Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm. Mənə moizə et!

İmam Hüseyn (ə) buyurdu: Bu beş əməli yerinə yetir, ondan sonra hər nə qədər istəsən günah et!

Şəxs öz-özlüyündə biraz rahatlandı və düşündü ki, əgər İmam Hüseyn (ə) icazə verirsə, edəcəyim əməllər mənim üçün günah sayılmayacaq.

Həzrət İmam Hüseyn (ə) o şəxsə buyurdu: “Allahın verdiyi ruzidən yemə! Sonra nə qədər istəsən günah et.

Allahın vilayətindən (hökumətindən) xaric ol! Sonra nə qədər ürəyin istəsə günah et!

Elə bir yeri seç ki, Allah Təala həmin yerdə səni görməsin. Ondan sonra istədiyin qədər günah et.

Həzrət Əzrail (ə) sənin ruhunun sorağına gəldiyi zaman, onu özündən uzaqlaşdır (ruhunu ona təslim etmə), sonra istədiyin qədər günah et.

Cəhənnəmin Maliki səni odun içinə daxil edəndə, sən cəhənnəmə girmə. Sonra ürəyin hər nə qədər istəsə günah et.”

*Kəlimatil İmam Huseyn (ə), səh 559