14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.

Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.

Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
.
Sonuncu peyğəmbər həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- cəmiyyəti islah etməsi və cəmiyyətin fəsaddan və pozuculuqdan uzaqlaşdırması yalnız insanların xoşbətliyi və firavanlığı üçün olmuşdur.
Cəmiyyətin islah olunmasını istəyən hər bir şəxs sevimli Peyğəmbərimizin (s) yolunu getməli və o həzrətin həyat yolundan dərslər və nümunələr götürməlidir, təki o vasitələrdən və peyğəmbərin (s) göstərişlərindən istifadə edərək sivil və əxlaqlı bir cəmiyyətin qurulmasında bir vətəndaş kimi azacıq da olsa onun do rolu olsun.
Qurani-kərim Əhzab surəsinin 21-ci ayəsində buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Həqiqətən, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulu çox gözəl (nümunə və) örnəkdir!”

1- Cahillik, elmsizlik və nadanlıqla mübarizə.
.
Cəmiyyətdə fəsad və pozuculuğun qarşısının alınması məqsədilə həzrət Muhəmmədin (s) görməli olduğu lazımlı işlərin birincisi insanların təlim və tərbiyəsi idi.
Təlim və tərbiyə hədəfli bir insanın düzgün rəftar və davranışları ilə qarşı tərəfdə müsbət bir rəftar dəyişikliyi yaradaraq o şəxsdə əxlaq, elm və bacarıq xüsusiyyətləri yaratmaq və onu cəmiyyətin layiqli və hədəfli yaşayışa malik bir üzvünə çevirməkdən ibarətdir.
Başqa sözlə desək, təlim və tərbiyə hər bir insanın batinindəki istedad və bacarıqların üzə çıxması üçün şəraitin yaradılmasından ibarətdir. Təki insanlar lazımlı həyat hədəfləri və güzgün həyat proqramları əsasında ixtiyari şəkildə tərəqqi və təkamülə yüksəlsinlər.
Qurani-kərim bir çox ayələrdə elmin dəyəri və alimlərin məqamlarına işarələr etmiş, cahillik və elmsizliyi şiddətli şəkildə tənqid edərək pisləmişdir.
Qurani-kərimə əsasən insan heç vaxt elm öyrənməkdən yorulmamalı və ömrünün axırına qədər elm öyrənməyə davam etməlidir. Qurani-kərim Taha surəsinin 114-cü ayəsində keçmişin və gələcəyin bütün elmlərinə vaqif olan sevimli peyğəmbərimiz həzrət Muhəmmədə (s) xitab edərək buyurur:

وَ قُلْ رَبِّ زِدْنِی عِلْماً

“(Ey Peyğəmbər!) De: ey Rəbbim, mənim elmimi artır.”
Deməli, insan üçün həyatda elə bir zaman və ya elə bir savad və səviyyə həddi yoxdur ki, həmin anda insan elm öyrənməyə ehtiyaclı olmaya.
Həmçinin Qurani-kərim Zumər surəsinin 9-cu ayəsində buyurur:

قُلْ هَلْ یسْتَوِی الَّذِینَ یعْلَمُونَ وَ الَّذِینَ لا یعْلَمُونَ

“(Ey Peyğəmbər!) De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!”
Bu ayə elmin nə qədər dəyərli olduğunu, eləcə də bilik əhlinin nadanlardan seçilməsinin əsas mənbəyinin elmdən ibarət olduğunu bəşəriyyətə çatdırır.
Hədislərdən birində gəlmişdir ki, bir gün həzrət Muhəmməd (s) məscidə daxil olduqda oradakı insanların iki dəstəyə ayrıldığını, bir dəstənin ibadət etdiyini o biri dəstənin isə təlim və tərbiyə ilə məşğul olduğunu gördükdə buyurdu: “Hər iki dəstə xeyir işdədir, lakin mən insanların təlim və tərbiyəsi üçün göndərilmişəm.” Sonra o həzrət addımlayaraq elm öyrənən dəstənin yanına gedərək onlarla oturdu…”
Minyətul murid (Şəhid Sani) 106-cı səhifə.
Həzrət Muhəmməd (s) elm öyrənməyə o qədər önəm vermişdir ki, müharibələrdə düşmən tərəfdən əsir düşmüş kəslərə buyururdu: “Sizlərdən kim 10 nəfər müsəlman uşağına yazıb oxumağı öyrədərsə azad olacaqdır.”
Ərrəvzul ənif fi şərhis Sirətun Nəbəviyyə libni Hişam (Suhəyli) 5-ci cild 167-ci səhifə.
2- Xurafatlar və cahilanə adət-ənənələrə qarşı mübarizə.
Xurafatlar və cahilanə adət-ənənələrin kökü ən çox ictimai fəsadlar, pozuculuqlar və günahlardan qaynaqlanır. Buna görə də həzrət Muhəmməd (s) onları camaatın həyat səhnəsindən silmək üçün elmi və əxlaqi sahələrdə geniş maarifləndirmə təbliğatı ilə məşğul olmuşdur.
Qurani-kərim də həmin xurafatların bəzilərinə işarələr etmişdir.

وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ

“Onlar öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, – dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Onlar) bütün bunları (Allahın əmridir deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.”
O zamanın xurafatlarından biri də bu idi ki, bəzi dəvələri bütlərə hədiyyə etmiş sayırdılar, buna görə də onlardan nə minik kimi və nə də yük daşımaq üçün istifadə etməyi, onların südləri və ətlərini özlərinə haram bilirdilər. Deyirdilər: Bunların ətlərindən və südlərindən yalnız bəzi kişilərdən başqa heç kim istifadə edə bilməz. Hətta bəzi əkinlərini də bütə vermiş sayırdılar…
Həzrət Muhəmmədin (s) yorulmaz səylərindən və davamlı maarifləndirməsindən sonra bu xurafatın kökü kəsildi.
O zamanın cahil cəmiyyətində çoxlu xurafatlar, yanlış davranış qaydaları və puç adət-ənənələr vardı, lakin bununla belə həzrət Muhəmməd (s) onların hamısına qarşı elm və maarifləndirmə ilə mübarizəyə başladı və çox böyük müvəffəqiyyət qazana bildi.
Odur ki, həzrət Muhəmməd (s) özü bu barədə buyurur:
“Cahiliyyət (nadanlıq) dövrünün bütün puç adət-ənənələrini ayaqlarımın altına qoydum.”
Əl-mucazatun Nəbəviyyə (Şərif Rəzi) 137-ci səhifə.
Yəni, o zamanın ən pis xurafatlarını və puç adətlərini cəmiyyətdən uzaqlaşdırdım.
3- İnsanlarla mülayim rəftar və güzəşt etmək.
İslam dininə əsasən cəmiyyətdəki bütün insanlarla, istər müvafiq istər müxaliflərlə mülayim davranmaq zəruridir, eləcə də əfv və bağışlamaq, güzəştə getmək İslam dininin əsas sütunlarından, İslam əxlaqının ən bəyənilmiş əxlaqi sifət və xasiyyətlərindən sayılır.
Həzrət Muhəmməd (s) bəşəriyyətin əxlaq ustadı olaraq həmişə insanların gözəl əxlaqa yiyələnmələrini özünün əsas hədəflərindən bilərək buyurmuşdur:
“İnsanların ən ağıllısı camaatla mülayim rəftar və yumşaq əxlaq ilə davanan şəxsdir… İnsanların ən pisi isə camaatla təhqir və alçaltma ilə rəftar edəndir.”
Mən la yəhzurəhul fəqih 4-cü cild 395-ci səhifə.
Cəmiyyətə rəhbərlik edən şəxslər bu üslubdan istifadə etməklə çox böyük uğurlar qazana bilərlər.
Həzrət Muhəmməd (s) cəmiyyəti düz yola hidayət etmək hədəfində bu üslubdan istifadə etməklə öz dəvətinin rəhmət, mehribanlıq, insanlarla mülayim rəftar, yumşaqlıq, məhəbbət və şəfqət əsasında olduğunu bütün varlıq aləminə göstərdi.
O həzrət buyurur:
“Mən hənif (təkAllahlıq) dini ilə güzəşt və asanlıq əsasında peyğəmbərliyə seçilmişəm. Mənim sünnəm (rəftar üslubum) ilə müxalifətçılik edən şəxs məndən deyil.”
Tarixi Bağdad 7-ci cild 218-ci səhifə


RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir