14-Məsum (Əhli-Beyt)İmam Həsən (ə)

İmam Həsən Müctəba (ə) (1)

Allahın adı ilə

Həzrət Əli (ə) ilə xanım Fatimeyi Zəhranın (s.ə) ilk övladı imam Həsən Müctəba (ə) hicrətin 3-cü ili, ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.O həzrət uşaqlıq çağlarını babası Peyğəmbərin hüzurunda keçirmiş, təxminən 7 yaşında babasını itirmişdir.

Peyğəmbərdən (s) sonra 30 il atası Əli (ə) ilə bir yerdə olmuş,Əli (ə)-ın şəhadətindən sonra hicrətin 40-cı ilindən etibarən imamət məqamına yüksəlmişdir. 48 yaşında ikən Müaviyənin hiyləsi ilə zəhərlənib şəhadətə qovuşmuş,Mədinə şəhərində dəfn edilmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığındadır.

İmamın səxavəti

İslam nöqteyi- nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmışdırlar. İslam Peyğəmbəri və dini rəhbərlər (imamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyi və zəifpərvərliyin bir nümunəsi olmuşlar.

İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən iliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.

Süyuti öz kitabında yazır. “Həsən ibn Əli (ə) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi. İmam Həsən (ə) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmamın (ə) külli miqdarda pulu bir dəfəyə bağışlanmasının bir incəliyi o idi ki, İmam (ə) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi.

İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin bu pulla əlinə sərmayə də sala bilərdi. İmam Həsən Müctəba (ə) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Elə bu səbəbdən də İmam Həsən (ə) kasıblara çox pul verərdi.

İmam Həsən (ə) bütün qüdrətini yaxşı və Allah bəyənən yollara sərf edir, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər bu haqda belə yazırlar. “İmam Həsən Müctəba (ə) ömründə iki dəfə bütün mal dövlətini, üç dəfə isə mal- dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.

Elm və fəzilət ailəsi

İmam Həsən (ə) öz elmini irsi olaraq atası Həzrət Əli (ə) və Peyğəmbərdən əxz etmişdir. Onun elmi İlahi nurdan bəhrələnirdi. Öz zəmanəsinin ən savadlı və müdrik şəxsiyyəti olmuşdur. Belə ki,o həzrət öz elmi ilə xalqı maarifləndirmiş, avam camaatı cəhalət zülmətindən xilas etmək üçün ömrünün sonuna kimi çoxlu zəhmətlərə qatlaşmışdır.

O həzrət həmişə məzlumları müdafiə edirmiş. Daha dəqiq desək, o vaxtın məzlumlarının, imkansızlarının pənah yeri olmuşdur. Müaviyə ilə bağladığı sülh müqaviləsinin bəndlərinə diqqət yetirsək, görərik ki, İmam (ə) bu müqavilədə müsəlmanların, məzlumların tapdalanmış hüquqlarının geri qaytarılmasını, onlara həyatda sərbəstlik, azadlıq verilməsini tələb etmişdir. İmam (ə) həmişə şəxsi mənafeyindən göz yumub, əsl insani hümanistliyi ilə ilahi hökümləri yerinə yetirməklə yanaşı, zəmanəsinin qəddar qəsbkarı sayılan Müaviyədən də ilahi hökümləri yerinə yetirməyi, şəxsi mənfəətini müsəlmanların mənafelərindən üstün tutmamağı tələb edirdi. Müaviyənin ixtiyarında olan beytül-malın onun öz qohumları ilə birgə mənimsədiyinə görə Müaviyəyə etirazlar etmiş və onunla mübarizə aparmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir