14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Həzrət Fatimə (s) yaradılışın ləylətul-qədridir

Bismillahir-rəhmanir-rəhim

Peyğəmbəri-əkrəm (s) buyurdu:

«إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى لَيَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا»

“Allah Təbarək və Taala Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[1].

Yəni, Fatimənin fel və iradəsi Allahın fel və iradəsində fəna olmuşdur. Kövsər budur. İnsan bu məqama çatmayınca kövsər olmur və həyatın hər tərəfindən bütün aləmə cari olan çoxlu xeyrə çatmır. Bu da fel, sifət, isimdə fəna olmaq deməkdir. Hətta bəziləri deyiblər ki, zatda da fəna olmaq mümkündür.

Buradadır ki, həzrət Fatimə (s) yaradılışın “ləylətul-qədr”i olur. “Ləylətul-qədr Fatimədir”[2].

Bunun mənası odur ki, ömrünüzün hər anının min aydan üstün olması üçün Fatimənin (s) süfrəsi başında oturun. “Qədr gecəsi min aydan üstündür”[3].

İmam Sadiq (ə) buyurdu: “Həzrət Zəhra (s) tövhidin çıraqdanıdır”[4]. Allahın yer üzündə çıraqları vardır və onların hamısı Fatimənin (s) vücudunda qoyulmuşdur. Bütün məsum imamların (ə) nuru, anaları Fatimədə (s) təcəlli etmişdir.

Mütəal Allah “Nur” surəsində buyurur:

«اللَّهُ نُورُ السَّماواتِ وَ الْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكاةٍ فيها مِصْباحٌ الْمِصْباحُ في‏ زُجاجَةٍ الزُّجاجَةُ كَأَنَّها كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبارَكَةٍ زَيْتُونَةٍ لا شَرْقِيَّةٍ وَ لا غَرْبِيَّةٍ يَكادُ زَيْتُها يُضي‏ءُ وَ لَوْ لَمْ تَمْسَسْهُ نارٌ نُورٌ عَلى‏ نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشاءُ وَ يَضْرِبُ اللَّهُ الْأَمْثالَ لِلنَّاسِ وَ اللَّهُ بِكُلِّ شَيْ‏ءٍ عَليمٌ»

“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”[5].

Allahın nurunun nümunəsi vardır. Bizim dərk edə bilməyimiz üçün həqiqətləri endirir, nümunə və misalla başa salır. Biz həqiqətin özünü dərk edə bilmək gücünə qadir deyilik. Həqiqəti dərk etmək üçün həqiqətin özü olmaq lazımdır və tövhid çıraqdanının ardınca getməliyik.

Zülmət aləmindən və nadanlıq qaranlığından nicat tapmaq üçün tövhid çıraqdanının nurundan istifadə etməliyik. “Yer sizin nurunuzla nurlanır və sizin vilayətinizin feyzi ilə feyzə çatır”[6]. Yəni, siz Əhli-beyt (ə) aləmdə saçan tövhid günəşisiniz və aləmin nuru sizdəndir, bütün aləm sizin vücudunuzun ardıncadır və siz işıq salırsınız.

“Allaha göylərin və yerin nurudur”. Aləmin nurunun hamısı Allahdandır və bu nur tövhid çıraqdanında zühur etmişdir. Tövhid çıraqdanı isə Fatimeyi-Zəhranın (s) vücududur.

Bu nuru görmək üçün gözün varmı? Bəsirətin var, yoxsa təkcə gözün var? Baxışın sərrastdır, ya yox?

“Sən bu gün sərrast görürsən!”[7]

Qiyamət günü baxışlar sərrastlaşar. Amma indi insan nəfs qiyamətinə yetişsə, nə etdiyini başa düşər, elə indi qiyamət baş verər. Süluk da bunun üçündür. Pisliklər və çirkinliklər insanın ruhuna ariz olur, bizimlə Fatimə (s) arasınca pərdə yaradır. İnsanlar, hicablara düçar oldular və Fatiməni (s) görmədilər.

Biz, Fatiməyə (ə) möhtacıq. O bizim vücudumuzun və bütün varlığın günəşidir. O, tövhid çıraqdanıdır. Yəni, onun vücudu olmadan tövhid aləmdə təcəlli etmir. Həzrət Fatiməni (s) bəsirət gözü ilə görmək lazımdır.

Qurani-kərim bəşərin müşkülü barədə buyurur:

«وَ إِنْ تَدْعُوهُمْ إِلَى الْهُدى‏ لايَسْمَعُوا وَ تَراهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَ هُمْ لايُبْصِرُونَ»

“Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”[8]

Bu camaat sənə baxırlar, amma səni görmürlər, gözləri var, bəsirətləri yoxdur, zahiri görürlər, amma batinini görə bilmirlər, başlarında göz var, amma ürəklərində göz yoxdur. Onları hidayətə doğru çağırsan, eşitməzlər.

Ürək gözün olsun və bəsirətli ol. Zahiri görmə, batinə bax. Buyurur:

«سَنرُيهِمْ ءَايَاتِنَا فىِ الاَفَاقِ وَ فىِ أَنفُسِهِمْ حَتىَ‏ يَتَبَينَ‏َ لَهُمْ أَنَّهُ الحْق»

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik”[9].

Ən üstün zikr odur ki, Allahı təkcə dildə “Allah, Allah” deməklə yox, varlıqda görəsən. Amma ürəyimiz qafil olub və öz işlərinin ardınca gedir. Namaz qılırıq, amma üzümüz mehraba, qəlbimiz bazara.

Bir mərifət əhli dedi: “Sərvi gördüm, sənin qamətin yadma düşdü. Gülü gördüm, camalın ürəyimi apardı, suyu gördüm özümü həyata qərq olmuş gördüm”. Biz insanlar bütün həqiqətləri aşağı tutmuşuq, ona görə də çarəsiz olmuşuq və təkcə zahiri görürük.

İmam Sadiq (ə) yuxarıdakı ayənin barəsində buyurur: “Üfüqlərdə və özümüzdə görməli olduğunuz nişanələr bizik. Bizdən böyük nişanə nə ola bilər?”[10] Nəfs və canında onları müşahidə etməlisən.

Məhəbbət, Əhli-beytdə (ə) fəna olmaqdır. Əgər ürəyin o vadiyə getsə, sonsuz məhəbbətdən sonra fənaya yetişir. Məhəbbət, ürəyin fəna olması üçün bir müqəddimədir. Fənaya yetişdikdən sonra rahat olur. Ürək elə bir mərhələtə çatır ki, Seyid Bəhrül-Ülumun sözü ilə desək, insanın ürəyindən göyərçin səsi kimi bir səs eşidilir və rahatlıq tapır.

Əhli-beyt (ə) varlığın ruhu və canıdır. Aləmin küllü ruhu onlardır.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

—————————————————–

[1] . “Məanil-əxbar”, səh. 303.
[2] . “Təfsiri Fərati-Kufi”, səh. 581.
[3] . “Qədr” surəsi, ayə 3.
[4] . “Təfsiri Qumi”, c. 2, səh. 103.
[5] . “Nur” surəsi, ayə 35.
[6] . “Mən la yəhzəruhul-fəqih”, c. 2, səh. 616.
[7] . “Qaf” surəsi, ayə 22.
[8] . “Əraf” surəsi, ayə 198.
[9] . “Fussilət” surəsi, ayə 53.
[10] . “Kamuluz-ziyarat”, səh. 329.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir