14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihin sevimli qızı, əmirəlmöminin Əli əleyhissalamın sədaqətli həyat yoldaşı, on bir məsum İmamın (onların hamısına Allahın salamı olsun) anası, aləmlərin qadınlarının sərvəri həzrət Fatimə əleyhasalamın təvəllüdü günü mübarək olsun.
.
İslam kamil və hər tərəfli bir məktəb olaraq insanın ruhi və cismi cəhətlərinə, xüsusilə də insanın tərəqqi və inkişafı yolundakı ehtiyaclarına diqqət etməklə elm və mərifətə böyük əhməmiyyət və dəyər verir. Qurani-kərimə nəzər saldıqda görürük ki, harada insanın yaradışıından söhbət gedirsə orada ilk öncə təlim və elmdən söz açılır.
Qurani-kərim Bəqərə surəsinin 31-ci ayəsində Adəmin yaradılışı barədə olan mövzunun davamında buyurur:

 

وَ عَلَّمَ ءَادَمَ الْأَسمْاءَ كلُّها

“(Allah) Adəmə hər şeyin adlarını (məna və xüsusiyyətlərini) öyrətdi.”
Həmçinin Nəhl surəsinin 78-ci ayəsində oxuyuruq:

وَ اللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَتِكُمْ لَا تَعْلَمُونَ شَيْا وَ جَعَلَ لَكُمُ السَّمْعَ وَ الْأَبْصَرَ وَ الْأَفْدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı, sizə qulaq (eşitmə), gözlər (görmə) və qəlb (dərk və şüur) verdi ki, bəlkə şükr edəsiniz.”
Bu qəbildən olan ayələr, eləcə də sonuncu peyğəmbər həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) və məsum İmamların (onların hamısına Allahın salamı olsun) hədisləri həddən çoxdur.
İnsanın təkamülü yolunda elm və mərifətin əhmiyyətini dərk edən şəxs insanların təlim və maariflənməsində vasitəçi olmağın necə böyük hünər və iftixar oladuğunu açıq şəkildə görə bilər.
Biz burada həzrət Fatimə əleyhasalamın elm və təlimə necə qiymət verməsi barədə iki hadisəni nəzərinizə çatdırırıq.
“Biri imanlı digəri isə dinin düşməni olan iki qadın bir elmi mövzu barədə ixtilafa düçar oldular, onlar ixtilaflarının həlli üçün xanım Fatimənin (ə) yanına gəlib mövzunu, eləcə də öz nəzərlərini açıqladılar. Həzrət Fatimə (ə) imanlı qadının haqlı olduğunu bildirib onun sözünü dəlil və sübutlarla təsdiqlədi. Beləliklə də imanlı qadın dinsiz qadına qalib gəlmiş oldu. O qadın buna görə çox sevindi. Həzrət Fatimə (ə) imanlı qadına buyurdu: (Elmini dəlil və sübutlarla möhkəmləndirdiyinə görə) mələklər səndən daha çox sevinirlər. Şeytan və onun yolunu gedənlər isə o düşmən qadından daha çox qəmli və dilxordurlar.
Allah Taala mələklərə buyurdu: – Fatimənin (ə) bu imanlı qadına (elm öyrətmə) xidmətinə görə onun üçün nəzərdə tutulmuş cənnət nemətlərini min dəfələrlə artırın, eləcə də öz elmi ilə hər hansı bir imanlı şəxsə elmi kömək edərək onun düşmənlər üzərində qalib gəlməsinə səbəb olan hər bir alimin cənnət nemətlərini min dəfələrdə artırın.”
Biharul ənvar 2-ci cild 8-ci səhifə (İmam Həsən Əskəri əleyhissalamın təfsirindən nəql edilib)
.
“Mədinə şəhərinin əhalisindən olan bir qadın xanım Fatimənin (ə) evinə gəldi və dedi: Mənim qoca anam var, onun namaz ilə əlaqədar suallarını cavablandırmağınız üçün məni sizin yanınıza göndərib. Təki suallarının cavabını öyrənib ona deyim.
Həzrət Fatimə (ə) buyurdu: Suallarını soruş.
Qadın bir-bir suallarını soruşmağa başladı, belə ki, çoxlu sullar verdi. Birdən (vaxtın çox keçdiyini görüb) utandı (narahat oldu) və dedi: ey Allahın peyğəmbərinin qızı! Daha sizə əziyyət vermək istəmirəm.
Həzrət Fatimə (ə) buyurdu:

هاتي وسلي عما بدا لك ، أرأيت
من اكتري يوما يصعد إلى سطح بحمل ثقيل وكراه مائة ألف دينار ، يثقل
عليه ؟ فقالت : لا ، فقالت : اكتريت أنا لكل مسألة بأكثر من ملء ما بين
الثرى إلى العرش لؤلؤا ، فأحرى أن لا يثقل علي

Yenə də gəl, nə qədər sualın olsa məndən soruş. (Səndən bir söz soruşum,) əgər bir nəfəri əcir tutalar ki, ağır bir yükü evin damına qaldırsın, əvəzində isə həmin şəxsə yüz min dinar (yüz min qızıl sikkə) verəcəklərini desələr, həmin yükləri qaldırmaq əcir tutulmuş şəxsə ağır və çətin gələrmi?
Qadın dedi: Yox.
Həzrət Fatimə (ə) buyurdu: -Mən (sualı olanların) hər sualına cavab verdikdə yerdən ərşə (göyə) olan məsafə qədərində ləl və cəvahirat nəsibim olur. Deməli bu (elm öyrətmək, suallara vacab vermək, insanları maarifləndirmək) mənə ağır gəlməməlidir.”
Mustədrəkul vəsail 17-ci cild 318-ci səhifə 21460-cı hədis
.
Bu hədislərdə bir çox incəliklər vardır, o cümlədən:
1- Elm öyrətməyin dəyərini hər bir bilik əhli bilməlidir.
2- İnsanlara elm öyrətməkdən və insanların suallarına cavab verməkdən yorulmaq həqiqi alimlərə aid olsa xüsusiyyət deyil.
3- İnsanların elm öyrənmələrini və onların maariflənməyini istəyən şəxs onların suallarından qaçmamalı, əksinə insanları daha çox sual verməyə təşviq etməlidir.
4- Bəzi bilikli şəxslər çalışırlar ki, ən yaxşı bildiyi mövzuda, məsələn yarım saat, söhbət (moizə) edib canlarını qurtarsınlar və insanların suallarından qaçırlar, bu üslub Əhli-beytin üslubu deyil.
5- İnsanların suallarını həvəslə dinləyin və onların suallarını təmkin və şövq ilə cavablandırın.
6- Verəcəyiniz cavabların dəqiq olduğuna əvvəlcə özünüz əmin olun, cavablarınız dəlil və sübutlar əsasında olsun.
7- İnsanların suallarına qaneedici cavablar verin.


RZA ƏZİZOĞLU İRƏVANİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir