Quran TəfsiriQURANI KƏRIM

“Ənfal” surəsi

“Ənfal” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Səndən ənfal[1] (qənimətlər, sahibi bəlli olmayan istənilən mal) haqqında soruşarlar. De: “Qənimətlər Allah və Peyğəmbərə məxsusdur. Buna görə də əgər imanınız varsa, Allahdan (Onun əmrindən çıxmaqdan) qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!
  2. Möminlər yalnız o şəxslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri onlara oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər.
  3. Namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
  4. Həqiqi möminlər onlardır. Onların öz Rəbləri yanında dərəcələri vardır. Onları bağışlanma və qüsursuz ruzi gözləyir!
  5. (Bəzilərinin Bədr qənimətlərinin bölgüsünə etiraz etməsi) bir qrup möminin narazı olmasına baxmayaraq, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzəyir!
  6. Haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər. (Qorxu və dəhşət onları elə sarmışdı ki,) sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.
  7. Xatırlayın, bir zaman Allah sizə iki dəstədən birinin (Qüreyşin ticarət karvanının və ya onların silahlı ordusunun) sizin olacağına vəd vermişdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.
  8. Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi.

——————————————————————————————

“Ənfal” surəsinin ümumi məzmunu: Surənin əvvəlində İslam maliyyə sisteminin ən mühüm sahəsinə, o cümlədən “beytül-mal”ın (İslam xəzinəsinın) əsas qaynaqlarından hesab edilən əlavə gəlirlər və qənimətlərə işarə edilmiş, sonra həqiqi möminlərin xüsusiyyətləri, üstün keyfiyyətləri, Bədr döyüşü, cihad hökmlərinin mühüm cəhətləri, düşmən hücumları qarşısında müsəlmanların əsas vəzifələri, Peyğəmbərin (s) hicrəti, həmin gecə baş verən mühüm tarixi hadisə (leylətül-məbit hadisəsi), müşriklərin İslamdan öncəki vəziyyəti və xurafatları, ilk dövrlərdə müsəlmanların zəif olması, sonradan İslam sayəsində güclənməsi, xümsün hökmləri və onun bölgü forması, istənilən zaman və məkan çərçivəsində cihada hərbi, siyasi və ictimai cəhətdən hazır olmaq zərurəti, zahirən sayca az olmalarına baxmayaraq, düşmənlə  müqayisədə müsəlmanların mənəvi cəhətdən daha üstün qüvvələrə malik olması, əsirlərlə bağlı hökmlər, onlarla davranış tərzi, hicrət edənlər və etməyənlər, münafiqlərə qarşı mübarizə və onlarla olan problemlər, münafiqlərin tanınması yolları, sonda bir sıra etik, əxlaqi və ictimai mövzulardan bəhs edilmişdir[2].

  1. Ənfal: Bu ayə haqqında bir neçə nazilolma səbəbi qeyd edilmişdir. Bədr döyüşündən sonra qənimətlərin bölüşdürülməsinin müsəlmanlar arasında mübahisəyə səbəb olması bütün hədislərin ortaq cəhətidir. Müsəlmanlar Peyğəmbərdən (s) məsələyə aydınlıq gətirməsini istədikdə Allah-taala bu ayəni nazil edir və onlara bildirir ki, qənimətlərin bölgüsü onların deyil, Allahın və Onun peyğəmbərinn əlindədir, onların bölgüsü Allaha və peyğəmbərinə aiddir. Bundan sonra Peyğəmbər (s) qənimətləri müsəlmanlar arasında bərabər şəkildə bölür[3]. Bu ayə döyüş qənimətləri haqqında nazil olsa da, onun məzmunu ümumi bir hökmü ehtiva edir, bütün əlavə (sahibi bəlli olmayan) mallara şamil olur. Bu səbəbdən də Əhli-beyt (ə) imamları tərəfindən bizə çatmış hədislərdə “ənfal”ın çox geniş məzmun ifadə etməsi ilə bağlı məlumat verildiyinə rast gəlirik[4].
  2. İnsanlar arasında sülh yaratmağın üstünlüyü: Sülh, barışıq yaratmaq, kin-küdurəti, düşmənçilikləri aradan qaldırmaq, kin-küdurəti səmimiyyət, düşmənçilikləri dostluqlarla əvəz etmək İslamın ən mühüm proqramlarındandır. İslam təlimlərində bu mövzuya ən yüksək ibadətlərdən sayılacaq qədər böyük əhəmiyyət verilmişdir. Möminlərin əmiri İmam Əli (ə) şəhadət yatağında son vəsiyyətlərini edərkən övladlarına belə buyurmuşdur: “Allah yadınızda olsun, Allah yadınızda olsun, aranızda barışıq yaradın. Babanız Peyğəmbərin (s) “insanlar arasındakı münasibətləri düzəltmək, bütün (müstəhəb) namaz və oruclardan üstündür”, – deyə buyurduğunu eşitdim.”[5]
  3. Bədr döyüşünə hazırlıqlar: Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müsəlmanlar xəbər tuturlar ki, Əbu Süfyanın başçılığı ilə Qüreyş ticarət karvanı Şamdan Məkkəyə qayıdır. Peyğəmbər (s) səhabələrinə göstəriş verir ki, müşriklərin müsəlmanlara vurduğu ziyanların əvəzini çıxmaq üçün həmin karvana doğru hərəkətə keçsinlər və karvanı malları qarışıq müsadirə etsinlər. Əbu Süfyan Mədinədəki dostlarından birinin vasitəsilə bu hadisədən xəbər tutur. Məkkəyə bir qasid göndərib yardım istəyir. Məkkə camaatının çoxunun bu karvanda payı olduğu üçün tez bir zamanda səfərbər olurlar. Bir hissəsini Məkkənin tanınmış və adlı-sanlı adamları təşkil edən 950 nəfərlik orduya Əbu Cəhl rəhbərlik edir. Ordu 700 dəvə, 100 atlı və 150 piyadadan ibarət olur. Digər tərəfdən, Əbu Süfyan müsəlmanların hücumlarından xilas olmaq üçün yolunu dəyişərək sürətlə Məkkəyə doğru hərəkətini davam etdirir. İslam peyğəmbəri (s) o vaxtın bütün mübariz müsəlmanlarından ibarət olan 313 nəfərlik ordu ilə Məkkə ilə Mədinə arasındakı Bədr adlanan əraziyə çatdıqda Qüreyş ordusunun hərəkətə keçdiyini eşidir. Bu ayə həmin şəraitdə müsəlmanların hansı vəziyyətdə olduğunu bəyan edir[6].
  4. Rəbbinizdən kömək dilədiyiniz, Onun da duanızı: “Mən sizə bir-birinin ardınca enən min mələklə yardım edərəm!” – deyə qəbul buyurduğu zamanı (xatırlayın).
  5. Allah bunu yalnız bir müjdə olsun və qəlbiniz onunla rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  6. Üzərinizə Allah tərəfindən istirahət və rahatlıq vasitəsi olan xəfif bir yuxu çökdüyü, sizi təmizləmək, Şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, ürəklərinizi möhkəm və addımlarınızı mətin (ayaqlarınızın altını möhkəm) etmək üçün göydən üstünüzə yağış yağdırdığı vaxtı xatırlayın!
  7. Rəbbinin mələklərə: “Mən də sizinləyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Zərbələri onların boyunlarına endirin, bütün barmaqlarını doğrayın!”, – deyə vəhy etdiyi zamanı xatırlayın!
  8. Bu, onların Allah və Onun Peyğəmbərilə düşmənçilik etməsinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə düşmənçilik etsə, (şiddətli əzaba düçar olar). Allah şiddətli əzab verəndir.
  9. Bunu (dünyadakı bu əzabı) dadın. Kafirlər üçün (o biri dünyada) od əzabı da olacaq.
  10. Ey iman gətirənlər! Döyüş meydanında bir yerə toplaşmış kafirlərlə qarşılaşsanız, onlara arxa çevirməyin!
  11. Yenidən hücuma keçmək məqsədilə meydanı tərk edən və ya başqa bir dəstəyə (mücahidlər dəstəsinə) qoşulmaq məqsədi güdən şəxs istisna olmaqla, belə bir vaxtda onlara arxa çevirən hər kəs Allahın qəzəbinə tuş gələcək. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!

——————————————————————————————–

9-10. Mələklər müsəlmanların köməyinə tələsirlər: İbn Abbasdan belə nəql edilmişdir: “Bədr günü iki qoşun qarşı-qarşıya dayanıb mövqe tutduqdan sonra Əbu Cəhl dedi: “İlahi, bu iki dəstədən hansı yardıma daha layiqdirsə, ona yardım göstər!” Müsəlmanlar da Allahdan yardım istədilər. Sonra Allah mələkləri endirdi.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Peyğəmbər (s) müşriklərin qoşununun sayının çox, müsəlmanların sayının az olduğunu gördükdə üzünü qibləyə tərəf tutaraq buyurdu: “İlahi, mənə verdiyin vədə vəfa et! İlahi, bu dəstə – səhabələrinə işarə edərək – həlak olsa, artıq yer üzündə Sənə ibadət edən olmaz.” Əllərini göyə uzatmış halda o qədər dua etdi ki, əbası çiynindən düşdü. Bu vaxt Allah onun duasını qəbul edib mələkləri endirdi.” Əlbəttə, mələkələr kafirləri öldürmək üçün endirilməmişdi, onların gəlməsinin məqsədi möminlərə müjdə vermək, ürəklərini şadlandırmaq və təskinlik vermək idi. Bu surənin 12-ci ayəsində bu məqama işarə edilmişdir. Bu məzmun bəzi tarixçilərin fikirlərini də təsdiq edir. Onlar qeyd edirlər ki, mələkələr müşrikləri qətlə yetirmək üçün nazil olmamışdılar, hətta müşriklərdən heç bir nəfəri də qətlə yetirmədilər. Döyüşdə öldürülüən müşriklərin 1/3-ini, ya da yarısını İmam Əli (ə), qalanlarını isə digər döyüşçülər qətlə yetirmişdilər. Mələklərin işi yalnız müsəlmanların sayını müşriklərin gözündə çox, müşriklərin sayını isə müsəlmanların gözündə az göstərmək, bununla da müsəlmanlara ürək-dirək vermək, müşriklərin ürəyinə isə qorxu salmaqdan ibarət idi[7].

  1. Bədr döyüşündən əvvəlki gecə Allahın müsəlmanlara bəxş etdiyi iki nemət: Bu ayədə Allahın Bədrdə möminlərə bəxş etdiyi bəzi nemətlərə işarə edilmişdir. Qarşılaşmadan bir gün əvvəl müsəlmanlar çox qorxurdular və təpədən dırnağa qədər silahlanmış müşrik qoşunları qarşısında nə edəcəklərini bilmirdilər. Sabahkı döyüşə hazır olmaları üçün Allah-taala onları xəfif və rahatlıq gətirən bir yuxuya daldırdı. Digər tərəfdən, müşriklər suya daha tez çatdıqları üçün müsəlmanlarla su arasında sədd çəkmişdilər. Yuyunmaq, dəstəmaz almaq, qüsl etmək, susuzluqları yatırmaq və sair ehtiyaclarını dəf etmək üçün müsəlmanların suya böyük ehtiyacı var idi. Ehtyaclarını ödəmək üçün Allah-taala onlara yağış yağdırdı. Müsəlmanların düşərgə saldığı yer qumluq ərazi idi və hərəkət edərkən quma batırdılar. Bu yağışın yağmasının digər faydası da bu oldu ki, həmin yer bərkidi, nəticədə müsəlmanlar mətin addımlar, böyük ümid və əminlik içində, ruhən və cismən tərtəmiz olaraq Bədr meydanına ayaq basdılar[8].

15-16. Döyüşdən qaçmaq ən böyük günahlardan biridir: Döyüş meydanından qaçmaq İslamda ən böyük günahlardan biri hesab edilir. İmam Rza (ə) döyüşdən qaçmağın haram olmasının səbəbini soruşan İbn Şazan adlı səhabəsinin cavabında belə buyurmuşdur: “Allah-taala döyüşdən qaçmağı haram etmişdir. Çünki bu hərəkət Allahın dininin yüngül sayılmasına, peyğəmbər və adil imamların təhqir edilməsinə səbəb olur. Döyüş meydanından qaçanlar peyğəmbərə və imamlara yardım göstərməkdən imtina etmiş hesab edilirlər. Buna görə də ilahi əzaba düçar olurlar. Çünki onlar bununla Peyğəmbərin (s) Allahın rəbb olmasının təsdiqi, ədalətin bərqərar edilməsi, zülmə son qoyulması, fəsadın yer üzündən silinməsi ilə bağlı çağırışlarını tərk etmiş olurlar, digər tərəfdən düşmənlərin müsəlmanlara qarşı cürətlənməsinə, onların müsəlmanları əsir götürmək, qətlə yetirmək, Allahın dinini məhv etmək və sair fəsadları törətmək kimi fikirlərə düşməsinə səbəb olurlar.” İmam Əlinin (ə) malik olduğu və bəzən örnək olsun deyə başqalarına nümunə göstərdiyi üstün keyfiyyətlərdən biri də döyüş meydanından qaçmaması idi. Belə ki, İmam Əli (ə) buyurmuşdur: “Sayca qat-qat çox olan düşmənin qarşısından heç vaxt qaçmadım, meydanda mənimlə qarşılaşan elə bir adam olmadı ki, qanı ilə torpağı sulamamış olsun.”[9]

Onları siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbər! Onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir sınağa çəkmək istəyirdi. Allah eşidəndir, biləndir!

  1. Bu, belə idi (mömin və kafirlərin taleyi gördüyünüz kimi idi). Allah kafirlərin planlarını zəiflədəndir!
  2. Əgər siz qələbə istəyirsinizsə, qələbə artıq sizə üz tutdu. Əgər (müxalif mövqeyinizdən) əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Yox, əgər qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi (Allahın yardımından) ehtiyacsız etməz. Allah möminlərlədir!
  3. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (sözlərini) eşitdiyiniz halda, ondan üz döndərməyin!
  4. Əslində, eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın!
  5. Allahın nəzərində canlıların ən pisi düşünməyən karlar və lallardır.
  6. Əgər Allah onlarda bir xeyir bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Əgər haqqı onların qulağına çatdırsa belə, yenə də üz çevirib imtina edərlər (boyun qaçırarlar).
  7. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat bəxş edəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
  8. Siz təkcə zalımlara toxunmayacaq bəladan qorxun. (Başqaları da susduğu üçün təkcə zalımlara deyil, bütün cəmiyyətə üz verəcək bəladan qorxun.) Bilin ki, Allah şiddətli əzab verəndir!

—————————————————————————————-

  1. Allah torpaq atdı: Hədislərdə qeyd edilir ki, Bədr döyüşündə Peyğəmbər (s) İmam Əliyə (ə): “Mənə bir ovuc qum və çınqıl ver”, – deyə buyurur. İmam Əli (ə) belə də edir. Peyğəmbər (s) onu Qüreyş müşriklərinə doğru atır. Allahın istəyi ilə həmin qum və çınqıl müşriklərin gözlərinə dolur. Hədislərdə bu möcüzənin müsəlmanların qələbə çalmasında rol oynadığı bildirilir. Hər-halda Allah-taala bu ayədə müsəlmanlara və Peyğəmbərə (s) Bədr hadisəsinin, təpədən dırnağa qədər silahlanmış müşriklərin sayca həddən artıq az və silah-sursat cəhətdən də zəif olan müsəlmanlar tərəfindən məğlub olmasının adi bir iş olmadığını xatırladır. Allah-taala mələkləri göndərməklə möminlərin ürəklərini möhkəmləndirmiş, müşriklərin ürəyinə qorxu və dəhşət salmış, bir ovuc torpaqla müsəlmanların müşriklər üzərində qələbəsini reallaşdırmış, onların müşrikləri qətlə yetrməsinə, əsir götürməsinə və qənimət əldə etməsinə yardım göstərmişdir. Deməli, zahirdə müsəlmanlar qalib gəlsə də, Peyğəmbər (s) onlara tərəf bir ovuc torpaq atsa da, əsl qələbə Allaha aid idi. Buna görə də bu qalibiyyətin Allaha aid edilməsi daha düzgün olar[10].
  2. İslam həyat bəxş edən bir dindir: Bu ayədə İslam çağırışının həyata – mənəvi, maddi, mədəni, iqtisadi, siyasi, əxlaqi, sosial və sair həyata, yaşamağa çağırış odluğu bildirilir. Bu, İslam və bu haqq din barəsində deyilmiş ən qısa və eyni zamanda ən əhatəli bir tərifdir. Əgər bir adam soruşsa ki, İslamın məqsədi nədir və bizə nə verə bilər, çox qısa bir cümlə ilə deyə bilərik ki, İslamın məqsədi bütün sahələrdə həyatı təmin etməkdir. Əlbəttə, həyat və yaşayış sözlərinin müxtəlif mənaları var. Həyat deyilərkən bitki həyatı, heyvan həyatı, fikri və əqli həyat, o biri dünyada əbədi həyat, həyat və yenilməz qüvvət sahibi olan Allahın sonsuz elm və qüdrətini ifadə edən həyatı nəzərdə tutula bilər. Həyat və yaşayışın bü dərəcələrinə əsasən məlum olur ki, Cahiliyyət dövrünün insanları maddi və heyvani həyata malik olsalar da, insani, mənəvi və əqli həyatdan məhrum idilər. Quran gəldikdən sonra onları insani və ilahi həyat və yaşayışa dəvət etdi[11].
  3. Allahın bütün insanları və mövcudatı əhatə etməsi: Şübhəsiz ki, qəlb deyilərkən ruh və ağıl nəzərdə tutulur. Bu cümlədə Allahın hər yerdə hazır və nazir olduğunu, bütün yaradılış aləmini əhatə etdiyini, bu dünyadakı varlıqlarla bir olmadığı halda, onlardan ayrı və onlara yad olmadığı, ölüm, həyat, elm, qüdrət, əmin-amanlıq, uğur və səadətin Onun əlində, Onun qüdrəti daxilində olduğu, buna görə insanın Ondan heç nəyi gizlədə bilməyəcəyi, Onun razılığı və istəyi olmadan uğur və qələbə əldə edə bilməyəcəyi, bütün bu deyilənlərə əsasən, Ondan başqasına üz tutulmasının, Ondan başqasından yardım dilənməsinin rəva olmadığı qeyd edilmişdir. Çünki O, hər şeyin sahibidir və insanın bütün varlığını əhatə edir[12].
  4. Fitnə (bəla): Ayədə fitnə deyilərkən hansı bəla formasının nəzərdə tutulduğu açıq şəkildə qeyd edilməmişdir. Ayənin məzmunundan belə başa düşülür ki, burada bəla deyilərkən İslamın haqq hökumətində sistemin tamamilə pozulması, rəhbərliyin haqqı çatmayan bir adamın əlinə keçməsi, Allah kitabının qəti hökmlərinin və Peyğəmbər (s) sünnəsinin məhv edilməsinə hədəflənmiş sözləşmə nəzərdə tutulmuşdur. Bəli, bu cür fitnənin zülmü bütün müsəlmanlara toxunur. Allah hamını belə bir fitnədən qorunmağa çağırmışdır. Əhli-beyt (ə) hədislərində möminlərin əmiri İmam Əlinin (ə) xəlifəliyinin qəsb edilməsi, ona qarşı Cəməl döyüşünün təşkili bu ayənin iki bariz nümunəsi kimi göstərilmişdir[13].
  5. Xatırlayın, bir zaman siz yer üzündə az idiniz; zəif (aciz) sayılırdınız, adamların sizi ələ keçirməsindən qorxurdunuz. Ancaq Allah sizə sığınacaq verdi, köməklik göstərib sizi gücləndirdi və təmiz ruzilərdən verdi ki, bəlkə, şükür edəsiniz!
  6. Ey iman gətirənlər! Bilərəkdən Allaha və Peyğəmbərə xəyanət etməyin, habelə aranızda olan əmanətlərə də xəyanət etməyin! (Bu, çox böyük günahdır.)
  7. Bilin ki, mal-dövlətiniz və övladınız yalnız bir sınaq vasitəsidir. Ən böyük mükafat məhz Allah yanındadır!
  8. Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla-nahaqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf və mərhəmət sahibidir!
  9. (Yadına sal ki,) bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarmaq üçün bir çıxış yolu fikirləşdilər (plan cızdılar). Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!
  10. Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik, (elə də böyük bir şey deyil,) istəsək, biz də bunun bənzərini deyə bilərik. Bunlar qədimdəkilərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər. (Amma yalan deyirlər, onun bənzərini əsla gətirə bilməzlər.)
  11. (Xatırla!) Bir zaman da: “Ya Allah! Əgər bu haqdırsa və Sənin tərəfindən gəlibsə, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər.
  12. Amma (ey Peyğəmbər,) nə qədər ki sən onların arasındasan, Allah onlara əzab göndərməyəcək. Bağışlanmalarını dilədikdə də Allah onlara əzab verməz!

——————————————————————————————-

  1. Əmanətə xəyanət ən mənfur əməllərdəndir: Xəyanət insanın hər hansısa haqqı ödəyəcəyinə söz verib ödəməkdən boyun qaçırmasına deyilir. Bu sözün antonimi “əmanət” sözüdür. Əmanət deyilərkən adətən maliyyə əmanətləri nəzərdə tutulsa da, Quran məntiqində bu sözün çox geniş məna yükü var, həyatın bütün sosial, siyasi və əxlaqi sferalarını əhatə edir. Hətta hədislərdə qeyd edilir ki, əgər bir məclisdə müəyyən bir mövzuda söhbət olarsa və sözü danışan adam bu söhbətin məclisdən çıxmasına razı olmazsa, həmin söz oradakılar üçün əmanət hesab edilir. Buna görə də İslamın suyu və torpağı müsəlmanların əlində ilahi əmanətdir. Onların övladları da əmanətdir. Allahın iki böyük əmanəti hesab edilən Quran və ilahi rəhbərlər isə əmanətlərin ən üstünü hesab edilir. Hər halda əmanətə xəyanət əməllərin ən mənfuru, günahların ən çirkinidir. Əmanətə xəyanət edən münafiqdir. Peyğəmbər (s) buyurmuşdur: “Münafiqin 3 əlaməti var: yalan danışar; verdiyi vədə xilaf çıxar; yanında nəyisə əmanət qoysan, xəyanət edər. Oruc tutsa, namaz qılsa, özünü müsəlman hesab etsə belə, bu cür şəxs münafiqdir.”[14]
  2. Mal-dövlət və övladlar iki sınaq vasitəsidir: Bu ayə əvvəlki ayənin davamıdır. Burada mal-dövlət və övladlara görə Allah, Peyğəmbər (s) və sair əmanətlərə xəyanət etməmək göstərişi verilir. Bilirik ki, Mədinəyə hicrət etdikdən sonra bəzi müsəlmanların sərvəti və övladları Məkkədə qalmışdı. Onlar müşriklərin diqqətini cəlb etmək və bununla da mal-dövlətlərini, arvad-uşaqlarını qorumaq üçün müsəlmanların bəzi sirli xəbərlərini müşriklərə çatdırırdılar. Bu ayədə müsəlmanlara bildirilir ki, onlar mal-dövlətləri və övladları ilə sınağa çəkilirlər, çalışsınlar bu sınaqdan başı aşağı çıxmasınlar[15]. Hər-halda bu iki vasitə insanın daha çox bağlı olduğu şeylərdir. Buna görə də hər birimiz sözügedən iki böyük sınaq meydanında özümüzü Allaha həvalə edək və diqqətli olaq. Çünki çoxları bu meydanda sürüşmüş və özlərinə əbədi lənət qazanmışlar[16].
  3. Peyğəmbərin varlığı və tövbə əzabdan xilas olmanın iki amilidir: İmam Mühəmməd Baqirin (ə) İmam Əliyə (ə) istinadən buyurduğu bir hədisdə belə nəql edilmişdir: “Yer üzündə iki şey əmin-amanlıq və ilahi əzabdan xilas olma səbəbidir. Onların biri qaldırılmış, digəri qalmışdır. Ondan bərk-bərk yapışın. Qaldırılmış səbəb Peyğəmbər (s), qalan səbəb isə tövbə və bağışlanma diləməkdir. (Sonra bu ayəni oxudu.)”[17]
  4. Onlar Məscidül-həramın sahibləri olmadıqları halda, (möminlərin orada ibadət etməsinə) mane olduqlarında nə üçün Allah onlara əzab verməsin! Onun sahibləri yalnız təqvalılardır. Lakin onların əksəriyyəti bunu bilməz!
  5. (Namaz qıdlıqlarını iddia etdikləri halda,) onların evin (Kəbə evinin) yanındakı namazları (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı!
  6. Kafirlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar (zəhmət çəkərək qazandıqları) bu malları sərf edəcəklər, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəmə aparılmaq üçün topanılacaqlar ki,
  7. Allah murdarı pakdan ayırsın, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və birlikdə Cəhənnəmə atsın. Bunlar ziyana uğramışlardır.
  8. Kafir olanlara de: “Əgər onlar müxalif olmaqdan əl çəksələr (və iman gətirsələr), keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə əvvəlki əməllərinə qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.
  9. Fitnə (şirk və əsarət) aradan qaldırılıb, bütün din (və ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (şirk, fəsad və yanlış əməllərinə) son qoysalar, (Allah onları qəbul edər). Allah onların nə etdiklərini görəndir.
  10. Əgər boyun qaçırsalar, bilin ki, (sizə heç bir ziyan vura bilməzlər) Allah sizin havadarınızdır. O, necə də gözəl havadar, necə də yaxşı yardımçıdır!

—————————————————————————————

  1. Məscidlərin təqvalı insanlar tərəfindən idarə edilməsi: Ayədə verilən hökm Məscidül-həram haqqında olsa da, bütün dini mərkəzlərə, məscidlərə, dini komplekslərə şamil olur. Bu mərkəzlərin pak, təmiz, fəal, təlim-tərbiyə, oyanış və diriliş ocaqları olmasını təmin etmək üçün onların rəhbər və sahibləri mütləq ən pak, ən təmiz, ən dindar və ən aktiv insanlar olmalıdırlar. Bir çox İslam ölkələrində olduğu kimi, sözügedən mərkəzlərin alqı-satqı bazarlarına, fikirlərin zəhərləndirilməsi və haqdan sapdırma mərkəzlərinə çevrilməməsi üçün məscidlərin və İslam mədəniyyət mərkəzlərinin rəhbərləri bir sıra artıq, natəmiz, özünü satmış, əcnəbi dövlətlərə bağlı insanlar olmamalıdırlar. Əgər müsəlmanlar İslamın məscidlər və dini mərkəzlərlə bağlı göstərişlərinə əməl etsəydilər, bu gün İslam cəmiyyətlərinin vəziyyəti başqa cür olardı[18].
  2. Cahil ərəblərin ibadət formalarından bir nümunə: Tarixi mənbələrin yazdığına görə, Cahiliyyət dövrünün ərəbləri Kəbə evini təvaf edərkən evin ətrafına tamamilə çılbaq dolanır, fit verir, əl çalır və bu davranışlarını ibadət adlandırırdılar. Habelə, qeyd olunanlara görə, Peyğəmbər (s) üzünün həm Kəbəyə, həm də Beytül-müqəddəsə olması üçün Həcərül-əsvədin yanında üzü şimala doğru durub namaz qılırdı. Bu vaxt Bəni-Səhm qəbiləsindən olan iki nəfər, biri sağda, digəri solda olmaqla, Peyğəmbərin (s) yanında dayanırlar. Onu namaz qılarkən incitmək üçün biri fit, digəri isə əl çalır. Ərəblərin cəhalət tarixinin səhifələrini vərəqlədikcə və Qurandakı məlumatları araşdırdıqda çox böyük təəccüb içində kosmos və atom əsri olan müasir dövrümüzdə də insanların Cahiliyyət dövrünün hərəkətlərini təkrarladıqlarının və özlərini ibadət edənlərin sırasında olduqlarını güman etdiklərni görürük[19].
  3. Yaxşıların və pislərin yeri: Allah-taala əvvəlki ayədə kafirlərin öz şeytani məqsədlərinə çata bilməyəcəklərini xəbər verir. Bildirir ki, onlar Allahın nurunu söndürmək və Allah dinini məhv etmək üçün əllərindən gələni edir, çoxlu sərmayə sərf edirlər. Ancaq onların bütün səylərinin nəticəsi yalnız ümidsizlik olacaq, axırda peşman olacaq, ziyana uğrayacaqlar. Bu ayədə qeyd olunan məsələnin dəlili açıqlanır. Belə ki, bu dünyada baş verən bütün hərəkətlər ilahi qanunlar çərçivəsində baş verir. İlahi qanuna əsasən, yaxşı və pis, pak və napak bir-birindən ayrılmalı, pisliklər bir yerə toplanıb sonda Cəhənnəmə atılmalıdır. Bəli, Cəhənnəm məhv yurdudur. Ora pisliklər karvanının məskənidir və Allahın qəzəb odu ilə əbədi yanacaqlar. Cənnət bütün yaxşılıqların məskənidir. Bütün təmizliklər, paklıqlar orada həmişəlik qalacaq. Bu ayədə Allahın qəti bir qanununa işarə edilmişdir, hər bir yaxşılıq sonda yaxşılıqlar məskəninə, hər bir pislik isə pisliklər məskəninə qovuşur[20].
  4. Mehdi (ə) yer üzündə şirkin kökünü kəsəcək: İmam Sadiq (ə) bu ayə ilə bağlı belə buyurmuşdur: “Bu ayənin son yozumu və təfsiri hələ yetişməyib. Qaimimiz zühur edəndə həmin zamana təsadüf edən insanlar bu ayənin yozumunun şahidi olacaqlar. And olsun Allaha, Mühəmmədin (s) dini yer üzündə elə bir həddə gəlib çatacaq ki, dünyada bircə gecə də olsun bur nəfər müşrik qalmayacaq.”[21]
  5. Əgər siz Allaha və haqla batilin ayırd edildiyi – iki dəstənin bir-birilə qarşılaşdığı gün (möminlərlə qeyri-möminlərin bir-birindən ayrıldığı Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və (pulu qurtarıb) yolda qalan müsafirlərindir. Allah hər şeyə qadirdir!
  6. Siz aşağı, onlar yuxarı (düşmən sizdən üstün olduğu), karvan isə sizdən daha aşağıda olduğu vaxt (vəziyyət o qədər çətin idi ki,) əgər siz (döyüş meydanına getmək haqqında) bir-birinizlə vədələşsəydiniz, sonda vədinizə xilaf çıxardınız. Lakin Allah etməli olacağı işi yerinə yetirmək üçün belə etdi ki, həlak olanlar (və haqq yoldan sapanlar) aşkar bir dəlillə həlak olsun, sağ qalanlar (haqq yola yönələnlər) da aşkar bir dəlillə sağ qalsınlar. Allah eşidəndir, biləndir!
  7. O zaman Allah yuxuda sənə onların sayını az göstərdi. Əgər çox göstərsəydi, mütləq qorxar və (döyüşə başlayıb-başlamamaqla bağlı) bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi (bunların şərindən) salamat qurtardı. O, kökslərdə olanları biləndir!
  8. Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qaytarılacaqdır.
  9. Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə qətiyyətli olun və Allahı çox xatırlayın ki, nicat tapasınız!

—————————————————————————————-

  1. Xüms: Bu, Quranda xüms mövzusunun toxunulduğu yeganə ayədir. Bu ilahi hökmün şərhinə təfsirlər, fiqh kitablarında geniş şəkildə yer verilmişdir. Burada bir neçə mühüm məsələyə toxunmaq istəyirik: 1. Hədislərdən belə başa düşülür ki, bu ayədə “qohum-əqrəba” deyilərkən peyğəmbərin bütün qohumları deyil, Əhli-beyt (ə) imamları nəzərdə tutulur. Onların Peyğəmbərin (s) canişinləri və İslam dövlətinin rəhbərləri olduğunu nəzərə alsaq, xümsün qeyd olunan səhminin onlara verilməsinin səbəbi aydın olur. Başqa sözlə desək, Allahın səhmi, Peyğəmbərin səhmi və Peyğəmbərin (s) qohum-əqrəbasının səhmi İslam dövlətinin rəhbərinə aiddir. O, sadə həyat tərzini onunla təmin edir, qalan hissəni isə ümmətin idarəçiliyində cəmiyyətin ehtiyaclarının ödənilməsinə lazım olan müxtəlif sahələrə xərcləyir. 2. Hədislərə əsasən yetimlər, yoxsullar və yolda qalanlar deyilərkən Haşim övladlarından olan seyyidlərin yetimləri, yoxsulları və yolda qalanları nəzərdə tutulur. 3. Hədislərə, hətta lüğətlərdəki leksik mənasına əsasən, bu ayədə qənimət deyilərkən təkcə döyüşlərdə əldə edilən qənimət deyil, ticarət, fəaliyyət və ya müharibə vasitəsilə əldə edilən hər növ mənfəət nəzərdə tutulur. 4. Xümsün yarısının Haşim övladlarına verilməsi ayrıseçkilik deyilmi? Birincisi, xümsün seyidlərə və Haşim övladlarına aid olan hissəsi yalnız ehtiyacı olan seyidlərə aiddir. Verilən miqdar isə bir ilin ehtiyaclarının təminatı qədər olmalıdır, ondan artığını vermək olmaz. Buna görə də həmin hissədən iş qabiliyyəti olmayan, xəstə, yetim uşaq, yaşayış xərclərini tamamilə ödəyə bilməyən seyidlər yararlana bilərlər. İş qabiliyyəti olanlar, yaşayış təminatını ödəyə biləcək imkana malik olanlar xümsün bu hissəsindən istifadə edə bilməzlər. İnsanlar arasında dolaşan “hətta evlərinin damındakı navalçaları da qızıldan olsa, seyidlər xüms ala bilərlər” fikri yanlışdır və heç bir əsası yoxdur. İkincisi, Haşim övladları və seyidlərin yoxsul və ehtiyaclıları zəkatdan əsla istifadə edə bilməzlər, onun əvəzinə xümsün onlara aid olan hissəsi ilə kifayətlənməlidirlər. Üçüncüsü, əgər seyidlərin xümsdəki payı onların ehtiyaclarından çox olarsa, həmin artıq hissə beytülmala daxil edilməli və digər xərclərə sərf edilməlidir. Əgər seyidlərin səhmi onların ehtiyaclarını təmin etməzsə, o zaman beytülmaldan və zəkat səhmindən onlara pay verilməlidir. Bu üç cəhətə diqqət yetirdikdə məlum olur ki, əslində, maddi cəhətdən seyidlərlə qeyri-seyidlər arasında heç bir fərq qoyulmamışdır. Seyid olmayan ehtiyaclılar illik xərclərini zəkatdan ödəyə bilərlər, onlar xümsdən məhrumdurlar. Seyidlər də ehtiyaclarını ödəmək üçün xümsdən istifadə edirlər, onların zəkatdan istifadə etməyə haqları çatmır. Burada ortaya belə bir sual çıxır: əgər nəticə etibarı ilə bu iki hökm arasında heç bir fərq yoxdursa, bəs bu proqramın nə əhəmiyyəti var? Sualı cavablandırarkən qeyd edirlər ki, xüms ilə zəkat arasındakı mühüm fərq ondan ibarətdir ki, zəkat İslam cəmiyyətinin ümumi mallarından hesablanan gəlirlərdən verilir. Buna görə də onun istifadə yerləri məhz həmin istiqamətlərdir. Lakin xüms İslam hökumətinə aid olan vergilərdəndir. Yəni İslam höküməti və onun idarəçilərinin xərcləri onun vasitəsilə təmin edilir. Buna görə də seyidlərin ümumi camaatın malından məhrum edilməsi Peyğəmbərin (s) qohumlarının bu paydan uzaqlaşdırılmasına hesablanmışdır. Nəticədə, müxaliflərin “Peyğəmbər (s) öz qohumlarını camaatın malına daraşdırıb” məzmunlu bəhanələrinə son qoyulur. Digər tərəfdən, seyidlərin ehtiyaclıları da başqa bir vasitə ilə təmin olunmalıdırlar. Bu məsələ İslam qanunlarında elə tənzimlənmişdir ki, ehtiyaclı seyidlər ümumi büdcədən deyil, İslam hökumətinin büdcəsindən təmin oluna bilsinlər. Əslində, xüms seyidlər üçün imtiyaz deyil, ümumi maraqlar və insanların bədgüman olmasının qarşısını almaq üçün çıxış yoludur[22].
  2. Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiz və gücünüz, qüdrətiniz tükənər. Səbirli və dözümlü olun, çünki Allah səbir edən, dözümlü olanlarladır!
  3. Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (sonda isə məğlubiyyətə uğrayanlar) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!
  4. (Xatırla) o zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisindən heç kəs sizə qalib gəlməyəcək. Mən sizin qonşunuzam (haminizəm)!” Lakin iki dəstə (kafirlər və mələklərin himayəsində olan möminlər) üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” – demişdi.
  5. O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri məğrur edib!” – deyirdilər. Lakin (onlar bilmirdilər ki,) kim Allaha təvəkkül edərsə (qalib olar,) çünki Allah yenilməz qüvvət, hikmət sahibidir!
  6. Əgər sən kafirləri mələklər onların üzünə və arxalarına vura-vura: “Dadın yandırıcı əzabı!” – deyib canlarını alanda görsən, (hallarına təəssüflənərsən).
  7. Bu, sizin əvvəlcədən göndərdiyiniz əməllərin qarşılığıdır. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
  8. (Bu müşriklərin vəziyyəti) eynilə Fironun yaxınları və onlardan əvvəlkilərin vəziyyəti kimidir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə cəzalandırdı. Allah qüvvətlidir, cəzası ağırdır!

—————————————————————————————

45-47. Düşmənlə mübarizə aparmaq üçün riayət edilməsi vacib olan yeddi mühüm göstəriş: Allah-taala bu üç ayədə İslam uğrunda aparılan döyüşlərdə və düşmənlə mübarizədə möminlərə yeddi göstərişə riayət etməyi vacib buyurmuşdur: 1. Qətiyyətli olmaq; 2. Allahı çox xatırlamaq; 3. Allah və Peyğəmbərə (s) itaət etmək; 4. Münaqişə və çəkişmələrdən əl çəkmək; 5. Səbirli və dözümlü olmaq; 6. Döyüşə nəfsani istəklərə görə və özünü camaata göstərmək üçün getməmək; 7. İnsanları Allah yolundan sapdırmamaq. Bu yeddi göstərişin məcmusu ən mühüm ümumi müharibə göstərişlərini ehtiva edən tam hərbi qanundur. Əgər Peyğəmbər (s) zamanında baş vermiş Bədr, Ühüd, Xəndək, Hüneyn və sair kimi müharibələrə diqqətlə nəzər salsaq, görərik ki, müsəlmanların qələbə çalmasının səbəbi bu göstərişlərə riayət etmək olmuşdur. Məğlubiyyətlə nəticələnən döyüşlərdə isə məğlubiyyət səbəbi məhz həmin göstərişlərə riayət edilməməsi və onların diqqətdən kənarda qalması olmuşdur[23].

  1. Şeytan müşriklərin arasında: Şeytanın müşriklərin qəlbinə necə nüfuz etməsi, Bədrdə onlarla olan söhbətlərinin hansı formada olması ilə bağlı fikir ayrılıqları mövcuddur. Təfsirçilər arasındakı bu fikir ayrılıqları ümumilikdə iki inancda cəmləşir: 1. Bir qrup bu hadisənin batini vəsəvəsələr vasitəsilə baş verdiyini düşünür. Yəni Şeytan öz vəsvəsələrindən, müşriklərin mənfi və şeytani sifətlərindən istifadə edərək, əməllərini onlaırın gözlərində gözəl göstərmiş, onlara yenilməz bir qüvvəyə malik olduqlarını aşılamış, onlarda bir növ daxili sığınacaq və söykənəcək yaratmışdır. Lakin müsəlmanların ciddi müqaviməti və qələbəyə səbəb olan qeyr-adi hadisələrdən sonra bu vəsəvəsələrin təsiri onların qəlbindən yoxa çıxmış və hiss etmişlər ki, məğlubiyyətlə qarşı-qarşıyadırlar və heç bir sığınacaqları da yoxdur. Bunun nəticəsində onları Allah tərəfindən ağır əzab gözləyir. 2. Digər qrup hesab edir ki, Şeytan insan surətində təcəssüm etmiş və onların gözünə görünmüşdür. Kitablarda yer almış bir çox hədislərdə belə nəql edildiyni oxuyuruq: “Qüreyş Bədr meydanına doğru hərəkətə keçməklə bağlı ciddi şəkildə qərar qəbul etdiyi zaman daha öncədən düşmənçilikləri olan Bəni-Kənanə tayfasının hücum edəcəyindən qorxurdu. Bu vaxt İblis Bəni-Kənanə qəbiləsinin ən məşhur simalarından olan Səraqə ibn Malikin simasında təcəssüm edib Qüreyşin yanına gəldi və onlarla bir olduğunu, heç kəsin onlara qalib gəlməyəcəyini deməklə yanaşı, Bədr döyüşündə də iştirak etdi. Ancaq Bədrdə mələklərin endiyini görüb, geri çəkilib qaçdı, qoşun da müsəlmanlar tərəfindən aldıqları ciddi zərbələrə tab gətirə bilməyib, İblislə birlikdə qaçmağa üz tutdu. Müşriklər Məkkəyə qayıtdıqdan sonra qoşunun döyüş meydanından qaçmasına Səraqə ibn Malikin səbəb olduğunu dedilər. Bu xəbər Səraqəyə çatanda o: “Mənim bundan əsla xəbərim yoxdur”, – deyə and içdi. Onun Bədrdəki vəziyyətini əks etdirən bəzi əlamətləri qeyd etdikləri zaman bütün deyilənləri inkar etdi və and içdi ki, belə bir şey olmamış və o, Məkkəni tərk etməmişdir. Beləliklə də həmin şəxsin Səraqə ibn Malik olmadığı məlum oldu.” Bu ayədəki ifadələr və danışıq formasının zahiri məzmunu İblisin təcəssüm etməsi fikri ilə daha çox uyğunluq təşkil edir[24].
  2. Bu ayədə “münafiqlər” deyilərkən kimlər nəzərdə tutulmuşdur? Bu ayədə “münafiqlər” və “qəlblərində mərəz olan şəxslər” deyilərkən kimlərin nəzərdə tutulması təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bunlar ya Mədinədə müsəlmanların sıralarına qatılmış, müsəlman olduqlarını və iman gətirdiklərini elan etmiş, lakin ürəklərində bunun əksini düşünən insanlar olmuşlar, ya da Məkkədə üzdə iman gətirib hicrət etməkdən imtina etmiş, Bədrdə müşriklərə qoşulmuş, müsəlmanların sayca kafirlərdən az olduğunu görüb “bu müsəlmanlar öz dinlərinə aldanıb döyüş meydanına ayaq basıblar” deyən şəxslərdir. Hər halda, Allah-taala onların qəlbində olanlardan xəbər verir, onların özlərinin və həmfikirlərinin səhvə yol verdiklərini buyurur[25].
  3. Bu, ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa özünü dəyişməyincə dəyişməz. Allah eşidəndir, biləndir!
  4. Bu, Fironun ailəsi və onlardan əvvəlkilərin vəziyyətinə bənzəyir. Onlar Rəblərinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fironun ailəsini batırdıq. Onların hamısı zalım idi!
  5. Allah yanında canlıların ən pisi kafir olanlar və iman gətirməyənlərdir.
  6. Onlar əhd bağladığın şəxslərdir ki, sonra hər dəfə öz əhdlərini pozar və (əhd pozmaqdan və xəyanət etməkdən) çəkinməzlər.
  7. Əgər meydanda (döyüş meydanında) onları görsən, üzərlərinə elə hücum çək ki, arxalarında olan qüvvələr pərən-pərən düşsünlər. Bəlkə xatırlasınlar (ibrət götürsünlər)!
  8. Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdin ləğv olunduğunu ədalətli şəkildə onlara elan et. Çünki Allah xainləri sevməz!
  9. Küfr yolunu tutmuş insanlar qabağa düşdüklərini (əzabımızdan xilas olunduqlarını) düşünməsinlər. Onlar Bizi əsla aciz qoya bilməyəcəklər!
  10. Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri və döyüş atlarını hazır vəziyyətə gətirin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
  11. Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə razılıq ver və Allaha təvəkkül et. O, eşidəndir, biləndir!

———————————————————————————–

  1. Neməti dəyişmək insanın öz əlindədir: İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala qətiyyətlə bildirmişdir ki, bəndəsinə layiq gördüyü neməti o günah etməyincə və həmin günaha görə bəlaya, çətinliyə düşməyə layiq olmayınca ondan almaz.” İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala peyğəmbərlərdən birini bir qövmə göndərərək ona belə deməsini vəhy etdi: “İstisnasız olaraq Mənə itaət edən bütün insanlar, bütün məmələkətlərin sakinləri şadlıq və sevinc içindədirlər. Əgər Mənim bəyənmədiyimdən Mənim bəyəndiyimə üz tutsalar, Mən də onları bəyənmədiklərindən xilas edib bəyəndiklərini onlara bəxş edərəm.”[26] Bu ayədən belə məlum olur ki, insanın ruhunda baş verən dəyişikliklərlə gündəlik baş verən hadisələr arasında birbaşa əlaqə var. Belə ki, insanlar daxili vəziyyətlərini dəyişməklə xarci aləmdə baş verən hadisələrin dəyişməsinə səbəb olurlar[27].
  2. Əhd sındıran yəhudilər: Keçən ayələrdə müşriklərdən, onlarla olan döyüşlərdən və onların aqibətindən bəhs edilirdi. Bu ayədən sonra isə müharibə, sülh, müqavilə, onun pozulması və sair kimi göstərişlərdən və hökmlərdən bəhs edilir. Əlbəttə, 55-58-ci ayələrdə Mədinə və onun ətrafında olan yəhudilərdən danışılır. Peyğəmbər (s) onlarla Peyğəmbərə (s) və müsəlmanlara ziyan verməmək, onlara qarşı hiyləyə əl atmamaq, İslam düşmənlərinə kömək etməmək, əvəzində isə dinlərində qala bilmələri və təhlükəsiziliklərinin təmin olunması haqqında razılığa gəlmişdi. Lakin onlar bu razılaşmanın şərtlərinə əməl etməyib, biri-birinin ardınca onun şərtlərini pozdular. Nəhayət, Allah onlarla döyüşmək əmri verdi[28].
  3. Düşmənlə mübarizə aparmaq üçün tam şəkildə hazırlıqlı olmağın vacibliyi: Bu ayədə İslamda cihad, müsəlmanların mövcudluğu, şan-şöhrəti və qürurunun qorunması istiqamətində ən çox önəm daşıyan bir məsələyə toxunulmuşdur. Ayənin məzmunu o qədər genişdir ki, hər bir əsrə, zamana və məkana tam şəkildə şamil olur. Qüvvə sözünün mənası çox genişdr. Buna görə də bu söz təkcə döyüş vasitələri, hər bir dövrün modern silahları deyil, maddi və mənəvi olmasından asılı olmayaraq, düşmənin məğlubiyyətə uğradılmasında rol oynayan bütün güc və qüvvələrə şamil olur. Deməli, hər bir dövrün son model silahlarından istifadə etməklə yanaşı ən mühüm güc və qüvvə hesab edilən əsgər və döyüşçülərin iman və ruhiyyəsinin gücləndirilməsi ilə də məşğul olmaq lazımdır. Habelə, güc və qüvvə mənasını ifadə edən, düşmənə qalib gəlməkdə çox mühüm rol oynayan iqtisadi, mədəni və siyasi qüdrət əldə edilməsini də yaddan çıxarmaq olmaz[29]. Əlbəttə, hazırlıqlı olmaq hücum etmək məqsədi güdməməlidir, məqsəd düşmənləri qorxutmaq olmalıdır. Bu qorxu müharibənin baş verməsinin qarşısının alınmasında mühüm rol oynayır. Həqiqətən də müdafiə bazasının yaradılması düşmənin hücumlarının qarşısının alınması və müdafiənin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd olunan çox yüksək və müqəddəs hədəf ağıl və məntiqə də uyğundur[30]. Bəzi hədislərdə Peyğəmbərin (s) “qüvvə deyilərkən ox nəzərdə tutulur”, – deyə buyurduğu nəql edilir. Başqa bir hədisdə bütün silah növlərinin nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərin birində qılınc və qalxanın nəzərdə tutulduğu bildirilir. Bir hədisdə ağ saçların qaraldılmasına işarə edildiyi bildirilir. Yəni İslam, düşməni qorxutmaq üçün daha yaşlı döyüşçüyə gənc siması bəxş edəcək vasitələrdən olan saçların rənglədilməsi məsələsini diqqətdən kənar saxlamır. Bütün bunlar ayədəki qüvvə sözünün çox geniş məzmuna malik olduğunu göstərir[31].
  4. Əgər onlar səni aldatmaq istəsələr, Allah sənə kifayət edər. O, Özünün və möminlərin yardımı ilə sənə güc verdi.
  5. Və onların ürəklərində bir-birinə qarşı ülfət yaratdı. Əgər sən onların ürəklərini bir-birinə bağlamaq üçün yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə bacarmazdın. Lakin Allah onlar arasında ülfət yaratdı, çünki O, yenilməz qüvvət, hikmət sahibidir.
  6. Ya Peyğəmbər! Allah və sənin ardınca gedənlər səni himayə etmək üçün kifayət edər.
  7. Ya Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər sizdən iyirmi nəfər mətin və qətiyyətli olsa, iki yüz kafirə, yüz nəfər mətin və qətiyyətli olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir dəstədir!
  8. Hələ ki, Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi. Artıq aranızda yüz nəfər mətin və qətiyyətli olsa, iki yüz nəfərə (kafirə), min nəfər olsa, iki min nəfərə Allahın iznilə qalib gələr. Allah səbirli və qətiyyətli olanlarladır!
  9. Tam qələbə çalmadan (ayağını yerdə möhkəmlətmədən) heç bir peyğəmbərə əsir götürmək yaraşmaz. Siz dünyanın əbədi olmayan malını istəyirsiniz (istəyirsiniz ki, daha çox əsir götürüb fidyə müqabilində azad edəsiniz), Allah isə (sizin üçün) axirət istəyir. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  10. Əgər Allahın öncədən (təbliğ etmədən heç bir ümmətə əzab verməyəcəyi ilə bağlı) hökmü olmasaydı, götürdüyünüz (əsirlər) müqabilində sizə ağrılı-acılı bir əzab gələrdi.
  11. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Allah bağışlayandır, rəhm edəndir!

——————————————————————————————

  1. Bir müsəlmanın on kafirə qarşı savaşması: Bu ayədə bir nəfərin on nəfərə qalib gələcəyi xəbər şəklində verilsə də, sonrakı ayənin məzmunundan, yəni “hələ ki, Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi” cümləsindən vəzifə təyinindən, proqram və göstərişdən söhbət açıldığı məlum olur. Yəni müsəlman döyüşçülərin sayına görə düşmənlə eyni səviyyədə olmasını gözləməməlidir. Hətta müsəlmanlar sayca düşməndən on dəfə az da olsalar, yenə də cihad vacibdir[32]. Bu və sonrakı ayə bir yerdə nazil olsa da, mömilərin iki ayrı-ayrı zamandakı vəziyyətindən xəbər verir, onların iki fərqli şəraitdəki vəzifələrini bəyan edir. Bu vəziyyətlərdən biri möminlərin ilahi bəsirət baxımından daha yüksək, ruhi baxımdan daha güclü olması ilə bağlıdır. Yəni bu halda olanda möminlərin hər biri on nəfərə bərabərdir. Digər vəziyyət onların bəsirət və mənəvi güc baxımından aşağı səviyyədə olduğu zamanla bağlıdır. Belə olan halda onların biri iki nəfərə bərabərdir[33]. Burada diqqət yetirilməsi çox mühüm olan nüanslardan biri budur ki, Allah-taala bu hökmü imanı olmayan düşmənlərin şüur və dərrakəsinin olmaması ilə əsaslandırmışdır. Bu əsaslandırma ilk başlanğıcda adama çox qəribə və təəccüblü gəlir. Yəni ayıq və məlumatlı olmaqla qələbə arasında və ya bilməməzliklə məğlubiyyət arasında nə əlaqə ola bilər? Əslində, bu ikisi arasında çox möhkəm və yaxın əlaqə vardır. Çünki möminlər öz yollarını yaxşı tanıyır, öz yaranışlarının və var olmalarının məqsədini dərk edir, bu dünyanın müsbət nəticələrindən, o dünyada mücahidləri saysız mükafatlar gözlədiyindən xəbərdardırlar. Onlar nədən ötrü vuruşduqlarını, kimin üçün döyüşdüklərini, hansı müqəddəs məqsəd uğrunda fədakarlıq göstərdiklərini, bu yolda şəhid olacaqları təqdirdə kiminlə hesablaşacaqlarını bilirlər. Bu aydın yol və bu bilgi onlara səbir, dözüm, qətiyyət, cəsarət bəxş edir. İmansız və ya bütpərəst insan nə üçün döyüşdüyünü, kimin uğrunda müharibə apardığını, bu yolda ölərsə, onların qanının kim tərəfindən yuyulacağını bilmir. Yalnız kor-koranə təqlid və adət, quru təəssübkeşlik, məntiqsiz seçim ucbatından və ya maddi dünyanın ötəri ləzzətlərinə qovuşmaq üçün bu məktəbin arxasınca düşmüşlər. Bu yolun zülməti, məqsəddən xəbərsizlik, mübarizənin nətcəsindən, fəaliyyətlərinin aqibətindən xəbərsizlik onları zəiflədir, güc və dözümlülüklərini tükədir və onları zəif bir varlığa çevirir[34].
  2. Tam qələbə çalmadan əsir götürmək qadağandır: Bu ayədə müharibə ilə bağlı çox həssas bir məsələyə toxunulmuşdur. Burada müsəlmanlara göstəriş verilir ki, düşmən üzərində tam qələbə çaldıqlarından əmin olmadan əsir götürmək fikrinə düşməsinlər. Bəzi hədislərdən belə məlum olur ki, İslamı yeni qəbul etmiş bəzi müsəlmanlar Bədr meydanında imkan daxilində düşmənləri əsir götüməyə çalışırdılar. Çünki həmin dövrün döyüş qaydalarına əsasən, döyüş başa çatdıqdan sonra əsir götürmüş dəstə yüksək məbləğdə fidyə alıb əsirləri azad edirdi. Bu davranış bəzi məqamlarda yaxşı addım hesab edilə bilər. Lakin düşmənin məğlub olmasından tam əmin olmadan belə bir fikrə düşmək çox təhlükəlidir. Çünki əsir götürmək, onların əl-qolunu bağlamaq və onların münasib bir yerə aparılması ilə məşğul olmaq çox vaxt döyüşçüləri əsl məqsəddən yayındırır. Bu da xəsarət almış düşmənə öz hücumlarını intensivləşdirməyə və döyüşçüləri məğlub etməsinə şərait yaradır. Ühüd döyüşündə qənimət toplamaq istəyi bir qrup müsəlmanın başını qatdı. Bu fürsətdən istifadə edən düşmən müsəlmanlara son zərbəsini endirdi. Buna görə də əsir götürmək yalnız düşmən üzərində tam qələbə çalındığından əmin olduqdan sonra icazəlidr. Bundan qeyri-surətdə müsəlmanlar qətiyyətli və ardıcıl zərbələri ilə hücuma keçmiş düşmənin güc və qüdrətini tükətməlidirlər. Əlbəttə, qələbədən tam əmin olduqdan sonra öldürməkdən əl çəkmək və əsir götürməklə kifayətlənmək insanlıq və humanizmin şərtidir[35].
  3. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə (niyyətiniz pak olsa), sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!
  4. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilin ki, bu, yeni bir şey deyil,) onlar bundan əvvəl Allaha da xəyanət ediblər. Allah (sizi) onlar üzərində qalib etdi. Allah biləndir, hikmət sahibidir!
  5. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib köməklik göstərənlər bir-birinin dostlarıdır. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir öhdəliyiniz və dostluğunuz yoxdur. Lakin əgər onlar din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr, sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!
  6. Kafirlər də bir-birinin dostlarıdır (köməkçi və müdafiəçiləridir). Əgər siz bunları (bu göstərişləri) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad baş verər.
  7. İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlardır həqiqi möminlər. Onları (axirətdə) bağışlanma və layiqli ruzi gözləyir!
  8. Sonradan iman gətirib hicrət edənlər və sizinlə bir yerdə vuruşanlar da sizdəndirlər. Qohumlar Allahın müəyyən etdiyi hökmlərdə bir-birlərinə daha layiqdirlər. Allah hər şeyi biləndir!

—————————————————————————————

  1. Kafir əsirlərin müsəlman olmasının faydaları: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə cümləsində İslamın qəbulu və iman gətirmə nəzərdə tutulmuşdur. Sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar cümləsində maddi və mənəvi mükafatlar nəzərdə tutulmuşdur. Yəni İslam və iman sayəsində onlara maddi və mənəvi mükafatlar nəsib olacaq ki, bu da onların azad edilməsi üçün ödənilən fidyədən üstündür. Bundan əlavə, Allahın əsirlərə lütf etdiyi digər mükafat iman gətirdikdən sonra onların günahlarının bağışlanılmasıdır. İman gətirməzdən əvvəl etdikləri günahlar nəticəsində onların fikirlərinə və ruhlarına hakim kəsilmiş narahatlıq və işkəncə bağışlanılma ilə aradan qalxır. Əhli-beyt (ə) hədislərində azad edildikdən sonra Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib və bir neçəsi istisna olmaqla Bədr əsirlərinin hamısının Məkkəyə geri döndüyü qeyd edilmişdir. O, azadlığını əldə etmək üçün yüksək məbləğdə fidyə ödəyib azadlığına qovuşduqdan sonra müsəlman olmuşdu. Ancaq sonralar Peyğəmbər (s) Abbasa həmin fidyənin əvəzində çoxlu mal vermiş və bu ayəni demişdir. Ümumiyyətlə, Peyğəmbər (s) müsəlman olmuş əsirlərə ruh yüksəkliyi verir, azad olmaq üçün fidyə verdikləri malları daha yaxşı şəkildə özlərinə qaytarırmış[36].
  2. Müsəlmanların hicrət etməmiş möminlər qarşısındakı məsuliyyəti: Bu ayədən surənin sonuna qədər olan ayələrdə beş qrup insandan bəhs edilmişdir. Onların dördü müsəlman, biri isə kafirdir. Həmin müsəlman qruplar bunlardır: 1. İlk mühacirlər; 2. Mədinə dostları, ənsarlar; 3. İman gətirib hicrət etməyənlər; 4. Sonradan iman gətirib mühacirlərə qoşulanlar. Allah-taala üçüncü qrup haqqında belə buyurur: İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir məsuliyyət, öhdəlik və dostluğunuz yoxdur. Yalnız bir halda himayə və məsuliyyət istisna olunur: Lakin əgər onlar din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr, sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Başqa sözlə desək, onları müdafiə etmək yalnız onlar müşriklərlə qarşı-qarşıya gəldikləri zaman zəruri olur. Əgər onlar müsəlmanların saziş bağladıqları kafirlərlə qarşı-qarşıya gəlsələr, sazişə hörmət bu qrupu müdafiə etməkdən daha üstündür[37].
  3. Kafirlərlə dostluq münasibəti ilə bağlı qadağanın fəlsəfəsi: Allah-taala əvvəlki ayələrdə müsəlmanlara göstəriş verir ki, müsəlmanlar gərək bir-biri ilə dost, qardaş olsunlar, bütün hallarda bir-birinə yardım göstərsinlər. Belə ki, kafirlərin də arasında belə bir əlaqə mövcuddur. Əlbəttə, kafirlərlə müsəlmanlar arasında belə bir əlaqə olmamalıdır. Bu cümlə, əslində, əvvəlki ayələrdəki göstərişlərin mahiyyətini və dəlilini bəyan edir. Əlbəttə, hər bir cəmiyyətin öz fərdləri arasında dostluq, qardaşlıq və bərabərlik əlaqəsinin olmasına ehtiyacı vardır. İslam cəmiyyəti haqq və ədalətə əsaslandığı üçün İslam cəmiyyətinin düşməni olan kafirlərlə dostluq və əlaqə yaradılması onlarla qaynayıb qarışmaq nəticəsində İslam mədəniyyətinin aradan getməsinə, onların batil inanacları və davranışlarının İslam cəmiyyətinə sirayət etməsinə, İslam cəmiyyətinin sıradan çıxmasına və pozulmasına səbəb olur. Əgər müasir dövrümüzdə mövcud olan İslam ümmətinin vəziyyətinə diqqətlə nəzər salsaq, bu göstərişə əməl etmədiyi üçün İslam dünyasının əsl fitnə və böyük fəsadın bir nümunəsinə çevrildiyinin şahidi olarıq[38].

[1] “Ənfal” kəlməsi “nəfl” sözündən götürülmüş, mənası “çoxluq, artıqlıq” deməkdir. Müstəhəb namazlara da ona görə “nafilə” deyilir ki, onlar vacib namazlara əlavə edilir. Nəvəyə nafilə deyilməsinin səbəbi onun övladlara əlavə edilməsi ilə bağlıdır. “Naufəl” daha çox bəxşiş verən adama deyilir. Döyüş qənimətlərinə “ənfal” deyilməsi döyüşdən sonra müəyyən əşyaların və malların sahibsiz qalaraq qailb gələn döyüşçülərin əlinə keçməsi ilə bağlıdır.

[2] Nümunə, c.7, səh.77

[3] Əl-Mizan, c.9, səh.7

[4] Nümunə, c.7, səh.81

[5] Nümunə, c.7, səh.81

[6] Nümunə, c.7, səh.93

[7] Əl-Mizan, c.9, səh.22

[8] Əl-Mizan, c.9, səh.1

[9] Nümunə, c.7, səh.113; Əl-Mzan, c.9 ,səh.57

[10] Əl-Mizan, c.9, səh.60

[11] Nümunə, c.7, səh17

[12] Nümunə, c.7, səh.129

[13] Əl-Mizan, c.9, səh.51

[14] Nümunə, c.7, səh.136

[15] Əl-Mizan, c.9, səh.56

[16] Nümunə, c.7, səh.138

[17] Nurus-səqəleyn, c.3, səh.41

[18] Nümunə, c.7, səh.156

[19] Nümunə, c.7, səh.157

[20] Əl-Mizan, c.9, səh.75

[21] Nümunə, c.7, səh.166

[22] Nümunə, c.7, səh.174

[23] Nümunə, c.7, səh.194

[24] Nümunə, c.7, səh.201

[25] Nümunə, c.7, səh.203

[26] Əl-Mizan, c.9, səh.112

[27] Təfsiri-mövzui, c.12, səh.193

[28] Əl-Mizan, c.7, səh.222. Mədinə yəhudilərinin tarixi ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyənlər “Əl-Mizan” kitabında bu ayənin təfsirinə müraciət edə bilərlər.

[29] Nümunə, c.7, səh.222

[30] Pəyame-Quran, c.10, səh.336

[31] Nümunə, c.7, səh.222

[32] Nümunə, c.7, səh.236

[33] Əl-Mizan, c.7, səh.128

[34] Nümunə, c.7, səh.237

[35] Nümunə, c.7, səh.244

[36] Nümunə, c.7, səh. 252; Pəyame-Quran, c.10, səh.379

[37] Nümunə, c.7, səh.255

[38] Əl-Mizan, c.9, səh.145

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir