“Yunus” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Ra. Bunlar möhkəm və hikmətli kitabın ayələridir!
  2. İçərilərindən bir adama: “İnsanları (küfr və günahın nəticələri ilə) qorxut, iman gətirənlərə Rəbləri yanında gözəl mükafat olduğunu müjdə ver!” – deyə vəhy etməyimiz xalqa təəccüblümü gəldi ki, kafirlər: “Bu kişi açıq-aşkar bir sehrbazdır!” dedilər.
  3. Rəbbiniz göyləri və yeri altı gündə (altı mərhələdə) yaradan, sonra (dünyanı) hökmü altına alıb idarə edən Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz. Budur Rəbbiniz olan Allah. Ona ibadət edin. Xatırlayan adam olmaq istəmirsinizmi?
  4. Hamınızın dönüşü Onadır. Allah haqq vəd verib. O, məxluqu yoxdan var edir, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən qaytarır. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir!
  5. Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları yalnız haqq olaraq yaratdı. O, ayələrini anlayanlara izah edər!
  6. Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan (və həqiqətləri görən) bir tayfa üçün dəlillər (əlamətlər) var.

———————————————————————————–

“Yunus” surəsinin ümumi məzmunu: Bu surə də Məkkədə nazil olmuş bir çox surələr kimi, başda yaradılış və məad mövzuları olmaqla, bir neçə əsas və fundamental mövzunu əhatə etmişdir. Surənin əvvəlində vəhydən və peyğəmbərlik məqamından söz açılır, sonra Allahın əzəmətindən xəbər verən yaranış əlamətlərindən danışılır, dünyanın maddi həyatının keçəri olması, axirət dünyasına daha çox diqqət ayrılmasının zəruriliyi xatırlanır, insanlara iman və yaxşı əməllər vasitəsilə axirətə hazır olmaları tövsiyə edilir. Sözügedən mövzulara uyğun olaraq böyük peyğəmbərlərin, o cümlədən Nuh, Musa və Yunis (Allahın salamı olsun onların hər üçünə) peyğəmbərin həyatının müxtəlif yönlərindən fraqmentlər qeyd edilir, mövzuları daha da qətiləşdirmək üçün bütpərəstlərin inadkarlıqlarından danışılır, Allahın hər yerdə hazır olması xatırlanır. Xüsusilə sonda qeyd edilən mövzunun sübutu üçün çətinliklərlə qarşılaşdıqları zaman onların fitrətlərinin özünü necə büruzə verməsi və tək olan Allahı xatırlamalarından danışılır. Qeyd olunan mövzuların təkmilləşdirilməsi üçün uyğun məqamlarda yaxşı işlər görmüş əməlisaleh bəndələrə gözəl aqibət müjdəsi verilir, günahkarlar acı sonluqla təhdid edilir[1].

  1. “Qadəmu sidq”[2]: Bu ifadə ilə bağlı üç fikir mövcuddur: 1. İman fitri keçmişə əsaslanır. Əslində, möminlər öz imanlarını büruzə verməklə fitrətlərinin istəklərini təsdiq etmiş olurlar. 2. Qayıdış və axirət nemətlərinə işarədir. Çünki “qadəm” sözünün mənalarından biri məqam və mövqedir. Yəni möminlərin Allah dərgahında qəti və dəyişməz məqamları var. 3. “Qadəm”in mənası öndər və rəhbərdir. Yəni mömin bəndələrə sadiq öndər və rəhbərlər göndərilmişdir. Quran təfsirlərində bu ayədə “qadəmə sidqin” deyilərkən Peyğəmbər (s) və ya həzrət Əlinin (ə) öndərliyinin nəzərdə tutulduğu qeyd edilən hədislər də bu mənanı təsdiq edir[3]. Ehtimal ki, bu hədislərdə möminlər və İmam Əlinin (ə) öndərliyinə etiqadı olan insanlara Allah Rəsulu (s) tərəfindən şəfaət ediləcəyi nəzərdə tutulmuşdur[4].
  2. Yer və göyün altı günə yaranması: “Gün” sözü ərəb dilində, elə digər dillərdə də çox vaxt “dövr” mənasında işlənir. Məs: Gün var idi, ölkəmizdə diktatura hökm sürürdü, indi azadlığa çıxmışıq. Yəni diktatura dövrü var idi. Diktatura dövrü sona yetdikdən sonra insanların azadlıq dövrü başladı[5]. Daha çox məlumat almaq üçün bax: “Əraf” surəsi, 54-cü ayə.
  3. Ərş: Ərş sözü bəzən dam, bəzən damı olan bir vasitə, bəzən də uca, əzəmətli taxt və kürsü mənasında işlənir. Bunlar ərş sözünün həqiqi mənasıdır. Bu söz məcazi olaraq qüdrət mənasını ifadə edir. Məs: Filankəs taxta çıxdı. Filankəs taxtdan düşdü və taxtdan salındı. Bu cümlələrdə iqtidar, güc, qüdrəti ələ almaq, hökmranlıq və iqtidardan, hakimiyyətdən salınma nəzərdə tutulur. Bu cümlələrdə taxt sözünün həqiqi mənası, ümumiyyətlə, nəzərdə tutulmaya bilər. Eyni aspektdən “Allah taxtda qərarlaşdı” deyilərkən Allahın dünyanı idarə etməsi və hökmranlığı altına alması nəzərdə tutulur[6].
  4. Ay, dəqiq təqvim: Ay nazik hilal olduğu gündən başlayaraq ayın ortasına qədər böyüyür. Həmin gündən sonra isə ayın sonuna bir, ya iki günlük vaxt qalana qədər kiçilməkdə davam edir və daha sonra qaranlıqda itir. Sonra yenidən hilal şəklində görünür və əvvəlki mənzilləri qət edir. Bu dəyişmə əbəs deyil, savadlı və savadsız olmasından asılı olmayaraq, hər kəsin oxuya biləcəyi, iş və fəaliyyətlərinin tarixini müəyyən etmək və fəaliyyətlərinə nəzarət edə bilmək üçün istifadə etdiyi çox dəqiq və canlı bir təbii təqvimdir. Bu, ayın bəhrələndiyimiz nurundan əlavə faydasıdır[7].
  5. Bizimlə görüşəcəklərinə (və Qiyamət gününə) inanmayanlar, dünya həyatından razı qalıb ona bel bağlayanlar və ayələrimizdən xəbərsiz olanların –
  6. onların (hamısının) etdikləri əməllərə görə yeri Oddur.
  7. İman gətirib layiqli işlər görənləri Rəbləri imanları sayəsində yönləndirər. Cənnət bağlarında onların (qəsrlərinin) altından çaylar axar.
  8. Onların Cənnətdəki danışıqları (və duaları): “Allahım! Sən pak və müqəddəssən!”, orada salamlaşması: “Salam!” və sözlərinin sonu: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!” olacaq.
  9. Əgər insanlar xeyir əldə etmək üçün tələsdikləri kimi, Allah da onları cəzalandırmağa tələssəydi, (tezliklə) ömürləri sona yetərdi (tamamilə məhv olardılar). Bizimlə görüşəcəklərinə inamı olmayanları azğınlıqları içində itib-batmaları üçün tərk edərik.
  10. İnsana bir sıxıntı üz verdikdə Bizi uzananda da, oturanda da, ayaq üstə olanda da çağırar. Bu sıxıntını ondan uzaqlaşdırdıqdan sonra elə gedər ki, sanki sıxıntının həlli üçün Bizi heç çağırmamışdı. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
  11. Biz sizdən əvvəlki ümmətləri peyğəmbərlərinin aydın dəlillər gətirməsinə baxmayaraq, iman gətirmədikləri və zülm etdikləri üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
  12. Sonra onların ardınca sizi yer üzündə onların xələfləri etdik ki, görək siz necə davranacaqsınız.

————————————————————————————–

  1. Dünya qısa və aldadıcıdır: Sözün əsl mənasında dünyandan əl çəkmiş, dünyanın bər-bəzəyinin əsla aldada bilmədiyi İmam Əli (ə) qısa və aldadıcı dünya haqqında belə buyurmuşdur: “Sizi nəfsani istəklərin haləsi ilə, şirin və təravətli görünən dünya ilə ehtiyatlı olmağa çağırıram. Özünü nağd olması ilə sevdirir, az malını sizin gözünüzdə gözəl göstərir, özünü arzular paltarında cilvələndirir, yalanla bəzəyir, sevinci və neməti davamlı deyil, dərd-qəmindən yaxa qurtarmaq olmur, çox aldadıcı, incidici, rəngdən rəngə düşən, ölümlü, sonlu, xarab olan, acgöz, adam öldürəndir… Dünyaya etibar edib dünya tərəfindən məyus edilən çox adam olub, dünyaya etimad göstərib dünya tərəfindən yerə çırpılan çox adam olub. Çox əzəmətli insanları xar edib, çox şövkətli insanları qiymətdən salıb… Özünüz üçün seçdyiniz, inandığınız, tamahında olduğunuz budur? Ona qarşı şübhə ilə baxmayan, təhlükəsindən qorxmayan üçün pis saraydır. Bilin, necə ki bilirsiniz, dünyadan köçəcək, onu tərk edəcəksiniz.”[8]
  2. Cənnət sakinlərinin Cənnətdəki üç ləzzəti: Bu ayədə Cənnət sakinlərinin üç halından, üç böyük nemətindən və üç ləzzətindən söz açılmışdır. Birinci zövq halı Allahın zatı və sifətlərinin onların varlıqlarını nura qərq etdiyi vaxta aiddir. Bu, heç bir ləzzətlə müqayisə edilə bilməyəcək bir ləzzətdir. Onlar həmin vaxt deyəcəklər: “Allahım! Sən pak və müqəddəssən!” İkinci zövq halı sülh və səfa dolu, hər kəsin bir-biri ilə anlaşdığı bir mühitdə möminlərin bir-biri ilə qarşılaşdığı vaxta aiddir. Cənnət sakinləri qarşılaşdıqları zaman səfa və səmimiyyət dolu sözlərlə ünsiyyət quracaqlar: “Orada salamlaşması: “Salam!” olacaq”. Üçüncü zövq halı rəngarəng Cənnət nemətlərinin onlara bəxş etdiyi zövqə aiddir. Bu nemətlər onların Allaha olan diqqətini daha da artıracaq. Onlar Cənnət nemətlərindən istifadə etdikcə təriflər yağdıracaqlar: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[9] Peyğəmbərin (s) hədislərinin birində belə deyilir: Cənnət sakinləri bir şey istədikdə: “Allahım! Sən pak və müqəddəssən!”- deyəcəklər. Bunu deyən kimi istəklərini dilə gətirmədikləri, bunun üçün göstəriş vermədikləri halda, xidmətçilər istədiklərini onlar üçün hazır edəcəklər. Yeyib-içmək başa çatdıqdan sonra Allaha həmd edəcək, şəninə təriflər deyəcəklər: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[10]
  3. Allah əzab verməyə tələsmir: Bu ayəni şərh edərkən təfsirçilər insanın təbiətən tələskən olduğunu, xeyrinə olan şeyə tez çatmaq istəyən, bütün səbəblərin əl-ələ verib istəklərini çox sürətlə reallaşdırmasını arzulayan bir varlıq olduğunu yazırlar. Əslində, o, bunları Allahdan istəyir. Çünki bütün səbəblər Allahın əlindədir, səbəblər səbəbi Odur. İnsanın bu təbiəti nəfsani istəklərindən qaynaqlanır. Ancaq varlıq sistemi, onun nizam-intizamı insanın nəfsani istəklərinin xaricindədir. Əgər Allah-taalanın əşyaların yaranması və səbəb-nəticə sistemindəki qanunu insanların qanunlarına bənzəsəydi, cəhl və nadanlığa əsaslansaydı, o zaman Allah insanları çox sürətlə əzaba düçar etməli idi. Belə ki, qayıdış və dirçəlişi inkar edən azğın şəxs əzaba layiqdir. Lakin Allah insanlara əzab verməyə tələsmir, sınanmaları üçün dünyada onlara bir müddət möhlət verir. Çünki dünya cəza və mükafat deyil, imtahan və sınaq yeridir[11].
  4. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə görüşəcəklərinə (və Qiyamətə) inanmayanlar: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir (və bütləri məzəmmət edən ayələrini çıxar)!” – deyərlər. Onlara de: “Mənim onu özbaşına dəyişmək səlahiyyətim yoxdur. Mən ancaq mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimin itaətindən boyun qaçırsam, böyük günün əzabından qorxaram”.
  5. De: “Əgər Allah istəsəydi, mən bu ayələri sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Bundan əvvəl mən uzun illər sizin aranızda yaşadım (heç bir ayə gətirmədim). Məgər başa düşmürsünüz?”
  6. Allahın adından yalan danışan, Onun ayələrini yalan hesab edən adamdan daha zülmkar kim ola bilər? Şübhəsiz ki, günahkarlar xilas olmayacaqlar!
  7. Onlar Allahı qoyub onlara nə bir xeyir, nə də bir zərər verən bütlərə ibadət edir və: “Bunlar bizim Allah yanındakı şəfaətçilərimizdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şey haqqındamı xəbər verirsiniz? Allah Ona tay və bərabər tutulan bütlərdən uzaqdır və ucadır!”
  8. İnsanlar (başlanğıcda) tək bir ümmət idilər. Sonra ayrıldılar. Əgər Rəbbin tərəfindən öncədən (onların dərhal cəzalandırılması ilə bağlı) bir əmr olmasaydı, ixtilafda olduqları məsələlər barəsində dərhal hökm verilər (sonra da hamısı cəzalandırılardı).
  9. Deyirlər: “Nə üçün Rəbbi tərəfindən ona bir möcüzə göndərilmir?” De: “Qeyb (möcüzələr) yalnız Allaha məxsusdur (və Onun əmri ilədir). Siz gözləyin, mən də sizinlə birlikdə gözləyirəm! (Siz bəhanə möcüzələr gözləyin, mən də sizin cəzalandırılmanızı gözləyim.)”

———————————————————————————

15-17. Müşriklər və başqa bir Quran tələbi: Bu ayənin bəhs etdiyi şəxslər bütpərəstlik, zülm, haqsızlıq, fəsad və günah canlarına-qanlarına qarışmış insanlardır. Quranda bütün bunlar qadağan edilmişdir. Buna görə də onların bütün inanclarını və çirkin əməllərini inkar edən ayələri qəbul edə bilmirdilər. Nəticədə, Peyğəmbərə (s) “elə bir Quran gətir ki, bütpərəstliyi, günah və fəsadı qadağan etməsin və ya elə ayələrlə əvəz et ki, bizi şirk, fəsad və günahdan çəkindirməsin”, – deyə etraz edirdilər. Onlar Peyğəmbəri (s) sanki bir şair və ya hekayətçi yerinə qoyur, zövqlərini oxşamayan, xoşlarına gəlməyən bir şeir və hekayə olduqda xoşlarına gəlməyən hissələrinin çıxarılmasını, əvəzinə xoşladıqları məzmunların salınmasını istəyən şeir və hekayə dinləyiciləri kimi, Peyğəmbərdən (s) eyni şeyləri istəyirdilər. Allah peyğəmbərinə onlara belə deməsini göstəriş verir: “Mən özümdən heç nə danışmıram, nə deyirəmsə, Allah tərəfindən gələn vəhydir. Uzun illər sizin aranızda oldum, belə sözlər danışmadım. Bu özü söylədiyim ayələrin vəhy olduğunu göstərən bir dəlildir. Əgər mən Allahın adından yalan danışsam, başqa bir Quran gətirsəm və ya onda dəyişiklik aparsam, insanların ən zülmkarı olaram. Çünki insanların ən zülmkarı Allahın adından yalan danışanlardır.”[12] İslam düşmənləri Quranla mübarizədə üç mərhələ adlamışdılar. Birinci mərhələdə Quran ayələrinə qarşı elmi mübarizəyə qalxmış, ortaya Quran maarifi ilə bağlı şübhə doğuracaq fikirlər atmış, lakin heç bir nəticə hasil etməmişdlər. Növbəti mərhələdə elmi mübarizəyə Qurandan kənar müstəvidə qalxmış, Allah kitabına qarşı  ona bənzəyən bir kitab, on surə və ya heç olmasa bir ayə təqdim etməyə çalışmış, bütünlərini bu mənfur məqsəd üçün səfərbər etmişdilər. Lakin bunun da heç bir faydası olmamışdı. Sonrakı mərhələdə Peyğəmbərin (s) öz əli ilə Quranda ixtisarlar aparmağa və ona əlavələr etməyə, Peyğəmbəri iftiraya təhrik etməyə çalışmışdılar. Ancaq bu cəhdlər də uğursuz olmuşdu. Bu ayədə həmin mübarizə mərhələsinə işarə edilmiş, Quranın izzət və hikmətinin dinə hücum çəkmiş düşmənlərin bütün elmi və əməli səylərinin, hiylə və kələklərinin, zor-güclərinin puça çıxmasına səbəb olduğu diqqətlə çatdırılmışdır[13].

  1. Bütlərin şəfaət edəcəyinə inanmaq: Bu inanc bütpərəstlərin əsas stimullaşdırıcı etiqadlarından biri olmuşdur. Tarixi mənbələrin yazdığına görə, ərəb başçılarından olmuş Əmir ibn Ləhiyy Şamın mədən sularından istifadə etmək və müalicə almaq üçün oraya gedir. Həmin yerin bütpərəstləri onun diqqətini cəlb edirlər. Bu ibadətin səbəbini onlardan soruşduqda ona deyirlər: Bu bütlər yağışın yağmasına, problemlərin həll olmasına, Allah yanında şəfaət olunmağa səbəb olur. Əslində, xurafatçı olan bu adam onların sözlərinin təsiri altına düşür, özü ilə Hicaza aparmaq üçün onlardan bir neçə büt istəyir. Hicaz əhalisi arasında bütpərəstlik məhz bundan sonra yayılmağa başlayır[14]. Bütpərəstlər Qiyamət gününə, ümumiyyətlə, inanmadıqları üçün bütlərin şəfaətçi olduğunu deyərkən onların Qiyamətdə deyil, dünya işlərində vasitəçi olduğunu nəzərdə tuturdular[15].
  2. Peyğəmbərdən (s) qeyri-adi möcüzələr istənilməsi: “Ayə” (möcüzə) sözü ümumi məna daşıyıb bütün növ möcüzələri ehtiva etsə də, əldə olan məlumatlar onların Peyğəmbəri tanımaq üçün deyil, təklif xarakterli möcüzələr istədiklərindən xəbər verir. Yəni oturduqqları yerdə ağıllarına nə gəlirdisə, onu Peyğəmbərə təklif edir və Peyğəmbərin də onların dediklərini yerinə yetirəcəyini gözləyirdilər. Sanki Peyğəmbəri bütün möcüzələrin açarını əlində tutmuş və hər gün kiminsə gəlib ona möcüzə təklif edəcəyini gözləyən işsiz-gücsüz bir adam hesab edirdilər. Ancaq möcüzənin Allahın işi olmasından, yalnız Onun əmri ilə baş verdiyindən, digər tərəfdən, möcüzənin Peyğəmbərin tanınması, insanların hidayət olunması, bir formasının belə, bunun üçün kifayət edəcəyindən xəbərsiz idilər. Bundan başqa, Peyğəmbər (s) Qurandan əlavə onlara kifayət qədər möcüzə göstərmişdi. Onların təklifləri macəra marağından başqa bir şey deyildi[16].
  3. İnsanlara üz verən sıxıntıdan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik edirlər. De: “Allah sizdən daha tez hiylə qurar (tədbir tökər)”. Elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.
  4. Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, onlar da içindəkiləri uyğun bir küləklə (məqsədə doğru) apar­­dığı və onlar sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər tərəfdən onların üzərinə gələr, həlak olacaqlarını güman edərlər. Bu vaxt Allahı ixlasla çağırıb deyərlər: “Əgər bizi bu bəladan xilas etsən, əlbəttə, şükür edənlərdən olacağıq”.
  5. Allah onları xilas etdikdə isə (yenə də) haqsızcasına yer üzündə zülm, haqsızlıq edirlər. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq öz ziyanınızadır. Dünya həyatından (faydalanırsınız). Sonra dönüşünüz Bizə doğrudur. Biz etdikləriniz barədə sizə xəbər verəcəyik.
  6. Dünya həyatı göydən endirdiyimiz və ardınca yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilərin bitdiyi suya bənzəyir. Nəhayət, yer öz bərbəzəyinə bürünüb süsləndiyi və sakinləri də ondan faydalana biləcəklərindən əmin olduqları zaman (qəfildən) gecə, yaxud gündüz əmrimiz yetişər və onu sanki dünən heç nə olmamış kimi, biçərik. Ayələrimizi düşünən insanlara belə izah edirik.
  7. Allah əmin-amanlıq yurduna dəvət edir və istədiyini (layiq gördüyünü) doğru yola yönəldir.

———————————————————————————–

  1. Allahın lütfkarlığı qarşısında insanın naşükürlüyü: Bu ayədə Allahın lütfkarlığı və mərhəməti qarşısında insanların çoxunun naşükür olması kimi ümumi bir mövzuya işarə edilmişdir. Sıxıntı və çətinliklərdən sonra Allah insana, hətta layiq olmadığı lütfkarlığı və mərhəməti göstərdiyi halda, o, şükür və təşəkkür yerinə Allahın ayələrinə qarşı hiyləgərlik edir. Əvvəlki ayələrdə bu hiylə və kələklərin bariz nümunəsinə işarə edildi. Bu, müşriklərin Quran ayələrinə qarşı olan hiylələri idi. Onlar bu nemət qarşısında: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” (Yunus surəsi, 15-ci ayə), ya da “nə üçün Rəbbi tərəfindən ona bir möcüzə göndərilmir?” (Yunus surəsi, 20-ci ayə) deyirdilər. Bununla da Quranın möcüzə olmadığına eyham vurub, Allahın ayələrinə qarşı hiylə və kələk işlədirdilər[17]. Onlar Allahın möcüzələri, bəla və nemətləri ilə qarşılaşdıqda qəbuledilməz yozumlara əl atır, qaçmaq üçün yol axtarırdılar. Məsələn, bəla və müsibət üz verdikdə bunu bütlərin qəzəbinin əlaməti kimi qələmə verir, əmin-amanlığı onların sevgi və şəfqətinin əlaməti, ya da təsadüf hesab edirdilər. Allahın tədbiri deyilərkən Allahın gizli olub gözlənilmədən, çox sürətlə üz verən bəlaları nəzərdə tutulur. Bəzən elə olur ki, Allah-taala günahkarları bir-biri ilə bəlaya düçar edir. Təbii ki, hər kəsdən qüdrətli olanın, maneələri dəf etməkdə hər kəsdən güclü olanın plan və tədbirləri daha sürətlidir. Başqa sözlə desək, cəzalandırmaq istədiyi şəxsi cəzalandırar. Halbuki Ondan qeyri heç kəs bu xüsusiyyətə malik deyil[18].
  2. Zülm, haqsızlıq və onun sürətli nəticələri: İmam Sadq (ə) hədislərinin birində: “Üç şey var ki, nəticəsi onu edənə qayıdır: əhd pozmaq, zülm və hiylə”, – deyə buyurmuş, sonra bu ayəni oxumuşdur: “Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq öz ziyanınızadır”. Başqa bir hədisində isə belə buyurmuşdur: “Ən sürətli müsibət zülm və haqsızlığın cəzasıdır”. Allahın Rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “(Fərz edin) əgər bir dağ başqa bir dağa zülm etsə, sonda parça-parça olacaq”[19].

24-25. Dünya dəyişkən bir yurd, Cənnət isə əmin-amanlıq yurdudur: Quran bu iki ayədə dünyanın qeyri-sabit və dəyişkən olmasını gözəl bir misalla bəyan edir. Ağaclari, otlari, bitkiləri bar gətirmiş, başdan-başa hər guşəsi həyat bəxş edən bir bağ təsəvvür edin. Bir qaranlıq gecə və ya günəşli bir gün qəfildən qara buludlar göy üzünü alır, göy guruldayır, ildırım çaxır, tufan qopur, dolu və leysan yağmağa başlayır və həmin bağı yerlə yeksan edir. Səhərisi gün o bağı görməyə getdiyində ağacların sındığını, bitkilərin solduğunu, darmadağın olduğunu, hər şeyin torpaq üzərinə səpələndiyini görürsən. Elə vəziyyətdə olur ki, dünənki yamyaşıl və tərvaətli bağ olduğuna inana bilmirsən. İnsanların həyat macərası da belədir. Xüsusilə, yaşadığımız bu dövrdə bəzən bir zəlzələnin və ya bir neçə saatlıq bir müharibənin abad və əmin-aman bir şəhəri viran qoyduğunun, yerində xarabalıq, tikə-tikə olmuş cəsədlərdən başqa bir şey qalmadığının şahidi oluruq. Belə bir dəyişkən həyata sevinənlər necə də qəflətdədirlər! Cənnətdə isə maddi dünaynın soyğunçu keşməkeşlərindən, Allahı unutmuş sərvət sahiblərinin axmaq iğtişaşlarından, müharibə, qan tökülməsi, imperializm və müstəmləkədən heç bir əsər-əlamət yoxdur. Bütün bu məzmun “əmin-amanlıq yurdu” ifadəsində cəm olub. Əgər bu dünya həyatı tövhid və ilahi rəngə boyanarsa, bu da əmin-amanlıq yurduna çevrilər, qasırğa bəlasına məruz qalmış bağ vəziyyətindən xilas olar[20].

  1. Yaxşı işlər görənlər üçün yaxşı mükafat və ondan da artığı var. Onların üzünü qaranlıq və zillət örtməz. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!
  2. Günah qazananlara günahları qədər cəza verilər. Üzlərini zillət və xarlıq örtər. Onları Allahdan (Allahın əzabından) heç nə qurtara bilməz. Üzləri (o qədər qara olar ki,) sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar!
  3. O gün onların hamısını bir yerə toplayacaq, sonra müşriklərə: “Siz də, məbudlarınız da yerinizdə durun!” – deyəcək və onları bir-birindən ayıracağıq. Məbudları onlara deyəcək: “Siz bizə ibadət etmirdiniz.
  4. Sizinlə bizim aramızda Allahın şahid olması yetər. Həqqətən, biz sizin ibadətinizdən xəbərsiz idik!”
  5. Orada hər kəs daha öncə gördüyü işin təcrübə edəcək və hamılıqla öz həqiqi ixtiyar sahibi və himayədarları olan Allaha doğru qaytarılacaqlar. Özlərindən uydurub Allaha tay tutduqları məhv olacaq.
  6. De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaq və gözlərin sahibi (və yaradıcısı) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? İşləri yoluna qoyan, nizam-intizama salan kimdir?” Dərhal, “Allahdır!” – deyə cavab verərlər. De: “Bəs nə üçün Allahdan qorxmursunuz?”
  7. Sizin həqiqi Rəbbiniz olan Allah Odur. Elə isə haqdan sonra zəlalətdən başqa nə qalır?! Nə üçün (Ona ibadət etməkdən) üz çevirirsiniz?”
  8. Rəbbinin fasiqlərin iman gətirməyəcəkləri ilə bağlı fərmanı belə qətiləşir.

————————————————————————————-

  1. 26. “Yaxşı mükafat və daha çox” ifadələrinin mənası: Əllamə Təbatəbai “yaxşı işlər görənlər üçün yaxşı mükafat və ondan da artığı var” ayəsini izah edərkən iki ehtimal irəli sürmüşdür. Birincisi, Allah-taala hər bir yaxşı iş üçün həmin əməlin öz mislində mükafat təyin etmişdir. Daha sonra əməl edənin ləyaqətindən asılı olaraq, bu əməlin mükafatını ona bərabər və ya ondan artıq edir. Allah-taala Quranda belə buyurmuşdur: Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər[21], “(Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını tam verəcək, üstəlik, Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır.[22]. İkinci ehtimal budur ki, “yaxşı mükafat” deyilərkən yaxşı aqibət və insanın “yaxşı” sözündən dərk etdiyi məna nəzərdə tutulur. “Daha artıq” deyilərkən insanın Allahın lütfkarlığından başa düşüb dərk etdiyindən artığı nəzərdə tutulur. Belə ki, “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurulmuşdur: Etdikləri əməllərin mükafatı olaraq gözlərə işıq gəlməsinə səbəb olan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!, “Qaf” surəsinin 35-ci ayəsində isə belə buyurulmuşdur: Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (heç kəsin təsəvvür belə edə bilmədiyi nemətlər) mövcuddur![23]
  2. Qiyamət – əməllərin qarşılığını dadmaq və əməllərin yoxlanılması: Bu ayədə Qiyamət günü insanların öz əməllərini yoxlayacağı buyurulur. Kal və ya yetişmiş olduğunun, habelə dadının müəyyən edilməsi üçün kənd təsərrüfatı məhsulu dadılmaqla yoxlanıldığı kimi, Qiyamətdə də insanın əməlləri təcrübə ediləcək. Şirin, yoxsa acı olduğunu bilmək üçün insan öz əməlini dadacaq. Bu dünyada şirin görünən çox əməllər var ki, o dünyada acı olacaq və əksinə. Hədislərin birində belə buyurulmuşdur: “Cənnət acılarla, Cəhənnəm nəfsani istəklərlə örtülmüşdür”. Buna görə də Quranda orada hər kəs daha öncə gördüyü işi təcrübə edəcək, – deyə buyurulmuşdur[24].
  3. Gözlərin və qulaqların sahibi: İnsanın hissləri Allahın ixtiyarındadır, onlar Allahın hakimiyyəti altındadır. Hiss üzvləri arasında göz və qulağın qeyd edilməsi digər hiss üzvləri ilə müqayisədə bu iki hiss üzvünün insan həyatında daha çox rol oynaması ilə bağlıdır. İnsan beş hiss üzvü vasitəsilə Allahın insanın ixtiyarına verdiyi imkanlardan faydalanır, istədiyi istiqamətə doğru hərəkət edir, xoşlamadığından uzaqlaşır. Allah-taala bu cümlə ilə hiss üzvlərinin Onun ixtiyarında olduğunu, onları istədiyi şəkildə idarə etdiyini, güclü və zəif yaratdığını xatırladır. Buna görə də bəzi insanların bu hiss üzvlərinin bəzisindən məhrum olduğunun və ya bəzilərində bu hisslərdən hansınınsa daha güclü olmasının şahidi oluruq[25]. Bəzən Allah-taala insanın bədən üzvləri üzərindəki nəzarətini ondan alır. Məhz elə buna görədir ki, ölərkən çox adama gözünü və ağzını bağlamağa da icazə vermir və onlar gözü və ağzı açıq halda can verirlər[26].
  4. Həyat – mürəkkəb və sirli bir fenomen: Canlı varlığın cansızdan necə yaranması təbiət alimlərini hələ də heyrətdə qoyan mövzulardandır. Şübhəsiz ki, mürəkkəb, incə və sirli həyat hadisəsi qeyri-adi elm və qüdrətə, universal ağıla möhtacdır. O, ilk başlanğıcda yer üzünün canlı varlıqlarını cansızlarından yaratmaqla yanaşı, onlar üçün əbədi olmayan ömür təyin etmişdir. Buna görə də həyatı ölümlü etmiş, nəticədə də dəyişilmə və kamilləşmə üçün imkan yaratmışdır. Bu ayənin təfsiri ilə bağlı başqa bir ehtimal da irəli sürülmüşdür. O da bundan ibarətdir ki, burada maddi ölüm və həyatla yanaşı, mənəvi ölüm və həyat da nəzərdə tutulmuşdur. Çünki bəzən çirkin işlər görən, imansız və haqq yolda olmayan ata və anadan ağıllı, dərrakəli və təmiz insanlar törədiyini və əksini, yəni irsiyyət qanununun əksinə olaraq dəyərli ata və anadan dəyərsiz və ölü qəlbli insanların törədiyini görürük. Bu məzmuna Əhli-beyt (ə) hədislərində çox rast gəlirik[27].
  5. De: “Heç məbudlarınızdan məxluqu yoxdan yaradıb sonra onu qaytaran biri varmı?” De: “Yalnız Allah məxluqu yoxdan yaradıb sonra onu qaytarır. Elə isə nə üçün üz döndərirsiniz?”
  6. De: “Heç məbudlarınızdan haqqa doğru yönəldən biri varmı?” De: “Yalnız Allah haqqa doğru yönəldir. Haqqa doğru yönəldən şəxs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən şəxs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”
  7. Onların çoxu ancaq zənnə uyar, zənn isə (insanı) haqdan ehtiyacsız etməz (haqqa qovuşdurmaz). Şübhəsiz, Allah nə etdiklərindən xəbərdardır!
  8. İlahi vəhy olmadan bu Quranın Allaha aid edilməsi layiqli (və mümkün) deyil. Lakin o, özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq və ətraflı izah edəndir. Onda heç bir şübhə yoxdur, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
  9. Onlar: “O, Quranı yalandan Allaha isnad edir!” – deyirlər? De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da (köməyə) çağırın!”
  10. (Onu elmi dəlillərlə inkar etmədilər,) əslində, məlumatları olmadığı, həqiqəti onlara aydın olmayan bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də eyni şəkildə yalan hesab etmişdilər. Bir bax, zalımların axırı necə oldu!
  11. Onların bəzisi ona inanır, bəzisi isə inanmır. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır!
  12. Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə məxsusdur. Mənim etdiyim əməllərə siz nifrət edir, sizin etdiyiniz əməllərə (də) mən nifrət edirəm!”
  13. Onlardan bir qrupu səni dinləyir (ancaq sanki eşitmir və kardırlar). Anlamamalarına rəğmən, sən sözlərini karlara eşitdirə bilərsənmi?!

————————————————————————————–

  1. Arxasınca gedilməyə daha çox kim layiqdir? Bu ayədə Allahın dünyanı tək idarə etməsi və tövhid dəlillərindən biri bəyan edilmişdir. Deməli, fitrət və idrakının tələbi ilə insan bütün işlərdə haqqa tabe olmalıdır. Nəfsinə uyub səhvən haqdan uzaqlaşaraq nahaqqa tabe olan və əslində, nahaqqı haqq hesab edərək, nahaq yolda irəliləyən şəxsə cəza verildiyində üzrxahlıq edib özünü haqq davamçısı kimi göstərəcəkdir. Deməli, haqqa tabe olmaq hər bir halda lazımdır. Haqqa dəvət edən insanın dəvət və çağırışını qəbul etmək zərurdir. Çünki ona tabe olmaq haqqa tabe olmaq deməkdir. Əlbəttə, bu ayədə haqqa doğru yönəltmək deyilərkən təkcə yol göstərmək nəzərdə tutulmur. Çünki kimsə haqq yolu tanıyıb özü haqq yolda olmadığı halda, başqalarını bu yola dəvət edə bilər. Lakin “yolu göstərmək və məqsədə çatdırmaq” yalnız Allahın və Allahın heç bir vasitə olmadan haqq yola yönəltdiyi şəxslərin işidir. Onların dəvətinə tam şəkildə etimad göstərmək olar. Bu şəxslər yalnız peyğəmbərlər və imamlardır (Allahın salamı olsun onlara). Allah-taala bu ayədə müşriklərə “arxasınca gedilməyə daha çox həm yolu göstərən, həm də məqsədə çatdıran daha layiqdir, yoxsa haqq yola yönəltməyə əsla qüdrəti çatmayan, əksinə yönləndirilməyə ehtiyacı olan məbudlar?”- deyə sual ünvanlayır. Şübhəsiz ki, müşriklərin bu suala heç bir cavabı olmadığı üçün Peyğəmbərə (s) onların əvəzində “haqq yola yalnız Allah yönəldir”, – deyə cavab verməsini göstəriş verir[28].
  2. Quranın universallığı: Allah-taala bu və başqa ayələrdə Quranı insan beyninin məhsulu hesab edən insanları Quran surələri kimi bir surə gətirməyə və bu vasitə ilə onların Quran surələrinə bənzər surə gətirə bilməyəcəklərini sübuta yetirmək, bu səmavi kitabın vəhy olduğunu çatdırmaq istədiyini bəyan edir. Burada diqqət yetirilməsi zəruri olan nüans Quranın təkcə fəsahət və bəlağət baxımdan misilsiz olduğunu çatdırmaq deyil. Fəsahət və bəlağət bəşəriyyəti onun qarşısında təvazökarlıq göstərməyə vadar edən misilsiz xüsusiyyətlərindən yalnız biridir. Quranın bəlkə də ən mühüm xüsusiyyətlərindən biri onun universallığıdır. Quranın ilahi maarifin əsas prinsiplərnə malik olması, ibadət hökmləri, mədəni, siyasi, iqtisadi və məhkəmə qanunlarındakı universallığı, onda yer alan əzəmətli əxlaq və gözəl ədəb nümunələri, keçmiş peyğəmbərlər və xalqların sərgüzəştləri, qeyb xəbərləri, mələklər, cinlər, yer və göylər haqqında verilən məlumatlar, verdiyi nəsihətlər, ümidlər və təhdidlər, yaranışın başlanğıcı və Allaha doğru qayıdış haqqında verilən məlumatlar, güclü dəlilləri, ruhlandırıcı, parlaq və yönləndirici bəyanı və s. bu kitabın Allah tərəfindən endirilməsi və insanın öz məhdud qüvvələri ilə onun bənzərini gətirə bilməyəcəyi ilə bağlı qəti əminlik yaradan cəhətlərdir[29].
  3. Cahllik və nadanlıq haqla mübarizəyə təhrik edən mühüm amildir: Bu ayədən belə başa düşülür ki, haqla mübarizə, ona qarşı müxalifət və düşmənçiliyə səbəb olan ən mühüm amillər cahillik və nadanlıqdan qaynaqlanır. “Nadanlığın sonu küfrdür” deyimi də elə buradandır. Haqq axtarışında olan müsəlmanın ilk vəzifəsi bilmədiyi məsələdə susmaq, səbirli olmaq, axtarış aparmaq, bilmədiyi məsələni hərtərəfli araşdırmaq, qarşılaşdığı məsələni inkar etmək üçün qəti dəlil əldə etməyincə inkara qalxmamaq, habelə, qəti dəlil olmadan isbat yükünün altına girməməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala iki Quran ayəsi ilə bu ümmətə iki mühüm dərs vermişdir: Yalnız bildiklərini desinlər; bilmədiklərini inkar etməsinlər!” Sonra İmam məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı?![30]əslində, məlumatları olmadığı bir şeyi yalan hesab etdilər[31] ayələrini tilavət etmişdir.
  4. Yozum: Bax: “Ali-İmran” surəsinin 7-ci ayəsinin izahı.
  5. Onlardan bir qrupu sənə tərəf baxır (ancaq sanki heç görmür). Görməmələrinə baxmayaraq, sən korları doğru yola yönəldə bilərsənmi?!
  6. Allah insanlara heç zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
  7. Allahın onları bir yerə toplayacağı gün(ü xatırla!) Sanki (dünyada) günün bir saatını və bir-birini görüb tanıyacaqları miqdar dayandıqlarını (hiss edəcəklər). Allahla görüşməni (və dirilməni) yalan hesab edənlər sözsüz ki, ziyana uğrayıb doğru yola yönəlmədilər.
  8. Onlara vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (onlar əzaba düçar olmazdan əvvəl) səni dünyadan aparsaq da, istənilən halda, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!
  9. Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri onlara gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!
  10. “Əgər düz deyirsənsə, (bir xəbər ver görək) bu verdiyin vəd (əzab) nə vaxt olacaq?” – deyə soruşarlar.
  11. De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. (Bu qədər bilirəm ki,) hər ümmətin bir sonu vardır. Onların əcəli gəlib çatdıqda (əzab və ya ölüm fərmanları verildikdə) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.
  12. De: “Bir deyin görək əgər Onun əzabı sizə gecə, yaxud gündüz gəlsə, (onu özünüzdən dəf edə bilərsinizmi?) Günahkarlar nə üçün tələsirlər?
  13. Baş verdikdən sonra ona inanacaqsınız? (Sizə deyiləcək:) İndimi? Halbuki siz daha əvvəl ona tələsirdiniz (İndi nə faydası var?)
  14. Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək.
  15. Səndən: “O (ilahi əzab vədi) doğrudurmu?” – deyə soruşacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, şübhəsiz, doğrudur. Siz onun qarşısını ala bilməzsiniz!”

——————————————————————————————-

  1. Dünya həyatının qısalığı: Bunu bir neçə amillə izah etmək olar: 1. İnsanlar əbədi Qiyamət həyatı ilə müqayisədə dünya həyatının bir saatdan artıq olmadığını düşünəcəklər. 2. Əbədi olmayan dünya həyatı insanlar üçün elə sürətlə keçir ki, onun sanki bir saatdan artıq olmadığı təsəvvürü yaranır. 3. İnsanlar ömürlərindən düzgün istifadə etmədikləri üçün bütün ömürlərinin bir saatdan çox dəyərə malik olmadığını düşünürlər. Buna görə də təfsirlərdə “bir-birini görüb tanıyacaqları qədər” ifadəsində insanların dünyada qaldığı müddətin azlığına işarə edildiyi qeyd edilir. Yəni ömür o qədər qısadır ki, insanlar onun yalnız iki nəfərin bir-birini görüb tanış olduğu və ayrılığı qədər davam etdiyini güman edirlər. Ayənin təfsiri zamanı irəli sürülən ehtimallardan birində zamanın qısa olması deyilərkən “Bərzəx” dövrünün nəzərdə tutulduğu qeyd edilmşdir. Yəni onlar Bərzəxdə illərin və əsrlərin necə sürətlə keçdiyini sanki yuxuda olduqları kimi hiss edəcəklər. Belə ki, Qiyamət günü min illər, on min illərə bərabər olan Bərzəx həyatının bir saatdan çox olmadığını güman edəcəklər. Qeyd olunan təfsirə əsasən “bir-birini görüb tanıyacaqlar” cümləsinin mənası belə olacaq: Bərzəx həyatı onlar üçün o qədər qısa olacaq ki, dünya ilə bağlı heç nəyi unutmayacaq və bir-birini yaxşı tanıyacaqlar. Ya da orada bir-birinin çirkin əməllərini görüb bir-birinin iç üzünü görürlər. Bunun özü onlar üçün böyük bir rüsvayçılıqdır[32].

46-56. Peyğəmbəri (s) göndərdikdən sonra möminlərin xilas, kafirlərin əzaba düçar olması: Bu ayədə Allahın bütün ümmətlərə şamil olmuş və olmaqda davam edən qəti qanunundan xəbər verilir. O qanun da budur ki, Allah-taala əmrlərini insanlara çatdırmaq üçün bütün ümmətlərə peyğəmbərlər göndərmişdir. Sonra peyğəmbərlərlə ümməti arasında hökm vermək, imanlı şəxsləri xilas etmək, Allah və peyğəmbərlərini yalançı hesab edənləri əzaba düçar etmək üçün əzab nazil etmişdir. Sonra İslam peyğəmbərinə (s) bu qanununun heç bir istisnasız onun da ümmətinə şamil olduğunu çatdırmasını göstəriş vermişdir. Əlbəttə, ilahi əzabın Peyğəmbər (s) ümmətinə nə zaman nazil olacağını buyurmamış və onun zamanını gizli saxlamışdır. İmam Sadiqin (ə) bu surənn 50-ci ayəsi haqqında belə buyurduğunu oxuyuruq: “Bu ayədə ilahi əzabın nazil olacağını inkar edən, zahirdə müsəlman görünən axırzaman günahkarlarına göndəriləcək əzab nəzərdə tutulmuşdur.”[33]

  1. Əzab nazil olduqdan sonra tövbənin qəbul olunmaması: Bu ayədə əzab nazil olarkən tövbə qapısının bağlanacağından, peşmançılığın heç bir fayda verməyəcəyindən danışılır. Bunun səbəbi isə aydındır. Çünki belə bir halda edilən tövbə məcburiyyət və çıxılmazlıqdan edilən tövbəyə bənzəyir. Belə tövbənin isə heç bir dəyəri yoxdur[34]
  2. Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsa, onu (əzabın qorxusundan) öz xilası üçün verər. Onlar əzabı gördükləri zaman (peşman olsalar da, daha da rüsvay olmamaları üçün) peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar, heç birinə zülm edilməz.
  3. Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin onlar (bunu) bilməz!
  4. Dirildən də, öldürən də Odur. Ona doğru qaytarılacaqsınız!
  5. Ey insanlar! Rəbbiniz tərəfindən sizə bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə mərhəmət gəlmişdir!
  6. De: “Allahın bəxşiş, lütf və rəhməti ilə sevinsinlər. Bu, onların topladıqlarından daha xeyirlidir!”
  7. De: “Allahın sizə ruzi olaraq endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə icazə verdi, yoxsa Allaha iftira yaxırsınız? (Özünüzdən halal və haram hökmü çıxarırsınız?)”
  8. Allaha iftira yaxanlar Qiyamət günü(nün əzabı) barəsində nə düşünürlər? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların çoxu şükür etməz!
  9. Sən hansı halda olsan (və nə düşünsən), Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

——————————————————————————————

  1. Quran qəlb və ruh xəstəliklərinin dərmanıdır: İmam Əli (ə) bu həqiqəti çox aydın ifadələrlə bəyan etmişdir: “Dərdlərinizin dərmanını Quranda axtarın. Çətinliklə qarşılaşdığınızda Qurandan mədəd umun. Quran ən böyük dərdlərin, yəni küfr, nifaq, haqq yoldan azmanın dərmanıdır.”[35]
  2. Nemət və rəhmət: Bəxşiş və rəhmət arasında hansı fərqin olması təfsirçilər arasında uzun-uzadı mübahisələrə səbəb olmuşdur. Bəziləri ilahi bəxşiş və lütfkarlıqla zahiri nemətlərə, rəhmətlə isə batini nemətlərə işarə edildiyini hesab etmişlər. Bəziləri isə ilahi bəxşiş və lütfkarlıqla nemətin başlanğıcına, rəhmətlə isə nemətin davam etməsinə işarə edildiyini iddia etmişlər. Bəzi hədislərdə ilahi bəxşiş və lütf deyilərkən Peyğəmbərin (s) varlığı və peyğəmbərlik nemətinin, ilahi rəhmət deyilərkən isə Əlinin (ə) varlığı və imamət nemətinin nəzərdə tutulduğu qeyd edilmişdir. Sonuncu təfsirdə bəlkə də bu hədisə işarə edilmişdir. Çünki Peyğəmbər (s) İslamın başlanğıcı, Əli (ə) isə onun qalma və davam etmə səbəbi oldu[36].
  3. Cahliyyət dövründə heyvanların halal və haram üzrə bölgüsü: Burada İslamdan əvvəlki ərəblərin dəvə, qoyun və sair heyvanları öz cahil ənənələrinə uyğun olaraq halal və haram etməsi, onların arasında qəribə bölgülər aparması nəzərdə tutulmuşdur[37]. Vəsilə, saibə, hami və sairəni buna misal göstərə bilərik. (Daha ətraflı məlumat üçün bax: “Maidə” surəsi, 103-cü ayə.)
  4. Dünya Allahın hüzurudur: Bu ayədə bütün müsəlmanları haqq yolda saxlayacaq, onları sapmalardan qoruyacaq böyük bir məsələ qeyd edilmişdir. Bu məsələyə diqqət cəmiyyətin sağlam olmasına səbəb olur. İnsanlar bir həqiqəti yaddan çıxarmamalıdırlar ki, nə danışırıqsa, nə düşünürüksə, haraya baxırıqsa, hansı haldayıqsa, təkcə Allah deyil, Onun mələkləri də bizi izləyir, bütün diqqətləri ilə bizə nəzarət edirlər. Yerdə və göydə ən kiçik hərəkət belə Ondan gizli qalmır. Hər şey səhv, yanlış və dəyişiklikdən uzaq olan lövhi-məhfuzda, Allahın sonsuz elm səhifəsində, Allaha yaxın olan mələklərin və insanın əməllərni yazan mələklərin düşüncəsində, hamımızın əməl dəftərində qeyd edilir. Təsadüfi deyil ki, İmam Sadiq (ə) belə buyurmuşdur: “İslam peyğəmbəri (s) bu ayəni tilavət edəndə möhkəm ağlayırdı.” Bir halda ki Peyğəmbər (s) o cür ixlası, bəndəliyi, insanlara xidməti, yaradana ibadəti ilə Allahın elmi qarşısında öz əməllərinə görə o cür qorxu keçirirsə, bizim vəziyyətimiz məlumdur[38].
  5. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər.
  6. İman gətirmiş və (Allahın əmrinə qarşı çıxmaqdan) çəkinmiş şəxslər –
  7. dünyada da, axirətdə də şaddırlar. Allahın verdiyi vədlər heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!
  8. Onların sözləri səni kədərləndirməsin. Bütün izzət (güc və qüdrət) yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir!
  9. Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahdan qeyrisini Ona şərik qoşanlar (məntiq və dəlil qarşısında) tabe olmazlar. Onlar əsassız fikirlərə tabe olar və yalnız yalan danışarlar.
  10. Gecəni dincəlməyiniz üçün təyin edən, gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Bunlarda eşidən qulaqları olanlar üçün dəlillər vardır.
  11. “Allah Özünə övlad seçmişdir!” dedilər. Allah (hər bir eyib, nöqsan və ehtiyacdan) pak və müqəddəsdir. O, ehtiyacsızdır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu iddianıza heç bir dəliliniz yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?
  12. De: “Allaha qarşı yalan uyduranlar, (əsla) nicat tapmazlar!”
  13. Dünyadan (azacıq) mənfəətləri vardır. Sonra bizə doğru qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!

—————————————————————————————–

  1. Allah dostlarının qorxusu və qəm-qüssəsi olmaz: “Övliya” mənası iki şey arasında vasitəsizlik, yaxınlıq və fasiləszlik olan “vəli” sözünün cəmidir. Buna görə də övliyalar (Allah dostları) Allahla aralarında heç bir pərdə, maneə və fasilə olmayan şəxslərdir. Onların qəlblərində olan örtük aradan qalxmış, allahtanıma nuru, iman və pak əməl sayəsində Allahı qəlb gözü ilə heç bir şübhə, tərəddüd olmadan görürlər. Varlığı sonsuz, qüdrəti nəhayətsiz, mütləq kamillik olan Allahı bu cür tanıma sayəsində Allahdan qeyrisi nəzərlərində kiçik, dəyərsiz, qeyri-sabit görünür. Okeanla tanış olanın gözündə damcının heç bir dəyəri olmaz. Günəşi görən şəxs şamın işığına etina etməz. Buna görə də onların qorxusu və qəm-qüssəsi olmaz. Çünki insanda qorxu əlində olan nemətləri itirdiyi və ya gələcəkdə onu təhdid edən təhlükələr olduğu zaman yaranır. Qəm-qüssə də insanda əlində olan nemətləri itirdiyi üçün yaranır. Allahın həqiqi dostları maddi dünyanın bütün bağlılıqlarından və əsarətindən azaddırlar, başqalarını davamlı olaraq iztirab və narahatlıq içində saxlayan qorxular və qəm-qüssələr onlardan uzaqdır[39].

İmam Əlidən (ə) bu ayə və Allah dostlarının xüsusiyyətləri haqqında soruşulduqda İmam belə buyurmuşdur: “Allah dostları Allah üçün olan ibadəti səmimi şəkildə yerinə yetirən, başqaları təkcə dünyanın zahirinə baxdıqları halda, onlar dünyanın batininə baxan, (bu dərin baxış sayəsində) dünyanın gec yetişən təsirlərindən xəbərdar olan, başqaları dünyanın keçici bəzək-düzəyinə aldandığı halda, dünyanın onları tezliklə tərk edəcəyini bildikləri üçün onu tərk edən, dünyanın tezliklə onları öldürəcəyini bildikləri üçün ona qarşı olan sevgilərini ürəklərndən qovub çıxaran şəxslərdir.”[40] İmam Sadiq (ə) buyurmuşdur: “Qeybdə olduğu vaxt imamlarının (özlərini islah etməklə) zühurunu gözləyən, zühur etdiyi vaxt əmrinə müti olan Qaim İmamın (ə) ardıcıllarının xoş halına! Onlar Allah dostlarıdırlar. Onların qorxusu və qəm-qüssəsi olmaz.”[41]

  1. Allahın təqvalı insanlara müjdəsi: Bu ayədə Allahın Öz dostlarına dünya və axrətdə nəyi layiq görməsi təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Bəziləri hesab edir ki, bu, dünyasının dəyişib o dünyaya gedərkən mələklərin möminlərə “sizə vəd verilmiş Cənnət sizə mübarək olsun”[42] deyə verdiyi müjdədir. Bəzləri hesab edir ki, bu, Allahın möminlərin düşmən üzərində qələbə çalması və yer üzündə hökmranlıq etməsi ilə bağlı verdiyi qələbə vədləridir. Bəzi hədislərdə bu, mömnlərin dünyada gördükləri yaxşı yuxuların yozumları, qəbirlərindən qalxdıqdan sonra mələklərin onlara verdiyi Cənnət vədi olduğu qeyd edilmişdir. Ayədən müjdənin çox geniş məna ifadə etdiyi, hər növ müjdə, şadlıq, qələbə və uğuru ehtiva etdiyi məlum olur. Qeyd etdiyimiz bütün məzmunlar müjdənin ayrı-ayrı nümunələridir. İmam Sadiqin (ə) dostlarından biri İmamın belə buyurduğunu qeyd edir: “Bu məktəbin davamçıları ömürlərinin son anlarında elə şeylər görürlər ki, gözləri parlayır”. Ravi belə qeyd edir: “Mən israrla: “Nə görürlər?” – deyə soruşdum və on dəfə eyni sualı təkrar etdim. Lakin hər dəfəsində İmam təkcə bu cümlə ilə kifayətləndi: “Görərlər.” Məclisin sonunda üzünü mənə tərəf tutub səsləndi: “Deyəsən israr edib nəyi gördüklərini öyrənmək istəyirsən.” Dedim: “Bəli, əlbəttə.” Sonra ağladım. İmam halımı görüb lütfkarlıqla buyurdu: “O iki nəfəri görərlər.” Soruşdum ki, hansı iki nəfəri? Buyurdu: “Peyğəmbər (s) və Əlini (ə). Heç bir imanlı insan bu iki böyük şəxsyyətin ona müjdə verdiyini görmədən dünyaya göz yummaz. Bunu Allah Quranda bəyan edib.” Soruşdum ki, harada, hansı surədə? Bu vaxt İmam bu ayəni tilavət etdi”[43].
  2. Müşriklərə Nuhun əhvalatını danış. Bir zaman o, öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda olmağım və Allahın ayələrini sizə xatırlamağım sizə ağır gəlirsə (əlinizdən gələni edin), mən Allaha təvəkkül etmişəm. Məbudlarınızla birlikdə nə edəcəyinizi qərarlaşdırın. Sizə heç nə gizli qalmasın (görəcəyinz işi hərtərəfli yoxlayın), sonra mənə heç möhlət də verməyib həyatıma son qoyun!
  3. Əgər siz (dəvətimi qəbul etməkdən) üz çevirsəniz, (pis iş görmüş olarsınız, çünki) mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (Allahın əmri qarşısında təslim) olmaq əmr edilmişdir!”
  4. Lakin onlar Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bax gör qorxudulanların (lakin ilahi qorxuya əhəmiyyət verməyənlərin) aqibəti necə oldu!
  5. Nuhun ardınca öz ümmətlərinə elçilər göndərdik. Onlar açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq bunlar daha öncə yalan hesab etdikləri şeyə iman gətirmədilər. Biz (dərk etməmələri üçün) həddi aşanların ürəklərini belə möhürləyirik.
  6. Onlardan sonra Musanı və Harunu öz ayələrimizlə Firon və tərəfdarlarına göndərdik. Lakin onlar təkəbbürlük etdilər (və haqqa tabe olmadılar). Çünki günahkar bir dəstə idilər.
  7. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər.
  8. Musa dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar (əsla) nicat tapmazlar!”
  9. Onlar: “Bizi atalarımızın tapındığından döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə (əsla) iman gətirmərik!” – dedilər.

—————————————————————————————-

  1. Din rəhbərlərinin düşmən qarşısında şücaəti: Həzrət Nuh (ə) “məbudlarınızla birlikdə nə edəcəyinizi qərarlaşdırın. Sizə heç nə gizli qalmasın (görəcəyinz işi hərtərəfli yoxlayın)…” cümləsi ilə xalqını ona qarşı bütün gücünü səfərbər etməyə təhrik etdi. Təbii ki, bu çağırış onların özlərinin və bütlərinin aciz və gücsüz olduğunu, Allahın Öz peyğəmbərini düşmənlərdən qoruya biləcəyini göstərmək üçün idi[44]. Bu ayələr nazil olduğu vaxt Peyğəmbərin (s) vəziyyəti eynilə Nuhun (ə) vəziyyəti kimi idi. Sanki Allah-taala bu ayələri göndərməklə peyğəmbərə düşmənin güc və qüdrətinə əhəmiyyət verməməyi, cəsarətlə öz yoluna davam etməyi göstəriş verirdi. Çünki onun arxalandığı varlıq Allahdır. Heç bir qüvvə Onun qüdrəti qarşısında müqavimət göstərə bilməz. Bəzi təfsirçilər Nuhun bu cümləsni və peyğəmbərlərin buna bənzər ifadələrini möcüzənin bir növü hesab etmişlər. Çünki onlar aşkarda heç bir imkana malik olmadıqları halda, düşməni məğlub edəcəkləri ilə təhdid edir, özlərinin qələbəsindən xəbər verirdilər. Bu, bütün İslam rəhbərləri üçün böyük bir dərsdir. İslam rəhbəri düşmənlərin izdihamı qarşısında qorxmamalı, Allaha təvəkkül etməli, yüksək qətiyyət və əzmkarlıqla onları meydana çağırmalı, aciz olduqlarını elan etməlidir. Bu mühüm amil ardıcılların ruhiyyəsinin güclənməsinə, düşmənlərin ruhiyyəsinin sınmasına səbəb olur[45].
  2. Peyğəmbərlik mükafatı: Həzrət Nuh (ə) “əgər siz (dəvətimi qəbul etməkdən) üz çevirsəniz, (pis iş görmüş olarsınız, çünki) mən sizdən heç bir muzd istəmirəm” cümləsi ilə demək istəyir ki, əgər siz məndən üz çevirsəniz, mənim üçün heç bir problem olmayacaq. Çünki mən sizdən haqq istəmədim ki, sizin üz çevirməyiniz mənim haqqımın aradan getməsinə səbəb olsun. Mənim muzdumu Allah verir[46]. Yalançı iddiaçılarla müqayisədə həqiqi peyğəmbərlərin ən parlaq əlamətlərindən biri onların ilahi maraq güdməsindədir. İlahi maraq peyğəmbərlik iddiasının düzlüyünün dəlilidir. Halbuki yalançı iddiaçılar maddi maraq güdür, kahinlər və sairədə müşahidə edildiyi kimi, onların məqsədi yalnız şəxsi mənfəətlərdir. Quranda ilahi peyğəmbərlərin öz zəhmətləri müqabilində heç nə ummaması mövzusunun daha çax qabardılması onların bu imtiyazla tanına biləcəyindən xəbər verir. Onlar bu şüarı həm sözdə vermiş, həm də əməldə göstərmişdilər. Halbuki yalançı bir iddiaçı belə bir söz deyib, onu əməldə əsla göstərə bilməz[47].
  3. Əhli-beyt (ə) müsəlmanların nicat gəmisidir: Bu ayəyə əsasən Nuhu yalançı hesab edənlərin hamısı həlak oldu, təkcə Nuh (ə) və onunla birlikdə gəmidə olanlar xilas oldular. Sünni və şiə ravilərinin əksəriyyətinin Peyğəmbərdən (s) nəql etdiyi və “Gəmi hədisi” adı ilə şöhrət tapmış hədisdə Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ondan yapışan xilas olacaq, ondan imtina edən boğulacaq.” Yəni yalnız Peyğəmbərin (s) Əhli-beyti ilə birlikdə olanlar xilas olacaqlar[48].
  4. Möcüzə ilə sehrin fərqi: Əvvəlki ayədə həzrət Musanın (ə) düşmənlərinin onun möcüzəsini sehr və cadu hesab etdiklərini oxuduq. Bu ayədə Musanın (ə) özünü müdafiə etmək üçün iki dəlil gətirdiyi qeyd edilir. Birincisi, o buyurur: Bu sehr və cadu deyil, həqiqətdir. Yəni möcüzə və sehr, hər ikisi insanları öz təsiri altına alsa da, sehr yanlış, sehrbazların işləri məqsədsiz, məhdud və az dəyərlidir. Lakin peyğəmbərlərin möcüzələri həqiqətdir, islah etmə və tərbiyələndirmə kimi gözəl məqsədlərə xidmət edir, daha geniş və məhdudiyyətsiz formada təqdim edilir. İkincisi, o buyurur: “Sehrbazlar əsla xilas olmayacaqlar”. Fəaliyyətləri aldadıcı və azdırıcı xüsusyyətə malik olan sehrbazlar mənfəətpərəst, azdırıcı, dəyişən və yalançı şəxslər olurlar. Onları gördükləri işlərdən tanımaq olar. Lakin peyğəmbərlər haqq tələb edən, ürəyiyanan, təmiz ürəkli, məqsədyönlü, dindar, maddiyyata etina etməyən şəxslərdir. Sehrbazların ixlasla işləri yoxdur, onları sərvət, məqam, və şəxsi mənfəətlər maraqlandırır. Halbuki peyğəmbərlərin məqsədi Allahın yaratdığı insanları haqqa doğru yönəltmək, insan cəmyyətinin maddi və mənəvi dünyasını islah etməkdir[49].
  5. Firon: “Nə qədər bilikli sehrbaz (cadugər) varsa, yanıma gətirin!” – dedi.
  6. Sehrbazlar gəldikdə Musa: “Ata biləcəklərinizi (sehr-cadu vasitələrinizi) atın” – dedi.
  7. Onlar atdıqda Musa dedi: “Sizin gətirdiyiniz (etdiyiniz) hər şey sehrdir. Allah tezliklə onu batil edəcəkdir. Çünki Allah fitnə-fəsad törədənlərin əməllərini islah etməz!
  8. Günahkarlar istəməsələr də, Allah, haqqı Öz vədilə gerçəkləşdirəcək!”
  9. Firon və tərəfdarlarının işkəncələrinin qorxusundan (ilk başlanğıcda) Musaya öz qövmündən olan kiçik bir qrup istisna olmaqla, heç kəs iman gətirmədi. Çünki Firon o yerdə hökmdar və həddi aşmışlardan idi.
  10. Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”
  11. Onlar dedilər: “Yalnız Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım tayfanın işkəncələrinə məruz qoyma!
  12. Və bizi Öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”
  13. Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər seçin, evlərinizi bir-birinin qarşısında tikin, namaz qılın və möminləri (zəfərlə) müjdələyin!” – deyə vəhy etdik.
  14. Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və tərəfdarlarına dünyada zinət və mal-dövlət vermisən! Ey Rəbbimiz! (Nəticədə, bəndələrini) Sənin yolundan azdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və (törətdikləri günahlara görə) ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”

—————————————————————————————

  1. Cadugərlərin cadusunun puça çıxarılması: Bu ayədə həzrət Musa (ə) baş verəcək hadisə (əsanın əjdahaya çevrilməsi) ilə uyğunluq təşkil edəcək bir həqiqətə aydınlıq gətirir. Cadugərlərin etdikləri (iplərin və əsaların ilan və əjdaha şəklində görünməsi) sehrdir. Sehr gerçək olmayanın gerçək kimi göstərilməsidir. Sehr və cadunun əsası batil olduğu üçün Allah da onu batil edir və puç olduğunu açıb göstərir. Haqqı aşkar və davamlı etmək, batili aradan aparmaq Allahın qanunudur. Batilin nail olduğu qüdrət müvəqqəti olar. Qüdrət və əbədilik haqqa məxsusdur. Batilin və nahaqqın müvəqqətiliyi Allah-taalanın bir çox ayədə bəyan etdiyi bir həqiqətdir. Nəzər nöqtəsi olan ayənin sonunda da buna təkid edərək buyurmuşdur: “Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.”[50]
  2. İsrail övladlarının şəhərdə məskunlaşmağa başlaması: “Qiblə” sözünün leksik mənası qarşı-qarşı olmaqdır. Qiblə sözünün bu gün məşhur olan mənası onun ikinci dərəcəli mənasıdır[51]. Bu ayəni təfsir edərkən bildirirlər ki, Allah Musa və qardaşına (Allahın salamı olsun onların hər ikisinə) vəhy edib Misirdə qövmləri üçün ev tikmələrini göstəriş verir. Həmin vaxta qədər İsrail övladları şəhər həyatı görməmiş, səhra sakinləri kimi çadırlarda yaşamışdılar. Onlara təbliğat aparmaları və məşvərət etmə imkanına malik olmaları, namazlarını cəm şəkildə qılmaları üçün evlərini sıra ilə qarşı-qarşıya, divar-dvara tikmək göstərişi verilir[52].
  3. Musanın (ə) nifrini və onun qəbul edilməsi: Firon tərəfdarlarının iman gətirəcəyindən tamamilə ümid kəsildikdən sonra həzrət Musa (ə) onları nifrin etmişdir. Onların əsla xilas olmayacağı, yalnız azğınlaşmaqda davam edib, başqalarını da azğınlığa sürükləyəcəyi qəti şəkildə aydınlaşdıqdan sonra Musa (ə) onları nifrin edir və Allahdan Firon tərəfdarlarının iman gətirməməsini, yalnız ilahi əzabı gördükləri zaman, imanın heç bir faydası olmayacağı vaxt iman gətirmələrini istəyir[53].
  4. Buyurdu: “Duanızı qəbul etdim. Qətiyyətli olun və bilməyənlərin yolunu izləməyin!
  5. İsrail oğullarını dənizdən (Nil çayından) keçirtdik. Firon və qoşunu zalımcasına və təcavüzkarcasına onları təqib etdi. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən təslim olanlardanam!” – dedi.
  6. (Ancaq ona belə xitab edildi:) İndimi? Halbuki daha əvvəl üsyan etmiş və fitnə-fəsad törədənlərdən olmuşdun!
  7. Gələcək nəsillərə bir ibrət olasan deyə, bu gün bədənini xilas edəcəyik. İnsanların çoxusu ayələrimizdən xəbərsizdirlər!
  8. (Sonra) İsrail oğullarını münasib bir yerdə məskunlaşdırıb, təmiz və pak (halal) ruzilər verdik. Onlar elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir!
  9. Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl səmavi kitab oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbin tərəfindən yetişmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!
  10. Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!
  11. Barələrində Rəbbinin fərmanı gerçəkləşmiş olanlar iman gətirməzlər!
  12. Şiddətli əzabı görənə qədər bütün ayələri görsələr belə (iman gətirməzlər).

—————————————————————————————–

  1. Məcburi imanın faydasızlığı: Musanın (ə) öncədən verdiyi xəbərlər biri-digərinin ardınca gerçəkləşdikdən, bu böyük peyğəmbərin doğruçu olduğuna əvvəlkindən daha artıq əmin olduqdan və gücünü gördükdən sonra Firon çıxılmaz vəziyyətdə qalıb iman gətirdiyini elan etdi. Ümid edirdi ki, Allah İsrail övladlarını dağ boyda dalğalardan xilas etdiyi kimi, onu da xilas edəcək[54]. Zülmkarlar və dövrün despot hökmdarları usanmadan öz çirkin əməllərini davam etdirirlər. Lakin ölüm onları yaxaladığında, pərdələr qalxdığında, etdkləri əməllərin nəticəsi gözləri önündə təcəssüm etdiyində peşman olur və iman gətirdiklərini elan edirlər. Halbuki bu imanın heç bir faydası və dəyəri olmur. Əməli edib-etməmək kimi ixtiyari seçim olduğu zaman gətirilən imanın dəyəri vardır. Habelə insanın xeyir və şər səbəbi olacağı dünyada gətirdiyi imanın qiyməti vardır. Ancaq dalğaların qoynunda saman çöpü kimi o tərəf-bu tərəfə çırpılan şəxsin gətirdiyi imanın faydası və dəyəri yoxdur[55].
  2. Fironun cansız bədəninin sahilə çıxması: Təfsirçilərin əksəriyyəti hesab edirlər ki, “bədən” deyilərkən bu ayədə Fironun cansız bədəni nəzərdə tutulmuşdur. Çünki o bölgənin insanlarının təsəvvüründə Firon o qədər əzəmətli bir varlıq hesab edilirdi ki, əgər bədəni sudan çıxmasaydı, çoxları Fironun batdığına inanmayacaq və onun xilas olması ilə bağlı əfsanələr qoşacaqdılar. Bu səbəbdən də gələcək nəsillərə ibrət olsun deyə, Allah-taala onun cansız bədənini sahilə çıxardı. Bu gün də Misir və Britaniya muzeylərində fironlardan neçəsinin bədəni mumiyalanmış şəkildə qorunur. Bəziləri onlardan birinin Musanın (ə) müasiri olmuş Fironun bədəni olduğunu ehtimal edirlər[56].
  3. Münasib yer: Münasib yer deyilərkən insanın məskunlaşmaq üçün arzuladığı yer nəzərdə tutulur. Sanki həmin yer “mən insanların məskunlaşması üçün yaxşı yerəm və bu iddiamda doğruyam”, – deyə səslənir. Gözəl ab-havaya, bərəkətli torpağa, bol nemətlərə malik olması, insanın məskunlaşması üçün uyğun olması münasib yerin xüsusiyyətlərindəndir. İsrail övladlarının məskunlaşdığı əlverişli və münasib yer deyilərkən Beytül-müqəddəs və Şam torpaqları nəzərdə tutulmuşdur. Allah-taala onları həmin ərazidə məskunlaşdırıb, buranı müqəddəs və mübarək adlandırmışdır. Quranda onların bu əraziyə daxil olması hadisəsi qeyd edilmişdir[57].
  4. Peyğəmbərin (s) şübhə və tərəddüdü var idimi? Allah-taala bu ayədə Peyğəmbəri (s) himayə etmək və nazil etdiyinin doğru olduğunu sübuta yetirmək üçün Peyğəmbərə (s) kitab əhlinin öz kitablarını təhrif etməyən və onu düzgün oxuyanlarından bu barədə soruşmaq göstərişi verir. Çünki bu ilahi maarif ümumi şəkildə bütün səmavi kitablarda öz əksini tapmışdır. Bu ayədə diqqət yetirilməsi tələb olunan ən mühüm nüans budur ki, Peyğəmbər (s) ona nazil olana şübhə etməmişdir. “Əgər şübhən varsa” ifadəsi nəzərdə tutulan mövzunu sübuta yetirmək və gücləndirmək məqsədi daşıyır. Belə ki, bu ifadə formasından elmi və rasional mübahisələrdə çox istifadə edilir. Məsələn, mübahisə tərəfi tərəf müqablini qane edəcək və öz iddiasını sübuta yetirəcək tutarlı və qənaətbəxş bir dəlil gətirir. Lakin tərəf müqabilinin heç bir şübhəsi qalmadığı halda, öz iddiasını daha da möhkəmləndirmək üçün “əgər şübhən varsa” deyərək başqa bir dəlil də gətirir[58].
  5. Nə üçün Yunisin ümmətindən başqa iman gətirib imanı özünə fayda verən heç bir şəhər və kənd olmadı? (Yunisin ümməti) iman gətirdikləri vaxt onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
  6. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Sən insanları iman gətirməyə məcburmu etmək istəyirsən?! (Məcburi imanın nə faydası var?)
  7. Allahın əmri (izni, yardımı, hidayəti) olmadan heç kəs iman gətirə bilməz. Düşünməyən insanlara çirkab (günah və küfür çirkabı) nəsib edər.
  8. De: “Baxın, göylərdə və yerdə (Allahın birliyi və ayələrindən xəbər verən) nələr var!” Lakin bu ayələr və qorxutmalar iman gətirməyənlərə (inadkarlıqları ucbatından) heç bir fayda verməz!
  9. Onlar özlərindən əvvəlkilərin günlərinə bənzər bir gün (bəla və müsibətlər) gözləyirlər!” De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm!”
  10. Sonra (bəla və əzab nazil olduğunda) peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir.
  11. De: “Ey insanlar! Əgər mənim dinim barəsində şübhəyə düşmüsünüzsə, (bilin ki,) mən Allahı qoyub tapındıqlarınıza ibadət etmərəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.
  12. Və (mənə:) “Hər növ şirkdən uzaq olan bir dinə tərəf üz tut və müşriklərdən olma,
  13. Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən heç nəyi çağırma! Əgər belə etsən, zülm edənlərdən olarsan!” (deyə əmr edilmişdir.)

—————————————————————————————–

  1. Yunisin (ə) qövmünün imanı: Şübhə yoxdur ki, digər xalqlardan da çoxlu sayda iman gətirənlər olmuşdur. Yunisin (ə) qövmünün digərlərindən fərqləndirilməsinin səbəbi qövmün qəti əzab göndərilmədən hamılıqla iman gətirməsi olmuşdur. Halbuki digər qövmlər arasında Allahın qəti əzabı enənə qədər öz inkarçı mövqelərində möhkəm dayanan çoxlu sayda insanlar olmuşdur. Onlar ilahi əzabı gördükdən sonra iman gətirdklərini elan etsələr də, 90-cı ayədə qeyd edilən səbəbdən imanlarının heç bir faydası olmamışdır. Yunisin (ə) qövmünün iman gətirməsi hadisəsi belə baş vermişdir: Yunis (ə) Neynəva (İraq) səhrasında məskunlaşmış qövmünün iman gətirməyəcəyini görüb aralarında yaşayan bir abidin təklifi ilə camaatı qarğıyır. Digər tərəfdən isə elmli və bilikli bir şəxs Yunisə (ə) dua etməyi, daha çox təbliğat aparmağı və məyus olmamağı təklif edirdi. Yunis (ə) bu macəradan sonra qövmünü tərk edir. Dəfələrlə onun sözlərinin düzlüyünün şahidi olmuş qövm həmin elmli adamın yanına gedib onlara bir yol göstərməsini xahiş edir. Həmin vaxt əzab nazil olmasa da, əzab əlamətləri görünməkdə idi. Onlar fürsəti qənimət bilib, alimin tövsiyəsi ilə şəhəri tərk edib duaya, yalvarıb-yaxarmağa başlayır, iman gətirdiklərini deyib tövbə edirlər, Allahın nəzərlərini daha çox cəlb etmək, rəhmət və mərhəmətinə nail olmaqdan ötrü uşaqları analarından ayırır, cod və qiymətsiz paltarlar geyinir və öz peyğəmbərlərinin axtarışına çıxırlar. Lakin ondan heç bir əsər-əlamət tapmırlar. Bu vaxt edilmiş həqiqi tövbə öz işini görür, əzab əlamətləri çəkilir və əmin-amanlıq yenidən hökm sürür. Yunis (ə) başına gələn uzun-uzadı macəradan sonra qövmünə doğru geri qayıtdıqda onu ürəkdən və səmimi qəbul edirlər. Bir nüansı qeyd etməliyik ki, Yunisin (ə) qövmü qəti əzaba məruz qalmamışdır. Əks təqdirdə tövbələri qəbul edilməzdi. Adətən qəti əzab gəlməzdən əvvəl göndərilən xəbərdarlıqlar onlar üçün kifayət qədər oyadıcı olmuşdur. Halbuki Fironun tərəfdaları dəfələrlə bu təhlükələrin və xəbərdarlıqların şahidi olsalar da, onları ciddiyə almamış, sonda qəti əzaba düçar olmuşlar[59].
  2. İman Allahın hədiyyəsi və insanın seçimidir: Bu ayənin sonrakı ayə ilə təzad təşkil etdiyi təsəvvür edilə bilər. Çünki bu ayədə Allahın heç kəsi iman gətirməyə məcbur etmədiyi buyurulduğu halda, sonrakı ayədə Allahın əmr və istəyi olmadan heç kəsin iman gətirə bilməyəcəyi buyurulmuşdur. Bir nüansa diqqət edilsə, sözügedən ziddiyət aradan qalxar. O da budur ki, inancımıza görə, nə məcburiyyət düzdür, nə də qeyd-şərtsiz azadlıq. Yəni insanlar davranışlarında məcbur və ixtiyarsız olmadıqları kimi, tam şəkildə başlı-başına da buraxılmamışlar. İradə azadlığına malik olmaqla yanaşı, Allahın yardımına da ehtiyacları vardır. Bu iradə azadlığını insana Allah vermişdir. Ağıl, idrak və təmiz vicdan da Onun nemətlərindəndir. Peyğəmbərlərin (ə) və səmavi kitabların haqqa doğru yönləndirməsi də Onun tərəfindəndir. Buna görə də iradə azadlığı ilə yanaşı, iman neməti və onun məhsulunun mənbəyi Allahdır[60].
  3. Ölüm Allahın ixtiyarındadır: Bu ayədə Allahın sifətlərinin arasından “öldürən” sifəti qeyd edilmişdr. Belə ki, müşriklər bütlərə pislikləri dəf etdiyini və yaxşılıqların mənbəyi olduğunu düşündükləri üçün ibadət edirdilər. Lakin öldürmək məsələsinə gəlincə, ölümün hər kəsi haqlayacağına və hər kəsin ölümü dadacağına əmin idilər. Digər tərəfdən isə ölümün başqasının deyil, məhz təkcə Allahın əlində olduğunu bilirdilər. Buna görə də qeyd olunan sifət can vermənin acısından xilas olmaq üçün onların Allaha ibadət etməsinə stimul ola bilər. Bundan əlavə, Allahın bu sifətinin qeyd edilməsi bir növ müşrikləri təhdid xarakteri daşıyır. Çünki Allah-taala əvvəlki ayələrdə onlara əzab vədi vermiş və əzab gəldiyi vaxt müşriklərin ölümünün qaçılmaz olduğunu bildirmişdir[61].
  4. Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir.
  5. De: “Ey insanlar! Rəbbiniz tərəfindən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, bunu özü üçün etmişdir, kim azğınlığa düşsə, haqq yoldan sapıb özünə ziyan etmişdir. Mən sizə məmur deyiləm (mənə sizi məcbur etmək əmr edilməyib)”.
  6. Sənə vəhy edilənə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır.

[1] Nümunə, c.8, səh.213

[2] “Gözəl mükafat” kimi tərcümə etmişik

[3] Nümunə, c.8, səh.216

[4] Əl-Mizan, c.10, səh.19

[5] Nümunə, c.8, səh.219

[6] Nümunə, c.8, səh.219

[7] Nümunə, c.8, səh.224

[8] Nəhcül-bəlağə, 110-cu xütbə

[9] Nümunə, c.8, səh.223

[10] Təfsiri-mövzui, c.5, səh.334

[11] Əl-Mizan, c.10, səh.21

[12] Əl-Mizan, c.10, səh.25

[13] Təfsiri-mövzui, c.1, səh.335

[14] Nümunə, c.8, səh.250

[15] Təfsiri-mövzui, c.12, səh.270

[16] Nümunə, c.8, səh.254

[17] Əl-Mizan, c.10, səh.33

[18] Nümunə, c.8, səh.257

[19] Əl-Mizan, c.10, səh.29

[20] Nümunə, c.8, səh.263

[21] Ənam surəsi, 160-cı ayə

[22] Nisa surəsi, 173-cü ayə

[23] Əl-Mzan, c.10, səh.40

[24] Təfsiri-mövzui, c.5, səh.81

[25] Əl-Mizan, c.10, səh.47

[26] Təfsiri-mövzui, c.14, səh.258

[27] Nümunə, c.8, səh.277

[28] Əl-Mizan, c.10, səh.53

[29] Əl-Mizan, c.10, səh.62

[30] Əraf surəsi, 169-cu ayə

[31] Yunus surəsi, 39-cu ayə

[32] Nümunə, c.8, səh.303

[33] Əl-Mizan, c.10, səh.66

[34] Nümunə, c.8, səh.312

[35] Nəhcül-bəlağə, 175-ci xütbə

[36] Nümunə, c.8, səh.322

[37] Əl-Mizan, c.10, səh.79

[38] Nümunə, c.8, səh.331

[39] Nümunə, c.8, səh.333

[40] Əl-Mizan, c.10, səh.92

[41] Nurus-səqəleyn, c.3, səh.222

[42] Fussilət surəsi, 30-cu ayə

[43] Nümunə, c.8, səh.337; Əl-Mizan, c.10, səh.94

[44] Əl-Mizan, c.10, səh.97

[45] Nümunə, c.8, səh.351

[46] Əl-Mizan, c.10, səh.98

[47] Pəyame-Quran, c.7, səh.64 və 65

[48] Ətyəbül-bəyan, c.6, səh.430

[49] Nümunə, c.8, səh.359

[50] Əl-Mizan, c.10, səh.104

[51] Nümunə, c.8, səh.371

[52] Əl-Mizan, c.10, səh.109

[53] Əl-Mizan, c.10, səh.110

[54] Nümunə, c.8, səh.376

[55] Mənşuri-cavid,c.12, səh.131

[56] Nümunə, c.8, səh.377

[57] Əl-Mizan, c.10, səh.114

[58] Əl-Mizan, c.10, səh.116

[59] Nümunə, c.8, səh.387

[60] Nümunə, c.8, səh.390

[61] Əl-Mizan, c.10, səh.126