14-Məsum (Əhli-Beyt)İmam Həsən (ə)

İmam Həsənin (ə) səxavətindən üç nümunə

Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın
İmam Həsənin (ə) səxavətindən üç nümunə1. Bir nəfər imam Həsən (ə) hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın.
Həzrət xidmətçisini çağırıb, ondan yanında nə qədər pul var – deyə soruşdu. Xidmətçi dedi: Әlli min dirhəm. İmam Həsən (ə) buyurdu: “O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın”.

2. Bir gün imam Həsən (ə) məsciddə ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey mehriban və bağışlayan Allah! Bu neməti mənə nəsib et! Bunu eşidən imam Həsən (ə) evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi.

3. İmam Həsənin (ə) gənclik dövrlərində kasıb bir kişi onun yanına gəlib kömək istədi. Həmin vaxt həzrətin yanında pulu yox idi. İmam Həsən (ə) kişiyə buyurdu:
– Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?
– Hara?
– Bu gün xəlifənin qızı rəhmətə getmişdir, xəlifə qızına əza saxlayır. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.
– Xəlifəyə necə başsağlığı verim?
– Xəlifənin yanına gedib belə de: “Həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı”. Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu, atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun bir pənahı olmasın və həyası getsin.
Kasıb kişi imamın dediyi kimi də etdi. Bu söz xəlifənin hislərini coşdurdu və onun kədərini, qəm-qüssəsini azaltdı. Xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən olub?” Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən ibn Əli (ə) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən, o, fəsahətli və şirin sözlər mənbəyidir”.
Sonra xəlifə əmr etdi ki, kişiyə çoxlu pul bəxşiş versinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir