Makaleler

İki nümunəvi xanım

İki nümunəvi xanım
Quranda nümunə göstərilən iki zərif məxluqun həyatı və imanı məni çox düşündürür. Həqiqətən, düşündükcə adam heyrətlənir:
1. Asiyə xanım
Quranın nümunəvi möminlər sırasında əzəmətlə yad etdiyi müvəhhidlərdən biri Fironun həyat yoldaşı Asiyə xanımdır. O, tarixin küfr bataqlığında “Mən sizin uca rəbbinizəm” deyəcək qədər tənəzzül etmiş mənfi şəxsiyyətinin həyat yoldaşı ola-ola Haqq-taalaya iman gətirmiş, çox uca bir məqama yetişmişdi. Allah onu xilas edərək Cənnətdə məskunlaşdırmışdır. Fironun həyat yoldaşı olmaq, onun hakimiyyəti altında, ən yaxınında yaşamaq Asiyə xanımın imanına təsir etməmişdir: “(Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi”
2. Səba hökmdarı Bilqeyis xanım
Quranda günəşpərəstlikdən dönüş edən Bilqeyis xanım nümunəsi var. O, çox zəngin hökmdar olub. Amma sərvəti, şahlığı, firavan həyatı iman gətirməsinə mane olmayıb.
Quranda şanapipiyin dilindən Bilqeyis xanımın səltənəti haqqında belə deyilir: “Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır…”
Bütün bunlarla yanaşı yırtıcılığı şücaətdən, qorxunu ehtiyatdan, nadanlığı ağıldan ayıra bilən, haqq qarşısında tabe olmamanın cəsarət, şücaət və qüdrət deyil, təcavüz və yırtıcılıq olduğunu yaxşı başa düşən Bilqeyis xanım Süleymanla (ə) söhbət etdikdən sonra deyir: “İlahi, mən sənə sitayiş etməməklə özümə zülm etmişəm, Süleyman sayəsində müsəlman olub sənə doğru gəlirəm”.
Fironun, Nəmrudun yandaşları, eyni kateqoriyadan olanlar daha ağıllı idi, yoxsa böyük Yəmən ölkəsinin hökmdarı olan bu xanım? Onun çox kişi rəhbərlərdən ağıllı olduğu göz qabağındadır. O, bilirdi ki, şücaət yırtıcılıq deyil, haqqa tabe olmaqdır. Bu üzdən “Başqa yerdən olan peyğəmbərlərin sözünü qəbul etmirəm” demədi. Çünki qeyd olunan xüsusiyyət yırtıcı xüsusiyyətidir.
Allah bu insanları bizə nümunə gətirir. And olsun Allaha, heç kəsin bəhanə edəcək, haqdan qaçış yeri olmayacaq. İman gətirmək təkcə kasıb-kusubun işidir, mənim şəraitim elə idi ki, haqq mənə çatmamışdı, başqa millətin peyğəmbəri mənə lazım deyil, din-filan hamısı boş şeydir, inanmıran, filan, hamısı cəfəngiyatdır. Allah bütün bəhanə yollarını bağlamadan cəza verməz. Hər kəs öz-özlüyündə harada yalan danışdığını da, harada yaltaqlıq etdiyini də, harada özünü aldatdığını da, ən azı gün ərzində dəfələrlə duyur. İçərisindən bir vəhy ona xatırlatma edir.
Ən ağır günah insanın özünü aldatması, özünə zülm etməsidir. Bütün günahlar buradan başlayır, özünə zülm edən adam hər kəsə zülm edər. Əgər bir adam riyakarcasına kimisə tərifləyirsə, əmin olun, fürsət düşən kimi birinci təriflədiyi adamı əzəcək. İllərlə Lenin baba şeiri demiş, mahnısı oxumuş adamlar uçurdu Leninin heykəlini. Hər gün rəisinin, müdirinin, nazirinin qarşısında ikiqat əyilən adam fürsət düşəndə ilk xəyanət etdiyi də məhz həmin adam olur. Ən çox o danışır, ən çox o, təpik vurur, ən çox o satır, ən çox o, üzə durur.
@ Hacı Famil Burhanoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir