14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Həzrət Muhəmmədin (s) səbir və dözümü

Həzrət Muhəmmədin (s) səbir və dözümü

İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyatlarına qısaca bir nəzər saldıqda görürük ki, onların hamısı tövhid (Allahın bir olması) və insanları düz yola yönəltməkdə tarixin ən çətin maneələri ilə üzbəüz olmuşlar. Odur ki, hədisdə oxuyuruq:

ان اشد الناس بلاء الانبياء

“İnsanların ən ağır bəla və çətinliklərə məruz qalanları Peyğəmbərlərdirlər.”
əl-Kafi 2-ci cild 252-ci səhifə

Bəli, bu həqiqətdir ki, İlahi peyğəmbərlər tarixin ən çətin giriftarçılıqlarına məruz qalmışlar. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- isə bütün başqa peyğəmbərlərdən daha çox çətinlik, sınaq və bəlalarla üzbəüz olmuşdur. Belə ki, o həzrət özü bu barədə buyurur:

ما اوذی نبی مثل ما اوذيت

“Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməmişdir.”
Kəşful qummə 2-ci cild 537-ci səhifə

Lakin həzrət Muhəmmədin (s) ona üz tutmuş çətinliklər dağı qarşısında, eləcə də onun müqəddəs hədəfləri yolunda çoxlu sayda maneələrin qarşısında göstərdiyi səbir və dözümü o həzrətin bütün düşmənlərini və müxaliflərini dizə çökdürdü.
Şəhid Mütəhhəri bu bərədə deyir:
“(Həzrət Muhəmmədin (s)) iradəsi və müqaviməti bənzərsiz idi. Bu xasiyyət onun dostlarına da keçmişdi. Onun 23 illik peyğəmbərlik zamanı bütünlüklə iradə və müqavimət dərsi idi. O, həyatı boyunca dəfələrlə elə şəraitlərlə üzləşirdi ki, insanların ümidləri hər yerdən üzülürdü, amma o, bir an belə məğlubiyyət təsəvvürünü xəyalına belə gətirmirdi. Müvəffəqiyyət və qələbəyə olan möhkəm imanı bir anlıq da olsa titrəmədi.”
İslam dünyagörüşünə bir müqəddimə 3-cü cild 137-ci səhifə

Allah Taala sevimli peyğəmbərinin səbir və müqavimət ruhiyyəsinin qüvvətlənməsi üçün bəzən buyururdu:

فاصبر كما صبر اولوا العزم من الرسل

“Peyğəmbərlərdən əzm (və səbat) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et.”
Qurani-kərim Əhqaf surəsi 35-ci ayə

Həzrət Muhəmməd (s) dəyərli kəlamlarının birində müşriklərin həzrət Əbu Talibin yanına gələrək ondan peyğəmbərin İlahi vəhyi təbliğ etməsini dayandırmağı tələb etdiklərini o həzrətə çatdırmasını istəyərkən, o həzrət özünün hədəf və məqsədlərinə çatmaq yolunda göstərdiyi səbat, müqavimət və dəmir iradəsini göstərərək əmisinə buyurdu:

ياعم! والله لو وضعوا الشمس فی يمينی والقمر فی يساری علی ان اترك هذا الامر حتی يظهره الله او اهلك فيه، ماتركته

“Ey əmi. And olsun Allaha, əgər onlar günəşi mənim sağ əlimə, ayı isə mənim sol əlimə versələr (yəni bütün dünya səltənətini mənə verməyə razı olsalar) belə, Allahın mənim dinimi qalib edəcəyi ya da bu yolda canımı tapşıracağım zamana qədər mən səmavi dəvətimdən əl çəkməyəcəyəm.”
əs-Sirətun nəbəviyyə, İbn Hişam. 1-ci cild 284-cü səhifə

Məhz buna görədir ki, həzrət Muhəmməd (s) bütün çətinliklərə dözməklə, həmçinin özünün səbir və müqaviməti ilə İslam dininin haqq din olduğunu bütün dünyaya elan edə bildi. Müxtəlif çətinliklər, xoşagəlməz hadisələr, cismi və ruhi əziyyətlər, saysız böhtanlar və iftiralar, o cümlədən; sehirbaz, məcnun, kahin, falçı, şair kimi ittihamların qarşısında, əsas iki amil ilə, yəni hədəfə olan inam, o hədəfə çatma yolunda müqavimət və mətinlik ilə onların hamısına dözə bildi.
Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur:

اشهد ان محمدا عبده ورسوله دعا الی طاعته وقاهر اعداءه جهادا عن دينه، لايثنيه عن ذلك اجتماع علی تكذيبه والتماس لاطفاء نوره

“Şəhadət verirəm ki, həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- Onun bəndəsi və peyğəmbəridir. İnsanları Allaha bəndəçiliyə dəvət etdi və Allahın düşmənləri ilə din yolunda mübarizə edərək onları məğlub etdi. Düşmənlərin bir yerə toplaşaraq o həzrəti yalançı saymaqları onu (insanları düz yola yönəltmək və İslam dinini bütün dünyaya çatdırmaq) yolundan yayındıra bilmədi. Onların (İslam) nurunu söndürmək üçün olan səylərini nəticəsiz qoydu.”
Nəhcül bəlağə 190-cı xütbə

 

 


Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir