14-Məsum (Əhli-Beyt)İmam Rza (ə)

Günəşlər günəşi imam Rza əleyhissalam

Bizim hamımızın qəlbində imam Rza əleyhissalama özünəməxsus sevgi və məhəbbət vardır. O həzrətin adı çəkiləndə hər kəsin fikrində imam Rzanın (ə) müəyyən bir xüsusiyyəti və ya onun başına gələn mühüm hadisələrdən biri canlanır. Məsələn, İmamın Xorasana sürgün edilməsi, qəribçiliyi, vəliəhd olması, bacısı barədə tövsiyələri, qeyri-müsəlman alimləri ilə mübahisələri, qərib yerdə şəhid edilməsi və ilaxır.
Lakin o xüsusiyyət və hadisələrin heç biri imam Rzanın (ə) həyatındakı ən mühüm səciyyə deyil, düzdür bizim qəlbimizdə özünə yer etmiş xüsusiyyət və əməllərin hamısı imam Rzanın (ə) həyatının mühüm hdisələrindəndir, bununla belə ən mühüm xüsusiyyət deyil.
Məsum imamların (onların hamısına salam olsun) hamısı mənəviyyat və risalət səmanının günəşidirlər, ancaq imam Rzanın (ə) günəşlər günəşi ləqibi ilə tanınmasına səbəb o həzrətin İslam dininə iki böyük xidmətinə görə olmuşdur.
Birinci uğur, “imamtanıma” şüurunu ümumxalq inamına çevirməsi idi. O vaxta qədər imamtanıma xüsusi şəkildə idi, yəni zamanın İmamını çox az insan tanıya bilirdi. Məsəslən, həcc mövsümlərindən birində imam Cəfər Sadiq (ə) bir neçə yaxın səhabəsi ilə Məkkəyə həccə getmişdi. İmam Cəfər Sadiq (ə) Kəbə evini təvaf etdikdən və İbrahim (ə) məqamının arxasında iki rükət namaz qıldıqdan sonra kənara çəkilib zəmzəm quyusunun yanında oturdu. Səhabələrdən biri dedi: Ey Peyğəmbərin övladı! Kəbədəki qara daşı öpərək ona əl sürtməyə necə baxırsınız? İmam Cəfər Sadiq (ə) buyurdu: “Qara daşa əl sürtmək və onu öpmək müstəhəbdir. Həzrət Muhəmməd (s) təvaf edib iki rükət namaz qıldıqdan sonra qara daşı öpər və ona əl sürtərdi.” Həmin səhabə dedi: -elə isə bəs siz o əməli niyə etmədiniz? İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “İnsanlar həzrət Muhəmmədi (s) peyğəmbər olaraq tanıyıtdılar, ona görə də o həzrət qara daşa sarı hərəkət etdikdə insanlar kənara çəkilərək Allahın Rəsulu (s) üçün dəhliz yaradırdılar və o həzrət rahatlıqla gedib qara daşa əlini vururdu. Lakin insanlar məni (zamanın İmamı olaraq) tanımırlar, ona görə də mənə qara dası ziyarət etməyə imkan vermirlər…”
Bəli, imam Rzanın (ə) zamanına qədər imamtanıma yalnız bəzi insanlara nəsib olmuşdu, hər imamın imamlığı dövründə az dəstə adam bu mərifətə malik idilər. Bu da məhz imam Rzanın (ə) Xorasana gəlişi ilə baş tutdu, belə ki o həzrət ömrünün son iki ilində imamtanıma mərifətini xüsusilikdən çıxararaq ümumxaql və ümumümmət inamına çevirdi. Zamanın imamını tanıyanların sayı bir neçə nəfərdən yüzminlərlə insanın inancına çevrildi.
Baxın, imam Rza (ə) Xorasana təzə ayaq qoyduğu və xilafətin Mərkəzi olan Mərv şəhərinə çatmamış o yolun üstündə yerləşən Nişabur şəhərindən keçərkən iyirmi min (20.000) nəfərə yaxın insan o həzrətin olduğu karvanın qarşısına çıxaraq imamdan xahişlə Allahın Rəsulundan (s) mühüm bir dini mərifəti açıqlayan bir hədis eşitmək istədiklərini bildirirlər. Onların dörd minə yaxını əllərində qələm və kağız tutaraq İmamın sözlərini qələmə alırlar. Həmin zaman imam Rza (ə) ata babalarının (onların hamısına Allahın salamı olsun) vasitəsilə nəql edilmiş hədisi onlara buyurur: “… Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Allah Taala buyurur: – La ilahə illAllah (Allahdan başqa tanrı yoxdur şüarı) Mənim qalamdır. Kim Mənim qalama daxil olarsa Mənim əzabımdan amanqa olar.”
İmam Rza (ə) bu sözləri deyib dayandı, əslində bu sözlər camaat üçün yeni bir söz deyildi, çünki həzrət Muhəmməd (s) peyğəmbərlik dəvətinin ilk çağlarından insanlara “la ilahə illAllah deyin və xoşbəxt olun” deyə buyurmuşdu. Karvanın qarşısında dayanmış minlərlə insan təəccüb dolu baxışlarla imama baxdı, sanki baxışları ilə o hədisin batini və sirlərindən birini eşitmək istəyirdilər. Bu vaxt karvana hərəkət göstərişi verildi, insanları heyrəti birə min çoxaldı, bu an imam Rza (ə) bir cümlə ilə dünya dolu söz dedi. O həzrət buyurdu: Lakin (la ilahə illAllahın) şərtləri vardır, o şərtlərdən biri də mənəm (zamanın imamıdır).”
Yəni siz la ilahə illAllah deməyinizlə o vaxt Allahın qalasına sığınmış olarsınız ki, biz Əhli-beytin (ə) imamət və vilayətini qəbul etmiş olasınız. Əslində imam Rza (ə) bu hədisdə nəticəni əvvəldə demişdi, necə ki sevimli Peyğəmbərimiz (s) də “la ilahə illAllah deyin və xoşbəxt olun” kəlamında yalnız nəticəni bildirmişdi.
İmam Rza (ə) bu sözləri əksəriyyəti şiə olmayan və tanımadığı adamların qarşısında söyləmişdir, bu sözləri imamətə etiqadı olmayan insanların qarşısında söyləmək böyük cəsarət və şücaət tələb edir. Çünki bu sözləri deyən şəxs camaatın bu sözlərə dözə bilməyərək əksüləməl göstərə biləcəkləri də ehtimal etməlidir. İmam Rza (ə) çoxlu sayda dini maarififdən hansınısa açıqlamaq əvəzinə Əhli-beytin (ə) vilayətindən söz açır. Bu sözlər hətta şiələrin arasında deyilsəydi belə onların bir çoxları bu mənaya dözəməyə bilərdi.
Qurani-kərimdə on bir yerdə İlahi Peyğəmbərlər (onların hamısına Allahın salamı olsun) insanlara dəvət zamanı “Allahdan qorxun və mənə itaət edin” (Şüəra surəsi 108-ci ayə və sair) deyə buyurmuşlar. Qurani-kərimin ayələri bildirir ki, Peyğəmbərlərin (ə) bu sözləri camaatın əksəriyyətinə ağır gəlirdi və onlar Peyğəmbərlər (ə) ilə müxalifətçilik edirdilər. İnsanlar Peyğəmbərlərin (ə) gətirdiklərindən daha çox onların özləri ilə düşmənçilik edirdilər. Məsələn, Nuh peyğəmbər (ə) barədində kafirlər deyirdilər:

فَقَالَ الْمَلَؤُاْ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ مَا هَاذَا إِلَّا بَشَرٌ مِّثْلُكمُ‏ْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ

“(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: ‘Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir.”
Möminun surəsi 24-cü ayə
Onlar nə üçün belə deyirdilər? Çünki Peyğəmbərlər (ə) mənə itaət edin, deyə buyururdular. Bu söz isə camaata ağır gəlirdi.
Bəli, orası elədir ki, İlahi Peyğəmbərlərin (ə) insanları itaətə dəvət etməkdən məqsədləri insanları Allaha sarı, yəni Allahın itaətinə dəvət etmək idi. Lakin insanların Allaha itaət etmələri üçün Onun göndərdiyi peyğəmbərlərə itaət etmək dinin tövhiddən sonrakı birinci şərtidir. Qurani-kərim Nisa surəsinin 80-ci ayəsində buyurur:

مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَ مَن تَوَلىَ‏ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.”
İnsan necə dindar ola bilər ki, zamanın höccətinə itaət etməsin? Allahın vəlisinə itaət etmək Allahın özünə itaət etməkdir. Məhz elə buna görə də imam Rza (ə) insanlara anlatdı ki, zamanın imamı Allah Taala ilə birbaşa rabitəsi olan şəxsdir, onu qəbul etmədən dindarlıq etmək səmərəsiz olacaqdır.
Odur ki, Allah Taala Qurani-kərimin Ali-İmran surəsinin31-ci ayəsində buyurur:

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونىِ يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكمُ‏ْ ذُنُوبَكمُ‏ْ

“(Ey Muhəmməd!) De: Əgər Allahı sevirsinizsə mənə tabe olsun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.”
Deməli, imam Rzanın (ə) “şərtlərdən biri də mənəm” deməsi və öz üstünlüyünü bildirməsi bir çox insanlara ağır gələ və onların əksüləməllərinə səbəb ola bilərdi, ancaq bu ehtimal olunan təhlükə imam Rzanın (ə) həqiqəti açıq deməsinə mane ola bilmədi.
Allahdan istəyək ki, zamanın imamı həzrət Mehdi əleyhissalam zühur edərkən “ənəl Məhdi fəttəbiuni (mən Mehdiyəm elə isə mənə tabe olun)” deyə nida etdikdə o həzrətin çağırışına heç bir tərəddüd etmədən ləbbeyk (tabeyik) deyə bilək.

 

Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir