14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı

Bakı, 18 mart, SalamNews, M.Sadiq. “Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud tarixi ən böyük ilahi nemətlərdən biridir. Bəşəriyyətə nümunə olaraq göndərilmiş bu Xanımın mövlud tarixini qeyd etmək, bir növ, insanların ilahi dəyərlərlə tanış olmasıdır. Bu, insanları öz həyatlarınında ilahi nümunələri tətbiq etməyə təşviq edir”.
Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Samir Ağayev bildirib.
İlahiyyatçı deyib: “Biz Xanımın həyatından çox şey öyrənə bilərik. Öyrənəcəyimiz nümunələrindən biri Həzrət Zəhranın (ə) öz atası İslam peyğəmbərilə (s) qarşılıqlı hörmət əsasında davranması, ata-övlad münasibətləri, həmçinin peyğəmbərə necə yanaşmasıdır. Rəsulallaha (s) necə dəyər verilməlidirsə, bunun nümunəsini biz Xanım Zəhranın (ə) rəftarında görə bilərik.
Təsəvvür edin ki, Xanım Fatimeyi-Zəhra (ə) peyğəmbərin (s) məqamını o qədər yüksək tuturdu ki, bu, təkcə ata-övlad münasibəti deyildi, bunun fövqündə olan bir hörmət, ali bir dəyər idi. Xanım heç vaxt Allah rəsuluna “ata” deyərək müraciət etmirdi, “Ya Rəsulallah” deyə müraciət edərdi. Həzrət peyğəmbər (s) bir gün ondan soruşanda ki, niyə ata deyə çağırmırsan, Xanım belə buyurdu: “Allahın “Ya Rəsulallah” xitabından xoşu gəlir. Mənim dini hisslərim doğmalıq hissimdən daha üstündür olduğu üçün “Ya Rəsulallah” deyə müraciət edirəm”.
Buradan görürük ki, peyğəmbərə verilən yüksək dəyər Həzrət Zəhranın (ə) ən gözəl rəftarlarından biridir. Həzrət Fatimədən (s) öyrənə biləcəyimiz dərslərdən biri də onun ailədaxili münasibətləridir. Xanımın Həzrəti Əli (ə) ilə rəftarı da bizim üçün bir dərsdir. Xanım heç vaxt öz həyat yoldaşını incitmədi, ondan çətin bir şey tələb etmədi, özü elə xəstə yatağında olarkən buyurdu: “Ey əmimoğlu, heç vaxt sənə yalan danışmadım, sözündən çıxmadım və heç vaxt sənə xəyanət etmədim.” Həzrəti Əli (ə) onun cavabında buyurdu ki: “Ey peyğəmbərin (s) övladı, mən bilirəm ki, sən gözəl xanımsan, Allahdan ən çox qorxan, təqvalı, elmli qadınsan. Təbii ki, sən dediyin bu əməllər heç vaxt baş verməyib”.
Xanım Zəhranın (ə) mövqeyindən biz haqqı tapa bilərik. Çünki Xanım Zəhra (ə) peyğəmbərin yetişdirdiyi, peyğəmbərin tərbiyəsi ilə böyümüş bir qadın idi və insalara nümunə kimi göstərilən bir xanım idi. Xanımın Həzrət Rəsuli-Əkrəmin (s) vəfatından sonra tutduğu mövqe bütün müsəlmanlar üçün bir hidayət çırağıdır, biz də onun həyatına, rəftarına baxıb öz yolumuzu müəyyənləşdiririk. Çünki Həzrət Fatimə (ə) bizə İmaməti, vilayəti tanıtdırdı. Bu mövlud günlərində də bizim borcumuz onun həyatı ilə yaxından tanış olmaq, Xanımın kəlamlarını, əxlaqını, rəftarını öz həyatımızda tətbiq etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir