14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Həzrət Zəhranın (s) səmavi həyatı

Bismillahir-rəhmanir-rəhim

Əhli-beyt (ə) insanın ürəyini özünə tərəf cəzb edir. Məvəddət ayəsinin batini də buna işarə edir:

«قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى»

“(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”[1].

Yəni ürək verin. Ürək irəli gəldikdə ağıl, insanın digər qüvvələri və bədən üzvləri də işə düşür. İnsanın ürəyi hara meyl etsə, onun ayağı da ora gedir. Milyonlarla insan uzaq-uzaq yerlərdən piyada Kərbəlaya gedirlər. İnsanın ürəyi onun bədənini İmamların (ə) ziyarətinə aparır. Cismin ziyarətindən qabaq ürək onları ziyarət edir və istədiklərini alır, onlarla vəhdətə yetişir. Ürək nur vadisinə gedir, cism və bədəni də nurlandırır.

Elə ki, Əhlli-beytin (ə) adı gəlir, ürək, o vadiyə gedir və insan daha başqasına ürək verə bilmir. Məşuqun olduğu yerdə başqa heç nə yoxdur.

Heç mümkündür ki, insan öz məşuqu ilə bir yerdə olsun, amma ondan başqasına baxsın?! Əgər məşuqundan başqasına diqqət etsə, deməli, hələ eşq yoxdur. Eşq, fəna olmaq, özündən və hamıdan ayrılıb məşuqa ürək bağlamaq deməkdir.

Biz “məvəddət” ayəsinin batininə yetişməmişik. Təkcə iddia edirik və özümüzün heç nəyimiz yoxdur.

İmam Hüseyn (ə) buyurur: “İnsanın həqiqətləri iddiadır. Bəs necə iddiaları iddia olmasın?!”[2] Həqiqəti “heç” olan insan iddia edir! Həqiqəti iddiadır, amma iddia edir! Bu iddia heçdə heç deməkdir. Biz, heçdə heçik və bir şey deyilik. Hamısı onların lütfüdür.

Həqiqəti dərk etmək lazımdır. Bu dərk adi dərkdən fərqlidir. Seyri-süluk etmək, bunu başa düşmək üçündür. Yoxsa mövzunu oxumaqla da başa düşmək olar. Amma seyri-süluk həqiqəti dərk etmək üçündür. Məna aləmində süluku başa düşmək insanın həqiqəti başa düşməsinə səbəb olur. Bu insan ruhunun qidasıdır.

Əgər bir kəs Fatimeyi-Zəhraya (s) qarşı mərifət əldə edə bilsə, məvəddət ayəsinin həqiqətini başa düşər. Həzrət Zəhranın (s) həyatı səmavi idi. Fədək xütbəsinin başlanğıcında ağladı. Belə ki, bütün məclis əhlini ağlatdı. Hamının ürəyi onun iradəsinə tabe oldu. Həzrət (s) sükut etdikdən sonra hamı sakit oldu. Ravi deyir: “O ayağa qalxdı və səmaya baxıb buyurdu:

“Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi”[3].

Öz həqiqi Məşuqunu vəsf etməyə başladı. Bütün məclisi tövhidə qərq etdi. Bu zaman səmay baxdı. Yəni mən Yer əhlinə mənsub danışmıram və qeybə qovuşmuşam. Yer əhlindən deyiləm, səma əhliyəm.

Bu, həzrət Zəhranın (s) həyatının Allahla bağlı olmasını göstərir. Əhli-beytin (ə) idrakı bütün ağılların dərkinin fövqündədir. Sirri anlamaq üçün uyğunluq lazımdır. Əgər sirri başa düşmək istəyirsənsə, sirr olmalısan, nuru dərk etmək üçün nur olmalısan.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

————————————————-

[1]. “Şura” surəsi, ayə 23.

[2] . “Biharul-ənvar”, c. 95, səh. 225

[3] . “Bəlağətun-nisa”, səh. 27. “Dəlailul-imamiyyə”, səh. 111.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir