“İbrahim” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır.
- O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzabdan ötrü vay kafirlərin halına!
- O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyməyə çalışırlar. Onlar uzaq bir azğınlıq içindədirlər.
- Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində danışan göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, hikmət sahibidir.
- Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Qövmünü qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.
—————————————————————————————-
- İmamlar (ə) Quranı bilən şəxslərdir: Surənin əvvəlində də qeyd etdiyimiz kimi, onun əsas hədəfi Quranın haqq olduğunu sübuta yetirməkdir. Allah-taala surənin sonunda eyni hədəfə bir daha işarə edərək Peyğəmbəri (s) inkar edən şəxslərə buyurur: Peyğəmbərin (s) şahidi Allah Özüdür. Habelə Quranı öyrənmiş, onu bilən, onu tam mənimsəmiş şəxs də Quranın Allah tərəfindən göndərildiyinə və Peyğəmbərin (s) Allahın elçisi olmasına şahidlik edir. Bir çox Əhli-beyt (ə) hədislərində “kitabı bilən şəxs”in İmam Əli (ə) və ondan sonrakı imamlar olduğu qeyd edilmişdir. Çünki onlar Quranı tam bilən və onun rəmzlərindən tam şəkildə xəbərdar olan şəxslərdir[1].
İbrahim surəsinin ümumi məzmunu: Bu surədə inanclar, öyüd-nəsihətlər, keçmiş xalqların ibrətamiz hekayələrindən bəhs edilir, peyğəmbərlərin missiyasi və səmavi kitabların göndərilməsinin məqsədi açıqlanır[2].
- Peyğəmbər (s) Quranın icraçısıdır: Bu ayənin diqqət çəkən cəhəti Allahın “bu Quranı sənə nazil etdik ki, insanları qaranlıqdan işığa çıxarasan”, – deyə buyurmasıdır. Yəni Quran bəşəriyyətin hidayət və xilas kitabı olsa da, bir icraçıya ehtiyacı var. Həqiqət yolunu itirmiş insanları Quran vasitəsilə zülmətdən işığa çıxartmaq üçün Peyğəmbər (s) kimi bir rəhbərin olması şərtdir. Buna görə də bütün əzəmət və böyüklüyünə baxmayaraq, rəhbər, icraçı və bələdçi olmadan Quran bütün problemləri həll edə bilməz[3].
- Peyğəmbərlər çağırışlarını öz xalqlarının danışdığı dildə etmişlər: Peyğəmbərlər birinci növbədə arasından seçildikləri xalqla təmasda olurdular. Peyğəmbərlərə göndərilən vəhyin ilk şüası həmin xalqa işıq salır, ilk səhabə və dostlar bu xalqın arasından seçilirdi. Buna görə də həqiqətləri daha aydın şəkildə çatdırmaları üçün hər bir peyğəmbərin arasından seçildiyi xalqın dilində danışması lazım idi. Bu ayədən həm də peyğəmbərlərin dəvətinin qeyri-adi bir dəvət olmadığı, insanların azğınlıqdan haqq yola çıxarılmasının möcüzəli şəkildə baş vermədiyi məlum olur. Yəni peyğəmbərlərin vəzifəsi arasından seçildikləri xalqın dilində danışıb onlara ilahi çağırışı izah etməkdən ibarət olmuşdur. İnsanları hidayət etmək və ya haqq yoldan sapdırmaq artıq peyğəmbərlərə aid olmayan bir işdir. Peyğəmbərlərin çağırışını qəbul və ya inkar etməsindən asılı olaraq insanları müvafiq şəkildə hidayət etmək və ya azğınlıq içində saxlamaq Allahın işidir[4].
- Allahın günləri: Şübhəsiz ki, burada “günlər” deyilərkən xüsusi günlər nəzərdə tutulmuşdur. Bütün günlər və və bütün varlıqlar Allaha məxsus olduğu halda, xüsusi günlərin Allaha aid edilməsi şübhəsiz ki, həmin günlərdə baş vermiş və baş verəcək, onları başqa günlərdən fərqləndirən və Allahın hökmünü aşkara çıxaran hadisələrlə bağlıdır. Deməli, Allahın günləri deyilərkən şübhəsiz ki, Allahın hökmünün, təkliyini ifadə edən ayə və möcüzələrin, dəlil və sübutların zahir olduğu zamanlardır. Məsələn, insan öldüyü gün Allahın axirət dəlili aşkara çıxır, dünyaya aid olan səbəbiyyət qanunları öz təsirlərini itirir. Məsələn, Qiyamət günü heç kəs başqası üçün özbaşına bir iş görə bilməyəcək, hər şey Allahın əlində olacaq. Nuh, Ad və Səmudun qövmlərinin məhv olduğu günlər də buna misaldır. Həmin günlər Allahın güc və qüdrətinin, qalibiyyətinin aşkara çıxdığı, ilahi izzətin təzahür etdiyi günlərdir.
İlahi rəhmət və nemətin təzahür etdiyi günlər də buraya aid edilə bilər. Yəni burada ilahi nemətlərin təzahür etdiyi günlərdən söhbət gedir. Məsələn, Həzrət Nuh (ə) və səhabələrinin gəmi ilə xilas olduğu, Allahın bərəkətindən faydalandığı, salamat qaldığı, İbrahim (ə) üçün odun gülüstana çevrildiyi gün və sair buna misaldır. Əhli-beyt (ə) hədislərində “Allahın günləri” üçün bir çox nümunələr qeyd edilmişdir. Bu günlərin ən bariz nümunəsi həzrət Mehdinin (ə) zühur edəcəyi gündür[5].
- (Xatırla ki, bir) zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti və sizi Firon əhlindən xilas etdiyi zamanı xatırlayın. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”.
- (Habelə xatırlayın ki, bir) zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər naşükürlük etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
- Musa (İsrail oğullarına) dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirməzsiniz, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir”.
- Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının və onlardan sonra Allahdan başqa heç kəsin xəbəri olmadığı tayfaların xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz təbliğinə ezam olunduğunuzu inkar edirik və bizləri dəvət etdiyiniz barəsində şəkk-şübhə içindəyik!”
- Elçiləri dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Onlar dedilər: “Siz də bizim kimi insanlarsınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Bizə açıq-aydın bir dəlil və möcüzə gətirin”.
——————————————————————————————
- Şükürün həqiqəti: Şübhəsiz ki, verdiyi nemətlərin müqabilində Allah-taalanın bizim şükürümüzə ehtiyacı yoxdur. Əgər şükür edilməsini göstəriş veribsə, bu, həmin nemətlərin artırılması üçündür. Əgər şükürün həqiqətini açsaq, onunla nemətin artması arasında hansı əlaqənin olduğuna və tərbiyəvi amil rolunda necə çıxış etdiyinə aydınlıq gələr. Şükür təkcə dildə təşəkkür edib “həmd Allah üçündür” deməkdən ibarət deyil. Şükürün üç mərhələsi var: birinci mərhələ neməti bəxş edənin kimliyinə diqqət yetirməkdən, ikinci mərhələ dildə təşəkkür etməkdən, üçüncü mərhələ əməldə şükür etməkdən ibarətdir. Yəni ilk öncə verilən nemətin bizə hansı məqsədlə bəxş edildiyi haqqında düşünüb onu öz yerində istifadə etməliyik. Əgər belə etməsək, nemətə nankorluq etmiş olarıq. Belə ki, göz nemətini Allahın nişanələrini görmək, qulaq nemətini Allahın ayələrini dinləmək, ağıl nemətini Aıllahı tanımaq üçün istifadə etsək və ümumiyyətlə, nemətlərin hər birini onlara aid olan yerlərdə istifadə etsək, Allaha şükür etmiş hesab edilirik. Yox, əgər dayanmadan dildə şükür etdiyimiz halda, həmin nemətləri zülm, itaətsizlik, xudpəsəndlik, lovğalıq, təkəbbür, Allaha yadlaşmaq vasitəsinə çevirəriksə, nemətlərə qarşı nankorluq etmiş sayılırıq. İmam Sadiq (ə) buyurmuşdur: “Şükürün ən aşağı dərəcəsi nemətlərin Allah tərəfindən verildiyini bilmək, Allahı yaddan çıxarmamaq və qəlbin özünü tamamilə nemətlərin ağuşuna atmaması, Allahın verdiynə razı olmaq, verdiyi nemətləri itaətsizlik vasitəsinə çevirməmək, nemətlərindən istifadə edə-edə əmr və qadağalarına qarşı çıxmamaqdır.” Bu hədisdən güc, qüdrət, elm, ağıl qüvvəsi, ictimai nüfuz, var-dövlət, sərvət, sağlamlıq üçün olan şükürün və nankorluğun necə olması aydınlaşır. İmam Sadiq (ə) bir hədisində belə buyurmuşdur: “Nemətin şükürü günahdan çəkinməkdir.” Buradan şükür etməklə nemətin artması arasında əlaqə olduğu da aydın olur. Əgər insanlar Allahın verdiyi nemətləri onların həqiqi yerlərində istifadə etsələr, əməli olaraq bu nemətlərə layiq olduqlarını sübuta yetirmiş olurlar. Bu ləyaqət isə daha böyük nemətin verilməsinə və ilahi lütfkarlığın artmasına səbəb olur[6]. Bunlarla yanaşı elə ləyaqətsiz insanlar da vardır ki, nəinki nemətin artımına layiq deyillər, hətta sahib olduqları da onlar üçün çoxdur[7].
- Dünya və axirət xoşbəxtliyi peyğəmbərlərin (ə) göndərilmə səbəbidir: “O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Bu kiçik cümlə peyğəmbərlərin əsas hədəfini bəyan edir. Belə ki, ilahi qanunlardan biri hər bir varlığın özünə xas olan xoşbəxtlik və səadətə yönləndirilməsidir. İnsan bu varlıq sisteminə aid olan növlərdən və sözügedən yönləndirmənin şamil oduğu varlıqlardandır. İnsanın malik olduğu həyat əbədi olduğu üçün dünya ilə məhdudlaşmır, ölümlə başa çatmır. Deməli, insan bu dünyada elə həyat sürməlidir ki, bu həyat onu əbədi xoşbəxtliyə qovuşdursun.
Əgər insan dünyada başlı-başına buraxılarsa, nəfsani istəklərin təsiri altına düşər, nəticədə, itaətsizlik göstərib zülm edər, buna görə də iki əzaba düçar olar: birinci əzab insanı bu dünyada haqlayar, onun normal və təmiz bir həyat sürməsinə imkan verməz, əcəli çatmamış onu bu dünyadan aparar. Keçmiş xalqların düçar olduqları əzablar buna bir sübutdur. İkinci əzab etdiyi günahlara görə insanın o dünyada düçar olacağı və onu əbədi xoşbəxtlikdən məhrum edəcək əzabdır. Allah-taala insanı kamilləşdirmək üçün peyğəmbərlər göndərir və bu vasitə ilə onlara xoşbəxtliyə nail olmanın yollarını göstərir. Deməli, peyğəmbərlərə tabe olmanın iki faydası vardır: Birincisi, dünyəvi faydadır. Allah-taala bu fayda haqqında belə buyurmuşdur: “Müəyyən edilmiş vaxta qədər sağ qalmağınız və dünya nemətlərindən faydalanmağıız üçün”. İkincisi, axirət faydasıdır. Allah-taala bu fayda haqqında da belə buyurmuşdur: “İtaət göstərəcəyiniz təqdirdə günahlarınızı bağışlamaq, axirət əzabından xilas olmağınız və əbədi xoşbəxtliyə nail olmağınız üçün”[8]
- Peyğəmbərləri onlara dedilər: “(Bəli) biz də sizin kimi bir insanıq. Lakin Allah bəndələri arasından istədiyinə (və layiq gördüyünə) nemət bəxş edir (peyğəmbərlik verir). Allahın əmri olmadan biz sizə heç bir möcüzə göstərə bilmərik. Möminlər ancaq Allaha təvəkkül etsinlər.
- Bizə (xoşbəxtlik) yollarını göstərdiyi halda, nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”.
- Kafirlər peyğəmbərlərinə dedilər: “Bizim dinimizə qayıtmayınca sizi öz torpağımızdan qovacağıq!” Rəbləri isə onlara belə vəhy etdi: “Biz zalımları məhv edəcəyik.”
- Onlardan sonra sizi yerdə sakin edəcəyik. Bu, məqamdan (ədalətdən) və əzabımdan qorxanlara aiddir”.
- Onlar (Allahdan) qələbə istədilər. Hər bir azğın dikbaş ziyana uğradı.
- Onu Cəhənnəm gözləyir; (orada) ona irinli, üfunət qoxulu su içirdiləcək.
- Öz istək və meyli ilə içməyə hazır olmadığı bu suyu qurtum-qurtum içəcək. Ona hər yerdən ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.
- Rəblərini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən az da olsa, heç bir fayda əldə edə bilməzlər. Budur uzaq və uzun azğınlıq!
—————————————————————————————-
- Üfunətli, pis qoxulu su: Peyğəmbər (s) bu ayə barəsində belə buyurmuşdur: “O üfunətl və pis qoxulu suyu cəhənnəmlik şəxsin yanına aparacaqlar. O, özünü arxaya çəkəcək. Bu vaxt daha da yaxınına aparacaqlar. Üzü onun hərarətindən bişəcək, başının dərisi soyulacaq. Bu suyu ona içirdiklərində içi parça-parça olacaq, bədəninin aşağı hissəsindən süzüləcək. Allah-taala onların barəsində belə buyurmuşdur: “Onlara içlərini parçalayan qaynar sudan içirdiləcək.” Həmçinin buyurmuşdur: “Su istədiklərində onlara üzləri bişirən dəmir ərintisinə bənzər bir su gətirəcəklər”[9].
- Qeyri-müsəlman yaxşı əməl sahibləri və ixtiraçıların mükafatı: Quranın bu və digər ayələrinə əsasən deyə bilərik ki, kafirlər və tövhid inancı olmayan şəxslərin əməlləri zahirdə yaxşı və gözəl olsa da, Allah yanında heç bir dəyərə malik deyil. Çünki insan varlığını bir ağaca bənzətsək, inanc və etiqadlar onun kökü, əməl və davranışlar isə budaq və yarpaqları simvolizə etmiş olacaq. Kafirlərdə ağacın kökləri çürümüşdür. Həmin ağac kənardan gözəl və möhkəm görünsə də, kökü yoxdur. Buna görə də dəyərsizdir.
Burada ortaya belə bir mühüm sual çıxır: Bütün ömrünü xalqa, insanlara xidmət etməyə sərf etmiş və yaxşı işlər görmüş kafirin vəziyyəti necə olacaq? Qeyd etməliyik ki, bu cür insanların vəziyyəti iki haldan xaric deyil; onlar ya maddi maraq güdüb varlanmaq, şöhrət qazanmaq istəyiblər, ya da insani maraqlar güdüb, yalnız insanlığa xidmət haqqında düşünüblər. Birinci qrupun vəziyyəti məlumdur. Onlar heç özləri də Allahdan və insanlardan heç nə güdməyiblər. Onların niyyəti mənfəət əldə etmək və məşhurlaşmaq olub, buna da nail olublar. İkinci qrupa gəldikdə, şübhəsiz ki, onlar Allah tərəfindən layiq olduqları mükafatı alacaqlar. Bu mükafat bu dünyada da verilə bilər, o dünyada da. Ancaq bir məsələ gün kimi aydındır ki, alim və adil Allah onları mükafatsız qoymayacaq. Ancaq bu mükafatlandırmanın necə olacağı xırdalıqları ilə bizə məlum deyil. Bu qədər deyə bilərik ki, “Allah yaxşı işlər görənlərin mükafatını puç etməz”. Əgər insanlara xidmət imanla müşayiət olunarsa, əməl sahibi Allah tərəfindən ən yüksək mükafata layiq görüləcək. Əks təqdirdə mükafatdan tamamilə məhrum olacaq. Əlbəttə, əməlin mükafatı Cənnətə daxil olmaqla şərtlənmir. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəni-İsraildə mömin bir kişinin kafir bir qonşusu var imiş. Kafir kişi mömin qonşusu ilə çox yaxşı davranırmış. Dünyasını dəyişdikdən sonra Allah ona odun istisini dəf edəcək bir ev bəxş etdi… Ona deyildi: Bu, mömin qonşunla yaxşı davrandığın üçündür.” Peyğəmbər (s) Qüreyş başçılarından və Cahilyyət dövrünün məşhur müşriklərindən olan Abdullah ibn Cədanın haqqında belə buyurmuşdur: “Cəhənnəm sakinləri arasında ən az əzab görən şəxs Cədandır.” Səbəbini soruşduqda buyurmuşdu: “Çünki o, aclara yemək verirdi”. Peyğəmbər (s) Ədiyy ibn Hatəmə (Hatəm Tainin oğluna) belə buyurmuşdur: “Səxavətinə görə şiddətli əzab atandan götürülmüşdür.”[10]
- Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər.
- Bu, Allah üçün çətin deyildir.
- (Qiyamət günü) onların hamısı Allahın hüzuruna çıxarılacaq. Bu vaxt zəiflər (nadanların arxasınca düşüb gedənlər) təkəbbürlük edənlərə (və azğın rəhbərlərə) deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz Allahın əzabının bir hissəsini qəbul edib bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (Ancaq artıq iş-işdən keçib. İndi) dözümsüzlük göstərsək də, səbir etsək də bizim üçün eynidir. Qaçacaq yolumuz yoxdur”.
- İş bitdikdə Şeytan deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi yalnız dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin fəryadınıza çata bilərəm, nə də siz mənim fəryadıma çata bilərsiniz. Mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Şübhəsiz ki, zalımlar üçün üzücü bir əzab var.
- İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəklər. Onların orada qarşılaşarkən bir-birinə edəcəkləri dua: “Salam!” olacaqdır.
- Allahın xoş bir sözü kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağaca necə bənzətdiyini görmədinmi?
———————————————————————————-
- Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik: “Hidayət” (doğru yola yönəltmək) deyilərkən Cəhənnəm əzabından xilas yolunu göstərmək nəzərdə tutulur. Yəni təkəbbürlü azğın rəhbərlər əzab içində yandıqları halda nadan ardıcıllarına deyəcəklər: “Əgər Allah bizə Cəhənnəmdən çıxmağın yolunu göstərsəydi, biz də sizə göstərərdik. Niyyətləri dünyada haqq dinə doğru yönləndirmə də ola bilər. Yəni Allah dünyada bizi doğru yola yönəltsəydi, biz də sizi yönəldərdik. Lakin biz təkəbbürümüz, siz də axmaqlığınız ucbatından azğın və Cəhənnəmlik olduq. Əslində, hər iki təfsir eyni məzmunu ifadə edir. Çünki Qiyamət günü aşkara çıxan insanın dünyadakı inancları və əməllərindən başqa bir şey deyil. Onların həqiqəti bu dünyada bəlli olmasa da, axirətdə üzə çıxacaq.[11]
- Şeytanın vəsvəsəsi insanın ixtiyarını əlindən almır: Bu ayədən belə başa düşülür ki, Şeytanın vəsəvəsələri insanın ixtiayını, iradəsini və azadlığını ondan almır. Əslində, Şeytanın işi yalnız dəvət etmək və çağırmaqdır. İnsanlar Şeytanın dəvətini öz iradələri ilə qəbul edirlər. Ancaq insanın yanlışları və günahları davam etdirməsi elə həddə çata bilər ki, artıq Şeytanın vəsvəsələri qarşısında heç bir ixtiyarı olmaz. Narkotika aludəçilərinin asılılığını buna misal göstərmək olar. “Nəhl” surəsinin 99-100-cü ayələrində Allah-taala belə buyurmuşdur: “Şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünün himayəçisi edənlər və Allaha şərik qoşanlar üzərindədir.” Şeytan bu şəkildə öz günahlarını onun boynuna atan, onu azğınlıqların səbəbkarı hesab edən, ona lənətlər yağdıranların hamısının cavabını verir və özlərini sudan quru çıxarmağa çalışanların puç məntiqlərini alt-üst edir[12].
- Pak tövhid ağacı: Quran ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, pak ağaca bənzədilmiş “pak söz” deyilərkən Allahın təkliyinə həqiqi və sabit inam nəzərdə tutulmuşdur. Bu etiqadın kökü və əsası əsla məhv olmur, dəyişikliyə və çevrilməyə məruz qalmır. Buna görə də o, bütün həqiqətlərin və bərəkətlərin cücərdiyi sabit ağac kökünə bənzədilmişdir. İnsan cəmiyyətinin həqiqi həyatı, maddi və mənəvi varlığının asılı olduğu pak inanclar, gözəl əxlaq və saleh əməllərin hamısı bu kökdən qaynaqlanır. Tövhid və allahpərəstlik insanın varlığına kök atdığı zaman insan özü həmin pak ağacın bir nümunəsinə çevrilir, bir tərəfdən qəlbi və ruhu aləmin Rəbbinə qovuşur, digər tərəfdən insanlar onun varlığının bərəkətindən bəhrələnirlər. Buna görə də bu ayəni izah edən Əhli-beyt (ə) hədislərində sözügedən pak ağac İslam peyğəmbəri (s) və onun pak ailəsi hesab edilmişdir. Hətta sabit və sarsılmaz tövhid inancından qaynaqlanan, xeyir və bərəkəti bütün dünyanı bürüyən istənilən düzgün etiqadı və hər bir saleh əməli bu ağacın bir nümunəsi hesab etmək olar[13].
- Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, xatırlayıb (ibrət alsınlar).
- Pis sözü isə yerdən qopardılmış və artıq sabit dura bilməyən pis bir ağaca bənzədib.
- Allah iman gətirənləri dünya həyatında da, axirətdə də sabit etiqad və sözünə görə möhkəm saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.
- Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını yoxluq və həlak yurduna sürükləyənləri görmədinmi?
- Onlar Cəhənnəmin oduna girəcəklər. Ora necə də pis yaşayış yeridir!
- Onlar (insanları) Allah yolundan sapdırmaq üçün Ona ortaqlar qoşdular. De: “(Bir neçə gün dünyanın ləzzət və zövqündən) bəhrələnin! Aqibətiniz oddur”.
- İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər.
- Göyləri və yeri yaradan, göydən su endirən, o su ilə sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzməsi üçün gəmiləri sizə tabe və çayları ram edən Allahdır!
- (Nizam-intizamlı bir proqram üzrə) davamlı hərəkətdə olan Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.
—————————————————————————————–
- Küfr və günahın çirkin ağacı: “Pis söz” xəbis və çirkin olan bütün anlayışları əhatə edir. O cümlədən çirkin, bəyənilməyən danışığa, azdırıcı və səhv proqramlara, çirkin insanlara şamil olur. Təbii ki, kökdən qoparılmış çirkin və pis ağac boy atmaz, inkişaf etməz, ucalmaz, gül açmaz, meyvə gətirməz, kölgə salmaz, mənzərəsi olmaz, sabit və möhkəm olmaz. Belə bir ağac yandırılmaqdan başqa heç bir dərdə dəyməz[14]. Bəzi hədislərdə çirkin Əməvi sülaləsi və ya Əhli-beyt düşmənləri bu ağacın bir nümunəsi hesab edilmişdir[15].
- Haqq yolunda qətiyyətli və sabitqədəm olmağın mükafatı: Allah-taala bu ayədə qətiyyətli imanları ilə sabitqədəm olan möminləri mətin olmalarına görə dünya və axirət həyatında düz yoldan sapıntıdan qoruyacağını, xoşbəxtlik yolunda saxlayacağını vəd verir. İnsanın kamillik yüksəlişində adlamalı olacağı mühüm mərhələlərdən biri dünyadan Bərzəx aləminə köçməkdir. Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədisdə Allah-taalanın bu qorxulu və dəhşətli mərhələdə mömini sapıntıdan qoruyacağı qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim dostlarımız və şiələrimizdən biri can verərkən Şeytan onun sağına və soluna keçib onu bizdən uzaqlaşdırmağa çalışır. Ancaq Allah onun sapmasına imkan vermir. “Allah iman gətirənləri sabit saxlayar” ayəsinin mənası budur.” Əlbəttə, bu, insanin kamillik yüksəlişindəki bir mərhələsidir. Allah bu ayədə sabitqədəm möminləri dünya və axirətdə bütün sapmalardan qoruyacağını vəd vermişdir[16].
- Allahın nemətini küfrə dəyşənlər: Bunlar Allahın nemətlərinə şükür etmək əvəzinə nankorluq edən, Allahın nemətlərindən O razı qalmadığı şəkildə istifadə edən küfr rəhbərləri, doğru yoldan sapmış keçmiş ümmətlər və Peyğəmbər (s) ümmətidir. Allahın nemətlərinə ən yaxşı şükür edənlər onlardan Allahın razı qaldığı şəkildə istifadə edənlərdir. Dildə şükür etmək şükürün bir mərhələsidir. Beləliklə, küfr rəhbərləri həm özlərini, həm də xalqlarını yandırıcı Cəhənnəmə sürükləyirlər. İmam Əli (ə) belə buyurmuşdur: “Biz (Əhli-beyt) Allahın bəndələrinə bəxş etdiyi nemətik.” Allahın nemətləri saysız-hesabsızdır. Məsum imamlar (ə) Allahın insanlara bəxş etdiyi ən böyük nemətdir[17].
32-33. Hər şey sənə ram edilmişdir: Quran nöqteyi-nəzərindən insan o qədər əzəmətlidir ki, bütün varlıqlar Allahın əmri ilə ona ram edilmişdir. Yəni ya onların ixtiyarı insanın əlindədir, ya da insanın mənafeyi üçün hərəkətdədirlər. İnsan o qədər yüksəldilmişdir ki, bütün yaradılış kompleksində bir ali hədəfə çevrilmiş, hər şey ona ram edilmiş, onun əmrinə verilmişdir. Bütün bu nemətlərin şərhi insana yeni şəxsiyyət bəxş edib onu öz əzəmətli məqamı ilə tanış etməklə yanaşı, onda şükür etmək hissini də oyadır. Qeyd etmək lazımdır ki, ram etmək Quranda iki mənada işlədilmişdir: Günəş, Ay və sairənin mövcudluğunun insanların maraqlarına xidmət etməsi ram etmənin bir, gəmilərin dənizlərədə üzməsinin ixtiyarının insana verilməsi isə onun başqa formasıdır[18].
- O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. İnsan zalım və naşükürdür.
- (Xatırla!) Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq şəhəri et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.
- Ey Rəbbim! Onlar çox adamı azdırıb. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə itaətsizlik göstərsə, Sən bağışlayansan, rəhimlisən.
- Ey Rəbbimiz! Namaz qılsınlar deyə mən övladlarımdan bəzisini Sənin mühafizə olunan evinin yaxınlığında, heç bir bitki və su olmayan yerdə sakin etdim. İnsanların bir dəstəsinin qəlbini onlara meyilli et və onlara məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.
- Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç nə Allahdan gizli deyil.
- Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim dua eşidəndir.
- Ey Rəbbim! Məni də, övladlarımdan olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!
- Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”
- Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Əslində, onların (cəzasını) gözlərin bərələ qalacağı günə saxlayır.
————————————————————————————-
- Ehtiyac duyduqlarınız sizə verilib: Bu ayədə Allahın insanlara lütfkarlıq göstərdiyi, istədiklərinin bir qisminin verildiyi qeyd edilmişdir. Çox vaxt insan özü bilmədən Allahdan ziyanına, hətta məhvinə səbəb olacaq şeylər istəyir. Lakin elm, hikmət sahibi olan mehriban Allah belə bir istəyi yerinə yetirmir. Çox vaxt da insan dili ilə Allahdan nəyisə istəmir, ancaq daxildən, içdən, təbiəti və varlığı ilə onu təmənna edir. Allah insanın dilinə gətirməyib varlığının dərinliklərində təmənna etdiyi bu şeyi ona verir. “İstədiyini” ifadəsini həm sözlü, həm də sözsüz istəyə şamil etmək olar[19].
- İbrahimin həqiqi övladları: Öncəki ayədə həzrət İbrahimin (ə) Allahdan onu və övladlarını bütpərəstlikdən uzaq etməsini istədiyini oxuduq. Bununla da onun insanları müşrik və təkallahlı olmaq üzrə iki qrupa böldüyünün şahidi oluruq. Nəzər nöqtəsi olan ayədə isə İbrahim (ə): “Kim mənim yolumu getsə, məndəndir, qəlbində və əməlində mənim yolumdan üz döndərib özünü şirkə bulaşdıran şəxs məndən deyil”, – deyə buyurur. Bəlkə də həzrət İbrahim (ə) bu duasında çox gözəl bir tərzdə demək istəyib ki, İlahi, mən Səndən övladlarımın şirkdən uzaqlaşdırılmasını istəsəm də, əslində, həqiqi övladlarım, hətta bioloji olaraq mənim nəslimdən olmasalar belə, mənim dinimə tabe olan və Sənə ibadət edənlərdir. Tövhid dinindən üz çevirənlərin, hətta bioloji olaraq mənim nəslimdən olsalar da, mənə heç bir aidiyyatı yoxdur. Bu, çox mühüm bir məsələdir. Allah və Onun övliyalarının nəzərində dəyərli olan şey zahiri əlaqələr deyil. Allahın nəzərində dəyər meyarı peyğəmbər və imamlarla olan mənəvi əlaqə və ruhi bənzərlikdir. Hədislərin birində İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Bizi sevən biz Əhli-beytdəndir.” (Ravi deyir:) Soruşdum: “Sənə fəda olum, sizdəndir?” Buyurdu: “And olsun Allaha, bizdəndir. Məgər Allahın İbrahim haqqında buyurduğu “kim mənə tabe olsa, həqiqətən, o, məndəndir” kəlamını eşitməmisən?” İmam Sadiqə (ə) aid edilən başqa bir hədisdə deyilir: “Sizlərdən hər kəs Allahdan qorxsa və saleh əməl sahibi olsa, o, biz Əhli-beytdəndir.” Ravi soruşdu: “Siz Əhli-beytdəndir?” Buyurdu: “Bəli, biz Əhli-beytdəndir. Çünki İbrahim (ə) bu barədə belə buyurmuşdur: “Kim mənə tabe olsa, həqiqətən o, məndəndir” Ömər ibn Yezid soruşdu: “Belə bir şəxs Ali-Mühəmməddəndir?” Buyurdu: “Bəli, and olsun Allaha, Ali-Mühəmməddəndir. Məgər Allahın “İbrahimə ən yaxın olan şəxslər ona tabe olanlardır”, həmçinin “kim mənə tabe olsa, həqiqətən o, məndəndir”, – deyə buyurduğunu eşitməmisən?”[20]
- Hacər və İsmailin Məkkədə tərk edilməsi: İbrahimin (ə) kənizi Hacərdən bir oğlu olur, adını İsmail qoyur. Paxıllıq onun birinci arvadı Saraya güc gəlir və Hacərlə övladı İsmailin varlığına tab gətirə bilmir. Buna görə də İbrahimdən (ə) onları başqa bir yerə aparmasını istəyir. İbrahim (ə) Allahın əmri ilə bu istəyi yerinə yetirir və İsmail ilə Hacəri o dövrlərdə quru, yaşayış üçün əlverişsiz olan Məkkə çölünə aparır. Orada onlarla vidalaşıb geri dönür. Çox çəkmir ki, körpə və ana günəşin istisi altında susayırlar. Hacər körpəsinin canını xilas etmək üçün çox çalışır. Bu yerin böyük bir ibadət mərkəzi olmasını istəyən Allah Zəmzəm bulağını üzə çıxarır. Bir müddətdən sonra bu yerin yaxınlığından keçən bədəvi Cürhüm qəbiləsi hadisədən xəbər tutub orada məskən salır və bu gedişlə Məkkə şəhərə çevrilir[21].
- Boyunlarını uzadıb başlarını səmaya doğru yuxarı qaldıracaq, hətta kipriklərini belə qırpmayacaqlar. Ürəkləri boşalacaq.
- İnsanları ilahi əzabın gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərin arxasınca gedək”. (Ancaq onlara belə cavab veriləcək:) “Məgər daha əvvəl siz fani olacağınız barədə and içməmişdiniz?!
- Siz özlərinə zülm edənlərin evlərində məskunlaşdınız. Onlarla necə davrandığımız sizə aydın oldu və sizə misallar da çəkdik”.
- Onlar öz hiylələrini qururdular. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allaha bəllidir. (Hiylələri sənə heç nə edə bilməz).
- Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Çünki Allah qüdrətlidir, intiqam alandır.
- O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq və insanlar tək olan qüdrətli Allahın hüzurunda duracaqlar.
- O gün günahkarları bir-birinə zəncirlənmiş görəcəksən.
- Onların paltarları qətrandan olacaq, üzlərini də alov bürüyəcəkdir.
- Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Allah sürətli haqq-hesab çəkəndir!
- Bu (Quran), insanlara bir ismarışdır. Qoy hamı onun vasitəsilə həm qorxsun, həm Onun tək olan tanrı olduğunu bilsin, həm də ağıl sahibləri ibrət alsınlar.
—————————————————————————————-
- Qiyamət günü zalımların vəziyyəti: Əvvəlki və bu ayədə Qiyamətin beş xüsusiyyəti qeyd edilmişdir: Gözlərin bərəlməsi, boyunların uzanması, başların səmaya doğru yuxarı qaldırılması, kipriklərin qırpınmaması, hər şeyin unudulması. Bu xüsusiyyətlər Qiyamət gününün qorxu və dəhşətindən xəbər verən xüsusiyyətlərdir. Öz məğrur və təkəbbürlü baxışları ilə hər şeyə istehza dolu nəzərlərlə baxan adamlar həmin gün elə aciz duruma düşəcəklər ki, hətta gözlərini qırpmağa belə qüdrətləri çatmayacaq. Qorxulu və dəhşətli mənzərələri görməmək üçün gözlərini göyə dikəcəklər, çünki baxdıqları hər tərəfdə dəhşətli mənzərələrin şahidi olacaqlar. Özlərini tam ağıl sahibi, başqalarını ağılsız sayanlar ağıllarını elə itirəcəklər ki, donmuş, qurumuş, təfavütsüz, hərəkətsiz, qorxu və dəhşət dolu baxışları dəlilərin, hətta ölülərin baxışlarını xatırladacaq. Həqiqətən, Quran hər hansı mənzərənin təsvirini verərkən ən qısa ifadələrlə ən kamil təsvirləri verir. Bu iki ayə də bunun bir nümunəsidir[22].
- Bu ayədə hansı günə işarə edilmişdir? Keçən iki ayədə zalımların Qiyamətdəki vəziyyətinə, qorxulu gündə onların vəziyyətinin nə qədər çətin olacağına işarə edilmişdir. Bu ayədə də insanlar ilahi əzabın gələcəyi günlə təhdid edilir. Əllamə Təbatəbai kimi böyük təfsirçilər hesab edirlər ki, burada Qiyamət günü deyil, ilahi əzabın bu dünyada qəfildən gəldiyi, peyğəmbərlərlə onların ümmətləri arasındakı anlaşılmazlığa aydınlıq gətirən, peyğəmbərlərlə düşmənçilik edən zalımların və təkəbbürlülərin məhv edildiyi gün nəzərdə tutulmuşdur. Bu əzab peyğəmbərlərə itaətsizlik göstərən bütün ümmətlər üçün təyin edilmiş və əcəllərinin çatdığı vaxt gerçəkləşən bir əzabdır. Quranda Lut, Hud, Səmud və sair ümmətlərin dünyəvi əzabları açıq şəkildə ifadə edilmişdir. Hətta Peyğəmbərdən (s) sonra onun ümməti hesab edilən bütün insanlar da bu qanundan istisna edilməmişdir. Quranın bir çox ayələrində bu ümmətə elə bu dünyada əzab vədi verilmişdir. İlahi əzabın bu ümmətin zalımlarını yaxalayacağı və məhv edəcəyi gün artıq şirk və günahın kökü kəsiləcək, yer üzündə təkcə möminlər qalacaq. Allah-taala bu barədə belə buyurmuşdur: “Biz Zikrdən (Tövratdan) sonra Zəburda da Mənim saleh bəndələrimin yer kürəsinin varisi (hakimi) olacağını yazmışıq.” (Ənbiya surəsi, 105-ci ayə)[23] Əhli-beyt (ə) hədislərində “Ənbiya” surəsinin 105-ci ayəsinin İmam Mehdinin (ə) zühuruna işarə etdiyini oxuyuruq. Hədislərdə qeyd edilir ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra o, buranı haqq-ədalətlə dolduracaq[24].
- Qiyamət təsəvvür edilə bilməyəcək bir hadisədir: Qiyamət günü yer və göylərin əvəzlənəcəyindən bəhs edən ayələri dərindən araşdırdıqda bu mövzunun ağıl və düşüncənin fövqündə olduğu, təsəvvürə sığmayacaq qədər əzəmətli bir hadisə olduğu aydın olur. Təkcə bu qədər başa düşmək olar ki, həmin gün kainatın mövcud sistemi tamamilə dəyişəcək və başqa bir forma alacaq. Bu mövzunu ehtiva edən hədislərdə hissi qavrayışlar əsasında verilən izahların əsas məqsədi ayənin mənasını insanlara uyğun misallarla başa salmaqdır. Quranın çox ayələrində vəziyyət eynidir. Nümunə üçün “Nəbə” surəsinin 20-ci ayəsinə baxaq: “Qiyamətdə dağlar hərəkətə gələcək, ilğıma dönəcəkdir.” Məlumdur ki, “dağların ilğıma dönməsi” deyilərkən onların, ilğım formasına düşməsi deyil, yerlərindən hərəkət etməsi və məhv olması nəzərdə tutulur. Torpağın gümüş formasına düşəcəyini ifadə edən hədislər ağıl və düşüncəyə uyğun izahı ehtiva edir. Yoxsa ki, həmin günün həqiqəti ağıl və dərrakəmizin hüduları xaricindədir[25].
[1] Əl-Mizan, c.11, səh.389
[2] Nümunə, c.10, səh.259
[3] Nümunə, c.10, səh.267
[4] Nümunə, c.10, səh.269; Əl-Mizan, c.12, səh.15
[5] Əl-Mizan, c.12, səh.17
[6] Nümunə. c.10, səh.278
[7] Mənşuri-cavid,c.1, səh.248
[8] Əl-Mizan, c.12, səh.26
[9] Biharul-ənvar, c.8, səh.244
[10] Nümunədən iqtibas, c.10, səh.314
[11] Əl-Mizan, c.12, səh.42
[12] Nümunə, c.10, səh.327
[13] Əl-Mizan, c.12, səh.49
[14] Nümunə, c.10, səh.335
[15] Ətyəbül-bəyan, c.7, səh.384
[16] Əl-Mizan, c.12, səh.54
[17] Əl-Mizan, c.12, səh.63
[18] Nümunə, c.10, səh.355
[19] Nümunə, c.10, səh.357
[20] Əl-Mizan, c.12, səh.69
[21] Nümunə, c.10, səh.362
[22] Nümunə, c.10, səh.375
[23] Əl-Mizan, c.12, səh.80
[24] Əl-Mizan, c.14, səh.338
[25] Əl-Mizan, c.12, səh.87