14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Həzrət Muhəmmədin (s) Kövsəri

Həzrət Muhəmmədin (s) Kövsəri
Qurani-kərimdə gizli qalmış həqiqətlərdən biri də Kövsər kəlməsinin həqiqi mahiyyətidir.
Hər şeydən əvvəl onu deyək ki, tarix boyu bir çox adamlar sonuncu peyğəmbər həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) və onun Əhli-beytini (ə) sevən insanların qarşısında dayanıb onlara irad tutataq “Əlinin (ə) ya Fatimənin (ə) adına niyə bir surə yoxdur?” deyə sormuşlar. Hətta bəzi möminlər aşkar surətdə “kaş Əhli-beytdən (ə) bir nəfərin adına surə olaydı” deyə gileylənmişlər.
Əmirəlmöminin Əli əleyhissalama nisbət verilən bir kəlamda deyilir: “Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar.” Yəni həqiqət, əslində bir şeydir, ancaq cahillər, nadanlar və qərəzli insanlar o həqiqəti itirmək və camaatı çaşbaş salmaq üçün onlarla, bəzən isə yüzlərlə həqiqətə bənzəyən mövzunu həqiqət adına camaata sırımışlar.
Beləliklə də camaat şək-şübhə içində qalmışlar. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Şübhə sözü bənzəyən mənasınadır, şübhəyə ona görə şübhə deyirlər ki, həqiqətə bənzəyir, ancaq həqiqət də ola bilər yalan da ola bilər.”
Gəlirik əsl mətləbə.
Qurani-kərimin 108-ci surəsi Kövsər adlanır. Üç ayədən ibarətdir.
Ərəb dilində “fəvəl” qrammatik vəznində olan kövsər sözü “xeyir bərəkəti çox olan” mənasınadır. Qurani-kərimdə hər hansı bir mövzunun həqiqi mənasının üzə çıxması və bəlli olması üçün əsas iki yol vardır. O iki yolun biri “şəni-nüzul”, yəni həmin ayənin (mövzunun) gəlməsi səbəbidir. O biri yol isə, həmin ayədən sonrakı ayələrdə həmin ayənin necə açıqlanmasıdır. İndi “kövsər” sözü ilə əlaqədar bu iki yolu nəzərdən keçirək.
1- Ayənin və surənin “şəni-nüzulu”
.
Görəsən bu üç ayənin həzrət Muhəmmədə (s) nazil olmasının səbəbi nə idi? Necə oldu ki, Allah Taala həzrət Cəbrail vasitəsilə bu surəni Peyğəmbərə (s) göndərdi?
a) “İbn Abbas deyir: Kövsər surəsi As ibn Vailin sözünün cavabında gəlmişdir, belə ki, As ibn Vail bir gün Məscidul-həramın Bəni-səhm qapısından daxil olarkən həzrət Muhəmməd (s) oradan çıxırdı, onlar üzbəüz gəldilər, bir az söhbət etdikdən sonra As ibn Vail həzrət Peyğəmbərdən (s) aralanaraq bir az kənarda dayanmış Məkkənin böyüklərinə yaxınlaşdı. Onlar soruşdular: -Kiminlə danışırdın? As ibn Vail əli ilə Peyğəmbəri (s) göstərərək dedi: -Bu Əbtər ilə. Həmin gün Peyğəmbərin (s) oğlu vəfat etmişdi, ərəblər oğlu olmayana əbtər, yəni “sonsuz və nəsli kəsiləcək adam” deyirlər.”
b) Əhməd ibn Musa sənəd ilə Yəzid ibn Rumandan nəql edir ki, As ibn Vailin yanında həzrət Muhəmmədin (s) adı çəkiləndə dedi: Buraxın onun başını, o əbtərdir, çünki oğul övladı yoxdur. O ölən kimi adı unudulacaq və onun əlindən xilas olacağıq. Bu surə onun cavabı olaraq nazil oldu.
c) Əta birbaşa İbn Abbasdan nəql edir ki, As ibn Vail həzrət Muhəmmədi (s) şəmatət edirdi və deyirdi: -Sən əbtərsən (nəslin olmayacaq). Allah bu surəni onun cavabı olaraq göndərdi ki, ey Peyğəmbər (s) biz sənə Kövsər bəxş etdik (kövsərin vasitəsilə sənin nəslin artacaq) ancaq səni şəmatət edən düşmənin özü əbtərdir (onun özünün nəsli kəsiləcəkdir).
Əsbabun nüzul 1-ci cild 495-ci səhifə
.
Surə və ayənin həqiqi mənasının aşkar olması üçün birinci yol, yəni surənin Allah tərəfindən gəlməsinin səbəbi kimdir? Sevimli Peyğəmbərimizin (s) nəsli kövsər ilə çoxalır. Bəs, kövsər kimdir ya nədir? Həzrət Peyğəmbərin (s) nəsli bulaq, su yaxud başqa şeylərlə çoxalır, yoxsa dünya və axirət xanımlarının sərvəri həzrət Fatimənin (ə) vasitəsilə?!
.
2- Ayənin ardınca gələrək onun mənası və həqiqətini aşkara çıxaran ayələr
.
Burada əvvəlcə surənin ayələrini izləyək. Dedik ki, Kövsər surəsi üç ayədir.
Birinci ayə həzrət Muhəmmədi (s) sevindirir ki, “Biz sənə Kövsəri bəxş etdik”. Bu ayənin yarısını başa düşdük, yarısı isə (hələlik) müəmmalı qaldı. Başa düşdük ki, Kövsər, Allah Taalanın həzrət Peyğəmbərə hədiyyəsidir. Ancaq ayənin başa düşmədiyimiz tərəfi Kövsərin mənasıdır.
İkinci ayə həzrət Muhəmmədə tapşırır ki, Allah Taalanın sənə Kövsəri bəxş etməsinə görə Rəbbinə namaz (şükür namazı) qıl və dəvə qurban kəs, yaxud ucadan təkbir, yəni “Allahu Əkbər” de. Bu ayəni tamamilə başa düşdük. Allah Taalanın bəxş etdiyi nemətə görə təşəkkür etməyin ən yaxşı formaları şükür namazı qılmaq və qurban kəsməkdir, eləcə də Allahın adını ucaltmaqdır.
Üçüncü ayə, həzrət Muhəmmədin (s) düşmənini darmadağın edir. “Sənin düşmənin özü əbtərdir”. Sənin nəslin kövsərin vasitəsilə çoxalacaq, ancaq sənin düşmənin olan As ibn Vailin nəsli isə kəsiləcəkdir. Üçüncü aydə əbtər (sonsuz, nəsili kəsilən) sözü birinci ayədə işlədilən kövsər (həddən ziyadə çox) sözünün əks tərəfidir. Deməli, kövsər sözü nəsilin artmasına səbəb olana işarədir.
Görəsən, həzrət Muhəmmədin (s) nəslinin çoxalmasına səbəb olan kövsər nədir, yaxud kimdir?
– Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd həzrət Muhəmmədin (s) əxlaqıdır. Əgər kövsər sözündən məqsəd gözəl əxlaq olsa idi, bundan əvvəl Allah Taala o həzrət barəsində buyurmuşdu: “Sən çox böyük əxlaqa maliksən” (Qələm surəsi 4-cü ayə). Elə isə həzrət Peyğəmbərdə (s) olan şeyin o həzrət verilməsi mənasızdır.
– Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd ibadətdir. Həzrət Muhəmməd (s) o qədər ibadət edirdi ki, Allah tərəfindən belə bir ayə nazil oldu: “Biz bu Quranı sənə ona görə göndərmədik ki, (çoxsu ibadətlərinlə) özünü həddən artıq əziyyətə salasan”. (Taha surəsi 2-ci ayə)
– Əgər kövsər sözündən məqsəd ümmətin çoxluğu olsaydı, Allah Taalanın vədinə əsasən haqq olan İslam dinini bütün dünyada qalib edəcəkdir. (Səff surəsi 9-cu ayə)
– Əgər kövsər sözündən məqsəd şəfaət olsaydı, Allah Taala bu işi Peyğəmbərə (s) mərhəmət etmişdir, belə ki, həzrət Muhəmməd (s) ümmətindən kimlərin şəfaətini Allahdan istəyərsə o həzrətin şəfaəti Allah tərəfindən qəbul olunacaqdır. (Zuha surəsi 5-ci ayə)
Deməli, Kövsər surəsinin nazil olma səbələrinə və eləcə də ayələrin məzmununa diqqətlə nəzər salıdqda görürük ki, kövsər sözünün həqiqi mənası həzrət Muhəmmədin (s) sevimli qızı, canının parası, gözünün işiğı, dünya və axirət qadınlarının sərvəri, insani-huri, Peyğəmbərin (s) nəslinin çoxalmasının səbəbkarı həzrət Fatimə əleyhasalamdır.
Bəli, onu da deyək ki, kövsər sözünün lüğət mənası ilə uzlaşan çoxlu mövzulara rast gəlmək olar. Kövsər sözünün “xeyir-bərəkəti çox olan” mənasına rəğmən Qurani-kərim; İmamların (ə) hər biri; Peyğəmbərin (s) elmi, əxlaqı, şəfaəti, hikməti; Risalət; Cənnət; Cənnətdə bulaq; Cənnətdə çay; Möminlər; Allahın varlığını sübut edən möcüzələr; Yaxşı qadınlar və sair. Bu siyahını istənilən qədər uzatmaq mümkündür.
Lakin ayədə işlədilən kövsər sözünün yeğanə mənası həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədin (s) nəslinin çoxalmasıdır.
Bütün cənnət həzrət Muhəmmədə (s) məxsus olduğu halda, bir bulağın o həzrətə hədiyyə edilməsi nə dərəcədə real ola bilər?! Cənnətdə olan saysız İlahi nemətlərin hamısınin xeyir-bərəkəti çox və qurtulmayandır. Elə isə məgər Allah Taalanın -eni göylər və yer qədər olan cənnətindən həzrət Muhəmmədə (s) bəxş etdiyi yalnız bir bulaqdır?! Bütün cənnət və həmin bulaq da onun içində həzrət Muhəmmədin (s) ixtiyarına verilmişdir. Qiyamət günü bütün ümmətlərin şahidi olan həzrət Muhəmməd (s), cənnətin də sərvəridir. Çünki həzrət Muhəmməd (s) varlıq aləminin ən üstün insanıdır, ondan üstün olan insan olmamış, yoxdur, olmayacaq da.
Bəzi alimlər buyurublar ki, nə eyibi var ki, belə deyək: -Allah Taala həzrət Muhəmmədə (s) bu dünyada Fatimə (ə) adlı kövsər, axirətdə isə sirin və dadlı suyu olan kövsər adlı bulaq hədiyyə etmişdir.
Nəticə:
– Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmmədin (s) nəslinin çoxalması və bu günə qədər gəlib çıxması yalnız o xanımın bərəkətli vücudu sayəsində həqiqətə çevrilmişdir. Allah Taala həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədə (s) misilsiz və ən dəyərli nəsil bəxş etmişdir. Ancaq həzrət Muhəmmədi (s) əbtər, “nəsili olmayan” adlandıranlar, istər o həzrət ilə istərsə də məsum İmamların (ə) hər biri ilə düşmənçilik edən nəsillərin hamısının kökü kəsilmiş və özləri əbtər olmuşlar. Odur ki, Allah buyurur: “Sənin düşmənin özü əbtərdir”.
– Həzrət Fatimə (ə) kövsərdir, çünki bütün bəşəriyyət haqq olan İslam dininin göstəriş, qanun, maarif və hökmlərini o xanımdan və onun övladlarından öyrənirlər.
– Həzrət Fatimə (ə) kövsərdir, çünki hədislərə əsasən “əgər yer üzü İmamsız olarsa, yer öz əhlini caynağına alar (hamı yerə batar, həyat sona yetər)” (əl-Kafi 1-ci cild 179-cu səhifə). Buna görə də bəşər övladı qalması, xoşbəxtliyi və saysız-hesabsın nemətlərdən faydalanmaqda xanım Fatimənin (ə) övladlarına borcludur.
– Həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımdan elə bir “kitab (Müshəfi-Fatimə kitabı) yadiğar qalmışdır ki, vilayətin mirasıdır, İmamlar (ə) müxtəlif məsələlərdə o kitaba müraciət edirlər; keçmişin, indiki zamanın və gələcəyin elmi o kitabda mövcuddur.” Biharul ənvar 43-cü cild 88-ci səhifə
– Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmməd (s) buyurur: “Əgər varlıq aləminin bütün yaxşılıqlar, gözəlliklər və üstünlükləri bir insan surətində olsaydı, o şəxs həzrət Fatimə (ə) olardı. Fəraidus səmtin 2-ci cild 68-ci səhifə
– Həzrət Fatimə (ə) kövsərdir, çünki çoxlu xeyir-bərəkətləri o xanımı sevənlərə qiyamət günü nəsib olacaqdır. Xanım Fatiməni (ə) sevmək, qiyamət günü nicat tapmaq üçün çox gözəl vasitədir. “Həzrət Muhəmməd (s) buyurdu: ey Salman! Qızım Fatiməni (ə) sevən şəxslər cənnətdə olacaq, onun düşmənləri isə cəhənnəmdə olacaqlar. Ey Salman! Fatiməni (ə) sevmək yüz yerdə fayda verəcəkdir, o cümlədən: Ölüm anında, qəbirdə, əməllər ölçüləndə, məhşərdə, siratda və hesab vermə zamanı.” Fəraidus səmtin 2-ci cild 67-ci səhifə
Bu siyahını da çox uzatmaq olar, sözün qısası, həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımın ixlas, ibadət, bəndəlik, zöhd və sadə yaşamaq, səbir və dözüm, iffət və həya, layiqli həyat yoldaşı, gözəl övlad tərbiyəsi, imamət və vilayətin mətanətli müdafiəsinin saysız xeyir-bərəkətləri İslamın yaşamasının və davamının sütunlarıdır.


Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir