14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Aləmlərə rəhmət:

Ey əziz Allah rəsulu, növbəti bir viladət bayramını qeyd edirik. Sənin gəlişinlə dünyanın münəvvər olduğu günü özümüzə şadlıq və sevinc günü qəbul etmişik və bu əməli şəri hesab etmək üçün dəlillərə və izahlara ehtiyac görməmişik. Öz insani və təbii sevgi hislərimizə arxalanaraq sənə hörmət və məhəbbət əlaməti olaraq bu günü digərlərindən fərqləndirdik və müsəlmanlar üçün mübarək bildik. Hərçənd ki, bu əməlimizin bir çox dəlilləri vardır, amma sənə də qəribə gəldi bu sözlər, elə deyilmi? Axı insani hislərə görə nə dəlil və şəri sübut?!

Ey əziz Allah rəsulu, qınama məni və səmimi şəkildə fikirlərimi ifadə etməyim sənə olan itaətimin məhəbbətlə qarışdığına görədir. Sən mənim və əqidə qardaşlarımın inancına görə mütləq itaəti vacib olan ilahi elçi olmaqdan əlavə sevilməli, nümunə qərar verilməli və məhəbbəti qəlblərin dərinliyində yerləşməli olan bir şəxsiyyətsən.

Ey əziz Allah rəsulu, qınama məni. Yazıma və sənə olan müraciətimə qəribə sözlərlə başladım. Mövlud gününün bayram olanmasının təbiliyindən danışdım və bəlkə də bu səndə hetrət doğurdu. Amma ey əziz Allah rəsulu, biz çox qəribə bir zamanda yaşayırıq. Bir qrup özünü sənə nisbət verənlər var ki, təbii insani hislərin yaşanması və paylaşılmasını haram hesab edirlər. Necə də yalançı və zülmkar insanlardır. Sənin kimi qəlbi və əməli məhəbbətlə dolu olan bir insana yalan nisbət vermək necə də rəzil bir işdir. Lakin ey əziz Allah rəsulu, bizim zamanəmizdə belələri çoxalmış və yayılmışdır. Dünya əhalisi sənin dinini və uca Allahın bəşəriyyətə nazil etdiyi sonuncu mükəmməl dini o mənfur insanların adı ilə tanıyır. Çox ağır hal və durumdur. Bunu deməklə səni üzmək istəmədim və qəsdim əsla bu deyildi. Neyləyim ey rəsul, dərdimi sənə deməyimmi? Sən bu ümmətin atası deyilsənmi? Məgər müsəlmanların dərdinə dərman olmaq sənin adətin deyildimi? Məgər sən küfr əhlinin imana gəlməsi üçün gecəni gündüzünə qatıb çalışmırdınmı?

Ey əziz Allah rəsulu, sən kiçik yaşlarından rəhmət olaraq göndərildiyini başqalarına hiss etdirirdin. Hələ 7 yaşında ikən sən öz dostlarını yığıb İbn Cəzan adlı kasıb bir kişiyə evini tikməkdə kömək etmişdin. Sən hələ elçilik vəzifəsinin icrasına başlamamışdın, amma hər kəs səni “əmin” biri kimi tanıyırdı. Elə-belədən deyildi ki, yaxşı-pis fərq etmədən hər kəs sənə əmanətini tapşırar və qəlb rahatlığı ilə səfərə yollanardı. Kəbə evinin təmiri zamanı müqəddəs qara daşın öz yerinə qoyulması kimi mühüm işdə Məkkə əhli arasında düşən münaqişə, sənə olan etimad sayəsində və sənin məntiqli məsləhətin nəticəsində qan davasına çevrilmədi. Həqiqətən sən rəhmət peyğəmbəri olmağa layiq idin. Uca Allah səni bütün peyğəmbərlərinin dili vəsf etmiş və öncədən sənin gəlişini xəbər vermişdi. Musaya Turi-Sinada gələn nurun Məkkə yaxınlığındaki bir dağda şəfəq saçacağını Allah, İsrail oğullarına bildirmişdi. Hər şeydən agah olan Allah İsanın dili ilə səni “Əhməd” deyə adlandırmışdı. “Əhməd”, “Muhəmməd” və “Mahmud” kimi gözəl ismlər sənə məxsus oldu. Həqiqətən sən uca Allah və Onun bütün mələkləri tərəfindən bəyənilmiş, seçilmiş və sevilən bir rəsul idin.

Ey əziz Allah rəsulu, sən böyük əxlaq sahibi idin. Sən möminlərin halına yanırdın və günahkarlara qarşı da anlayışlı və mehriban idin. Amma bizim zamanəmizin mənfurları heç kimin halına acımırlar. Sən uşaqlara qarşı çox şəfqətli idin. Onlarla oynayar, onlara xoş davranar və salamı ilk öncə verməkdə onları qabaqlayardın. Bununla da onların qayğısına olan diqqətin vacibliyini əməli şəkildə sübut etmişdin. Hətta müharibə şəraitində belə küfr əhlinin uşaqlarının, qadınların və qocaların qətlini haram etmişdin və bunun əsla yolverilməz olduğunu bildirmişdin. İnsan və heyvan qalsın bir kənara, sən hətta ağacların belə səbəbsiz yerə kəsilməsini qadağan etmişdin. İnsafı olan hər şəxs sənin rəhmət peyğəmbəri olduğunu görürdü. Amma ey əziz Allah rəsulu, bu bizim muasir mənfurlar müqəddəs “Allahu əkbər” sədası altında müsəlman uşaqlarının başlarını vəhşicəsinə kəsirlər. Nə qadınlara rəhm edirlər, nə də qocalara. Sən kafir əsirlərə əziyyət verməyi haram etmişdin və hətta nə insan, hətta itə belə zülm olunmaz əxlaqını insanlara öyrətmişdin. Amma bu vəhşilər onlarla vuruşmayanları belə tutub öldürürlər. Əsir tutub zülm etməmək əxlaqının anlayışı belə bunlarda yoxdur.

Ey əziz Allah rəsulu, sən Məkkəyə qayıtdığın və ətrafındakı minlərlə müsəlmanla birgə öz vətəninə döndüyün zaman necə lütfkar davranmışdın. Səninlə müharibələr etmiş, Həmzə və bu kimi bir çox əzizlərinin ölümünə səbəb olmuş o Məkkənin əyanları və onlara köməklik etmiş o Məkkə camaatından qisas almağa haqqın çatdığı halda onları bir göz qırpımında bağışladın və rəhmət peyğəmbəri olduğunu göstərdin. Zatən uca Allah səni Öz kitabında “kərim” biri kimi tanıtmışdı (Təkvir surəsi 19). Sən camaatla namaz qıldığın zaman bir körpənin ağlamaq səsini eşidib namazını sürətləndirmiş və tez bitirmişdin. Çünki o körpənin anası ilə birgə məscidə gəldiyini və onun ağlamağının anasını namaz zamanı narahat etdiyini sən dərk etmişdin. Bununla da insanların narahatçılığı ilə ilahi itaətin bir yerə sığmadığını əyani surətdə nümayiş etdirmişdin. Pulunu itirmiş bir qız uşağını görüb öz pulunu ona verən və incitməsinlər deyə ona qoşulub valideynlərinin yanına gedən mülayim və yumşaq qəlbli rəhmət peyğəmbəri idin sən, ey bizim mövlamız.

Ey əziz Allah rəsulu və rəhmət peyğəmbəri, viladət günün mübarək olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir