسلم – قَالَ « لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ » . فَغَضِبَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – فَهَجَرَتْ أَبَا بَكْرٍ ، فَلَمْ تَزَلْ مُهَاجِرَتَهُ حَتَّى تُوُفِّيَتْ وَعَاشَتْ بَعْدَ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – سِتَّةَ أَشْهُرٍ . قَالَتْ وَكَانَتْ فَاطِمَةُ تَسْأَلُ أَبَا بَكْرٍ نَصِيبَهَا مِمَّا تَرَكَ رَسُولُ اللَّهِ – صلى الله عليه وسلم – مِنْ خَيْبَرَ وَفَدَكٍ وَصَدَقَتِهِ بِالْمَدِينَةِ ، فَأَبَى أَبُو بَكْرٍ عَلَيْهَا ذَلِكَ ، وَقَالَ لَسْتُ تَارِكًا شَيْئًا كَانَ رَسُولُ اللَّهِ – صلى الله عليه وسلم – يَعْمَلُ بِهِ إِلاَّ عَمِلْتُ بِهِ ، فَإِنِّى أَخْشَى إِنْ تَرَكْتُ شَيْئًا مِنْ أَمْرِهِ أَنْ أَزِيغَ . فَأَمَّا صَدَقَتُهُ بِالْمَدِينَةِ فَدَفَعَهَا عُمَرُ إِلَى عَلِىٍّ وَعَبَّاسٍ ، فَأَمَّا خَيْبَرُ وَفَدَكٌ فَأَمْسَكَهَا عُمَرُ وَقَالَ هُمَا صَدَقَةُ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – كَانَتَا لِحُقُوقِهِ الَّتِى تَعْرُوهُ وَنَوَائِبِهِ ، وَأَمْرُهُمَا إِلَى مَنْ وَلِىَ الأَمْرَ . قَالَ فَهُمَا عَلَى ذَلِكَ إِلَى الْيَوْمِ . أطرافه 3712 ، 4036 ، 4241 ، 6726 – تحفة 10678 أ

Allah Rəsulunun(s) sevimli qızına olunan zülmlər bu dediklərimizlə bitmədi. Birinci xəlifəyə beyətdən imtina edənlərin sırasında olan və onların ən öncüllərindən sayılan Xanım Zəhranın evinə hücum edildi. Bəli elə bir evə hücum edildi ki, Allah yanında xüsusi dəyərə malik idi. Beləki Nur surəsinin 36-cı ayəni ((Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər)) Həzrəti Peyğəmbər(s) oxuduğu zaman bir nəfər soruşdu: Bu ev hansıdır? Həzrət buyurdu: Peyğəmbərlərin evləri. Əbu Bəkr qalxıb “Bu evdə onlardandırmı”- Əli (ə) və Fatimə(s) nın evinə işarə edərək –deyə soruşdu. Həzrət buyurdu: Bəli o ev onların ən üstünlərindəndir.

(Əl Kəşşaf vəl Bəyan c7 s109; Əbu İshaq əs Sələbi ən Nişaburi “Daru ihyait turasil ərəbi” Beyrut 1422, təhqiq İmam əbu Muhəmməd bin Aşur;

Əd Durrul Mənsur c6 s203, Cəlaləddin Siyuti “Darul Fikr” Beyrut 1993 ;

Ruhul Məani fi təfsiril Quranil əzim c18 s184; Əllamə Alusi əl Bağdadi “Daru ihyait turasil ərəbi” Beyrut).

Allah yanında ehtiramı əziz olan ev bir dəstə insan tərəfindən təcavüzə məruz qaldı. Qeyd edilənlər barədə çox qısa şəkildə bəzi mətləbləri izah etməyə çalışacağıq.Təbii ki,istifadə edəcəyimiz mənbələr öncə dediyimiz kimi yalnız əhli sünnə qaynaqlarıdı. İlk öncə evə olunan hücum barəsində bir neçə tarixi faktdan istifadə edəcəyik. Məşhur tarixçi Təbəri öz kitabında vəhy evinə hörmətsizlik olunmasını belə bəyan edir:

 

أتى عُمَرُ بنُ الْخَطّابِ مَنْزِلَ عَلیٍّ وَ فیهِ طَلْحَةٌ وَ الزُّبَیْرُ وَ رِجالٌ مِنَ الْمُهاجِرِینَ، فَقالَ وَاللهِ لاََحْرِقَنَّ عَلَیْکُمْ أَوْ لَتَخْرُجَنَّ إلى الْبَیْعَةِ، فَخَرَج عَلَیْهِ الزُّبیرُ مُصْلِتاً بِالسَّیْفِ فَعَثَرَ فَسَقَطَ السَّیْفُ مِنْ یَدِهِ، فَوَثَبُوا عَلَیْهِ فَأَخَذُوهُ

 

“Ömər ibn Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və mühacirlərdən bir qrup adam orada toplaşmışdı. Ömər onlara xitab edərək dedi: “Allaha and olsun! Beyət üçün evdən çıxmasanız evi yandıracağam!” Zübeyr qılıncını siyirmiş halda evdən çıxdı, birdən ayağı sürüşdü və qılınc əlindən düşdü. Başqaları hücum edərək qılıncı götürdülər.” . “Tarixi Təbəri”, 2-ci cild, səh. 443, Beyrut çapı.

Bu məzmunda tam səhih sənədlərlə məşhur əhli-sünnə mühəddisi, Buxarinin şeyxlərindən olan İbn Əbi Şeybə özünün “əl Musənnəf” kitabının 8-ci cildinin 572-ci səhifəsinin Məğazi kitabında da söz açmışdır. Ən acınacaqlı nöqtələrdən biri də ikinci xəlifənin Allah Rəsulunun sevimli qızının evdə olmasına əhəmiyyət verməməsi idi. O evi yandırmaq qərarına gəldikdə Xanım Zəhranın evdə olması belə onu fikrindən daşındırmadı. Məşhur tarixçi ibn Qüteybə Deynəvəri “Əl-imamətu vəs-siyasət” kitabında belə yazır:

 

إنّ أبابَکْر(ض) تَفَقَّدَ قَوْماً تَخَلَّفُوا عَنْ بَیْعَتِهِ عِنْدَ عَلیّ کَرَّمَ اللهُ وَجْهَهُ فَبَعَثَ إِلَیْهِمْ عُمَرُ فَجٰاءَ فَنٰادٰاهُمْ وَ هُمْ فی دٰارِ عَلیٍّ، فَأَبَوْا أَنْ یَخْرُجُوا فَدَعٰا بِالْحَطَبِ وَ قٰالَ: وَالَّذی نَفْسُ عُمَرَ بِیَدِهِ لَتَخْرُجَنَّ أَوْ لأَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا، فَقِیلَ لَهُ: یٰا أَبٰا حَفْصٍ إِنَّ فِیهٰا فٰاطِمَةَ فَقٰالَ، وَإِنْ!

 

Əbubəkr Öməri, beyətdən imtina edərək Əlinin evinə yığılanların ardınca göndərdi. O, Əlinin evinə çatanda “çölə çıxın!” – deyə səsləndi. Onlar bu işdən imtina etdikdə Ömər odun yığdı və dedi: ” Ömərin canı Onun əlində olan Allaha and olsun! Evdən çıxmasanız, hamınızla bir yerdə evi yandıracağam!” Bir kişi Ömərə dedi: “Ey Əbuhəfsə! (Ömərin künyəsidir) Peyğəmbərin qızı Fatimə bu evdədir!”. O dedi: “Hətta o da orada olsa (yandıracağam)!

(“Əl-imamətu vəs-siyasət”, İbn Qüteybə, səh.12, “Misirin “Məktəbətut-ticariyyətil-Kübra” çapxanası.)

Bəziləri bu iradı irəli sürüblər ki, guya ikinci xəlifə evi yandırmamış sadəcə beyətdən imtina edənləri təhdid etmişdir. Məsələnin belə olduğunu fərz etsək belə bu zaman bir neçə sual meydana gəlir. Niyə Həzrəti Əli, Xanım Zəhra, Təlhə, Zubeyr və başqa səhabələr( bəzi mənbələrdə onların 28 nəfər olduğu qeyd olunur) birinci xəlifəyə beyətdən imtina etmişdilər? Əgər onların arasında heç bir ixtilaf olmamışdısa və onlar çox mehriban idilərsə bəs niyə ikinci xəlifə beyətdən ötrü təhdid və zor gücünə əl atmışdı? Bütün bunlar birinci xəlifənin xilafətini sual altına aparmaqdadır. Ancaq ikinci xəlifənin yalnız təhdidlə kifayətlənməsi məsələsinə gəldikdə isə bu heç də onların dediyi kimi deyil. Bu mətləbə dəlil Subki Şafeinin “Təbəqatuş Şafeiyyə” kitabının 3-cü cildi 456-cı səhifəsində Şafei məzhəbinin alimlərindən hesab etdiyi Məsudi Şafeinin “İsbatul-vəsiyyə” kitabında yazdığı tarixi faktı gətimək olar. Məsudi yazır: “Ona (evə) hücum etdilər, evin qapısını yandırdılar, onu(Əlini) zorla evdən çıxartdılar, xanımların seyyidəsini qapıda elə sıxdılar ki, Mohsin siqt oldu.

فهجموا عليه وأحرقوا بابه ، واستخرجواه منه كرهاً ، وضغطوا سيّدة النساء بالباب حتّى أسقطت محسناً .

اثبات الوصية ، ص143.

Xanım Zəhrayi Mərziyyənin başına gətiriləcək bu müsibətlərin illər öncə Həzrəti Peyğəmbərin(s) dilindən söylənilməsinə də əhli sünnə mənbələrində rast gəlinir. Şəmsuddin Zəhəbinin ustadlarından olan və “Təzkirətul huffaz” kitabında xeyli təriflədiyi İmam Cuini, özünün “Fəraidus-Səmteyn” kitabında bu haqda belə yazdığı nəzərləri cəlb edir:

 

وسمعت من الامام المحدث الاوحد الاكمل فخر الاسلام صدر الدين ابراهيم بن محمد بن المؤيد بن حمويه الخراساني الجوينى … وكان شديد الاعتناء بالرواية وتحصيل الاجزاء حسن القراءة مليح الشكل مهيبا دينا صالحا .

تذکرة الحفاظ ج 4 ، ص 1505- 1506 ، رقم 24 .

 

 

İmamul-hərəmeyn Cuini Həzrəti Peyğəmbərin(s) dilindən belə nəql edir ki , Allah Rəsulu belə buyururdu:

“Hər zaman Fatiməni görəndə yadıma məndən sonra ona üz gətirəcək səhnə düşür, sanki zillətin onun evinə üz gətirdiyini, hörmətinin tapdalandığını, haqqının qəsb edildiyini, öz irsindən məhrum edildiyini, qabırğasının sındırıldığını, rəhmindəki uşağın siqt edildiyini, “ey Muhəmməd” deyərək nalə etdiyini lakin bir kəsin belə ona cavab vermədiyini, fəryad edərək kömək istədiyini ancaq heç kəsin onun fəryadına çatmadığını görürəm. O mənim Əhli beytimdən mənə qovuşacaq ilk şəxsdir. Mənim yanıma qəmli, giriftar və öldürülmüş halda daxil olar. Mən o zamanda deyərəm: “İlahi ona zülm edənə lənət et və onun haqqını qəsb edəni cəzalandır, onu xar edəni xar et, övladının siqt olmasına səbəb olan kəsi cəhənnəmində əbədi saxla”. Bu zaman mələklər amin deyər.”

وَ أَنِّي لَمَّا رَأَيْتُهَا ذَكَرْتُ مَا يُصْنَعُ بِهَا بَعْدِي كَأَنِّي بِهَا وَ قَدْ دَخَلَ الذُّلُّ في بَيْتَهَا وَ انْتُهِكَتْ حُرْمَتُهَا وَ غُصِبَتْ حَقَّهَا وَ مُنِعَتْ‏ إِرْثَهَا وَ كُسِرَ جَنْبُهَا [وَ كُسِرَتْ جَنْبَتُهَا] وَ أَسْقَطَتْ جَنِينَهَا وَ هِيَ تُنَادِي يَا مُحَمَّدَاهْ فَلَا تُجَابُ وَ تَسْتَغِيثُ فَلَا تُغَاثُ … فَتَكُونُ أَوَّلَ مَنْ يَلْحَقُنِي مِنْ أَهْلِ بَيْتِي فَتَقْدَمُ عَلَيَّ مَحْزُونَةً مَكْرُوبَةً مَغْمُومَةً مَغْصُوبَةً مَقْتُولَة .

 

فَأَقُولُ عِنْدَ ذَلِكَ اللَّهُمَّ الْعَنْ مَنْ ظَلَمَهَا وَ عَاقِبْ مَنْ غَصَبَهَا وَ ذَلِّلْ مَنْ أَذَلَّهَا وَ خَلِّدْ فِي نَارِكَ مَنْ ضَرَبَ جَنْبَهَا حَتَّى أَلْقَتْ وَلَدَهَا فَتَقُولُ الْمَلَائِكَةُ عِنْدَ ذَلِكَ آمِين‏ .

فرائد السمطين ج2 ، ص 34 و 35 ..

Hətta Əbu Bəkrin sonralar etdiyi etiraf bir daha sübut edir ki, bəzi “səhabələr” Allah Rəsulunun möhtərəm qızının ehtiramını saxlamamış və ona ağıla gəlməz zülmlər etmişdilər.

İbn Cərir Təbəri “Tarixul-uməmi vəl-muluk”kitabında yazır (2 c, 619səh) “….Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm 3 işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!……Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta mənə qarşı müharibə elan etsəydilər belə!”

(Məsudi «Murəvvicuz-zəhəb» (2c, 194səh), Təbərani «əl-Mucəmul-kəbir» (1c, 62səh), Şəmsuddin Zəhəbi Tarixul İslam c3, s 117).

أما إني لا آسى على شيء إلا على ثلاث فعلتهن ، وثلاث لم أفعلهن ، وثلاث وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن : وددت أني لم أكن كشفت بيت فاطمة وأن أغلق علي الحرب .

تاريخ الإسلام ، ج3 ، ص118 و تاريخ الطبري، ج 2، ص 619، ج 3 ص 430 ط دار المعارف بمصر و الامامة والسياسة – ابن قتيبة الدينوري ، تحقيق الزيني – ج 1 – ص 24 و تاريخ مدينة دمشق – ابن عساكر – ج 30 – ص 422 و شرح نهج البلاغة – ابن أبي الحديد – ج 2 – ص 46 – 47 و المعجم الكبير – الطبراني – ج 1 – ص 62 و مجمع الزوائد – الهيثمي – ج 5 – ص 202 – 203 و مروج الذهب ، مسعودي شافعي ، ج1 ،‌ ص290 و ميزان الاعتدال – الذهبي – ج 3 – ص 109 و لسان الميزان – ابن حجر – ج 4 – ص 189 و كنز العمال ، المتقي الهندي ، ج 5 ، ص631 و

Xanım Zəhraya qarşı olunan zülmlər o həddə çatmışdı ki, xanım ona zülm edən insanları öz sağlığında danışdırmadı və birinci xəlifəyə beyət etmədi, hətta həmin insanların onun cənazə namazında iştirak etməmələrini də Həzrəti Əlidən (ə) istəmişdi. Əli də (ə) xanımın vəsiyyətinə uyğun olaraq əməl etdi. Buxarinin Səhihində deyildiyi kimi Xanım Fatimə vəfat etdiyində həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi və Əbu Bəkrin iştirakına icazə vermədən ona namaz qıldı.

وَعَاشَتْ بَعْدَ النبي صلى الله عليه وسلم سِتَّةَ أَشْهُرٍ فلما تُوُفِّيَتْ دَفَنَهَا زَوْجُهَا عَلِيٌّ لَيْلًا ولم يُؤْذِنْ بها أَبَا بَكْرٍ وَصَلَّى عليها.

صحيح البخاري، ج 4، ص 1549، ح3998، كتاب المغازي، باب غزوة خيبر

Bəli Xanım Zəhranın birinci xəlifəyə beyət etməməsi gün kimi hamıya aydındır. Düşündürücü nöqtələrdən biri də budur ki, zəmanəsinin imamına beyət etmək bütün islam aləmində sabit olan bir qanundur. Bu barədə əhli sünnə mənbələrində də bir sıra rəvayətlər nəql olunmuşdur. Misal ünvanında Müslimin öz Səhihində gətirdiyi hədisi göstərmək olar: “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür”.(Səhihi Müslim kit İmarə həd 1851 ,4899)

وَمَنْ مَاتَ وَلَيْسَ فِي عُنُقِهِ بَيْعَةٌ مَاتَ مِيتَةً جَاهِلِيَّةً.(1851

Hədisdən məlum olur ki, beyətdən imtina etmək cahiliyyət ölümü ilə dünyadan getməkdir. Əhli sünnəyə görə Xanım Zəhranın zəmanəsindəki imamın Əbu Bəkr olduğunu nəzərə alsaq və Xanım Zəhranın da ona beyət etmədiyini qəbul etsək, o zaman bir sıra suallar yaranacaq. Necə ola bilər ki, Xanım Fatimə öz zəmanəsinin imamına beyət etmədən cənnət xanımlarının ən üstünü ola bilir? Halbuki yuxarıda qeyd edildi ki, belə bir şəxsi cahiliyyət ölümü gözləyir. Belə möhkəm sualın yeganə cavabı bundan ibarətdir ki, Xanım Zəhra yaşadığı zəmanənin imamı Əbu Bəkr olmamışdır. Həmçinin Xanım Zəhra ilə bu şəxslər arasında heç bir ixtilaf olmamışdırsa, nə üçün Həzrəti Əli(ə) Xanımı gecə dəfn edir? Nə üçün dəfni məxsusi olaraq seşilmiş şəxslərlə yerinə yetirir? Nə üçün xəlifə və onun ətraındakılara xəbər vermir? Niyə Allah Rəsulunun ən sevimli qızının qəbri gizlin qalır? Məgər bu qədər aşkar olan məsələni anlamamaq məqbul hesab edilə bilərmi? Əlbəttə bütün bu deyilənlər yalnız təəssübkeş, haqqı görüb onu danan insanlara qaranlıq qala bilər. Xanım Zəhranın bu düşünülmüş və hədəfli mübarizəsi bir daha bu insanların iç üzünü açaraq tarixə unudulmaz və olduqca dəyərli mesajlarını vermişdir. Allah Rəsulundan sonra onun ən sevimli qızını incidən insanlar , həqiqətən Allahı və onun Rəsulunu incidərək özlərini əbədi əzaba düçar etmişlər. Allahu təala Əhzab surəsinin 57 ci ayəsində buyurur:” « Allahı və Onun Peyğəmbərini incidən şəxslərə Allah dünya və axirətdə lənət etmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57) Necə ki Həzrəti Peyğəmbər buyurmuşdu: «Fatimə mənim canımın bir parasıdır, hər kəs ona əziyyət etsə sanki mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim) Həmin şəxslər bu böyük Xanıma əziyyət verərək özlərinin həqiqi kimliklərini aşkara çıxartmışdılar. İlahi, bizləri O pak və müqəddəs xanımla məşhur et. Amin

Şiə Elmi Araşdırmalar Mərkəzi

www.Shia.az

Müəllif: Xanmirzə Huseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir